Читать книгу: «Boskomb vadisinin sirri»

Шрифт:

ARTUR KONAN DOYL

BOSKOMB VADİSİNİN SİRRİ

Hekayələr

İÇİNDƏKİLƏR

BOHEMİYADA QALMAQAL........................................

BOSKOMB VADİSİNİN SİRRİ ...................................

BİR ŞƏXSİYYƏT HADİSƏSİ .......................................

QIRMIZISAÇLILAR KLUBU ......................................

BEŞ PORTAĞAL ÇƏYİRDƏYİ ....................................

BÜZÜK DODAQLI ADAM ..........................................

BOHEMİYADA QALMAQAL

I

Şerlok Holms onun haqqında danışanda deyirdi: “O, qadındır”. Ondan bəhs edərkən başqa ifadə işlətdiyini xatırlamıram. Holmsun nəzərində cinsiyyətinin bütün özəlliklərini büruzə verən bir qadın idi. Holmsun İren Adlerə qarşı hiss etdiyi qətiyyən sevgi deyildi. Bütün duyğular, xüsusilə də bu duyğu onun maksimalist, amma heyran olunacaq qədər sabit düşüncələrinə həddindən artıq yad idi. Mənə görə, o, dünyanın ən mükəmməl ağıl və müşahidə makinası idi. Ancaq aşiq kimi o qədər də uğur qazana bilməyəcəyi aydındır.

Sevgi haqqında hər zaman lağlağı ilə danışardı. Bir müşahidəçi üçün bu hisslər insanın məqsədlərinin və hərəkətlərinin arxasında qalan həqiqəti göstərən işarələrdən başqa heç nə deyildi.

Amma müdrik adam belə təhlükəli duyğuların həssas və tarazlaşmış təbiətinə qarışmasına icazə versə, bunlar gəldiyi məntiqi nəticələrə kölgə sala biləcək çaşdırıcı faktorlara dönürdü. Həssas ölçü alətinin üzərində bir toz zərrəsi nədirsə və ya güclü linzadakı çatlaq nədirsə, onun kimi təbiətə sahib insan üçün ehtiras da elə idi. Ancaq hər şeyə rəğmən, onun üçün sadəcə bir qadın vardı: xatirələri şübhə və suallarla dolu olan İren Adler.

Son vaxtlar Holmsu çox az görürdüm. Evli olduğum üçün bir müddət idi, görüşmürdük. Öz torpaqlarının sahibi olmanın gözəlliyini kəşf etmiş adam kimi, evimlə məşğul olub tamamən xoşbəxtliyi əldə etdiyim halda, bohem ruhu ilə sosial fəaliyyətin bütün növlərinə nifrət edən Holms özünü qədim kitablara həsr etmiş, həftələr keçdikcə kokain və ehtiyacları arasında vurnuxarkən dərmanın yaratdığı süstlük, güclü təbiətin vəhşi enerjisi arasındakı savaşla, dəyişən ruh halları ilə Beyker küçəsindəki evimizdə qalmışdı.

Düzü, əvvəlki kimi cinayət araşdırmalarına davam etmiş, qeyri-adi bacarıqlarının və müşahidələrinin köməyi ilə polisin çarəsiz qaldığı bəzi hadisələri çözmüşdü. Hərdənbir gördüyü işlərdən xəbərim olurdu. Trepov hadisəsində Odessaya çağırılmasından, Trinkomalidəki Atkinson qardaşlarının faciəsini aydınlaşdırmasından, ən nəhayət, Hollandiya Kral xanədanı üçün göstərdiyi uğurlu xidmətdən məlumatlı idim. Doğrusunu desəm, gündəlik qəzetləri oxuyan hər kəs kimi əsas səhifələrdən əldə etdiyim bu informasiyalardan əlavə köhnə dostumdan və yoldaşımdan başqa xəbərim yox idi.

20 mart 1888-ci ildən etibarən xüsusi həkimliklə məşğul olmağa başlamışdım. Bir gecə xəstələrimdən birinin yanından dönərkən yolum təsadüfən Beyker küçəsinə düşdü. Yadımda “Qızıl çalışma”nın on qaranlıq hadisəsi ilə özünə yer etmiş o qapının qarşısından keçərkən Holmsu yenidən görmək və qeyri-adi imkanlarını necə istifadə etdiyinə yenidən şahid olmaq üçün qarşısıalınmaz bir arzu baş qaldırdı içimdə.

Mənzilin işıqları yanırdı. Onun uzun, zəif kölgəsinin iki dəfə pərdənin qarşısından keçdiyini gördüm. Başını önə əyib əlləri arxasında otaqda ora-bura gəzir, sürətlə vurnuxurdu. Bütün vərdişlərini bilən adam kimi, hərəkətlərinin mənasını o dəqiqə başa düşdüm. Yenə iş başında idi. Narkotikin yaratdığı süstlükdən siyrilmiş, yeni izə düşmüşdü. Qapının zəngini basdım və bir zamanlar birlikdə yaşadığımız mənzilə girdim. Coşqu ilə qarşılamadı. Onsuz da, nadir hallarda elə olurdu. Fəqət mənə elə gəlir ki, məni gördüyünə sevinmişdi. Artıq söz demədən sevgi dolu baxışlarla kresloya işarə etdi. Sonra yaxın dayanaraq özünəməxsus baxışlarla təpədən-dırnağa diqqətlə süzdü.

– Evlilik sənə düşüb, – dedi, – Səni gördüyüm gündən bu yana təxminən dörd kiloqram kökəlmisən Vatson.

– Üç kiloqram yarım, – etiraz etdim.

– Doğrudan? Mənə qalsa, bir az çox olar. Bir parça artıq olduğuna əminəm, əziz Vatson. Belə başa düşdüm ki, praktik fəaliyyətə geri dönmüsən. İşləməyə başlamaq niyyətində olduğunu deməmişdin.

– Bəs hardan bilirsən?

– Görürəm. Gördüklərimdən də bu nəticəyə gəlirəm. Yaxşı, son dəfə yağışın altında iliklərinə qədər islandığını, çox bacarıqsız, diqqətsiz xidmətçi tutduğunu necə bilə bilərəm, səncə?

– Əziz Holms, – dedim, – Daha bu qədər də yox. Bir neçə əsr əvvəl yaşasaydın, mütləq sehrbaz kimi yandırılırdın. Çərşənbə günü gəzməyə çıxmağım və evə pis gündə qayıtmağım doğrudur. Ancaq paltarımı dəyişdiyim halda, bunu necə anladın? Meri Cenə gəlincə, arvadım da ona tez-tez xəbərdarlıq edir, amma qadın düzələsi deyil. Yenə də bütün bunları necə başa düşürsən, ağlım kəsmir.

Gülüb uzun əllərini ovuşdurdu.

– Sadədən də sadədir. Gözlərim mənə ayaqqabının sol tayının yanında, işıq düşən yerdə təxminən yan-yana altı kəsik olduğunu deyir. Qurumuş palçığı təmizləməyə çalışmış bacarıqsız adamın əlindən çıxdığı açıq-aşkardır. Ona görə də ikili fikir yürütməklə, pis havada gəzdiyini, Londonun ən pis çəkmətəmizləyəninə sahib olduğunu başa düşə bilirəm. Sənətinə gəlincə, yodform qoxusu verən, sağ əlinin şəhadət barmağında qara azot turşusu ləkəsi və şlyapasının sağ tərəfində stetoskop gəzdirdiyini hiss etdirən şişkinlik olan cənab otağıma girəndə tibb işçisi olduğunu başa düşməməyim axmaqlıq olar.

Müşahidələrini elə rahat bölüşürdü ki, özümü gülməkdən saxlaya bilmədim.

– Bunları izah etdiyin zaman, “Mən də edə bilərəm” – düşüncəsi yaranır, asan görünür. Fəqət başqa bir nümunə ilə qarşılaşanda sən açıqlayana qədər çaşqınlığım keçmir. Üstəlik gözlərim səndən daha yaxşı görür.

– Elədir, – deyə cavab verdi. Bir siqaret yandırıb kresloya çökdü, – Görürsən, amma müşahidə etmirsən. Ortadakı fərq açıqdır. Məsələn, girişdən bu otağa qalxan pilləkənləri çox görmüsən.

– Çox.

– Nə qədər çox?

– Nə bilim, yüz dəfələrlə.

– Yaxşı, neçə pillə var?

– Bilmirəm.Neçə dənədir?

– Tam təxmin etdiyim kimi! Görmüsən, amma müşahidə etməmisən. Üzərində dayandığım nöqtə budur. Mən on yeddi pillə olduğunu bilirəm, çünki həm görmüşəm, həm də müşahidə etmişəm.

Bir anlıq dayanıb yenə davam etdi:

– Yeri gəlmişkən, kiçik problemlərlə maraqlandığın və bəzi önəmsiz təcrübələrimi başqalarına çatdırmaq vərdişinə sahib olduğun üçün diqqətini çəkər, məncə, – masanın üstündəki çəhrayı kağızı mənə atdı, – Son poçtla gəlib. Ucadan oxu.

Tarixsiz idi: üzərində nə imza, nə də ünvan vardı.

Məktubda deyilirdi: “Bu gecə saat səkkizə iyirmi dəqiqə qalmış vacib məsələ barədə danışmaq üçün bir cənab gələcək. Son zamanlarda Avropanın kral ailələrindən birinə göstərdiyiniz xidmətlər sizin belə önəmli məsələdə etibarlı olduğunuzu göstərir. Hər çevrədən sizin haqqınızda məlumat toplanıldığı üçün bu qənaətə gəlmişik. Lütfən, həmin saatda otağınızda olun və maskalı qonağınızı gözləyin”.

– Çox sirlidir. Səncə, nə məna verir?

– Hələlik əlimdə lazımi qədər fakt yoxdur. Əlimdə fakt olmadan nəzəriyyə irəli sürmək yanlışdır. İnsanlar nəzəriyyələri həqiqətlərlə əlaqələndirməkdənsə, hiss etmədən həqiqətləri nəzəriyyələrə uyğunlaşdırmağa çalışırlar. Yaxşı, sən bir qeydin əslinə bax. Burdan nə başa düşürsən?

Yazını və yazının yazıldığı kağızı diqqətlə gözdən keçirdim.

– Yazı sahibinin vəziyyəti heç də pis deyil, – deyə dostumun düşüncə tərzini təqlid edərək sözə başladım, – Kağızın paketi üç penidən az deyil. Öyrəşmədiyimiz qədər qalın və keyfiyyətli kağızdır.

– Öyrəşmədiyimiz… düzgün ehtimaldır, – Holms dilləndi, – İngilis kağızı deyil. İşığa tut.

Dediyini elədim və kağızın səthində “Eg”, “P” və “Gt” hərflərinin həkk olunduğunu gördüm.

Holms soruşdu:

– Burdan nə nəticəyə gəlirsən?

– Şübhəsiz, istehsalçının adıdır. Yəqin ki, adının qısaltmasıdır.

– Burda bir az yanılırsan. “G” və “t” alman dilində “şirkət” mənasında işlənən “Gesellschaft” sözünün qısaltmasıdır. Bizdəki “Comp.” kimi. “P”, təbii ki, “papier”, yəni “kağız” deməkdir. İndi də “Eg” üçün beynəlxalq atlasımıza baxaq.

Rəfdən qalın cildlərdən birini götürdü.

– “Eglow, Eglonitz”. Aha! Tapdım. Egria. Karlsbada1 yaxın, almanca danışılan yerdir. Bohemiyada yerləşir. Vallenştaynın2 öldüyü yer olmaqla yanaşı, çoxlu şüşə və kağız fabrikləri ilə də məşhurdur. Ha-ha-ha… Dostum, buna nə deyirsən?

Gözləri parıldadı və siqaretin tüstüsünü ciyərlərinə çəkib zəfərini elan edirmiş kimi havaya göy tüstü buludu üfürdü.

– Kağız Bohemiyada hazırlanıb, – dedim.

– Dəqiq. Qeydi yazan adam almandır. Qəribə cümlə quruluşunu fərq etdinmi? “Hər çevrədən sizin haqqınızda məlumat toplanıldığı üçün”. Fransız, yaxud rus belə yazmazdı. Yalnız almanlar feillərlə belə qaba davranır. Deməli, görəcəyimiz yeganə iş Bohemiya kağızından istifadə edən və üzünü göstərməmək üçün maska taxan bu almanın nə istədiyini kəşf etməkdir. Yanılmıramsa, bütün şübhələrimizə son qoymaq üçün hazırda bura gəlir.

Cümlənin ortasına çatmamış küçədə atların və qıcırdayan araba təkərlərinin səsi, arxasınca isə zəngin ani səsi eşidildi. Holms fit çaldı.

– Səsdən belə başa düşmək olar ki, cütdürlər. “Bəli”, – dedi və başını pəncərədən çıxarıb, “Sevimli, kiçik araba və bir cüt gözəl at. Hərəsi üç min peniyə dəyər. Bu işdə pul var, Vatson” – davam etdi.

– Düşünürəm ki, getsəm, yaxşı olar, Holms.

– Əsla, doktor. Otur görək. Bioqrafım yanımda olmasa, heç bir iş görə bilmərəm. Qaldı ki, bu hadisə çox maraqlı olacaq. Əldən qaçırmağın yaxşı olmaz.

– Bəs müştərin…

– Ondan narahat olma. Köməyinə ehtiyacım ola bilər. Budur, gəlir. Bu kresloda əyləş, doktor və bütün diqqətin bizdə olsun.

Pilləkənlərdə, dəhlizdə eşidilən asta, ağır ayaq səsləri qapının qarşısında susdu və qapı sərt şəkildə döyüldü.

– Buyurun, – Holms dilləndi.

İçəriyə ən az 1,95 m boyunda, Herakl kimi bir adam girdi. Paltarı, ingilislərə görə, zövqsüz sayılacaq qədər dəbdəbəli idi. Paltosunun qolları qızılı şəridlərlə bəzənmiş, alov rəngli ipək astarı olan plaşını da zümrüd sancaqla boynuna bərkitmişdi. Baldırına qədər uzanan çəkmələrini bəzəyən qəhvəyi xəz, geyimlərinin yaratdığı barbar zənginliyi tamamlayırdı. Bir əli ilə geniş kənarlı şlyapasını saxlayır, digər əli ilə yanaqlarından başlayaraq üzünün üst hissəsini gizlədən sehrbaz maskasını saxlamağa çalışırdı. Üzünün görünən hissəsindən güclü xarakterə sahib olduğu hiss olunurdu. İnadcıllıq dərəcəsinə çatan qərarlılığı göstərən sallaq dodaq və uzun, düz çənə.

– Məktubumu aldınız? – qalın, sərt səslə, hiss olunacaq alman aksenti ilə sual verdi, – Sizə gələcəyimlə bağlı xəbər göndərmişdim.

Kimə xitab edəcəyinə qərar verməmiş halda bir mənə, bir də Holmsa baxdı.

– Lütfən, əyləşin, – Holms dilləndi, – Sizi dostum və məsləkdaşım doktor Vatsonla tanış edim. Mənə işdə kömək edir. Kiminlə danışmaq şərəfinə nail olduğumu öyrənə bilərəmmi?

– Mənə Qraf fon Kramm deyə bilərsiniz, bohemiyalı əsilzadələrdənəm. Dostunuz olan bu cənabın etibarlı olduğuna inanıram. Əks təqdirdə sizinlə təklikdə görüşməyi seçərdim.

Getmək üçün qalxdım, fəqət Holms biləyimdən tutub kresloya doğru itələdi.

– İkimizi də qəbul etmirsinizsə, mən də olmayacağam, – Holms elan etdi, – Mənə söyləyəcəyiniz hər şeyi bu cənabın yanında deyə bilərsiniz.

Qraf enli çiyinlərini çəkdi:

– Elə isə başlayaq. Ancaq ikinizə də ikiillik gizlilik şərtimi xatırladıram, bu müddətdən sonra önəmi qalmayacaq. Amma hazırda Avropa tarixinə təsir edəcək hadisə haqqında danışacağımı desəm, şişirtmiş sayılmaram.

– Bu barədə mənə güvənə bilərsiniz, – Holms dilləndi.

– Mənə də, – əlavə etdim.

– Bu maskaya görə inciməyin, – qəribə qonağımız davam etdi, – Məni bura göndərən şəxs tanınmağımı istəmir. Onu da qeyd edim ki, özümü sizə təqdim edərkən istifadə etdiyim ad və titul da mənə aid deyil.

– Bunu başa düşmüşdüm, – Holms etinasızcasına dilləndi.

– Vəziyyət çox həssasdır və Avropanın kral xanədanlarından birini ciddi vəziyyətlərə salacaq ixtilafın baş verməməsi üçün hər cür tədbir görülməlidir. Açığı, bu məsələ Bohemiya xanədanı, Ormştayn sarayı ilə bağlıdır.

– Bunu da bilirdim, – kreslosuna çöküb gözlərini yummuş Holms donquldandı.

Qonağımıza Avropanın ən iti ağla və enerjiyə malik detektivi kimi təqdim edilən adamın indi kresloda axmaq kimi uzanmış halını görəndə çaşmışdı. Holms gözlərini yavaşca açaraq yekəpər müştərisinə səbirsizliklə baxdı.

– Əgər əlahəzrət əhvalata geri dönmək əziyyətini çəkərsə, – deyə sözə başladı, – Əlimdən gələni edərəm.

Qonaq dik atılaraq narahatlıqla otaqda o baş-bu başa vurnuxmağa başladı. Sonra ümidsiz ifadə ilə üzündəki maskanı çıxarıb yerə atdı.

– Haqlısınız, – deyə bağırdı, – Mən kralam. Niyə bunu gizlətməyə çalışım ki?

– Həqiqətən də, niyə? – Holms astadan donquldandı, – Əlahəzrət hələ danışmağa başlamamışdan Kassel-Felstaynın böyük knyazı, Bohemiya xanədanının kralı Vilhelm Gotsrayx Ziqsmund von Ormştaynla qarşılaşdığımı anlamışdım.

– Ancaq başa düşün, – qəribə qonağımız oturub alnını ovuşdurdu, – Bu cür işləri öz adımdan həll etməyə alışmamışam. Ancaq bu məsələ o qədər həssasdır ki, heç bir casusa inana bilməzdim. Sırf sizinlə söhbət etmək üçün gizlincə Praqadan bura gəlmişəm.

– O zaman, lütfən, danışın, – Holms yenidən gözlərini yumdu.

– Həqiqət belədir: təxminən beş il öncə Varşavaya uzun bir səyahətə çıxdım və bu səyahətdə məşhur macərapərəst İren Adlerlə tanış oldum. Ad hər halda sizə tanış gəldi.

– Təsadüfü görürsən, doktor? – Holms gözlərini açmadan dilləndi.

İnsanlar və əşyalarla bağlı illərlə topladığı məlumat sayəsində bir mövzu, ya da bir insan haqqındakı məlumatı sürətlə əldə edə bilirdi.

Qısa müddət ərzində bir yəhudi ravvin haqqında qeydlər ilə balıqçılıq haqqında məqaləsi olan mayor haqqında məlumatlar arasında axtardığım qadının bioqrafiyasını tapdım.

– Baxaq! – Holms əlavə etdi, – Hm-m! 1858-ci ildə Nyu-Cersidə doğulub. Kontralto… La Skala! Hm-m… Varşava Kral Opera Teatrında primadonna… Bəli… Opera səhnəsindən təqaüdə çıxıb. Aha… Londonda yaşayır. Dəqiq… Bildiyimə görə, əlahəzrət bu qadınla münasibətdə olub, ona bəzi təhlükəli məktublar göndərib və indi həmin məktubları geri almaq arzusundadır.

– Tamamilə doğrudur. Axı siz necə…

– Gizli evlilik olubmu? Hansısa rəsmi sənəd, yaxud şəhadətnamə?

– Xeyr.

– Elə isə əlahəzrəti başa düşməkdə çətinlik çəkirəm. Əgər bu gənc qadın məktubları şantaj və ya başqa məqsədlər üçün istifadə edəcəksə, orijinal olduqlarını necə sübut edəcək?

– Üstündə əlyazmam var.

– Oxşadıla bilməz?

– Amma xüsusi qeyd kağızım…

– Oğurlanıb.

– Şəxsi möhürüm?

– Surəti çıxarılıb.

– Bəs fotoşəklim?

– Satın alınıb.

– Əgər ikimiz birlikdə olan fotoşəkildirsə?

– Aman Tanrım! Bu çox pisdir! Əlahəzrət, həqiqətən, düşüncəsiz hərəkət edib.

– Dəli olmuşdum. Ağlım başımda deyildi.

– Özünüzü ciddi təhlükəyə atmısınız.

– O zaman vəliəhd idim. Çox gəncdim. İndinin özündə də otuz yaşındayam.

– Fotoşəkli geri almaq lazımdır.

– Cəhd elədik, amma alınmadı.

– Əlahəzrət pulunu ödəməklə, satın alınmalıdır.

– Satmaq istəmir.

– Elə isə oğurlasınlar.

– Beş dəfə cəhd edilib. Tutduğum oğrular iki dəfə evini soyub. Bir dəfə səyahətdə olanda çamadanını dəyişdirtdik. İki dəfə yolunu kəsdilər. Heç bir nəticə əldə edilmədi.

– Fotoşəkli görmüsünüz?

– Heç görməmişik.

Holms güldü:

– Olduqca xoş və kiçik məsələdir.

– Ancaq mənim üçün çox önəmlidir. Kral narahatlıqla dilləndi.

– Belə də olmalıdır. Qadın fotoşəkli nə edəcək?

– Məni məhv edəcək.

– Axı necə?

– Evlənməyə hazırlaşıram.

– Eşitmişdim.

– Skandinav kralının ikinci qızı Kotilde Lotman fon Saksen-Miningenlə. Ailəsinin qatı prinsiplərini bilirsiniz, bəlkə də. Gələcək həyat yoldaşım özü də çox həssas ruhludur. Sədaqətimlə bağlı ən xırda şübhə kölgəsi evlilik planlarımın sonu ola bilər.

– Bəs İren Adler?

– Onlara fotoşəkli göndərəcəyi ilə təhdid edir və bunu edəcək. Göndərəcəyini bilirəm. Siz onu tanımırsınız. Polad kimi sərt ruhu var. Üzü qadınların ən gözəli, ağlı isə kişilərin ən prinsipialıdır. Başqa bir qadınla evlənməyim deyə edə bilməyəcəyi iş yoxdur.

– Hələ ki göndərmədiyinə əminsiniz?

– Əminəm.

– Bəs sizcə, niyə indiyədək göndərməyib?

– Çünki nişanın rəsmən açıqlandığı tarixdə göndərəcəyini deyib. Bu da qarşıdakı bazar gününə düşür.

– Hələ üç günümüz var, – Holms əsnəyərək dilləndi, – Bu çox yaxşıdır, çünki hazırda bir neçə vacib işim var. Əlahəzrət bir neçə gün Londonda qalacaq, elə deyilmi?

– Əlbəttə. Məni “Lenghem”də Qraf fon Kramm adı ilə tapa bilərsiniz.

– Elə isə proses ilə bağlı sizə teleqram göndərəcəyəm.

– Lütfən, səbirsizliklə gözləyəcəyəm.

– Bəs pul məsələsi?

– Olduqca rahat olun. Xərcləməkdə sərbəstsiniz.

– Tamamilə?

– Sizə belə izah edim: o fotoşəkli əldə etmək üçün krallığımın əyalətlərindən birini verərdim.

– Bəs xərclər üçün?

Kral plaşının altından dəri çanta çıxarıb masanın üstünə qoydu:

– Üç yüz qızıl və yeddi yüz banknot var, – dedi.

Holms dəftərin vərəqinə bir qəbz yazaraq ona uzatdı:

– Madmazelin ünvanı? – deyə sual verdi.

– Brioni qəsri, Serpentine prospekti, Sent-Consvud.

– Son sual. Fotoşəkil böyük ölçülüdür?

– Bəli.

– Elə isə gecəniz xeyrə qalsın, əlahəzrət, sizə tezliklə gözəl xəbərlər gətirəcəyimə inanıram.

Krallıq faytonu yola düşəndə mənə tərəf döndü:

– Sənin də gecən xeyrə, Vatson. Əgər sabah günortadan sonra saat üçdə bizə gəlsən, bu kiçik məsələ ilə bağlı söhbət edə bilərik.

II

Ertəsi gün üç tamamda Beyker küçəsində idim, ancaq Holms hələ qayıtmamışdı. Ev sahibi saat səkkizdən sonra çıxdığını dedi. Gözləməyə qərar verərək buxarının yanında oturdum. Bu araşdırma çox diqqətimi çəkmişdi. Düzü, əvvəl danışdığım iki hekayədəki qəribə və qaranlıq xüsusiyyətlər yox idi. Amma məsələnin təbiəti və müştərinin yüksək mövqeyinə görə dolayısı ilə bu hekayənin özünəməxsus forması vardı. Aparılan araşdırmalardan daha çox, dostumun hadisələrə vaqif olması, kəskin ağlı və iş sistemi, ən qarmaqarışıq sirləri sürətli, mükəmməl üsulları ilə çözməsi məni çəkirdi.

Qeyd-şərtsiz uğuruna o qədər alışmışdım ki, uğursuzluq ehtimalı ağlımdan da keçmirdi.

Saat dördə az qalmış qapı açıldı və qırmızı üzlü, pis geyinmiş, sərxoş görkəmli mehtər otağa girdi. Dostumun cilddən-cildə girmək məsələsində xüsusi qabiliyyətləri olduğunu bilməyimə rəğmən, Holms olduğuna əmin olana qədər onu diqqətlə nəzərdən keçirmək məcburiyyətində qaldım. Mənə salam verib yataq otağına girdi və beş dəqiqə sonra hər zamanki təmiz və səliqəli paltarları ilə çıxdı. Əllərini cibinə soxub buxarının qarşısında ayaqlarını uzatdı və bir neçə dəqiqə qəhqəhə çəkərək güldü.

– Ola bilməz, – deyə bağırdı və nəhayət, heydən düşənə qədər gülməyə başladı.

– Necə oldu?

– Çox əyləncəli. Əminəm ki, sabahdan bəri nə ilə məşğul olduğumu təxmin edə bilməzsən.

– Təxmin edə bilmirəm. Düşünürəm ki, xanım İren Adlerin vərdişlərini, kim bilir, bəlkə də, evini müşahidə edirdin.

– Demək olar ki. Amma proses olduqca qəribə idi. Sənə danışacağam, onsuz da. Bu gün səhər səkkizdə işdən çıxmış mehtər cildində evdən çıxdım. Mehtərlərə hər zaman rəğbət ilə yanaşırlar. Onlardan biri olsan, istədiyin çox şeyi öyrənə bilərsən. Brioni qəsrini dərhal tapdım. Arxasında bağçası olan, önü küçəyə baxan iki mərtəbəli gözəl bir villa idi. Qapısından böyük qıfıl asılmışdı. Evin sağ tərəfindəki zalın, az qala, yerə çatan uzun pəncərələrinin qıfılları isə uşaqların belə aça biləcəyi gündə idi. Arxadan, yan tərəfdəki fayton dayanacağının taxtapuşundan evin dəhlizinə keçmək mümkündür. Başqa diqqət çəkəcək heç nə gözə dəymirdi. Ətrafında fırlanıb hər künc-bucağı araşdırdım, amma diqqət çəkən heç nə görmədim.

Sonra küçə ilə aşağı düşərkən bağçanın bir divarının başqa küçəyə baxdığını fərq etdim. Atları qaşovlamaqda mehtərlərə kömək etmək qarşılığında bir az pul, bir stəkan içki, iki eşməlik sərt tütün və xanım Adler haqqında mənə lazım olacaq qədər məlumat əldə etdim. Təbii ki, fürsətdən istifadə edib qonşuluqda yaşayan, məni, ümumiyyətlə, maraqlandırmayan insanların həyat hekayələrini də dinləməyə məcbur oldum.

– Yaxşı, İren Adler haqqında nə öyrənə bildin?

– Bu mövzuda hamının ağzının suyu axır. “O bu kainatda ən sevimli canlıdır” – adamlardan biri belə deyirdi. Sakit həyatı var. Konsertlərdə mahnı ifa edir, hər gün saat beşdə evdən çıxır və düz yeddidə axşam yeməyi üçün geri dönür. Mahnı oxumayacağı vaxtlarda nadir hallarda evdən çıxır. Yanına cəmisi bir adam gəlib-gedir, o da kişidir. Əsmər, yaraşıqlı bir adamdır. Gündə ən azı bir dəfə, ən çoxu iki dəfə gəlirmiş. Templdən3 Qodfi Norton adlı biri. Faytonçularla dost olmağın faydası budur. Adamı bir neçə dəfə Burden Serpentine küçəsindən evə aparıblar və onun haqqında hər şeyi bilirlər. Danışdıqlarına qulaq asdıqdan sonra Brioni qəsrinin qarşısında sonuncu dəfə dolaşdım və tətbiq edəcəyim planı düşündüm. Bu Qodfi Nortonun məsələdə önəmli rolu olması aydındır. Vəkil olduğunu deyirdilər, mənə maraqlı gəldi. Aralarındakı münasibət və tez-tez gəlib-getməkdə məqsədi nə idi? Xanım onun müştərisidirmi, dostudurmu, yoxsa aşnasıdırmı? Əgər birincisidirsə, fotoşəkli ona əmanət edə bilərdi. Əgər deyilsə, bunu etmək ehtimalı azdır. Bu sualın cavabı araşdırmanı Brioni qəsrində, yoxsa o adamın işlədiyi Templdə davam etdirməyim üçün əhəmiyyətli olacaqdı. Önəmli bir nöqtədə idim və bu da araşdırmanı genişləndirirdi. Mənə elə gəlir ki, səni bu təfərrüatlarla sıxdım, ancaq vəziyyəti başa düşməyin üçün kiçik problemləri sənə danışmağım çox önəmli idi.

– Səni diqqətlə dinləyirəm, – deyə cavab verdim.

– Elə bu məsələni beynimdə təhlil edirdim ki, Brioni qəsrinə fayton gəldi və içindən bir cənab çıxdı. Qartal burunlu, bığlı, əsmər və yaraşıqlı adamdı. Bəlli idi ki, haqqında danışdıqları adam bu idi. Tələsən adama oxşayırdı. Faytonçuya gözləməsini tapşırdı və sanki öz evinə girirmiş kimi, qapını açan xidmətçinin yanından sürətlə keçib içəri girdi.

Evə girdiyi yarım saat olmuşdu: zalın pəncərəsindən adamın otaqda gəzməyini, həyəcanlı-həyəcanlı danışmasını, əl-qolunu yellətməyini görə bilirdim. Qadını görmədim. Nəhayət, adam əvvəlkindən daha tələsik çölə çıxdı. Faytona minərkən cibindən qızıl saatını çıxarıb baxdı. “Dəlicəsinə sür, – deyə bağırdı, – Əvvəlcə Recent küçəsində “Gross&Hankey”də, sonra da Edcver yolundakı Müqəddəs Monika kilsəsinə. İyirmi dəqiqəyə getsən, on peni alacaqsan”.

Gözdən itdilər. “Onları təqib edimmi?” – düşünərkən yolun yuxarısından pencəyinin düymələri açıq, qalstuku qulağının arxasına keçmiş sürücüsü olan kiçik fayton gəldi. Evin qarşısında dayanmamış, qapıdan bir qadın sıçrayaraq faytonun içinə atıldı. Onu bir anlıq gördüm. Amma bir kişinin uğrunda ölə biləcəyi qədər gözəl olduğunu deyə bilərəm. “Müqəddəs Monika kilsəsinə, Con! – deyə bağırdı, – İyirmi dəqiqəyə çatsan, bir qızıl alacaqsan”.

Bu fürsəti əldən vermək olmazdı, Vatson. Nə edəcəyimi düşünərkən daha bir fayton gəldi. Faytonçu görkəmimə tərs-tərs baxdı, ancaq etiraz etməsini gözləmədən faytona atıldım. “Müqəddəs Monika kilsəsi, – dedim və əlavə etdim, – İyirmi dəqiqəyə çatdırsan, bir qızıl alacaqsan”. Saat on ikiyə iyirmi beş dəqiqə vardı və üfüqdə məni nələrin gözlədiyini az-çox hiss edirdim.

Fayton az qala uçurdu, nə vaxtsa bu qədər sürətli getdiyimi yadıma sala bilmirəm. Amma o birilər bizdən öndə idi və kilsəyə çatanda onların faytonu qapının qarşısında dayanmışdı. Arabaçının pulunu verib kilsəyə girdim. İçəridə təqib etdiyim iki nəfər və ağ cübbəli bir keşişdən başqa heç kəs yox idi. Üçü də mehrabın önündə durmuşdu. Kilsəyə gəlmiş adam kimi, yan dəhlizdəki skamyaların birində oturdum. Birdən mehrabdakılar üzünü mənə tərəf çevirdi və Qodfi Norton sürətlə mənə tərəf qaçmağa başladı.

– Nə var? – deyə soruşdum.

– Gəlin, cənab, sadəcə üç dəqiqəniz gedəcək, yoxsa qanuni sayılmayacaq. Tanrıya şükür! – deyə bağırdı, – Oldu! Gəlin, gəlin!

Az qala, sürüyə-sürüyə məni mehraba apardı. Hələ harda olduğumu belə başa düşməmiş qulağıma pıçıldanan suallara cavab verəndə ayıldım. Bilmədiyim şeylərə and içirdim. İren Adler və Qodfi Nortonun evlənmələrinə kömək etdim. Hər şey bir anda başladı və bitdi. Bir yanımda cənab, bir yanımda xanım mənə təşəkkür edərkən keşiş təbəssümlə mənə baxırdı. Ömür boyu içinə düşdüyüm ən ağlasığmaz vəziyyət idi və məni az öncə güldürən bunu xatırlamağım idi. Aydın olurdu ki, evliliklə bağlı sənədlərin bəzilərində problem vardı və keşiş şahidsiz onları evləndirməyi qətiyyətlə rədd etmişdi.

Ortalığa çıxmağım nəticəsində küçədə münasib adam axtarmaq məcburiyyətində qalmamışdılar. Gəlin mənə bir qızıl verdi. Bu qızılı hadisədən xatirə olaraq saatımın zəncirinə bağlayacağam.

– Bu, tamamilə gözlənilməz inkişafdır, – dedim, – Sonra nə oldu?

– Bəli, planlarımın məhv olma təhlükəsi vardı. Cütlüyün tezbazar gedəcəklərini düşünürdüm, sürətli və çevik tədbir görməli idim. Ancaq kilsənin qarşısında birdən-birə ayrıldılar: kişi Templə, qadın da evinə doğru yola düşdü. “Hər zamankı kimi saat beşdə parkda olacağam” – qadın ayrılanda dilləndi. Başqa heç nə eşitmədim. Onlar müxtəlif istiqamətlərə getdilər, mən də öz planlarıma qayıtdım.

– Planın nədir?

– Bir az soyuq bifşteks və bir stəkan pivə, – deyə cavab verib zəngi basdı, – Yemək düşünməyəcək qədər məşğul idim və deyəsən, bu axşam daha çox məşğul olacağam. Yeri gəlmişkən, doktor, köməyinizə ehtiyac duyacağam.

– Məmnuniyyətlə.

– Qanunları pozmaq səni narahat edir?

– Problem yoxdur.

– Bəs həbs olunmaq təhlükəsi?

– Ciddi bir səbəb varsa, o da problem deyil.

– Səbəbi mükəmməldir.

– Elə isə əmrindəyəm.

– Sənə güvənməkdə yanılmamışam.

– Yaxşı, istəyin nədir?

– Xanım Turner tabağı gətirəndə sənə hər şeyi izah edəcəyəm.

Tabaq gəldi.

Ev sahibinin gətirdiklərinə doğru əyildi:

– Bunu yeyərkən danışmalıyıq, çünki vaxtımız çox deyil. Saat beş olur. İki saata qədər hadisə yerində olmalıyıq. Madmazel İren, daha doğrusu, madam saat yeddidə gəzintidən dönəcək. Onunla görüşmək üçün Brioni qəsrində olmalıyıq.

– Bəs sonra?

– Sonrası mənim işimdir. Hər şeyi təşkil etmişəm. Önəmli nüans var. Necə olur-olsun, hadisələrə qarışmamalısan, başa düşdün?

– Tərəf saxlamamalıyam?

– Yəqin ki, bəzi narahatlıqlar olacaq. Sən müdaxilə etmə. Mübahisənin sonunda məni evə aparacaqlar. Dörd-beş dəqiqə sonra zalın pəncərəsi açılacaq. Sən bu açıq pəncərənin yanında olmalısan.

– Oldu.

– Məni müşahidə edəcəksən: görə biləcəyin mövqedə olacağam.

– Oldu.

– Əlimi qaldıranda – bax belə – sənə atmaq üçün verdiyim şeyi otağın içinə atacaqsan və “Yanğın!” – deyə bağırmağa başlayacaqsan. Başa düşdün?

– Əlbəttə.

– Qorxulu bir şey yoxdur, – dedi. Cibindən siqar şəklində sarılmış bir şey çıxardı.

– Sadə tüstü bombasıdır. Hər iki ucundakı başlıqlar öz-özünə alışmasına şərait yaradır. İşin bundan ibarətdir. Sən bağırmağa başlayanda adamlar qaça-qaça gələcəklər. O zaman küçənin axırına doğru gedərsən və mən də on dəqiqə içində sənə qoşularam. Lazımınca başa düşdünmü?

– Mən müdaxilə etməyəcəyəm, pəncərənin yanında dayanacağam, səni müşahidə edəcəyəm. İşarə verəndə bunu atacağam, “Yanğın!” – deyə qışqıracağam və sonra səni küçənin tinində gözləyəcəyəm.

– Tamamilə doğrudur.

– Elə isə mənə etibar edə bilərsən.

– Əla! Düşünürəm ki, artıq oynayacağım rola hazırlaşmağın vaxtı çatdı.

Yataq otağına keçdi və beş dəqiqə sonra sevimli, saf rahib cildində çölə çıxdı. Geniş, qara şlyapası, geniş şalvarı, ağ boyunluq, şirin təbəssümü və xüsusi olaraq xoşməramlı baxışları ilə rola girmişdi. Holms təkcə geyimini dəyişdirməmişdi. İfadəsi, davranışı və hətta ruhu belə girdiyi obraza bürünmüşdü. Detektiv olmağı seçdiyi üçün səhnələr bacarıqlı bir aktyoru, elm isə alimi itirmişdi.

Beyker küçəsindən çıxanda yeddiyə iyirmi dəqiqə işləyirdi. Serpentine küçəsinə çatanda hələ on dəqiqəmiz var idi. Çoxdan qaranlıq çökmüşdü. Sahibinin gəlişini gözləyən Brioni qəsri önündə o tərəf-bu tərəfə gəzişdik. Küçə lampalarını yandırmağa başlamışdılar. Ev Holmsun bəhs etdiyi kimi idi. Ancaq ətraf daha dinamik idi. Bir qrup faytonçu küncdə siqaret çəkib gülüşür, iki qvardiyaçı bir tibb bacısı ilə söhbətləşir, yaxşı geyinmiş bir neçə gənc damaqlarında siqar küçədə gəzişirdilər.

– Başa düşürsən də, – Holms evin qarşısında gəzişərkən sözə başladı, – Bu evlilik hər şeyi açıqlayır. Fotoşəkil artıq ikibaşlı silahdır. Müştərimiz kraliçanın görməsini istəmədiyi kimi, xanım Adler də cənab Qodfret Nortonun görməsini istəməyəcək. İndi əsas sual budur: fotoşəkli hardan tapa bilərik?

– Doğrudan da, hardan?

– Yanında gəzdirməsi mümkün deyil. Çünki fotoşəkil böyük ölçülüdür. Bir qadının paltarları ilə gizlədə bilməyəcəyi qədər böyükdür. Qaldı ki, kralın yolunu kəsdirib onların üst-başında axtartdıra biləcəyini bilirlər. Buna bənzər iki cəhd olub. Elə isə özü ilə gəzdirmədiyini qəbul edə bilərik.

– Elə isə hardadır?

– Bankirində və ya vəkilində. Belə ehtimal var. Amma hər ikisində də ola bilməz, məncə. Qadınlar gizliliyə önəm verirlər və öz sirlərini özləri ört-basdır edirlər. Niyə başqasına versin ki? Belə vəziyyətdə ancaq özünə güvənə bilər, çünki bu məsələni heç kəsə açıqlaya bilməz. Xüsusilə bir neçə günə istifadə etməyə qərar verdiyini unutma. Əlinin altında olmalıdır. Yəni ki evdədir.

– Amma ev iki dəfə soyulub.

– Yox əş-şi, hara baxmaq lazım olduğunu bilməyiblər.

– Bəs sən hara baxacaqsan?

– Mən baxmayacağam.

– Nə edəcəksən?

– Onun göstərməyini gözləyəcəyəm.

– Ancaq razı olmaz.

– Razılıq verməyinə ehtiyac olmayacaq. Təkərlərin səsini eşidirəm. Bu onun arabasıdır. İndi isə iş başına. Təlimatlarımı olduğu kimi yerinə yetir.

Elə bu dəm küçənin tinində işıq göründü. Kiçik bir fayton Brioni qəsrinin qarşısında dayandı. Küncdəki avaralardan biri bəxşiş almaq üçün faytonun qapısını açmaq məqsədilə irəli atıldı. Ancaq eyni şeyi düşünən başqa avara onu itələyib önə keçdi. Buna görə də ikisi dalaşmağa başladı. Davaya əvvəlcə qvardiyaçılar, sonra gənclər və bülövçü4 qatıldı. Arabadan enən xanım davanın içinə düşdü. Bunu görən Holms xanımı xilas etmək üçün kütlənin içinə soxuldu, ona yenicə çatmışdı ki, çığırıb yerə uzandı. Üzündən qan axırdı. Holms yıxılan kimi, gənclər, qvardiyaçılar başqa-başqa istiqamətlərə dağılışdı. Davanı müşahidə edən bir neçə yaxşı geyimli insan, xanıma və yaralı adama kömək etmək üçün toplandılar. İren Adler – ona belə xitab edəcəyəm – sürətlə pilləkənləri çıxdı, amma içəri girməmişdən öncə yuxarıda ayaq saxlayıb küçəyə baxdı.

– Zavallının yaraları ciddidir?

– Ölüb, – deyə bir neçə adam bağırdı.

– Xeyr, xeyr, hələ yaşayır, – digərləri səs-küy saldılar.

– Amma xəstəxanaya çatmamış ölər.

– Cəsur adamdır, – bir qadın dedi, – Əgər özünü yetirməsəydi, xanımın çantasını və saatını alacaqdılar. Onlar bir dəstədir. Ah, görürsünüz, nəfəs almağa başladı.

– Küçədə belə uzanıb qala bilməz. Evə gətirəkmi, xanım?

– Əlbəttə. Zala çıxarın. Orda rahat divan var. Burdan, lütfən.

Böyük diqqətlə Holmsu Brioni qəsrinə aparmalarını və zala yerləşdirmələrini pəncərənin altından, olduğum yerdən müşahidə edə bilirdim.

Lampalar yandırıldı. Panjurlar endirilmədiyi üçün divana uzadılmış Holmsu aydınca görürdüm. Oynadığı rola uyğun olaraq, həqiqətən, zərbə alıb-almadığını bilmirdim. Ancaq tələ qurduğumuz bu qadının gözəlliyini və yaralı adama göstərdiyi incəliyi, diqqəti görüncə etdiyim işdən çox utandım. Ancaq mənə verdiyi roldan imtina Holmsa ən böyük xəyanət ola bilərdi. Bu düşüncələri başımdan qovub pencəyimin cibindən tüstü bombasını çıxardım. “Qadına ki zərər vurmuruq” – düşündüm. Sadəcə başqalarına zərər vurmasının qarşısını almağa çalışırdıq.

Holms divanda dikəldi və sanki nəfəsi kəsilirmiş kimi, çabalamağa başladı. Xidmətçilərdən biri sürətlə yüyürüb pəncərəni açdı. O anda Holms əlini qaldırdı və bu siqnala uyğun olaraq bombanı otağa atıb “Yanğın!” – bağırmağa başladım. Ətrafdakı adamlar da səsimə səs verdilər. Otaqdan yüksələn qatı tüstü, pəncərədən çölə çıxmağa başlamışdı. Bir anlıq qaçışan insanlar gördüm. Çox keçmədən Holms çıxdı və qələbəliyə yanğın olmadığını elan etdi. Çığır-bağır salan qələbəliyin arasından keçib küçənin sonuna doğru addımladım. On dəqiqə keçməmiş dostumun qoluma girdiyini hiss etdim. Edcever yolunun sahibsiz küçələrindən birinə dönənə qədər səssizcə addımladıq.

– Çox əla işlədin, doktor, – Holms dedi, – Bundan yaxşı mümkün ola bilməz. Hər şey qaydasındadır.

– Fotoşəkli götürə bildin?

– Harda olduğunu bilirəm.

– Bunu necə öyrəndin?

– Əvvəldən sənə demişdim ki, qadın özü göstərəcək.

– Hələ də heç nə başa düşməmişəm.

– Sirr pərdəsi qalsın, istəmirəm, – güldü, – Məsələ çox sadədir. Küçədəki adamların bu axşam üçün hazırlanmış aktyorlar olduğunu başa düşmüsən, yəqin ki?

– Bunu təxmin etmişdim.

– Elə isə davam edirəm. Dava düşəndə ovcumun içində qırmızı boya vardı. İrəli atıldım və yerə yıxıldım. Əlimi üzümə sürtdüm və acınacaqlı görüntü yaratdım. Köhnə nömrələrimdəndir.

– Bunu da başa düşmüşdüm.

– Sonra məni içəri apardılar. Həm də ən çox şübhələndiyim zala apardı. Yataq otağını da görə bildiyim üçün hansı otaqda gizlədiyini başa düşəcəkdim. Məni divana uzatdılar. Özümü təngnəfəs kimi göstərib pəncərəni açdırdım və sənə tüstü bombasını atmağa şərait yaratdım.

– Bunun nə xeyri oldu?

– Ən önəmlisi bu idi. Bir qadın evində yanğın baş verəndə qeyri-iradi olaraq ən çox dəyər verdiyi əşyaya doğru qaçır. Çünki bu, güclü instinktdir və eyni üsuldan əvvəlcə Darlinqton skandalında və “Arsvors sarayı” işində istifadə etmişdim. Evli qadın uşağı götürür, subay qadın zinət qutusunu. Bu hadisədə isə bu qadın üçün ən dəyərli şeyin axtardığımız şəkil olması aydın idi. Onu xilas etmək istəyəcəkdi. Tüstü və bağırtılar polad kimi sinirləri də sarsıtmağa kifayət edərdi. Fotoşəkil zəngin üstündəki bölmənin arxasında gizlədilib. Gurultunu eşidən kimi dərhal ora qaçdı və fotoşəkli çıxardı. Boş yerə səs-küy salındığını deyəndə onu yerinə qoydu və otaqdan çıxdı. Onu daha görmədim. Yerimdən qalxdım, üzr istədim və evdən çıxdım. Fotoşəkli götürüb-götürməməklə bağlı tərəddüd etdim. Ancaq faytonçunun məni izlədiyini görəndə gözləməyin daha etibarlı olacağı qərarına gəldim. Bir az tələskənlik hər şeyi poza bilərdi.

– Bəs indi nə olacaq?

– Araşdırmamız uğurla yekunlaşdı. Sabah kral və səninlə – əgər gəlmək istəsən – ora gedəcəyik. Xanımı zalda gözləyəcəyik, fəqət gələndə nə bizi, nə də fotoşəkli tapa biləcək. Əlahəzrət bundan çox məmnun olacaq.

– Saat neçədə orada olacağıq?

– Səhər səkkizdə. O saatda hələ yuxuda olur və bu da bizə vaxt qazandırır. Eyni zamanda tələsməliyik. Çünki evlilik həyatında və vərdişlərində böyük dəyişikliklərə yol aça bilər. Ləngimədən krala teleqram göndərim.

Beyker küçəsinə çatıb qapıda dayandıq. Holms cibində açarları axtararkən ordan keçən biri:

– Gecəniz xeyir, cənab Şerlok Holms, – dedi.

Küçədə çoxlu adamlar vardı, ancaq bu səs küçədən sürətlə keçən gəncdən gəlirdi.

– Bu səsi əvvəllər də hardasa eşitmişəm, – Holms yarıqaranlıq küçəyə baxa-baxa mızıldandı, – Kim olduğunu bilmək istərdim.

III

O gecə Beyker küçəsində qaldım. Səhər tost və qəhvədən ibarət səhər yeməyimizi yeyərkən Bohemiya kralı otağa girdi.

– Onu almağı, həqiqətən, bacardınız? – deyə bağırdı və Şerlok Holmsun çiynindən tutub üzünə xoşbəxtliklə baxdı.

– Hələ yox.

– Amma ehtimal böyükdür, elə deyil?

– Bəli, böyük ehtimalla.

– Elə isə gəlin. Səbirsizliklə getmək istəyirəm.

– Fayton çağırmağımız lazımdır.

– Ehtiyac yoxdur. Faytonum aşağıda gözləyir.

– Elə isə gedək.

Aşağı endik və yenidən Brioni qəsrinə doğru yollandıq.

– İren Adler evləndi, – Holms sözə başladı.

– Evləndi? Nə vaxt?

– Dünən.

– Kiminlə?

– Norton adlı ingilis vəkil ilə.

– Ancaq onu sevə bilməz.

– İnanıram ki, sevir.

– Niyə?

– Çünki belə olduqda əlahəzrətin gələcəkdə baş verəcək hadisələrdən qorxmasına ehtiyac qalmır. Əgər qadın ərini sevirsə, demək, əlahəzrəti sevmir. Əlahəzrəti sevmirsə, onun planlarına müdaxilə etmək üçün ehtiyac qalmaz.

Bu dəm Brioni qəsrinin qapısı açıldı və pilləkənlərin başında yaşlı qadın göründü:

– Cənab Şerlok Holms, eləmi?

Holms maraqla və olduqca çaşqın ifadə ilə qadına baxa-baxa qalmışdı:

– Bəli, cənab Holms mənəm.

– Gözəl! Xanım gələcəyinizi demişdi. Özü bu gün səhər əri ilə 05:15 qatarı ilə Çerinq Kross vağzalından Amerikaya yola düşdü.

– Nə? – Şerlok Holms geriyə doğru səndələdi. Üzü kədərdən və çaşqınlıqdan ağappaq olmuşdu.

– İngiltərədən getdilər?

– Bir daha dönməmək şərti ilə.

– Bəs sənədlər? – kral sərt şəkildə soruşdu, – Uduzduq!

– Bilmək olmaz, – Holms xidmətçini itələyib zala girdi. Kral və mən də arxasınca içəri soxulduq. Ora darmadağın idi. Mebellər sağa-sola aşmışdı. Rəflər və siyirmələr boşaldılmışdı. Qadın sanki qaçmamış hər şeyi talan etmişdi. Holms zəngə doğru atıldı. Zəngin üstündəki kiçik bölməni açdı və əlini soxub bir fotoşəkil və məktub çıxardı. İren Adlerin gecə paltarında çəkilmiş şəkli idi. Məktubun üstündə, “Şerlok Holmsa: özü gəlib istəyənə qədər açılmayacaq” – yazılmışdı.

Dostum zərfi cırıb məktubu açdı və üçümüz birlikdə oxumağa başladıq. Bir gün öncə, gecə yazılmışdı və belə deyilirdi:

ƏZİZİM CƏNAB ŞERLOK HOLMS!

Həqiqətən, çox peşəkardınız. Məni necə lazımdır, tələyə saldınız. Yanğın məsələsinə qədər heç nədən şübhələnməmişdim. Öz planlarımın necə pozulduğunu anlayanda düşünməyə başladım. Aylar əvvəl məni sizinlə bağlı xəbərdar etmişdilər. Mənə, “Kral bir detektiv tutmalı olsa, mütləq sizə müraciət edəcək” – demişdilər. Ünvanınızı da mənə vermişdilər. Ancaq yenə də yerini öyrənmək istədiyiniz şeyin yerini mənim göstərməyimi təşkil etdiniz.

Elə sevimli, yaşlı keşişdən pislik gələ biləcəyindən heç şübhələnməmişdim. Amma bildiyiniz kimi aktyorluq təhsilim var. Kişi kostyumlarına öyrəncəliyəm. Yaratdığı rahatlıqdan dəfələrlə faydalanmışam. Arabaçım Cona sizi izləməsini tapşırdım, sonra yuxarı çıxıb gəzinti paltarlarımı geyindim və siz çıxarkən aşağı endim.

Sizi qapınıza qədər izlədim. Beləliklə, həqiqətən də, məşhur Şerlok Holmsun “qonağım” olduğunu tam dəqiqliyi ilə başa düşdüm. Bir az da ehtiyatsızcasına sizə, “Gecəniz xeyir” – dedikdən sonra ərimi görmək üçün Templə getdim. Onunla məsləhətləşdikdən sonra belə qorxunc rəqibin qarşısında ən yaxşı yolun qaçmaq olduğu qərarına gəldik. Ona görə də sabah gələndə yuvanı boş görəcəksiniz. Fotoşəklə gəldikdə isə, müştərinizin qəlbi rahat olsun. Ondan daha yaxşı kişini sevirəm və o da məni sevir. Kral istədiyini edə bilər. Fotoşəkli isə gələcəkdə mənə qarşı yönələcək hansısa hərəkətə qarşı silah olaraq istifadə etmək üçün yanımda saxlayacağam. Onun əvəzinə saxlamaq istəyəcəyi fotoşəkil qoyuram. Sizə də sevgilərimi bildirirəm, cənab Şerlok Holms.

İREN NORTON-ADLER.

Məktub bitəndə Behemiya kralı:

– Bu necə qadın imiş, Tanrım? – deyə bağırdı, – Sizə nə qədər cəld və prinsipial olduğunu demişdim. Necə mükəmməl kraliça ola bilərdi! Yanımda olmaması, çox pis oldu, elə deyilmi?

– Belə başa düşürəm ki, xanım əlahəzrətdən fərqli səviyyədədir, – Holms soyuqqanlılıqla dedi, – Əlahəzrətin işini uğurla tamamlaya bilmədiyim üçün üzgünəm.

– Əksinə, əziz cənab, – kral dilləndi. Bundan daha müvəffəqiyyətli ola bilməzdiniz. İrenin sözübütövlüyünə inanıram. Fotoşəkil etibarlı əllərdədir.

– Əlahəzrətin sözləri məni məmnun etdi.

– Sizə nə qədər borclu olduğumu izah edə bilmərəm. Lütfən, sizi necə mükafatlandıracağımı deyin. Bu üzük… – Barmağından bir üzük çıxarıb Holmsa uzatdı.

– Əlahəzrətdə mənim üçün daha dəyərli şey var, – Holms dedi.

– Deməyiniz kifayətdir.

– Bu fotoşəkil.

Kral təəccüblə ona baxdı:

– İrenin fotoşəkli? – deyə bağırdı, – Əlbəttə, əgər istəyirsinizsə, buyurun.

– Əlahəzrətə təşəkkür edirəm. Elə isə görəcəyimiz başqa iş qalmadı. Sizə uğurlar diləyirəm, – kralın önündə baş əydi və ona uzanan ələ diqqət yetirmədən arxasını çevirib evə doğru yönəldi.

Bu Bohemiya krallığını təhdid edən böyük qalmaqalın və Şerlok Holmsun bir qadının zəkasına məğlub olmasının hekayəsi idi. O gündən bəri qadınların zəkası ilə bağlı zarafat etdiyini eşitmədim. İren Adlerin fotoşəklini saxlayır, ondan söz düşəndə isə deyirdi: “O ləyaqətli qadındır!”

BOSKOMB VADİSİNİN SİRRİ

Arvadımla səhər yeməyi yeyərkən xidmətçi qız bir teleqram gətirdi. Teleqram Şerlok Holmsdan idi:

“Mənə ayıracaq bir neçə günün var? İngiltərənin qərbindən Boskomb vadisi faciəsi ilə bağlı teleqram almışam. Mənimlə gəlsən, çox sevinərəm. Hava və mənzərə mükəmməl olacaq. 11:15 qatarı ilə Paddinqtondan çıxıram”.

Arvadım mənə baxdı:

– Nə deyirsən, həyatım? Gedəcəksən?

– Nə deyəcəyimi, həqiqətən, bilmirəm. Bu dəqiqə görməli olduğum çoxlu işim var.

– Anstruser həll edər. Son zamanlarda rəngin solğunlaşıb. Məncə, bu dəyişiklik sənə xoş təsir bağışlayacaq. Həm də cənab Holmsun macəraları səni hər zaman maraqlandırır.

– Bu macəralardan çox şey öyrəndiyimi inkar edə bilmərəm, – deyə cavab verdim, – Əgər gedəcəyəmsə, tezbazar hazırlaşmalıyam, çünki cəmi yarım saatım var.

Düşərgə qurmaq mövzusunda Əfqanıstanda əldə etdiyim təcrübə sayəsində sürətli və hər zaman hazır səyyah sayılıram. Yalnız bir neçə əşyaya ehtiyacım olduğu üçün qısa müddətdə hazırlaşıb faytona minərək Paddinqton stansiyasına yollandım. Ora çatanda Şerlok Holms perronda var-gəl edirdi. Onsuz da, uzun və arıq olan bədəni geydiyi uzun, boz səfər plaşı və ona uyğun şlyapası ilə daha da uzun görünürdü.

– Gəlməyin çox yaxşı oldu, Vatson, – dedi, – Yanımda tam etibar edə biləcəyim adamın olması çox əhəmiyyətlidir. Yerli orqanlar hər zaman ya fərasətsiz, ya da çox qərəzli olur. Sən küncdə bir yer saxla, mən də biletləri alım.

Holmsun yanında gətirdiyi böyük sənəd yığınını çıxsaq, bütün kupe bizə aid idi. Bunları araşdırır, hərdənbir qeydlər götürür və düşünürdü. Ridinqi keçmişdik ki, kağızları dəstələyib üst rəfə qoydu.

– Hadisə haqqında nə bilirsən?

– Heç bir şey. Bir neçə gündür, qəzet oxumurdum.

– London mətbuatı çox detallı məlumat verməyib, onsuz da. Elə indi qəzetlərin son saylarının lazımlılarını ayırd etməklə məşğul idim. Məncə, bu da son dərəcə sadə görünən çətin problemlərdən biridir.

– Bu, bir az ziddiyyətli izahat deyilmi?

– Amma belədir. Bir məsələnin başqalarından fərqli olması hər vaxt yaxşı ipucudur. Halbuki məsələ nə qədər məzmunsuz və adidirsə, həll etmək o qədər çətin olur. Burada isə öldürülən adamın oğluna qarşı ciddi iddia qaldırılıb.

– Elə isə qətldir?

–Elə olduğu iddia edilir, deyək. Şəxsən araşdırmadan heç bir şeyi qəbul edə bilmərəm. Əvvəl məsələni sənə mənim də bildiyim qədərilə, bir neçə sözlə izah edim.

Boskomb vadisi Herefordşirdə, Ross yaxınlığında səhralıq bölgədir. Bu bölgədəki ən böyük torpaq sahibi bir müddət Avstraliyada çalışıb pul qazandıqdan sonra köhnə məmləkətinə dönən cənab Con Turner adlı şəxsdir. Haserleydəki fermasını özü kimi Avstraliyadan gəlmə cənab Çarlz Makkarti adlı bir adama verib. Bir-birlərini koloniyadan tanıdıqları üçün harasa köçərkən bir-birlərinə yaxın olmaq istəmələri təbiidir. Turner daha imkanlı olduğu üçün Makkarti kirayəçi kimi qalıb. Amma tez-tez birlikdə olmalarından aydın olur ki, indiyə qədər aralarında hansısa problem yaşanmayıb. Makkartinin on səkkiz yaşında bir oğlu, Turnerin də eyni yaşlarda bir qızı varmış: ikisinin də arvadı çoxdan ölüb. Ətrafdakı ingilis ailələrindən uzaq, özləri üçün yaşayırlarmış. Makkartilər idmana meyilli olduqlarından tez-tez ətrafdakı at yarışlarında görünürmüşlər. Makkartinin orta yaşlı kişi və gənc qız olmaqla iki, Turnerin isə ən az yarım düjün xidmətçisi varmış. Ailələr haqqında öyrənə bildiklərim bunlardır. İndi hadisəyə keçək. Keçən bazar ertəsi, yəni 3 iyunda, Makkarti, günortadan sonra saat üç radələrində Haserleydəki evindən çıxıb vadidən axan çayların qovuşması ilə meydana gəlmiş Boskomb gölünə doğru yollanıb. Həmin gün səhər xidmətçisi ilə birlikdə Rossa gedib və orada görüşdüyü şəxsə saat üçdə önəmli görüşü olduğunu bildirib. Amma bu görüşdən sağ qayıtmayıb. "Haserley” fermasından Boskomb gölünə dörddə bir mil məsafə var. İki nəfər onun oradan keçdiyini görüb. Biri adı qeyd olunmamış yaşlı qadın, digəri də cənab Turnerin yanında çalışan ov gözətçisi Uilyam Krovder. Bu iki şahid də cənab Makkartinin təkbaşına getdiyini söyləyirlər. Lakin ov gözətçisi cənab Makkarti keçib getdikdən bir neçə dəqiqə sonra oğlu Cənab Ceyms Makkartini çiynində silahla eyni istiqamətə doğru gedərkən gördüyünü söyləyir. Gözətçiyə görə, oğul atasının arxasınca təqib məsafəsində gedirmiş. Amma axşam xoşagəlməz hadisəni eşidənə qədər bu mövzunun üzərində çox dayanmayıb.

Gözətçi Uilyam Krovderdən sonra başqası da Makkartiləri görüb. Boskomb gölü bölgəsi ətrafı çəmən və qamışlıqlarla əhatələnmiş meşəlikdir. Patinse Moran adında on dörd yaşlı qız Boskomb vadisinin ərazi gözətçisinin qızı imiş, o vaxt meşədə çiçək yığırmış. Meşənin gölə yaxın tərəfində cənab Makkarti və oğlunu ciddi şəkildə mübahisə edərkən gördüyünü deyir. Ata Makkartinin kobud danışdığına və oğulun əlini, atasına vurmaq istəyərmiş kimi qaldırdığına şahid olub. Bu gərgin davranışlarından o qədər qorxub ki, oradan qaçıb evə gedib və anasına Makkartilərin Boskomb gölünün sahilində mübahisə etdiklərini gördüyünü, dalaşacaqlarından qorxduğunu deyib. Bu sözlər ağzından çıxar-çıxmaz gənc Makkarti onlara gəlib, meşədə atasının meyitini tapdığını söyləyib və gözətçidən kömək xahiş edib. Silahı, papağı yox imiş, sağ əlində, köynəyinin qolunda təzə qan ləkəsi görünürmüş.

Onun arxasınca gölün yanındakı çəmənlikdə uzanmış cəsədin yanına gediblər. Cəsədin başına ağır, düz alətlə dəfələrlə vurulubmuş. Yaralar cəsədin bir neçə addımlığında atılıb qalan silahın qundağı ilə edilə bilərmiş. Bu şərtlər altında gənc dərhal həbs olunub və çərşənbə axşamı günü keçirilən istintaqın nəticəsinə görə, “qəsdən adam öldürməkdə” təqsirkar bilinib.

Çərşənbə günü Rossda hakim qarşısına çıxıb, qərar növbəti iclasa qədər təxirə salınıb. Bunlar polisin əlində olan ilkin məlumatlardır.

– Bundan axmaq hadisə ola bilməz, hər halda, – deyə fikrimi bölüşdüm, – Bütün bu dəlillər bir günahkara işarə verir.

– “Dəlillər” sözü bir az fırıldaq kimi görünür, – Holms fikirli-fikirli dilləndi, – Həqiqətən, nəyəsə işarə edirmiş kimi görünə bilər. Amma baxış bucağını bir az dəyişsən, bu səfər də tamamilə fərqli şeyə işarə etdiklərini görə bilərsən. Hadisənin gəncin əleyhinə göründüyünü və günahkar olma ehtimalının çox yüksək olduğunu qəbul etmək lazımdır. Amma aralarında qonşu fermanın sahibinin qızı xanım Turnerin də olduğu bir neçə insan şübhəlinin günahsız olduğuna inanırlar. Bu məsələni həll etməsi üçün sənin də tanıdığın Lestradeni tutublar. Lestrade məsələni həll edə bilmədiyi üçün mənə təhvil verdi. Buna görə orta yaşlı iki cənab evlərində nahar etmək əvəzinə, səhər-səhər, saatda əlli mil sürətlə qərbə doğru gedirlər.

– Hadisələr o qədər açıq-aydındır ki, qorxuram bu səfər hadisədən heç nə aydınlaşdıra bilməyəsən.

– Açıq kimi görünən hadisələrdən daha böyük fırıldaq ola bilməz, – Holms gülərək cavab verdi, – Qaldı ki, cənab Lestradenin qətiyyən görmədiyi bəzi gerçəklərlə qarşılaşa bilərik. Onun nəzəriyyələrini necə çürütdüyümü bilirsən. Bir nümunə vermək lazımdırsa, yataq otağının pəncərəsinin sağ tərəfdə olduğunu açıq-aydın gördüyüm halda, Lestradenin belə açıq-aşkar şeyi də görə biləcəyindən şübhə edirəm.

– Bu necə olur axı?

– Sevimli dostum, səni yaxşı tanıyıram. Əsas xüsusiyyətin olan hərbçi vasvasılığını da bilərəm. Hər səhər taraş olursan və bu mövsümdə də günəş işığında taraş olmağa üstünlük verirsən. Sola doğru endikcə edilən taraş pisləşdiyindən, çənənin alt küncündə bu qüsur əməlli-başlı ortaya çıxdığından, otaqda o tərəfin digərindən daha az işıqlandırılmış olduğu çox açıqdır. Bunu sənin kimi vasvasını tənqid etmək üçün deyil, müşahidəyə və ağıl işlətməyə nümunə olsun deyə söyləyirəm. Mənim üslubum budur və ümid edirəm, qarşımızdakı məsələni həll edərkən də işə yarayacaq. İstintaqda ortaya atılan əhəmiyyətli bir-iki kiçik nöqtə var.

– Nəyi deyirsən?

– Diqqət etsək, gənc dərhal deyil, “Haserley” fermasına döndükdən sonra həbs olunub. Polis müfəttişi onu həbs etməyə getdiyi zaman oğul buna heç təəccüblənmədiyini deyib. Bu ifadəsi məhkəməni tərəddüddə saxlayan bütün şübhələri ortadan qaldırıb.

– Bu ki etirafdır, – həyəcanla dilləndim.

– Xeyr, çünki sonra günahsız olduğunu bildirib.

– Belə hadisələr zəncirindən sonra şübhəli ifadə deyil?

– Tam əksinə. Bu anda buludların arasından görə bildiyim ən parlaq boşluq budur. Nə qədər günahsız olursa-olsun, şərtlərin tamamilə əleyhinə olduğunu görə bilməyəcək qədər axmaq ola bilməz. Həbs olunmasına çaşması və ya hirsləndiyi iddiasını da şübhə ilə qarşılayaram, çünki o şərtlər altında belə qarışıqlıq, ya da hirs təbii alınmazdı. Ancaq fırıldağı olan adamın tapdığı taktika olaraq görülərdi. Baş verənləri dürüstlüklə qəbul etməsi ya günahsızlığından, ya da ölçülü və möhkəm xarakterli olmasındandır. İfadəsindəki öz-özünü qınama və peşmanlıq əlamətləri mənə günahkar zehindən çox, sağlam zehnin işartısı kimi görünür.

Başımı yelləyib narazılığımı bildirdim:

– Bir çox adam bundan daha az dəlil olmasına baxmayaraq asılıb.

– Bəli, elədir. Bir çox adam səhvən asılıb.

– Cavan oğlan baş verənləri necə izah edir?

– Təəssüf ki, bir neçə müsbət ifadəni çıxmaqla ona inananlar üçün çox ümidverici deyil. Bax, buradadır, özün oxuya bilərsən.

Kağız-kuğuzun içindən yerli “Hereford” qəzetinin bir nüsxəsini çıxarıb səhifəni çevirərək şanssız gəncin ifadəsinin yazılı olduğu abzası göstərdi.

Diqqətlə oxudum:

“Mərhumun oğlu cənab Ceyms Makkarti dəvət olunanda belə ifadə verib: “Üç gün Bristolda qaldıqdan sonra keçən bazar ertəsi səhər geri döndüm. Mən gələndə atam evdə deyildi: xidmətçi qız mehtər Con Kobbla Rossa getdiyini söylədi. Qısa müddət sonra at arabasının təkərlərinin səsini eşitdim və pəncərədən baxanda atamın arabadan düşüb fermadan çıxmaq üçün sürətlə getdiyini gördüm. Amma hansı istiqamətə getdiyinə diqqət yetirmədim.

Bir müddət sonra tüfəngimi götürüb dovşanın bol olduğu Boskomb gölünə tərəf yola çıxdım. Yolda ov gözətçisi Uilyam Krovderi gördüm. Bunu özü də ifadəsində qeyd edib. Amma atamı izləməyim barəsində yanılır. Atamın məndən qabaqda getməyindən xəbərim yox idi. Gölə bir neçə yüz metr qalmış atamla aramızda gizli işarə olan “Ku-ui-i-i” səsini eşitdim. Sürətlə səs gələn tərəfə qaçdım və gördüm ki, gölün yanında dayanıb. Məni görcək çaşdı. Bir az da acıqlanıb burada nə işim olduğunu soruşdu. Aramızda sərt, az qala, yumruqlaşmağa çatan mübahisə oldu. Bunun səbəbi atamın çox əsəbi olmasıdır. Baxdım ki, sakitləşməyəcək, onu tək qoyub “Haserley” fermasına doğru geri dönməyə qərar verdim. Heç yüz əlli metr getməmişdim, arxamdan qorxunc qışqırıq yüksəldi. Geri dönüb atamla qarşılaşdığım istiqamətə qaçmağa başladım. Oraya çatanda gördüm, atam can verir. Başından ağır yara almışdı. Silahımı atdım və onu qucağıma aldım, oradaca son nəfəsini verdi. Bir neçə dəqiqə yanında diz çökmüş halda dayandım, sonra da kömək istəmək üçün cənab Turnerin gözətçisinin yaxınlıqdakı evinə yollandım. Qışqırığı eşidib atamın yanına qaçanda ortalıqda heç kəsi görmədim. Necə yaralandığını qətiyyən başa düşmədim.

Davranışları bir az soyuq və qorxulu olduğundan çox sevilən adam deyildi, amma bildiyim qədərilə düşməni yox idi. Bu məsələ haqqında başqa nəsə bilmirəm”.

Бесплатный фрагмент закончился.

108,75 ₽
217,49 ₽
−50%
Возрастное ограничение:
0+
Дата выхода на Литрес:
16 ноября 2022
Объем:
140 стр. 1 иллюстрация
Переводчик:
Правообладатель:
Hədəf nəşrləri
Формат скачивания:

Похожие книги