Читать книгу: «Müşfiqli günlər»

Шрифт:

“Xatirə Ədəbiyyatı” silsiləsindən 6-cı kitab

© Dilbər Axundzadə / Müşfiqli günlər

© “XAN” nəşriyyatı / Bakı / 2020 / 164 səh

Üz qabığının dizayneri / Teymur Fərzi

* * *

Müşfiqli günlərin şahidi

“Xatirə ədəbiyyatı” seriyasından təqdim etdiyimiz növbəti əsər repressiya qurbanı olmuş şair Mikayıl Müşfiqin xanımı Dilbər Axundzadənin “Müşfiqli günlər” kitabıdır.

O Müşfiq ki, əksinqilabi fəaliyyətdə suçlanır, güllələndikdən sonra məzarı olmasın deyə dənizə atılır. Amma o, həqiqətən, əksinqilabçı, gizli “Müsavat”ın üzvü idi?

Doğrudur, Azərbaycanda Sovet hökuməti qurulduqdan sonra ölkədə “Gizli Müsavat” təşkilatı yaradılır, tanınmış simalardan bəziləri orada təmsil olunur. Məsələn, Müşfiqin də ölümünə şeir yazdığı Cəfər Cabbarlı kimi. Amma Müşfiq haqqında bunu əminliklə demək mümkün deyil.

Dilbər Axundzadə yazır ki, bir dəfə Müşfiq evə aşırı kədərli gəlir, balkona çıxaraq siqaretini yandırır, başının ağrıdığını deyir. Səbəb isə yığıncaqda onun burjua şair adlandırıl-masıdır. Hansı ki, bu elə bir dönəm idi ki, burjua sözü damğa kimi idi, bu sözün yapışdırıldığı insanlar gələcəkdə mütləq faciə ilə üzləşəcəkdi.

“Dilbər, bu gün yığıncaqda bəzi bədxahlar məni o qədər tənqid etdilər ki, az qaldı ürəyim yerindən qopsun. Mənə deyirlər, sən xırda burjua şairisən. Bu söz mənə elə toxundu ki… axı burjua sözü deyəndə bizim gənclərin təsəvvürünə zəhmətdən qaçan, insanlıqdan kənar, xalqı, cəmiyyəti, vətənini sevməyən adamlar gəlir. Özün de, mən elə sifətlərə layiqəmmi?”

Dilbər xanım xatirələrə Müşfiqlə tanış olduğu ilk gündən başlayır. Belə ki, Dilbərin əmisinin arvadı Fəramüş Mikayıl Müşfiqlə tələbə yoldaşı idi. Fəramüş institutu bitirmələri münasibətilə APİ-də təşkil olunan buraxılış gecəsinə bacısı Həcəri və qaynı qızı Dilbəri də aparır.

Dilbər ilk dəfə orada Mikayıl Müşfiqi görür

“Müşfiqin əynində səliqə ilə tikilmiş qəhvəyi kostyum, ona uyğun üst köynəyi və qalstuk, ayağında qəhvəyi ayaqqabı vardı. Alnının üstünə düşən qara tellərini əli ilə tez-tez arxaya atırdı. Yoldaşlarından fərqli olaraq, Müşfiq həyəcanlı və tutqun idi. Elə bil bugünkü təntənə onu sevindirmirdi”.

Onlar ikinci dəfə “Kommunist” küçəsində rastlaşırlar, aralarında qısa dialoq keçir. Növbəti dəfə isə Dilbərin rəfiqələrindən olan Pirayə Müşfiqdən ona məktub gətirir. Məktubda Dilbərə yazılan iki şeir və səmimi etirafar vardı.

“O gecə yuxum ərşə çəkildi. Oxuduğum kitablardakı aşiqlərin surətləri bir-bir gözlərimdə canlanmağa başladı. Onların arzuları, düşüncələri, keçdiyi həyat yolları, aqibətləri haqqında düşündüm. Müşfiqi və özümü onlarla müqayisə etməyə başladım…”

Və nəhayət, Dilbər razılaşır, gənc aşiqlər tez-tez görüşür, hər görüşdə Müşfiq ona yazdığı şeirləri oxuyur, qəlbini qazanmağa çalışır. Belə görüşlərin birində Müşfiq arzusunu dilə gətirir:

“Bizim bu görüşlər mənim aləmimdə artıq mənəvi bir ehtiyaca çevrilib. Amma nə vaxtacan biz çəkinə-çəkinə, qorxa-qorxa görüşəcəyik?!… İstəyirəm, sizə elçi göndərim. Razılıq alan kimi nişan taxaq. Ondan sonra ürəyimiz istəyən vaxt görüşə bilərik. Sən də görüşə gələndə ayağının birini qaçaq qoymazsan”.

1932-ci ilin aprelində onlar nişanlanırlar. Nişanda Hüseyin Cavid həyat yoldaşı Müşgünaz xanımla birgə, Əhməd Cavad həyat yoldaşı Şükriyyə xanımla birgə, həmçinin məşhur müğənni Bülbül də iştirak edirdi. Eyni zamanda dövrün gənc şair və yazıçılarından Səməd Vurğun, Süleyman Rüstəm, Mehdi Hüseyn (xanımı Fatma ilə), Rəsul Rza (Nigar Rəfibəyli ilə birgə), Məmməd Rahim (xanımı Mələklə) nişana təşrif buyurmuşdular.

1933-cü ilin iyunun 20-də isə onlar ailə həyatı qururlar

“Evləndiyimiz vaxt Müşfiq “Azərnəşr”də redaktor vəzifəsində və 18 saylı məktəbdə müəllim işləyirdi. Qazancı da pis deyildi. Balaca otağımızda Müşfiq dağ şəlaləsi kimi coşub-daşır, yazıb-yaradırdı. Müşfiqin bütün varlığı şeirlə nəfəs alırdı. O, məni yuxudan şeirlə oyadar, şeirlə söhbət edər, axşamlar şeirin xoş zümzümələri ilə yatırardı”…

Dilbər Axundzadə xatirələrində təkcə özünün yaşadıqlarını yazmır. Həmçinin Müşfiqlə birgə oxuyan, Müşfiqin dərs dediyi, Müşfiqin müəllim, dost bildiyi insanların da şair haqqındakı topladığı xatirələrindən bəhs edir. Həmçinin özlərinin də iştirakçısı olduğu dönəmin yazıçı və şairlərinin həyatlarından qısa bilgilər verirdi. Məsələn, Səməd Vurğunun toy mərasiminin necə keçdiyini də xatirələrdən oxuyuruq.

Dilbər Axundzadə təkcə Müşfiqlə olan sevgilərindən deyil, həmçinin Müşfiqin uşaqlığından, tələbəliyindən, ilk kitablarının çapından, onun ədəbi dərnəklərdəki fəallığından yazır.

* * *

Xızı şəhərində Müşfiqin evmuzeyi fəaliyyət göstərir. Orada olanlar bilir ki, Müşfiqə aid əşyalar, kitablarla yanaşı orada bir tar da var. Bu gün üçün hansısa musiqi aləti çox şey ifadə etməsə də, Müşfiqin yaşadığı dönəmi bilənlər bilir ki, Sovet hökuməti bütün köhnə adətlərlə yanaşı, tara da qarşı çıxmışdı…

“Bir gün Qurban müəllim bizə halı çox pərişan gəldi. O, öz kədərini biruzə vermək istəmirdisə də, biz bunu hiss edirdik. Müşfiq dedi:

– Qurban müəllim, halınız birtəhərdir, yoxsa qəlbinizə dəyən olub?

O, incik səslə cavab verdi:

– Yəqin sən də eşitmiş olarsan, tarı bir musiqi aləti kimi qadağan etmək istəyirlər…”

Müşfiq məşhur tarzən Qurban Primovla dost idi. Müşfiq dönəmin gənc şairi kimi köhnəliklə mübarizəni dəstəkləyirdi. Məsələn, latın əlifasına keçidlə bağlı şeir də yazmışdı. Amma tarın qadağan edilməsi onun üçün bir faciə idi. Çünki Müşfiqin özü də tarı çox sevirdi. Yaxşı ifa etməyi bacarmasa da, Dilbər xanım da tar çalmağı bacarırdı.

Evdə edilən bu kədərli söhbətdən sonra Qurban Primov “Yetim segah”ı ifa edir, Müşfiq isə bu ifada məşhur “Oxu tar” şeirini yazır… Tar isə təbliğata baxmayaraq qadağan olunmur.

Evlilik dönəmində onlar sevgi dolu həyat yaşayırlar. Müşfiq yaradıcılıqda uğurla irəliləyir, artıq onu hər kəs tanıyır, şəxsi həyatlarında isə hər şey qaydasında gedirdi. Müşfiq yaradıclığı üçün tanış olduğu insanlardan bəhrələnir, həta bir əsəri üçün qaraçıların alaçığına qədər gedir.

Belə günlərin birində, Müşfiq ən əziz adamlarından birini itirir. Ölümünə şeir yazdığı Cəfər Cabbarlını. O dönəmlərdə əsərləri haqsız tənqidə məruz qalanlardan biri də Cəfər Cabbarlı idi. Daha öncə Sona xanım Cabbarlının xatirələrində bu barədə qeydlər etmişdik. Bir dəfə iclasların birində Cəfər növbəti dəfə haqsızlığa məruz qaldığına görə bərk əsəbiləşir və onun bu halını görən Müşfiq dramaturqu evinə gətirir. Cəfəri evlərinə ötürəndən sonra Müşfiq Dilbərə deyir: “Məni düşündürən tamam başqa bir şeydir. Cəfərin ürəyi xəstədir. Ona görə də mən onu qoruyuram. Əsəbiləşən vaxtı tək buraxmıram. Həkimlər ona dəyərli məsləhətlər verirlər, heç bilmirəm əməl edəcəkmi?”.

Təəssüf ki, Cəfər Cabbarlı ürək ağrılarına dözə bilmir…

* * *

Dilbər Axundzadənin xatirələrdə yazmadığı olduqca çoxlu şeylər var. Müşfiqin nəyə görə güllələnməsi, ailəsinin başına gətirilən faciələr, özünün çəkdiyi zülmlərə toxunmayıb. Ona görə də xatirələr yarımçıq təsir bağışlamasın deyə, repressiya illərində yaşanan hadisələri diqqətinizə çatdırırıq.

Mikayıl Müşfiqin yaradıcılığını bilənlərə bəllidir ki, gənc şair Sovet hökumətini kifayət qədər tərifəyib və bu fakt Dilbər xanımın xatirələrində vurğulanıb. Üstəlik, nəzərə alaq ki, Müşfiqin vaxtında Sovet Azərbaycanında yeni quruculuq dönəmi idi, gənc şair və müəllim dövrün ab-havasına uyğun olaraq bu yeniliklərə biganə qala bilməzdi. Lakin onun mühacirətdəki müsavatçılarla əlaqədə, əksinqilabi fəaliyyətdə bulunması itihamı ilə güllələnməsi onu göstərir ki, bu itiham öldürülməsi üçün verilmişdi. Çünki tarixi faktlara görə repressiya illərində yerli hökumətlərə filan sayda filan statuslu insanların güllələnməsi, sürgün edilməsi əmri verilmişdi.

Repressiyaya məruz qalan ziyalılar arasında mühacir müsavatçılarla əlaqədə olan, yaradıcılığında ezop dilində buna yer verənlər vardısa da, Müşiq kimi gənclər isə sadəcə saya görə öldürülmüşdü.

Məhz “niyə Müşfiq” sualı da haqlı olaraq ortaya çıxır.

Bəzi versiyalara görə, Dilbər Axundzadə olduqca gözəl qadın olduğuna görə, onu əldə etmək üçün Müşfiqi aradan götürmək istəyiblər. Burada həta Mircəfər Bağırovun da adı hallandırılır. Digər versiyaya görə, Müşfiqin gənc yaşında ikən ölkədə tanınması, ard-arda uğur qazanması onun həmkarları tərəfindən qısqanılmasına və satılmasına səbəb olub.

Həqiqət isə odur ki, Müşfiq öldürüləndən sonra Dilbər Axundzadənin başına da min bir müsibət gətirildi.

1937-ci il noyabrın 1-də onun həbsi üçün də qərar çıxarılır, iki ay çəkdiyi işgəncələrə dözməyən Dilbər xanım psixi gərginlik keçirir. O, 28 fevral 1938-ci ildə 1 saylı əsəb xəstəlikləri xəstəxanasına müalicəyə göndərilir. Getdikcə o, qarabasmalar yaşayır, vəziyyəti daha da çətinləşir. Buna görə də 7 mart 1939-cu ildə Respublika prokurorluğunun xüsusi işlər şöbəsi D. Axundzadənin həbsdən azad olunması üçün təqdimat yazır. 10 mart 1939-cu ildə NKVD-nin rəis müavini Kərimovun imzaladığı qərara əsasən D. Axundzadə həbsdən azad edilir və istintaq işi arxivə verilir…

Dilbərin həbsxana yoldaşı, şairə Umgülsüm Sadıqzadə “Qala xatirələrim” adlı gündəliyində həmin dəhşətləri bu cür anladır:

“25 fevral 1938-ci il. Bu günü yazmaya bilməzdim. Səhər tezdən bizim kamera ilə üzbəüz kameradan dəhşətli hay-küy qopdu. Hamımız qapıya toplaşdıq. Nə qədər acı bir mənzərə… Şair Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər ağlını itirib. Bu sözü dünəndən bəri eşidirdik. Biz elə zənn edirdik ki, Dilbər, sadəcə, əsəbi hallar keçirir. Amma vəziyyəti, sən demə, doğrudan ciddi imiş. Nə qədər acı da olsa, onunla bir kamerada olan qadınlar Dilbərin onların kamerasından çıxarılmasını istəyirdilər… 27 fevral 1938-ci il. Gecəni səhərə qədər yatmadım. Dilbərin halı hamımızı məyus etmişdi. Onu yuxarıya – xəstəxanaya apardılar. Bizim kameranın üstündə olan palatada ona iynə vurub otaqda tək saxladılar. Axşama kimi yatdı. Axşam isə ayılıb yenidən otaqda ora-bura qaçmağa, ayağını yerə döyüb öz-özünə danışmağa başladı. Onun dediklərini aydın eşitmək olmasa da, bəzilərini başa düşmək olurdu. “Mənə deyirlər, dəli olmusan… Mən yarımın yolunda ölməliyəm. Müşfiqim gəlsin, atam gəlsin… Gedin, qapını döyün, deyin, atam gəlib məni aparsın… Yazıq Dilbər, kimsəsiz Dilbər hey!..” Dilbərin halı bizdə can qoymadı. Axı bu bizim sevimli şairimiz Müşfiqin sevimli, nazlı Dilbəri idi…”

Dilqəm Əhməd

Dilbər Axundzadə Müşfiqli günlərim

Müşfiq elə nadir istedad idi ki, 7 il müddətində mən onu tamamilə dərk edə bilməzdim. Onun coşğun qəlbinin döyüntülərini, parlaq zəkasını bütünlüklə qavramaq üçün illər lazım idi. Lakin Müşfiqlə keçirdiyim qısa həyatımı həmişə ömrümün bahar fəsli kimi xatırlayıram.

Hər il bahar fəsli gələndə, quşlar səs-səsə verib oxuyanda onu baharın qoynunda axtarıram.

 
Sanıram bülbülün cəhcəhi səsindi,
Güllərin ətri də xoş nəfəsindi.
O coşğun ürəyin, de, Xəzərimmi
Yoxsa şeirə olan ilk həvəsindi?!
 

1931-ci ilin bahar fəslinin son ayı idi. Məktəbdən yenicə gəlmişdim. Birdən qapı açıldı, əmim arvadı Fəramuş sevincək içəri girdi:

– Həcər, Dilbər, tez olun, yığışın gedirik!

– Nə var, ay bacı? Bizi hara aparırsan? – deyə Həcər soruşdu.

– APİ-yə, bu axşam institutu qurtarmağımız münasibətiylə buraxılış gecəsi olacaq. Getmək istəmirsiniz?

Bu xəbər bizi çox sevindirdi.

– Niyə istəmirik? – dedik.

Tələsik geyinib instituta yollandıq.

Biz salona daxil olanda böyük canlanma var idi. Yığıncağın başlamasına az qalırdı. Yoldaşlarımızın sevincinin həddi yox idi. Niyə də sevinməyəydilər! Axı bu gün dörd il qoynunda təlim – tərbiyə aldıqları doğma institutu bitirir, öz arzularının yeni pilləsinə qədəm qoyurdular.

Biz müsamirənin başlamağına hələ bir qədər qaldığını görüb, foyedə gəzinməyə başladıq. Pəncərənin qabağında bir gənc dayanıb söhbət edirdi. Onların yanından ötəndə ortaboylu, enlikürək, qaragöz, qaraqaş, iti baxışlı bir gənc, yoldaşlarından ayrılıb bizə tərəf gəldi. Əmim arvadı bu gənclə çox səmimi görüşdü və onu bizə təqdim etdi:

– Tanış olun, tələbə yoldaşım Mikayıl Müşfiqdir.

Ona isə:

– Bu, mənim bacım Həcər, bu da qaynım qızı Dilbərdir, – dedi.

Mən Müşfiqin adını eşitmişdim, ancaq onunla bu gün şəxsən tanış olurdum.

Müşfiqin əynində səliqə ilə tikilmiş qəhvəyi kostyum, ona uyğun üst köynəyi və qalstuk, ayağında qəhvəyi ayaq-qabı vardı. Alnının üstünə düşən qara tellərini əli ilə tez-tez arxaya atırdı. Yoldaşlarından fərqli olaraq, Müşfiq həyəcanlı və tutqun idi. Elə bil bugünkü təntənə onu sevindirmirdi. Bunu hiss edən Fəramuş:

– Gözümə birtəhər dəyirsən, Müşfiq! Olmaya institutu bitirməyimizə sevinmirsən? – deyib onunla zarafat elədi.

Müşfiq:

– Yox, Fəramuş bacı, tələbəlik illərinin belə tez başa çatdığına heyfsilənirəm, – dedi. Bir anlıq sükutdan sonra əlavə etdi: – Çox şadam ki, sizin ailə üzvlərinizlə tanış oldum. Bəs İdris müəllim necədir, niyə gəlməyib? Əmim arvadı əmimin axşam dərsi olduğunu söylədi.

Biz Müşfiqi ali məktəbi bitirməsi münasibətiylə təbrik etdik.

– Çox sağ olun, arzu edirəm ki, siz də bütün diləklərinizə qovuşasınız, – dedi.

Sonra mənə məlum oldu ki, Müşfiq, əmim İdris Axundzadənin dostu imiş. Əmimin də dilindən tez-tez Müşfiqin adını eşidirdim. O, ədəbiyyat müəllimi idi, yazıçı və şairləri çox sevər, onlarla dostluq edərdi. Onun vasitəsilə bir çox qocaman və cavan ədiblərlə tanış olmuşdum. O zaman ən çox tanınan və sevilən şairlərdən H. Cavid, Ə.Cavad, A.Şaiq və başqaları bizə tez-tez gələrdilər. Onlar bizə ədəbiyyat barədə maraqlı söhbətlər edər, təzə dərc olunan əsərlər və publisist məqalələrdən söz salardılar. Mən onların bir çox şeirlərini də öz dillərindən bu məclislərdə eşitmişdim. Onlar şeiri elə ahənglə oxuyardılar ki, adam heyran qalardı. Müsahibə zamanı, o vaxt ədəbiyyata yenicə qədəm qoyan gənc şairlərdən də tez-tez söhbət düşürdü və istedadlı cavanların arasında onlar Müşfiqin də adını çəkirdilər.

Bu sadə və qayğıkeş insanlara olan məhəbbətim, məndə ədəbiyyata lap uşaqlıqdan həvəs oyatmışdı. Mütaliədən, şeir əzbərləməkdən doymazdım.

Müşfiqlə ilk tanışlığımızdan sonra açığını deyim ki, rəfiqələrimdə də, məndə də şeirə maraq və hörmət daha da artdı.

Biz hər gün təzə şeirlər, təzə əsərlər oxuya-oxuya günləri, ayları, illəri bir-bir yola saldıqca ədəbiyyat aləminə təzə qədəm qoymuş gənc şairlər böyük sələfərini əvəz etməyə başlayırdılar.

1930-cu ildən mən, Bakı pedtexnikumunda oxuyurdum. Biz gecə-gündüz orada qalırdıq. Məktəbimizdə möhkəm nizam intizam var idi. Müəllimlərimiz, tərbiyəçilərimiz bizi doğma balaları qədər istəyirdilər. Onlar bizə məktəbi sevməyi, fənləri mənimsəməkdə böyük məsuliyyət hissini, yoldaşlara səmimi münasibəti, qayğıkeş olmağı, ictimai mülkiyyəti qorumağı öyrədir, bizi sosializm quruculuğu işlərinə fəal mübarizlər kimi hazırlayırdılar.

Məktəbimizin nəzdində dram, foto, tar, ədəbiyyat və s. dərnəklər var idi. Mən də ədəbiyyat dərnəyinin üzvü idim. Növbəti məşğələ zamanı kim isə dərnəyin rəhbərinə bir kitab verdi. Bu, gənc şair Mikayıl Müşfiqin yenicə çapdan çıxmış “Küləklər” kitabı idi. Həmin məşğələdə kitabdakı şeirlərin əksəriyyətini oxuyub müzakirə etdik. “Pedtexnikum” şeiri daha çox xoşumuza gəldi. Biz elə bu şeirdən bildik ki, Müşfiq də vaxtilə burada oxuyurmuş. Bugünkü məşğələmiz əvvəlkindən daha canlı və təsirli keçdi. Biz məşğələni, həyatı sonsuz məhəbbətlə sevən, insan hisslərini coşğun ilhamla tərənnüm edən şairin şirin, incə şeirlərinin təsiri ilə başa vurduq.

İstirahət axşamlarının birində texnikuma gedirdim. Kommunist küçəsində, təsadüfən Müşfiqlə rastlaşdım. O, məni görcək ayaq saxlayıb salam verdi. Bu təsadüfü görüşdən onun sevindiyi açıq-aşkar hiss olunurdu. Mən özümü itirdim. Müşfiq gülümsünüb mehriban səslə:

– Nə xoş təsadüf… hara gedirsən, Dilbər? – deyə soruşdu.

– Texnikuma…

Mənim həyəcanlandığım Müşfiqin gözündən qaçmadı.

– Niyə tutuldun, Dilbər? Yoxsa…

– Heç…

O məni anladı və söhbəti dəyişdi:

– Məni unutmamışdın ki?

Birdən-birə mənə qəribə bir cürət gəldi:

– Sizi heç unutmaq olar?! – dedim. – Siz yadıma düşəndə “Küləklər”ə qoşuluram. Sizin bir neçə şeirinizi əzbərdən bilirəm.

 
Müşfiqin üzü səadət nuruna boyandı.
Heç güman etməzdim şeirə vurulduğunu,
Yaxşı ki, öz dilindən söylədin bunu.
 

Müşfiqin bir anlıq sevincinin şeirə çevrilməsi xoşuma gəldi. O, bunu hiss edib dedi:

– Madam ki, mənim şeirlərimi sevirsən, onda izin ver, ilk yazılarımı əvvəlcə sənə oxuyum.

Mən susdum.

Müşfiq yenə də söhbəti dəyişdi:

– İcazə ver səni məktəbəcən ötürüm. Orada mənim də dostlarım, tanışlarım var: şair Əli Nəzminin qızı Pirayə, Ziba, Münəvvər…

– Onlar mənim rəfiqələrimdir, – dedim.

– Lap yaxşı, bir yerdə gedərik, mən də onları görərəm.

– Yox, çox sağ olun, özüm tək gedəcəyəm, siz də başqa bir vaxt özünüz gələrsiniz…

Müşfiq üz vurmadı.

– Nə deyirəm. Elə isə məndən qızlara salam de!

İlk dəfə evdən pedtexnikuma qəribə duyğularla, qeyri adi hisslərlə qayıtdım. Bunu duyan qızlar başıma toplaşıb hal-əhval tutdular:

– Nə olub, Dilbər, niyə belə birtəhərsən? Olmaya bir hadisə baş verib?

– Yox, heç nə olmayıb…

– Bəs niyə belə pərişansan?

– Heç özüm də bilmirəm…

Qızlar məndən əl çəkmədilər, Müşfiqlə təsadüf görüşümü onlara danışmalı oldum. Onun salamını qızlara yetirdim.

Qızlar xoşhal oldular. Rəfiqələrimdən Münəvvər Əliyeva Müşfiqin uşaqlıq illərindən bizə maraqlı epizodlar söylədi.

M.Əliyevanın xatirəsindən yadımda qalanlar bunlardır:

“Biz Mikayılla bacı-qardaşıq. Eyni ata-anadan olmasaq da, onun xətrini qardaşlarım qədər istəyirəm. Mən Mikayılla 1923-cü ildən tanışam. Onda Mikayılın 14–15 yaşı olardı. Mənim isə 10 yaşım var idi. Böyük qardaşım Lütfi ilə Mikayılın böyük qardaşı Mirzə bir yerdə işləyirdilər. Möhkəm dost idilər. Bir gün böyük qardaşım Bakıya, Mirzəgilə qonaq gəlir və ilk dəfə Mikayılla burada tanış olur. Söhbət vaxtı Mirzə, kiçik qardaşının başını sığallaya-sığallaya deyir: – Mikayıl altıaylıq olanda anam Züleyxa, altı yaşında ikən atam Mirzə Əbdülqədir vəfat etmişdir. İndi onların qüssəsini unutduran Mikayıldır. O, mənim həm arxam, həm sirdaşımdır. O da atam kimi həssas, qayğıkeş, zəhmətsevərdir. Gecə – gündüz kitab əlindən düşmür. Oxuduğu şeirlərin əksəriyyətini əzbərləyir. Vaqifi, Seyid Əzimi, Sabiri heyranlıqla mütaliə edir. Mənim atam Mirzə Əbdülqədir də müəllim, eyni zamanda şair idi, ləqəbi də Vüsuqi idi.

Qardaşım belə bir şair ailəsi ilə dost olduğu üçün fəxr edirdi.

Bizim ailədə şairə, ədibə xüsusi hörmət var idi. Bu hörmət atam Yaznalının sayəsində idi. O, Aşıq Ələsgərin yaxın dostu olmuşdu. Hərdən özü də qoşma deyərdi.

Bir dəfə qardaşım Bakıdan Gəncəyə qayıdan vaxt Mirzədən xahiş edir ki, yay tətilində Mikayılı özü ilə bizə gətirsin. Mikayılın ilk dəfə Gəncəyə, bizə qonaq gəlməsini xatırlayıram. Qardaşım Mikayılı hamımıza təqdim etdi:

– Bu qara bala da, sizin qardaşınız olacaqdır, – dedi. – Əgər məni sevirsinizsə, Mikayılla həqiqi qardaş olduğunuzu isbat edin.

Anam evə gələndən sonra qardaşım üzünü ona tutdu:

– Anacan, bu oğlanı özümə qardaş gətirmişəm. İndi Mikayıl həm Mirzənin, həm də mənim qardaşımdır.

Anam Mikayılın ata-anasını kiçik yaşlarında itirməsinə çox mütəəssir oldu. Mikayılı balası kimi bağrına basıb öpdü: – Atalar üç deyib, oğlum iki idi, indi üç oldu, – dedi. O gündən, doğrudan da, Mikayıl bizə, biz də Mikayıla elə isinişdik ki, sanki Mikayıl bizim ailədə doğulmuşdu.

Yay fəsli yenicə girmişdi. Biz Ermənistanın Basarkeçər rayonunun Böyük Məzrə kəndinə gedib, orada Sona bulağının üstündə alaçıq qurduq. Hamımız hiss edirdik ki, Göyçənin füsnkar gözəlliyi, sağlam təbiəti yeniyetmənin diqqətindən qaçmır. Çox vaxt hamımızdan ayrılıb, əlində qələmdəftər, çayların kənarında, qayaların üstündə oturub güllüçiçəkli dərələrə, dağlara məftunluqla baxa-baxa xəyala dalar, hərdən nəsə yazardı.

Bir dəfə Müşfiq atamın Aşıq Ələsgərlə dost olduğunu eşitdi. Ondan sonra atamdan əl çəkmədi. Atamın sinəsi xalq nağılları, bayatılar, atalar sözləri ilə dolu idi. Aşıq Ələsgərin çox qoşmalarını əzbərdən bilirdi. Özünün də yaxşı səsi vardı. Atam həmin qoşmalardan ahənglə oxuduqda Mikayıl sevincindən özünü itirərdi. Tez qələm-dəftər götürüb: – “Əmi, xahiş edirəm onları bir də de, yazım” – deyərdi.

Bizim qaldığımız yer Göyçə gölünə yaxın idi. Tez-tez gölün sahilinə gəzməyə gedərdik. Müşfiq hər il bizimlə Göyçəyə gedəndə sevinərdi ki, Göyçə gölünü bir də görəcək. Mikayılın əlyazmasından bir şeir dəftərçəsini yadigar saxlamışam. Qismət olsa gətirib uşaqlıq şeirlərindən oxuyaram”.

Müşfiqin barəsində onun xalası oğlu Ağakərim Kərimov da bu yaxınlarda mənə kiçik bir xatirə danışmışdı. Həmin xatirəni də oxuçulara çatdırıram: “ Mən mollaxanada oxuyanda, Müşfiq 8–9 yaşlı uşaq idi. Bir dəfə mənimlə mollaxanaya getdi. Məktəbdən gəldikdən sonra mollanın dərs deməyini, mollaxananı lağa qoyub gülməyə başladı: “ Məktəb nə məktəb, molla nə molla! Adamın lap bağrı yarılır”, – deyib mənə mollanın yanına getməməyimi məsləhət gördü. Hələ bir həcv də yazdı. Həmin həcvdən yadımda bu sətirlər qalıb:

 
Uşaq əyləşib yerə,
Cındır həsir – dolu birə,
Belə molla yerə girə!
De görüm bu molla–
Hara mollasıdır?
Yoxsa, bu molla qara mollasıdır?
 

Mollaxana haqqında yazdığı bu həcvi eşidəndə, qohumları təşvişə düşür, nənəsi Qızqayıt Mikayılı yanına çağırıb, ona öyüd-nəsihət verməyə başlayır:

– Ay bala, yetim uşaqsan, özünü də, bizi də işə salarsan. Molla eşidər, sənə küfr oxuyar, deyər: oxşayıb oxşamışlarına. Mollaxananı heç atan Mirzə Qədirin də görməyə gözü yox idi. Ona görə də gedib “Səadət” məktəbində uşaqlara hər cür elm öyrədirdi.

Mikayıl isə: – Nənə, mən Cəfər kimi şair olacağam, – deyib özünəməxsus bir hərəkətlə onun şeirini dedi:

 
Əgər bütün bəşəriyyət ədüvvi-canım ola,
Ürək süqut eləməz aldığım mətanətdən.
Ricavü xəvfə məkan vermərəm gər alimlər
Min il də vəz edələr dəhşəti-qiyamətdən.
 

Qızqayıt xala fikrə gedər və deyərdi: – Cəfərin yolu ilə gedəcəksənsə, evimiz yıxıldı. Elə sizləri yoldan çıxaran Cəfər kimi adamlardır. Məgər Cəfər az əzab çəkir, onu gündə Dumaya çağırırlar. Bax, Cəfər bu gecə qardaşı oğlu Heydərin toyuna getmişdi. Hələ də gəlməyib, Şahbikə səhərə kimi yatmayıb. Axırda öyrənib ki, Cəfəri Dumaya aparıblar. Səni də Dumaya apararlar. Yetim uşaqsan, mən də bu ağrıyan ayaqlarımla sənin dalınca gələ bilmərəm.

“Lakin bu kimi sözlər Müşfiqin əqidəsinə uyğun gəlmirdi. O, çox cəsarətli olduğundan sözü üzə deməkdən də çəkinmirdi. Nənəsini başa salmağa çalışırdı ki, o, ancaq şair olacaqdır. Uşaqlıqdan şeirə belə həvəs götərən Mikayıl sözün əsil mənasında çoxlu şeirlər yazırdı. Ancaq o vaxt şeirlərini toplayıb saxlamamışıq. O, öz hafizəsinə arxayın olduğu üçün hər şeiri köçürməzdi”.

M. Müşfiq bir dərəcəli 10 №-li məktəbdə Şəmsi Bədəlbəyli (Azərbaycan SSR xalq artisti) ilə üç il eyni sinifdə parta arxasında oturmuş, birlikdə oxumuşdu. Onun da xatirələrindən məlum olur ki, Müşfiq hələ lap uşaq yaşlarından şeir yazıb məktəbin divar qəzetində “Yel döyən oğlu Səba yel” imzası ilə dərc etdirmişdir.

Bir axşam rəfiqəm Pirayə sevinə-sevinə mənə yanaşdı.

Onun üzündə qeyri-adi bir təbəssüm və həyəcan vardı.

– Dilbər, sənə şad xəbər verəcəyəm, – dedi.

Mən sual dolu gözlərimi ona dikdim.

– Sənə Müşfiqdən məktub gətirmişəm, al!..

Yerimdə donub qaldım.

– Nə oldu, Dilbər? Al oxu, görək nə yazıb!

Məktubu bərabər oxuduq. Müşfiq ilk görüşümüzdən aldığı təəssürat əsasında iki şeir yazmışdı. Sonralar həmin “İşidir” rədifi qoşmasının yaranma tarixini mənə danışdı. Sən demə, müsamirədə olduğumuz gecə, mən, sinəmə düşən uzun qoşa hörüklərimi geri atanda, Müşfiqin üzünə toxunubmuş. (Bəlkə də toxunmayıbmış.) Ancaq o, məni inandırmağa çalışırdı ki, guya o günü onu ətirli bahar küləyi vurmuşdu… Həmin qoşma belə idi.

 
Xayır, hörüklərin deyildir ilan
O əski şairlər söyləmiş yalan,
Məni xəyal kimi ayağa salan, –
O coşğun dalğalı telin işidir…
 

“Ədəbi sevgi” şeirindən həmin gecəni xatırladan misraları da oxucuların nəzərinə çatdırmaq istəyirəm:

 
Xatırla, sevgilim, bir axşam çağı,
Yandı gözlərimdə eşqin çırağı.
Saçlarından ilham aldığım zaman,
Sardı gözlərimi incə bir duman,
Nə yüksəyi gördüm, nə də alçağı.
 

Şeirlər xoşumuza gəldi. Məktubun sonunda Müşfiq mənə öz səmimi hiss və məhəbbətindən yazırdı.

Pirayə mənim üzümə mənalı baxıb dedi:

– Hə, nə deyirsən, Dilbər? Müşfiq kimi oğlanın ürəyini qırmaq olmaz!

Mən iki yol ayrıcında qalmışdım. Pirayə birdən boynumu qucaqlayıb üz-gözümdən öpdü və dedi:

– Olmaya tərəddüd edirsən, Dilbər? Mən Müfiqi yaxşı tanıyıram. Ona inan! Onun məhəbbəti sənin əsil səadətindir.

Mən Pirayəyə öz minnətdarlığımı bildirdim. O gecə yuxum ərşə çəkildi. Oxuduğum kitablardakı aşiqlərin surətləri bir-bir gözlərimdə canlanmağa başladı. Onların arzuları, düşüncələri, keçdiyi həyat yolları, aqibətləri haqqında düşündüm. Müşfiqi və özümü onlarla müqayisə etməyə başladım. Nə mən, nə də Müşfiq onların heç birinə bənzəmirdik. Bizim sevib-sevilməyə, gələcək müqəddəratımızı özümüzün həll etməyə hər cür imkanımız və ixtiyarımız var idi. Mən Müşfiqin səmimiyyətinə və sədaqətinə inanırdım. Bəs məni susmağa vadar edən nə idi? Yoxsa bu məhəbbətin mənim təhsilimə mane olacağından qorxurdum?

Mən uzun zaman onun məktublarını cavabsız qoyar, görüşünə getməz, gedəndə də rəfiqələrimlə gedib tezcə qayıdardım. Bunun səbəbi, bəlkə o idi ki, bu gənc şairdə mənə olan ciddi, mənalı və dərin məhəbbəti birdən-birə dərk etmirdim…

Müşfiqin dayısı Ağamehdigil mənim rəfiqəm Zibanın böyük bacısı ilə bir həyətdə yaşayırdılar. Bir gün Ziba seminariyada mənə yanaşıb dedi:

– Müşfiqin dayısıgil bahar bayramı şərəfinə məclis düzəltmişdilər. Bizi də dəvət etmişdilər. Müşfiq də mənim yanımda oturmuşdu. Məclisin şirin yerində gördüm tutulub. Mən ondan bunun səbəbini soruşdum. Dedi:

– Dilbər yadıma düşüb, gərək gedəm görəm. Məclisdəkilərə səhhətinin pis olduğunu bildirib onlardan üzr istədi və məclisi tərk etdi.

Sonra Ziba ərk ilə mənə baxıb dedi:

– Dilbər, Müşfiqi incitmə. O, səni tez-tez görməyəndə darıxır, bir yerdə qərar tutmur. Şair qəlbi kövrək olur. Onunla ehtiyatlı ol.

Bu söhbətdən bir neçə gün sonra Ziba yanıma gəlib Müşfiqin məni çağırdığını dedi. Mən onun sözünü yerə salmadım. Küçəyə çıxanda Müşfiqin necə həyəcan və narahatlıqla yolumu gözlədiyini gördüm. Məni görən kimi sevindi və irəli gəldi. Görüşdük. Baxışları küskün, çöhrəsi dalğın idi. O, birdən mənə elə baxdı ki, sanki, baxışlarından üstümə qığılcım yağırdı. Lakin düşündüyüm kimi olmadı; məni çox mehriban və səmimi dindirdi:

– Necəsən, Dilbər?

– Çox sağ olun, yaxşıyam. Bəs siz necəsiniz?

Mənə elə gəldi ki, sualımın cavabında umu-küsü edəcək. Lakin o, ürəyindən keçəni gizlədə bildi.

– Niyə, pis deyiləm, – dedi. – Baxışlarını ətrafda dolandırıb birdən mənim üzərimdə saxladı. – Dilbər, əgər vaxtın varsa, gəl Pionerlər bağına gedək. Sənə deyiləsi çoxlu sözüm var.

Mən getmək istəmədim. O, təkid etdi:

– Məktubumu aldınmı?

– Bəli.

– Bəs niyə cavab yazmadın? – Şair məktubuna cavab yazmaq o qədər də asan deyildir.

Sözlərim Müşfiqin eynini açdı.

– Mənim məktubumun cavabında ürəyin nə istəsə yaz, – dedi.

Mən gülümsündüm.

Biz ətrafında gül-çiçək əkilmiş fəvvarəli hovuzun yanındakı skamyaya çatdıq.

– Bəlkə, bir az oturaq, Dilbər?

– Nə deyirəm…

Yaşıl budaqların çətiri altında əyləşdik.

– Dilbər, bilmirəm sən niyə mənimlə belə soyuq rəftar edirsən? Mənimlə danışanda rəngin allaşır. Özün də ayağının birini həmişə qaçaq qoyursan. Dilbər, sən bilirsən ki, mən səni sevirəm. Yoxsa mənim sevgimi özünə layiq bilmirsən?

Mən dinmədim. O, sual dolu baxışlarını üzümə zilləyib dedi:

– Mən sənin gözlərinə məftunam. Bir gözün rəhmə gələndə, o biri ona düşmən olur. Bu, nədəndir?

O, birdən yerindən qalxıb, önümdə dayandı. Onun bu hərəkəti mənə qəribə göründü. Mən indicə onun nəsə edəcəyini düşündüm. Yalvarış dolu baxışlarını üzümdən çəkmədən bu şeiri dedi:

 
Qara qaş üstünə tökər qarını
Nərgiz gözlərindən məni ayırsan.
Mənim ümidimin qapılarını
Neçin gah açırsan, gah qapayırsan?
 

Müşfiq şeiri elə bir ahənglə oxudu ki, ürəyim yarpaq kimi titrədi.

– Müşfiq, sən elə hər sözə şeirlə cavab verirsən?

– Dilbər, şeir mənim həyatımdır. O, həmişə pərvazlanmaq istəyən bir quşa bənzər. Sən isə bu quşun əbədi qanadısan!

Mən qeyri iradi onun gözlərinə baxdım.

– Niyə birtəhər baxdın, Dilbər? Olmaya sözlərimə inanmırsan?

Mən gülümsündüm.

– Söhbətimiz uzandı, mən isə məktəbə gecikirəm. İcazə versən, gedərəm.

– Nə deyirəm, get. Ancaq səndən bir xahişim var.

– Buyur, – dedim.

– Xahiş edirəm, tez-tez görüşə gəlməyə razılıq verəsən.

– Bir şərtlə!

– Hər nə desən göz üstədir, söylə görüm şərtin nədir?

– Görüşümə gələndə təzə şeir gətirməyi unutma.

Mən, sanki bu sözlə ona dünyanı bağışladım.

– Sən görüşə gəlməkdə ol, mən o qədər şeir gətirərəm ki, oxuyub qurtara bilməyəsən. İstəsən səni lap şeirlə bəzərəm.

O, iti nəzərlərlə başdan ayağa məni süzdü və baxışlarını yaşıl budaqlara zillədi. Mənə elə gəldi ki, onun xəyalı bir anlıq harasa gedib qayıtdı. Təbəssüm dodaqlarını tərk etdi. Baxışları qatılaşdı. Onun bu halı mənə çox qəribə göründü. Birdən mənə tərəf döndü:

– Dilbər, xahiş edirəm incimə, – dedi, – ürəyimə bir-iki sətir gəldi, qoy deyim.

– Heç şeirə xahiş olar? – dedim.

Mehriban nəzərlərlə yenə də üzümdə gəzdi və bədahətən bu şeiri dedi:

 
Sevgilim əyninə yaşıl geyinmiş,
Sallanışı sərvi-çəmən kimidir.
Bu bənzətmə bir az üzdən olsa da,
Tamamən görkəmi səmən kimidir.
 
 
Nə arzu eyləsən könlümdə vardır,
Eşqimin səhəri bir ilk bahardır.
Ona könül verən nə bəxtiyardır,
Fikrim, hissim tazə gülşən kimidir.
 
 
Müşfiqin ürəyi yarpaqdan incə,
Titrəyir bir xəfif rüzgar əsincə
Məşuqun ayağı haraya dəysə,–
Orası aşiqə vətən kimidir.
 

Biz ilk görüş yerindən pedtexnikuma tərəf yollandıq. İkimiz də xoşbəxt idik. Gözümüzə küçələr, binalar, qarşımıza çıxan adamlar hamısı əlvan, qəşəng və xoşbəxt görünürdü.

İndiki Azərbaycan Yazıçılar İtifaqı, o zaman “Proletar Yazıçıları Asossasiyası” adlanırdı. Bu cəmiyyət öz üzvlərinin tez-tez qəsəbələrə, zavodlara, fabriklərə, məktəblərə, klublara göndərirdi. Onlar fəhlə və qulluqçılar qarşısında çıxış edərək, yeni həyatdan bəhs edən əsərlərlə dinləyiciləri sosializm quruculuğu işinə ruhlandırır, mədəniyyət işçilərinə yaxından kömək edirdilər. Müşfiq də bu işdə fəaliyyət göstərir, çox vaxt fəhlə, qulluqçu və tələbələrin auditoriyalarında çıxış etməyi sevirdi. Yadıma gəlir ki, bu sahədə həvəslə çalışan gənc şairlər barədə “Ədəbiyyat və incəsənət” qəzetində (1932-ci il 25 mart) çap olunan məqalədə Müşfiq də tərifənmişdi.

Bir gün ədəbiyyat dərnəyimizin məşğələsi idi. Bir də gördüm Müşfiq bizim məktəbə gəlib. Məktəbin müəllimləri və həvəskarları Müşfiqin başına toplandı. Ona müxtəlif suallar verirdilər. Müşfiq hamıya ehtiram və nəzakətlə cavab verirdi. Mən pəncərənin qabağında dayanmışdım. Tələbələrlə söhbətini qurtarıb yanıma gəldi, görüşdü və dedi ki, dərnəyimizə rəhbərlik edəcək. Sevindim. Müşfiq cibindən bir kağız çıxarıb mənə verdi.

– Oxuyarsan, – dedi – sənsiz keçən günlərimin təsviridir.

Aldım, şeir olduğunu gördüm. Şeiri mənə həsr etmişdi. Növbəti məşğələmiz başladı. Ədəbiyyat müəllimimiz Müşfiqi dərnək üzvlərinə təqdim etdi. Bu gündən dərnəyin rəhbəri olacağını dedi. Hamı Müşfiqi gurultulu alqışlarla qarşıladı.

Müşfiqin məşğələmizi necə maraqla aparmasını xatırlayıram. Hər söhbətini dərin mənalı atalar məsəlləri, gözəlşeir parçaları ilə bəzəyirdi. Hamı məşğələ vaxtının uzanmasını arzulayırdı.

İlk məşğələm0z qurtarandan sonra Müşfiq mənə dedi:

– Dilbər, mən Bayıldakı maarif evində təşkil olunmuş ədəbiyyat dərnəyinin də rəhbəriyəm. İstirahət günü bizim klubda ədəbi-bədii gecəmiz olacaq. Əgər maraqlansan, səni də apararam.

Mən:

– Məmnuniyyətlə gedərəm, – dedim.

Müşfiq:

– Onda birlikdə gedərik, – dedi və salamatlaşıb məndən ayrıldı.

İkinci dəfə Müşfiqlə ədəbi gecədə iştirak elədim.

Həmin gecədən sonra bir müddət Müşfiqdən xəbər çıxmadı. Ürəyimə cürbəcür fikirlər gəlirdi. Nigarançılıq məni əldən salırdı. Ürəyim dözmədi. Ağamehdi dayıgilə zəng vurdum. Müşfiqin səhhətinin yaxşı olduğunu dedilər. Ürəyim sakit oldu.

Bir gün məktəbin həyətində oturub kitab oxuyurdum. Sinif yoldaşlarımdan biri mənə yaxınlaşıb bir məktub verdi.

– Buyur, Müşfiqdəndir – dedi. Üstəlik əlavə etdi:

– Dilbər, o sənə şeirlər göndərəndə bizə də oxu. Onun şeirlərinin vurğunu təkcə sən deyilsən.

Mən çox sevindim:

– Mütləq oxuyaram, – dedim və tələsik məktubu açıb oxudum.

Müşfiq məktubun əvvəlində neçə vaxtlar gəlmədiyinin səbəbini yazırdı. Məndən üzr istəyirdi. Eyni zamanda dərsdən sonra məni görüşə çağırırdı. Mənim Müşfiqi telefonla axtarmağım onu xeyli sevindirmişdi. Bunun müqabilində mənə öz minnətdarlığını bildirdi. Onun üçün qeyri adi olan bu hadisəyə şeir də yazmışdı. Həmin şeirdən bu misralar yadımda qalıb.

 
“Eşitdim aramısan sən dün məni telefonla
Gəl sevgilim çıxaq qoşa bu uğurlu aydın yola.”
 

Ertəsi gün dərsdən sonra bizim komsomol iclasımız oldu. İclasımız gec qurtardı. Zənn etdim ki, Müşfiq mənim gecikdiyimi görüb çıxıb gedəcək. Yenə də dözə bilmədim, dedim gedib baxım. Gəlib həmin yerə çatanda gördüm ki, Müşfiq skamyada oturub nəsə yazır. Məni görcək sevinə-sevinə ayağa durdu.

– Müşfiq, üzr istəyirəm, – dedim, – səni çox gözlətmişəm, komsomol iclasımız var idi, gec qurtardı. Düzünü de, məndən incimədin ki?

– Yox – dedi, – Gözlədim-gözlədim gəlmədin, axır qəlbimin odunu şeirə tökdüm.

Biz söhbət edə-edə gəlib skamyada oturduq. O, mənə təzəcə yazdığı “Neçin gəlmədin” şeirini oxudu:

 
Gözlədim yolunu həsrət içində,
Tükəndi taqətim, neçin gəlmədin?
Şəhdi-vüsalından üzüldü əlim,
Ey dilbər afətim neçin gəlmədin?
 
 
Əlimdəki qələm bir sədəfi saz,
Nə qədər səninçün coşar, yorulmaz!
Aramızda olan zəncir qırılmaz,
Ey sözüm-söhbətim, neçin gəlmədin?
 
 
Gözlədim yolunu, hava qaraldı,
Bu qaranlıq hava ruhumu sardı.
Səndən qəmgin könül sevinc umardı,
Sən ey səadətim, neçin gəlmədin?
 

Müşfiq şeiri oxuyarkən əlinin şeirin ahənginə uyğun qaldırıb-endirir, məni büllur səsi, saf və pak hissləri ilə heyran qoyurdu.

Sonra, aramızda belə bir söhbət oldu.

– Şairlərlə ehtiyatlı dolanmaq lazımdır. Birdən acığı tutar, sevgilisinə tənqidi şeir də yazar.

– Mən sənin əzabına dözmərəm, sənə nəinki şeir, heç qaşın üstə qara xal da var, demərəm.

– Müşfiq, düzü, çoxdandır səndən nigaran idim. Yaxşı ki, məktub göndərdin. Ürəyimə cürbəcür fikirlər gəlirdi. Özümdən asılı olmayaraq məndə qəribə qısqanclıq oyanmışdı.

Müşfiq təəccüblə:

– Nə qısqanclıq? Yoxsa məndən sənə bir söz deyiblər? – dedi.

– Yox, yox, heç nə deməyiblər. Elə-belə, ürəyimə gəlib deyirəm: Müşfiq şirin dilli şairdir, başqa qızlara da şeir yaza bilər. Gözəl, göyçək qızlar şəhərdə nə çoxdur…

Müşfiq tutuldu. Elə bil baxışlarına bulud çökdü. Gözəl bir şeir dedi. Yalnız iki mirası yadımdadır:

 
Mən sənin gözlərinin məftunu,
Yeni əsrin, yeni bir Məcnunu.
 

Yadımdadır ki, bu şeiri oxuyan kimi Müşfiq dedi: – Ancaq bu məcnunluq mənim həyata, sənətə məhəbbətimi artırır, öz eşqimlə arzularımın zirvələrinə ucalmaq istəyirəm: sən isə gör mənim barəmdə nə düşünürsən! Mənim sənə olan məhəbbətimi hamı bilir. Eşqi dillərə düşən şair heç başqalarına könül verərmi?

– Ay Müşfiq, adamın ürəyinə oğru təki soxulan bu qısqanclıq axı nədir? Dünyada qısqanclıq olmasaydı, daha yaxşı olmazdımı?

Müşfiq gülümsəyərək:

– Düz deyirsən, qısqancılq pis şeydir: həm yaradıcılıq üçün, həm də sağlamlıq üçün, – dedi.

Müşfiq bu haqda çox fikirlər dedi. Hamısını xatırlaya bilmirəm. Yalnız bir sözü yadımdadır:

– Bəziləri deyir ki, sevgi ilə birlikdə insanın ürəyinə qısqanclıq da dolur. Biz bir-birimizə inanmalı, boş yerə küsməməli, qısqanclıqdan uzaq olmalıyıq. Məndən sənə nə desələr, tez gəl özümə çatdır, çünki bəzən iki sevgilini bir-birindən ayırmaq üçün uydurmalara da əl atırlar. Sabah Şeksprin “Otello” əsəri oynanılır. Gəl səni rəfiqələrinlə bu tamaşaya aparım.

Ertəsi gün Müşfiq məni rəfiqələrimlə “Otello” tamşasına apardı.

Müşfiq tamaşa qurtardıqdan sonra bizə dedi:

– Qızlar, görürsünüz həyat necə mürəkkəbdir?! İnsanlar saf ürəkli, günahsız bir mələyin ölümünə necə də qıydılar!…

Sonralar mən Müşfiqin “Sındırılan saz” poemasından aşağıdakı misraları oxuduqda onun bu söhbətini xatırlayırdım.

 
Sərin
Mən səndən küsmüşəm, orda-burda sən,
Niyə hər yetəni tərifəyirsən?
Duman
…Mən səni sevmişəm dünyada yalnız,
Sazımın telləri zülfündür, ay qız!
El də bilir, Duman sevir Sərini,
Kim bəyənməz bu mehriban pərini?
…
Hər aşiqin bir canana meyli var,
Hər məcnunu dağa salan Leyli var.
Sinəsində məhəbbətin dağları,
Şirin dedi, Fərhad çapdı dağları.
Yazıq Kərəm alış deyə, yan deyə,
 
 
Od içindən əl uzatdı Əsliyə…
 

Bir gün Dağüstü parka gəzməyə çıxdıq. İşıqlar qoynunda üzən Bakı güzgü önündə dayanıb camalına tamaşa edən gözələ bənzəyirdi.

– Dilbər, görürsən Bakı axşamları nə füsünkar olur?! Bu gözəlliyi, onun hüsnünü vəsf etmək şairdən hünər istəyir. O, insan qəlbinin eşqlə, hərarətlə doldurur, ürəyini vəcdə gətirir. İstər-istəməz sən bu gözəlliyə şeir deməli olursan. Qulaq as!

 
Sevgilim, həyata məhəbbətlə bax!
Bu sulu, torpaqlı dünya gözəldir.
Yer gözəl, göy gözəl, təbiət gözəl,
Asiman gözəldir, dərya gözəldir.
Fəqət sənin eşqin, mənim xəyalım–
Bunların hamısından daha gözəldir.
 

– Ay Müşfiq, elə bil şeri qabaqcadan yazıbsanmış, nə rəvan şeirdir.

– Hələ mən sənin üçün yeni şeir də yazıb gətirmişəm.

O, yeni şeirini oxumazdan qabaq, məşhur rəssam Rafael barədə danışdı.

– Deyirlər, onu Məryəm adlı bir sevgilisi var imiş. O, Məryəmin şəklini elə məhəbbətlə çəkib ki, çəkib qurtardıqdan sonra özü öz əsərinin təsirindən bayılıb.

Müşfiq bu rəvayətə şeir yazmışdı, oxudu, yadımda aşağıdakılar qalıb:

 
Deyirlər ki, Rəfael vəcdə gəlib bayılmış,
Çağlayınca içində susan o incə tellər.
Röya görürmüş kimi uyğusundan ayrılmış,
Yaratdığı şəkilə vurulmuşdu o rəssam, –
Öz böyük sənətinə özü qalmışdı heyran.
İndi mən də səninçün şeir yazmağa dursam –
Olaram zülfün kimi xəyalınla pərişan
Sən bir Məryəm misallı, bəlkə də ondan göyçək,
Mən bir rəssam Rafael, bəklə də ondan yüksək…
 

Müşfiq söhbətarası bu sözləri də dedi:

– Dilbər, başımı yamanca qatmısan. Müasir mövzulardan lap az yazıram. Qorxuram deyələr, Müşfiq məhəbbət şairi olub gedib.

Doğrusu, bu sözlərdən mən bir az pərt oldum.

– Demək, təqsirkar mənəm, eləmi?

Müşfiq gülümsündü:

– Sən niyə təqsirkar olursan, – dedi, – özüm də tənbəllik eləmişəm.

Müşfiq aşiqanə şeirləri əsas yaradıcılığı hesab etmirdi. O, günün tələbinə cavab verən müsair mövzulardan yazmağı üstün tuturdu. Elə oradaca mənə xəbər verdi:

– Keçən il bir neçə yoldaşımla avralda, pambıq toplanışında olmuşam. Bu mövzuda bir poema yazmaq istəyirəm.

– Sənə müvəfəqiyyətlər arzulayıram, Müşfiq – dedim.

Çox çəkmədi ki, Müşfiqin məşhur “Bəyaz çöllər” poeması çapdan çıxdı. Poemanın ilk misralarını oxucuların yadına salıram:

 
Çoxdandır bir şeir yazmamışam mən,
Çoxdandır bir nəğmə tutdurmamışam.
Çoxdandır ayrılıb şeir aləmindən,
Xəyal dənizinə baş vurmamışam.
 
 
Fikrim qasırğalı dəryalar kimi,
İstənilən qədər dalğalanmamış,
Könlüm uzaq gedən xəyallar kimi,
İncə buludlarla çulğalanmamış.
 
 
Ürəyim ilk bahar selləri kimi,
Atlana-atlana qaynamamışdır.
Ruhum Mil düzünün çölləri kimi,
Bəyaz çiçəklərlə oynamamışdır…
 

Müşfiq hələ APİ-də oxuyarkən xalq yazıçımız Süleyman Rəhimovla, şair yoldaşı Əhməd Cəmillə, tələbə yoldaşı Əliyar Qarabağlı, həkim Quliyevlə könüllü olaraq pambıq toplanışında olmuşdur. Tələbə yoldaşı Əliyar Qarabağlı bu səfəri belə xatırlayır: “1930-cu ilin axırlarında biz tələbələr Ağcabədi rayonuna pambıq yığmağa getmişdik. Mil düzü bollu pambıq yetişdirmişdi. Yolumuz Ağcabədidən, Hindarxından keçirdi. Ağcabədidə bizə bir yer göstərib “bax, Hacı Qaranın dükanının yeri buradadır” – dedilər.

Müşfiq özünəməxsus bir tərzdə əl-qolunu ata-ata “Ay uşaqlar, gəlin, alın aparın, bu maldan olmaz”, – deyə Hacı Qaranı yamsıladı. Mən Müşfiqlə bir briqadaya düşmüşdüm. Müşfiq tələsik bir məzəli şeir yazdı.

Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Soltan Məcid Əfəndiyev bir gün buraya gəldi. İşimiz və həyatımızla tanış oldu. Müşfiqin şeirini oxuyub güldü. Bizə bəzi vədlər verdi və onlara dərhal əməl etdi. Biz bir aydan artıq müddətdə həvəslə işlədik. Çoxlu pambıq yığdıq. “İnqilab və mədəniyyət” jurnalının 1931-ci il 7–8-ci nömrələrində M.Müşfiqin “Böyük çöllər” adlı mənzum oçerki nəşr olunmuşdu. Bu oçerk yuxarıda qeyd etdiyimiz səfərin məhsulu idi.

 
Şairlər yanında qaradır üzüm,
Yalnız sizə gəlir güman, Mil düzü! –
 

deyə şair Mil düzünü köməyə çağırır. Tarixə müraciət edir. Mil torpağının keçmişini xatırlayır. Yaxından axan Arazın, Milin dərdlərinə uzun zaman biganə qaldığını təəssüfə yad edir. Nəhayət, çəkilən yeni su kanallarını böyük sevincə təsvir edir. O ili Mil düzü bol pambıq yetirmişdi. Yığıb-yığışdırmaq mümkün deyildi. Şair bu bəyaz çölləri belə təsvir edirdi:

 
Dalğın bir şairin xülyasıdır o,
Mil düzünün bəyaz röyasıdır o.
Ki, bu gün həqiqət şəklinə girmiş…
 

Pambıq və neftin respublika üçün əhəmiyyətini yaxşı başa düşən gənc şair bunu obrazlı bir dildə belə ifadə edir:

 
Pambığın çoxluğu – çoxluğumuzdur.
Pambıq “çörəyimiz”, neft “suyumuzdur”.
 

Bizim tarla yürüşümüz haqqında isə şair belə yazır:

 
O gün ki tarlaya səfərbər olduq,
Hamımız müntəzəm bir əsgər olduq.
On-on düzələrək tarla boyunca…
Hərbi vəziyyətin gedişidir bu.
Bizi sarsıtmadı işin çoxluğu”.
 

Müşfiq avralda həkim Quliyevlə də bir yerdə olub. O, həmin günləri belə xatırlayır: “Pambıq yığımında qırmızı, qara lövhə asılmışdı. Çox pambıq yığanların adını qırmızı, az yığanların adlarını isə qara lövhələrdə yazırdılar. Müşfiq özü hamıdan çox pambıq yığırdı. Adı həmişə qırmızı lövhədə idi. Bizə deyirdi: – həvəslə çalışın, tənbəllik edənlərə tənqidi şeir yazacağam”.

Əhməd Cəmilin Mikayıl Müşfiq haqqında xatirəsindən: “Müşfiqi ilk dəfə 1930-cu ildə görmüşəm. Mən V.İ.Lenin adına APİ – nin 1-ci kursuna daxil olanda Müşfiq 3-cü kurs tələbəsi idi. Ortaboylu, qarayanız bir oğlan idi. Həmin ilin payızında bizim fakültənin tələbələrini Mil düzünə, avrala aparmışdılar pambıq yığmağa… Müşfiq də avrala gələn tələbələrin arasında idi. Burada onu tanımayan yox idi. Bütün günü pambıq yığa-yığa xırıltılı həzin səsi ilə mahnı oxumağı sevərdi.

O, arabir pambıq yığan qızlara şairanə, zərif atmacalarla müraciət edər, öz dostları ilə şeirləşər, sovxozda işləyən özbək qardaşlarla zarafatlaşar, onlara Nəvaidən beytlər, misralar deyərdi… Biz bu şən və coşğun gəncin zarafatlarına və mahnılarına o qədər alışmışdıq ki, hərdən səsi gəlməyəndə narahat olurduq. Pambıq yığdığımız tutqun payız çölündə elə bil nəsə çatmırdı.

Biz hələ tanış deyildik. O vaxt mənim 17, Müşfiqin 22 yaşı var idi. Müşfiqlə mən 1933-cü ildə tanış olmuşduq. Bizi Səməd Vurğun tanış etmişdi…

Müşfiqi otuzuncu illərdə Bakıda Maarif işçiləri evində keçirilən şeir gecələrində də görmüşəm. Belə gecələrdə Səməd Vurğunun ağır, təmkinli, Mikayıl Müşfiqin coşğun və alovlu çıxışları bütün şeir həvəskarları kimi mənə də həmişə xoş təsir bağışlayardı.

Otuz beş, otuz altıncı illərin söhbətidir. O vaxt mən Şamxor (indiki Şəmkir – red.) rayonunda kənd müəllimi idim. Bakıya müəllimlər müşavirəsinə çağırmışdılar. Bir gün müşavirədən çıxanda Kommunist küçəsində Müşfiqə rast gəldim. Müşfiq çox səmimi və istiqanlı insan idi. Gəzə-gəzə dəniz kənarına gəldik. Bulvarın lap girəcəyində idmançı oğlanla qız heykəlləri qoyulmuş yerdə bir skamyada oturduq. Çox söhbətdən sonra o məndən bir şeir oxumağımı xahiş etdi. Mən “Partizanın qəbri” adlı uzun bir şeirimi oxudum. O, çox diqqətlə qulaq asırdı. Mən bir yandan şeiri düzgün və ifadəli oxumağa səy edirdim, bir yandan da bərk həyəcan keçirirdim ki, görəsən, Müşfiqə necə təsir bağışlayacaq, o nə deyəcək. Şeir qurtaranda Müşfiq mənim baxışlarımdakı intizarı sezdiyi üçünmü, ya nədənsə çiyinlərini çəkib:

– Cəmil, vallah, sən də elə bizim kimi yazırsan… – dedi.

O, həmişə mənə, – Cəmil – deyə müraciət edirdi.

Ayrılanda qələm, kağız çıxardıb ev ünvanını yazıb verdi və ürəkdən gələn bir səmimiyyətlə: – Sabah istirahət günüdür. Saat 12-də bizə gəl, – dedi. – Sabah da mən sənin üçün şeir oxuyacağam, ancaq gəlməmiş olma! – deyə dönə-dönə tapşırdı.

Ertəsi gün dediyi vaxtda getdim. Qapını özü açdı. Məni həyat yoldaşı ilə tanış etdi. Müşfiqin çox böyük olmayan bir otağı var idi. Otaq bütün Şərq evləri kimi çox təmiz, səliqəli və səhmanlı idi.

Müşfiq klassik Azərbaycan şeirini, aşıq poeziyasını və Şərq ədəbiyyatını çox yaxşı bilirdi. Onun gözəl hafizəsi var idi. Füzuli və Nəsimidən başlamış Vaqifə, Ağa Məsih Şirvaniyə qədər bütün Azərbaycan şairlərinin şeirlərini, Tufarqanlı Abbasdan tutmuş Ələsgərə qədər bütün aşıqlarımızın qoşmalarını əzbərdən bilirdi.

Həmin illərdə Müşfiq rus şairlərindən Puşkin və Lermontovun yaradıcılığını yaxından öyrənir və Azərbaycan dilinə tərcümə etməyə başlayırdı. O günü Müşfiq mənə Puşkinin “Qaraçılar” poemasından bir parça oxudu. Puşkin poeziyasının gözəlliyindən böyük bir məhəbbətlə danışdı. Ona qulaq asdıqca bir daha yəqin etdim ki, Müşfiq ancaq şeir üçün, şeirin işıqlı, nəhayətsiz göylərində uçmaq üçün doğulub…

Müşfiq Şərq ədəbiyyatına da maraq göstərirdi. O, Xəyyamdan tərcümə etdiyi bir neçə rübai də oxudu. Bunlar böyük ilham və ustalıqla edilmiş gözəl tərcümələr idi.

O, sonra mənim təzə nə yazdığımı və nə üzərində işlədiyimi xəbər aldı. Mən ayağa duranda xahiş elədi ki, cümə günü öz şeirlərimi də götürüb, gündüz saat 2-də onlara gəlim. “Yəni şeirlərini gətir… Şeirlərinə qulaq asmaq istəyirəm”, – dedi.

Müşfiqgildən çıxıb Əzizbəyov küçəsiylə indiki Nizami muzeyinə tərəf gedirdim. Sabir kitabxanasının qabağına çatanda dalımca “Cəmil! Cəmil!” deyib yüyürən bir adamın ayaq səslərini eşitdim. Geriyə döndüm. Dalımca tənginəfəs yüyürən Müşfiq idi. O tövşüyə-tövşüyə: – Cəmil, bağışla, mən düz deməmişəm… Səndən sonra cədvələ baxdım, cümə günü saat ikidə mənim təzə məktəbdə dərsim var. Dedim, gəlib məni evdə tapmazsan, yaxşı düşməz… Cümə günü səni saat 2-də yox, saat 4-də gözləyəcəyəm… – dedi.

Mən onun bu nəcib insaniyyəti qarşısında quruyub qaldım.

Müşfiq belə adam idi!”

1931-ci ildə Müşfiq Bayıldakı mədəniyyət evində təşkil olunmuş ədəbiyyat dərnəyinə rəhbər göndərmişdilər. İnqilabi mübarizə, döyüş və əmək ənənələri ilə məşhur olan bu rayonun zəhmətkeşləri, Müşfiqin şair qəlbini coşdurmaya bilməzdi. Müşfiq bu rayonun hər işi ilə yaxından tanış olub, bir sıra bədii əsərlər yazmışdı. Bunlardan “Neft-İliç buxtası”, “Posyolka”, “İşçi qız” şeirlərini, “Buruqlar arasında” poemasını göstərmək olar.

Bir dəfə Müşfiq ilə Zevin küçəsi ilə gedirdim. Ucaboylu, mədəni geyimli bir nəfərlə Müşfiq görüşdü. Mən dayanıb ağır addımlarla getdim. Müşfiq həmin adamla danışdıqdan sonra iri addımlarla gəlib mənə çatdı.

– Dilbər, mənimlə görüşən şəxs hörmətli bəstəkarımız Maqomayev idi. Onun “Şah İsmayıl” operasının liberetosunu mənim atam yazıb. O, bizi tamaşaya baxmağa dəvət edir.

Bu barədə Müşfiqin yaxın dostu Əkrəm Cəfər 14 fevral 1961-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində belə yazır: “Azərbaycan SSR EA Respublika Əlyazmaları Fondunda saxlanılan arxivlər içərisində görkəmli yazıçı, artist və digər kiçik və demək olar ki, zahirən həmin arxivə heç bir dəxli olmayan sənədlərə də rast gəlmək olar. Məsələn, görkəmli yazıçımız Əbdürrəhimbəy Haqverdiyevin, 30-cu illərin əvvəllərində Azərbaycan Dram Cəmiyyətinə verilən ərizə və göndərilən təliqələrin bir qismi ədibin şəxsi arxivində mühafizə olunmuşdur. Həmin sənədlər içərisində şair M. Müşfiqin-avtoqrafı olan bir ərizə 17 dekabr 1931-ci ildə qırmızı mürəkkəblə yazılmışdır. Vərəqin ikinci üzündə yenə M. Müşfiqin bənövşəyi karandaşla yazdığı eyni məzmunlu ərizə vardır. Həmin ərizələrdən məlum olur ki, “Şah İsmayıl” operasının mətnini M. Müşfiqin atasını Mirzə Əbdülqədir İsmayılzadə yazmışdır.

Bir çox ziyalılarımıza, şübhəsiz ki, məlum deyildir. Bunun da əsas səbəbi proqramlarımıza bir qayda olaraq mətn (libereto) müəllifinin adının yazılmamasıdır”.

1931-ci ilin axırıncı ayı idi. Mən imtahanlara hazırlaşdığım üçün Müşfiqlə az-az görüşürdüm. Bu isə Müşfiqin narahatlığına səbəb olurdu. O, rəfiqələrimlə mənə tez-tez məktub göndərirdi. Hər məktuba yeni bir şeir əlavə edirdi. Təəssüf ki, o şeirləri xatırlaya bilmirəm.

Sonrakı görüşlərimizin birində mən ona Gəncəyə gedəcəyimi bildirdim. Tutuldu. Üzünə kövrək təbəssüm qondu. Elə oradaca “Ayrılıq” şeirini dedi:

 
O gün ki, hicrana uğradı yolum,
Qırıldı qanadım, qırıldı qolum.
Fələkdən bac verib, bac alan könlüm,
İndi uşaq kimi ağlar səninçün.
 
 
Gül-gülü çağırır, çiçək-çiçəyi,
Gülər aşiqlərin qönçə diləyi.
Sən neçin yıxırsan bu şux ürəyi? –
Qəlbimin çeşməsi çağlar səninçün.
 

Müşfiqin bu həyəcanlı və kövrək halı mənə elə təsir etdi ki, gözlərimdən qeyri ixtiyari yaş axdı. Müşfiq mənim bu halıma dözmədi. Elə oradaca bu şeiri də dedi:

 
Bir qara buludam uca göylərdə
Bu şair bəxtimlə bizim ellərdə
Sən neçin ağlarsan mən duran yerdə
Nərgiz gözlərinin yaşına qurban.
 

Mən dedim:

– İstəyirsən heç getməyim, daha bundan ötəri niyə belə narahat olursan.

Müşfiq yenə də şeirlə cavab verdi:

 
Deyirsən yanında qalacağam mən,
Nə gözəl fikirdir, qal sənə qurban!
Nə zaman istəsən əziz canımı,
Qumral gözlərinlə al sənə qurban!
 
 
Gəlmiş hüzuruna bir qara dağlı,
Bir qara qulundur qolları bağlı.
Gəl çəkmə sinəmə sən hicran dağı,
Gümüş topuğunda xal, sənə qurban.
 

– Ay Müşfiq, bu nə gözəl şeirdir. Bəs o qara qul sözü nədir? – deyə soruşdum. – Heç sənin kimi vüqarlı şairə də qul sözü yaraşarmı?

Müşfiq bu dəfə nəsrlə cavab verdi. Nizamidən misal çəkdi:

– Hər şey incəliyindən sınsa da, insan qalınlığından sınar. Mən öz məhəbbətimin qulu olmağımla fəxr edirəm, – dedi.

Xeyli söz-söhbətdən sonra Müşfiq Gəncəyə getməyimə razı oldu.

Gəncə dağlarını – qəlbimi özünə qırılmaz tellərlə bağlayan bu yerləri hər dəfə xatırlayanda, xəyalım istər-istəməz o günlərə – gəncliyimin ən dadlı, ən pak, ən unudulmaz çağlarına qayıdır, bu dağların yaşıl qoynunda pıçıldaşan bulaqlar, qayğısız ötən quşlar və burada ömür sürən insanlar yada düşür.

Biz hər səhər, günəşin şəfəqləri göy otların üstünə düşən şehləri qurutmamış alaçıqdan çıxıb, çiyələk, moruq yığmağa gedərdik. Yaylaqlar öz nadir nemətlərini çəmən süfrələrinə düzər, kolların boynundan asardı. Biz səhərin təmiz havasından uda-uda bu nemətlərdən dərib yeyər, günəş boyunu dağların çiynindən göstərəndə geri dönərdik. Bakıda olanda, Xəzərin sahil daşlarına çırpınıb çiliklənən ayna sularını görəndə elə bil nagahan bir səs qulağına pıçıldayıb deyir: – “ Yenə o bağ olaydı. Dilbər, səni dil-dil ötən suların, saçın kimi qıvrılan dalğaların əlindən alaydım”. Elə ki, qoynunda doğulub boy atdığım qədim Gəncəyə gəlirəm, Müşfiqin bu yerlərin təbiətinə olan sonsuz məhəbbəti yadıma düşür. Bu yerlər Müşfiqin ruhunu çox oxşayırdı. Onun könlünü elə qanadlandırırdı ki, həta şəhərdə belə o, xəyalən bu yerlərdə gəzib dolanırdı. Müşfiq bu yerlərdə gəzmək, Kəpəzin nadir incisi olan Göy gölün sahilində dayanıb onun büllur sularına tamaşa etmək istərdi. Başı göylərə dəyən uca dağlar, yaşıl meşələr, zümrüd sular şair üçün təkcə istirahət və ilham mənbəyi deyildi. O, bu yerlərə layiq nadir sənət inciləri yaratmaq istəyirdi.

Müşfiqlə tanış olduqdan sonra, onu Bakıda qoyub buraya gəldiyim yay əvvəlki yaylara bənzəmirdi. Mən suların zümzüməsini, yarpaqların pıçıltısını eşitdikcə Müşfiqi xatırlayırdım. O deyərdi: “Dilbər, kaş mən yatanda başım üstə axar sular çağlaya idi”. Müşfiqlə tanış olandan bəri mən, təbiəti daha çox sevməyə başlamışdım. O, mənə təbiətdə bu vaxtacan duyub görmədiyim gözəllikləri duymağı öyrətmişdi. Axı, o özü də təbiətin, işığın, günəşin, bu cəh-cəhli gülüstanın bir parçası idi…

Müşfiqin hər xasiyyətini, hərəkətini yada salıb yaylaqda onun xəyalı ilə əylənirdim. Ayağımı hara qoysam, onun baxışları məni müşayiət edir, surəti gözlərimin önündə canlanırdı. Sanki o küskün, mənalı və qaynar baxışlar mənsiz darıxdığını söyləyirdi.

O, mənə həmişə deyərdi:

– Dilbər, sənsiz mən cənnətdə olsam da darıxacağam. Səninlə zindanda olsam, oranı cənnət bilərəm.

Bu münasibətlə “Söylə” şeirini yazmışdı:

 
Günlərim axışır bir uyğu kimi –
Dərədən – dərəyə axan su kimi,
Dilbərim hərcayi bir ahu kimi,
Hicran dağlarını aşarmı, söylə?..
 

Mən bütün günü xəyalımda onu anar, gözlərimi axşamlar onun fikri ilə yumar, səhərlər onu görmək arzusu ilə açardım.

 
Qoşa gəzdiyimiz o yerlərə mən,
Üz tutub gəlmişəm bu gün yenidən.
Boynu bükük durub güllər, çiçəklər.
Burdan qəmli keçir sərin küləklər.
 
 
Bulaq pıçıldayır, şəlalə dinir.
Quşlar dəstə-dəstə oxur, səslənir.
Gözüm nəyi görsə sənsən, sanıram.
Sənin xəyalınla sənsiz yanıram.
 
 
Bürünüb arzuna bu doğma çöllər,
Eşqinlə göyərib açılır güllər.
Təbiət söyləyir ürək sözümü,
Gözlərim axtarır sənin özünü.
 

Ürəyimə dammışdı ki, o gələcək, mənə özü ilə sevinc və fərəh gətirəcək…

Bir səhər yenə də dağların ətəyinə çiyələk, moruq yığmağa çıxmışdıq. Yoldaşlarım yığdığı moruğu, çiyələyi yeyir, mən isə səbətimə toplayırdım. Bunu görən Ələkbər (bəstəkar Ələkbər Tağıyev uşaqlıqda Gəncədə bizim yaylaq qonşumuz olubdur) məndən xəbər aldı: sən niyə yığdığını yeməyib sonraya saxlayırsan?

Ələkbər yaşca məndən kiçik olsa da, onun xətrini çox istəyirdim. Ürəyimdən keçənləri ondan gizlətmədim:

– Bu gün bizə qonaq gələcək, – dedim.

– Hardan?

– Bakıdan.

– Kim gələcək?

– Şair Mikayıl Müşfiq, eşidibsən?

– Əlbətə, hələ şeirlərindən də əzbər bilirəm. İstəyirsən deyim?

– De!

Ələkbər ciddi bir vəziyyət alıb Müşfiqin “Ana” şeirini əzbərdən dedi.

Müşfiqin dağlara qonaq gələcəyi gümanımı Ələkbər, gerçək bir hadisə kimi hamıya yaydı. Bu xəbəri eşidən yoldaşlarım sevindilər, yığdıqları moruq və çiyələkləri daha yeməyib mənim səbətimə atdılar.

Bir azdan deyə-gülə geri qayıtdıq. Alaçığa çatanda gözlərimə inanmadım. Mənim gümanım doğru çıxmışdı. Müşfiq Səməd Vurğunla Gəncəyə, oradan da dağlara qonaq gəlmişdi.

Mən özümü itirdim, nə edəcəyimi bilmədim. Şairlərin gəlişinə sevinən adamlar hər tərəfdən onları əhatə etmişdi.

Məni görən kimi hər ikisi yanaşıb salam verdi, hal-əhval tutdu. Mən razılıq elədim.

Səməd Vurğun ətrafa mənalı nəzər salıb günəşin şəfəqləri ilə gülümsünən zümrüd donlu dağları qəribə bir məftunluqla süzdü, şeir dedi. Həmin şeirin aşağıdakı misraları yadımdadır:

 
Dəymə-dəymə mənə darıxdım yenə,
Qoy baxım dağlara, deyim, yar hanı?
Fələk möhür basdı düşmən deyənə,
Bəs mənim verdiyim yadigar hanı?
 

Ailəmiz və qohumlar onların şərəfinə böyük qonaqlıq verdilər. Ertəsi gün mən, adətim üzrə, səhər tezdən alaçığımızın yaxınlığındakı moruqluğa getdim. Müşfiq yuxudan oyananda məni evdə görməyib harda olduğumu soruşur, yerimi öyrənib dalımca gəlir.

Mən, şairlər yuxudan durunca onlara moruq yığmaq fikrində idim. Birdən yanımda Müşfiqin mehriban səsini eşidib diksindim.

– Sabahın xeyir olsun, Dilbər… Dünənki moruğun dadı hələ də damağımdan getməyib. Yenə də bizə moruq yığırsan?

Бесплатный фрагмент закончился.

88,92 ₽
177,84 ₽
−50%
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
28 октября 2022
Объем:
154 стр. 7 иллюстраций
ISBN:
978-995-255-775-6
Правообладатель:
Hədəf nəşrləri
Формат скачивания:

Похожие книги