Quran hekayətləri

Текст
Читать фрагмент
Читайте только на ЛитРес!
Отметить прочитанной
Как читать книгу после покупки
  • Чтение только в Литрес «Читай!»
Шрифт:Меньше АаБольше Аа

KƏBƏNİN BİNASI17

İbrahim beləcə oğlundan uzaqda yaşayır və hərdən onu görməyə gəlirdi. Bir gün o təkcə oğlunu yoxlamaq niyyəti ilə deyil, həm də əsasən mühüm bir işi görmək üçün o ölkəyə səfər etdi. Bu dəfə Allah tərəfindən ona tapşırılmışdı ki, Kəbə evini tiksin və tanrısevərliyin əsasını qoysun. Ona görə də Hicaza tərəf yola düşüb oğlunu tapdı. İsmayıl Zəmzəm suyunun yanındakı böyük bir ağacın altında ox atmaqla məşğul idi.

İsmayıl uzaqdan atasını görcək ayağa durdu. Üst-başını çırpıb gülər üzlə onun görüşünə tələsdi və özünü atasının isti, mehriban qucağına atdı.

Qoca ata və cavan oğul bir-birinin boynuna sarılıb öpüşdülər. Ürəklərindəki məhəbbətdən, ayrılıq dərdindən söz açdılar. Onlar ağacın kölgəsində üzbəüz oturub sevinclə, şadlığa qərq olmuş halda bir-birinin üzünə baxdılar. Sonra İbrahim ona tapşırılmış böyük vəzifə haqqında oğluna danışdı və barmağını yaxındakı təpəyə tuşlayaraq dedi: "Ey oğul, Tanrı mənə buyurmuşdur ki, burada ev tikəm". İsmayıl dərhal öz itaətini və hazır olduğunu bildirdi.

İlahi qüdrətinə arxalanan İbrahim və İsmayıl böyük ümidlə bel və balta götürüb o böyük təpəyə sarı yola düzəldilər. Onlar sarsılmaz əzmlə o böyük təpəni dağıdıb yerini dümdüz etməyə başladılar. Bu işi başa çatdırdıqdan sonra göylərə üz tutub dedilər: "Ey Tanrı, bu əməli bizdən qəbul et! Axı Sən eşidən və bilicisən! Ey Tanrı, bizə qüvvət ver ki, Sənin evində müsəlman olaq! Bizim nəslimizə qismət elə və bizə ibadət yerləri göstər. Tövbəmizi qəbul et. Axı, Sən mehribansan və tövbə qəbul edənsən!"

Çox keçmədi ki, görünməmiş iş baş verdi, binanın yeri göründü. İsmayıl daş gətirir və iş alətlərini hazırlayırdı, İbrahim isə binanı tikirdi. Şübhəsiz ki, ata və oğulun ürəklərindəki sarsılmaz inam və tükənməz güc öhdələrinə düşən bu çətin vəzifəni yerinə yetirməkdə onlara böyük kömək oldu.

Divarlar ucalıb İbrahimin boyundan ötdü. Artıq onun əli divarın üstünə çatmırdı. Bir yandan da qocalıq və zəiflik imkan vermirdi ki, ağır daşları yuxarı qaldırsın. İbrahim İsmayılı çağırıb böyük bir daş tapmasını xahiş etdi. O, daşı ayağının altına qoyub binanı özü tamamlamaq istəyirdi.

İsmayıl daş axtararkən "Qara daş"a rast gəldi. Onu götürüb atasının yanına gətirdi. İbrahim o daşın üstünə çıxdı və bənnalığını davan etdirdi, İsmayıl da bu işdə atasına kömək edirdi. Onlar binanın bir hissəsini tikib qurtardıqdan sonra o biri hissəsinə başlayırdılar. Beləliklə, ürəklərinin ətrafına fırlandığı, mələklərin endiyi, bütün dindarların şamı sayılan o evin inşası ata-balanın cidd-cəhdi və ağır zəhməti sayəsində başa çatdı.

LUT18

İbrahim Misirdən köçərkən Lutu da özü ilə apardı. Onlar yığdıqları çoxlu var-dövlət və azuqə ilə gəlib Fələstin torpağına çatdılar. Çox keçmədi ki, bu torpaq onların heyvanları üçün darısqallıq etdi və Lut əmisi İbrahimin evindən köçüb Sədum adlanan kənddə məskən saldı.

Kəndin camaatı pozğun və əxlaqsız idi. Onlar heç bir günahdan çəkinmir, özbaşınalıq və zorakılıq, yamanlıq və paxıllıq içində yaşayırdılar. Karvanların yolunu kəsir, mallarını qarət edirdilər. Nə dinləri var idi onları bu hərəkətlərdən çəkindirsin, nə də abır-həyaları ki, xəcalət təri axıtsınlar.

Bütün bu zülm və ədalətsizlik, pozğunluq və əxlaqsızlıq Sədum camaatına azlıq edirmiş deyə onların kişiləri yeni bir günaha bataraq görünməmiş alçaqlığa əl atdılar: onlar şəhvətlərini söndürmək üçün qadın əvəzinə oğlanları öz yataqlarına sürüklədilər. Özü də rüsvayçılığı utanmaz-utanmaz açıqca edir, heç kimdən gizlətmir, əksinə, başqalarını da onlara qoşulmağa çağırırdılar. Beləliklə, camaat tamam yoldan azmışdı. Fahişəlik gündən-günə artırdı.

O tayfanın binamusluğu və əxlaq düşkünlüyü belə bir həddə çatdıqda Allah-Taala Luta vəhy göndərdi ki, onları İlahi ibadətinə çağırsın və batdıqları günahlardan saxlasın. Lut, tayfanı Tanrı yoluna dəvət etməyə başladı. O, öz peyğəmbərliyini açıb dedi, ancaq camaat haqqı görmək və bu barədə eşitmək belə istəmədi. Onlar ziyankar və pozğun işlərini nəinki davam etdirirlər, əksinə, bununla da kifayətlənməyib öz peyğəmbərlərini aralarından qovmaq fikrinə düşdülər. Sədum camaatı Lutu və ardıcıllarını hədələdi ki, əgər onlara qoşulmasalar, öz dəvətlərində qalsalar, kənddən sürgün olunacaqlar.

Lut gördü ki, bu tayfa haqdan üz döndərib onun dəvətini qəbul etmir, camaatı İlahi qəzəbi və əzabı ilə qorxutmağa başladı. Ancaq camaat Lutun hədə-qorxusuna əsla məhəl qoymayıb dediklərini boş sözlər saydı. Lut camaat arasında öz dəvətini daha inadla yaymağa davam edərək bu çirkin əməllərin nə ilə qurtaracağını açıb dedi. Sədumlular isə tutduqları yoldan dönməyərək özlərini daha da həyasız aparmağa başladılar. Axırda onlar Lutu ələ salıb təhqir etdilər və beləliklə, özlərinə İlahi əzabı qazandılar.

Lut Tanrıdan xahiş etdi ki, ona pozğun tayfa üzərində uğur etsin, yolunu azmışlara ağır əzab göndərsin və hər kəsə öz günahına görə cəza versin. Axı camaat öz çirkin əməllərini gündən-günə artırır, haqsevərlərlə mübarizə aparır, həqiqəti eşitmir, inadkarlıq, dikbaşlıq edirlər. İş o yerə çatmışdı ki, bu əxlaq pozğunluğunun bir xəstəlik kimi başqa yerlərə də yayılmaq qorxusu var idi.

Tanrı Lutun duasını qəbul edib onlara lazımi cəza vermək üçün öz mələklərini o pozğun tayfanın üstünə göndərdi. Mələklər Sədum kəndinə getməmişdən öncə Xəlilin evində qonaq düşdülər. İbrahim mələkləri yoldan ötən qonaq bilib onları çox yaxşı qarşıladı. Qonaqlar üçün bir kök dana kəsib süfrəyə dadlı yeməklər gətirdi. Ancaq onlar yeməyə əl vurmadılar. İbrahim onların bu hərəkətindən çox narahat oldu. Çox keçmədi ki, mələklər İbrahimin nigaranlığına son qoyub ona ağıllı bir oğlu olacağını muştuluq verdilər. İbrahim təəccüblə: "Mənim oğlum necə ola bilər? Özüm qocalıb əldən düşmüşəm, həyat yoldaşım da doğmur, özü də qocalıqdan büzüşüb yumağa dönübdür!" – dedi.

Onların söhbətinə qulaq asan Sara gülüb dedi: "Mən bu yaşımda necə uşaq doğa bilərəm? Ərim də ki, gördüyünüz kimi qoca kişidir".

Mələklər İlahinin qüdrətini xatırladıb dedilər: "Onun iradəsi təbii qanunlardan, adi qaydalardan asılı deyil, qüdrəti isə sonsuzdur".

İbrahim hələ özünə gəlməmişdi. "Yolunuz hayanadır? Hansı işin dalınca gedirsiniz?" – deyə soruşdu. Dedilər: "Bizə böyük bir iş tapşırılmışdır. Lutun tayfasına əzab yetirməli, tutduqları çirkin əməllərin, ağır günahların cəzasını verməliyik".

İbrahimin qanı bərk qaraldı. O, Lutun tayfasına göydən enəcək bəlanı yubandırmaq üçün dil-ağız etdi. İbrahim ümidvar idi ki, o pozğun adamlar bəlkə fürsət tapıb bu müddətdə peşman olarlar və tövbə edərək tutduqları əməllərə görə üzr diləyərlər.

Bəlkə də, İbrahim Lutdan sarı nigaran idi. O qorxurdu ki, bu çaxnaşmada birdən Luta da bir ziyan dəyə bilər. Ürəyindən keçənləri oxuyan mələklər: "Özünə toxtaqlıq ver, ürəyindəkiləri at getsin. Dikbaşlıqlarına davam edən, yaramaz işlərdən əl çəkmək istəməyən bu camaat üçün yardım diləmə", – dedilər. Onlar İbrahimi inandırdılar ki, Luta heç bir ziyan dəyməyəcək. Lutun arvadından başqa (o, kafirlərlə həmrəy və əlbir idi) onun bütün ailəsi bu bəladan xilas olacaqdır.

Mələklər İbrahimlə vidalaşıb gözəl oğlanlar sifətində Səduma sarı tələsdilər. Onlar şəhərin alaqapısına çatdıqda gördülər ki, bir qız quyudan su çəkir. Oğlanlar qızdan onları evlərinə qonaq aparmağı xahiş etdilər. Qız Sədum camaatının oğlanlara qarşı yaramaz hərəkət edəcəyindən narahat oldu. Bir yandan da bu cavanlara bir köməyi dəyə bilməyəcəyini hiss etdi. Ona görə də istədi ki, öz atası bu cavanlara yardımçı olsun. Qız atası ilə məsləhətləşmək üçün cavanlardan möhlət istədi və tez onun yanına gəlib dedi: "Ey ata, şəhər alaqapısının yanında bir neçə oğlan səni soruşur. Mən indiyədək belə gözəl oğlanlar görməmişəm. Qorxuram ki, camaat onların gəlişindən xəbər tuta, rüsvayçılıq baş verə".

Qızın atası həmin Lut idi. Bu xəbərdən o çox nigaran oldu. Qızından o cavanların əlamətlərini soruşdu. Lut onları qorumaq barədə fikrə getdi. O, tərəddüd içində idi. Düşünürdü ki, bəlkə onları qəbul etməsin, ya da əsl həqiqəti açıb desin və üzr istəsin. Lakin təbiətindəki alicənablıq və mərhəmət hissi onu rahat buraxmadı. Lut camaatdan gizlin, cavanları qarşılamağa tələsdi. O, var qüvvəsi ilə çalışdı ki, bu məsələdən kimsə xəbər tutmamış onları evinə çatdırıb yaramaz tayfanın şərindən qorusun. Lutun ürəyini hər şeydən çox sıxan bu idi ki, tayfa ona bir kəslə oturub-durmağı, ya evə bir qonaq çağırmağı yasaq etmişdi. Öz həkimini düşmən sayan cadan xəstə kimi o tayfa da Lutu eləcə özünə düşmən bilirdi.

Lut camaatın gözündən uzaq, qorxa-qorxa özünü cavan qonaqlara yetirib onları gülər üzlə qarşıladı. Lut cavanları evinə gətirdi, ancaq daxilini bürümüş qorxu, iztirab hissi hər an artır, ona rahatlıq vermirdi. Gözü orda-burda idi. Lut qorxurdu ki, Allah eləməmiş, birdən camaat bu cavanlardan xəbər tutub onların üstünə cumar, onun isə köməyə gücü çatmaz və qonaqlarının yaxası namussuzların əlinə keçər.

Lut bu düşüncələrə dalmışkən tayfanın əlaltısı olan arvadı ev sahibinin və qonaqların sirrini onlara bildirdi. Çox keçmədi ki, camaat sevincək, gülə-gülə, ayaqlarını yerə döyə-döyə, tələm-tələsik Lutun evinə sarı qaçdı. Lut qorxu içində adamların qabağına gedib and-amanla onları pozğun iş tutmamağa çağırdı. Əxlaqsız və səfeh adamlar Lutun yalvarışına məhəl qoymadılar. Lut əlacsız qalıb qapını onların üzünə bağladı və qonaqların müdafiəsinə qalxdı.

 

Qapı arxasındakılar hər an həyasızlığını artırır, özlərindən çıxaraq başına hava gəlmiş adamlar kimi, üz-gözləri qızarmış, ağızları köpüklənmiş halda Lutun evinə hücum çəkib söyüş söyürdülər.

Vəziyyəti belə görən Lut camaatı təbiətin qanun və adətlərinə əməl etməyə, Tanrının kişilərə halal etdiyi qadınlardan – arvadlarından kam almağa çağırdı. O, əlacsız qalıb qonaqların nicatı üçün hətta öz doğma qızlarını bu adamlara ərə verməyə razı oldu. Lut bir daha camaatı belə bir yaramaz adətə qoşulduqları üçün pislədi və bunun nə ilə qurtaracağını bildirib hədə-qorxu gəldi. Ancaq onlar daha da azğınlaşdılar. Güclü şəhvət hissi gözlərini örtmüş, qulaqlarını kar etmişdi. Odur ki, onlar dedilər: "Ey Lut, sən yaxşı bilirsən ki, biz sənin qızlarından kamımızı ala bilmərik. Axı qadınları, qızları bizim görən gözümüz yoxdur. Sən ki, bilirsən, bizim istəyimiz nədir?!"

Lut özünü gücsüz və yazıq hiss etdi, ümid qapıları üzünə bağlandı. Qonaqların fikri onu dərin qəmə batırdı. O, suda batan adamlar kimi çabalayır, qonaqların nicatı üçün yardım arayırdı. Ancaq çıxış yolunu, ümid yerini tapa bilmirdi ki, bilmirdi. Nəhayət o, qərib və kimsəsiz olduğunu xatırladıb dedi: "Əgər gücüm olsaydı, sizin qarşınızda belə alçalmazdım. Sizin zülm və şərinizə qarşı çarpışardım, hər bir hücumunuzun qarşısını alardım. Sizin şəhərinizdə qərib olmasaydım, yanımda qohum-əqrəbam olsaydı, sizi öz yerinizdə oturdub cah-cəlalınızı dağıdardım".

Lut beləcə öz kimsəsizliyindən şikayət edir, camaat isə öz həyasızlığını və cəsarətini daha da artırırdı. Onların qəzəb və şəhvət hissləri get-gedə güclənirdi.

Mələklər Lutun kədərli və qəzəbli görkəminə, ümidsiz və yorğun halına uzaqdan tamaşa edirdilər. Kənd camaatının həyasızcasına evə hücum çəkmələri, söyüş söymələri də onların nəzərindən yayınmadı. Onlar Luta təskinlik verib dedilər: "Ey Lut, bilin ki, biz sənin Tanrın tərəfindən göndərilmişik. Gəlmişik ki, səni bu zülmdən xilas edək. Arxayın ol, bu kafir və pozğun adamlar bizə yaxın düşə bilməzlər. Onlar tezliklə məğlub olacaqlar".

Çox keçmədi ki, qorxu və şəhvət hissi camaata qalib gəldi. Onlar Lutu hədələyib qaçmağa üz qoydular. Lakin Lut özünü toxtaq tutmuşdu. İlahi uğurundan onun üzü gülür və tayfanın hədə-qorxusunu əsla vecinə almırdı.

Lutun qəlbini bürümüş qara qəm buludları dağıldıqdan sonra mələklər ona buyurdular: "Gecə yarısı ailənlə birlikdə buradan köç. Biz bu adamları İlahi əzabına tapşırırıq. Ancaq arvadını özünlə götürmə və İlahi əzabından ona xəbər vermə. Axı o da bu tayfanın taleyinə şərikdir və öz cəzasına çatmalıdır".

Mələklər Luta məsləhət gördülər ki, bu macərada dözümlü olsun və göydən enəcək əzaba görə sıxılmasın.

Lut öz ailəsi və dostları ilə o yaramaz torpağı tərk etdi. Onlar kənddən uzaqlaşan kimi göydən İlahi fərmanı endi, elə bir zəlzələ qopdu ki, kənd alt-üst oldu. Sonra isə göydən daş yağdı. Səhər açılanda Sədum kəndi büsbütün yerlə yeksan olmuş, evlər sahiblərinin əməllərinə görə dağılıb viran olmuşdu.

Sözsüz ki, bu sərgüzəşt arif adamlar üçün bir dərs olmalıdır.

YAQUB

Yaqubun atası İshaq qocalıb əldən düşmüşdü. Bir gün Yaqub atasının yanına gəlib dedi: "Atacan, qardaşım Eysu məni incidir. Onun hədə-qorxusundan qaçıb sənə pənah gətirmişəm. O zamandan ki, sən Allaha dua edib mənə var-dövlət, səadətlə dolu həyat və pak nəsil arzulamısan, Eysu paxıllığımı çəkir, tənəli, tikanlı sözlər deyərək ürəyimi yaralayır. İş o yerə çatıb ki, aramızdakı keçmiş dostluq tamam unudulmuş və qardaşlıq məhəbbətindən əsər-əlamət qalmamışdır. Bundan əlavə o, Kənandan gətirdiyi iki arvadı ilə qürrələnərək deyir: "Tezliklə o arvadlardan iki oğlum olacaq. Onlar sənin gününü qara edəcəklər". İndi bu şikayətlə hüzuruna gəlmişəm ki, Allahın sənə bəxş etdiyi hikmət və ağılla mənə bir yol göstərəsən".

İshaq iki qardaş arasındakı münasibətin belə pisləşməsindən çox qəmgin olub Yaquba dedi: "Əziz oğlum, ağ saçlarımdan, qırışlı alnımdan, əyilmiş qəddimdən, titrəyən ayaqlarımdan görünür ki, mən qocalıb əldən düşmüşəm. Gücüm tükənib və həyatla vidalaşmaq çağım gəlib çatıbdır. Çox çəkməyəcək ki, ölüm məni haqlayacaq və bu dünyadan köçəcəyəm. Qorxuram ki, mənim vəfatımdan sonra qardaşının kin-küdurəti arta və səninlə mübarizəyə qalxa. O, qohumlarının güc və qüdrətinə arxalanır, arvadlarının qohumlarına güvənir. Mən çıxış yolunu onda görürəm ki, sən bu torpaqdan köçüb Fəddan Aram şəhərinə gedəsən, orada dayın Laban ibn Bətuili tapıb onun qızlarından biri ilə evlənəsən. Bu yolla bərəkət və xoşbəxtlik tapdıqdan sonra rahatca öz şəhərinə qayıdasan. Mən ümid edirəm ki, sənin həyatın qardaşının həyatından daha xoş keçəcək və sənə onun nəslindən daha pak və təmiz nəsil qismət olacaq. Allah səni öz himayəsi altında saxlayacaq".

* * *

Qoca atanın sözləri cavan Yaqubun yaralı ürəyinə, dərdli qəlbinə məlhəm oldu. O, atasının nəsihətlərindən arxayın olub təskinlik tapdı. Yaqub göz yaşları töküb ata-anası ilə vidalaşdı. Onlar da Yaqubu xeyir-dua ilə yola saldılar. Yaqub səhraya üz tutub gecə-gündüz yol getdi. Dərdli-tənəli uzun yollar keçdi. Bütün yol boyu dayısının surəti onun gözləri önündə canlanır, atasının sözləri qulağında səslənirdi. Bərk yorulduğu anlarda, hövsələsi daralanda gələcək arzularını, intizarında olduğu xoşbəxt həyatı göz önünə gətirir və dərhal yorğunluğu çıxırdı, yol ona asan gəlirdi.

Bir gün səhrada isti külək əsdi, şiddətli tufan qopdu. Sonra günəş yandırıb-yaxmağa başladı və Yaqub yolundan qaldı. Qarşıdakı uzun yollar gözünə oturdu. Qabaqda göz işlədikcə uzanan qumlu səhra görünürdü. Abadlıqdan, tikilidən əsər-əlamət yox idi. Yaqub kədərləndi, keçmişin əzabı, gələcəyin qəmi onu sıxdı. Bir müddət bilmədi ki, əziyyətini yerə vurmayıb yoluna davam etsin, yoxsa bu səfərin xeyrindən keçsin və canında qalan gücünü toplayıb özünü ata-anasının yanına yetirsin.

Yaqub bu fikirdə ikən birdən gözləri qabağındakı bir qayaya sataşdı. Onun azacıq kölgəsi var idi. Yaqub qayanın kölgəsində dincəlmək, günəşin istisindən daldalanmaq niyyətilə irəli getdi. Qayaya söykənən kimi onu yuxu tutdu. Elə bir yuxu gördü ki, onun təsirindən qəlbi işıqlandı və yaxın günlərdə arzularının həyata keçəcəyinə inandı.

Yaqubun ürəyi ata-baba yurdunun həsrəti və sevgilisinin xəyalı ilə döyünməyə başladı. Görüş şövqü ilə yeni qüvvə toplamış Yaqub inamla yoluna davam etdi. Nəhayət, gəlib bir şəhərə yaxınlaşdı. O, əmin oldu ki, səhv etmir, elə bu onun axtardığı şəhərdir.

Budur, qoyun sürüləri otlağa gedir, quşlar bağlara tərəf uçurlar. Çobanların hay-küyü, ney səsi Yaqubun qulağına yetişdi. Bütün bunlar yorulub əldən düşmüş Yaqubun qızmar günəşin, isti səhranın əzabından qurtardığını xəbər verirdi. Budur, Yaqub İbrahimin vətəninə, ona peyğəmbərlik verildiyi yerə, şəriətin ocağına gəlib çıxmışdır. Ürəyində bəslədiyi arzusuna çatmışdır, dayısı Labanın ümid ağacının kölgəsindədir. Bütün bunları duyan Yaqub onu məqsədinə çatdırdığı üçün İlahi dərgahına şükürlər etdi.

Yaqub alaqapıdan şəhərə daxil olub xoş sifətlə, mülayim bir tərzdə ötənlərdən soruşdu: "Siz Laban bin Bətuili tanıyırsınızmı?"

Dedilər: "Əlbəttə, tanıyırıq. İshaq peyğəmbərin qaynını kim tanımır ki? O, öz nəslinin böyüyü, tayfasının başçısıdı. Çöldəki qoyun sürüsü onundur". Yaqub dedi: "Olarmı ki, sizlərdən biri məni onun evinə apara?" Dedilər: "Odur Labanın qızı Rahil qoyunlarla üzü bəri gəlir".

Yaqub onlar göstərən tərəfə baxdı və ürək ovlayan, yaraşıqlı və boy-buxunlu bir gözəl gördü. Bu mənzərənin tamaşasından Yaqubun ürəyi şiddətlə döyünməyə başladı. Hiss etdi ki, dili söz tutmur. Bir təhər iradəsini toplayıb özünü ələ aldı və yavaş-yavaş ona tərəf addımlayıb dedi: "Mən sənin yaxın qohumunam, sənə kölgə salan ağacın bir budağıyam. Sənin təravət aldığın çeşmənin gözündənəm, İshaq peyğəmbərin oğlu Yaqubam. Anam Rüfəqə sənin bibindir. Mən Kənan torpağından çıxıb, o qızmar və üzücü səhranı keçib bura gəlmişəm ki, Labanla görüşəm, onunla mühüm bir iş barədə söhbət edəm".

Rahil gözünün ucu ilə Yaquba baxıb şirin dillə "Xoş gəlmisən" dedi və onunla birgə evlərinə tərəf yola düzəldi.

Yaqub yol boyu hiss edirdi ki, ürəyi bərk narahatdır, sinəsində quş kimi çırpınır. O bilmirdi ki, bu sıxıntısı, ürək döyüntüsü Rahillə görüşünün nəticəsidir, yoxsa qəriblik hissləri və qarşıdakı mühüm işi ilə bağlıdır. Axı o, Rahilin xatirinə bu üzücü və qorxulu yolu arxada qoymuşdu. Bəlkə də Yaqubun ruhundakı və təlatümü doğuran hər iki amil idi. Yaqub bir azdan dayısı Labanın hüzuruna çatdı. Laban Yaqubu görcək bağrına basdı, hər iki gözündən yaş axıtdı. Onu böyük məhəbbət və mehribanlıqla qarşıladı.

* * *

Yaqub atasının tövsiyəsini və bura necə gəlib çıxdığını Labana danışdıqdan sonra Rahillə evlənmək arzusunda olduğunu, ona ürəkdən vurulduğunu bildirdi. Laban onu diqqətlə dinlədikdən sonra dedi: "Gözüm üstə, nə istəsən, onu edəcəyəm və çalışacağam ki, səni arzuna çatdıram. Lakin bir şərtlə ki, gərək yeddi il yanımda qalıb qoyunlarımı otarasan. Sənin bu xidmətin Rahilin başlığı olacaq. Bütün bu müddətdə mənim məhəbbətim, nəzərim sənin üstündən əksik olmayacaq".

Yaqub bu şərti qəbul edib xidmətə başladı. O, şirin və xoş arzu ilə yaşayır, ürəyində ümid şamı yandırırdı.

Labanın iki qızı var idi: Liya və Rahil. Liya yaşca Rahildən böyük idi, lakin gözəllikdə, boy-buxunda, yaraşıqda ona çatmırdı. O tayfanın adətinə görə kiçik qızı böyük qızdan qabaq ərə vermirdilər. Lakin Laban Yaqubun Rahilə ürəkdən vurulduğunu görüb onun arzusunu gözündə qoymaq istəmədi. O qərara gəldi ki, iki qızını Yaquba versin. Yaqub hər cəhətdən qabiliyyətli, layiqli oğlan idi və onların içində bu cür evlənmə qadağan deyildi.

İllər ötdü və Yaqubun xidmət müddəti qurtardı, sevgilisinə qovuşma zamanı yetişdi. Yaqub Labandan xahiş etdi ki, onun arzusunu yerinə yetirsin, sevgilisi ilə həyat qurmasına icazə versin.

Laban dedi: "Əziz övladım, mənim atalıq hisslərim və adət-ənənəmiz icazə vermir ki, kiçik qızı böyük qızdan qabaq ər evinə tapşırım. Liya mənim böyük qızımdır. O, gözəllikdə Rahilə çatmasa da, ağıl və fərasətdə ondan əksik deyil. Yaxşısı budu ki, etdiyin xidmətin əvəzində onu sənə verim. Əgər Rahili də istəsən, gərək yenə yeddi il mənə xidmət edəsən".

Peyğəmbər övladı olan Yaqub alicənab idi. Buna görə də dayısının xahişindən boyun qaçıra bilmədi. Axı dayısı onun üçün bu qədər yaxşılıq, xeyirxahlıq etmişdi! Yaqub dayısının təklifini qəbul edib Liya ilə evləndi. Yeddi illik xidmətindən sonra o, Rahillə də evlənib öz arzusuna çatdı.

Laban qızlarının hər birinə onların ev işlərini görmək üçün bir kəniz bağışladı. Bacılar Yaqubu çox istədiyindən kənizləri ona bağışladılar. Yaqubun Liyadan, Rahildən və o iki kənizdən on iki oğlu oldu. Dini kitablarda onları Əsbat19 adlandırırlar.

YUSİF QARDAŞLARININ VƏ ATASININ YANINDA20

Səhər açılanda, günəş öz parlaq şüalarını ətrafa saçdı. Şirin yuxu görmüş Yusif gözlərini açdı. Durub geyindi və özünü səliqəyə saldı. Sonra sevincək, gülə-gülə atasının yanına gəlib dedi: "Atacan, mən ötən gecə gözəl bir yuxu görmüşəm. O yuxu ürəyimə nur çiləmiş, ruhuma sevinc və fərəh gətirmişdir. Yuxuda gördüm ki, on bir ulduz, günəş və ay qarşımda səcdə edirlər".

Bu sözlərdən Yaqubun sifəti gül tək açıldı, hər iki gözündən nur saçıldı. O dedi: "Əziz övladım, gördüyün bu yuxu gerçək yuxulardandır və sənin barəndə nəzərdə tutduğumu təsdiq edir. Bu yuxu Allah-Taalanın sənə bəxş etdiyi elmdən və yüksək rütbədən müjdə verir. O, Tanrının sənə layiq bildiyi nemətin rəmzidir. Allah-Taala həmin neməti babaların İbrahimə və İshaqa da bəxş etmişdi. Ancaq bu yuxunu qardaşlarına açıb demə. Onlar bilirlər ki, mən səni də, Benyamini də çox istəyirəm. Buna görə də qardaşlarının həsəd apardığını, paxıllıq etdiyini bilməmiş deyilsən. Onlar indi sizin haqqınızda yavaşca və işarə ilə danışırlar. Şübhəm yoxdur ki, qardaşların bu yuxudan xəbər tutsalar, ürəklərindəki həsəd alovu güclənəcək, sizə qarşı kin və qəzəbləri artacaq. Onda hiylə işlədib sənə və qardaşına tələ quracaqlar. Hazırladıqları bu şər işdə şeytan da onlara kömək duracaq".

 

Bu vaxt Yusif gözəl və yaraşıqlı yeniyetmə bir oğlan idi. Anası Rahil vəfat etmiş, on yaşlı Yusifi kiçik qardaşı Benyaminlə gözü yaşlı qoyub getmişdi. Buna görə də Yaqub Yusiflə Benyamini o biri qardaşlarından çox istəyir və onlara daha artıq məhəbbət bəsləyirdi. Yusifin yuxusu Yaqubun ona olan məhəbbətini daha da artırdı. Bu məhəbbətə görə qardaşların ürəyində Yusifə və Benyaminə qarşı həsəd və paxıllıq baş qaldırdı. Yaqub bu məhəbbətini gizlətməyə nə qədər çalışsa da, mümkün olmadı.

Beləliklə, qardaşların ürəyində həsəd atəşi alovlandı, paxıllıq və kin-küdurət həddini aşdı. Onlar bir yerə toplaşıb Yusiflə qardaşı haqqında məsləhətə başladılar. Qardaşlardan biri dedi: "Görmürsünüz ki, atamız Yusifi və Benyamini bizdən artıq sevir, onları daha çox əzizləyir? Bilmirəm atamız öz məhəbbətini bizdən niyə kəsibdir? Nə səbəbə o bizi Yusiflə Benyamindən aşağı tutur? Məgər biz Yusifdən və qardaşından böyük deyilik? Məgər bizim işimiz, xeyrimiz onlardan artıq deyil? Onun bütün işlərini görən, qulluğunda duran biz deyilikmi? Bəs niyə atamız onları bizdən üstün tutur? Bəlkə bu ona görədir ki, onların anası Rahili bizim anamızdan artıq sevirmiş? Bəs bizim günahımız nədir? Şübhəsiz ki, bu əsl zülm və açıq-aşkar ədalətsizlikdir".

İkinci dedi: "Bu məhəbbət ötəri deyil. Yusifin məhəbbəti Yaqubun könlündə elə dərin kök salmışdır ki, onu ordan yalnız ürəklə birgə qoparmaq olar. Buna görə də biz bu məhəbbətin səbəbini soruşmaqla bir şeyə nail olmayacağıq. Çünki könül sultanlığı elə bir hakimiyyətdir ki, onu ağılla, məntiqlə ələ keçirmək mümkün deyil. Eşqin padşahlıq etdiyi bir zamanda ağlın sözü taxtdan düşürülmüş hakimin fərmanına bənzəyir. Ona görə də nə qədər ki, Yusif bizim aramızdadır, Yaqubun can-ciyəri o və qardaşı olacaq, ürəyinin dərinliyində onlar qərar tutacaqlar. Mənim fikrimcə Yaqubun qəlbindəki məhəbbət odunu söndürmək üçün bircə çarəmiz var: ya Yusifin qəsdinə durub qanını tökmək, ya da onu uzaq bir bərri-biyabanda tək-tənha buraxmaq ki, qurda-quşa yem olsun. Beləliklə, bizimlə atamız arasındakı bu dərin uçurum aradan götürülmüş olar. Biz də Allahdan üzr diləyib günahımıza görə tövbə edərik və həyatımız yoluna düşər".

Ağılda, ürəyiyumşaqlıqda və uzaqgörənlikdə qardaşlarından üstün olan Yəhuda dedi: "Yadda saxlayın ki, biz İbrahim Xəlilin nəslindən olan Yaqubun övladlarıyıq, ağıl və din sahibləriyik. Ağla görə qətl pis əməldir, dində yolverilməzdir. Yusif günahsız uşaqdır, onun heç bir təqsiri yoxdur, hələ günah işləməmişdir. Bir halda ki, Yusifi özünüzdən uzaqlaşdırmaq qərarına gəlmisiniz, yaxşısı budur onu aparıb Beytul-Müqəddəsdə müsafirlərin yolu üstündəki karvanların dayandığı yerdə quyuya salın. Yoldan keçən bir karvan onu tapıb uzaq bir yerə aparar və bu yolla biz həm öz arzumuza çatarıq, həm də qətl günahından çəkinmiş olarıq".

Qardaşlar Yəhudanın fikrini bəyənib onu yerinə yetirmək qərarına gəldilər.

Şeytanın fitnə-fəsadı ilə məkr və hiyləyə uymuş qardaşlar səhər açılcaq atalarının yanına gəlib dedilər: "Ey ata, niyə Yusif sarıdan bizdən bədgümansan? Axı o bizim qardaşımızdır, qanı qanımızdan, kökü kökümüzdəndir. Bizim hamımız sənin övladlarınıq və sənin mərhəmətin sayəsində yaşayır, sənin məhəbbət bulağından su içirik. İcazə verirsənmi ki, sabah onu şəhərdən qırağa çıxaraq. Qoy yaşıl çəmənlərdə, gözəl mənzərələrə tamaşa etsin, açıq havada, mavi səma altında dincəlsin. Biz qoyunları otararıq, əkin-biçinə baxarıq, o da oynayar, ora-bura qaçar. Gün batana yaxın kefi kök, damağı çağ bizimlə birgə geri qayıdar. Əgər xahişimizi qəbul edib onu bizə tapşırsan, gözümüz üstündə olacaq, can-başla qayğısına qalacağıq".

Bu işin axırından nigaran olan, bir hadisə baş verəcəyindən qorxan Yaqub dedi: "Mən Yusifin uzağa getməsindən bərk narahatam. Onu gözümdən uzağa buraxsam, ürəyim sakit olmaz. Mən qorxuram ki, siz Yusifi səhraya aparıb gözdən qoyasınız və onu qurd apara, mən də qəlbi yaralı, gözü yaşlı qalam".

Yusifin qardaşları dedilər: "Bizim kimi güclü cavanların arasında onu qurd necə apara bilər? Əgər belə olsa, biz ziyankar adamlar olarıq".

Yaqub dedi: "Bir halda ki, siz onu can-başla qoruyub gözdən qoymayacağınıza söz verirsiniz, onda aparın".

* * *

Ertəsi gün sübh tezdən qardaşlar Yusifi götürüb quyuya tərəf yola düşdülər. Onlar elə ki, quyunun başına çatdılar, niyyətləri bilindi, gizlin kinləri üzə çıxdı, sinələrindən ürək əvəzinə daş asıldığı aşkar oldu. Qardaşları Yusifi ayaqyalın etdilər, köynəyini əynindən çıxarıb özünü quyuya saldılar ki, rüzgar onun başına öz oyununu açsın. Yusifin yalvarışları, ağlaması, isti göz yaşları onların qəlbinə təsir etmədi.

Qardaşları Yusifi quyuya saldıqdan sonra güman etdilər ki, dərdlərinə çarə qılmış, həsəd atəşini söndürmüşlər və bundan sonra ata öz mehrini onlara salacaq, getdikcə Yusifi unudacaq və ürəyini onların məhəbbətinə təslim edəcək.

Lakin tale onların xam düşüncələrinə gülürdü. Axırda İlahi yazısı qardaşların tədbirinə qalib gəldi.

Axşamçağı elə ki, günəş zərli tellərini dağın yamacından yığışdırdı və aləmi qaranlıq bürüdü, Yusifin qardaşları, özlərini dərdə-qəmə batmış kimi göstərib ağlamağa, şivən qoparmağa başladılar. Onlar güman edirdilər ki, bu cür hiylə ilə atalarını aldada bilərlər. Qardaşlar hiylələrinin inandırıcı olması üçün Yusifin köynəyini qana bulamışdılar. Onlar qanlı köynəklə Yaqubun yanına gələndə düşünürdülər ki, bu köynək sözlərinin doğruluğunu təsdiq edəcəkdir. Qardaşlar dedilər: "Ey ata, əfsuslar olsun ki, qabaqcadan gördüyün hadisə baş verdi. Biz Yusifi üst paltarlarımızın yanında qoyub oynamaqla məşğul idik. Pusquda durmuş bir qurd onu alıb qaçdı və bizi ömürlük dərdə saldı, gözüyaşlı qoydu. Bu da onun qanlı köynəyidir. Lakin biz bilirik ki, düz danışsaq da, sözümüzə inanmayacaqsan.

Yaqub onların hiylə və məkrini duymuş, tədbirlərini hiss etmişdi. O bilirdi ki, Allah-Taala öz yardım əlini Yusifdən əsirgəməyəcəkdir. Odur ki, Yaqub dedi: "Nəfs sizi aldatmış və belə bir yaramaz işə təhrik etmişdir. Həsədə qul olub günah işə qol qoymusuz. Lakin mən bu münasibətin qarşısında möhkəm dözümlü duracağam ki, işinizin üstündən pərdə götürülsün və hiyləniz üzə çıxsın. Dedikləriniz barədə isə, mən Allaha yalvarıb ondan yardım diləyəcəyəm".

17Qurani-Kərim, Bəqərə surəsi, 125-ci ayə və sonrakı ayələr.
18Qurani-Kərim, Hud surəsi, 77-ci ayə və sonrakı ayələr.
19Əsbatın adları belədir: Rubil, Şəmun, Lavi. Yəhuda, İsaxir. Zabilun – bunların anası Liyadır; Yusif, Benyamin – anaları Rahildir: Dan və Nəftali – anaları Rahilin kənizi Bəlhədir, Cad və Əşir – bu ikisinin anası isə Liyanın kənizi Zülfədir. Benyamindən başqa bütün qardaşlar Fəddan Aram şəhərində dünyaya gəliblər. Benyamin isə Kənan şəhərində doğulmuşdur.
20Qurani-Kərim, Yusif surəsi.
Купите 3 книги одновременно и выберите четвёртую в подарок!

Чтобы воспользоваться акцией, добавьте нужные книги в корзину. Сделать это можно на странице каждой книги, либо в общем списке:

  1. Нажмите на многоточие
    рядом с книгой
  2. Выберите пункт
    «Добавить в корзину»