Читать книгу: «Şirvan şəhidləri»

Шрифт:
“Şəhidlər”
 
Bu vətən, bu torpaq mənimdi deyib
Üstündə vüqarla gəzdi şəhidlər.
əyninə qanından bir köynək geyib
düşmənin yolunu kəsdi Şəhidlər.
 
 
Təki vətənimiz düşməsin dara
Baxmayıb soyuğa, borana, qara
Cavab vermək üçün o azğınlara
Hər bir çətinliyə dözdü Şəhidlər.
 
 
Arzusu göylərə, yerə sığmayan
Araza sığmayan, Kürə sığmayan
Nağıla, dastana, şerə sığmayan
ən ali, müqəddəs sözdü Şəhidlər.
Torpaq götürməsin bu qanı, qardaş.
 
 
Gözləriniz yoxdu torpaq tökülə
Telləriniz yoxdu sığal çəkilə
Cəsədiniz yoxdu kəfən bükülə
Biz necə oxşayaq yaranı, qardaş,
Torpaq götürməsin bu qanı, qardaş.
 
 
Əliniz ümiddən qopmayıb hələ
Qanınız torpağa hopmayıb hələ
“Sevirəm”kəlməsi tapmayıb hələ
Qəfil güllə tapdı sevdanı, qardaş,
Torpaq götürməsin bu qanı, qardaş.
 
 
Bəlkə ana,bacı kitiyə, dönə
Yandıqca bir yanar körüyə dönə
Bu yoldan çətin ki, geriyə dönə
Vətən çətin dönüb usanır, qardaş,
Torpaq götürməsin bu qanı, qardaş.
 
Bəxtiyar Vahabzadə

QƏHRƏMANLAR ÖLMÜR

NOFƏL ZAHİD oğlu QULİYEV
(1963-1991)


1963-cü il oktyabr ayının 4-də Şirvan şəhərində anadan olub. O, indiki 9 nömrəli şəhər orta məktəbini bitirib. 1982-ci ildə həqiqi hərbi xidmətə çağırılaraq, 1984-cü ildə əsgəri xidmətini başa vurub. Ordu sıralarından tərxis olduqdan sonra bir müddət Bakı Məişət Kondisionerləri zavodunda işləyib.

Nofəl 1984-cü ilin axırına yaxın ailəsi ilə birlikdə Tümen şəhərinə gedib. Gənc ailə burada işləyib, yaşayıb. Tümendə olduqları illərdə Nofəl və həyat yoldaşı Firavan xanım özlərinin ən gözəl, yaddaqalan günlərini yaşayıblar. Tale onlara bir övlad qismət edib, adını İlkin qoyublar.

Nofəl Tümendə yaşaya-yaşaya Tikinti Texnikumuna qəbul olur. Moskvanın televiziya kanallarıyla yayılan “Qondarma Qarabağ problemi” Nofəli rahat buraxmır. Soydaşlarımızın doğma ata-baba ocaqlarından didərgin düşməsi, yurd-yuvalarının talan edilib yandırılması gənc həmyerlimizin heysiyyətini silkələyir. Belə bir vaxtda Nofəl Vətəndən uzaqda qalmağı özünə sığışdırmır.

1990-cı ildə o, ailəsi ilə Bakıya gəlir. Bu zaman artıq torpaqlarımızın müəyyən hissəsi erməni işğalçıları tərəfindən qarət edilmiş, soydaşlarımız ağır işgəncələrə məruz qalmışdı.

Düşmənlə döyüşməkdən ötrü hansısa bir dəstəyə yazılmaq lazım gəlirdi. Buna görə Nofəl Respublika Daxili İşlər Nazirliyinə müraciət etməli olur. Cavabında “Bakıda daimi pasport qeydiyyatın olmadığı üçün səni işə götürə bilmərik”, – deyirlər. Belə cavablardan təngə gəlmiş Nofəl Quliyev Bakıda tikinti təşkilatlarının birində işə düzəlir.

Ailəlilər yataqxanasında pasport qeydiyyatına düşür. Yenidən respublika DİN-nə müraciət etməli olur, bu dəfə də “Ailəlisiniz, sizi işə götürə bilmərik” cavabıyla geri qaytarılır. Ruhdan düşməyən Nofəl:

– Məni başa düşün, Tümendən məni bura Vətən həsrəti gətirib, mən ermənilərlə döyüşmək üçün gəlmişəm, kömək edin işə düzəlim, – deyə israr edir.

Nəhayət, sıravi polis nəfəri kimi işə düzəlir. Həmin gün sevinci yerə-göyə sığmırdı Nofəlin. O günü Nofəl elə bil böyük bir qələbə qazanmışdı. Evə gələrək:

– İşim düzəldi, Firavan, görəcəksən ermənilərin dərsini necə verəcəyəm, görəcəksən, – deyir.

İşə girdiyi vaxtlarda Nofəl də tez-tez Qarabağa ezamiyyətlərə gedirdi.

XTPD-nin üzvü kimi Nofəl Quliyev bütün silahların dilini öyrənir və döyüş bölgələrində özünün döyüşçü məharətini göstərir. Goranboyun Todan kəndi ətrafında qanlı döyüşlər gedəndə Nofəl də ölüm-dirim savaşına atılır.

1990-cı il dekabr ayının 10-da erməni-rus hərbi qüvvələri səhər saat altı radələrində qəflətən Todana hücuma keçirlər. Qüvvələr nisbəti bərabər deyildi.

Düşmən tərəfi ağır texnika ilə sürətlə irəliləyirdi. Qəhrəman döyüşçülər kəndi mərdliklə qoruyacaqlarına and içirlər. Nofəl Quliyev iriçaplı pulemyotu ilə düşmənin xeyli canlı qüvvəsini məhv edir. Döyüş səngimək bilmirdi. Nofəlgilin dəstəsi atışa-atışa qərargaha yaxınlaşır. Elə güman edirlər ki, buradakı döyüşçülər bizimkilərdir. Lakin məlum olur ki, kənd və qərargah artıq düşmən tərəfin əlinə keçmişdir. Qəfləti verilən əmrə görə Nofəl qulaqlarına inanmır:

– Əllər yuxarı, silahı at, təslim ol!

Cəsur döyüşçü təslim olmur, döyüşə-döyüşə özünü yaxınlıqdakı binanın zirzəmisinə salır. Sol cibinə qoyduğu sonuncu gülləsini də binanın zirzəmisində atır…

Milli ordumuzun döyüşçüləri əks-hücuma keçərək Todan kəndini düşmənlərdən azad edirlər. İgid Nofəlin yüz cürə vəhşilik edilmiş meyidi binanın zirzəmisində tapılır. Burada 27 erməni və rus əsgərinin də meyidi var idi. Bunlar Nofəlin qətlə yetirdiyi yağıların meyidləri idi.

Nofəl son nəfəsinədək canından çox sevdiyi Vətəni uğrunda qəhrəmancasına vuruşdu, şəhid oldu.

Nofəl Quliyev Şirvanın Şəhidlər Xiyabanında dəfn edilib, adını əbədiləşdirmək məqsədi ilə oxuduğu 9 saylı orta məktəbə onun adı verilib.

Azərbaycan Respublikası Prezidentinin 5 iyul 1992-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının suverenliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətə görə Nofəl Zahid oğlu Quliyevə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilib.


TAHİR ƏMİNAĞA oğlu BAĞIROV
(1957-1992)


1957-ci ildə Türkmənistanın Krasnovodsk şəhərində anadan olub. 1972-ci ildə Bağırovlar ailəsi Şirvan şəhərinə köçüb. Tahir 8-ci sinfə qədər Krasnovodskda oxuyub.

1977-79-cu illərdə Tahir Bağırov SSRİ Silahlı Qüvvələrində snayper-sürücü, daha sonra atıcı taqımının komandiri kimi xidmət edib.

Ordudan tərxis olunduqdan sonra Tahir Bakı İstilik Stansiyasının nəqliyyat sexində çalışıb, kollektivin dərin rəğbətini qazanıb.

1992-ci ilin fevral ayında Tahir könüllü olaraq Milli Ordu sıralarına daxil olur. Əvvəlcə taqım komandirinin müavini, sonra isə Mİ-2 vertolyotunda atıcı-nişançı kimi döyüş tapşırıqlarını yerinə yetirir. Qarabağın bir çox bölgələrinin erməni quldurlarından təmizlənməsində yaxından iştirak edir.

Tahir sərrast atıcı idi. Nişana aldığı heç bir obyekt onun nişanından yayına bilməzdi. Ona görə də bütün mühüm yerlərə məhz Tahir göndərilirdi. Və rəhbərlik onun tapşırığı mütləq yerinə yetirəcəyinə inanırdı. İnanılması mümkün olmayan bir həqiqət vardı, o da Tahirin yoxluğu idi.

Tahir Bağırov 1992-ci il oktyabrın 11-də növbəti döyüş tapşırığından geri qayıtmadı…

Tahir Əminağa oğlu Bağırov Bakıda Şəhidlər Xiyabanında dəfn edilib. Ailəli idi, bir qızı, iki oğlu var.

Tahir Bağırovun adını əbədiləşdirmək məqsədilə yaşadığı küçəyə və 11 saylı orta məktəbə onun adı verilib.

Azərbaycan Respublikası Prezidentinin 9 fevral 1993-cü il tarixli fərmanı ilə Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında göstərdiyi şəxsi igidlik və şücaətə görə Tahir Əminağa oğlu Bağırova Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilib.


RƏFAEL ŞƏRAFƏT oğlu HƏBİBOV
(1964-1992)


1964-cü il aprelin 20-də Şirvan şəhərində dünyaya göz açıb. Onun uşaqlıq illəri də burada keçib.

Rəfael 14 saylı orta məktəbi bitirdikdən sonra 1982-ci ildə həqiqi hərbi xidmətə çağırılır. Sovet Silahlı Qüvvələri sırasında Baltik qoşunlarında hərbi xidmətini başa vurduqdan sonra Kaunas şəhərində gizirlər məktəbinə daxil olur və oranı bitirir.

1985-ci ildə hərbi xidmətini davam etdirmək üçün Kutaisi ətrafındakı hərbi hissəyə göndərilir. Burada bir müddət xidmət etdikdən sonra xidmətini 1986-cı ildə Əfqanıstanda davam etdirir. O, burada gedən döyüşlərdə yaralanır. Böyük təcrübə toplayan gizir Rəfael Həbibov, göstərdiyi cəsarətə görə bir sıra döyüş medalları ilə təltif edilir. 1988-ci ildə o, Əfqanıstandan Bakıya gəlir. O vaxt Qarabağ hadisələri təzə-təzə cərəyan edirdi. Respublikamızda Milli Ordu quruculuğuna təzə başlanılmışdı. 1992-ci il may ayının 23-də Rəfael Şərafət oğlu Həbibov leytenant rütbəsi ilə Qarabağa göndərilir. O, Təzəkənd, Narıştar, Zod, Çiril, Mədəni, Ala Qaya, Çərəktar, Ağdaban, Çapar və s. kəndlər uğrunda gedən gərgin döyüşlərdə yaxından iştirak edir. Bu kəndlərin erməni quldurlarından azad olunmasında xüsusi xidmətləri olan Rəfael Kəlbəcər döyüşlərində qəhrəmanlıqlar göstərir. Düşmənin PDM-24 tipli zirehli maşınını heyəti qarışıq partladır. İgid qəhrəmanımız özü də yaralanmağına baxmayaraq yenidən döyüş meydanına atılaraq neçə-neçə soydaşımızı ölümün pəncəsindən xilas edir.

Rəfael Şərafət oğlu Həbibov 1992-ci il iyulun 7-də qəhrəmancasına həlak olur.

Azərbaycan Respublikası Prezidentinin 1994-cü il avqust fərmanı ilə Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasında göstərdiyi şəxsi igidlik və şücaətə görə Rəfael Şərafət oğlu Həbibova Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adı verilib.

Vaxtı ilə oxuduğu 14 saylı orta məktəb indi qəhrəmanın adını daşıyır.


SAHİB ƏLİHEYDƏR oğlu ZEYNALOV
(1966-1992)


1966-cı il iyulun 12-də Şirvan şəhərində anadan olub. 10 saylı orta məktəbi bitirib.

1984-86-cı illərdə Sovet Silahlı Qüvvələrinin tərkibində Əfqanıstanda xidmət edib.

Sahib Zeynalov Şirvan şəhər Avtomatika və Telemexanika zavodunda əmək fəaliyyətinə başlayır. Həmin vaxtlar ermənilər özlərinin təcavüzkarlığını artırırdı. Sahib könüllülər dəstəsinə yazılaraq döyüşə yollanır. Onun ilk döyüş yolu 1992-ci ilin fevralında “Daşaltı əməliyyatı”ndan başlayır.

Ehtimala görə, Sahib Əliheydər oğlu Zeynalovu ermənilər tərəfdən bizə qarşı döyüşməyə gəlmiş iki nəfər livanlı, dörd yerli erməni və bir zənci ağaca sarıyaraq diri-diri soyurlar.

Sahib onların üzünə tüpürüb deyir:

– Mən Vətənim Azərbaycan uğrunda ölən milyonlardan biriyəm, siz məni diri-diri soymaqla çoxmilyonlu türkün iradəsini qıra bilməyəcəksiniz!

Döyüşçünün bacısı baş leytenant Şəhla Dadaşovanın dediklərindən:

– Onun yeganə məqsədi erməni işğalçılarını torpaqlarımız-dan rədd etmək idi. Onun üçün Sahibin sorağı irimiqyaslı əməliyyatlardan, hücumlardan gəlirdi. Əfqanıstanda aldığı güllə yaraları hələ Sahibin bədənindən getməmişdi. Onu torpaq qeyrəti cəbhəyə aparmışdı. Biz onunla təsəlli tapırıq ki, Sahib Vətən torpaqlarının müqəddəsliyindən ötrü canını qurban verdi…

1992-ci il fevralın 10-da Sahib Zeynalov qəddarcasına qətlə yetirilir. O, Bakıdakı Şəhidlər Xiyabanında dəfn edilib.

Sahib Əliheydər oğlu Zeynalovun adını əbədiləşdirmək məqsədi ilə Bakı şəhər Sovetinin qərarına əsasən Nəsimi və Nərimanov rayonları ərazisində yerləşən küçələrdən birinə onun adı verilib. Şirvan şəhərindəki “Sülh” küçəsi də indi “Sahib Zeynalov” küçəsi adlanır.

Sahib Əliheydər oğlu Zeynalovun ailəsinin 4 üzvü – bacıları Xuraman Məmmədova baş leytenant, Şəhla Dadaşova baş leytenant, Flora Dadaşova leytenant və qardaşı Fərhad Zeynalov gizir rütbəsi ilə hal-hazırda Azərbaycan Silahlı Qüvvələrində Sahibin yolunu davam etdirir.

Döyüşçünün anası Səfurə Həsən qızının dediklərindən:

– Ermənilər torpaqlarımıza təcavüz edən gündən Sahib evdə otura bilmirdi. Şirvana gələn meyidlər və yaralılar onu bərk sarsıtmışdı. Sahib Əfqanıstanda olmasına, çox sayda yara almasına baxmayaraq Qarabağ savaşına getdi…

 
Ayağım yalın idi,
Tikanım qalın idi,
Ölən oğul deyildim,
Cəlladım zalım idi.
 

TEYMUR ƏBÜLFƏZ oğlu BAĞIROV
(1975-1993)


1975-ci il yanvar ayının 12-də Şirvan şəhərində neftçi ailəsində dünyaya göz açıb. Orta məktəbi bitirdikdən sonra 152 saylı texniki-peşə məktəbini bitirib.

1992-ci ildə Şirvan şəhər hərbi komissarlığının çağırışı ilə həqiqi hərbi xidmətə yollanıb.

Sıravi Teymur Bağırovun döyüş yolu Zəngilandan başlayıb. Düşmənin quduzlaşan vaxtı o, bu bölgədə bir neçə döyüşdə qəhrəmanlıq göstərib. Xeyli müddət burada döyüşdükdən sonra Teymuru Goranboy cəbhəsinə göndəriblər. Bu ərazilərdə neçə-neçə döyüşlərdə iştirak edib.

1992-cü ildə komandanlığın əmri ilə Teymur Tərtər bölgəsinə göndərilir. Tərtərlilərin taleyi burada gedən ölüm-dirim savaşından asılı idi. Döyüş bir qədər səngimişdi. Kənd camaatı təsərrüfat işləri ilə məşğul idi. Avqustun 28-i xəbər yayılır ki, ermənilər təsərrüfat işlərində işləyən on səkkiz nəfər qız və gəlini girov aparıb. Bu haray yaxınlıqdakı hərbi hissəyə də yayılır.

Sıravi Teymur və onun döyüşçü dostları əks istiqamətdən hücuma keçirlər. Bölüyün komandiri yaralanır. Teymur komandirlərini təhlükəsiz yerə aparır. Özü yenidən döyüşə başlayır. Gərgin döyüş gedirmiş. Teymurun və onun döyüşçü dostlaının səyi nəticəsində ermənilər xeyli itki verərək qaçırlar. Teymur Bağırov bu döyüşdə başından ağır yaralanır. Onu Bakıya xəstəxanaya gətirirlər. Həkimlər çox çalışsalar da Teymuru yenidən həyata qaytara bilmirlər…

Şəhid Bağırov Teymur Əbülfəz oğlunun adını əbədiləşdirmək məqsədilə Şirvandakı 15 saylı körpələr evinə onun adı verilib.

SƏS VERDİN…

Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş Teymur Bağırova.

 
İyirminci baharı nə tez yaşadın,
Tələsdin Vətənin üsyan yelinə.
Savaşdan qalmadın, qabaqda getdin,
Səs verdin xalqının sən haqq səsinə.
 
 
Zəngilan, Goranboy – burda düşməni,
Ey Mehti hünərlim, sən məhv eylədin.
Dedin “düşmən bu gün diz çökməlidi,
Hücuma, hücuma keçək!” – söylədin.
 
 
1 sentyabr 1993-cü il,
O qanlı döyüşdən dönmədin geri.
Düşmən gülləsinə verdin sinəni,
Unutmaq olarmı bu həqiqəti.
 
 
Nişan üzüyünə anan baxanda,
Ah çəkir, gözündən qəm seli axır.
Atan Əbülfəzin heç üzü gülmür,
Saralan əksinə həsrətlə baxır.
 
 
Vətənin yolunda qurban gedəni,
Nə tarix unudar, nə də ki, ellər.
Haqqından, soyundan ötrü öləni,
Nə şair unudar, nə şirin dillər.
 
Novruz Demanlı

İLHAM SƏFƏR oğlu HÜMBƏTOV
(1965-1992)


1965-ci il aprel ayının 26-da Sabirabad rayonunun Minbaşı kəndində anadan olub. 1976-cı ildə İlhamgilin ailəsi Şirvana köçüb. Şirvandakı 16 saylı orta məktəbi bitirib. Əmək fəaliyyətinə avtobazada çilingər kimi başlayıb.

1983-1985-ci illərdə Lvov şəhərində hərbi xidmətdə olub. Xidmətini başa vurub doğma iş yerinə qayıdan İlham avtobus sürücüsü işləməyə başlayıb.

Qarabağ müharibəsi İlhamın da əsəblərini tarıma çəkmişdi. Oğullar Vətənə borcunu ödəməyə çalışırdı. Ona görə də işlədiyi idarədən döyüş bölgəsinə maşın göndərmək lazım olanda tez özünün gedəcəyini bildirir. İdarə etdiyi 31-75 AQT markalı avtobusla əksər odlu nöqtələrə gedir, hərbçilərimizə ərzaq yardımı, hərbi sursat aparır. Şuşa, Laçın bölgələrində tez-tez olur. Bu ərazidən əhalinin təhlükəsiz yerlərə aparılmasında yaxından kömək edir.

İlham Səfər oğlu Hümbətov sonuncu dəfə 1992-ci il yanvarın 3-də idarənin 8 nömrəli əmri ilə Şuşaya ezam edilir. O günlər Şuşanın ağır günləri idi. Ürəyində vətən təəssübü olan İlham da digər qeyrətli oğullar kimi öz oğulluq borcunu verməyə tələsir. Çoxlarının təhlükəsizliyini təmin etsə də özü 1992-ci il mart ayının 3-də faciəli surətdə həlak olur.

İlham ailəli idi, Mehman və Fuad adlı iki oğlu var.

İlham Səfər oğlu Hümbətovun xatirəsini əbədiləşdirmək məqsədi ilə adına xatirə bulağı düzəldilib. Şəhid Şirvanda el qəbiristanlığında dəfn edilib.

TELMAN RƏŞİD oğlu BAĞIROV
(1967-1993)


1967-ci il aprel ayının 2-də Şirvan şəhərində anadan olub. 9 saylı orta məktəbi bitirib.

1986-88-ci illərdə Sovet Silahlı Qüvvələrinin tərkibində İrkutsk şəhərində orduda xidmət edib. Hərbi xidmətini başa vurduqdan sonra Şirvan rabitə qovşağında sürücü kimi əmək fəaliyyətinə başlayıb.

1993-cü il mayın 10-da Telman Bağırov erməni işğalçılarının törətdikləri vəhşiliklərə dözməyərək könüllü cəbhəyə yola düşüb. Onun döyüş yolu Murov dağından və Ağdamın kəndlərindən keçib.

1993-cü il oktyabrın 4-də Ağdamın Sarıcalı kəndində ağır döyüşlər gedirdi. Döyüşçülər canları bahasına olsa da bir qarış torpağımızı belə yağılara vermək istəmirdilər. Düşmənlərin yağdırdığı güllə yağışına öz sinələri ilə sipər çəkmişdilər. Onlar torpağımızın güllə, mərmi ilə yaralanmasına dözmürdülər. Döyüşün qızğın vaxtı Telman sağ tərəfində vuruşan silahdaşının iniltisini eşitdi. Çönüb yoldaşının al qan içində olduğunu gördü. Yaralını həkimə çatdırmaq lazım idi. “Qorxma, qardaş, sən yaşayacaqsan” – deyib, onu döyüş meydanından uzaqlaşdırırdı ki, düşmən snayperindən açılan güllə öz sinəsini yaraladı… Qardaş hayına yetdiyi vaxt özü al qana boyandı…

Ürəyi torpaq sevgisiylə çırpınan bu oğulların qanı torpağı al rəngə boyamışdı…

Telman ailəli idi. Ələsgər və Şura adlı övladları yadigar qalıb.

ELMAN KAMAL oğlu TALIBOV
(1972-1993)


1972-ci il iyul ayının 31-də Şirvan şəhərində anadan olub. 3 saylı orta məktəbi bitirib. Orta məktəbi bitirdikdən sonra Çelyabinsk şəhərində Ali hərbi məktəbə daxil olub. İkinci kursu başa vurduqdan sonra təhsilini Bakı Ali Ümumqoşun Komandirləri məktəbində davam etdirib. Oxuyarkən öz ərizəsi ilə Qarabağa – müharibəyə yollanıb.

Leytenant Elman Talıbov tankçı idi, tank heyətinə rəhbərlik edirdi. Tərtərdə, Qazançıda, Güllücədə və başqa bölgələrdə gedən ağır döyüşlərin iştirakçısı olub. Son döyüş yeri Ağdam ətrafında olub. Elmanın rəhbərlik etdiyi bu heyət döyüşün bütün çətinliklərini öz üzərinə götürmüşdü. Aslan ürəkli bu oğullar heç nədən qorxmadan düşmənin gözləmədiyi vaxtda, gözləmədiyi yerdən hücuma keçirdilər. Onların tankı bir vahiməyə dönüb yağıları hər an həyəcanda saxlayırdı.

Elmanın dostları onun sözündən çıxmır, bütün tapşırıqlarına əməl edirdilər. Bu heyət hərbi hissənin fəxrinə çevrilmişdi. Hər kəs onlardan nümunə götürməyə çalışırdı.

1993-cü il fevral ayının 9-u idi. Ağdam ətrafında qanlı döyüşlər gedirdi. Düşmən topu susmaq bilmirdi. Tankçılar yenə də birinciliyi öz üzərinə götürmüşdülər. Qəfil hücumla üstünlük qazanılmalı idi. Elmanın rəhbərlik etdiyi tank hücuma keçdi. Bayaqdan susmaq bilməyən topu susdurmaq istəsə də bu dəfə yağı əli cəld tərpəndi. Düşmən topu onların tankını hədəf seçmişdi. O gün Elman da şəxsi heyətlə birgə qəhrəmancasına şəhid oldu…

KAMİL FAZİL oğlu ƏLİYEV
(1961-1992)


1961-ci ildə Şirvan şəhərində anadan olub. Uşaqlıq illəri boya-başa çatdığı şəhərdə keçib. Orta məktəbi bitirdikdən sonra 5 nömrəli Şirvan Sənaye kombinatında fəhlə işləyib.

1992-ci il mayın 19-da Kamil Şirvan hərbi komissarlığına gələrək könüllülər batalyonuna yazılır. Elə həmin gün hərbi formada evə qayıdır, doğmalarıyla, qohumlarıyla görüşüb cəbhəyə yola düşür.

Tezliklə Kamilin sorağı Tərtərdən gəlir. Aşağı Çaylı, Mərgüşəvan, Madagiz, 3№-li sovxoz, Həsənqaya və s. ətrafında gedən döyüşlərdə iştirak edir. Kamil az müddətdə şərəfli döyüş anları yaşayır. Dəmirçilər kəndində bir zəncini öldürür. Bu zənci meyidi ilə ermənilərə sübut olunur ki, onlar bu müharibədə xaricdən tutduqları muzdlulardan da bəhrələnirlər…

Döyüşçü Kamil Əliyevin həyat yoldaşı Bahar Əliyevanın dediklərindən:

– Kamilin özünün hərbi komissarlığa getməyini bilmirdim. Birdən qapı açıldı, Kamil hərbi formada içəri girdi. Biz – evdə olanlar çaş-baş qaldıq.

– Mən getməliyəm cəbhəyə. Xocalı soyqırımından sonra evdə oturmaq kişi işi deyil.

Kamil elə həmin gün cəbhəyə yola düşdü.

Bir ay ötdü, Kamilin sorağı Tərtər bölgəsindən gəldi. Mən ora getməli oldum. Orada mənə dedilər ki, onlar Çaylı kəndinin meşəliyində olurlar. Rəfiqəm İradə Əliyeva ilə, nəhayət, Kamili tapdıq. Bizi gördükdə bir az qəzəbləndi:

– Bura nə üçün gəlmisiniz, sizə güllə dəyə bilər, qadağan olunmuş ərazini necə keçdiniz?

Bir qədər danladıqdan sonra həmin gün bizi Tərtərin Dəmirçilər kəndinə xeyriyyəçi Mirsəməd Seyidovgilə gətirdi. Səhərisi rəfiqəmlə mən geriyə qayıtmalı oldum. Kamil birlikdə olduğumuz qısa vaxt ərzində bizə çox şey danışdı. Komandir Yusif Səfərovun taqımından (Kamil özü də bu dəstədə idi), onların qorxmazlığından, igidliklərindən xeyli söylədi. Mənə danışdı ki, Həsənqaya kəndinə kəşfiyyata gedərkən 1926-cı il təvəllüdlü Qriqoryan Vansi Melikoviç adlı bir erməninin evində daldalanmalı olurlar. Birdən Kamilin gözü .divardan asılmış xəncərə sataşır. Xəncər nə isə Kamilə tanış gəlir. Onu götürür… Məlum olur ki, 1917-18-ci ildə erməni-müsəlman davası zamanı Vansi Qriqoryanın atası Məlik Qriqoryan o xəncəri Bakı muzeylərinin birindən ələ keçirib. Kamil məndən xahiş etdi ki, həmin xəncəri Şirvanın tarix muzeyinə verim. Xahişinə əməl etdim.

Kamilin anası Cəmilə Əliyevanın nurlu çöhrəsi dərddən ilmə tutub:

 
Qar yağsa gün olarmı,
Dağda çiskin olarmı,
Oğlum əldən gedibdi,
Bundan pis gün olarmı.
 

1992-ci il iyulun 4-də Ağdərə ətrafında gedən döyüşlərdə Kamil şəhid olur…


MAİS İDRİS oğlu ƏLİYEV
(1962-1995)


1962-ci ildə Sabirabad rayonunun Mürsəlli kəndində anadan olub. Ailələri 1964- cü ildə Şirvana köçüb. 10 saylı orta məktəbi bitirib. Təhsil aldığı müddətdə Mais sambo üzrə iki dəfə Azərbaycan çempionu adını qazanıb.

1980-cı ildə Neft-Kimya İnstitutunun axşam şöbəsinə qəbul olan Mais çox keçmir ki, hərbi xidmətə çağırılıb. O, Sovet Silahlı Qüvvələrinin tərkibində Xabarovsk bölgəsində, daha sonra BAM-da xidmət edib, Xabarovsk-Amur-Xurmuli-Obluç-Yadrino dəmir yolunun çəkilişində tikinti dəstəsində çalışıb.

1982-ci ildə hərbi xidmətdən qayıdıb. Təhsilini davam etdirməklə yanaşı "Bakı Metro" tikintisində işə düzəlib. O, həm işləyib, həm də tələbəlik həyatı keçirib.

Mais İdris oğlu Əliyev 1993-cü ildə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda mübarizəyə qoşularaq könüllü dəstələrin tərkibində Qarabağ savaşına yollanıb, Hərbi Hava Qüvvələrində xidmət edib. Onun döyüş yolu Füzuli bölgəsindən keçib.

Leytenant Əliyev taqım komandiri kimi kəşfiyyat bölüyündə xidmətə başlayıb. Burada gedən döyüşlərin birində gənc döyüşçü yaralanıb. Qısa vaxt ərzində müalicə olunduqdan sonra o, yenidən döyüşlərə qayıdıb. Bir neçə əməliyyatda əsl zabit, əsl kəşfiyyatçı məharəti göstərib.

1995-ci ildə Füzuli rayonunun Horadiz qəsəbəsi ətrafında ermənilərin qəfil hücumu zamanı leytenant Mais Əliyev qəhrəmanlıq göstərərək dünyasını dəyişib.

Şirvan Şəhidlər Xiyabanında dəfn edilib.

Subay idi.

RÖVŞƏN ƏLİNİYAZ oğlu ABDULLAYEV
(1969-1993)


1969-cu il oktyabrın 29-da Şirvan şəhərində anadan olub. Yeddi yaşında Rövşən atasını itirib. Ailənin bütün çətinlikləri anası Əzizə xanımın və Rövşənin üzərinə düşüb. Rövşən orta təhsilini 18 saylı orta məktəbdə alıb.

1989-cu ildə Rövşən Şirvan şəhər Sənaye Texnikumuna daxil olub. Texnikumda qiyabi təhsil ala-ala həm də Şirvan Süni dəri zavodunda fəhlə kimi əmək fəaliyyətinə başlayıb.

1990-cı ildə Rövşən həqiqi hərbi xidmətə çağırılır. Anası Əzizə xanımın uzun sürən xəstəlikdən sonra, 1991-ci il mayın 18-də vəfat etməsindən oğlunun xəbəri olmur.

1992-ci ildə Rusiyada əsgəri xidmətini başa vurduqdan sonra vətənə qayıdır. Anasının dünyasının dəyişməsi Rövşəni sarsıtsa da o, ruhdan düşmür, bacı-qardaşını öz himayəsinə çəkir, özü əzab çəksə də uşaqlara yetimçilik ağrılarını sezdirmək istəmir. 1992-ci ildə Rövşən DRES-də işə düzəlir.

1993-cü il aprelin 9-da Rövşən Əliniyaz oğlu Şirvan şəhər hərbi komissarlığı tərəfindən Milli Orduda xidmətə çağırılır. Onun döyüş yolu Füzuli bölgəsindən başlayır. Az müddətdə döyüşçülər arasında qorxmazlığı, döyüşkənliyi ilə hörmət qazanır. Dəfələrlə döyüşlərdə göstərdiyi fəallığa görə komandirlik tərəfindən təşəkkür alır. 1993-cü il avqustun 14-də Füzuli rayonunun Kürdmahmudlu kəndində gedən qanlı ölüm-dirim savaşında həlak olur.

ƏLİHEYDƏR ƏLİAĞA oğlu KAZIMOV
(1963-1992)


1963-cü il yanvar ayının 8-də Qazıməmməd şəhərində anadan olub. O, 5-ci sinfə qədər Şirvandakı 9 saylı orta məktəbdə oxuyub. Təhsilini Bakıdakı 132 saylı orta məktəbdə davam etdirib. Burada oxuduğu zaman o, həm də 6 saylı musiqi məktəbində fortepiano şöbəsini bitirib.

1981-83-cü illərdə həqiqi hərbi xidmətə çağırılan Əliheydər xidmətini Leninqradın Vaqanova bölgəsində keçirir. Əsgəri xidmətdən geri qayıtdıqdan sonra Şirvan mədəniyyət evində fortepiano müəllimi kimi əmək fəaliyyətinə başlayır.

1985-ci ildə Əliheydər Kazımov ailə həyatı qurur, gənc ailənin ilk övladı Mehman dünyaya gəlir.

Respublikamızın məcburən sürükləndiyi Qarabağ müharibəsi onun da heysiyyətini silkələmişdi. Xocalı soyqırımı Əliheydər müəllimin də qanını damarlarında dondurmuşdu.

1992-ci il iyun ayının 2-də Əliheydər Kazımov Hacıqabuldan könüllü olaraq cəbhəyə, döyüş bölgəsinə yollanır. O günlər çox ağır günlər idi. hər cür silah və texnika ilə silahlanmış düşmən, texnikası zəif olan ordumuza qarşı bütün cəbhə boyu hücuma keçmişdi. İyunun 22-də Əliheydər də düşmənin atdığı “Qrad” mərmisinin qəlpəsindən ağır yara alır. Xəstəni Bakıdakı xəstəxanalardan birinə çatdırırlar. Əliheydər 10 gün müalicə olunsa da həkimlər onu həyata qaytara bilmirlər. O, Lökbatanda el qəbiristanlığında dəfn edilib.

HAMLET SƏLİM oğlu SƏLİMOV
(1962-1994)


1962-ci il noyabr ayının 5-də Qafan rayonunun Müsəlman kəndində anadan olub. Orta məktəbi doğulduğu kənddə bitirib. Elə həmin il Qafan şəhər 68-saylı peşə məktəbində sürücülük peşəsinə yiyələnib.

1981-ci ildə Hamlet Səlimov həqiqi hərbi xidmətə çağırılaraq, Xabarovsk şəhərində əsgəri xidmət keçir. Hərbi xidmətini başa vurduqdan sonra doğma kəndinə qayıdır. İşləmək məqsədi ilə Şirvan şəhərinə gəlir və DRES-də işə girir.

1988-ci ildə Hamletin valideynləri doğma ata-baba ocaqlarından didərgin düşərək, Şirvana pənah gətirirlər. Talelərinə qaçqınlıq yazılmış Səlimovlar ailəsi o vaxtdan Şirvanda məskunlaşıb yaşayırlar.

1993-ci il iyun ayının 5-də Hamlet ailə qurur. İlqar adlı oğlu dünyaya gəlir.

1994-cü il aprel ayının 18-də Hamlet Səlimov Şirvan şəhər hərbi komissarlığına çağırılır. Elə həmin gün də döyüşlərə göndərilir. Hamletin döyüş yolu Goranboy torpaqlarından keçir. Goranboy da yağıların çox hücumlarına sinə gərib. Döyüşçülərimiz düşmənin tamah dişini dönə-dönə bu ərazidə sındırmış, onlara çoxlu itki verdirmişlər. Hamlet də burada gedən bir neçə döyüş əməliyyatında iştirak edir. 1994-cü il may ayının 5-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ətrafında gedən döyüşdə düşmənin bir neçə canlı qüvvəsini məhv edərək özü də qəhrəmancasına həlak olur. Şirvandakı Şəhidlər Xiyabanında dəfn edilib.

MAHMUD QƏLƏNDƏR oğlu İBRAHİMOV
(1970-1992)


1970-ci il iyun ayının 28-də Şirvan şəhərində anadan olub. Səkkizinci sinfi bitirdikdən sonra 1984-ci ildə C.Naxçıvanski adına hərbi məktəbə daxil olub. Oxuduğu müddətdə məktəbin rəhbərliyi tərəfindən dəfələrlə təşəkkür və fəxri fərmanlar alıb. Mahmud həmin məktəbi 1987-ci ildə əla qiymətlərlə bitirib.

Hərbə marağı Mahmudu Riqa Ali Komandirlər Məktəbinə gətirib. O, leytenant rütbəsi alaraq Volqoqrad vilayətinin hərbi hissələrindən birində bölük komandirinin müavini kimi hərbi xidmətə başlayıb. Torpaqlarımızın üstünü qara buludlar alanda gənc leytenantın ürəyi dözmür. 1992-ci ilin martında xalqına xidmət etmək üçün Vətənə gəlir. Az vaxtdan sonra Mahmud İbrahimov “N” hərbi hissəsində taqım komandiri kimi xidməti vəzifəsinə başlayır.

Onun ilk döyüşü Ağdərənin Umudlu kəndindən başlayır. Kəlbəcər rayonunun Ağdaban kəndinin ikinci dəfə erməni işğalçılarından azad edilməsində böyük şücaətlər göstərir. Leytenant M.İbrahimov Kəlbəcər-Ağdərə yolunun açılmasında da yaxından iştirak edir.

İgid döyüşçü Vaqvaz kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanır. 1992-ci ilin iyunun 16-da Umudlu kəndi yaxınlığında gedən döyüşdə şəhid olur.

İbrahimov Mahmud Qələndər oğlu erməni işğalçılarına qarşı apardığı döyüşlərə görə ölümündən sonra – 1994-cü il sentyabrın 16-da “Hərbi xidmətlərinə görə” medalı ilə təltif edilmişdir. Adını əbədiləşdirmək məqsədi ilə Şirvanda yaşadığı binaya xatirə lövhəsi vurulmuş və, adına küçə verilmişdir.

ƏLƏKBƏR FAZİL oğlu BAĞIROV
(1969-1994)


1969-cu il avqustun 8-də Şirvan şəhərində anadan olub. Burada 9 saylı orta məktəbi bitirib, Saatlı rayon texniki-peşə məktəbinə daxil olub. 1987-89-cu illərdə SSRİ Silahlı Qüvvələri tərkibində Sankt-Peterburq şəhərində hərbi xidmətdə olub.

Hərbi xidməti başa vurduqdan sonra doğma Şirvan şəhərinə qayıdan Ələkbər DRES-in tikinti idarəsində fəhlə kimi əmək fəaliyyətinə başlayıb. O vaxtlar erməni faşistləri torpaqlarımızı işğal etmək məqsədilə intensiv hərbi əməliyyatlar aparırdı. Bütün bu ağırlara dözə bilməyən Ələkbər Bağırov könüllülər dəstəsində torpaqlarımızı yağılardan müdafiə etmək məqsədi ilə müharibəyə yollanır. Həmin vaxtlarda Tərtərdə, Mərgüşəvanda döyüşlər səngimək bilmirdi. Ələkbər bu döyüşlərdə əsl qəhrəman kimi döyüşür. Şəhər mühitində böyüyüb boya-boşa çatsa da Ələkbər dərədə, təpədə, yolda, yamacda hərəkət etməkdə çətinlik çəkmir, özünü bu yerlərin sakini kimi aparır, digər şəhər uşaqlarının bu mühitə uyğunlaşmasında onlara bacardığı qədər kömək edir, məsləhət verirdi.

1994-cü il aprel ayının 20-də Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndində qanlı döyüşlər gedirdi. Düşmən tərəfi texnika, hərbi sursat və canlı qüvvə üstünlüyünə malik idi. Artilleriya qurğularından atılan mərmilər göz açmağa imkan vermirdi. O döyüşdə çox igidlərimizi itirdik. Sinəsindən və başından qəlpə yarası alan Ələkbər də bu döyüşdə həlak oldu.

RAMAZAN ŞAHHÜSEYN oğlu MİRZƏYEV
(1965-1993)


1965-ci il yanvar ayının 1-də Şirvan şəhərində dünyaya göz açıb. 8-ci sinfə qədər 3 saylı orta məktəbdə, sonra isə 28 saylı texniki peşə məktəbində oxuyub.

1984-1986-cı illərdə Sovet Silahlı Qüvvələri sırasında Monqolustanda hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurub evə qayıtdıqdan sonra pambıqtəmizləmə zavodunda fəhlə kimi əmək fəaliyyətinə başlayıb.

Hərbi komissarlığın çağırışı ilə 1993-cü ilin iyul ayında Qarabağa göndərilib. Füzuli, Beyləqan, Ağcabədi və başqa ərazilərdə gedən döyüşlərdə iştirak edib, qumbaraatanla yağılara göz açmağa aman vermirdi. Döyüşçü dostları onun zirəkliyinə, cəldliyinə heyrət edirdilər. Düşmən həmlələri üstünlük təşkil edən kimi dostlarının, “Qırğı, başla görək!” demələri ilə qumbaraatanın səsinin aləmi başına götürməyi bir olurdu. Doğrudan da onda bir qırğı gözü, qırğı cəldliyi vardı. Onu hissədə hər kəsə sevdirən də onun bu keyfiyyətləri idi.

Ramazan bütün döyüşlərə qələbə əzmi ilə girirdi, özünə inamı böyük idi. Bütün döyüşlərdə iştirak etməyə səy edirdi. Ölümdən qorxmurdu. O, son döyüşündə yağı gülləsinə tuş gəldi…

Ramazan evli idi. Ülvi və Rasim atasız günlər yaşayıb böyüyürlər.

ƏFLATUN AĞAGƏLDİ oğlu AĞAYEV
(1963-1992)


1963-cü il yanvar ayının 14-də Şirvan şəhərində anadan olub. 14 saylı orta məktəbi, sonra 28 saylı texniki peşə məktəbini bitirdikdən sonra Sovet ordusu hissələrinin birində xidmət edib. Vətənə qayıtdıqdan sonra avtobazada sürücü kimi əmək fəaliyyətinə başlayıb.

Sadə peşə sahibi olan bu gənc hər kəsin işinə yaramağa çalışır, bacarığı həddində ona ehtiyacı olanlara yardım edirdi.

Vətənin darda olduğunu görən Əflatun döyüşdən kənarda qala bilməzdi. Hər gün verilən döyüş xəbərləri onun varlığını silkələyirdi. O da Vətənə oğulluq borcunu verməyə tələsdi. Elə bu istəklə, bu amalla da 1992-ci il mart ayının 17-də könüllü olaraq Qarabağın müdafiəsinə yollandı. O, bir neçə döyüş əməliyyatında iştirak etdi. Az müddətdə döyüşçülər arasında hörmət qazandı. Rəhbərliyin tapşırıqlarını yerinə yetirər, özünün döyüş hazırlığının artırılması qayğısına qalar, bilmədiklərini peşəkar hərbçilərdən öyrənməyə çalışardı. Bu biliklər döyüş zamanı gərəyinə yetirdi. Onun döyüş yolu çox qısa olsa da, şərəfli oldu.

Yağı güllələrinin torpaqlarımızı yaralamağına belə dözə bilməyən yurdsevər döyüşçü 1992-ci il may ayının 18-də Füzuli ətrafında gedən ağır döyüşlər zamanı qəhrəmancasına həlak oldu.

Ə.Ağayev Şirvan şəhər Şəhidlər xiyabanında dəfn olunub. O, ailəli idi, yurdunda iki oğlu böyüyür.

FARİZ ƏLİFAĞA oğlu EYNULLAYEV
(1971-1993)


1971-ci il may ayının 28-də Şirvan şəhərində anadan olub. 9 saylı orta məktəbi bitirib. Sonra Politexnik İnstitutunun maşınqayırma fakültəsinin qiyabi şöbəsinə qəbul olunub. 3-cü kursda oxuyarkən – 1992-ci il oktyabr ayının 4-də könüllü olaraq cəbhəyə yollanıb.

Fariz də başqaları kimi hərəkət edə bilərdi. Ancaq Farizi nə təhsil alması, nə də ki, şəxsi işləri maraqlandırırdı. Onu yalnız Vətən düşündürürdü. Odur ki, özünü ən ağır döyüşlərə atırdı. İlk gündən yaxşı döyüşçü kimi tanınan Fariz həm də pulemyotçu idi. O, döyüş yoldaşları ilə birlikdə Sarıbaba yüksəkliyi, Seyidlər, Hoçaz və başqa kəndlər uğrunda gedən ağır döyüşlərdə düşmənin mövqelərini darmadağın edirdilər.

Laçın rayonu da yağı niyyətinə tuş gəlmişdi. Ürəyində təpər olanlar bu gözəl diyarın bir qarışını belə yağılara vermək istəmirdilər. Fariz də o oğullar sırasında məhz bu amal uğrunda döyüşürdü. Təəssüf ki, qara ölüm ona istədiyi kimi döyüşməyə imkan vermədi. 1993-cü il yanvar ayının 6-da Laçın rayonunun Ahnazar kəndində ağır döyüşlər gedirdi. Saatlarla davam edən bu döyüşdə texnika və canlı qüvvə sarıdan üstünlük təşkil edən erməni silahlı qüvvələri bizimkilərə böyük itki verdirdilər. O gün gedən döyüşdə Fariz Əlifağa oğlu Eynullayev də əbədi olaraq gözlərini yumdu…

F.Ə.Eynullayev Şirvan Şəhidlər Xiyabanında dəfn olunub. Adını əbədiləşdirmək məqsədi ilə Şirvanda küçələrin birinə onun adı verilib.

ARİF SƏMƏD oğlu XƏLİLOV
(1974-1994)


1974-cü il may ayının 21-də Şirvan şəhərində anadan olub. 11 saylı orta məktəbi bitirdikdən sonra 28 saylı texniki-peşə məktəbinə daxil olub. 1992-ci il iyun ayının 4-də Şirvan şəhər hərbi komissarlığına çağırılaraq Respublika Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə göndərilib. Mingəçevirdə tam hərbi təlim kursunu bitirəndən sonra Ağdərə, Tərtər bölgələrində, Ağdam cəbhəsində döyüş yolu keçib. Ağdam cəbhəsində olarkən Arif düşmənlə üzbəüz döyüşdə iki dəfə ağır yaralanıb. İmkanı olduqca evlərinə məktub yazsa da, yaralı olmağını bildirməyib. 1994-cü ilin aprel ayının 23-də Arif Xəlilov Murov dağı ətrafında gedən ölüm-dirim savaşına yollanıb.

Döyüşlərin birində bölük komandiri ağır yaralanır, Arif yoldaşlarına “siz döyüşü davam etdirin, mən komandiri təhlükəsiz yerə çıxarım” – deyə bildirsə də komandir etiraz edir, “Mənə toxunma, get yoldaşlarına çat, artıq mən ölürəm,” – deyir.

– Yox, komandir, sizi burada tək qoya bilmərəm.

Soyuq hava hərəkət etməyə imkan vermirdi. Qardan, buzdan çox soyuq külək adamın iliyinə işləyirdi.

Arif komandiri təhlükəsiz zonaya çıxardıqdan sonra soyuqdan özünün ayaqları tutulur. Dağın ətəyində tənha qalan Arif bərk çovğuna düşür və buz heykəlinə dönür…

Özünü Vətən və vətəndaşlarının yolunda qurban verən Arifin qəbri Şirvan şəhər Şəhidlər Xiyabanındadır.

TOFİQ TƏRLAN oğlu ƏLİYEV
(1973-1997)


1973-cü il martın 16-da Şirvan şəhərində anadan olub. 1988-ci ildə 11 saylı orta məktəbi bitirdikdən sonra Şirvandakı 152 saylı texniki peşə məktəbində oxuyub, nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingər ixtisasına yiyələnib.

1995-ci ildə Tofiq həqiqi hərbi xidmətə çağrılıb. İlk dəfə “N” hərbi hissəsində hazırlıq kursu keçdikdən sonra Goranboy bölgəsinə göndərilib. Tərtər bölgəsində xidmətini davam etdirib.

Tofiqin hərbi xidmət illəri respublikamızda torpaqlarımızın işğalına təsadüf edir. Zorla müharibəyə sürüklənmiş respublikamızı bu müharibə girdabından çıxarmaq üçün siyasi yollara əl atılır, danışıqlar yolu ilə sülhə nail olmağa çalışılırdı. Atəşkəs haqda ermənilərlə razılaşma əldə olunmasına baxmayaraq onlar vaxtaşırı bu ərazilərə də qəfil hücumlar edirdilər. Əsgəri xidmətdə olduğu vaxtlarda neçə dəfə belə hücumların qarşısını alanlar sırasında həmişə öndə gedən Tofiq 1997-ci ildə düşmənin növbəti hücumunu dəf edərkən qəhrəmancasına həlak oldu.

Tofiq Tərlan oğlu Əliyev Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Subay idi.

 
Vətən başa çox iş gələr,
Baş əymə, başın saz olsun.
Birin ölsə beşin qalar,
O qalan beş insan olsun.
 

MÜBARİZ BABA oğlu İSRAFİLOV
(1973-1992)


1973-cü il may ayının 26-da Şirvan şəhərində anadan olub. 3-cü sinifə qədər 10 saylı, sonra isə 18 saylı orta məktəbdə oxuyub. Orta məktəbi bitirdikdən sonra 5 saylı Sənaye kombinatında əmək fəaliyyətinə başlayıb.

1991-ci ildə Sovet Silahlı Qüvvələri tərkibində Ukraynaya hərbi xidmətə yollanıb. Burada 9 ay xidmət etdikdən sonra SSRİ dağıldığına görə Vətənə qayıdıb, könüllü olaraq Vətənin müdafiəsinə yollanmaq üçün hərbi komissarlığa müraciət edib. O, iki ay təlim kursu keçdikdən sonra döyüş bölgələrinə göndərilib. Zəngilanda, Laçında, Kəlbəcərdə, Ağdərədə düşmənə qarşı aparılan əməliyyatlarda iştirak edib. Zəylik, Umudlu kəndlərində gedən döyüşlərdə fədakarlıq göstərib.

Ağdərə yağı yuvasına dönmüşdü. Rus ordusunun və muzdlularının köməyi ilə güclənən erməni qüvvələri kəndlərə hücumlar edir, dinc əhalini, qadınları, körpələri öldürür, hərbi hissələrə həmlə edirdilər. Erməni hücumlarının qarşısı mərdliklə alınırdı. Mübariz bu döyüşlərdə özünü bacarıqlı bir döyüşçü kimi sevdirmişdi, cəldliyi, cəsurluğu ilə hər çətinlikdən çıxmağı bacarırdı. Mübariz 1992-ci il iyul ayının 7-də Ağdərənin Umudlu kəndində gedən döyüşlər zamanı qəhrəmancasına həlak oldu.

M.B.İsrafilov Şirvan şəhər Şəhidlər Xiyabanında dəfn olunub. Oxuduğu 18 saylı orta məktəbə onun adı verilib.

Бесплатный фрагмент закончился.

91,52 ₽
183,04 ₽
−50%
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
27 октября 2022
Объем:
192 стр. 138 иллюстраций
Правообладатель:
Alatoran yayınları
Формат скачивания:

Похожие книги