Читать книгу: «Təyyarə kölgəsi»

Шрифт:

Dünyadan Köçəndən sonra da ürəklərdə və xatirələrdə yaşamağa qadir olanlara ithaf edirəm

Müəllif


BİRİNCİ HİSSƏ

BİRİNCİ FƏSİL

Günorta idi; kölgələr qısalıb düz ayaq altına düşmüşdü. Üçbucaq bağın yanındakı birmərtəbəli evin küçəyə açılan qapısı ağzında boylu-buxunlu, enlikürəkli, hərbi geyimli bir adam ayaq saxladı. Sarıya çalan seyrək qaşları altında parlayan xırda, qonur gözləri qıyılan bu adamın sifəti də uzunsov idi. Üzündəki dəngil-düngül qara çillər altından axan tər damcıları arasında düyüyə qarışmış sılıf dənələri təki görünürdü. Balaca çamadanını sağ ayağının yanında yerə qoyub əlini zəngə sarı uzatdı. Zəng səsi dalğa-dalğa titrəyib eşidiləndə, elə bil, onun da ürəyi içərisində əsim-əsim əsdi.

“Görəsən evdədir?” Yarım saat bundan qabaq təyyarə meydanında avtobusa minəndən ta şəhərə gələnə qədər, yol uzunu dəfələrlə öz-özünə soruşduğu sualı indi sanki qırmızı rəngli qapıdan, ağ düyməli zəngdən xəbər alırdı. Əlini düymədən çəkdi, səs əriyib havada yox oldu; o, bütün varlığı ilə qulaq kəsilərək dinlədi.

– Kimdir?

Qapı ağzında dayanan adamın dodaqları təbəssümdən aralandı, ürək çırpıntısı ilə cavab verdi:

– Mənəm, Gülü, aç!

– Əqdəm?.. Sənsən?!

Qapının zəncirli cəftəsi şaqqıldadı. Cəmi bircə, saniyə keçməmiş əyninə qısaqol xalat geymiş Gülmirə bu gözlənilməz gəlişdən nə edəcəyini bilməyərək boynunu azca yana əyib, özünü itirmiş halda astanada görünəndə Əqdəmin iki ay çətinliklə dözdüyü əzablı ayrılığın ağrı-acısı ürküdülmüş sığırçın kimi harasa uçub getdi… Ayrılıq təkcə əzab vermirmiş, ayrılıq həm də ürəkdəki məhəbbətdən şölələri ərşə dirənən bir məşəl yandırırmış. Bu həqiqəti ayrılıq günlərində hiss edən, burda qapının ağzında dərindən dərinə dərk eləyən Əqdəm ömür-gün yoldaşının qumral saçlarına, uşaq gözləri kimi saf və məsum gözlərinə, nazik dodaqları arasından görünən yaraşıqlı dişlərinə, qar kimi xalatından seçilməyən qollarına, dolu mütənasib bədəninə baxa-baxa yerindəcə donaraq, elə bil evə girməyi unutmuşdu.

– Gəl içəri, yoxsa yenə qapıdan qayıdıb gedəcəksən? Keçən dəfəki kimi…

Gülmirə kənara çəkilib yol verdi. Nəfəsləri bir-birinə toxunanda ürkək-ürkək baxışdılar. Sonra doluxsunmuş Gülmirə, başını ərinin enli sinəsinə qoyub ona sığındı. Əqdəm Gülmirənin saçlarından öpdü…

…Gülmirəgil o vaxt üzbəüzdəki binada yaşayırdı. Əqdəmin otağından onların evinin içi aydın görünürdü. Onda Əqdəm bu evi təzə kirayələmişdi. Tək olurdu. Özü də az-az gəlib gedirdi. Bir də görürdün üç-dörd ay yoxdu. Gəlirdi, iyirmi gün, bir ay qalırdı. O vaxt universitetin dördüncü kursunda oxuyan Gülmirə tül pərdəli pəncərə qabağında dərslərinə hazırlaşarkən cavan təyyarəçi oğlana gözucu fikir verirdi. Əvvəlcə bu adicə maraqdı, xüsusi geyiminə, sünbül haşiyəli papağına, ulduzlu poqonlarına maraqdı. Günlər, həftələr, aylar keçdikcə qız bu boylu-buxunlu oğlanı öz qanadlı təyyarəsində buludların arasında uçan təsəvvür etməyə başladı. Təsəvvür elədikcə özü də göylərə qalxır, ilk vaxtlar bir sərnişin kimi, sonralar təyyarə sürən oğlanın ən yaxın adamı təki onun öz kabinəsində, yanında otururdu. Gündüzlər günəşə doğru, axşamlar isə ay və ulduzlar səltənətinə uçur, yerə enmək istəmirdi. Bu zaman oxuduğu kitab ehmalca qatlanır, dizinin üstünə düşür, öyrəndiyi şeylər beynində bir-birinə qarışıb əriyirdi…

Əqdəmi pəncərə qabağında, ya küçədəki skamyada oturan görəndə Gülmirə səbəbini anlamadan sevinir, qeyri-iradi pianonun arxasına keçərək ürəyini, varlığını çulğalayan bu naməlum sevinci barmaqlarından pianonun şirmayı dilləri üzərinə axıdırdı. Oğlan deyəsən, nə o səsi eşidir, nə də piano çalan qızın üzünü görməyə can atırdı. Küçədə rastlaşanda, üzbəsurət gələndə Əqdəmin arxayın, ağayana hərəkətində heç bir dəyişiklik hiss olunmazdı. Gülmirə isə çaşırdı, yerişini itirirdi, bu zəifliyindən qızarırdı. Sonra özünü möhkəmcə danlayırdı. Bir də onu görəndə şax keçəcəyinə, onun varlığını belə hiss eləməyəcəyinə söz verirdi. Ancaq…Bacarmırdı, bacarmırdı.

Yox, bu, uzun müddət belə qalmadı. Gülmirənin yanağındakı qızartıları, dolaşan qıçlarını, yanan barmaqlarını, pianonun od tutan dillərini görməmək, eşitməmək mümkün deyildi. Musiqinin sehrli cazibəsi Əqdəmi yavaş-yavaş pəncərə qabağına gətirdi. Qız çaldıqca sanki o, xəyala dalıb dincəlir, ürəyində baş qaldıran həzin, həlim duyğuların şirinliyindən məst olurdu.

Gülmirənin anası Xatın arvad qızında yaranan dəyişikliyi, qonşu oğlanın pəncərəsinə çox baxdığını, dəftər-kitabdan soyuduğunu çoxdan duymuşdu. Ananın ürəyini nigarançılıq üzməyə başlamışdı. Bir dəfə piano arxasında oturub konsert zalında çalanlar kimi, “qabıqdan çıxan” qızının yanına gəlib, əlini onun çiyninə qoyaraq demişdi.

– O oğlan evə gələndən-gələnə sən yaman çalırsan, a qızım! Ayrı vaxt çalmaq heç yadına da düşmür…

Gülmirə qızarmışdı.

– Çaşıb vurularsan a, bu uçağan oğlana! Sən yaşda qızlar bir az…

Gülmirə “Yox” mənasında başmı tərpətmişdi.

– Ağlını yığ başına, qızım. Bil ki, ondan sənə ər olmaz!..

Gülmirə özü də bilmədən soruşdu:

– Niyə ki?

– Ona görə ki, onun bir ayağı göydə, bir ayağı yerdədi, qız! Indiki zəmanədə də kişi olan kəs gərək arvadının, uşağının yanında olsun, yoxsa ayrı cür daha bu nə kişilikdir?!

Gülmirə ayağa durmuşdu, ipək donunu xışıldada-xışıldada o biri otağa keçərkən:

– Mən hələ heç kəsə ərə getməyə hazırlaşmıram, ana, – demişdi. – Gedəndə də… – sözünü yarımçıq kəsmişdi, “…özüm bilərəm” sözünü dilinə gətirməsə də, Xatın arvad onun nə demək istədiyini başa düşmüşdü.

Oğlan deyəsən iş yerini dəyişmişdi, çünki hər axşam evə gəlir, oğrun-oğrun qızgilin pəncərəsinə baxırdı. Qız isə oğlanın ürəyinə od saldığını başa düşüb, onu dilləndirmək istəyirmiş kimi, qəsdən görünmürdü. Lakin qızın da səbri tükəndi, axır ki, bir dəfə pəncərənin qabağında dayandı. Oğlana sarı baxanda çoxdan bəri darıxmış Əqdəm əlini havada gəzdirə-gəzdirə barmaqlarını tərpətdi: “Çal!” Qız başa düşdü, gülümsündü, bunu gözləyirmiş kimi, pianonun arxasına keçdi, çaldı. Bu hadisədən sonra onların arasında sözsüz-söhbətsiz bir ünsiyyət yarandı. Hər ikisinə bir şey aydındı: sevirlər, bu onu, o bunu!

Rastlaşanda salamlaşırdılar, qız qızarırdı, oğlan uçunurdu.

Oğlanın oturuşuna, duruşuna göz qoyan Xatın arvad qonşusu Maşa xalaya demişdi:

– Yaxşı oğlandı, ancaq hayıf ki, sənəti bir sənət deyil.

Maşa qarı öz kirayənişini haqqında arvada bildiklərini danışmışdı: “Ucqar bir dağ kəndində anadan olub. Əvvəllər şair olmaq istəyirmiş, sonra təyyarəçilik məktəbinə girib…”

Bir dəfə Əqdəm eşitdi ki, Gülmirəgilə haradansa elçi gəlib, qız, ata-anasının bütün təkidinə baxmayaraq, rədd cavabı verib. Bu xəbər Əqdəmi tələsdirdi. Atasını, anasını ismarlayıb rayondan gətirtdi. Qızı onlara göstərdi, evlənmək istədiyini bildirdi.

Elçilər qız qapısına iki dəfə getdilər. Çox söz-söhbətdən, çək-çevirdən sonra, nəhayət, qızın valideynləri razılıq verdilər.

Gülmirə sonuncu kursda oxuyanda, Səadət sarayında toyları oldu. Ancaq toydan on gün sonra, Xatın arvadın dili ilə desək, müsibət üz verdi: hardansa teleqram gəldi, Əqdəmi təcili çağırdılar. Getməyə bilməzdi. Qulluq əmri idi. Gülmirəni on günün gəlnini göz yaşları boğdu.

– Öz cəzasıdır, canı çıxsın! – deyə Xatın arvad əsib-coşdu, – Çox da deyirdi gərək verməyəydik. Görmürdük?! Beynimizi yedilər, dedilər, daha heç yerə getməyəcək. Buyur, bu da sənə “heç yerə getməyəcək”. Bu arxası yerə gəlməmiş, quş kimi şeydi, ilin on ayını elə göydə olacaq, yazıq balam da elə. Gözünü zilləyəcək göylərə ki, görəsən, ərim haçan gələcək? Əşi, Salman qardaşa demək gərəkdi ki, böyükləriylə danışsın, azad eləsinlər onu, gəlib otursun xarabasında. Dava yox, şava yox, təyyarə sürməsə, dünya dağılar? Toydan sonra Əqdəmin gedib-gəlməyi qırx gün çəkdi. Gələndə cavan gəlin sevindiyindən ağlamışdı:

– Bu dəfə gedəndə mən də səninlə gedəcəyəm.

– Hara? – Əqdəm yavaşca soruşdu.

– Sən hara, mən də ora!

– Mən daha heç yana getməyəcəyəm!

– Inanmıram!..

– Inan, Gülü, – deyə Əqdəm nəvazişlə arvadının könlünü almağa çalışmışdı. Gülmirə “inanmıram” deməkdə haqlı idi. Çünki Əqdəm “getməyəcəyəm” desə də, getməyə bilməzdi. Getdi bu səfəri iki ay çəkdi…

…Əqdəm par-par parıldayan qara, uzunqunc ayaqqabının dabanından tutub çıxartdı, pencəyini soyundu, buruq-buruq saçlarını əlləri ilə dala sığallayıb, mətbəxə keçdi, sərin su ilə boyun-boğazını yudu. Böyründə dayanan Gülmirədən tiftikli dəsmalı alıb, qurulana-qurulana gəlib divanın üstünə əyləşdi. Gülmirənin mətbəxdə qalıb qab-qacaq qurdaladığını hiss elədi.

– Orada neynirsən, Gülü? – deyə xəbər aldı. Gülmirə cavab verdi:

– Sənin üçün yeməyə bir şey hazırlayıram.

– Lazım deyil, toxam. Gəl otur yanımda, görüm nə var nə yox?

Gülmirə otağa qayıdaraq Əqdəmin böyrünə qısılıb oturdu. Əqdəm arvadının yumşaq əllərini əlinə alıb, həsrətli baxışlarla onun gözlərinin içinə baxdı:

– Sənin üçün darıxmışam, Gülü!

– Mən də…

– İki ay iki il kimi göründü mənə.

– Yadına tez-tez düşürdüm?

– Yadımdan çıxdığın vaxt olurdumu ki, təzədən yadıma da düşəsən? Sən həmişə mənim yadımdasan, ürəyimdə, hafizəmdə, xəyalımdasan, Gülü. Gecələr səfərə çıxanda elə bilirdim ulduzlar sənin gözlərindi, min yerdən, milyon yerdən mənə baxırsan.

– Bəs gündüzlər? – deyə Gülmirə nazla qımışaraq Əqdəmin saçlarını sığallaya-sığallaya soruşdu.

– Gündüzlər də! – Əqdəm azca düşünüb dedi. – Sanırdım ki, qara buludlar sənin hörüklərindir…

– Sən lap romantik imişsən ki, Əqdəm! – Gülmirə güldü. – Belə getsə, təzədən şair olmaq fikrinə düşəcəksən.

İKİNCİ FƏSİL

Gecə keçirdi…

Əqdəm yatağına uzanmışdı, əllərini başının arxasında daraqlayıb alaqaranlıqda nəsə axtaran, ora-bura çovuyan Gülmirəyə baxırdı. Gəlin şifonerin qənşərində dayandı. Şifonerin qapısı cırıltı ilə açıldı. Əqdəmin burnuna ətir iyi gəldi. Ay işığı güzgü qabağında dayanmış Gülmirənin çılpaq ağ çiyninə düşüb parıldayırdı. Aynada gəlinin tutqun kölgəsi görünürdü. Ipək gecə köynəyinin xışıltısı eşidildi, Gülmirə ayna qabağından aralanıb çarpayıya sarı addımladı. Elə bil Əqdəmin yanına güllü-çiçəkli bahar, gənclik və gözəllik ilahəsi gəlirdi. Bu dəm o sehrli bir yuxu görən kimi oldu. Özünü dünyanın ən xoşbəxt adamı hesab elədi. Arvadının təması onu həmişə uçduğu göylərdən də neçə mərtəbə yuxarı qaldırdı…

Onlar yanaşı uzanmışdılar. Gecə sakitdi. Dənizdə səfərəmi çıxan, səfərdənmi qayıdan gəmi üç dəfə fit verib susdu.

Sanki danışmağa söz tapmırdılar. Əslində, içəridə – öz dünyalarında danışırdılar. Əqdəm düşünürdü ki, sabah tezdən iş yerinə qayıdacağını Gülmirəyə necə desin?! “Çətindi, çox çətindi. Iki ay yol gözləyib. Qonaq kimi gəl get… Bir ay deyil, bir il deyil. Kim bilir, nə vaxta qədər belə olacaq… Mənim kimi adam gərək evlənməsin. Burada, şəhərin kənarında işləməyim məni aldatdı. Hökumət adamıyam, əsgərəm. Hara desələr, ora da getməliyəm. Gülmirəni özümlə aparardım, ancaq yapışıb elmi işin qulpundan, elmindən də ağlım bir şey kəsmir. O biri yandan da Xatun arvad… “Getmə gözümdən, gedərəm özümdən” – deyir. Anadır, onu da başa düşürəm.”

Gülmirə isə: – “haçan gedəcəksən?” soruşmaqdan çəkinirdi, daha doğrusu, qorxurdu. Ona görə də getmək, yenə də ayrılmaq məsələsini fikrinə gətirməməyə çalışaraq bu az vaxtı, – neçə gün olsaydı da, fərqi yox idi, yenə az idi – qorxusuz yaşamaq istəyirdi.

Gəlinin arzusu baş tutmurdu. Evləndiklərindən il yarım adlamışdı. Əqdəm hələ onu bir dəfə də gümüş təyyarəsinə mindirib göylərə qaldırmamışdı. Gülmirəyə bu ancaq xəyal aləmində nəsib oldu. Əqdəm deyirdi ki, icazə yoxdur. Gəlin arzulayırdı ki, heç olmasa istirahət günləri, bayramlarda Əqdəmlə şəhəri gəzməyə çıxsın, kinoya, teatra getsin, əylənsin… Bu fürsət də çox az-az ələ düşürdü. O yandan da anası onun gününü göy əskiyə düymüşdü: “Gördün mən deyən oldu, ya yox? Böyük sözünə baxmayan axırda böyürə-böyürə qalar” – deyir, azca keçməmiş qızını danlayıb-dansadığına görə peşman olur, uşaq təki kövrəlirdi.

Gülmirə də: “Özü yıxılan ağlamaz!” – deyib, giley-güzar eləməz, fıkir-qüssəni içəri verib susar, kitab-dəftərlə, elmi işlə başını qarışdırmağa çalışardı.

Sükut çox cansıxıcı idi.

– Gülmirə…

– …Gülü?!

– Nədi, Əqdəm?!

Əqdəm söz tapmırmış kimi, duruxa-duruxa danışdı:

– Deyirəm. Birdən hissəmizdən indi zəng vursalar, məni tələsik çağırsalar, neylərsən? Məni buraxarsan?

Gülmirə yerində qurcalandı, çarpayı cırıldadı.

– Niyə cavab vermirsən?

– Icazə verib-verməməyimin əhəmiyyəti olmaz, elə bilirəm.

– Niyə?

– Mən bu fikrə gəlmişəm ki, ümumiyyətlə, müharibələrdə, döyüşlərdə ən cəsur olan adamlar eyni zamanda ən qorxaq adamlardır.

– Oho.. Sən lap filosofluq eləyirsən, Gülü.

– Əvvəllər etməzdim.

– Amma indi edirsən, hə?

– Bəli, həyat insanı düşündürür.

Əqdəm bayaqdan hiss eləyirdi ki, Gülmirənin ürəyi doludur, söz-sözü çəkəcək, qəlbindəkiləri açıb Əqdəmə deyəcək. Əqdəm isə bunu istəmirdi. Gülmirənin nə deyəcəyini o özü yaxşıca bilir və eyni nigarançılıq hissi ilə yaşayırdı. Gülmirəni düşündürən, ona eyhamlı, atmacalı sözlər dedirdən şeyləri sözsüz duyub anlayırdı. Onları çılpaq şəkildə dilə gətirmək, açıq-saçıq demək nəyə lazımdı ki?

Əqdəm sözü dəyişmək məqsədi ilə söhbəti Gülmirənin iki-üç dəqiqə irəli dediyi qorxaqlıq məsələsinin üstünə gətirdi:

– Nizam-intizama tabe olmaq, qayda-qanunu gözləmək, səncə, qorxaqlıqdır?

– Ona bənzər bir şeydir.

– Yox Gülü, düz demirsən!…

Gülmirə dikəlib sol qolu üstə dirsəkləndi. Bayaqdan süst-yorğun kimi danışan gəlin elə bil cana gəldi, dirçəldi:

– Müharibə vaxtı qəribə bir əhvalat olub. Bunu mənə atam danışıb. Bir əsgər hərbi hissədə keşik çəkirmiş. Əlində avtomat, sinəsində durbin. Doğulub böyüdüyü şəhər yaxınmış, anası eşidir ki, oğlu filan yerdədir, getsə görə bilər. Üç ildir ayrılıblarmış. Ana ürəyidir, dözmür, ayından-oyundan bir zənbil hazırlayıb götürür, yola düşür. Soraqlaşa-soraqlaşa gəlib oğlu qulluq eləyən hissəyə çatır. Deyirlər bax, oğlun odur, keşikçi məntəqəsində növbədədir, gözlə, iki saatdan sonra gələr. Üç ilin intizarını çəkmiş anada iki saat gözləməyə səbir hardaydı, dözüm hardaydı? Qollarını açıb: “Mənim əzizim, gözümün işığı!” – deyə-deyə oğlunun keşik çəkdiyi məntəqəyə üz tutur. Oğlan görür ki bir arvad ona sarı gəlir. Baxır, tanıyır ki, anasıdır: “Buraya gəlməyə icazə yoxdur, o bura niyə gəlir?” – deyə oğul yan-yörəsinə baxa-baxa fikirləşir. “İndi komandirimiz görsə, bir şiddətli töhmət yapışdıracaq böyrümə.”

– Ana, gəlmə!

– Mənəm, Seryoja, ananam.

– Gəlmə, gəlmə. İki saata görüşərik.

Ana sözə qulaq asmır, gedir. Lap yaxınlaşır.

– Canım-ciyərim, Seryojam mənim!…

– Ay arvad, qayıt geri. Ana yenə eşitmək istəmir.

– Vuracağam, qayıt geri! – Oğlan avtomatı sinəsinə qaldırır.

– Qırışmal müharibələrdə də zarafatından qalmır ha! – deyə ana bir gözündən ağlayıb, bir gözündən gülə-gülə irəliləyir. Oğlan görür ki, iş ayrı cürdü, arvad heç nəyə baxmadan gəlir, sonra bunun altından çıxa bilməyəcək – şart arvadın başının üstündən, ayağının altından iki-üç güllə vızıldadır. Arvadın ürəyi bayaq gedir, tir-tap uzanır yerə. Səsə yığışıb gəlirlər. Məsələ məlum olur. Sonra Seryojaya əsgəri sayıqlığına görə bir orden verirlər. Anası isə ondan bərk incimişmiş. Hətta, küsüb geri qayıtmaq istəyirmiş. Əsgərlər – yığışıb qarını birtəhər başa salıblar…

Əhvalatı danışıb qurtarandan sonra Gülmirə Əqdəmdən soruşdu:

– Sən bilən bu qorxaqlıq deyil?

– Yox, hərbi qanun-qaydanı bilsəydin, belə fikirləşməzdin.

– Qanunlar göydən düşmür ki, onları da insanlar yaratmırmı? Qanunlar gərək insan ürəyinin, insan ağlının min bir halını nəzərə alsın!…

Gəlin ürəyini boşaldıb toxdadı: ona elə gəlirdi ki, neçə vaxtdan bəri ürəyini deşən sözlərinin hamısını demişdir. Axı Əqdəm həssas adamdır, o, hər şeyi kiçicik bir eyhamdan, baxışdan başa düşür. Gülmirə ağır yük altından xilas olmuş kimi, nəfəsini dərib ağrıyan dirsəyini yanına uzatdı, başını balışa qoyub, gözlərini tavanın ortasından asılmış üç lampalı çilçırağa zillədi.

Ağ divarda bir baş kölgəsi göründü. Əqdəm dikəldi. Gülmirənin sifətinə baxdı. Ay işığında gözlərinin bulaqlarında titrəşən ağ damcılar mirvari təki parıldayırdı.

Əqdəm Gülmirənin çiynindən yapışıb, ehmal bir hərəkətlə onu özünə sarı çəkdi. Sağ divardakı kölgə aşağı enib çarpayıda görünməz oldu.

Telefon səsləndi. Əqdəm başını döndərib narazılıqla telefon qoyulan küncə baxdı. Gülmirənin o dəqiqə ürəyinə gəldi ki, gecənin bu vaxtı ona zəng eləyən ancaq Orxan ola bilər, səsini eşitmək üçün! Əqdəmin gəlməyindən xəbəri yoxdur, yəqin! Yoxsa zəng eləməzdi. Bu Orxan qəribə oğlandır, çox qəribə. Əqdəm dikəlib telefona cavab vermək istədi. Gülmirə gözlərini açmadan zarıltıya bənzər bir səslə:

– Durma, lazım deyil! – dedi.

– Eh, göylər elə gözəldi, elə təmizdi ki, hər dəfə uçanda şair ola bilmədiyimə təəssüflənirəm, Gülü!..

– Sən göylər şairisən, Əqdəm!.. Ulduzlar, gözlər, hörüklər…

– Onlar mənim sözüm deyil, Gülü. Bir hekayədə oxumuşam.

– Hansı hekayədə?

– Sən ədəbiyyatçısan, belə şeyləri gərək beş barmağın kimi biləsən.

– Gözlərin ulduz, saçların bulud… – Düşündü. – Yox yadıma gəlmir.

– Əgər səhv etmirəmsə, Əbdürrəhimbəyin “Röya” hekayəsindəndir. On il qabaq oxumuşam, amma heç yadımdan çıxmır… dadlı, qəmli bir röya kimi…

Bu ara Əqdəmin gözü küçənin o tayındakı evin pəncərəsini silən Xatın arvada sataşdı:

– Mənim qaynanam necədi, Gülü? Yenə kölgəmi qılınclayır?

Gülmirə boylandı:

– Hə, sənin kölgəni yaman qılınclayır. – Ay mə!.. – Gülmirə ərinin gəldiyini anasına xəbər vermək istəyəndə Əqdəm qoymadı.

– Hələ demə, Gülü, qoy işini görsün.

Gülmirə ərinin par-par parıldayıb yanan gözlərinə baxdı. Qalxıb pəncərənin pərdəsini saldı…

ÜÇÜNCÜ FƏSİL

Gülmirə güzgü qabağında dayanmışdı. Üst-başını səliqə-səhmana salır, saçını darayırdı. Cığasından iki-üç tel ayrılıb alnına düşmüşdü, nə qədər eləyirdisə, geri qatlaya bilmirdi. Güzgüdən ona gözəl bir gəlin tamaşa eləyirdi. Rəngi-rufu açılıb allanmışdı, yanaqları çıraq kimı yanırdı. Qıvrılıb qaşlarının üstünə düşən bu tellər onu daha da gözəlləşdirirdi.

Əqdəm şirin-şirin yatmışdı. Üzündə sakit, yorğun bir ifadə var idi. Gülmirə ayna qabağından ayrılandan sonra ərinin yatışına xeyli tamaşa elədi, ehmalca əyilib onun alnından öpdü.

Istədi səsləyib oyatsın: “dur, dur ayağa, bax, gör bu paltarım mənə necə yaraşır? Təzə tikdirmişəm. Sən gedəndən sonra…” Ancaq sözlərini uddu. “Qoy yatsın”. Əl boyda kağız yazdı, stolun üstünə qoydu, zənbili əlinə alıb qapıdan ehtiyatla çıxdı.

Prospektdəki şüşə bazar nəhəng akvariuma oxşayırdı. Fərqi bu idi ki, onda ayrı-ayrı rəngli balıqlar deyil, müxtəlif geyimli, müxtəlif dilli adamlar qaynaşırdı. Alan kim, satan kim, “Ay müştəri!” – deyə boğazına güc verib malını-mətahını tərifləyən kim…

Gülmirə bazarın girəcəyində, sağ əlində tor zənbil, sol əlində bir vərəq kağız olan Gülalını görüb ayaq saxladı. Gülalı əlindəki kağıza baxdı, yenə geri – göy-göyərti piştaxtasına sarı qayıtmaq istəyəndə Gülmirə ona salam verdi. Gülalı pis iş üstündə tutulmuş adam təki kağızı arxasında gizlətməyə çalışaraq qanrılıb Gülmirənin salamını aldı.

– Bazarlıq eləyirsən deyəsən? – Hə, arvad bazarlıq işini mənim boynuma qoyub…

Yaşı otuzdan keçsə də arıq, caydaq olduğundan çox cavan görünən Gülalı kirpikləri tökülüb seyrəlmiş gözlərini iri, qalın şüşəli eynəyinin dalında qırpa-qırpa qalmışdı. Gülalı ilə eyni şöbədə işləyən Gülmirə bu neçə müddət ərzində elə bir gün xatırlaya bilməzdi ki, onunla üzbəüz dayananda Gülalının çöp kimi nazik biləklərinə, uzun barmaqları sonradan yapışdırılmışa oxşayan yekə əllərinə baxıb təəccüblənməmiş olsun.

Dolu zənbil az qala Gülalının biləyini üzəcəkdi.

– Bəs o əlindəki kağız nədi, ay Gülalı? – deyə Gülmirə maraqla xəbər aldı.

– Bu? Hə… – özünü itirdiyindən bayaq gizləməyə çalışdığı vərəqi Gülmirənin gözləri qabağına tutdu. – Bu, siyahıdı.

Gülmirə təəccübləndi. O, Gülalının qəribə adam olduğunu bilirdi: həmişə heç kəsin eləmədiyi işlər tutmağa çalışırdı.

– Necə yəni siyahı, ay Gülalı?

– Əşi, uzun dəsgahdı. Mən hər bazara gələndə bir balaca səhv eləyirdim. Yəni nə cür səhv? Arvad tapşırırdı ki, filan-filan şeyləri al, mən də deyirdim baş üstə. Gəlirdim bir də görürdüm ki, onun dediyi şeylərdən bəziləri yadımdan çıxıb, almamışam. Sklerozam da, neyləyim?! Gedirdim evə, dava-mərəkə… Deyirdim, vallah, yadımdan çıxıb. Deyirdi, yox, xəsisliyindən almayıbsan. Axırı çox götür-qoy elədik, çarə tapdıq: indi siyahı tuturuq, maddə-maddə bu siyahıya yazırıq. Nə isə, uzun dəsgahdı.

Gülmirə az qaldı ki, qəhqəhə çəkib gülsün, ancaq özünü güclə saxlayıb:

– Ay sənin oyunun olsun, Gülalı! – dedi.

Gülmirə bazardan çıxandan sonra “Ceyran” qəhvəxanasının arxasındakı böyük həyətə buruldu, üçüncü blokun pillələri ilə yuxarı qalxdı. Beşinci mərtəbədə, qapının ağzında su şırıltısı eşidilirdi: kimsə astananı, pillələri yuyurdu. Gülmirə boylandı; Sədəf idi. Əynində nimdaş xalat vardı, uzun hörüklərini başının dövrəsində çalmalamışdı. Əlindəki əskini tez-tez yanındakı su ilə dolu köhnə vedrəyə basıb çıxarır, şırıltı sala-sala aşağı əyilib döşəməni təmizləyirdi. Bu girdəsifət, qırxa yaxın yaşı olan qadının gicgahlarında ağ tüklər görünürdü: təkcə badamı gözləri onun qarayanız sifətinə yaraşıq verirdi. Gözləri işıqlı idi, gözləri cavandı, elə bil, yaşına görə çox düşmüş Sədəfin öz gözləri deyildi, gənclik ehtirası ilə coşub-daşan bir qızın nurlu gözləri idi. Yarıaçıq qapının üstünə şüşə lövhə vurulmuşdu:

“Prof. Salman Qurbanzadə”.

– Yorulmayasan, ay Sədəf bacı!

Sədəf belini düzəltdi:

– Sağ ol. Xoş gəlmisən.

– Özün necəsən, oğlun necədir?

– Ömrünüzə duvaçıyıq.

– Deyəsən, yır-yığış eləyirsən?

– Hə, dedim bu gün bazar günüdü, silim-süpürüm. Fürsətdi, evdə heç kim yoxdu.

– Bəs hara gediblər?

– Bağa. Salman usta tapıb, bağda bir az xım-xırd işləri var, onu gördürəcəkdi. Nadirə də dedi, hava yaxşıdı, mən də gedirəm. Ceyhun bu yandan qalxdı ki, onda məni də aparın. Bazarlıq-zad elədim, ət-mət aldım, mindilər maşına, getdilər. Bir işin-zadın vardı?

– Hə, Salman əmim mənə kitab verəsiydi.

Sədəf Gülmirəni yaxşı tanıyırdı. Salmanın ən yaxın dostunun qızı olduğunu bilirdi. Demək olar ki, bir evli kimi idilər. Gülmirə hələ ərə getməmişdən atası ilə bura tez-tez gələrdi. Salman ona həmişə “qızım” deyərdi. Öz atası da Gülmirəni adı ilə yox, “qızım” deyə çağırardı. Ancaq nə sirr idisə, Gülmirə bunun səbəbini özü də yaxşı başa düşmürdü. Salmanın “qızım” deməyi ona daha çox fərəh verirdi. Bəlkə də, bu ona görə idi di, Salman professor idi, elm aləmində tanınmış, adlı-sanlı adam idi?

Gülmirənin toyundan az sonra Salman Nadirə ilə məsləhətləşib, təzə ailə qurmuş cavanları evinə qonaq çağırmış, böyük bir məclis açmışdı. O zaman Sədəf qonağlığın bütün hazırlığını özü eləmişdi. Lap məclisin sonunda, yeyib-içib keflənmiş qonaqlardan kimsə, görünür bütün yaxşı sağlıqlardan əli çıxdığına görə (yenə də sağ olsun) səhərdən ayaq üstə gəzib yan yerə qoymayan Sədəfin (qonaq onun heç adını da bilmirdi, “bacı” deyirdi) sağlığına badə qaldırmışdı…

Gülmirə öz evlərinə girirmiş kimi, içəri keçdi, böyük çilçıraq asılmış bəzəkli qonaq otağından küncdəki otağa adladı. Bura professorun iş otağı idi.

Divar boyu düzülmüş kitab rəfləri, ayna kimi işıldayan yazı stolu, kreslo, stolun üstündə mərmərdən yonulmuş rəqqasə heykəli, hər şey ona tanışdı. Bəzən bax, bu stulda Nadirə, onda isə Salman əyləşib saatlarla elmi söhbətlər, mübahisələr eləyərdilər. Gülmirə isə kənarda dayanıb qulaq asar, müdaxilə etməyə, bir fikir söyləməyə cəsarəti çatmazdı. Mübahisə gah Salmanın iş otağında, gah da Nadirənin xudmani kabinetində davam eləyərdi. Bəzən isə onlar bu cür söz-söhbətdən bezib usandıqlarından tamam ayrı şeylərdən, məsələn havanın yaxşı olub-olmamasından, qışın bərk gələcəyindən, Ceyhunun dərslərindən danışardılar. Sədəf belə hallarda burda yoxmuş kimi, səssiz-səmirsiz dolanar, iş-gücünü görər, elə bil, danışanları eşitməzdi.

Gülmirə kitab rəfini nəzərdən keçirə-keçirə düşünür, özünün də gələcəkdə belə bir kitabxana düzəldəcəyini qət edirdi: “Bu işə gərək çoxdan başlamış olaydım, lap tələbəlik illərindən… Keçib. İndi də gec deyil”.

– Aha, budur! – ucadan səslənən Gülmirə göy cildli kitabı rəfdən çəkib götürdü: – Sədəf bacı, budu o kitab. Salman əmi gələndə deyərsən, yaxşı? – deyib getməyə hazırlaşdı.

– Yaxşı, deyərəm.

Sədəf Gülmirəni qapının ağzınacan ötürdü.

– Deyəsən, əmimgilin bu qonşuları köçüb? – deyə Gülmirə sağdakı təkotaqlı mənzilə işarə ilə soruşdu.

– Hə, iki həftə olar ki, köçüblər.

– İndi kim yaşayır?

– Vallah kimliyini bilmirəm; bir qoca arvaddı, ikicə dəfə görmüşəm.

Gülmirə pillələri düşəndə təzə qonşu bayıra çıxdı. O, saçı ağarmış, gözü eynəkli bir arvaddı. Gülmirənin dalınca baxıb Sədəfdən soruşdu:

– Bu cuvanəzən kimdi, a qonşu?

– Tanışdı.

– Maşallah, tez-tez gəlib-gedir.

– Nadirəynən, Salmannan bir idarədə işləyir.

– Bu da alimdi?

– Yox, alim deyil, ancaq olacaq.

– Bəxtəvər. Indi alim olmaq yaxşı şeydi. Çox yaxşı şeydi. Görürəm də. Yaxşı dolanırlar, maşallah. Mənimkilərin basaratını Allah bağladı. Elə bil, üzü ağ olmuşların göbəyini kəsib zavoda atmışıq, hamısı gedib orda işləyir. – Arvad bir qədər susub xəbər aldı:

– Yaxşı, soruşmaq eyib olmasın, sən axşamlar burda qalmırsan?

– Axşamlar burda niyə qalıram, öz evimizə nə gəlib?

– Deyirəm axı, hər gün səhər tezdən pəncərədən baxıram, görürəm sən gəlirsən. Fikirləşirəm, yaxşı, bizim bu qonşu obaşdan hayannan gəlir? Sən demə, qulluqçusan, hə? Ayı neçəyə danışmısan?..

Sədəf əl saxladı. Əlindəki yaş əskidən su damcılayıb vedrəyə düşür, səslənirdi. Sədəf qızardığını, ürəyinin bütün qanının üzünə vurduğunu hiss elədi.

– Qulluqçu niyə oluram! – deyə çətinliklə dilləndi. – Adam öz bacısına əl tutanda…

– Nadirə sənin bacındı?

Sədəf başıyla “hə” dedi.

– Belə de…

Sədəf izah etməyə başladı:

– Alimdi. Yazığın başını qaşımağa da vaxtı olmur. Işi-peşəsi elə kitab oxumaqdı, yazmaqdı. Mən də boş-bekar adamam…

– Belə de. Deməli ər də alimdi, arvad da!.. Yaxşı, ayda neçə min alırlar?

Sədəf narazı halda dedi:

– Mənciyəz bilmərəm, bacı, nəyimə lazımdı?

– Çox alarlar. Çox alarlar… Məvacibləri az olsaydı, maşın ala bilməzdilər.

Bu ara yaxşı ki içəridə telefon səsləndi, Sədəf tələsik evə girdi; bağdan qayıdan Nadirə ilə telefonda danışandan sonra daha qapıya çıxmadı: “Zəhləm getmişin üzünü görməsəm yaxşıdı”.

DÖRDÜNCÜ FƏSİL

Sədəf Musabəyov qəsəbəsində, hündür, yaraşıqlı evlərlə qabaq-qənşərdə, tramvay yolunun o tərəfındə ağ daşdan tikilmiş təkotaqlı Mənzildə yaşayırdı, oğlu Rəhimlə birgə… İki pəncərəli bu otağın qabağında balaca həyətyanı sahə vardı. Ləklərdə göy-göyərti əkilmişdi. Qapıya yaxın yerdə, kərpic hasarın dibində basdırılmış söyüd ağacı böyüyüb qol-budaq atmış, yayın tüğyanında bu kiçik ailənin yeganə kölgəliyi olmuşdu.

Sədəf həyət-bacaya göz gəzdirdi. Üst-üstə yığılmış köhnə çarpayı başını, əyri təkəri və başqa bir iki para gərəksiz şeyləri görəndə təəccüb elədi:

– Bu nə həngamədi, ay başına dönüm? – Sədəf öz-özündən xəbər aldı.

O, fikirli-fikirli qapını itələyib açdı. Gün dal pəncərədən içəri düşür, döşəmə üzərində ensiz zolaq kimı’ uzanırdı. Rəhim sağ tərəfdəki taxta çarpayıda şirin-şirin yatmışdı. Qalın dodaqları azca aralı idi. Əlinin birini başının altına qoymuşdu.

– Gədə elə pallı-paltarlı yatıb. Bilmirəm belə canına necə sinir? – deyə Sədəf söylənəndə Rəhim gözlərini açıb anasına baxdı, yuxulu-yuxulu gülümsündü:

– Gəlmisən?

– Bəs paltarlı niyə yatmısan, ay bala?

– Yorulmuşam, – deyə Rəhim dikəlib oturdu. – Uzanmışam, huş aparıb.

– O dəmirçixana nədi, açmısan orda? Yoxsa dəmirçilik etmək istəyirsən?

– Yox, ay ana. Müəllimlər tapşırıblar, köhnə dəmir-dümür yığıb məktəbə təhvil verəcəyik.

– Neynir axı məktəb köhnə dəmir-dümürü?

– Verirlər zavoda. Tramvay, trolleybus qayırırlar. O gün birini gətirmişdilər. Elə yaraşıqlı idi ki! Üstündə də yazmışdılar ki, məktəb şagirdlərinin yığdıqları metal qırıntılarından qayrılıb.

Rəhim boynunu uzadıb pəncərədən yığdığı dəmirlərə baxdı, sevinə-sevinə dedi:

– Görək bizim uşaqlardan kim çox yığacaq?

– Çox yığana nə verəcəklər?

– Əlbəttə, mükafat!..

Rəhim geri dönəndə ana qorxulu bir şey görürmüş kimi, içini çəkib irəli yeridi, oğlunun pencəyinin qolundan tutub diqqətlə fikir verdi:

– Pencəyinin burasına nə olub, ədə?

Rəhim günahkar adam kimi başını aşağı saldı, yumşaq səslə dedi:

– Bu? Dəmirə ilişib cırılıb, heç xəbərim olmayıb.

Sədəf Nadirəgildən qanıqara gəlmişdi. Bayaqdan oğlu ilə danışırdısa da, Nadirəgilin qonşusundan eşitdiyi “Qulluqçusan” sözü fıkrindən çıxmır, onun ürəyini məngənə kimi sıxırdı. Indi də pencəyin cırılması… Bu, Rəhimin yeganə abırlı pencəyi idi. Altı ay bundan irəli babasının Gəncədən göndərdiyi pula almışdı. Elə bil, Rəhimin pencəyi cırılmamışdı, ananın ürəyi parçalanmışdı.

– Bu da sənin dəmirinin xeyri. Ehtiyatlı ola bilmirdin? Indi mən neyləyəcəyəm? – Müəllimlərin qarasıycan alıb-verməyə başladı: – Təzə çıxıb, məktəb uşağı hara, dəmir-dümür yığmaq hara? – Üzünü oğluna tutdu. – Indi onların sənə verdiyi mükafata pencək ala biləcəksən? Ay aldın ha!.. Dəftərdən-zaddan verəcəklər başınızı qatacaqlar.

Rəhim nə ağ dindi, nə qara. Oğlunun cavab vermədiyini görən ana səsini qaldırdığına, uşağı danladığına o dəqiqə peşman oldu: “İşdi düşüb olub…”

Rəhim daha uşaq deyildi, bu il doqquzuncunu bitirirdi. Böyüdükcə, ətə-qana dolduqca atasına daha çox oxşayırdı. O, qapını açıb evə girəndə Sədəf bəzən diksinirdi, elə bil, rəhmətlik Cahangir gəlirdi. Cahangir evdar, ailəcanlı adam idi. Külfətini yaxşı dolandırmaq üçün gecə-gündüz namusla, vicdanla çalışar, öhdəsinə düşən işi layiqincə yerinə yetirərdi. İdarəyə gəlib, müəyyən səbəblər üzündən ürəyincə işləyə bilməsəydi, maaş alanda elə bilərdi ki, halal zəhməthaqqına haram qatılıb. Elə bilərdi ki, kimsə deyir: “Axı, Cahangir, sən o qədər işləməmisən, o pulu niyə alırsan?..”

Cahangir sağ olsaydı bu ailənin nə dərdi vardı! Cahangir sağ olsaydı, pencəyin dəmirə ilişib cırılmasından sarı Sədəf əziz oğlunu heç belə danlayardımı?!

Cahangir dörd il bundan qabaq vəfat eləmişdi. Ölümündən azca qabaq baş vermiş, ölümündən azca sonra məlum olmuş kiçik bir əhvalat Cahangiri təkcə Sədəfin deyil, bütün qohum-əqrəbanın, qonum-qonşunun, dost-tanışın nəzərində daha da ucaltmışdı: kimi buna heyrət eləmiş, kimi də mərhumun qəribə adam olduğunu deyib əlini yellətmişdi. Halbuki o, həyatında qəribə adam olmamışdı.

Cahangir balaca bir qulluq sahibi idi. Əlyazmaları fondunun geniş, işıqlı zalının küncündə çəpəki qoyulmuş stolun arxasında oturmuş arıq uzun bir kişinin illərin, əsirlərin saraltdığı, güclə oxunan qədim əlyazmalarını nəzərdən keçirdiyini çoxları görmüşdü. Fonda nə vaxt gəlsəydin, onu orada öz yerində tapardın, elə bil kişi stula yapışmışdı.

Mizin üstündə kitablardan, lüğətlərdən əlavə, həmişə zərif bir zərrəbin və bir armudu stəkan da olardı. Günorta işçilər yeməyə, istirahətə çıxanda o, qabağındakı əlyazmasını, zərrəbini bir kənara itələyər, şkafın aşağı gözündən qəzetə büküb evdən gətirdiyi kotleti, çörəyi, göy-göyərtini açıb ortalığa düzər, tələsmədən arxayın-arxayın yeyər, üstündən də qırmızı termosdakı çaydan bir stəkan içərdi. Onun fondda gördüyü iş də öz həyatı kimi zahirən adi və təmtəraqsız idi.

Əlyazmalarını oxuyar, adını, müəllifini, yazılma tarixini müəyyənləşdirər, kartoçkalara qeyd edər, kataloqlara düzərdi. O, gördüyü bu çətin işin üstünə adını da yaza bilməzdi. Bu haqq onun ürəyinə də gəlmirdi. Təkcə fondun əməkdaşları bilirdi ki, bu kataloqları Cahangir düzəldib. Uzun illərdi ki, Cahangir, bax beləcə, bu vəziyyətdə çalışırdı. Buraya gəlib müxtəlif məsələlər üzrə elmi-tədqiqat işi aparmaq istəyənlər, köhnə qəzet-jurnalları vərəqləyənlər çətinliyə düşəndə, bir sözü oxuya bilməyəndə başqalarına mane olmasınlar deyə, barmaqlarının ucunda Cahangirin yanına gələr, yavaşcadan: “Mirzə, bu sözü necə oxuyarsan?” – deyə soruşardılar. O da xoş üzlə, incimədən öz işini kənara qoyar, zərrəbini gözünə yaxınlaşdırar, çox keçməz ki, oxuyub mənasını da izah eləyərdi. Fondun işçiləri, buraya daim gəlib-gedənlər zarafatla deyərdilər ki, Cahangir bizim əlyazmaları fondunun canlı lüğəti, ensiklopediyasıdır.

Cahangirin Sədəflə evlənməsinə də elə onun “canlı lüğət” olması səbəb olmuşdu.

İndi adlı-sanlı professor olan Salman o zaman aspiranturada oxuyurdu. Əsərində istifadə etdiyi əlyazmaların tarixinin dürüst oxunuşunu və dəqiq tərcüməsini vermək lazım idi. Buna isə onun nə imkanı var idi, nə də bacarığı. Ərəb əlifbasını höccələyə-höccələyə oxusa da, fars dilini bilmirdi. Bütün gününü fondda keçirən Salman bu iş üçün ən münasib adam Cahangiri bilərək bir dəfə onu evinə “çay içməyə” dəvət elədi. Beləliklə Cahangirin Salmanın ailəsi ilə tanışlığı başladı. O, Sədəflə də burda tanış oldu, görüb bəyəndi. Salmanın baldızı, Nadirənin bacısı Sədəflə… Onda Sədəf Gəncədən bacısına dəyməyə gəlmişdi, yenə Gəncəyə qayıdacaqdı, ancaq iş elə gətirdi ki, qayıda bilmədi, Cahangirə ərə getdi.

Sədəf Nadirədən üç yaş böyük idi, dəmir yolu vağzalında yükdaşıyan Müseyibin ilki idi. Anaları vəfat eləyəndə Sədəfin səkkiz, Nadirənin beş yaşı var imiş. Müseyib ikinci dəfə evlənməmiş, Sədəf birinci sinifdən çıxıb ev-eşiyə “sahib” olmuş, balaca bacısı Nadirəni saxlayıb oxutdurmuşdu. Sədəf özü körpə ikən Nadirənin həm anası, həm də bacısı olmuşdu.

Qızlarını ərə verəndən sonra Müseyib Gəncədə tək qalmışdı. Onun bir dərdi yox idi, belə hesab edirdi ki, yetimçiliklə böyümüş qızlarının ikisi də xoşbəxtdi…

Əvvəlcə Salman müdafıə elədi, alimlik adı aldı. Üstündən xeyli keçəndən sonra da Nadirə. Ancaq Cahangir elə o küncdə, köhnə əlyazmalarının içində qurdalana-qurdalana illəri yola saldı. Onun fikri bu idi ki, alim gərək, sözün həqiqi mənasında, alim olsun. Yarımçıq alimlikdənsə o adı üstünə götürməmək daha yaxşıdır. Salman son illərdə Cahangirlə görüşəndə təkidlə deyirdi:

– Ay Cahangir, gəl təşkil eləyim, sən də müdafiə elə. Hamı bu saat elmə can atır, böyük imkanlar var, yollar açıqdır, tələbat çoxdur. Daşı gəl tök ətəyindən.

Cahangir:

– Yox qardaş, – deyirdi. – Mən öz gücümü hamıdan yaxşı bilirəm. Mən öz dağarcığımı çuvalların yanına sürüyə bilmərəm…

Salman ürəyində onun belə deməyinə gülür: “Bu zəmanənin adamı deyil”, – deyirdi. Nadirənin isə Cahangirin sözlərindən çox xoşu gəlirdi. “Namuslu adamdır, – deyə düşünürdü. Öz yerini, ləyaqətini yaxşı bilir. Kaş başqaları da onun kimi fikirləşəydi…”

Cahangir hər dəfə işdən gələndə gözünün ağı-qarası olan Rəhimini bağrına basıb:

– Mənim arxam, mənim ürəyim, mənim köməyim! – deyərdi. Uşaq atasının bu nəvazişindən elə sevinərdi ki!..

Bir dəfə Sədəf Nadirədən eşitdiyi fikri ərinə söyləmişdi:

– Nadirə deyir ki, gərək uşağı çox istədiyini onun özünə bildirməyəsən, xarab olar.

– Yox Sədəf, səhv fikirdi. Övlada məhəbbəti gizlətmək yaxşı deyil. O məhəbbət uşağa çox şey öyrədir: birinci növbədə sevməyi öyrədir, ürəyiaçıqlıq öyrədir. Yoxsa uşaq soyuqqanlı olar, böyüyəndə də ondan qayğıkeş, ürəyiyanan adam çıxmaz!.. – deyə Cahangir bu “fəlsəfəyə” etiraz eləmişdi.

Öz əli ilə neçə il qabaq həyətdə basdırdığı söyüd yaşıl don geyinib altına kölgə salanda Cahangir xəstələndi. Üç gün yatdı, dördüncü gün durub ağır addımlarla həkimə getdi.

– Nə dedi həkim, ay Cahangir?

Cahangir ciddiyyətlə cavab verdi:

– Qorxulu bir şey yoxdur.

– Təki olsun, təki olsun!..

Üstündən xeyli keçəndən sonra Sədəf gördü ki, Cahangir əvvəlki adama oxşamır; nəsə fikirli-qayğılı gəzib dolanır, az danışır, az gülür. Bir də görürdün ki, dayanıb Sədəfə, Rəhimə uzun-uzadı baxır, üzünü o yana çevirib yavaşcadan köks ötürür.

Havalar soyumağa başlayanda bir səhər çay süfrəsi arxasında Sədəf xəbər aldı:

– Nə olub, ay Cahangir, bu uşağa, mənə niyə elə baxırsan?

Cahangir zorla gülümsəməyə başlayaraq:

– Doymaq istəyirəm, Sədəf, – dedi. Arvad təəccübləndi.

– Məgər bir yerə-zada gedəcəksən? Cahangir asta-asta başını tərpətdi:

– Hə, gedəcəyəm Sədəf…

– Hara Cahangir?

– Demirsən bizə?

– Gedəndə…deyəcəyəm.

Təqribən elə o vaxtlar Cahangirin Yusif adlı bir tanışı onlara gəlmişdi. Yeyib-içəndən sonra Cahangir ona dedi:

– Yaxşı oldu elə sən gəldin, yoxsa səhərdə – biri gündə idarəyə, yanına gələcəkdim.

– Nə olub ki?

– Qardaş, sən ictimai-təminat şöbəsində işləyirsən, belə işləri gərək beş barmağın kimi biləsən.

– Nəyi?

Cahangir azca duruxub, qəmli-qəmli dinləndi:

– Bu Yaxınlarda mənim köhnə dostlarımdan biri rəhmətə gedib.

Stəkan-nəlbəkini yuyub təmizləyə-təmizləyə söhbətə qulaq asan Sədəf soruşdu:

– Kimdi ay Cahangir? – Qadın sevindi ki, nəhayət, kişinin qaradinməzliyinin, dərdinin səbəbini bildi. – Bəs belə… Demək yaxın dostu ölüb!..

– Sən tanımazsan, Sədəf!

– Sənin dostlarının hamısını mən tanıyıram, Cahangir.

– Dedim ki, tanımazsan, o bizə gəlməyib. Sədəf Yusifə baxıb gülə-gülə:

– Onda yaxın dost olmayıbsınız, – dedi.

– Yox, Sədəf, – deyə Cahangir ona sarı baxdı. – Lap canbir qəlbdə olmuşuq.

Sədəf çiyinlərini çəkib dinmədi.

– Hə ölüb… Ailəsinin halı məni yaman düşündürür. Dolanışıqları…

– Arvadı işləmir? – deyə Yusif xəbər aldı.

– Yox.

– Neçə uşaqları var?

– Birdi deyəsən.

– Ayrı yerdən gəlirləri – filanları yoxdu?

– Yox. Ancaq kişinin maaşıynan dolanırdılar.

Sədəf köksünü ötürdü:

– Yazıqlar.

Cahangir özü də kənarda oturub kitab oxuyan Rəhimə, böyründə başsız qalan ailə üçün ah-uf eləyən Sədəfə baxıb qəmgin bir səslə:

– Yazıqlar! – deyə arvadının sözünü təkrar elədi.

– İş stajı nə qədərdir? – Yusif xəbər aldı.

– On səkkiz ildi.

Sədəf özünü saxlaya bilməyib yenə söhbətə qarışdı:

– Ay Cahangir, elə deyəsən, səninlə bir işə başlayıb o yazıq.

– Hə. Qəribədir… bir ildə, bir gündə doğulmuşuq, bir ildə işə getmişik, bir ildə evlənmişik. Rəhim anadan olan ili onun da oğlu olub. – Cahangir nədənsə qorxmuş kimi, tez əlavə elədi: – bircə fərqimiz var; o ölüb, mən hələ sağam…

– Pensiya kəsərlər.

– Təxminən nə qədər, Yusif?

– Vallah, indi hələ bir şey deyə bilmərəm. Gərək onun bütün sənədləri, kağızları əlimizdə ola ki, bilək nə qədər.

Araya ağır bir sükut çökdü.

– Yusif, – deyə nəhayət, Cahangir asta-asta dilləndi, – mən onun sənədlərini hazırlayacağam. Sənin yanına gətirəcəm. İşdi, əgər mən gətirə bilməsəm, Sədəf özü gətirər, ona kömək eləyərsən, onlara təqaüddən-zaddan bir şey düzəldərsən.

– Mən tanımıram ki, Yusif qardaş işləyən yeri.

Cahangir papiros çəkən deyildi, ancaq Sədəfin bu sözündən sonra Yusifin qutusundan bir siqaret götürüb yandıraraq sümürdü və daha heç nə demədi.

İyirmi gün keçdi, Cahangir bir qarlı qış axşamı yatdı, səhər isə durmadı. Deyirlər, hər gecədən sonra bir səhər açılır. O gecə isə Cahangirin sonuncu gecəsi oldu, çünki o gecənin dalınca onun üçün bir də heç vaxt səhər açılmayacaqdı…

Anasının danlağından hələ də qırışığı açılmayan Rəhim köhnə, ağarmış bufetə sarı getdi, stəkanın içindən pul bükülüsünü gətirib Sədəfin qabağına qoydu:

– Pensiyanı gətiriblər…

Sədəf pula gözünün ucuyla da baxmadı. Onun xəyalında Cahangirin nigarançılıq həkk olunmuş solğun sifəti, qarlı qış günü qəbiristanlığa doğru gedən izdihamlı küçə, kişinin yeddisi çıxandan sonra masasının üstündən tapılan göy rəngli qovluq canlandı. Qulaqları küyüldədi, bacısı Nadirənin təzə qonşusunun “qulluqçu” sözü beynində uğuldadı.

Gözlərində yaş gilələndi. Belə hallarda ürəyinə dolub onu ovundurmağa çalışan hiss indi də ruhunun dərinliklərindən oyanıb təskin etdi. Sədəfə elə gəldi ki, Cahangir ölməyib, harasa uzun müddətli uzaq bir səfərə gedib, maaşının yarısını da ailəsinə göndərir, hər ay göndərir, hər ay…

BEŞİNCİ FƏSİL

Əqdəmlə Gülmirə dörd yanı gül-çiçəkli, salxım söyüdlü fəvvarənin böyründə oturacaqda əyləşmişdilər. Axşamçağı idi, bulvarda getdikcə bir canlanma əmələ gəlirdi. Dənizdən əsən meh hovuzun ortasından xışıltı ilə göyə millənən fəvvarənin xırdaca damcılarını onların üzünə vururdu. Fəvvarənin dibində yanan göy-yaşıl işıq suların da rəngini yaşıllaşdırmışdı; fəvvarə özü hovuzun qırağındakı, yaşıl budaqlarını aşağı sallamış söyüd ağacına oxşayırdı. Elə bil, hovuzun ortasında da bir söyüd əkilmişdi.

Gülmirə ağ donunu geymişdi; təzə gəlinə bənzəyirdi. Özünü Əqdəmin böyrünə qısaraq başını onun ulduzlu paqonunun üstünə qoymuşdu. Nazik, qara məstdən tikilmiş uzunqunc zabit ayaqqabılarının yanında bir cüt qəşəng, tökmə ayaq gözə dəyirdi, qızıl suyuna çəkilmiş dikdaban ayaqqabıda…

Gülmirənin yanaqlarını xoşbəxtlik, sevinc daha da allaşdırmışdı. Onun baxışlarında sonsuz bir məmnunluq və qürur vardı. O, Əqdəmin yanında olanda həmişə özünü belə hiss edirdi. Onların oturacaqlarının yanından gəlib keçən adamların Gülmirənin gözəlliyinə, gəncliyinə heyrətlə, məftunluqla baxa-baxa keçmələri bu qüruru, bu məftunluğu bir az da artırırdı.

Gülmirə bu dəqiqələrdə elə cazibədar idi ki, baxanlar bir də dönüb baxırdılar. Xüsusilə bəzi kişilərin həris baxışlarını öz üzərində hiss eləyən Gülmirə həyəcanlanmaya bilmir, gah ağ koftasının ətəyini dartışdırır, gah özünü itirib başını aşağı dikir, gah da çarəsizlikdən qımıldanmır, oturduğu kimi dayanıb tərpənmirdi. Əqdəm özünü elə tutmuşdu ki, guya onların heç birini görmür, hiss eləmir. Amma, əslində o, gözucu hər şeyə diqqət yetirirdi. Əqdəmin zahiri laqeydliyi və sakitliyi Gülmirəni içəridən narahat edirdi: “Bəlkə, Əqdəmdə qısqanclıq hissi yoxdur? Əgər elə isə…demək, sevmir?” Gülmirə ağlına gələn bu ani fikirdən üşüyən kimi oldu və Əqdəmi sınamaq üçün dedi:

– Adam elə buna görə şəhərə çıxmaq istəmir də!..

– Nəyə görə, Gülü? – Əqdəm çevrilib Gülmirəyə baxdı.

– Hamısı adama elə baxır ki… – Gülmirə nə üçünsə “kişilərin” sözünü dilinə gətirməkdən ehtiyat elədi. – Elə bil heç qadın görməyiblər…

Əqdəm dinmədi. Gülmirə yenə başını onun çiyninə söykəyib:

– Sən məni o baxışlara qısqanmırsan, Əqdəm? – deyə xəbər alanda Əqdəm çox sakit və arxayın bir səslə:

– Yox, Gülü, – dedi.

Gülmirə, doğrusu, bu cür cavab gözləmirdi. Odur ki, ərköyün bir uşaq kimi özünü yırğaladı:

– Onda, demək, məni istəmirsən, eləmi?

– Sən niyə elə fıkirləşirsən, Gülü?

– Deyirlər, qısqanclıq məhəbbətin yol yoldaşıdır, qısqanclıq olmayan yerdə məhəbbət də olmur.

– Düz deyil, əzizim. Qısqanclıq məhəbbətin zəhəridir. Onu həmişə öldürməyə, məhv etməyə çalışır. Bir də qısqanclıq inamsızlıqdan irəli gəlir.

– Sən mənə inanırsan?

– Çox!.. Özüm qədər, Gülü! Mən burdan gedəndə həmişə arxayın gedirəm. Elə bilirəm burda arvad yox, kişi qoyub gedirəm…

Bu sözlər Gülmirənin xoşuna gəldi, onun ürəyində baş verən narahatlığın üstünə su çilədi; o, nazla gülümsünərək başını yenə Əqdəmin çiyninə söykədi.

– Mən nə qədər xoşbəxtəm!.. Sən mənim yanımda olanda həmişə özümü bəxtəvər hesab eləyirəm, Əqdəm!

Bu ara göydə təyyarə uğultusu eşidildi. Əqdəm qımıldanmadı, ancaq Gülmirə o dəqiqə yerindən dikəldi, qıvrılıb səs gələn səmtə baxdı.

– Niyə baxırsan?

– O qədər öyrəşmişəm ki, haçan, harda təyyarə səsi eşitsəm, dayanıb göylərə baxıram. Mənə elə gəlir ki, o səsi gələn sənin təyyarəndir, içindəki də sənsən. Təyyarə lap alçaqdan uçanda neçə dəfə çaşıb əl də yelləmişəm. Bilirəm də ki, sən buradan çox uzaqlarda uçursan, yenə özümü saxlaya bilmirəm.

Əqdəm güldü. Təyyarə irəlidə, dəniz üzərində dövrə vurub asta-asta suya endi.

– Sənin təyyarən neçə motorludur, Əqdəm?

– Dörd motorlu.

Gülmirə köksünü ötürdü:

– Onda qorxusu yoxdur.

– Nə qorxu, Gülü?

– Heç…

Əqdəm onun nə üçün bunu soruşduğunu başa düşdü:

– Qorxma, Gülü, məni göylərin yeddi qatına qaldıran təyyarə dünyanın ən möhkəm, ən gözəl təyyarəsidir. Qolum-qanadım da sənin məhəbbətindir, Gülü. Onsuz mən uça bilmərəm!..

ALTINCI FƏSİL

Sərin bahar axşamı idi. Ağ abbasılıqlar kimi göylərə səpələnmiş ulduzların arasında parlayan Ay yuxulu, yorğun göz təki yerə baxırdı. Geniş həyətdə, ucaboylu çinarların arasında qoyulmuş yaşıl oturacaqların birində məhəllənin yeniyetmələri əyləşərək deyib-gülür, zarafat edirdilər. Ağ köynək geyib saçını yana daramış oğlan qıçını-qıçının üstünə aşıraraq gitara çalırdı. Sarı, qalın simlərdən qopan, az qala insan kimi sözləri, kəlmələri aydın deyən titrəyişli səslər bu aprel gecəsinin məlahətini daha da artırırdı. Oğlan başını azca yana əyərək, Nadirənin çox sevdiyi “Gilavar” mahnısını oxuyurdu:

Ay gilavar, ay gilavar…

Bu sözləri əvvəl simlər, barmaqlar deyirdi, onların dalınca oğlan təkrar edirdi:

Ay gilavar, ay gilavar…

Nadirə balkonda qızıl söyüd çubuğundan toxunmuş kresloda əyləşib əlini üzünə söykəyərək hərəkətsiz halda buradan aydın görünən oğlanlara tamaşa eləyirdi. Onlar necə də xoşbəxt idilər; bu xoşbəxtlik onların şən, qayğısız gülüşlərindən, şirin zarafatlarından aydın hiss olunurdu. Onlar gah çalıb-oxuyur, gah da səslərini alçaldıb nəsə xısın-xısın söhbət edirdilər. On beş-on altı yaşları ancaq olan bu məhəllə uşaqlarının hərəsi bir ailənin əzizi, ümidi idi. Ceyhun lap qıraqda oturmuşdu. Əllərini sinəsində çarpazlayıb, lal-dinməz dayanmışdı, O, ancaq gülməli bir şey olanda uşaqlara qoşulub gülürdü. Nadirə burdan, yaşıl işıq yanan bu balkondan oraya tamaşa etdikcə oğlu haqqında – Ceyhun haqqında düşünürdü.

Ona elə gəlirdi ki, Ceyhun bu cavanlarla bir yerdə oynasa da, deyib-gülsə də, onlara qarışa bilmir; Ceyhunla onlar arasında nəsə soyuq, qüdrətli təkanla uçurulub dağıdılmalı bir şey var. O nə idi? Bunu Nadirə özü aydınlaşdıra bilmirdi.

Ceyhun – Qurbanzadələr ailəsinin yeganə övladı idi. İkincisini istəməmişdilər. Bütün həyatını, gücünü, bacarığını elmi işə sərf etməyi qarşısına qoymuş Nadirə uşaq saxlamağın, böyüdüb boya-başa çatdırmağın nə qədər çətin iş olduğunu elə Ceyhun dünyaya gələndən sonra başa düşmüşdü. Bax, indi o cavanların yanında kənardan gəlmiş bir adam təki dayanan oğlu, Nadirənin neçə əsərini əlindən almış, yaxud tələsik yazılmasına səbəb olmuşdu. Əlbəttə, Nadirə bu barədə də heç vaxt heç kəsə şıkayət etməmişdi. Uşaq məsələsi üstündə Nadirə ilə Salmanın arasında həmişə söz-həkət olmuşdu:

“– Ceyhun təkdir, Nadirə.

– Bilirəm, mənə də onun təkliyi ağır gəlir.

– Elə isə qoy…

– Yox, yox, Salman… Vaxt yoxdur, vaxt yoxdur. Siz kişilər təsəvvür eləmirsiniz uşaq saxlamaq necə ağır işdir… Mənim elmi işim…

– Sən axı, elmi işçiliyindən əvvəl qadınsan! Gərək qadınlığın yadından çıxmasın, Nadirə!

– Çıxmayıb, bəsdir. Ceyhunu ağıllı-başlı boya-başa çatdıra bilsək, böyük məsələdir.”

Salman çarəsiz qalıb susar: “Elm bu arvadı arvadlıqdan çıxarıb kişi eləyib”, – deyə düşünərdi. Ancaq Salman az sonra belə fikirləşməkdə yanıldığını başa düşərdi. Çünki Nadirə yaxşı ana idi, gözəl qadın idi. Doğrudur, idarədə, ictimaiyyət arasında ona qadından daha çox bir alim kimi baxırdılar, hərəkətlərində, mühakimələrində kişiyə oxşayırdı, cəsarətli idi.

O, saçlarını qısa vurdurmuşdu. Xına qoymuşdusa da, ağ tüklər öz varlığını hiss etdirirdi. Gözlərində, yanaqlarında hələ də qızlıq təravəti qalan Nadirənin yalnız arıq, çəlimsiz, damarları görünən əlinin ağ dərisini örtməyə başlayan incə, zərif qırışlar onun yavaş-yavaş qocaldığını göstərirdi. Bunu heç kəs, hətta, Salman da görə bilməzdi, bunu Nadirə təkcə özü hiss eləyir və hərdən bu barədə düşünəndə ürəyini yüngül qüssə bürüyürdü.

Nadirə ayağa qalxıb iş otağına keçdi, yazı masasının orta gözündən qalın dəftəri götürüb qabağına qoydu. Bu, gündəliyi idi. On beş ildən çoxdu ki, bu dəftərə həyatının yadda qalan, ürəyinə təsir eləyən hadisələrini yazırdı.

Nadirə dəftəri vərəqlədi. Müxtəlif tarixlər, müxtəlif qələmlərlə yazılmış bir səhifəlik, yarım səhifəlik, bəzən bircə cümlədən ibarət yazılar, qeydlər… İndi, üstündən illər keçəndən sonra onlar Nadirənin özü üçün də, bir roman kimi, maraqlı idi. Budur, o gündəlikdən bəzi səhifələr…

“5 yanvar 194…-ci il.

Dəlicəsinə sevdiyini bilmək, kiminsə, haradasa onun haqqında fıkirləşdiyini düşünmək cavan bir qız üçün dünyanın ən böyük səadətidir. Hələ neçə illər qabaq, aylı gecələrdə atamı və bacımı yuxuya verəndən sonra Gəncə çayının şırıltı ilə axan sularının səsinə qulaq asaraq bərkə-boşa düşməmiş ürəyimi isti, mehriban bir nəfəs kimi isindirən bu qəribə əsrarəngiz duyğu barədə saatlarla xəyala dalardım…

İndi budur, o xoşbəxtlik mənə də nəsib olmuşdur. O gödək, qaynar baxışlı, sıx qara saçlı oğlan – Salman iki ilə yaxındır ki, məni rahat buraxmır; necə deyərlər, göz verib, işıq vermir. Kölgəmə dönüb, hara gedirəm – arxamca sürünür. Dərsə gedirəm, kitabxanaya gedirəm, kinoya gedirəm – mütləq dalımca gəlir. Elə bil məni güdür, yaxud hara gedəcəyimi irəlicədən ona xəbər verirlər. Kafedranın aspirantıdır. Hərdən müəllimimiz xəstə olanda onu əvəz edir, bizə dərs deyir. Yaxşı, sərrast danışan olsa da məni görən kimi dili-dodağı təpiyir, çaşır. Tez-tez qəzetlərdə, jurnallarda məqaləsi çıxır. İnadkarlığı xoşuma gəlir.

“Sən istəyirsənmi ki, mən bədbəxt olum, Nadirə?”-deyə o, səsi titrəyə-titrəyə bu gün məndən xəbər aldı. Dillənə bilmədim. O: “Mənim xoşbəxtliyim səndən asılıdır. Məni ancaq sən xoşbəxt eləyə bilərsən!”– dedi.

Mənim ona yazığım gəlir. Qəlbimin dərinliklərindən bu qarayanız oğlana bir şəfqət hissinin baş qaldırdığını duyuram. Bəlkə, elə sevgi bu nöqtədən başlayır? Bilmirəm. Mən bu dəqiqə üzmək bilmədiyim halda suda boğulanı xilas etmək üçün özünü çaya atmaq istəyən adama oxşayıram”.

“15 oktyabr 194…-ci il.

Salmanı bir gün görməyəndə darıxıram. Bilmirəm bu məhəbbətdir ya yox. Hərdən mənə elə gəlir ki, bizim bu sevgimizin axırı xoşbəxtliklə nəticələnməyəcək. Nə bilim, hər halda qorxuram”.

“28 noyabr 194…-cu il.

Böyük tənəffüs vaxtı, qrupumuzun qızları uzun partanın dövrəsində yığışıb halay vuranda (kimi kolbasa-çörək yeyirdi, kimi əl sumkasının güzgüsündə özünə baxıb üz-gözünə sığal verir, kimi də axşam gördüyü kinofılmi ağızdolusu tərifləyirdi), oğlanlardan biri qapının ağzında dayanıb məni səslədi:

– Nadirə, ay Nadirə!

Mən dikəldim.

– Nə var?

– Bir kişi səni soruşur.

Ürəyimdə min fikir, götür-qoy eləyə-eləyə qapıya sarı yönəldim. Sinif otağı uzun olduğundan bu başından o başına getmək üçün xeyli vaxt çəkirdi. Bu müddət ərzində mən geyim-keçimimə yaxşıca fikir verə bildim. Üst-başım abırlı idi. Qurban olum atama, məni Bakıda oxuduğum bu üç il ərzində heç “neynim, necə eləyim” deməyə qoymayıb. Sinfimizdə üç yaxşı şıq geyinən varsa, biri mənəm.

Əynimdə son dəbdə tikilmiş şal paltar, yun jaket, dikdaban çəkmə, zərli corab… Bütün bunları atamın Gəncədən göndərdiyi pulla, özümün təqaüdümdən artıq qalan paraya almışam. Təkcə indi yox, həmişə arzum bu olub ki, əlim çörəyə çatsın, o kişini ağır yük altından xilas eləyim. Onun daha çiyin sümüklərini də kəndir kəsdi. Gecəli-gündüzlü vağzalda yük daşıyan, beli bükülü atamı evdə, küçədə, bazarda şax-dik yeriyən görəndə, nə gizlədim ki, təəccüblənməyə bilmirəm. O bu qədər ağır yük altından çıxandan sonra yenə dik yeriyə bilir.

Sinif qapısından çıxanda, pilləkənlərin başında dayanan atamı görəndə az qaldım qanadlanıb uçam. Özümü tələsik kişinin üstünə atıb boynuna sarıldım. Yanımızdan ötüb-keçən tələbə-müəllimə fikir vermədən cod, sərt tüklü üzündən öpdüm.

“Qurban olum lələmə” deyə-deyə halını, dolanışığını, Sədəf bacımın kefini xəbər aldım. Şükür ki, hər şey öz qaydasında idi. Salamatlıq idi.

– Elə birdən beynimə düşdün, bala. Bacına dedim, gedib uşağa baş çəkim, axşama da qayıdaram.

Mən ona ürəyimdə sonsuz minnətdarlıq hissi duyurdum: mənim həm atam idi, həm anam. Mən onun ata-ana ürəyinin nigarançılığının səbəbini duyurdum, yaxşı başa düşürdüm. O məndən yana nigaran idi. Mən indi körpə, saçlarına lent bağlayan qız uşağı deyildim. Məni irəlidə, kim bilir nələr gözləyirdi: həyatda özümə yol seçməli, ömür-gün yoldaşı tapmalı, səhv eləməməli idim.

On dəqiqə nə tez gəlib keçdi. Zəng içəri vuruldu. Azər müəllim– o mehriban və qayğıkeş insan gümüşü saçlarına daraq çəkə-çəkə gəlib yanımızdan keçəndə gözü bizə sataşdı. Ağzımı doldurub ondan icazə istəməyə imkan vermədi:

– Deyəsən, atandır, Nadirə?

– Bəli, müəllim, – dedim, – rayondan gəlib.

– Yaxşı, yaxşı. – O, arada atama da salam verdi. – Bu saat səni azad eləyərəm.

Asta addımlarla sinfə girib qapını arxasınca bağladı. Onu atama ağızdolusu tərifləyib yenicə qurtarmışdım ki, Salmanın böyrümüzdə hərləndiyini gördüm. Gördüm və özümü itirən kimi oldum. Salman qoltuğunda tutduğu kitabı böyrünə bərk-bərk sıxaraq dəhliz boyu o tərəf-bu tərəfə addımlayır, bəri başa gələndə bizim nə barədə danışdığımızı bilmək istəyirmiş kimi, addımlarını yavaşıdırdı.

Ürəyim sıxılmağa başladı. İstədim lələmə deyəm: – Bax, budur o oğlan, mənə gecə-gündüz rahatlıq verməyib yalvarıb yaxaran. Bax, yaxşı bax. Gör xoşuna gəlirmi! Axı sən adam tanıyansan. Axı sən adam sərrafısan. O sənin xətrini çox istədiyin, görmək üçün Gəncədən bura gəldiyin qızını xoşbəxt eləyə biləcəkmi?

Amma heyif ki, mən bunların heç birini ona – öz əziz atama deyə bilmədim. Üzüm gəlmədi, həya məni qoymadı. Birdən mənim elə bil gözlərim açıldı. Salman atamı təpədən-dırnağa diqqətlə nəzərdən keçirirdi. Aman Allah, onun əynindəki paltarlar nə qədər də köhnə idi. Mənimkini demirəm, (bu qadın paltarıdı) Salmanınkılarla heç müqayisəyə gəlməzdi. Salman çox səliqəli və şıq geyinməyi xoşlardı. Dəsmalı ütülü, köynəyi qraxmallı olardı. Sonra özümün bu yersiz və sadəlövh müqayisəmə güldüm. Onları – iki bir-birindən fərqli aləmi mən niyə müqayisə edirdim. O – adicə yükçü babadır, bu – aspirantdır.

Salman orada çox vurnuxandan sonra çıxıb getdi.

Atamla doyunca dərdləşdik. Mənə ağıllı olmağı dönə-dönə tapşırdı, cibimə pul qoydu. Axşam isə onu aparıb yola saldım.

İndi vağzaldan yenicə gəlmişəm. Atam, yəqin ki, Biləcərini çoxdan keçib. Ancaq bir şey məni yaman düşündürür: görəsən, Salman atamın yükçü olduğunu biləndə nə deyəcək? Sabahın ən böyük sualı budur”.

“29 noyabr 194…-ci il.

Təəssüf ki, – mənim bütün beynimi, ürəyimi gəmirən, rahatlığımı əlimdən alan bu sual sabah da həll olunmadı. Həqiqətən, bu suala qəti və aydın cavab almaq mənə çox lazım idi. Mənim xüsusiyyətim belədir ki, çoxlarının adi şey sanıb əhəmiyyət vermədiyi məsələlər mənim aləmimdə bəzən ən böyük problemə dönür. Günlər, aylar, bəlkə də illərlə məni düşündürüb, yuxumu ərşə çəkir. Mən indiki əqidəm və ağlımla, həyatı buz üzərində rəqsə bənzədirəm. Ağ ipək don geyib qu quşu kimi buz üzərində uçmağa – süzməyə başlayan rəqqasə gərək hər addımını yox, kiçicik bir hərəkətini belə ölçüb-biçməlidir. Yoxsa o, tez yıxılıb minlərlə tamaşaçı (bizim ətrafımızdakı adamları da mən cibində daimi bileti olan tamaşaçılara bənzədirəm) önündə xəcil ola bilər. Hələ şikəst olacağını, ömrü boyu əzab çəkəcəyini demirəm. Bax, buna görə də Salmanla mənim aramda yaranıb gündən-günə bizi bir-birimizə yaxınlaşdıran dolaşıq, naməlum duyğuları bir az da kələf kimi qarışdıran bu məsələ – dünən atam yanıma gəlib-gedəndən, xüsusən onu dəhlizdə Salman görəndən sonra zehnimi, fikrimi daha dərindən məşğul eləməyə başladı.

Bir hadisə olmasaydı, bəlkə də mən buna o qədər də əhəmiyyət verməzdim. Bizim sinifdə məşhur bir alimin qızı oxuyur. Elə gözəl də deyil, elə ağıllı da deyil, adi qızdır. Amma onu qonşu qrupdan ağıllı-kamallı, gözəl bir oğlan istəyir. Oğlan o qədər gözəldi ki, elə bil şəkildi. Nağıllarda deyilən kimi, yemə, içmə, otur, gül camalına tamaşa elə. Onların ikisini yanaşı görəndə adam istər-istəməz təəccüb eləyir. Bu namünasib məhəbbətdimi, ya həqiqi sevgidir? Deyə bilmərəm. Amma bu yaxınlarda rəfiqəm mənə dedi ki, burada məhəbbətdən çox, haqq-hesab məsələsi var. “Nə haqq-hesab?” – deyə təəccüblə xəbər aldım. “Oğlan qıza yox, atasının adına, şöhrətinə, puluna aşiq olub”. Düzü, bu söz ağlıma batmasa da fikrə getdim, az sonra isə öz taleyim barədə də düşünməli oldum. “Əgər salman bilsə mənim atam yükçüdü, görəsən bu işə necə baxar?” Bu sual qarşısıalınmaz bir qüvvəylə mənim varlığıma hakim kəsildi.

Bu gün dərsdən iyirmi dəqiqə qabaq Salman mənə dekanlığın qabağında rast gəldi. Salamlaşdıq. Kefımi soruşdu. Həmişə olduğu kimi, indi də uçunduğu hiss olunurdu; mənimlə söhbət etdiyinə görə özünü xoşbəxt sandığı da gün kimi aydın idi. Həsrətlə üzümə baxıb gözlərini gözümə zilləyərək ani fikrə getdi. Onun baxışları altında mən əzildim və uzaqlaşmaq istədim.

– Nadirə! – deyə məni səslədi. Dabanım üstə geri fırlanıb dayandım.

– Dünənki kişi kim idi?

– Dünənki kişi?

– Hə.

– Atam idi.

– Atan?

– Hə. Duruxdu.

– Doğru sözündü?

– Hə, vallah!..

Bu söhbət əsnasında mən ona çox fikir verdim ki, bəlkə üzündən-gözündən məni narahat eləyən suala cavab tapa bildim. Yox, o, sakit və toxtaq idi.

– Harada işləyir, Nadirə?

Ürəyim içəridə əsdi. Qəribə idi, bayaqdan atamın kim, nəçi olduğunu Salmana açıb demək istəyən mən indi bu fürsət əlimə düşəndə sıxıldım. Üzümü ani olaraq döndərib küncdə, əlini irəli uzatmış tunc heykəlin yanındakı “Filoloq” divar qəzetinə nəzər salıb birdən-birə ona dedim.

– Vağzalda işləyir, – sonra heç özüm də bilmədim necə oldu ki, əlavə elədim: – hambaldı.

Lənətə gələsən şeytan! Bu söz hardan dilimə gəldi? Axı “yükçü” sözü bundan çox-çox abırlı sözdü. O niyə yadımdan çıxdı, niyə? Orda bu sözü dilimə gətirəndən sonra nə hala düşdüyümü deyə bilmərəm, ancaq indi bu söhbət yadıma düşəndə yenidən alnıma tər damcıları gəldi. Salman bu an mənim xəcalət çəkdiyimi duydu və mülayim bir tərzdə:

– Amma, maşallah, sağlam kişidir, – dedi. – Sonra nəsə əlavə etmək istəyirdi ki, zəng çalındı və mən sinfimizə qalxdım”.

“15 oktyabr, 195…-ci il.

Bu gün mənim həyatımda ən əziz gün hesab olunsun gərək. Əvvəllər mənə elə gəlirdi ki, toy günü adam ilhamı aşıb-daşan şair ola bilər. İstəyirəm gündəliyimə bu hisslərimi köçürəm, ancaq bacarmıram, “bu gün mənim toyumdur, bu gün mənim toyumdur!” sözlərindən başqa dilimə heç nə gəlmir”.

“10 may 195…-cü il.

Bu gün Ceyhunun – balaca, totuq balamızın bir yaşı tamamdır. Xudmani məclis düzəltmişik. Bax, bu saat mən bu sətirləri gündəliyimə yazan dəqiqə Salman o biri otaqda qonaqlarla yeyib-içir. Nə qədər ömrüm var, sənin üçün ad günü eləyəcəyəm, oğul. Bəxtəvər ol, mənim balam!”

“8 iyul 195…-cü il.

Atam bizə pul göndərib. Mənim zəhmətkeş atam…

Ürəyinə qurban olum, ata! Mən sənin necə pul qazandığını, bizi necə böyütdüyünü heç vaxt olduğu kimi təsəvvür eləyə bilməzdim, əgər bir dəfə səni vağzalda cüssəli, iki sən boyda olan kişinin yükünü taksi dayanacağına aparan görməsəydim… Gördüm, o gündən sonra sənin puluna alınan paltar, yemək mənə sevinc yox, dərd-qəm oldu, ata!.. Sənin yük altında əyilən belin, brezent qayışların qara-qançur elədiyi çiyinlərin, alnından axan tər damcıları, duz bağlamış köhnə əsgər köynəyin gözümün qabağından çəkilmir, ata!.. Bilirəm, sən bizdən nigaran olduğun üçün bu pulu göndərirsən, ata! Bilirsən, əlimiz aşağıdır, borcumuz var. Salman sən göndərdiyin pulu görən kimi sevinəcək…”

“18 aprel 195…-cü il.

Srağagün Salmanla ilk dəfə sözləşdik. Axşam evə şad gəldi. “Nə var?” – xəbər aldım. Sevinə-sevinə: “Dost” yanına çağırmışdı, – dedi. “Dostun” kim olduğunu soruşmadım, çünki bilirdim. Dalağım sancdı. “Neynirdi?”– “Məqalə yazmağı tapşırdı”– “Kimin barəsində?” – “Eloğlunun”.

Eloğlu bütün el-obanın sevimlisidir. Ən ucqar kənddə belə onu tanımayan adam tapmazsan.

Mən biləndə ki, Salman, Eloğlunu mətbuatda tənqid etmək, rüsvay etmək tapşırığını alıb, yuxusuz gecələrdə yana-yana qələmə aldığı o böyük tədqiqat əsərini heç-puç eləmək tapşırığını alıb, dəhşətə gəldim. Onu, “dost” deyilən zəhimli adamı ürəyimdə lənətləyib, Salmandan soruşdum: “Bəs sən nə dedin?” Güldü. “Nə deyəcəyəm? Əlimi qoydum gözümün üstünə, dedim baş üstə! Ayrı nə demək olar?”

Məni ağlamaq tutdu. Salman özü də bilmədən uçuruma yuvarlanırdı. Tək özü getmirdi, Eloğlunu da ləkələyir, gözdən salırdı. Kim bilir, o məqalə çıxandan sonra onun halı necə olacaq. “Sən yazmamalısan, Salman! Sən buyruq qulu olmamalısan, Salman!” – deyə bərkdən qışqırdım. Salman qorxu içərisində irəli gəlib əli ilə ağzımı qapamaq, səsimi boğmaq istədi, elə bil, “dost” bu saat qapının dalında dayanıb, bizim söhbətə qulaq asırdı. O, acıqlı-acıqlı dedi: “Nadirə, sənin başın xarab olub!”

Mən o axşama qədər ondan belə söz eşitməmişdim. Sanki üstümə qaynar su töküldü, bu mənim aləmimdə ən ağır təhqir idi. O sözlər nitqimi batırdı. Daha ona heç nə deyə bilmədim. İstəmədim də…

İki gecə yatmadı, yazdı. Mənə oxumadı. Özüm də maraqlanmadım. Qəzetdə çap olundu, Salmanın məqaləsini ancaq onda oxuya bildim. Başımı gizlətməyə yer axtarırdım, adamların üzünə şax baxa bilmirdim, oğurluq, qəbahət eləmiş adamlara oxşayırdım. Məqalə Eloğlunun bütün yaxşı cəhətlərini bir kənara qoyur, nöqsanlarını qabardır, heç ona dəxli olmayan şeylərdə ittiham edirdi. Ərim də olsa, mən bu sözləri deməkdən özümü saxlaya bilmədim: vicdansız adam!..”

“30 dekabr 195…-cü il.

Yazıq bacım Sədəf balası Rəhimlə tək qaldı. Fağır Cahangir, nigaran Cahangir! Necə gözəl insan idi!…”

“13 noyabr 196..-cı il.

Qələm əhli gərək heç vaxt məsuliyyət hissini itirməsin, vicdanının, qəlbinin əksinə getməsin, yalan yazmasın. İnsan özü qalmır, amma yaratdığı qalır. Yaxşısı da, pisi də… Gərək elə əməl sahibi olasan, elə əsər qoyub gedəsən ki, sağlığında özün, qohum-əqrəban, dostun-tanışın, öləndən sonra isə nəslin xəcalət çəkməsin!…

Mən bu sözləri ona görə yazıram ki, Salmanın acı taleyi gözümün qabağındadır. O məqalə unudulmur. Eloğlunun adı yaşadıqca, əsəri qaldıqca o məqalə də yad olunacaq və Salman pis bir adam kimi həmişə söyüləcək…

Budur, Salmanın məqaləsi çıxandan on iki il keçir… İndi nə Eloğlu sağdır, nə də “dost”, amma Salmanın töhməti yaşayır. Bizim bir alim yoldaşımız Eloğlu haqqında doktorluq dissertasiyası yazıb, orda Salmanın məqaləsinin daşını daş üstə qoymayıb. Qəribə burasıdır ki, o əsəri Salman özü də oxudu (ona göndərmişdilər), özünün rəhbər olduğu şöbədən də keçirdi – tər tökə-tökə, xəcalət çəkə-çəkə… İndi o elə vəziyyətdədi ki, qəzetin saralmış həmin nömrəsini bütün kitabxanalardan yığışdırmaq istərdi. Tutaq ki, bu mümkündür. Bəs axı onu insanlar oxuyub, insan isə haqsızlığı heç vaxt unutmur. Bəli, bir nəsil oxuyub o məqaləni. Bir nəsli isə, “yığışdırmaq, məhv etmək olmaz!..”

Nadirə ah çəkib dəftəri qatladı və ayağa qalxdı.

YEDDİNCİ FƏSİL

– Ceyhun.

– Nədi?

– Yaxın gəl görüm.

Ceyhun anasının nə üçün çağırdığını müəyyən eləməyə çalışırmış kimi, uzun kirpikli ala gözlərini ona dikdi və bu gün bir günah işləyib-işləmədiyini, pis iş tutub-tutmadığını yadına salmağa çalışaraq irəli yeridi. Çünki anası onu belə çağıranda həmişə ciddi bir söhbət başlanırdı; Ceyhun ya danlanır, ya da anası bərk hirslənirdi.

– Bayaq balkondan fikir verirdim. Sən nə üçün orada yad kimi dayanmışdın?

– Bəs neyləyəydim? – deyə qorxulu bir hadisə olmadığını başa düşən Ceyhun gülümsədi.

– Niyə qaynayıb-qarışmırsan onlara?

Ceyhun çiynlərini çəkdi.

– Onların arasında məgər dostun yoxdur?

– Yox.

– Niyə? Dostsuz, yoldaşsız adam olar? O qoca motorçunun oğlu pis oğlandı?

– Onun ancaq gitara çalmağından xoşum gəlir.

– Demək, özündən xoşun gəlmir, hə? Başqa uşaqlardan necə, onlardan da?

Çətin sual verilmişdi. Ceyhun nə deyəcəyini bilmirdi. Salman iş otağından çıxıb gümüşü saçlarına sığal verib dedi:

– Apar maşını qoy yerinə!

Ceyhun anasının sualını cavabsız buraxdı. Bu fürsət əlinə göydən düşmüş kimi açarı atasının əlindən qamarlayıb aldı, qaça-qaça otaqdan çıxdı. Pillələri şappıldada-şappıldada düşdü.

Salman maşın sürməyi oğluna gecən il öyrətmişdi, bağda olanda. Ceyhunda maşına böyük həvəs var idi. Üç-dörd ay bundan qabaq, Salman Moskvaya gedəndə Ceyhun təyyarə meydanından maşını özü qaytarıb gətirmişdi.

Nadirə üzünü Salmana tutub:

– Bu uşaq maşın sürməyə yaman can atır. Deyəsən, şoferdən-zaddan olacaq, – dedi.

Salman qabağına xalça sərilmiş divanda oturdu, qarşısındakı pianonun qara aynasında özünə fikir verib saçını əli ilə geri yatırtdı:

– Şoferə bax, a!.. Bizim oğlumuz şofer?

– Elə söz deyirsən ki,… – Nadirənin dodaqları qaçdı.

– Yox, canın üçün, dırnaqlarına döyə-döyə alim eləyəcəyəm onu!

– Alim?

– Bəs necə?

– Zornan?

– Ağzı nədir olmasın! Yox bir, desinlər, professor Salmanın oğlu şoferdi. Onda gərək mənim bağrım çatlaya.

Nadirə dinmədi.

– Sənin, mənim qabağıma kim düşüb, qolumuzdan kim tutub qaldırıb? Heç kəs! Nə böyük çətinliklərlə gəlib ortalığa çıxmışıq. O niyə çıxmasın? Nə şərait istəyir varıdı. Qabağında da şir kimi atası durub. Niyə olmasın, Nadirə?

– Gərək həvəsi, qabiliyyəti ola!

– Olar, olar.

Nadirə gəlib ərinin yanında əyləşdi: indi qənşərindəki pianonun qara aynasına iki şəkil düşmüşdü. Nadirə Salmana sarı döndü:

– Sən, deyəsən, elə Gülmirəni də “dırnaqlarına döyə-döyə” alim etmək istəyirsən, – deyə çoxdan demək istədiyi, münasib fürsət gözlədiyi sözü Salmanın üzünə vurdu.

– Gülmirəni?

– Hə.

– Niyə, ona nə olub ki?

– O olub ki, savadsızdır, ondan alim çıxmaz!.. Sən şöbə müdirisən, şöbəyə işçi götürəndə birinci növbədə onun elmi qabiliyyətini yoxlamaq borcundur. Yoxsa bir adam illzrla elmi-tədqiqat institutunda işləyib, dövlətin ətək-ətək pulunu alıb xərcləyir, əvəzinə nə verir? Heç nə! Özünü də aldadır, səni də, idarəni də! Bu cinayət deyilmi?!

– Axı Gülmirə…

– Bilirəm, deyəcəksən ki, axı biz onun atası ilə dostuq, ailəvi dostuq.

– Bəli.

– Özün görürsən ki, mən həmişə o ailəyə çox böyük hörmət etmişəm, edəcəyəm də. Ancaq bu tamam ayrı məsələdir.

– Yəni deyirsən, – Salman yavaş-yavaş səsini qaldırmağa başladı, – mən öz dostumun qızını şöbəmə götürməyəydim?

– Gərək götürməyəydin, Salman! – Nadirə qətiyyətlə bildirdi.

– O bəlkə də, müəllim olardı, bəlkə bir idarədə katibəlik edərdi. Ancaq alim… Sən elə bilirsən ona yaxşılıq eləyirsən?

– Yaxşılıq eləmək borcumdur. Bəs mən nə günün dostuyam? Nə zaman ona yaxşılığım keçəcək?! Şöbəyə neçə adam götürürəm, biri də olsun o! – Salman sözünə ara verib davam etdi! – Deyirsən, savadsızdır, kişinin qızı beş il universitetdə oxuyub, əlində gül kimi diplomu…

– Əlində diplomu olan hər kəs alim ola bilməz, Salman!

– Çox qəşəng ola bilər. Yoxsa mən, sən anamızın qarnında alim olmuşuq?

– Yox.

– Çalışmışıq öyrənmişik.

– Mən çox ümidsizəm, Salman! – deyə Nadirə mümkün qədər səsinə yumşaq ahəng verməyə çalışdı. – Çünki o, şöbədə, mənim gözümün qabağındadır. Sən öz otağında olursan, görmürsən. Ancaq mən görürəm. İşə gəldimi, kitabı, kağız-kuğazını açıb qoyur qabağına. Ancaq oxumur. Çalışmır. Bir az xəyalpərvərdir, deyəsən, gözü elə göylərdədir.

– Neyləsin, cavandır, yazığın yarı canı göydədir axı!..

– Bilirəm Əqdəm göydədir. Ancaq nə olsun, bunun elmə nə dəxli var? Alim olmaq istəyən öz fikir və düşüncələrini bəşəriyyət üçün mənəvi sərvətə çevrilmiş sənətkarı həvəslə, ehtirasla tədqiq etməlidir. Üzdən baxanda çox adi görünən sözdən söz çıxarmağı, ondakı ictimai mənanı, dərin məzmunu şərh etməyi bacarmalıdır. Ancaq sənin Gülmirən bu işin öhdəsindən gələ bilməyəcək, Salman! Onda qabiliyyət olsaydı, bu arzu onu daxilən dəyişərdi. Gülmirə bu böyük, çətin və nəcib işin qarşısında öz acizliyini açıq-aydın görür. Hər kölgədə böyüyəndən, onun-bunun daldasında gizlənəndən tədqiqatçı olmaz! Alimlik həvəsinə düşən Orxan kimi çalışmalı, Cəfər kimi özünə qarşı tələbkar olmalıdır. Onları bir dəqiqə boş gəzən görməzsən. Tənəffüsdə də, çörək yeyəndə də gözləri elə kitabdadır.

Orxanın adını eşidəndə Salman vəcdə gəldi:

– Sən yaxşı bilirsən ki, Orxanı mən yetişdirmişəm, o mənim tələbəm olub. İndi də Gülmirəni öyrədərəm, o da çalışar, fəallaşar.

– Quyuya su tökməklə sulu olmaz.

– Olar, olar. Ondan hərəkət olar, məndən bərəkət. – Professor bir an susub nəsə fikrə getdi, sonra dedi:– Pay atonnan! İllər nə tez gəlib keçir, Orxan, Gülalı mənim gözümün qabağında böyüdü. Orxan çəlimsiz bir oğlan idi. Elə utancaqdı ki, lap qız kimi… Yadındadır, Nadirə, sıxıla-sıxıla bizə gələrdi:

– “Professor, bir balaca məqalə yazmışam, vaxtınız olsa, baxın”, – deyərdi. Cəfər isə Nikolayı taxtda görüb, köhnə qurddur, pusquda duran bir yırtıcıdır. Əlinə fürsət düşsə, aman verməz, adamın boynunu vurar. Onun dabbaqda gönünə bələdəm. Su səhəngi suda sınar. Dilinin bəlasına düşdü, getdi neçə il yatıb gəldi. Amma yenə dilini dinc qoymur. Fikirləşə ki, bəs Salman məndən bir-iki yaş da balacadı, amma professordu. Bir nəticə çıxarda ki, o hələ indi kiçik elmi işçidi, indi namizədlik yazmaq istəyir. Prezident olmasaydı, yuxarıdan zəng çalmasaydılar, onu şöbəyə yaxın buraxan kim idi?

– Elə burada səhv eləyirsən, Salman. Cəfər Gülmirədən min dəfə savadlı adamdır. O, elmimizə çox xeyir verə bilər, nəinki sənin dostunun qızı.

– Heyif ki, yetmişində öyrənir, gorunda çalacaq.

– Onu bilmək olmaz. Obyektiv adamdı. Obyektivlik isə amansızlıq deyil.

– Eh Nadirə xanım, icazə verin ev elmi şurasının növbəti iclasını bağlı elan edib, bir az da beynəlxalq aləmlə məşğul olaq, görək dünyada nə var, nə yox, – deyə Salman adəti – üzrə həmişə belə uzun söhbətdən, mübahisədən sonra təkrar etməyi xoşladığı sözlərlə bu ixtilata xitam verdi və:

– Ay Sədəf!.. – deyə səsləndi.

Sədəf yan otaqdan çıxıb qapının ağzında dayandı.

– Sərin sudan-zaddan nəyin var gör xaladelnikdə? Bacın o qədər danışdırdı ki, boğazım lap qurudu.

– Badamlı var.

– Gətir.

Mətbəxdə soyuducunun qapısı şaqqıltı ilə açılıb örtüldü.

Salman nazik stəkanla su içib, Sədəfə:

– Çox sağ ol, oğlunun toyunda konyak içək, – dedi. Sədəf azca qımışdı, getdi.

Nadirə, Salman, Ceyhun masanın başına yığışdılar. Qəzetlər xışıltı ilə açıldı. Hərəsi birini nəzərdən keçirməyə başladı. Üç-dörd dəqiqə keçmiş Nadirə sevincək dedi:

– Bıy, “Kommunist”də Orxanın məqaləsi çıxıb.

Ürəyi Nadirənin Orxan haqqında bayaq dediyi sözlərdən atlanmış, sinəsi fərəh və qürur hissi ilə qabarıb qalxmış Salman əlindəki qəzeti böyrünə atıb dikəldi:

– Doğrudan? Hanı?.. Baxım… – Boğazını uzadab Orxanın adını iri məqalənin altında oxudu. – Hə, görürsən də mənim yetirmələrim neyləyir?

Salman bu eyhamla arvadına demək istəyirdi ki, Nadirə, darıxma, vaxt gələr indi sənin kölgəsini qılıncladığın Gülmirə də Orxan kimi məşhurlaşar.

Nadirə onun kinayəsini başa düşsə də bənd olmadı.

– Görəsən, nə barədədir?

Nadirə sərlövhəni bərkdən təkrar etdi:

– “Obyektivlik– sənətin canıdır”.

– Hm…”Obyektivlik – sənətin canıdır”. Sərlövhəyə bax! Ver oxuyum, Nadirə.

– Yox, mən oxuyum, sən qulaq as.

– Oxu.

Nadirə ucadan oxumağa başladı. Oxuduqca Salmanın pırpız qaşları aşağı-yuxarı tərpənir, barmaqları ilə çallaşmış bığını sığallayır, xoşuna gələn yerlərə “əhsən”, “lap əla!” – deyə öz münasibətini bildirirdi. Məqalənin necə deyərlər, şirin yerində Nadirənin səsi qırıldı.

– Nə oldu?

Nadirə bir neçə sətri səssizcə nəzərdən keçirdi, qəzetdən gözünü çəkib Salmana baxa-baxa:

– Orxan sənə də, Gülalı demişkən, bir balaca çəkib, – dedi.

Professor inanmaq istəmədi:

– Elə şey olmaz!

– Canım üçün!

Cavab professoru silkələdi, o, əl atıb qəzeti arvadından aldı:

– Hanı, hanı?

Nadirə barmağı ilə üçüncü sütunun əvvəlinə işarə etdi:

– Bax, burdan oxu.

Salman qəzeti tələsik alaraq gözlərinə yenicə yaxınlaşdırmışdı ki, ara qapının ağzında dayanmış Sədəf bacısını çağırdı:

– Daha bir işin yoxsa, mən gedim, Nadirə! Gecə keçir, Rəhim də təkdi.

– Heç bir işim yoxdur, get bacı. Çox sağ ol, – deyə Nadirə Sədəfın zənbilini mıxçadan götürüb ona verdi.

Sədəf zənbili götürəndə hiss elədi ki, ağırdı. O dəqiqə ürəyinə gəldi ki, Nadirə yenə həmişə olduğu kimi, onun üçün nə isə qoyub: ət, kartof, soğan.

Ürəyini üzüntü-sıxıntı bürüdü. Dayandı. Nadirənin mərhəmət və şəfqətlə parlayan gözlərinə sözlü adam kimi baxdı, baxdı. Nadirə bacısının halındakı dəyişikliyi duydu.

– Sənə nə olub, Sədəf – deyə qapı ağzında bacısından xəbər aldı. – Niyə tutulmusan?

– Heç…nə… heç…nə… – deyə Sədəf gözlərini dolandırıb qonşunun qapısına nəzər saldı və pillələri səssiz-səmirsiz, kölgə kimi enməyə başladı.

Nadirə geri qayıtdı, – Salmanın yanına. Salman ayağa durmuşdu, qəzeti əzib döşəməyə atmışdı; gəzinir, papiros çəkirdi. Ceyhun təəccüblə atasına baxdı.

– Haramzada! – Salman açıldı. – Görürsən, bu çörəyi dizinin üstündə olanı. Kül başına, ay Salman, gör nə günə qalmısan ki, dünən yumurtadan çıxan cücə sənə cip-cip öyrədir.

– Sakit ol, Salman!.. Elmdir bu, belə şeylərdən sarı…

– Qələt eləyir, hər kim də eləsə, gərək Orxan eləməyə idi!..

– O yazıq elə bir şey deməyib axı sənin barəndə.

– Necə deməyib? Sən də qəribə adamsan! Özün oxudun ki! Necə yəni, “Professor Salman Qurbanzadənin bu barədəki bir sıra fikirləri ilə razılaşmaq mümkün deyil!” Mümkün deyil, ha! Bunun ədasına bax, yazısına bax…

– Sən nahaq yerə bu qədər hövsələsizlik eləyirsən.

– Hövsələdən çıxmayım, neyləyim? Mənim öz aspirantım, öz tələbəmdir axı o! Gözündən gəlsin ona çəkdiyim zəhmətlər, gözündən gəlsin! Başqası desəydi məni yandırmazdı, ancaq bu, adamı çalın-çarpaz yandırır, Nadirə!..

Salman içəridə duruş gətirə bilmədi, elə bil, divarlar üstünə yeriyirdi. O, balkona çıxdı, məhəccərə söykənib aşağı baxdı. Yadına bir şərq hekayəsi düşdü…

Qədimlərdə, hansı şəhərdəsə, ağ saçlı, müdrik bir alim yaşayırmış. Alim biliyini, gücünü, ağlını fərasətli tələbəsindən əsirgəmir, onu oxudurmuş. Günlərin birində, necə olursa, məmləkətin padşahının o qocaman alimə qəzəbi tutur, əmr verir ki, onu şəhərin böyük meydanına çəksinlər, daş-qalaq eləsinlər. Əmrə görə bütün şəhər əhli ona bir daş atmalı imiş. Kim atmasaymış, dar ağacından asılacaqmış.

Can şirindir, yetən o qoca alimə bir daş atır. Alim dinmir, haray-həşir qoparmır.

Gözünün biri çıxır, o, məğrurluqla susur. Başı yarılır, cınqırını da çıxarmır. Bu ara onun otuz il dərs dediyi tələbə gəlir. Padşah öz taxtından, müəllim isə daş-kəsək arasından ona baxır. Tələbə odla su arasında qalır.. Vursun, necə vursun, axı onun sevimli müəllimidir. Vurmasın, necə vurmasın, padşah o saat dar ağacından asdıracaqdı. O, çox fıkirləşir, axır naəlac qalıb əyilir, yerdən bir qum dənəsi götürüb, yavaşca öz müəlliminə sarı atır. Bu dəm bayaqdan məğrur-məğrur susan o müdrik qoca dəhşətlə elə qışqırır ki, padşah taxtında, adamlar isə meydanda sarsılırlar. Hamı təəccüb eləyir; nə oldu ki, o belə qışqırdı? Padşah əlini qaldırır, meydana sükut çökür.

Padşah yarımcan qocanı yaxına gətirib soruşur ki, ey qoca, sənə nə oldu belə qışqırdın? Axı bayaqdan susurdun!..

Qoca əli ilə gözünün üstünü örtən qanı silib deyir:

– Bax, o başını aşağı salıb dayanan adam mənim tələbəmdir. Mən ona otuz il dərs demişəm. Bayaqdan məni tanımayanlar, yaxşılığımı görməyənlər daş atırdılar, dözürdüm. O – mənim sevimli tələbəm isə mənə daş atmadı, qum dənəsi atdı, xırdaca bir qum dənəsi!.. O qum dənəsi mənim ürəyimə dəydi, canımı yandırdı… Məni daş-kəsək öldürməzdi, ancaq, o qum dənəsi öldürəcəkdir!..

Salman indi özünü o qoca alimə oxşadırdı. Orxan – tələbəsi ona “qum dənəsi” atmışdı. Amma qum dənəsi necə də ağrıdırdı!..

Salman hövlnak içəri cumdu:

– Alçaq! Bu saat sənə bir toy tutum ki!.. – deyə telefonun üstünə yeridi.

Nadirə həyəcanla ayağa qalxıb:

– Salman! – deyə qışqırdı. Onun qolundan tutanda Salman Nadirənin sinəsinə axıb düşdü.

– Salman, Salman, sənə nə oldu? – Cavab gəlmədi.

Nadirə Ceyhunla köməkləşib, onu divana uzatdı. Salman:

– Ürəyim!.. – deyib zarıdı.

– Tez doktor çağır, Ceyhun!

Ceyhun ikinci mərtəbəyə düşdü, birotaqlı mənzildə tək yaşayan həkimə xəbər verdi. Qayıdanda təzə qonşuları – eynəkli arvad qapını aralayıb Ceyhundan soruşdu.

– Nə olub sizdə?

– Heç, atamın ürəyi qısılıb.

O:

– H…ə?! – deyib başını dala çəkdi.

Həkim tez gəldi. Salmanın nəbzini yoxladı, qoluna iynə vurdu, haçandan-haçana kişinin halı yaxşılaşdı.

– Nə üstə əsəbləşib? – deyə həkim soruşdu. Nadirə özünü eşitməzliyə vurdu. Həkim professorun nəbzini əlindən buraxmayaraq:

– Siz gərək bunu əsəbləşdirməyəsiniz! – dedi.

– Biz əsəbləşdirmirik, doktor. – Nadirə fikirli-fikirli dilləndi.

– Bəs kim əsəbləşdirir? Ceyhun astaca cavab verdi:

– Qəzetdə tənqid ediblər…

Həkimi gülmək tutdu. Onun gülüşünə Salman da gözünü açdı. Həkim dedi:

– Qardaş, sən hər şey üstə axı niyə dilxor olursan? Hələ de görüm aşağıdan tənqiddi, ya yuxarıdan?

Qonşu həkimin zarafatcıllığına bələd olan Nadirə gülümsündü; onun ən yaxşı dərmanı lətifələr, məzəli söhbətlər idi. Nadirə dedi:

– Aşağıdandı, öz tələbəsidi.

Həkim əlini yellətdi:

– Eh, onda lap boş şeydi, mənim canım üçün. Lap boşdan da boşdu. Bu aşağıdan tənqid, yuxarıdan tənqid əhvalatını bilirsiniz? Yox! Məzəli əhvalatdır, Salman qardaş, lap səninçün deyiblər, mənim canım üçün. Hə, biri dissertasiya yazırmış. Siz məndən yaxşı bilərsiz, indi moddu axı, az qala hər şeydən dissertasiya yazırlar. O kişinin də mövzusu tənqid və özünütənqid məsələsi imiş… Dissertant tənqidin bütün variantlarını öyrənirmiş… Bir gün arvadı soruşur ki, ay kişi, sən ki, bu tənqidnən məşğulsan, de görüm aşağıdan tənqid nədi, yuxarıdan tənqid nədi? Kişi fikrə gedir, sonra izah eləyir, ancaq çox qəliz çıxır, arvad başa düşmür. Kişi naçar qalıb arvada əyani surətdə anlatmaq istəyir. Deyir, arvad, düş aşağı, həyətdən bir daş götür, mənə sarı at, balkona. Arvad elə də eləyir. Balaca bir daş götürüb atır, daş üçüncü mərtəbədən qayıdıb düşür arvadın öz başına. Əri deyir:

– Bax, bu aşağıdan tənqiddi.

Sonra kişi balkondan kibrit qutusunu arvadına sarı atır. O da gedir düz arvadın başına düşür:

– Bax, bu da yuxarıdan tənqiddi!.. Yəni hər iki halda – kötək aşağıdakının başına dəyir.

Onlar güldülər. Həkimin bu söhbəti professorun da könlünü açdı… Bir az sonra divanda uzanmış ərinə baxan Nadirənin ürəyini müdhiş, üzüntülü bir hiss sıxmağa başladı.

Həkim əlini yellətdi:

– Eh, onda heç hirslənməyə dəyməz, sən sevinməlisən, fəxr etməlisən ki, belə tələbə yetişdirmisən.

SƏKKİZİNCİ FƏSİL

Orxan bu zaman alimlər evindəki geniş mənzilinin aynəbəndində oturub, sahildən xeyli aralı lövbər salıb dayanmış, işıqları yanan gəmiyə tamaşa edirdi. O, həmişə burada, qaranlıqda əyləşib, düşünməyi xoşlardı. İşləyib yorulanda yazı masasının arxasından durar, aynabəndə çıxıb bir papiros yandırar, tüstülədə-tüstülədə dənizin gecə mənzərəsinə baxıb həyat haqqında, tanıdığı-bildiyi adamlar haqqında, yazdığı əsər haqqında xəyala dalardı. Bu mənzili ona keçən il vermişdilər. Anası, bacıları şəhərdən kənardakı bağlı-bağatlı qəsəbədə, ata-baba mülklərində yaşayırdılar. Yol üç-dörd saat vaxtını alırdı deyə o, evlərinə gedib-gəlmirdi. Buraya köçənə qədər subay dayısından qalma otaqda gün keçirmişdi. Təzə mənzilinə yığışanda kitablarından və bircə dəst təmiz yorğan-döşəkdən savayı gözə dəyən bir şeyi yox idi. Orxanın evinə mübarəkbadlığa gələn iş yoldaşları iri otaqları bomboş görəndə çiyinlərini çəkib, qaşlarını dartmışdılar.

Qonaqları gülərüzlə qarşılayan anası Şirin arvad irəli çıxıb:

– Bizim Orxanın bu kasıb evinə xoş gəlibsiniz– deyəndə professor Salman Qurbanzadə tələbəsinin zəngin, nəfıs kitablarla dolu kitabxanasını göstərib:

– Kasıb niyə olur, ay bacı? – demişdi. – Bəs bunlar var-dövlət deyil?!

– Var-dövlətin ən yaxşısı budur, ana, – deyə Orxan da sözə qarışmışdı.

Bir azdan yemişdilər, içmişdilər, içəndən sonra ehtiyat edib professorun yanında artıq-əskik danışmaqdan qorxanların da dili açılmışdı. Hələ ağız-ağıza verib “Şəbi-hicran”ı da oxumuşdular; -Orxanın dostu, onun şadlıq günündə hamıdan çox sevinən Cəfər məclisin şirin yerində ayağa qalxıb elə buradaca düzəltdiyi bir lətifəni söyləmişdi:

– Bu lətifəni elə “Alimlər evi”nin astanasına ayaq basanda quraşdırmışam. Bir alimə deyirlər ki, gəl sənə “Alimlər evi”ndə mənzil verək. Deyir, yox, getmərəm. Soruşurlar: niyə axı? Cavab verir ki, bir azdan o alimlər evinin birinci mərtəbəsinin divarları ağ xatirə lövhəsi ilə dolacaq, bizim üçün heç yer də qalmayacaq. Bəs biz öləndə xatirə lövhəmizi hara vuracaqlar?

Gülmüşdülər.

Şadlıq, sevinc dolu o gecənin xoş təəssüratı içərisində təkcə Gülalının qara, uzun sifəti, nəsə daxili bir narahatlıqla, qara muncuq kimi dərinlikdə dəbərən gözləri Orxanın yadında ayrıca qalmışdı.

– “Niyə rəngin elə qaradı, Gülalı?” – deyə Orxan bu sakit aprel axşamında bütün varlığı ilə qarşısında canlanan Gülalı ilə səssiz bir həsbi-hala girişmişdi.

“– Anadan belə doğulmuşam”.

“– Yox, inanmıram, mənə elə gəlir ki, ürəyinin qarasıdı, çıxıb üzünə”.

“– Sən diliacısan, Orxan”.

“– Həqiqət deyən dil həmişə acı olur…”

“– Biz axı bir yerliyik, Orxan…”

“– Bəzən səninlə bir yerli olduğum üçün də xəcalət çəkirəm”.

“– Niyə, Orxan? Oğruyam, əyriyəm, nəyəm?”

“– Sənin qanında qurd var, Gülalı…”

Gülalının qaranlıqda gözləri işım-işım işıldadı:

“– Yox, Orxan, sən səhv eləyirsən…”

“– Var, Gülalı. O qurdu doktor görə bilməz. O adi qurd deyil, xəbislik, paxıllıqdır qurdun adı!”

Elə bil Orxanın ürəyində dediyi bu son sözlər Gülalının xəyalını məhv elədi, o harasa çəkilib getdi, cavab verə bilmədiyi üçün getdi. Yenə məclis Orxanın gözlərinin qabağında canlandı.

Professor şən-şən deyirdi:

– İndi Orxanı evləndirmək gərəkdir. Vaxtıdır.

– Hə, hə, dilinə qurban, ay qardaş, – deyə Şirin arvad aşağı başdan dillənmişdi, – mən də intizardan qurtarardım. Yoxsa haçanacan bu qədər yolu gedib-gələcəyəm, bunun pal-paltarını yuyacağam, ev-eşiyini təmizləyəcəyəm?

– Yox, gərək mütləq evlənsin! – deyən professorun səsindəki qətiyyət Orxanı sanki xəyaldan ayırdı. Məqaləsi yadına düşdü. Bu gün qəzetdə çıxan məqaləsi. Bir papiros yandırdı: “Görəsən, professor məqaləni oxudu? Oxuyar. Tənqidim xoşuna gələcəkmi? Mən düzünü demişəm… O boyda adam belə xırda tənqiddən inciyərmi? Yox, inciməz!”

Onlar on ilə yaxın idi ki, tanışdılar. Salman Orxanın universitetdə müəllimi olmuşdu, institutda elmi rəhbəri. Bu illər ərzində aralarında narazılıq baş verməmişdi. Tək bircə dəfə rəy üstə Orxan professorun xətrinə dəymiş, dediyini eləməmişdi: Orxan məqalə yazmışdı, məcmuədə çap olunması üçün rəy lazım idi. Professor özü razılıq vermişdi, məqalənin ora-burasına baxıb demişdi:

– Orxan, mənim indi heç vaxtım yoxdur. Özün otur məqalən haqda balaca bir rəy yaz, gətir, qol çəkim. Onsuz da bilirəm sən yaxşı məqalə yazacaqsan.

Orxan heyrətlə:

– Nə danışırsınız, professor? – deyə dillənmişdi, – mən özüm haqqımda rəy yazım?

– Özün haqqında yox, məqalən haqqında.

– Nə fərqi, yenə özüm barədə yazmaq kimi bir şeydi. Bu mənim üçün çətin olar, professor, mən bunu eləyə bilmərəm.

– Niyə? Mənim dilimdən yazacaqsan da.

– Əlim gəlməz, professor.

Orxan o rəyi yazmamışdı, məqalə isə üç ay gecikmişdi.

Hava soyumuşdu. Dənizdən rütubətli yel əsməyə başlamışdı. Orxan qolunun tüklərinin biz-biz durduğunu hiss eləyib ayağa qalxdı, evə keçib işığı yandırdı. Səliqə-səhman, stolun üstündəki güldana qoyulmuş həmişəbahar gülünün dəstəsi Şirin arvadın bu gün buraya gəldiyini xəbər verirdi.

Orxan üç bacının tək qardaşı idi. Qızlarının üçünü də böyüdüb ər evinə köçürən Həsən kişi ilə Şirin arvad bütün ümidlərini Orxana bağlamışdılar.

Oğul toyu görmək qocaların yeganə arzusu idi. Orxan isə, necə deyərlər, çörəyini-suyunu götürüb elmin dalınca düşmüşdü, evlənmək fıkrini, deyəsən, yadından çıxarmışdı.

Şirin arvad onu hələ tələbə ikən evləndirmək, halal süd əmmişlərdən birinə bənd eləyib “uşağın” əl-ayağını bir yerə yığmaq istəmişdi. Ancaq Orxan ipə-sapa yatmamışdı: “Məktəbi bitirəndən sonra, – deyə fikrini bildirmişdi. – Hələ ələ baxıram, özümü saxlayırsınız bəs deyil, üstəlik arvadımı da sizə yük eləyim?!”. Vaxt dolanmış, o, məktəbi də bitirmişdi. Bu vaxt ayrı bəhanə gətirmişdi: “Aspiranturanı qurtarmasam evlənməyəcəyəm!”

– Ay başına dönüm, bu qədər də oxumaq olar? On beş ildi oxuyursan, hələ köçünü bir yerə çıxarmayıbsan. İndi də gərək filan qədər gözüyün qarasını tökəsən? – deyə səbri tükənmiş ana söylənmiş, dözməkdən qeyri bir çarə görməmişdi. İndi Orxan il yarımdan çoxdu müdafiə eləmişdi, maaşı çoxalmışdı, təzə ev almışdı. – Hə, tay indi nə deyirsən, ay ömrüm-günüm? – deyə ana tez-tez xəbər alırdı– yoxsa yenə oxumaq fıkrin var?”

Orxan gülə-gülə başını tərpədirdi.

Şirin arvad ayda dörd dəfə – bazar günləri elektrik qatarı ilə qəsəbədən şəhərə, oğlunun yanına gələrdi. Pal-paltarını yuyardı, evi silib-süpürərdi, isti xörək və Həsən kişinin həyətdə əkib-becərdiyi güllərdən bir dəstə oğlu üçün gətirərdi. İlin o fəsli yox idi ki, onların bağçasında gül olmasın. Bütün şəhərdə Həsən kişinin gülləri məşhur idi. Neçə dəfə bu sakit allı-güllü bağça haqqında, gül vurğunu Həsən kişi haqqında qəzetlərdə yazmışdılar.

Bəli, Şirin arvad hər gələndə oğlu üçün bir dəstə gül gətirərdi. Nə qədər qəribə olsa da, ona elə gəlirdi ki, bir gün bu güllər oğlunun istəklisinə qismət olacaq. O bu hissini heç vaxt Orxana deməmişdi, ancaq ürəyinin dərinliklərində bunun gec-tez doğru olacağına inanmışdı.

Bu gün səhər arvad içəri girəndə oğlunu şad görüb zənnlə, fəhmlə ona baxdı: “Dinmə, deyəsən, uşağımda iş var. Deyəsən, daşı ətəyindən töküb”, – deyə düşünən ana, Orxanı bir də təpədən dırnağa süzüb soruşdu:

– Məni bu dəfə sevindirəcəksən, oğlum?

Orxan anasının hansı simə vurduğunu dərhal anlayıb, ciddi görkəm aldı.

– Kimdi, ay bala?

– Nə kimdi, ana?

– Deyirəm, yəni qız kimdi, kimlərdəndi? – deyə ana bu səfər naümid olacağından qorxurmuş kimi, ağır-ağır soruşdu.

– Qız nədi, ana? – Orxan özünü saxlaya bilməyib güldü. – Yuxu görübsən nədi, ay arvad?

– Tay yaxşı da, ürəyimizi üzmə görək, sən allah…

– Vallah, qız söhbəti-filan yoxdu.

– Tay nə oldu bu? – Ana doluxsundu:

– Elə deyirdin namızad olum, sonra… Namızad da oldun. Daha sözün nədi, ay qurban olum?

– Darıxma ana, hər şey düzələcək…

Orxan belə dedi, ancaq ürəyində bu sözləri ümid və intizarla yaşayan anaya təsəlli vermək məqsədilə söylədiyini anlayıb, ruhunda bir ağırlıq hiss elədi və özlüyündə: “Yox, heç nə düzəlməyəcək, ana, heç vaxt, heç nə düzəlməyəcək”, – dedi. Bu düşüncədən canı sıxıldı. Bir şöbədə işləsələr də, hər gün neçə dəfə üz-üzə, göz-gözə gəlsələr də Orxan öz gözəlliyi ilə onun nitqini lal eləyən, rahatlığını pozan, qayğısız-qüssəsiz həyatına şirin, əzablı bir ahəng verən Gülmirədən nə qədər uzaq olduğunu hər dəqiqə bütün dəhşətləri ilə anlayırdı. Anlayırdı və məyus olurdu. O bu duyğunu ürəyində boğmaq, məhv etmək istəyirdi. Lakin cidd-cəhdləri boşa çıxırdı, daha doğrusu, Orxan üçün yeni bir aləm açan, hər addımda həyatı əfsanəvi əsrarəngiz dona bürünmüş şəkildə ona sevdirən o qəribə hissi heç kəsə bildirmədən öz ürəyində yaşatmaq, onu qoruyub bəsləmək, gizli-gizli bu duyğu ilə fəxr etmək arzusu daha qüvvətli, daha əzəmətli idi. Gülmirə gözəl qadın idi, su zanbağı kimi ağ və zərifdi, onun məhəbbətini cavabsız da olsa, sinəsində gəzdirən hər kəs özünü bəxtiyar hiss etməyə bilməzdi. Lakin Gülmirə Orxan üçün öz təyyarəçi əri ilə buludlardan yuxarı, ulduzların yanında uçan əlçatmaz, ünyetməz bir səadət idi.

Orxan ah çəkib güldandakı güllərə baxdı, dəstəni nəzərləri ilə yoxladı, ən yaxşı, iri ləçəkləri əzilməmiş bir gülü iylədi və: “Bu – Gülmirənin…” – deyə pıçıldadı.

DOQQUZUNCU FƏSİL

Şöbədə Gülalıdan başqa adam yox idi. Bir az bundan qabaq, otaqda heç kəs olmayanda Nadirə xanımın və Gülmirənin mizinin üstünə Orxanın qoyduğu güllər eləcə dururdu.

Gülalının boğuq rəngi qar kimi ağarmışdı. Orxan dərhal bildi ki, o əsəbiləşib:

– Nə olub, Gülalı, gözümə birtəhər dəyirsən? – deyə soruşdu.

Gülalı “Ətini yesə də, sümüyünü heç vaxt çölə atmayan” eloğlusunun canyananlıqla onun halını soruşmasından mütəəssir olub, kövrək-kövrək köksünü ötürdü:

– Eh, atalar yaxşı deyib, yaxşılıq eləyən evində ölməz.

– Nə olub axı?

– Əşi bir neçə gün bundan qabaq o yazıçıfasonun haqqında məqalə yazmamışdım?

– Hansının, Gülalı?

– Mürsəl Bəbirzadədi, nəmənədi?

– Hə, hə yadıma düşdü. Gərək ki, məqalənin adı “İstedadlı yazıçı” idi.

– Elə idi. Ancaq bu gün məlum olub ki, onun nə istedadı varmış, nə qabiliyyəti.

– Niyə, Gülalı? – Orxan maraqlanaraq stul çəkib əyləşdi.

Gülalı da qələmi yerə qoydu:

– O Mürsəlin özüynən haqq-salamım var. Mənə son kitabından da bağışlamışdı. Ha gözlədim, gördüm heç kəs bu kitab haqqında bir söz demək istəmir, hamı ağzına su alıb susur. Özün bilirsən də, sükutla qarşılanmaq şair üçün, yazıçı üçün ölümdən də betərdi. Yazığım gəldi götürdüm o məqaləni yazdım. İndi bu Mürsəl neyləsə yaxşıdı?

– Hə, neyləyib ki?

– Götürüb “sağ ol” demək əvəzinə mənə açıq məktub yazıb, qəzetdə dərc elətdirib.

– Açıq məktub yazıb?

– Hə.

– Nə barədə?

– Guya mən əsəri diqqətlə oxumamışam, guya orda olmayan şeylər barədə danışmışam, çox şeyi qarışdırmışam.

– Yəni doğrudan elədi? – deyə Orxan təəssüflə başını tərpədə-tərpədə soruşdu.

– İndi konkret deyə bilmərəm, özün bilirsən mən bir balaca sklerozam. Amma gərək yaxşı-yaxşı yoxlayam. O deyən kimi olmasa, gərək ona bir toy tutam ki, ömrü boyu dadı damağından getməsin.

Mənə qurban olsun o, bir də tərif eşitsə. Onu ədəbiyyat aləmindən elə qaçırdım ki, özü də afərin desin.

– Hm… heç yaxşı hadisə deyil.

Gülalı əlini əlinə vurdu, yanıb yaxıla-yaxıla:

– Pah atonnan! – dedi. – Adə, gözümün qarasını töküb zornan zibilini oxumuşam, zəhmət çəkib məqalə yazmışam, bu da mənim haqq-sayım. Mənim müsibətimə baxırsan? – deyib iri çantasını açdı, ancaq, deyəsən nə üçün açdığını yadından çıxarıb bir xeyli fıkirləşdi, haçandan-haçana: – Hə! – deyib ordan dörd bükülmüş bir qəzet çıxartdı: sonuncu səhifəsini açdı:

– Burda bir balaca səhv eləmişəm. Yəni bir balaca da yox a, lap böyük səhv eləmişəm. – Nəzərlərini qəzetin səhifələri üzərində gəzdirib məqalənin sərlövhəsindəki “istedadlı” sözünü elə pozdu ki, mikroskopla da oxumaq olmazdı. – İndi get işinə. Bunlara istedadlı deyə-deyə biz xarab eləyirik. Sonra da hərəsi öz aləmində elə bilir ki, doğrudan da dahidi…

Gülalının yazdığını pozması Orxana çox qəribə gəldi:

– Bu yaxşı sifət deyil, Gülalı. Yüz ölçüb, bir biçmək dərzilərdən çox bizə aiddir, eloğlu. Çünki yazılan qalır.

“Sifət” sözü Gülalını yamanca tutdu. Orxanın sözlərində o, ağır məzəmmət hiss elədi, bayaqdan sakitcə dərdləşdiklərini unudaraq onu sancdı:

– Sənin də bu axırıncı məqalənin pozulası yerləri var, Orxan.

Orxan o dəqiqə anladı ki, dediyi son sözlər onun xətrinə dəyib.

İstəyirsən ki, Gülalının sənin haqqında əsil fikrini biləsən, özü demişkən, “bir balaca” sancmaq kifayətdir, açacaq sandığı, tökəcək pambığı… İndi Gülalının onun məqaləsi haqqında fikir demək istəməsi bir müəllif kimi Orxanı çox maraqlandırdı:

– Niyə, Gülalı? – deyə o, soyuqqanlılıqla xəbər aldı.

– Necə niyə? – Gülalı çımxırdı. – Professor haqqında yazdığını deyirəm. Ustadına kəm baxanın gözlərinə qan damar, Orxan! – Deyəsən, hiss elədi ki, bunlar onun “Köpünü” almadı, odur ki, lap tutarlı zəhərli bir zərbə endirdi:

– Adam tüpürəndə elə tüpürər ki, yalaya da bilsin.

Orxan səssiz-səmirsiz Gülalının gözlərinin içinə baxdı, baxdı: “Nə dili acı, əti acı adamdı bu!” – deyə düşündü və onun sözünü cavabsız qoymaq istəməyərək başı ilə Gülalının əlindəki qəzetə işarə etdi:

– Mən tüpürdüyümü, bax, bu cür, sənin kimi yalayanlardan deyiləm! – dedi və durub öz yerinə getdi.

Gülalı mızıldana-mızıldana qaldı. Sonra Orxan kimi adamla bir otaqda oturmağa da etiraz əlaməti olaraq tələsik addımlarla dəhlizə çıxıb, qapını bərk çırpdı. Orxan gərginləşmiş əsəblərini toxtatmaq üçün papiros yandırdı və tüstü otağın havasını ağırlaşdırmasın deyə pəncərənin qabağına gəldi, bir layını açdı. Tüstünü ciyərlərinə çəkib buraxdıqca sanki ürəyindəki titrəyiş, bədənindəki küt giziltilər canından çıxır, o rahatlanırdı. Beş dəqiqə sonra Orxan toxtamış halda öz yerinə keçmək istəyəndə Gülmirə qapı ağzında göründü. Orxan çevrilib ona sarı baxdı. Gülümsəməyə çalışdı. Ancaq bacarmadı. Gülmirə yuxusuz adama oxşayırdı. Pərişanlığı, pəjmürdəliyi bilinirdi. Orxan qəhərlənmiş səslə:

– Nə olub, niyə belə yorğunsan? – deyə xəbər aldı.

Gülmirə təkcə yuxusuz, əzgin deyildi, ağlamışdı da. Səhər Əqdəmi yola salanda özünü ha tox tutmağa çalışmışdısa da, kövrəlmiş ürəyi və dolmuş gözləri ilə bacara bilməmişdi. İndi ağladığını Orxana bildirməmək üçün burulub mizin arxasına keçdi və kataloq qutusunun böyrünə qoyulmuş gülü görəndə qeyri-iradi dodaqları qaçdı. Götürüb iylədi. Gülü burnundan ayırmadan gözlərini dolandırıb Orxana dikdi: “Sən gətirmisən?” – deyə soruşmadı. Gülmirə buna artıq adət eləmişdi; hər həftənin birinci günü o, işə gələn kimi stolun üstündə gül görərdi. Onun gətirdiyi güllər gözəl olurdu. Əvvəllər bu gülə adicə gül kimi baxan Gülmirə sonralar onun gətirdiyini solub ölüşkəyənə qədər saxlardı. Son vaxtlar evinə aparar, güldana qoyardı. Orxanın anası Şirin arvadın ürəyinə daman düz çıxmışdı: onun qəsəbədən gətirdiyi gül oğlunun sevdiyinə çatırdı. Bəli, sevdiyinə! Ancaq bu necə sevgili idi ki, ananın xəbəri yox idi? Oğlu ki, belə tutub, deyəsən, heç olmayacaqdı da!

Orxan mahir rəssamın yaratdığı şairanə mənzərə qarşısında dünyanı unutmuş kimi görünən və kirpik çalarsa qabağındakı varlığın yuxu təki, xəyal təki qeybə çəkiləcəyindən qorxan bir adama oxşayırdı.

Orxan hərdənbir Nadirə xanımın da stolunun üstünə gül qoyurdu. Bunu Gülmirə bilirdi. Bu dəfə soruşdu:

– Nadirə xanım üçün də sən gətirmisən?

– Hə… – Orxan kibrit qutusunu qurdalaya-qurdalaya xəbər aldı: – İcazə vermirsən?

Gülmirə Orxanın sözündəki gizli mənanı dərhal başa düşdü, gülü burnundan çəkib tələsik dedi:

– Yox, yox, niyə ki?..

Gülmirə son vaxtlar Orxanda özünə qarşı xüsusi maraq və diqqət olduğunu hiss etməyə başlamışdı. Onun gözləri sevən adamın gözləri kimi qəmli bir xəyalpərvərliklə dolu olurdu. Bəzən iclasda da belə o, əlini üzünə söykəyib Gülmirəyə baxırdı. Kitabxanalarda da, əlyazmaları fondunda da Orxanın gizli bir həsrətlə parlayan baxışları onu təqib edirdi. Üz-üzə gələndə isə Orxan çaşır, özünü ələ almağa çalışırdısa da, müvəffəq olmurdu. O, Gülmirəyə öz hissləri barədə heç nə demirdi. Dərk eləyirdi ki, haqqı yoxdur. Ancaq ha əlləşirdisə, qızın fikrini başından çıxara bilmirdi.

Orxanın belə fikrə düşməsi əvvəllər Gülmirəni acıqlandırırdı, istəyirdi ki, onu məzəmmət eləsin, danlasın. Lakin bunun üçün heç bir əsası olmadığından susmalı olurdu. Bu gizli duyğularda nəsə əsrarəngiz bir sehr vardı. O duyğular yaşayırdı, o duyğular qol-qanad açıb pöhrələnirdi. Orxana elə gəlirdi ki, həyatın, yaşamağın mənası ancaq və ancaq bu gizli duyğulardadır.

– Axşam… sənə zəng eləmişdim.

– Saat neçədə?

Gec idi, on ikinin yarısı olardı.

Gülmirə anladı ki, axşamki ehtimalı düz imiş. Elə bil keçən gecə Orxan zəng eləməmişdi, özü telefon məftili ilə onların evlərinə gəlib dəstəyin içindən baxıb qayıtmışdı. Gülmirə belə düşünüb qızardı.

– Evdə yox idin?

– Evdəydik…

– Evdəydiniz?..Əqdəm gəlib?..

– Hə, – Gülmirə könülsüz halda cavab verdi. Onun bu sözündən sonra Orxanın danışmağa həvəsi qalmadı. Qarşısındakı kitabı oxumaq istədi. Ancaq hərflər gözündə qaraldı, sətirlər bir-birinə qarışdı. Orxan özünü bədbəxt adam saydı. Bu qısqanclıq idi? Qəribədir, çox qəribədir!..

Gülmirə dikdaban çəkmələrini parket döşəmədə taqqıldadataqqıldada Orxanın yanına gəldi:

– Orxan…

Orxan kədərli gözlərini Gülmirəyə sarı çevirdi. Gülmirə isə fikrini deməyə çətinlik çəkirmiş kimi susdu.

– Nə deyirdin, Gülmirə?

Gəlin çox çətinliklə:

– Bilirsən bir məqalə yazmışam… – dedi və hiss elədi ki, yanaqları allandı.

– Öz mövzundandır?

– Hə…

– Əcəb eləmisən, gərək bunu çoxdan yazaydın.

– Dedim… istəyirəm… professora verməmişdən əvvəl, əgər vaxtın olsaydı, sən baxardın, – deyə Gülmirə kəsik-kəsik danışa-danışa əlindəki qəzetin qırağını cırıb əzişdirdi.

Orxan sevindi. İkicə dəqiqə əvvəlki qəm-qüssəsi dağılıb getdi. Gülmirənin ona işi düşmüşdü. Bundan böyük səadət istəmirdi. Onun üçün məqalə oxumağa hazırdı, buna iki daşın arasında da vaxt tapardı, öz işini bir kənara qoyub, onunkunu görərdi, istirahətinin, yuxusunun hesabına eləyərdi. Hələ bu nədir ki? Gülmirə öl desəydi, canını da əsirgəməzdi.

– Mənim gözüm üstə! – deyə sevindiyindən uçunan Orxan gözlərindən gülə-gülə razılığını bildirdi. – Canla-başla!..

Gülmirə fikirləşdi ki, indiyəcən nahaq ehtiyat eləyib, yazdığını Orxana verib oxutdurmayıb. Özü yazdığına o qədər də ümid eləmirdi. Üzə çıxarmağa da qorxurdu. Ona nə üçünsə böyük inam bəsləyən professora da göstərməyə çəkinirdi. Axı o yaxşı bilirdi ki, zəiflik adamı hər yerdə, həmişə utandırır. Professor ona nə qədər yaxın olsa da, Gülmirə onun yanında utanmaq, xəcalət çəkmək istəmirdi.

– Hanı məqalə?

Gülmirə qəzetin arasına qoyduğu sancaqlanmış yazını Orxanın qarşısına sürüşdürdü.

– Bax, gör üzə çıxarılmalı bir şeydir, ya ötən məqaləm kimi cırım atım zibil yeşiyinə?

– Hansı məqalə?

Gülmirə hər iki əlini saçlarına çəkib:

– Bundan qabaq birini qaralamışdım, ürək eləyib heç kəsə göstərə bilmədim, – dedi.

– Niyə?

– Nə üçünsə qorxdum, başa düşürəm ki, bu mənim ilk sözümdü, Orxan. Ondan çox şey asılıdır. Ondan mənim nəyə qabil olub-olmadığımı şöbədə, institutda biləcəklər.

– Düzdür. Arxayın ol, Gülü!..

Orxan ona indiyəcən “Gülü” deməmişdi. Qəflətən ağzından çıxan bu kəlmədən Gülmirə hər şeyi başa düşə bilməzdimi? Gülmirə alındısa da, özünü eşitməməzliyə vurdu, yenə dikdabanlarını səsləndirə-səsləndirə geri qayıtdı. O, stulunu çəkib əyləşəndə Nadirə xanım, Cəfər və Gülalı bir-birinin dalınca şöbəyə girdilər. Nadirə Orxanı görən kimi:

– Salam, Orxan, necəsən? – dedi.

– Yaxşıyam, Nadirə xanım. Siz necəsiniz?

– Biz də yaxşıyıq… – Nadirə o günkü hadisəni – ərinin ürəyinin sıxılması əhvalatını xatırlayıb gülümsündü və bir ailə sirri kimi o barədə Orxana heç nə deməməyi lazım bildi.

Gülalı Nadirəyə gözaltı baxırdı. Ərini o cür tənqid eləyəndən sonra Orxanla belə mehriban danışması Gülalıya lap möcüzə kimi görünürdü. Onun fikrincə, burada yalnız bircə şey olmalı idi: Nadirə dağ boyda professor ərini tənqid eləyib hörmətdən salmağa çalışan bu təkəbbürlü oğlanı acılamalı, abrını ətəyinə bükməli və: “Sən nankorsan, sən çörəyi dizinin üstündə olan adamsan!” – deməli idi. Vəssəlam! Ancaq Gülalı inanmaq istəmədiyi sözlər eşidirdi. Nadirə stolunun üstündəki gülü götürüb iyləyəndə Gülalı yerində sakit otura bilmir, qurcalanır, fikirləşirdi: “Görürsən bunun tülkülüyünü? Yaltaq! Ərini aləmdə rüsvay elədi, arvadına gül gətirir. Xalis ingilis siyasətidi, sən öləsən. Nəsə uzun dəsgahdı…”

Nadirə xanım şən bir əda ilə:

– Məqaləni oxudum, təbrik eləyirəm, Orxan, – dedi.

– Çox sağ olun, Nadirə xanım.

– Ciddi elmi məsələlər qoymusan. Dediklərin bizim bugünkü vəziyyətimizi çox aydın və düzgün xarakterizə edir, – deyə Nadirə xanım məqalə haqqında ürəkdolusu danışmağa başlayanda Gülalı özünü saxlaya bilməyib soruşdu:

– Nadirə xanım, siz, deyəsən, məqaləni axıra qədər oxumamısınız.

– Niyə, lap axıra kimi oxumuşam.

Gülalının gözləri böyüdü:

– Bəs nə təhər olur onda…

Nadirə xanım Orxana baxıb gülə-gülə Gülalıdan xəbər aldı:

– Deyirsən bəs nə təhər olur, Salmanın tənqid olunduğu məqalədən belə razılıq hissi ilə danışıram, hə?

– Hə də, Nadirə xanım, hə də!

– Nə olar, Gülalı. Bu, elmi işdir. Burada qohumluq hissləri ilə yaşamaq olmaz.

Gülalı gözlərini döydü: “Bunlar nə təhər ər-arvaddılar, heç bilmirəm! Sən ölmüyəsən, belə arvadı bircə saat da saxlamaram. Necə yəni? Tutaq ki, məni belə tənqid eləyiblər, arvadım da deyir ki, çox düzgün eləyiblər? Ay-hay, heç ağla batan iş deyil. Yox, nəsə Nadirə xanım burada bir balaca səhv eləyir. Görək professor özü necə baxacaq? Əsl məsələ budur. Əgər o da Nadirə xanım kimi eləsə…tay mənim bunlara heç sözüm yoxdur!”

Pırpız başlı, boynuna alabəzək muncuq salmış katibə qız qapını açıb Orxanı çağırdı. Orxan getdi. Qayıdanda… professorun o yandan gəldiyini görüb həyəcanlandı. Həyəcanlanmazdı, Gülalının bayaq dediyi sözlər yadına düşdü: “Birdən kişi məndən inciyər”, – deyə fıkirləşdi.

Əlini yelləyə-yelləyə kələn professor başını dik tutmuşdu. Orxan onun tuşuna çatanda ilişikli səslə:

– Salam, professor! – dedi. Ancaq professor düz keçib getdi. Orxan arxasınca baxa-baxa qaldı: “Görmədi… Eşitmədi… Deyəsən, fıkirli idi. Yox, inciyib…”

Professorun kinli sir-sifətini, ədalı-davalı yerişini seyr edən Orxan acı-acı gülümsündü…

ONUNCU FƏSİL

Nadirə bacısı oğlu Rəhimi gülər üzlə qarşılayıb içəri apardı. O bu evə az-az gələrdi. Ceyhunla tay-tuş olsaydı da yaxın deyildilər. Aralarında dava-dalaş olmamışdı, umu-küsü olmamışdı, ancaq soyuq idilər. Uşaq vaxtı bir yerdə oynamış, yoldaşlıq eləmişdilər. Lakin illər keçib, ağılları kəsdikcə sanki bir sehrli əl bu ıki bacının uşağını bir-birindən uzaqlaşdırıb ayırmışdı. Bəlkə onların soyumasında bacıların da bir təsiri olmuşdu? Yox, Nadirə Rəhimi, Sədəf də Ceyhunu çox istəyirdi.

İki ilə yaxındı ki, Ceyhun xalasıgilin qapısını açıb içəri girməmişdi. Nadirə Sədəfgilə gedəndə neçə dəfə oğlunu aparmaq istəmişdi. Ancaq Ceyhun hər dəfə bir şeyi bəhanə edib, boyun qaçırmışdı: “Dərsimi öyrənirəm”. “Yoldaşlarımla kinoya gedirəm”.

Rəhim isə hərdən xalasıgilə gedirdi: anasını çağırmaq üçün, gecəyə düşəndə onu evə aparmaq üçün…

Oğlan otağa daxil olan kimi gözləri ilə evi axtardı. Mətbəxdən su şırıltısı və qab-qacaq səsi eşidilirdi. Düşündü: “Anamdır. Qabları yuyur”. – Nadirə əlindəki qalın kitabı stolun üstünə atdı:

– Keç, xala qurban, keç əyləş! – dedi və üzünü o biri otağa tutub oğlunu səslədi: – Ay Ceyhun bura gəl, Rəhim bizə gəlib.

Ceyhun yataq otağından başmı uzadıb Rəhimi görən kimi geri çəkildi. Geyinib qayıtdı. Əynində ayağı boğma finka var idi. Tor mayka geyinmişdi. Başını tərpətməklə Rəhimə “Xoş gəldin” elədi. Yanında oturdu.

– Hə, oturun, söhbət edin, biz də sizin üçün bir şey hazırlayaq, – deyə Nadirə mətbəxə keçdi.

Ceyhunla Rəhim susurdular. Ceyhun ayaq barmağının birini döşəməyə salınmış naxışlı xalçanın butaları üzərində gəzdirirdi.

Rəhim hərəkətsiz oturmuşdu. Sükut ağır və dözülməzdi. Birdən Ceyhunun yadına nə düşdüsə, sevinə-sevinə xəbər aldı:

– Rəhim, sizin də məktəbdən uşaqları Krıma istirahətə aparırlar?

– Hə, aparırlar!

– Sən də gedirsən?

– Yox!

– Niyə?

– İstəmirəm…

Ceyhun əlini-əlinə sürtdü:

– Mən gedirəm… Bilirsən necə qiyamət yerlərdi? Heç Krımda olmusan?

Rəhim başını tərpətdi:

– Yox.

– Odur da, təsəvvürün yoxdur. Əgər bir dəfə ayağın o yerlərə dəymiş olsaydı, ömrün boyu yadından çıxmazdı. Elə deyərdin hər il gedim… Mən keçən il mamamnan, papamnan getmişdim. – O, səsini alçaldıb yavaşıtdı: – Day bir də onlarla getməyəcəyəm. Qoymurlar istədiyin kimi gəzəsən. Papam yenə yaxşıdı, heç nə demir. Amma mamam göz açmağa qoymur… İndi uşaqlarnan gedirəm. Kef eləyəcəyik!..

Nadirə Ceyhunun axırıncı sözlərini eşitdi:

– Nə eləyəcəksiniz?

Ceyhun tutuldu, tez Rəhimə baxıb göz vurdu və dönüb başını qaşıya-qaşıya:

– Heç, kosmonavtdan danışırdıq, – dedi. – İki saat göydə fırlanıb yerə düşəndən sonra bütün dünyanı gəzəcək, ömrü boyu kef eləyəcək!..

– Hm…

Rəhimin təəccübdən ağzı açıla qalmışdı: o, belə eləyə bilməzdi. Bir də axı nəyin xatirinə anasını aldatmalı idi, nə üçün?

Məsələ burasında idi ki, Ceyhun bu evdə təkcə anasından – bu zabitəli qadından qorxurdu. Atası isə onun xətrinə qətiyyən dəyməz, ona güldən ağır bir söz də deməzdi. Anasının qəzəbindən xilas olmaq üçün Ceyhun asanlıqla yalan uydura bilirdi. Bunun üçün o, əsla çətinlik çəkməz, duruxub qalmazdı…

Rəhim divardakı göy, asma saata baxdı. Vaxta az qalırdı:

– Ana, – deyə o, üzünü mətbəxin qapısına sarı tutub səslədi.

– Bu saat, bala.

Nadirə qayğanaq gətirdi, iki qabda.

– Hə, yaxın oturun. Ceyhun, dur… Rəhim, gəl.

– Mən yemirəm, sağ ol, xala, – Rəhim qalxdı. Nadirə onun qolundan tutub oturtdu:

– Bucuğazı yeyəcəksən.

– Gecıkərik, xala.

– Hara gedirsiniz ki?

– Anamla məktəbə gedəsiyik. Aslan müəllim tapşırıb ki, valideyn iclasına gəlsin…

– Ye, indi gedərsiniz… – Nadirə Ceyhundan soruşdu: – Bəs yaxşı, bizi heç valideyn iclasına çağırmırlar, ay Ceyhun?

Ceyhun adəti üzrə, başını qaşıdı. Rəhim onun bu hərəkətinə fikir verib qımışdı: bilirdi ki, o, başını qaşıyanda mütləq yalan bir şey uydurub deyəcək.

– Neçə dəfə çağırıblar, vaxtınız olmayıb, getməyibsiniz, indi də acıqcan çağırmırlar da…

Ceyhunun indi dediyi uydurmaya oxşasaydı da, sözündə müəyyən həqiqət də vardı. Bu il iki dəfə onları məktəbə çağırmışdılar. Birində Salman Moskvaya getmişdi, Nadirə xəstə idi. Birində də Nadirə istirahət evində idi, professor da vaxt tapmamışdı…

Rəhim qayğanaqdan bir-iki tikə yedikdən sonra üzünü yenə yan otağa sarı tutub, anasını çağırdı:

– Ana, ay ana!

– Gəldim, gəldim…

– Gecikirik ey…

Sədəf önlüyünü aça-aça mətbəxdən gəldi.

– Gedək.

– Ay Rəhim, heç yeməyibsən ki, – deyə Nadirə nimçəni təzədən onun qabağına itələdi.

– Ye, a bala, doyunca ye. – Sədəf də dilləndi.

Rəhim ayağa qalxdı. Ana-bala xudahafizləşib evdən yenicə çıxmışdı ki, qapının zəngi çalındı. Ceyhun durdu, ancaq anası ondan qabaq özünü yetirib qapını açdı.

– Oo!.. Vera Pavlovna!.. Gəlin, gəlin, xoş gəlmisiniz!.. – Vera Pavlovna ayağını astanadakı yaş əskiyə silib içəri keçdi:

– Sağ olun.

Gələn Ceyhunun sinif rəhbəri idi. Müəlliməsini görən kimi onun tikəsi boğazında qaldı, səsi çıxmadı. Təkcə başını tərpətməklə salam verdi. Ceyhun işinin “yaş” olduğunu fikirləşdi, yavaşca aradan çıxdı.

– Necəsiniz, Vera Pavlovna?

– Yaxşıyam, sağ olun.

– Ananızgildən nə xəbər var? Yenə Moskvada yaşayırlar, eləmi?

– Hə, Nadirə xanım. Bu yaxında bura gələsidilər.. Yazmışam, yığışsınlar. Anam qocalıb, kiçik bacım da təkdir. Axı təzə mənzil almışam, üç otaqlı. Gen-boldur. Buranın ab-havası çox yaxşıdır.

– Hə, təbrik, təbrik!.. Ortancıl bacınız neynir, hələ ərə getməyib ki?

– Gedib. İki həftə bundan qabaq toyları oldu. Sizinlə qohum olmuşuq Nadirə xanım.

– Bizimlə? – Nadirə təəccüb elədi.

– Hə, bacım bir azərbaycanlıya ərə gedib… Mühəndisdir.

Nadirə güldü:

– Elə bildim, bizim qohum-əqrəbadandır. Deyirəm elə olsaydı, biz də bilməmiş olmazdıq… Sizdə yaxşı xəbərlər varmış, Vera Pavlovna!..

– Bəli… Sizdə nə var, nə yox?

– Salamatlıqdır.

– Doktorluğunuzu haçan müdafiə edirsiniz?

– Hələ bir az çəkər.

– Professor evdə yoxdur, deyəsən?

– Yox, idarədədir.

Nadirə “bir dəqiqə” deyib mətbəxə keçdi, iki armudu stəkana çay töküb gətirdi. Birini Vera Pavlovnanın, o birinisə öz qabağına qoydu. Bufetdən ağzınadək bahalı konfetlə dolu vazanı çıxartdı:

– Eşitdim bizdən incimisiniz, Vera Pavlovna.

Vera Pavlovna stəkanı boğmasından tutub buraxdı:

– İnciməyinə incimişik, ancaq siz bunu hardan bilirsiniz?

– Ceyhun dedi. Sizdən bir az qabaq soruşdum ki, bizi valideyn iclasına niyə çağırmayıblar? Deyir ki, keçən dəfə getməmisiniz, ona görə də müəllimlər sizdən acıq eləyiblər!

Vera Pavlovna qaşlarını dartdı:

– Düz deyil, Nadirə xanım. Srağagün sizin dalınızca xəbər göndərmişdik. Ha gözlədik, gəlib çıxmadınız. Ceyhun sizə deməyib bəs?

– Yox.

– Maraqlıdır.

– Ədə, Ceyhun? – deyə anası oğlunu səslədi. – Ədə, haradasan? – Cavab verən olmadı. – Haçan getdi bu? İndi buradaydı axı, – deyə Nadirə təəccüblə o yan-bu yana baxdı.

– Yəqin mənim qorxumdan qaçıb, – deyə Vera Pavlovna gülümsündü. – Eybi yoxdur. Mən sözümü deyəcəyəm, sonra siz özünüz fikirləşərsiniz.

Nadirənin ürəyi üzülüb ayağının altına düşdü. O, bir qədər çaşqın halda :

– Buyurun, Vera Pavlovna. Mən sizi eşidirəm, – dedi.

Müəllimə çayından bir qurtum içib arxayın-arxayın sözə başladı:

– Ceyhun pis uşaq deyil, bunu siz məndən də yaxşı bilirsiniz. Ancaq mən elə düşünürəm ki, o, düzgün tərbiyə olunmur, Nadirə xanım.

Nadirənin rəngi ağardı. Vera Pavlovna davam elədi:

– Bilirəm, Nadirə xanım, bu sözləri eşitmək sizin üçün çox ağırdı. Ancaq mən başqa cür edə bilmərəm. Acı da olsa, əsl həqiqəti sizə deməyi öz müəllimlik borcum hesab edirəm. Siz hər ikiniz alimsiniz. Savadlı, mədəni ailə başçısısınız. Gərək sizin övladınız başqalarına bir nümunə olsun. Elə deyilmi?

– Ancaq təəssüf ki, bəzən həyatda belə olmur.

– Bunlar tamamilə düzdür, Vera Pavlovna, – deyə Nadirə səbri tükənmiş halda onun sözünü kəsdi: – Xahiş edirəm, Ceyhundan danışın.

Müəllimə xeyli susub dedi:

– Siz ona çox pul verirsiniz?

– Yox.

– Məncə, hə. Çünki onda həmişə çoxlu pul olur. Halbuki, bu, yaramaz. Uşağın cibində həmişə çoxlu pul oldu o, xərcləməyə yer axtaracaq. Görəcəksən getdi restorana və başqa-başqa yerlərə… Ceyhun pis oxuyur, müəllimlərin sözünə baxmır. Ondan hamı şikayətçidir.

Nadirə qıpqırmızı pörtmüşdü:

– Görünür, bizim başımız qarışıb, uşağı tamam yaddan çıxarmışıq.

– Bəli, mən də elə düşünürəm, Nadirə xanım. Sizin başınız əsər yazmağa qarışır. Siz istəyirsiniz ki, əsəriniz çox olsun, yaxşı olsun, nöqsansız olsun. Axı, mənim əzizim, bu Ceyhun da əsərdir, hər cür qayğıya, diqqətə daha çox möhtacdır… Kitabınızın üstündə adınız var, onun məsuliyyətindən qorxursunuz. Bəs Ceyhun? Məgər o sizin deyil, Nadirə xanım? Siz heç bu barədə düşünürsünüzmü? Bağışlayın, mən bir qədər kəskin danışıram.

– Düz sözə nə demək olar? Uşağı Salman korlayıb, öz atası… O, ərköyün böyüdür. Bizim tək övladımızdır deyə…

Nadirə özünə gəlməmiş Vera Pavlovna ikinci bir sarsıdıcı xəbər də verdi:

– Hələ Ceyhun bir qızla dostluq eləməyə də vaxt tapıb…

– Necə?.. – Nadirənin gözləri böyüdü. Qaşları az qala alnının ortasına qalxdı. Vera Pavlovna əlavə etdi:

– Biz məktəbdə qızlarla oğlanların dostluğu əleyhinə deyilik, ancaq qaydasında.

– Kimdir o qız?

– Bəstəkar Baharlının qızıdır. Doqquzuncuda oxuyur. Onlar qəribə bir üsul da kəşf eləyiblər. – Vera Pavlovna güldü. – Biz böyüklərin heç ağlına gəlməzdi.

– Nə üsuldur o?

– Məsələn, söhbət etmək, görüşmək istəyəndə hər ikisi söz qoyur ki, filan saatda sinifdə şuluqluq eləsinlər. Qız öz sinfində müəllimini hirsləndirir, oğlan da öz sinfində. Hər iki müəllimin səbri tükənir, onları dərsdən çıxarır. Qoçaqlar özlərini verirlər boş bir sinfə, – o, azca susub soruşdu: – Belə oxumaqla siz özünüz deyin, hara gedib çıxmaq olar, Nadirə xanım? Sabah bunun institutu var; hər şeydən ziyadə, onun üstündə sizin adınız var.

Nadirə xanım əl yaylığı ilə üzünün tərini sildi və döyülmüş adam kimi əzgin halda:

– Ayağım yerə yapışdı, Vera Pavlovna, – dedi, – çayınızı için, çayınızı için!..

Böyük, işıqlı sinif otağında iclas gedirdi. Müəllimlər bir-bir söz alır, öz siniflərində oxuyan uşaqların dərs davamiyyətindən, davranışından danışırdılar. Ata-analar diqqətlə qulaq asırdılar, kimi sinəsini qürurla qabağa verə-verə, kimi xəcalətdən tər tökə-tökə…

Sədəf lap arxa cərgədə oturmuşdu. Eynəyini əlində tutmuş, seyrək saçlarını yana daramış Aslan müəllim təmkinlə danışır, şagirdlərin yaxşısının, pisinin adını çəkir, gah səsini qaldırıb qəzəbindən əsir, coşur, gah da həlimliklə ürəyinin sözünü deyirdi. Sədəfə elə gəlirdi ki, müəllim yaxşı uşaqlar barəsində danışanda üzünü heç kəsə yox, ona tutub danışır.

İclasda Rəhimin dərsini oxumasını, ağır oturuşunu, duruşunu, tərbiyəsini ağızdolusu təriflədilər. Sən demə, Rəhim məktəbin gözü, fəxri imiş. Sədəf bunu indiki kimi heç bir vaxt hiss eləməmişdi. Onun sınıq və məhzun könlü bahar sevinci ilə dolmuşdu, üzü gülmüş, çoxdan bəri az qala unutduğu əsl sevinci, şadlığı bu gün təkrarən hiss eləmiş, duymuşdu.

Sədəfin yanında oturan şagird partasına güclə sığışan ətli-əndamlı arvad özünü saxlaya bilmədi, əyilib astaca soruşdu:

– Yaxşı, ay bacı, soruşmaq ayıb olmasın, siz neynirsiniz ki, uşaq belə yaxşı oxuyur, hə?

Sədəf bu suala nə cavab verəcəyini birdən-birə aydınlaşdıra bilmədi, xeyli sükutdan sonra:

– Elə özü oxuyur, bacı, – dedi. – Kök arvad əlini dizinə şappıltı ilə vurub vaysına-vaysına söyləndi:

– A qız, a başına dönüm, bizimki oxumur da!.. Nə illah eləyirik, oxumur da, canı yanmış, heç bilmirəm neyləyim, başıma haranın külünü töküm?

İki saatdan çox davam eləyən iclas qurtarıb, adamlar dağılışanda Aslan müəllim xüsusi bir hörmət və ehtiramla Sədəfə yanaşdı. Pilləkəni birgə enib, bağ-bağatlı məktəb həyətinə çıxdılar.

Sədəf başa düşdü ki, Aslan müəllimin nəsə başqa sözü də var… Doğrudan da, ortasındakı iri daşın üstünə məktəbli heykəli qoyulmuş hovuzun yanında o, Sədəfin qolundan tutub bir ata qayğısı ilə dedi:

– Sədəf, qızım, oğlun, maşallah, ayrı oğuldu. Sənin də, bizim də gələcəkdə başımızın ucalığıdı.

Ana fərəhlə azca qabaqda başını aşağı əyib düşüncəli-düşüncəli addımlayan oğlunun dalınca baxdı.

– Ancaq sizin zəhmətiniz sayəsində, Aslan müəllim! – deyə ana onların xidmətini qiymətləndirməyi unutmadı. – Ömrünüz uzun olsun!..

– Bax, görürsən, – deyə Aslan müəllim sanki Rəhimdə yeni bir keyfiyyət də kəşf etmiş kimi, həvəslə dilləndi, – necə də başını aşağı salıb gedir! Tərif həm yaxşı, həm də pis şeydi; biz bəzən uşaqların üzünə onları tərifləyirik. Deyirik, sən beləsən, filansan. Bu, məncə, o qədər də düzgün deyil. Onun gözü tez dumanlanır, yerişini itirir. “Burada mənəm, Bağdadda kor xəlifə!” – deyib heç kəsi, hətta, öz müəllimini də bəyənmir. Çünki onlar yeniyetmələrdi. Çox vaxt ağı qaradan seçməkdə çətinlik çəkirlər. Ancaq Rəhim ayrı baladır. Onun yerinə bəlkə də bir başqası olsaydı, bu qədər hörmət-ehtiram müqabilində, yerişini çoxdan itirmişdi. Amma o…

– Sevindiyimdən gözlərim yaşardı, müəllim, bağışlayın! – deyə Sədəf ovcunda gizlətdiyi əl yaylığı ilə gözlərini sildi.

Aslan müəllim bir az da mehribanlıqla dilləndi:

– Bilirsiniz, Sədəf, qızım, mən iclasda bir şeyi demədim…

– Nəyi, müəllim? – Sədəf sual dolu nəzərlə ona baxdı.

– Bax, bizim məktəbdə tez-tez cürbəcür gecələr, konsertlər, müzakirələr olur… uşaqlar gəlirlər, deyib-gülürlər, şənlənirlər. Ancaq sənin oğlun bircə gecəmizdə də hələ iştirak eləməyib…

– Mən bilmirəm. Bu barədə mənə heç bir söz deməyib…

– Bəli, hər dəfə bir bəhanə gətirib. Ancaq mən onun gəlməməyinin əsl səbəbini başa düşürəm…

– Nədir o, müəllim?

– Sədəf, qızım, – müəllim ağır-ağır izah elədi, – indi yaxşı zamanədir, hamı yaxşı yaşayır… Fikir ver bu uşaqlara, bax, balacasından tutmuş böyüyünəcən hamısı yaxşı geyinib-keçinib… Rəhim indi balaca deyil, on altı-on yeddi yaşı var. Onun üst-başına fikir vermək lazımdır, tay-tuşu var, sıxılır, utanır…

Sədəfin qaşları çatıldı, baxışları dumanlandı.

Bir az əvvəlki sevinci quş olub harasa, çox-çox uzaqlara uçdu.

– Düz deyirsiniz, müəllim…

– Mən bilirəm, yetim uşaqdı, ancaq yenə də olsun…

– Haqlı sözdür, müəllim…Bizim ki könlümüz sınıqdı, geyimə-keçimə elə də fikir vermirik.

– Yox, – Aslan müəllim etiraz elədi, – nahaq yerə. Yaxşı, sən harda işləyirsən. Sədəf?

– Mən? Heç yerdə. Kişinin pensiyası ilə dolanırıq, Aslan müəllim, Bacım da, atam da hərdən əl tutur…

Aslan müəllim fikrə getdi. Kənarda dayanıb anasını gözləyən Rəhimə baxıb:

– Axı, niyə işləmirsən bir yerdə, Sədəf? – deyə soruşdu.

Sədəf çətinliklə cavab verdi:

– Savadım yoxdur, Aslan müəllim.

– Bütün işlər üçün ki, savad lazım deyil, qızım! Sən bir yüngülvarı iş tapıb işləyə bilərsən. Ayda aldığını da pensiyanın üstə gəlib yaxşı dolanarsan, Sədəf. Uşağın da yaxşı geyinər, özün də atanın, bacının minnətli çörəyini yeməzsən. Məsələn, bax, bizim məktəbə işlək, bacarıqlı bir xadimə lazımdır. Gələrsənmi?

– Xadimə? Yəni neyləyəcəyəm, Aslan müəllim?

– Sil-süpür işi görəcəksən, Sədəf.

Burada Sədəf yenə Nadirəgilin qonşusunun dediyi sözü xatırladı: “Qulluqçusan?” Orda da – bacımgildə də sil-süpür, burda da sil-süpür. İşlərəm, maaş alaram. Yazıq Nadirə daha mənim zənbilimə ət, cibimə pul qoymaqdan yoruldu. Utanıram, özüm də utanıram…” – deyə o, nisgilli-nisgilli ürəyində götür-qoy elədi.

– Hə, necədi, razı olursansa, sabahdan gəl, əmrini verim, işlə.

Sədəf az qala “hə, razıyam” kəlməsini dilindən çıxarmışdı ki, Rəhim gözünə dəydi və fikirləşdi ki, oğlunun oxuduğu məktəbdə qulluqçuluq eləmək Rəhimin ürəyini sıxar. Uşaq yoldaşları yanında utana bilər.

– Yox, Aslan müəllim, çox sağ olun. Mən işləyə bilmərəm.

– Niyə?

– Hər necə olsa, Aslan müəllim… yox… – O, fikrini deməyə sanki çətinlik çəkdiyinə görə susdu.

– Aha, sizi başa düşdüm… Yəqin Rəhimə görə… eləmi?

– Elədir, Aslan müəllim, düz tapdınız. Çətindir. İşləsəm də başqa yerdə işlərəm…

Bu ara zəng çalındı. Aslan müəllim saata baxıb Sədəfdən ayrıldı. Dili dua-səna eləməyə öyrəşmiş Sədəf Aslan müəllimin ardınca baxıb: “Ömrün uzun olsun, müəllim!” – deyə ürəyindən keçirdi…

Axşam Sədəf Nadirəgildən evə qayıdanda Rəhimi masa arxasında oturub dərslərini hazırlayan gördü, qəzetə bükülmüş bağlamanı onun qabağına qoydu. Rəhim kitabı yana itələdi.

– Bu nədi, ana?

– Kostyumdu, bala!

Rəhim əl uzadıb qəzeti aça-aça sevinclə:

– Təzə almısan? – deyə soruşanda ana ağır dilləndi: Rəhim qəzetin arasından kostyumu çıxartdı və… birdən onun gözlərində yanan sevinc qığılcımları öləziyib söndü:

– Ceyhununkudu?

Sədəf başını ağır-ağır tərpətdi:

– Təzədi, cəmi üç-dörd dəfə geyib. Rəhim mil-mil kostyumu geri itələdi:

– Lazım deyil, ana!

Sədəf udqundu:

– Ədə, özgə adamın deyil ki, öz xalan oğlunundu da.

– İstəmirəm. Mən onun paltarını geyəndə özümü pis hiss eləyirəm.

Sədəfin dodaqları səyridi…

ON BİRİNCİ FƏSİL

Nadirə bərk narahatdı. Oğlundan ötrü həmişə səksəkə içində yaşayan ananın dərdini müəllim bir az da artırmışdı, qorxa-qorxa düşündüklərini Vera Pavlovna onun üzünə demişdi. Dünyada ən böyük nigarançılıq ana nigarançılığıdır. Bir yerdə qərar tutub dura bilməyən Nadirə gah bu, gah da o otağa girir, balkona çıxıb həyət-bacaya boylanır, nəzərləri ilə Ceyhunu axtarırdı.

“Daha böyüyüb. Yekə kişi olub. Bəstəkar Baharlının qızı ilə gəzir… Tez deyilmi? Tezdir, tezdir. O, hələ oxumalıdır, oxumalıdır!..” – deyə düşünən ana hövlündən ev-eşiyə sığışmırdı.

Müdhiş, qorxulu bir hiss onun qulağına, elə bil, bu sözləri pıçıldayırdı: “Sən ondan sevinc gözləyirsən. Amma o sənə həmişə kədər və dərd verəcəkdir!” Nadirənin ana ürəyi içəridə əsim-əsim əsirdi: “O bu iki daşın arasında hara getdi?.. Müəlliməsi gələn təki niyə qaçdı?.. Günahı olmasaydı qaçmazdı. Axı bəs hardadır? Qıza bax!.. Görəsən necə qızdır? Hər halda deyəsən, ağlı başında olan qıza oxşamır. Deyir, Baharlının qızıdır… Olsun da… Atası yaxşı bəstəkardır… Ancaq bunun məsələyə bir dəxli varmı? lş burasındadır ki, axı bunların hələ o vaxtı deyil, uşaqdırlar!…”

Nadirə neçə saat beləcə çalıxıb-çapaladı, düşündü-daşındı. Əgər bu hirsli vaxtda əlinə düşsəydi, bəlkə də ana özünü saxlaya bilməyib onu yaxşıca sillələrdi. Halbuki Ceyhun indi uşaq deyildi. Ağlının kəsən vaxtı idi. İndi onda mənlik, kişilik qüruru yaranır, özünü dərk edir, müstəqilliyə can atırdı…

Ancaq Nadirə üçün Ceyhun hələ çox uşaq idi. Ana öz oğluna böyük gözü ilə baxmağa adət eləyə bilmirdi. Ceyhun boylu-buxunlu oğlan olsa da, az qala atası boyda görünsə də, Nadirə üçün başı sığallanan, bəzən bir şey üçün ağlayaraq ayağını yerə döyən uşaq idi.

Salman axşamçağı evə gələndə Nadirə böyük bədbəxtlikdən mütəəssir olmuş adam təki ağlamsına-ağlamsına bütün əhvalatı ərinə danışdı. Salman bu söhbəti çox sakit və soyuqqanlılıqla dinlədi. Üzündə nə heyrət, nə də təəccüb əlaməti göründü. Daha nə isə gözləyirmiş kimi, səsini uzada-uzada:

– Sonra? – deyə arvadından xəbər aldı.

– Daha nə sonra, Salman? Sənin bu məsələdə belə laqeydliyin məni lap əsəbləşdirir.

– Niyə, Nadirə?

– Axı, uşaq tamam əldən gedir, sən isə…

Salman heç nə başa düşmürmüş kimi:

– Uşaq əldən niyə gedir, axı? – dedi. – Uşaq restorana yoldaşlarıynan çörək yeməyə gedir, məktəbdə bir qıznan yoldaşlıq edir, nə olsun? Burda qorxulu nə var? Bu pedaqoqlar da bilmirlər neyləsinlər, işlədiklərini necə gözə soxsunlar. Uşaq kimdir? Sənin cəmiyyətinin bir üzvüdür! O, gərək yaşamaq üçün lazım olan şeyləri bilsin. O, pul xərcləməyi, adam arasına çıxmağı bacarmalıdır. Müəllimlər, sənin kimi analar uşaqları guya düzgün tərbiyə etməyə çalışırlar, halbuki, məncə, siz onları şikəst eləyirsiniz. Siz müti, kitab oxumaqdan başqa heç nə bilməyən adamlar tərbiyə edirsiniz. Pul xərcləmək bilmir, ev dolandırmaq bilmir, çətinliyə dözmək bilmir! Oyun bilmir, əyləncə bilmir! Kitab oxumaq. Bəh! Bəh!. Kitab oxumaq!.. – Professor qara tüklü əlini havada yellətdi: – Budur tərbiyə?!

Salman sualına cavab gözləmədən otaqda gəzindi. Pəncərənin qabağına gəlib həyətə baxdı, nəsə fikirləşib geri döndü və üzünü Nadirəyə tutmadan dedi:

– Məni də siz deyən kimi böyüdüblər! Mən o cür tərbiyənin nə demək olduğunu, uşağı necə böyük çətinliklər qarşısında qoyduğunu öz həyatımdan bilirəm. “Böyük olan məclisdə kiçik oturmamalıdır!”– “Baş üstə!” – “Böyüyə cavab qaytarmaq olmaz!” – “Baş üstə.” Əgər böyük düz danışmırsa, onda necə? “Yolda böyüyü ötüb qabağa keçmə!” – “Əgər böyük yeriyə bilmirsə, yaxud qarışqa yerişi yeriyirsə, onda necə? Bir sözlə, mütilik! Hələ bu nədir? Mən on yeddi-on səkkiz yaşında bilməli olduğum şeyləri otuzda güclə öyrənmişəm. Xəcalət çəkə-çəkə, gülünc vəziyyətdə qala-qala, tər tökə-tökə… Bu cür yaşamaq olmaz, arada-bərədə itib-batarsan. Gərək öz yerini, haqqını, ixtiyarını dərk eləyəsən. Yoxsa ayrı cür…

Mən heç bilirsən qanıma-canıma yeridilmiş o ehkamları uçurub dağıtmaq üçün nə qədər qüvvə, nə qədər vaxt sərf elədim?! Bunu ancaq özüm təsəvvür edə bilərəm. Dilnən deməknən başa gəlməz. – Professor stul çəkib əyləşdi. – Sən heç bilirsənmi ki, mənim bacımın, Səringülün ailəsi niyə dağıldı? Yox, bilmirsən! Ona görə dağıldı ki, qızı atam-anam bədbəxt elədi. Ağlı kəsəndən eşitdiyi sözlər bu oldu: “Səringül, bunu elə, onu elə. Bax, filan şeyi etmə, filan şey yaxşıdır, ya pisdir. Bunu yığışdır…ona dəymə!” Qız ata-anamın başı ilə iş görməyə adət elədi. Öz başı, öz beyni yaddan çıxdı. Özünün düşünməyə, fıkirləşməyə ehtiyacı olmadı, Səringül insan olmadı avtomat oldu: Desən – elər, deməsən – eləməz! Ata-ana isə həmişə övladın yanında olmur. Vaxt gəlib çatır ki, övlad pərvazlanmış quş təki uçub ana yuvasından gedir. Səringül də getdi… Ancaq çox yaşamadılar. Əri ağıllı, həssas, təmizliyi sevən adam idi. Gərək indi o, ata-ananın əvəzinə Səringülə göstəriş verəydi: “Onu elə, bunu elə”. Onun isə buna nə səbri, nə həvəsi, nə də vaxtı var idi. Ziddiyyət, narazılıq, axırı da elə. Üç uşaqla atdı getdi…

Nadirə bayaqdan ərinin sözlərinə qulaq asır, onun nə demək istədiyini anlamağa çalışırdı. Oğlunun tutduğu hərəkətlərin əsl səbəbini axtarırdı. Tapdı. Bunu indiyəcən hiss eləyirdi, ancaq indi açıq-aydın bildi. Salman bu neçə ildə hələ öz “pedaqoji” fıkirlərini indiki kimi açıq şəkildə Nadirəyə söyləməmişdi. Nadirəyə elə gəldi ki, Salman doğma balasını uçurumdan başıaşağı itələyən bir cəllad ataya bənzəyir. O baxdı, baxdı, bədəni əsdi, Salman isə əksinə, sakit və arxayındı. Birdən Nadirə elə sandı ki, bu dünyada Salmanın elədiyi ən böyük haqsızlıqdır. Dözə bilmədi:

– Ox!.. Sən uşağı bədbəxt elədin! – deyə yanıqlı-yanıqlı köks ötürüb başını divanın mütəkkəsinə söykədi. Az sonra dikələndə Nadirənin gözləri yaşarmışdı. – Onu bil ki, uşağı gözümüz baxa-baxa uçuruma yuvarladan sənsən, Salman! Mən ona analıq eləyə bilmədim. Qoymadın. Sən bunun üçün bir zaman cavab verməli olacaqsan, Salman! Onda əlin heç yerə çatmayacaq, gec olacaq. Mən onda deyəcəyəm sənə…

Salman isə yenə arxayın bir əda ilə:

– Sən narahat olma, Nadirə, – dedi, – o, bədbəxt yox, xoşbəxt olacaq. Həyat adamı olacaq, kitab adamı yox!..

Axşam saat səkkizə işləyəndə qapının zəngi çalındı. Gələn Ceyhun idi. Oğlan içəri girməyə macal tapmamış, gözləməkdən səbri tükənmiş Nadirə əsəbiliklə onun üstünə yeridi və əllərini qəzəblə yumruqlayıb:

– Hardasan, ədə? Harada itib-batmısan?!. – dedi. Salman özünü irəli verib səsləndi:

– Oho!.. Yox, elə yox, Nadirə. Toxta. Kəmhövsələlik eləmə.

– Üzünü oğluna tutdu: – Gəl bura, Ceyhun! Haçandı səninlə ağıllı-başlı bir söhbət eləməmişəm.

– Söhbət niyə eləyirsən? – deyə Nadirə özünü saxlaya bilməyib Salmanı acıladı: – Oturub əsər yazarsan. Uşaqla məşğul olmağa səndə vaxt haradaydı?!

– Nadirə! – Salman dönüb narazı baxışlarla onu süzdü. – Hələ sən qurtarmayıbsan?

– Qurtarmışam. O sən, o da oğlun!

Ceyhun mütərəddid addımlarla anasının yanından ehtiyatla keçib, atası ilə qabaq-qənşər dayandı.

Salman gəlib divanda oturdu və Ceyhunu yanına çağırdı:

– Gəl, otur burada…

Ceyhunun dil-dodağı təpimişdi. Söhbətin gedişindən, anasının hirslənməyindən, atasının ciddi tərzdə onu yanında oturmağa çağırmasından başa düşürdü ki, müəllimə aranı qarışdırıb, suyu bulandırıb…

Ceyhun oturdu.

– Haradasan bu vaxtacan? – Salman təmkinlə, mühakimə edirmiş kimi, xəbər alanda Nadirə ürəyində düşündü: “Mən bu uşaq bir xoşagəlməz iş görəndə onunla belə sakit danışa bilmirəm. Bütün bədənim əsir, ha eləyirəm, bacarmıram… Amma ona bax, gör necə sakitdir!.. Elə bil, bütün bu işləri eləyən onun doğma oğlu deyil, yad, özgə bir adamdır… Fikirlərimiz yaman haçalanıb, heç düz gəlmir!..”

Ceyhun ağır dindi. Salman səsini qaldırmadan eyni ahənglə yenə sualını təkrar etdi:

– Hardasan?

Ceyhun başını qaldırmadan:

– Şəhərdə idim, – dedi.

– Niyə gec gəlirsən evə?

– Sənnənəm!

– Qorxdum.

– Kimdən?

– Kimdən qorxdun, deyirəm?

– Anamdan.

– Niyə?

– Ona görə ki… – Ceyhun udqundu, dayandı. Nadirə dözə bilmədi:

– Sən müəllimən gələn kimi evdən niyə qaçdın?

– Qaçmadım, getdim.

– Yaxşı, getdin, niyə axı?

– Anan sənnəndi, niyə getdin?

– Ondan zəhləm gedir.

– Müəlliməndən zəhlən gedir?

– Hə.

– Nə üçün?

– Məni sinifdə gözümçıxdıya salıb. Peşmanam bir söz deyim, bir iş eləyim. Düşür üstümə ki, “Sən professor oğlusan”… Gündə bu sözü eşitməsəm olmur. Xəta eləmişəm professor oğlu olmuşam?!.

– Elə bu?

– Özü bizə sinifdə mərdlikdən, ağzıbütövlükdən ağızdolusu danışır. Ancaq özü dediyinə əməl eləmir. Müəllimə xəbərçilik, söz gəzdirmək yaraşmaz. İndi bilirəm ki, gəlib birinin üstünə beşini də qoyub xəbər verib…

Salman qapının ağzında ayaq üstə quruyub dayanan Nadirəyə mənalı-mənalı baxıb göz vurdu və Ceyhuna dedi:

– Hə, xəbər verib… Ancaq bu xəbərçilik deyil, həm də nə anan, nə də mən inanmırıq ki, sən elə işlər tutarsan. Elə deyil?

Ceyhun yerində büzüşüb yumağa döndü; başını o qədər aşağı saldı ki, boynunun arxası göründü.

– Yaxşı başını qaldır. Söz verirsənmi ki, bir də müəllimləri incitməyəcəksən, yaxşı oxuyacaqsan?

– Sənnənəm, Ceyhun!

Ceyhun astaca başını tərpətməklə kifayətləndi.

Söhbət bununla bitdi. Salman ürəyində oğlunun bu çətin sorğu-sualda özünü məharətlə aparmasından çox məmnun idi.

Ceyhun, sıxılsa da, çəkinmədən düşündüyünü deyirdi. Fikirləri aydın, cəsarətli, cümlələri sərrast idi. Salmanın yadına öz uşaqlıq vaxtı düşdü. Onun da belə “mühakimə” olunan çağları vardı. Ancaq Salman o zaman atasının sorğularına belə açıq və kəskin cavablar verə bilmirdi. Susub durur, sonra birdən ağlamağa başlayırdı. Onda atası deyirdi: “Qaragözlük eləmə!” Ceyhun isə… “Yox, Ceyhun belə deyil. Bu, yaxşıdır, qoy belə olsun. Oğul gərək cəsarətli, möhkəm olsun!” Onun öz müəlliməsi haqda fikir söyləməsi Salmana ləzzət vermişdi. “Müəllim valideyndən sonra uşağın ikinci allahıdır. Əgər o öz allahı haqqında sərbəst mühakimə yürüdə bilirsə, deməli, bu uşaqdan bir şey çıxacaq!..”

ON İKİNCİ FƏSİL

İki gün idi ki, Orxanın qırışığı açılmır, fikirli-düşüncəli gəzib-dolanırdı. Professorun onun yanından saymazyana keçməsi, salamını almaması Orxana yaman yer eləmişdi. Elə hey bu barədə götür-qoy edir, Salman Qurbanzadənin xəyalı onun gözünə görünür, Orxanın həmişə sakit və rahat olmuş qəlbini incidirdi. O, indi qiymətli bir şey itirmiş və onu daha tapmayacağına əmin olan adama oxşayırdı.

Orxan səssiz-səmirsiz, ürəyindəcə professorla danışırdı:

“Professor, siz mənim – öz tələbənizin salamını niyə almırsınız? Sizə neyləmişəm? Məqalədə sizin fikrinizə şərik olmadığıma görəmi belə eləyirsiniz, professor? Axı, siz bizə– öz tələbələrinizə ayrı sözlər öyrədirdiniz. Öyrədirdiniz ki, obyektiv olaq, “düz söz zəhər kimi acı da olsa, onu deyəndən inciməyək, sənin nöqsanlarını deyən adam sənin ən yaxın dostun, xeyirxahındır”, – deyərdiniz. Deyərdiniz! Bəs hanı? Belə görünür, bunlar boş sözlərmiş… Doğrudanmı mənim hörmətli müəllimim, siz bu qədər kiçik adamsınız? Mən heç ağlıma da gətirməzdim ki, siz bunun üstündə məndən inciyə bilərsiniz mənim salamımı almaya bilərsiiz, məni görməyə bilərsiniz. Mən çox sadəlövh adamam. Mən insana çox inanıram, mən onun yaxşı cəhətlərini görmək istəyirəm. Bəlkə bunlar mənim gözümü yumur və mən adam tanıya bilmirəm?! Müəllim mənim gözümdə müqəddəsdir, müəllim hiylədən, riyadan uzaq bir varlıqdır… Günəşdə ləkə ola bilər, ancaq müəllimdə gərək zərrəcə ləkə olmasın.

İnciyirsiniz, inciyin… Mən öz ürəyimin, ağlımın səsini dinləmişəm, müəllim!..”

Nəhayət, Orxan dözə bilmədi. Günorta, camaat tənəffüsə çıxan vaxt professorun meşin örtüklü qapısını üsulluca aralayıb içəri girdi. Orxan həyəcanlı idi; bilirdi ki, kabinetdən yaxşı çıxmayacaq, professorla onun arasında yəqin ki, xoşagəlməz söhbətlər olacaq…

Ancaq bu, onu qorxutmurdu. Açıq danışmaq, münasibəti aydın bilmək hər şeydən yaxşı olardı. O zaman daha Orxan: “Professor inciyibmi, inciməyibmi?” – deyə ürəyinin içini yeməz, rahat yaşar, rahat işlərdi.

Lakin Orxan tamam başqa bir vəziyyətlə qarşılaşdı. Nadirə xanım, Cəfər və Gülalı professorun kabinetində idi. Nə barədə isə danışırdılar. Onun gəldiyini görəndə söhbət kəsildi. Orxan təkcə Nadirə xanım tərəfə baxıb başını astaca tərpətməklə salam verdi. Professorun kefi kök idi; qarayanız sifəti gülürdü.

– Hə, gəl görək, qoçaq oğlan! – deyə o, kürəyini yumşaq kreslonun arxasına söykəyib yayxandı. – Bəs sənin salamın hanı, Orxan?

Professorun səsi həmişəki kimi sakit və mülayimdi, elə bil, heç nə olmamışdı. Məsələnin belə olacağını gözləməyən Orxan professora salam verməməsindən yamanca pərt oldu. Ancaq professorun bu sualının çətin söhbəti başlamaq üçün çox münasib bir açar olduğunu başa düşüb dedi:

– Siz ki, daha mənim salamımı almırsınız, professor!

Salman bu sözləri ya eşitmədi, ya da əhəmiyyət vermədi. Qapının ağzındakı stulda oturmuş Gülalı indi burada çox maraqlı söz-söhbət olacağını yəqin edib yerini rahatladı və nə Orxanın, nə professorun sifətlərindəki kiçicik bir ifadəni də nəzərdən qaçırmamağa çalışaraq üzünü gah ona, gah da buna sarı çevirirdi. Nadirə xanım isə məqalə çıxan günün axşamı ərinin ürəyinin qısılmasını xatırlayır, mütəəssir halda onun indi Orxanla necə danışacağını gözləyirdi. O bərk həyəcan keçirirdi. Salmanı məqalə çox əsəbləşdirdiyindən qorxurdu ki, burda onunla Orxan arasında xoşagəlməz bir hadisə ola. Bircə an sonra Nadirə xanımın bütün təşvişləri yox oldu.

– Əvvəlcə, səni məqalə münasibəti ilə təbrik edirəm. O gündən səni görməmişəm, – deyə professor əlini Orxana sarı uzadanda Orxan özü də, Nadirə xanım da, Gülalı da gördüklərinə və eşitdiklərinə inanmaq istəmədilər. Lakin Salmanı onun həyat yoldaşından da qabaq və yaxşı tanıyan Cəfər bu zahiri səmimiyyətin bir pərdə olduğunu həmin dəqiqə anladı və professorun aktyor hərəkətlərinə nəzər yetirə-yetirə mənalı-mənalı qımışdı.

Orxan tam anlaşılmazlıq içərisində əlini professorun uzanan əlinə toxundurdu. Orxan gözləyirdi ki, professor onun əlini çox könülsüz sıxacaq. Yox, o yanılmışdı. Professorun nə səsində, nə əl sıxmasında səmimiyyətdən başqa heç nə duymaq mümkün deyildi.

– Gözümə dəymirsən.

– O gün salam verdim, almadınız.

– Haçan?.. – Salman qaşlarını yuxarı elə dartdı ki, alnında çin-çin qırışlar əmələ gəldi. – Yəqin, görməmişəm. Fikirli olmuşam, ya da…

– Mənim isə ürəyimə gəldi ki, – Orxan üzünü Nadirə xanıma tutdu; – yəqin, professor məqaləyə görə məndən inciyib.

– Yox, canım… Məqaləyə görə niyə inciyirəm səndən?.. Budur, Nadirə xanım Allah şahididir, yanında durub… – Professor arvadına ötəri bir nəzər fırlatdı. – Gecə yarısınacan səndən, məqalədən danışmışıq…

Nadirə: “Yalandır!” deməkdən özünü güclə saxladı. Necə olsa, yenə əridir, onu bu cavanların yanında pərt etməyə ürəyi gəlmədi. Ancaq o, fıkrində öz gündəliyinə bircə kəlmə söz yazdı.

“Dəhşət!”

Gülalı isə: – “Hm. Qəribə adamdır bu professor. Deyəsən, bir balaca prinsipsizdi! Deyir, təbrik eləyirəm. Əcəb, əcəb!.. Bu nədi, alicənablıqdı, böyüklükdü, ya nədir görəsən? Mən də Mürsəl Bəbirzadəni görəndə belə eləyəcəyəm. Deyəcəyəm, təbrik eləyirəm. Gecə yarısınacan səndən danışmışıq, arvadım Allah şahididir. Hm. Baş açmıram, bunlar hansı məzhəbə qulluq eləyirlər…”

Nadirə xanımla Gülalı və Cəfər durub gedəndən sonra otaqda ikisi – professor və Orxan üz-üzə qaldı. Əslində isə şöbə müdiri stolunun arxasında iki adam oturmuşdu. İkisinin də adı Salman Qurbanzadə idi. Biri zahirdə idi; onu Orxan görürdü, dinləyirdi, o biri isə… Onu Orxan görə bilmirdi, səsini eşidə bilmirdi. Bu professorun ürəyi idi.

Onların arasında belə qəribə bir söhbət başlandı.

Professorun dili:

– Bəli, məqalə çox yaxşı məqalə idi. Professorun ürəyi:

“– Qara gəlsin o məqalə, çörəyi dizinin üstündə olan adam. Az qala partlamışdım!..” Orxan:

– Çox sağ olun professor… Sizi də, Gülalı demişkən bir balaca… tənqid… Professorun dili:

– Onun eybi yoxdur. Mən elə xırda şeylərə fikir vermərəm..

Professorun ürəyi:

“– Sənin anadan əmdiyini burnundan tökmək mənə borc olsun!..”

Orxan:

– Siz həmişə deyirsiniz, obyektiv fikir mübadiləsi, açıq danışıq olmayan yerdə elm inkişaf edə bilməz. Professorun dili:

– Bəli, həqiqət də belədir. Mən öz həyatımda həmişə belə eləmişəm, bu yolla gedənləri də sevirəm.

Professorun ürəyi:

“– Quyruğun qapı arasından çıxıb. Nə qədər ki, müdafiə eləməmişdin, quzu idin. İndi obyektiv fikir deyən olubsan”.

Orxan:

– Yoldaşlar deyirlər ki, məqalənin tonu ağırdır. Professorun dili:

– Yox, canım! Məqalə çox mədəni və savadlı yazılmışdı. Xoşuma gəlir tonu.

Professorun ürəyi:

“– Məqalənin tonu başından ağır idi. Ölüncə bağışlamaram sənə!..”

Gözəgörünməz Salman Qurbanzadənin səsini eşidə bilməyən Orxan professorun dediyi sözləri dinlədikcə onun haqqında çox pis fikrə düşdüyündən xəcalət çəkirdi. “Səhv eləmişəm, – deyirdi. – Bu, mənim üçün bağışlanmaz səhvdir. Qəlbiqaralıq etmək lazım deyilmiş, heç lazım deyilmiş…”

Orxan qarışıq-dolaşıq hisslərlə girdiyi bu otaqda indi özünü çox sərbəst hiss eləyir, məqaləni yazmağa onu vadar eləyən səbəbləri professora danışırdı:

– Bizdə indi iki cür qələm sahibi var. Birincisi ştatlı, ikincisi isə ştatdankənar. Ştatlı qələm sahiblərimiz üzdədir, göz qabağındadır; onları tanıyırıq da, sevirik də, tərifləyirik, qiymət veririk. Amma ştatdankənar qələm sahiblərimizi… hamımız yaddan çıxarırıq. Onlar bir növ ədəbiyyatımızın ögey uşaqları kimidir. Halbuki buna bizim haqqımız yoxdur. Biz hamımız bir ananın – bir ədəbiyyatın övladlarıyıq. Birini qəsdən yandırmaq, birini boş yerə qaldırmaq olmaz, bu, ancaq bizim işimizə ziyan vura bilər… Buna son qoymaq vaxtı çoxdan çatmışdır…

Bir də, professor, indi yetişməkdə olan cavan tənqidçilərimiz arasında, çox təəssüf… elələri var ki, onlar nəinki bizim ədəbi tənqidimizin qarşısında duran mühüm vəzifələri layiqincə qiymətləndirə bilmirlər, hətta tənqidçi adını belə gözdən salırlar. Soruşa bilərsiniz ki, nəylə? Mən deyərdim ki, qeyri-obyektivliklə, məsuliyyətsizliklə. Tənqidçi gərək obyektivlik nümunəsi olsun – bunu dəfələrlə yazıblar da, siz də demisiniz. Tənqidçi məqaləni kiminsə xoşuna gəlməsi üçün, şəxsi bir təmənna ilə yazırsa, buna tənqid demək olmaz. Məsələn, professor, bizim Hamili götürək. Onu siz də yaxşı tanıyırsınız, tələbəniz olub, mənim də tələbə yoldaşım olub. Az-çox qabiliyyəti də var. Bunu inkar eləmək olmaz. Amma bu adam özü düzgün mövqedə dayanmayıb.

– Nə mənada yəni, Orxan? – Professor soruşdu.

– O mənada ki, bu adam yaltaq adamdır. Siz bilmirəm fikir vermisiniz ya yox. O, ancaq bizim adlı-sanlı yazıçılarımızın haqqında yazır. Özü də diriləri haqqında. Hələ bu harasıdı, Hamil hər diri sənətkar haqqında da yazmır, ancaq vəzifəsi olan haqqında fikir söyləyir. Məsəlçün, Mirzə Yanar yazıçılar ittifaqında məsul vəzifədə işləyəndə Hamil bir ildə onun özü, əsərləri barədə dörd-beş məqalə çap etdirmişdi. Mirzə Yanar inişil vəfat elədi. Hamil onun haqqında indi bir cümlə də yazmaz. Dırnağına döysən də yazmaz. Qabaq, kişi ölməmiş, Hamil onun oğlunun şerləri barədə tez-tez mətbuatda çıxış eləyib sözünü söyləyərdi. Mirzə Yanar rəhmətə gedəndən sonra Hamil həvəslə danışmağı yerə qoyub ağzına su aldı. Yaxud ayrı bir şey. Universitetdə bizimlə oxuyan uşaqların neçəsi indi şeir, nəsr sahəsində qələm çalıb gücünü sınayır. Onların arasında, sözün həqiqi mənasında, istedadlı olanları da var və hərəsi üç-dörd kitabın müəllifidir. Hamil onların barəsində də susur. Səninlə tələbə yoldaşı olub, onun kitabını oxu, yaxşı cəhətini, nöqsanlarını aç göstər, əlindən tut. Bu, sənin yoldaşlıq borcundur. Bunu eləməlisən. Bax, belə-belə məsələlər, düzü ki, bir oxucu kimi, məni çox narahat edir. Bunları görməmək, göz yumub yanından keçmək olmur, adamın ürəyi ağrıyır.

Professorun dili:

– Bunlar çox doğru sözlərdir, Orxan. Sevinirəm ki, bunu mənim tələbəm deyir. Bunu lap uca bir tribunadan da demək lazımdır.

Professorun ürəyi:

“– Sənə meydan vermək lazım deyil. Sən bizi rüsvay eləyərsən. Sənin ağzına pambıq tıxamaq lazımdır”.

Orxan:

– Düzdür, siz məni lap qanadlandırdınız, professor- deyə razılıq etdi.

Professorun dili:

– Borcumdur, Orxan. Professorun ürəyi:

“– Sənin qanadlarını qırmaq da mənə borc olsun Orxan!” Orxan:

– Sağ olun, professor! – dedi.

ON ÜÇÜNCÜ FƏSİL

Hava sərin idi. Yaşıl ağacların yarpaqları xəfif-xəfif pıçıldaşırdı. Böyük şairin hündür pyedestal üzərində qoyulmuş heykəli uzun yol gəlib yorulmuş və daşın üstündə oturub fikrə getmiş bir adama oxşayırdı.

Ağ papaqlı, ağ paltarlı bir dəstə uşaq heykəlin o tərəfində, kölgəlikdə oynayırdı.

Onlar əl-ələ verib “Dərsə gedən bir uşaq” mahnısını oxuyurdular. Elə bil, şair bu gözəl mahnını dinləmək üçün oturmuşdu, uşaqlar oxuyub qurtaran kimi o durub yoluna davam edəcəkdi, əbədiyyətə gedən yoluna…

Oturacaqda oturmuş Orxanın fikri şairin keçirdiyi ağır günlərdə, illərdə dolanır və o, ürəyində deyirdi. “Sən xoşbəxt olsaydın, belə böyük şair olmazdın. Böyük dərdin səni böyük şair elədi!..”

Bu vaxt:

– Salam, Orxan, – deyə zərif səs onu fikirdən ayırdı. Bu, Gülmirə idi. Qırmızı qırçınlı donunu geymiş, belinə bağladığı ilan başlı nazik kəmər vücudunu incəsindən sanki iki yerə bölmüşdü. Qırağı ağ haşiyəli gün eynəyi onun qəşəng gözlərini gizlətmişdisə də, sifətinə çox yaraşırdı.

– Deyəsən, dincəlirsən.

– Hə, tənəffüsə çıxmışdım. Bağ sərindi. Oturdum. Orxan nəzərlərini Gülmirənin eynəyinə zilləyib ciddi bir tövrlə:

– Səndən bir xahiş eləsəm, yerinə yetirərsən? – dedi.

Gülmirə iki qədəm irəli yeridi:

– Buyur, Orxan.

Orxan sözünün pis qarşılanacağından ehtiyat edirmiş kimi, titrək səslə:

– Bu eynəyi çıxart, Gülmirə! – dedi. Onun xahişinin tamamilə ciddi olacağını güman edən Gülmirə gülümsünərək:

– Necə məgər, pisdir? – deyə əlini eynəyinə uzadanda Orxan:

– Yox, pis deyil, sənə də yaxşı yaraşır. – dedi. – Ancaq mənim səbrim çatmır… Sən məni görürsən, amma mən sənin gözlərini görə bilmirəm.

Gülmirə eynəyini çıxarıb ala gözləri ilə Orxana mehriban-mehriban baxdı:

– Demək, səninlə danışanda eynəyi çıxarım deyirsən, hə?

– Əgər mümkünsə…

Gülmirə Orxana daha bir söz demədi, ancaq eynəyi qaytarıb gözünə taxmadı.

Sözləri tükənmiş təki dinmədilər. Orxan nəzərlərini ondan çəkmədən baxır, Gülmirə isə başını aşağı salıb eynəyinin dəstəyini qurdalayırdı. Bu, çox davam etmədi, cəmi iki-üç saniyə çəkdi.

Birdən Orxan oturacaq tamam boş olsa da, Gülmirəyə yer verirmiş təki, azca kənara çəkildi:

– Otur Gülmirə, səninlə söhbətim var.

Gülmirə bayaqdan bu təklifə bənd imiş kimi, özgə yerdə yox, məhz Orxanın göstərdiyi yerdə əyləşdi. Ayağının birini irəli uzadıb, o birini taxta oturacağın altında gizlədi. “Səninlə söhbətim var”. Bu sözləri eşidəndə Gülmirə ürəyində gizli bir qorxu duyub özünü itirən kimi oldu: “Birdən Orxan mənə bəslədiyi duyğulardan söhbət açsa… onda necə hərəkət etmək?” Ancaq bu hiss çox tez sovuşub keçdi. Məqalə yadına düşdü və bu, onun bütün fikrinə hakim kəsildi. Peşman olmuşdu, məqaləni Orxana verdiyinə peşman olmuşdu… Qəribə idi, yazısını Orxana verəndən sonra bir daha dərk eləmişdi ki, boş bir şey yazıb. Odur ki, bayaqdan ürək eləyib Orxandan məqaləni soruşmaq belə istəmirdi: “Yox, nahaq üzə çıxartdım, Orxan kimi tələbkar, hələm-hələm bir şeyi bəyənməyən adama məqalə göstərməkdə səhv eləmişəm… Nə olaydı, itirəydi, o barədə heç danışıq belə olmayaydı…” Bu, zəifliyin, acizliyin səsi idi. Gülmirə onun tilsimini qıra bilmir, əl-ayağı bağlanmış təki, çalıxıb-çapalayırdı.

Ancaq başqa səs də vardı. O heç nə ilə hesablaşmaq istəmir, öz qanuni tələbini söyləyirdi. Bu səs professorun səsi idi. O, sakit, arxayın, bir az da amiranə tərzdə bu dəqiqə Gülmirənin qulaqlarında səslənirdi: “Vaxtdır, daha nəyi gözləyirsən? Yaz, qol çəkək, çap elətdirək…”

Orxan qıçını-qıçının üstünə aşırıb sağ əlini ürəyinin üstünə qoydu:

– Məqaləni oxumuşam, Gülmirə!..

– Doğrudan? – Gülmirə özü də hiss elədi ki, bu sualı çox süni və yersiz çıxdı. Qız bundan sıxıldı.

– Hə. Ancaq bilmirəm sənin tənqiddən xoşun gəlir, ya yox?

Gülmirə qızardı, zorla:

– Xoşum gəlməsə də, acığım da gəlməz, Orxan! – dedi. – Buyur eşidirəm.

Orxan nə üçünsə qımışa-qımışa ona baxıb susdu.

O qorxurdu ki, tənqidləri qıza pis təsir edər, ölçüb-biçirdi. Gülmirəyə isə bu qımışmaq toxundu:

“Lağ eləyir, mənə gülür”, – deyə ürəyindən keçirdi. Ancaq buna inanmaq istəmədi. Nədənsə indiyə qədər həmişə ona elə gəlmişdi ki, Orxan heç vaxt, dünya dağılsa da, Gülmirənin ürəyinə dəyən söz deməz, xətrinə dəymək istəməz.

Orxan nə qədər götür-qoy elədisə, yenə sözləri sərt səsləndi:

– Açığı budur ki, xoşuma gəlmədi, Gülmirə. Çox qurudur. Soyuq və kasıb bir mühakimə ilə yazılıb. Düzdür, ara-sıra dəyərli dəlillər, faktlar verirsən, ancaq onları lazımınca açmırsan, vəzifəni bununla bitmiş hesab edirsən. Dili pisdir, Gülmirə, elə bil bu məqaləni Azərbaycan dilini sonradan öyrənmiş bir əcnəbi yazıb. Acığına gəlməsin, həqiqət belədir!..

Gülmirə yamanca pörtmüşdü. Qaşları çatılmış, alnı düyünlənmişdi. Onun pərtliyini gözləri hər şeydən əvvəl büruzə verdiyindən tez eynəyi taxdı; gözlərini gizlətmək üçün… Bu, Orxanın nəzərindən yayınmadı:

– Yenə eynək?.. – deyib o, ərklə əlini uzadaraq eynəyi çıxartdı.

Gülmirə Orxana baxmamağa çalışaraq:

– Mən bilirdim elə məqalə üzə çıxarılası deyil.

Professor istədi deyə məcbur oldum… Ayrı çarəm… – deyib udqundu.

Orxan gördü ki, Gülmirənin uşaq üzünə bənzər məsum sifətində həmişəki şadlıqdan, nikbinlikdən əsər belə qalmayıb. Gülmirə indi güclü sel, yaxud başqa dəhşətli fəlakət qarşısında tək dayanmış gücsüz, zəif bir insana oxşayırdı. İnsan gücsüzlüyünü, acizliyini hiss eləyəndə necə məyus olurmuş!..

Bu halda Orxanın ona yazığı gəldi. Gülmirə ağır yük altına girmişdi. Elmi işçi olmaq, alim adı daşımaq çoxlarının gözünü qamaşdırsa da az-çox elmin nə demək olduğunu bilən adamlar gərək bu yükün altına zorla girməsin; səbrin, savadın, enerjin varsa, gəl, yoxsa, nahaq əziyyət çəkib ömrünü-gününü havayı yelə vermə. Elm sənin gözünün işığını istəyir, verəcəksənsə, gəl! Elm sənin düz qamətini stol arxasında oturmaqdan əyəcək, razısansa, gəl! Ürəyin ağrıyacaq, dözəcəksənsə, gəl! Elm bəlkə səni əlində qələm, elə lap stol başında öldürəcək, qorxmursansa, gəl!

Bax, Gülmirə bu həqiqətləri bilməyə-bilməyə elm aləminə qədəm basıb. Bəs onun əri necə? Odamı bilmir?. Yaxşı, tutaq ki, o, təyyarəçidir, bunu lazımınca dərk eləmir. Bəs Salman Qurbanzadə? Gülmirə gəlib, indi geri qayıtmaq istəmir: “Öldü var, döndü yoxdur”. Qəribə deyilmi?!

Orxan Gülmirənin “dərdinin” böyüklüyünü onun özündən çox duyurdu. O, Gülmirəni çox istəyirdi. Onun əlindən tutub özü ilə bərabər irəli apara bilərdi. Ancaq… axı… nə qədər, haçanacan?

İndi Gülmirənin çox sıxıldığını, ümüdsizləşdiyini görən Orxan yanındakı qəzetin arasına qoyduğu məqaləni ona sarı uzatdı. Gülmirə bu dəqiqə elə pərt idi ki, bükülünü açıb məqaləsinə belə baxmaq istəmirdi. Kağızı lülələməyə başlayanda Orxan yenə qımışa-qımışa:

– Neyniyirsən? – deyə xəbər aldı.

– Nəyə lazımdır? Bunu da atacağam gedəcək, – deyə Gülmirə məyusluq içində dilləndi.

– Yox, bir aç, bax…

Gülmirə qəzeti qorxa-qorxa açdı. Onun əlyazmasının səhifələri üzərində vurma işarəsi kimi xətt çəkilmişdi. Bir, iki, üç… bütün səhifələr belə…

– Lap utandım, Orxan, – deyə Gülmirə əli ilə üzünü tutdu, – pis yazı, pis əsər pis övlad kimi adamın başını aşağı eləyirmiş.

Vərəqlədi. Qəşəng, səliqə ilə yenidən yazılmış və sancaqlanmış vərəqləri görəndə əvvəlcə heç nə başa düşmədi. Elə bildi ki, Orxanın öz yazısıdır, hətta, istədi geri qaytarsın. Orxana baxanda yenə onun bayaqkı kimi qımışdığını gördü… Xətt Orxanındı. Məqalənin adını oxudu. Sərlövhədən yuxarı iri hərflərlə Gülmirənin adı, familiyası yazılmışdı. İndi o hər şeyi başa düşdü:

– Sən neyləmisən, Orxan? – deyə o birdən-birə ürəyinə axıb donmuş həyəcanı boğa bilməyərək tələsik soruşdu. – Neyləmisən? Təzədən yazmısan?

Gülmirə nəzərlərini səhifə üzərində gəzdirdi: “Aman Allah, bu ki hamısını dəyişib, mən belə başlamamışdım… Bu cümlələrin heç biri mənim deyil…” – deyə düşünür, oxuduqca sevinc qarışıq bir sıxıntı ürəyini əzirdi.

Orxan isə Gülmirənin məqaləsi üzərində işlədiyi xoş dəqiqələri, saatları fikrinə gətirib özündən razı halda başını tərpədirdi. Həvəslə işləmişdi. Cansız kağız üzərində işlədikcə sevinmişdi. Axı, bu səhifələrə Gülmirənin ağ əlləri toxunmuşdu, nəfəsi dəymişdi. Orxan gecə lampası işığında saat üçə qədər işlədiyi zaman bir daha hiss eləmişdi ki, Gülmirə onun üçün nə qədər əziz adamdır!

– Sən nə əziyyət çəkmisən, Orxan?! – deyə Gülmirə minnətdarlıqla parlayan gözlərini ona zillədi.

– Nə əziyyət, Gülmirə? Xoşdur… – Sonra necə oldusa, özü də bilmədən qəflətən dedi: – Mən sənin əziyyətini ömrüm boyu çəkməyə hazıram…

Gülmirə ağzını açıb cavabında nəsə demək istəyirdi ki, birdən təyyarə uğultusu eşidildi. Çox keçmədi ki, başlarının üstündən bir təyyarə uçub keçdi. Gülmirə əlini gözünün üstünə qoyub göyə baxdı. Nə üçünsə ona elə gəldi ki, o, Əqdəmin təyyarəsi idi, özü də ordan – göydən onu gördü. Evə gələndə Gülmirəyə incik-incik deyəcək: “Bağda kimnən oturmuşdun?” – Gülmirə qeyri-iradi ayağa durdu və başı ilə yuxarı işarə eləyib gülümsünə-gülümsünə:

– Ondan qorxmursan ki, elə söz deyirsən? – dedi. Orxan məftun baxışlarını qızdan çəkmədən başını tərpətdi:

– Yox!

Бесплатный фрагмент закончился.

98,28 ₽
196,56 ₽
−50%
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
29 октября 2022
Объем:
361 стр. 2 иллюстрации
ISBN:
978-9952-8032-2-8
Правообладатель:
JekaPrint
Формат скачивания:

Похожие книги