Читать книгу: «Sərbəst insanlar ölkəsində»

Шрифт:

Əhməd Ağaoğlunun əziz xatirəsinə ithaf olunur



ÖN SÖZ
SƏRBƏST DÜŞÜNCƏLİ İNSAN

…Ola bilsin ki, Əhməd bəy Ağaoğlunu çoxunuz tanımırsınız. Halbuki o, dövrümüzün ən parlaq simalarındandır. Sabir kimi, Mirzə Cəlil, Üzeyir Hacıbəyli, Məmməd Əmin Rəsulzadə, Hüseyn Cavid, Əlibəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov kimi. Onlar millətinin nadanlığı ilə heç vaxt barışa bilməyiblər, axı nadanlar həyatda son dərəcə aciz olur, onları kölə halına salmaq rahat olur.

Əhməd bəy bu kitabı 1930-cu ildə Türkiyədə yazıb. Elə bil anlayıb ki, 80 il keçəndən sonra da bu kitab Azərbaycanda əhəmiyyətini itirməyəcək. Axı bir qismimiz, Əhməd bəy demişkən, hələ "iç zəncirləri"mizlə yaşayırıq, nə sərbəst olmaq haqqında düşünürük, nə də köləliyimizi lənətləyirik. O biri qismimiz azad olmağa can atsa da, ya qorxur, ya qətiyyətsizlik göstərir, ya da sadəcə olaraq, sərbəstlik haqqında, "sərbəst ölkə" haqqında məlumata ehtiyac duyur. Bax, əsasən bunlara, köləlikdən yaxa qurtarmaq istəyənlərə, heç kəsdən qorxmaq istəməyənlərə, beli dik yaşamaq istəyənlərə müraciət edir, sözünü deyir Əhməd bəy.

Bir neçə kəlmə Əhməd bəyin həyatı haqqında. Bu həyat yoluna diqqət yetir və qərarı özün ver.

Əhməd bəy Ağaoğlu 1868-ci ildə Şuşa şəhərində anadan olub və 1939-cu ildə İstanbulda dünyasını dəyişib.

Əvvəl Şuşada, liseydə oxuyub. Sonra Tiflisdə, gimnaziyada. Sonra Parisdə, hüquq məktəbində və məşhur Sorbon universitetində. Azərbaycan (o zaman "türk" deyilirdi), rus, fars, ərəb, fransız, ingilis dillərini mükəmməl bilib. Şuşada, Bakıda, Parisdə, İstanbulda, Peterburqda yaşayıb və işləyib. Maltaya sürgün olunub. Şuşada fransız dilindən dərs deyib (ona hətta "Firəng Əhməd" deyərmişlər), İstanbulda – rus dilindən. Nijni-Novqorod və Peterburqda keçirilən Rusiya müsəlmanları qurultayının təşkilatçılarından biri olub. Azərbaycan Demokratik Respublikası dövründə parlamentin üzvü və parlament sədrinin müavini seçilib. Türkiyə Mətbuat İdarəsinin baş müdiri olub. Parlamentin üzvü, millət vəkili seçilib. Ankara və İstanbul universitetlərinin professoru olub.

Parisdə, biliyinə görə, elmi və ədəbi salonlara dəvət alıb (salonlara seçilmiş adamlar dəvət alırdılar), intellektual çəkili söhbətlərə və mübahisələrə qatılıb. Dünya şöhrətli alimlər Ernst Renan və İppolit Tenlə yaxından tanış olub, onların rəğbətini qazanıb. Azərbaycanlı neft sahibkarlarının tapşırığı ilə Peterburqda iki dəfə rus çarı II Nikolayla görüşüb, danışıqlar aparıb və bu danışıqlar uğurla nəticələnib. İstanbulda Mustafa Kamal Paşa Atatürklə tanış olub və uzun illər onun məsləkdaşına çevrilib. Türkiyə və türk dünyasının məşhur xadimləri Ziya Göyalp, Yusif Akçura, Həmdulla Sübhi, Mehmet Emin Yurdaqulla əməkdaşlıq edib. Bakıda öz dövrünün ən tanınmış, ən qüdrətli azərbaycanlıları ilə dostlaşıb: Üzeyir Hacıbəyli, Əlibəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Məmməd Əmin Rəsulzadə, Firudin bəy Köçərli və başqaları bu qəbildəndir. Şuşada kitabxana-qiraətxana açıb (o dövrü təsəvvür et: mollaxanaları nəzərdə tutmasaq, nə məktəb var, nə də oxuyanlar. Əksəriyyət nəinki savadsızdır, hətta savadlı olmaq istəmir). Bakıda "Difai" (Müdafiə) partiyasının yaradıcılarından biri olub. "Həyat", "İrşad", "Tərəqqi" və "Proqress" (rus dilində) qəzetlərinin açılmasında iştirak edib (maraqlansan, bu qəzetlərin nüsxələrini kitabxanada tapa bilərsən. Gör o zamanla bizim zamanın, o dövrün qəzetləri ilə indiki qəzetlərin hansı oxşarlığı və hansı fərqi var). "Cəmiyyəti-xeyriyyə", "Nicat", "Nəşri-maarif", "Səadət", "İttihad" cəmiyyətlərinin təşkilinə qoşulub. Türkiyədə Demokratik Cümhuriyyətin yaradılmasında fəaliyyət göstərib. Anadolu agentliyini yaradıb. "Hakimiyyəti-milliyə" qəzetinin yaradıcılarından biri olub. "Sərbəst firqə"nin (partiya) yaradılmasında iştirak edib. Parisdə, Bakıda, İstanbulda minlərlə (!) məqalə çap etdirib (bu miqdarı aydın təsəvvür etsən, heyrətə gələrsən). Onlarca kitab yazıb, bəzisi ölümündən sonra çap olunub.

Yazıları siyasət, iqtisadiyyat, tarix, fəlsəfə, etika, etnoqrafiya və başqa sahələri əhatə edib.

Əhməd bəyin gözəl ailəsi varmış. Yeddi övlad atası olub. Bunlardan ikisi – Vəzir və Bəşir adlı oğulları kiçik yaşlarında dünyalarını dəyişiblər. Qalan beş nəfəri – Sürəyya, Tezer (Təzəxanım), Əbdürrəhman, Səməd və Gültəkin mükəmməl təhsil alaraq Türkiyədə ad qazanıblar.

Bu stenoqrama bənzər siyahı azmı şey deyir? Bu qədər iş görmək üçün nə qədər zəhmətkeş olmalısan, necə iradən olmalıdır. Bu zəhmətkeşliyin, bu iradənin arxasında isə böyük amal, böyük məqsəd və bu məqsədə yetişmək üçün böyük ehtiras olmalı idi. Müdriklərdən biri demişkən, bu dünyada böyük ehtirassız böyük işlər görmək alınmır. Əhməd bəy tükənməz ehtiraslı insanlardan olub. Əhməd bəyin həyatı barədə fikir yürüdərkən o dövrü, o dövrün ab-havasını da təsəvvür etmək vacibdir. Onda anlayarıq ki, niyə öz məqsədləri uğrunda daim vuruşub döyüşməli olub, niyə bilavasitə və ya məcazi mənada "yumruqlara, qapazlara, təpiklərə" dözməli olub. Başa düşməliyik ki, kimə qarşı vuruşub, kimlər onu hədələyib, hansı çətinliklərlə, hansı maneələrlə üzləşib.

Əhməd bəyin sonralar yazdığı kimi, zərbələr ilk məktəb illərində başlayıb. Əhməd bəyi rus gimnaziyasına veriblər (Şuşada o zaman yalnız rus gimnaziyası vardı). Orada vur-tut, dörd azərbaycanlı balası oxuyurmuş. Balaca Əhməd beşinci olub. Bu beş nəfər nələr çəkirmiş: "tənəffüslərdə biz – beş türk çocuğu, cəld tərpənib arxamızı divara dirəməyi qənimət bilərdik. Yüzlərlə çocuq qəflətən üstümüzə hücum edər və biri başımızdan papağı alıb atardı. Qalanları dörd-beş altun qiyməti olan Buxara dərisindən tikilmiş papaqları təpiklə kos kimi ora-bura vurardı. Bəziləri əksərən dəvə yunundan toxunmuş bahalı pencəklərimizin ətəklərindən yapışar, o yan-bu yana çəkib parçalayar, dartıb tikişlərini sökərdi. Müqavimət göstərmək fikrinə düşəndə yumruq, qapaz, təpik altında bizi əzərdilər. Bəzən gizlində, sözü bir yerə qoyub, üzərimizə böhtan atar, üzümüzə durar, bizə haqsız yerə cəza verdirərdilər. Dostlarımızın çoxu dözə bilməyib, məktəbi tərk etdilər. Türklərdən yalnız mən son sinfə qədər tab gətirə bildim".

Həmin məktəb indi oxuduğunuz məktəbdən fərqlənir, deyilmi? O dörd nəfəri də qınamayaq, belə şəraitdə oxumaqmı olar? O biri tərəfdən gənc Əhmədin iradəsinə, dözümünə, hövsələsinə heyran qalmamaq mümkün deyil.

Ədalət naminə onu da deyək ki, Əhməd bəy o gimnaziyada işıqlı və nəcib müəllimlərin olduğunu da xatırlayır: "bu təvazökar, vəzifələrini diqqətlə yerinə yetirən, qəlbi məslək eşqi ilə dolu insanları xatırlarkən, indi də dərin minnətdarlıq və təşəkkür hissi keçirməkdən özümü saxlaya bilmirəm. Onlar məndə və mənim bütün yoldaşlarımda elmə, irfana, haqqa, həqiqətə dərin inam və məhəbbət doğuraraq bizim üçün həyat yolunu işıqlandıran nurlu məşələ çevrildilər".

Məktəb illəri geridə qalandan sonra bu təqiblər sona çatdımı? Özgələrdən Əhməd bəyin yaxası qurtardımı? Əfsuslar olsun ki, özgələr əl çəkmədi. Heç özümüzünkülər də onlardan geri qalmadı.

Bu hadisə 1908-ci ildə Bakıda baş vermişdi. Artıq Əhməd bəy tanınmış ədib və ictimai xadim idi. Düşmənləri də çoxalmışdı. Həm əqidəsinə görə, həm də xasiyyətinin tündlüyünə görə. Bunların nəticəsi kimi, 1908-ci ildə Bakının ictimai yığıncaqlar salonunda (indiki filarmoniya binasında) "dərs vermək" üçün Əhməd bəyi muzdla tutulmuş qoçulara döydürmüşdülər. Özümüzünkü sayılan qoçular məktəb illərindəki özgələrdən də dəhşətli idilər. Axı onlar – o "özgələri" heç olmasa "çocuq" sayılırdılar.

Əhməd bəy o illəri xatırlarkən yazırdı: "Şiddətli təqib edilənlər arasında idim. İş belə bir dərəcəyə çatmışdı ki, artıq daha izzəti-nəfsimin deyil, ailəmin də sakitliyi və salamatlığı təhlükə altına düşmüşdü".

Sual verə bilərsən: "bəs necə olur ki, uşaq vaxtı balaca Əhmədi özgələr döyürdü, tanınandan sonra – özümüzünkülər? Təqiblər həm kənardan gəlirdi, həm içəridən? Bəyəm Əhməd bəy millət uğrunda vuruşmur, millət uğrunda maneələrlə rastlaşmır, millət uğrunda əziyyətlərə qatlaşmırdı? Bəyəm millətimizin düşmənləri Əhməd bəyin düşmənləri olmayıb?".

Əvvəla, onu deyək ki, Əhməd bəy millət uğrunda mübarizə aparsa da, heç vaxt "özgələri" millətin düşmənlərinə və millətin dostlarına bölmürdü. "Düşmənə" gəlincə, artıq dedik ki, başqa görkəmli Azərbaycan xadimləri kimi, Əhməd bəyin də bircə düşməni vardı – xalqın nadanlığı. Axı insan, yaxud xalq, nadan oldusa, deməli, aciz olacaq, aciz oldusa, deməli, kölə olacaq, kölə oldusa, deməli, istibdad (tiraniya) hökm sürəcək, deməli, insanlar dolğun, faydalı həyatdan kənarlaşacaq, deməli, inkişaf olmayacaq, xalq, millət başqa xalqlardan, millətlərdən geri qalacaq, kasıblığa, dilənçiliyə məhkum olacaq.

Bunları başa düşən Əhməd bəy acı təbəssümlə etiraf edirdi ki: "…qonşularımız yanı-başımızda günü-gündən tərəqqi və təali edir, ermənilərin, gürcülərin, musəvilərin (yəhudilərin), baxüsus rusların təmimi-maarifə himmət-güzar olan cəmiyyətləri sayəsində ziyayi-maarif köylərdəki gülbənişin köylülərin pəncərələrindən içəri girdiyi ruzi-rövşəndə, bizim köylülərimiz də, şəhərnişinlərimiz də məsəlli bir zülməti-əbədiyi-cəhl aləmində məhv olub gedirdi".

Bu mətnin bir çox sözlərini başa düşməsən də (müəllimin kömək edə bilər), çox güman ki, mənası sənə aydındır. Yəni başqa millətlər inkişafda, maarifdə olduğu halda, bizləri cəhalət bürüyüb, zülmətdən xilas ola bilmirik.

Əhməd bəy Sabir kimi, Mirzə Cəlil kimi, başqa xadimlərimiz kimi "Oyanın, oyanın, ey qəflət yuxusunda uyuyanlar!" deyə xalqa üz tuturdu.

Bu, müraciət də deyildi, çağırış idi. Bu, çağırışdan da güclü idi. Bu, həyəcan təbili idi. Bu fəryad idi. Bu "zülməti-əbədiyi-cəhl"ə qarşı üsyan idi. Əhməd bəy, elə bil, bizlərə deyirdi ki, daha bəsdir, yetər, daha barama kimi öz qınına qapanıb yaşamaq olmaz, daha letargiya yuxusuna qərq olmaq dəhşətlidir. Azərbaycanın o vaxtkı müdrikləri ("Sərbəst insanlar ölkəsində" bu müdriklərə pirlər deyilir) xalqı buna səsləyirdilər. Bu amallar uğrunda vuruşurdular.

Əhməd bəyin maneələri də bu idi, keçilməz görünən divarları da, yüzbaşlı divə bənzər "düşməni" də. Bütün həyatının məqsədi, amalı, mənası da həmin "divlə" mübarizə idi. Bu məqsəd, bu amal olmasaydı, Əhməd bəy başqa cür yaşaya bilərdi. Daha sakit, daha firavan. Maneələrsiz, zərbələrsiz, hücumlarsız.

Parisdə olarkən, Fransa alimləri, fransız müdrikləri Əhməd bəyin hazırlıqlığını, biliyini görərək ona Parisdə qalmağı təklif etdilər. O zaman olduqca məşhur olan Ernst Renan Əhməd bəyə üz tutub söyləmişdi:

– Sən dünya miqyasında alim olacaq səviyyədə bir insansan, məmləkətinə getmə, Şərq səni udar.

Əhməd bəy isə cavabında demişdi ki:

– Şərqin də oxumuş insanlara ehtiyacı var, sizdən öyrəndiklərimi məmləkətimdəki vətəndaşlarıma öyrədəcəyəm.

(Səncə haqlı idi Əhməd bəy, yoxsa Renanın təklifini qəbul etməli idi? İndinin özündə belə əhvalat mümkündürmü? Mümkünsə necə həll olunmalıdır? Doğrudanmı Şərq ağıllı adamları "uda bilər"? Bəlkə sinifdəki dostlarınla bu mövzuda diskussiya aparasan).

Əhməd bəy olduqca ağıllı və gözüaçıq adam idi. O, yaxşı bilirdi ki, tam olmasa da, Renanın sözlərində bir həqiqət var.

Artıq bəşəriyyət XVIII yüzildən başlayaraq Maarifçilik dövrünü yaşayırdı. Fransa İnqilabından sonra dünyada "Azadlıq. Bərabərlik. Qardaşlıq" şüarı yayılmışdı, insanlar bərabərhüquqlu olduqlarını anlamışdılar. Amerika Birləşmiş Ştatlarında "İstiqlal Bəyannaməsi" elan edilmiş və demokratik inkişaf başlamışdı. Hollandiya və İngiltərədəki sənaye inqilabından sonra bəşəriyyət elmi-texniki tərəqqi dövrünü yaşayırdı. Başqa ölkələr, başqa xalqlar da bu yolu seçməkdə idilər. Əhməd bəyin, başqa müdriklərimizin, başqa pirlərimizin istəyi bu idi ki, Azərbaycan da, azərbaycanlılar da bu yolun yolçusu olsun.

…Və Əhməd bəy onu da başa düşürdü ki, bu yolla getmək üçün "azadlıq" yolunu seçmək lazımdır. Axı insanlar "sərbəst" olmalıdırlar. Əhməd bəy ömrünün ilk çağlarında da bu inamla yaşadı, ömrünün son çağında da bu fikri təsdiqlədi və bu inamı gələcək nəsillərə aşılamağı özünə borc bildi.

Parisdə Əhməd bəy bir səhnənin şahidi olub: 1889-cu ildə Böyük Fransa İnqilabının 100-cü ildönümü qeyd edilirdi. Qonaqlar arasında İran şahı Nəsrəddin Mirzə də var idi. Əhməd bəy, görün, o hadisəni sonralar necə təsvir edir:

"Şahın tacındakı brilyantlar göz qamaşdırırdı. Köksü də daş-qaşla dolu idi. İri gözləri, qalın, çatma qaşları, dik başı təsviri mümkün olmayan bir qürur və özündənrazılıq ifadə edirdi. Sidi Karnakın (Fransanın baş naziri) sadə, qara redinqtonu (o vaxtın fraka bənzər geyimi), dik yaxalıqlı bəyaz köynəyi, təvazökar davranışı bu qürur və əda ilə tam ziddiyyət meydana gətirirdi. Mən ilk dəfə azad və sərbəst bir milləti təmsil edən baş nazirlə yersiz əzəmət və qürurlanmanı təmsil edən müstəbidi yan-yana gördüm.

…Gecə idi. Yenə xalqın iki səfi arasından keçirdilər. Şah nə səbəbdənsə çiynindəki kürkü çiyninin ani hərəkəti ilə yerə atdı və arxasınca gələn sədrəzəmə "Götür!" əmrini verdi. Zavallı sədrəzəm dərhal bütün qələbəliyin gözü önündə yerə qədər əyildi, kürkü qaldırdı və sanki uşağı götürürmüş kimi məhəbbətlə qolu üzərinə alaraq yürüdü. Şahın bu ədası və sədrəzəmin bu acizliyi Şərq istibdadının mahiyyətini göstərən aşkar nümunələrdəndir".

Əhməd bəy demokratiyanı, azadlığı, insanın sərbəstliyini seçdi. Bu məqsədlə ömrünün qürub çağında "Sərbəst insanlar ölkəsində" kitabını yazdı və yetmiş ildən sonra olsa da, bu kitab Azərbaycan gəncini tapdı. Əhməd bəy "Ön söz"də yazır ki, anlaşıqlı və çatımlı olması üçün bu kitabda hekayət üslubunu seçib: istibdaddan, şəxsi hakimiyyətdən qurtulmuş bir gənc azad və sərbəst ölkəyə düşür, bu ölkənin yaşayışı, düşüncələri, qanunlarıyla tanış olur və bunlara alışmağa çalışır…

Əslində, bu hekayət sənin üçün, sənin həmyaşıdların üçün bir düşüncə oyunu olmalıdır. Yaşlılar da bəzən bu oyun üslubundan istifadə edir, adını da elə "işgüzar oyun" qoyurlar. Bu teatra bənzər oyun ehtimal olunan şərtləri yoxlamağa kömək edir.

Sən də yoldaşlarınla birgə, Əhməd bəyin kitabını oxuya-oxuya, "düşüncə oyununa" qatıla bilərsən. Yəni oyunun qaydalarını müəyyənləşdirərək, şərtləşə və "deyək ki" istibdad ölkəsindən gələ bilərsən. Əhməd bəyin sözləri ilə desək: o ölkədən ki "xalq – tək şəxsin şıltaqlığı və həvəsinə tabe olduğundan, milyonlarca insan bu şıltaqlıq və həvəsə itaət edir". Başqa biriniz, yenə də Əhməd bəyin sözləri ilə desək, tutalım, elə bir ölkədən olar ki, bu ölkədə "əhalidən hər kəsin idarəçiliyə qatılmaq haqqı var və milyonlarca insan bu idarəçiliyə qatılır".

Bu "deyək ki" üsulu ilə iki qütbə bölünərək bir-birinizə qulaq asa bilsəniz (yəni oyunun qaydalarına əməl etsəniz), yəni qeyri-ixtiyari yaranmış hay-küy müzakirəyə çevrilsə, ciddi diskussiya başlanacaq. Çox güman, biriniz deyəcəksiniz ki, bizdə istibdad yoxdur, o biriniz deyəcək – var, biriniz deyəcəksiniz ki, insanlar heç vaxt, heç bir ölkədə idarəçiliyə qatılmır, bu bir yalandır, bu bir xülyadır, o biriniz razılaşmayacaq ki, yox, bu mümkündür, sadəcə olaraq insanlar dilənçi kökündə yaşamamalıdır, insanların ləyaqəti olmalıdır, onda onlar idarəçiliyə qatılacaq. Biriniz deyəcəksiniz ki, insan heç vaxt azad olmur, sərbəst olmur, həmişə tabeçilikdə yaşayır, evdə də elədir, məktəbdə də. Digəriniz razı olmayıb deyəcək ki, azadlığın da, sərbəstliyin də hüdudları olur, amma əsas odur ki, azad, sərbəst olmaq fikrinə gələsən, kölə olmaq istəməyəsən.

Gümanlarımızı bitirək. Sənə və yoldaşlarına zorla öz fikrimizi yeritmək istəməzdik.. Ola bilsin ki, sizin müzakirə tamam başqa səmt alsın, amma bütün hallarda Əhməd bəyin istəyi o olub ki, siz bu "oyuna" qoşulasınız. Axı məhz bu "oyunda" tədricən sərbəst olmağa alışırsan.

İndi isə "Sərbəst insanlar ölkəsində"n Əhməd bəyin bir neçə kəlamını yada salmaq istəyirik. Bəlkə "düşüncə oyununda" sizə kömək etdi:

"Azadlıq doğruya və cəsarətə söykənir"…

"Azadlıq nədir? Sərbəst düşünmək və düşündüyünü sərbəst və səmimi söyləmək deyilmi?"..

"Biliksiz və səysiz azadlıq tam sayılmaz. Belə azadlıq şikəst azadlıqdır"…

"Azad insan ac qalmamalı, dilənçi olmamalıdır. Dilənçilik həm vətəndən, həm də vətəndaşlıqdan ötrü bir ləkədir"…

"Azad olmaqdan ötrü güclü, qoçaq, inadlı olmalısan".

"Xoşbəxt o yerlərdir ki, oradakılar həm azaddır, həm də özləri düşünüb yaradır"…

"Aman Tanrım, bu azadlıq deyilən dirilik suyu nə qədər bərəkətli və hərəkətlidir"…

"Yalan sərbəst insanlar ölkəsində tam yasaqdır"…

"Yalan zəiflərin, zəlillərin, qorxaqların işidir"…

"İnsanlar qorxaq doğulmazlar. Ailə və məktəbdə verdiyimiz tərbiyə, hökumətdə istifadə etdiyimiz üsullar vətəndaşı qorxağa çevirir"…

"Uşaqlıqdan öz-özünü idarə etməyə, düşünməyə və mühakiməyə alışdırılan vətəndaşlar həyatda heç kimdən və heç nədən qorxub hürkməzlər"…

"Başqalarının kölgəsində yaşayanlar, ya da başqalarının yaxşılığı hesabına sərvət toplayanlar yaxşılıq edənlərə möhtac olur, onların arzularına, istəklərinə boyun əymək, haqlı-haqsız fikirlərinin önündə əyilmək məcburiyyətində qalırlar"…

"Mənəvi vasitələrlə dəyər və nüfuzlarını saxlaya bilməyən rəhbərlər maddi vasitələrə, zorakı idarəçiliyə əl ataraq, haqlı tənqidləri susdurmaq üçün, istər-istəməz, hədə-qorxu yolunu tuturlar"…

"Sərbəst ölkənin fərdləri arasında həmrəylik göstərmək, birgə dəstək nümayiş etdirmək əsasdır"…

"Sərbəst insanlar ölkəsində bircə adam tapılmaz ki, heç olmasa 5-6 ictimai tellə bağlanmış olmasın"…

Bəlkə də Əhməd bəyin başqa deyimlərini seçəcəksən, amma hər halda Əhməd bəyin sözləri səni sərbəst olmaqla bərabər, "birgəyaşayış" barədə düşünməyə vadar edə bilər. Məsələn, düşün görək, şagird dostlarınla sinifdə "birgəyaşayışı" təmin edə bilərsənmi? Sinfiniz məktəbin həyatı ilə hansı "ictimai tellərlə" bağlıdır? Məktəbdən kənardakı cəmiyyətlə "ictimai bağlarınız" varmı?

İnanırıq ki, bu "düşüncə oyunu" nəticəsiz qalmayacaq, axı Əhməd bəy uşaqlı-böyüklü hamımıza anladır ki, sərbəst və azad yaşamağa qəti qərar vermisinizsə, özünüz də dəyişməlisiniz.

Sərbəst olmaq elə dəyişmək qərarı və dəyişmək hünəridir. Bu, Əhməd bəyin bəlkə də əsas və son hökmüdür.

Rəhman Bədəlov

Əhməd Ağaoğlu
SƏRBƏST İNSANLAR ÖLKƏSİNDƏ
İstanbul, 1930

ÖN SÖZ

Monteskyö "Qanunların ruhu" adlı əsərində hakimiyyət biçimlərindən bəhs edərkən, deyir ki: "İstibdad (despotiya) – qorxuya, monarxiya – şərəfə, respublika isə fəzilətə (virtue-ing.) dayanır".

Bu bölgü hələ də məna və əhəmiyyətini itirməyib. Şəxsi hakimiyyət zamanı xalq – tək şəxsin şıltaqlığı və həvəsinə tabe olduğundan, milyonlarca insanın bu şıltaqlıq və həvəsə itaət etməsi üçün yeganə çarə xalqı qorxutmaq və xof içində saxlamaqdır. Bax, buna görə də, istibdad, tərbiyə və təlimdən başlayaraq, idarə üsullarınadək, hər şeydə qorxu aşılamağa söykənir.

Konstitusiyalı monarxiya zamanı hakimiyyət hökmdarla imtiyazlı bir sinfin əlindədir. Bu ortaq hakimiyyətin yaşaya bilməsi üçün bəllidir ki, hər iki tərəf bir-birinə sədaqət göstərməli və bağlı olmalıdır. Yəni şərəf şərt sayılır.

Respublikaya gəlincə, orada hakimiyyət bütövlüklə xalqın əlindədir və xalqa aiddir: əhalidən hər kəsin idarəçiliyə qatılmaq haqqı vardır. Aydındır ki, milyonlarca insanın qatıldığı idarəçiliyin öz varlığını sürdürməsi və bəyənilməsi üçün bu insanlar yüksək vəzifə və məsuliyyət duyğularına, üstün əxlaqi dəyərlərə yiyələnməlidirlər; yəni respublika zamanı vətəndaşların ləyaqətli olmaları şərtdir.

Bu ləyaqət nədən ibarətdir? Özünü necə göstərir? Oxucuların diqqətinə yetirdiyim bu əsəri, bax, həmin suallara cavab verməkdən ötrü yazmışam.

Türk milləti, dahi rəhbərinin aparıcılığı ilə (Mustafa Kamal Paşa Atatürk nəzərdə tutulur – tərc.) Respublika kimi ən mükəmməl bir idarə biçiminin doğru olduğunu ortaya çıxarıb; ancaq bu çox incə, çox zərif və buna görə də çox mürəkkəb olan dövlət idarə biçiminin inkişaf və sağlamlığı üçün Respublika bizdən, yəni türk millətinin fərdlərindən bəzi mənəvi özəlliklər tələb edir.

Millətin bir fərdi olduğuma görə, mən aciz də həmin özəllikləri necə anlayıb-qavradığımı bu naciz əsərdə (yəni əhəmiyyətsiz əsərdə. Müəllif təvazökarlıq edir və öz əsərini sadəcə təşəbbüs kimi qiymətləndirir – tərc.) yazmaq istədim, yəni Respublikanın mənəvi cəbhədən ideologiyasını özümə görə qurmaq cürəti göstərdim.

Əsərimə hansı biçim verməklə bağlı xeyli tərəddüd keçirdim; nəhayət, onu bir hekayə şəklində yazmağa qərar verdim.

Əsarətdən qurtulmuş bir Türk fərdini azad və sərbəst bir ölkəyə apardım; bu ölkənin rəhbərləri Türk Cümhuriyyətini quran dahinin əməl və arzularının gerçəkləşməsi üçün çalışmaqdadırlar ("dahi" deyərkən, yenə Atatürk nəzərdə tutulur – tərc.). Türk fərdi mənim Pir dediyim bu rəhbərlərlə görüşür, onların bir Respublikada azad və sərbəst vətəndaşların necə olmaları haqqında fikirlərini öyrənir; eyni zamanda sərbəst ölkədə gördüyü elm və mədəniyyət ocaqlarını təsvir etməklə məmləkətimizin Azadlıq və Ləyaqət sayəsində necə inkişaf edərək gələcəkdə nur və mədəniyyət mənbəyi olacağını da göstərir.

Bax, bu umacaqsız əsərimin biçimi, hədəfi və amacı budur. Bu əsər əvvəlcə hissə-hissə "Cümhuriyyət" qəzetində nəşr olundu. Xalqımızın göstərdiyi rəğbət və aldığım bir çox çağırış məktubları bu dəfə onu bir kitab şəklində diqqətinizə yetirmək cürətini verdi.

SƏRBƏST İNSANLAR ÖLKƏSİNDƏ

 
Mən bir əsir idim,
azad olmaq istədim
 

Mən bir əsir idim; azad olmaq istədim. Zəncirlərimi qırdım, qala divarını deşdim və açıqlığa çıxaraq dərindən nəfəs aldım. Önümdə geniş bir çöl vardı. Hara gedəcəyimi, necə davranacağımı bilmirdim. Çaşqın-çaşqın bir neçə addım atdım. Bir də gördüm ki, iki yolun ayrıcındayam və yerə basdırılmış bir dirəyin üstündəki bu yazını oxuyuram:

Sol tərəfə gedən yol Azadlıq yoludur.

Sağ tərəfə gedən yol köləlik yoludur.

Sol tərəfi tutdum, səhərə qədər getdim. Dan yeri ağaranda gördüm ki, bir qalanın önündəyəm. Qala qapısının üzərinə qızıl hərflərlə yazılmış bu lövhəni oxudum:

Sərbəst insanlar ölkəsi.

"Əsl mən istəyən yerdir" deyib qapıdan içəri girmək istədim. Keşikçilər yolumu kəsdilər:

– Sən kimsən? Hardan gəlib haraya gedirsən? – deyə soruşdular.

– Mən bir əsir idim, zəncirimi qırıb buraya gəldim. İndi azad olmaq istəyirəm, – dedim.

Keşikçilər diqqətlə baxdılar. Boynumda zəncirin, qollarımda buxovların izləri bəlli idi.

– Hə, görürük. Əsarətin görünən bağlarını qırmısan. Ancaq iç zəncirlərini də söküb atmısanmı? – deyə soruşdular.

– Anlamadım.

– Elə isə bu suallara cavab ver:

1. Tamahına yiyə durursanmı?

2. Doğrunu sevirsənmi?

3. Həqiqətə dözümün varmı?

4. Ləyaqət sahibisənmi?

Anladım ki, yol verməkdən ötrü məni imtahana çəkirlər. Sualların hamısına "hə" cavabını verdim. Keşikçilər önümdə hörmətlə əyildilər. Qalanın qapısını açdılar və onlardan biri məni şəhərə apardı.

Şəhər artıq oyanmışdı. Dükan, bazar açılmışdı. Hər kəs öz iş-gücü ilə məşğul idi. Bu qədər gözəl və abad bir şəhəri mən ilk dəfə görürdüm. Xalqın xoşbəxt və firavan yaşadığı hallarından bəlli idi. Rastlaşdığımız adamlar bizi gülərüz və xoş davranışla salamlayırdılar.

Nəhayət, böyük bir evin qapısı önündə ayaq saxladıq. Keşikçi qapını döydü. İçəridən yaşlı bir adam çıxdı. Keşikçi:

– Yeni bir vətəndaş… – deyərək məni göstərdi.

Yaşlı kişi məni məhəbbətlə salamlayıb içəri çağırdı. Sonra geniş bir otağa aparıb dedi:

– Bu otaq və buradakı hər şey sizindir.

Mən heyrətləndim. Yaşlı kişi əlavə etdi:

– Bir az sonra pirlərimiz (burada "yaşlı müəllimlər" mənasında – red.) gəlib sizinlə görüşər. Hələlik dincəlin.

Yaşlı kişi getdi. Bir gənc adam gəlib mənə yemək-içmək gətirdi.

Bir müddət sonra pirlər gəldilər, məni bir başqa otağa aparıb, kim olduğumu, haradan və nə üçün gəldiyimi soruşdular.

Mən onlara belə cavab verdim:

– Əsilli-nəsilli soyum, nəcib elim, təmiz qanım var. Əvvəllər yurdum Orta Asiyanın yüksək yaylaları idi. Sonra qaynar qanımız güc gəldi, babalarım Şərqə, Qərbə, Şimala və Cənuba doğru yayıldılar. Məmləkətlər basdılar, dövlətlər qurdular, mədəniyyətlər doğurdular. Ulularımız əvvəl-əvvəl sadə yaşayar, el-elatla oturub-durar, qanuna baxar, doğruya və qurultaya tapınardılar. El ağaları, oba böyükləri, ölkə tərxanları haqqı qorumaqdan, doğrunu söyləməkdən, azğınlara hədlərini bildirməkdən və zorakılığa qarşı dayanmaqdan çəkinməzdilər. Nə qədər ki belə idi, elim qüvvətli və ellər arasında sayılan ellərdən idi. Ancaq sonralar qanımız qarışdı, kölə ellərin adətlərinə, mərasimlərinə qapıldıq, qurultaydan qaçdıq. Beləcə, qanun pozuldu, zorakılıq qələbə çaldı və bəy millətim qul oldu. O zamandan ocağımız söndü, adımız-sanımız batdı. Günün birində alçaq xaqanımız bizi yadellilərə satası oldu.

Artıq buna dayana bilmədik, aramızdan sarı saçlı, mərd üzlü, aslan baxışlı biri çıxdı: "Yəni elindən əl çəkən, yurdunu əsirgəyən Tanrının elçisi sayılar?" Sözlər söylədi ki, donmuş qəlblərə istilik, ölmüş damarlara can verdi. İşlər gördü ki, bütün dünyanı heyrət bürüdü. Yadelliləri yurddan qovdu, xaqanı başıaşağı etdi. İndi o, millətini azadlığın işığına toplayır. Mən həmin vaxtlar zindanda xaqanın əsiri idim. Ümidsizlik içində qıvrılarkən Tanrı elçisinin səsini mən də eşitdim, birdən-birə canlandım, zəncirlərimi qırdım, divarı dəldim və azadlıq araya-araya, bu diyara gəldim.

Pirlər məni artan bir diqqət və maraqla dinlədilər. Nəhayət, onlardan biri:

– Bəli! Bəli! Biz də o qəhrəmanımızı tanıyırıq, biz də onu sevirik. Burada onun idealı uğrunda hərəkət edirik, – dedi və əlavə etdi, – Deməli, siz azad yaşamağa qərar verdiniz?

– Bəli!

– Ətraflı düşündünüzmü? Qərarınız qətidirmi? Azad yaşamağın nə qədər çətin olduğunu bilirsinizmi?

– Bəli, bilirəm. Qərarım da qətidir.

– O halda bilməyiniz və əməl etməyiniz lazım gələn bəzi şərtlər var. Həmin şərtlər bu risalədə yazılıb. Oxuyub düşünün. Bir neçə gündən sonra yenə gəlib görüşərik.

Yaşlı adamlar getdilər.

SƏRBƏST İNSANLARIN ƏSAS YASASI (QANUNU)

Mən o dəqiqə risaləyə sarılıb, üzərindəki bu başlığı oxudum:

"Sərbəst insanlar ölkəsinin əsas qaydaları"

İlk səhifəni çevirdim. Gözüm bu başlığa sataşdı:

“Ümumi əsaslar”.

Bunun altında aşağıdakı maddələr yazılmışdı:

1. Azadlıq dəyərli bir vergidir. Azad olmaq üçün çox dəyərli olmalısan. Fikir təmizliyi, söz təmizliyi və əməl təmizliyi azadlığın əsaslarıdır.

2. Tamahlarına yiyə durmayanlar azad ola bilməzlər.

3. Söz sadəliyi və yaşayış sadəliyi azadlığın şərtləridir.

Çox qəribə görünən bu maddələri oxuyandan sonra gözüm ikinci başlığa sataşdı:

"Sərbəst insanlar ölkəsinin əsas yasası (qanunu)"

Yasada aşağıdakı maddələr qeyd olunmuşdu:

1. Azadlıq doğruya və cəsarətə söykənir;

2. Yalan, sərbəst insanlar ölkəsində tam yasaqdır. Bu azara tutulan ölkə xaricinə çıxarılır;

3. İkiüzlülük və yaltaqlıq ən ağır günahdır. Bu günaha batanlar hamılıqca daşa tutulurlar;

4. Çuğulluq edənlər sərbəst insanlar ölkəsinin vətəndaşlığından çıxarılırlar;

5. Qorxaqlıqla sərbəst ölkə vətəndaşlığı bir araya sığmaz;

6. Sözlə və işlə başqasına qəsd edənlər ölkədən çıxarılır;

7. Hiylə işlədənlər və araqarışdıranlar vətəndaşlıqlarını itirməklə cəzalandırılırlar;

8. Haqqı qorumaq vəzifədir. Bu vəzifəni gerçəkləşdirməyənlər ölkəni tərk edirlər;

9. Çalışmaq vəzifədir. Çalışmadan yaşamaq istəyənlər ölkənin xeyrinə pulsuz çalışmağa məcbur olunurlar;

10. Dözüm və yardım göstərmək vəzifədir. Bu vəzifəni yerinə yetirməyənlər ölkə vətəndaşlığını itirirlər;

11. Ölkə işlərini görmək yalnız təcrübə və ixtisas sahiblərinin haqqıdır;

12. Hər bir vətəndaş ölkə məmurlarının fəaliyyətini yoxlaya bilər;

13. Hər bir məmur və hər hansı vətəndaş gördüyü işlər və əlindəki sərvət haqqında hər an hesab verməyə hazır olmalıdır. Hesabatdan qaçanlar ağır cəzaya və vətəndaşlıq haqqını itirməyə məhkum olunurlar;

14. Yuxarıdakı maddələri əzbərləmək və onlara əməl etmək hər bir vətəndaşın borcudur.

Maddələri oxudum və düşündüm: Adamı mat qoyan bir ölkədir! İndiyə qədər bunun tam tərsini görmüşəm və tam tərsini eşidib, tam tərsinə alışmışam!.. Görəsən, öyrəşə biləcəyəmmi? İçimi şübhə və tərəddüdlər bürüdü. Xəyalıma bir an buradan qaçmaq gəldi. Ancaq qürurum, şərəf duyğum mane oldu. Öz-özümə dedim ki: "Bura gəlmişəmsə, sərbəst insanlar ölkəsinin vətəndaşı olmaq istəmişəmsə, alışmağa çalışmalıyam. Bu, bir şərəf məsələsidir. Bəli, bilirəm ki, hələ çox qorxub çəkinəcəyəm, dədə-babalarımdan və tarixdən gələn xasiyyətlərim var. Onlardan ayrılmaq çətindir. Ancaq hər necə olsa, çalışıb qeyrət göstərmək də mənim vəzifəmdir".

Beləcə, qanunu öyrənməyə, yasalar üzərində düşünməyə qərar verdim. Bir neçə gün ötdü. Maddələri əzbərlədim. Üzərlərində düşündüm, bəzilərinin hikmətini anlaya bilmədim, bəziləri haqqında tərəddüd etdim və yaşlı adamlardan izahat istəməyə qərar verdim.

Bu arada ətrafıma boylandım. Olduğum evi, gördüyüm adamları öyrənməyə başladım. Oxuduqlarımdan da çox gördüklərim məni heyrətə saldı. Anladım ki, qaldığım ev bir qonaq eviymiş və şəhərdə bunun kimi daha bir neçə bina varmış. Sərbəst insanlar ölkəsinə sığınanlar bu evlərdə qalırmış. Evdə mənimlə bərabər 20-yə qədər qonaq vardı. Aralarında bir neçə qadının da olduğu gözümdən qaçmadı.

Burada sadəlik və təmizlik yaşayışın təməliydi. Bol yaşıllıq və bol günəş sizə sağlam və güvənli bir yaşayışdan xəbər verirdi.

Məni qonaq evinə gətirən yaşlı kişi ertəsi gün məni ümumi yeməkxanaya aparıb, oraya toplaşan qonaqlara tanıtdı:

"Yeni vətəndaşdır" – dedi. Hamı məni gülərüzlə, sevinc dolu baxışlarla qarşıladı və "Qutlu olsun!" – dedi.

Yemək bol və sadə idi. Yeməkdən sonra salona keçdik. Burada xanımlardan biri piano önünə oturub nəsə çalmağa başladı. Qonaqlar ayağa qalxaraq duaya bənzər bir türkü oxudular. Türkünün həzin havası içimə doldu.

Yaşlı kişi mənə üz tutub:

– Bu türkünü öyrənməlisiniz, – dedi və əlimə yazılı bir vərəq uzatdı.

Oxudum:

"AZAD OLMAQ NƏ QƏDƏR ÇƏTİN İMİŞ!"

O türkünün sözlərini indi unutmuşam, ancaq mənası beləydi:

 
               "İnsan kainatın şüurudur,
        Ona tapınıb, onu müqəddəs sayırıq.
    Azadlıq şüurun müqəddəs cövhəridir,
            Onu sevib, ona bağlanmışıq.
Sərbəst insanlar ölkəsi şüurun və azadlığın
                            məbədidir,
                Ona sığınıb, ona güvənirik".
 

Bu sözlərin və bu türkünün məndə yaratdığı təsiri indi sizə anlada bilmərəm. Bir neçə dəqiqə bayğın bir halda qaldım.

Özümə gəldiyim zaman gördüm ki, qonaqlar üçbir-beşbir ayrılaraq öz aralarında söhbətləşirlər. Tezcə mənim yanıma gəldilər və çoxdanın tanışları kimi, təklifsiz-filansız danışmağa başladılar. Başa düşdüm ki, onlar da mənim kimi azadlıq axtara-axtara bu diyara gəlib çıxıblar.

Az sonra binanın başqa yerlərini gəzməyə başladım. Sadə bəzənsə də, təmizlikdən par-par işıldayan otaq və salonların divarlarına neçə-neçə nəfis şəkil, qiymətli lövhə asılmışdı. Bir çox lövhəyə sərbəst insanlar ölkəsi nizamnaməsinin maddələri incə xətlə yazılmışdı. Ancaq başqa yazılar da vardı. Bunlardan bəziləri diqqətimi çəkdi. Oxudum:

"Acgöz öz tamahının oduna yanar və ətrafını yandırıb-yaxar";

"Kəlam (ilk dini kitab nəzərdə tutulur – red.) kainatın duyduğu ilk ilahi səsdir";

"Hökm edib zor işlətmək, heyvanlar zamanından qalma bir pislikdir";

"Ədalət – mələklərin insanlarda qibtə etdikləri bir iç duyğusudur";

"Fədakarlıq yanğısı bəşərin ən yüksək bir təsəllisidir";

"Könlütoxluq və sadəlik yüksək ruhlara məxsus sifətdir";

"Lovğalıq və təkəbbür bəsit ruhun dəlilidir".

Evin bir tərəfində uzun və geniş bir salon vardı. Bura kitabxana idi. Salonun bu başından o başınacan uzanan masanın üstündə qəzetlər, toplular və kitablar qalaqlanmışdı. Rəflərə minlərcə cild kitab düzülmüşdü. Qonaqların bir çoxu burada kitab oxuyurdu. Mən də masaya yanaşdım. Gözümə bir kitab dəydi. Kitabın üzərindəki "Sərbəst insanlar ölkəsinin tarixçəsi" başlığı marağımı çəkdi. O dəqiqə oxumağa başladım. Bu bir tarix deyil, faciə idi. İndi içərisində yaşadığım bu ölkənin başına gör nələr gəlibmiş…

Yüzillərcə azadlıq uğrunda çarpışıbmış! Bu gün bu qədər rahat və sakit olan küçələrdə bir vaxtlar insan qanı aşıb-daşıbmış.

Gah əhali bir-birinin üstünə qalxmış, bir-birini öldürmüş, oda atmış, başına iş açmış, gah birlikdə qaniçənlərə qarşı mübarizə aparmış, gah yenilmiş, gah da qalib gəlmişlər! Və nəhayət, azadlıq tamam yerbəyer olmuşdur. Xalq əsrdən bəri artıq xoşbəxt şəhərdə dinclik və sakitlik içində sevinc dolu bir həyat keçirməkdəymiş!

Kitabı qapayarkən içimdən ixtiyarsız bu sözlər qopdu:

"Azad olmaq nə qədər çətin imiş!"

AZADLIQ BİR ÇİÇƏKDİR

İki gün sonra pirlər yenə gəldilər. Onlardan biri məndən soruşdu:

– Yasanı oxuyub əzbərlədinizmi?

– Həm oxudum, həm əzbərlədim. Ancaq bəzi maddələrini anlaya bilmədiyimdən, o maddələri açıqlamanızı xahiş edəcəyəm. Bir şərtlə ki, əvvəlcə bu yasanın ümumi hikmətini anladasınız. O nə üçündür, hansı məqsədlə yazılıb?

– Məmnuniyyətlə! Bilməlisiniz ki, azadlıq bir kültür, bir mədəniyyət məsələsidir!

– Anlamadım. Bir az da açıqlayın.

– Açıq söyləyək. Heç bağçada çalışmısınız?

– Çalışmışam.

– O halda izahatım da asanlaşır. Yəqin bağçada çalışarkən bir ağacın, bir gül və ya çiçəyin tutub yetişməsi üçün, onların təbiətindən doğan şərtlərlə hesablaşmaq lazım gəldiyini bilirsiniz. Azadlıq da o ağac, o gül, o çiçək kimidir. Onun da tutması və yetişməsi üçün təbiətindən doğan şərtlər ödənməlidir.

– Hansı şərtlərdən söhbət gedir?

– Ölkəmizin türküsünü öyrənib yadda saxladınızmı?

– Öyrənib yadda saxladım.

– Orada deyilir ki: "Azadlıq şüurun cövhəridir, şüur da insandır". Ona görə, bu cövhəri cilalayarkən, insandan göz-qulaq olmalısan. İnsana baxmasan, cövhər tutmaz. Uzun-uzun zamanlar istibdada alışmış insana azadlıq aşılamaq heç də asan bir şey deyil. Axı istibdadın hökm sürdüyü yer insanın ruhu və qəlbidir. İstibdad burada yerləşir, burada taxtını qurur, burada tacını başına taxır. Bəzən sizə elə gələ bilər ki, istibdad yıxılıb. Və doğrudan da istibdadın gözə görünən əlamətləri yox ola bilər. Ancaq həqiqətə qalanda, onun hər tərəfdə və hər kəsdə hələ də yaşadığını görəcəksiniz.

Tutalım, görəcəksiniz ki, ağzı köpüklənə-köpüklənə "azadlıq" bağıranlar, qonşusunun azadlığına dözmürlər. Özləri başqalarının azadlığı ilə toqquşan kimi, qəzəblənib, qarşısındakı adamı məhv etmək istəyirlər! Axı hələ istibdadın taxtı doğrudan da sınmayıb, ruhlardan, könüllərdən sökülüb çıxarılmayıb.

Bax, o üzdən elə yerlərdə çox vaxt azadlıq özbaşınalığa çevrilir. Çünki əvvəlcə bir adamın şəxsindəki istibdad artıq özünü hər kəsdə göstərməyə başlayır və adamları bir-birinin üstünə salışdırır. Axırı da o olur ki, adamlar azadlıq adı ilə bir-birlərinə qarşı zorakılığa yol verirlər. Ancaq bu vəziyyətin uzun müddət davam etməsi mümkün olmadığından, yenə məhz azadlıq naminə hər kəsi susdurmaq və hər kəsə öz yerini göstərmək ehtiyacı yaranır.

Bax, beləcə, istibdadın mənəvi köklərini və izlərini öz içlərindən söküb atmayan mühitlər özbaşınalıqla azadlıqsızlıq arasında dolaşmaq məcburiyyətində qalırlar. Belə vəziyyət camaatı sonu bilinməyən faciəli bir sərsəmliyə yoluxdurur.

Ancaq azad ölkənin qanunu camaatı bu faciəli sərsəmlikdən qorumaq üçün yol göstərir. Bu qanunun hədəfi istibdadın ruh və qəlblərdəki taxt-tacını yıxmaq və yerinə azadlığın taxt-tacını qurmaqdır.

– Anladım, ustad. Qanunun bütün qiymətini qavradım. İndi isə, icazənizlə, maddələrə keçək.

"YALAN", "İKİÜZLÜLÜK" VƏ "YALTAQLIQ"

– Qanunun ikinci maddəsində yalanın yasaq olduğundan bəhs edilir. Bu günaha qanunda ayrıca önəm verilir.

– Niyə? İnsan olan kəs necə ola bilər ki, heç yalan söyləməsin?

– Azad insan yalan söyləməz. Yalan zəiflərin, zəlillərin, qorxaqların işidir. Axı azad ola bilməkdən ötrü güclü, qoçaq, inadlı olmalısan. Yalan həqiqəti gizlətmək və üzə çıxarmağa qoymamaq üçün bir vasitədir. Həqiqət gizlədilən yerdə yalançı inanclar hakim olur. Yalançı inanclar hakim olduğu yerdə xeyir-bərəkət qalmaz. Ağlı başında olan camaat buna, əlbəttə ki, yol verməz. Bax, bu üzdən sərbəst insanlar ölkəsi yalan söyləmək suçuna ayrıca önəm verir.

– Anladım, ustad. Keçmişin bir çox qaranlıq tərəfləri gözümdə dərhal aydınlaşdı. Amma o boyda əhalinin arasında yalanın kökünü necə kəsmək olar?

– Bu bir tərbiyə məsələsidir ki, ailədən və məktəbdən başlayıb, əhaliyə də aşılamalısan. Ailə və məktəbdə uşaqların ilk ruhi təməlləri yaranır. Uşaq ki var, ata-anasını və müəllimini yamsılayan bir varlıqdır. Yalançı ata-ananın və yalançı müəllimin yetişdirdikləri uşaqlar da mütləq yalançı olurlar. Buna görə də ata-ana və müəllimlərin borcu uşaqların yalana alışmamalarına daim diqqət yetirməkdir. İlk və ən təsirli vasitə onların özlərinin yalandan çəkinmələridir. Onlar uşaqların yalan söyləməsinə heç cür icazə verməməlidirlər. Ən xırda və ən günahsız bir yalana da, dözüm göstərmək olmaz. Bir sözlə, uşaq ailə və məktəbdən çıxıb cəmiyyətə qovuşduğu zaman yalanın iyrənc bir azar olduğunu duyub anlamalıdır.

Cəmiyyətə, yəni topluma gəlincə, o da yalana qarşı güclü əngəllər qoyarsa, tutalım, sərbəst insanlar ölkəsində olduğu kimi, yalançını içindən atarsa, adamlar yalan danışmaz. Amma bunun tam tərsinə olaraq, məharətlə söylənmiş bir yalanı ağıl nümunəsi sayan və ya yalançılıqla qazanılmış bir uğuru bəyənib alqışlayan və yalançı olduqlarını bildiyi insanlara hörmət-izzət göstərən toplum yalançılıq qorxunc sonuclarına boyun əymək məcburiyyətində qalır.

O cəmiyyətdə heç kəs heç kimə inanmaz, özünə arxa saymaz. Buna görə də birgə fəaliyyətdən və birgə təşəbbüsdən söz belə getməz. Nəticədə inkişaf və yüksəlişin bütün yolları kəsilər və yavaş-yavaş soysuzlaşma gedər, olub-qalan yaxşı keyfiyyətlər də itirilər, heçliyə sürüklənmə başlar!

– Ah, ustad! Mən də bu hala düşmüşdüm. Mən də bu halları yaşayıb görmüşdüm. Ancaq səbəbini indi anladım. Mümkünsə, üçüncü maddənin də hikmətini anladın.

– Böyük həvəslə!

– Bu maddəyə görə, ikiüzlülük və yaltaqlıq edənlərə daşlanmaq kimi dəhşətli bir cəza verilirmiş. Doğrusu, niyə belə şiddətli cəza verildiyini başa düşmədim. Vəzifə və güc sahibi olan adamları öymək, onlara sitayiş etmək olmazmı?

Ədəbiyyatdan bildiyimiz neçə-neçə parlaq qəsidənin, yəni heç qiyməti yoxdu? Axı bu da gerçəkdir ki, min cür nemət və səadət bu güc və yüksək vəzifə sahiblərinin əllərindədir. Bəzən kiminsə taleyi, müqəddəratı həmin adamların bircə baxışından asılı olur. Belə isə, onların qürurunu oxşamaq təbii sayılmazmı?

– Anlayıram ki, bu sənədin qaydaları sizin kimi istibdad adətinə alışmış insanlara qəribə görünür. Bir şey soruşum: Sən azad və sərbəst olmağa qəti qərar vermisən?

– Söz yox.

– Bu halda özün dəyişməlisən. Axı bütün o saydığın şeylər sənin kölə və əsir olduğun zamanlara aiddir. İndi ki zəncirlərini qırmısan, sərbəst olmağa qərar vermisən, bilməlisən ki, yaltaqlıq kölələrin, əsirlərin işidir, ruhun alçaqlığına, zəlil və miskin olduğuna dəlildir. Yaltaq adamda şərəf və sayqı-sevgi olmaz. Bu cür adam söz dediyi insanı da pozar, onda qürur, təkəbbür, həqiqətə, haqqa dözümsüzlük kimi pis sifətlərin oyanmasına səbəb olar.

İndiyədək Şərq cəmiyyətlərini içindən yeyib gəmirən xəstəliklər arasında bu öygü və yaltaqlıq ən qorxuncu və ən pozucusudur. İlan zəhəri kimi beynin və qəlbin lap dərinliyinəcən işləyir, bədəni çürüdüb iflic edir.

Şərq qəsidəxanları – öygü şairləri bilməyib fərqinə varmamaqdan millətlərinə ən çox pislik etmiş insanlardır. Yazdıqları parlaq olsa da, o biri yandan mənəvi pozuntulara yol açıblar. Onlar həm də cazibəli olduqlarından, təqlidçilər və ardıcıllar doğurublar.

Qəribədir ki, bu qəsidələr azad olmaq istəyən eyni durumlu cəmiyyətlərin məktəblərində hələ də ədəbi örnək sayılaraq oxutdurulur. Yəni bunların törətdikləri eybəcərliyin fərqində deyillər? Yəni bilmirlər ki, gənclərin qəlbinə, gənclərin beyninə şerin, musiqinin təsiri böyükdür?

Nə olur-olsun, azad olmaq istəyən bir cəmiyyətin bu hərəkəti, əkini əkib üzərinə kükürd səpən bir əkinçinin hərəkətindən fərqli sayılmaz. İngilis qanunu hələ XV əsrdə kralın öyülməsini onun qınanması qədər yasaq hesab edib.

Bax budur azad olmaq istəyən bir millətin hərəkəti!!!…

AZADLIQ VƏ ÇUĞULÇULUQ!

– Amma ustad, böyük adamlara sayqı göstərmək haqq və hüquqları tanıyanların vəzifəsi deyilmi?

– Şübhəsiz! Ancaq gerçək sayqı göstərməklə, baş əyməklə yarınmaq və yaltaqlıq tam başqa-başqa şeylərdir.

– Necə yəni başqadır?

– Çünki gerçək sayqı və sevgi doğruçuluq və səmimiyyət istəyir. Doğruçuluq və səmimiyyətin şərti də düşünülən fikri, duyulan hissi olduğu kimi söyləməkdir. Ürəkdən sevdiyiniz bir adamın, tutalım, oğlunuzun, qardaşınızın, əziz bir dostunuzun çatışmazlıqlarını söyləməyi, yalnışlıqlarını düzəltmələri üçün öyüd verməyi özünüzə borc bilməzsiniz yəni? Millətin yetişdirdiyi böyük adamlar oğuldan, qardaşdan daha əziz, daha qiymətlidir axı.

Axı bunlar ümumi və ortaq səadət və bəxtiyarlığın qaynağıdırlar. Deməli, onlara qarşı daha səmimi, daha doğrucul olmaq daha əsaslı bir borc sayılmalıdır. İkiüzlü və yaltaq adamlarsa bunun tam tərsini edirlər. Böyük adamlara daşımadıqları sifət və qabiliyyətləri də verir, çatışmazlıq və yanlışlıqlarını üstünlük kimi göstərirlər. Doğrunu, həqiqəti onlardan gizləyir, onları daim əyri yollara çəkirlər. Bütün bunlar sırf şəxsi mənfəətləri üçün edilir.

Əsasən öz xeyrini güdən və yaltaq adam doğru sözdən qaçar və dost olmaz. Doğruculluq və dostluq kimi yüksək sifətlər ruhca kasıb adamların işi deyil. Tale üzünü böyük adamlardan çevirincə, ruhən yoxsullar da həmin adamlara arxalarını çevirirlər: yəni onları ələ salır, söyür, onlara hücum çəkir və yenə də qüvvətli tərəfin – yüksək vəzifə əldə etmiş yeni adamın yan-yörəsində yer tuturlar.

– Çox haqlısınız, ustad! Belə faciəli xəyanətlərin acı mənzərələrinə neçə dəfə şahid olmuşam. O zamanlar vətəndən usanmamaq və vətəndaşlardan iyrənməmək üçün özüm-özümlə nə qədər mübarizə aparmışam.

– Elədir! Öz xeyrini güdmək və yaltaqlıq hər hansı cəmiyyəti alçaldan ən qorxunc yollardır.

– Elə isə, ustad, insanlar bundan niyə xoşlanırlar?

– Zəifliklərinə görə! Ancaq bu zaman ən böyük suçu cəmiyyət işlədir. Axı cəmiyyət pis sifətlərin yayılmasına meydan verməməlidir. Çünki sonda ən çox zərəri də cəmiyyət görəcək.

– Anlamadım, ustad…

– İndi anladaram. Bir ağac üçün çiçək və meyvə nədirsə, bir cəmiyyət üçün də böyük adamlar odur. Məlumdur ki, ağacın cinsini yaşadan, onun varlığını göstərən həmin ağacın çiçək və meyvələridir. Cəmiyyətləri də yetişdirdikləri böyük adamlar yaşadır, varlığını qoruyur və bu cəmiyyətlərin yüksəlişi üçün yol göstərir.

Doğrudan da, hər hansı cəmiyyətin varlıq qüvvəsi fikir, sənət, elm, hərb və sair sahələrdə yetisdirdiyi böyük adamların alışqanlıq* və qiymətləri ilə ölçülə bilər. Bu baxımdan böyük adamların yetisdirilməsi, onların qorunması cəmiyyət üçün ölüm-qalım məsələsidir. Böyük adamların yetişdiyi zamanlarda ağlı başında olan bir cəmiyyət onlardan bacardıqca çox faydalanmağa çalışar, həyatlarının hər dəqiqəsindən bəhrələnməyi özünə məqsəd bilər, onların əməyinin boşa çıxmasına və pozulmalarına isə heç dözməz. Axı böyük adamlar hər gün və hər zaman yetişmir. Bəzən bir millət əsrlərcə hamilə olduqdan sonra onlardan birini həyata yetirir. Bəzən də bu doğuş əməliyyatı çox çətin və qorxunc olur.

O səbəbdən ağlı başında olan cəmiyyət elə övladını göz bəbəyi kimi qoruyur və onlardan bacardıqca çox faydalanmağa çalışır! Bax, buna görə azad ölkədə öz xeyrini güdüb yarınmaq və yaltaqlanmaq daşlanmaq kimi ağır bir cəza ilə cəzalanır. Axı o cür pis sifətlər pozucu amillər arasında ən qorxuncudur!

– Anladım, ustad! Bu açıqlamanız keçmişin bir çox qaranlıq və acı tərəflərini aydınlaşdırdı. İndi də, lütfən, Nizamnamənin dördüncü maddəsini izah edin.

– Böyük həvəslə. Həmin maddədə deyilir ki: "Xəbərçilik edənlər sərbəst ölkənin vətəndaşı ola bilməzlər".

Bilməlisən ki, azadlıq və çuğulçuluğun yan-yana yaşaması mümkün deyil. Çuğulçuluq olan yerdə azadlıq olmaz, azadlıq olan yerdə də ondan-bundan çuğulluq etmək. Təsadüfi deyil ki, istibdadın istifadə etdiyi ən təsirli vasitə çuğulçuluqdur. İstibdadın ilkin istəyi odur ki, vətəndaşlar arasında tərəddüd və şübhə toxumları səpsin, onların bir-birinə inam və arxayınçılığına yol verməsin. Bu səbəbdən istibdad quruluşları çuğullamalara böyük önəm verir, gizli xəbərçiliyi ən qüdrətli vasitə sayır.

Çuğulçuluğun çiçəkləndiyi yerdə kimsə kimsəyə inanmaz. Hər kəs hər kəsdən hürkər. Doğruçuluq və açıqlıq aradan qalxar. Yalan və ikiüzlülük onların yerinə keçər. Birlikdə iş görmək mümkün olmaz. Bu hala düşən cəmiyyətlər sapı çürüyüb sökülmüş parçaya bənzəyir, hər cür müqavimət qabiliyyətini itirər və nə zorakılığa qarşı dayanar, nə də elm, sənət, ticarət və s. sahələrdə birgə irəliləyə bilər.

Təbii ki, azad ölkə bu qədər zərərli bir şeyə dözməz. Biz vətəndaşlarımızın ruhunda ta uşaqlıqdan bu qorxunc bəlaya qarşı nifrət və iyrənmə duyğusu tərbiyə edirik.

Uşaqlarımızın bir-birindən gileylənməsinə pis baxırıq. Bir-birinə böhtan yağdıranlara və bütün günahları bir-birinin boynuna atanlara şiddətli cəza veririk. Başqalarına ibrət olmaq üçün yoldaşının hər hansı bir işini xəbər verən uşağı hər kəsə göstərir, pis əmələ qurşandığını hamıya bildiririk. Qısası, çuğulçuluğun iyrənc bir bəla olduğunu işimiz və sözümüzlə uşaqlara aşılayırıq ki, böyüdükdən sonra onlar qanunu güdsün. Beləcə, ölkədə çuğulçuluq aradan qalxır.

– Ustad! Verdiyiniz izahat bütün varlığımı alt-üst etdi. Bir az tək qalmaq, düşünmək istəyirəm. Etiraz etmirsinizsə, bu günlük bu qədərlə kifayətlənək.

– Lap yaxşı! İki gündən sonra yenə gələrik, – deyərək əlimi sıxıb otaqdan çıxdılar.

Бесплатный фрагмент закончился.

59,63 ₽
119,25 ₽
−50%
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
18 октября 2022
Объем:
111 стр. 2 иллюстрации
ISBN:
978-9952-8449-5-5
Правообладатель:
JekaPrint
Формат скачивания:

Похожие книги