Quran hekayətləri

Текст
Читать фрагмент
Читайте только на ЛитРес!
Отметить прочитанной
Как читать книгу после покупки
  • Чтение только в Литрес «Читай!»
Шрифт:Меньше АаБольше Аа

YUSİF QUYUDA

Qardaşları Yusifi quyuya saldılar. O yeniyetmə oğlan zülmət və sükut dolu Tanrı sınağına çəkildi. Bu, İlahi qanunudur: Sadiq bəndələrini sonsuz müsibətlərlə sınayır, olmazın əzab-əziyyətlə üzləşdirir ki, böyük vəzifələri yerinə yetirməyə hazır olsunlar, qorxulu və çətin işlərə dözə bilsinlər.

Doğrudan da, Yusifin imtahanı olduqca çətin, məşəqqətli və dözülməz sınaq idi. Bəlkə də bu müsibət dünyagörmüş, təcrübəli bir kişinin başına gəlsəydi, onunçün bu dərəcədə ağır olmazdı, çünki ötən çətin günlərini yada salıb, düşünüb-daşınıb bir çarə, tədbir tapardı. Lakin Yusif hələ yeniyetmə və təcrübəsiz bir oğlan idi. Həyatın şirinini, acısını dadmamışdı.

Hər şeydən daha təsirli o idi ki, Yusifin bu macərada heç bir günahı, təqsiri yox idi. O, özü barəsində belə ağır zülmü əsla ağlına gətirmirdi. Xüsusilə də, bu bəlanın onun başına kimlər tərəfindən gətirilməsi ona çox ağır gəlirdi. Axı onlar Yusifi hər cür bəladan, məkr və hiylədən qorumalı idilər. Məhz buna görə də bu müsibət, bu bəla özgələrin zülm və əzabından qat-qat ağır idi.

* * *

Yusifin halını, keçirdiyi məşəqqətli anlarını təsəvvür etmək belə mümkün deyildi. Naz içində böyümüş, əzizlənmiş bir uşaq birdən-birə azad, geniş səma altından quyunun dəhşətli qaranlığına, zülmətin ağuşuna atıldı. O, quyunun divarlarına, ayağının altına baxdı və suda əks olunmuş qəmli sifətindən başqa bir şey görmədi. Yuxarı nəzər saldı, gözünə zülmətdən savayı heç nə sataşmadı.

Görən o anlarda Yusif nəyi düşünür, nə barədə fikirləşirdi? Xatirində nə dolaşırdı? Yəqin ki, atasının sifətini göz önünə gətirir, onun hər səhər Yusifi görərkən dodaqlarına qonan mehriban təbəssümünü xatirindən keçirir, axşamlar yatağının yanında oturub qulağına pıçıldadığı şirin sözlərini yada salırdı. Atasının indi nə hala düşdüyünü, dərd-qəminin böyüklüyünü təsəvvür edirdi. Bəlkə də qaranlığın dəhşətindən, yerin darlığından həyat eşqi ilə günəşi, ayı, mavi göyləri göz önünə gətirir və bağ-bağçaların bahar mənzərəsini yada salırdı.

Getdikcə aclıq Yusifi əldən salırdı. O, hiss edirdi ki, taqəti kəsilir, gücü tükənir. Min cür qara-qura və qorxunc fikirlər quyunun küncünə qısılmış günahsız Yusifin kövrək qəlbini yaman sıxırdı.

* * *

İlahi mərhəməti zavallı Yusifi bu pərişan halında tək-tənha qoymadı, onun dadına çatdı. Yusifi bu çətin sınağa çəkən Tanrı onun ürəyinə toxtaqlıq, təskinlik gətirdi. İlahi vəhyi uşağı səbrə, dözümə çağırdı, ürəyində ümid qığılcımları yaratdı. Ona xatırlatdı ki, qorxmasın tezliklə bu dardan, sıxıntıdan qurtulacaq. Tanrı Yusifi inandırdı ki, onu quyunun dərinliyindən çıxaracaq və qardaşlarının acığına ona şərəf, şan-şöhrət bəxş edəcək. Lakin bu, çətinliklərlə dolu bir müddətdən sonra baş verəcəkdir.

Yusifin qəlbini bürümüş qəm buludları bir anda dağıldı və ürəyi toxtadı.

Çox keçmədi ki, Yusifin qulağına bir səs gəldi. O, bütün gücünü və diqqətini toplayıb səsi dinləməyə başladı. Səs yavaş-yavaş yaxınlaşır və getdikcə ucalırdı. Yusif addım səsləri, it hürüşməsi eşidib başa düşdü ki, quyunun başına karvan gəlir. Hiss etdi ki, ümid qönçələri açılmaq üzrədir, nicat saatı yetişməkdədir.

Karvan quyunun yanında əyləndi və karvanbaşı uca səslə qışqırdı: "Ey qulam, dolçanı quyuya salla, bir az su çıxar içək, yanğımız sönsün, bu yazıq heyvanları da suvaraq. Yol bizi əldən salıb, gün də başımıza o qədər döyüb ki, əldən düşmüşük".

Yusifin aydınca eşitdiyi bu sözlər onun yanıqlı ürəyinə su səpdi. Qulam dolçanı quyuya salladı. Yusif dolçanı görcək onun ipindən yapışdı. Qulam dolçanı yuxarı çəkəndə on dörd gecəlik aya bənzər bir oğlan uşağının da onunla birgə quyudan çıxdığını gördü. O, heyrətlə qışqırdı: "Muştuluğumu verin! Ayüzlü bir oğlan quyudan çıxdı".

Bu xəbər karvanda böyük bir hay-küy, təəccüb və həyəcan doğurdu. Hamı Yusifin başına toplaşdı. Karvan əhli sakit olduqdan sonra bu qərara gəldi ki, Yusifi qulamlığa götürüb Misir bazarında satsın. Onların ürəyində azacıq rəhm və mərhəmət hissi olsaydı, bu qərara gəlməzdilər, ondan haralı və kimin oğlu olduğunu soruşub, ailəsinə çatdırardılar. Lakin onlar xeyir axtaran, fayda qazanmaq istəyən adamlardan idilər.

Karvan dincini alıb yenə yola düzəldi. Bir neçə gün keçdikdən sonra gəlib Misirə çatdı. Karvan əhli Yusifi qul bazarına apardı. Onlar peyğəmbər nəslindən olan bu cavanı – azadlıq varisini çox ucuz qiymətə – bir neçə dirhəmə satdılar və tezliklə ordan uzaqlaşdılar ki, heç kəs onların macərasından xəbər tutmasın.

Karvan əhli bilmirdi ki, belə bir mərhəmət sahibinin – böyük şəxsiyyətin əvəzində bir səhra qızıl, dağ boyda gövhər alsaydı belə, yenə aldanmış olardı.

* * *

Misir əzizi21 Yusifi satın aldı və onun nəcib görkəmindən əsl gövhər tapdı. Padşah onu evlərinə gətirib arvadına dedi: "Bu elə bir qulamdır ki, üz-gözündən böyük nəsildən, şərif soydan olduğu görünür. Ona görə də ona qayğı ilə yanaş, əziz tut, hörmətini saxla. Ona adi adam və qulluqçu kimi baxma. Mən güman edirəm ki, böyüyəndə onun bizə xeyri dəyəcək. Onu oğulluğa götürərik".

YUSİF VƏ MİSİR PADŞAHININ ARVADI

Yusif quyuya atılmağının əzab və dəhşətindən hələ özünə gəlməmiş, canından əvvəlki yorğunluğu, ağrıları çıxmamışdı. Ruzigarın dərzisi isə artıq ona başqa bir qəm paltarı tikirdi ki, əzmi, iradəsi daha da möhkəmlənsin, Tanrıya daha da yaxından bağlansın. Bu dəfə taleyin zərbəsi ona gözəlliyinə və gəncliyinə görə dəydi. Gəncliyin sərvəti olan gözəllik və şuxluq Yusifə sıxıntı, narahatlıq və əzab-əziyyət gətirdi.

Yusif əzizin sarayında xidmətə başladı və az bir vaxtda onun ağıl-kamalı, gözüaçıqlığı, qabiliyyəti və sədaqəti hamıya məlum oldu. Yusifin bu keyfiyyətləri onu əzizin yaxın adamları və övladları cərgəsinə çıxardı, ona alicənablar və əyanlar rütbəsi bəxş edildi. Aylar, illər keçdikcə Yusif daha təravətli, daha yaraşıqlı, boylu-buxunlu və qüvvətli gənc olurdu. Padşahın arvadı gizlincə Yusifin yerişinə, duruşuna və bütün hərəkətlərinə göz qoyurdu. O, Yusifin zahiri və mənəvi gözəlliyinə, iradəsinə və qüvvəsinə valeh olmuşdu. Qadın hiss edirdi ki, Yusifin məhəbbəti onun ürəyində kök salır, eşqi qanında, canında, nəfəsində dolaşır. O, ürəkdən Yusifə vuruldu və ondan kam almaq sevdasına düşdü. Lakin özünün və ərinin yüksək mövqeyi, adı-sanı onun arzusunu gözündə qoyur, sirrini qəlbində gizləməyə vadar edirdi. Buna görə də o qərara aldı ki, nəfsini boğsun və bu arzunu ürəyindən qoparıb atsın. Əlbəttə, ağıl belə hökm edir, lakin unutmamalı ki:

 
Eşqin şahlığı çağında ağlın sözü
Taxtdan düşürülmüş hakimin fərmanına bənzər.
 

Nə isə, qadının eşqi get-gedə artır, ürəyi məhəbbət alovunda qovrulur, həsrətdən şam kimi əriyirdi. Nəhayət, o qərara aldı ki, ürəyini Yusifə açsın. Həm də bu işi elə etsin ki, öz hörmətini saxlaya bilsin, şərəfini və ləyaqətini itirməsin. O, bu niyyətlə Yusifin yolu üstündə hiylə toru qurdu ki, şıltaqlığı, naz-qəmzəsi ilə oğlanı özünə çəksin, onun ürəyində eşq odunu alovlandırsın.

Padşahın arvadı güman edirdi ki, bu yolla öz məqsədinə çata bilər. Lakin Yusif onun işvə və nazına, eyham və işarəsinə gözünün ucu ilə də baxmadı, öz ürəyi ilə o qadın gözəlliyinin fitnəsi arasına ismət və namusdan qalın pərdə çəkdi. Axı şərəfi və möminliyi necə nəslindən miras qazanmış Yusif kimi bir şəxsiyyətə yaraşmazdı ki, haram işlərə meyil salsın, günaha batsın. Xüsusilə də, padşahın onun əziz tutmasına, naz-nemət içində saxlamasına görə rəva deyildi ki, ona xəyanət etsin, arvadına xain gözlə baxsın.

Yusifin uzun sürən etinasızlığı padşahın arvadının qəlbində eşq atəşini qızışdırdı. Axırda o əlacsız qalıb qürur və şöhrət taxtından endi, itaət və yalvarış yolunu tutaraq işarə və eyhamla demək istədiyini aydın dillə bildirdi. Eşq ona cürət və cəsarət verdi, səbir və dözümünü birdəfəlik əlindən aldı. Bir gün o, Yusifi yataq otağına çağırdı. Yusif itaət göstərib onun yanına getdi. Qadın pərdələri çəkdi, pəncərələri, işıq gələn yerləri möhkəm bağlayıb dedi: "İndi mənim canım, bədənim sənin ixtiyarındadır".

Yusif cavanlığın coşqun və qaynaq çağında idi. Lakin o, hikmət döşündən süd əmmiş və peyğəmbərlik ətəyində böyümüşdü. Yusif ürəyini birdəfəlik Tanrı məhəbbətinə bağlamışdı və orada başqa eşqə yer qalmamışdı. Ona görə də dedi: "Allah eləməsin ki, sənin xahişinin qarşısında təslim olub nəfsinə baş əyim! Məgər nemət sahibinə xəyanət edə bilərəm? Axı o məni əzizləmiş, mənə nemət və şərəf bəxş etmişdir. Mən onun bu yaxşılığına nankorluq edə bilmərəm. Sən indi qapıları bağlasan da, pərdələri çəksən də, Tanrı sənin gözünün, ürəyinin xəyanətindən xəbərdardır. Allah eləməsin ki, nəfs məni günah uçurumuna çəkib cəza dərəsinə atsın!"

Bu, necə də qəribə səhnə idi! Əzizin arvadı o cür cah-cəlalı, gözəl camalı ilə öz xidmətçilərindən olan bir cavanı ondan kam almağa çağırırdı, oğlan isə tam qətiyyətlə onun xahişini rədd edirdi. Halbuki, o qadın bu sarayın mütləq hakimi, hər şeyin sahibi idi. Doğrudan da, bu alçalma və məğlubiyyət onun üçün olduqca dözülməz və ağır idi!

Saray xanımının qəzəb atəşi şölələndi, eşqi və qəzəbi, əzəməti və məğlubiyyəti bütün varlığını sarsıtdı, ürəyində güclü bir tufan qopardı və onu tapdanmış heysiyyatının əvəzini çıxmağa, intiqam almağa məcbur etdi. Yusif də qərara gəldi ki, yamanlığı yamanlıqla, zərbəni zərbə ilə qarşılasın, lakin qəlbində peyğəmbərlik nuru işıq saçdı və İlahi buyruğu ona yol göstərdi. Ona vəhy gəldi ki, sülhü vuruşdan, mehribanlığı düşmənçilikdən üstün tutsun. Odur ki, İlahi vəhyinə tabe olaraq qapıya tərəf yönəldi. Xanım da ardınca düşdü ki, yaxasından yapışıb onu zorla geri qaytarsın. Bu çəkişmə və dartışmada Yusifin köynəyi cırıldı. O, qapıdan çıxarkən əzizi öz yataq otağında gördü.

 

Aydındır ki, Yusifin bu dalğın halı əzizi şübhəyə saldı. Qadın da hiyləsini işə salıb bu fürsəti intiqam üçün münasib bildi. O, dərhal dedi: "Bu da sənin Yusifin! O, sənin hörmətini saxlamır. Ona etdiyin bu qədər yaxşılığa nankorluqla cavab verir. O, mənim ismətimə xəyanət əlini uzatmaq istəyirdi. Sənin namusuna qəsd etdiyi üçün onun yeri ya zindandır, ya da ki, ağır əzab. İndi hökm sənindir!"

Yusif bu fitnə tufanının qarşısında hər şeyi olduğu kimi söyləməkdən başqa çarə görmədi. Ona görə də bu yalan və böhtana dözməyib dedi: "Əsl həqiqət xanım dediyinin əksinədir. Mən əsla əlimi xəyanətə uzatmamışam, əksinə, onun özü məni bu qorxulu işə çağırırdı. O, mənim namus yaxamı şəhvət əlilə cırdı. Budur, köynəyim sözlərimin düzlüyünə sübutdur".

Bu arada xanımın əmisi oğlu səs-küyə ora gəldi. O, çox ağıllı və fərasətli kişi idi. Odur ki, onları diqqətlə dinləyib hadisənin əsl mahiyyətini anladı. Kişi əzizə üz tutub dedi: "Yaxşı baxın, əgər Yusifin köynəyi qabaqdan cırılıbsa, qadın düz deyir və Yusif yalan danışır. Yox, əgər köynək arxadan cırılıbsa, qadın yalan deyir və Yusifin sözləri gerçəkdir".

Əziz baxıb gördü ki, Yusifin köynəyi arxadan cırılmışdır. O, məsələni başa düşdü. Həqiqət pərdə arxasından göründü və Yusifin günahsızlığı aşkar oldu. Əziz üzünü arvadına tutub dedi: "Bu sənin məkrindir. Odur ki, dərhal əməlin üçün Tanrıdan üzr dilə, çünki sən günah iş tutanlardansan". Sonra isə o, üzünü Yusifə tutub dedi: "Sən də sus ki, bu macəra yayılmasın, dillərə düşməsin".

* * *

Padşahın arvadının eşq macərası şəhərdə yayıldı, saray xanımlarının və kənizlərinin dilinə düşdü. Hamı deyirdi: "Padşahın arvadı öz qulamına vurulmuş, onun eşqinin əsiri olmuşdur. Eşqi, vurğunluğu ona elə güc gəlmişdi ki, əzəmət, şərəf və qürur göylərdən enmişdir. Qulamını özündən kam almağa çağırmış, lakin qulam xanımın üzünə baxmamış, onun istəyini rədd etmişdir. Buna görə də xanım ondan birdəfəlik əlini üzmüş və içindəki yanğısı, odu şölələnmişdir. İndi o çalışır ki, qəlbindəki od-alovu ört-basdır eləsin, lakin göz yaşlarının axar seli onu rüsvay edir və çəkdiyi iztirablar, solan bənizin sirrini faş eləyir".

Bu məsələ məclislərin söhbəti, dillər əzbəri oldu. Misir xanımlarının məclislərində padşahın arvadının eşqi barəsində müxtəlif söhbətlər, dedi-qodular gəzdi və nəhayət, bu xəbər xanımın öz qulağına çatdı. O, çarəni yalnız bunda gördü ki, düşmənlərinin, rəqiblərinin silahını təsirsiz etsin və onların məkr və hiyləsinin qarşısını almaq üçün yeni bir hiyləyə əl atsın.

Xanım bir gün qadınları yeməyə dəvət etdi. Otaqda onlar üçün yumşaq mütəkkələr və rahat taxtlar qoyuldu, hər birinə gözəl paltarlar bağışlandı. Süfrəyə hər cür yemək içmək düzüldü. Xanım, qadınların hərəsinin əlinə bir bıçaq verdi. Sonra Yusifə buyurdu ki, məclisə gəlib onların qarşısından keçsin. Yusifin yanağı utandığından al şəfəq rəngində idi. Camalı adi haldakından daha gözəl görünürdü. Gözəl qamətli Yusif asta-asta onlara yaxınlaşdı. Misir qadınlarının gözü Yusifin sifətinə, boy-buxununa sataşdı. Bu, adi cavanlara oxşamırdı! Üzü aya bənzəyir, alnı gözəllik nurundan parıldayırdı. Bədəni mütənasib, boy-buxunu biçimli idi. Bu gözəlliyinə baxmayaraq, onun qaməti əzəmət və alicənablıq zirehi ilə örtülmüş, sifəti abır-həya pərdəsi ilə bürünmüşdü. Misir qadınları bu bənzərsiz gözəlliyin tamaşasından huşsuz olub ağıl-düşüncə cilovunu əldən verdilər. Bıçaqla meyvə əvəzinə əllərini kəsdilər. Onlar ixtiyarsız halda dedilər:

 
Bu sitayiş sahibinə gözəllik verən Tanrıdır,
Belə bir bənzərsiz məxluqu O, su və gildən yaradıbdır.
 

"Bu bəşər deyil! Bu mələkdən başqa bir şey ola bilməz!" Bu anda padşahın arvadı əlini əlinə vurub dedi:

 
Gərək onu görəndə əlinlə meyvəni qarışıq salmayasan,
Onda Züleyxanı danlamağa haqqın olar.
 

"Ey Misir xanımları! Yusif budur! Ona vurulduğuma görə məni danlayırdınız, bu işi mənə nöqsan tutur, eyib bilirdiniz. İndi qan damcılayan əlinizə, əsən ürəyinizə baxın və "eşqə düşənlə" özünüzü müqayisə edin. Siz hələ bircə dəfə onun üzünü görməklə bu kökə düşmüsünüz. Bəs elə isə məni niyə nahaqdan danlayırsınız? Axı o, mənim evimdə böyümüş, cavanlıq gülü gözlərimin önündə açmışdır! Mən hər gün, hər gecə onun oturuş-duruşunu, yuxusunu, hər bir hərəkətini görürəm və qarşısında bəzənərək gözəlliklərimi göstərirəm. Amma o, ləyaqətini qoruyaraq mənə heç gözünün ucu ilə də baxmır. Varlığında İlahi bir ruh olduğundan o yalnız Tanrısına xidmət etməklə məşğuldur. Məgər belə bir güclü padşahı fərmana baş əyən bəndə adlandırmaq olarmı? Məgər mənim kimi məğlub edilmiş və yazıq bir qadını güclü hakimin xanımı saymaq olarmı? Məgər məni öz quluma vurulduğuma, onun qarşısında acizliyimə görə pisləmək olarmı? Mən sizdən gizlətmirəm: ona vurulmuşam, eşqinin əsiriyəm. Onu yatağıma çağırmışam, lakin o, mənə əl uzatmamış, üzünü məndən döndərmişdir. Bunu da sizdən gizlətmək istəmirəm ki, onun ayrılığına və etinasızlığına taqətim yoxdur. Onun eşqi qarşısında ixtiyarsız və çarəsizəm. O, mənim ixtiyarımı əlimdən almış, rahatlığı, yuxunu mənə haram etmişdir. Lakin indi ki, rüsvaylığım aləmə yayılıb və eşq macəram dillər əzbəri olub, əgər o, əmrimdən çıxsa və ürəyimin istəyini verməsə, zindana atdıracağam. Qoy zindanın qaranlığında cavanlıq rəngi solsun, əzab-əziyyət çəksin ki, bəlkə məni incitməyinin cəzasını görə".

Misir xanımları Yusifin bənzərsiz, insanı heyrətə salan gözəlliyini gördülər. Bir yandan da onlar padşahın arvadının yanğısının, dəli-divanəliyinin şahidi oldular. Eyni zamanda onun qüdrət və qüvvətini görüb Yusifin haqqında dediyi hədə-qorxusunu eşitdilər və ona haqq qazandırdılar. Xanımlardan biri dedi: "Ey cavan, bu naz etmək nə deməkdir? Niyə xanımdan üz döndərib onu incidirsən? Məgər gözqamaşdıran və daşı, ağacı tərpədən bu gözəlliyi görmürsən? Məgər sən qüvvətli, yeniyetmə cavan deyilsən? Məgər ürəyin yoxdur? Qadınların eşqindən, gözəlliyindən ləzzət almırsan?"

Bir başqası dedi: "Onun eşqindən, dəli-divanəliyindən keçsən də, barı var-dövlətini, şan-şöhrətini nəzərə al! Bilmirsən ki, əgər onun ürəyini ələ gətirsən, bütün nemət sənin ixtiyarına keçəcək?!"

Üçüncüsü dedi: "Tutaq ki, onun gözəlliyinə də, var-dövlətinə də meylin yoxdur. Yaxşı bəs dəhşətli və qaranlıq zindandan qorxmursan? Yaxşısı budur tərsliyi, inadı bir yana qoyub hər bir cavanın arzusu olan xanımın camalından, dövlətindən feyziyab olasan və zindan əzabından yaxanı qurtarasan".

Xanımlar çox dedilər, çox danışdılar və düşündülər ki, öyüdləri Yusifin ürəyinin dərinliyinə təsir edəcək, onun qəlbini yumşaldacaq. Yusif vəd və hədə, imtina və təslim olma arasında qalıb qorxdu ki, birdən həqiqət yolundan azar və qəlbinə şeytan yol tapar. Odur ki, o, bir daha öz Allahına tapındı. Doğrudan da, hər bir mömin kəsin vəzifəsidir ki, üz verən sıxıntı və dərddən qurtarmaq üçün Tanrıya pənah gətirsin və hər şübhəli, qaranlıq işdə Ondan yardım diləsin.

Yusif ürəyini Tanrıya bağladı, Ona üz tutub yalvardı ki, bəndəsini şərdən və qadın hiyləsindən qorusun. Yusif Tanrıya dua edərək dedi: "Ey Allah, zindan qaranlıq və dəhşətli olsa da, şübhəsiz ki, bu mənim üçün qadınların hiylə toruna düşməkdən, onlarla eşqbazlıq etməkdən daha rahatdır. Mən zindan küncündə çürüməyə dözərəm və Sənə olan imanımı artıraram. O böyük mədrəsədə yaranışın gizli sirlərini, mənəviyyatını, əxlaqını öyrənərəm. Zindanda nəfsimi öldürməklə keçən həyatım mərifət və tovhid qapılarını mənim üzümə açar, ibadət üçün yaxşı imkan olar. Orada mən xalqın sıxıntı və dərdlərini yaxından görüb özümü haqq, ədalət uğrunda mübarizəyə hazırlayaram. Ancaq əgər bu qadın tayfası arasında qalsam, onların hər cür fitnə-fəsadı ilə üzülməli olacağam. Qorxuram ki, axırda ürəyim özümə tabe olmaya və şeytan məni yoldan çıxara. Ey Tanrı, mənim üçün zindan qadınların dəvət etdiyi yoldan daha üstündür. Əgər Sən o qadınların məkrini məndən uzaq etməsən, onlara meyil salıb cahillər sırasında olaram".

Yusif onun yolu üstündə qazılmış bütün quyulardan adladı və şirin sözlərə uymadı. Əzizin arvadı onu aldatmaq, tora salmaq üçün bütün hiyləyə əl atdı, lakin Yusifi öz iradəsinə tabe edə bilmədi. Yusif əvvəlkindən də artıq etinasızlıq və inad göstərdi. O, "Allaha pənah" deyərək qətiyyətlə bildirdi ki, öz nemət sahibinə xəyanət etməyəcəkdir. Belə olduqda qadın Yusifi ona şər atmaqda günahlandırdı. Və öz qohumlarını da bu işə qoşdu ki, onun sözlərini təsdiq etsinlər. Bunu eşidən Misir xanımları Yusifi şirin sözlərlə nə qədər dilə tutmağa çalışsalar da, onun dəmir kimi möhkəm əzminə, güclü qəlbinə təsir edə bilmədilər.

Əzizin ürəyində Yusifə qarşı zərrəcə şübhə yox idi, çünki bu müddətdə onun təmizliyinə, namuslu və abır-həyalı olmasına, sözündə möhkəmliyinə yaxşı bələd olmuşdu. Əzizin arvadının səbir kasası dolmuş və Yusifdən ümidini üzmüşdü. Arvad onun iradəsinə tabe olan ərinə şikayətlə dedi: "Yusif məni rüsvay etmiş, namus və şərəfimi ləkələmişdir. Gərək Yusifi zindana salıb intiqamını ondan alasan və mənə təskinlik verəsən".

Əziz arvadının xahişini qəbul edib buyruğuna boyun əydi və günahsız Yusifi zindana saldırdı. Yusif yeni əzabını səbir edənlər kimi möhkəm dözümlə və möminlər kimi əzmlə qarşıladı.

ZİNDANA ATILMIŞ YUSİF

Günahsız Yusif nahaqdan zindana atıldı. O, İlahi yardımına ümid bağlayaraq özünü o dəhşətli və kimsəsiz yerə təslim etdi.

Yaqubun oğlu, İbrahim nəslinin davamçısı Yusif təmiz vicdanla, rahat ürəklə, könül xoşluğu ilə zindana ayaq basdı. O, ürəyində fikirləşdi ki, bu zindanın qaranlığı və əzabı sarayda ona qurulmuş tələlərdən, ordakı fitnələrdən yaxşıdır. Məgər zindan onun dini etiqadına və namusuna ləkə gətirə biləcək fitnədən xilas etmədimi? Yusifin zindandan, qadağalardan nə qorxusu? Məgər o, zülmkarların, günahkarların əhatəsində yaşamırdımı? Yaxşı olmazmı ki, bu fürsətdən istifadə edib, məhbusların təlim və tərbiyəsinə, düzgün yola dəvətinə çalışsın?! Onları zülmkarlıqdan əl çəkməyə çağırsın, ürəklərindən şər, fitnə köklərini kəssin və bu yolla bir dəstə bəşər övladını günah girdabından çıxarsın, ağır cəza yükündən azad etsin.

Məgər zindan əhli arasında məzlum və yazıq adamlar yoxdurmu? Bundan yaxşı nə ola bilər ki, əlinə düşmüş bu fürsətdən istifadə edib onlara təsəlli versin, dərdlərinə şərik olsun?! Bəlkə bu yolla onları azacıq da olsa, inandıra bildi.

Bunlardan əlavə məgər bütün bu əzabların müqabilində Tanrı ona peyğəmbərlik vəd etməyibmi? Bundan yüksək şərəf, bundan uca rütbə ola bilərmi? Belə olduqda zindandan, zəncirdən nə qorxu?

Yusif uzun müddət zindanda qaldı, ordakı xəstələr və zəiflərə həmdərd oldu, qaragünlülərə, yolunu azmışlara öyüd verdi. Onlar üçün hər səhər mərifət kitabından bir fəsil oxudu, zindan zülmətində elmdən, əxlaqdan işıq saçdı. Az müddətdə zindan əhli ona vurulub söhbətlərinə məftun oldu.

Yusiflə bir vaxtda iki saray əhlini də zindana salmışdılar: Biri padşahın saqisi, o biri isə onun xörəkpaylayanı idi. Bu iki nəfər də zindan əzabına, əsirliyə Yusiflə birgə dözdü. Bir gün səhər onlar yuxudan durub gecə gördükləri yuxunun təsirindən pərişan halda Yusifin yanına getdilər. Onlar Yusifdən xahiş etdilər ki, yuxularını yozsun.

Saqi dedi: "Yuxuda gördüm ki, iki çörək və müxtəlif yeməklə dolu tabaq başımdadır və quşlar göydən enib onları götürüb uzağa apardılar. Biz bilirik ki, sən mərifət əhlisən. Yuxumuzu yoza bilərsənmi?"

* * *

Yusif bu vaxt artıq peyğəmbərlik məqamına çatmışdı. Tanrı ona buyurmuşdu ki, atasının, cəddinin vəzifəsini, Allahın birliyinə inanmağı və iman çırağını yandırmağı öz öhdəsinə götürsün. Zindan mühiti Allahın birliyinə inama çağırış üçün xüsusilə əlverişli idi, çünki oradakılar elə adamlar idilər ki, ruhlarını yoxsulluq təmizləmiş və yazıq halları onları Allaha yaxın etmişdi. Yazıqlar və məzlumlar isə həmişə haqqı başqalarından daha tez qəbul edirlər.

Yusif haqqa dəvətə və Allahın birliyinə çağırışa hazırlaşarkən o iki nəfər gəlib yuxularını nağıl etdi. Yusif gördü ki, dəvətini yaymaq üçün yaxşı fürsətdir. Ona görə də üzünü zindandakılara tutub dedi: "Ay camaat, tapındığınız və ibadət etdiyiniz bütlərdən başqa bir Allah vardır. O mənə vəhy göndərmişdir ki, Ona inanmaqda sizə rəhbərlik edim. Sizin pərəstiş etdiyiniz və qorxduğunuz kiçik bütlər, nəhəng heykəllər haqqında heç bir dəlil-sübutunuz yoxdur. İndi əgər mənim dəvətimin düzgünlüyünə və peyğəmbərliyimin gerçəkliyinə dəlil istəyirsinizsə, gəlin bu iki cavanın yuxusunu sizə yozum. Görərsiniz ki, hadisələr mən dediyim kimi cərəyan edəcək: Bu iki cavandan biri tezliklə zindandan azad ediləcək, əvvəlki kimi şahın saqisi olacaq və nədimlərin arasında öz yerini tutacaq. O birisi isə dardan asılacaq və quşlar onun başına doluşub ətini yeyəcəklər. Bu dediyim, vəhy təliminə görədir, kahinlikdən, münəccimlikdən və ya başqa qaynaqdan deyil. Bu elmi Tanrı mənə öyrətmişdir. Mən Allaha iman gətirməyən, axirəti danan tayfamın dinindən əl çəkmişəm".

 

Yusif saqinin azad ediləcəyini bildiyi üçün ona dedi: "Zindandan çıxıb gedəndən sonra şahın yadına sal ki, heç bir günahı olmayan bir şəxs hələ də zindanda zəncirlidir".

Hadisələr sübut elədi ki, Yusif yuxuları düzgün yozmuşdur: cavanlardan biri azad olundu, o biri isə dardan asıldı. Saqi elə ki, saraya gedib işinə başladı Yusifi unutdu, şeytan onu saqinin xatirindən sildi və Yusif beləcə bir neçə il də zindanda qaldı.

21Əziz – saray gözətçilərinin başçısı və zindan nəzarətçisi (Bax: Kitabın lüğət hissəsi, "Əziz" sözü). Müəllif "əziz" əvəzinə onun sinonimi kimi "hökmdar" və "padşah" sözlərini da işlətmişdir. Biz da buna əməl etmişik – (M.N.).
Купите 3 книги одновременно и выберите четвёртую в подарок!

Чтобы воспользоваться акцией, добавьте нужные книги в корзину. Сделать это можно на странице каждой книги, либо в общем списке:

  1. Нажмите на многоточие
    рядом с книгой
  2. Выберите пункт
    «Добавить в корзину»