Читать книгу: «Tale ilə təkbətək»
Əgər mən çörəkçi olmasaydım, onda bəlkə də musiqiyə başqa gözlə baxardım. Siz, möhtərəm cənab, gecə yatır, gündüz isə işləyirsiniz. Amma məndə hər iş tərsinədir. Gecələr mən çörək bişirirəm, deməli, gündüz yatmaq lazım gələrdi. Ancaq bu mümkün deyil… Səhərdən axşamacan sizin musiqiniz adamı göz yummağa qoymur. Sizin yanınıza gələnlərdən və pilləkəndəki irəli-geri qaçhaqaçdan isə heç danışmasaq yaxşıdır! Cənab van Bethoven, mənim üçün heç xoş deyil, ancaq siz başqa mənzil axtarmalı olacaqsınız!
Əynində kətan şalvar, una bulaşmış köynək, yalın ayaqlarında ev ayaqqabısı olan çörəkçi Fişer əsəbi halda öz köhnə evinin darvazasına doğru, sifəti heyrətamiz dərəcədə qırmızı olan qırx yaşlı kişinin qarşısına yüyürdü. Onun göz qapaqları yuxudan yarımçıq durmuş adamlarda olduğu kimi şişkin, gözləri bulanıq idi. O, tünd yaşıl frak, ağ ipək corab və iri gümüş toqqalı tufli geymiş olsa da, etimad doğurmurdu. Bu geyimlərin hamısı artıq xeyli köhnəlmişdi, qara bantlı pariki isə elə bil lap bu saat başından sürüşüb düşəcəkdi. Əlindəki qəribə düyünçəyə, deyəsən nə isə əski-üskü doldurulmuşdu.
Həmin cənab evə yaxınlaşarkən təkəbbürlü baxışlarını çörəkçiyə zilləyərək bir kəlmə də danışmadı. O, bu baxışları ilə ev sahibini ram etmiş olduğunu qət edərək birdən güldü, sifəti aydınlaşdı:
– Siz nə vaxtsa Motsarta qulaq asmısınızmı? – O, əlini çörəkçinin çiyninə qoydu.
Fişer gözlərini döydü. Lakin qəribə sual yenə də eşidildi:
– Mən sizdən soruşuram: siz Motsartın necə çaldığını heç eşitmisinizmi?
– Yox, bilmirəm… – Çörəkçi özünü itirdi.
– Belə, deməli siz onu eşitməmişiniz, – cənab bunu təəssüflə dedi. – Amma heyf! Qəribə uşaqdır! On dörd il bundan əvvəl, o, bizim Bonnda mahir bir pianoçu və bəstəkar kimi çıxış etmişdi. Bilmək istəyirsinizmi, o vaxt onun neçə yaşı var idi, cənab Fişer? Yeddi yaşı, cənab Fişer!
– Mən bircə bunu deyirəm ki, yuxudan lazımınca doya bilmirəm, – deyə çörəkçi mızıldandı.
Cənab, pərtləşmiş çörəkçiyə qulaq asmadan ağ parikli başını bir neçə dəfə tərpətdi.
– Motsart dünyanın əsl möcüzəsi idi. Özü də, istəyirsiniz inanın, istəyirsiniz – yox, amma bu uşaq Parisdə kral və onun arvadı üçün çalmış, Londonda isə ingilis kraliçasını lap məftun eləmişdi! Knyazlar və kurfürstlər onu öz qəsrlərinə dəvət edir, qızıl isə onun üstünə hər tərəfdən su kimi axıb gəlirdi!
Nəhayət, gombul çörəkçi başa düşdü ki, knyaz orkestrinin musiqiçisi və tenor səsli müğənnisi olan İohann Bethoven onu ələ salır. Bəlkə o, sadəcə olaraq keflidir? Belə şeylər az olmamışdı! Qeyri-adi Motsart barədə söhbət çörəkçini artıq boğaza yığmışdı və o, özündən çıxdı:
– Yaxşısı budur, boş-boş danışmayın! Zəhmət çəkib mənzili boşaldın! Qəşəng sözlərinizi hədər yerə sərf edirsiniz.
Köhnə tülkü özünü heyrətlənmiş kimi göstərdi:
– Axı, cənab ev sahibi, biz məhz elə bu barədə danışırıq: İndi Motsart artıq bütün dünyada tanınmış bəstəkardır. İmperator paytaxtı Vyana ona baş əyir.
Əyanlar özləri üçün şərəf sayırlar ki, o onların sarayında fortepianoda nə isə dınqıldatsın.
– Qorxuram ki, bu gün siz bir qədər içmiş olasınız, cənab Bethoven. Başqa bir vaxt danışarıq! – Qəzəblənmiş Fişer çörəkxananın qapısına tərəf yönəldi.
– Zərrə qədər də içməmişəm, əziz ev sahibi! Mən heç ömrümdə belə ayıq olmamışam! Amma xahiş edirəm, mənə qulaq asın. Motsart uşaq ikən onu konsertdə dinləyənlər indiyəcən bununla fəxr edirlər. Onun doğma evində tezliklə xatirə lövhəsi vurulacaq. Bəs siz? Siz öz daxmanız üçün bu cür şərəfdən boyun qaçırırsınız. Doğrudanmı siz istəyirsiziniz ki, gələcəkdə sizi söysüenlər ki, çörəkçi Fişer möcüzə-uşağı öz evindən qovmuşdur.
– Siz nə danışdığınızı özünüz bilmirsiniz, cənab Bethoven! Gənc Motsartı mən heç yerdən qovmamı şam, çünki heç vaxt onun üzünü görməmişəm. Xudahafiz!
– Yox, xudahafiz yox, cənab ev sahibi! Söhbətimizi davam etdirəcəyik. Mənim böyük oğlum Lüdviq eynən belə bir qeyri-adi uşaqdır. Onun da adı bütün dünyada məşhur olacaq. Özü də tezliklə! Lap tezliklə! Budur, bircə bura baxın.
Bethoven əlindəki düyünçəni darvazanın yanındakı skamyanın üstünə qoydu. Və mətni yağlı qotik şriftlə çap olunmuş bir afişanı açıb uzatdı.
Heyrətlənmiş çörəkçi oxudu:
B İ L D İ R İ Ş
26 mart 1778-ci il
Saray tenoru Bethoven akademik musiqi salonunda öz şagirdlərini:
saray altçalanı madmuazel AVERDONKU və özünün altı yaşlı oğlunu nümayiş etdirmək şərəfinə nail olacaqdır.
Bunlardan birincisi müxtəlif gözəl ariyalarla, ikincisi – müxtəlif klavir konsertləri və trio ilə çıxış etmək şərəfinə nail olacaqdır.
O, ali cənablara tam məmnuniyyət bəxş edəcəyinə ümid edir, axı bütün saray lütf edərək bu artistləri böyük məmnuniyyətlə dinləmişdir.
Başlanış axşam saat 5-dədir.
Abonementi olmayan cənablar və xanımlar bir qulden pul verirlər.
– Hə, buna nə deyirsiniz, cənab Fişer? – çörəkçinin nəzərləri afişanın aşağı hissəsində dayandıqda tenorist soruşdu.
Çörəkçi söz tapa bilməyib bir dəqiqəyə qədər susdu. Sonra bir qədər cəsarətsizliklə dilləndi:
– Mən deyərdim ki, afişada səhv var, cənab Bethoven. Əgər yaddaşım məni aldatmırsa Lüdviqin yaşı altı yox, yeddi yaş yarımdır.
İohann van Bethoven qəşəng əlini laqeydliklə yellədi:
– Bir il az, bir il çox, bunun nə mənası var! Möcüzə-uşaq mümkün qədər kiçik olmalıdır. Başlıcası odur ki, əziz cənab ev sahibi, konsert Lüdviqə şan-şöhrət gətirəcək, mənə – pul, sizin evə isə – şərəf!
– Əgər gecə katorqasından sonra yatıb doya bilsəm, şərəfdən imtina etmərəm. Mənzili isə sizə verməkdən imtina edirəm.
– Yox əşi, yox əşi, siz bunu etməzsiniz! – Tenorist təbəssümünə ara vermirdi. O, heç vaxt, heç nəyi ciddi qəbul etmirdi, ev sahibinin qəzəbini isə lap bayaqdan.
– Siz mənə bircə bunu deyin görüm nə vaxt dincəlmək istəyirsiniz, o vaxt biz pianissimo çalarıq. Ya bəlkə sizin üçün layla çalaq!
– Siz mənə bəzi başqa əziyyətlər də verirsiniz. Ötən dəfə mənzil kirayəsini verməmisiniz, elə, ikincisinin də vaxtı tezliklə bitir.
Birdən çörəkçi şikayətlərinə ara verdi, çünki açıq darvazanın içində qəribə bir fiqur peyda oldu. Müsahiblər həyətə doğru geri çəkilib, gələn adama təəccüblə baxaraq susdular.
Orta yaşlı, çəlimsiz və donqabel, başında çoxdan daranmamış parik olan bir adam onlara fikir vermədən həyətə girdi. Onun əynindəki qara frak sallanmışdı, amma qısa şalvar və nə vaxtsa ağ rəngdə olduğu güclə seçilən corab geydiyi ayaqları cəhdlə və ahəngdar surətdə irəliləyirdi.
– Son zamanlar o bura hər gün gəlir!
– Sakit… – tenorist çörəkçinin sözünü kəsdi.
– Baxaq, görək o nə edəcəkdir.
Onlar hər ikisi gələn adamı yaxşı tanıyırdılar, şəhərdə hamı onu tanıdığı kimi. Deyilənə görə, onun oxumaqdan başı xarab olmuşdu və beynində bir qarmaqarışıqlıq hökm sürürdü. Musiqiçi özünün hörmətli vətəndaş rolunu artıq oynamışdı və indi şəhər dəlisi rolunda çıxış edirdi. O heç vaxt heç kimlə danışmır və yalnız dirijor çubuğunu, bir də boru şəklində bükülmüş not kağızlarını yellədə-yellədə şəhərboyu veyllənirdi.
İndi o, qulağını evə tərəf əyərək həyətin ortasında hərəkətsiz halda donub qalmışdı. Birinci mərtəbənin açıq pəncərələrindən xoş akkordlar eşidilirdi. Kiminsə barmaqları klavişlər üzərində inamla qaçışırdı.
Dəli çubuğunu musiqinin ahənginə uyğun tərpətməyə başladı. O, bütün bədənini yellədə-yellədə sa kitcə gülümsəyirdi. Görünür, eşitdiyi səslər onun səriştəli qulaqları üçün xoş idi. O, bir müddət beləcə dayandı, sonra gözəgörünməz pianoçunun çaldığı evi öz çubuğu ilə göstərdi və cəld baş əydi. Bu, yalnız bir məna verə bilərdi: yaxşı pianoçudur, yaxşı musiqidir!
– Gördünüzmü? – qara geyimli adam uzaqlaşanda İohann Bethoven çörəkçiyə pıçıldadı. – O, mənim otaqlarımı göstərirdi. Nahaqdan deməyiblər ki, dəlidən doğru xəbər. O mənim oğlumu təriflədi! Onun çalğısını qiymətləndirdi!
– Ola bilər, – çörəkçi təmkinlə razılaşdı. – Lakin əgər hətta siz də, sizin şagirdləriniz də və üç oğlunuzun da hamısı mələklər kimi çalsaydı belə, hər halda bütün bu dınqıltıdan, oxumaqdan, tappıltıdan və zingiltidən cana doymuşam.
– Mən güman etməzdim ki, siz incəsənətə bu cür düşmənsiniz!
– Mən demirəm ki, incəsənətə düşmənəm. Mən sadəcə olaraq rahat yatmaq istəyirəm.
– Cənab ev sahibi, sizi xəbərdar etməliyəm ki, siz öz bədbəxt başınızı knyaz həzrətlərinin qəzəbinə düçar edəcəksiniz.
– Hm…
– Sizin yerinizdə olsaydım «hm» demək əvəzinə bizim mənzildən köçməyimiz barədə tələbinizdən dərhal əl çəkərdim. İndicə sizə göstərdiyim afişada siz oxuya bildiniz ki, mənim oğlum artıq arxiyepiskopun sarayı qarşısında çıxış etmişdir. Siz təsəvvür edə bilmirsiniz ki, bu necə müvəffəqiyyət idi, ağalar heyran olmuşdular! Knyaz oğlanı qucaqladı, onun yanaqlarını sığalladı və həyəcandan gözlərinin dolduğunu çətinliklə gizlədə bildi. Axı mənə bircə bu kifayətdir, deyim ki, siz…
– Cənab arxiyepiskop ədalətli adamdır, o bilir ki, çörəkçilər gecə çörək bişirməlidir, gündüz isə onlara yatmaq lazımdır, – deyə çörəkçi etiraz etdi, lakin onun səsinin ahəngi göstərirdi ki, öz qərarında tərəddüd edir.
Bonnda kimin hünəri çatar ki, arxiyepiskopu qəzəbləndirsin? Onun qəsrində hofmeysterlər, kamergerlər, lakeylər, yegerlər, mehtərlər qaynaşır, hələ allah bilir, kübar sahibkarın ev qulluqçuları daha nə kimi rütbələr daşıyır.
Bonndakı səkkiz min nəfər obıvateldən hər biri qəsrdən axan qızıl selindən heç olmazsa nə isə ələ keçirməyə ümid edirdi. Knyaz musiqiçiləri ən pis gündə olanlardandır. Knyazın otuz altı musiqiçisi var, İohann Bethoven də onlardan biridir.
Çörəkçi Fişer gözəl bilirdi ki, həyasız kirayənişin knyazın ev qulluqçularının ən miskinlərindəndir. Onun mərhum atasının işləri bundan yaxşı idi. O, nəslən flamandiyalı olsa da hörmətli kapelmeyster vəzifəsinə qədər irəli gedə bilmişdi. Üstəlik, onun məşhur Reyn şərabı ilə dolu iki kiçik zirzəmisi də vardı.
Kiçik Bethovenə isə çörəkçi ehtiram bəsləmirdi. Lakin onun bir oğlu da vardı, Lüdviq! Onun cəmi yeddi yaşı var, amma şəhərdə onun böyük gələcəyi barədə söhbət gedir. Düzdür, bəziləri xəlvətdə kinayə ilə gülür – vunderkindləri çox görmüşük! Lakin Fişer adamları tanıyır, axı! Hər bir oğlan uşağı müxtəlif hoqqabazlıqlarda iştirak etməyə qabil olsa da, bu oğlanda nə isə var. Bəzən o, yaşlı adamlar kimi ciddi olur. Uzaqlara baxır, gülümsəmir, susur və nə barədəsə elə hey düşünür. Sonra birdən yerindən qopur, evə cumur və artıq, onun barmaqları altında klavişlər nə isə elə bir şey oxuyur ki, yəqin bunlar hələ not işarələri ilə təsvir olunmayıb. Doğrudur, Fişer heç bir musiqi alətində çalmır, amma əsl musiqi nə olduğunu bilir, hər halda əsl musiqini eşitmək ona nəsib olub. Hələ qoca kapelmeyster musiqi ilə məşğul olan vaxtlarda. Şagirdləri və oğlu – o vaxt çox ümidverici tenor səsi olan gənc gözəl oğlan da onunla idi.
– Cənab Bethoven, yaxşı, mən bir qədər də gözlərəm, sonra daha deməyəsiniz ki, mən sizə güzəştə getmək istəmirəm. Lüdviqin xatirinə gözləyərəm. Ancaq, lütfən, səhərlər mən yatarkən, bir qədər sakit olun. Axı musiqi təkcə forte olmur!
Tenorist özünün qəribə yükünü götürüb qapıda gözdən itdi. İohann Bethoven taxta pilləkənlə yuxarı qalxıb, öz mənzilinin mətbəxinə girdi. Alçaq tavanlı kiçik otağın pəncərəsinin yanında, dizləri üstündə nə isə tikən alçaqboylu çəlimsiz, qüssəli bir qadın oturmuşdu. O, almacıq sümüklərində parlaq qızartı olan arıq, demək olar ki, şəffaf sifətini ərinə tərəf döndərdi. Əri düyünçəni ona uzadıb qürurla bildirdi:
– Budur, gətirdim, Qiyamətdir! Sən bir bax!
Qadın ayağa durdu. O saatca iki oğlan uşağı – dörd yaşlı Kaspar və iki yaşlı Nikolay qaçaraq otağa girdilər. Hər ikisi enlikürək və elə alyanaq idi ki, elə bil yanaqlarına qırmızı kərpic sürtmüşdülər.
Onlar stolun təmiz yuyulmuş taxtalarının üstünə atalarının qoyduğu bağlamaya maraqla baxa-baxa itələşirdilər.
– Frak! Lap mənimki kimidir, – knyaz tenoristi lovğa-lovğa dilləndi və yaşıl parçadan tikilmiş kiçik kostyumu bağlamadan çıxartdı. Bu, böyüklər üçün olan kostyumun kiçildilmiş forması olduğu üçün gülməli görünürdü.
Sonra bağlamadan düymələri sıra ilə düzülmüş kiçicik alabəzək bir jilet və eynilə frakın rəngində olan qısa şalvar çıxdı. Nəhayət, kiçik bir parik, saysız-hesabsız uzunsov hörükləri buruq-buruq olan qar kimi ağ rəngli parik.
– Balaca Motsart da eynilə bu cür geyinmişdi! Lüdviq ondan zərrə qədər də pis olmayacaq! Nə paltarı, nə də çalğısı, – deyə lovğa kişi səsi eşidildi. – Əlbəttə, bunlar sənin xoşuna gəlmir.
Arvadı çiyinlərini çəkib köksünü ötürdü. Ər hiddətləndi:
– Hə, əlbəttə, sənin xoşuna gəlmir. Mən isə, inan ki, bunun üçün bir ətək dukat verməli olacam. Yenə sağ olsun dərzi ki, hesablaşmaq üçün konsertə qədər gözləməyə razılıq verdi. Parçanın əlasından işlədib. Sən bircə təsəvvür et ki, Lüdviq yaşıl frak və ağ parik geymiş halda səhnəyə necə çıxacaq! Altı yaşlı virtuoz! hələ qılıncına bax! Aman allah, tamam yadımdan çıxmışdı! Axı hələ, qızıl suyuna çəkilmiş kiçik qılınc da tapmaq lazımdır. Motsartda beləsi var idi. Bəlkə teatrın kostyum otağında borc verərlər?
– Bədbəxt oğlum! – qadın az qala eşidilməyəcək bir səslə dilləndi.
– Bədbəxt? Bilmək istərdim ki, nə üçün bədbəxtdir?
– Gedin, həyətdə oynayın,– -deyə ana gözlənilmədən əmr etdi. – Mən onların yanında demək istəmirdim,– xanım Bethoven başını qapıya tərəf əydi, – lakin indi sənə deməliyəm ki, bu konsert məni sevindirmir.
– Nəyə görə? Bəlkə Lüdviq məşğul olmaq istəmir? Mən onu ağıllandıraram, – deyə o, barmağı ilə hədələdi.
– Nahardan bəri ara vermədən çalır!
– Bircə öz cəfəng fantaziyalarını yenə dınqıldatmayaydı. O, bunu etməyi xoşlayır!
– Lüdviq yaxşı məşğul olur. Sən bir qulaq as!
Hər ikisi susdu. Qonşu otaqdan gələn cəld və inamlı passajların səsi indi daha aydın eşidilirdi. O, sözünə davam etdi:
– O, səni pərt eləməz. Ancaq bunlar nə qədər əzab lar bahasına başa gəlir!
– Boş sözlərdir! O, lap kiçik yaşlarından musiqini həddən artıq sevir.
–Bu düzdür. Ancaq hər halda o, hələ lap uşaqdır. Hərdənbir həyətdə qaçmaq, gizlənpaç oynamaq, topu qovmaq istəyir, sən isə bunlarla hesablaşmırsan, onu royalın yanına lap pərçim eləyirsən!
– Mən ki, bunları onun gələcəyi xatirinə edirəm. O, dahi pianoçu olmalıdır!
– Ancaq sən onun bir qədər şənlənməsinə imkan verə bilərdin, – deyə arvadı etiraz etdi. – İohann, etiraf et ki, sən Lüdviqin gələcəyindən çox pul üçün canfəşanlıq edirsən.
– Bəlkə mənim pulum çoxdur?
– Biz ehtiyacdan çıxa bilmirik, bu doğrudur, lakin təqsir kimdədir? Əlbəttə, sənin maaşın çox cüzidir. İldə iki yüz əlli dukat nə olan şeydir, özü də üç uşaqla! Lakin sən musiqi və nəğmə dərsləri verməklə bir bu qədər də qazana bilərdin, axı. Ancaq, Əgər doğrudan da, şagirdlər gəlsə, sən isə bu vaxt meyxanada oturmuş olsan, bu nəyə oxşayacaq? Özü də elə vəziyyətdə ki, notu notdan ayıra bilməyəsən!
Əri qəflətən taxtın üstündən qalxdı:
– Maqda, sən nə fikirdəsən, kostyumu oğlumuza ölçməli deyilikmi, baxaq görək uşağa yaraşırmı? Və cavab gözləmədən qapıya tərəf getdi: – Lüdviq, bura gəl!
Royal dərhal susmadı. Pianoçu çaldığı frazanı ta mamladı və yalnız o vaxt əlini klavişlərdən çəkdi. O saat da qapının yanında peyda oldu. Bu, alçaqboylu, canlı bir oğlan idi. Heyrətamiz dərəcədə sıx, qara saçlarını geriyə daramışdı, dərisi isə elə qara idi ki, sanki o, Reyndə yox, haradasa cənubda, günəşin yandırıcı şüaları altında doğulmuşdu. Oğlanın qara gözlərində belə bir sual oxunurdu: nə üçün çağırmısınız?
– Oğlum, məndə sənin üçün bir sürpriz var. Bir həftədən sonra konsert olacaq. Bax gör, ananla mən səni necə bəzəyəcəyik, – ata kostyumu aça-aça öyündü.
Lüdviqin sifətində bir peşmançılıq göründü. Baxışları stoldan pəncərəyə doğru qaçdı. Yaz axşamı ona gəl-gəl deyirdi, dərzinin möcüzəsi isə heç vecinə deyildi.
– Geyin, Lüdviq! Sən əsl kavaler olacaqsan!
Oğlan cavab vermədi, ancaq qaşqabağı sallandı.
O bir kəlmə də danışmayan anasının köməyi ilə dinməzcə geyindi. Atası ağ ipək corabları ona verdi, qara çəkmələrindəki gümüş suyuna çəkilmiş toqqaları öz əlləri ilə bağladı, sözə baxmayan gur saçlarının üstündən parik qoydu, buxağının altında qəşəng krujeva bantının qırışığını düzəltdi. Sonra oğlanı qonşu otağa apardı. Orada aşağı tərəfdən daralan qeyri-adi formalı, qızıl suyuna çəkilmiş döymə çərçivəli böyük bir güzgü asılmışdı. Kasıbçılıq vəziyyətində bu dəbdəbəli əşya babasının firavan həyatını xatırladan yeganə şey idi.
Balaca Lüdviq güzgüdəki qəribə oğlana uzun müddət və çox diqqətlə nəzər saldı. Ağ buruq saçların əmələ gətirdiyi haşiyədə öz sifəti ona gil kimi qəhvəyi və həddən artıq biabırçı görünürdü. O, nə dizindən aşağı düşən qəşəng yaşıl fraka baxırdı, nə də, demək olar ki, elə bu uzunluqda olan alabəzək jiletə. O, güzgünün gümüşü səthində yalnız qara bir sifət görürdü və bu sifət get-gedə daha da kədərli olurdu.
Amma atası sevinirdi. O, oğluna hər tərəfdən baxıb fərəhlənmək üçün bir neçə dəfə onun dövrəsinə fırlandı. O, Lüdviqi səhnəyə neçə çıxaracağını, royalın arxasına oturacağını, not vərəqlərini çevirmək üçün onun yanında dayanacağını və zal alqış səslərindən gurlayanda özünün qeyri-adi uşağı ilə birlikdə necə baş əyəcəyini təsəvvürünə gətirirdi.
– Hələ qızıl suyuna çəkilmiş qılınc da tapacam, – deyə atası vəd etdi. – Sənin qılıncın çatışmır.
Oğlan bir dəqiqə atasının axırıncı sözləri üzərində düşünüb sonra qısaca güldü:
– Mənə bir şarmanka da verin!
– Nə şarmanka?
– Bu yaxınlarda məktəbimizin yanına bir şarmankaçalan gəlmişdi. O, zəncirdə mənim kimi geyindirilmiş balaca bir meymun saxlamışdı. O çaldiqca, meymun rəqs edirdi.
– Lüdviq!– deyə anası xəbərdarlıq etdi. Atası hiddətləndi:
– Soyun və bu saatca keç royalın arxasına!
Oğlan bir anlığa fikrə getdi. Frakının bir çiyni çıxarılmış vəziyyətdə, kədərli halda beləcə donub qaldı.
Pəncərədən baxanda evlərin işıqlanan damları, Reynin gözqamaşdırıcı hamar səthi, o biri sahildə isə yaşıl təpələr – Semiqorye görünürdü.
– Ata, mən küçəyə getmək istəyirdim, – deyə o, xahiş bildirən səslə dilləndi.
– Heç olmazsa bir dəqiqəliyə burax onu, – deyə anası yalvardı. – Elə gözəl axşamdır ki!
– Bəs konsert?
Oğlan susurdu. Anası davam etdi:
– O çox səylə məşğul olub. Onda hər şey gözəlcə alınır, bundan yaxşısı mümkün deyil, günəş isə tezliklə batacaq.
– Get bir az da işlə,– deyə ailə başçısı lütfkarlıqla səsləndi, – şam yeməyindən sonra gəlib sənə qulaq asacam. Əgər səhvsiz çalsan, qoy sən deyən olsun, buraxacam səni. Yoxsa – yox.
Lüdviq atlas jileti ildırım sürəti ilə əynindən çıxartdı.
– Yaxşı, yaxşı… – İohann Bethoven donquldandı. – Əgər, sən demişkən, bu kostyum lap meymuna yaraşırsa da, o saat onun bütün düymələrini qırmaq lazım deyil.
Tenorist özü oğlunun konsert paltarını səliqəylə qatlayıb arvadına göstəriş verdi ki, bunların hamısını yığışdırıb şkafa qoysun. Sonra o, mətbəx stolunun arxasında oturub böyük məmnuniyyətlə soyuq balıq və bir iri qədəh şərabla şam etdi.
Birdən onun çənəsi dayandı. Bu nədir, Lüdviq nə çalır? Bu ana qədər eşitdiyi şirin melodiya bir zaman Motsartın çaldığı prelüddən idi. İohann Bethoven bu əsəri konsert üçün qəsdən seçmişdi. O, çətin əsərdir və konsertdəki adamlar əlbəttə başa düşəcəklər ki, yeni möcüzəli uşaq öz sələfindən əsla geri qalmır.
Lakin indicə qonşu otaqdan eşidilən şübhəsiz, başqa musiqi idi. O adi, kədərli, şikayətli, kənd mahnısını xatırladırdı. İohann Bethoven qaşqabağını tökdü. Melodiya yüksəlir, güclənir, sonra qəflətən qırılırdı. Melodiya, sanki qapısı bağlı qonaq otağına salınmış quşcuğaz kimi özünü pəncərə şüşəsinə çırpır, yerə düşür, geriyə doğru uçur və öz ümidsiz sıçrayışını bir də təkrar edirdi…
Onun bu məşğələlərindən atasının zəhləsi gedirdi. Boş yerə vaxt sərf etməkdir. O, bir az fikirləşəndən sonra ağzı yeməklə dolu halda otağa daxil olub bağırdı:
– Bu nə cəfəngiyatdır, dınqıldadırsan? Not üzrə çal, bunun faydası daha çox olar!
Melodiya dərhal qırıldı.
– Bunu mən özüm fikirləşmişəm, – deyə oğlan sadəlövhlüklə boynuna aldı. – Heç olmazsa bir az xoşuna gəlirmi?
Atası lovğa-lovğa donquldandı:
– Elə bilirsən, sənin başın nə isə yaxşı bir şey fikirləşib tapmağa qabildir? Bu şeylər üçün sənin vaxtın hələ çox olacaq, indi isə konsert üçün lazım olan şeyləri bacarmağın qeydinə qal! Sən hər şeyi yaxşı yadda saxlamısanmı?
– Bəli. Ata, qoyun gəzməyə gedim!– deyə oğlan xahiş etdi.
– Mən sənə demişəm, – deyə atası balıq tikəsini çeynəyə-çeynəyə mızıldandı, – yeyib qurtaran kimi, səni yoxlayacağam. Və əgər hər şey yağ kimi olmasa, gəzməyi heç xəyalına da gətirmə!
Atası qapını yarıaçıq qoyub mətbəxə qayıtdı. Diqqətlə qulaq asmağa başladı. İndi otaqdan yalnız ilk açıq konsert üçün hazırlanmış əsərin səsi gəlirdi.
Nəhayət, İohann Bethoven yerindən qalxdı, şərabın qalanını içdi, ovcunun arxa tərəfi ilə ağzını silib oğluna tərəf yönəldi.
Anası, əlində tikmə, pəncərənin yanında oturub nigarançılıqla onları izləyirdi. Təzə virtuozun sənətinə bu cür baxışlar çox vaxt şapalaq və ağlaşma ilə qurtarırdı.
– Belə! İndi isə başla, – atası bunu deyib öz stulunu royala yaxın çəkdi.
Lüdviqin qarayanız sifəti qorxudan və həyəcandan qızardı. Əlləri klavişlərin üstündə ara vermədən qaçışdı, lakin o, bir dəfə də nota baxmadı. Lakin yenə də bir yerdə, ən çətin yerdə atası bir səhv tutdu.
– Dayan!– deyə o, qışqırdı. – Bax, buradan başla – barmağı ilə notları göstərdi. O özü yaxşı pianoçu deyildi, lakin dəqiqlik hissi onun canında uşaqlıqdan var idi.
Lüdviq çətin passajı yenidən çaldı. Ona elə gəldi ki, səhvsiz çaldı.
– Ortada niyə sürəti artırdın? – atası sərt halda soruşdu.
– Mən sürətləndirmədim.
– Sürətləndirmədin? Onda təzədən çal.
Çətin taktlarda çaşacağından qorxan oğlan doğrudan da tempi bir qədər aşdı. O yaman istəyirdi ki, tezliklə həyətə qaçsın.
– Lənətə gələsən, sən niyə tempi gözləmirsən? Sənin barmaqlarını qırmaq lazımdır!
Oğlan daha da qızardı, həyəcandan elə bil əl-qolu bağlanmışdı, musiqinin tonu artıq tamam yanlış səsləndi. Atası yerindən sıçradı:
– Deməli, yaxşı öyrənmək buna deyirsən! Yaxşı, mən sənə öyrədərəm vicdanla məşğul olmağı!
Oğlan zərbə gözləyərək, başını çiyinlərinin arasına qısdı. Lakin İohann Bethoven ayrı cür hərəkət etdi. O, açarı cingildədərək qapıya tərəf yönəldi.
– Onu bil ki, gecənin yarısınacan buradan çıxmayacaqsan. Bircə dənə də səhv olmayana qədər məşğul olacaqsan! Özü də hünərin var, hamısını doğrudan da öyrənməmiş mənə yalan de ki, hazırsan.
O, qapını çırpdı, açar qıfılın içində fırlandı və oğlan tək qaldı. Bir anlığa Lüdviq qorxudan donub qaldı. Sonra dodaqları qüssəylə səyridi. Ağlamaqdan bədəni titrədi. Gözlərindən yaş sel kimi axdı. O çalışırdı ki, göz yaşlarını saxlasın; axı, atası hər dəqiqə qayıdıb gələ bilərdi! O, ağlaya-ağlaya çalırdı. Var qüvvəsiylə və inadkarcasına çalırdı. Axı, onu buradan yalnız qüsursuz ifası xilas edə bilərdi.
Bu dəmdə atası evdən çıxıb getdi. O nə vaxt qayıdacağını heç kimə demədi. Lüdviqin oturduğu otağın açarını o, jiletinin cibinə qoydu.
İyul axşamlarından birində, qaranlıq qatılaşan vaxt o, Reynin kənarında durmuşdu, «Möcüzəli uşaq» həmişə uşaq olaraq qalmır. İstər royalda çalsın, istər top ilə əylənsin. Tezliklə Lüdviqin on iki yaşı tamam olacaq. Düzdür, onun boyu böyük deyil, lakin o, enlikürək və möhkəm bədənlidir.
Qədim qala səddinin bu ətəkləri firavan yerlərdir. Səhərlər burada kurfürst əsgərləri marş keçir, axşama yaxın isə şəhər sakinləri həvəslə buraya yığışır, çünki burada həmişə baxmalı şey tapılır. Səddin ot basmış ətəklərində, irili-xırdalı çoxlu gəmilərlə dolu əzəmətli çayın dalğaları yayılır. Suyun oynaq hamar səthinə baxmaqdan doyanlar baxışlarını başqa tərəfə yönəldə bilər. Bu zaman o, silueti möhtəşəm tikililərin damlarından yaranan ucsuz-bucaqsız şəhəri görəcək. Bu damların üzərində isə saysız-hesabsız kostyol qüllələri ucalır. Kostyollardan ən qədiminin beş qülləsi var idi, demək olar ki, doxsan beş metr yüksəkliyində olan ortadakı qüllə köyə baş çəkirdi.
Gənc Bethoven qəribə görkəmli bir adamın söhbətinə tam aludə olub, nə şəhərin gözəlliyini, nə də Reynin əzəmətini hiss edirdi. Həmin adamın simasını qeyri-adi edən onun geyimi deyildi – şəhərdə yaşayan kişilərin çoxu onunku kimi qara sürtuk geyir və başına üçkünc şlyapa qoyurdu. Onun görkəminə qeyri-adilik verən silueti idi. Uzaqdan baxanda adama elə gələrdi ki, bu, beli bükülmüş bir qocadır. Yaxınlaşdıqda isə görünürdü ki, onun heç qırx yaşı da yoxdur. Bədəninin yöndəmsizliyinə baxmayaraq, başı heyrətamiz dərəcədə qəşəng və nəcabətli idi. Uca, təmiz alnı, sifətinin təravətli rəngi, ağıllı bir tərzdə işıq saçan qara gözlər,– bunların hamısını da şabalıdı rəngli dalğavarı saçları haşiyəyə almışdı. Qara tellər Bonnda nadir, demək olar ki, müstəsna bir haldır: axı saray orqançalanı və saray teatrının kapelmeysteri pariksiz gəzməli deyil. Lakin Bonn sakinləri artıq adət ediblər ki, Kristian Hotlib Nefenin kefi necə istəsə, özünü elə aparır. O, həm də çox ağıllıdır, yoxsa o, Lüdviqi belə əsir edə bilərdimi? Axı bu oğlan öz ürəyini hər yetənə açan deyil.
O, təqribən üç il bundan əvvəl Bonna gəlib çıxmış knyaz orqançalanına elə bağlanıb ki, əgər İohann Bethoven özü oğlunu özündən uzaqlaşdırmasa, o ancaq atasına bu cür mehr sala bilərdi.
Artıq neçənci dəfə idi ki, oğlan, fikrə dalmış Nefedən soruşurdu:
– Yaxşı, bu gün siz bizə gələcəksinizmi, maestro?
– Məgər bu çox lazımdır? – orqançalan inamsız halda imtina edir.
– Biz çox şad olardıq! Anamın ad günüdür, bu gün Milad axşamından da yaxşı gündür. Mənə belə gəlir ki, bu, ilin yeganə günüdür ki, həmin gün o, xoşbəxt olur. Siz gəlməsəniz, çox təəssüf…
Oğlan cavab gözləyirdi, orqançalanın fikri isə tamam başqa yerdə idi. Lakin axırda o qət etdi ki, bu cür səmimi dəvəti rədd etmək insafsızlıq olardı.
– Gələrəm, gələrəm, cavan oğlan, – deyə o, fikirli halda cavab verdi və bir qədər canlanmış halda əlavə etdi: – Kaş bircə atan həddən artıq… olmayaydı. Mən belə şeyləri heç xoşlamıram… – O, sözünü axıracan demədi, ancaq sifətində dərhal qırışlar yaranmasından görünürdü ki, o, sərxoşluğa nifrət edir.
– Yox, yox, – deyə oğlan, tələsik bildirdi. – Anamın ad günündə! Heç vaxt! Bu gün bizim evdə sülh və lütfkarlıq günüdür! Heç buna onun vaxtı da olmur, bütün axşamı o, musiqi çalır.
– Musiqi çalır… Hə, hə, – deyə orqançalan fikirli halda oğlanın nə barədə danışdığını yaxşı başa düşmədən təkrar etdi. Sonra birdən ucadan dedi: – Musiqi! Bəli! Onda bir gözəllik, ucalıq, səadət var. Lakin, Lüdviq, əgər mən incəsənətin adamlara çörək qədər lazım olduğuna inanmasaydım, sənə bəzi şeylər deyərdim!
– Nə deyərdiniz, maestro?
– Mən deyərdim: oğlan, royaldan uzaq qaç, mu siqini at və get, bulkasatan ol. Allahdan qorxa-qorxa yaşasan, yavaş-yavaş yoğunlaşardın, Reynin sahilində torpaq sahən və üzümlüyün olar, öz evində yaşayardın. Ya da bərbər ol, çəkməçi ol – bunlar hamısı kurfürst həzrətlərinin musiqiçisi olmaqdan yaxşıdır.
– Maestro, deyin görək, belə isə bəs siz nə üçün sənətlə məşğul olmadınız? – Oğlanın gözlərində bir hiylə parladı.
– Məsələn dərzilik sənəti ilə, eləmi? Əlbəttə qayçı, iynə və ütü ilə necə davranmağı atam mənə öyrədə bilərdi. Ancaq incəsənət – musiqi, teatr, poeziya məni cəlb etdi. Mən öz istəyimə qarşı getmədim.
O, köksünü ötürüb bir qədər susdu və yenidən danışmağa başladı:
– Deyirlər bataqlıq yerlərdə bir cür işıldayan böcəklər yaşayır ki, onlar adamları bataqlığa doğru çəkməyə qabildir. Mən bu əfsanələrə inanmıram. Ancaq bunu bilirəm ki, incəsənət – insanı təsvirəgəlməz yüksəkliyə ucaldan böyük bir atəşdir. Kim bir dəfə taleyini incəsənətlə bağlayıbsa daha heç vaxt onsuz yaşaya bilməz.
– Mən notları əlifbadan əvvəl öyrənmişəm,– deyə oğlan dalğın halda cavab verdi.
Onun qozbel müsahibi dedi:
– Bu mənə məlumdur. Mən hələ musiqiyə bu qədər aludə adama rast gəlməmişəm. Doğrudan, səninlə kim məşğul olub?
– Maestro, mənim müəllimim çox olub, heç biri də əsl müəllim olmayıb. Birincisi və ən bacarıqsızı atam olub. O nəyi ciddi bacarır axı? O royal çalanda fikirləşirsən ki, axı bu adam skripkaçıdır; amma elə ki, skripka kamanını əlinə alır, o saat heyfsilənirsən ki, gərək o özünü tamamilə fortepiano çalmağa həsr edəydi.
– Mənə elə gəlir ki, Lüdviq Bethovenin müəllimi Lüdviq Bethovenin özü olub.
– Bəli, siz Bonna gələnə qədər belə olub.
Nefe yalnız əlini yellədi.
– İnsan özü özünün müəllimi ola bilər. Xeyri də bu olur ki, o, müəlliminə pul verməli deyil.
– Siz də mənə pulsuz öyrədirsiniz!
– Bu tamam belə deyil. Məgər sən kilsədə orqan çalmırsanmı, bir də ki, əgər mən hər hansı bir knyaz oğlunu öyrətməli olsam, o, həm öz əvəzinə pul verməli olacaq, həm də sənin əvəzinə.
– Bu, ədalətsizlik olardı, maestro.
– O yalnız öz borcunu ödəmiş olardı. Bütün knyazlar öz təbəələrinə borcludurlar. Əslinə baxsan, kurfürst qəzanın demək olar ki, hər bir sakininə borcludur.
– O, sizdən də borc alıb? Mən heç bilmirdim!
Nefe güldü.
– Əlbəttə. Sənin atandan da borc alıb.
– Yox, maestro, bizim atamızdan bir quruş da borc almaq mümkün deyil. Onun cibi həmişə boşdur.
– Ona görə ki, əlahəzrət sizin atanızdan oğurlayır.
Heyrətlənmiş oğlan susdu. Görəsən, onun müəllimi xəstələnməyib ki?
– Siz tapmacalarla danışırsınız, maestro!
Nefe ayaq saxladı, onun sifətində qəribə bir təbəssüm oynayırdı.
– Əgər biz buradan bir neçə mil qərbdə yaşasaydıq, sən təkcə tapmacanı yox, həm də onun cavabını bilərdin.
Lüdviq sualedici nəzərlərini alçaq təpələrin arxasında günəşin yavaş-yavaş batdığı tərəfə yönəltdi. O, heç bir şey anlamayıb, çiyinlərini çəkdi.
– Fransada artıq, nə isə hərəkətə gəlib, daha bizdəki kimi yox. Tezliklə onlar üçün günəş doğacaq,orqançalan sözünə davam etdi.
– Qərbdənmi, maestro? – Oğlanın ağıllı gözlərində heyrət əks olundu.
Qozbel musiqiçi onun qoluna girdi və onlar Reyn boyunca uzanan cığırla getməyə başladılar.
– Mən sənə musiqidən başqa bir çox ayrı şeyləri də öyrətməliyəm ki, sən öz klavişlərindən bir az uzağı da görəsən.
– Mən nəyi görməliyəm ki?
– Hə, məsələn, knyazın musiqiçisi həmin cənabın ov itindən nə ilə fərqlənir?
– Musiqiçi itdən nəylə fərqlənir?
– Fərq bundan ibarətdir: it çox canfəşanlıq eləməsə də həmişə yaxşı yedizdirilmiş olur, axı ağalar ova tez-tez getmirlər. Knyaz musiqiçisi isə əksinə: nadir hal larda yaxşı yedizdirilmiş olur, əvəzində isə ara vermədən çalır. Axı knyaz hər gün musiqiyə qulaq asmaq istəyir. Biz də səhər liturgiyası vaxtı çalırıq ki, knyaz və yaxın adamları yatıb yuxuya qalmasın, nahar vaxtı çalırıq ki, onlar qidalarını yaxşı çeynəsinlər, axşam musiqi çalırıq ki, yatmazdan əvvəl onları əyləndirək.
– Hər bir adam zəhmət çəkməlidir!
– Bəs sən həmin lütfkar cənabı nə vaxtsa üzümlükdə işləyən görmüsənmi?
– O ki, varlı adamdır, işləmək onun nəyinə gərəkdir?
– O elə ona görə varlıdır ki, özgələrindən oğurlayır. Knyazlarla oğrular arasında böyük təfavüt yoxdur.
Lüdviq Nefenin sözlərindən sarsılmışdı, ancaq hiss edirdi ki, müəllimi düzgün mühakimə yürüdür. Lüdviqə bu da aydın idi ki, müəllimi knyazlarla quldurları bir tərəziyə qoyur. Doğrudan da, məgər knyazlar əkinçinin əlindən məhsulu, peşə sahiblərinin əlindən onların əməyinin bəhrəsini və sənətkarın əlindən alınası hər nə varsa hamısını almırmı?
– Biz kölələrik, – orqançalanın səsi kədər və qəzəblə eşidildi. – Sahibkarın kefi istəsə onun qarşısında lap sürünəcəyik!
– Mən sürünməyəcəm,– deyə oğlan onun sözünü kəsdi, alnında inadkarlıq bildirən qırışlar yarandı.
Nefe qüssəli halda qımışdı:
– Bizim ağalar yoxsulları xalta ilə tutub saxlayırlar. Sənətkarlar, gözəllik yaradanlar isə yurdsuz itlər kimi, həyətbəhəyət veyllənirlər. Xaltalarını yaxınlaşdırıb xahiş edirlər: lütf edib, məni qulluğa götürün!
Lüdviq bu dəfə son dərəcə təhqir olunub, ayaq saxladı. O, baxışlarını yol yoldaşının amansızlaşmış sifətinə zillədi.
– Mən istəmirəm ağanın nökəri olum! Mən qapı-qapı gəzib xaltamı uzatmayacam! Maestro, allah xatirinə, deyin, mən neyləyim?
Nefe o saat cavab vermədi. Onun sifətində gizli bir məmnuniyyət hissi əks olundu.
– Mən elə bunu istəyirdim, cavan oğlan! İstəyirdim sənin sualını eşidim: nə etmək lazımdır? Lakin bu məkrli sualın cavabını elə mən də bilmək istərdim axı.
– Siz mənə bir məsləhət verə bilərsinizmi?
– Özümə yox, sənə – hə.
Knyaz orqançalanı cavab verməyə macal tapmamış kilsə zənginin adi səsi eşidildi. O saat da, elə bil bu siqnalı gözləyirmiş kimi, yezuit və fransiskan monastırlarının zəngləri səsləndi, sonra isə bütün şəhər və kənd kostyollarında zənglər çalındı.
Gənc Bethoven şlyapasını çıxarıb sakitcə dua oxudu. Nefe protestant idi, lakin katolik kilsələrində zənglər çalınanda onun da sifətinin ifadəsi yumşaldı. Bu an kim isə onun başıörtülü olduğunu görsəydi, işi şuluq olacaqdı! Onsuz da, özgə dindən olan bu gəlmə adamı arxiyepiskopun xidmətdə saxlamasına görə qəzəblənmiş düşmənləri çox idi.
Üzücü zəng səsləri susanda Lüdviq cəld şlyapasını geyindi.
– Hə, maestro, indi buyurun…
Nefe çaşqın halda alnını sildi.
– Bu haqda sakit və tələsmədən danışmaq lazımdır, biz isə getməliyik, cavan oğlan! Mənim fransız səfirinin evində dərsim var. Sən isə çalmalısan. Bəlkə, axşam…
Deməli, bizə gələcəksiniz? – Lüdviqin gözləri sevinclə işıqlandı.
– Mən axı dedim.
Onlar şəhər darvazasının yanında ayrıldılar. Lüdviq düz irəliyə doğru üz tutaraq sürətlə, başını aşağı əyərək gedirdi, sanki fikirlərin ağırlığından başını düz tutmağa çətinlik çəkirdi.
– Maestro mənə nə məsləhət verə bilər? Kurfürstə mənim babam xidmət edib. Atam xidmət edib. Məşhur musiqiçilərin hamısı bu cənabdan maaş alır. Onlar bunu da itirməmək üçün qorxudan titrəyirlər. Mənim də vəziyyətim bu cür miskin olacaqdır? Yoxsa, nə isə bir möcüzə baş verəcək? Axı maestro heç vaxt boş sözlər danışmır. Mənim üçün onun nə isə bir planı var. Lakin nə üçün o özü bu plana əməl etmir?
Lüdviq çörəkçi Fişerin bulka məmulatları satan kiçik dükanı da yerləşən evinin həyətinə girəndə başı saysız-hesabsız suallarla dolu idi.
Evə girəndə o, indicə şəhərdən qayıtmış və əlində şərab şüşələri ilə dolu zənbil aparan atası ilə qarşılaş dı.
– Bu nədir, sən çalmırsan? – deyə o, təəccüblə səsləndi. Qəzəbsiz soruşdu. O, Lüdviqi möcüzəli uşağa çevirmək ümidi boşa çıxandan bəri onun məşğələlərinin qeydinə qalmırdı. Atasını təəccübləndirən yalnız bu idi ki, oğlunu həyətdə görmüşdü və evdən royal səsi gəlmirdi.
– Ata, mən daha gəlirəm, – deyə oğlan qımışdı.
Lüdviq bilirdi ki, qonşu otaqlarda artıq, kiçik yaşlarından ona tanış olan və sevdiyi füsunkar tamaşa oynanılır. Necə də istəyirdi ki, royalın qapağını çırpsın! Lakin o, özü özünə əmr edə bilir: «hamı edə bilər, sən edə bilməzsən!»
Artıq saat doqquzdur, küçədə göz-gözü görmür. Otağın qapıları açıq qalır, lakin Lüdviqin həssas qulağı adət etmədiyi qarmaqarışıq səsləri ayırd edə bilir. Boğuq kişi səslərini, bir tərəfdən o biri tərəfə çəkilən mebel səsini, qadınların qəhqəhəsini eşidir. Budur, kim isə skripkanı kökləyir, fleyta da sanki boğuq gülüş səsi ilə əks-səda verir.
Lüdviq cəld ayağa qalxdı. Ailənin və qonaqların yanına keçmək vaxtıdır. Bəlkə Nefe öz sirriylə bərabər, artıq gəlib?
Qonaqlar hamısı ər-arvad Bethovenlərin dostları, arxiyepiskop kapellasının üzvləri və orkestrdə çalanlar idi.
Saray orqançalanı Nefe axırda gəldi. Bu dəfə o, parik qoymuş, tünd-qəhvəyi rəngli sürtuk geymişdi, boğazının altında sıx çinlənmiş boyun dəsmalı ağarırdı. Qoltuğunda qara rəngli not qovluğu vardı, qovluğun üzərində iri hərflərlə «Musiqi» yazılmışdı. «Bu nə ola bilər» – deyə Lüdviq düşündü. Ev sahibəsini təbrik etmək və ondan ötrü bir şey çalmaq üçün gəlmiş musiqiçilər adətən özləri not qayğısına qalırlar!
Evin ən yaxşı iki otağı qeyri-adi dərəcədə işıqlandırılmışdı. Otaqların hər birində qonşulardan borc alınmış üçbuynuz şamdanlara qoyulmuş on iki şam yanırdı. Musiqiçilər pultların yanında əyləşdilər. Lüdviq skripkanı əlinə aldı. Lap qapının yanına çəkilmiş royalın arxasında Nefe oturdu. Hamı onun işarəsini gözləyirdi. O, başı ilə işarə edib barmaqlarını klavişlərə toxunduran kimi şən bir musiqi – ev sahibəsinin şərəfinə serenada səsləndi.
Böyük Bethovenin əlində heç bir çalğı aləti yox idi. Ona çox şərəfli bir rol ayrılmışdı.
O, özünün ən yaxşı paltarını geymiş halda yataq otağının qapısına yaxınlaşdı, qapını tıqqıldatdı, içəri keçdi və dərhal da ipək don və qar kimi ağ parik geyinmiş arvadı ilə bərabər gəldi. Onun yorğun əllərində krujevadan tikilmiş uzun əlcək vardı. Musiqi yenidən gurladı. Bu dəfə çalınan gözəl bir marş idi, ər-arvad onun sədaları altında baba Lüdviqin dəbdəbəylə bəzədilmiş portretinin altında qoyulmuş rəmzi taxta doğru yeridilər. Taxt vəzifəsini nəsildən nəslə keçən qədim kreslo görürdü.
Uzun çiçək hörükləri bu kreslonu ecazkar, gözəl bir şeyə çevirmişdi. Hər halda Lüdviqə və onun kiçik qardaşlarına belə gəlirdi. Onlar ataları ilə yanaşı kiçik addımlarla yeriyən analarına məftunluq dolu nəzərlərlə baxırdılar. Bu gün onun uzunsov, sısqa sifəti nə isə xüsusi bir zərifliklə işıq saçırdı.
Utanmış xanım Bethoven əyləşəndə musiqi susdu. Təbriklərin vaxtı çatdı.
Birinci olaraq balaca Nikolay dili dolaşa-dolaşa nə isə dedi, sonra Kaspar ifadəsiz bir tərzdə təbrik şeiri dedi və özünü tamamilə itirmiş, utanan Lüdviqin növbəsi çatdı. Son dəqiqədə Nefe ona yaxınlaşdı, qara qovluğu onun əlinə dürtüb pıçıldadı:
– Bu, anan üçün hədiyyədir. Ona təqdim et.
Lüdviq necə həyəcanlanmayaydı ki, hətta əlində tutduğunun nə olduğunu bilmirdi! Lakin getmək lazım idi, çünki atası artıq, kresloya yaxınlaşırdı.
Bethovenlər ailəsindən olan dörd kişinin hər biri anaya bir dəstə çiçək verib onun əlini öpdülər. Sonra qalan qonaqlar da onu beləcə təbrik etdilər: aydındır ki, xanımlar onun yalnız əlini sıxdılar.
Xanım Bethoven yeganə bir hədiyyə almışdı – üstü qızıl suyu ilə yazılmış sirli bir qovluq. Onunla necə rəftar edəcəyini də bilmirdi. Açsınmı? Baxsınmı? Notlar onun nəyinə gərəkdir? Axı o, musiqiçi deyil.
O, qovluğu açıb ilk səhifəsinə baxanda gözlənilməz bir şey gördüyündən sifəti od kimi, qıpqırmızı oldu. Uzun kipriklərinin altında göz yaşları parladı.
– Lüdviq! Mənim balam! – O, göz yaşlarının əlin dən bir kəlmə də deyə bilməyib əlini Lüdviqə tərəf uzatdı.
Anası üçün Nefenin hazırladığı hədiyyədən anasının vəcdə gəldiyinə görə tamam çaşıb qalmış oğul ona yaxınlaşdı. Anası onu bağrına basdı və onlar, titul vərəqindəki yazını ikilikdə oxudular. Lüdviqin sanki maqnitlə dartılıb gərilmiş gözləri vərəqin aşağı hissəsinə zillənmişdi, orada yazılmışdı: «Gənc musiqi həvəskarı Lüdviq van Bethoven yazmışdır».
Lüdviqin gözləri geniş açıldı. Bu, doğrudanmı onun adıdır? Sadəcə qələmlə yazılmayıb, çap edilib, elə bil o, əsl bəstəkardır! Və o başa düşdü… Bu Nefe – əsl sehrbazdır. Nefe – onun ecazkar dostudur!
Lüdviq bu yaxınlarda hansı isə bir marş mövzusunda variasiyaları öz müəllimi üçün ifa etdiyini xatırladı. Bu, onun sevimli məşğələsi idi – hər hansı bir məlum motivi götürüb onun üzərində işləsin.
Bu variasiyalar Nefenin xoşuna gəlmiş və o Lüdviqi məcbur etmişdi ki, onları yazsın. İndi gör bundan nə çıxıb! Nefe onları verib, çap etdirib.
Qonaqlar xanım Bethovenin kreslosunu dövrəyə aldılar. Onlar diqqətlə notlara baxır və heyrətlənmiş halda pariklərini yellədirdilər. On iki yaşlı bəstəkar, necədir! Buradakı musiqiçilərin heç biri xəyalına da gətirmirdi ki, onun əsəri çap edilsin, indi budur, möcüzədir: Bethovenin hələ heç bığ yeri tərləməmiş oğlancığı bu şərəfə layiq görülüb!
– Çalsın, çalsın! Lüdviq, otur royalın arxasına!
O, qıpqırmızı qızarmış, özünün ilk əsərini tamaşaçılar qarşısında ifa etməli olduğu üçün bir qədər qorxmuş halda royalın yanında oturdu. Lakin elə ilk taktlardan sonra qorxu elə bil heç yox imiş… Dostcasına alqışlar susdu və Lüdviq səmimiyyətlə baş əydi, onun sifəti çox ciddi olaraq qalırdı.
Sonra əsəri bütün ansambl çaldı, xanım Bethoven isə özünün təntənəli şəkildə bəzədilmiş kreslosunda oturub onlara qulaq asırdı.
Xanımlardan biri oxudu, o ariyanı tamamlayarkən alqışların hay-küylü gurultusu içində Gənc bəstəkar lap qulağının dibində bir pıçıltı eşitdi:
– Lüdviq, sən bir qədər gəzişmək istəməzdinmi?
Onlar müğənni qadını dövrəyə almış qonaqların arasından hiss edilmədən çıxdılar və Lüdviq müəlliminin əlindən tutaraq onu vintvarı pilləkənin pillələri ilə apardı. Pilləkənin döndüyü yerdə asılmış qırmızı lampa onu zəifcə işıqlandırmışdı.
Küçə bomboş idi. Ay onu tək-tək fənərlərdən daha yaxşı işıqlandırırdı. Sakitlik idi, təkcə Fişerin ikinci mərtəbədə işıqlanan pəncərələrindən boğuq səs-küy gəlirdi. Yarıqaranlıqda iki qaranlıq kölgə bu pəncərələrdən getdikcə daha çox uzaqlaşırdı.
– Maestro, – oğlan mütəəssir halda dilləndi,– mən sizə çox minnətdaram. Bilsəydiniz, siz bu gün anama nə qədər sevinc bəxş etdiniz!
– Lüdviq, bu ki, mənim yox, sənin hədiyyəndir! Bir də ki, mən səni bu qaranlığa onun üçün çəkib gə tirməmişəm ki, mənə təşəkkür edəsən. Mən səninlə başqa şey barədə danışmaq istəyirəm.
– Başa düşürəm, maestro…
– Mən bu söhbətə çoxdan hazırlaşıram, – Qozbel orqançalan başını aşağı əydi, aydın görünürdü ki, o, söhbətə neçə başlamağı götür-qoy edir. – Lüdviq, sən deyirdin ki, müəllimin çox olub. Bəs sən onlardan ən yaxşısının, Tobias Pferferin adını niyə çəkmədin? – O, gözünün ucu ilə oğlana sınayıcı bir nəzər saldı.
Lüdviq titrədi, sanki onu qamçı ilə vurdular.
– Bu saat biz həmin adam barədə hökmən danışmalıyıqmı?
– Bəli, danışmalıyıq. Bu, böyük musiqiçidir. Deyərdim ki, daha artıq – dahi musiqiçidir. Müğənni, aktyor, skripkaçı, fleytaçı, qaboy çalmaqda isə onun tayı-bərabəri yoxdur.
– Bəli, bunlar doğrudur. Lakin, maestro, lütfən, onun barəsində nə qədər az danışsaq, bir o qədər yaxşıdır. Mən şadam ki, o, Bonnda cəmi bir il oldu.
– Mən eşitmişəm ki, o sənə qarşı həddən artıq ciddi olub.
– Ciddi? – Oğlan kədərli halda güldü. – Amansız! Əgər o, at ilə bu cur rəftar etsəydi, yenə də adamlar hiddətlənərdi. Ancaq, yaxşısı budur, mən hər şeyi növbə ilə danışım.
– Mən də elə bunu istəyirəm,
– Pfeyfer Bonna gələndə atam ona təklif etdi ki, bizim evdə yaşasın. Sonra belə razılaşdılar ki, stolun haqqı və mənzil kirayəsi əvəzinə o məni öyrədəcək. Oyrədirdi də – royalda, fleytada, skripkada çalmağı. Musiqinin istənilən sahəsindəki hansı predmetdən söhbət düşsə Pfeyferin bu barədə məlumatı vardı. O, hər şeyi bacarırdı: ən ciddi musiqi əsərlərinin gözəl ifasından tutmuş hər cür quşları məharətlə təqlid etməyə qədər.
Biz uşaqların ən çox sevdiyimiz onun sehrbaza çevrilməsi idi. Əşyalar onun barmaqları arasından yoxa çıxır və dərhal başqa yerdə peyda olurdu. O, gümüş pulu yox edib sonra onu kiminsə qulağının dalından çıxarmağı bacarırdı.
Nə qədər ki, ayıq idi, o mənim üçün pis müəllim deyildi. Amma içəndə müsibət olurdu. O, nağıllarda olduğu kimi, şən bir adamdan dönüb vəhşi heyvana çevrilirdi. Neçə dəfə olub ki, atamla o, gecəyarısından sonra meyxanadan qayıdıb, sonra isə birdən ağlına gəlirdi ki, deyəsən bu gün mənimlə məşğul olmayıb.
Onlar məni yuxulu-yuxulu yataqdan qaldırıb royalın yanına dartırdılar. O vaxt mənim səkkiz yaşım vardı. Mənim necə qorxduğumu təsəvvür edə bilərsiniz. Mən var gücümlə özümü onlardan müdafiə edirdim. Anam köməyə gəlirdi. Lakin onlar yenə də məcbur edirdilər. Royalın arxasına oturub səhərə qədər çalmalı olurdum. Göz yaşlarım üzümə axır, mən isə hətta onu silə də bilmirdim.
Əgər çox müqavimət göstərsəm, onlar məni köhnəküruş şeylərlə dolu anbara salıb qapını bağlayır, skripkanı mənə verib not kağızında hər hansı bir çətin yeri göstərib əmr edirdilər:
«Çal! O vaxta qədər çal ki, heç bir cüzi səhvin də olmasın!»
Mən də şam işığında, sonra isə qaranlıqda çalırdım. Müəllimlərim isə mətbəxdə oturub özləri ilə gətirdikləri şüşəni içir və mənə qulaq asırdılar. Özü də, maestro, təəccüblüsü odur ki, mən Pfeyferə kin bəsləmirdim. Yəqin ki, o, özünü haqlı hesab edirdi. Çox vaxt o, mənə qışqırırdı: «Bircə işlə, divanə kimi işlə! Mən səni əsl musiqiçi edəcəm!». Pfeyferi yada salmaq istəmirəm, onun barəsində eşitmək istəmirəm, amma onun haqqında pis söz də deyə bilmərəm. Mənə həmişə elə gəlirdi ki, o, son dərəcə bədbəxt adamdır.
– Sən haqlısan. O, öz vəziyyətinin təhqiramizliyini hiss edən az saylı musiqiçilərdən biri idi. Böyük sənətkar – və nəticə etibarilə ağanın nökəri. Ona livreya geyindirirlər ki, ey qulluqçu, şam yeməyi vaxtı get oxu ki, əziz cənab qızarmış çoşqa ətini yaxşı çeynəsin! Mənəviyyat və pul kisəsi bir-birinə qarşı dururlar. Müftəxora qarşı əməkçi!.. Yaxşı, qaşqabağını tökmə, sən də qəsrə gedəndə nökər livreyası geyirsən, fərq ondadır ki, xidmətçilər qırmızı frak geyirlər, biz musiqiçilər isə yaşıl frak.
– Maestro, siz bu gün artıq, bu barədə danışmısınız. Bunları eşitmək mənim üçün ağırdır. Yaxşısı budur, məsləhət verin görək, bu köləlikdən necə xilas olmaq olar? Axı siz mənə söz vermişdiniz. Bir də, biz Pfeyfer haqqında niyə danışmalıyıq axı?
– Ona görə ki, mən də səndən, elə onun istədiyini istəyirəm.
Nefe dayandı, uzun əllərini oğlanın çiyinlərinə qoyub onları bərk-bərk sıxdı. Lüdviq hiss etdi ki, bu qədər acgözlüklə gözlədiyi şeyi öyrənəcəyi dəqiqə çatıb.
– Lüdviq, indi, sənin bədbəxt ananın ad günündə sənə deyəcəyim şeyləri yadında möhkəm saxla! Təhqiramiz vəziyyətdən çıxmaq üçün sənin yeganə yolun var: elə böyük bir sənətkar olmalısan ki, sən knyazlara yox, onlar sənə baş əyməli olsunlar! Dünyanı məcbur etməlisən ki, sənin musiqini ürək çırpıntısı ilə, sənin hər bir sözünü isə hörmətlə dinləsin!
Nefenin sözləri elə ehtirasla səslənirdi ki, oğlan titrədi. Almaniyanın ən savadlı adamlarından biri olan bu bədbəxt qozbel orqançalan keçirdiyi hisslərin bütün yanğısını, həyatın çətinlikləri ilə mübarizədə əldə etdiyi bütün müdrikliyi bu sözlərə sərf etmişdi.
Bu dəqiqə Gənc Lüdviq qarşıda onu necə uzun, gərgin zəhmətlə dolu illər gözlədiyini təsəvvür etmirdi, o, bu barədə də fikirləşmirdi ki, çox vaxt sənətkarın başına qızıl çələng qoymaq əvəzinə ona əzab-işgəncə verirlər. Lakin onun gələcəyinə müəlliminin inanması onu sevindirirdi.
– Maestro, siz güman edirsiniz ki, mən bu cür adam ola bilərəm?
– Sənin istedadın var, – orqançalan bunu ciddi dedi.
– Pfeyferin də istedadı vardı.
– Amma o, dilənçi kimi, hardasa bir xəndəkdə öləcək. Mən səni qəsdən məcbur etdim ki, onu yada salasan. Görürsən ki, hətta istedadlı adam da nə qədər alçala bilər. İstedad hələ hər şey demək deyil, Əgər o son dərəcə inadkar olmayan adama verilibsə, məhv olub gedə bilər. Bacarmıram, istəmirəm, bilmirəm kimi sözləri dilinə gətirməyi özünə qadağa et, həmişəlik qadağan et! Müvəffəqiyyətsizliyə uğrasan – təzədən başla! Yüz dəfə müvəffəqiyyətsizliyə uğrasan – yüz dəfə təzədən başla!
– Deyəsən mən hər halda nə isə öyrənmişəm, maestro!
– Bax, elə bu da Pfeyferin xidmətidir. O səni öyrədib ki, başa düşəsən, insan hər hansı maneəni dəf edə bilər. Bəzən min dəfə hücuma keçmək lazımdir ki, istehkam nəhayət təslim olsun. İstedad bircə çimdik də olsa kifayətdir, inadkarlıq isə dərya qədər olmalıdır. Əgər dünya ağıllı qurulmuş olsaydı bu iki şeyin sayəsində sən öz məqsədinə çata bilərdin. Amma bizim zəmanədə üç şey lazımdır.
– Siz nəyi nəzərdə tutursunuz, maestro?
– Bu üç şey bunlardır: istedad, inadkarlıq və özünə inam. Mən lovğalıq demirəm. Allah səni ondan uzaq eləsin, mən – özünə inam – deyirəm. Kimdir dünyanın sahibi? Dvoryanlar, knyazlar, yepiskoplar – hər cür zülmkarlar. Bunlar ağıllı adamlardırmı? Nadir halda. Onlar özləri kimi sarayda doğulmayanlara nifrət edirlər. Onlar elə fikirləşir ki, xalq onlara qulluq göstərmək üçün yaradılıb. Mən isə deyirəm: xalq onun üçündür ki, hökmranlıq etsin!
Ayın tutqun işığında və küçə fənərlərinin şəfəqində Nefenin sifəti çox solğun görünürdü. Onun gözləri od saçırdı. Səsi həyəcandan qırılırdı.
– Mən nə dediyimi bilirəm, oğlum. Heyfslənirəm ki, bu müdrikliyə belə gec yetişmişəm. Qızıl şporlu, tərtəmiz çəkmələr məni çox vaxt təpiklə mükafatlandırıb. Əlbəttə, əyanlar arasında da müdrik və xeyirxah qəlbli adamlara rast gəlmək olar. Belələrinə dost münasibəti bəslə. Amma o biriləri ilə özünü qürurlu tut! Bizim hamımızın əvəzinə, yıxılıb taqətdən düşənlərin, bir qarın ac, bir qarın tox dolananların hamısının əvəzinə. Onlara sübut et ki, sən onlardan üstünsən. Həyatı irəli aparan – yalnız qırmanc gücünə fəaliyyət göstərməyi bacaranlar yox, yalnız əməkçi və müdrik adamlardır.
– Maestro, bilmirəm, bacararammı… – deyə Lüdviq, yerə baxa-baxa inamsız halda sözə başladı.
– Bacarmazsan? – Nefe qışqırdı. – Mən sənə əmr etdim ki, bu sözü yaddan çıxart! Sən bacararsan! Sən yer üzündə nə vaxtsa yaşamış musiqiçilərin hamısından ən böyüyü olmalısan! Məqsəd budur.
Nefenin alovlu nitqi oğlanı heyran etmişdi. O başa düşürdü ki, bu yay gecəsində küçənin alatoranlığında nə isə mühüm bir şey baş vermişdir. Müəlliminin əli onun həyat xəttini qətiyyətlə göstərmişdi. O da, bu tapşırığı neçə yerinə yetirəcəyini hələ bilmədən onu qəbul etdi.
Uşaq vaxtı Lüdviqin yatdığı balaca otaqda onu həmişə həyəcanlandıran kiçik bir şəkil asılmışdı. Şəkildə qüllələrlə bəzədilmiş, üçlaylı iri darvazası olan bir kurfürst sarayı təsvir edilmişdi. Daşda təcəssüm olunmuş bütün bu əzəmətli gözəllik iri alov dilləri ilə əhatə edilmiş və tüstüyə bürünmüşdü.
Bu ucuz rəsm əsərində hər şey əslində olduğundan daha parlaq görünürdü. Alovun yandırıcı dilləri qapılardan, bacalardan və qüllələrin deşiklərindən fışqıran cəhənnəm fontanlarına oxşayırdı.
Rəssam, şəhərin fəxri olan bu sarayı amansız təbii fəlakətin məhv etdiyi gecənin – 1777-ci il yanvarın on beşi gecəsinin dəhşətlərini tamaşaçılara çatdıra bilmişdi. O, ön planda bir kişi, bir qadın və bir uşaq təsvir etmişdi. Bütün ailə ümidsiz halda əllərini göyə uzadıb kömək üçün dua edirdi. Yan tərəfdə durmuş təbilçi fəlakət yerinə heyrətamiz dərəcədə asta addımlarla yaxınlaşan xilasediciləri çağırırdı…
Doğma şəhərinin yaxın keçmişinin bu qara səhifəsini Lüdviq təkcə bu rəngli qravüraya görə bilmirdi. O vaxt onun altı yaşı vardı, lakin o uçmuş dama və dağılıb tökülmüş divarlara dəhşət içində uzaqdan neçə baxdığını indi də xatırlayır. Lüdviq hər şeyi dağıdan oddan anasının onu qoruyacağına inanaraq təlaş içində öz balaca əli ilə onun əlini sıxırdı.
Knyazın xidmətçiləri heç olmazsa bəzi şeyləri xilas etməyə çalışırdılar. Fədakar arxivarius Emanuel Breyninq saray əmlakını xilas edərkən həyatını qurban verdi. Yəqin ki, bu gecə şəhərə üz vermiş bütün itkilərdən ən ağırı bu idi, çünki o, müstəsna dərəcədə savadlı və həssas bir adam, elmin və incəsənətin daimi himayədarı idi. Şəhərin mənəvi həyatı onun ətrafında sıx birləşib inkişaf edirdi.
İyirmi yeddi yaşı yenicə tamam olmuş arvadı körpə uşaqlarla tək qaldı. Ona yaxşı pensiya təyin etdilər, lakin ərinin ona qoyub getdiyi ən yaxşı miras şəhər sakinlərinin hörməti və məhəbbəti idi. Onların hər biri üçün Breyninqin adı bir şərəf haləsi idi.
Mənəviyyatı var-dövlətdən yüksək qiymətləndirən adamlar Breyninqin ölümündən sonra da evdən ayaqlarını kəsməmişdilər.
Ailədə dörd uşaq var idi: Kristof, Lorxen, Stefan və Lorens. Hamısı da Lüdviqdən kiçik idi. Qıza və kiçik oğlana Lüdviq artıq, fortepiano dərsi keçməyə başlamışdı.
İyulun axırında Lüdviq nəhayət ki, çoxdan gözlədiyi xəbəri – ildə yüz əlli dukat maaşla orqançalan köməkçisi vəzifəsinə təyin olunması xəbərini alanda o, ilk növbədə sevincini anası ilə bölüşdürdü, sonra isə fikrə getdi: daha hara qaçsın? Xoş xəbəri xanım Breyninqə bildirsin, yoxsa Maestro Nefeyə? O, se vincini də, kədərini də onlarla bölüşməyə artıq adət etmişdi.
Axırda yenə do orqançalanı üstün tutdu. Ola bilsin ki, knyazın sərəncamını artıq o da alıb.
O, müxtəlif musiqi alətləri yerləşdirilmiş otağa qaça-qaça girib, vəsiqəsini müəlliminə verdi. Qozbel kapelmeyster xoşbəxt oğlanın qara cod saçlarını sığallayıb dedi:
– Sən Lüdviq Bethoven olmasaydın mən səni təbrik edərdim. Sənin qardaşın Kaspara deyərdim: sənə müvəffəqiyyətlər arzu edirəm, cavan oğlan! Sənin baban da bu cür başlamış və kapelmeyster, şəhərdə hörmətli bir adam olmuşdu.
– Bəs mənə siz heç nə deməyəcəksiniz? – deyə Lüdviq kədərlənmiş halda dilləndi.
Nefe çiyinlərini çəkdi:
– On dörd yaşlı başqa bir oğlan üçün orqançalan köməkçisi yeni mənsəbə çatmağın başlanğıcı ola bilərdi. Sənin üçün isə o, bu mənsəbin bitdiyini bildirən bir başlanğıc ola bilər.
Lüdviq təəccüblə ona baxırdı.
– Sən artıq unutmusan ki, sənin həyat yolun başqa cür olmalıdır? Sən hökmən Vyanaya getməlisən. Oxumağa! Motsarta çatmaq və allah qoysa, onu ötüb keçmək üçün! Knyaz nökəri kimi qalmağın nəyi yaxşıdır?
– Lakin madam ki, knyaz mənə ildə yüz əlli dukat maaş verməyi vəd edir, belə çıxır ki, knyaz heç də pis adam deyil!
– Bu, xeyriyyə əməli yox, ağalara məxsus bir hiyləgərlikdir. Onlar yarım maaşa bütöv bir musiqiçini satın alırlar. Sənin cəmi on dörd yaşın olmasının heç bir mənası yoxdur! Bizim diyarda səndən yaxşı pianoçu yoxdur! Sən elə viola, orqan və fleyta çalmaqda da yaşlı musiqiçilərdən geri qalmırsan.
Çaşıb qalmış Lüdviq susurdu, Nefe isə əsəbi halda otağın o biri tərəfinə keçib pəncərənin yanında durdu. O, küçəyə baxaraq boğuq səslə dedi:
– Onlar artıq sənin qiymətini başa düşüblər, ona görə də səni burada saxlamağı qərara alıblar. Mənim boğazıma isə ilgək hazırlayırlar.
Nefenin sözləri o qədər yanıqlı idi ki, Lüdviqin ağlına belə bir fikir gəldi: kapelmeyster pəncərəyə baxır ki, sifətində əks olunmuş kədəri göstərməsin.
– Sizə də bildiriş göndəriblər? Özü də pis bildiriş, eləmi? – deyə, Lüdviq həyəcanlanmış halda soruşdu.
– Mənim üçün onu hazırlayırlar. – Nefe kəskin hərəkətlə döndü. – Knyaza nə cür qərar hazırladıqlarını bilirəm. Mənə hamı düşmən deyil, bu barədə mənə xəbər verən dostlarım da var.
O, cibindən nə isə bir vərəq kağız çıxarıb açdı:
– «Xristian Qotlib Nefe, otuz altı yaşında, evlidir, iki qızı var. Üç ildir ki, xidmət edir, teatr kapelmeysteri olmuşdur. Maaşı ildə 400 dukatdır. Orqançalandır. Orqanda zəif çaldığı üçün xidmətdən qovula bilər. Bundan əlavə o, əslən bu şəhərdən deyil. Protestant dininə qulluq edir. Onun əvəzinə orqançalan vəzifəsini ildə cəmi 150 dukat maaşla başqa bir musiqiçi ifa edə bilərdi, ona görə ki, o hələ yeniyetmədir, üstəlik də saray musiqiçisinin oğludur».
O, kağızı qatlayıb qətiyyətlə cibinə qoydu. Lüdviq sarsılmış halda otağın ortasında dayanmışdı. Ona elə gəldi ki, ayaqlarının altındakı döşəmə ləngər vurdu. Deməli, onun vəzifəcə böyüməsi üçün Nefe cəza çəkməlidir?!
– Cənab Nefe, bütün müqəddəslərin xatirinə, mənə qəzəblənməyin! – deyə o, qışqırdı.– Mən bilmirdim ki, sizin yerinizi tutacağam. Sizə deyirlər pis orqançalan? Siz məndən o qədər yüksəksiniz ki, mən… – Birdən o, üzünü əlləri ilə örtüb acı-acı hönkürdü. – Mən qəsrə gedib bu əmri onların ayaqlarının altına atacam. Bu köpəklərə, bu…
– Sus, sus, oğlan! Yadında saxla: mən sənə heç nə deməmişəm. Bu doğrudur, onlar köpəkdirlər. Kinli, paxıl köpəklər! Mənim orqanda yaxşı ya pis çalmağım onları əsla maraqlandırmır. Onları daha artıq narahat edən odur ki, mən ayrı dindənəm. Ancaq bu da əsas məsələ deyil. Onlar üçün ən pisi odur ki, mən başqalarından çox şey bacarıram, başa düşürsənmi? Buna görə də məni başlarından eləmək istəyirlər. Bir vaxt sənin də nəsibin bu olacaq.
O, Lüdviqin çiyinlərini qucaqladı, Lüdviq isə dar tınıb müəlliminin əlindən çıxdı:
– Buraxın məni, maestro, buraxın! Mən saray dəftərxanasına getməliyəm. Mən hamının gözü qabağında bu əmri cırıq-cırıq eləyib onların üzünə çırpacam!
Lakin Nefe həyəcanlanmış oğlanı buraxmırdı.
– Qızışma, Lüdviq! Bunun nə xeyri olacaq? Yüz əlli dukatı ailənin əlindən çıxardarsan, onların isə bu pula ehtiyacı var. Mənə də ancaq pislik etmiş olarsan. Ağalar çox sevinərdilər: «Bir baxın, Nefe gənc Bethoveni bizim üstümüzə qızışdırıb! Tərs oğlanın təcrübəsizliyindən istifadə edib. Buna görə qovun onu vəzifəsindən!».
– Bəs mən nə edim, Maestro? Mən sizin qarşınızda elə xəcalət çəkirəm ki!
– Axı sənin nə təqsirin var? Sən mənə kömək etmək istəyirsənsə, özünü elə göstər ki, guya onların niyyətləri barədə heç nə bilmirsən.
– Və onların sizi qovmasına dözüm? İki uşaq və arvadla!
– Bu olmayacaq, oğlan! Hələlik Bonnda elə adamlar var ki, onlar knyazı başa sala bilər ki, bütün alman torpaqlarında Nefedən başqa elə bir qəribə adam tapılmaz ki, ildə dörd yüz dukata orkestrə dirijorluq etsin, onda çalsın, operaları tamaşaya qoysun, mətnlər, yazsın və dəftərxana işlərini aparsın.
Lüdviq fikrə getdi. Hələ əmr elan edilməyib, bəlkə doğrudan da hələ hər şey itirilməyib? O saat da Lüd viqin halı yüngülləşdi.
– Maestro, – deyə o rahat bir nəfəs alıb dilləndi, – mən, xanım Breyninqin yanına gedib ona hər şeyi danışacam. Siz ki, onu tanıyırsınız? O, heyrətamiz dərəcədə xeyirxah adamdır və mənə çox kömək edib.
Lüdviq cəld baş əyib sürətlə otaqdan çıxdı. Onun qanı yaman qaralmışdı. O, əməyinə görə zəhmət haqqı verilməsini nə qədər arzulamışdı! O hər gün gözləyirdi ki, ona kiçik də olsa maaş versinlər.
Pulda əsrarəngiz bir qüvvə var. O, hətta anasının kədərlə sıxılmış dodaqlarında da təbəssüm yarada bilir. İndi isə, ona maaş kəsildiyi halda, o, bu maaşı qəbul edə bilmir. Bu yüz əlli dukat – öz müəlliminin kürəyinə bıçaq zərbəsi vuracağı üçün ona veriləcək qəpik-quruşdur!
Knyaz isə bu hesaba iki yüz əlli dukata qənaət etmiş olacaq.
Lüdviq Breyninqgilə get-gedə daha tez-tez gəlirdi. Bundan əvvəl heç vaxt uşaqlar arasında onun dostu olmamışdı. O, yaşlı adam kimi yaşayır və işləyirdi.
Bu yaxınlarda Nefe onun fortepiano üçün yeni pyeslərini çap etdirməyə vermişdi. Lakin gənc bəstəkar və knyaz musiqiçisi heç cür imkan tapa bilmirdi ki, sahil boyu qaçaraq yaşıdları ilə oynasın. Bəzən Breyninqlərin uşaqları ilə birlikdə olanda Lüdviq qayğısız bir yeniyetməyə çevrilirdi. O, bağda olarkən onlarla bərabər həvəslə qaçırdı, lakin elə ki, royalın arxasına keçirdi, uşaqlar ciddiləşir və sanki böyüyür dülər.
Lüdviq hiss edirdi ki, uşaqlar ona valeh olur və düzü, ömründə ilk dəfə bu onu sevindirirdi. Şan-şöhrət və alqışları o hələ uşaqlıqdan az görməmiş və onlara adət etmişdi. Lakin balaca dostlarının ona hörmət etmələrini xüsusilə yüksək qiymətləndirirdi.
Lüdviqin öz ailəsində necə ağır bir şəraitdə yaşadığını anlayan ev sahibəsi az vaxtda onda belə bir həvəs oyatdı ki, bir şeydən əzab çəkəndə, yaxud sevincini kiminləsə bölüşdürmək istəyəndə hər dəfə onun evinə gəlsin.
Lüdviq də gəlirdi. Atasının ailəyə gətirdiyi bütün çətinliklərə baxmayaraq onu sevsə də, onunla yaxın deyildi. Xeyirxah, lakin zəif xasiyyətli anası ilə oğlanın kədərli anlarında yaxşı məsləhətçi deyildi. İndi də onu buraya dərd çəkib gətirmişdi. Lakin onun buraya gətirdiyi xəbər artıq, təzə xəbər deyildi.
– Bunlar hamısı mənə artıq məlumdur, – ev sahibəsi canıyananlıqla cavab verdi. – Lakin Nefenin başı üzərindəki ən qara buludlar artıq dağılmışdır. Onu işdən qovmayacaqlar, amma əvvəlki maaşının yarısını təklif edəcəklər.
Lüdviq kəskin halda başını silkələdi.
– Yarısını! Onun gördüyü bütün işlər üçün! Bu qənaət olunmuş yarısını da mənə vermək istəyirlər! – O, ilan vurmuş kimi yerindən sıçrayıb bu saatca qəsrə qaçmağa dartındı,
– Əyləşin, Lüdviq, – qadının təmkinli səsi onu kresloya oturmağa məcbur etdi. – Sizin etmək istədiyiniz iş olduqca nəcib, lakin təhlükəli işdir. Atanızın vəziyyəti o qədər möhkəm deyil ki, təkəbbürlülük göstərəsiniz. Nefeni xilas etmək üçün başqa yol axtarmaq lazımdır. Biz ona məsləhət görərik ki, o, bu dilənçi payından imtina etsin. Əgər o möhkəm dursa, kurfürst güzəştə getməyə məcbur olacaq.
On dörd yaşlı oğlan Bonn həyatının bütün kələklərindən hələ baş aça bilmirdi. Zaman keçdikcə o, başa düşdü ki, kurfürstün sarayı Bonndakı həyatın yeganə mərkəzi deyil. Sarayın ətrafında pul və hakimiyyət, hiylə və saxtakarlıq cövlan edirdi. Breyninqlərin evində zehin itiliyi, müdriklik, sənət hökmranlıq edirdi. Hər cümə axşamı günü, axşamçağı cəmiyyətin seçmə adamları bu evə toplaşırdı. Yeni kitablar oxuyur, ən yaxşı əsərlər ifa edilir, diqqətəlayiq yeniliklər müzakirə olunurdu. Burada ciddi şeylər barədə misli görünməmiş bir sərbəstliklə mübahisə edirdilər. Hər kəsin hər hansı bir fikri ola bilər və hər kəs də bu fikrə etiraz edə bilərdi. Hamı bilirdi ki, heç kəs yepiskopun sarayına qaçıb xəbərçilik etməyəcək. Breyninqlərin evində olarkən Lüdviq Bethoven sanki bir müddət nəfəsini dayandıraraq cəsarətli nitqlərə qulaq asırdı. Yenicə yazılmış şeirlər burada oxunur, hələ səhnə üzü görməmiş pyeslər burada oynanılırdı. Özü də, qəribədir: bütün həyəcanlı nitqlər hökmən azadlıq barədə, zülmkarlara qarşı protest barədə olurdu.
Parisdən gətirilmiş intibahnamələr, onlarla birlikdə isə qalın kağızda çap edilmiş, fransız kralı XVI Lüdoviki və onun arvadı Mariya-Antuanettanı məsxərəyə qoyan satirik şeirlər də burada meydana çıxırdı.
Xalqın nifrət etdiyi fransız kraliçası Bonn kurfürstünün doğmaca bacısı idi. Adama elə gəlirdi ki, məhz Bonnun mərkəzində bu istehzalı kupletləri oxumaq qorxulu işdir, amma heç kəs qorxmurdu. Yaxın xarici ölkələrdə baş verən hadisələri Reynətrafı torpaqlarda maraqla izləyirdilər. Bütün Avropa Fransadakı hadisələri böyük diqqətlə müşahidə edirdi. Aydın idi ki, oradakı işlərin axırı qanlı vuruşmalar olacaqdı. Xalq krala qarşı çıxıb. Yoxsullar varlılara qarşı çıxıb. Məzlumlar zalımlara qarşı çıxıb. İnqilab sarayın qapılarını döyürdü.
Əlbəttə, Breyninqlərin evində yalnız qiyama çağıran nitqlər eşidilmirdi. Burada çox vaxt incəsənət barədə söhbətlər edilir, skripka, royal, fleyta səslənir, müasir və qədim yazıçıların kitablarını ucadan oxuyurdular.
Bu saat Lüdviq başında balaca papaq olan, çal saçları ağarmış bir kişiyə diqqətlə baxırdı. Həmin adam odlu-odlu sübut edirdi ki, qədim yunanların və romalıların əsərləri müasir kitablardan çox-çox üstündür.
«Belə de… – deyə, Lüdviq fikirləşirdi. – Bəziləri, çoxdan ölüb getmiş bütpərəstlərə sitayiş edir, canlı Nefeni isə parça-parça etməyə hazırdırlar, nə var, nə var – onun xristian təriqəti onların eynilə bu cür xristian təriqətindən bir tük qədər fərqlənir». Lakin qoca keşiş belələrindən deyildi. Lüdviq yanılırdı. Kristoferin, Lorxenin, Stefanın və Lorensin qəyyumu olan keşiş Breyninq genişürəkli adamdır. O, hərdənbir buraya gələn Nefe ilə tez-tez söhbət edirdi.
Necə oldusa o, bir dəqiqəliyə, əlində bir fincan qəhvə, hamıdan kənarda oturmuş Lüdviqin yanında əyləşdi. Burada eşitdiyi hər şey ürəyincə olduğu kimi, beləcə, heç kimin diqqətini cəlb etmədən oturmaq da xoşuna gəlirdi. İndicə Şillerin «Qaçaqlar» əsərindən bir parça səslənmişdi; bu, insanı əzən hər bir şeyə qarşı yönəlmiş alovlu bir monoloq idi.
– Cənab Şiller doğru şeylər yazır, elə cənab Höte də həmçinin, – deyə, qoca keşiş sözə başladı. – Volter allaha qarşı çıxsa da, ona hörmətim var. Lakin, oğlum, əgər sən insan əlinin kağız üzərinə yazdığı ən dərin fikirlərlə tanış olmaq istəyirsənsə, Platonu, Homeri, Senekanı oxu.
– Mən bunu çox istərdim, lakin mənim təhsilim o qədər cüzidir ki! – deyə, gənc musiqiçi köksünü ötürdü. – Məktəbə yalnız on yaşına qədər getmişəm. Yalnız gimnaziyaya girməyə hazırlaşmışdım. Atam həmişə deyərdi: «Birinci növbədə latın dilini öyrən, qalanları qulaqardına vura bilərsən. Latın dili kilsədə oxumaq üçün sənə lazım olacaq». Ona görə, latınca bir az bilirəm, yunan dilini isə heç bilmirəm, hətta əlifbasını da bilmirəm.
– Bu qorxulu deyil. Tərcümələri oxuya bilərsən.
– Əslində mən çox cəhətdən geri qalmışam. Mən məktəb dəftərlərindən çox, not dəftərlərinə vaxt sərf edirdim. Alman dilinin qrammatikası ilə mənim işim əməlli-başlı müharibədir.
Lüdviq qorxa-qorxa gözləyirdi ki, onun savadsızlığı keşişi özündən çıxaracaq, o sakitcə dedi:
– Mən elə adamlar tanıyıram ki, onlar qrammatikanı gözəl bilirlər, ancaq burunlarının ucundan o tərəfi görmürlər. Qədim adamların müdrikliyini sevən şəxsin özü isə müdrik olmaya bilməz.
Lüdviq qüvvəsini əsirgəmədən öz biliklərini zənginləşdirməyə çalışırdı. O, gecələr oxuyur, hər saniyənin qədrini bilirdi. Həmişə də Breyninqlərin evində olan gənclərdən nə qədər geri qaldığını hiss edirdi. Əvəzində isə onun adı-sanı var. Bu yaxınlarda Lüdviq qəzetdə oxumuşdu: «Bu gənc daha layiqdir ki, ona kömək edilsin, konsertlər vermək üçün səfərlərə getmək imkanı verilsin. Əgər o, başladığı kimi davam etsə, ikinci Volfqanq Amadey Motsart olacaq».
Lakin əgər «ikinci Motsart» cəmiyyət içində özünün necə sıxıntı çəkdiyini, yöndəmsiz vəziyyətə düşdüyünü hiss edirsə, bütün bunlar nəyə gərəkdir? Biliyinin azlığı onun əl-qolunu qandal kimi buxovlayır. Nefe ona fədakarcasına kömək edir, məsləhət verir, kitablar tapır, lakin etiraf edir ki, musiqi sahəsində də Lüdviqin savadı azlıq edir.
Müəllimi özünün bildiklərini sonsuz bir səxavətlə onunla böluşdürürdü, nəhayət o, belə deməyə məcbur oldu:
– Lüdviq, tezliklə mən sənin üçün artıq, faydalı ola bilməyəcəm. Sən getməlisən. Vyanaya, Motsartın yanına getməlisən. Səni yalnız o öyrədə bilər.
Bu, eşidilməmiş dərəcədə cəsarətli plandır! Motsart – musiqinin allahıdır. Vyanada bəstəkarlığın başqa ustaları da var, məsələn, Qlyuk və Haydn, ancaq onlar daha qocalıb və özlərinin şöhrət zirvələrini aşıblar. Dünya yeni doğan ulduza, pianoçu Motsarta, uşaq vaxtından məşhurlaşmış bəstəkara inanır, o bəstəkara ki, bəşər övladı hələ onun yaratdığı melodiyalardan daha xoş səsli melodiya tanımır.
Dahi Motsart ilə üz-üzə dayanıb, ona: «Mən sizin şagirdiniz olmaq istəyirəm!» deyəcəyini fikrinə gətirəndə Lüdviqin canına qorxu düşür. Belə şeyi yalnız xəyala gətirmək olar.
– Motsart Bonndan gəlmiş bir adamla nə münasibətlə maraqlanacaq, axı? – deyə o, acı bir şübhə ilə müəllimindən soruşdu.
Söhbət o qədər qızğın gedir ki, müsahiblər bir yerdə otura bilmirlər. Birisi qırmızısifət, açıqsaçlıdır, o birisi – qarayanız, üzünün cizgiləri aydın, qarasaçlı. Otaq çox da böyük deyil, üstəlik, iri royal da onun çox hissəsini tutur, onlar otağın boş qalmış sahəsində qəzəblənmiş şirlər kimi sürətlə o tərəf-bu tərəfə gedirlər. Bəzən hiss edəndə ki, toqquşa bilərlər, istəristəməz bir-birinə yol verirlər.
Hər ikisi həyəcanlıdır və çox əl-qol ata-ata danı şırlar. Alman nitqinə hərdənbir italyan sözləri daxil olur, melodik italyan nitqinə isə birdən-birə gur-gur guruldayan alman ifadələri dürtülür. Onların qızğın söhbəti heç də dava-dalaş deyil, bu yalnız bəstəkarla librettoçunun dostcasına danışığıdır.
Motsart yeni opera yazır, şair Lorenso da Pante isə – opera üçün libretto. Beləliklə, musiqi alman musiqisi olacaq, sözlər isə italyanca. Burada heç bir təəccüblü şey yoxdur! Axı, Vyanada kim isə demişdi ki, əgər bir adam operaya gedirsə, aydın məsələdir ki, o, italyan operasına gedir.
Romanın, Neapolun və Venetsiyanın oğlanları Avropa musiqisində tacsız krallar kimi hökmranlıq edirlər. Az-az adam hərdənbir eyham vurur ki, gəlmə italyan dilinin əvəzinə səhnədə ana dilinin səslənməsi vaxtı çatıb. Lakin abır gözləyən adam, səhnəsindən plebey danışığı eşidilən teatra gedərmi!
Otuz bir yaşı tamam olmuş Volfqanq Amadey Motsart alman operası yaratmaq üçün artıq bir uğursuz cəhd etmişdir və indi daha adi qayda-qanuna əməl edəcəkdir! Libretto italyanca olacaqdır, buna şübhə yoxdur.
Təəssüf ki, operanın baş qəhrəmanı Don Juana onların münasibəti müxtəlifdir. Motsart otaqda, skripkaçının əlindəki kaman kimi sürətlə var-gəl edərək çılğınlıqla etiraz edir:
– Siz Don Juanı eləmisiniz bir təlxək, guya o, operada yalnız tamaşaçıları güldürmək üçündür!
Lakin da Ponte də coşqun temperamentə malikdir, sözləri ağlasığmaz bir sürətlə deyir:
– Bu, yalnız belə olmalıdır. Don Juan haqqında opera yalnız komik opera ola bilər! Siz şən musiqi yazacaqsınız, mən isə – hazırcavablıqla dolu bir mətn.
Motsart inkaredici tərzdə barmağını tərpətdi:
– Mən hamı kimi hərəkət etməyə borclu deyiləm. Teatr həyatın özü kimi gerçək olmalıdır!
– Lakin, maestro, siz öz şöhrətinizə qəbir qazırsınız! Baxın ha…a, elə etməyin ki, teatrda əl çalıb alqışlayan iki nəfər olsun: bir siz, bir də mən. Camaat şənlənmək istəyir. Sizi heç kəs başa düşməyəcək!
– Başa düşməyəcəklər? Mən Don Juanı Praqa teatrı üçün yazıram. Çex torpağında isə məni, dünyanın hər yerindəkindən yaxşı başa düşüblər. Kaş görəydiniz bu il yanvarda orada məni necə bir ruh yüksəkliyi ilə qarşıladılar! Siz italyanlar elə bilirsiniz ki, musiqini hamıdan yaxşı başa düşürsünüz, ancaq təsəvvür edin ki, Praqada hər bir dalandarın da musiqidən başı çıxır!
– Yaxşı-yaxşı-yaxşı! – da Ponte təhqir olundu.
– Sübut istəyirsiniz? Elə isə qulaq asın! Bir dəfə arvadımla mən Praqaya gedirdik, faytonçu şəhərin kənarında bir meyxananın qarşısında dayandı. Dedi ki, bəs, iliyiməcən donmuşam. Bu da təəccüblü deyil! Şiddətli şaxta idi, hava elə bil, adamı yandırırdı! Arvadım xəz örtüyün altından çıxmaq istəmədi, mən isə, meyxana gözəgəlimli olmasa da, faytonçunun ar dınca faytondan düşdüm. Meyxana adamla dolu idi, paltarlarından görünürdü ki, yoxsul adamlardı. Buz qıranlar, faytonçular, dülgərlər – bir sözlə, şəhərətrafı yerlərdə yaşayan müxtəlif peşə sahibləri, heç bir ağa-filan yox idi! Bir küncdə köhnə paltolu, görkəmsiz bir qoca arfasını kökləyirdi… Kökləyib qurtardı, çalmağa başladı. Siz bilən, nə eşitsəm yaxşıdır? Mənim operamdan bir nəğmə! «Fiqaronun toyu»ndan! Qoca arfaçalan heç də mahir sənətkar deyildi, lakin o, ürəkdən çalırdı. Və birdən meyxanada hər şey sakitləşdi… Bu cır-cındır geyimli odunçular, günəmuzdçular hamısı birlikdə artistə züy tuturdular. Aydın məsələdir ki, onlar italyan sözlərini bilmir və ta-tatam, ta-ta-tam, ta-ta-tam-tam… deyə züy tuturdular… Lakin bunu necə edirdilər! Elə məmnuniyyətlə, elə ürəkdən ki, gəl görəsən!
– Yaxşı, olsun, mən ki, bir söz demirəm, – da Ponte tezcə razılaşdı. – Siz özünüz yaxşı bilirsiniz ki, sizin üçün…
O, sözünü tamamlamadı. Qapı açıldı və Motsartın göyçək, gülümsər arvadı içəri daxil oldu. O, əlində məktub tutmuşdu.
– Səni bir cavan oğlan soruşur. Belə qarabuğdayı, qaradinməz bir oğlandır. Səninlə danışmaq istəyir, Volfqanq. Bu onun zəmanətidir. – Konstansa məktubu ərinə verdi.
Motsart vərəqə baxdı. Bu, vizit kartoçkası idi. Kartoçkada qəşəng xətlə yazılmışdı:
Lüdviq van Bethoven.
– Bu adam sizə tanışdırmı? – deyə o, kartoçkanı da Ponteyə uzadaraq soruşdu.
Da Ponte narazı halda dodaqlarını salladı:
– Madam ki, «fon»dur, görünür nə isə bir barondur.
Motsart qaşqabağını tökdü:
– Mənim üçün, bircə elə dəlisov zadəgan balası çatışmırdı! Bilirsinizmi mən bu ağaları necə «sevirəm». Bir də görəcəksən o, fortepiano çalmaq bacarığını mənim üçün nümayiş etdirməyə başladı! Həmişə kim isə mənim evimə girir və tələb edir ki, mən ağ klavişləri qaralarından necə fərqləndirməyi ona öyrədim!
– Sizin yanınıza can atırlar… Axı hər yerdə belə bir söhbət gedir ki, Motsartın mələk kimi xoş xasiyyəti var.
– Ancaq mələkləri göydə hər şeylə tamamilə pulsuz təmin edirlər, mən isə ailəmi dolandırmalıyam. Lakin yoxsul musiqiçiyə məmnuniyyətlə kömək edərəm…
Motsart zərfi açdı, məktuba baxıb dedi:
– Bonndan gəlmiş bir pianoçudur. Lütfən, gözləyin. Mən ona cəmi bir neçə söz deyəcəyəm.
Da Ponte dodağının altında mızıldanıb, otağın küncündə, fortepianonun yanındakı kresloda oturdu. Əgər qonaq buna layiq olsa, o, ayağa qalxıb baş əyməyə hazır idi.
Da Ponte Motsartı ürəkdən sevir və onun məna feyi qayğısına qalırdı. Bəstəkar ürəyinin açıqlığından kimə gəldi, necə gəldi – ona müraciət edən hər kəsə pul paylayanda və vaxtını sərf edəndə də Ponte dilxor olurdu.
Ona görə də, on yeddi yaşlı gənc cəsarətsiz halda otağa girib utancaqlıqla baş əyəndə, şairin qara gözlərindən narazılıq yağırdı. Da Ponte gələn adamın alçaq, güclü qamətinə baxaraq düşündü ki, o, pianoçudan çox roma legionerinə oxşayır, bəstəkar isə bu arada, qonağın haradan və nə vaxt gəldiyini, indiyəcən nə ilə məşğul olduğunu mehribancasına soruşurdu.
– Hər bir sənətkar incə qəlbə malik olmalıdır, bu isə – kötüyün biridir, – deyə italiyalı ürəyində acıqlı halda düşündü. Motsarta da bax, ona da! Onlar nə qədər müxtəlifdirlər! Birisi – göyçək və həssasdır, hərəkətləri incə, nitqi zərif; o birisi – gözəgəlimsiz, yöndəmsizdir, bərkdən və açıqca hiss olunan Şimali Almaniya ləhcəsi ilə danışır.
Paltarı təzədir, ancaq əyalətsayağı və ucuz parçadan tikilib, deməli o, nə knyazdır, nə də qraf. Bu yöndəmsiz adam stulun lap ucunda necə də gülməli vəziyyətdə oturub, suallara çəkinə-çəkinə və olduqca bərkdən cavab verir…
Da Ponte olduqca gözüaçıq adamdır. O, ayağa qalxıb Bethovenə yaxınlaşdı:
– Cavan oğlan, boynunuza alın! Maestronun qapısının zəngini çalmazdan əvvəl, siz, azı on beş dəqiqə bu ətrafda gəzmisiniz, eləmi?
Lüdviqin sifətində heyrət əks olundu, dərhal da bu, onun qüruruna toxundu. Bu adam onun kasıblığına gülür? Lakin bu dəmdə Motsart söhbətə qarışdı.
O, tərksilahedici bir nəzakətlə dedi:
– İcazə verin, dostum da Ponteni sizə təqdim edim. O, mənim «Fiqaronun toyu» operam üçün libretto yazmışdır, indi isə «Don Juan» – operasının üzərində işləyirik.
Lüdviq baş əydi və da Ponte onun əlini sıxdı.
– Mənim qəflətən söhbətə müdaxilə etdiyimə acığınız tutmasın. Öz sualımı verməklə mən bir şeyə nail olmaq istəyirdim: istəyirdim ki, nəhayət, siz cəsarətə gəlib maestroya deyəsiniz ki, ondan nə istəyirsiniz. Onun vaxtı qızıl kimi qiymətlidir!
Bu sözlər kəskin, ancaq kinsiz səslənirdi və Lüdviq sakitləşdi.
– Əvvələn mən maestrodan xahiş etmək istərdim, ki, o, mənim ifama qulaq assın. Bonnda deyilənə görə, mənim əlimdən nə isə gəlir.
Da Ponte ürəyində razılıq hissi ilə qeyd etdi ki, bu qaşqabaqlı enli sifətdə hər halda nə isə xoşagələn bir şey var: ifadəli gözlər və cazibədar təbəssüm.
O, dedi:
– Lütfən, sizə daha bir sual verim. Mən fon Bethovenlər adlı zadəgan nəsli barədə eşitmək şərəfinə heç vaxt nail olmamışam!
– Mən də! – deyə Lüdviq, şən halda onun sözünü kəsdi.
Da Ponte gülməkdən uğunub getdi.
– İcazənizlə, bəs bu nə deməkdir? – O, stolun üstündən vizit kartoçkasını götürüb, barmağı ilə başıbəlalı «van» ön şəkilçisini göstərdi.
– Bu elə səhvdir ki, Vyanada hamı edir. «Van» sözünü «fon» kimi oxuyurlar. Özüm gözləmədiyim halda burada mən, Bethovenlər nəslindən olan Lüdviq olmuşam. Lakin mən sizə izah edirəm. Mənim babam Almaniyaya Flamandiyadan gəlib, orada isə, Hollandiyada olduğu kimi, qədimdən belə bir adət var ki, adamları onların yaşadığı yerin adı ilə çağırırlar. Rembrantd van Reyn adı, dahi rəssamın kübar nəslindən olmasını yox, onun Reyn sahilində doğulmasını bildirir.
Bu izahdan bir qədər karıxmış da Ponte dedi:
– Bəs siz, lütfən, izah edə bilməzdinizmi, belə olan halda «van Bethoven» nə deməkdir?
– Baş üstə!– Lüdviq razılaşdı. – Ancaq, yəqin ki, siz güləcəksiniz. «Van Bethoven» sözü «çuğundur xutorundan olan» deməkdir. Lakin əgər mən doğrudan da kübar nəslindən olsaydım lap qanım şahzadə qanı olsaydı belə, yenə də mən özümü maestro kimi böyük sənətkardan məşhur hesab etməzdim. Motsart adı mənim üçün Habsburq adından daha artıq məna kəsb edir.
Bəstəkar etirazedici bir tərzdə əlini qaldırdı.
– Motsart Habsburqdan artıqdır! – da Ponte istehzalı tərzdə başını yellədi. Habsburq sülaləsi im peratorunun iqamətgahında bu cür nitqlər söyləmək qorxuludur ha, cavan oğlan! Deyəsən siz çuğundur xutorundan yox, Fransa sərhədlərindənsiniz! Kral həzrətləri ilə adi bir obıvatelin qanı da, sümükləri də eyni olması barədə allahsız fikirlər Avropaya Parisdən yayılır… Lakin indi məni başqa bir şey maraqlandırır. Siz maestro Motsarta doğrudanmı bu qədər hörmət bəsləyirsiniz? – İtaliyalının sifətində hiyləgər bir istehza göründü.
– Mən onun, əldə edə bildiyim əsərlərinin hər bir notunu bilirəm. Kurfürst özü musiqiçidir və çalışır ki, şəhərdə ən yaxşı yeni əsərlər səslənsin.
Da Ponte gülümsündü.
– Bizim kurfürstün musiqi qabiliyyətinə gəldikdə, icazə verin bir əhvalat söyləyim. Hələ imperator həyətində şahzadə olarkən o, indi imperator olan qardaşı ilə birlikdə bir ev konserti təşkil etmişdi. Qlyuku dəvət etmişdilər. Nə deyəsən, o vaxt Vyanada Haydn müstəsna olmaqla Qlyukdan yaxşı musiqiçi yox idi. Bu dəfə Qlyukun əsərini elə ifa etdilər ki, o, belə bir hiddətli tirada yağdırmışdı: «Mən, öz operamın bu cür yaramaz ifasına qulaq asmaqdansa, poçt atının əvəzinə iki mil qaçmağa razıyam!» Və çıxıb getmişdi.
Bu Vyana qeybətini mən sizin səmimiyyətinizin mükafatı kimi söylədim, ümid edirəm ki, imperator və bəstəkar barədə sizin gözəl fikrinizi biz heç kəsə söyləməyəcəyimiz kimi, siz də həmin əhvalatı ürəyinizdə saxlayacaqsınız.
Bir də, maestro Motsartın qarşısında sizin baş əyməyiniz barədə. Əgər sizin ona münasibətiniz doğrudan da dediyiniz kimidirsə, Vyanada özünüzə başqa bir müəllim axtarın! Bu saat o, yeni opera yazır və payıza qədər onu tamamlamalıdır. Bu saat biz məhz musiqi ilə librettonun uzlaşdırılması ilə məşğuluq. Buna görə də nə maestronun vaxtı var, nə də mənim.
Lüdviqə elə gəldi ki, kiminsə soyuq əli onun ürəyini sıxdı. O, illər boyu qəpik-qəpik pul yığmışdı ki, Vyanaya gəlsin, indi budur, onu bu müqəddəs saydığı evin kandarından qovurlar!
Gənc qonağının kədərlənməsi Motsartın gözündən qaçmadı.
– Lakin, əziz da Ponte, siz mənim əvəzimdən elə danışırsınız ki, sanki mən özüm vəziyyəti izah edə bilmirəm, – deyə o, dostunun bəlağətini sakitləşdirdi.
– Bunu etmək mənim borcumdur. Axı, maestro, siz son dərəcə xeyirxah adamsınız! Kim xahiş etsə, siz hamıya vəd verirsiniz. Cənab Bethoven sizin kimi müəllim barədə xülyaya düşmək üçün hələ olduqca naşı pianoçudur! Gənc dost, bunu bilin ki, cənab Motsart, dünyada yaşamış, yaşayan və yaşayacaq bəstəkarların ən böyüyüdür! Fortepiano müəllimləri isə Vyanada doludur, mən sizə birini tövsiyə edərəm.
– Dayanın bir, görək!– Motsart bərkdən səsləndi. – Heç olmazsa mən cənab Bethovenə qulaq asım. Çalın mənim üçün!
– Maestro, ola bilsin ki, sizin artıq vaxtınız var, mənimki yoxdur! Başqa bəstəkarlar da mənim köməyimi gözləyirlər!
Və doğrudan da üç bəstəkar üçün eyni vaxtda mətn yazan hiddətlənmiş şair, gözlərini qəzəbli halda parıldadaraq, royalın üstündəki üçkünc şlyapasına əlini uzatdı. Lakin Lüdviq artıq özünə gəlmişdi və o, hörmətlə dilləndi:
– Mən başqa bir vaxt gələ bilərdim, maestro. – Onun yalvarıcı baxışları sözlərindən daha nəzakətli idi.
Motsart qəzəblənmiş şairə şən bir nəzər salıb dedi:
– Bu, daha yaxşı olar! Beləliklə, sabah axşam saat altıya yaxın!
Lüdviq bir göz qırpımında özünü küçəyə saldı. Ağır işdən sonra olduğu kimi, nəfəsini dərib şübhə ilə öz-özündən soruşdu: o, qalib gəldi yoxsa məğlub oldu? Doğrudur, böyük Motsart lütfkar idi və onu dinləyəcəyini vəd etdi, lakin bu dəlisov italyan nə üçün onun üstünə bu cür hücum edirdi?
Gənc musiqiçinin qanı qara idi. O, özünü məzəmmət edirdi ki, adamlarla dil tapa bilmir. Qaşqabağını tökür, danışanda da elə bil, ağzında bir pudluq daşlar var. Üstəlik də, tez özündən çıxır və güzəştə getməyi bacarmır. Hələ yaxşı ki, məni təhqir edən bu çörəkçi ilə höcətləşmədim, – deyə Lüdviq fikirləşirdi. «Görünür, məndəki bu özbaşınalıq məni qaranlıq otağa salıb qapını bağlayaraq, çalmağa məcbur edəndə, mən kamanı simlərə sürtə-sürtə acığımdan dişlərimi qıcır danda yaranıb… Mənim qəlbimdə nələr baş verdiyinə fikir verən kim idi?»
Lüdviq düşüncələrinə yekun vuranda belə qərara gəldi ki, işləri xarabdır. Görünür Motsartla da, özündən razı da Pontelərin hökmranlıq etdiyi Vyana ilə də onunku qurtardı.
Бесплатный фрагмент закончился.
