Читать книгу: «Nar çubuğu»

Шрифт:

Qırğıgöz Səməndər

Qızmar yay günləri bir-birini əvəzlədikcə Qırğıgöz Səməndərin yuxusu ərşə çəkilirdi. Belə istilərin sonu mütləq yağışla müşahidə olunacaqdı. Bircə dəfə, lap elə bircə saatlığa da olsa yağış yağmalıydı, özü də şıdırğı. Dədə-babadan sınaqdan çıxartmışdılar. Zəmidə biçilmiş ot mərəyə daşınmasaydı, qalıb islana bilərdi. Yağış aramsız yağsaydı lap qaraldıb çürüdə də bilərdi, ondan sonra da at getsin, hansı heyvan çürümüş, kiflənmiş, qaralmış ota ağız atacaqdı?

Odur ki, tezdən obaşdan durub üz qoydu qonşu kəndlərə, at, qatır axtarmağa. Kimə üz tutdusa, əli boşa çıxdı. İndi işin qızğın çağıydı, hamı qışa tədarük görürdü, ot, yarpaq daşıyırdı. Kənd yerində kim idi kimə at, qatır verən. Nə olsun ki, ona söz vermişdilər…

Beləcə, Qırğıgöz Səməndər üç gün gəzdi, tanıdığı, sözünün keçəcəyini güman etdiyi yeddi-səkkiz kəndə baş çəkdi, ancaq niyyəti hasil olmadı. Kəndlərindən də xeyli aralanmışdı, bəlkə də otuz-qırx kilometrdən çox olardı. Əli ətəyindən uzun kor-peşman geri qayıdırdı. Bir xeyli yol gəlib yorulmuşdu, necə deyərlər, lap əldən-ayaqdan düşmüşdü, dizlərində taqət qalmamışdı, daha ayaqları da sözünə baxmırdı. Aclıq da bir yandan əhədini kəsirdi, ürəyi uçum-uçum uçunurdu.

Axşamtərəfi olardı. Qarayazı meşəsinin girəcəyində tüstü qalxdığını gördü. “Balam, bu nə tüstü ola bilər? İndi buralarda ferma-zad da qalmayıb, hamısı Gədəbəyin, Şəmşəddinin, Borçalının yaylaqlarına qalxıb”, – deyə fikrindən keçirdi.

Vaxt itirməyib tez özünü yetirdi ora. Nə görsə yaxşıdır?!

Gördü ki, yaşı qırx-qırx beş arası qıvrımsaç, şeşəbığ bir adam ocaq qalayıb, özü də ocaqdan bir az aralıda süfrə açıb oturub nahar eləyir. Atı da ondan bir az aralıda otlayır.

Lap yaxına gəldi, baxdı ki, süfrə, nə süfrə. Kartof, yumurta soyutması, pendir, yanında da təzə göy-göyərtisi; çöl kişnişi, xəzəz, kəvər… Ürəyindən keçdi ki, bir “nuş olsun” deyib özü də süfrəyə əyləşsin. Tez də fikrindən daşındı: “Ey dili qafil, bu adam bura adamı deyil, nabələddir, görünür, gecəni də burda qalacaq, ocağı da qalayıb ki, mığmığalar, ağcaqanadlar, ditdililər gəlib onu yeməsin…”.

– Nuş olsun! – dedi və ucadan, özü də yoğun səslə soruşdu. – Ay adam, kimsən, buralarda nə gəzirsən?

Adam tez özünü yığışdırdı, elə zənn etdi ki, gələn meşəbəyidir, bir az qorxuya düşdü.

– Nə eləyəcəm? Heç nə. Görürsən ki, çörək yeyirəm. – Nə fikirləşdisə, sözünə bir az ara verib dedi. – Ajdığın var, gəl qonaq ol.

Qırğıgöz Səməndərə də elə bu lazım idi. Tez çöməlib oturdu süfrənin qırağına. Lavaşı götürüb arasını pendirlə doldurdu. Üstünə də göy-göyərti qoyub bürmələdi, dürmək elədi. Basdı ağzına, ovurdlarını şişirdə-şişirdə şirin-şirin çeynəyib uddu. Arxasınca kartof soyutması, onun dalınca da iki yumurta yeyib qarnını bərkitdi. Gözlərinə işıq gəldi.

– Süfrən açıq, ruzin bol olsun! – dedi.

Gözlərini süfrədən qaldırıb aralıda otlayan ata baxdı. “Pərvərdigarə! Sən heç vaxt məni darda qoymamısan, dar macalda olsa da özün imdadıma yetmisən. Şükür yaranışına!”. Ürəyində Tanrıya qabağına çıxartdıqlarına görə dua etdi.

Nəzərlərini bir xeyli atın üzərindən çəkmədi. At, özü də nə at. Kəhər at, min üstünə, düşmə yerə, ancaq çap. Adam heç belə ata yük vurmağa da qıymaz. Bəs neyləməli? Məcburiyyət insanı çox şeyə vadar edir. Gəl indi qismətindən qaç. Tanrı özü qabağına at çıxardıb. At yox e, bəslənmiş köhlən, cilovu da başında. Cilovun ucuna bir kəndir bağlanıb. Kəndir gəlir-gəlir, adamın ayağının yanında yerə basdırılmış dəmir mıxçaya bağlanır.

– Həə, sən heç demədin axı… kimsən? Buralarda nə gəzirsən? – Qırğıgöz Səməndər bir də soruşdu.

– Yol adamıyam, ağrın alım. Varıb o tərəflərə gedəsiyəm. – Əli ilə Qarayazı meşəsinin anrı tərəflərini, dağları, yaylaq yerlərini göstərdi. – Gördüm ki, gecə düşür, dedim elə burda gecələsəm yaxşıdır. Tezdən obaşdan gedərəm. Gecəykən gedib yolu tapammaram. At da ki, xamdır, hürküb eliyər, məni yıxar.

– Ayə, ağrın alım, bəs qorxmursanmı, gecə gəlib atını oğurlayarlar?

Qırğıgöz Səməndərin belə yumşaq, bir az da məlhəm danışığını ciddiliyə almadan zarafat kimi başa düşdü, elə o tərzdə də cavab verdi:

– Atı hörükləmişəm, mıxı da dizimin dibinə basdırmışam. Kim gəlib oğurlayacaq?

– Mənim kimi yoldan keçənin biri…

– Sən də söz dedin də… Gözüm görə-görə hancarı gəlib oğurlaya bilərlər?

– İndi mən göstərim, sən də tamaşa elə. Göstərimmi?

– Göstər görüm. – Bığaltı qımışdı.

– Deməli, oğru ehmal-ehmal gəlir, yaxınlaşıb dizinin dibindən mıxı çıxardır. – Qırğıgöz Səməndər ehmalca durub ona yaxınlaşdı, dartıb mıxı çıxartdı, kəndirdən aralayıb adama uzatdı. – Sən hələ bu mıxı bir tut.

Adam hələ də nə baş verdiyini anlamadan bir uşaq marağıyla Qırğıgöz Səməndərə baxa-baxa mıxı aldı.

– Kəndiri də, bax beləcə dəstələyir. – Kəndiri dəstələyə-dəstələyə atın yanına gəlib yəhərə bağladı.

– Tuxu, tuxu… – deyib atın yalmanına bir-iki dəfə sığal çəkdi.

Sonra ayağını üzəngiyə basıb qalxdı atın belinə. Elə ki, atı mindi, baxıb gördü, adam, əlində mıxca quruyub qalıb yerində.

– Nə quruyub qalmısan? – Ona təpindi. – Bir tərpənsənə, qırışığın açılsın. Əlindəki qamçını da bəri elə görüm, hələ sənin atın necə qaçır. Deyirsən xamdı, köhləndi, nə bilim nədi…

Adam yerdən qalxıb ata yaxınlaşdı. Qamçını ona uzatdı. Qırğıgöz Səməndər qamçını alan kimi ucadan səsləndi:

– Di salamat qal, mən getdim. On gündən sonra gəlib atını Göyyurddan sağ-salamat geri götürərsən.

– Axı heç adınızı da demədiniz… – Adam, sanki yuxudaydı, indi ayıldı.

– Adım Səməndərdi, məni bu mahalda tanımayan yoxdur, kimdən soruşsan, nişan verəcək.

– Səməndər?! Ə kişi, bəlkə o məşhur at oğrusu Qırğıgöz Səməndər sənsən?

– Düz tapmısan, özüdür ki, var. – Tanışlıq verdi.

– Baloyun başına dolanım, ay Səməndər, məni də al tərkinə, burda qoyma, bir də o boyda yolu payi-piyada gəlməyim. – Nə fikirləşdisə, sözünə bir az ara verdi. – Otun varsa, onu da özüm daşıyaram…

Qırğıgöz Səməndər elə-belə ad qazanmamışdı, qənşərə çıxıb gözünü qıyıb baxdımı, bəsdi. Ona gün kimi aydındı, harda mal otlayır, harda at, qatır, harda da heyvan. Gözündən heç nə yayınmazdı. Mahalda onu tanımayan yox idi – məşhur at oğrusuydu. Özü at, eşşək, qatır saxlamazdı. “Nəyimə gərəkdi, artıq xərcdi, on-on beş gün yük daşıtdıracam deyə, il boyu at-qatır bəsdəməliyəm? Lazım olanda birinin atı, eşşəyi ilə daşıyaram”, deyirdi. Oğru olmağına oğruydu, amma başqa oğrular kimi deyildi. İldə ikicə dəfə oğurluğa gedərdi, bir yayda, bir payızda. Özü də gedib yeddi-səkkiz kənd o tərəflərdə at, qatır oğurlayardı ki, yiyəsi soraqlaşa-soraqlaşa gəlib tapana kimi işini görüb qurtarsın. Yayda ot, yarpaq, payızda da odun daşıyardı. Bax, onun oğurluğunun qəribəliyi bundaydı.

Xeyli vaxtdı, oğurluğun daşın atmışdı. Kənd camaatı, elə iki qonşu kəndin kişiləri də özləri razılığa gəlib kişi kimi söz vermişdilər ki, mövsümdə növbə ilə onların at, qatırlarından istifadə etsin. Ancaq nə etməli? Kim öz yükünü saxlayıb atını Qırğıgöz Səməndərə verəcəkdi?

Hərdən də deyirdilər ki, onun işini Allah özü sahmanlayır.

Bu dəfə də belə alındı. Görünür, yenə Tanrı özü rəva bildi, yoxsa bu boyda oğurluq işini düzüb-qoşmaqmı olardı?

Qayğıkeş qoca

Səsə yuxudan ayıldım, qapının zəngi dayanmadan çalınırdı. Şənbə günü idi, yatıb dincələcəkdim. Hər gün səhər obaşdan yuxudan alayarımçıq qalxıb şəhərin o başına işə getmək, axşam da işdən sonra yenidən o boyda yolu avtobuslarda sallaşa-sallaşa, metronun sıxlığında, basabasda gedib-gəlmək məni əldən salmışdı. Bircə ümidim istirahət günlərinəydi ki, yatıb dincələ bilirdim, o da evin əsaslı təmizliyindən başqa bir hoqqa çıxmasaydı… Ancaq, nədənsə, ötən bir il ərzində hələ dalbadal iki gün dincəldiyim olmamışdı, hər dəfə nəsə bir iş çıxmışdı.

Cəld yatağımdan qalxdım. Səhərin bu alatoranında məni narahat edən kim ola bilərdi? İlk ağlıma gələn su sızması oldu. Cəld hamama və ədəbxanaya baxdım, hər şey qaydasındaydı. Ordan özümü atdım mətbəxə, birdən, Allah eləməmiş, nəsə yanar, ya qaz sızması ola bilər. Şükür, burada da salamatçılıqdı, hər şey öz qaydasındaydı.

Qapının zəngi isə lap iliyimə işləyirdi. Elə gecə paltarında dəhlizə yüyürdüm.

– Gəldim e.., gəldim. – Səsləndim ki, bəlkə zəng düyməsini basan eşidə, əl saxlaya, amma o da hər kimidisə, inadından dönmürdü.

Məcbur olub gecə paltarında qapını açdım.

Arıq, hündürboy kişi ilə üzbəüz qaldım, tanıyırdım, adı da Muxtar idi, qonşu blokda yaşayırdı, hərdənbir binanın həyətində rastlaşırdıq. Salaməleykimiz olmasa da bir-birimizi tanıyırdıq, bilirdik ki, bir binada yaşayırıq. Nə özündən, nə də adından xoşum gəlirdi. "Ay sənə ad qoyanın… demişdim… Əsl muxtar olmalı adamlar qalmışdı qıraqda, bu adam muxtarlıq edirdi…".

Muxtar kişinin qoltuğunda qovluq varıydı, bildim ki, elə-belə gəlməyib, nəsə işi var.

– Ə kişi, noolub? – Salamsız-kəlamsız yeridim üstünə. – Qoymazsan yatıb dincələm. Bilmirsən ki, mən iş adamıyam, ancaq şənbə-bazar günü dincələ bilirəm.

– Elə mən də ona görə tezdən gəlmişəm. Nə vaxt gəlirəm, evdə yoxsan. Qonşulardan soruşuram, deyirlər, işə getmisən.

– Hə, nə məsələdi? Nəyə gəlmisən?

– Əvvalə, salam. – Heç təmkinini pozmadan davam elədi. – Mən bu boz binada yaşayan sakinlərin etimadı ilə imza toplayıram.

Muxtar kişini həm də demaqoq kimi tanıyırdıq. Bir problem-zad olanda ora-bura zəng vurur, lazım gələndə ərizə yazıb göndərir, işi yoluna qoydurardı.

– Nə imza? – Təəccüblə soruşdum. – İndi də məndən demaqoqluq etmək fikrindəsən? Zibili aparıb atmamışam? Suyu açıq qoymuşam, axıb qonşuların mənzilini batırıb? Lifti zibilləmişəm? Kommunal ödənişi vaxtında ödəməmişəm?

Muxtar kişini tez-tez Tofiqlə birlikdə görürdüm – komendant Tofiqlə. İkisi də bir çəkmənin taylarıydı, heç seçilmirdilər. Bircə fərq Muxtar kişinin yaşlı olmasıydı, az qalırdı səksəni haqlasın… Tofiqin də yaşı az olmazdı, yetmişi çoxdan haqlamış olardı. Hər ikisinin işi-gücü onun-bunun arxasınca baxıb qeybətini qırmaqdı.

Nə isə… Hər ikisinin üzünü görmək istəmir adam. Deyirəm bircə nə olaydı, bunların üzünü mürdəşir tez yuyaydı…

– Nə imza, Muxtar kişi? – Baxdım ki, Muxtar kişi qabağımda karıxıb qalıb, matdım-matdım mənə baxır, sonra gedib mənə də söz qoşmasın ki…

Başı ilə işarə verdi. Bunda iştaha bir bax?! Evə keçmək istəyir kaftar.

– Yox! – Çəmkirdim. – Evə olmaz. Nə sözün var, burda de.

– Bax! – Muxtar kişi qoltuğundakı qovluğa işarə verdi. – Burda bütün sənədlər var. Gərək göstərim ki, oxuyub qol çəkəsən.

– Eybi yoxdur. Oxumadan qol çəkərəm. Sən elə burda göstər, nə yazdığını de, sənə inanıram…

– Olmaz! – Muxtar kişi əl çəkmədi, inadkarlıq göstərdi. – Bir belə adamın evinə girmişəm. Sən indi məni evinə buraxmayacaqsan? Nədən qorxursan? Mən səksəni çoxdan haqlamışam. Bilirsənmi?

– İstəyirsən lap doxsanı, yüzü haqla, nə işimə qalıb.

– İmkan ver, keçim içəri. – Muxtar kişinin dirəşməsi lap ciddiləşdi. – Səni orda başa salaram.

– İndiyə kimi görmüsən, ya eşitmisən ki, bir adam mənim qapımdan içəri ayaq basıb?

– İşim-gücüm qurtarıb, durub səni güdəcəyəm. – Muxtar kişi gülümsündü. – İstəyirsən hər gün qonaqlıq elə, qohumların, dostların gecə də qonaq qalsınlar, çıxıb evlərinə getməsinlər.

Əlqərəz, gördüm ki, Muxtar kişi lap dirəşib, əl çəkmir, razılaşdım.

– Yaxşı, keç. – Dedim. – Ancaq mətbəxə. Özü də sənədləri tez göstərəcəksən, qol çəkəcəm, götürüb çıxacaqsan.

Muxtar kişini içəri buraxıb qapını bağladım. Mətbəxin yolunu ona göstərdim. O, ayaqqabısını, gödəkçəsini çıxarıb mətbəxə keçənə kimi otağa gəlib üst paltarımı geyindim. Hər ehtimala qarşı vəsiqəmi də götürüb mətbəxə gəldim. Muxtar kişi qovluğunu masanın üstünə qoyub içindəki bəzi kağızları çıxartmışdı.

– Bax, bu ərizə şəhər sovetinin sədri cənabınadı – boz binanın sakinləri adından, – deyə Muxtar kişi izahat verməyə başladı. – Yazıb xahiş edirik ki, aşağıda – dəmir yolun qırağında məskunlaşmış məcburi köçkünlərin evlərinə gedən yolun yerini dəyişin, bizim binanın qabağından gedib-gəlməsinlər. İki qonşu binanın sakinləri də bizə qoşulacaqlar. Kənd adamıdırlar, yerişlərini-duruşlarını bilmirlər. Zibillərini də gətirib bizim binanın sakinləri üçün nəzərdə tutulmuş məişət tullantıları qablarına atırlar. Biz bu xoşagəlməzliklərə çoxmu dözməliyik?

Ərizəni tələmtələsik gözdən keçirdim. Muxtar kişi dediyi kimi, hər şeyi təfsilatı ilə yazmışdı, hələ beş də üstünə qoymuşdu. Sonda da belə bir qeyd etmişdi: "Artıq dərəcədə xahiş edirik, yolun yerini dəyişdirəsiniz, biz aşağıda imza edənlər bu biabırçılığa daha dözə bilmərik…".

– Muxtar kişi, bəs niyə təklif vermirsiniz? Demirsiniz ki, yolu hara dəyişmək olar? – Soruşdum və özüm də fikirləşə-fikirləşə qaldım, gerçəkdən yolu hansı tərəfə dəyişmək olardı.

Məncə, yolu dəyişmək mümkünsüzdü. Binanın sol tərəfindən məhəlləyə gedən yol hansısa idarə tərəfindən tutulmuşdu, hündür hasar lap dəmir yolun qırağınadək çəkilmişdi. Sağ tərəfdən də bizdən sonrakı iki bina qurtaran yerdə başqa bir qaraj ərazini tutmuşdu, orda da iritonnajlı maşınlar saxlanılır, həm də təmir-xidmət işləri həyata keçirilirdi. Oradan da yol salmaq mümkün deyildi.

– Mənə nə var! Hara dəyişəcəklər, qoy dəyişsinlər.

– Gəlin, öz aramızda elə-belə götür-qoy edək, – deyə təklif verdim.

– Onlar vəzifədə oturublar, qoy onlar da başlarını işlətsinlər.

– İmzaya bir söz demirəm, qol çəkirəm, ancaq əhəmiyyət verməyəcəklər.

– Daha bir ərizə var. – Muxtar kişi qovluqdan başqa bir ərizə də çıxartdı. – Buyurun, bunu da oxuyun.

Ərizədə yazılmışdı: "Filan şəhərin mənzil-istismar idarəsinin rəisinə. Biz, aşağıda imza edən boz binanın sakinləri, xahiş edirik ki, məişət tullantıları üçün nəzərdə tutulmuş zibilqablarını bizim binanın yanından yığışdırasınız və yüz metr aralıda bir yerə qoyasınız. Belə ki…".

Muxtar kişi milçək yığıntısından, it toplantısından, zibil eşənlərin hay-küyündən, tullantı çörəkləri toyuq-cücə üçün götürənlərin bir-birlərilə dava-dalaşından; bir sözlə, hər şeydən təfsilatı ilə yazmış və binada yaşayan elit təbəqənin firavanlığı naminə vəzifədə olan bir aristokrat kimi bu addımı atacağınıza ümidvar olduqlarını xüsusilə vurğulamışdı…

– Necədir? – Ərizəni oxuyanda gülümsədiyimi görüb Muxtar kişi də güldü. – Sən hələ Muxtar dayını tanımırsan. Muxtar dayınız olmazdı burda, zibil içində itib-batardılar.

Üz vermək istəmədim, ciddiləşdim. Üz versəydim, bir az da xoş sifət göstərsəydim çıxıb getməyəcəkdi, bəlkə çay da istəyəcəkdi.

Odur ki, Muxtar kişidən zibilqablarını hara aparıb qoya biləcəkləri yeri soruşmadım, əhəmiyyətsiz bildim. Özlüyümdə təsəvvür etdim ki, hardasa, yüz metr məsafəyə aparıblar. Biz də boz binanın sakinləri əlimizdə zibil torbaları, vedrələri, korobkaları şəhərin arası ilə hər gün o qutuların yanına gedib-gəlirik. Üç binanın hərəsində yüz doxsan ailə… Bir sözlə… zibil karvanı…

– Mənzilin nömrəsi yazılan cərgədə vəsiqənin nömrəsini qeyd elə və imzala. – Muxtar kişi buyurdu.

Ərizənin arxasında və əlavə olunmuş vərəqdə çoxlu imza vardı. Əlimin içi kimi bilirdim ki, boş şeydi, nə yolun yerini dəyişəcəklər, nə də zibilqablarını yüz metrlik məsafəyə aparacaqlar. Bununla belə, qocanın xətrinə dəymək istəmədim, əziyyət çəkib ərizə yazmışdı, qapı-qapı düşüb mənim kimi inadkarlarla mübahisə edə-edə imzalatmışdı. Təqaüdçü adamdı, özü də tək yaşayırdı, bir işlə məşğul olmalıydı, ya yox…

İndi ona elə gəlirdi ki, bizim qayğımıza qalır…

Qonşulardan seçilmək istəmədim. Qoca dediyi kimi şəxsiyyət vəsiqəmin nömrəsini qeyd etdim və imzaladım. Muxtar kişi ərizəni qovluğuna qoydu.

– Bundan sonra görəcəksən, bütün işlərin xod gedəcək. Tək yaşayan qadının evində kişinin peyda olması uğur əlamətidir.

Qoca qovluğu da götürüb sevinə-sevinə getdi. Onun uşaq kimi sevindiyinə lap gülməyim tutdu. Bir də nə dediyini anlaya bilmədim. Bu nə deyir? Kişinin peyda olması… nə demək? Uğur əlaməti nədir? Mənim axı heç bir planım yoxdur. Heç bu barədə düşünmürəm də… Belə yaşayışımdan, belə halımdan razıyam.

İki gün sonra axşam işdən gələndə gözlərimə inanmadım. Binanın arxa tərəfində yolun düz qırağında zibil qutularını kənar müdaxilələrdən qorumaq üçün üstüörtülü xüsusi yerin tikintisinə başlamışdılar. Hələlik isə zibilqablarını dəyişmişdilər. Üstüaçıqları götürüb, yerinə qapağı açılıb-örtülən qablar qoymuşdular.

– Həə… Bu, artıq real iş oldu, – deyib keçdim.

"Sən demə, Muxtar kişi zəhlətökən deyilmiş, özü dediyi kimi, səksəni çoxdan haqlayıbmış. Dünyagörmüş adam kimi sözü havaya atmayacaqdı ki… Bəlkə…".

Ağbaş

İyirminci əsrin sonu bizə üfüqdən baxırdı. Üfüqün o tayınamı keçmişdik, yoxsa sürüşüb geri düşmüşdük, bilmirəm. On il idi ki, aralanmışdıq. İki mininci ilin ilk onilliyində atlarımızı hara gəldi, dördnala çapırdıq. Bizim üçün yeni dövr ötən əsrin doxsanlarından başlayırdı. O vaxt kimin taleyinə hara yazılmışdısa, həyat neyinin akordlarını orda dınqıldatmaq xoş xatirə kimi hərdən yaddaşımızı təzələyirdi.

Elə mən də o vaxtdan Moskvadaydım, mərkəzi topdansatış bazalarının birində köhnə dövrün dili ilə desək baş kassir, təzə qaydalara görə xəzinədar işləyirdim. Alınan mallara nəzarət edirdim, məbləğin aparata düzgün vurulmasına baxırdım ki, həm itgi olmasın, həm də vergi ödəmə vaxtı problemimiz yaranmasın. İşçilər arasında İqtisad universitetini bitirən yeganə adamdım, şef sənədlərimdən başqa savadımı, beyniıni, bir də fantaziyamı yoxlayıb işə götürmüşdü. “Ticarətdə ki, fantaziyan olmadı, batdın”, həmişə belə deyərdi. Neçə ildi ki, burdayam. İnsafən, vəziyyətimdən razıyam, işlərim yaxşı gedir.

Tanıyanlar bilir, Moskva Moskvadı, təsvirinə, tərifinə ehtiyac yoxdu, qoynunda hamıya yer tapılır. Sovetlər dövründə də beləydi, sovetlər dağılandan sonra da…

Bizim Moskvada nə azarımız var? Hamımız bura işləməyə, qazanmağa gəlmişik. O boyda imperiyanın, indi də Rusiyanın baş şəhəridi, burda iş də yaxşıdı, qazanc da. Nə qədər ki, cavanıq, canımız gümrahdı, işləməli, qazanmalıyıq.

Şefımiz Leninqrad şəhərindən gəlib. Yaxşı adamdır, gözü, könlü toxdur. Görüb, götürmüş, alicənab ailədən çıxdığı dərhal hiss olunur. Qiymətləri də miinasib müəyyənləşdirir, işçilərini də dolandırır. Onların işlərinə çox varmasam da hiss edirəm ki, son vaxtlar Moskvanm idarəçiliyini leninqradlılar ələ alıblar. Təkcə ticarətdə yox, elə hər sahədə…

Bazada bir çox millətlərin nümayəndələri işləyir. Sülh və əmin-amanlıq şəraitində dolanırıq. Nə Pribaltika ölkələrindən bir adam var, nə də Cənubi Qafqazdan, Azərbaycandan yeganə adam mənəm. Düzdür, əvvəlki kimi dostluq münasibətləri qalmayıb, kapitalizm öz boz sifətini hamıya göstərməkdədi, indi hamı öz qazancını düşünür. Bununla belə, aramızda müəyyən xətir-hörmət qorunub-saxlanılırır. Şef özü də ciddi intizamlıdı deyə işdə heç kim cızığından çıxmır.

Şef mühafızə məsələsini çeçenlərə tapşırıb, bazanın əsas vuran qolu onlardı. Mühafızənin rəisi hamımızın böyüyü sayılır. Düzdür, hər kəs öz sahəsində işini aparır, amma bir problemimiz yarananda onunla məsləhətləşməli oluruq.

Sovetlər vaxtı çoxlarının yuxarıdan aşağı baxdığı özbəklər də xüsusi fəallıqları ilə seçilir, bazaya canıyananlıq göstərirlər. Onlardän ikisi şefın ən yaxın etibarlı adamına çevrilib. Biri bazanın içində fəaliyyət göstərir, digəri isə bazanın kənarında dolaşır. Əlli, yüz addım məsafədən bir it keçsə belə, şefın ondan da xəbəri olmalıdı.

Xülasə, hər kəs başını aşağı salıb şefın müəyyənləşdirdiyi qaydada öz işi ib məşğul olur. Mən kassaya baxıram, o birilər də öz işlərinə. Bəzən bütün günü başıını qaldırmağa vaxtım olmur. Çox nadir hallarda ortada boşluq yaranır. Belə günlərin birində bazanın kənarında fəaliyyət göstərən özbək Vaxob təngənəfəs qaçıb yanıma gəldi.

–Çöldə bir kişi var, səninlə maraqlanır. Ucaboy, heyvərənin biridir, saçları da dümağ, pambıq kimidir. Deyir həmyerlindir. – Vaxob bunları birnəfəsə üyüdüb tökdü.

–Day çöldə niyə qabağını kəsib saxlamısan? – Yarızarafat, yarıciddi Vaxoba acıqlandım. – Madam ki, bazanın giriş qapısınacan gəlib, deməli, buranı tanıyır. Həmyerlim olduğunu söyləyir, qoy, içəri keçsin.

Doğrusu, hərdən həmyerlilər üçün darıxırdım. İş-ev, ev-iş başımı elə qatırdı ki, bir də görürdün ayınan bir azərbaycanlı ilə qarşılaşmırsan. Adamın burnunun ucu göynəyir həmyerlisini görmək, öz ana dilində beş-on kəlmə danışmaq üçün…

–Yox e… – Vaxob oğurluq üstündə tutulmuş adamlar kimi udqundu, çeçələdi. – Belə… birtəhər adamdı. Tez-tez ora-bura boylanır, vurnuxur, nəsə narahat adama oxşuyur. Ona görə qaçıb gəldim ki, xəbər verəm.

–Nətəri adam olur-olsun, burax, gəlsin. Sən heç narahat olma. Əgər bir şey baş versə də, qorxma, Murad burdadı. – Çeçenlərin, həm də mühafızənin böyüyünün adı Murad idi, onu nəzərdə tuturdum.

Vaxob çıxdı. Bir az keçmiş həmyerlim gəldi. Vaxob dediyi kimi ucaboy yekəpərin biriydi, yoğun olmasa da dolubədəndi. Saçları ağappaq ağarmışdı, müharibə vaxtı yığılmadığından tarlalarda qalıb bozumtul-ağımtıl rəng alan Beyləqan pambığına oxşayırdı, sifətində qırışlar əmələ gəlmişdi, ciddi görkomi vardı. Boylu-bııxunluydu; ya idmançıydı, ya da sistem adamıydı, mənim nəzərimcə…

–Zdorov! – Məni rusca salamladı, əl tutub görüşdük. – Kto xozyain?

Mənə maraqlı göründü. Mənim adıma, mənim yanıma gəlibsə, xozeynu neynir?

–Nc vajno. – Astadan cavab verdim, şef özü belə tapşırmışdı, “hər şeyə görə məni narahat etməyin, yola verin, getsin”, demişdi. – Nə lazımdı, mənə deyin.

Bundan sonra daha heç nə demədi. Vitrinlərin, polkaların arası ilə bir xeyli gəzdi, qiymətlərə baxdı. Sonra xırım-xırda şeylər; ketçup, siqaret, südlü sosiska, cem, mayanez və başqa tez-tez tələb olunan ərzaqlardan götürdü. Karzinə yığıb kassaya yaxınlaşdı.

–Posçitay! – dedi.

Ərzaqları bir-bir götürüb qiymətlərinə baxdım, kassa aparatına vurub hesabladım. Çek çıxardıb təqdim etdim.

–Sizdə qiymətlər münasibdir, başqa yerlərə baxmış nisbətən ucuzdu. – Bunu da rusca dedi və aldıqlarının pulunu ödədi.

Pulun qalığını qaytardım. Alıb cibinə qoydu və çıxıb getmək istədi. Hörmət əlaməti olaraq mən də onunla çıxdım ki, qapıdan yola salım, getsin.

–Xətrinə dəyib-eliyən yoxdur ki? – Çöldə bunu soruşdu.

–Yox! Yaxşılıqdı. Çoxdan burdayam. Alışmışam. Hamı da tanıyır.

–Varsa, de, çəkinmə. – İsrarla soruşdu. – İstəyirsən, şefin telefonunu ver, bu dəqiqə zəng vurub tapşırım…

–Ehtiyac yoxdur. – Gülümsündüm ki, arxayın olsun. – Münasibətimiz yaxşıdır. Təşəkkür edirəm.

–Bax də… Bura Moskvadır, yetim-yesir yeri deyil. Diribaş olmaq lazımdır. Fağır olarsan, başına qapaz vurub çörəyini əlindən alarlar. – dedi.

Darvazanın ağzına çatmışdıq deyə sağollaşdıq. O, ancaq rus dilində danışdı, mən də rusca cavablandırdım. Niyə belə elədi, baş açmadım. Adətən, burda həmyerlilər görüşəndə öz dillərində danışırlar. Aralıda dayanan maşınına oturub getdiyini görəndən sonra bazaya qayıtdım. Murad qapının ağzında məni gözləyirdi.

–Həmyerlindi? – Çatan kimi soruşdu. – Bəs niyə rusca danışırdmız? Adı nədir?

–Hə. – deyib çiynimi çəkdim, hesabat verməyi xoşlamırdım.

–Onu hardan tanıyırsan? – Əl çəkmədi. – Ya o, səni hardan tanıyır?

–Tanımırdım. İndi tanış olduq.

–Adı nəydi? – Bir də soruşdu.

–Maraqlanmadım.

–Bax ha… ehtiyatlı ol. – Murad xəbərdarlıq etdi. – Biz adam tanıyanıq, sifətindən dələduza oxşayır.

–Elə demə… – İnciyəntəhər oldum.

–Bəs nə deyim? – Murad gülümsündü, yəqin ki, könlümü almaq islədi. – Görmürsən qurddur?

–Mənim həmyerlim qurd olmalıdır də… – Pərtliyim sovuşdu. – Çaqqal, it olmayacaq ki…

Doğrusu, Muradın cavabını versəm də, acı sözlərinə alındım, bir az da pərtfason oldum, ancaq çox da büruzə vermədim, özümü o yerə qoymadım, guya əhəmiyyətsiz hesab elədim. Özlüyümdə bir az da götür-qoy etdim. Murad dayanmışdı, mənim hələ də sözlü adama oxşadığımı, nəsə deyəcəyimi gözləyirdi.

–Bizə qarşı nə dələduzluq eliyəcək? – Mən də acıqlı cavab verdim. – Burda hər şey göz qabağındadı. Ərzaq məhsullarından götürdü, onu da qəpiyinəcən ödədi.

–Narahat olma. Bizim də nəzərimiz üstündəydi. Dedik birdən narkotik-zad atar polkalara… Siz çölə çıxan kimi dərhal göz gəzdirdik gəzdiyi yerlərə… Tərtəmizdir.

İndi başa düşdüm ki, şef nəyə görə çeçenlərə bu qədər üstünlük verir.

***

Dəqiq yadımda deyil, aradan bir həftə, on günmü keçmişdi, yenə Vaxob qaça-qaça gəldi ki, bəs həmyerlin qapının ağzındadır.

Yenə də sakitlikdi, boş idim. Bilmirəm təsadüfdən idimi, yoxsa həmyerlim aralıda durub bazanın qabağını güdürdü, sakitlik olanda gəlirdi, hər nəydisə, yenə özümüz idik. Sözün diizü, Muradın danışığından sonra mən də ehtiyatlı davranmağa qərar vermişdim.

Çıxdım qarşılamağa. Gördüm ki, formadadı, əynində ədliyyə işçilərinin geyimi vardı, çiynində də üç böyük ulduz parıldayırdı, polkovnik rütbəsindəydi. Buna çox sevindim, ehtimalım düz çıxmışdı, həmyerlim sistem adamıydı, özü də yüksək rütbəli. İstər-istəməz fərəhləndim, qürur hissi məni ağuşuna aldı. Buna kim sevinməzdi?

–Salam. – Bu dəfə öz dilimizcə, azərbaycanca danışırdı.

–Salam. – Əl tutub görüşdük.

–Şefin burdadı? – Mənə elə gəldi ki, sözgəlişi, “xala, xətrin qalmasın” deyə soruşur.

–Problem yoxdur, mən burdayam.

–Özü olsaydı, yaxşıydı.

Belə deyəndə, dalağım sancdı. O dəqiqə başa düşdüm ki, nəsə “yükləmək” istəyir. Havayı deyildi, on beş ildən artıq idi ki, həm Moskva kimi mərkəzi şəhərdəydim, həm də ticarətin mərkəzində. Sistem işçilərinin biznes adamlarından umacaqları olduğundan xəbərdardım. İndi bunu çox adam bilirdi. Ticarətdə işləyəsən, bunu bilməyəsən…

–Narahat olmayın, nə lazımdır, deyin.

–Bilirsən, bu gün bizim şefin ad günüdür. Onun da hər şeyi var, bahalı maşınları, villası, daçası, bir sözlə, heç nəyə ehtiyacı yoxdur. İstəyirdim bir blok bahalı siqaret hədiyyə edim, xarici… Durub atıla-atıla yanına gedəsi deyiləm ki…

–Malboro. – Dərhal təklif etdim, özüm siqaret çəkmədiyimdən, həm də bizdə, bazada olan ən bahalı siqaret bu idi. Odur ki, ağlıma gələni səsləndirdim.

Xəfıfcə gülümsündü.

–Malboro yaramaz. Malboro keçmişin bahalı siqaretiydi. İndi elə siqaretlər çıxıb ki… – dedi. – Həm də damskiy siqaret lazımdı. Boss qadındı.

Həmyerlim hələ şefımizi soruşanda başa düşmüşdüm ki, bu dəfə nə götürsə, qalacaq mənim üstümdə. Bunu “özü olsaydı, yaxşıydı’ deyəndə hiss etmişdim, ancaq geri çəkilə bilməzdim.

–Yenə də özünüz bir baxın. – Hər ehtimala qarşı təklifımi etdim.

İçəri keçdik. Həmyerlim keçən dəfəki kimi vitrinlərə göz gəzdirdi, polkaların arası ilə gəzib dolaşdı. Hardasa iki min, iki min beş yüz rublluq ərzaq malları götürüb kassanın qabağına düzdü. Onları hesablayıb kassa aparatına vurdum. Pulunu ödəmək istəyəndə qoymadım.

–Mənlikdi. – dedim. – Bir dəfə də qonaq olun.

Təklifımə qarşı çıxmadı, dərhal pulunu qatlayıb cibinə qoydu.

–Təşəkkür edirəm. – dedi.

Yenə də onu ötürməyə çıxdım.

–Mən general Varonçova ilə çox yaxınam. – Çöldə astadan pıçıldadı. – FTX-nın generalıdı, nə problemin olsa, çəkinmə, de, buralar bizlikdi.

–Şükürlər olsun. Hələ ki, bir problemim yoxdur, – dilucu təşəkkürümü bildirdim. – Bir də ki, mən kiçik adamam, generallıq nə problemim olasıdı. Elə sizin kimi adamla tanış olmaq mənə bu qərib diyarda dünya boydadı.

Həmyerlimi yola salıb geri qayıdanda yenə də Muradla üz-üzə gəldik.

–Ağbaş həmyerlin polkovnikdir?

Bazanın işçiləri ona ad da qoymuşdular: Ağbaş. Öz aralarında belə danışırdılar: Ağbaş gəldi, Ağbaş burdan keçdi.

–Özün görmədin? – Sualını sualla qarşıladım.

–Gördüm. Harda işləyir? Vəzifəsi nədir?

–Soruşmadım.

–Soruşardın də… – Murad əlini əlinə vurub heyfsləndi. – Bəlkə bir işimizə yaradı.

–Özü də dedi e… fıkir vermədim.

–Nə dedi?

–Dedi ki, general Varonçovanın xidmətindəyəm.

–FTX Varonçovanın?

–Hə… Nədir ki?

–Heç bilirsən o, kimdir?

–Yooxxx…

–Bilməsən yaxşıdır.

Murad bunu deyib getdi. Təxminən bir saat sonra özbək Vaxob yenə başılovlu gəldi yanıma.

–İndi nə olub? – Bu dəfə mən onu qabaqladım.

–Sənin o polkovnik həmyerlin bu dəfə gedib mənim o yetim-yesir kəndçilərimə ilişib, çörəklərinə bais olub.

–Nə kəndçilərinin? Hansı kəndçilərinin? Bir düzəməlli-başlı danış görüm…

Vaxob danışdı. Sən demə, onun üç həmkəndlisi yaxınlıqda “Özbək təndiri” işlədirlər. Cürbəcür şirniyyatlar bişirib satırlar. Orda oturub çay içməyə, piroq yeməyə yerləri də var. Polkovnik həmyerlim burdan gedəndə dönüb özbəklərin işlətdiyi təndirə. Oturub, çay, piroq sifariş verib. Yeyib-içəndən sonra təndiri işlətmək üçün müvafıq sənədlərinin olub-olmadığını soruşub. Özbək əkələr şalvarı batırıblar. Ağbaş polkovnik onları bir az da sıxma-boğmaya salanda deyiblər ki, sahə müvəkkilinə aylıq verirlər. Sahə müvəkkilinə zəng vurub onu haraya çağırıblar. Dişinin dibindən çıxanı deyib sahə müvəkkilinə ağbaş polkovnik, abrını ətəyinə büküb, təcili baş ədliyyə idarəsinə çağırtdırıb. Özbəklərə də tapşırıb ki, sizə üç gün vaxt verirəm, ya adama min dollar hazırlayıb verin, canınız qurtarsın, ya da əlli-ayaqlı gedirsiniz içəri. Odur ki, özbəklər düşüblər əl-ayağa, kömək üçün həmyerlilərindən gümanları gələn hər kəsə ağız açırlar.

–Ağbaş pulun dalınca nə vaxt gələcək? – deyə soruşdum.

–Üç gündən sonra səhər tezdən gələcəyini deyib.

–Gələndə xəbər verərsən, gedib danışaram.

–Bəlkə…

–Nə bəlkə? Onun qaldığı yeri tanımıram, işlədiyi idarənin harda yerləşdiyini bilmirəm, telefon nömrəsini də götürməmişəm ki, zəng vuram, görüşək. Başqa variantımız varmı? Vaxob gözlrini döyüb durdıı.

–Uşaqlara telefon nömrəsini veribmi?

–Yox.

Ağlıma bir ideya gəldi.

–Bəlkə sahə müvəkkilindən nömrəsini alsınlar… Axı deyirsən, ona zəng vurub.

–Sahə müvəkkilinə öz telefonu ilə zəng vurmayıb. Uşaqların telefonu ilə danışıb.

–Yaxşı… onda gözləyək… Gözləməkdən başqa çıxış yolumuz yoxdur. Sən kəndçilərinə de, pulu hazırlasınlar. Gələndə mən danışaram, dediyi məbləğdən nə qədər endirsəm, kəndçilərinin xeyrinədir.

***

Ağbaş polkovnikin pul dalınca gələcəyi günü işə günorta getməliydim. Kirayə qaldığımız evdə oturub zəng gözlıyirdim. Gözləyirdim ki, özbəklər xəbər etsinlər, gedib danışım.

Kirayə etdiyimiz mənzil üç otaqdan ibarət idi. Az xərcimiz çıxsın deyə altı nəfərlə bir yerdə qalırdıq. Dolanışığımız yaxşıydı. Dostluq, həmrəylik şəraitində xidmətlərdən istifadə edirdik. Hər kəs özündən sonra səliqə-sahman yaradırdı. Belə danışmışdıq öz aramızda, çalışırdıq ki, zibilləməyək.

Bazada işləyən bir qırğızla foyedə oturub vaxtın keçməsini gözləyirdik. Divara vurıılmuş televizor özü üçün qırıldayırdı. Qırğız televizorla üzbəüz idi, gözlərini ekrana zilləmişdi. Mən isə televizorun alt tərəfındəki taburetkada oturub divara söykənmişdim. Fikrim özbəklərin, ağbaş polkovnikin yanında qalmışdı. Birdən qırğız qayıtdı ki, bəs həmyerlini tutublar, odur göstərirbr. Taburetkadan qalxıb ekranın qarşısına keçənə kimi göstərib keçdilər. Aparıcı qız qeyri-qanuni polkovnik formasını geyınmiş bir adamın həbsini qeyd edir, dələduzluq yolu ilə sahibkarlardan pul tələbindən danışırdı.

–Sənin o həmyerlinə yaman oxşayırdı.

–Hansı həmyerlimə? – Hər ehtimala qarşı dəqiqləşdirməyə çalışdım.

–Yanına gələn o ağbaş polkovnikə… – Qırğız bir də təkrarladı.

–Sifətini görə bildinmi? – Təəccüblə onun gözlərinə baxdım.

–Göstərməyinə göstərdilər, amma yaxşı baxa bilmədim, diqqətim başqa yerdəydi. – Qırğız gözlərini yayındırdı, elə bil ağbaş polkovniklə şərikinə cinayət törədib, indicə gəlib onu da həbs edəcəkdilər.

–Zalım oğlu, bəs bayaqdan gözlərini ekrana nəyə zilləmisən?

–Heeçç. – Qırğız dilucu cavab verdi, ekrana baxmaqda davam edirdi, gözlərində qəribə təşviş vardı.

Günortaya yaxın varıb işimizə getdik. Daha gözləyə bilməzdik. Özbəklərdən də bir xəbər çıxmadı.

Axşama yaxın Vaxobu çağırdım.

–Bir xəbər varmı?

–Yox. – dedi. – Hələ ki, zəng eləməyiblər. Deməli, ağbaş hələ gəlməyib.

–Yenə də özün bir zəng vur, maraqlan.

Telefonu çıxardıb zəng vurdu. Təndir işlədən kəndçiləri də eyni sözü dedilər, ağbaş gəlməyib, heç bir xəbər-ətəri do yoxdur. Mən yenə də inana bilmirdim ki, həbs olunmuş adam həmin həmyerlimdir. Çox ciddi adama bənzədirdim onu. Çeçen dediyi kimi əsl qurd idi, heç kimə dəri diddirməzdi. Ədliyyə forması da bədəninə kip oturmuşdu, elə bil dərzi ölçülərini götürübmüş, təsadüfən forma geyinən adam belə şux hərəkət edə bilməzdi.

Ertəsi gün işə gələndə bazanın girişində rayon üzrə cinayət-axtarış bölməsinin əməliyyatçılarından biri ilə qarşılaşdım. Azacıq da olsa, köhnədən tanış idik. Bir dəfə əməliyyatda birgə iştirak etmişdik. Kimsə bazaya mal gətirəcək TIR-la Moskvaya böyük partiya narkotik maddə keçirtmək istəyirdi. Əməliyyatımız uğurlu alınmışdı deyə yüngülvarı şadyanalıq eləmişdik, səmimi münasibətimiz yaranmışdı.

Salam verib keçmək istəyirdim ki, məni saxladı.

–Sluşay, tı çto li eqo zemlyak? – Gülə-gülə soruşdu.

–Kimin? – Kimi nəzərdə tutduğunu təxmini bilsəm də özümü xəbərsiz göstərdim, dəqiqləşdirmək istədim. Bir də biz ticarətçilər arasında deyərlər ki, paqonun ipinin üslünə odun yığmaq olmaz, çünki ip onunku deyil, istənilən an alıb başqasına verə bilərlər.

–Yalançı polkovnikin, ağbaşın. – Atmacalı danışdı. – Dünən danaboyun eliyib soxmuşuq qoduqluğa.

–Xahiş edirəm, ədəbli danışın. Arada xətir-hörmət var, tapdalayıb keçməyin. Bir də mənim həmyerlim deyildiyi kimi hərəkətləri heç vaxt eləməz.

–Yaxşı, yaxşı, qızışma. – Əməliyyatçı qoluma girib maşına tərəf apardı. – Siz azərbaycanlılar da bir söz deməmiş qızışırsınız. Bilirik ki, istiqanlısınız, yerli təəssübkeşi çəkənsiniz…

–Həm də dostcanlıyıq. – Mən əlavə etdim ki, başa düşsün nəyə eyham vururam.

–Elə mən də buna görə sizin xətrinizi çox istəyirəm. İstəməsəydim, durub bura gəlməzdim. Çağırış göndərib şöbəyə çağırtdırardım.

Baxdım ki, məsələ deyildiyi kimidir, ciddidir.

–Nə lazımdır?

–O, səni görmək istəyir.

–Kim?

–Kim olacaq? Ağbaş. – Əməliyyatçı bir az acıqlı cavab verdi.

–Niyə ancaq məni?

–Mən nə bilim niyə? Görüşəndə özündən soruşarsan. Məndən belə xahiş etdi.

–Necə? – Yenə dətTəəccübümü büruzə verdim, amma bu dəfə gülümsəyərək. – Biz axı təzə taııış olmuşuq. Cəmisi ikicə dəfə görüşmüşük. Qarşı-qarşıya oturub bir stəkan çay da içməmişik, hələ çörək kəsməyi demirəm. Onun məndən başqa Moskvada dost-tanışı, başqa həmyerlisi yoxdurmu?

–Bilmirəm. – Əməliyyatçı başını buladı. – Özü məndən xahiş etdi ki, heç kim bilməsin.

İndi mənə hər şey aydın oldu. Deməli, o, iş gördüyü heç bir dostunu, tanışını ələ vermək istəmir…

–Qoy, onda uşaqlara xəbər edim. – dedim. – Bir saata gedib-qayıda bilərikmi? Borclu qalmaram.

–Əlbəttə. – Əməliyyatçı gülümsündü, gözləri işıldadı.

Tələsik iş yoldaşlarımdan qabağıma çıxanları xəbərdar edib geri qayıtdım. Əməliyyatçının maşınına əyləşəndə o, artıq sükanın arxasında məni gözləyirdi.

–Getdik. – dedim.

Əməliyyatçı mühərriki işə salıb sükanı hərlədi. Polis şöbəsi istiqamətində yola düşdük.

–Bilirsənmi ağbaş polkovniki necə həbs etmişik? – Əməliyyatçı soruşdu.

İstədim deyim ki, mənim üçün maraqlı deyil, ancaq demədim, birdən gedib çatdırar, o da məndən inciyər, deyə düşündüm.

–Mən hardan bilim?

–Yaxşı, onda qulaq as, danışım. Gör sənin həmyerlin necə qarmağa keçib. – Əməliyyatçı özünəməxsus bir məzə ilə danışmağa başladı. – Srağagün günortaüstü yoldaşlarımla yolun kənarındakı kafedə nahar edirdik. Həyətdəki masaların birində oturmuşduq. Özün bilirsən də milisin gözü həmişə orda-burda olur. Bizim də gözümüz yoldaydı, yemək yeyə-yeyə yol ilə gəlib-gedənə baxırdıq. Birdən “nolyeddi” markalı ağ rəngli “Jiquli” diqqətimizi çəkdi. Sükan arxasında ədliyyə polkovniki əyləşmişdi. Ağbaş polkovnik, “nolyeddi” “Jiquli” – düz gəlmir axı… “nolyeddi”-də indi ancaq avtoş gənclər xuliqanlıq edir. Ədliyyə polkovniki hara – “nolyeddi” hara… Saçı da bir az uzun idi, sistem adamının priçoskasına oxşamırdı. Bizə baxma, boçjdan betərik, saqqal da buraxa bilərik, fəhlə paltarı da geyinərik, özümüzü batırana qədər alkaşlıq da edərik, heç kim bir söz deməz. Ədliyyədə bu məsələ bir az ciddidir, nəzarətdədir. Nəsə, diqqətimizi çəkdi. Bir də baxdıq ki, o, əsas yoldan çıxıb meşə yolu ilə getdi, hansı ki, o yol ilə nadir hallarda maşınlar gedir. Nəsə ciddiyə almadıq, yeyib-içməyimizdəydik. Az olur belə? Polkovnik adamdır, bəlkə, nəsə solaxay işi var orda, durub güdməyəcəydik ki… Hardasa on beş-iyirmi dəqiqə keçmişdi ki, “nolyeddi” qayıtdı, sükan arxasında həminki ağbaş kişi idi, ancaq bu dəfə mülki geyimdəydi. “Jiquli”nin üstündə “taksi” işarəsi vardı. Bilirsən də, Moskvada yalnız azərbaycanlı taksi sürənlər bu işarəni qoyurlar, qalanları “taxi” işarəsi gəzdirirlər. “Aha, burda nəsə var”, deyib düşdük arxasınca. Yolda bu barədə dərhal rəhbərliyə məlumat ötürdük. Həbsinə razılıq alandan sonra maşına “saxla” işarəsi verdik. O, sürəti aıtırıb bizdən qaçmaq istədi. Birtəhər onu ötüb qabağa keçdik və yolu kəsdik. Tabe olmaq istəmədi, maşını geriyə verib qaçınaq istəyirdi. Məcbur olub silahlarımızı çıxartdıq. O, bundan sonra da tabe olmaq istəmir, bizə hədə-qorxu gəlirdi. “Atəş açmaq” xəbərdarlığını etdik. Yenə labe olmadı. Azca şüşəni endirib polkovnik olduğunu, əməliyyat keçirdiyini, kimisə izlədiyini bildirdi, mane olmamağımızı xahiş eldi. Dedik ki, əgər doğrudan da belədirsə, istiqamət versin, birlikdə izləyək. Razı olmadı. Yenə də bizə hədə-qorxu goldi. “Generalın məxfi əmridir, general bilsə, bizi sistemdən qovdurar”, dedi. Ə1 çəkmədik. O, bu dəfə elə bir adamın adını çəkdi ki, quruyub yerimizdə qaldıq. O adam "O"nun ən yaxın adamı sayılır, daxili təhlükəsizlik məsələlərində sağ əli hesab olunur. FTX-da hamı ondan tük tökür, generallar da onun adı gələndə yerlərindən dik atılırlar. Odur ki, tez rəisə xəbər verdik. Əvvəlcə rəis də duruxdu. Onunla telefonla danışmaq istədi, lakin ağbaş polkovnik bundan imtina etdi. “Rəis qarışıq hamınızın başı ağrıyacaq”, dedi. Yalnız bundan sonra rəis bütün məsuliyyəti öz üzərinə götürərək həbs etməyə tapşırıq verdi. Dedi ki, kobudluq etməyin, tutub idarəyə gətirin, burda hər şeyi araşdırıb yoluna qoyarıq. Beləcə, onu tutub idarəyə gəlirdik.

–Onun dediklərinin düz olub-olmadığını dəqiqləşdirə bildinizmi? – Maraqlandım.

–Yox, hələ. Onu yaxşı danışdıra bilmədik. Kimi izlədiyini, nə məqsədlə izlədiyini, hansı işlərlə məşğul olduğunu demədi. – Əməliyyatçı dilinin altında mızıldandı. – Admı çəkdiyi böyük rütbəli adam barədə də yuxarı rəislərimizə məlumat vermişik. Hələ ki, bir səs-soraq yoxdur.

–Mənim yerlim yalan danışınaz.

Əməliyyatçı maşını saxladı. Düşüb piyada yolumuza davam etdik. İzolyator idarənin arxa tərəfində – əlli-altmış metrliyində yerləşirdi. Şaqqaşaraqla açılan qapılar məndə vahimə yaradırdı. Biz zirzəmiyə düşdük.

–Beş dəqiqə bəsdirmi? – Əməliyyatçı soruşdu.

–Bilmirəm axı o, nə üçün mənimlə görüşmək istəyir. – dedim. – Bir də siz iştirak etmək istəmirsiniz?

–Yox.

Nəsə… Məni o saxlanılan kameraya gətirdilər. Bəli, o, özüydü həbs olunan, daha heç bir şübhəm qalmadı. Nə qədər yaxın münasibətim olmasa da ona ürəyim yandı. Qəribçilikdə olasan, gəlib düşəsən zindana, arxanca gələnin də olmaya… ağır dərddir.

Görüşdük, uzun müddət bir-birini görməyən doğmalar kimi qucaqlaşdıq. Onun güclü, qüvvətli qollarını kürəyimdə hiss elədim. Kövrəldim. Belə bir oğulun yeriydimi zindan? Dilim titrəyə-titrəyə nəsə bir kömək-zad lazım olduğunu soruşdum, elə-belə, sözgəlişi. Mənim nə köməkliyim dəyə bilərdi? Uzaqbaşı üç-beş min toplayıb verərdim, həmin məbləğlə də onu içəridən çıxartmaq mümkünsüz idi. Yüksək rütbəli bir adamın adından sui-istifadə etmək, xüsusi geyimdə gəzmək, hələ başqa hansısa işləri də varsa, araşdırıb tapsalar… əlli-ayaqlı gedəcək. Bura Moskvaydı, Moskvanın qanunları isə sərt yox, lap amansızdır. Gözümün önünə özbəkləri gətirdim…

–Bilirəm, bu məsələ özbəklərlə sahə müvəkkilinin işidir. – Ağbaş özü məlumat verdi. – Bircə burdan çıxım, vaylarını verəcəm. Sahə müvəkkilini iti qovan kimi dərhal sistemdən qovduracam. Özbəkləri də… hayana dönsə özümüzünkülərdi, yazıqdılar, bir səhvə görə tutdurmaq istəmirəm, yəqin ki, sahə müvəkkilinin fitnəsinə uyublar, deportasiya etdirəcəm, qoy gedib qışlaqlarında qoyunlarını otarsınlar, Moskva yetim-yesirin yeri deyil.

–Əməliyyatçı yolda mənə hamısını danışdı. Onların bu məsələdən xəbəri yoxdur.

–Bəlkə səndən söz almaq istəyib?

–Yox.

Mən ona yol boyu əməliyyatçı ilə aramızda olan söhbəti danışdım. Gülümsədi, rəngi açıldı. Mənə özü haqqında bəzi şeylər damşmağa başladı. Ağbaş həmyerlim, sən demə, Sabirabadlı imiş. Orda doğulub boya-başa çatıb. Müstəqil Azərbaycanın Polis Akademiyasını bitirib, ilk məzunlarından biri olub. Öz rayonlarına təyinat alıb, orda əməliyyatçı, təhqiqatçı, müstəntiq vəzifələrində çalışıb, polis kapitanı rütbəsinədək yüksəlib. Heç vaxt rüşvət almayıb, dələduzluq əməllərini ağlına belə gotirməyib. Həmişə haqqın tərəfındə, haqlının müdafıəsində dayanıb. Rəisin “solaxay” tapşırıqlarını yerinə yetirmədiyinə görə elə rüşvət ittihamı ilə şərlənib. İş yoldaşları üzünə dirənib. İşdən də olub, rütbədən də, həbsə göndərilib. Dörd il yatıb çıxıb. Türmədən çıxandan sonra nə qədər çalışsa da köhnə işinə bərpa oluna bilməyib. Doğma vətəndə qalıb işləyib-yaşamaq mümkünsüz olub. Ailəsi dağılıb. Yüzlərlə başqa həmyerliləri kimi çıxış yolunu Moskvaya üz tutmaqda görüb. “Moskva böyükdür, orda hamıya yer tapılar. Bir də kim-kimi tanıyır, kimin nə işinə başqası nə işlə məşğul olur”, deyə özünə təsəlli verib. “Rüşvət, dələduzluq maddəsi də ikinci pasport kimi alnına möhürlənib!” Ağbaş beləcə taleyi ilə barışıb və bu istiqamətdə köhlənməyə çalışıb. Polisdon çıxıb gedib bazarda kartof-soğan sata bilməzdi, istəsəydi belə bunu bacarmazdı. Ailəsi Sabirabadda yaşayır. Boşansalar da əlinə imkan düşdükcə ailəsinə pul göndərib. Qızı ailə qurub. Oğlu isə Polis Akademiyasının axırıncı kursundadır. “Nə qədər çalışsam da onu inadından döndərə bilmədim. Qorxuram ki, onu da mənim taleyim gözləsin…” Yalnız bu sözləri deyəndə azacıq kövrəldi. “Qorxma, qurd oğlu qurd olar, deyiblər”, təsəlli vermək istəsəm də dinmədim, sadəcə düşündüm özlüyümdə…

–Bəs nə yaxşı halal-hümbət qazandığınız “kapitan” rütbəsində deyil, “polkovnik» rütbəsində fəaliyyət göstərirsiniz? Bəlkə kapitan kimi daha asan “işləyərdiniz…” – Ağlıma gələn ilk sualı şappıldatdım getdi.

–Daha yaş o yaş deyil. – dedi. – İndi kim inanar ki, bu yaşda, bu başın sahibi hələ kapitandır.

Görüş vaxlı bitdiyindən ayrılınalı olduq. Nikbin idi, lezliklə çıxacağına, görüşəcəyimizə ümidliydi. Nə bilim?! Ona heç yazığım gəlmirdi, Murad demişkən, qurd idi, harda olsaydı, baş çıxaracaqdı. Məni məyus edən başqa şeydi. İndi gör onun kimi nə qədər qurd ürəkli oğullar yaltaqların, xainlərin, satqınların, üzəduranların ucbatından ailəsindən ayrı düşüb, doğma vətəndən didərgin salınıb. Heyf sənə, Vətən! Bu cür oğullar sənin üzünə həsrət qalıb. Sən də onların ehtiyacında qovrulursan, cızdığın çıxır.

Özümdə-sözümdə deyildim, sanki şoka düşmüşdüm.

Növbəti iş günü də belə oldum. Ağbaşın həbsi ilə heç cürə barışa bilmirdim. Əlimdən bir kömək eləmək də gəlmirdi. Kimi tanıyırdım bu qərib ölkədə, qərib diyarda…

Axşam işdən çıxıb evə getmək istəyirdim ki, giriş qapısının ağzında yenə həmin əməliyyatçı ilə qarşılaşdım. Məni gözləyirmiş, görən kimi gülə-gülə özü yaxınlaşdı. -Sənə bir şad xəbərim və xahişim olacaq. – dedi və qoluma girib maşınına tərəf apardı.

Maşına oturduq.

–Bilirsən, sənin həmyerlin haqlıymış. Bu gccə onu buraxacaqlar.

–Necə? – Təəccüblə bir də soruşdum, eşitdiyimə inana bilmirdim. – Haqlıymış?..

–Görünür, beləymiş. – dedi. – Bəzən belə də olur. Bizim yuxarı rəis general Varonçovanın köməkçisinə bu barədə məlumat verib. Köməkçisi də gülümsəyib. Deyib ki, madam xanımın adını çəkib, deməli, ərki çatır, buraxın, getsin işinin arxasınca. Daha rəis dəqiqləşdirə bilməyib, general onu şəxsən tanıyır, ya tanımır. Bilirsən də… buna xüsusi cəsarət lazımdı, o da… özün başa düşürsən… indi heç kim özünü yandırmaq istəmir… bizə baxma, biz aşağı təbəqəyik, qara qul yerinə də işləyirik.

–Şad xəbər olasan! – Sözünü kəsib təşəkkiirümü bildirdim.

Əməliyyatçı bardaçoku açıb ordan bir kağız bağlaması çıxartdı.

–Bunu da bizim adımızdan həmyerlinə çatdırarsan. Üzrxahlıq da elə. De ki, uşaqlıq eləmişik, ağ saçlarına bağışlasın bizi. Hər halda özü başa düşər. Polisdon çıxandan sonra iş tapmaq çətin məsələdi. Gedib hansısa dəllalın, alverçinin qabağında qul kimi durası deyilik ki… Səni başa düşər, eşidər…

Sözün düzü, əvvəlcə qorxdum. Düşündüm ki, qurğudur. Həmyerlimi başqa cür ilişdirə bilməyiblər, bu cür qandallamaq fıkrinə düşüblər. Ancaq əmoliyyatçı elə yalvarırdı ki, inanmamaq mümkünsüzdıi. Bağlamanı alıb baxdım, pul idi.

–Qulaq as. – dedim. – Birdən nömrələnmiş, işarələnmiş pul olar ha… Sonra deməzsən ki…

–Qorxma, o qədər də axmaq deyiləın. Bir də ki, qanunu mən səndən yaxşı bilirəm. Ancaq elə şeylər var, qanunla həll olunmur, bunu biz hamıdan yaxşı bilirik. Bura Moskvadır, burda rüşvət verən də, alan da eyni cür məsuliyyət daşıyır. Ağlın Azərbaycana getməsin…

Bağlamanı götürüb qoltuq cibimə basdım.

–Çalışaram. – deyib maşından düşmək istədim, əməliyyatçı qoymadı.

–Otur, aparıram. – dedi.

Yenə də ürəyimə şübhələr doldu. “Yəqin yaşadığım evin yerini öyrənmək istəyir? Gərək düşüb taksi ilə gedərdim. Eh… taksini də güdüb öyrənə bilərdi…” Düşündüm.

–Gedək.

Maşın yerindən tərpəndi. Yolu göstərməsəm də əməliyyatçı məni qaldığım binanın qabağına gətirdi.

–Narahat olma. – dedi. – Biz hər şeyi bilirik. Otaqda neçə nəfər qaldığınızı, kimlərlə görüşüb nə danışdığınızı, hər şeyi… bilirik. Bir də sizdən – azərbaycanlılardan çox şey götürmüşük. Heyf ki, Sovet dağılandan sonra siz bizə arxa çevirdiniz. Yoxsa, biz birlikdə dağların da arxasını yerə vurardıq.

–Böyük Vətən müharibəsində Hitlerin kürəyini yerə sərdiyimiz kimimi? – Özümdən asılı olmayaraq fıkrim bir az rişxəndlə səsləndi. – Axırda nə oldu? Həzi Aslanov kimi nemeslərə qan udduran generalı bir dığanın fitvasına verdiniz.

–Bura Moskvadır, bunu hər birimiz anlamalıyıq. Burda söz sahibi təkcə biz ruslar deyilik, bütün dünyanı gözü, qulağı burdadır, bir də şəhadət barmağı burdan silkələnir. Moskva hamıya bir ana olaraq qucaq açır. Gəl, qonaq ol, istəyirsən qal yaşa, işlə, qazan, bircə xəyanət eləmə… Moskva xəyanəti bağışlamır. Çox amansızdır Moskva…

–Bir də göz yaşlarına inanmır. Eləmi? – Bunu da mən əlavə etdim.

–Düzdür! Bura sızıldamağın, zarıldamağın yeri deyil. Moskva kişi kimi yaşamağın məskənidi.

Sağollaşıb maşından düşdüm. Lifti gözləmədən pilləkənlərlə yuxarı qaçdım. Hələ də həyəcanlıydım, əməliyyatçıya inamım yox idi. Yuxarıda liftin ağzında başqaları məni gözləyə bilərdi. Həm də tələsirdim Vaxoba deyəm ki, kəndçilərinə xəbər eləsin, sabaha hazırlıqlarını görsünlər.

Vaxobla pilləkənin başında qarşılaşdıq, pəncərənin ağzında qəmli-qəmli dayanıb siqaret çəkirdi.

–Xəbərin var? – Ağzımı açmamış məni qarşıladı.

–Nədən? – Soruşdum.

–Bu gecə Ağbaşı buraxacaqlar.

–Sən hardan bildin?

–Kəndçilərimdən eşitdim. Onlara da sahə müvəkkili xəbər göndərib.

–Onda tez kəndçilərinə de, Ağbaşın istədiyi məbləği artıqlaması ilə hazırlasınlar. Bundan sonra onların daydayıları sahə müvəkkili yox, Ağbaş özü olacaq. Moskva yetim-yesir yeri deyil. İndiyə kimi gözdən yayınıb birtəhər işləyiblərsə də, bundan sonra mümkün olmayacaq. – Son ifadəmi xüsusi əda ilə vurğuladım.

–Doğrudan?! – Sevincdən Vaxobun gözləri parıldadı.

Yurda qayıdış anketi

Şahmarın ailəsi bayram süfrəsinə yığışmışdı. Ailədə Cəfərqulu tayfasından da vardı, Mehdili, Tağılı, Kəlbə İsmayıl tayfasından da… İndi onlar üçün bunun bir o qədər də fərqi yox idi. Artıq otuz ilə yaxınlaşırdı ki, doğma yurddan didərgin düşüb gəlib əyalət şəhərinə sığınmışdılar. Kənddən köçəndə hər tayfa öz köçünü sürmüşdü. İllər keçdi, uşaqlar böyüdü, yeni ailələr yarandı. Yeni ailələr kənddəki tayfaları birləşdirdi. Nə sığındıqları şəhərdən qız aldılar, nə də onlara qız verdilər. Ötən müddət onları şəhərə uyğunlaşdıra belmədi. “Doğma yurd” deyib dad elədilər. “Doğma yurd” dedilər, dodaqları yeddi yerdən çat verdi.

Bu gün təkcə bayram şənliyinə toplaşmamışdılar, həm də ciddi bir məsələni müzakirə edəcəkdilər. Vətən müharibəsinin, işğalda olan rayonların azad edilməsindən dörd ay keçirdi. Hökumət internet üzərindən anket göndərmişdi, onu müzakirə etmək lazımdı. Şahmar kişi bu məqsədlə hamısını başına toplamışdı. Məsləhət, məşvərət etsinlər, görək kəndə kim qayıdacaq, kim qayıtmayacaq. Düzdür, ötən müddət ərzində heç kim əlini əlinin üstünə qoyub oturmamışdı, hamı qolunu çırmayıb işləmiş, qazanmış, ev-eşik sahibi olmuşdu. İndi elə etmək lazım idi ki, burdakı evlər də sahibsiz qalmasın. Eyni zamanda doğma yurda dönüb ordakı həyatı da canlandırsınlar.

–Pəh! İndi yadlarına düşüb! – Şahmar ucadan səsləndi ki, diqqətləri onda olsun. – Dörd aydır müharibə başa çatıb, torpaqlar azad olunub. Şadyanalıq ediblər. Dambadurumbla Zəfər paradı keçiriblər. İndi yadlarına düşüb ki, bəs bu qara camaatın da ağzını aramaq lazımdı. Görək kim qayıdır, kim qayıtmaq istəmir. Niyə qayıtmaq istəmir. Adama deyərlər ki, köçürəndə soruşan oldu  köçürsən, ya qalırsan? İndi də elə… Hərənin evin tik, yığ avtobusa, apar tök ora. Denən bu siz, bu da sizin otuz il həsrətində olduğunuz kəndiniz. Buyurun, yaşayın. Hər evə də on qoyun, bir inək, beş də keçi ver, təsərrüfatlarını qursunlar. Gerisi sənlik deyil. Qara camaat öz güzəranını quracaq.

Əlqərəz, Şahmar kişi danışa-danışa gəlinlər əl qatdı süfrəyə, masanın üstü tərtəmiz yığışdırıldı. Ayaz baxdı ki, görsün noutbuku gətirmək lazımdır, ya yox. Sorğu internet üzərindəydi deyə anketi noutbukda doldurmalı olacaqdılar. Bayram süfrəsinə dəvət şəxsiyyət vəsiqələri ilə olmuşdu. Lağlağı eliyib deyib-gülsələr də hər kəs anketi öz pasportu ilə doldurmalıydı. Ayaz ha baxdısa da Şahmar buna əhəmiyyət vermədi.

–Hələ adama bir çay gətirin içək, sonra işə başlayarıq. Yağlı aş, ət qızartması həmişə yanğı verir.

Yeməkdən sonra çay içmək adətlərini tərgidə bilmirdilər. Kənddə belə öyrəşmişdilər, çünki orda təsərrüfat işləri o qədər çox olurdu ki, vaxt bəs eləmirdi. Yeməyini yedin, çayını iç, dur get işinin-gücünün dalınca… Burda isə vaxt çoxdu, yeməyə də, fasiləyə də, çaya da bəs eliyirdi. Ekrandan sağlamlıq verilişi aparan həkimlər elə hey üyüdüb tökürdülər ki, yeməkdən sonra bir saat müddətində çay, su içmək olmaz, bədənin dəmirin yuyub aparır, orqanizmi zəiflədir. Kimə deyirsən, de, Şahmar bu qulağından alıb, o biri qulağından havaya vızıldadırdı. Şahmar atasından, dədəsindən bunu görmüşdü, oğlanları da Şahmardan. Odur ki, indi yeməyin üstündən dərhal çay sifarişi eşidən kimi sevindiklərindən gözləri parıldadı, hərəsi öz arvadına baxıb işarə elədi.

–Hamısı durub məni gözləyir. – Oğlanlarının işarəsi Zərnigarın gözündən yayınmadı. – İndi gəlinlər oturacaq, qaynana çay gətirəcək. Özü də yarpızlı, kəklikotulu, qantəpərli, zirəli, mixəkli…

–Mama, sən narahat olma, onlar durub gətirərlər. – Böyük oğlu Şamxal araya söz atdı. – Sadəcə, qantəpərin, zirənin yerini tanımırlar.

–Özün tanıyırlar ki, yerin də tanısınlar? – Şahmar atmacasından qalmadı.

–Hardan tanısınlar? Zirə ancaq bizdə bitir. Qalan heç yerdə belə bitgi olmur. – Bunu da Zərnigarın geoloq qardaşı Şəfi dedi.

–Xarı bülbülü də elə deyirdilər. Guya Şuşadan başqa heç yerdə bitmir. – Şamxal əlavə etdi. – Sonra bir çox rayonlarda bitdiyi aşkar oldu.

Bu dəm Şamxalın yoldaşı Nigar məcməyini masanın üstünə qoydu. Çayın gəlişi ilə ətri otağa yayıldı. Pürrəngi çayla dolu stəkanlar yuxarıya ötürüldü.

–Çay dəmləmək, gətirmək problem deyil. – Nigar sözgəlişi bildirdi. – Qorxuram bizim gətirdiyimiz çayın dadı Zərnigar xalanın dəmlədiyi kimi olmasın.

–Mamamın dəmlədiyi çaya çay çatmaz. – Şamxal təriflədi. – Mamam çaya nə qatırsa, onun tamı da, ətri də bambaşqa olur.

–Yaxşı, görək, mamanı az təriflə. – Şahmar dilləndi. – Çaylarınızı için, başlayaq, görək nə yazırıq.

Çaylar içildi. Çay süfrəsi də yığışdırıldı. Ayaz noutbuku gətirib masanın üstünə qoydu. Düyməsini basıb işə saldı.

–Birinci kimdən başlayaq? – Ayaz sözgəlişi soruşdu.

–Birinci mamandan başlayaq. – Şahmar yarızarafat, yarıciddi üzünü Zərnigara tutdu. – Yeri pasportunu gətir.

–Pasportumu gətirməyinə gətirim. Ancaq ağbirçək dura-dura məndən niyə başlayasınız, bunu başa düşə bilmədim.

–Nə fərqi var?

–Fərqi çoxdu. Ağbirçək evin xeyir-bərəkətidi.

–Nə deyirəm ki. – Şahmar təslim oldu.

Füruzə arvad süfrədən tez durub otağın o başındakı kresloya yayxanmışdı. Gözünü də zilləmişdi televizorun ekranına. Səsi zəif olduğundan güclə eşidilirdi. Füruzə arvad çox yaxındaydı deyə eşidirdi, həm də otaqda danışılanlara qulaq qoyurdu.

–Dur, yaxın gəl, ay nənə. – Şahmar üzünü ona tutdu. – İndi nəslin ağbirçəyi də, ağsaqqalı da sənsən. Nəsil sənin başına yığışmalıdır. Sən necə desən, eləcə də olacaq.

–Ehh! – Füruzə arvad bir ah çəkdi. – Elə bil heç yoxumuşlar. Dörd qardaşımın dördünü də qara torpaq bircə ilin içində uddu.

–Dözə bilmədilər ayrılığa. Sən elə bilirsən doğma el-obadan ayrılmaq asan məsələdir?

–Hardan tapım indi başına döndüyüm Dəli Qurbanı? Tüfəngi salıb çiyninə düşsün qabağa. Qayıdaq gedək elimizə, obamıza.

–Müharibədə də tüfəngiynən vuruşurdu? – Şamxal soruşdu.

–Dava başlayanda dörd igid oğlu varıydı, dördü də silahlanıb qalxmışdılar dağların başına. Sinələrini düşmənə sipər eləmişdilər. Nə gecələri vardı, nə gündüzləri, onlar qoruyurdu vətəni. Oğlanları ola-ola Qurban getməliydi döyüşə?

–Bir onlar deyildi ki? – Şahmar pərtləşdi. – Biz iki qardaş, ikimiz də ordaydıq dayna. Kəndin cavanlarının çoxu ordaydı.

–Sizə nə deyirəm ki? Eləsi də vardı beş oğlundan biri də əlinə tüfəng alıb erməni qabağına durmadı.

–Onların söhbəti bizlik deyil, öz sözümüzü danışaq. O vaxt sovetlər təzə dağılmışdı. Dığalarınan hələ əlaqələrini tam kəsmirdilər. Xəlvət-xəlvət əlaqə saxlayanlar vardı. Tüfəngi götürüb erməni dostuna, kirvəsinə güllə atmayacaqdılar ki?

–Mən nə deyirəm ki? – Füruzə arvad çiyinlərini çəkdi.

–Yaxşı, onda başlayaq. – Şahmar Ayaza işarə verdi.

Zərnigar Füruzə arvadın pasportunu gətirməyə getdi.. Ayaz gözünü noutbukun ekranına zillədi.

–Kəndinizə qayıtmaq istəyirsinizmi?

–Bıy, başıma xeyir! –Füruzə heyfslənən kimi oldu. – Bu nə sualdı? Qayıtmaq istiyirsən nədi? Otuz ildi gözümüzün qorasını sıxmırıqmı? Canımı orda qoyub gəlmişəm. Qayıtmaya bilərəmmi?

–Bir il də keçsə, sən deyəndi. Düz otuz il olacaq ki, sən ordan çıxmısan. Otuz ilə orda can qalar? – Şahmar başını buladı. – Bir də qurd-quran açma. Suallara qısa-konkret cavab ver. Səndən başqa on adam gözləyir.

–Bəs nə deyim?

–Eləcə, hə, yox. Səni zorla məcbur edən yoxdur. Ölkə başçısı da deyib ki, könüllü şəkildə camaatı sorğulayın. Bilək kim gedir, kim getmək istəmir.

–Mən, vallah, gedəcəm. Özümü bu neçə ildə aldada-aldada qoruyub saxlamışam. Mən Əzrayıla elə-belə can verən deyiləm hələ… Oruş dərəsinin suyunda paltar yuyacam. Heç bir ağardıcı-paraşok lazım olmur. İncirin dibində palaz açıb bircə buğum qaynadırsan, qar kimi ağappaq olur. Kəhrizin suyundan daşıyıb gətirəcəm, qızdırıb çiməcəm. Kəhrizin suyunda çiməndə quş kimi yüngül olur adam, elə bil indicə dünyaya gəlmisən. Adamın saçları da ipək kimi yumşaq olur, sanki uşaq tüküdür, sığalladıqca adamın özünün də xoşu gəlir. Abuseyidin suyundan da nə yemək bişirsən, dadına, tamına qüvvət verir. Burda şəhərdə istiyirsən Tiflisin, Çinin yox, İtaliyanın yox, lap İranın, Hindistanın ədvasından vur, xeyri yoxdur, həmin dadı, tamı ala bilməzsən, çünki suyu o su deyil.

–Deməli, gedirsən?

–Bəs nə…

–Onda pasportunu bəri elə.

Zərnigar bayaqdan əlində tutduğu pasportu Ayaza uzatdı. Ayaz pasportu alıb qarşısına qoydu və Füruzə arvadın şəxsi məlumatları noutbukun ekranında açılmış anket sorğusuna doldurdu.

–Halaldı nənəmə, doxsan bir yaşın içindədi.

–Yaşımı iki il az yazıblar, doxsan üç olmalıdı. – Füruzə arvad düzəliş elədi.

–Elə niyə, ay nənə? Biz eşitmişik ki, o vaxt oğlanların yaşını az yazdırırmışlar. Deyirmişlər, əsgərliyə gedənə kimi sümükləri bir az da yoğunasın.

–O vaxtın kişiləri çox ağıllıydı. Elə qızlarını da iki-üç yaş az yazdırardılar. Kimidi gəlib kənddə yoxlanış aparan ki, görüm kimin uşağı olub. Həm də müsəlmançılığa görə qızın on beş yaşı ərə gedən vaxtıydı. İki-üç yaş az yazdıranda olurdu əsl ərgən vaxtı. Ərə gedən kimi də doğmalıydı. Doğmasaydı günü olacaqdı qara.

Aralığa lal sükut çökdü. Ayaz gərginliyi yumşaltmaq istədi.

–Hə, nənə, indi sən de, mən qrafaları doldurum.

–Mən nə deyəcəyəm? Sualları oxu, özün də onlara uyğun yaz, doldur.

–Oxumağına mən oxuyum, ancaq sən nəsə deməlisən ki, mən də cavab yerinə dolduram.

–Deyim də… – Zərnigar arvad nəsə fikrə getdi. – Həə… Yaz ki, tezliklə dədə-baba yurduna qayıtmaq istiyirəm, ay hökumət. Sağ ol ki, erməniləri iti qovan kimi qovub bizim ərazilərimizdən çıxartmısan. Siz var olun. Ordumuz var olsun. Allah-taala bayrağımızı həmişə uca eləsin. Bilirən ki, müharibəyə xərciniz çox çıxıb. Uçurulub, xarabaya qoyulmuş kəndləri tikib çatdıra bilməzsiniz. Eləcə maşın ayırın, onu da edə bilməsəniz, icazə verin, özümüz tutaq, yığışıb gedək kəndə. Üzü yaya gedir, bir azdan istilər düşəcək. Hərəmiz bir alaçıq, dəyə qurub içində yaşıyarıq. Payıza kimi də daxmadan-zaddan qaralıyarıq özümüz üçün. Sən eləcə dükan tikdir, avtobus ayırtdır, rayon mərkəzinə gedib-gələ bilək. Poçt açdır, klub tikdir, camaatın boş vaxtı olanda ora yığışıb nərddən, dominodan oynasın.

–Ay nənə, sənin danışdıqlarını yazmaq üçün heç bir qrafa ayrılmayıb.

–Boy, başıma xeyir. Bəs nə üçün qrafalar ayrılıb?

–Yazılıb ki, ailədə neçə nəfərsiniz?

–Yaz ki, ərim ölüb, tək qalmışam.

–Yox, yox, yazma, dayan. – Şahmar müdaxilə elədi. – Kənd icra nümayəndəsinə zəng vurmaq lazımdı. Görək Zərnigar arvadın təsərrüfatını ayırıb, yoxsa oğlanlarından birinin üstündədi. Yoxsa, hökumət bunu bizdən niyə soruşsun? İcra hakimiyyətindən siyahını götür, doldur təhvil ver. Seçkidə nətəri eliyirlər, indi də elə…

Şahmar telefonu götürüb zəng vurdu. Hamı sakitcə zəngin nəticəsini gözləyirdi. Beşinci zəngdən sonra xəttin o başında səs eşidildi:

–Alo… eşidirəm.

–Baloğlan, nə var, nə yox?

–Çox sağ ol. Yaxşılıqdı. – Azca fasilə oldu. – Kimdi?

–Tanımadın?

–Yoox!

–Yaxşı fikirləş!

–Deyirəm tanımadım də. Bir də gecənin bu vaxtı kim kimə zəng vurur? Nə qaçhaqaçdı? Köçürük?

–Məndən çox sənə zəng vuran olur?

–Rəhmətliyin nəvəsi, deyirəm tanımadım də! Mənim sovetliyimdə 261 təsərrüfat var. Hamısı da danışmaqda natiqdi. Həftə səkkiz, mən doqquz zəng vururlar. Elə bil bu telefon şirkətləri müftə kontur paylayır. Zəng vuran da verir əngə, danış ki, danış. Ə, day, nə qədər danışmaq olar?! Vallah, sizin əlinizdən axırı özümü lallığa, karlığa vuracam. Tez elə, de görüm, kimsən, gecənin bu vaxtı nə istiyirsən? İşim var, qonağım o biri otaqda gözdüyür. – Ani ara verib davam etdi. – Bircə arayış istəmə. Gecənin yarısında təcili başçı yox ha, heç başçının dədəsinin dədəsi də qəbirdən xortduyub gəlsə, xeyri yoxdu. Kimdi idarəyi gedən, lampa işığında köhnə binada arayış yazan. Orda heç gündüz oturmaq olmur. Divarlar adamın üstünə gəlir, vahimələnirsən. Yox, yox…

–Şahmardı danışan. – Baxdı ki, Baloğlana qaldı, sözə qaldı, özü hamıdan betər əngə verəndi, bir söz de, otur gözlə, qurd quran açıb əlli dərənin suyun qatacaq bir-birinə.

–Hansı Şahmar?

–Ə, sənin sovetliyində neçə Şahmar var?

–İkisi köhnədən var idi, ikisi də təzədən doğulanlardandı. Köhnələrdən biri öldü. Mənim hesabımınan üç olmalıdı. Ancaq kompüterdə baxıram ki, yenə dörd göstərir.

–Öləni o tərəfə elə. Qalanlardan elə ikisi mənəm dayna.

–Məzələnirsən mənnən? – Baloğlan ciddiləşdi. – Necə yəni ikisi mənəm?

–Biri mənəm, biri də nəvəmdi, dayna. Balaca oğlum oğluna mənim adımı qoyub ki, sağlığımda addımı, adaşımı görüm. O dünyaya gedəndə də gözütox gedim, day sizin kimi sağır yox.

–Boo, ə Şahmar, sənsən? Ə, day belə de də… Yoxsa başlamısan ki, tanıdın, tanımadın. Ə, mən münəcciməm, yoxsa falabaxan, öncəgörən, ekstrasens? Əlimi iyləmişəm ki, baxım, görüm kim zəng eliyəcək? Sən Allah, qısa elə, evdə qonaq var.

–Qaçqınkomdan anket göndəriblər, onu doldururuq.

–Nə anket? Onu sizə kim göndərib? Bəs mənim niyə bundan xəbərim yoxdu? Başçı bizə bu barədə hələ heç nə deməyib.

–Deyirlər bir həftədi yayılıb. Nə avız başçı saa heç nə demiyib?

–Dədəmin goru, xəbərim yoxdu, başçı da demiyib.

–Burda hamı doldurub.

–Nə anketdi elə? Kim gətirib?

–Heç kim gətirmiyib. İnternet üzərindən yayılıb.

–Pah atonan! Belə de… internet bütün dünyanı kor qoyacax, vaallah!

–İndi nə deyirsən, doldurax, doldurmuyax?

–Doldurmağına bir sözüm yoxdu, doldurun, ancaq bir az ehtiyatlı doldurun, artıq-əskik heç nə yazmıyın. Yəqin o anketi lap yuxarılarda da oxuyacaqlar. Birdən siyasi səhv-zad buraxarsınız ha… dədəmin goru haqqı, tifağınızı odduyarlar. Sonra deməyin ki, Baloğlan müəllim demədi. Mənə də üçpapaq İmaşın nəvəsi Baloğlan deyərlər. Birdəfəlik sırğa elə, sözlərimi as qulağından: “Ehtiyatlı igidin anası ağlamaz!”

–Zərnigar nənəmi soruşacaqdım. Təsərrüfatda kimin üstündədi?

–Kənddən köçəndə kimin üstündəydisə, elə onun üstündədi. Ə, məylim biz təsərrüfat bölürük, təsərrüfat ayırırıq? Başçı tifağımızı dağıdar. Elə orda prokuroru çağırıb soxdurar içəri.

–Kənddən köçəndə dədəmin təsərrüfatındaydı.

–Sonra nə oldu?

–Nə olacaq? Dədəm öldü, aparıb İmamzadə qəbiristanlığında basırdıq. Arvad da tək qaldı.

–Qoca vaxtı təzdən ərə verəcəkdin? Tək qalıb qalıb də… – Baloğlan nəsə fikirləşdi deyə qısa fasilə verdi. – Sənnən nə desən çıxar. Bax ha, ərə verəsi olsan, fiktivni nigaha da salsan, elə elə o da məcburi köçkün olsun. Yoxsa… dərhal qeydiyyatdan çıxararlar.

–Deyəsən, fəlfəlliyirsən ha…

–Sənin nə danışdığından xəbərin var? Nə deyirsən, mən də cavabını verirəm. Hə, de görüm çörək pulunu kimin kartı ilə alır?

–Bizim kartımızla.

–Tək təsərrüfat olmur. Yazmışıq sizin üstünüzə, deməli, sizin təsərrüfatdadı.

–Bizim kartla yeddi nəfər çörək pulu alır. Deməli, yeddi nəfərik?

–Elədir.

–Üç oğlumun üçü də evlənib, ailə-uşaq sahibidirlər. Sən indi onların təsərrüfatını ayırmamısan?

–Yox! Qəti icazə yoxdur.

–Məcburi köçkünlükdən sonra az qalır otuz il olsun.

–İstiyir lap əlli il olsun, icazə yoxdur. Başçı dədəmizi qəbirdən çıxardıb dalımıza şəlləyər.

–Ə kişi, ölkənin qaydası-qanunu var. Adam on səkkiz yaşdan sonra istiyər təsərrüfatdan ayrılar, istiyər valideynləri ilə qalar.

–Siz hələlik anketdə bir yerdə yazın. Sonrasına idariyə gedəndə baxarıq.

–İdarəyə gedəndə nə dəyişəcək?

–Heç nə.

–Bəs niyə deyirsən?

–Bəs nə deyim?

–Day heç nə.

–Başın salamat qalsın deyə hamını bir təsərrüfat yaz.

–Sonra deməzsən ki, aldatdım?

Baloğlandan səs çıxmadı. Şahmar əsəbləşdiyindən gülümsəyib telefonu söndürdü.

–Mənim hökumətimə bir bax. İcazə yoxdu təsərrüfatdan ayırmağa, icazə yoxdu… Bəs doxsan yaşlı qoca arvadı gətirib bizim təsərrüfata birləşdirməyə icazə var?

Ayaz Şahmarın üzünə baxırdı.

–Nə gözünü döyürsən? Yaz ki, tək təsərrüfatdı. Qoy arvada ayrıca ev tikib versinlər. Dədə yurdunu bərpa etməliyik, ya yox? – Sözünə bir az ara verdi, Baloğlanla danışıqdan sonra özünə gələ bilmirdi, əsəbdən dodaqları səyriyirdi. – Şahmar ancaq sizə lazım olanda yada düşür. Nə vecinizədi. Deputatınızı seçib oturmusunuz. Şahmar beş il yada düşməyəcək.

–Bunun anketə nə dəxli var?

–Dəxli odur ki, Şahmarı ancaq onlara lazım olanda axtarırlar. Deputat seçkilərində gündə az qala beş dəfə zəng vururdular. “Şahmar, amanın bir günüdü, filankəsə də de, bir səs də qənimətdi!” İndi noldu? Şahmarın adını telefonuna yox, heç it dəftərinə də yazmayıblar.

–Baloğlanın başın burax, de görüm, Firuzə arvadın təsərrüfat məsələsinə nə yazaq?

–Tək təsərrüfat, tək ev. Başqa cür ola da bilməz. Madam ki, Allah-taala Əzrayılı Füruzə arvadın canını almağa göndərməyib, deməli, hələ o yaşamalıdır. Yaşaması üçün də evi olmalıdır.

–Day, yaşını yaşayıb, dişini dişəyib. Bundan sonra geridə qalanı yox ki, gözü yollardan yığılmasın.

–Bıy, başıma xeyir! – Füruzə arvad elə bil yatmışdı, ayıldı. – Bəs o yurda bu külfəti kim qaytaracaq? Mən hələ sənin gəlinlərinə döşək salmağı, yorğan sırımağı öyrətməliyəm. Sac asmağı, qavlrqa qavırmağı göstərməliyəm. Kirkirə çəkdirməliyəm. Qatığı necə çalmaq lazımdı, pendir tutmaq üçün qursağı heyvanın harasından kəsirlər, onu başa salmalıyam. Kəndin bir aləm işi var. Heyf deyil kənd həyatı. Yoxsa, gəlib yığışmışıq şəhərə, hər şey yaddan çıxıb. Bilirsən də Əzrayıl niyə gəlib canımı almır? Bunları özümlə o dünyaya apara bilmərəm. Kiməsə verib getməliyəm.

Araya sükut çökdü.

–Ayaz, – Şahmar dilləndi. – ordan sualları oxu, görək day nə yazıblar?

–Sual: “Öz kəndinizə qayıtmaq istəyirsiniz, yoxsa başqa kəndə?”

–Əlbəttə ki, öz kəndimizə. Başqa kənddə mənim nə azarım var?

–Öz kəndimizə. – Ayaz bunu təkrarlayıb klaviaturaları dingildətdi. – Qeyd elədim. Sonrakı sual: “Öz kəndinizə qayıtmaq mümkün olmadıqda, hara qayıtmaq istərdiniz; qonşuluqdakı kəndlərdən birinə, yaxınlıqdakı qəsəbəyə, yoxsa rayon mərkəzinə?”

–Ay bala, mən heç nə başa düşə bilmirəm. Bizi erməni otuz ildir ki, didərgin salıb, dədə-baba yurdumuza həsrət qoyub. İndi də hökumətin bu sorğu-sualı heç xoşuma gəlmir. Necə yəni öz kəndinizə qayıtmaq mümkün olmadıqda..? Bəyəm torpaqların hamısı alınmayıb ki?

–Ay arvad, özün də deyirsən ki, dünyagörmüş adamam. Bu anket bir sənin üçün nəzərdə tutulmayıb ki… Ümumidir, hamı üçündür. Xudafərində Araz çayının qabağın kəsiblər, su-elektrik stansiyası tikiblər. O taylı-bu taylı on-on beş kənd qalıb suyun altında. İndi həmin kəndlərin sakinlərini hökumət neyləməlidi; qaytarmalıdı, yoxsa Bakıda saxlayıb buraxmalıdı taleyin ixtiyarına?

–Yox!

–Əlbəttə, yox. Odur ki, yerli-yataqlı soruşur. Deyir görüm qonşu kəndlərdə yaşamaq istəyirlər, yoxsa şəhər həyatına öyrəşdiklərindən qalıb rayon mərkəzində yaşamağa üstünlük verirlər. Bir də elə kəndlər var ki, yeddi-səkkiz evdən ibarət olub. Həmin kəndləri yenidən bərpa etməyin nə mənası var?

–Niyə elə deyirsən? Ay bala, hər quşa, hər heyvana öz yuvası əziz olan kimi insana da öz evi, öz kəndi doğmadır.

–On dəfə imama ağlıyanda, bir dəfə də yezidə ağlamaq lazımdı, deyiblər. Bu hökumət anası ölmüşün anası yoxdu deyə elə hamı özünü fikirləşir. Bir dəfə də hökuməti fikirləşin də…

–Hökumətlik burda nə iş var?

–Çox iş var. Məktəb tikilməlidi? Tikilməlidi. Kitabxana, dükan, klub, poçt, tibb məntəqəsi… Neçə ildi örüş xamlıyıb, indi oralarda ilan əlindən tərpənmək olmur… yəqin.

–Yaxşı, o sual mənlik deyil, keç o biri suala.

Ayaz kompüterin ekranına baxdı.

–Qayıdanda hansı sahədə işləmək istərdiniz, dövlət idarə və müəssisələrində, özəl sektorda, yoxsa fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olardınız?

–Əla sualdır. – Şahmar müdaxilə etdi. – Ancaq bu sual da sənlik deyil. Doxsan bir yaşında…

–Doxsan üç. – Füruzə arvad düzəliş etdi.

–Olsun doxsan üç. – Şahmar razılaşdı. – Doxsan üç yaşında arvad bundan sonra gedib dövlət idarəsində süpürgəçi işləməlidi? Bu anketi hansı savadsız hazırlayıb, görəsən? Uzaq başı toyuq-cücə saxlaya bilər.

–Fərdi sahibkarlıq deyəndə yəqin elə onu nəzərdə tutublar. Fərdi sahibkarlığa bax ha…

Ayazın bu düzəlişinə hamısı gülüşdülər.

–Keç o biri suala. – Şahmar qəti fikrini bildirdi. – Bu sual nə nənəmlikdi, nə arvadlıq, nə də mənlik. Biz pensioner adamlarıq; istiyir altmış altı-yetmiş yaşlı arvad-kişi olsun, istiyir doxsan üç yaşlı qoca qarı.

–Nənə təndirin yeri yadındadı?

–Niyə yadımda deyil, ay bala. Bayaq yorğan-döşək deyəndə, təndir də dilimin ucundaydı. Təndirsiz kənd olar. Allaha yalvarmışam, maa möhlət versin. O kənddə bir təndir quracam, çörəyinin dadı ellərə yayılsın. Şəhərə gələndən çörək dadı nədi, bilməmişəm. – Burnu ilə nəfəs aldı. – Oxxay, uzaq keçmişdən burnuma çörəyin iyi gəldi.

–Bəlkə, Dəmirlə əlaqə saxlayaq? – Ayaz təklif etdi. – Bir aydan çoxdur ki, danışmırıq. Görək onlar nə deyir? Belə bir anketdən xəbərləri varmı?

–Hə, yaxşı olar. Əvvəllər tez-tez danışırdıq. – Zərnigar onun sözünə qüvvət verdi.

–Amerika ilə buranın arasında doqquz saat fərq var. İndi onların iş-gücünün qızğın çağıdı. – Şahmar etiraz etmək istədi.

–Elə əsl vaxtıdı. İndi yəqin ki, nahar fasiləsindədirlər. Çörəklərini yeyib dincəlirlər.

–Zərnigar elə dedi ki, elə bildim Dəmir nobata gedib. Heyvanı yığıb Pəyə dərəsinə mağala, iştahla çörəyini yeyir. – Füruzə arvad sözündən qalmadı.

Şahmar telefonu götürüb zəng vurdu. Bir neçə dəfə zəng gedəndən sonra ekran açıldı və Dəmir görüntülü danışmağa başladı:

–Bayramınız mübarək. – dedi. – Nə yaxşı hamınız bir yerdəsiniz?

–Bayramın mübarək. – Şahmar cavablandırdı. – Həm bayrama görə yığışmışıq, həm də hökumət anket göndərib, onu doldururuq.

–Mənim də qabağıma çıxdı, fikir vermədim. Burda hökumətin adından elə gic-gic sorğulara əhəmiyyət vermirlər. Burda hər kəs özünə bir hökumətdi. Yaxşı nə deyirlər?

–Soruşurlar ki, kəndə getmək istəyirsən, ya yox?

–Hələ gedən olmuyub?

–Yox!

–Niyə?

–Otuz ildi erməni buraxmırdı, indi də özümüzünkülər.

–Nə deyib buraxmırlar?

–Deyirlər ərazi minalıdı, olmaz. İnfrastruktur yaradılmalıdı. Sonra kəndlər bərpa olunmalıdı. Sonra da… nə bilim, daha nələr, nələr.

–Eşitdim bir kənd tikməyə başlayıblar.

–Hə. Adına “Ağıllı kənd” deyirlər.

–Bəs o biri kəndlərin taleyi necə olur?

–Hələ müzakirə aparırlar.

–Yəqin gözləyirlər ki, o biri kəndlər də “ağıllansın”, sonra tikintisinə başlasınlar.

Əlaqə kəsildi. Telefona zəng gəldi. Baloğlan idi.

–Şahmar, – odlu-alovlu danışırdı, çox həyəcanlıydı. – İndicə başçının köməkçisi ilə danışdım. Deyir anketləri düz doldurun. Konkret orda nə sual qoyulub, qısa cavablandırın; hə, yox. Artıq-əskik heç nə. Sizin taleyiniz o anketdən asılı olacaq. Hökumət bəyənsə, dədə-baba yurduna qaytaracaq, bəyənməsə, ömrü boyu o yerlərə həsrət qalacaqsınız.

Şahmarın rəngi də əhval-ruhiyyəsi kimi qaraldı. Bayram əhvalına toplaşan külfət onun rəngindən anladı ki… hələ çox var.

Sərhədçi zabitin etirafı

Sərhəd zastavasına yeni gəlmişdim – iki həftəm tamam olardı, ya olmazdı. “Baş leytenant” hərbi rütbəsini almağım xəbərini də elə yeni xidmət yerində eşitdim. Sevincimin həddi-hüdudu yox idi. Sərhədçi kimi ilk zabit rütbəsinin sevinci ayrıydı, buna oxşamırdı; “baş leytenant” hərbi rütbəsinin sevinci isə bambaşqadı, sözlə ifadə etmək çox çətindi, hisslərini büruzə verməyə çalışsan da, yenə ürəyinin füsunkar guşələrində məskən salmış şadlığını əyan edə bilməzsən. Bir sözlə: bu fərəhi yaşamaq lazımdır!

Elə həmin ərəfədə zastava rəisi kapitan Babək Kərimov ailə vəziyyəti ilə əlaqədar ongünlük məzuniyyətə çıxdı. “Sən burdasan də, özü də baş leytenantsan daha” deyib məni bir az da məsuliyyətləndirdi. Onun belə tez məzuniyyətə getməsi heç ürəyimcə olmadı, elə bil mənim gəlişimi gözləyirmiş. Mən hələ öz vəzifəmin icrasını tam miqyasda həyata keçirməyə öyrəşməmişdim, zastavanın mühafizəsi altında olan çox geniş ərazi və şəxsi heyət barədə dolğun məlumatlara yiyələnməmiş, zabit paqonu daşıyan kövrək çiyinlərim üzərinə daha böyük bir vəzifənin məsuliyyəti yüklənmiş olurdu. Eybi yoxdu, işimin öhdəsindən layiqincə gəlmək üçün çalışacağam, gərəkdirsə, günün iyirmi dörd saatının iyirmi dördünü də göz qırpmadan işləyəcəyəm.

Zastavada rəis heyətində bir gizir də vardı – İslam Həsənov. Xaraktercə çox mülayim insan idi, başıaşağıydı, amma iradəsindən dönməzdi, fiziki cəhətdən də güclüydü. Bəs necə?! Hər ikimiz əsl sərhədçi necə olmalıydısa, eləydik. Rəis də öz yerində.., onu xarakterizə eləmək vacib deyil.

Əsgər və çavuşlarımız da yaxşı hazırlıqlıydılar, vətən naminə gözlərini qırpmadan div boyda düşmənin üstünə cumardılar. Zastavada intizam da yüksək səviyyədəydi. Sərhəd Qoşunları Akademiyasında, sonra da Dəstə qərargahında gördüyüm intizamın, ucqar bir zastavada da eynisinin şahidi olduğumdan xidmətimdən çox razıydım. Sözəbaxmayan, intizamsız, tənbəl əsgər “tərbiyə eləməyə” vaxtım sərf olunmayacaqdı, ən əsası da indiki halda əsəblərim korlanmayacaqdı. Düşdüyüm vəziyyətdən, türklər demişkən, məmnundum. Bircə zastava rəisinin belə tez, mən yeni xidmət yerində uyğunlaşmamış məzuniyyətə getmək məsələsi olmasaydı…

Zastava, əlbəttə ki, dövlət sərhəddində yerləşirdi, amma hansı dövlətlə və hansı ərazidə, məncə, bunun bir o qədər də əhəmiyyəti yoxdur. Müdafiə elədiyimiz ərazi həm qurudan, həm də sudan ibarət idi. Maşınlarımızla, atlarımızla bərabər motorlu qayıqlarımız da vardı. Elə bir yerdəydik ki, meşə də vardı, dəniz də, bataqlıq da. Özü də bəzən meşə dənizin içinə uzanırdı, bəzən də dəniz meşənin… Bəli! Çox qəribə bir yer idi. İlin bəzi vaxtlarında dənizin suyu qalxır, sahilə yaxın qamışlı bataqlıqları basaraq meşənin içərilərinə girirdi. Elə vaxtlar da olurdu ki, su çəkilirdi, meşə öz yerində qalırdı, dənizin yerində də boy vermiş qamışlı bataqlıqlar erkək qurbağaların qurultusuna züy tuturdu. Bu zaman ərazidə xidmət təşkil eləmək çətinləşirdi. Çünki bataqlıq ərazini nə atla, nə də piyada mühafizə etmək mümkün deyildi. Gücümüzü mümkün qədər yaxında qaldırılmış sərhədçi qüllələrindən müşahidəyə yönəldirdik. Gecə və gündüz, bir an da olsa ərazini müşahidəsiz buraxmırdıq.

Zastavanın yaxınlığında bir kənd vardı – adına Zoroba deyirdilər. Kapitan Kərimov məzuniyyətə getməzdən əvvəl məni hərtərəfli məlumatlandırmışdı. Zastava ilə bərabər kənd camaatı haqqında da nə lazımdırsa, söyləmişdi.

Zoroba kəndi üç kəndin camaatının “tör-töküntüsü”ndən təşkil edilmiş bir yaşayış məntəqəsiydi, Sovetlər dövründə kolxoz quruculuğu ərəfəsində yaradılmışdı. Əsasən, xırda ticarətlə məşğul olanları, hökumət üçün əhəmiyyətli maneə törətməyənləri “kulak” damğası vuraraq Sibirə sürgünə göndərməyib, həmin kəndlərdən ayırıb bura yerləşdirmişdilər. Təsərrüfatı olmayan, mal-heyvan saxlamağı bacarmayan, əkin-biçin işlərini xoşlamayan insanları kollektiv təsərrüfatlarda çalışmağa cəlb etməyi mənasız bilmişdilər o vaxtın başbilənləri. Nə də yaxşı var-dövlətləri yox imiş ki, əllərindən alıb türməyə bassınlar. “Bic-bicəngədilər” deyib zorla gözdən-könüldən iraq bu yerə toplamışdılar. Elə zorla topladıqlarına görə də obanın adını Zoroba qoymuşdular. Kim çətin şəraitə duruş gətirə bilmişdi, ev olmuşdu, kim duruş gətirə bilməmişdi, köçüb getmişdi. Kapitan Kərimovun dediyinə görə, o vaxtkı cığal-cüvəllağa camaatdan indi əsər-əlamət qalmamışdı. Camaat əməklə dolanırdı, bir-iki nəfər də balıqçılıqla məşğuldu. Onlardan da elə bir pis əməl gözləmirdilər. Bircə Nailə adlı yekəpər qoca arvaddan gözləri su içmirdi.

Nailə arvadın babası Nəriman kişi o vaxt burda duruş gətirməmiş, yuxarıdakı kəndlərinə qayıtmışdı. Kolxoz sədri onu zorla kənddən qovmaq istəyəndə elə kolxoz tövləsinin qabağında günün günorta çağı qəməni çıxardıb sədrin qarnına soxmuş:

–Adam bu qədər nankor olmaz. Nəsilliklə babamın qapısında yallanıb ağ günə çıxmısınız. İndi də onun mal-heyvanı hesabına kolxoz qurub dolanırsınız. Məni öz kəndimdə sakitcə yaşamağa qoymayacaqsınız? – demişdi.

Ağsaqqallar yığışıb Nərimanı başa sala bilmişdilər ki, daha bunun o tərəfi yoxdur, hökumət gəlib qandallamamış aradan çıxsa yaxşıdır.

–Çıxım hara gedim? – Nəriman kefsiz-kefsiz soruşmuş, elindən, obasından ayrılmağın necə əzablı olduğunu bildirmişdi, papağını yerə çırparaq zırın-zırın ağlamışdı. – Ay camaat, mənim sizdən başqa kimim var axı?!..

–Çarən yoxdur. O taya adla. Ora da bizim vətənimizdir, millətimizin yarıdan çoxu o tayda yaşayır. Sonralar ara sakitləşər, imkan olar, qayıdarsan, olmaz da orda evlənər, ailə-uşaq sahibi olarsan. Biz də imkan daxilində burdakı ailənə həyan durarıq. İndi neyləyək ki, belə bir quruluşa ürcah olmuşuq… – demiş, təskinlik verməyə çalışmışdılar.

Nəriman qəməsini qanlı-qanlı qınına qoyub elə o gedən getmişdi, heç dönüb gözünün ucu ilə də dala baxmamışdı. Yalnız Sovet hökuməti dağılhadağılda ondan xəbər tutmuşdular. Sən demə, Nəriman o tərəfə keçəndən sonra lap uzaqlara basıb gedibmiş. Heç kim xəbər tutmasın deyə bir müddət Culfa tacirlərinə qoşulub. Sonra Kəleybər bölgəsində dükan açıb, Tüəli kəndindən Sona adında əri ölüb dul qalmış sona kimi gözəl bir gəlinlə evlənibmiş. İki oğlu, bir qızı olub Nərimanın. Onlardan da biri hürriyyətçilik dövrü gəlib axtarıb və Nərimanın bu tayda qalan nəvəsi Nailə ilə Seymuru tapıb.

Nailə əri öləndən sonra tək yaşayırdı. Oğlanları Qarabağ müharibəsi təzə-təzə qızışan vaxtlarda çıxıb Rusiyaya gediblər və bir daha geri qayıtmayıblar. Aybaay analarına pul göndəriblər, pulunu heç vaxt əskik eləməyiblər. Nailə arvad da oğlanlarının hesabına bəy balası kimi dolanıb, bu neçə illərdə heç nədən korluğu olmayıb. Nailənin dələduz qardaşı Seymurun da Rusiyaya getdiyini deyirdilər. Amma hərdən orada-burada görənlər onun Rusiyaya getdiyinin yalan olduğunu yaymışdılar. Görənlər onun orda-burda gizləndiyini, qara-qura işlərlə məşğul olduğunu bilsə də, çox şeyi açıb-ağartmırdı.

Babək məzuniyyətə gedəndə bəzi olanlar barədə mənə danışdı. Əslində, kənddə olan qara-qura işlər mənim vecimə də deyildi, bunun üçün polis, sahə müvəkkili məsuliyyət daşıyırdı. Biz ölkənin sərhəddini möhkəm qorumalıydıq ki, qaçaqmalçılar sərhəddi pozub ağ ölüm-qara ölüm deyilən zibillərdən gətirərək xalxın gül kimi balalarını zəhərləməsinlər. Bu barədə son vaxtlar hər yerdə həyəcan təbili döyəclənirdi, efirlərdən də daha çox danışılırdı, nəhayət, mən də ehtiyatlanmağa başlamışdım.

Ertəsi gün mərkəzdən gələn teleqram məni özümdən çıxartdı. Teleqramda yazılmışdı:

“Xeyli müddətdir qonşu ölkənin vətəndaşı ilə əlaqədə olub ölkəyə qaçaqmalçılıq yoluyla narkotik maddələr daşıyan bir nəfər tərəfimizdən izlənilir. Həmin adamın sizin rəhbərlik etdiyiniz zastava ərazisindən keçdiyi, yaxud da əraziyə yaxın yerlərdə fəaliyyət göstərdiyi müəyyənləşdirilməlidir. Məsələnin tam olaraq araşdırılması üçün komissiya tezliklə bölgəyə yollanacaq. Qarşılamağa və hərtərəfli kömək göstərməyə hazırlaşın”.

Məsələ göründüyündən də ciddi və maraqlı idi. Obyektin mövcudluğundan, hətta qonşu ölkədə hansısa obyektlə görüşdüyündən, qaçaqmalçılıq yoluyla ölkəyə narkotik maddələr daşınmasından xəbərdar olan mərkəz nədən onun haradan keçdiyindən xəbərsizdir və dərhal yerindəcə, iş başında tutub qandallamırlar? Bəlkə…

Şübhələr və gümanlar çox idi, amma onların heç birinin əhəmiyyəti yox idi. Qoy, bununla axıradək mərkəz məşğul olsun. Biz isə öz vəzifə borclarımızı yerinə yetirməliyik – özü də ləyaqətlə. Odur ki, Nailə arvadı zastavaya gətirmək və dərhal əməliyyata başlamaq haqqında qərar verdim. Bu barədə Dəstə qərargahını məlumatlandırmaq istədim. Başqa cür ola da bilməzdi. Amma nə deməliydim? Deməliydim ki, zastava yaxınlığında yerləşən kənddə şübhəli adam var? Özü də qoca arvad – yaşı yetmişi çoxdan adlamış qoca arvad… İcazə verin, gedim onu zastavaya gətirim, danışdırım… Mənə gülməzdilərmi? Mən özüm Dəstə qərargahında növbətçi olsaydım və hansısa zastavadan belə bir məlumat alsaydım, qəşş eləyib gülməzdimmi? Yox, bu cür yanaşma işə yaramazdı. Dəstə qərargahında mənim qərarımı heç kim dəstəkləməyəcəkdi, mən də gülünc vəziyyətə düşəcəkdim. Uzaq başı başlarından atacaqdılar. Deyəcəkdilər ki, kəndin sahə müvəkkili var, onun nəzərinə çatdır, qoy, o, öz işi ilə məşğul olsun. Sahə müvəkkili heç yerində tapılırdı ki, öz işi ilə də məşğul olsun… Bəlkə belə çox da böyük olmayan kəndin heç yerli-dibli sahə müvəkkili olmayıb?! Nə isə… Məsələ uzanacaqdı və mərkəzdən əməliyyat – istintaq qrupu gələnə kimi heç bir nəticə əldə edə bilməyəcəkdik.

Bütün günü əməliyyat planlaşdırdım, edəcəyimiz hərəkətlərin bütün detallarını incələdim, dönə-dönə götür-qoy elədim. Bu, mənim üçün Sərhəd Qoşunları Akademiyasının sonuncu kursundakı dövlət imtahanlarına hazırlıq deyildi, döyüş əməliyyatına atılmaqdı. Həm də mənim üçün hərbi döyüş yetkinliyinə ilk imtahan idi. Lovğalanmaq istəmirəm, sadəcə özümə çox arxayındım, əməliyyatın öhdəsindən gələcəyimə inanırdım.

Dəqiq mənbədən məlumat əldə etmişdik ki, Seymur bacısı Nailənin evinə məhz bu gecə gələcək. Amma hansı saatda, haradan gələcəyi bəlli deyildi. O, axşamdan da gələ bilərdi, gecə yarısı da, səhərə yaxın da… Güdmək, səbrlə oturub onu gözləmək lazımdı.

Həmin axşam şər qarışan kimi Nailəni zastavaya gətirtdim. Onun evi kəndin qırağında yerləşirdi, odur ki, qonşulardan heç kim bundan xəbər tutmadı. Əvvəlcə onunla adi söhbətlər apardıq, başını qatmaq, vaxt udmaq lazımdı. Bu müddət ərzində göndərdiyim adamlar onun evində axtarış həyata keçirdilər. “Xoşbəxtlikdən” evdən şübhəli heç nə; nə patron, nə silah, nə də narkotik maddə çıxdı. Bircə Nailənin döşəyinin altından onminlik İran pulunun – özləri Xomeyni deyirlər – bir parçası tapıldı. Orada da adi bir adamın adı yazılmışdı, görünür Seymur o tərəfdə bu adla tanınır, ya da görüşdüyü adamın adı belədir.

Elə ki, bu, kara gələsi lap kiçik məlumatı aldıq, Nailəni sıxışdırmağa başladıq, başqa çarəmiz yox idi. O, hər şeyi açıb özü deməliydi. Nailə isə yenə də müqavimət göstərməkdə davam edirdi.

–Görərsiniz… siz hələ məni yaxşı tanımırsınız… oğlanlarım qubernatorun müavini ilə şərikdilər… onlar bilsələr… bir zəng ilə kitabınızı bağlatdıracaqlar… – deyib bizə hədə-qorxu gəlirdi.

Artıq geriyə yol yoxdu, əməliyyat başlanmışdı və axıra qədər aparılmalıydı. Pusquya özüm gedəsiydim. Hər ehtimala qarşı zəng vurub qonşu zastavanın rəisi ilə əlaqə saxladım:

–Sizdə nə var, nə yox? Təzədən… köhnədən…

Öyrəndim ki, onlar da mühafizəni ciddi rejimdə təşkil ediblər. Mərkəzdən bizə gələn teleqramdan biri də onlara gəlib, özü də eyni məzmunda… Barmağımı dişlədim, deməli mərkəz bizi hədəfə götürüb. Bəlkə də haradan narkotik maddələr keçirildiyini dəqiq bilmirlər. Hardansa eşidiblər, şübhələnirlər. Komissiya adı altında əməliyyat qrupu bu işi araşdırmağa gəlir. Qoy, gəlsin. Onlar gəlib öz işini görənə kimi mən də başladığım əməliyyatı yekunlaşdıracağam.

–İnşallah! – deyib qalxdım.

Çavuş Əlixanovu da özümlə götürdüm. Zastavanın ən mükəmməl manqa komandiriydi. Babəkin dediyinə görə, Əlixanov bir neçə dəfə sərhəd pozucusunun tutulmasında iştirak etmişdi. Əlbəyaxa döyüş qaydalarını yaxşı bilirdi, məşq zamanı tətbiq etmək məharətini göstərirdi, bu isə sərhədçi üçün çox vacibdi.

Biz Nailə arvadın evinə çatanda kənddə çoxu yuxuya getmişdi. Evlərdə işıqların sönməsindən bunu müəyyənləşdirmək olurdu. Evə çathaçatda narın yağış yağmağa başladı. Bu işin xeyrinəydimi, ziyanınaydımı, deyə bilmərəm. Yağışlı hava sərhədçi üçün arzuolunmazdı, çünki yağış bütün izləri yuyub aparırdı. Amma bizim üçün bunun əhəmiyyəti olmamalıydı. Axı biz “sərhəd pozucusu”nu meşədə, təbiətin qoynunda deyil, evdə tutmağa hazırlaşırdıq. Deyəsən, yağışın yağması əməliyyatın xeyrinə olacaqdı. “Sərhəd pozucusu” təbiətin qoynunda çox yubanmayacaqdı. İslanmamaqdan ötrü tez özünü evə yetirəcəkdi.

Nailə arvadın qara-qura işlərdə əlinin olması mənim diqqətimi necə çəkmişdi?

Zastavaya gəldiyim ilk günlər ərazini gəzib qayıdırdıq. Kəndin qırağı ilə keçəndə su içmək istədik. Yaxınlıqdakı həyətə boylandıq. Həyətində nə bulaq, nə də quyu gözə dəyirdi. Qoca qarı bostanda işləyirdi.

–İçməyə su verərsənmi? – Mən səsləndim.

Arvad bir söz demədən divarın dibində qoyulmuş çəlləyə yaxınlaşdı. Biz də qapalağı açıb həyətə keçdik. O, sarımtıl stəkana su doldurub mənə uzatdı:

–Al, iç, – dedi.

Qeyri-adi stəkan yerli istehsal deyildi – bu, mənə maraqlı gəldi. Suyu içib stəkanı arvada qaytaranda çəlləyin yanındakı qəzet parçası diqqətimi çəkdi. Ərəb hərfləri ilə yazılmışdı, şəkil isə Tehranda çəkilmişdi. Bu qəzet qoca arvadın evinə hardan gəlib çıxa bilərdi? Özümü saxlaya bilmədim, soruşdum:

–Bu qəzet sizdə hardandır?

–Yadımda deyil, – Qoca arvad təmkinini pozmadan dərhal cavab verdi, – Gərək ki, meşədə xəzəz yığanda tapmışdım.

Onun hazırcavablığı və mənim diqqətimi yayındırmağı şübhələrimi bir az da artırdı. Babəklə bu barədə söhbət zamanı o da mənə aydın oldu ki, qardaşı Seymurun qara-qura işlərlə məşğul olması və tez-tez Nailə arvadla əlaqə saxlaması onlara çoxdan bəllidi. Amma gedib kənddə adam güdməyəcəkdilər ki? Sərhəd zolağına yaxın məsafədə isə Seymuru, ya da Nailəni heç vaxt görməmişdilər.

…Evdə hər ehtimala qarşı qapını açıq qoyduq ki, Seymur gələndə onu görə bilək. Mən Nailə arvadın çarpayısının altına adyal salıb üstünə uzandım. Buradan qapını müşahidə etmək daha asan idi. Əlixanov isə qapıya yaxın küncdəki çarpayının altına girdi. O, mənim işarəmlə hərəkət edəcəkdi.

Nailə arvadın çarpayısı sobanın yanındaydı. Otağın ortasında da stol qoyulmuşdu. Stolun üstündəki lampanı da yandırdıq ki, Seymur birdən evdə işıq olmadığını görüb şübhələnər, gəlməz.

İndi sakitcə marıqda oturub ovçü ovu gözləyən kimi onu gözləməliydik. Seymur nə vaxt gələcəkdi, onu özündən başqa heç kim bilməzdi.

Beləcə, bir saat keçdi. Hələ ki sakitlikdi. Necə lazımdır, eləcə də uzanmışdıq. Silahı üzü qapıya tərəf hazır vəziyyətdə tutmuşduq. Ev şəraitində mümkün olan qədər gizlənmişdik və müşahidəmizi aparırdıq. Belə hallarda necə olmaq lazımdır – sakitcə uzanmaq, imkan daxilində çalışıb tərpənməmək, o üz-bu üzə çevrilməmək, öskürüb, asqırıb səs çıxarmamaq, lap astadan nəfəs almaq, sözsüz ki, siqaret çəkməmək… Bütün bunlara əməl etmək, əlbəttə ki, ağırdı. Amma nə etməli? Əməliyyatın şərtləri belə tələb edirdi. Odur ki, cınqırımızı çıxartmadan uzanıb gözləyirdik.

Daha bir saat keçdi. Əlixanov siqaret çəkmək üçün icazə istədi.

–Daha dözə bilmirəm, lap ciyərim yanır, – dedi.

İcazə verdim. O, çarpayının altından çıxmadan siqaret yandırıb yanıqlı-yanıqlı sümürdü. “Viceroy”un tüstüsü otağı bürüdü. Sanki indi hiss etdim ki, bu otaqda heç vaxt siqaret çəkilməyib. Birdən yadıma düşdü ki, bu kəndin adamları ümumiyyətlə siqaret çəkmirlər. Ölkədə görünməmiş işdi. Babək deyirdi ki, Baharlının Sobu, Xudafərinin Şamlı, bir də Borodigahın Zoroba kənd camaatı siqaret çəkməz. Doğrusu, bunu mən ilk dəfəydi eşidirdim.

Əlixanova siqareti söndürməyi tapşırdım. O, dərhal siqareti söndürdü. Ancaq bunun heç bir əhəmiyyəti yox idi. Siqaretin tüstüsü aclıq çəkən divarlara elə hopmuşdu ki, tezliklə çəkilib getməyəcəkdi. Kənardan gələn bunu mütləq hiss edəcəkdi, o da ola ki, ömründə siqaret çəkməyə…

Məni nə vaxt yuxu tutubsa, bir də xoruzların banlamasına oyandım. Otaq qapqaranlıq idi. Qapıdan çölə baxdım, elə çöl də zülmət qaranlıqdı. Lampa da yanmırdı, yəqin ki, kerosini qurtarıbmış. Diqqətlə dinşədim – heç bir səs-səmir gəlmirdi. Əlixanov böyrü üstə uzanıb mənə baxırdı, gözüm qaranlığa öyrəşən kimi onu gördüm. Deməli, hər şey qaydasındaydı, “ov” hələ gəlməyib.

Diqqətlə dinşədim, kənddə lap qulaq quqquldayırdı, ətrafdan heç bir səs-səmir gəlmirdi, hətta divarın dibi ilə hərəkət edən cücülərin də tıqqıltısını eşidirdik. Çarpayının altından çıxdım. Lampanı odlamaq üçün alışqanı yandırdım.

–Yoldaş baş leytenant, saxlayarsınız. – Əlixanovun pıçıltısına gülməyim gəldi, yazıq elə bilib ki, siqaret yandırıram, lap ürəyi gedirmiş.

Lampa yandı, tez də söndü, həqiqətən kerosini qurtarıbmış, şüşənin qaralmasından da bunu hiss etmək olurdu. Siqaret yandırıb yerimə qayıtdım. Şinelin üstündə arxası üstə, ya üzüqoylu yerdə uzanmaq, özü də bir neçə saat hərəkətsiz qalmaq Allahın əzabı imiş, bütün əzalarım sızıldayırdı. Siqareti yarıya qədər çəkib Əlixanova tərəf tulladım. O, çarpayının altından əlini uzadıb göydə tutdu, yerə düşməyə imkan vermədi. Zalım oğlu siqareti elə sümürürdü ki, közü az qalırdı otağı işıqlandırsın. Yazığın, doğrudan da ciyəri yanırmış. Siqareti bir anın içində çəkib qurtardı.

Yenidən qapıya boylandım. Səma aydınlaşmaq istəyirdi. Hardasa səhərə yaxın olardı, saata baxmasam da təxmin etdim ki, beşi keçib.

Uzanıb gözləməkdən axır ki, bezdim. Səbrim tükənmək üzrəydi. Kiməsə hesabat verməli deyildim ki… Öz əməliyyatımdı, özüm qurmuşdum. Alınmadı, alınmadı da… Nə etməliydim? O qədər belə əməliyyatlar boşa çıxıb…

Nəhayət, son qərara gəlib özümə söz verdim. Minə qədər sayıram. Seymur gəldi, gəldi… gəlmədisə, pusqudan çıxıb zastavaya qayıdırıq. Nə olar, olar…

Təsəvvür edirsinizmi? İki yüzü təzəcə keçmişdim ki, qapalaq sakitcə açılıb örtüldü. Saymağı da, harda qalmışdım, onu da unutdum. Bu kim olar? Bəlkə zastavadan bizim dalımızca gəliblər? Bəlkə kimsə yuxarıdan məni axtarır? Telefonda kiməsə cavab verməliyəm?

Hiss edirdim ki, o, qapıya yaxınlaşır. Diqqətim həm qapıdaydı, həm də Əlixanovda. Əlixanov da tez-tez gah mənə baxırdı, gah da qapıya. Deyəsən, gözlərimdəki həyəcanı hiss etməkdəydi, yavaş-yavaş çarpayının altından çıxmağa hazırlaşırdı.

“Qonaq” qəfildən qapıda peyda oldu – div boydaydı, bədheybətə oxşayırdı. Bu, bəlkə də çarpayının altında uzanılı vəziyyətdə olduğumdan mənə belə görünürdü. Boyu, hardasa iki metrə yaxın olan “qonaq” lap Mazandaran pəhləvanının özüydü ki, üstümüzə atılmağa hazırlaşırdı. Çox güman ki, ikimiz onun öhdəsindən gələ bilməyəcəkdik. Silah işlətmək lazım gələcəkdi. Diqqətim qapıda olduğundan Əlixanova heç bir işarə verə bilmirdim.

O, bir neçə saniyə qapıda dayanıb içərini dinşədi. Nəfəs almasından bilmək olardı ki, içəridə siqaret çəkildiyini hiss edib. Boğuq siqaret tüstüsünə qarışmış nəm kif iyini aram-aram ciyərlərinə çəkirdi. Evdə adam olduğunu lap mağarasına qayıdan ayı kimi duymuşdu, buna zərrə qədər şübhəm yoxdu.

Ehmal addımlarla içəriyə girdi. Qapıda bir dəqiqəyə qədər dayandığı zaman gözləri içərinin alatoranlığına öyrəşmişdi. Düz mənə tərəf gəlirdi. Gözləyirdim ki, yaxınlaşsın, lap çarpayının yanına gəlsin. Ayağından çəkib yerə yıxacaqdım. Sonra da əllərini bağlayıb zastavaya aparacaqdıq. Orada danışdırmaq asan olacaqdı. Haradan gəlir, o tayda-bu tayda kimlərlə əlaqədədi, narkotik maddələri kimdən və necə alır, kimə ötürür… Kefim durulmağa başlamışdı. Bunları zastavada araşdıracaqdım…

Birdən Əlixanov çarpayının altından çıxıb şir kimi onun üstünə atıldı. “Qonaq” sanki bunu gözləyirmiş. Harasındansa çıxartdığı bıçaqla Əlixanovu vurub bayıra qaçdı. Əlixanov harasınısa tutub yerə yıxıldı.

–Off!!! – deyib inildədi, onun iniltisi ürəyimin başını sızıldatdı.

–Nooldu? – Sıçrayıb çarpayının altından çıxdım.

–Heeççç… Vurdu məni… Qolumdan. – Əlixanov dedi.

Bir an belə vaxt itirə bilməzdim, “qonaq” qaçıb aradan çıxacaqdı. Odur ki, Əlixanovun yaralanmasına qalıb yardım edə bilmədim, qaçanı tutmalıydım.

O, evdən çıxıb qapalağa tərəf yox, həyətin aşağısında vurulmuş ot tayası istiqamətində götürüldü. Təxmin etdiyim kimiydi.

Nailə arvadın həyətində diqqətimi çəkən ilk yer elə ot tayası olmuşdu. Orda nə desən gizlətmək olardı. Mən də fürsəti əldən verməyib hər ehtimala qarşı çavuş Nağıyevi ot tayasında gizlətmişdim. Bundan heç Əlixanovun da xəbəri yox idi.

“Qonaq” ot tayası istiqamətində qaçanda Nağıyev onu hədəfə aldı. Yaxınlaşanda gizləndiyi yerdən çıxıb onun üstünə cumdu və çatması ilə bir badalaq atdı. Bədheybət səndərlədi, az qaldı ki, yıxılsın, amma yıxılmadı. Cəld ot tayasının üstünə qalxıb həyətdən çölə tullandı.

Bir dəqiqə belə gözləmək olmazdı, arxasınca qaçmalıydım.

–Nağıyev… Əlixanov yaralıdır… Ona kömək elə… Zastavaya çatdır…

Qaça-qaça bircə bunları deyə bildim. Artıq məndə heç bir şübhə qalmamışdı. Bədheybət “qonaq”, çox güman ki, Seymur olacaqdı, olacaqdı yox, elə idi.

Seymur qaçır, mən isə arxasınca qovurdum. Hava xeyli işıqlaşmışdı. O, dənizə tərəf qaçırdı – dəniz isə hardasa iki kilometrlik məsafədəydi, əvvəlki yerindən içəriyə doğru xeyli çəkilmişdi.

Bir xeyli qaçmışdıq.

Seymur yavaş-yavaş qaçırdı, bəlkə də gözləyirdi ki, mən yaxınlaşım. Onun Əlixanov kimi hazırlıqlı çavuşu belə asan, özü də qaranlıqda, bir anın içində yaralaması məni ehtiyatlı olmağa vadar edirdi. Təkbaşına onun öhdəsindən gələ bilməyəcəkdim. Avtomatla vurmaq, hələ ki, heç ağlıma da gəlmirdi. Nə ad qoyub vurardım? Cinayətini isbat edə biləcəkdimmi? Onun üstündə bıçaq vardı, özü də insan qanına bulaşmışdı. Bu dəqiqə o, yaralı pələng kimiydi, ondan hər nə desən gözləmək olardı. Bəlkə tapançası da vardı. Yaxın məsafədən sərrast nişan alıb məni vura bilərdi. Odur ki, altmış-yetmiş metr məsafədən ardınca qaçmağıma davam edirdim.

Qəflətən o, dayandı.

–Gəl! – dedi. – Nə durmusan? Gəl, tut!

–Yerə uzan! – Özümü itirmədim, komanda verdim. – Təslim ol!

–Bircə onu görməyəcəksən…

Seymur bunu deyib götürüldü, İndi o, bayaqkından dəfələrlə sürətli qaçırdı. Mən də var qüvvəmlə qaçmağa çalışırdım. Dənizə lap az məsafə qalmışdı – iki, ya üç yüz metr olardı. Qamışlı bataqlıqların arası ilə qaçırdıq, onu gözdən qoymamağa çalışırdım. Bu bataqlıqlar dəniz çəkiləndən sonra əmələ gəlmişdi, gah gölməçə bataqlıq qamışla əhatə olunmuşdu, gah da qamışlar gölməçənin ortasında qalmışdı. Budur, lap dənizə yaxınlaşmaqdaydıq, altmış-yetmiş addımdan sonra gömgöy sudur. Elə bu an dənizdəki qayığı gördüm, o dəqiqə anladım ki, Seymuru gözləyir. Yoxsa Seymur niyə bura qaçıb gəlirdi ki? Başqa yerə də qaçıb gedə, orda gizlənə bilərdi. Qayıqda da bir adam oturmuşdu. Daha Seymuru buraxa bilməzdim, vurmaqla da olsa saxlamalıydım. Qayığa oturan kimi aradan çıxacaqdı, bir də heç vaxt onu tuta bilməyəcəkdim.

–Təslim olun! – Sanki nərə çəkib bağırdım və gözləmədən avtomatı işə saldım.

Güllələr sakit dəniz sahilini səsləndirdi, məni karıxdırdığı kimi qayıqçını da qorxutdu. Elə bu an mühərrik işə düşdü və qayıq sürətlə sahildən uzaqlaşdı. Dönüb baxdım ki, Seymur yoxdur.

Yox! O, qayığa çata bilmədi, buna yüz faiz əmindim. Qayıq onsuz getmişdi. Bəs onda Seymur hara yoxa çıxdı?

Elə bu vaxt sol tərəfdə daha iki qayıq göründü, sürətlə dayandığım yerin qabağına gəlirdilər. Diqqətlə baxdım, biri ayrılıb sahildən uzaqlaşmaqda olan qayığın arxasınca şütüyürdü, o biri isə mənə tərəf gəlirdi. Mənə tərəf gələn qayıq sahilin iki-üç metrliyində dayandı və qayıqdakılar düşüb sahilə çıxdılar. Dərhal tanıdım – onlar bizimkilər idi, Dəstə qərargahından gəlmişdilər. Xüsusi olaraq kəşfiyyatın rəisi mayor Fərmanovu tanıdım və cəld onu qarşılamağa qaçdım.

–Sən nə etdin? – O, məni dinləmədən məzəmət etməyə başladı. – Gül kimi əməliyyat qurmuşduq, naşılığınla onu pozdun. Biz onların ikisini də iş başında yaxalamalıydıq.

Heç nə demədim? Nə deməliydim ki? Əlimdə saz silah ola-ola ikisini də buraxmışdım, yoxa çıxmışdılar.

Mayor Fərmanovla gələn əsgərlər qamışlıqları axtarmağa başladılar. İndi yadıma düşdü ki, telefonu səssizlik rejiminə qoymuşdum. Cibimdən çıxardıb baxdım – səkkiz zəng cavabsız qalmışdı. Təcili gizir Həsənovu yığdım.

–Bəli, cənab baş leytenant!

Gizirin səsini eşidər-eşitməz komanda verdim:

–Zastavaya həyacan siqnalı ver. Sərhəd mühafizəsini gücləndir. Ehtiyat qrupu isə təcili bura göndər.

–Baş üstə!

–De, polis bölməsinə də xəbər versinlər.

Sözümü yekunlaşdırıb telefonu bağladım və səssizlik rejimindən çıxartdım.

On beş dəqiqədən sonra ehtiyat qrup gəlib çıxdı. Mayor Fərmanovla birlikdə geniş müstəvidə ətrafın axtarışını təşkil etdik.

Təxminən bir saatdan sonra rayon polis bölməsinin bir zabit və on iki nəfər polis çavuşu olmaqla əməliyyat qrupu gəlib çatdı. Onların gəlişi ilə qayıqda qaçmağa cəhd göstərən İran vətəndaşı da qayığı ilə bərabər tutulub gətirildi. Sərhəd pozucusu – İran vətəndaşı qısa sorğu-sual olundu. Qayıqda da heç nə yox idi, ya izləndiyini görüb dənizə boşaltmışdı, ya da Seymurla əvvəlcədən hardasa gizlətmişdilər.

–Babam, mən heç bir Seymur-zad tanımıram. – deyib dirəndi.

–Yaxşısı budur, xoşhaxoşluqla boynuna al. Yoxsa cəza tədbirlərinə əl atmalı olacağıq.

–Mən hər şeyi olduğu kimi deyirəm, zopa yemək istəmirəm. Mənə demişdilər ki, burda Cəfər adlı biri səni gözləyəcək. O taya çiyələk aparacaqdıq. Mən də gəlib burda gözlədim.

–Bəs niyə Seymuru görən kimi mühərriki işə salıb qaçdın?

–Mən heç kimi görmədim. Güllə səsi eşidib qaçdım.

–Malı hara boşaltmısınız?

–Babam, nə mal? Mən dedim axı, çiyələk aparacaqdıq. Gözlədim, Cəfər gəlib çıxmadı.

–Bu neçənci dəfəydi gəlirdin?

–Birinci.

–Gözünün içinə kimi yalan deyirsən. Ərazini birinci dəfədən belə dəqiq tanımaq olmaz.

Cəfər Nailə arvadın oğlanlarından birinin adı idi. Görünür, Seymur onun adına yazılmış sənədlərlə hərəkət edirmiş. Bir də pulun üstündə də “Cəfər” yazılmamışdımı? “Qoç igid dayısına oxşar” bir vaxtlar əbəs yerə belə deməmişdilər. Sən demə indi baş-ayaq olan dünyada hər şeyin dadı qaçıb, hər şey dəyişib. İndi dayılar bacıoğlanlarına oxşamağa çalışırlar.

Elə ki, İran vətəndaşı ilə sorğu-sual “yekunlaşdı”, onu polis işçilərinə təhvil verdik. İki nəfər polis çavuşu maşınla onu bölməyə apardı. Qalan polis zabiti və nəfərləri isə əməliyyat – axtarış işlərinə cəlb olundular.

İki saat ərzində hər yeri ələk-fələk elədik. Seymur tapılmadı, sanki yer yarılmışdı, yerə girmişdi. Özümü qınamağa başladım. Biz axı niyə siqaret çəkdik? Bilə-bilə ki, bu kənddə heç kim siqaret çəkmir, biz siqaret çəkib otağı tüstüyə hopdurduq. Seymur da siqaretin iyindən bildi ki, burada yad adam var, özü də nabələddir.

Seymur Əlixanovun sol qolundan, əzələ hissəsindən yaralamışdı. Yəqin ki, bıçağı ürəyinə sancmaq istəyirmiş, qoluna girib. Yaxşı ki, çavuş Nağıyev ordaydı. O, köməyə çatandan sonra qanaxmanı dayandırıblar. Zastavaya gələndən sonra feldşer tibbi yardım göstərib.

Nailə arvad əvvəlcə heç nə demək istəməsə də sonra hər şeyi boynuna alıb. Seymurun nə işlə məşğul olduğunu, narkotikləri haradan gətirdiklərini, kimlərə satdıqlarını, hətta harada gizlətdiklərini – hamısını bitdə-bitdə sadalayıb.

Bunları mən zastavadan köməyə gələn ehtiyat qrupun başçısı çavuşdan öyrəndim, o zastava baş çavuşunun köməkçisiydi deyə, çox vaxt zabitlərin, gizirin yanında, onlarla bir yerdə olurdu və mühüm məsələlərin həllində yaxından iştirak edirdi.

Dur! Deyəsən, mən nə isə tapdım. Nailə arvad Seymurun narkotik maddələri təxmin etdiyim kimi, həyətdəki ot tayasının altında yox, haradasa başqa yerdə, elə buralarda gizlətdiyini deyibmiş.

Bunları fikirləşməkdə ikən mayor Fərmanov məni yanına çağırdı.

–Sən Seymuru doğrudanmı buradək qovdun?

O, artıq mənim dediklərimə şübhəylə yanaşmağa başlayırdı. Başlayırdı yox, yanaşırdı. Başqa cür necə ola bilərdi?

“O, gəldi… Əlixanovu yaraladı… Nağıyevin badalağından səndərlədi… amma yıxılmadı… Ot tayasının üstünə çıxıb… həyətdən çölə tullandı… və dənizə tərəf qaçdı… Mən qovdum… Dənizə çatmağa az qalmış… qayıq gördüm… Güllə atıb təslim olmalarını tələb etdim… Qayıq uzaqlaşdı… o, isə yoxa çıxdı…”

Burada hansı şübhələnmələrdən söhbət gedə bilərdi? Bəlkə, yuxu görürmüşəm..?

Olub keçənləri bir daha xatırladım. Bu nə yuxu deyildi, nə də xülya… Bu, bir gerçəklik idi…

…Artıq günorta olmuşdu, hələ bir az o tərəfə də keçmişdi. Biz isə Seymurun izinə də düşə bilməmişdik. Axtarış altı saatdan çoxdu ki, davam edirdi. Nədənsə, mən çox arxayındım. Daxilimdə bir ümid çırağı şölə saçırdı. Sanki onu özüm gizlətmişdim, indicə gedib tapacaqdım. Amma harda gizlətmişdim, bax, onu yadıma sala bilmirdim.

Bu arada mayor Fərmanov toplanmaq əmri verdi, nahar vaxtı olsa da heç nə hazırlamamışdıq. Zastavada isə polisləri və Dəstə qərargahından gələnləri yedirdə bilməzdik, buna yuxarıdan əmr gəlməmişdi, mən də belə bir səlahiyyət sahibi deyildim.

Mayor Fərmanova yaxınlaşıb əsgərlər toplanana kimi beş yüz metr məsafədə yerləşən hündür sərhədçi qülləsinə gedib qayıdacağımı bildirdim və iti addımlarla həmin istiqamətdə yollandım. Təxminən yeddi-səkkiz dəqiqədən sonra artıq qüllənin yuxarısındaydım. Keşikçi əsgər hərtərəfli məruzə elədi. Sən demə, o, səhər növbəsində olub və bizi görürmüş. Nə fayda ki, günahkarın necə yoxa çıxdığını izləyə bilməyib.

Mən durbini ondan alıb ərazini müşahidə etməyə başladım. Kənddən necə aralaşmışdıq, hansı cığırla gəlmişdik, harada Seymur dayanıb məni gözləmişdi, harada mən qayığı görüb atəş açmışdım… bütün detalları indi durbinlə izləyə-izləyə “gəlirdim”. Bax, budur, burda, məhz bu yerdə Seymur yoxa çıxdı. Yerəmi girdi, göyəmi çəkdilər onu? Bu, bir an məsələsi idi. Seyrək qamışlıq su ilə əhatə olunurdu. Seymur uzağa qaça bilməzdi. Hardadırsa, buralarda gizlənib. Amma necə gizlənib, harda gizlənib?

Durbinlə seyrək qamışlığa və əhatə olunduğu gölməçəyə nəzər saldım. Hər şey qaydasında idi. Suda qurbağa, balıq tərpənişi də yoxdu ki, şübhələnəsən, eləcə lal durmuşdu. Bir-bir qamışları nəzərdən keçirdim. Xəzərin sərin mehi onları sığallayır, tərpədir, yırğalandırırdı.

Qamışlardan biri fərqliydi, o birilərdən balacaydı, elə bil ki, ortadan qırılmışdı. Bunu kim qırmış olar? Gölməçəyə kim girib ki, qamışı da qırsın? Ola bilər! Ovçulardan kimsə ördəkdən, qaşqaldaqdan vurub, o da gölməçəyə düşüb, ovu götürəndə qamışı qırıb.

Qamışı gözdən qoymurdum. Ürəyimə dammışdı ki, bu qamışda nə isə bir sirr var. Diqqətlə baxırdım. Bu nədir? Qamış qeyri-adi tərpənirdi, başqa qamışlar kimi Xəzərin mehindən xumarlanıb yırğalanmırdı. Bəlkə gödəkliyindən, qırıqlığındandı?

Durbini gözümdən aralayıb keşikçi əsgərə verdim.

–Al. O qamışlığa sən də bir diqqətlə bax. Gör nə görürsən?

Keşikçi əsgər durbini aldı.

–Elə mən də oradan şübhələnirəm. Amma bir qərara gəlib heç nə deyə bilmirdim. Siz qovduğunuz adam hardasa oralarda yoxa çıxdı.

Keşikçi əsgər bir xeyli durbinlə baxdı, baxdı…

–Cənab baş leytenant! Qamışların hamısı bir tərəfə yırğalanır, qırıq qamış da başqa tərəfə. Bu necə ola bilər?

–Səncə necə olmalıdır?

Keşikçi əsgər durbini gözündən aralayıb çiyinlərini çəkdi.

–O biri qamışlar uzundur, Xəzərin mehi onları sığallayıb gah dənizə çəkir, gah da meşəyə tərəf itələyir. Qırıq qamış isə…

Gülümsədim və keşikçi əsgərə göz vurdum, sanki hər şey qaydasındadır.

–Düz tapmısan, – dedim. – Diqqətli ol, bircə o qırıq qamışı gözdən qoyma.

Daha dayanıb gözləyə bilməzdim. Hər tərəfi axtarmışdıq, son ümid yeri olan qırıq qamışı da yoxlamalıydıq. Mənə elə gəlirdi ki, Seymur ordadı. Başqa cür ola bilməzdi. Qırıq qamışın ağzından ilğım qalxırdı. Sentyabr havasında bu çox cüzi də olsa hiss olunurdu.

Qüllədən enməyimlə gölməçəyə tərəf götürülməyim bir oldu. Gecəni yuxusuz qaldığımdan yorğun və əzgin idim. Ayaqlarım güclə məni çəkib aparırdı. Ora çatanda demək olar ki, hamı toplaşmışdı. Qaçaraq gəldiyimdəndi, yoxsa aralarında barəmdə nə söhbət olmuşdusa, mənə qəribə baxırdılar. Özümü mayor Fərmanovun bərabərinə çatdıranda tövşüyürdüm.

–Cənab mayor! – dedim. – O, burdadı, heç hara gedə bilməz.

Mayor Fərmanov qəzəbli-qəzəbli məni süzdü. Təmkinini pozmadan qolundakı saata baxdı – ikinin yarısıydı. Mən onun nə demək istədiyini anladım. Hardasa beş saatdan çox vaxt keçmişdi ki, biz onu axtarırdıq. Buralarda olsaydı, indiyədək üzə çıxmışdı, tapılmışdı. “Nə nağıl danışırsan?” Mayor Fərmanovun baxışlarından bunu oxudum.

Beş saatdan çox idi ki, o, sudaydı. Qamışla nəfəs alırdı. Bu da mənim nağılım, mənim qənaətim idi.

–Necə burdadı? Sən nə danışırsan? – Mayor Fərmanov təəccübünü gizlətmədi, bir az da əsəbi soruşdu.

Mən ona düşündüklərimi izah elədim. Əvvəlcə razılaşmaq istəmədi. İlk olaraq özümün suya girəcəyimi bildirdim və hərəkətə keçdim. Daha üç nəfər öz zastavamızdan olan əsgər mənə qoşuldu. Mayor Fərmanov daha heç nə demir, həyəcanla işin gedişatını gözləyir, sakitcə bizim hərəkətlərimizi izləyirdi.

O, indi bizə heç nə etməyəcəkdi, edə də bilməzdi. Sentyabr ayının suyu onun əhədini kəsmişdi, bəlkə də yarımcan olmuşdu. Suya ilk girdiyim kimi ilk olaraq da üzüb qırıq qamışın yanına çatdım. Qamış ətrafda olan qamışlardan bir az yoğun idi, elə bil bura qamışı deyildi, hardansa gətirilmişdi. Tutub özümə tərəf çəkdim. Qırıq qamış əlimdə qaldı, dartıb sudan çıxartdım, fikirləşdiyim qədər gödək deyildi. Bir an karıxıb qaldım, səhv etdiyimi düşündüm. “Yaxşı, bəs bu qırıq qamış niyə burdaydı? Bunu bura kim gətirib sancmışdı?”

–Cəld olun! Onu xilas edin, indicə boğulacaq!

Elə qışqırdım ki, əsgərlərin üçü də birdən suyun altına baş vurdu.

Bir neçə dəqiqədən sonra Seymuru sahilə çıxartdıq – o, huşsuz vəziyyətdə idi. Başıaşağı uzadıb ayaqlarını yuxarı qaldırdıq, mədəsinə dolmuş suyu boşaltdıqdan sonra ayıldı.

Xeyli rahatlandım. Kənara çəkilib bir siqaret yandırmaq istədim. Siqaret qutusu tamamilə islanmışdı. Əlimdə əzib onu suya tulladım. Bunu izləyən mayor Fərmanov mənə yaxınlaşdı, siqaret uzatdı.

–Al çək! – dedi. – Bir də paltarından su süzülür, sətəlcəm olarsan, get qurulan. – Əli ilə yaxınlıqdakı yılğın kollarını göstərdi, indi orda mənimlə suya girmiş əsgərlər paltarlarının suyunu sıxırdılar.

–Yox, istəmirəm. Bir daha siqaret çəkməyəcəyəm. Az qala siqaretin güdazına gedəcəkdim.

Bunu mən mayor Fərmanova demirdim, özüm-özümə söz verirdim.

–Yaxşı işinə görə çox sağ ol. Özbaşına əməliyyat hazırlayıb mərkəzin planına maneə yaratdığına görə töhmət elan edirəm!

Mayor Fərmanov ciddi görkəm alıb ikimizin eşidəcəyi tərzdə bunu dedi, məni sərt cəzalandırdı. Durub onun üzünə baxdım, nə deyəcəyimi bilmədim, heç o halda da deyildim.

–Gerisini komandana məruzə olunandan sonra biləcəksən. Görək, komandan nə qərar qəbul edəcək. İndi isə əsgərlərini də götür, get zastavaya.

Bir anlıq quruyub qaldım, elə bil beynim donmuşdu, nə isə çatışmırdı.

–Dayanın! – Çox ucadan səsləndim, heç özüm də bilmədim niyə belə qışqırdım. – Əməliyyat sona çatmayıb. İki bədheybət yaxalasaq da onların əməllərini ifşa edəcək maddi sübut tapılmayıb.

Bunu deyib gölməçəyə cumdum. Üzə-üzə bayaqkı yerə gəlib çatdım. Dərindən nəfəs alıb suyun dibinə getdim. Yanılmamışdım. Suyun dibində üç qara torba vardı. Çatmağımla birinin qulpundan yapışıb üzə çıxmağım bir oldu. Yox, hələ tam yorulmamışdım, canımda can vardı. Üzə-üzə qayıdıb sahilə çıxdım. Qara sellafon torba mənə tanış gəlirdi. Bu torbalardan son vaxtlar televizorda tez-tez göstərirdilər.

O biri torbalar da sudan çıxarılandan sonra mayor Fərmanov Seymurla birlikdə qara torbaları da götürüb gəldikləri qayıqla mərkəzə doğru yola düşdülər. Polislər də sağollaşıb gəldikləri maşınla geri qayıtdılar. Sahildə bir o İran vətəndaşının qayığı qaldı, bir də biz. Daha heç bir söz demədən əsgərləri də götürüb xidmət yerimizə – bizə doğma ev qədər əziz olan zastavamıza yollandım. Bizim üçün indi ordan isti guşə yox idi.

…Zabit kimi xidmət etdiyim üç ildə təltiflərim çox olmuşdu. Mayor Fərmanovun elan etdiyi “töhmət” isə birinci cəzam idi – ancaq, nədənsə bütün təltiflərdən şirin gəlirdi mənə…

Köhnə il hara gedir?

Onlar Yeni il şənliyindən çox şən qayıdırdılar. Elə bil şənliyin bitməsini heç istəmirdilər. Xüsusən də balaca Azər, sevincindən yerə-göyə sığmırdı.

"E…he..hey…", – deyə Şaxta baba tez-tez ucadan səslənir, kiminsə adını çəkirdi. Şənlikdəkilər möcüzə gözləyirmiş kimi onu coşqu və heyrətlə alqışlayırdılar. Öz adı çəkiləndə Azər qulaqlarına inanmadı. Elə bildi ki, kimdirsə başqa adamdır. Amma Şaxta baba ikinci dəfə, daha ucadan və qəribə bir səslə səslənəndə inandı.

– E…he…hey!.. Hardadı mənim sevimli nəvəm Azəəərr Bahadurlu?!

Azər anasına baxdı, üzündə təbəssüm görcək sevinci bir az da artdı, tez başa düşdü ki, çağırılan özüdür. Anasının işarəsi ilə Şaxta babaya tərəf yüyürdü. Qar qızla Şaxta baba yanaşı dayanmışdılar. Azər birinci dəfəydi ki, onları belə yaxından görürdü. Dayandı, nə edəcəyini bilmirdi. Şaxta baba özü yaxınlaşıb onun başını sığalladı.

– Mənim Azər balam.

Mənim ağıllı və qoçaq nəvəm.

Uca dağlar aşmışam,

qarlı aşırımlar dolanmışam,

çox ellərdən keçmişəm,

gəlib sizə yetişmişəm.

Nəvələrimə hədiyyə gətirmişəm.

Azər hədiyyə torbasını alan kimi anasının və balaca bacısının yanına qaçdı. Hər ikisi sevincək onu gözləyirdilər. Anası oğlunu bağrına basdı. Bacısı Burlaxatun da onu qucaqladı.

–Tez ol, torbanı aç, görək Şaxta baba sənə nə hədiyyəsi qoyub, – bacısı onu tələsdirdi.

–Yox, açmayacağam. Evə gedərik, atam da gələr, birlikdə açıb baxarıq. – Azər inadkarlıq göstərdi.

– Hədiyyələrin çox olsa… birini mənə verərsən? – Burlaxatun astadan mızıldandı.

Azər özünü eşitməməzliyə vurub Şaxta babanın növbəti hərəkətlərinə baxırdı. Cavab almadığına məyus olan Burlaxatun anasına qısıldı.

– Ana, ana…

– Səbrin olsun, qızım. – Anası Sarıtel onu sakitləşdirməyə çalışdı. – Bəlkə Şaxta baba sənə də hədiyyə gətirib?

Amma Şaxta baba onu çağırmırdı ki çağırmırdı. Sarıtel uşaqlardan daha çox narahat olmağa başladı.

–Eybi yoxdur, qızım. Heç narahat olma. Əgər Şaxta baba sənə hədiyyə verməsə, atana deyərəm, o sənə hədiyyə alıb gətirər.

–Atamın hədiyyəsini istəmirəm, o mənə həmişə hədiyyə alır. Şaxta babanın hədiyyəsini istəyirəm.

–Yaxşı, qızım, hələ hədiyyələr qurtarmayıb, özün görürsən ki, Şaxta baba hədiyyə paylayır.

– O mənim adımı haradan biləcək?

– Ona da Şaxta baba deyərlər. Əgər o, sizin adınızı bilməsəydi, olardı hamı kimi adi adam. Onda heç ona Şaxta baba deməzdilər.

Hədiyyələr qurtarmaq üzrəydi. Bir azdan "yallı" oynanılacaqdı və bununla da yeni il şənliyi başa çatacaqdı. Birdən Şaxta babanın tükürpədici səsi salonu başına götürdü.

–Harda qaldı mənim balaca Buu…rla…xatuu…n nəvəm!

–Ana, məni çağırır? – Qızcığaz sevincək anasından soruşdu.

–Əlbəttə, səni çağırır. Qorxma, get!

Beş yaşlı Burlaxatun Şaxta babaya tərəf yüyürdü. Şaxta baba onun da başını sığalladı, qucağına alıb yuxarı qaldırdı, alnından öpdü və qaytarıb yerə qoydu. Sonra üzünü Qar qıza tutub dedi:

–Ver mənim Burlaxatun nəvəmin hədiyyəsini!

Burlaxatun hədiyyəsini alan kimi anası və qardaşı duran tərəfə qaçdı. Sarıtel qızını qucağına alıb əzizlədi:

– Ay mənim, səbirsiz balam.

– Ura.., ura… – Azər də bacısının hədiyyə almasına sevinirdi.

Sonra əl-ələ tutub yallı getdilər və günortadan az sonra evə gəlib çıxdılar. Yemək yeyəndən sonra Sarıtel dedi:

– Mən indi bazara gedirəm. Siz sakitcə oynayın, amma dalaşmayın. Yaxşımı?

– Nə oynayaq? – deyə səkkiz yaşlı Azər soruşdu.

– Yaxşısı odur, rəngli karandaşlarınızı götürüb şəkil çəkin.

– Ura! – Hər ikisi sevincək cavab verdi.

Sarıtel çıxmaq istəyirdi ki, Azər soruşdu:

– Ana, bəs nə şəkli çəkək?

–Sən Yel babanın şəklini çək, başının çalmasıynan, əlinin süpürgəsiynən, dəyənəyiynən, Burlaxatun isə nallı dovşan şəkli çəksin, tükləri upuzun, qulaqları pələqulaq, yəni biri sallanmış, gözləri çəp, nalı da ayaqlarından yekə. Azər, özünüzü yaxşı aparın, dalaşmayın.

Sarıtel dediklərini həm də əl işarələri ilə başa salıb getdi.

Uşaqlar bir müddət şəkil çəkməklə məşğul oldular.

– Sabah da köhnə ilin şənliyi olacaq? – deyə Burlaxatun qardaşından soruşdu.

– Sabah köhnə ilin şənliyi necə ola bilər?

– Mən istəyirəm ki, hər ilin son günü köhnə ilin şənliyi olsun. Özü də Şaxta baba və Qar qızla.

–Sən nə danışdığını bilirsən? Bu gün elə köhnə ilin son günüdür ki, Yeni il şənliyi keçirirlər.

– Bəs sonra nə olacaq?

– Sonra da köhnə il çıxıb gedəcək, yerinə yeni il gələcək.

– Köhnə il hara gedəcək?

–Mən nə bilim hara gedəcək? – Azər az qaldı hirslənsin. Amma bacısının bu sualı onu yaman düşündürdü. "Doğrudan da, görəsən, köhnə il hara çıxıb gedir?" – Yəqin ki, çıxıb meşəyə gedəcək, qarlı dağlara, lap uzaqlara gedəcək.

Uşaqların başı şəkil çəkməyə necə qarışdısa, bir də qapının açılmasına başlarını qaldırıb dönüb baxdılar. Sarıtellə Bayram qucaqları sumkalarla dolu içəri girdilər.

– Ura!!! Atam gəldi, atam gəldi. – Uşaqlar sevinclərini gizlətmədilər.

– Tez hazırlaşın, gedirik! – Bayram uşaqları tələsdirdi.

– Hara? Ata, hara gedirik? – Azər soruşdu.

– Kəndə, babangilə, yeni ili qarşılamağa. Nənənlə baban sizi çoxdan gözləyirlər.

– Ata, yeni il gələndə bəs köhnə il hara gedir? – Burlaxatun soruşdu.

– Hələ ki babangilin kəndinə gedir. Ordan da hara getdiyini nənəndən soruşarsan.

Tələsik hazırlaşıb evdən çıxdılar. Maşına oturub yola düşdülər. Kənd yoluna çıxmışdılar ki, Burlaxatun soruşdu:

– Ata, Azər deyir ki, yeni il gələndən sonra köhnə il çıxıb meşəyə, başı qarlı dağlara, görünməyən uzaqlara gedəcək. Düzmü deyir?

– Mən bilmərəm, onu kəndə çatanda nənəndən soruşarsan. – Bayram gülümsündü.

– Biz kəndə çatana kimi köhnə il çıxıb getməz? – Burlaxatun elə həvəslə soruşdu ki, bu Bayramın özünə də çox maraqlı göründü.

– Yəqin ki, yox. – Gülə-gülə də cavab verdi.

– Onda möhkəm sür, biz gedib köhnə ilə çataq.

Bir az da getmişdilər ki, Azər oturacaqdan ayağa qalxıb atasına tərəf əyildi. Ağzını onun qulağına dirədi ki, nə soruşduğunu anası ilə bacısı eşitməsin.

– Ata, bəs nənəmgilin kəndindən köhnə il çıxıb hara gedəcək?

Bayram çiyinlərini çəkdikdən sonra Azər yerində oturdu və o da səbirsizliklə kəndə çatacaqları anı gözləməyə başladı. "Yəqin, babamla nənəm köhnə ilin hara çıxıb getdiyini bilərlər", – deyə düşünə-düşünə gözünü yola zillədi.

Timsah dərili ayaqqabı

Unudulmaz müəllim Mir Cəlal Paşayevin əziz xatirəsinə

Bu əhvalat XX əsrin səksəninci illərində, təxminən qırx il əvvəl baş verib. Ötən müddət ərzində şəxsən mən özüm bunu müxtəlif yerlərdə, bəlkə də, dörd yüz dəfədən çox danışmışam. Ağızdan-ağıza dolaşaraq təhriflərə, əlavə bər-bəzəklərə tuş gələn əhvalatı bəzən mənim özümə də danışırlar, özü də elə bəzək-düzəklə ki, adamın xoşu gəlir.

…Payız fəsliydi, universitetin birinci kursunda oxuyurdum. Bizim qrupda qızlar çoxluq təşkil edirdi, oğlanlar cəmi yeddi nəfər idi. Orta sırada arxa cərgədə əyləşirdim. Qarşımdakı partada Turanə otururdu, yanındakı qızın adı isə Cəmilə idi.

Turanə ilə qəbul üçün sənədlərimizi də birlikdə təqdim etmişdik, elə onda da tanış olduq. Heç ağlıma da gətirməzdim ki, bir yerdə oxuyacağıq.

Qəbul imtahanında da bir yerdə idik, hətta bir partada oturmuşduq. Qrupda da gəlib onu görəndə, lap ağlım başımdan çıxdı. Bu qədər təsadüfmü olardı?

Zöhrə qocam həmişə deyərdi ki, əgər bir qız bir oğlanın qabağına gözləmədiyi halda üç dəfə çıxırsa, bu onun qismətidir, qismətdən qaçmazlar. Qocamın sözləri beynimə hakim kəsilmişdi, lakin mən qismətimin hayında deyildim, Bakıya oxumağa gəlmişdim, mənə ali təhsil almaq lazımdı. Universitetdə oxumaq isə orta məktəbdəkindən qat-qat çətin idi. Dərsliklər hamıya çatmırdı. Kitabxanadakı dərs vəsaitlərini isə sən gələnə kimi kimsə götürürdü və günlərlə gözləməli olurdun. Müəllimlər də mühazirəni sürətlə oxuyub keçir, yazıb çatdırmaq olmurdu. Kimdənsə alıb köçürməyi də özümə sığışdırmırdım. Odur ki, bütün fikrim tədris prosesinə uyğunlaşmaq üzərinə yönəlmişdi, amma elə hey Turanəni də fikirləşirdim.

Turanə gülərüz, qarayanız, suyuşirin bir qız idi. Saflığı üzündən-gözündən oxunurdu, adamı ilk baxışda özünə cəlb edirdi. Çox astadan danışardı, deyəsən, bir az da utancaqdı, mənim kimi ünsiyyətdən qaçaqdı. Bir məğrur duruşu vardı, ciddi təsir bağışlayırdı. Danışanda yanaqları azca allanardı, bu onu daha yaraşıqlı, daha cəzbedici göstərərdi. Qrup qızlarının heç birində olmayan gur saçları çiyinlərinə tökülər, kürəyini ortasınadək örtərdi, o vaxtlar dəb idi saçları açıq saxlamaq. Saçlarının qəribə ətri vardı, bilmirəm ətir vururdu, yoxsa yuduğu şampunun rayihəsiydi, hər nə idisə, məni məftun edirdi. Bəzən dəqiqələrlə dərsdə olduğumu unudur, gözlərimi onun saçlarına zilləyib qalardım.

Ədəbiyyatşünaslığın əsaslarını Mir Cəlal müəllim aparırdı. Bu insan ilk tanışlıqdan mənə nəsə bir başqa təsir bağışlamışdı. Dərs boyu elə Turanə ilə mənə baxırdı. Çox qısa müddətdə başqalarına tərəf çönsə də, tez qayıdıb bizə tərəf baxar, dərsi davam etdirərdi. Hərdən gözümü ondan çəksəm də, baxışını daima başım üzərində hiss edərdim. Onda bizə qarşı bir doğmalıq duyulurdu, mənə elə gəlirdi ki, Mir Cəlal müəllimin simasında qədəm qoyduğumuz universitetdə özümüzə doğma, bizə çox əziz olan bir adamımızı tapmışıq.

İlk tanışlığımızdan Turanə də mənə xoş təsir bağışlamışdı, lakin özümü ona tay tuta bilmirdim, o, geyimindən imkanlı ailənin övladına oxşayırdı. Mənə elə gəlirdi ki, onun təkcə saçlarına vurduğu ətir mənim əynimdəki paltarlardan bahadır. Odur ki, tərəddüd edirdim; həm onunla ünsiyyət qurmaq istəyirdim, həm də yaxın durmağa qorxurdum.

Bir dəfə mühazirə zamanı Turanə mənə bir vərəq uzatdı. Karandaşla yazmışdı: "Qələmim evdə qalıb. Səndə əlavə qələm olmaz ki?". Çantamdan tez bir qələm çıxarıb, həmin kağızla bərabər ona uzatdım. Dinməzcə aldı, elə mənim verdiyim qələmlə "təşəkkür" yazıb kağızı yenidən mənə qaytardı. Uzun müddət həmin kağızı dəftərimin arasında saxladım.

Beləcə, günlər gəlib-keçirdi, mən isə Turanə ilə "salam, sağ ol"dan başqa heç cürə ünsiyyət qura bilmirdim. Həmişə ondan tez gəlib yerimdə əyləşər, dərs qurtaranda hamıdan sonra çıxıb gedərdim. Bunun da əsas səbəbi ayaqqabımın köhnə və yöndəmsiz olması idi. Birtəhər ötüşürdüm ki, bir azdan havalar soyuyacaq, atam qış ayaqqabısı alacaqdı. Qrup yoldaşlarımın çoxu o vaxt dəbdə olan timsah dərisindən ucubiz ayaqqabı geyinir, tənəffüsdə də o tərəf-bu tərəfə gəzişir, forslanırdılar.

Bir gün seminara hazırlıqdan danışırdıq, mənə də sual ayırmışdılar. Birdən Turanə arxaya çevrildi və mənə bükülü kağız uzatdı. Tez açıb baxdım. "Bu gün Mərkəzi Kitabxanaya gedəcəyik. Getmək istərdinmi?" İlişib qalmışdım, həm getmək istəyirdim, həm də bu yöndəmsiz, əyri, dabanları bir tərəf üstə sürtülüb sıradan çıxmış ayaqqabımla Turanənin yanına düşüb hara gedəcəkdim… Yox, gedə bilməzdim. "Siz gedin, vacib işim var, mən sonra gedərəm…". Elə həmin kağızın arxasına bu sözləri yazıb qaytardım. Turanə oxuyub kağızı dəftərinin arasına qoydu.

Mir Cəlal müəllim sinifdə asta-asta gəzərdi, o qədər asta ki, adamın yanından keçəndə ayaqqabısının səsi eşidilməzdi. Mənə elə gələrdi ki, ayaqqabısının döşəməsi padoş deyil, heç rezin də deyil, keçədir, axı padoş və rezin altlı ayaqqabı ilə necə bu qədər asta keçib getmək olar?

Heç yadımdan çıxmaz, bir gün seminarda o, Turanənin danışığını – cavabını çox diqqətlə dinləyir, adəti üzrə cərgələr arasında o tərəf-bu tərəfə gəzişir, heç nə demirdi. Nəhayət, Turanə hazırladığı cavabı izah edib yekunlaşdırandan sonra Mir Cəlal müəllim ona yaxınlaşdı.

– Qızım! – deyib əlini çiyninə qoydu. Bu dəm sanki Turanənin boyu bir az da ucaldı, gözləri büllur kimi parlaq oldu, saçları daha dolğun göründü, bu, bəlkə də mənə belə gəlirdi.

– Bəli! – Turanə astadan cavab verdi, bəlkə də cavabının qaneedici olmadığından, müəllimin razı qalmadığından belə sönük dilləndi. Amma mənə elə gəlirdi ki, Mir Cəlal müəllim cavabdan razı qalıb, çünki onun çox diqqətlə dinlədiyini müşahidə etmişdim.

– Sən artıq orta məktəb şagirdi deyilsən! – Bu, təkcə Turanəyə deyil, bütün qrupa ünvanlanmışdı, hamımız diqqət kəsilmişdik, görəsən, sonra nə deyəcək. – Mən xeyli vaxtdır sənin dərsə hazırlığını dinləyir, özlüyümdə müqayisə edirəm. Dərslərinə mükəmməl hazırlaşırsan, buna iradım yoxdur. Dərslikdəki məlumatlardan əlavə kitabxanadan da nəsə əlavələr axtarıb tapırsan. Bunu müsbət hal kimi qiymətləndirirəm. Ancaq sən hələ də özünü orta məktəbdəki kimi hiss edirsən. Elə bilirsən ki, lövhəyə çıxanda yalnız sualları cavablandırmaq, dərsi danışmaq lazımdır…

Hamımızı təəccüb bürümüşdü. Görəsən, Mir Cəlal müəllim bununla nə demək istəyir? Əslində bəs necə olmalıdı?

– Ali məktəbdə siz özünüzü ifadə etməyə alışmalısınız. Cavab verdiyiniz yalnız sizi dinləyən müəllim və qrup yoldaşlarınız deyil, həm də müxtəlif təbəqədən olan çoxsaylı insanlardı. Siz onların qarşısında danışdığınızı, çıxış etdiyinizi düşünməlisiniz.

Turanənin də, elə bizim də üstümüzdən, sanki ağır bir yük götürüldü. Səhərdən nəfəsimizi içimizə çəkib gözləyirdik, indi rahat nəfəs aldıq.

– Qardaşın varmı? – Növbəti sual lap gözlənilməz oldu, bəlkə də onu tanımayanlar üçün yersiz görünərdi, amma dəqiq bilirdik ki, o, heç vaxt boşuna sual verməz.

– Bəli! – Turanə yenə də astadan dilləndi, hiss olunurdu ki, o da sualın məğzini anlamayıb.

– Adı ya Azərdir, ya Turan! – Mir Cəlal müəllim isə Turanədən fərqli olaraq heç kimin gözləmədiyi halda tam əminliklə bildirdi.

– Elədir! – Turanənin həyəcanı səsinin titrəyişindən bəlliydi. – Böyük qardaşımın adı Azərdir, məndən balacanın isə Turan.

Turanənin cavabı hamını heyrətləndirdi. Sinifdə sanki teatr göstərilirdi və hamı diqqətlə səhnəni izləyir, indicə möcüzə baş verəcəyini gözləyirdi.

– Başqa cür ola da bilməzdi. – Mir Cəlal müəllim sözünə davam etdi. – Tək-tək də olsa belə ailələr var. Onlar Vətən fədailəridir.

Bu dəm mənə ad qoyan valideynlərim gözümdə dağ boyda ucaldı. Deməli, mənim də valideynlərim vətən fədailərindəndir. Bunu eşitmək necə də xoş idi, özü də Mir Cəlal müəllimin dilindən…

Birdən yadıma düşdü ki, Turanədən sonra seminarın bir sualını mən cavablandırmalıyam. Hazırlıqlı olsam da heç qabağa çıxmaq istəmirdim. Mir Cəlal müəllimin ciddi baxışlarından hiss edirdim ki, indicə məni çağıracaq və mən məcburən Turanə ilə yanaşı duracağam. Elə əyri, yöndəmsiz köhnə ayaqqabıma yaraşırdı Turanə ilə yanaşı durmaq…

Pis vəziyyətə düşəcəyimdən qorxurdum.

– Keç, əyləş!

Mir Cəlal müəllimin əlini Turanənin çiynindən çəkməsi ilə zəngin vurulması üst-üstə düşdü. Sevincdən gözlərim yaşardı. Turanə sevinc dolu baxışlarla düz gözümün içinə baxa-baxa gəlib çantasını yığdı və "hələlik" dedi. Nə fikirləşdisə:

– Biz bir azdan biz kitabxanaya gedəcəyik. Sən də getmək istərdinmi? – deyə əlavə etdi, bu, artıq çağırış, dəvət idi, cavab verməliydim.

– Üzrlü hesab edin. Bu gün çox vacib işim var. – Üzünə baxmadan pıçıldadım. – Başqa vaxt gedərəm, siz gedin.

Turanə daha heç bir söz deməyib getdi. Guya nəsə yazdığımı bəhanə edib gözləyirdim ki, hamı çıxıb getsin. Birdən Mir Cəlal müəllimin yanımda əyləşdiyini gördüm. O, heç vaxt tələbələrdən əvvəl sinfi tərk etməzdi. Həmişə zəng vurulandan sonra iş dəftərində nə isə qeydlər aparar, tələbələr çıxandan sonra portfelini götürüb gedərdi. Elə mən də hamıdan sonraya qalmaq fəndini ondan öyrənmişdim.

– Sən heç kitabxanaya getmirsən, Azər? – Qəfil sual məni fikirdən ayırdı, elə bildim ki, Turanə deyəndə o da eşidib.

– Hərdən gedirəm. – Tələsik cavab verdim.

– Ora tək getmək lazım deyil. Qrup qızlarından da aparmaq lazımdır ki, onlar da kitabxanadan istifadə edə bilsinlər. Yaxşı, siz oğlanlar aparmırsınız, qızlar da tək getməyə çəkinirlər. Belə olmaz axı…

Mir Cəlal müəllimin söhbəti xoşuma gəldi.

– Azər, sən niyə timsah dərili ayaqqabı alıb geyinmirsən? Xoşun gəlmir? Bax, qrupda səndən başqa, oğlanların hamısı alıb geyinib.

Sıxıldığımdan bilmədim nə deyim. Ayağımı ayağıma sıxdım ki, Mir Cəlal müəllim ayaqqabımın cırıldığını görməsin. O isə deyəsən, görmüşdü. Elə buna görə də məni qabağa, dərs danışmağa çıxartmamışdı. Təəccüb içindəydim, o bunu necə görə bilərdi?

– Yəqin, kənddən hələ pul göndərməyiblər. Təqaüdünü də kitab-dəftərə xərcləmisən?

– Bəli.

– Eybi yoxdur. Birinci kursda belə sıxıntılar olur, sonra yoluna düşəcək.

Mir Cəlal müəllim əlini sol cibimə saldı.

– Oğlum, Azər, hamınız mənə doğmasınız. Sıxılma, burdan çıxan kimi get, özünə timsah dərili ayaqqabı al. Dərsdə heç kimdən geridə qalmadığın kimi, geyimdə də qalma.

O bunu elə etdi ki, karıxıb qaldım, "sağ ol" da deyə bilmədim.

Uçmağa qanadım yox idi.

Ertəsi gün adətim üzrə sinfə hamıdan tez gəlsəm də, keçib yerimdə oturmamışdım, ortada var-gəl edir, gələnlərlə hal-əhval tuturdum. Mənə elə gəlirdi ki, otağı işıqlandıran lyustrdakı lampa deyil, timsah dərili ayaqqabımın parıltısıdır.

Birdən Turanə qapıda göründü, az qaldım ki, qabağına yüyürüm. Salamlaşan kimi astadan soruşdum:

– Dünən kitabxanaya getdiniz?

– Yox, Azər – dedi. – Qızlar getdi, mən gedə bilmədim, bu gün getmək istəyirəm.

– İstəsən, birlikdə gedərdik.

– Hə…

Sevincdən Turanənin gözləri parıldadı.

Hər ikimiz keçib yerimizdə əyləşdik.

Nar çubuğu

Həmid əsgərlikdəydi, ölkənin qərb bölgəsində, özü də Sərhəd Qoşunlarının əlahiddə zastavasında qulluq edirdi. Taleyindən də çox razıydı, xidmətindən də.

Həddi-buluğa çatmış kişi cinsindən olan vətəndaş kimi vətən qarşısında hərbi xidməti borcunu yerinə yetirməliydi, yetirirdi. Xidməti də normadaydı, heç nədən giley-güzarı yoxuydu. Yatmağa evdəki kimi hər bir şəraiti olan kazarmaları, hər zaman ətrafa ərzaq təamlarının xoş ətrini yayan yeməkxanaları, bir də on beş-iyirmi addımlıqdan sabun iyi ilə özünü bəlli edən hamamları vardı. Məşq keçmək üçün yaxşı idman şəhərciyi, voleybol meydançası ilə lap ürəklərindəndi. Ölkənin ucqarında yerləşən əlahiddə sərhəd zastavasında daha nə olmalıydı ki?

Əlahiddə zastavanın üç sərhəd məntəqəsi fəaliyyət göstərirdi. Onun ikisində sutkalıq naryad xidmət çəkirdi. Məntəqəyə naryada gedəndə özləri ilə ərzaq, bəzən quru ərzaq ehtiyatı da götürürdülər. Hava şəraitinə uyğun hərdən üç günlük getdikləri də olurdu. Amma bir məntəqə mərkəzdə yerləşirdi, naryad birbaşa zastavanın özündən təyin olunur, özündən də dəyişdirilirdi.

Hərbi xidmətə gələnə qədər Həmidin sərhəd haqqında baxışı başqaydı. O, sərhəd deyəndə başına tikanlı məftillər dolaşdırılmış hündür dirəklərdən ibarət bir hasar canlandırırdı. Həm də boş-boşuna dolaşdırılmış deyil, bir-birinə yaxın, nizamlı şəkildə, paralel və çarpaz olaraq tarım çəkilmiş tikanlı məftillərin arasından yumruq boyda bir canlı da keçə bilməzdi, mütləq ilişib qalmalıydı.

Nəhayət, hərbi xidmətdə karantini keçib sərhəd zastavasına gələndə göz işlədikcə uzanıb gedən açıq çöllərdə də ölkə sərhədlərinin müəyyənləşdirildiyinin şahidi oldu. Bu ərazilərdə sərhəd zolaqları alçaq dağların zirvəsi, kiçik təpələrin beli, dərin dərələrin dibi ilə müəyyənləşirdi.

Bəzi yerlərdə isə sərhəd düzənliklərdən keçirdi. Burada sərhəddi qorumaq üçün növbətçi sərhədçilər təyin olunurdu. Onlar müşahidə ilə sərhəddi qoruyur, hava şəraitinin müxtəlifliyinə, şıdırğı yağışlara, qızmar günəşə, şiddətli küləyə baxmayaraq təyin olunmuş marşrutdan kənara çıxa bilməzdilər. Leysan yağışında, qasırğada belə vətən sərhəddində “bitib” qalmalıydılar. Belələrinə sərhədçi dilində “canlı dirək” deyirlər.

Həmid zastava rəisindən öyrənmişdi ki, düzənlik ərazilərdə sərhədləri müəyyənləşdirmək üçün hər yüz metrdən bir kömürlə dolu kisə basdırılıb, özü də indi yox, tifağı dağılmamış Sovetlər vaxtı. Amma nə vaxt və kim tərəfindən basdırıldığını deməmişdi, görünür bunu zastava rəisi özü də bilmirdi. Zastava rəisi onu da deyirdi ki, dənizdə, göldə, havada sərhəddi cihazlar vasitəsilə müəyyənləşdirirlər. Hər yerdə dirək basdırıb tikanlı məftillər çəkmək mümkün olmur.

Həmid sərhəd haqqında çox şey öyrənmişdi burda. Odur ki, o, Sərhəd Qoşunlarının bir əlahiddə zastavasında xidmət keçdiyinə görə sevinir, qürur duyur, fərəh hissi keçirirdi.

Tapşırığına, işinə hələ uşaqlıqdan məsuliyyətlə yanaşmağı özünə vərdiş eləmişdi Həmid. Dərslərini hazırlayanda, ya həyətlərində hansısa işlə məşğul olanda kimsə yaxınlaşıb fikrini yayındırsa, ya nə isə mane olsa tez qışqırıb özündən çıxar, həmin adamı acılayıb özündən uzaqlaşdırardı. Nənəsi onun adını “nar çubuğu” qoymuşdu, “yaxın getməyin, tikanları batar” deyirdi. Əvvəllər bu ada öyrəşə, uyğunlaşa bilmirdi Həmid. Zaman keçdikcə bu ləqəbi qəbul etdi, özünə doğmalaşdırdı, hətta ləqəbi ilə fəxr edirdi.

Sərhəd zastavasının radisti əsgərlərə şifrəli adlar müəyyənləşdirəndə özü demişdi ki, onun adının qabağında “nar çubuğu” yazsın.

Burada Həmidlə bərabər ölkənin müxtəlif bölgələrindən gələn əsgərlər də xidmət keçirdi, onunla bərabər gələnlər də vardı, ondan əvvəl gələnlər də. Xidmətin qaydası beləydi, müxtəlif çağırışlı əsgərlər xidməti bir-birinə öyrədə-öyrədə ötürməliydilər.

Həsən də həmin zastavada xidmət edən əsgərlərdən biriydi. Əsgər yoldaşları arasında öz fağırlığı, sakitliyi ilə seçilirdi. Bəxti gətirmişdi ki, Sərhəd Qoşunlarına düşmüşdü, yoxsa intizamsız bir yerə düşsəydi çoxdan qapazaltı eləmişdilər. Həsəni öz çağırışından olan əsgər yoldaşları sevmir, onunla yoldaşlıq etmirdilər, hətta gündəlik cüt naryada, patrula yazılmağa heç kim razılıq vermirdi. Adını “uğursuz” qoymuşdular.

Zastavanın radisti gülə-gülə Həsənə “uğursuz” şifrəsini təkrar müəyyənləşdirəndə Həmid də onların yanında idi. Həsən Həmiddən üç ay tez xidmətə başlamışdı. Zastavada da hər üç aydan bir bütün döyüş hesabatları, şifrələr, yuxarıdan verilən siqnalların yerinə yetirilmə qaydaları yenilənir, şəxsi heyətə öyrədilirdi. Çünki hər üç aydan bir kimlərsə ordu sıralarından tərxis olur, onların yerinə yeniləri gəlirdi.

–Həsən, onsuz da zastavada hamı səni uğursuz kimi tanıyır. Mən burda nə yazsam belə səni “uğursuz” çağıracaqlar. Gəl, məni çaşdırma, qoy dəftərdə də belə yazım.

Radistin təklifinə Həmid dərhal etiraz elədi:

–Mən Həsənlə birlikdə naryada getməyə razıyam. Ona “uğursuz” yazmayın.

Həmid ali təhsilli əsgər idi, bir il xidmət çəkəcəkdi. Özü də psixologiyanı bitirmişdi, insanlarla belə rəftarın nəyə gətirib çıxaracağını yaxşı bilirdi.

Gələn gündən də Həsənə, onun hərəkətlərinə diqqət yetirmişdi. Kim nə deyirdi desin, Həsən bir ayrı Həsən idi, onu nahaqdan seçib Sərhəd Qoşunlarına xidmətə göndərməmişdilər. Boylu-buxunlu, canlı-cüssəliydi, ünsiyyətciliydi, amma di gəl ki, danışqanın biriydi, adamın lap zəhləsini tökənə kimi danışar, yaxasından əl çəkməzdi. Bir mənfi cəhəti də vardı, gündə yüz dəfə əlini yuyardı. Çox xudpəsənd idi, hər şeydən çimçəşərdi.

Çöpəgüləyənliyi də vardı, kim nə deyirdi, irişirdi. Yataqdan qalxandan yuxuya gedənə kimi dodağı dodağının üstünə gəlməzdi. Hamıya qarşı diqqətli

olmağa cəhd göstərsə də ondan gen qaçmağa çalışırdılar.

Həmid onu görən kimi nənəsini xatırladı. Nənəsi belə adamlara “tut ağacı” deyərdi. Tut ağacı meyvəsini kim istəsə verər, hətta meyvəsini ayaqlar altına səpərdi. Heç kim də bu, min bir dərdin dərmanı olan tutun qədir-qiymətini bilməz. Oğulsan, get nar ağacının meyvəsini dər, gör tikanları qollarında şıram açır, ya yox. Meyvəsini budaqda qurudar, qaxıc edər, amma ayaqlar altına tökməz. Bütün bunları nənəsindən öyrənmişdi Həmid. Madam ki, o, Həsənlə bundan sonra birlikdə naryada çıxmağa razılıq verirdi, elə özü də ona xoşagələn şifrə deməliydi.

–Həsənə “tut ağacı” yazın.

–Nə? “Tut ağacı”? – Radist xüsusi qəribəliklə onu süzdü.

Elə Həsən özü qarışıq orda olan bütün əsgərlər gülüşdülər, day Həmid bilmədi ki, Həsən sevincindən gülür, yoxsa, dərk etməyib çöpəgüləyənliyindən… Əsgərlərdən bəziləri bir az da qabağa gedərək dodaqaltı zümzümə etməyə başladılar: “Tut ağacııı… tut ağacı…”

Beləliklə, bir müddət keçdi. İndi Həsənlə xidmətə çıxanlar olurdu. Daha az-az hallarda Həsənlə Həmid birlikdə xidmətə düşürdülər.

Bir gün necə oldusa, yenə də onlar naryada birlikdə çıxası oldular. Həmid üçüncü posta, Həsən isə dördüncü posta təyin olundu, hər ikisi eyni növbəyə düşdü. Onların qoruduğu sərhəd zolağı adsız təpələrin beli ilə müəyyənləşirdi. Bircə kəsişmə dağının adı bəlliydi: Keşikçidağ.

Keşikçidağ deyilən çox da hündür olmayan silsilə dağlıq ərazidə ən hündür zirvə sayılırdı, orada durub durbinlə böyük bir ərazini müşahidə etmək mümkündü.

Həmin gün naryad bölgüsü, nədənsə, Həmidə çox qəribə göründü. Əslində, qəribəlik naryadda yox, zastava növbətçisinin hərəkətlərində idi. Hamı nizamla öz yerində düzülmüşdü, növbətçi isə əsəbi hərəkətlər edirdi.

–Gündəlik naryad, düzlən.

Hamı nizamnamə üzrə düzlənsə də növbətçinin xoşuna gəlmədi.

–Olmadı.

Bu komandalar bir neçə dəfə təkrarlandı. Nəhayət ki:

–Farağat!

Hamı “farağat” vəziyyətində donub qaldı, elə bil döyüş bayrağının qabağında fəxri qarovulda durublar. Kapitan sağa-sola göz gəzdirib bir müddət naryada gedən şəxsi heyətin “əsəb dayanıqlığı”nı yoxladıqdan sonra növbəti komandasını səsləndirdi:

–Azərbaycan Respublikası adından əmr edirəm: Dövlət sərhədlərinin Ceyrançöl zastavası üzrə zolağını postların tabellərinə müvafiq müdafiəyə və mühafizəyə qəbul edin.

–Oldu. Vətənə xidmət edirik. – Bir ağızdan səsləndirdilər.

Kapitanın yenə xoşuna gəlmədi, deyəsən…

–Bir də… – kapitan daha ucadan səsləndi.

–Vətənim Azərbaycana xidmət edirik!

“Bax, bu, başqa məsələ!” – Öz-özünə danışan kapitan ani olaraq gülümsündü, tez də özünü yığışdırdı. Cərgədəkilər onun reaksiyasını gözləyirdilər.

–Azad. – Kapitan bu komandanı verib dərindən nəfəs aldı. – Xəbəriniz olsun ki, mehriban qonşu bildiyimiz gürcülər erməni terrorçusu, Xocalıda bir sıra vəhşiliklər törədən Mixail Avakyana abidə ucaldıblar. Biz başa düşürük ki, bu iş Gürcüstanda yaşayan ermənilərin əməlidir. Onların əli lap yuxarılara da çata bilər. Gürcüstanda çoxlu erməni yaşayır, gürcüləşmiş, yəni sənəddə gürcü, əslində isə erməni olanlar da az deyil. Onlar çalışacaqlar ki, hazırda mehriban qonşuluq münasibətində olduğumuz gürcülərlə də araya nifaq salsınlar. Tam ayıq-sayıq olmalıyıq. Qarşı tərəfdə hər hansı bir xoşagəlməz hadisə – yəqin başa düşürsünüz də sərhədçi üçün xoşagəlməz hadisə nə deməkdir – müşahidə edən kimi mərkəzə məlumat verin.

Kapitan cibindən dəsmal çıxardıb alnının tərini sildi – aprel ayı olmasına baxmayaraq buralarda istilər tez düşmüşdü – sonra özünü cəmləşdirib komanda verdi:

–Sağaa… dönn! Xidmət yerinə… addımlaa… marş!

Ertəsi gün səhər obaşdan günəş qaranlıq pərdəni yer üzərindən qaldırıb ətrafı işıqlandırdı. Bu yerlərdə yazın havası bir başqa cür olur. Adam istəyir ki, elə göy otların üzərinə uzanıb yatsın.

Həmidlə Həsən postlarını qəbul edəndən sonra durbinlə ərazini müşahidə etdilər.

–“Naar…” – Həsən səsləndi.

–Sənə deməmişəm mənə “nar” demə?

–Noolsun e… demisən?! İndi bütün dünya ixtisarla işləyir. Bir də bizi dinləyənlər qoy dolaşıq düşsünlər.

–Bizi özümüzünkülər dinləyir, ilk növbədə. Bir rabitə mədəniyyətimiz olmalıdı, ona riayət eləməliyik.

–Oldu, cənab rəis.

–Yaxşı, söylə görüm, nə demək istəyirdin?

–Sən gürcülərdən ərazidə kimisə gördün?

–Sən gördünsə, mən də gördüm.

–Alə, bunlar nə kefqomdular. Sərhəd-zad qoruyub eləmirlər e…

–Sənə-mənə arxayındılar, ona görə. Yeri get, postunu dolaş. Diqqətli ol. Sənə gürcü lazımdır?

–Yox e… elə-belə dedim…

Həsən üzüyuxarı getdi. Onun postu üzüyuxarı təpələrin belindən keçirdi. Yarım saatdan sonra bir də görüşdülər. Bu vaxta qədər Həmid də aşağı təpələri fırlanıb müşahidəsini aparmışdı.

–Həmid…

–İndi nədi, Həsən?

–Deyirəm ki, ali təhsilliləri, adətən, kiçik komandir kursuna göndərirdilər. Sən çavuş kursuna da gedə bilərdin. Ağlın olardı, gedərdin, indi də

mənimlə bərabər gözətçi kimi postda durmazdın.

–Həsəənnn… Dəstə Qərargahında mənə təklif elədilər, özüm razılaşmadım.

–Nahaq.

–Özüm belə istədim. Mən sizdən fərqli olaraq cəmisi bir il qulluq edəcəyəm. Onun da iki ayı karantinə, andiçmə vaxtına getdi. Üç ay da kiçik komandir – çavuş kursuna getsəydim, daha sərhədçi kimi xidmət etməyə nə qalacaqdı?

–Sən mütləq sıravi əsgər kimi xidmət etmək istəyirsən?

–Bəli! Mən canlı dirək olub vətəni qorumaq, vətəni qorumağın necə şərəfli bir peşə olduğunu duymaq, dadmaq istəyirəm. Yağışlı, qarlı, çovğunlu günlərdə belə dirək olub vətən sərhəddində dikəlmək istəyirəm ki, qoy heç kim mənim vətənimə gəc baxmasın, baxmağa cəsarət eləməsin.

–Deyir avazın yaxşı gəlir, Alim Qasımov kimi oxuya bilsəydin…

–Sən lağ elə…

–Ciddi sözümdür, çox maraqlı danışırsan. Bəlkə orden, medal da almaq keçir könlündən? Fikrin elə idisə Milli Orduya xidmətə gedərdin. Hər gecə snayperlə bir erməni gəbərdərdin, ordenini də alardın, medalını da…

–Mənə nə orden, nə də medal lazımdır. Mən özümə, vicdanıma sübut etmək istəyirəm ki, vətənə necə xidmət etmək lazımdır. Qoy, vicdanla yerinə yetirilən xidmət mənim qanıma, canıma hopsun, məndən sonra gələcək nəsil şəcərəmə bir vətənpərvərlik, vətənsevərlik yadigarı olsun.

–Day sənə sözüm yoxdur.

–Nə sözün ola bilər? Yeri get, postunu hərlən…

Həmid bir də baxdı ki, gürcülər tərəfdə, çox da uzaqda olmayan çılpaq təpənin başında başdan ayağa qapqara geyinmiş bir nəfər var, özü də hərəkət edir, deyəsən, onlara tərəf gəlir.

–“Tut ağacı”, “Tut ağacı”, – əlindəki radioqəbuledicinin düyməsini basdı.

–Nədi? Həm deyirsən get postu hərlən, həm də iki addım aralanmamış çağırırsan…

Həsən o tərəflərə göz gəzdirdi.

–O təpənin başındakı qara kişini görürsənmi?

–Qara kişilər biz tərəflərdə olur. O tərəflərdə qara kişi olmaz.

–Zarafatı burax, qara paltarlını deyirəm…

–Qara paltarlı keşişə oxşayır.

–Nə bildin?

–Onlarda keşişlər, kilsə xadimləri belə geyinirlər. Heç keşiş görməmisənmi?

–Diqqətli ol, gör sən tərəfə gəlir, yoxsa mən tərəfə?

–Əlbəttə ki, sən tərəfə gələcək, birinci dəfə deyil. Əvvəllər də bir-iki dəfə olub. Keşiş gəlib deyib ki, icazə verin kilsəni ziyarət eliyim.

–Siz də buraxmısınız?

–Yooxxx! Yuxarıya demişik, icazə verməyiblər. Keşiş də gözləyib, gözləyib, sonra donquldana-donquldana çıxıb gedib.

–Ara! – Bu zaman keşişin səsi Həmidi fikrindən ayırdı, Həsən də gəlib yaxınlaşmışdı, on beş-iyirmi addımlıqdaydı. – Ara, buraxın, gedim kilsəni ziyarət edim. İbadətim var, bu gün bizim əziz gündür.

–Dur! – Həmid komanda verdi.

–Ara, məndən sizə ziyan gəlməz. – Keşiş bunu deyib yoluna davam etmək, yaxınlaşmaq istədi.

–Dur, sənə deyirəm! – Həmid cəld bir hərəkətlə avtomatın qoruyucusunu açaraq zatvoru şaqqıltı ilə geri çəkdi, patronu öz yuvasına ötürdü, avtomatı atəş vəziyyətinə gətirdi.

–Əsgər, sən dəlisən? Sənin başın xarab olub? Allahın evinin yanında Allahın adamına atəş açacaqsan? Bunu etsən, cəhənnəmin odunda çıtır-çıtır yanacaqsan.

Keşiş bunu deyib əllərini göyə açdı, gürcü dilində nə isə dedi, dua edənə oxşayırdı. Sonra əli ilə göydə nə isə işarə elədi, deyəsən, üzü biz tərəfə xaç da vurdu. Öz dilində donquldana-donquldana çıxıb getdi.

–Bax, belə! – Həmid rahatlıqla dərindən nəfəs alıb avtomatın qoruyucusunu bağladı. Silahı çiyninə salıb üzüyuxarı – Həsən dayanan yerə tərəf getdi. – Bu kopoyoğlunu yola saldıq getdi, amma sonrasını bilmək olmaz, ehtiyatlı olmaq lazımdır.

–Sən ona elə bir dərs verdin ki, o, bir də qayıtmaz. – Həsən tam arxayınlıqla dilləndi.

–Bilmək olmaz. Sən öz postunu nəzarətdə saxla. İndi bizimkilər tökülüşüb gələcəklər.

–Sən demədin, mən demədim. Hardan biləcəklər?

–Sənin xəbərin yoxdurmu? Bizdə elə aparatlar var ki, sərhəd boyu bütün hərəkətlər o aparatın vasitəsilə izlənir.

–Hardadır o aparat?

–Hər yerdə – Dəstə qərargahında, Baş idarədə…

–Həsən öz postu ərazisində müşahidə yolu ilə patrulluğunu davam etdi. Həmid də aşağılar yaxşı izlənirdi deyə Keşikçidağın ətrafına fırlanır, buradan durbinlə aşağıları müşahidə edir, daha çox monastr deyilən ərazinin yaxınlığında olurdu. Keşişin bir anda bayaqkı çılpaq təpənin arxasına keçdiyinin də fərqində olmadı.

Qəflətən həmin keşiş yenidən təpənin başında peyda oldu, yanında da çoxlu adam görünürdü. Həmid onları görən kimi cəld yerə uzanıb durbinlə baxdı – dəstədə iyirmidən çox adam vardı, əksəriyyəti də yaşlı, qoca görünürdü. Cəld dinləyici qurğunun düyməsini basdı.

– “Tut ağacı”, “tut ağacı”…

–Eşidirəm. – Həsən dərhal onu cavablandırdı.

– “Mərkəz”ə xəbər ver, onlar gəlirlər…

–Kimlər?

–Görmürsənmi? Bayaqkı keşişdir, yanında da iyirmidən çox adam, gəlirlər. Təcili “mərkəz”ə xəbər ver və Keşikçidağa tərəf gəl. Bunlar, deyəsən,

bir xata eləyəcəklər.

Dəstə, doğrudan da onlara yaxınlaşmaqdaydı, özü də çox sürətlə gəlirdilər, hirsli olduqları yerişlərindən görünürdü. Arada qara paltarlı keşiş nə isə deyir, dəstə xorla təkrarlayırdı, səsləri ərazini başına götürmüşdü, vahimə yaradırdılar.

–Qorxmursan ki? – Həmid Həsəndən soruşdu.

–Yooxxx! Niyə qorxmalıyam? Onlar silahsızdılar.

–Bilmək olmaz. Onların mütləq silahları ola bilər. Sən, bax o qabaqkı sivri daşın böyründə mövqe tut. Mümkün qədər dəstənin selavdan bəri

keçməyinə imkan vermə. Keçsələr, mən atəş açacağam.

–Qıracaqsan onları? – Həsən həyəcanla, bir az da vahiməli soruşdu. – Bəs qorxmursan ki, sonra bizi tutarlar?

–Ağciyər olma. Biz vətənimizi qoruyuruq…

–Axı…

–Nə axı..? Tez elə, mövqeyini tut, onlar yaxınlaşırlar.

Həsən qaçaraq gedib Həmid göstərdiyi daşın yanında özünə mövqe tutdu. Gürcülər lap yaxınlıqda idilər, qışqıra-qışqıra gəlirdilər.

–Dayanın! – Həsən ucadan səsləndi. – Ordan bəri keçə bilməzsiniz. Sizi xəbərdarlıq edirəm, bura dövlət sərhəddidir.

–Ara, sən nə deyirsən? Bizi bütün Avropa ölkələrinə buraxırlar. Sən indi bu əziz gündə bizi doğma monastrımıza, ziyarət etməyə buraxmayacaqsan?

–Siz Avropaya qaçaq getmirsiniz ki. Azərbaycana da o qaydada gəlib-gedirsiniz. Monastrı ziyarət etmək üçün mütləq dövlətin sərhəd-keçid məntəqəsindən keçməlisiniz. Bura isə qorunan sərhəd zolağıdır, burdan keçmək olmaz.

–Ara, biz tez ziyarətimizi edib qayıdacağıq. – Gürcülərdən kimsə dedi və qabağa keçib bir az da yaxınlaşmaq istədi.

–Dayanın deyirəm sizə! – Həsən çaşqınlıq içində bir də səsləndi, onun səsindəki həyəcanı Həmid hiss elədi.

Eyni vaxtda təhlükənin qaçılmazlığını hiss edib hər ikisi avtomatlarını atəşə hazır vəziyyətə gətirdilər.

Gürcülər dərəni keçməkdəydilər, Həsənin lap yaxınlığındaydılar.

–Ara, sən buralarda nə qoruyursan? Bu monastr kimindir? Əlbəttə ki, bizim. Siz bizim monastrı bizdən niyə qoruyursunuz?

–Bu monastr sizin deyil, alban monastrıdır.

–Sən alban görmüsən?

–Yoox.

–Atan, baban, dədən görübmü?

–Bilmirəm, heç vaxt soruşmamışam.

–Soruşmasan da, görsəydilər, özləri deyərdi. Sizin bir nəsil görmədiyiniz hansısa albanın abidəsini qorumağının, özü də bizdən qorumağınız

faciədir. Biz, sadəcə ibadət edib qayıdacağıq.

–Dedim ki, icazə verə bilmərik. – Həsən daha uca səslə qışqırdı.

–Niyə?

–Bura icazə verilən məntəqə deyil. Gedin, icazə verilən məntəqədən icazə istəyin. Sonra da nə qədər ibadət edirsiniz, edin. Bizim ölkə dünyada

yeganə ölkədir ki, dinlər, təriqətlər həqiqətən azaddır. Kim hansı dinə, təriqətə qulluq edirsə, etsin. Dövlət heç bir vətəndaşının işinə qarışmır.

–Ara, sənə deyirik ki, siz pis ölkəsiniz? Sənə deyirik ki, Allah icazə verəndi, siz də, biz də nə karəyik ki, icazə verməyək. – Bunu keşiş deyirdi. – Bunlar – yanındakıları göstərirdi – Allahın sadiq qullarıdı, dindar adamlardı, ibadət etmək istəyirlər.

Həsən lap çaşıb qalmışdı, bilmirdi nə etsin.

Keşiş ucadan nə isə dua oxudu, əllərini göyə açdı, sonra sol əli ilə göydə işarələr verdi, xorla duasını təkrarladılar.

–Ara, sən çəkil, biz gedib ziyarətimizi eliyək. Sənin üçün də dua edərik, Allah günahlarını bağışlayar.

Keşiş irəlilədi, o birilər də arxasınca. Onlar Həsənin on beş-iyirmi addımlığındaydılar, bəlkə bir az da yaxınlığında.

–Durun sizə deyirəm! – Həsən cingiltili səslə komanda verib ayağa qalxdı. – Yoxsa atəş açacağam.

İndi gürcülər onu aydın görürdülər.

–Tutaq ki, atəş açmaqla bizim bir-ikimizi öldürəcəksən. Bu adamlar da səni öldürəcəklər, qanına qəltan eləyəcəklər, dişləri ilə səni didəcəklər. – Bunları keşiş deyirdi, deyəsən, o da özündən çıxmışdı, əsəbləşmişdi. – Ay qanmaz, çəkil yolumuzdan!

–Biz öz torpaqlarımızı qoruyuruq. Heç kimi ərazimizə buraxa bilmərik.

–Ay qanmaz! Siz nə qanırsınız torpaq qorumaq nədir. – Keşiş nə isə demək istəyirdi, sözünün davamını gətirmədi.

–Danışığına fikir ver, məni özümdən çıxartma.

–Buralar sizin deyil, bizim torpaqlardı. – Gürcülərdən başqa biri də söhbətə qoşuldu. Bu monastrı Gürcü çarı David Qarace tikdirib. Monastr

bizimdir, ərazilər də bizimdir.

–Siz çəkilib o tərəfləri – başqa bir gürcü əli ilə Qarayazı çöllərini göstərdi, – oraları qorumalısınız.

–Gedin, Qarabağda torpaqlarınızı qoruyun! – Gürcülərdən daha ucaboylu, dolubədənli, dəstənin içində ən böyük gövdəlisi gülərək atmaca atdı və hamısı ona qoşulub gülüşdülər, sanki, bu iki əsgəri və bu iki əsgərlə bərabər hamını məsxərəyə qoydular.

Həmid bir geriyə boylandı ki, görsün zastavadan köməyə gələn varmı. Baxdı ki, Keşikçidağın arxasındakı Keçəltəpənin yaştanında on-on beş nəfər yeniyetmə bir bayraqla onlara tərəf gəlir.

Bayrağı görcək qanı cuşa gəldi. Bu haradan çıxdı? Gələnlər kimdir, bizə niyə xəbər eləməyiblər? Bəlkə heç “Mərkəz”in də xəbəri yoxdur? Bəlkə heç olanlar barədə Həsən çatdırıb “mərkəz”ə xəbər ötürə bilməyib? Ötürübsə də, yəqin radist ciddi qəbul etməyib, fikirləşib ki, “tut ağacı”dır də, zarafatlaşır…

Radioqəbuledicinin düyməsini basdı.

– “Mərkəz”, “mərkəz”, mən “nar çubuğu”yam, qəbul…

– “Nar çubuğu”, mən “mərkəz”, qəbul…

–Təcili kömək lazımdır.

–Nə olub ki?

–Qarşı tərəfdən bir dəstə gürcü keşişlərinin rəhbərliyi ilə sərhəddi keçib monastra gəlmək istəyirlər. Bir dəstə yeniyetmə də əllərində bayraq öz

tərəfimizdən gəlirlər.

–Oldu, qəbul.

Həsənin səsi kallaşmışdı artıq, bəlkə də hirslənməkdən, qışqırmaqdan boğazı qovuşmuşdu.

–Buralar bizim torpaqlar olub. Qaytarın torpaqlarımızı. – Gürcülərdən biri qışqırdı.

–İmkan verin, rahat gəlib öz torpaqlarımızda gəzək, ibadətimizi eləyək.

–Özünüz deyirsiniz ki, başbilənləriniz də bu monastrı qəbul etmir, deyirlər alban kilsəsi olub. Deməli monastrın sizə heç bir dəxli yoxdur.

–Bəli! Bu monastr alban kilsəsidir, sizə də heç bir dəxli yoxdur. – Həsən özünü cəmləşdirib gürcüləri cavablandırdı.

–Bir vaxtlar sizinkilər kefinən Ermənistana gedib-gəlirdilər. Eşitmisənmi?

–Eşitmişəm.

–İndi də Gürcüstana gəlib-gedirlər. Bilirsənmi?

–Bilirəm.

–Ermənistanda, ya Gürcüstanda bir alban kilsəsi olduğunu eşitmisənmi?

–Eşitməmişəm.

–Heç eşitməyəcəksən də. – Keşiş sözünə azca ara verdi. – Əgər bu köpəkuşağı albanlar bütün Qafqazboyu səpələnib yaşayıblarsa, niyə nə Ermənistanda, nə də Gürcüstanda onların bircə dənə də olsun kilsəsi-monastrı qalmayıb?

–Bilmirəm.

–Heç vaxt bilməyəcəksən də.

Bunu eşitcək gürcülərin hamısı qəhqəhə çəkdilər, qarınlarını tutub uğundular.

–Ay qanmaz! – Keşiş dilləndi. – Görürsənmi sizi necə aldadıblar. Buralarda heç vaxt, heç bir alban olmayıb.

–Olub. – Həsən hirslə cavab verdi. – Albanlar burda yaşayıblar. Kilsə də onlarındı. Biz bunu tarixin mədəniyyət abidəsi kimi qoruyuruq.

–Axx… gör sizi necə də aldadıblar və siz gör necə də avamsınız. – Keşiş başını buladı. – Biz sizin gor qonşularınızıq. Siz bizim vasitəmizlə neftinizi, qazınızı beynəlxalq bazara çıxardıb satır, varlanırsınız. Bizsiz siz heç nəsiniz, blokadada qalıb acından ölərsiniz. Siz isə heç vaxt olmayan, heç vaxt münasibət qurmadığınız, tanımadığınız albanların monastrını bizdən niyə qorumalısınız. – Dərindən köks ötürdü, “lənət sənə” dedi. – Bəs yaxşı, sizin o albanlar sonra hara yoxa çıxıblar? Göyəmi çəkiliblər, yer yarılıb yerəmi giriblər, yoxsa harasa köçüb gediblər?

Həsən çaşdı, bilmədi nə cavab versin. Biz niyə alban kilsəsini iki gözümüz kimi qorumalıyıq? Albanlarla bizim nə əlaqəmiz? Doğrudan da, əgər burada albanlar yaşayıblarsa, özü də bütün Qafqaza yayılıblarsa, bəs sonra necolublar? Ola bilməz ki, bu boyda ərazidə onların tör-töküntülərindən qalmasın… Bəs onda hardadırlar? Niyə üzə çıxmırlar? Heç olmasa ildə bir dəfə turist kimi Qafqazın bu başından düşüb o başınadək gəzmir, kilsəmi deyim, monastrmı deyim, qoruduğumuz abidələrini ziyarət etmirlər..? Gürcü olanda nə olar, bəlkə düzünü o deyir?

–Onların nəsli kəsilib. – Qəflətən ağzından çıxdı, heç özü də bilmədi ki, hardan ağlına gəldi bunu demək.

Gürcülər bir də qəhqəhə çəkib gülüşdülər, elə bil onların da qanı cuşa gəlmişdi, bu dəqiqə qan-qan deyəcəkdilər.

–Ay tarixindən bixəbərlər! – Keşiş ucadan səsləndi. – Siz Qarabağdakı kilsələrinizi də səhv salmışdınız. Sahib çıxmaq əvəzinə albanların adına yazmışdınız. Onsuz da qoruyursunuz, öz tarixi abidəniz, xristianlığınızın xoş xatirəsi kimi qoruyardınız. Bu hərəkətiniz Allaha da xoş getmədi, sizdən alıb ermənilərə verdi.

Həsənin əli boşaldı, daha deməyə sözü qalmadı. Sən demə, ağızla əl arasında güclü bir əlaqə var, ağız danışanda, komanda verəndə əl də mükəmməl işləyir.

Həmid baxdı ki, gürcülər Həsəni lap dalana dirəyiblər. Bir az da səbrli olmağa çalışdı. Hələ ki, atəş açmağa vadar olmamışdılar. Bir də qanrılıb öz tərəflərinə baxdı ki, görsün gələnlər necoldu. Elə bu dəm zastavadan köməyə gələn yeddi nəfərlik əməliyyat qrupu gizir Nağıyevin komandası ilə üzüqoylu yerə uzanıb silahlarını atəş hazırlığı vəziyyətinə gətirdilər. Bunu görən gürcülər də özlərini yığışdırdılar, Həsəndən bir az aralanıb geridə dayandılar. Deyəsən, onlar həm də yeniyetmələrin gəldiyini, monastr qabağında toplaşdıqlarını gördülər.

Monastrın qabağına diqqətlə baxan Həmid məktəblilərin arasında olan müəllimi dərhal tanıdı – bəli, o idi, Saqif müəllim özüydü, məktəbin yeganə tarix müəllimi. Həmid Saqif müəllimlə dünən tanış olmuşdu, özü də sırf təsadüfdən. Həm də tələsik, necə deyərlər, iki daşın arasında atüstü söhbət edə, bəzi incə mətləblərə toxuna bilmişdilər.

Həmidi zastava rəisi poçtalyonun əvəzinə poçta göndərmişdi, məktubları gətirməyə. Nahar fasiləsinə düşdüyündən poçtun qabağında bir az gözləməli olmuşdu. Saqif müəllim də orada durub poçtun açılmasını gözləyən adamların arasında idi. Nədənsə Keşikçidağdan söhbət düşdü, Saqif müəllim də elə-belə, sözgəlişi məlumat verdi. Onun danışığı və danışdıqları Həmidin diqqətini çəkdi. Söhbətə müdaxilə etdi, soruşdu:

–Orada qırxadək mağara var, içində nə vaxtsa insanın yaşaması mümkün olub. Çox güman ki, ibtidai insan həmin mağaralarda yaşayıb. Deyək ki, Sovet dövründə tədqiqat işləri aparılmayıb, öyrənilməyib. Bəs indi? İndi ki, müstəqilik! İndi ki, tədqiqat aparmağa, məktəbliləri məlumatlandırmağa maneçilik törədən yoxdur…

Saqif müəllim haqlı iradların qarşısında heç nə demədi, eləcə sağollaşıb ayrıldı. İndi Saqif müəllim bunu əməli işində göstərirdi, yuxarı sinif uşaqlarından on beş nəfəri bir yerə toplayıb buraya – ekskursiyaya gətirmişdi.

Keşikçidağ monast-məbəd kompleksi barədə məlumat verirdi:

–Bu, bizim xristian tariximizin abidəsidir. Baxmayaraq ki, dördüncü əsrdən xristianlıq ləğv olunub və yeddinci əsrdən müsəlmanlığı qəbul etmişik, on birinci əsrədək insanlar olub ki, xəlvətdə gəlib bu abidə kompleksini ziyarət ediblər. Nəhayət, Atabəylər dövləti dövründə abidənin ziyarətinə qəti qadağa qoyulub. Müvəqqəti ondan istifadə edən gürcü qonşularımız öz çarları David Qurucunun rəvayətini uydurub monastrı ələ keçirməyə çalışıblar. Hətta belə bir əfsanə də quraşdırıblar. Deyirlər, guya Qafqaz dağlarının ətəyində Keşiş dağı deyilən bir dağ var. Keşiş dağının həndəvərində gürcü rahiblər və rahibələrin yaşaması üçün hücrələr qazılıb tikilibmiş. Aşağı obadan olan bir azərbaycanlı bu ərazilərdə çobanlıq edirmiş. Qoyun otaran sevdalı çoban ürəkləri yerindən oynadan tütək havaları çalarmış. Və quş yuvasını xatırladan kiçicik bir hücrədə möhnətin əlində əsir olan gözəl rahibə gürcü qızı qarğı tütəyin əfsununda çırpınarmış. Aylar, illər ötüb keçsə də həyat eşqilə alışıb yanan çöllər nəğməkarı çobanla, tərki-dünyalıq həbsxanasının məsum əsiri olan rahibə qız arasında sevgi macərası başlanmışdır. Çoban aylı gecələrdə qoyun sürüsünü örüşə aparanda tütəyini dilə gətirər, gürcü qızı isə öz dilində sevdalı çoban üçün həzin mahnılar oxuyarmış. Günlərin birində rahibə qız kiçicik bir daşa bağlandığı ağ yaylığı hücrədən aşağı atmış və çoban quş lələyi kimi fırlanan dəsmalı havada tutub açıq sinəsinə basmışdır. Sonra o, qaya aşağı sallanan kəndiri görmüş və həyat eşqi, gənclik və sevgi duyğuları amansız monastr həyatına, tərki-dünyalığa üsyan etmişdir. On dörd gecəlik Ay bədirlənən zaman ölümü göz altına alan gənc çoban kəndirdən tutaraq sıldırımlı qayanı dırmaşır. Gürcü qızının əli çobanın əlinə toxunur. Bir-birinin dilini bilməyən sevdalı aşiqlər baş-başa verib sakitcə ətir qoxuyan nəfəslərini dinləyirlər. Vüsal sevinci ilə qorxu hissi bir-birinə qarışır. Ay qüruba yaxınlaşır. Kilsə zənginin həzin səsləri eşidilir. Birdən hücrənin qapısı döyülür, baş rahibə gəlib gecə yoxlaması keçirir. Sevdalı gənclər bir-birinə sıxılırlar. Günəş sevgililəri salamlayan zaman hücrənin qapısı sındırılır və cəllad sifətli rahibə qarı içəri girir. Qəribədir, içəridə heç kəs yox idi, aşağılara açılan kiçicik pəncərənin ağzında iki göyərçin əyləşmişdi; baş rahibəni görən kimi göyərçinlər sevinclə uçub uzaqlaşırlar. Yerli adamlar deyirdilər ki, Keşiş dağının qayalıqlarında uçan göyərçin sürüləri azərbaycanlı çobanla rahibə gürcü qızının övladlarıdır.

…Həsən gürcülərin getmək üçün hazırlaşdıqlarını görəndə Həmidi səslədi:

–Deyəsən, gedirlər. Mən də yuxarı qalxımmı?

Bu zaman gürcü keşişinin yenə də bəri tərəfə baxaraq nə isə dua oxuduğunu və əli ilə göydə xaç işarələdiyinin şahidi oldular.

–Biz gecikdik, özü də çox gecikdik. – Keşiş ucadan özününkülərə deyirdi. – Sən demə, onlardan da həqiqi tarixlərini bilənlər varmış. Gedək, daha burda durub monastra həsrət-həsrət baxmağın heç faydası yoxdur.

Həsən Həmidin yanına qalxanda gizir Nağıyev onların yerinə yeni postaçılar qoymuşdu. Əslində onların dəyişilmə vaxtıydı, hələ bir az da artıq xidmət çəkmişdilər.

–Həsən olmasaydı, gürcülərin qabağını saxlaya bilməyəcəkdik. – Həmid gizir Nağıyevi məlumatlandırdı.

–Yalan deyir, Həmid olmasaydı, mən onların qabağında dura bilməzdim. Ya atəş açıb qıracaydım, ya da məni öldürüb keçib gedəcəkdilər, rəzil olacaydıq. Ona görə yaxşı deyiblər; əsgərin yaxşı döyüşçü olması üçün komandiri yaxşı olmalıdır. Həmid kiçik komandir kursuna getməsə də, bu gün mənə yaxşı komandirlik elədi.

–Yaxşı, indi zastavaya gedərik. – gizir Nağıyev mübahisəyə son qoymaq istədi. – Baş idarədən vertolyotla nümayəndə gəlir, bəlkə də bir azdan

çatar. Hadisəni onlara olduğu kimi danışmalısınız. Komandan həqiqəti bilməlidir.

Onlar zastavaya tərəf yol alanda məktəblilərin yanından ötüb keçəsi oldular. Bu zaman Saqif müəllim əsgərlərə nəzər salıb dedi:

–Uşaqlar, siz də bir müddətdən sonra əsgər olacaqsınız, vətənin keşiyində duracaqsınız. – Əli ilə Həmidi göstərdi. – Baxın, bu əsgər mənim min illik qan yaddaşımı oyatdı. Dünən cəmisi beş-on dəqiqə söhbət elədik. Bilmədim heç ölkənin hansı bölgəsindəndir. Ancaq buralarla bağlı, Qarayazı, Keşikçidağ monastr-məbəd kompleksi, Qatardağ silsiləsi, Atabəylər dövləti, Gürcü çarlığı barədə elə danışdı ki, elə bildim bu kənddə o, doğulub boya-başa çatıb, mən isə lap uzaqdan buraya müəllim işləməyə gəlmişəm.

Həmid heç nə demədi, başını aşağı saldı.

– “Nar çubuğu” ki, “nar çubuğu” … – bütün əsgər yoldaşlarının dilində bu ifadə astadan eyni vaxtda səsləndi.

–Müəllim, buyurun, danışın. İcazənizlə, biz də beş-on dəqiqə sizi dinləyək. – Gizir Nağıyevi də maraq götürdü.

Saqif müəllim əlini çoxdan çallaşmış saçına çəkib dərindən bir köks ötürdü. Bu, arxada qalmış illərin görülməmiş işlərinin köksü idi, amma bu köksü özündən başqa heç kim hiss etmədi, çünki hamının diqqəti bir anlıq zastavavaya enməkdə olan vertolyotdaydı.

Əmzikli sərhədpozan

Nahardan sonra hərbi hissənin meydançasında gəzintiyə çıxmışdım. Birdən gizir Fərmanzadə yaxınlaşdı. Hərbi təzim etdi, salamlaşdıq.

– Xeyirdimi, İlqar? – Gəlişinin məqsədini soruşdum.

– Məni də çağırıblar, – dedi və başı ilə çiynindəki səhra çantasına işarə elədi, yəni hazırlıqlı gəlmişəm, əmrə müntəzirəm.

– Get, növbətçidə qeydiyyatdan keç, gözlə.

– Baş üstə! – deyib getdi, yorğunluğu hiss olunurdu, bəlkə də, zastavadan yaxınlıqdakı kəndə qədər piyada gəlmişdi.

Gizir Fərmanzadəni bir neçə il olardı şəxsən tanıyırdım. Yardımlının dağlıq bölgəsində yerləşən sərhəd zastavalarının birində təsərrüfat işlərinə baxırdı. Əməliyyat zamanı tanış olmuşduq. Vəzifəsi təsərrüfat işlərini sahmanlamaq olsa da əsl əməliyyatçı idi, başı yaxşı işləyirdi, ali təhsilli zabitlərdən geri qalmırdı.

Sərhəd Dəstəsinin qərargahında qızğın hazırlıq gedirdi. İydəlidən Dəvəliyə bütün zastava rəisləri toplanmışdı.

Toplantıya çağrılan zabit və gizirlər qərargahın ərazisindəydi. Kimisi həyətdə siqaret çəkərək həmkarı ilə söhbətləşir, kimisi dəftərxanada hansısa sənədi dəqiqləşdirir, kimisi də iclas salonunda sakitcə oturub televizora baxırdı. Elə bu vaxt hamının səbirsizliklə gözlədiyi xəbər ucadan səsləndirildi:

– Diqqət! Diqqət! Müzəffər Azərbaycan Ordusu Zəngilan rayonunun Ağbənd qəsəbəsini erməni işğalından azad etmişdir. Zabitlər bu xəbərdən həyəcanlandılar, dərhal sevinclərini büruzə verdilər.

– Urraaa…

– Yaşasın Müzəffər Ali Baş Komandan!

– Yaşasın rəşadətli Azərbaycan Ordusu!

– Yaşasın xüsusitəyinatlılar!

– Var olsun Sərhəd Qoşunları!

Yığıncaq çox çəkmədi. General rəşadətli ordumuzun keçirdiyi döyüşlərdən danışdı, hansı ki, bunlardan bəzilərini rəsmi mənbələrdən eşitmişdik.

Bununla da təyinatlar başladı. İşğaldan azad edilmiş bütün ərazilərə yeni təyinatlar oldu.

Hər dəfə adımın çəkilməsini gözləyirdimsə də, başqa adlar səslənirdi. Nəhayət, sonuncu iki zastavaya da təyinat oldu. Ən sonuncu zastava rəisi yerində öz adımı eşidəndə həyəcanım bir andaca keçib getdi, rahatlandım.

– Cənab Bərxudarlı! – General mənə müraciət edəndə artıq ayaq üstdəydim, farağat vəziyyətində nə deyəcəyini gözləyirdim. – Sizə mayor rütbəsi verilməsi haqqında təqdimat və əmr komandanın masası üzərindədir. Ali Akademiya təhsili almaq üçün Belorusiya Sərhədçi Akademiyasına göndəriləcəyiniz də cənab komandanın diqqətindədir. Lakin indi hamımız ən vacib olanı yerinə yetirməliyik. Komandan şəxsən sonuncu sərhəd zastavasının rəhbərliyini sizə etibar edir. Etimadı doğrultmalısınız.

– Azərbaycan Respublikasına xidmət edirəm!

Toplantı sona yetdi. Hər kəs aldığı tapşırığı yerinə yetirmək üçün qərargahın müvafiq kabinetlərinə üz tutdu. Mən də çıxmaq istəyirdim ki, hələ tribunadan aralanıb getməyən general yanına çağırdı. Ona yaxınlaşıb məruzə etmək istəyirdim, əli ilə işarə verib saxladı, ardınca getməyi tapşırdı. Biz birlikdə Dəstə komandirinin otağına gəldik. Komandirin geniş, işıqlı kabinetində divara böyük xəritə vurulmuşdu. Qərargahda xidmət keçməyimə baxmayaraq bunu birinci dəfəydi görürdüm.

– Bərxudarlı, – deyə general dərhal xəritəyə yaxınlaşıb tapşırığa keçdi. – Yaxın gəl, xəritə ilə tanış ol.

Gizir Fərmanzadə mənim sərəncamıma ayrılmışdı, zastavanın təsərrüfat işlərini sahmanlayacaqdı. Şəxsən tanıyırdım, işinə bələddim deyə sevindim. Zəhmli, ciddi, ən əsası da sədaqətli sərhədçi idi.

Kursantlar da öz tağım komandirləri ilə bizi vertolyotun salonunda gözləyirdi. Generalın dediyinə görə, kursant tağımının komandiri baş leytenant Cabbarlı əvvəlcə dağlıq bölgədə yerləşən zastavaların birində xidmət keçib, sərhədçi təcrübəsi vardı. Hərtərəfli sağlamdır, idmançıdır. Hərbiçilər arasında necə deyirlər: "Onunla kəşfiyyata getmək olar!"

Biz və qonşu zastavanın rəisi oturan kimi vertolyot havaya qalxdı. Araz boyu irəliləməyə başladı. Təxminən qırx dəqiqədən sonra Bartaz dayanacağındaydıq. Bortdan yerə endik, əşyalarımızı boşaltdıq. Vertolyot dərhal uçub geriyə qayıtdı, generalı Bakıya aparmalıydı.

Bizi Milli ordunun zabiti qarşıladı. Vəziyyət barədə qısa məlumat verdi:

– Zastavalara gecə ilə getməyinizin heç bir mənası yoxdur, – dedi. – Gavurlar gedəndə mundarlaya bilərdilər, gedərsiniz ziyançılıq olar. Səhər tezdən minaaxtaranlar öz işlərini görər, sonra gedib yerləşərsiniz.

Deməli, Bartaz zastavası qəsəbənin lap yaxınlığında yerləşir. Bizə gecəni qalmaq üçün təklif olunan yarımuçuq evlər, zirzəmilər təhlükəsiz idi, çünki bizdən əvvəl orda xüsusitəyinatlılar və Milli ordunun əsgərləri bir neçə gün qalıb döyüşə hazırlaşmışdı. Biz zastavalarımıza getmək istədiyimizi deyəndə Milli ordunun zabiti yenə etirazını bildirdi.

– Hər şey ola bilər, – dedi. – Düzdür, ermənilər son ana kimi zastavadaydılar. Lakin onların çıxan anda haralarasa mina qoyub-qoymadığını heç kim görməyib, bilmir və sizə qarantiya verə bilməz.

Həmkarım razılaşsa da, mən razılaşmadım.

Bizə bələdçi ayrıldı. Əşyalarımızla birlikdə iki "URAL" markalı maşına doluşaraq yolumuza davam etdik. Səhərisi gün zastavaya KQM (Komanda-Qərargah Maşını) rabitə maşınını göndərəcəklərini bildirdi. Dəstə qərargahı, komendantlıq və qonşu zastavalarla rabitə əlaqəsi yaradılana kimi KQM-dən istifadə edəcəkdik.

Yolumuz nəsə çox uzun çəkdi.

Ağbənd zastavası deyilən yerə yaxınlaşdığımızı bildirib bələdçimiz maşını saxlatdı.

– Bax, o ağ bina zastavadır, – deyərək əli ilə göstərdi, Ayın işığında binanı aydın görmək olurdu.

Maşından endik və əşyalarımızı boşaltdıq. Gizir Fərmanzadə ehtiyatlı sərhədçi idi, böyük bir çadır götürmüşdü. Kursantların ilk işi yolun kənarında çadır qurmaq oldu. Çadır qurulandan sonra bələdçi bizə uğurlar arzulayaraq "URAL"-a oturub getdi.

Çadırın hər iki tərəfində, hardasa səksən-yüz addımlıq məsafədə döyüş mühafizəsi təyin etdik.

Bizə iki minaaxtaran qoşmuşdular. Sübh tezdən onları yuxudan oyatdıq. Zastava ərazisini yoxlamaq tapşırığını alıb yerinə yetirməyə yollandılar. Gizir Fərmanzadə də onlarla getdi.

Zastavanın müdafiə zolağı Araz çayı boyunca uzanırdı. Bir-birindən iki kilometr məsafədə üç sərhədçi qülləsi yerləşirdi. Həmin qüllələrdə xidməti təşkil etdik.

Təxminən on-on iki gün olardı ki, əraziyə köçüb xidməti yoluna qoymuşduq. Bir gün axşamüstü Dəstənin qərargah rəisi zəng vurub məni KQM-na çağırtdı. Hal-əhval tutandan sonra dedi:

– Mərkəzdən məlumat göndəriblər. Lap yuxarının tapşırığıdır.

– Buyurun, eşidirəm. – Özümü cəmləşdirdim.

– O taylı mənbəmizdən siqnal var. Onu şəxsən nəzarətdə saxlamalısan ki, dürüst yerinə yetirilsin.

– Nə siqnaldı elə?

– Bu gecə siz tərəfdə sərhəd pozulacaq, yəni o taydan gələn olacaq.

– Heç olmasa, sərhədin pozulacağı yeri deyibmi? Bizim ərazi böyükdür, hamımız sərhəd boyunca düzülsək belə üçdə birini bağlaya bilmərik.

– Bu nə səfeh sualdı verirsən? Deyib ki, Ağbəndin qarşısından keçəcək. O yolla həmişə gedib-gəliblər.

– Aydındır. Özümüz bir şey fikirləşərik.

Axşam saatlarında şəxsi heyəti yığdım. Bölgünü keçirib təlimatlandırdım və xidmətə yollandıq. Zastavada yalnız daxili naryadı saxladım. Gizir Fərmanzadə şərq bölgəsində patrulluq edən dəstələrə nəzarəti öz üzərinə götürdü, baş leytenant Cabbarlı qərb, mən isə mərkəzdə. Bu gecə dünya dağılsa, Ay paralanıb yerə düşsə, xeyri yoxdu, nəyin bahasına olursa, olsun sərhəd pozucusunu tutmalıydıq.

"Neçə nəfərdilər? Nə gətirirlər? Silahları varmı?" Gic-gic sualları özüm-özümə yağdırdım və gülməyim tutdu. "Silahsız sərhəd pozucusu olar?" Sualların heç birinə cavab tapa bilmədim.

Bu neçə gündə bircə çayın qırağına getməmişdik. Eləcə aralıdan durub gah gözlə, gah da durbinlə müşahidə eləmişdik.

Arazın o tayında cəmi bir sərhəd qülləsi vardı, bura gəldiyimiz ilk gündən bunu müəyyənləşdirmişdim. İranlı sərbazlar sərhədi bizim kimi qorumurdular, Azərbaycan sərhədçilərinə çox arxayındılar.

Səbrim daralmaq üzrəydi, səhərin açılmasına iki saat qalardı, ya yox.

Gələnləri yaxşı görürdüm. Biri kişi, o birisi isə qadın idi. Kişi çiyninə yol çantası keçirmişdi, qadın isə uşağı qucağına almışdı. Elə bil çaşıb qalmışdılar. Bu nə silah qaçaqmalçılarına oxşayırdı, nə narkotika tacirlərinə…

Nəhayət, kişi yol çantasını çıxardıb qadının kürəyinə keçirtdi. Sağollaşdılar. Hər ikisi əlini göyə qaldırdı, deyəsən, Allaha dua edirdilər.

Kişi yamacda qaldı, qadın isə ehmal addımlarla çayın qırağına düşdü. Əllərini göyə qaldırmağı ilə arxası üstə çaya düşməyi bir oldu. O qədər anidən oldu ki, həyəcanlandım. O, suya batdı və tez də üzə çıxdı. Güclü axın onu ağuşuna alıb üzüaşağı gətirirdi. Qadın gah suda batır, gah da yenidən üzə çıxırdı. Qarnına bağladığı uşağını bir əli ilə yuxarı qaldırmağa çalışırdı. Hiss elədim ki, uşaq boğulmasın deyə qadın arxası üstə üzürmüş.

– Kömək edin! – Qışqırtısı qulaqlarımda cingildədi.

Kimə qışqırırdı? Kimi köməyə çağırırdı? Səhərin bu alatoranında kimisə görmüşdümü? Bizim burda olduğumuzu bilirdimi? Bilirdisə, niyə xəlvət, kor-koranə özünü suya atırdı?

İndi bunun hayı deyildi. Gözümün qabağında onlar çayın ən gur buruqlarının cəngindəydi. Su qadınla uşağı amansızcasına ağuşuna alıb aparırdı. Sahilə çıxmaq şansları heç qalmamışdı.

– Kömək edin! – Qadın var qüvvəsi ilə qışqırırdı. – Balamı xilas edin!

Qadın bir də suda batıb üzə çıxanda uşağını görmədim, ya boğularkən əlindən buraxıb, ya da güclü axın alıb aparmışdı. Heç nə düşünmədən silahımı yerə qoyub qaya parçasının üstünə çıxdım.

– Komandir, komandir, siz hara?

Əsgər arxamca çağırsa da əhəmiyyət vermədim. Var qüvvəmlə çaya tullandım. Gur axın məni ağuşuna alıb apardı. Özümü cəmləşdirib təkan verdim. Kiçik təkan üzüaşağı üzməyimi sürətləndirdi. Başımı qaldırıb baxdım. Körpə suyun üzündə gedirdi. Məndən çox da aralıda deyildi. Daha bir təkan verib ona tərəf üzdüm. Çatdıqda uşağı görmədim. Suyun altına baş vurub bir də üzə çıxdım. Uşaq mənim bir addımlığımda suyun üzündəydi. Əl atıb tutdum. Onu köksümə sıxaraq bir əlimlə sahilə yaxınlaşmağa cəhd göstərdim. Çayın dar yerini artıq arxada qoymuşduq. Arazın axını burda genişlənir, sürəti azalırdı.

– Kömək edin! – Qadın hələ də suya batıb-çıxır, çıxdıqca qışqırırdı.

Sahilə az qalmış gizir Fərmanzadənin səsini eşitdim:

– Cənab kapitan!

O mənə müraciət edirdi, deməli məni görürdü. Başımı qaldırıb sahilə tərəf baxdım, cavab verməyə taqətim qalmamışdı, gur burulğan məni əməlli-başlı "əzişdirmişdi". Gizirin səsini eşitməyimlə şappıltı ilə suya tullandığını gördüm, mənə tərəf üzürdü. Çatıb kömək eləməyə çalışdı, əlimdən tutub sahilə tərəf çəkdi.

– Qadına… – bircə bunu deyə bildim. – Qadına, anasına…

Ağzıma dolan lilli suyu tüpürüb sahilə yan aldım. Sahildən az qala "asılı vəziyyətdə qalmış" yulğun kolunun kökündən yapışıb quruya çıxdım. Əlimlə uşağın üzünə yığılmış köpüklü su ilə lilli çör-çöpü təmizlədim. Körpə qorxa-qorxa gözlərini açdı. İlahi, sənin böyüklüyünə şükür, o sağ idi, boğulmamışdı. Ağzındakı əmziyə dolmuş çirkli suyu sümürürdü. Əmziyi dartıb ağzından çıxartdım. O, dərindən nəfəs alıb ağladı.

– Ağlama, gözəl bala. – deyib təskinlik verməyə çalışdım.

Əmziyi silib yenidən ağzına qoydum. Körpə bayaqkı iştahla sümürməyə başladı. Dünyadan xəbərsiz körpənin məsum baxışları mənə dikilmişdi. Xoşbəxtlikdən uşağın yalnız üst paltarı islanmışdı, altdan seylofan ilə bələnmişdi.

– Cənab kapitan! – Gizirin səsiydi.

Uşağı yerə qoyub arxaya çevrildim. O, qadını çəkə-çəkə sahilə yaxınlaşırdı. Cəld suya tullandım. Qadını quruya çıxartmağa ona kömək etdim. Biz sahilə çıxdıq. Qadın boğulmuşdu, huşu özündə deyildi. Onu üzüaşağı uzadıb ayaqlarını yuxarı qaldırdım. Gizir iki-üç dəfə ürəyinin üstündən basan kimi köpüklü su ağzından püskürüb axdı və qadın ayıldı.

– Oğlum hanı? – Ayılan kimi birinci bunu soruşdu.

– Burdadı, xilas eləmişik – dedim.

Bunu eşidən kimi yenidən gözünü yumdu.

İndi hiss etdim ki, bütün bədənim titrəyir, cumculuq su içindəyəm. Tir-tir əsməyə başladım.

Əməliyyatın başa çatması barədə patrul qruplarına xəbər verib zastavaya qayıtdıq. Qayıdan kimi Dəstə qərargahına məlumat ötürdüm. Onlar sərhəd pozucularını Bakıya aparmaq üçün maşın göndərdilər. İmkan var ikən qadını yanıma çağırdım.

– Özünüzə gəldinizmi? – deyə soruşdum. – Vətən torpağına ayağınız dəydikdə rahatlıq tapdınızmı?

O, sualıma cavab vermədi. Soyuq, inamsız baxışlarla məni süzürdü. Birdən:

– İndi bizə nə edəcəklər? – deyə həyəcanla soruşdu. – Məni tutacaqlar? Oğlumu əlimdən alacaqlar?

– İrana necə getməyimizi?

– Elə hamısın. Başınıza gələnləri danışın.

– Kənd qızıyam. Qonşu kənddən olan bir oğlanla ailə qurdum. Oğlan Rusiyada yaşayırdı, alverlə məşğul olurdu. Məndən on beş yaş böyük idi. Toydan sonra məni yaşlı anasının yanında qoyub qayıtdı Rusiyaya. Üç il ailəli olduq, o, orda, mən burda.

– Heç gəlmirdi?

– İldə bir dəfə gəlirdi, on gün qalıb qayıdıb gedirdi.

– Zaqsınız varıydı?

– Yox, zaqs götürməmişdi, eləcə molla kəbiniylə ailə qurmuşduq. Vaxtı olmurdu, gələn kimi də qayıdıb gedirdi. Sözümüz çəp gəldi, dedi, çıx get atanın evinə. Boşandıq.

– Atanın evinə qayıtdın?

– Yox. Ora qayıda bilməzdim. Bu, mənim üçün ölümdən betərdi. Gedib atama, qardaşıma gözdağı olmayacaqdım ha… Gəldim şəhərə. Elə avtovağzalda soraqlaşdım. Bir kişiyə kafesində işləməyə adam lazım idi. Məni gətirdi kafeyə, orda qalmağıma yer də düzəltdi. Əvvəlcə qabları yuyurdum. Sonra ofisiant keçdim. Bir il kafedə işlədim.

– Heç olmasa işlədiyinin pulunu verirdilərmi?

– Min manat pul yığmışdım. Hara gedirdim ki, xərcləyəm. Orda yeyirdim, orda yatırdım. Kafeyə hərdən bir xanım gəlirdi yemək yeməyə. Yediyinin üstündən həmişə mənə bir-iki manat artıq verirdi. Dostlaşmışdıq, gec-gec gələndə darıxırdım. İmkan olanda söhbətləşirdik. O, alverlə məşğul olurdu, deyirdi hərdən İrana gedib-gəlir. Xahiş elədim, mənə kömək eləsin. Bir gün sevincək gəldi. Dedi, sənə kömək eləyəcəm. Məni kafedə işdən çıxartdı. Əvvəlcə o qalan evə getdik. Sonra mənə bir kirayə ev axtarıb tapdıq. Çox sevinirdim, nə desəydi, razılaşacaqdım. Dedi, İrana getmək üçün gərək hicaba girəsən. Bilmirdim hicaba necə girmək olur. O, hər şeyi mənə başa saldı. Razılaşdım. Gətirdi Molla Bəkirin yanına.

– O kimdir?

– Məscidin baş mollasıdı, əlaqələri genişdi. Məni bir gecəlik özünə siğə elədi. Sabahısı günü dini paltar alıb geyindirdi, məscidə gətirib hicabımın duasın oxudu, ruzi-bərəkət duası yazıb verdi. Onun Təbrizdə dükançı tanışları var. Bir də bir kağız yazdı ki, gedəndə onlara göstərim.

– Kağıza nə yazmışdı?

– Heç açıb baxmadım. Yəqin ərəb hərfləri ilə yazmışdı. Mən onu oxuya bilmirəm. Beləcə, yolum açıldı. Mənə kömək eləyən xanıma qoşulub getdim İrana. Plasmas qab-qaşıq alıb gətirdim. Dördüncü dəfəydi, gedib-gəlmişdim. Dedilər ki, Molla Bəkir səni axtarır. Getdim yanına. Soruşdu ki, ərə getmək, ailə qurmaq istəyərdin? Dedim yaxşı adam olsa, hansı qadın ərə getmək istəməz. Elə orda məsciddə məni Kərim adlı bir kişi ilə tanış elədi, İran vətəndaşıydı. Molla Bəkir kəbinimizi kəsdi, biz ər-arvad olduq, gəldik mən qaldığım kirayə. Bir müddət yaxşı dolandıq. Kərim də işləyib qazanırdı, mən də iki-üç aydan bir gedib-gəlirdim.

– Kərim nə işləyirdi?

– Onun nə işlədiyin soruşmurdum. Özü deyirdi ki, xırda ticarətdi, dükan işidir, Bakıda olan İran dükanlarının əlaqəsin qurur. Harda mal yaxşı satılır, harda zəif… burdan ora, ordan bura… Nə isə… Bir gün gəldi ki, bələdiyyədən iki sot torpaq almışam, gedək sənin adına yazdıraq. Getdik bələdiyyəyə, pasportumu verdim, yazdılar. Sonra Kərim orda bir otaqlı ev tikdi, kirayədən çıxıb öz evimizə köçdük. Həmin gün dünyanın ən xoşbəxtiydim, mənim də ailəm, evim vardı. – Evimizə köçəndən iki-üç ay sonra oğlumuz oldu.

– Allah salamat eləsin.

Adını Rza qoydu. Kərim dedi ki, rəhmətlik ağamın (onlar atalarına "ağa" deyirlər) adın qoyuram, ruhu şad olsun.

– Deyəsən, Kərim sizə qarşı yaxşı olub? Heç bir sözündən çıxmamısınız?

– İnsafən, çox yaxşı davranırdı, mehribançılıq göstərirdi. Elə ki, sənədləri hazırladıq, dedi gedək. Yığışıb getdik Təbrizə. Bir ay qaldıq orda. Ona kimi hər şey yaxşıydı. Elə ki, qayıtmaq istədik, pandemiya düşdü, yollar bağlandı. Kərim dedi ki, Əfsanə, heç ürəyini sıxma, ora da öz evindi, bura da. Qalaq, anama gəlinlik elə. Şükür Allaha, yeməyə çörəyimiz, geyməyə paltarımız. Qaldıq. Günlər keçdikcə gördüm Kərimin mənə qarşı davranışı dəyişib. Üstümə qışqırır, acılayır. Elə bildim anasının yanında özünü göstərir. Kişidi də, kişilərin hamısı belədi. Bir-iki ay da keçdi, gördüm yox, Kərim həmin Kərim deyil, hərdən mənim də yeməyimə, çayıma nə qatırdısa, gic kimi olurdum, daş kimi yatırdım…

– Yeməyə, çaya gəlin kimi sən baxmırdın?

– İranda bişirmək arvadların işidi, çəkib süfrəyə gətirmək kişilərin. Bir neçə dəfə gördüm ki, nəsə qatır. Dedim, Kərim nə eləyirsən? Dedi ki, ədvadı, yeməyə dad verir. Sonra da üstümə ad qoydu ki, gicsən, başıxarabsan, səni aparıb qoyacam dəlixanaya. Mən də qorxurdum. Bir gün xəlvətə salıb oğlumu da götürüb evdən qaçdım. Soraqlaşa-soraqlaşa getdim Molla Bəkirin adamının yanına. Məni neçə gün evinin zirzəmisində gizlətdi. Xəbərimiz vardı ki, burda dava gedir. Dedi, qorxma, səni aparıb ötürəcəm Azərbaycana. Ordan gətirdi Qaraçılar kəndinə, bir adama təhvil verib qayıdıb getdi. Burda da çox qala bilməzdim, qonşulardan kim xəbər tutsaydı, sərbazlara xəbər verəcəkdi. O adam da gətirib çayın qırağından yola salıb qayıtdı. Dedi, üzünü tut Allaha, get. Gerisini də siz bilirsiniz.

Qadın başına gələnləri danışıb qurtardı, imdad dolu gözlərini gözümə zillədi.

– İndi necə olacaq? – Yalvarıcı baxışları gözümə dikilmişdi. – Məni tutacaqlar? Oğlumu alıb yetimxanalara verəcəklər ki, türmədən çıxandan sonra onu tapmayım? Yox! Yox! Mən oğlumu heç kimə verməyəcəyəm! Türmədə də yanımda saxlayacayam!

Bilmədim nə cavab verim. Masanın üstündəki siqaret qutusundan bir gilə çıxardıb yandırdım. Sonra pultu götürüb televizoru işə saldım. Səhər xəbərləri yekunlaşmaq üzrəydi.

– Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Milli Məclisin "Vətəndaşlıq haqqında" qanuna etdiyi əlavə və dəyişikliklər bu gündən qüvvəyə minir. – Aparıcı bunu dedikdən sonra bəzi izah və şərhlər verməyə başladı.

– Anan namaz üstəymiş, Əfsanə!

İkimiz də sevincdən yerimizdən dik qalxdıq. Ürəyimdən keçdi ki, onun boynunu qucaqlayıb təbrik edim. Deyəsən, o da istəyirdi ki, boynunu qucaqlayım, başını sinəmə sıxım. Gör, neçə vaxtdı çöllərdəydi, qardaş qayğısından kənardaydı, ata nəvazişinə həsrət qalmışdı. Doğma Vətənə qayıtmağı möcüzə kimi görünürdü, yəqin Əfsanə yuxu gördüyünü zənn edərdi. Birdən gözümə sataşdı ki, üzündə şıram var, təzəydi, kəndə ölü düşəndə üzünə şıram çəkən arvadların əməlinə oxşayırdı.

– O nədir elə? – Sifətindəki şırama işarə elədim.

– Heç – deyib üzünü o yana çevirdi, başa düşdüm ki, çay uşağı əlindən alanda əlini üzünə çəkib. Xatırlatmağı artıq bildim, onsuz da qəhərlənmişdi, bir himə bənddi ağlasın.

– Bəxtin kəsdi ki, dəyişikliklərdə düşdüyün vəziyyət də nəzərə alınıb.

Sevincdən əlləri ilə üzünü bağlayıb üzü o tərəfə döndü. Hönkürtüsü otağa başına götürdü. "Qoy doyunca ağlayıb sakitləşsin", öz-özümə bunu deyərək siqaret yandırıb otaqdan çıxdım.

Qonaq

May ayı təzəcə başlamışdı. Cah-cəlallı bir yaz günüydü. Günəşin sarı-qızılı şəfəqləri hər yana nur səpələyirdi. Qızıloba yurdunun təbiəti kimi insanları da qayır-qayır qaynaşırdı. Bu mənzərəni səmadan seyr edən olsaydı, bircə adamın da dayanıb-durduğunu görməzdi, hamı qarışqa kimi hərəkətdə, işində-gücündəydi.

Valeh atası Qəzənfər kişi ilə yonca biçirdi. Bu il yaz yağışının bolluğundan yoncanın ilk biçini on-on iki gün qabağa, mayın ilk günlərinə düşmüşdü. Axşamüstü yoncanı biçib qurtarmaqdaydılar ki, Qəzənfər kişi oğlunu evə göndərmək istədi. Valeh axıradək qalıb kömək edəcəyini bildirsə də atası razılaşmadı.

–Sən get, bala. – dedi. – Mən oraqla qıraq-bıcağı da qaşıyım, kərənti girməyən yerləri də sivirim, sonra gələrəm. Heyifdi, qalmasın. Sən də get, bir havır kitablarına göz gəzdir. İki ay nədir ki, bir də gördün bir göz qırpımında gəlib keçdi… baxdın ki, səhər imtahandasan…

Valeh daha inadkarlıq göstərmədi, üst-başını səliqəyə salıb evə yollandı.

Kəndə çatanda aralıqda bir neçə nəfərin bir yerə toplaşdığını gördü. Addımlarını yeyinlədib onlara yaxınlaşdı. Poçtalyon Səməndər idi, adamlar onun başına yığışmışdılar, qızğın söhbət gedirdi.

Səməndər qonşu kənddən idi, elə poçt şöbəsi də orda yerləşirdi. Bir poçt şöbəsi sovetliyin üç kəndinə xidmət göstərirdi. Səməndər həftədə bir dəfə Qızılobaya gəlir, bir dəfə də sovetliyin o biri kəndinə gedər, qəzet-jurnalları, məktubları, ayda bir dəfə də adamların təqaüdlərini çatdırardı. Səməndər Valehi aradan görən kimi əlini yellədi.

–Yaxın gəl. – dedi. – Sənə məktub gətirmişəm.

Valeh həyəcanla Səməndərə yaxınlaşdı. Əl tutub görüşdülər. Səməndər bir quş qıvraqlığı ilə əl atıb boz meşin çantasından məktubu çıxardaraq Valehə uzatdı. Valeh dərhal alıb konvertin üstünə baxdı, məktub əsgərlik dostu Orxandan gəlmişdi.

–Kimdəndi? – Həmkəndliləri soruşdular.

Kəndə az-az məktub gələrdi. Odur ki, məktub hamını maraqlandırırdı.

–Əsgərlik dostumdandı. – Valeh qısa cavab verib onlardan aralandı.

Valeh Orxanla Bakıda tanış olmuşdu. Onlar orta məktəbi bitirəndən sonra ikisi də bir instituta sənəd verib bir imtahan qrupuna düşmüşdülər. Bunların tanışlıq tarixçəsi də elə o tarixdən başlamışdı. İyirmi gün ərzində mehribanlıqları dostluğa çevrilmişdi. Tale ikisini də eyni sınağa çəkmişdi. Dörd imtahanın dördündən də qiymət alsalar da müsabiqədən keçib instituta qəbul ola bilmədilər, necə deyərlər, konkursa düşdülər. Hər ikisi Bakıda qalıb işləmək arzusunda olsa belə, valideynlərinin təkidi ilə kəndə qayıtmalı olmuşdular. “Nə olar, bu il keçə bilmədiniz, daha yaxşı hazırlaşıb gələn il qəbul olunarsınız. İnstitut qaçmır ki…” – Hər ikisinin valideynləri kənd adamlarının əksəriyyəti kimi eyni fikirdəydi. “Təki övladım gözümün qabağında olsun!”

Valehlə Orxan başqa-başqa rayonlarda yaşayırdılar. Biri dağ, digəri aran ərazisi hesab olunan rayonlararası məsafə, bəlkə də, yüz əlli kilometrdən bir az da çox olardı. Dostlar kəndlərinə qayıtdıqdan sonra bir-birləri ilə məktub vasitəsilə əlaqə saxlayır, Bakıda qalmadıqlarına heyfslənirdilər.

İş elə gətirdi ki, hər ikisinin on səkkiz yaşı tamam olan kimi hərbi komissar çağırış vərəqi göndərdi. Çağırışın vaxtı çatan kimi möhlət vermədən hərbi xidmətə yolladı. Valideynləri çox çalışsalar da komissar gənclərə instituta qəbul olunmaq üçün daha bir şans vermədi. Xoş təsadüfdən onlar Biləcəri çağırış-toplanış məntəqəsində də qarşılaşdılar, ikisinin də adı bir komandaya yazılmışdı. Ukraynaya yola salınan qatarda da bir vaqonda yol getdilər. Karantinləri də, əsgərlikləri də bir yerdə keçdi. Onların dostluğu bu müddət ərzində daha da möhkəmləndi, mükəmməlləşdi, sarsılmaz qalaya çevrildi.

Ay ötdü, il dolandı, əsgərlikləri başa çatdı. Dostlar hərbi xidmətdən qayıtdılar. Ayrılanda məktubla əlaqə saxlayacaqlarına söz verdilər. Bir də nəyin bahasına olursa, olsun, yayda Bakıya gedib instituta qəbul olunacaqlarını qərarlaşdırdılar. Əsgərlikdən ayrılarkən komandirlərindən xahiş edib yaxşı xasiyyətnamə, bir də ali məktəbə sənəd vermək üçün zəmanət də götürmüşdülər. Zəmanət instituta qəbul olunmaq üçün ən mükəmməl sənəd hesab olunurdu. Zəmanət kafi qiymətlərlə də instituta qəbul olunmağın qarantıydı. Daha heç bir konkurs-müsabiqə onların qarşısını kəsə bilməzdi.

Valeh kəndə gələn kimi Orxana məktub yazıb yollamışdı. Cavabını gözləmədən on beş gündən sonra ikinci məktubunu da yazmışdı, birincinin çatıb-çatmadığından çox nigaran idi. Bu günlərdə üçüncü məktubu yazmağa hazırlaşırdı ki, poçtalyon onu qabaqladı. Valeh bilmədi ki, Orxan hansı məktubuna cavab yazıb. Ümumiyyətlə, onun məktublarını alıbmı? Evə qədər getməyə hövsələsi çatmadı, poçtalyondan beş addım aralanan kimi konverti açıb içindəki məktubu çıxartdı. Həyəcandan qəhərləndi, sanki uzun illər ayrı düşdüyü əziz-giramından xəbər gəlmişdi.

Orxan yazırdı: “Əvvalə Bayat ellərindən sənə şanlı salamlar yollayıram, əziz dostum Valeh! Məktubunu aldım. Oxuyub şad oldum. Sənin də həmişə şad və xürrəm olub firavan yaşamağını qoca təbiətin varlığından arzu edirəm. Sevinirəm ki, sənin kimi bir dostum var.

Orxan, məni qonaq dəvət edirsən. İnan ki, gəlməyə ürəyim uçunur, quş kimi qanad axtarıram ki, uçub gələm. Lakin vəziyyət elədir ki, mən sizə heç cürə gələ bilmərəm. Əsgərlikdən qayıdan kimi atam məni Pendir zavoduna işə düzəltdi, heç üç gün də dincəlməyə imkan vermədi. Hərbi komissarlığa qeydiyyata saldırmağa apardı, ordan da zavoda döndük. “Sahə müvəkkili danışıq edir”, deyib adımı işə yazdırdı. Bir gün sonra da “direktor sifariş edib ki, oğlun səhər işə çıxsın”, deyib zavoda apardı. Bir sözlə…

Yüz əlli manat maaşımdır. Siftə eləmişəm, birinci ayın maaşın almışam. Müdirimiz də əlaçıq adamdır, hərdən kefinin yaxşı vaxtı beş-on manat cibxərcliyi verir. Bir də həftədə bir dəfə üçkiloluq balonla çiyə verirlər, onu da mamam bazarda satır. Bir sözlə, işlərim yaxşıdır, bircə institut məsələsi müəmmalı qalır. Gələndən atam bir dəfə də olsun institutun adın tutmayıb. Belə getsə, atam məni oxumağa buraxmayacaq. Yaxşısı budur, sən imkan tap, bizə qonaq gəl, bəlkə ikimiz atamı yola gətirə bildik.

Hələlik. Səbirsizliklə yolunu gözləyirəm. Xudafiz! Dostun Orxan. 28 aprel 1985-ci il”

Valeh həyətlərinə çatan kimi anası ilə qarşılaşdı.

–Bəs atan necoldu?

–İndilərdə gələr.

–Bəs sən nə yaxşı tez gəldin? – Anası cavab gözləmədən əlavə etdi. – Əlindəki kağız nədir?

Valeh məktubdan söhbət açdı, ürəyindən keçənləri anasına bildirdi.

–Ana, atama özün deyərsən. Birdən mən deyərəm, alınmaz, ortalığa inciklik düşər. O boyda əsgərlik dostum qonaq çağırır. Çox ləngimərəm, tez gedib Bayatlıya dəyib qayıdaram.

–Elə deyirsən ki, elə bil Bayatlı dəyirmanın o tayıdı, bircə saata gedib dəyib qayıdacaqsan… – Anası narazılığını bildirdi.

–Bircə saata olmasın, iki günə olsun, bir gün o tərəfə, bir gün də geriyə…

–Atana da yazığın gəlsin də, ay bala. Köməyi bircə sənsən. Gör nə boyda təsərrüfatı tək hərləyir. Mal, heyvan nobatına ayrı-ayrılıqda gedir, bağı, bostanı suvarır, otu biçir, yarpağı gülləyib qurudur, hələ hökumətin də işinə gedir…

–Demirəm ki, atama kömək etməyim…

–Heç olmasa, yoncanı yığışdırın, sonra get. Birdən yağış yağar, yonca qaralıb xarab olar, zəhmətiniz hədər gedər. Yazın bu vaxtları yaman yağış olur. Elə bil göyün gözündən muncuq tökülür.

–Yaxşı da, ay ana, onu bilirəm. Bu gün biçdik, sabah çevirərəm, quruyar, birisi gün də bağlayıb gətirib yığarıq dama. Ta birisi gün də “Ya Allah” deyib düşərəm yola. Uzaqda deyillər ha…

–Uzaqda olmadıqlarını bilirəm, ancaq naqolay yerdədilər, gedib-gəlmək çətin olur.

–Bir gün o tərəfə getsin, bir gün də bu tərəfə… Gedib gəlməyim uzağı iki gün çəkər. Orda bağlanıb qalası deyiləm ha…

Yoncanı yığışdıran günün ertəsi obaşdan Valeh yola çıxdı. Kənd avtobusu rayon mərkəzinə çox erkən gəlirdi ki, adamları başqa yerlərə gedən avtobuslara çatdıra bilsin. Ordan Bayat rayonuna birbaşa avtobus işləmədiyindən əvvəlcə Qaradizə rayonuna, ordan da Avşarabada yollanası oldu Valeh. Bayata gəlib çatanda gün batmaq üzrəydi. Orxanın yaşadığı Baharlı kəndinə avtobus işləmədiyini eşidəndə qanı lap qaraldı. Yaxşı ki, bazarın qabağından gec qalanları yığıb-aparan taksilərin getdiyini öyrəndi. Vaxt itirmədən soraqlaşıb bazarın qabağına gəldi. Taksi sonuncu adamını gözləyirmiş, Valeh oturan kimi Baharlıya yol aldı.

İyirmi beş-otuz evdən ibarət Baharlı kəndi Kürlə Araz çaylarını birləşdirən Qarabağ kanalının sol sahilində düzənlikdə yerləşirdi. Suyun bolluğundan kənd ərazisi yamyaşıl dona bürünmüşdü. Axşam düşməsinə baxmayaraq kənd Valehin xoşuna gəldi. Orxangilin evini elə onu gətirən taksi sürücüsü nişan verdi. Xəbərsiz gələn qonağı gülərüzlə qarşıladılar.

–Orxan, bəs sənin belə bir dostun var, indiyənəcən bizə niyə deməmisən? – İntiqam kişi oğlunu məzəmətlədi. – Qonaq çağırmısan, gərək əvvəlcədən xəbər eliyəydin…

Orxan pərtliyini büruzə vermədi.

–Gündüzdən gələcəyini bilsəydim, elə rayon mərkəzində qarşılayardım. Dağbəyinin kafesində hər gün quzu kəsilir, ordaca kabablıyardıq. – İntiqam kişi üyüdüb tökürdü. – Qonağın hesabına bizim də damağımıza kabab dəyərdi, ağzımız tama gələrdi.

İntiqam kişi toyuq kəsdi, arvadı Səmayə tez-tələsik əl-ayaq edib onu hazırladı. Bir-iki saat keçər-keçməz süfrə hazır oldu, ailə süfrə başına toplaşdı.

Orxanla Valehin yerini kəllayı otaqda saldılar. Dostlar gecə yarıyadək uzun-uzadı söhbətləşdilər, olub-keçənləri xatırladılar.

–İntiqam dayı sərt adama oxşayır, deyəsən… – Valeh hər ehtimala qarşı soruşdu.

–Hə, son vaxtlar kişinin dəfi dönüb. Əvvəllər belə deyildi, indi ona nə olub, bilmirəm. Elə hey deyir, işlə, pul qazan. Sənin tayların evə xışma-xışma pul gətirir, sən də gözünü döyürsən. Qorxuram məni oxumağa da buraxmasın.

–Bəlkə mən deyim?

–Yox, yox! İndi desək, acığı tutar. Anam bir-iki dəfə söhbət açmaq istəyib, atam ağzının üstünə vurub, “oxumaq nədi” deyib. “İndi dövran dəyişib. Oxumaq zamanı getdi. Oxuyub gəlib cırıq, yamaqlı şalvarda gəzəcəksə, mənə elə oxumaq lazım deyil. Qoy, getsin işləyib pul qazansın…”

Nə vaxt yuxuya getdiklərindən xəbərləri olmadı.

Səhər tezdən İntiqam kişinin gur səsinə oyandılar.

–Ay bala, cavan adam da bu vaxta qədər yatarmı? Gün günorta oldu axı…

Tələsik durub əl-üzlərini yudular. Anası ilə atası obaşdan qalxıb bütün işləri görmüşdülər.

–Bizdə də belədi. – Valeh Orxana söylədi. – Mən yuxudan oyanana kimi anam inəkləri sağıb naxıra ötürür. Tövləni, qapı-bacanı süpürür. Samovarı qaynadıb süfrə hazırlayır. Atam heyvanları kənddən çıxardıb nobata qoşur.

Tələsik səhər yeməyini yeyib yola çıxdılar. İntiqam kişinin köhnə ağ rəngli “Jiquli”sində rayon mərkəzinə tərəf istiqamət götürdülər. Axşam gələndə Valeh fikir verməmişdi, yol çox kələ-kötür idi. Ya yük maşınları yolu bu günə salmışdılar, ya da yağan yağışlar…

Səmayə arvad qabaqda əyləşmişdi. Valehlə Orxan isə arxa oturacaqda yanaşı oturmuşdular. Yol boyu ancaq İntiqam kişi gur-gur guruldayırdı. Səmayə arvad da “hə”, “yox”la onun dediklərini təsdiqləyir, bir sözlə, yola verirdi. Orxanla Valeh imkan düşdükcə astadan pıçıldaşır, gah da him-cimlə bir-birini başa düşürdülər.

Rayon mərkəzinə gəlib çatanda İntiqam kişi maşını əvvəlcə Pendir zavodunun qabağına sürdü.

–Orxanın işi dövlət işidir, ona gecikmək olmaz. – dedi.

Orxan Valehlə sağollaşıb düşmək istəyirdi ki, İntiqam kişi dilini sürüdü:

–Orxan, səhər-səhər siftə səndən… Maaşını da alıbsan… Bir dəfə də sənin əlinin bərəkətini sınayaq…

–Siftəni həmişə mən vermişəm, bu dəfə də özüm verəcəm. – Səmayə arvad ərinə deyindi. – Uşağı qonağın yanında utandırma. Bəlkə heç cibişdanına pul qoymayıb.

–Sən narahat olma. Öz əvəzinə yenə də verərsən. Orxan day yekə kişidir. Gəlir-çıxarını bəri başdan bilsə, yaxşıdır.

Orxan cibindən yaşıl üçmanatlıq çıxardıb sürücünün sağ böyründəki dördkünc qutunun üstünə qoydu.

–Ay bərəkallah! – Atası razılığını bildirdi. – Bu oldu başqa məsələ…

İntiqam kişi maşını yol ilə sürməkdə davam etdi. Bir də bazarın qabağında saxladı. Valeh buraları tanımasa da bazarı tanımağa ehtiyac yoxdur. Səmayə arvad belinə bağladığı adyalın arasında eşələndi, eşələndi, bir göy beşlik çıxardıb sükanın qabağında bardaçokun üstünə şappıldatdı. Arvadın pulu şəst ilə şappıldatması Valehi çaşdırdı.

–On ildir bazardayam, hələ də uyğunlaşa bilmirəm. Bir gün belə bazarda olmamısan, ancaq əsl bazar adamısan. – Arvad bunu deyən kimi maşının qapısını çırpıb getdi.

İntiqam kişinin heç vecinə də olmadı.

–İndi də gedək avtovağzala, səni yola salım, get.

Ordan uzaqlaşdılar. İntiqam kişi nəsə dodaqaltı mızıldanırdı. “O çubuşun, bu toyuğun, daha nə qaldı, nə qaldı…” Gəlib avtovağzalın qabağına çatdılar. Valeh avtobusları görcək cəld əlini cibinə salıb bir göy beşlik çıxartdı və yavaşca bayaq Orxan pul qoyan qutunun üstünə qoydu. Bunu elə elədi ki, İntiqam kişi görməsin. İntiqam da İntiqam idi, dörd gözü vardı.

–Boyy, heç yaxşı olmadı… – deyib etirazını bildirdi. – Sən pulunu götür, bala. Bizim yerin öz adəti var. Bizdə qonaqdan pul götürməzlər.

Valeh özünü eşitməməzliyə vurub maşından aralandı, yavaş-yavaş avtobuslara tərəf getdi. Arxasınca gəlib gəlmədiyini öyrənmək üçün yerişini yavaşıtdı. Bu zaman İntiqam kişinin “Jiquli”si sürəti artırıb oradan uzaqlaşdı.

Bu zaman Valehin qulaqlarında bir cingilti əmələ gəldi, atasının sözlərinin əks-sədası sürət götürən maşının təkərlərinin qıjıltısında əriyib yox olmaqdaydı. “İnsanlar müxtəlif cür olur. Bəziləri düşdükləri mühitə uyğun davranır, bəziləri də əhatələrində olan adamlara müvafiq hərəkət edirlər. Bəlkə heç getməyəsən? Gedib elə bir səhnə ilə rastlaşarsan ki, sənə çox pis təsir bağışlayar. Ömrünün sonunadək unuda bilməzsən!” Atası bunları demişdi Valehə. Vəssalam!

Avtobuslara çatıb dayandı. Padpreslərə yapışdırılmış trafaretlərə baxıb öyrənmək istəyirdi ki, görsün hansı avtobusla getmək lazımdır. Sükan arxasında oturan sürücülərin hamısı ona baxırdı. Qəfildən qulağına bir səs gəldi: “Qonaq!” Valeh elə bildi ki, bunu sürücülərin hamısı birdən səsləndirdi.

Возрастное ограничение:
12+
Дата выхода на Литрес:
09 января 2024
Дата написания:
2024
Объем:
120 стр. 1 иллюстрация
Правообладатель:
Автор
Формат скачивания:

Похожие книги