Читать книгу: «Çuğullar»

Шрифт:

AZƏR QİSMƏT

ÇUĞULLAR

(roman)

Giriş

İnsana nə xoşdursa, o zərərlidir. Nəyi xoşlamırsa, o xeyirlidir. İnsanı sınmışlar sındırar. Onlar artmağı xoşlayarlar. Sınmayanlar bu mərəzdən uzaq olar. Çünki sındırmaq insana məxsus keyfiyyət deyil. Bu heyvani hisdir. Ağrı verən, dözülməz hiss. Belə ağrı çəkən insandan çətin insan olsun. Və belə çıxır ki, mən daha insan deyiləm. Çünki məni sındırmaq üçün hər vasitəyə əl atdılar. Mən dəyişmək istəmirdim.

İnsan sabit qalmağı xoşlayır. Bəzən bunu xoşlamağı sevsə də, könülsüz, məcburi şəkildə o sabitliyi pozmalı olur. Dəyişməyə çalışmaq məqsədlə bağlıdır. Lakin dəyişməyəni hansısa qüvvə dəyişəndə, bunun sirri şifrədədir. Sınılmayan şifrədə.

İnsanlar həyat və dəyişikliyə münasibətdəki baxışlarına görə iki qrupa bölünür: birincilər iddia edir ki, insanlar həyatı dəyişir, ikincilərsə həyatın insanları dəyişdiyini düşünür.

Doğru olan yanaşma isə budur ki, insanı həyat dəyişdikcə, o həyatı dəyişir, ya da insan həyatı dəyişdikcə, həyat da onu dəyişir. Əslində, bu dəyişiklik birtərəfli deyil və yarımçıqdır.

İnsanı həyat, həyatı insan iki istiqamətdə dəyişir: ya pisə, ya da yaxşıya doğru. Dəyişməyən həyat və insan inkişaf etməyən və irəli getməyən, süst insan və həyatdır. Onların bir rəngi var, o da boz. Ətrafımıza baxmaq kifayətdir ki, boz insan və həyatları sezə bilək.

Bəzən inkişaf və irəli getmək üçün insanlar o qədər dəyişir ki, tək qalanda özünü itirdiyini anlayır, axtarmaq istəyi, fikri bir anlıq beynində cücərir. Lakin o fikri sonra sulamaq, ona qulluq etmək və onu gerçəkləşdirməyə tənbəl insanlar ya hazıra doğru gedər, ya da birdəfəlik sonuncu addımı atar, başqalarının təcrübə və biliyinə istinad edər, baxmaz ki, ayaqlarının ölçüsü o addım üçün yetərincə nə uzundur, nə də enli. Baxmaz ki, riyazi hesablamaları doğru deyil. Bəzən isə qaçmaq, tullanmaqla hansısa hədəfə çatmaq, maneəni dəf etmək istəyir insanlar, bu zaman ya quyuya düşər, ya çox tələsmiş olarlar, amma son nəticədə dəyişiklik və inkişaf olmaz. Bir şeyi unudar insanlar: dəyişiklik olmayan yerdə irəliləyiş və inkişaf alınmır. Onu da unudarlar ki, bəzi dəyişikliklər irəliləyiş və inkişafa aparmır.

Bəzən insanlar inkişaf və dəyişiklik naminə elə vasitələrdən istifadə edər ki, sonra özündən ya qorxar, ya da özüylə fəxr edər. Kimisə gözü götürməz, kimisə qısqanar, paxıllıq hissi ilə alışıb-yanar, ən asan və çirkin vasitələrə əl atar. Ya onu satarlar özündən yuxarıda olanlara, ya onu atarlar, ya ona atarlar, üstünə çirkab, şər, söz…

İnsan satqın, yalançı, şərçi, paxıl, qısqanc, xəbərçi doğulmur, çiy süddəndirmi, ya digər daha bilikli və təcrübəli insanların məsləhət və yönləndirmələrindəndirmi, sonradan olurlar. Bəzən ən prinsipial insanlar belə çıxılmaz vəziyyətdə qalanda, düşünmək və alternativ variant axtarmaq yerinə, ona təklif edilən variantlardan birini seçər. Başqasını günahkar çıxarmaq ən asan yol və təsəllidir.

Çuğulluq insanların özünü saydırmaq, diqqəti cəlb etmək, insanların ondan qorxması, qorxu altında hörmət etməsi üçün düşünülmüş və planlaşdırılmış tədbirlər planına, uzunmüddətli strategiyaya bənzəyir. İnsan çuğulluq etdikcə düşünür ki, özü və gələcəyinə imkanlar yaradır, yol açır, ancaq unudur ki, beləsinə güvənmək olmaz. Onlar adətən ifşa olunduqları andan tənha qalarlar, itirməyə bir şeyləri qalmaz. Bu zaman çuğul insanların önündə hansısa mənəvi dəyər və bunu etməmək üçün səbəblər, vicdan əzabı anlayışı ortadan qalxar və onun fəaliyyətini davam etdirməsi üçün yolu tam açılar. O vaxtadək ki, lazımsız əşyaya çevriləcək, xidmətinə ehtiyac duyulmayacaq, ya da başqası ilə əvəz olunmayacaq. Əvəzedilməz insanlar isə yoxdur. Ondan daha yaxşı və daha pisləri var. İnsanların ən böyük səhvi ondan ibarətdir ki, özlərini özəl və əvəzedilməz hesab edərlər, özündən razılıq mərhələsində xırda, qeyri-peşəkar addımı ilə ya özlərini ifşa edər, ya da işlənmiş, istifadə edilmiş məhsul kimi, ya da inventar kimi siyahıdan silinərlər.

Çuğul insanlar – bədbəxt insanlardır. Bədbəxtliyin içində uğursuzluq, neqativ enerji və fikirlər, sevgisizlik, diqqətsizlik olduğundan, çatışmayanları çuğulluq yolu ilə əldə edəcəklərini düşünərlər. Ah, onlar özlərini kənardan görə bilsəydilər! Bəlkə də, başqa çuğulların timsalında görürlər. Amma özlərinə təsəlli verirlər ki, mən belə deyiləm. Onlar özlərini hamıdan üstün tutsalar da, həqiqət budur ki, hamı onlardan üstündür.

* * *

… Bəlkə də, anamı ayı yedi. Ona zəng edəndə istirahətinin üçüncü günü idi. Dağa dırmaşırdı. Deyəndə ki, bu gün həyatımda yeni mərhələ başlanır, susdu. Ya ağacın arxasında gizlənən ayı başını uddu, ya ləpiri ilə uzaqlara selbələtdi, ya da saçından tutub qışa ehtiyat üçün yarpaqların altında gizlədib üstünü işarələdi: qışqırığından belə anladım. Sonra zəng vurub şaqqanaq çəkdi ki, üç ay əvvəl iki heykəltaraş burada sevişib arada fasilə verəndə, ağacdan ayı yonublar. Həmin ayının əsl ayıya oxşaması barədə nəsə danışanda, artıq yeni iş yerimə çatıb telefonu qapamışdım.

Mən tək oğulam. Anam Krıma istirahətə gedəndə ağlamışdı ki, özümdən muğayət olum. Nəsə həmişəkinə nisbətən çox ağlamışdı. Başımı sinəsinə sıxıb hıçqırmışdı ki, “kaş, sonuncu görüşümüz olmasın”. Nədən “kaş” kəlməsini işlətməsini sonra biləcəkdim. Adətən, insan öləndə mərhumun son sözlərini xatırlayırlar. Anam son sözünü liftə girəndə söyləmişdi: “Az sosiska ye, yoxsa qəbz olarsan”. Əgər, başına nəsə iş gəlsəydi, dəfn mərasimində axırıncı sözünün nə olduğunu soruşsaydılar, sosiska məsələsini söyləyə bilməzdim, ayıb olardı. Dəfn mərasimində goplayaram ki, elə hey həyatın faniliyindən danışırdı. Yoxsa, mərhumə o urvatla basdırılmaz: molla “Az sosiska ye, qəbz olarsan” sözünə gülməkdən cırılar.

… İlk iş yerimə gələndə nələrin gözlədiyini bilmirdim. Üç gün olardı ki, idarənin qapısından içəri girir, pencəyimi çıxarır, ağ xələtimi geyinir, laboratoriyada fundamental sənət əsərləri yaradırdım. Zarafat edirəm, Rembrant deyiləm. Müvəqqəti tapşırılan vəzifə xaricdən idxal olunan meyvə-tərəvəzi analizdən keçirib satış üçün razılıq verməkdən ibarət idi. Digər on beş işçinin daha nələrə baxdığını bilmirdim. Analiz etmək, nəticələri çatdırmaq, qalanı mənlik deyildi. Üç gün ərzində başımı buna qatmışdım.

Hər dəfə analizlərin nəticələrini müdirə təqdim edəndə eynəyinin arxasından varlığımı süzüb gülümsəyirdi. Qarşılıqlı idi: gülümsəyirdim.

– Niyə məhz bizdə?

– İşimin adı belədir.

– Anlamadım.

– İxtisasım üzrə gəlmişəm.

İkinci gün görüşəndə ayağa durub əyləşməyə yer göstərdi, kefimi xəbər aldı, dedi ki, “yaxşı görünürsən”, qayıtdım ki, “siz də”. Gülümsədi ki, “vurmalı havadır”, dedim “içən deyiləm”. O, qımışdı, mən də dodağımı qaçırdım.

İlk günlər həmin on beş nəfər gözümə quzu balası kimi göründü, sonra biləcəkdim ki, bu, ilk baxışda belədir. Söz soruşan olmasaydı, söz deməzdilər. Sakitlik hamının başını işlə qarışdırmasına işarədir, heç kim bikar deyil və hamı saatbasaat məvacibin verilməsini gözləyir.

Nəhayət, beşinci gün yetişdi. Xaricdən idxal edilən, üstü etiketli almaların tərkibini yoxlayırdım ki, daxili telefon zəng çaldı. Müdir dəstəkdə pıçıldadı ki, “tələsmə, işini qurtarandan sonra yanıma gələrsən”. “Tələsmə”. Nədən belə şirinlik, lütfkarlıq, mərhəmlik?

Ətrafımda yel dəyirmanı kimi fırlanan əməkdaşların başımı itələyib mikroskopun obyektivindən ərzaq yaxıntısına baxmaları, “deyəsən, bunda nitrat çoxdur” deyərək gülümsəmələri, iki subay – 18 və 38 yaşlı xanımların yanımdan keçəndə çiyin atmaları, “aaa, siz naharı bufetdə edəcəksiz, ya burada?” pıçıldayan dul qadının ayağımı tapdayıb yenicə qırışan sifətinə gülüş qondurması, “analizin nəticəsini hazırla, sonra müdirə ver” gurlayan müavinin qaşqabağı beşinci günün ümumi mozaikasını yaratdı.

Lazımi miqdarda yapışqan vurulmadığından tavanın büzüşən, çat-çatlı boyası əməkdaşların oturduğu otağa əcaiblik gətirirdi. “Pəncərəni açmaq olar?” sualıma bütün əməkdaşların qanrılıb təəccüblə baxmaları, sonra nəzərlərini ərə getməyən qızın üzündə cəmləmələri məndə belə bir təəssürat yaratdı ki, içərinin havasının dəyişib-dəyişməməsi o qızın istəyindən asılıdır. O qızın gözlərini üstümdən çəkməməsi vücudumu sındırmaq istəyindən irəli gəlirdi. Həm də baxışlar gələcək ərinə baxacaq qədər mənalı olması ilə seçilirdi. Bəzən qadınlar o qədər təhlükəli və gözlənilməz olar ki, diqqətin çox olması və ya heç olmaması kişinin özünə tuşlanmış silaha çevrilər. Çox olanda, elə bilirlər ki, onu sevirsən, az olanda isə sevmirsən.

Həmin gün “siz evlisiz” sualı fikirlərimdə yanılmadığımı göstərdi. “Subayam” sözü qızın qəlbinə mərhəmlik, ümid, hardasa kiçik ehtiras gətirdi. Ertəsi gün qulağıma “pəncərəni aça bilərsiz, yalnız sizə icazə verirəm” pıçıltısı laboratoriya avadanlıqları ilə doldurulmuş otağa bir də darıxdırıcı gözlə baxmadım, akvarellə bir peyzaj çəkdim. O peyzajda boranı karetə döndü, “Mendelson marşı” səsləndi, gəlinlik paltarı geyinildi, kəpənək taxıldı, “qoşa qarıyasız” duaları ərşə qalxdı, pilləkəndəki boşqab çilikləndi.

Pəncərəni açmağımla yaranan pıçıltılar hər yeni iş günümün açılış lentinin kəsilməsi qədər təntənə ilə qarşılanırdı. Qaqqanaq, pıqqıltı… Zəhrimar sifətli qızın qəhvəni iki fincana süzərək birini masamın üstünə qoyması ilə gülüşlərin sədası artsa da, divara dəyib üstlərinə qayıdırdı, çünki kiçik məişət xarakterli xırdaçılığa fikir vermirdim. Bir udum hava, sifətlərin rənglərinin dəyişməsi, kif qoxusunun azalması… Sanki, bir həyat bəxş etmişdim bu otağa.

Pəncərənin açılması ilə içəri günəşin şəfəqlərinin şığıması köhnə alətlərin, kağız-kuğuzla dolu masaların üstündəki əl qalınlığında tozun yığılmasını üzə çıxarırdı. Deməli, nə vaxtdan imiş ki, ayaqlarını ayaqlarının üstünə aşırıb kübar təbəqə mücəmməsi obrazına girən və “qadın təmizkar olmalıdır” deyənlərin natəmizliyi bəlağətdən savayı bir şey deyilmiş. Onlar o tozlu masalarda nahar edir, sinələrini qabağa verib kübarlıq ab-havasını yaşamaq istəyilə qəhvə içir, bəziləri siqareti müştüyə keçirib tüstülədirdi. Birinin uzun müştüyü və torlu şlyapası nənəsindən qalmışdı. Aldığım məlumat isə ondan ibarət oldu ki, Dram Teatrının kostyum və əşyalar üzrə rejissorundan pulla alınıb. Mulen Ruj əhvalı ilə yaşayan qadınların gözündə hələ abır-həyadan əlini üzməyən oğlan gözündə hərlənirdim.

Pəncərə siqaret dumanında da açılmazmış. Ümid dolu gözlərlə varlığımı süzən turşumuş sifətli qız illərdir ki, canında soyuğun qalmasından şikayətlənirmiş.

İlkin təəssüratlar içində “müdir hələ gözləyər” – düşünüb qəhvə də içdim, qadınlara qoşulub beş-altı qullab müştüklə siqaret çəkmənin dadına da baxdım, laqqırtı da vurdum. Bu mənzərəyə baxan həmin qızın qısqanclığı sifətində həyatdan əsər-əlamət qoymadı, ümid işığı öləzidi.

Sonuncu lətifəni danışıb saata baxanda laboratoriya müdirinin yanına getməli olduğumu xatırladım. Qadınlar sonuncu lətifəni də danışmağımı istədilər, danışdım, qaqqıldadılar: yaman arıq idilər, qarın-zad gözə dəymirdi. Pəhriz saxlamaqdan vitamin çatışmazlığı yaranmışdı, əllərinin dərisi qabıq verirdi. Zarafat etmək bacarığı və yumor hissinin olması qadınların üzünü güldürməyə səbəb olursa, deməli, siz onların qapısına bir qol vurmuş sayılırsız. Ağlınız varsa və ondan istifadə edirsinizsə, bu qol barədə onlara məlumat verməyin.

Laboratoriya müdiri sifətinin digər tərəfini – mehriban çöhrəsini nümayiş etdirdi. Hələlik mehriban çöhrəsini.

– İşlərini qurtardınmı?

– Qurtardım.

– Lap yaxşı.

Onun çox yumru, lap belə yumruca sifəti vardı, çənəsi lavaş kimi yayılıb öz parametrlərinin izini azdırmış, sərhədlərin cizgiləri bərabərləşmişdi.

– Dünya xarabdır.

– Hə, dünyada siyasi proseslər çox gərgindir. Qlobal iqlim dəyişikliyi, enerji təhlükəsizliyi, Şərq və Qərb sivilizasiyasının toqquşması, anlaşılmazlıq sindromu ölkələri bir-birinə vurub. Hətta Meksikada keçirilən sammitdə istixana qazlarının atmosferə buraxılmasının qlobal iqlim dəyişikliyinə təsiri barədə ümumi bəyanat da qəbul edildi. Fikrimcə…

O gülümsədi.

– İşdəki vəziyyəti nəzərdə tuturam. Xalq məsəlidir də, deyirəm “dünya xarabdır”.

– Nə mənada?

Budur, sifətinin altdakı qatı vəzifəsinin icrasına start verdi. Etiraf edim ki, mövzuya birbaşa keçməsindən üşəndim.

– Səni elə yeyərlər ki… Kövrək sümüyünü gəmirərlər. Biz bir-birimizə həyan olmalıyıq.

Onun səsində kilsə xadimlərinin ağ ciyərdən üzüyuxarı üfürülüb, daha sonra boğaz qırtlağını büzüb çıxarılan mərhəmlik vardı. Elə bil, indicə rahiblərin qarşısında ağır-ağır addımlayaraq “İncil”dən misallar çəkib xaç çevirəcəkdi: “Yaxşılıq edən kim olursa-olsun, Tanrının izzət və kəraməti onun üzərinə olsun! Çünki Rəbb tərəfkeşlik etməz. Tanrının hüzurunda haqlı çıxarılanlar hüququ eşidənlər deyil, yerinə yetirənlərdir”. Laboratoriya müdirinin – o “müqəddəs ata”nın məhrəm səsinin təsiri ilə gülümsəyir, başımı yelləyir, utanırdım, yanaqlarım qızarırdı. Hələ ki, onu anlamırdım. Brüsü xatırladım, “bədən üzvlərinin rolunu yalnız onları bütün bədənlə birgə nəzərdən keçirdikdə anlamaq olur”.

Hiyləgərliklə dolu təbəssümündən düşünə bilmir, yumru camalından şaşırırdım. Ola bilsin, sifətinin əbədiyyən gülümsər olacağı qənaətinə tez gəlmişdim. Gümanımda yanılmışdım.

İnsanlar bir-birinə o zaman həyan olur ki, ya özlərini aldatmaqdan beziblər, ya da gücsüz, zəif olduqlarını özünə etiraf və qəbul etdirəcək qədər səmimi və cəsarətli deyillər.

* * *

Bir həftədən sonra işə beş dəqiqə gecikməyim sahibkarların lisenziyalarını almaq üçün xeyli gözləmələrinə gətirib çıxarmışdı, əslində, bəşəri faciə sayılmamalı idi. Doğrudan da, üç yüz saniyə ərzində dəhlizdə var-gəl etmək, oturub uşaqlıq xatirələrini yada salmaq, telefonla oyun oynamaq, məşuqələrə ismarıc yazmaq olardı. Sonra bilmişdim ki, iş adamları belə də ediblər: yalnız uşaq xatirələrindən savayı. Nə qədər əlləşiblər, o illəri vərəqləməyi bacarmayıblar. Görünür, pulun çoxluğu uşaqlığı da unutdurur. İşə beş dəqiqə gecikməyim günlərdir ki, hərəkətlərimi izləyən və ipucu axtaranlara sevinc, gözlədikləri vəzifə yüksəlişinə təkan vermişdi. Çoxdandır ki, belə fürsət gözləyənlərə göydən zənbillə düşmüşdüm.

– Hardasan, səhər tezdən sahibkarlar gəlmişdi.

– Hətta bəziləri az qalırdılar başlarını divara vursunlar.

– Müəllim, işə gecikirsən ha.

Qoluma girib ürəyiyananlıqla “işə tez gəl” deyənlər, göz süzdürənlər, başlarını yelləyənlər də tapıldı. Danışılan söhbətlərdən, iki daşın arasında düşünülən rəvayətlərdən belə anlaşıldı ki, sahibkarlar Avropa məhkəməsinə müraciət etmək qərarına gəlibmişlər, hətta bəziləri Fil dişi adasından sığınacaq almaq istəyib. Hələ harasıdır, aralarındakı liliput sahibkar özünü yandırmaq üçün benzini başından tökəndə son saniyədə kibrit tapılmayıb, yoxsa laboratoriya ölüm işinə görə prokurorluğun yolunu su yoluna döndərəcəkmiş. Əgər beş dəqiqənin üstündən on saniyə keçsəymiş, uzundraz sahibkar bardaş qurub xarakiri mərasimini həyata keçirəcəkmiş.

Kim ki, özünü insanlara yaxşı göstərir, onun halına yandığını, ona dəstək olduğunu cidd-cəhdlə nümayiş etdirib, tamaşa qurur, deməli, onun sizə qarşı gizli nifrət, qəzəb və paxıllıq hissi var, həyəcan təbili çalmağın əsl vaxtıdır.

Müdirin sifəti daha gülümsəmirdi, axı, sevinc ona yaraşırdı, bu nə sifətdir belə, heç xoşagələn deyil. Ciddi görkəmli Tibet kahinlərinin sifətini almışdı. Bundan sonra ona Tibet kahini kimi baxacağam. Gözlərini yumub ağzını açanda anladım ki, onu dağların qoynunda sərdabənin ulu müəllimi kimi təsvir etməkdə düzgün iş görmüşəm, təkcə arxasında möhtəşəm Budda çatışmırdı.

– Hələ qədim zamanlarda, – o, gözünü yumub başını kreslosuna söykəyərək pıçıldayırdı, – sərkərdə təngnəfəs halda atını qalaya çapıb Kiçik Xaqana xəbər verdi ki, Böyük Xaqan yüz minlik qoşunla üstlərinə gəlir. Alnını ovuşduran Kiçik Xaqanın əlləri əsir, onminlik qoşunla yüz minə müqavimət göstərəcəyi yersiz görünürdü. O, balaca ordusuna həyacan siqnalı verməyi gülünc hesab etdi. Xəbəri gətirən sərkərdənin dizləri əsir, Kiçik Xaqandan ümidli sözlər, inamlı baxışlar gözləyirdi. Xaqanın nə deyəcəyindən asılı olmayaraq, arvadına yer-yığış edib qaçmasını tapşırmış, “Tibetin arxasında sənə qoşulacağam” deyə aradan çıxacağına söz vermişdi. Əvvəlcə Kiçik Xaqanın alnını ovuşdurması sonradan əsməcəyə düşən əlini bir-birinə sürtməsi ilə nəticələndi.

Kənd Təsərrrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin müdirinin zəngi Tibet kahininin rəvayətini yarımçıq kəsdi.

Ümumi zala keçib Adilənin (həmin zəhrimar və turşumuş sifətli qızın adı belə idi) vücuduma zillənən gözlərinə baxıb gülümsədim ki, ümidi ölməsin, məni gələcək əri bilsin.

– Əvvəlki iş yerinizdən niyə çıxmısız?

Əməkdaşların içindən səslənən sual varlığım barədə ilkin məlumatın öyrənilməsi cəhdi kimi anladım.

– Əvvəlki iş yerim olmayıb, əmək fəaliyyətimə sizinlə başlayıram, çox mehribansız, elə səmimi, elə sevimlisiz ki, ürəyim gedir sizinçün.

“Ürəyim gedir sizinçün” bir az düşük çıxdı, həm də belə bambılılığın məndən çıxmasına təəccübləndim. Digər tərəfdən qoyun olmağıma hesablanan taktikanı çevikliklə tətbiq etməyimdən sevindim. Bununla da fizionomiyama qıcıqlananlar, vücudumu parçalamağa hazırlaşanlar yumşalsın ki, “bu, elə də ciddi rəqib deyil, hərdənbir sancarıq, vəssalam”. Həm də bu bambılının onların hakimiyyətlərini qəbul etməsi üçün köhnə, sınanılan üsuldan istifadə olunmuşdu. Gözlərini bir-birinə bicvari oynatmaları, sakitcə oturub işlərinə davam etmələri, bığlı əməkdaşın yaşlı laborantın qulağına “zəifdir” pıçıldaması, gələcəkdə səhnələşdirmək istədikləri tamaşaları müvəqqəti təxirə saldı.

Yalnız Adilə gözlərimdə ümid axtarırdı, tapanda sol gözünü yenə mikroskopun obyektivinə söykəyib, Demis Russosun “Goodbye, My Love, Goodbye" mahnısından mızıldanırdı, hələlik ardımca edilən söhbətlərə təkan vermir, hərdən “yaxşı oğlana oxşayır” deməklə, qeybətləri xırpdan kəssə də, bir şey alınmırdı. Otaqdan çıxıb yanaqlarını çuğundurla qızartmaq üçün ayaqyolu güzgüsünün qarşısına gedəndə qeybətlər təzədən qızışırdı. Ah, Adilə! İnan ki, yeməkləri necə yaxşı bişirməyin, təmizkar olmağın, işə başıaşağı gedib başıaşağı qayıtmağın, ailə quracağın təqdirdə qayınatanla-qayınananın hörmətini tutacağın, gələcək övladlarına yüksək təhsil verəcəyin barədəki mühazirələrindən bezmişəm. Heç olmasa ayaqqabının qaxaca dönən palçığını qopar, iş masasının tozunu al, yeməkdən sonra mikroskopun obyektivinə yaxılan yağlı ləkələri sil. Sənə qulaq asmalıyam, hələlik bunu etməliyəm, yeganə ümidim sənsən.

İşə beş dəqiqə gecikməyim və sahibkarların az qala Fransada burjua inqilabını təkrarlayıb, hirslərindən “İnternasional” ifa etmələri gop olsa da, toksikologiya laboratoriyasına yeni tamaşa əhvalı gətirmişdi. Gözlərdən “aha, maraqlı olacaq”, “indi yeni əməkdaşın sütunlarının möhkəmliyini yoxlayarıq” məramlarını altıaylıq körpə də bilərdi. Bunları neçə illərdən sonra nəql edirəm, ilk iş yerimdən, onda o məramları gözlərdən oxumağı bacarmırdım.

* * *

– Kiçik Xaqanın alnını ovuşdurması əsən əlini bir-birinə sürtməsi ilə nəticələndi, – deyə ölməz saydığım gülümsər sifətli laboratoriya müdiri Tibet kahinliyini davam etdirir, gözlərini yumub pıçıldayırdı, – Kiçik Xaqan sərkərdəyə ümid dolu gözlər bəxş edə bilmirdi. Böyük Xaqanın elində isə adamlar qaynaşırdı. O, xalq toplantısını çağırıb müharibə olacağını, sabah ordunu Kiçik Xaqanın üzərinə yeridəcəyini hayqırdı, əsgərlərə silahları təmizləməyi, azuqə götürmələrini tapşırdı, sərkərdələrə “yalnız qələbə” əmrini verdi, yüngül əxlaqlı qadınlara döyüş ərəfəsində döyüşçülərlə əylənmələrinə etiraz etmədi. Kiçik Xaqanın elində isə qəm-qüssə hökm sürürdü. O, ellilərinə qəmgin gözlərlə baxır, bu yurda ölümün gələcəyini deməyə cəsarəti çatmırdı. Söyləyə bilmirdi ki, ölkə xarabalığa dönəcək, üstündə bayquşlar ulayacaq.

Bu dəfə Kənd Təsərrüfatı Nazirliyinin texniki inventarlar şöbəsindən edilən zəng onu kahinlikdən döndərdi, rəvayətini yarıda kəsdi.

Müşahidələrim doğrulurdu. Müdirə nəsə deyilib, o da fürsət anlayışından kifayət qədər yararlanmaq istəyir. Maraqlı məqam ondan ibarətdi ki, əməkdaşlar nəzərlərini məndən çəkmir, gülümsər gözlərlə hərəkətlərimi izləyirdilər. Əlbəttə, dünyanı basan sel-daşqınlardan, yaxud iki hündürmərtəbəli binanın çökməsindən sonra möhtəşəm siyasi dəyişikliklərin fonunda adi bir laborantın işə beş dəqiqə gecikməsi çox kiçik, hətta amöb boyda hadisədir, amma elə dünyanı çaxnaşdıran məsələlər kiçik şeylərdən başlayır, inkişaf etdirib partladır.

İlk narahatlıq Adilədən gəldi, həyəcanla “məni evəcən ötür, sözüm var” deməsi ilə, əslində, mövzuya açar rolunu oynamaq istədi, deyəsən, alındı. Yolboyu yalnız pıçıldayırdı.

– Sənin beş dəqiqə gecikməyinə görə laqqırtı vurub siqaretlərinə qonaq olduğun qadın həmkarların yaman müzakirə açmışdılar.

– Onlarla elə-belə laqqırtı vururdum, başqa səbəb yoxdur.

– Bilmirəm niyə onlarla oturub-durursan, onu bil ki, nəzarətdəsən, deyəsən, müdirə çatdırıblar.

Müdirin beş dəqiqə gecikməyimdən xəbər tutması, yaxud tutmaması faciə deyildi, “bir də gecikmərəm” söyləyib üzrxahlıqla boynumu bükərdim. Sadəcə, məsələnin şişirdilməsi təəccüblü görünürdü.

Adilənin müşahidələrinin zənginliyi hər kişidə qorxu hissi oyadıb siçan deşiyini satın aldırardı. Məhz özünü ağıllı göstərməsi oğlanların hələ gənclik illərindən ondan qaçması ilə nəticələnmişdi. Kişilərin genetikasında – əlbəttə ki, çoxlarının – özünü ağıllı göstərən qadınlara yer yoxdur. Özü də bu qız hansı ağılla özündən on altı yaş kiçik gəncə ümid edir, xəyalında barmağını uzadıb nişan üzüyü taxdırır, anlamırdım. Əslində, o yaşda doğacağı da şübhə altında idi. Göylərin işinə qarışmıram. Nə desən, olar.

Xarici şirkətlərin əməkdaşlarından öyrəndiyim süni gülüşü sifətimə qondurdum. O, yenə də pıçıldayırdı.

– Məndən arxayın ola bilərsən, müdafiə dəftərimdə adın birincidir. Müdir soruşsa “yeni əməkdaş niyə gecikib”, deyəcəyəm ki, “yeni əməkdaş vaxtında gəlmişdi, qəfildən çöl qapısının ağzında qoruqçunun gicgicə söhbətinə tuş gəldi”.

– Birdən qoruqçunu çağırıb “niyə yeni əməkdaşı söhbətə tutmusan ki, o da içəri girməyə gecikib?” soruşsa?

– Soruşsun da. Qoruqçu inkar edər, biz də danışığını kəsib qışqırarıq ki, “utanmırsan, ağsaqqal yaşında yalan danışırsan?”

Əslində, qoruqçunun üzünə durmaq gələcək fəaliyyətimə ziyanlıq törədərdi. Bunu görən qoca heyfini çıxardı. İşə geciksəydim, qapını bağlayıb deyərdi ki, “daxili telefonla müdirə zəng edin, qapını açım”. Bununla da rahatlıq tapar, qocalığında günah əmələ imza atar, həm də təcrübəli olmasını nümayiş etdirərdi.

Qoruqçu vaxtilə neft buruqlarında istifadə edilən boruların istehsalı zavodunun direktoru işləyəndə əlləri pulla oynayarmış. Ölkənin neft-qaz sektoru Qərb standartlarına keçəndə ingilislər belə boruların keyfiyyətsizliyini bəhanə gətirib kişini yola salıblar. İki yüz nəfər kollektivi olan müəssisəni bir müddət bağlayıblar. Təbii ki, yeni rəis də ingilis seçilib. Bizim qoruqçumuzun bütün şikayətləri nəticəsiz qaldığından taleyi ilə barışmış, taksi sürücülüyünə başlamış, ardınca toksikologiya laboratoriyasında indiki işinə düzəlmişdi. Taksi sürücülüyündən beş-on manat qazanmaq üçün gecələr şütüyəndə bir dəfə başına açarla vurub pulunu əkişdiriblər. Anlayıb ki, dünyadan vaxtsız köçər. “Vaxtsız” deyən kişinin yetmiş üç yaşı vardı.

İnsanlar məqsədlərinə nail olmaq və planlarının kimsə tərəfindən pozulmaması üçün əllərindən gələn və gəlməyən hər işi görər. Buna görə də insan ən ali təhlükə mənbəyidir.

* * *

– Kiçik Xaqanın eli qəm içindəydi. O, obasına qəmgin-qəmgin baxır, ölümün bu yurdu ağuşuna alacağını deməyə ürəklənmirdi. Böyük Xaqanın ətraf bölgələri işğal edib arvadları övladlarıyla birgə öldürməsini gözünün qabağına gətirəndə, Kiçik Xaqanın canına vəlvələ düşürdü. Neyləsin ki, onun ərazisi kiçik idi, sülhsevər xislətinin ucbatından hücum deyil, müdafiə mövqeyində qalmışdılar. Körpəsini qucağına sıxan ananı görəndə ürəyinin başı yandı, nizəsinə söykənib uzaqlara baxan əsgərin də baxışlarının dalğınlığı Kiçik Xaqanın içini odlandırdı. Necə desin ki, yüz minlik qoşun elimizi viran qoyacaq, adamları divara hörəcək, diri-diri basdıracaq, torpaq qan ağlayacaq, – deyə müdirim Tibet kahini başını kresloya söykədi.

Rəvayəti maraqla danışdığından bir azdan hiss etdim ki, ağzım açılı qalıb.

– Beləliklə, Böyük Xaqan dan yeri sökülməmiş “hücum” əmri verdi. Yüzminlik qoşun onminlik ordunun üstünə yeridi. İki saatdan sonra onlar Kiçik Xaqanın qalasının iki yüz addımlığına yaxınlaşdılar. Böyük Xaqan sərkərdəsi vasitəsilə əsgərlərə sonuncu tapşırığını verdi: “Qələbə, yalnız qələbə”. Ordu hücuma keçdi, qaça-qaça yox, sadəcə piyada. Qalaya az qalmış Böyük Xaqanın gördüyü səhnə canını əsdirdi: qalanın qapıları açıqdır, Kiçik Xaqansa hücrədə tütək çalır. Böyük Xaqan orduya dayanmaq əmri verdi. “Burda nəsə sirri-xuda var” – deyə Böyük Xaqan dərin fikrə dalaraq oturdu, elə orada da qızılı çadır qurdurdu. Mütəkkəsinə söykənib üç gün fikir içində çabaladı: “Kiçik Xaqan ordumu məğlub etmək üçün hiylə işlədir”.

Müdirimə yenə zəng gəldi. Sanki bu otaq Tereza ananın Kəlküttədəki ofisinə dönmüşdü. Elə bil, xeyirxahlıq gözləyirdim – otaqdan da, ondan da. Dəstəyi üstünə qoyub yenə başını kreslosuna söykədi:

– Mənim cücə balam (bu ifadəyə görə onu didik-didik edərdim), Böyük Xaqan əmr verdi ki, ordu geri dönsün. Ona elə gəlmişdi ki, Kiçik Xaqan böyük hiylə işlədir. Əslində, həmin gün qalanı alar, əsgərləri öldürər, qızları-qadınları əsir götürərdi. Böyük Xaqan axmaq idi. Bilirsən, niyə?

– Niyə?

– Əgər onun xəfiyyələri yaxşı işləsəydi, belə olmazdı. Böyük Xaqanın qalanın daxilində baş verənlərdən xəbəri yox idi. “Xəbərsizlik” anlayışı onun mümkün qələbəsini təxirə saldı.

Beləliklə, laboratoriya müdirinin “xəbər anlayışı” barədəki mühazirəsini dinləməyə məcbur qaldım.

– İstənilən müəssisədə hər şeydən xəbər tutulmasa, xaos yaranar. Bizim toksikologiya laboratoriyası xaricdən idxal edilən malların analizini aparır, nəticələrdən çıxış edib iş adamlarına razılıq arayışı verir. Birdən hansısa əməkdaş, elə sən özün zəhərli qidalardan birini qəsdən səhv yoxlayıb iş adamına arayış verdin. Sahibkar həmin malı mağazalara paylasa, minlərlə alıcı zəhərlənər, hətta ölüm faktı qeydə alınar. Ola bilsin ki, zəhərlənmə baş verməsin, sadəcə həmin qida nəsil artımının qarşısını almaqdan ötəri ölkəmizi sevməyən xarici ölkələrdən birinin laboratoriyasında qəsdən hazırlansın. Bununla da ailələr bədbəxt olar. Ancaq laboratoriya müdiri əməkdaşın məsuliyyətsizliyi, yaxud qəsdən bu hərəkəti törətməsi barədə xəbər tutsa, faciənin qarşısı alınar, araşdırma aparılar: bəlkə, məsuliyyətsizlikdir, bəlkə də, hansısa ölkənin təhlükəsizlik xidməti öz əməkdaşını qəsdən burada yerləşdirib ki, təxribatla məşğul olsun. Kimsə bunu müdirə vaxtında çatdırsa, çuğula mükafat, təxribatçıya cəza düşər. İndi anladınmı ki, “xəbər anlayışı” nə deməkdir? Əslində, çuğulluq pis cəhət deyil, niyə bu qədər narahatsan ki… “Çuğulluq etmək şərəfsizlikdir, alçaqlıqdır” şüarı keçmişdə qaldı. Bura ciddi müəssisədir. Adamların həyatı və cəmiyyət üçün lazımlı sahədir. Bütün işlərdən müdirin xəbəri olmalıdır, əlbəttə ki, xalqın xilası və hər bir kəsin evində rahat yatması naminə. Üstəlik, başqa məsələlər də var.

“Başqa məsələlər?” Elə bundan başlamalıydın, mənim saf düşüncələrimi murdar xisləti ilə yoğurmağa çalışan Tibet kahinim. Yoxsa, xarici kəşfiyyat belə gəldi, ölkənin müqəddəratı elə getdi. Səni narahat edən başqa məsələdir. Nədir o başqa məsələ? Nə olar, yalvarıram, de. Nə olar, özünü səmimi göstər, sevim səni. Nə olar, bir həftəlik tanışlığımızın xatirinə mübhəmləri ürəyində saxlama. De, qadan alım. De, ayağının altında ölüm, öyrət mənə yüksəliş sirlərini, o möhtəşəm pilləkənlərlə qalxmağı, ayağının altında əzilənləri təpiklə vurub dərəyə yuvarlatmağı, üzündəki tüpürcəkləri silib özünü bambılılığa qoymağı, öyrət mənə murdar süni gülüşlə gülümsəməyi, qarşındakı çolpaya həyat dərsi keç.

– Bilirsən, cücə balam. Bilirsən, oğlum. Burada başqa məsələlər də var. Biz bir ailəyik. Ailənin başçısı mənəm, hər dərdinizə şərik çıxıram, imkan daxilində cibinizə beş-on manat basıram, ancaq bunlar olmaya da bilər. Birdən yuxarının adamını burada yerləşdirsələr, hər gün çuğulluq edib informasiya ötürər, müdiriniz bircə qola işdən qovular. Onda nə baş verəcək? Başqası gələcək. Başqası da öz komandasını yığıb hərənizin dalına bir təpik vuracaq. Bax, onda siz “Qatar getdi” mahnısını zümzümə edə-edə Kuril adaları kimi fələyin badına gedəcəksiz.

Həyat müəllimim, məni alçaq edəcək kahinim, bunları eşitmək istəyirdim səndən. Qəlbim çırpınır yanına. Sən oğulsan. Sən irland mustangerisən. Sən Marçello Mastroyanisən. Sən bir təcrübə motalısan.

Və birdən-birə qanım qaraldı. Çaşıb qalmışdım, ciddi müəssisəyə gəlmişəm, yoxsa cəngəlliyə. Ona görə düşündüm: “Mənim müdirim, sən sadəcə canına azarsan və kal armudsan. Niyə gəldim bu xarabaya?!”.

O, gülümsər müqəddəs ata təki hələ də danışırdı. Sanki Qüdsdə yəhudilərlə ərəbləri birləşdirəcək “zaman maşını” funksiyasını yerinə yetirirdi.

– Get fikirləş. İstəyirsən əməkdaşlardan birini qoşum sənə, bilgiləndirsin.

– Ciddi müəssisədir, deyirsiz, amma bəzi əməkdaşlar təkcə bunları xəbər versəydilər, nə vardı ki… Kim kiminlə sevişir, kim kimin bostanına daş atır, naharda borş dadsız idi, biri ayaqyolunda əyri oturmuşdu… Əməkdaşların belə xəbərləri ilə ciddi müəssisə gözdən düşür.

– Onları da müdir bilməlidir. Yoxsa bura Kama Sutra meydanına çevrilər. Bu gündən səni bilgiləndirməyə başlayıram. İlk dərsi (gülə-gülə danışır, yox, məzələnmirdi, ciddi deyirdi) Senyora keçəcək. Onu belə çağırırıq. Kübar ailədəndir, müştüklə siqaret çəkir, idarəni dumanlandırır, eybi yoxdur, lazımi xidmətinə görə dözürük. Sən də lazımi xidmət göstərsən, bütün şıltaqlığına göz yumarıq. Nə dediyimi anlayırsan da.

Tibet kahini düyməni basıb kübar qadını çağırdı, o da içəri girib gülümsədi:

– Senyora, xahiş edirəm, yeni əməkdaşı xəbər anlayışı barədə bilgiləndirin. Təbii ki, bu söhbət üçümüzün arasında qalmalıdır.

Dəhlizə çıxanda kübar qadın söhbətin harada aparılması barədə plan cızdı, dedi ki, işçilərin arasında alınmayacaq:

– Axşam sizi evimə dəvət edirəm, onsuz da bir kavalerimdir, bir də mən. İndisə uzaqlaşın, əməkdaşlar bizi bir yerdə görməsinlər, yoxsa gizli qruplaşma yaratdığımızı düşünərlər.

Və biz aralandıq. Bir azdan ondan mobil telefonuma ismarıc gəldi ki, “Cavid prospekti 13-də görüşərik, ərim səni qarşılayacaq”.

Bəzi dərsləri, fənləri sevməsək də, onları keçməli, mənimsəməliyik. Bu həyatda lazımsız dərs, fənn yoxdur.

* * *

İş vaxtı qurtaranda Adilə onu evəcən ötürməyimi istədi. Dedim “başım ağrıyır”. Düzdür, inanmadı, özü bilər. Varlığına qarşı heç bir duyğumun olmamasını anlamalıdır, anlamaqsa istəmirdi.

Tort və gül dəstəsi aldım. Satıcı dedi ki, Hollandiyadan təzə gətirmişik, lakin azacıq soluxmuşdu. Üstünə su çilətdirdim ki, təzə görünsün.

Axşam “Senyora” adlandırılan, kübar qadın obrazı yaradan iş yoldaşım aldığım gülləri xeyli iylədi, “siz centlmensiz” tərifini yağdırdı.

Üçümüz də yellənən stullara əyləşib gülümsədik, ortaya çay və peçenye gəldi. Düşündüm ki, arvadı senyora olanın əri senyor olar. Əri işləri barədə danışdı, adamların get-gedə dözülməz olmasından şikayətləndi, 60-cı illərin ədəbi proseslərindən, Yevtuşenko ilə yeyib-içməsindən, Axmatovanın həyatının son günlərində yatdığı sanatoriyaya getməsindən, apardığı gülləri titrəyən əlləri ilə necə alıb sinəsinin üstünə qoymasından, avtoqraf verməsindən, birinci əri Qumilyovla 1903-cü ildəki görüşünü necə müfəssəl təsvir etməsindən danışdı, fərəhləndi və o xatirələri hələ də ürəyində saxladığını dilə gətirdi. Qarşılarındakı cavan oğlansa məktəb illərindən, universitet auditoriyasından ağızdolusu gaplayıb dəcəl hərəkətlərini qəhrəmanlıq saydı, ər-arvad qaqqanaq çəkdi, bir-iki lətifə, hikmətli söz, köklüyün maddələr mübadiləsini pozması, Aydan gətirilən qumun yerli sementə qatılması ilə binaların Rixter cədvəlinin ən yüksək göstəricinə dözməsi, toyuğun balalarını qoruması ilə qadınların müdafiə instinktinin oxşarlığı, kinolardan parçalar söhbətə rəng qatdı, amma əsas gözlədiyim kübar qadının bilgilərini eşitmək idi.

Əri mədəniliyini nümayiş etdirib o biri otağa çəkildi və televizorun səsini artırdı ki, həyat yoldaşı ilə gənc əməkdaş arasındakı iş müzakirəsini eşitməsin, ən azından bu, kübar ailələrdə etikadan kənar sayılırdı.

Niyə onların“kübar ailə” çağırılmasını bilmirdim: mənzil adi mənzil, çarpayı eyni cür çarpayı, masa eyni masa, ayaqyolu da bizdəkindən. Ola bilsin ki, kübarlıq onların hərəkətlərində, danışıqlarında büruzə verirdi və anlaşıldı ki, yarıəcnəbi, yarıazərbaycanca danışmaq, ayağını ayağının üstünə aşırıb gözləri xüsusi tərzdə fırlatmaq, üstəlik, siqareti müştüklə çəkmək, hündürdən yox, astadan danışmaq, baletvari əl hərəkətləri – kübarlıq sayılırmış.

Ərinin o biri otağa çəkilməsi ilə qapını azacıq aralı qoymasından sonra da kübar qadın söhbəti açmağa tələsmirdi. Gözlərini yumması, baxışlarını bir nöqtədə saxlayıb gənclikdən əsər-əlamət qalmayan bədənini əsdirməsi söhbətə asta giriş üçün taktika sayılmalıdır. Bəlkə də, əri yarıaçılı qapıdan arvadının hərəkətlərini görsəydi təəccüblənməzdi, çox güman ki, onu çoxdan tanıdığından dözürdü. Niyə belə düşünürəm axı?! Bəlkə də, hər ikisini birləşdirən, bir-birinə zövq verdirən bayağı olmayan hərəkətləridir.

– Evoranın mahnıları ilə aran necədir?

– Çox yaxşı. Sevirəm onun “Besame Muço”sunu.

– Ola bilməz. Sən Evoranı tanıyırsan? – deyə yarıaçılı qapıdan görünən ərinə səsləndi:

– Cem, təsəvvür edirsən, o, Evoranı tanıyır.

Əri gülümsünüb əl çaldı.

– Onda söhbətimiz şirin alınacaq və hər sözümü göydə tutacaqsan, tez də ayrılacağıq. Onsuz da yuxum gəlir, elə sən də dəmir deyilsən.

“Sən” deməklə yeni səmimi ünsiyyət mühiti yaratdı.

Senyora – o şirin, qaraşın, bəzən siqarı damağında sıxıb şəkillər çəkdirən kök ispan qadınının mahnısını səsləndirməklə bu evə sərinlik, ətrafı kaktuslarla dolu ucsuz-bucaqsız çöllərin ahəngini gətirdi, ona, eləcə də Anna Axmatovadan avtoqraf alan, Rojdestvenski ilə bir mehmanxanada qalan ərinə sonsuz dostluq hissimi gücləndirdi. Ah, Evora, səni necə də sevirəm! Səni qucaqlamaq, göz yaşlarını silmək, birlikdə “Besame Muço”nu oxumaqla qəlbini fəth edən ilk azərbaycanlı oğlan olmaq istəyirəm. Kübar qadının əri Mürəbbə (arvadı onu Cem çağırsa da, bir kəndli balası kimi o mənümçün sadəcə Mürəbbə idi) hərdən sakit, hərdən çılğın hərəkətlərə yol verirdi. Arvadını isə Evoranın gəncliyi sanırdım, belə düşüncələrə getməyin yeri yoxdur, onsuz da kübar qadının qarşısındakı çolpanı əjdahalar yurduna – toksikologiya laboratoriyasındakı reallığa qaytaracağını bilirdim. Onu da bilirdim ki, çuğulluğun ilk dərsini almaqla, bəlkə, xoş, bəlkə də, vicdansız aləmə daxil olurdum, onun incəliklərini dəqiqliklə öyrənmək həyatımı osminoq kimi bədənsiz, ya da kirpi kimi tikanlıya çevirəcəkdi.

Hə, uzaqdan başlayacağını bilirdim, Evoranın mahnısı, müştüyə keçirdiyi siqareti odlaması, yellənən stula yayxanıb ayağını ayağının üstünə aşırması, üç-dörd qullab və dərindən ahhh.

– Biz onunla bacı-qardaşıq… Artıq neçə ildir.

– Kiminlə?

– Axmatovadan avtoqraf alan ərimlə. Yəqin, Axmatova da cinsi təlabatının ödənməməsi ucbatından əri Qumilyovdan şikayət edərmiş.

– Bəlkə “mən qadınla yox, ifritə ilə evlənmişəm” deyən əri arvadı tərəfindən təmin olunmayıb?

– Dilin uzundur ha. Söhbətin belə fırlanacağını gözləmirdim. Bir halda ki, evimdəsən, peçenye ilə çaya qonaq edilmisən, hörmətli müdirimizin çuğulluğa dair ilk bilgi dərsi keçmək tapşırığına görə səni qovmuram. Nə isə, üstündən keçək, ilk dərsimizə başlayıram.

– Burda dərs keçməli nə var ki? Gördüyünü xəbər verirsən, vəssalam. Çox sadə.

Onun şaqqanaq çəkməsinə söhbətdən xəbərsiz, yarıaçılı qapıdan baxan ərini təəccübləndirmədi, yenə də əl çaldı. Necə də hissiyyatsızlıq, taxta çərçivə, bayağı ürək.

– Bilirsən, – deyə müştüyünü barmaqları arasında sıxdı, sonra dodağına yaxınlaşdırıb dərindən qullab aldı, – Əslində, xəbəri vermək bacarığı adamdan fitri istedad tələb edir. Gendən də gəlməlidir. Əgər yoxdursa, onu məktəb illərindən ali məktəbə qədər formalaşdırmaq lazımdır. Xəbər hamıya gərəklidir. Xəbərsiz dünya dağıla bilər, xəbərsiz cəmiyyətdə fəlakətlər baş verər, kişilər arvadlarının, arvadlar kişilərinin etdiklərini bilməz, dövlət xarici siyasətdə səhvə yol verməklə əhalisinə açıq-aşkar təhlükə yaradar. Televiziya, qəzet, radio hər gün xəbər verməsə, onda ilk iqtisadi formasiya yenidən qayıdar. Xəbərvermə anlayışı… O da bir gözəllik, o da bir sənətkarlıq, yaradıcı yanaşma tələb edir, – deyə ayağa qalxıb emolar kimi həyəcan və çılğınlıqla əl-qol atdı, təkcə qara paltarı, qara dodaq boyası, bir də yan-yörəsində hərlənən oğlanlar çatışmırdı. Hərdən yaxınlaşıb gülümsünür, başımı tumarlayırdı:

– “Xəbərvermə formulu” xəbər ötürənin özü tərəfindən dəfələrlə dəyişdirilə bilər və informasiya çatdırılan obyektin ovqatı ilə düz mütənasiblik təşkil etməlidir. İnformasiya ötürülən şəxs əsəbi və çılğın olarsa, onda xəbərvermə anlayışı fiaskoya uğrayar. Mənim xəbərvermə üslubum tam klassikdir: bu, müdirimin kefinin kök vaxtı ilə bağlıdır. Əhvalı yaxşıdırsa, deməli, xəbəri çatdırmaq olar. Burada da müəyyən nüanslar var. Kefi kök olanda sənə lazım olan və şəxsi məqsədin üçün çoxdan planlaşdırdığın işləri gerçəkləşdirə bilərsən. Məsələn, məvacibin artırılması, yaxud vəzifədə irəliləmək xahişləri məhz müdirin psixoloji vəziyyətinin aktiv fazasında alt şüuruna yeridilməlidir. Nəzərdə tutduğun obyektin sıradan çıxmasını istəyirsənsə, müdirin qanı qara olmalıdır. Bu, əla fürsətdir. Əsəbi vaxtda ötürdüyün xəbərlərdə də ehtiyatı əldən verməməlisən. Məhz həmin məqamda xəbər çox incə şəkildə ötürülməlidir, çünki birbaşa xəbər – obyekti infarkt həddinə çatdırar. Yəni, mustafaya uzaqdan – dövrə vura-vura gəlinməlidir.

Bu yerdə peçenyedən bir dişləm alıb dodağını yaladı, axıcı gözlərinin şiddətini artırdı, canıma istilik gətirməsindən qaqqanaq çəkdi. Onun ecazkar baxışlarından ehtiyatlanıb yarıaçılı qapıdan ərinə baxdım ki, hərəkətlərimdən şübhələnib mənzildən qovmasın. Qadın peçenyedən ikinci dişləmi alanda başımı aşağı saldım. Ehtiraslı anlar özündə qaldı. Bunu etməyin mənasızlığını anlayıb yenidən xəbərvermə formuluna qayıtdı:

– Tutaq ki, bir xəbər verirsən: “Filankəs dünən sizi işçilər arasında söyürdü”. Belə birbaşa xəbər onunla nəticələnər ki, müdir hirslənib həmin işçini təcili otağına çağırar və affekt vəziyyətdə informasiyanın kim tərəfindən ötürülməsini tələb edər. Nəticədə ifşa olunarsan. O, bunu qəsdən etmir, sadəcə xəbərin ötürülməsi elə birbaşa və anidən alınır ki, qan təzyiqi avtomatik olaraq qalxır, əlləri əsir, həmin əməkdaşı axtarıb ortadan bölmək istəyir. Belə olan surətdə taktika təxminən belə qurulmalıdır: “Çox təəssüf ki, Sizin kimi müdirin xeyirxahlığını çörəyi dizləri üstündə olanlar dəyərləndirə bilmir”. Onu tərifləyir, çörək verən adam olduğunu söyləyirsən… Və opppaaa, yaltaq sözlərdən pərvazlananda xəbəri ötürürsən. Sonda xahiş edirsən ki, “mənim adım olmasın”. Birinci dərsim bu, – deyə yarıaçılı qapıdan hərdən bizə baxan ərini səslədi, – Cem, gələ bilərsən.

Əri televizoru söndürüb yenidən yanımıza keçdi.

– Hər şey yaxşıdır?

– Yaxşı olmayıb, necə olasıdır ki? – Senyora lovğalanıb ərinin saçını tumarlaya-tumarlaya qullab aldığı siqaret tüstüsünü nazla üfürdü.

– Bir məsələni də unutma. O turşumuş qıza üz vermə. Gözünü zilləmə, söhbət Adilədən gedir. Səni caynağına keçirmək istəyir. Bizimlə otur-dur, onun səviyyəsi nədir ki, axşamlar evə ötürüb gətirdiyi qutablardan yeyirsən… Fuuuu… Ağlını başına yığ. Əgər nəsə duysan, bunu müdirə xəbər verməyə çəkinsən, taktikanı müəyyənləşdirə bilməsən, mənə yaxınlaş. Özüm çatdıraram ona. Təbii ki, müəlliflik hüququnu pozmayacam, xəbərin mənbəyini söyləməklə onu sevindirəcəm. Belə etsən, laboratoriyada işləyib saç-saqqalını ağardarsan. Bizim ailəyə xoş gəldin, gənc həmkar.

* * *

… İş yerindən yenə kif iyi gəlirdi, “pəncərəni açmaq olar” sualını verməyib özüm açdım. Nəzərlər Adiləyə dikilsə də, bunu etdim, sanki o qızdan icazəni əbədilik almışdım.

Pıçıltılar artdı. Gözümü mikroskopun obyektivinə dikməklə demək istədim ki, pıçıltıları yığışdırın, mən işləyirəm, faydalı əməklə məşğul olun, bura qeybət yeri deyil, sizə təmiz hava bəxş edirəm.

Müdirin içəri girməsi ilə bu mənzərəni sakitcə sezməsi – süni kübarların müştüklə siqaret çəkməsi, Adilənin qulaqlıqla musiqi dinləməsi, qaşqabaqlı müavinin arvadına telefonla hədə-qorxu gəlməsi bir anda yığışdırıldı, hamı səpələnib iş başına keçdi. Mənim müdirim, mənim ağam gülərüz olmaqla yanaşı, həm də qoca vaxtında bir gənclik obrazı yaradırdı.

– Sabahınız xeyir, – deməsi ilə xor kapellası dilə gəldi.

– Sabahınız xeyir.

– Balaca yığıncaq keçirək.

Əməkdaşlar onun kabinetinə keçdi. Laklanmış masanın arxasında əyləşdik.

– Yay mövsümü ilə bağlı nə düşünürsüz?

Əsəbi müavin dedi ki, “yay mövsümü ilə bağlı ciddi işlər görməli, fermer və sahibkarları bu barədə maarifləndirməliyik”. Senyora bəyan etdi ki, “gücləndirilmiş iş rejiminə keçməliyik”. Adilə qayıtdı ki, “daha da məhsuldar işləməliyik”. Beləliklə, on beş işçinin dilindən çıxan kəlmələrdən belə məlum oldu ki, bu barədə ciddi şəkildə düşünürlər.

– Bəs, yeni əməkdaş bu barədə nə fikirləşir?

Düşündüyümü təklif kimi kabinetində səsləndirəcəkdim, əgər burada demək lazımdırsa, deyərəm.

– Biz mövsümlə bağlı meyvə-tərəvəz topdansatış bazalarında yoxlamaya başlamalıyıq. Nəzarət tədbirləri paytaxtın bütün bazarlarında aparılmalıdır.

İlahi, görəsən, bu təklifi verəndə beynimlə ürəyim razılığa gəlmişdimi? Görəsən, bu təklifi verəndə taxta, yoxsa aliminium medala ümid etmişdim? Altımış beş yaşlı müdirin köpü artanda da, belə pörtməmişdi. Adilənin baxışlarında matəm musiqisi səsləndi, Senyora nırçıldadı, qaşqabaqlı müavinin qaşları alnına qədər gərildi, bu ona necə də yaraşırmış. Onların gözlərində – az qala elə indicə ömürlük qapanacaq gözlərində, təklifimlə həmrəylik ifadə edən məqamlar görmək istədim, görə bilmədim. Sanki Venera Marsla toqquşmuşdu, Çaves xəstə Fidelin çarpayısının başında imperialistləri söymüşdü. Qaranlıqda böyüyüb bəslənən və gün işığına çıxanda matadorların qarınlarını cırmağa hazır öküz iş yoldaşlarımda Taleyranın Napoleonun atmacalarına inciyən gözlərini gördüm. Məni çayın mənbəyində dayanıb mənsəbindəki quzuya “sən suyumu bulandırdın” deyən canavara oxşatdılar. Əslində, bu mehriban düşmənlər ocağına bir caxnaşma salmaqla, özümü qınamaq istədim, bacarmadım. Daş bostana atılmışdı, özü də məlum istiqamətdən.

– Yeni əməkdaşın təklifinə münasibətiniz necədir?

Kübar qadın Senyora dedi ki, bazara çıxmağa ehtiyac yoxdur. Çünki kəndli belə zəmanədə keyfiyyətli məhsul becərməyə çalışır ki, alıcısı olsun. Məhsullar yoxlanılsa, heç nə aşkar edilməyəcək.

– Buna əminsiz? – Tibet kahini gülümsədi. Sanki, məzələnirdi.

– Ötən ilin nəticələrinə əsasən, – Senyora faktı səsləndirəndə məğrur görkəm alıb bir gözü məndə, digəri müdirdə qaldı. – Ümumiyyətlə, ölkədə kənd təsərrüfatı məhsulu yetişdirərkən azot, fosfor və kaliumdan beş-altı dəfə istifadə olunsa belə, məhsullarda nitrat az müşahidə edilir və bu amil xarici ölkələrdən idxal edilənlərin yanında toya getməlidir. Apardığımız araşdırmalara əsasən xaricdən gələn məhsullarda nitratın səviyyəsi yerli məhsullardan çoxdur. Bu da yerli məhsulun daha ekoloji olması faktını təsdiqləyir.

Müdir fısıldayıb üzünü mənə tutdu:

– Yeni əməkdaş nə deyir?

– Üzr istəyirəm, Senyora elə indicə özündən asılı olmadan təsdiqlədi ki, əməkdaşların bazarlara reydə çıxması mütləqdir. Çünki onun söylədikləri ötənilki analizlərin nəticələridir və üstündən bir il keçib. Deməli, bir il ərzində bizim kəndli nitratın miqdarını kəlləçarxa qaldırıb.

Senyora çölpişiyinə çevrildi, müavinin qaşları dartıldı, geniş alnı göründü, təkrar edirəm, bu ona necə də yaraşırmış. Və Senyoranı sakitləşdirdi:

– Senyora, səbirli ol. Yeni əməkdaş adından da göründüyü kimi, hələ yenidir. Cənab müdir (müavin “cənab müdir” deyəndə ətim tökülürdü), məsələ burasındadır ki, zəhərlənmə faktları qeydə alınmayıbsa, reydə çıxmaq əlavə məsrəfə gətirib çıxaracaq.

Müdir yenə üzünü tutaraq:

– Yeni əməkdaş bu barədə nə deyir?

– Bir ay əvvəl qonşum zəhərlənmişdi.

Yerdən “nə olsun ki”, “nə demək istəyirsən”, “bəlkə, sənin qonşun anadangəlmə xəstədir” atmacaları eşidildi.

– Onu xəstəxanaya yerləşdirəndə Toksikologiya şöbəsinin baş həkiminin telefon nömrəsini götürdüm. İcazə versəniz indi ona zəng vuraram.

– İcazə verirəm, vur. Yoldaşlar, maraqlı oldu, hə? – deyə müdir şaqqanaq çəkdi.

Toksikologiya şöbəsinin müdirinə zəng edib danışığı səsgücləndiriciyə keçirdim. Qısaca deyim ki, o, aşağıda söylədiklərini hamı eşitdi:

– Təkcə bostan-tərəvəz məhsulları yetişəndən bu günə qədər ölkədə yetmiş beş zəhərlənmə faktı qeydə alınıb ki, bu da ötən illə müqayisədə iki dəfə çoxdur.

Daş. Üzüaşağı gələn daş. Həyatımı cəhənnəmə çevirəcək daşı görə bilmədim. Çünki çox sürətlə başıma düşdü. Heç nə xatırlamıram. Onlar – nifrətli baxışların sahib və sahibələri nifrinlərini üstümə saldılar, qarğışlarını qabırğama döşədilər. Bütün bunları eşidən müdir isə “yoldaşlar, bu necə də maraqlı oldu” – deyə qəhqəhə çəkirdi.

Müavin söz atdı ki, bu yolla fermerləri, sahibkarları pis öyrətmiş olarıq, qoy elə laboratoriyaya gəlsinlər. Adilə dedi ki, insan hüquqları təşkilatları bunu özlərinə ağ bayraq edərlər ki, fermerlərə dövlət səviyyəsində sataşılır, onlara öz məhsullarını sərbəst şəkildə satmalarına imkan verilmir. Hətta sürücü Vəli də yerdən söz atdı ki, bir bazar o biri bazardan ən azı beş-on kilometr uzaqda yerləşir, nə qədər benzin israfına yol veriləcək.

– Və son sözünüz? – deyə müdir gülməkdən qarnını tutmuşdu. Bilmirəm onların sözlərinəmi, ya yeni əməkdaşın təklifinəmi, yaxud təfriqənin artmasına görəmi…

Əlavə etdiyim bir cümlə isə göz yaşları çıxana qədər şaqqanaq çəkmələri ilə nəticələndi, əslində, əl meymunu deyildim, yalnız işdən danışmışdım.

– Laboratoriya analizlərinin nəticələri əldə olunana qədər standartlara cavab verməyən məhsulların satışına qadağa qoymalıyıq, – bu cümlədən sonra az qala gülməkdən ürəkləri dayanacaqdı.

Müavin kinayə ilə qımışdı:

– Əzizim, indi guya yeni söz dedin də, hə?

Müdir danışıqlara son qoydu:

– Yeni əməkdaş və bütün günü qulaqlıqla musiqiyə qulaq asan Adilə sabah sübh tezdən analizlər götürmək üçün bazarlarda olsunlar.

Daha şaqqanaq çəkmədilər. Müdirin getməsini gözlədilər ki, dağ çaylarından sel yaradıb qarşılarındakı mikrobu həmin seldə üzən talaşaya döndərsinlər, istəsələr uşaqlar üçün qayıq düzəltsinlər, istəsələr qulaqlarını təmizləsinlər. Araşdırmalara əsasən, dünya okeanlarının səviyyəsi ildə bir millimetr qalxırsa, bugünkü iclasda onu üç millimetr qaldırmışdım. Nə iş tutdum? Rica edirəm, bağışlayın, ən ülvi məhəbbətinizə and verirəm, məni bağışlayın, vallah, özümdən asılı olmadı, belə edəcəyimi düşünməzdim, heç bilmirəm məni hansı milçək dişlədi.

Sarsaq, ya qeyri-sarsaq, dilimdən çıxmışdı, vəssalam. Budur, düşmənləri artırdım, heç əməlli-başlı düşmən var idi ki? Yaxın gələcək üçün onların hədəfi məlum oldu. İlahi, müdirin yenidən qayıdıb təzə bəyanat verməsi, kürkə bürünən şamanlar kimi ruhumu marallar qoynuna apardı. Qardan ağ yorğana bürünən çöllərə… O çöllərdə qaralan aullara. Müdirin bəyanatı üçüncü dünya müharibəsinin başlanmasına qığılcım oldu.

– Qərarımı dəyişirəm. Sabah on beş işçinin hamısı bazarlara reydə çıxsın. Yeni əməkdaş düz deyir, analizlər götürülməli, nəticələr elan edilənə qədər məhsulların satışlarına qadağa qoyulmalıdır. Biz öz hökmümüzü yeridib sübut etməliyik ki, hələ mövcuduq.

Göydən iri daşın əvvəlcə sakit, sonra yüksək sürətlə düz təpəmin ortasına yaxınlaşdığını görürəm. Ağrı… Dözülməz ağrı…

O getdi. Gözlər, bütün gözlər, yox-yox, qoyun, belə ifadə edim, gözlərin içindəki ağlar qaralara qarışdı, damarlar daraldı. Orda nələr vardı. Kin, sui-qəsd istəyi, ayaqdan asmaq, qulağın divara mıxlanması, qəbirə diri-diri yumaltma, barmağın çərtilib yerinə duzun basılması, başın gərdəndən ayrılması, hətta kəllənin su damcısı ilə deşilməsi.

Müdir yenidən qayıtdı. O, bu gün məni öldürəcək.

– Son sözüm budur. Heç kim orda-burda gizlənib yalandan akt tərtib etməsin. Yeni əməkdaşın təklifi idarəmizin hörmətini ən yüksək səviyyyə qaldıracaq. Kim hara gedəcəksə, məkanları öz aranızda bölüşdürün. Yaxşısı budur ki, qrafik tutun.

Nəinki, üçüncü dünya müharibəsi, artıq ulduz müharibəsi başlandı. Bu, gənc bir oğlanın bundan sonra müsibətlər içində keçəcək taleyinin başlanğıcı idi. Qorxuram. Çox qorxuram. Qoy, məni öldürsünlər, qoy dərimi soysunlar, burdan gedə bilməyəcəyəm. Çünki bu işi çətinliklə tapmışdım.

* * *

Müdir öz otağına çəkildi. Qalmaqal yaradıb kabinetində sərinlənməyə getdi. Qoruqçu başı ilə işarə etdi ki, çöl qapısının ağzındakı köşkünə gəlim. Görəsən, niyə çağırırdı? Yəqin, darıxdığından nərd çırpmağa adam axtarır. Köşkə girəndə qapını tez arxadan bağladı ki, heç kim görməsin, hələ pərdəsini də çəkdi.

– Gəldiyini heç kim görmədi?

– Mən bilən yox. Nəsə olub?

– İnan Allaha ki, iclasda sifətinin necə qaraldığını görəndə pis oldum. Sənə çətin olacaq. Bu adamyeyənlər məkanına hardan gəlib çıxmısan? Reydə gedəndə ehtiyatlı ol. Bütün hərəkətlərini izləyəcəklər, bütün danışıqlarını beyinlərinə yazacaqlar.

– Reydə Adilə ilə çıxacağam.

– Bala, heç kimə etibar yoxdur, özü də bayaqkı haqq-hesabdan sonra. Bilirsən, cəngəllik olsaydı, düşmənlə çöl dilində danışardın, burda isə alınmır. Evini yıxırlar, dillənə bilmirsən, hardan sübut edəsən. Çuğullar həmişə yanımızdadır, günün iyirmi dörd saatı, ilin üç yüz altımış beş günü. İnsan cildinə girən çuğullar o adamlardır ki, öz dostunu hətta pulsuz-parasız ideya naminə satar. Təsəvvür et ki, Pavlik Morozovun atası bir az un saxlamışdı ki, qoduğunu yedizdirməyə çörəyi olsun, acından ölməsin. Bolşeviklər gələndə itin küçüyü atasını satdı. Buna nə ad verilir-verilsin, satqınlıqdır. Doğma atasını satmasına görə bir gün ərzində bütün ölkədə tanındı, nümunə göstərildi. Dövlətin bədbəxtliyi onda idi ki, öz məqsədi naminə atanı balaya satdırırdı. Təbliğata görə uşaqların vicdanı satın alınırdı.

Qoruqçunun söhbətindən sonra anladım ki, lap çox qorxuram.

– Hörmətli qoruqçu, heç bilmirəm necə deyim. Çuqulluqdan savayı heç nə bacarmırlar. Sizin başınız ona görə dazlaşıb, eləmi?

– Həri, bəs necə?! Hələ o müavin var e… o lap İudadır. Hələ Adiləni demirəm. Bilsə ki, onunla evlənmək istəmirsən, evin yıxılacaq.

– Hə, ondan zəhləm gedir. O da onlardandır, çuğullardan.

* * *

Bu, həyat idi, təəccüblənmirdim, müdir ilk addımını atmışdı. Ona xəbər aparmadığıma görə, bu gün çıxardığı oyun birinci cəza üsulu sayılmalıdır. Çox acınacaqlı araşdırmamın nəticələri aşağıdakılardan ibarət oldu:

1. O, sındrıma əməliyyatını hiss etdirmədi;

2. Yeni əməkdaşın öz müdafiəsini necə qurmasına fikir verdi;

3. Məni qabağa verməklə, əməkdaşların fəaliyyətində dönüş yaratdı;

4. Eyni zamanda yeni əməkdaşı qalmaqala saldı;

5. Bu, çox peşəkarlıqla həyata keçirildi.

Ziddiyyətlə dolu nəticələr. Bu gün başqa bir hadisənin də şahidi oldum ki, Kənd Təsərrüfatı Nazirlyindən idarəmizə gələnlərdən gizlədildik. Müdir tapşırdı ki, onların hər sualına bir cavab verin. İkinci cavab işdən qovulma deməkdir. Növbəti tapşırığı belə oldu ki, ağzımızı qulağımızın dibinə aparıb çox gülümsəməyək, katibə özfəaliyyətə yol verib çay təklif etməsin. Və sonuncusu, hamı onların gözündən uzaq gəzsin.

Verdiyi tapşırıqları bununla əsaslandırdı ki, nazirliyin hiyləgər əməkdaşları söz ala bilərlər. Nəhayət, araşdrımamı başa vurdum. Bizim müdir nazirliyin əməkdaşlarının gözlərinə görünməyi ona görə istəmirdi ki, birdən içimizdən kimisə dartıb yuxarılara apararlar. Kimsə nazirliyin əməkdaşlarının xoşuna gələr. Müdir qorxurdu ki, kimsə oralara getsə, burada baş verənləri ovuclarına qoyar.

Yerinə kiminsə gələcəyindən qorxması qarnındakı yeli artırırdı. Ah, müdir, sən necə də axmaqsan. Məgər xəbərin çatdırılması üçün yalnız ora getmək lazımdır? Axı, bunu elektron poçt vasitəsilə də ötürmək mümkündür, ya da telefonla.

Ah, ana, hardasan? Çox istəyirəm bütün bunları sənə danışım. Deyim ki, biri vardı, biri yox, bir yumrusifət müdir vardı. Sən də pürrəngi çayı qarşıma qoyub, əlini çənənə söykəyib deyəsən ki, “səbrli ol”.

Krıma dincəlməyə gedən və bir aydan sonra qayıdacaq anam baş verənləri bilməlidir.

* * *

İş saatı başa çatanda Adilə hamının gözü qarşısında qoluma girdi. Etiraz etməyə cürətim çatmadığından qolunu çıxara bilmədim. Bunu əməkdaşların gözü qarşısında etməsi yandıq verməkdən savayı bir şey deyildi. Hiyləgər və bəlkə də, ağıllı addım. Əslində, ağılsız addım hesab etdim. Bir halda ki, ona meylim yoxdur, yüz dəfə qoluma girsə də, Kurosavanın xeyir-duası da məni onunla toy çaldırmağa razı sala bilməzdi.

Hava dumanlı. İndi deyəcək ki, dumandan xoşum gəlir.

– Dumandan xoşum gəlir.

İndi deyəcək ki, adamın işi olmaya, bütün günü dumanlı havada payi-piyada gəzə.

– Adamın işi olmaya, bütün günü dumanlı havada payi-piyada gəzə.

Dediyi hər söz yadımdadır. Belə adamlarla həmişə rastlaşırıq. Bir sözü, bir lətifəni dəfələrlə təkrar söyləyirlər. Ya harada nə dediklərini unudurlar, ya da balaca beyinləri yeni sözləri qəbul etmir. Qıcqırmış beyinlər çoxalıb.

İndi qayıdıb deyəcək ki, “çox uzaqda qalırsız?”. Əslində, ünvanımı öyrənmək istəyir. Bilməyə çalışır ki, hara gəlin köçəcək. Məqsəd aydındır. Kaş, o toy günü fatanı başına sərib, ağ neft çırağının ətrafında dolandıraydım, kaş ayağının altına nimçəni mən qoyaydım. Ancaq şadlıq evindən toy gecəsinə qədər yanındakı mən olmayaydım. Kiminlə evləndiyimi dərk edəndə həmin gecə ürəyim partlayardı. Hə, indi de, görək. Axı, sual verməli idin ki, çox uzaqda qalırsız? Dedi.

– Çox uzaqda qalırsız?

– Paytaxtdan 20-25 kilometr aralıda.

– Bəs, özünüzü işə necə çatdırırsız?

– Bağışlayın, dünənə qədər mənə “sən”lə müraciət edirdiz, bu gün “sən”i “siz”ə çevirən səbəb nədir?

– Yəqin ki, romantik hava, – deyə qırışlar içindəki gözü gənclik havası ilə qıyılıb onu Mərkəzi Asiya sakinlərinə bənzətdi. Biz görmüşük ki, romantik havada “sən” deyərlər, bunda əksinədir.

Yenə də danışırdı. Deyirdi ki, xörək bişirməyin ustasıdır. Tanış sözlərdir, çox qızlar belə deyir. İndi deyəcək ki, “atam ciddi olduğundan, məktəbə başıaşağı gedib, başıaşağı gəlməyi tələb edirdi. Heç vaxt qısa ətəkli don geyinməmişəm, sevdiyim olmayıb, paytaxtda ünvanları tanımadığımdan dəfələrlə azmışam”. Düşündüklərimin hamısını dedi. Ərə getməyən qadınların çoxusu bir-birinə bənzəyir.

O danışır, düşüncələrim isə peyğəmbərin yanında qalmışdı… İsanın… İsa bilirdi ki, onu əhatəsində olanlardan kimsə satacaq. Neçə gün əvvəl demişdi ki, sizin içinizdən biri məni ələ verəcək. Məhz kimin olacağını bilsəydi də, heç nə etməyəcəkdi, çünki əlindən vurub-yıxmaq gəlmirdi. Gəlsəydi belə, nüfuzdan düşərdi. Peyğəmbərlərin uğurlarının təməlində fəqirlikləri durur. Adamlar onları belə görmək istəyirdilər. İudanın dolların indiki məzənnəsi ilə iki yüz-üç yüz dollar alması İsanın həyatının sonunu yaxınlaşdırdı: əzablı yollar, xaç daşımaq, çarmıx və mismarlanma. Pasxaya az qalmış İuda Ponte Pilata söz verdi ki, İsanı onlara təhvil verəcək. İuda çox gözləmədi, düşündü ki, onu yalnız ibadət etdiyi yerdə yaxalatdıra bilər. Adi bir qulun satış qiyməti ilə ölçülən pulun məbləği İudaya çox göründü, İsa satıldı.

– Rəvayətə görə, İuda sonralar özünü asdı.

– Nə? – deyə Adilə gözlərini bərəltdi. – Mən burada şəkərburaya naxış vurmağımdan danışıram, sənsə İuda deyib durmusan. İuda satqın olub. Onun sonuncu hərəkəti dünyanın ən naxələf adamlarına adının verilməsi ilə nəticələnib.

Həəəə, İuda… Bir ağılsız hərəkətinlə adını bədnam etdin. Tanrının ömrü uzun olduğundan adamlara bir səhvini düzəltməyə qırx-əlli il vaxt verir. Səhvim o idi ki, bu toksikologiya laboratoriyasına gəlmişdim. Və sonda. Görəsən, yanımda nazla addımlayan bu qız İudanı satqın adlandıranda, özünü necə təsəvvür etdi: axı, sən də ondan əskik deyilsən!

Satqınlar da satıcı kimidir: satırlar, sadəcə məlumatı, ya bəzədilməmiş doğrunu, ya da bəzək vurulmuş yalanı.

* * *

Bir Şərq bazarı. Ölçü-biçisi yox, nizamsız. Qarşılarından keçəndə müştəri olmağımızı düşünərək gözləri əlimizdə qalan sadə adamlar. Əlimizi çantaya, cibimizə atıb kiçik avadanlığı çıxarmayana qədər “qardaş”, “bacı” sözləri əskik olmur. Bir az keçsəydi, evlərinə qonaq çağıracaqdılar.

– O nəmənədir elə?

– Bu kiçik qurğu sizin evinizi yıxa da bilər, tikə də.

– Bu balaca ha?

– Hə, bu balaca.

– Evimi nətər yıxacaq?

– Öz iynəsilə. Bax, qurğudakı bu iynəni görürsüz?

– Görürəm.

– Onu satdığınız almaya batıraq.

– Aha.

– İndi rəqəmlərə baxaq.

– Nə yazdı?

– Yazdı ki, sizin almaların nitratı çoxdur, deməli, satışı qadağandır. Meyvələrini müsadirə edirik.

– Sən lap ev yıxansan ki…

Satıcının gözlərində qurbağanı təpiklə əzib yağış arzusu ilə arxası üstə çevirən zalım uşağın qəzəbini gördüm. Hətta Afrika cəngəlliklərində tüfəngini sinəsinə sıxan ovçudan çəkinən qara adamların qorxusunu sezdim.

– Niyə müsadirə edirsən? İndiyə qədər bunlarla böyüməmişik?

Qocanın gözlərində bir payız səhərində pendirlə şirinçay içib, sonra “bismillah” deyib beli götürməsini, neçə sotluq bağını yarıaçılı gözlərlə seyr etməsini görürdüm. Həyat yoldaşının “Allah qoysa, bu il meyvə bol olar” sədasını da eşidirdim. Onun qanrılıb əlini alnına tutaraq “Allah qoysa” cavabı qulağıma dəyirdi. Beldən möhkəm yapışıb torpağın altını üstünə çevirir, hərdən alaq otlarını yolub kənara atır, hərdən alnında puçurlanan təri silir, hərdən alma ağaclarını tumarlayan görürdüm. Meyvə yetişəndə taxta müqəvvanı bağın ortasına basdırmasının seyrinə dalmışdım. Günortalar gözünün çimirini alıb yenidən bağa dönməyini, ağacların budaqlarına qonan quşlara daş selbələtməsini təsvir edirdim. Almaları nəvələri ilə səbətə yığanda necə də sevinirdilər.

– Qoca, ötən payızdan bəri meyvə bağına necə girməyindən tutmuş səbətlə meyvə toplamağına qədər hər səhnəni gördüm. Mən bunu yaşadım. Yalnız bir şeyi görə bilmədim. İstəyirəm danışasız, nəyi görə bilmədim.

– Axı, hardan görəsən ki, kəndə gələn təzə aqronom başımıza necə oyun açdı. Həyətinin anbarında çoxlu azot, fosfor olanda elə bildik ki, bazara çıxarıb satacaq. Sən demə, bizim üçün gətiribmiş. Günlərin birində bağıma gəlib hər il nə qədər məhsul götürdüyümü soruşdu. Cavab verəndə, az qaldı ki, gülməkdən başını müqəvvaya çırpsın. Sonra “Aqrotexniki qulluğun yeni qaydaları” kitabını oxuyur, hərdən eynəyinin altından baxıb deyirdi ki, “görürsüz, indi az sahədən çox məhsul götürmək lazımdır, siz isə çox sahədən az məhsul götürməklə dədə-baba qaydası ilə sürünürsüz”. Və bu yolla anbardakı gübrələri bizə satdı, özünə maşın aldı, biz də o maşının havasına uçduq.

– Bilirsən, qoca, uşaq vaxtı siqaret çəkəndə filtrini çox isladardıq, sonra dərindən qullab alardıq. Filtrdə qara rəngdə müxtəlif hərflər yaranardı, ən çox qaraltı hansı hərfə bənzəyirdisə, onu qismətimiz bilərdik. Məndə həmişə “K” hərfi çıxardı. Elə adı “K” hərfi ilə başlayan qız ilk məhəbbətim oldu.

– Bunun mətləbə nə dəxli var?

– Demək istəyirəm ki, heç nə təsadüfi deyil. Ola bilsin, bura gəlməsəydim, kimsə meyvənizdən yeyib zəhərlənəcəkdi, siz də gedəcəkdiz fələyin badına.

Toksikologiya laboratoriyasının Adilə adlı ülyahəzrət əməkdaşı uzaqdan bizi seyr edəndən sonra yaxına gəldi, hadisəni danışdım, o da “müsadirə et” dedi. Gözlərimin içinəcən izləməyə başladı ki, müsadirə edəcəyəm, ya yox. Qəribə gözləri vardı. Mənim balam, o gözləri dahi rəssamlar görsəydi, fırça ilə kətana həkk etməmiş rahatlıq tapardılarmı? Səni yola gətirmək üçün ilan dili çıxarar, qucaqlarına alıb o sakit çay məcrasına aparar, gözlərindən öpüb Günəş qarşısında diz çöküb deyərdilər ki, “İlahi, yaratdığına min şükür”. Fırçanı rənglərə batırıb, hələ gözünün cizgilərini çəkib qurtarana qədər alınlarına soyuq tər gələr, barmaqları titrəyər, ürəkləri məhvərindən çıxar, dizləri əsərdi: bu həyatdır, ceyranım. Hələ də heç kimin evinin şamını yandırmayan gözəlim. Bəlkə də, hansısa kişi sənin xoş sözlərinə tamarzı qalıb?! Axı, bir körpə isti ana qucağı tapmaq istəyirdi sənin yaxanda! Axı, gələcək nəvələrin bir nağıl, bir bayatı həsrətində idi; o nəvələrin ki, uşaqlığına bənzəyib palçıqda eşələnəcək, qumdan ev yapacaq, xar tutu dərəndə üst-başına yaxacaq, evə gələndə anaları görməsin deyə paltarlarını çıxarıb yuyulmayanların altına soxub gizlədəcək, sonra dolabdan təmiz paltarlardan birini əyninə keçirib süfrə başında oturacaqdı, gülə-gülə, ilk hiylələri öyrənə-öyrənə. Bilirəm, indi mənə görə əzab çəkəcəksən. Məndən xəbər aparmasan müdirin hazırladığı əsərin ən mənfi surətinə çevriləcəksən. Sənə yazığım gəlir, gözəlim, həm də sevinirəm ki, çörək ağacın olacağam. Hərdən, yanında lazımsız sözlər danışmaqla, sən onu müdirə çatdırmaqla olacağam çörək ağacın. Yox, şirin balam. Gözlərini bərəldib xəbər verəsi nəsə gözləmə. Çünki bu qocanın meyvələri, doğrudan da, müsadirə edilməlidir. Çox nitratlıdır. Düzdür, müqəvvanı bağın ortasına basdırandan sonra onun sərçələrə necə daş selbələtməsini görsəm də, meyvələr yetişəndən sonra bazara çıxarıb yaxşı qiymətə satıb axşamlar süfrə başında arvadına nələr, nəvələrinə nələr alacağına söz versə də, yatağına uzananda xoş arzular diləyib əllərini göyə açsa da, gecələr şirin yuxu görsə də, sən deyən alınmayacaq. Çünki kəndlərinə gələn aqronom oğlanın özü varlanıb, bu qocanı zibilə salmasını anlayanda acıdım ona. Gərək, bu ağsaqqal o gənc aqronoma qulaq asmayaydı, o da qulaqlardan əriştə asmayaydı. Mənim Səhl ibn Sumbatım. Sən Babəkin yerini çuğullayanda, əvəzində ərəb bahadırından ənam olaraq dörd-beş kənd alanda, vicdanın ağrımadımı? Ah, Babək, bilirəm, bir çuğulun xəbəri ilə Əmir-əl-Mömünün edam qəssabxanasında şaqqalananda, apardığın iyirmi illik mübarizənin puça çıxmasını yada salanda, neçə yanıb-tökülmüsən. Ah, Səhl ibn Sumbat. Sən boş içindən gələn çuğulluğunla o bahadırı edam kötüyünə aparmağı bacardın. Döyüşdə məğlub olandan sonra yorulan və apardığı müharibənin puç olduğunu düşünən Babək beş-on döyüşçü yoldaşları ilə dağlarda gecələyir, carçıların kəndbəkənd gəzib “Babəki görüb xəbər verənə mükafat boyun oluruq” sədalarını mağaralardan eşidib “ah” çəkirdi. Onu tutmaq üçün Afşinin əsgərləri gecələr gözlərini qırpmır, iyirmi il hərəkata rəhbərlik edənin gözlərinin qarşısından getməyən zəhmindən qorxurdular. Mötəsim yata bilmir, yuxularını ərşə çəkən adamı ələ keçirməsə, başı edam kötüyünə qoyulmasa, bədəni şaqqalanmasa, neçə min kilometrlərlə kol-kos, əqrəblər, çiyan-kərtənkələlər sürünən uzaq səhralıqda yerləşən məmləkətə sakit həyat bəxş olunmayacaqdı. İyirmi il alınmayan işi Səhl ibn Sumbat bir dəqiqədə etməyi bacardı, “uf” demədən bacardı, çünki tabeliyində rəiyyətin olması üçün ayrılacaq dörd-beş kənd sonsuz arzularının gerçəkləşməsinə gətirib çıxaracaqdı.

Mənim gözəlim, Səhl xəbəri elə sürətlə çatdırdı ki, namuslu ərəblər onun şadlıqdan işıldayan sifətinə baxıb “tfu sənə!” hayqırmaq istədilər. Demək istədilər ki, “gərək nə qədər dəyyus olasan ki, çörək, əqidə, məslək yoldaşını satasan”. Ah, hələ əl dəyilməyən, yaz fəslində qanı təlatümə gələn, dəli hərəkətlər etməyə məcbur qalan gözəlim, divanə balam. Həm sevmək istəyirsən məni, həm satmaq. Bu sürdüyün həyat deyil, əzizim, sən yaşamırsan, sən sadəcə satqınsan. Bağışla ki, gecələr yatanda səni sürünənlər sinfinə aid edib gülürəm, incimə məndən, vücudunun ilandan, timsahdan, kərtənkələdən fərqinin olmaması güldürür camalımı. Bir tikə çörəyi itirməmək qorxusu idarənizə yeni gələn əməkdaşı ayaqyoluna qədər güdməyə vadar edir, otaqda olmayanda siyirməsinə soxulub qrafik üzrə hansı işlər görməsi barədə qeydlər aparmağa yönəldir, sonra onları sistemləşdirib müdirin otağına çəkilirsən, qapını örtüb bütün məlumatları qansızlıqdan rəngi ağappaq yumrusifət müdirə çatdırır, bununla da məvacibinin on manat həcmində artacağı ümidi ilə yaşayırsan, mənim çuğulum.

– Nə gözləyirsən? Bu kişinin meyvələrinin müsadirə edilməsinə dair protokol tərtib et, – deyə yenə gözlərini bərəltdi.

Ağlama, qoca. Qəmin kəm, neyləmək olar. Gözlərinin qəhər və hirsdən dolduğunu görürəm. İndi nəvələrin doqqazın ağzından çəkilmir, nənələrinin “evə gəlin” haylamasına “babamızı gözləyirik” cavabını eşidirəm. Bazardakıların nə baş verdiyini bilib üzümə “insafsız”, “vicdansız” demək istədiklərini duyuram. Dövlət müəssisəsində işlədiyimə görə təhqirdən çəkinirsiz. Hüquq-mühafizə orqanlarına müraciət edəcəyimizi balaca uşaq da anlayar.

– Düşünürəm ki, bu qocanın məhsulunu müsadirə etməyə də bilərik.

– Niyə? – onun gözləri işıldadı, işə tez çatmaq istədi ki, xəbəri müdirin qulağına üfürsün, dövlət büdcəsindən məvaciblərin artırılması müəssisə rəhbərinin yazacağı təqdimatdan asılı olduğundan, hətta bu yolda şərəfindən də keçərdi.

– Müsadirə edilməlidir. Avadanlıq nitratın xeyli miqdarda olmasını göstərdi.

– Avadanlıq göstərməyinə göstərdi. Lakin nəzərə almalıyıq ki, kənd təsərrüfatı məhsulları yetişdirilərkən gübrələrdən istifadə zəruridir. Bu o demək deyil ki, bütün məhsul istifadə üçün yararsızdır. Ola bilsin ki, torpağa gübrə verilərkən sahənin bir hissəsinə az, digər hissəsinə çox gübrə paylanıb. Suvarmaya görə sahəyə səpilən gübrələr bərabər şəkildə paylanmaya da bilər.

– Burda nə dəyişir ki? Məhsulun birindən çıxdısa, deməli, hamısında da nitrat normadan yuxarıdır.

– Belə düşünürsüz?

Bazarın altmış faizi ətrafımıza toplaşıb elmi müzakirəyə qulaq asırdı. Müştərilər o tərəfdən “satıcı” deyə qışqırır, bəzi cinbalalar onların yoxluğundan istifadə edib alma-armuddan əkişdirirdilər.

– Təkrar edirəm, doğrudanmı belə düşünürsüz? Onda gəlin, beş alma götürüb tərkiblərindəki nitratı müəyyənləşdirək. Məsələn, bu biri… Bu isə ikincisi… üçüncü… dördüncü… nəhayət, beşincisi… İndisə yekunu üzə çıxaraq. Bir almada nitrat normadan çox, dörd almada az çıxdı. Deməli, bütün məhsulun müsadirə edilməsi qanunsuzluqdur.

Bazardakılar – deşilmiş plasmas butulka ilə göy-göyərtini sulayanlar, belinə şal dolayan balıqsatan arvadlar, boğazları armud saplağına bənzəyən süpürgəçi kişilər əl çaldılar.

– Hansı əsasla məni burada rüsvay edirsiz?

– Oho, siz işgüzar müzakirəni şəxsi söhbətə çevirirsiz. Burada işin qaydasından söhbət gedərkən, nədən belə əsəbləşmək?! Siz mənə deyil, avadanlığı istehsal edən şirkətə hirslənin.

– Onda bu fermerin bütün məhsulunu maşına toplayaq və bircə-bircə laboratoriya analizindən keçirək.

– Buna bir ay vaxt gedər.

– Avadanlığın göstəriciləri aldadıcı ola bilər.

– İşə qayıdanda avadanlığı laboratoriyanın mütəxəssislərinə yoxlatdırarıq, əgər xarablığı müəyyənləşsə, təzədən bazara gəlib bu fermerin bütün məhsulunu müsadirə edərik. Razılaşdıq?

– Avadanlıq yoxlanana qədər fermer bütün almalarını dəyər-dəyməzinə satıb kəndinə qayıdar.

– Sata bilməz. Burada ondan da yaxşı almalar satılır. Bu kişinin alması brilyant parçası deyil ki! Elə deyil, qoca?! – deyə göz vurdum, o da gülümsədi, başını razılıqla tərpədib “cox sağ ol, bala” işarəsini verdi.

Mənim ölkəmdə əksəriyyət çuğulları sevmir, onlara nifrət edir. Hətta quldura, başkəsənə yaxşı münasibət bəslənilir, nəinki çuğula. Fərqi yoxdur, o, xeyirə, ya şərə qulluq məqsədilə çuğulluq edir, ya kefindən, ya qudurmuşluğundan, bütün hallarda nifrətə layiqdir. Sivil ölkələrdəsə çuğullar həm mənəvi, həm də maddi cəhətdən mükafatlandırılır, təhlükəsizliyi qorunur. Maraqlıdır ki, oralarda çuğulluğa bir sənət əsəri kimi baxılır, ya da adi vərdiş sayılır, üstəlik, peşəkar iş rejimi çuğullarsız keçinməz. Mənim gözəlim, çuğulluğun müzakirə olunmadığı ölkələrə get: mükafata layiq görülər, təhlükəsizliyin qorunar, müəssisənin fondundan əlavə mükafatlar alarsan. Nə işin var burda? Get o sehrli ölkələrə! Oralarda xəbər bir qəpik. Qorxacaqlar səndən. Özünə çuğulluq şəbəkəsi yaradarsan. Toksikologiya laboratoriyası sənin o möhtəşəm arzularına sığmayan kiçik məkandır. Gözəlim, sən möhtəşəmliyə layiqsən, inan mənə.

İşə çatıb maşından düşəndə, qoluma girmədi. Qapını acıqla itələyib içəri şığıdı. Bazarlara reydə çıxan digər işçilər də qayıtmışdılar. Nifrət. Səni kim belə yaradıb? Səni kim belə əzizləyib ki, günümüzə qədər gəlib çıxmağı bacarmısan? Sənə kimlər zəfəran, duz, zəncəfil, dünyanın bütün ədviyyatlarından qatıb? Dahidir o varlıq. Bəlkə də, sənə duz qatmazlar, istiot kimi acısan. Çox duzsuzsan.

Nifrət. İlk dəfə ictimai nifrəti müşahidə edəndə mənə elə gəldi ki, onun arxasında, qapı-bacasında dünyanın ən müxtəlif, rəngarəng, klassik, yeni, abstrakt qarğışlar dayanır. O nifrətin arxasında “Səni zəlil olasan!” klassik, “Səni bataqlıq gülünün ləçəyinə dönəsən!” yeni, “Səni filin ayaqları arasında qalıb xilas olmağın yollarını axtarasan!” abstraktlı qarğışlar yolumu gözləyirdi.

– Gəldiz çıxdız? – deyə Senyora Adilənin sir-sifətinin pörtməsini görəndə bu sualı ünvanlamağın məqamını tutdu.

– Bəzi adamların göstərdiyi tamaşalı bazardan gəlib çıxdıq. Camaatın içində mənə deyir ki…

Başladı nəql etməyə. Sol gözümü mikroskopun obyektivinə dikib mineral gübrələrin dünyasına uçurdum. Uçurdum ki, eşitməyim o sözləri, o nağılı, o rəvayəti. Və onların ardınca nırçıltıları, qızışdırıcı şərhləri, görməyim o yalançı baş bulamaları. Axı, bura gələndə arzularım böyük idi. Özümü ağ xələtdə dağlar qoynunda əkinçilər arasında maarifləndirmə işi aparan vətənpərvərə bənzətdiyim günlər harada qaldı? Dağlar qoynunda. Hələ çirkinliyə bulaşmayan məkanda. Dayan görüm… Bəlkə, bunların bəlası kif iyi basan otaqdan kənara çıxmamaları, təmiz, namuslu adamların söhbətlərini dinləməmələri, sadə həyat tərzlərini görməmələrindən irəli gəlir? Bunlar dağlar qoynuna getsələr, elə dağlar qədər əzəmətli, yerdən qaynayan bulaq suyu qədər pak olmazlarmı? Bir tərəfdənsə düşünürəm ki, qəlblərinin xıltdan təmizlənməsinə dağlar qoynu yetərmi? Çox çətin olacaq. Sınaqdan keçirməyə dəyər.

* * *

Onun sifəti yenə gülürdü. Soruşacaq “işlər necədir, reyd necə keçdi”, deyəcəm “pis keçmədi”, o, gülümsəyəcək, mən qımışacam. Hələlik belə olmadı.

– Bizim köhnə əməkdaş özünü necə aparırdı? – deyə kiflənmiş laboratoriya imperiyasını yaradan müdirim gözlərimin dərinliyinə baxdı.

– Test keçirir, göstəriciləri normativi aşan məhsulların müsadirə olunmasına dair protokol tərtib edirdi.

– Hmmm… Aydındır.

Ayağa qalxıb pəncərə qarşısına keçdi, sağ əlini çənəsinə dayayıb bicvari gülümsədi… Başını yellədi. Baş müxtəlif cür yellənər. Kiminsə əzizi ölübsə, təəssüflə yellənər. Kimsə sirr açmırsa, acıyana yellənər. Kimsə kütbeyindirsə, elə kütbeyincəsinə yellənər. Tibet kahininin baş yelləməsi isə o deməkdi ki, “sınmağa razılaşmamağın axmaqlıqdır”. Üzünü çevirib yenidən ağ rəngli kreslosuna yayxandı. Bu kreslonu iki il əvvəl ona yüksək vəzifədən qovulan dostu hədiyyə etmişdi. O da oturub, yayxanıb, tullanıb-düşəndən, beş dəqiqə yırğalanandan, gərdənini dala-qabağa əyəndən, otaqda təkərciklə sürəndən, istehsal tarixinə qədər oxuyandan sonra demişdi ki, “bunun düşər-düşməzi olmaz ki?” Dostu da qaqqanaq çəkmişdi ki, “onunla günlər görəcəksən, vəzifənin dadını çıxaracaqsan”.

Beləliklə, müdirim astronavtlara keçirilən yırğalanma dərsindən sonra yenə bicvari qımışdı:

– Burada iki otağım var. Birini kabinet, digərini istirahət otağı etmişəm. Qoca kişiyəm də, hərdən kresloda mürgüləyəndə adlayıram yan otağa. İndi sənə həyat dərsi keçəcəyəm. Dur ayağa, yavaşca o biri otağa keç, bəzi məqamları gör, ancaq cınqırını çıxarma.

O biri otaqda qapını azacıq aralı qoydum, nəfəsimi içəri çəkdim. Müdir daxili telefonla Senyoranı kabinetinə çağırdı. Üç dəqiqə keçməmiş kübar xanım içəri girdi.

– Salam, Senyora.

– Salam, müdir.

– Bilirsən, niyə çağırdım?! Məhsulları müsadirə edərkən tərtib edilən protokollar bəzən aydın tərzdə yazılmır. Axı, qaydası belədir ki, protokol tərtib edilərkən bir neçə nəfərin qolu çəkilməlidir, klassik qanun belədir. Bəlkə, bazara təzə nırx qoyulur, xəbərim yoxdur? Bəzən ad, yaxud da soyad səhv yazılır. Vətəndaşın şəxsiyyət vəsiqəsi, ümumiyyətlə kimliyini təsdiq edən hər hansı sənəd nömrəsinə qədər protokolda əksini tapmalıdır. Məqsəd ondan ibarətdir ki, ad-soyadın səhv yazılışı fermeri cəriməni ödəməməsi ilə nəticələnər. Belə davam edərsə, ölümüzü qoyub, dirimizə ağlayacağıq.

– Düz deyirsiz, tamamilə haqlısız. Bəzən elə olur ki, nəinki ad-soyadlarını, hətta yaşadıqları ünvanı belə gizlədirlər. Cərimə qaiməsi göndərəndə məlum olur ki, həmin ünvanda elə adam yaşamır. Elə yazıq yeni əməkdaşımızı da belə aldadıblar. Özü də nə az, nə çox, düz dörd dəfə.Yazığım gəldi ona.

– Gedə bilərsiz, Senyora, tövsiyəmi işçilərə çatdırın.

– Oldu, müdir.

Senyora otaqdan çıxdı. Özümdən asılı olmadan içimə çəkdiyim nəfəs dərindən alınıb-verildi, ağ ciyərim hava üzü gördü.

– Gəl, cavan oğlan. Eşitdin söhbəti?

– Eşitdim.

– Beş dəqiqə ərzində sənət əsərinin necə yarandığını müşahidə etdinmi?

– Axı, görmədim!

– Elə dahilik də bundadır. O, necə incə, səlis, dahiyanə, nəvaziş və sevgi ilə təzə əməkdaşdan çuğulluq etdi. Əslində, Da Vinçinin də paxıllıq edəcəyi tərzdə yeni ixtiranı tarixə saldı. Qəlb incimədi, sinirlər oynamadı, ruhlar üsyana qalxmadı. Ah, Senyora, işçilərimin arasında ən çox səni sevirəm. Hətta deyərdim ki, onun məlumatı bir güllə ilə dörd dovşanın vurulmasına hesablandı. Həm xəbər verdi, həm yeni əməkdaşın hələ də protokol tərtib edə bilməməsinə dair şübhə toxumu səpdi, həm ona bəslədiyi ehtiramını nümayiş etdirdi. Buna təsadüfi, sanki bilməyərəkdən edilən çuğulluq deyilir. Yəni, çuğul açıq-aşkar göstərir ki, hücum ssenarisini əvvəlcədən qurmayıb. Müdirin qəfil çağırışı, birbaşa cavablandırma, hədəfə hücum əvvəlcədən köklənməyib, ümumiyyətlə belə amil mövcud deyil. Bu, həm də onu sübut edir ki, əslində, çuğul ürəyində obyektə qarşı qisasçılıq yanğısı ilə yaşayır, ani fürsət gözləyirmiş. Məqam da gəlib çatdı, ürəyindən tikanı çıxardı.

– Axı, düz danışmır, mən ümumiyyətlə işə girəndən bəri hələ protokol tərtib etməmişəm.

– Fərqi yoxdur. İnformasiya verildi, ilk siqnal müdirin alt şüuruna ötürüldü. Tülkü tülkülüyünü sübut edincə, dərisini boğazından çıxararlar. Axmaq müdir hər gələnin sözünə inanıb, el dili ilə desək, küyə gedər. Beyinə ötürülən siqnaldan sonra o, get-gedə düşünür ki, təzə əməkdaş kütbeyindir. Buna Fişer effekti də deyirlər. Yeri gəlmişkən, Senyora “təsadüfi çuğulluq” formulundan istifadə etməklə, mənim də bostanıma daş atdı. Demək istədi ki, “siz kütbeyinləri işə götürürsüz”. Özünə götürmə, atılan daşdan belə məlum oldu. O, bir xəbərdə eyhamı, məna çalarlarını, kinayəni, qıcığı, obyekt barədə ilkin təəssüratın formalaşmasını birləşdirməyi bacardı. Sənə sürprizlərim çox olacaq. Ağıllı ol və düşün! Növbəti ilin dövlət büdcəsi müzakirəyə çıxarılanda əməkdaşların məvacibinin artırılmasına dair nazirliyə məktubla müraciət edəcəyik. Məvacibin artar, vəzifən yüksələr. Bunun üçün yalnız ağıllı olmağın kifayətdir.

Ah, ana hardasan? O, məni çuğullar sırasına qoşulub beynimi satmağa məcbur edir. Anacan, o, bunları istəməklə bir idarə daxilində uçurumun daha da dərinləşməsini arzulayır. Bilmirəm nə edim? Nahardan sonra Simonun evinin döşəməsində oturub yeməkdən sonra ağzını silən İuda da özünə belə bir sual verdi ki, “nə edim”. Nə edəcəyinin fərqində deyildi, beyni qarışmışdı, fikirlər gah çıxır, gah girirdi, otağın bir küncündən digərinə qədər gəzişirdi. Son fikri belə oldu: “İsanı Ponti Pilata satmalıyam”. Ona hörmət edəcək, pul verəcəkdilər; etibar qazanacaqdı, gələcəkdə dilini uzadıb istədiyi işi aşıra, istədiyi adama sataşa bilərdi. Onu öldürə bilməzdilər, Ponti Pilat əsgərlərinə əmr verəcəkdi ki, vücudunu qorusunlar, axı bəşəriyyəti İsadan təmizləyib. Yalnız İsanın üzündən öpməklə Roma ordusunun sərkərdəsinə işarə verəcəkdi. Üzündən öpüb işarə verdi. İsa satıldı. Bir müddət sonra İuda özünü asdı. Hətta İsa zühur etsəydi belə, İudaya bəddualar ediləcək, satqınlıq mücəmməsi kimi təbliğ vasitəsinə çevriləcəkdi. Həmişəlik.

Mənim iş yoldaşlarım çuğul və təfriqəçi olduğundan artıq universitet illərində öyrəndiklərim də yadımdan çıxırdı. Axı, nəyə görə ağsaçlı professor və dosentlərimiz həyatın bu üzünü bizə vaxtında başa salmayıblar? Nədən canavarlarla baş-başa və tək qalmağı üstün tutublar, bəlkə bu onlara ləzzət edir. Sabah işə gələndə bütün düşündüklərimi üzlərinə deyəcəyəm: “Salam, yaramazlar. Çuğullar və fitnəkarlar – bunlar elə zaddır ki, normativləri, etalonları yoxdur, işləri mislə gəlməzdir, yaxınlarını, ətraflarını satmaqla çörək qazanırlar, özü də bunu pulsuz edirlər, murdar donlarına haqq qazandırmaq üçün hətta şüar da düşünüblər: “Biz bunu ideya naminə edirik”. Sizlər sağalırmı, müalicə olunurmu, danlaqdan zara gəlirmi? Yox. Nə sağalır, nə müalicə olunur, nə də zara gəlirlər. Əgər satan bir dəfə satıbsa, yenə satacaq. Xəyanət etməzdən əvvəl biri az olur, edəndən sonra ikisi çox. Bəzən, illərlə ətrafında dolanıb informasiya toplayır, görəndə ki, sənə qarşı maraq azalır, bax, onda şəxsiyyətini iki qəpiyə satır, bütün həyatını puç edir, ürəyini sındırır. Mənim çuğullarım, siz sadəcə bədbəxtsiz”. Hə, belə deyəcəkdim. Sonra da bir-bir üzlərinə tüpürəcəkdim. Qorxuram sifətlərinin yarısını çevirələr ki, “bura qaldı”.

* * *

Laboratoriyanın qoruqçusu xətrimi çox istəyirdi. Başıma dolanır, hiss edilirdi ki, adam balasına rast gəldiyinə görə təsəlli tapır. Oturub-durub Çörçili yada salırdı. Onun fikrincə, Çörçil ingilisləri özlərindən razı saldırıb, bütün millətlərə yuxarıdan aşağı baxdırıb. İngilislər bu ölkəyə gələndən sonra çörəyinin kəsilməsini unuda bilmirdi. Deyirdi, vaxt vardı ki, Roma imperiyasının əsgərləri o torpaqları tərk edəndə ingilislər ağlayıblar ki, “biz sizsiz neyləyəcəyik?” Ah, Çörçil, niyə millətini bu dərəcədə diplomat etmisən?! İngilisləri bəzəyəndən sonra keçirdi mətləbə. Və həmişə həyacanlanırdı.

– Səhər müavin gəlib siyahını apardı. İşçilərin bu qapıdan içəri nə vaxt girib-çıxmaları siyahısını, köhnə dillə desək, tabel dəftərini. Gözaltı baxıb gördüm ki, gözü ən çox sənin adına, bir də vaxtlarına zillənib. Balam canı, zillənmişdi.

Müavinin sifətinin zəhmli olması bəlkə də, evlilikdən sonra uşaq üzünə həsrət qalması ilə izah edilə bilərdi. Arvadı onu toxumunu yoxlatdırmağa göndərirdi ki, həkimdən “irəliləyiş var” cavabını alan kimi südlü plov bişirib üstünə skumbriya balığından qoysun, qohum-əqrabanı qonaq çağırsın. Qonaqlıqdan sonra qulluqçu tutacaqdı ki, bütün işvə-nazını külbaş ərinin üstünə töksün, bəlkə, neçə illərin əzabı canından çıxa. Müavin hər dəfə anonim bildiyi və sirr saxlamağı bacaran Əmirxan həkimin qəbuluna gedəndə dizlərinin titrəməsini gizlətmək üçün salafana bükülü çarpayıda uzanar, gözlərini tavana dikər, qulağını qapamaq istəyərdi ki, yenə illər boyu aldığı cavabı eşitməsin: “Toxumunda irəliləyiş yoxdur”.

Həkim təklif edəndə ki, toxumdan azacıq götürüb süni mayalanma ilə uşaq dünyaya gətirək, müavin razı olmurdu ki, “günahdır”. Həkimin yazdığı dərmanlar kar etmədikcə, arvadının ərinə hörməti azalar, daha qabağına çay qoymaz, kirlicələrini paltaryuyan maşına atmazdı. Atanda da yuyucu tozu az tökərdi ki, paltarı günü kimi ağ çıxmasın. Onun fikrincə, verə biləcəyi yeganə qisməti əsirgəməklə evdə olan əri nifrətini artırırdı: “Bəs, Allah səni hansı günə yaradıb, ay bədbəxt” deyərək yuyucu tozun suya qarışaraq kirli paltarları əhatəyə almasına, onları fırlatmasına, avazımasına baxar, proqramın vaxt ölçüsünü qəsdən maksimuma qaldırardı ki, mətbəxdə uzun-uzadı oturub ərinin sifətini görməsin. Eyvanda siqaret çəkəndə aşağıdan keçən qadınların ərinə baxmasına yanıb-tökülər, “bunun nəyinə baxırsız, içi çürükdür e” qışqırardı. Əri yumruğunu düyünləyib onun başına vurmaq istəsə də, övlad payını bu qadından əsirgədiyinə görə yumruğu sustalıb yanına düşərdü. Arvadı isə “cürətin çatır, vur” qışqırıb hirsini soyudur, bilirdi ki, əri bu hünərdə bulunsa, ona nənəsindən tutmuş ulu babasına qədər dırnaqarası xoş xatirələr söyləyəcək, rəhmətliklərin ruhunu yerindən oynadacaq. Hətta ərinin nənəsi Güllü sağ olanda müavinin arvadı ondan söz almaq məqsədilə qarşısına ağ gilas mürəbbəsi ilə çay qoyub soruşmuşdu ki, “nəslinizdə sonsuz olubmu?”. Güllü nənə də yadına salıb demişdi ki, “nənəmin nənəsi sonsuz olub, bacısının uşağını götürüb saxlayıb”. Arvadı nənəni kamali-ədəblə yola salıb “hmm” mızıldayaraq ərinin işdən gəlməsini gözləyib. Əri qapıdan içəri girəndə ilk sözü bu olub ki, “deməli, yeddi arxa dönənindən biri sonsuz imiş, indi sənin bədənində təcəlla tapıb… daş düşdü başıma”. Əri təpiyini işə salmaq istəsə də, ayağını qınına çəkib. Sonra altı günlük müharibə kimi tez alışıb tez də sönüb, binanın qarşısındakı kafeyə gedib, bayaq bir atımlıq barıtını boşaltmamağına sevinib, yoxsa hörmətdən düşərdi. Ofisiantdan xüsusi sifarişinin hazır olub-olmamasını soruşub. Bir ay imiş ki, səhərlər xüsusi sifariş verdirib axşama hazırlanmasını tapşırar, qiyməti baha olsa da, məvacibinin iyirmi faizi kişiləşməyə gedərmiş. Arvadı xüsusi sifariş məsələsini sonradan bilib. Qonşudakı Asyanın kafedəki aşpaz əri bunu arvadının qulağına pıçıldayıbmış. Müavin qarşısına məqsəd qoyub ki, kişilik toxumunun faizini yeməklərlə yüksəltsin, bu fikrə türkəçarə kitabını alıb vərəqləyəndə düşübmüş. Kitabda necə yazılıbsa, elə də edib: indiyə qədər də noxudlu bozbaş yeyir, qırmızı lobyanın şorbasını içir, hərdən soğanı alma kimi kövşəyir. Hər on gündən bir həkimin yanına qaçır ki, “həkim, irəliləyiş var?”. Sonra yenə uzanılı vəziyyətdə gözlərini tavana dikər, qulağını qapayardı ki, bəd xəbəri eşitməsin. Eşitməyə ehtiyac yox idi. Həkimin sallanmış sir-sifətinə baxanda bilirdi ki, faiz hələ yüksəlməyib. İki aydan bir kəsilən qurbanları arvadı ərinə qoşulub uşaq evlərində bişirib yetimlərə paylayırdı ki, alqışlar hesabına körpəsi doğulsun. Arvadı ərinə bərk-bərk tapşırmışdı ki, işdə heç kimə pislik etməsin, savab qazansın, kasıbın son ümidi olan meyvə-tərəvəzin satışına dair lisenziyanı tez verib dualarını eşitsin, işə yeni gələnlərə köməklik göstərib həyan olsun, müdirin yanında tərəflərini saxlasın, günlərin birində arvadın hamilə qalsın, doqquz aydan sonra körpənin totuq-motuq əlindən tutub ata olmağınla fəxr edəsən, o hissi yaşayasan.

Qoruqçu müavin barədə bunları danışmışdı.

– Deməli, işə gecikib-gecikməməyimi öyrənib müdirə xəbər vermək istəyir.

– Hə.

– Deməli, bununla da alqışımı qazanmaq istəyir ki, uşağının dünyaya gəlməsində Tanrıya ünvalanan dualarda mənim də payım olsun, eləmi?

– Elədi.

* * *

İçərinin pəncərəsi yenə açıq deyildi. Məgər divarlara hopan kifin ağ ciyərlərə üfürülməsini görmürdülər? Hardan görsünlər, axı, bu proses gizli gedir. Daha heç kimdən heç nə soruşmayıb pəncərəni açdım. Hamı Adiləyə nəzər saldı ki, “bəs dünənəcən bizə pəncərəni açmağa icazə vermirdin, nə əcəb buna dillənmirsən?”. Onun başı mənə verəcəyi piroqu nimçədə bölməyə qarışmışdı. Yenə də alma piroqu. Gecə yarısına qədər qazana şəkər əndərməsini, xəmiri kündələməsini, sevinərək ertəsi günü bunu mənə təqdim edəcəyini təsvir etdim. Əzizim, sən necə də sevgi alovunda yanırsan! Yenə də piroq, yenə də “necə bişirmişəm” sualı, yenə də üzümə dikilən həsrətli gözlər.

– Dadlıdır… amma…

– Nə amma, anlamadım…

O gündən Adilə daha piroq bişirib işə gətirmədi. Ciyər qutabına üstünlük verdi. Piroqu bəyənməməyimdən yanağı necə də pörtdü. Ona ilk dəfə on səkkiz yaşında elçi gələndə də sifəti belə pörtübmüş. Oğlanın atası deyəndə ki, “oğlum kanalizasiya maşını sürür, rayonda böyük hörməti var”, bax, onda Adilə heç bir milli adət-ənənəyə hörmət qoymayıb süfrəni qonaqların üzünə çevirmişdi. İkinci elçiliyin maraqlı cəhəti isə əşyaların sevgidə oynadığı roldan ibarət olmuşdu. Elçilər qəndi çaya salmamış, tələb etmişdilər ki, cehizə yerli mebel qoşulmasın. Ya italyan, ya da ərəb mebeli, lap belə ekzotik olsun deyə palıd ağacından da olar, yetər ki, şair oğulları naxışlı və bərq vuran mebellərin əhatəsində Füzulidən geri qalmayan qəzəllər yazsın: “Bizə ilham pərisi gətirən mebel lazımdır” – deyə qışqırmışlar. Adilə pərdə dalından çıxıb yenə də süfrəni qonaqların üzünə çevirmək istəyəndə, anası gülümsəyərək “qızım, onları cırıqla” – deyə xeyir-dua verib. Çünki bilib ki, qızının cehizliyinə italyan mebeli qoşmağa gücü çatmayacaq. İllərlə kriplin parçaların altına dürtdükləru pul ancaq yerli mebelə çatırdı. Əgər bu mebeldən istəmirlərsə, ilham pərili cehizlik tələbi qoyurlarsa, onda qızımıza qurban olaq, əlinə qüvvət, süfrəni çevir bunların sifətinə. Heç nədən xəbəri olmayan şair isə həyətdə dizinin üstündə yazdığı təzə qəzəlini pəncərədən qızın yataq otağına ata bilmişdi. Hirsindən yataq otağına qayıdan qız ona ünvanlanan, hələ təri soyumayan qəzəli oxuyub, bürmələyib pəncərədən oğlana tullayıb, qışqırıb ki, “sənin ilham pərin özün kimi andıra qalsın”. Saçlarını uzadan, çiynini bir tərəfə əyməklə yazıq şair obrazı yaratmağa çalışan gənc oğlan əlləri əsə-əsə siqaret odlayıb yaxınlıqdakı daşın üstündə oturub, həsrətlə qızın pəncərəsinə baxıb. Sonra guya təəssüf içində başını bulaya-bulaya bir qəzəl də yazıb qızın yataq otağına atıb. Qızın qəzəlin yalnız bircə sətrini oxumağa səbri çatıb: “Sənin arzun mən olaydım, sənin ölümün mən oldum”. Mənim gözəlim həmin qəzəli anasının cehizliyindən qalma ağır gümüş qaşığa bağlayıb şairin təpəsinə selbələyib. Oğlan azacıq başını əyməsəymiş, düz qaşqasından dəyəcəkmiş. Elçilikdən sonra söz-söhbət gəzib ki, mənim qəşəngim dəlidir, qonaqları daşlayır, hətta biri lap ağını çıxarmışdı ki, bu qız elçilərin başını növbə ilə qoltuğuna salıb sıxır. Söz-söhbəti yayan isə şairin özü olmuşdu, acığını belə çıxmaqla, qızın bu günə qədərki taleyinə “qarıma” möhürünü vurmuşdu.

O, indi mənə piroq bişirirdi. İşə gələndən çəkimin artımında, sifətimin yumrulaşmasında, buxağımın azacıq sallanmasında əvəzolunmaz iz buraxan bu qız hələ də anlamırdı ki, məhəbbət yanmaq deyil, bir-birinə alışmaqdır. Ah, əgər anam sizə elçiliyə gəlsə, həmin gün necə qışqıracağını təsəvvürümə gətirirəm: “Mənim oğlumun zövqünə o söz”. Məgər dəliyəmmi ki, qoynuma əfi ilanı salım, nə var-nə var belə evliliklə savab qazanacağam.

Piroqdan iki dişləm alıb, çaydan dörd qurtum içdim. Katibə gəlib dedi ki, müdir çağırır. Bu da illərdir uşağının olması həsrətilə alqış və savab qazanmaq istəyən müavinin bugünkü çuğulluq fəaliyyəti. Müdir başqa hansı işə görə çağırası idi ki?! İşin keyfiyyət əmsalının yüksəldilməsi müzakirə olunmaqdansa, yenə də fitnələr, yenə də təzə xəbərlərin müdirin qulağına süzülməsi.

– Salam, yeni əməkdaş.

– Salam, mənim müdirim.

– “Mənim müdirim?” Xoşuma gəldi. Yeni müraciət formasıdır. Bilirsən, niyə çağırmışam? Ay Allah, heç yadımdan çıxmır, necə dedin? Mənim müdirim? Nə gözəl, nə pakizə. Kefim açıldı. İndi isə gedə bilərsən.

– Nəsə deyəcəkdiz?

– Daha heç nə. İşə gəlib-getmə siyahısına görə çağırmışdım, ”mənim müdirim” müraciətin kefimi əməlli-başlı açdı.

Bu da minlərlə sahibkarın, fermerin, sadə əkinçinin taleyi tapşırılan toksikologiya laboratoriyasının rəhbəri. Ah, ana, hardasan? Bilirsən, burda necə gülməli və ağlamalı hadisələr baş verir?! Bircə tez gəlsəydin. Əminəm ki, sən gecə növbələrində olanda atam nə qədər altımı yusa da, tərləyən köynəyimi yatağımda dəyişsə də, bunu mərhəmətli və şəfqətli ana əlləri ilə etməyi bacarmayıb. Hər gecə bir kobud əlin əlimi ovcuna almasını, qalın səslə layla oxumasını da təsəvvür edirəm, yox, sənin qədər bacarmazdı. Paltaryuyan maşınımız olmayanda suyla dolu vedrəni qaz plitəsinin üstünə qoyub, əskilərimi qaynadıb zivədən asanda, ütüləyib əynimə geyindirəndə də səninki qədər sevginin olmadığını təsəvvür edirəm. Onun gözlərində qüssə vardı, eləmi, anacan? O, səni bağışlamadı. Ölümündən əvvəlsə hər şeyi danışdı. Qəddini əyib ağlamasını görəndə anladım ki, sən bir kişini sındırmısan.

Ah, ana, hardasan? Bura elə maraqlıdır ki… Bruta da Sezarla dostluq etmək o qədər maraqlı gəlmişdi. And içmişdi ki, sonacan sədaqətli olub arxasında çəpər kimi möhkəmliyini saxlayacaq, yeri gəlsə, canavar kimi ulayacaq. O dostluq necə də saf idi! Saf dostluq uzun illər onları bir-birindən ayırmadı… Yulinin düşmənləri onu ələ almayana qədər. Ana, təsəvvürünə gətirə bilməzsən, Brut nəinki sui-qəsdin iştirakçısı oldu, hətta ona rəhbərlik də etdi. Ən çox bıçaq zərbəsini dostundan alan, qəfildən bunu görən böyük Sezar yalnız “Sən də, Brut?” deməklə xəyanət mücəmməsi olan, əsrlərdir itməyən ifadəni yadigar qoyub getdi… Acı bir yadigarı. Elə bilirsən Brut çuğulluğuna, xəyanətinə görə çox yaşadı? Yox, ana, yox. Onun da taleyi İudanın taleyinə bənzədi. Az sonra öz qılıncına sancılıb vücudunu əzabla sona yetirdi. Gəl, ana, gəl. Sənə iş yerimdən maraqlı hadisələr danışacağam. Evlənənə qədər hələ sənsiz çox darıxacağam. Arvad-uşağım olandan sonra üzünü hərdən görərəm ki, atama qarşı etdiklərini unuda bilim. Bu yerdə göylər günahımdan keçsin.

Bəzən çuğulluqdan da betər yaltaqlıq olur. Ən təhülkəlisi çuğul insanların yaltaqlanmasıdır.

* * *

– Bütün əməkdaşlarımızı ata kəndimə qonaq aparmaq istəyirəm, yalnız üç günlüyə.

– Yalnız iki günlüyə: şənbə və bazar. Birinci gün hamı işdə olsun! – deyə müdir bic-bic gülümsədi. Məramımı anlamaq, sirri-xudanın nə olmasını bilmək üçün yanıma adam da qoşdu.

Bibilərimə, əmilərimə xəbər verdim ki, iş yoldaşlarım kəndə qonaq gələcək, hazırlıqlı olsunlar. Onlar da “qonağa da qurban olaq, Allaha da” deyib sevindilər, çünki sifətimi görəcəkdilər.

Laboratoriyadan kəndimizə getməyə beş nəfər razılaşdı. Açığını deyim ki, mənə lazım olan elə beş nəfər idi. Adilə, Senyora, müavin, sürücü Vəli və katibə. Müdir məhz katibəni yanımıza qoşmuşdu ki, işə qayıdıb çay və qəhvə verə-verə olanları bitdə-bitdə danışsın, heç nəyi gözdən qaçırmasın.

Nəhayət, şənbə yetişdi, avtobusla şütüdük.

Bir dəfə çuğulluq edən şəxs üçün bu o qədər adiləşir ki, onu etməyəndə darıxır, özünə çuğulluq etməməyi yaraşdırmır. Hər şeyin ilki çətin olur, sonrası asan gedir.

* * *

Qədim kənd. Üstü kirəmitli evlər, çat-çat boyalı şüşəbəndlər. Bəlkə də, Renuar illərlə buradan çıxmazdı ki, hər evi çəkib gözünün qurdunu öldürsün. Van Qoq sapsarı günəbaxanları, neçə əsr əvvəl çökəklikdə yaranan gölü, sahilində tilovla balıq tutan kəndliləri çəkməsəydi əl çəkməzdi: and içirəm ki, bu, onun ən məşhur əsəri olardı. Meşəlik o qədər cəngəlliyə bənzəyirdi ki, Daniel Orteqa uzaq Nikaraquadan gəlib inqilab edərdi ki, sarmaşıq kimi bir-birinə dolanan nazik gövdəli ağaclar arasında gizlənə bilsin. Çörçil siqarın tütününü burda yetişdirər, içdiyi rus arağının spirtini burda çəkdirərdi. Tereza ana kəndli qadınlardan fərqlənməz, əyilib-durub göy-göyərti becərərdi.

– Kəndiniz çox cansıxıcıdır. Elə təsəvvür edirdim ki, Almaniyadakı kənd evlərinin səliqəli düzülüşünü görəcəyəm: taxta çəpərlər, süd bidonlarını daşıyan maşınlar, kiçik rəqs maneji, – deyə Senyora siqaretini odlayıb təpədə oturdu.

– Mənimsə xoşuma gəldi. Meşəlik, ayın bədirlənməsi, bədəni üşüdən meh, sakitlik, şəhərin səs-küyündən uzaq yeni ideyalar tapıntısı, kəşflər məskəni, – deyə Adilə Senyoranın siqaretini alıb iki qullabla tüstünü havaya üfürdü, sonra yenidən ona qaytardı. Təəccübləndilər ki, Adilə də siqaret çəkir. O da ay işığının rənglənməsinə baxıb:

– Məgər belə gözəlliyə siqaret tüstüsü qatmaq haramdı?

Romantik olsun deyə hamı tonqalın qalanmasını xahiş etmiş, yaşlı əmim də qonaqların qanı qaçmış sifətlərinə baxıb gülümsəmişdi. Günortadakı yemək-içmək məclisindən sonra elə tox qalmışdılar ki, bibimin düzdüyü çərəzlərə əl vuran da olmamışdı. Senyora, katibə və müavinin şəhərdən alıb gətirdikləri martinini tonqal ətrafında qurtumladırdılar.

Katibənin dumanlanan gözləri uzaqdan gələn saqqallı, axsayan qocaya dikilmişdi. Qoca yaxınlaşır, sanki qırpılması yadırğamış gözlərini təpə üstündə oturanlardan çəkmirdi. Katibə yerində qurcalandı, “nə qorxulu adamdır” pıçıldayıb özünü arxaya sürüşdürdü.

– Hanı? – deyə Adilə həyacanlandı.

– Odur, üstümüzə gəlir.

Oturanların gözü onun vücuduna, yamaqlı paltarına, hətta az qala hər addımına dikildi. Hamının gözü qocanınkı kimi qırpılmanı yadırğatdı.

Qoca yaxınlaşıb tonqalın dilimlərinə nəzər saldı. Gözlərini qırpmadan nə vaxtsa onun da ömrünü yandırıb-yaxmış qaynar istini canında duymaq istədi. Əllərini bir-birinə sürtüb elə hey baxırdı. İş yoldaşlarım zəhmli, üzündə iki yerdə çapıq olan qocanın gözlərini qaldırıb baxmasını heç istəmirdilər. Allah xatirinə, baxmasın, yoxsa canlara düşən vicvicə və qorxu hansısa xəstəliyə çevrilərdi. Sanki qoca onların ürəyindəkini oxudu, gözlərini qaldırıb hamısına bircə-bircə baxdı. Senyoranın ayaqlarının əsməsi nəzərləri cəlb edirdi. Adilə qocanın zəhminə tab gətirməyib qorxusunu gizlətmək üçün gözlərini ayın tez-tez bədirlənməsinə zilləmişdi ki, fikri yayınsın. Fikirlər isə yayınmaq bilmirdi. İlahi, heç olmasa danışmasın, belə zəhmli gözlərin zəhmli də səsi olar. Bu isə əməlli-başlı qorxulu nağıla bənzəyəcəkdi. Qoca bunu duydu, xırıltılı səsini çıxardı.

– Axşamınız xeyir!

Onlar qaçmağa hazır idilər ki, qocanın əlindən qurtulsunlar, özü də ürəklərinin partlamaması üçün qışqıra-qışqıra qaçsınlar. Müavin siqareti tonqalda odlamaqla yanan kösövü də götürməyi unutmadı ki, bir şey olsa qocanın gözünə soxsun, ya da sifətində üçüncü çapığı çızsın. O da oddan qorxan canavar kimi ulaya-ulaya qaçsın.

O tərpəndi. Nəzərlər bu dəfə onun kəsilən ayağına zilləndi, bayaqdan tonqalın şərq hissəsinin nuru bu qorxunc yerini gizlətmişdi. Gözlərin on dəfə böyüməsini izləməyin özü bu qocanın zəhmli sifətindən, kəsili ayağından da qorxulu olduğundan bircə arzuları vardı: “Bircə bu qoca cəhənnəm olsaydı”.

Бесплатный фрагмент закончился.

Текст, доступен аудиоформат
115,88 ₽
231,75 ₽
−50%