Читать книгу: «Üç mədəniyyət»

Шрифт:

Əhməd Ağaoğlunun əziz xatirəsinə ithaf olunur


ƏHMƏD AĞAOĞLU FENOMENİ

Yalnız Azərbaycanın deyil, bütün Şərq-islam dünyasının möhtəşəm şəxsiyyətlərindən biri olan Əhməd Ağa-oğlunun həyat və yaradıcılıq yolu özünəməxsusluğu və bənzərsizliyi ilə seçilməkdədir. Sovet siyasi rejiminin qadağa və unutqanlıq siyasəti nəticəsində uzun illər adı və əsərləri yasaq olunan bu qeyri-adi istedad sahibinin Azərbaycanın və Türk dünyasının dirçəlişi üçün edə bildikləri bir insanın cismani və mənəvi imkanlarından heyrətamiz dərəcədə böyükdür. Təsadüfi deyil ki, onun nəhəngliyini təkcə dostları deyil, düşmənləri belə etiraf etməkdədirlər.

Əlibəy Hüseynzadənin ən yaxın silahdaşı və Azərbaycan mühacirətinin görkəmli nümayəndələrindən biri olan Əhməd Ağaoğlu 1869-cu ildə Qarabağın mədəniyyət mərkəzi olan Şuşada dünyaya gəlmişdir. O, ilk təhsilini mollaxanada almış, daha sonra isə rus gimnaziyasında oxumuşdur. Şuşanın erməni məhəlləsində yerləşən, cəmisi beş nəfər türk millətindən olan tələbənin oxuduğu bu gimnaziyada keçən təhsil illərini Əhməd Ağaoğlu belə xatırlayır: «Bu beş nəfərin illər boyu davam edən təhsil həyatında erməni çocuqlarından çəkdikləri zülmü təsvir etmək imkan xaricindədir. Tənəffüslərdə biz, beş türk çocuğu cəld tərpənib arxamızı divara dirəməyi qənimət bilirdik. Yüzlərlə erməni çocuğu qəflətən üstümüzə hücum edirdi. Biri başımızdan papağı alıb atırdı. Qalanları dörd-beş altun qiyməti olan Buxara dərisindən tikilmiş papaqları təpiklə kos kimi ora-bura vururdular. Bəziləri qiymətli, əksərən dəvə yunundan toxunmuş pencəklərimizin ətəklərindən yapışır, o yan bu yana çəkir, parçalayır, dartıb tikişlərini sökürdülər. Müqavimət göstərmək fikrinə düşəndə yumruq, qapaz, təpik altında bizi əzirdilər. Bəzən gizlində sözü bir yerə qoyub üzərimizə böhtan atır, hamısı üzümüzə şahid durur, bizə haqsız yerə cəza verdirirdilər. Dostlarımızın çoxu dözə bilmədi. Məktəbi tərk etdilər. Son sinfə qədər türklərdən yalnız mən tab gətirə bildim».

1887-ci ildə Şuşadakı rus gimnaziyasını bitirərək Peterburqa gedən Əhməd bəy burada imtahan qəbul edən müəllimlərin şovinistliyi ucundan Texnologiya İnstitutuna qəbul ola bilmir, ona görə də Avropanın mərkəzinə – Parisə üz tutur.

1888-ci ildə Paris hüquq məktəbinə daxil olan Əhməd Ağaoğlu təhsilini davam etdirməklə yanaşı, şəhərin ədəbi-elmi mühiti ilə ünsiyyət yarada bilir. O, məşhur avestaşünas C. Darmstaterin vasitəsilə Fransanın Ernst Renan, İppolit Ten, Oppert, Qaston Paris və başqa məşhur alim və ədibləri ilə tanış olur.

Əhməd Ağaoğlunun fransız mətbuatında müntəzəm çıxışları 1890-cı ildən etibarən başlayır. O, «Jurnal de Deba», «Nuvel Revyü», «Revyü Blö» və başqa mətbuat orqanlarında Şərqin tarixi, mədəniyyəti, ədəbiyyatı və s. haqqında məqalələr dərc etdirir. Məhz bu illərdən başlayaraq o, Tiflisdə rusca çıxan «Qafqaz» qəzeti ilə əməkdaşlığa başlayır və bu əməkdaşlıq onun publisistik fəaliyyətinin canlanmasında mühüm rol oynayır.

Əhməd bəy 1892-ci ildə dünya şərqşünaslarının Böyük Britaniyada keçirilən IX beynəlxalq konqresində «Şiəlikdə məzdəki inancları» mövzusunda məruzə ilə çıxış etmişdir. Şərqşünasların diqqət və marağına səbəb olmuş bu məruzə ilə o, İran şahının hədiyyəsinə layiq görülmüşdür. Məruzə həmçinin Kembric Universitetinin xətti ilə Avropanın bir çox dillərinə tərcümə edilərək yayılmışdır.

Əhməd bəy Parisdə olarkən böyük Şərq mütəfəkkiri milliyyətcə Azərbaycan türklərindən olan Şeyx Cəmaləddin Əfqani ilə görüşmüş və bu görüş onun estetik baxışlarında dərin iz qoymuşdur.

Sürəyya Ağaoğlunun «Bir ömür böylə keçdi» adlı xatirəsində yazdığına görə, Fransada təhsilini bitirib Vətənə dönmək istəyən Əhməd Ağaoğlunun qeyri-adi istedadını duymuş müəllimi, görkəmli filosof, tarixçi və ədəbiyyatşünas Ernst Renan: «Sən dünya miqyasında alim olacaq səviyyədə bir insansan, məmləkətinə getmə, Şərq səni udar», – demişdir. Lakin Əhməd bəy sevimli müəlliminin təkidli israrına baxmayaraq Vətənə dönmək, Qərbdə öyrəndiklərini xalqına, millətinə vermək niyyətində olduğunu bildirmişdi.

1894-cü ilin ortalarında atasının ölüm xəbərini eşidib Vətənə dönməyə məcbur olan Əhməd bəy yolüstü İstanbulda dayanaraq Osmanlı imperatorluğunun tanınmış elm və siyasət adamları ilə görüşür. Vətənə döndükdən sonra isə bir müddət Şuşada real məktəbdə fransız dilindən dərs deyən Əhməd bəyin «Firəng Əhməd» ləqəbi ilə tanınan günlərini Yusif Vəzir Çəmənzəminli «Həyatımın 20 ili» adlı yazısında belə xatırlayır: «İslam və türk tarixinə hər kəsdən artıq vaqif idi… Məclisdə danışanda heç bir molla cəsarət edib onun fikirlərinə qarşı çıxa bilmirdi. Əhməd bəy sərt və əsəbi bir adamdı, bilxassə bəylərin qudurğanlıqlarına dözə bilməzdi, onlarla bir məclisdə qarşı-qarşıya gəldimi, həmişə dalaşardı; həmişə də tapançasını hazırda saxlardı».

Əhməd Ağaoğlu bu dövrdə «Məşriq» adlı qəzet çıxarmaq üçün Peterburq Baş Mətbuat İdarəsinə müraciət edirsə də, ona bu niyyətini gerçəkləşdirməyə icazə verilmir. O, 1897-ci ildə milyonçu Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə Bakıya gələrək Əlimərdan bəy Topçubaşovun redaktorluğu ilə nəşr olunan «Kaspi» qəzetində əməkdaşlıq etməklə yanaşı, həm də Ali Ticarət Məktəbində fransız dili müəllimi işləyir. 1898-1904-cü illərdə «Kaspi» qəzetində Əhməd bəyin ədəbiyyatımız, mədəniyyətimiz, sosial-siyasi həyatımız, dini dünyagörüşümüz barəsində çoxlu sayda yazıları çap olunmuşdur. Ədibin «Hacı Seyid Əzimin külliyyatı», «Şekspirin «Otello»su və Şillerin «Qaçaqlar»ı tatar dilində», «Qorki və müsəlmanlıq», «Qorkinin «Həyatın dibində» pyesində tatar Asan» və başqa məqalələri sırf ədəbiyyatşünaslıqla bağlıdır.

Əhməd Ağaoğlunun ilk kitabı 1901-ci ildə Tiflisdə rus dilində çap olunmuş «İslama görə və islamlıqda qadın» əsəridir. O, «bu əsəri ilə islam və Türk dünyasının silkinib qalxınması hərəkətinin təməl şərtlərinin nə olduğunu, o zaman içində yaşadığı sosial və siyasi çevrənin çeşidli basqılarına rəğmən cəsarətlə ortaya sürə bilmişdir) (Samed Ağaoğlu. Kitap, müellif ve islamlıkta kadın hakkında (ön söz), Ahmet Ağaoğlu. İslamlıkta kadın, İstanbul, 1959).

Əhməd bəy 1905-ci ildə nəşrə başlayan «Həyat» qəzetinə Əli bəy Hüseynzadə ilə birlikdə redaktorluq etmiş, daha sonra «İrşad», «Tərəqqi» və rusca «Proqres» qəzetlərini çıxarmışdır.

O, həmçinin bu dövrdə fəal siyasətə qoşulmuş, 1906-cı ilin payızında «Difai» firqəsinin əsasını qoymuşdur. Bu firqə Azərbaycan türklərinin erməni-daşnak təcavüzündən qorunmasında mühüm xidmətlər göstərmişdir.

Əhməd bəy 1909-cu ildə Türkiyəyə mühacirət edərək ədəbi-elmi və siyasi fəaliyyətini orada davam etdirmişdir. Azərbaycanı tərk etməsinin səbəbini ədib hələ nəşr olunmamış xatirələrində belə əsaslandırır: «Şiddətli təqib edilənlər arasında idim. İş elə bir dərəcəyə çatmışdı ki, artıq daha izzəti-nəfsimin deyil, ailəmin də sakitliyi və salamatlığı təhlükə altına düşmüşdü. 1908-ci ildə Türkiyədə inqilab olmuşdu. Tanıdığım bəzi şəxslər iş başına gəlmişdilər. Digər tərəfdən Qafqaz canişini vəzifəsinə təyin olunmuş Vorontsov-Daşkov məni necə olursa-olsun, həbs etdirib sürgünə göndərməyə qərar vermişdi. Bunu öyrənən kimi mən dərhal qaçmağa qərar verdim».

Qeyd edək ki, Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadənin siyasi qovğaların ən mürəkkəb bir dövründə Azərbaycanı tərk etməsi ölkənin ziyalılarını son dərəcə sarsıtmışdı. Əliabbas Müznib bu hadisə ilə bağlı yazırdı: «…Onların getməsi Qafqaz əhalisini başsız, böyüksüz buraxmış kimidir. Çünki o cənablar dilsizlərin dili, karların qulağı, korların gözü idilər. Müxtəsər, bir bölük maarif yığımı olan Qafqaz müsəlmanlarının ataları idilər» («İqbal» qəzeti, 31 oktyabr 1913, № 493).

Özünün ciddi fəaliyyəti nəticəsində çox keçmədən Əli bəy Hüseynzadə, Ziya Göyalp, Yusif Akçura, Həmdullah Sübhi və başqaları ilə birlikdə türkçülük hərəkatının əsas liderlərindən biri kimi tanınan Əhməd bəy «Xalqa doğru», «Siratül-müstəqim», «Türk yurdu» kimi mətbuat orqanlarında çıxış edir, «Tərcümani-həqiqət» qəzetinin redaktoru olur, Osmanlı parlamentinə millət vəkili seçilir, həmçinin İstanbul Universitetində rus dili və ədəbiyyatından mühazirələr oxuyur.

Əhməd Ağaoğlu 1915-ci ildə Rusiyada yaşayan milli azlıqların Lozannada keçirilən konfransında Azərbaycanı təmsil etmişdir. Cümhuriyyət dövründə Qafqaz İslam Ordusunun müşaviri kimi Azərbaycana gələn ədib Gəncədə «Türk sözü» adlı qəzet (qəzetin cəmi iki sayı çap olunmuşdur) çıxarmış, parlamentin üzvü seçilmişdir. O, 1919- cu ildə Paris sülh konfransına getməyə hazırlaşdığı ərəfədə, İstanbuldakı ingilis işğalçı hərbi komandanlığı tərəfindən saxta ittihamlarla həbs olunmuş, Malta adasına sürgünə göndərilmişdir. 1921-ci ilin mayında sürgündən azad olunan Əhməd bəyin Romadan Nəriman Nərimanova yazmış olduğu məktub onun keçirdiyi əzablı sürgün həyatından sonra böhran və sarsıntılarını əks etdirir: «…Mütaliələr, düşüncələr və bu müddətdə aldığım təcrübələr məni dərin və qəti bir imana gətirdi ki, istər Şərqdə, istərsə də Qərbdə bütün ictimai üsul və ictimai quruluş yalan, qaba arizu, güclülərin gücsüzləri əzməkləri üzərində durmaqdadır. O şeyə ki, mədəniyyət, hürriyyət, müsavat deyilir, zəhərli bir yalan, alçaq bir riyakarlıqdır ki, onların sayəsində ancaq qaba zülm və haqsızlıq səltənəti qurula bilər. Bu üsuli-idarə öz yalan riyakarlığı ilə davam elədikcə bəşəriyyətə qurtuluş yoxdur və bəşəriyyət əziyyətə məhkumdur» («Kommunist» qəzeti, 19 iyun 1921). Məktubda N. Nərimanovdan Azərbaycana gəlmək üçün şərait yaratmağı xahiş edən Əhməd bəy az sonra bu fikrindən daşınmış, Türkiyədə qalıb işləməyi üstün tutmuşdur.

O, Mətbuat Baş Müvəkkili kimi yüksək vəzifə tutmuş, Atatürk ideyalarını dəstəkləyən «Hakimiyyəti-milliyyə» qəzetinin baş redaktoru olmuş, Anadolu agentliyinə rəhbərlik etmişdir. Əhməd bəy həmçinin Böyük Millət Məclisinə üzv seçilmiş, bununla yanaşı Ankara Universitetində mühazirələr oxumuşdur.

Ötən əsrin 20-30-cu illəri Əhməd Ağaoğlu üçün yaradıcılıq baxımından daha zəngin və uğurlu olmuşdur. Bu dövrdə onun «Üç mədəniyyət», «Hindistan və İngiltərə», «Sərbəst insanlar ölkəsində», «Dövlət və fərd», «Türk təşkilati-əsasiyyəsi», «Türk hüquq tarixi», «Mən nəyəm?» və başqa əsərləri nəşr olunmuşdur. Həmçinin ədibin ölümündən sonra onun «İran və inqilabı», «Könülsüz olmaz», «İxtilalmı, inqilabmı?», «Sərbəst firqə xatirələri», «İslamlıqda qadın», «Mütareke və sürgün xatirələri» və başqa kitabları nəşr edilərək oxuculara çatdırılmışdır.

Əhməd Ağaoğlunun publisistik yaradıcılığında əhəmiyyətli yer tutan «Hindistan və İngiltərə» əsərində ingilis müstəmləkəçilərinin Hindistandakı işğalçılıq siyasəti ifşa edilir. Bir növ memuar səpkisində yazılmış «Sərbəst firqə xatirələri» əsərində isə ədib 1930-cu ildə Atatürkün göstərişi ilə yaradılmış Sərbəst Cümhuriyyət fırqəsi qalmaqalı ilə bağlı əhvalatları qələmə almışdır.

Əhməd Ağaoğlunun bədii nəsrində «Sərbəst insanlar ölkəsində» əsərinin xüsusi yeri vardır. Müəllif siyasi-fəlsəfi esse səpkisində işlənmiş əsərin nəşrinə yazdığı ön sözdə qeyd edir ki, «Əsərimə nasıl bir şəkil vermək xüsusunda bir çox tərəddüd zamanları keçirdim: nəhayət onu bir hekayə şəklində yazmağı qərar verdim. Əsarətdən qurtulmuş bir Türk fərdini hürr və sərbəst bir ölkəyə gətirdim: bu ölkənin rəhbərləri – Türk Cümhuriyyətini quran dahinin əməl və arzularının təhəqqüqü üçün çalışmaqdadırlar. Türk fərdi – iştə mənim «Pir» dediyim bu rəhbərlər ilə görüşür. Onların bir cümhuriyyətdə hürr və sərbəst vətəndaşların nasıl olmaları lazım gəldiyi haqqındakı fikirlərini öyrənir, eyni zamanda da məmləkətimizin istiqbalda hürriyyət və fəzilət sayəsində nasıl inkişaf edərək bir nur və mədəniyyət müəssisələrini təsvir etməklə göstərir».

«Sərbəst insanlar ölkəsində» əsərində Ağaoğlu utopiya, xəyal şəklində azad, hürr, insanların bərabər və xoşbəxt yaşadığı, qanunların ədalətli olduğu dövlət, cəmiyyət haqqında fikirlərini, arzularını bədii şəkildə ifadə etməyə çalışmışdır. Əsər müəllifin siyasi görüşləri ilə sıx bağlıdır. Buna görə də o, Ağaoğlunun sosial-siyasi baxışlarını öyrənmək üçün mənbə rolunu oynamaqdadır.

Müəllif yazır: «Mən bir əsir idim, hürr olmaq istədim. Zəncirlərimi qırdım, qalanın divarını dəldim və açığa çıxaraq dərin bir nəfəs aldım. İndi önümdə geniş bir çöl vardı. Nərəyə gedəcəyimi, nasıl davranacağımı bilmirdim. Tərəddüdlə bir neçə addım atdım. Kəndimi iki yolun ayrıcında buldum və buraya dikilən bir dirək üzərində bu yazını oxudum:

Sol tərəfə gedən yol hürriyyət yoludur.

Sağ tərəfə gedən yol köləlik yoludur.

Sol tərəfi aldım. Sabaha qədər yürüdüm. Şəfəq sökülərkən kəndimi bir qalanın önündə buldum. Qalanın qapısı üzərinə altun xətt ilə yazılı bir lövhəni oxudum:

«Sərbəst insanlar ölkəsi!»

Qeyd edək ki, əsərin ayrı-ayn fəsillərində yazıçı mənəvi təkamülün mərhələlərini, nəhayət, sərbəst insanlar ölkəsinə qəbul mərasimini təsvir edir. Əhməd Ağaoğlunun xəyalən yaratmış olduğu «sərbəst insanlar ölkəsində» oxucu «…kamil ictimai münasibətlər, mehriban ünsiyyət, əməkdaşlıq şəraitində yaşayan azad insanların konstitusiyası, vətəndaşlıq fəaliyyəti, maarif, ticarət, əkinçilik, nəqliyyat, sənaye sahəsindəki nailiyyətləri haqqında canlı, fərəh və iftixar dolu faktlar, mühakimələr, lövhələr və aforizmlərlə tanış olur» (Əziz Mirəhmədov). Əhməd Ağa-oğlunun fikrincə, xoşbəxt cəmiyyətin sütunları azadlıq və hürriyyətdən yapılmalıdır. Cəmiyyətin xoşbəxtliyinin mühüm amillərindən biri isə tüfeyliliyə, işsizliyə qarşı mübarizənin olması, «gözünü dövlətin xəzinəsinə dikənlərin», «süni qazanc yolu» ilə sərvətə yiyələnmək istəyənlərin rədd edilməsidir.

«Sərbəst insanlar ölkəsində» əsərində müəllif bir səyyah kimi təsvir etdiyi hadisələrin fonunda cəmiyyətin mənəvi təkamülünə mühüm dəyər verir. Xalqın savadlanma-sını, maariflənməsini, cəmiyyətin azadlığı, xoşbəxtliyi üçün vacib şərtlərdən hesab edən yazıçı bu yolda ədəbiyyatın üzərinə böyük missiya düşdüyünü göstərməklə, həmçinin Şərq ədəbiyyatının «… içində bulunduğu mühitə, insan və təbiət mühitinə yabançı qaldığını» qeyd etməkdən çəkinmir. Müəllifin fikrincə, sağlıqlarında mədh olunmaqla ən uca mərtəbəyə yüksələnlər, ölümlərindən sonra həcv edilməklə ən aşağı dərəcəyə endirilirlər.

Əsərin sonunda Ağaoğlu təsvir etdiyi qəhrəmanının timsalında öz sosial baxışlarını belə izah edir: «…Mən bu qanunların xaricində və onların xilafına olan min bir qüvvətin zəbunu və məhkumu idim. Fikir köləliyi, hiss köləliyi, hərəkət köləliyi mənim qədərimdi. Düşünən, duyan, yaşayan mən deyildim, başqası idi. Mən yalnız başqasını təqlid etmək, ona itaət etməklə mükəlləf idim. Mən mən deyildim, onun kölgəsi, qaraltısı, həyuləsi idim. Xülasə, mən yoxdum, bir əfsanə idim.

Fəqət bu diyara gəlincə, mənliyim mənə gəldi, varlığımı duymağa başladım. İlk kərə burada anladım ki, insan həqiqətən kainatın ziynəti və sərtacıdır».

Bir növ avtobioqrafik səciyyə daşıyan «Mən nəyəm?» (Əsər Azərbaycan nəşrində «Mən kiməm?» şəklində verilmişdir) adlı bədii-fəlsəfi essedə Ağaoğlu içi (altruizmi) ilə çölü (eqoizmi) arasındakı təzadların qaynağını açmağa çalışır. Müəllifə görə, «hesablanmış və müvazinətli eqoizmlə altruizm yaşayışın forması və genişlənməsi üçün təbiətin bəxş etdiyi əsaslardır».

İnsan təbiətində ikiliyin yanaşı mövcudluğunu öz xarakteri, daxili məni timsalında dəyərləndirməyə çalışan Ağaoğlu sadə, anlaşıqlı şəkildə fikirlərini oxuculara təlqin etməyə çalışır. Aydınlıq üçün əsərdən gətirdiyimiz bir məqama diqqət yetirək: «Sizi inandırıram ki, mən içimdə çox səmimi və qızğın millətpərvərəm. Türkün yüksəlməsi üçün çalışmaq, onun izzəti-nəfsini, şərəfini, haqqını, hürriyyətini müdafiə üçün özümü təhlükəyə atmaq fikrini sevinclə qəbul edirəm. Hələ fəqir və ac türk gördümmü, heç dayana bilmirəm. İstəyirəm ki, varımı-yoxumu ona verim. Lakin bu məlun çölüm yoxdurmu? Mənə meydan vermir, daim qabağımı kəsir, əngəl törədir. Məsələn, keçən gün evimizin balkonundan baxırdım. Küçədə birini döyürdülər. Camaat toplanmışdı, uzaqdan hadisəni seyr edirdi, yaxınlıqda polis də yoxdu. Dərhal, küçəyə yüyürmək istədim. Ancaq çölüm yenə qabağımı kəsdi:

– Hara?

– Döyüləni qurtarmağa…

– Dalaşanları tanıyırsanmı?

– Nə dəxli var? Getmək borcumdur.

– Çəkil kənara! Borcu imiş! Don Kixot! Özünə iş tapıb! Niyə sənin borcun başqalarının da borcu olmasın?

– Əfəndim! Bu mənim, sənin, başqalarının və hər kəsin borcudur!

– Xeyr! Mənim qətiyyən borcum deyil! Mənim birinci borcum özümü döydürməməkdir. Hər kəs də mənim kimi eləsə, kimsənin kimsəyə borcu qalmaz.

Mən əsəbiləşdim, hiddətlə dedim:

– Əfəndim, döyüləni qurtarmırsan, acı doydurmursan, xəstəyə baxmırsan, məzlumu himayə etmirsən, xülasə, əlini ağdan-qaraya vurmursan, sonra da milliyyətpərvərlik iddiasına düşürsən, elə deyilmi?»

Əhməd Ağaoğlunun yaradıcılığında «İran və inqilabı» əsəri əhəmiyyətli yerlərdən birini tutur. Lakin təəssüflə qeyd etmək lazımdır ki, ədibin yaradıcılıq irsini araşdıran tədqiqatçıların böyük əksəriyyəti bu əsərə diqqət yetirməmiş, yaxud da ötəri şəkildə bəhs etməklə kifayətlənmişlər.

Onu da xatırladaq ki, iyirminci yüzilin əvvəllərində baş vermiş və bütün Şərqi silkələyən Səttar xanın rəhbərliyi altında gerçəkləşmiş Məşrutə hərəkatından sonra Azərbaycanda, eləcə də Türkiyədə İrana olan maraq daha da güclənmiş və İran mövzusu siyasi arenada ciddi aktuallıq kəsb etmişdir. Xüsusilə, Məhəmməd Əmin Rəsulzadənin İstanbulda çıxan «Türk yurdu» və «Səbilür-rəşad» dərgilərində «İran türkləri» və «İran tarixçeyi-inqilabı» silsilə məqalələrinin dərc olunmasından sonra bu maraq milli-siyasi müstəviyə keçmişdir. Mirzə Bala Məmmədzadənin «Ermənilər və İran», Əhməd Ağaoğlunun «Hindistan və İran», «İran və inqilabı» əsərləri də məhz problemə artan marağın sonucu kimi dəyərləndirilə bilər.

«İran və inqilabı» əsərində 1500-cü ildən başlayaraq iyirminci yüzilin əvvəllərinə qədər İran adlanan ölkənin tarixi izlənilmişdir. Müəllif İranın tarixində və tərəqqisində mühüm rol oynamış türk sülalələrinin idarəçilik və dövlətçilik mexanizmini izləmiş, yaradılan hakimiyyət sisteminin özünəməxsus xüsusiyyətlərini aşkarlamağa çalışmışdır.

Əsər şərti olaraq iki hissədən ibarətdir; birinci hissə «1500-1900-cü illər arasında İran», ikinci hissə isə «İran inqilabı» adlandırılmışdır.

Əhməd Ağaoğlu İranın uzun illər türklərin hakimiyyəti altında olduğunu səciyyələndirərək yazır: «İranı min sənələrdən bəri idarə edən, ona bəzən cahanşümul bir qiymət verdirən türklərdir. Hətta bu gün də İranın dövlət adamları, komandanları, ordusu əksəriyyətlə türklərdir. Son iki əsr əsnasında İranda zühur edən dini və siyasi hərəkatlar da bilxassə türklərə istinad etmişdir. İranın iqtisadi yaşayışında da türklər hakimdirlər. Beləliklə, İranın son min sənəlik tarixi həqiqətdə və doğrudan-doğruya Türk tarixinin bir şöbəsidir».

Lakin müəllif min illər boyu İrana hökmranlıq edən Türklərin öz milli kimliklərinə sahib çıxa bilmədiklərini təəssüflə qeyd etmiş və bunun səbəblərini aşkarlamağa çalışmışdır: «Fəqət nə çarə ki, türklər başqa yerlərdə göstərdikləri zəifliyi burada da göstərmişlər. Felən və maddətən hakim olduqları halda mənəvi hakimiyyətlərini qurmaqda qüsur göstərmişlər. Hökumət, ordu, ticarət, ziraət və hətta ədəbiyyat əllərində ikən şəxsiyyətlərinin ən canlı və ən davamlı amili olan dillərini qəbul etdirməmişlər. Tərsinə olaraq, başqalarının dillərini dövlət dili olaraq qəbul etmişlər və sahibi olduqları dövlətə türk dövləti dedirtməyə önəm verməmişlər. Bu surətlə dövlət milliləşmək qabiliyyətini qeyb etmişdir».

Əhməd Ağaoğlu əsərdə eyni zamanda türklərin böyük bir coğrafiyaya, siyasi-iqtisadi qüdrətə sahib olduqları halda birlik və vəhdət yarada bilməmələrinə də diqqət yetirmişdir. «Fəqət nə çarə ki, bu türk elləri yıpranmış və əskimiş olan yaşayış tərzlərini saxlamaqla bərabər dayanmadan bir-birlərilə savaş edirlər, dayanmadan bir-birini yıxırlar, bir-birini zəiflədirlər. O qafillərdir ki, başı üzərlərinə qədər soxularaq fürsət gözləyən və ilk fürsətdə son zərbəni endirməyə hazırlanan düşmənləri belə görməz olurlar. Nə qəribədir ki, böyük türk ellərində araşdırdığımız dövrün müxtəlif vaxtlarında böyük insanlar da əskik deyildir. Osmanlılar Səlimi və Süleymanı, ağqoyunlular Şah İsmayıl və Abbası, əfşarlar Nadiri və gürganilər Baburu yetişdirirlər. Fəqət Səlim və Nadir istisna edilməklə, kimsənin ağlına türk məmləkətlərini birləşdirmək, türk ellərini yoğurub, xəmirləyib bir tək varlıq halına gətirmək fikri gəlmir».

Əhməd Ağaoğlunun «Könülsüz olmaz» ədəbi-fəlsəfi essesində isə cəmiyyət həyatının sosial problemlərinə diqqət yönəldilir. Hadisələrə mənəvi-əxlaqi prizmadan yanaşan yazıçı iki dostun – Turğudla müəllifin özünün mükaliməsi şəklində yazmış olduğu əsərdə bu problemlərin həlli yollarını axtarır. Ölkəni düşmüş olduğu ictimai böhrandan çıxarmaq üçün haradan yapışmalı, hansı işdən başlamalı məsələsi ortaya çıxdıqda Turğud könülü, dostu isə qafanı vacib hesab edir. Onların mübahisəsinə qoşulan qoca bir kəndli Turğudu müdafiə edərək: «Könülsüz iş olmaz», deyir. Qoca kəndlinin fikrincə, «…hər şeyə can verən, hər şeyi dirildən, hər şeyi yaradan, qanunu rövnəqlən-dirən, məmuru çalışdıran, məbus və valiyə insaf və mürüvvət təlqin edən, kəndliyə qonşusunu sevdirən, yardımına qoşduran, xülasə insanı insanlaşdıran qəlbdir».

Əhməd Ağaoğlu öz qəhrəmanı Turğudun dili ilə Türkiyənin acınacaqlı vəziyyətinin səbəblərini ölkənin «köhnə qəlbli» insanlar tərəfindən idarə olunmasında görür.

1930-cu ildən sonra Ankaradan İstanbula köçən Əhməd bəy burada «Axın» qəzetini təsis etmişdir. Lakin çox keçmədən kəskin tənqidi ruhlu yazılarına görə bu qəzet bağlanmışdır.

Əhməd bəy Ağaoğlu Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün yaxın dostu, silahdaşı, onun apardığı İstiqlal savaşının fəal müdafiəçilərindən biri olmuşdur. Cümhuriyyətin ilk illərində onun yüksək dövlət vəzifəsinə çəkilməsində bu münasibətlərin mühüm rol oynadığı şəksizdir. Lakin sonralar aralarında soyuqluq yaranaraq dövlət vəzifəsindən uzaqlaşdırılsa da, Atatürk onun xətrini daim əziz tutmuş, peşmançılığımı etiraf etməkdən çəkinməmişdir. Ədibin qızı Sürəyya Ağaoğlu yazır:

«Bir gecə Atatürk yanında Cəlal Bayar, Şükrü Qaya, Qılınc Əli, aktyor Vəsfi Riza bəylər, Şükrü Naili paşa və bəzi xanımlarla kluba gəldi. Bir az oturduqdan sonra bizə yaxınlaşaraq atama:

– Əhməd bəy, İsmət paşa «Əhməd bəyə dövlət xidmətində yer yoxdur, – deyib» sözləri ilə müraciət etdi. Atam sərt bir şəkildə:

– Mən kimsədən dövlət xidməti istəmədim, – cavabını verdi.

Mən sözə qarışaraq anamın vəfatından sonra atamın çox üzgün və əsəbi olduğunu söylədim. Atatürk uzaqlaşdı. Atama getməyimizi təklif edəcəkdim ki, Atatürk məni rəqsə çağırdı və:

– Gəl bizi barışdır, atan mənə çox əsəbiləşdi, – dedi».

Sürəyya Ağaoğlu Atatürkün Əhməd bəylə münasibətlərinin pozulmasından duyduğu peşmançılığını, lakin bütün bunlara baxmayaraq ona böyük dəyər verdiyini əsərin başqa bir epizodunda belə xatırlayır:

«1937-ci ilin yayında yenə də Böyük Adada, klubda atam Fuad Sirmen, Hamid Peksan bəylər ilə oturarkən «Atatürk gəldi» dedilər. Atam:

– Aman, məni görməsin, – deyə ağacların arxasına çəkildi. Bizimlə oturan digər iki nəfər qalxıb getdi. Bir az sonra Tofiq Rüşdü bəy gəlib Atatürkün bizi çağırdığını söylədi. Getdik. Atatürk atama sarıldı. «Həsrətin qəlbimdə, lakin kim bilir sən hardasan» şərqisinin sözlərini söylədi.

– Çox darıxdım sənsiz, – dedi. Sonra əlavə elədi: – Vaxtilə Sürəyya sənin gözəl olduğunu söyləmişdi. Haqlıymış. Bu qafa ancaq bir türkdə ola bilər.

Atamın könlünü almaq istəyirdi».

Əhməd Ağaoğlu 1939-cu ilin may ayının 19-da İstanbulda vəfat etmişdir. Qızı Sürəyya Ağaoğlu atasının ölümünü belə xatırlayır: «Doktor Həsən Fərid bəy bizim otaqda olmağımızdan atamın daha da üzüldüyünü söyləyərək bayıra çıxmağımızı xahiş etdi. Qapıdan çıxarkən atam gözləri ilə bizi təqib edirdi. Azacıq keçməmiş Fəthi bəyin dediyi kimi «bu dünyanın qapısını öz əlləri ilə qapayıb» əbədiyyətə qovuşdu. Doktor Həsən Fərid bəy atamın maskasını çıxarmaq istəyirdi. Nuriyə abla ağlaya-ağlaya ona yardım etdi. Hamımız özümüzü itirmişdik. İllərlə pərəstişlə sevdiyimiz, qorxduğumuz qoca atamız indi hər şeydən xəbərsiz bir heykəl kimi yatırdı. Əbdürrəhman qışqıra-qışqıra ağlayır, Gültəkin:

– Bu mənim atam deyil, o sonsuz, həyat eşqli, coşqun, hərəkətli bir insandı, – deyərək hıçqırır, Tezer hər zamankı kimi sakit, yavaş-yavaş ağlayır, gələnlərlə məşğul olur, Səməd özünü itirmişdi, gözlərindən yaş süzülürdü. Mən isə bir damla da göz yaşı tökmür, sadəcə «axı necə olur, nə oldu o bilik, o enerji», – deyə düşünür, özünü pərəstiş etdiyi bir bütü itirmiş qərib kimi hiss edirdim».

Ölümündən sonra dostu və həmməsləki Mirzə Bala Məmmədzadə onun xarakterini belə səciyyələndirirdi: «Əhməd Ağaoğlu təpədən dırnağa qədər bir azəri türkü olaraq yaşamış, düşünmüş və söyləmişdir. Hətta ölüncəyə qədər şivəsini belə düzəltməmişdir».

***

Oxucuların mühakiməsinə verilən «Üç mədəniyyət» traktatı 1920-ci ildə Maltada sürgündə ikən yazılmış, lakin ilk dəfə 1927-ci ildə İstanbulda çap olunmuşdur. Əsər ədibin dünyagörüşünün konseptual tərəflərini öyrənmək baxımından onun bütün digər tədqiqatlarından daha çox material verir. Dünya sivilizasiyasının Budda-Brəhmən, Qərb, yaxud Avropa və İslam kimi üç nəhəng mədəniyyət şaxələrinə söykəndiyini xarakterizə edən müəllif onların müştərək və fərqli məqamlarını açıqlayır. Mədəniyyətdə dil ortaqlığı amilini Şərq və Qərbin timsalında müqayisə edən ədib yazır ki, «… bu gün ən azı üç Avropa dilini – fransızcanı, ingiliscəni, almancanı bilməyən ciddi bir avropalı alim və ədibinə həmən-həmən rastlanmaz. Bunlar zatən ortaq olan və Avropa mədəniyyəti amillərindən bulunan əski yunan və latıncanı da ta çocuqluqlarından öyrənirlər. Bir zamanlar bu iki dil, islam aləmində ərəbcə və farsca kimi, Qərb aləmində ortaq elm və ədəbiyyat dili idi. Bütün alimlər latınca yazarlardı».

Əhməd Ağaoğlu üç mədəniyyət şaxəsinin fərqli və oxşar cəhətlərini səciyyələndirdikdən sonra bu gün Qərb mədəniyyətinin qalib, İslam və Budda-Brəhmən mədəniyyətlərinin məğlub olma səbəblərinə diqqəti yönəldir və məğlubiyyətin maddi və mənəvi təzahürlərini səciyyələndirərək: «İslam cəmiyyətləri vəlvələli bir tərzdə süqut etməkdə və məhv olmaqdadır», – kimi qənaətə gəlir.

Şərq mədəniyyətinin tənəzzülünü və zaman-zaman öz yerini Qərb mədəniyyətinə tərk etməsinin səbəbini Şərqdə fəzilətin hökmdara, Qərbdə isə qanunlara itaətdə dərk olunması ilə xarakterizə edən müəllif «həyat tərzi» kimi mənalandırdığı mədəniyyət amilinin müxtəlif tərəflərinin (ailə, dövlət, hökumət, din, təlim-tərbiyə, əxlaq və s.) bu kontekstdə təfsirini verir.

«Üç mədəniyyət» əsərində millətin əxlaqının formalaşmasında dindən sonra ən çox ədəbi və fəlsəfi əsərlərin rol oynadığını göstərən Ağaoğlunun fikrincə, «bizim ta dünənə qədər təqlid etdiyimiz ədəbiyyat və fəlsəfə əsərlərinin nümunələri ərəb və fars mənbələrindən alınmış olanlarıdır. Bunların arasında bu gün əsrin ruhuna müvafiq, onu təmin edəcək tək bir əsər göstərilə bilərmi?»

Ağaoğlu qeyd edir ki, əsrlərdən bəri məktəblərimizdə tədris olunan Sədi Şirazinin «Gülüstan»ı və «Bustan»ı zamanla ayaqlaşacaq səviyyədə deyildir. Bunun başlıca səbəbini Şeyxin fəlsəfəsində axtaran ədib onun mütiliyə, qənaətə, təvəkkülə, lal olmağa və hökmdara mütləq itaətə çağıran görüşlərinin yanlışlığına diqqəti yönəldir. Ağaoğlunun qənaətincə, əski ədəbiyyatımızda əxlaqi-tərbiyəvi mövzularda yazan müəlliflərin hamısı Şeyxi örnək saydıqlarından və ona bənzəməyə çalışdıqlarından ədəbiyyatımız bu sahədə irəliləyə bilməmişdir. Sədinin görüşlərinin orijinal deyil, əcdadlarımızdan alınmış bir miras olduğunu vurğulayan mütəfəkkir bu kimi idealları «bütün Şərq həyatı üzərində icra edilmiş təxribat» adlandırır. O, milli tərəqqi üçün Qərb mədəniyyətinin ən yaxşı örnəklərinin dilimizə çevrilib məktəblərimizdə tədris edilməsini vacib şərtlərdən sayır.

Əhməd Ağaoğlu «sənət həyat üçündür» prinsipindən çıxış edərək ədəbiyyatın ayrı-ayrı yazıçıların fərdi hiss və duyğularını deyil, cəmiyyətin tələb və ehtiyaclarını əks etdirməyə borclu olduğu qənaətinə gəlir. O qeyd edir ki, «bizim əski ədəbiyyatımızda həyata aid böyük bir şey tapa bilməzsiniz. Zatən bilavasitə həyatı mövzu olaraq seçən, hekayə, roman, tragediya, komediya və sair kimi ədəbi şəkillər o dövr ədəbiyyatımıza demək olar, tamamən yabançıdır. Hakim olan şəkillər qəsidə, həcv və qəzəldir. Doğrudur, ta əski fars üdəbasından bəri «Xosrov və Şirin», «Fərhad və Şirin», «Leyli və Məcnun», «İskəndərnamə» kimi bəzi romantik əsərlər mövcuddur, fəqət bunların adları belə həyatdan çox uzaq olduqlarını göstərir».

Şərqdə zamansız və məkansız nəzirə ədəbiyyatının baş alıb getdiyini və bunun ədəbi məfkurəyə həqiqi mənada heç bir yenilik gətirmədiyini vurğulayan Ağaoğlu hətta ədəbiyyatımızın ən qüdrətli söz ustalarının yaradıcılığının da bu mənada istisna təşkil etmədiyini qeyd edir: «Aralarında bir neçə əsrlik mürur etdiyi halda müxtəlif mühitlərə mənsub şairlər, mühərrirlər eyni mövzunu almış və həyatı deyil, xəyalxanələrində qurmuş olduqları bir eşqi və o eşqi daşıyan tamamən mövhum və xəyali insanları təsvir edə-edə gəlmişlər. Nizaminin «Leyli və Məcnun»u ilə Füzulinin «Leyli və Məcnun»u arasında nə fərq vardır?»

Fransa və Rusiya inqilablarının yetişməsində ədəbiyyatın müstəsna xidmətləri olduğunu xatırladan müəllif Şərqə gəldikdə isə «ədəbiyyati-islamiyyətdə buna bənzər bir şey aramaq əbəsdir», – fikrinə tapınır.

«Üç mədəniyyət» traktatında Ağaoğlu ədəbiyyatı bədii-estetik tutumu ilə ictimai-siyasi məfkurənin qovuşuğunda qiymətləndirdiyindən ədəbi prosesə də bu prizmadan yanaşaraq türk ədibi Namiq Kamalın yaradıcılığını təqdir edir. Böyük mütəfəkkirin qənaətincə, Qafqaza məhəbbəti Lermontov və Puşkinin şeirləri, Almaniyanın təbiətinə vurğunluğu Götenin əsərləri təlqin etdiyi kimi, Namiq Kamalın qüdrəti də «məmləkətə islam və Vətən eşqini gətirməsində», «ruhlara bu eşqin hüznünü, ehtizazlarını təlqin etməsində»dir. Müəllif Namiq Kamalın yaradıcılığı ilə yeni bir ədəbiyyatın formalaşdığına diqqəti yönəldərək yazır ki, «Bu ədəbiyyat məfkurəçidir, çünki aldığı mövzunu idealizə edir. Millidir, çünki mövzu türk həyatıdır, türk Vətənidir. Təbiətçidir, çünki təbiəti sevməyi, sevdirməyi başlamışdır». Bu ədəbiyyatın təmsilçiləri sırasında Ağaoğlu dörd şəxsiyyəti: Namiq Kamalı, Mehmet Emin Yurda-qulu, Mehmet Akifi və Rəşad Nuri Güntəkini yüksək qiymətləndirir.

İlk dəfə 2006-cı ildə Azərbaycan oxucularına mühakiməsinə verilən «Uç mədəniyyət» traktatı əsərin bizə məlum olan son nəşri (İstanbul, Milli Eğitim Basımevi, 1972) əsasında hazırlanmışdır. Lakin bəzi yanlışlıqların aradan qaldırılmasında əsərin əski əlifba ilə nəşr olunmuş 1927-ci il nəşrinə də istinad edilmişdir. Əsər Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə çevrilərkən mümkün qədər müəllifin dilinin və üslubunun qorunmasına çalışılmışdır. Yalnız əsərin oxunaqlılığını təmin etmək üçün bəzi adlar, sözlər və şəkilçilər dilimizin müasir orfoqrafiyasına uyğunlaş-dırılmışdır. İnanırıq ki, «Üç mədəniyyət» geniş oxucu kütləsinin diqqət və marağını çəkəcək və Əhməd Ağaoğlu irsinin öyrənilməsi və təbliğində mühüm addım olacaqdır.

Vaqif Sultanlı
filologiya elmləri doktoru, professor

ÖN SÖZ

1869-cu ildə doğulan 1939-cu ildə ölən Əhməd Ağaoğlu XX əsrin ən diqqətə dəyər türk fikir və siyasət adamlarından biridir. Elmi və siyasi şəxsiyyətinin əsasını, ata ocağının şərqli havası, ilk və lisey təhsilini bitirdiyi çar Rusiyasında böyük fikir və sənət adamlarının öndərliyi ilə başlamış sosial dəyişiklik və ideoloji qovğaları, ali təhsilini aldığı Fransada romantizmdən realizmə keçişin sənətdən siyasətə qədər topluma aid hər dəyəri qavrayan sarsıntılarıyla yoğrulmuş və bütün həyatı bu qaynaqların ruh və dimağında yaratdığı bir təməl inanc uğrunda mücadilə ilə keçmişdir.

Bu ya tamamilə hamısı tam müstəmləkə, ya da çeşidli yollarla yarı müstəmləkə olaraq Qərb millətlərinin əsarəti altına düşmüş türk və islam millətlərinin özlərini ancaq Qərb mədəniyyətinin prinsiplərinə görə həyat qurmaqla qurtara biləcəkləri inancıdır. Bu inanc Əhməd Ağaoğlunu Türk milliyyətçiliyinin fikir və aksiom öndərlərindən biri etmişdir.

Əhməd Ağaoğlunun mücadiləsində ilk səhnə doğulduğu məmləkət olan Azərbaycandır. Fransadan döndükdən sonra bir yandan Tiflis və Bakıda Əli bəy Hüseynzadə1, Əlimərdan bəy Topçubaşı2, İsmayıl bəy Qaspıralı3 kimi dostlarıyla fikir birliyi edərək, qəzet çıxararaq bir yandan ixtilalçı cəmiyyətlər qurmaq surətiylə çalışdı. Bu ilk səhnədə əsərini də rus dilində yazdı: «İslamlıqda qadın».

Əhməd Ağaoğlu bu ilk əsərində, əslində islam dininin qadın haqlarını bütün əvvəlki dinlərdən daha çox qoruduğu halda, sonralar xürafələr və batil yozumlar üzündən qadının ailədə, cəmiyyətdə geri plana atıldığını, islam millət-lərini çökdürən əsaslı səbəblərdən birisinin də bu olduğunu yazırdı.

Əhməd Ağaoğlu bu fikirlərini irəli sürərkən özünə qarşı çıxa biləcək iki cəbhəyə, bir tərəfdən batil inanışların, hətta ailə çevrəsinə qədər, zorladığı din softasına, digər tərəfdən islamlığın düşmənlərinə qarşı da eyni qüvvətlə durur və bu iki rəqibə dönərək, islam dininin mədəniyyəti önlədiyi iddiaları qədər, qadını kişidən daha az haqq sahibi qıldığı iddialarını da islamlığın prinsiplərindən və tarixindən aldığı bəlgələrlə çürütmə yoluna gedirdi.

Əhməd Ağaoğlu ikinci məşrutiyyət elanından çox qısa bir zaman sonra Türkiyəyə hicrət edərək İstanbula yerləşdi. «İttihad və tərəqqi»4 partiyasının Parisdə tələbə ikən tanıdığı bəzi irəli gələnləriylə yenidən görüşərək, Qafqazda başladığı mücadiləsinə qəzet və dərgilərdə yazılarıyla, universitetdə dərsləriylə, «İttihad və tərəqqi» partiyasında aldığı siyasi vəzifələriylə və Osmanlı Məbusan Məclisinin üzvü olaraq davam etdi.

Bütün imperatorluqlar kimi, Osmanlı İmperatorluğu da ümmətə dayanan bir azınlıqlar dövlətiydi. Bu azınlıqlar çağdaş Qərb mədəniyyətinin fikir təməllərindən biri olan milliyyətçilik cərəyanının təsiriylə birər-birər dövlətdən qopur, imperatorluq sürətlə çökürdü. Beləcə, dünyada bağımsız qalan tək Türk-İslam dövləti də əsir düşmək təhlükəsiylə qarşı-qarşıya gəlmişdi. İmperatorluğun qurucusu olan Türk ünsürünü ayaqda tutmaq, canlandırmaq üçün içəridə din softaları çevrələrinə qarşı olduğu qədər, xarici düşmənlərə qarşı da qurtuluşun tək yolu Türk milliyyətçiliyinin oyandırılmasıydı. Bu yol həm bağımsızlığın, həm də Qərb mədəniyyətinin qapısını açacaq, beləcə başqa ölkələrdə əsir yaşayan Türk millətləri üçün bir ümid qapısı da olacaqdı.

Ziya Göyalpın5 dilində «islam ümmətindən, türk millətindən, Qərb mədəniyyətindən» vəcizəsiylə anladılan türk milliyyətçiliyi cərəyanı, başda Ziya Göyalp, Əhməd Ağa-oğlu, şair Mehmet Emin Yurdaqul6, Əli bəy Hüseynzadə, Həmdüllah Sübhi Tanrıövər7, Xalidə Ədib Adıvar8, Yusuf Akçura9, Cəlal Sahir Erozan10, Halim Sahit Sihay, Krımda İsmayıl Qaspıralı kimi fikir adamlarının öndərliyi ilə belə başladı. Əhməd Ağaoğlu da bu cərəyanın ən qüvvətli və həyəcanlı müdafiəçilərindən və «Türk yurdu» dərgisi11 ilə «Türk ocağı»nın12 qurucularından biri olaraq mütarəkəyə13 qədər mübarizəsini davam etdirdi.

Əvət, Osmanlı imperatorluğu yıxılmış, fəqət türk milliyyətçiliyi canlanmış və qüvvətlənmişdi. Birinci dünya savaşında birər qəhrəmanlıq dastanı sayılan çarpışmaların yalnız türklərə deyil, bütün əsir millətlərə qurtuluş savaşı cəsarəti aşılayan milli mücadilənin yaradıcı ruhu, milliyyətçilik hissi, milliyyətçilik həyəcanı olmuşdu.

Əhməd Ağaoğlu mütarəkədə ingilislər tərəfindən Maltaya sürgün edildi. Oradan dönər-dönməz milli mücadiləyə qoşuldu. Bu səfər eyni yola, yenə qələmi ilə, rəsmi vəzifələri ilə, zəfərdən sonra professorluq və millət vəkilliyi ilə davam etdi.

Qərb mədəniyyətinin təməl prinsiplərindən biri insanın haqq və hürriyyətlərini qoruyan dövlət qavramıdır. Əhməd Ağaoğlunun Cümhuriyyət dövründəki mücadiləsi də bu nöqtəyə çevrildi. Bütün çalışmalarında millətə dayanan dövlət görünüşünü fərdin haqq və hürriyyətlərini qoruyan dövlət deyə mənimsəyir, hər vəzifənin qarşılığında bir haqq vardır, tezisini müdafiə edirdi. Bu tezis Əhməd Ağa-oğlunun fikir və siyasət həyatının son mərhələsidir. Bu inancla da «Sərbəst firqə»nin qurucuları arasına daxil oldu. Bu partiya qapadıldıqdan sonra da hər cür məhrumiyyətlərə qatlanaraq, fürsət və imkan tapdıqca, qəzetlərdə, dərgilərdə bu tezisi müdafiə etdi. Yenə bu inamla “Dövlət və fərd”, “Sərbəst insanlar ölkəsində”, “Könülsüz olmaz” kimi son əsərlərini yazdı.

Bu əsərin sadələşdirilməsində hər kəs tərəfindən istifadə olunan və başa düşülməsi asan olan kəlmələrin seçil-məsinə çalışılmışdır.

Paraqraflar kitabın əslində olduğu kimi verilmiş və bu surətlə əski hərflərlə yazılmış olan orijinal mətnlə yenisini qarşılaşdırmaq istəyənlərin işi asanlaşdırılmışdır.

Kitabda Şeyx Sədidən14 alınan farsca beytlər türkcəyə çevrilməmiş olduğundan bunların türk hərfləriylə yazılma-sına və türkcəyə çevrilməsinə İstanbul Universiteti ərəb filolojisi kürsü başqanı sayın dos. dr. Nihat M. Çətin kömək etmişdir. Ayrıca əsərdəki ərəbcə və farsca cümlələr də onun yardımıyla dilimizə çevrilmişdir. Sayın dos. dr. Nihat M. Çətinə ürəkdən təşəkkür edirik.

Tezer TAŞKIRAN

YAZARIN ÖN SÖZÜ

Bu əsər 1919-1920-ci illərdə Maltada yazılmış və məmləkətə döndükdən sonra «Türk yurdu» dərgisində parça-parça yayınlanmışdır. Əsərin mövzusu dünya üzərində yan-yana yaşayan üç mədəniyyətdən birisinin, yəni Qərb mədəniyyətinin digərlərinə qalib gəldiyini və dolayısıyla qurtuluşumuz üçün bu mədəniyyəti olduğu kimi mənimsəməkdən başqa çarə olmadığını göstərməkdi. Bu gün bu mövzu əski önəmini qeyb etmişdir. Qazinin15 yüksək dühasından fışqıran və İsmət Paşanın16 qüdrətli əlləriylə tətbiq olunan böyük inqilabımız on il əvvəl Türk aydınlarına ideal və xəyal kimi görünən dəyişiklikləri gerçəkləşdirmişdir. Bu qısa müddət içində dışımızdan içimizə qədər dəyişdik. Hələ bir neçə il əvvəl xatirimizə və xəyalımıza gəlməyən və ifadəsinə cürət etmədiyimiz əsaslar, bu heyrətədəyər inqilab sayəsində bugünkü həyatımızın birər prinsipi olmuşdur. Qazinin əzmli iradəsiylə başdan-başa Qərb mədəniyyəti çərçivələri içinə girmiş olduq. Ailədən dövlət və hökumət şəkillərinə, geyimimizdən yazıya qədər, müəssisələrimiz və keçinmə tərzimiz baxımından Qərb mədəniyyəti zümrəsinə girdik.

Bu baxımdan əsərin bir çox qisimləri, məsələn ailəyə, ədalət sistemimizə, hökumət və dövlət şəklinə aid bölümlər əskimiş və tarixə keçmişdir. Bununla bərabər, əsəri bu kərə toplu olaraq oxuculara təqdim edərkən bu qisimləri də olduğu kimi buraxdıq.

Məqsədimiz gələcək araşdırıcılarımız üçün yeni bir müqayisə zəmini hazırlamaqdır. Belə bir müqayisə on il əvvəl ən sərbəst və geniş düşünən türk aydınlarının birər ideal kimi xəyallarında bəsləyərək, bəzən ifadəsinə belə cəsarət edəmədikləri dəyişikliklərin on il sonra tamamilə gerçək-ləşmiş olduqlarını göstərməklə gərək inqilabımızın böyüklüyünü və gərək bu inqilabı vücuda gətirmiş olan dühanın qüdrət və qədrini dəyərləndirmək üçün bir əsas təşkil edər zənnindəyiz. Bundan başqa, əsərin bu tərzdə çıxması türk aydınları üçün də bir dəyər daşımaqdadır. Bundan on il öncə məmləkət üçün tək qurtuluş çarəsi olduğunu yana-yaxıla duyduğumuz, fəqət ifadəsinə ya heç cəsarət edəmədiyimiz və ya min bir ehtiyatla yanaşdığımız dilək və meylləri bu gün gerçəkləşmiş görən biz aydınların inqilaba qarşı vəzifələrini göstərmək üçün yalnız bu həqiqət yetməzmi? Böyük dahi bu dilək və təmayülləri ziyadəsiylə gerçəkləşdirərək bizi qüdrətli əlləriylə Qərb mədəniyyəti çərçivəsi içinə soxdu. Əskimiş, yıpranmış müəssisələri qaldıraraq yerinə canlı və qüdrətli müəssisələr qoydu. İndi inqilaba sarılaraq çox böyük bir fəaliyyət və fədakarlıqla bu müəssisələri canlandırmaq və yaşatmaq, feyz və bərəkətlərini ən yüksək dərəcəyə ulaşdırmaya qeyrət etmək Türk aydınları üçün bir şərəf və heysiyyət borcu deyilmidir? Əsərimiz bundan on il əvvəlki əksiklərimizi və həsrətlərimizi xatırlatmağa və elimizə keçmiş olan fürsətin nə qədər ümid edilməyən bir nemət olduğunu təqdirə yardım edərsə bizim üçün ən böyük mükafat olur.

ƏHMƏD Ağaoğlu
Ankara

«Üç mədəniyyət» əsərinin 1927-ci il nəşrinin üz qabığı.


ÜÇ MƏDƏNİYYƏT

Bu əsər Malta əsarəti zamanı 1919-cu ildə yazılmışdır.


Mədəniyyət nədir? İslam mədəniyyəti, Avropa və ya Qərb mədəniyyəti, Budda-Brəhmən mədəniyyəti, çeşidli mədəniyyətlərə mənsub qövmlər arasındakı ortaq xüsuslar, qalib mədəniyyət, məğlub mədəniyyətlərin təqib edəcəyi yol.


«Mədəniyyət» kimi mücərrəd qavramları ifadə edən deyimlərdən çıxan mənalar öncədən təsbit edilməzsə, hər kəs o qavramları öz anlayış və düşüncəsinə görə qəbul edər və mövzu yanlış anlaşıla bilər. Buna yol verməmək və nədən bəhs etmək istədiyimizi oxuculara öncədən açıqca bəlli etmək üçün mədəniyyət deyimini hansı mənada işlətdiyimizi aşkarlamağı uyğun bildik.

Mədəniyyət – Civilisation deyiminə çeşidli təriflər verilmişdir. Biz bu deyimi, zənnimizcə, bütün tərifləri əhatə edən və bu kəlməyə ən geniş mənanı verən «həyat tərzi» olaraq qəbul edirik. Belə ki, mədəniyyət demək «həyat tərzi» deməkdir. Yalnız həyat qavramını ən geniş və əhatəli bir mənada anlamaqdır. Həyatın bütün təcəllilərini, maddi və mənəvi bütün olaylarını o qavram əhatə etməlidir. O halda mədəniyyət düşüncə və təcəssüs tərzindən başlayaraq geyim şəklinə qədər həyatın bütün olaylarını əhatə edir.

İştə, mədəniyyət bu mənada alındığı halda, mədəni insan cəmiyyətinin başlıca üç «həyat tərzi» və yaxud üç mədəniyyət arasında bölünmüş olduğunu görürük. Təbii, bu bölmə kəskin deyildir, çeşidli mədəniyyətlər arasında birər (Çin səddi) təsəvvür etmək doğru olmaz, aralarında aşağıda görüləcəyi üzrə bir çox təmaslar, sızmalar, qarşılıqlı əlaqələr vardır; bölmə və sinifləndirmə yalnız təməl cizgilərə, açıq özəlliklərə, bir mədəniyyətin öz sisteminə vermiş olduğu örnək hallara aiddir.

İndi bu üç mədəniyyətdən nüfuz baxımından ən önəmlisi Budda-Brəhmən mədəniyyətidir ki, təxminən səkkiz yüz milyonluq böyük bir camaatı əhatə edir və yayılma alanı Hindistan, Hindi-çin, Çin, Koreya, Yaponiyadır. Yenə eyni baxımdan, ikinci dərəcədə önəmlisi Qərb və ya Avropa mədəniyyətidir ki, Avropa, Amerika və Avstraliyanı əhatə edir. Tarix, nüfuz baxımından ən sonuncusu da İslam mədəniyyətidir ki, Afrikanı tamamilə, Asiya və Avropanın isə bir qismini əhatə edir.

Bu çeşidli mədəniyyət zümrələrindən hər hansı birisinin yayılma sahəsinə diqqətli bir gözlə baxıldığı zaman əhatə etmiş olduğu qövmlərin çoxluğuna, qan, cins, rəng və dil dəyişikliklərinə rəğmən, bəzi ortaq və ümumi tərəflərin olduğu görülür. Demək, bu ortaq tərəflər o mədəniyyətin əsasını, ruhunu, özünü təşkil edir. Onu başqalarından ayırır. Məsələn, İstanbuldan bir adam qalxıb Mərakeşə, Mesopotamiyaya, Qahirəyə, Məkkəyə, Şama, Bakıya, Tehrana, Şiraza, Kabilə, Lahora, Kəlküttəyə və Səmərqəndə getsə, bu bölgələrin heç birində özünü tamamilə yad hiss etməz; heç olmasa Sofiya, Afina və sairədəki qədər özünü başqa bir çevrədə, başqa bir hava içində duymaz, özünü az-çox alışmış olduğu ləhcələr, şəkillər, hərəkətlər və tövrlər arasında görər. İnsanların geyim tərzləri, keçim şəkilləri, adət və ənənələri az-çox onun öz evində alışdıqlarına bənzəyir. Eyni sarıq, eyni əba, qadınlarda eyni örtünmə, eyni camelər, eyni ibadətlər, eyni azan, eyni ayinlər, eyni dualar və bənzərləri. Bu bənzəyiş yalnız görünüşlə də qalmaz, içə, həyatın iç tərəfinə, insanların ruhi hallarına, görüş tərzlərinə, zehniyyətlərinə qədər varar. Hətta bununla da qalmaz. Daha irəli gedər: zehniyyətlərə, zəkalara, zəkanın məşğul olduğu məsələlərə qədər yayılır. Sıradan bir istanbullu sıradan bir mərakeşlini, bir kabillini, bir kəlküttəlini özü kimi düşünür, özünü məşğul edən məsələlərlə uğraşır, onları eyni surətdə dəyərləndirir kimi görünür.

Digər mədəniyyət zümrələrinə mənsub olanlar arasında da eyni hal vardır. Fərz edək ki, bir romalı Parisdə, Vyanada, Berlində, Londonda, Vaşinqtonda özünü öz mühitindəki kimi bilir. Bunun kimi bir yapon da Koreyada, Pekində, Tibetdə özünü yad hiss etməz. İştə, bir mədəniyyət zümrəsinə mənsub olan qövmlər arasındakı bu ümumi və ortaq tərəflərdir ki, bu mədəniyyətlərin özəlliyini göstərir.

Yuxarıda da söylənildiyi üzrə, bu məsələlərin bir qismi maddi və digər bir qismi mənəvidir. Maddi qisim, məsələn, əlbisələrin şəkli, binaların biçimi, ibadət və ayinlərin icra tərzi və şairədən ibarətdir. Mənəvi qisim isə, düşüncə və duyğuya aid olduğundan yayılma sahəsi daha genişdir. Ümumiyyətlə, deyilə bilər ki, hər mədəniyyətin özünə görə ortaq bir düşünmə gücü, bir zəkası vardır; adəta bir dimağa sahibdir. Bunun kimi hər mədəniyyətin bir qəlbi vardır, bir duyum tərzi vardır. Dolayısıyla, ortaq bir əxlaqa, bir dəyər duyğusuna, ortaq bir yaxşı və pis, gözəl və çirkin görünüşə sahibdir.

İslam aləmini gəziniz; nə qəribə hallarla rastlaşarsınız. Aralarında minlərcə kilometrlik məsafələr olan cins, dil və rəng etibariylə bir-birinə tamamilə yabançı olan və səthi bir bağlantıdan məhrum olan qövmlərin fərdləri eyni zehniyyəti, eyni ruh hallarını daşıyır, eyni məsələlər, konularla məşğul, işlər və hadisələr haqqında eyni görüş tərzləri içində eyni hökmləri verdiyini görürsünüz. Gözəllik və çirkinlik, yaxşılıq və pislik, bunların arasında həmən eyni tərzdə hesab olunur. Bu hal uzun və ortaq bir zehni fəaliyyətin, ortaq bir duyum tərzinin, ortaq və oxşar amillərin davamlı təsirləriylə hasil olmuşdur. İslam aləmində ən hərəkətli və müəssir bir amil olan din ortaq olduğu kimi, bir zamanlar pək hərəkətli olan zəka və qəlbin də çeşidli bəlirtiləri ortaq bir məhsul halını alırdı. O zamanlar islam aləminin hər hansı bir tərəfində yazılmış bir əsər mətbəəçiliyin olmamasına rəğmən, sırf əl yazısıyla yazılaraq təəccüb ediləcək bir çevikliklə bütün islam aləminə yayılır və bir neçə ay sonra bu aləmin ən ucqar güşələrində oxunaraq fikirlərin və duyğuların birləşməsini saxlayırdı. O zamanın alimləri arasındakı ilgin yazışmanı, qarşılıqlı olaraq irəli sürülən fikirləri incələrkən təəccüblənməmək qabil deyildir. İbn Sinanın17 Orta Asiyada yazdığı əsərlər qəribə bir çevikliklə Afrikanın quzeyində hərarətli dartışmalara səbəb olur. Fasda doğulmuş, Nişapurda tərbiyə və təhsil görmüş olan İbn Sabahın18 fəaliyyət yeri Suriya və Xorasandır; Harunun19, Məmunun20, Qəznəli Mahmudun21, Məlik-şahın22, Hülakinin23 və sonralar Əmir Teymurun24 başına islam aləminin hər tərəfindən alimlər, ədiblər toplanıb, adəta bir çeşid akademiya qururdular. Osmanlı sultanlarının sarayları Afrika və Asiyanın ucqar guşələrindən gəlmiş alimlərin toplantı yeri idi. Xivədə doğulmuş birisi Anadoluda qazilik, müftilik edir, farsca və ərəbcə yazılmış ədəbi əsərlər eyni çevikliklə yayılır və bütün islam qövmləri arasında tərcümə edənlər, təqlid edənlər və şərh edənlər olur. Hafizin25, Xəyyamın26, Mövlananın27, Əkbər Şa-hın28; Əbül-Ülanın29 və bu kimi ünlü alim, şair və ədiblərin əsərlərini görməyən, bilməyən bir islam fikir adamına rast gəlinmir.

İştə, bu ortaq din, bu ortaq dimağ və qəlb fəaliyyətidir ki, bütün bu aləmin zehniyyətini, görüş tərzini, duyğularını, qəlblərini birləşdirmişdir. Haraya getsəniz eyni düşüncə və duyum tərzinə, eyni zehniyyətə, beyin və qəlbin eyni metodla hərəkət etdikləri ilə rastlaşarsınız.

Avropa və Qərb mədəniyyəti də eyni haldadır; bu gün ən aşağı üç Avropa dilini – fransızcanı, ingiliscəni, almancanı bilməyən ciddi bir avropalı alim və ədibinə həmən-həmən rast gəlməzsiniz. Bunlar zatən ortaq olan və Avropa mədəniyyəti amillərindən hesab olunan əski yunan və latıncanı da ta çocuqluqlarından öyrənirlər. Bir zamanlar bu iki dil, islam aləmində ərəbcə və farsca kimi, Qərb aləmində ortaq elm və ədəbiyyat dili idi.

Bütün alimlər latınca yazardılar. Ədiblərdən ilk milli dili öyrənən fransızlardan Monten30, italyanlardan Dante31, almanlardan Lüterdir32. Onlara qədər hətta ədiblər belə latıncanı işlədirdilər. XIX yüzildə mətbəəçilik ilə ulaşdırma vasitələrinin gəlişməsi irəliləyincə, Avropa, adəta, bir ailə şəklini aldı, italyan, ingilis, fransız, alman, rus və bu kimi məmləkətlərin alim və ədibləri yurdlarının xaricində olan alim və ədiblərin əsərlərini həmən günü-gününə bilirlər. Tolstoyun33 əsərləri Rusiyada tamamlanmadan ingiliscəyə, fransızcaya, almancaya, çevrilir. Vaqnerin34 musiqi əsərləri Almaniyadan əvvəl digər hökumət mərkəzlərində dinlə-nirdi. Darvinin35 əsərlərini, məsələn «The Origine of species» («Növlərin mənşəyi») və ya «Descent of Nen» («İnsanların soyu») və bunların açıqlamalarını incələyiniz. Bu ölümsüz alimin digər avropalı məsləkdaşlarından aldığı xüsusi biliklərin bolluğuna heyrət edərsiniz. Fransız, alman, italyan, Danimarka, Hollandiya alimləri və digərləri məşhur ingilis aliminin, adəta, günü-gününə, nə etdiyini, hansı məsələ ilə məşğul olduğunu bilirlər və onu maraqlandıracaq olaylardan özlərini xəbərdar edirlər. Burada da bu ortaq həyat, bu ortaq dimağ və qəlbin fəaliyyətidir ki, eyni düşünmə güclərini, eyni düşüncə və duyum tərzini, eyni zehniyyəti bəsləmişdir; hələ Avropada mövcud olan islam aləmində örnəyinə rast gəlinməyən millətlərarası təşkilatdan biz burada söz etmirik. Məsələn, millətlərarası işçi və alimlər konqresləri, tröstlər və s. kimi amillər Avropa qövmləri arasında, hətta ümumi ülkülər, amaclar, hədəflər belə doğurmuşdur. Yuxarıda mədəniyyətlərin qəlb və beyinləri adıyla yad etdiyimiz xüsuslar, iştə bu ortaq və ümumi amillərin təsirləri ilə meydana gəlmişdir. Belə olan surətdə eyni mədəniyyət zümrəsini, eyni baş ilə düşünər, eyni qəlb ilə duyar, eyni mənəvi cihazlarla bəzənmiş görürük.

İndi bu mədəniyyətlərin qarşılıqlı durumlarına sözümüzü gətirərkən, bunlardan birisinin, yeni Qərb mədəniyyətinin qalib və digər ikisinin də, yəni İslam və Budda-Brəhmən mədəniyyətlərinin məğlub durumda olduqlarını görürük.

Əvət! Bu məğlubiyyəti etiraf etmək məcburiyyətində qaldığımızdan biz də çox üzgünük, fəqət bunu bir kərə açıq və qəti surətdə etiraf etməlidir. Bizdə hələ kəlmələrlə oynayaraq gerçəyi görməməkdən xoşlanan korlar vardır. Fəqət günəş kimi açıq bir olayı inkar etmək axmaqlıqdır və bu axmaqlıqdan yaxa qurtarmalıdır.

Yenilmə iki cürdür; maddi və mənəvi. Maddi yenilmə o qədər açıqdır ki, artıq zənn edirəm hamımızın beynimizə qədər girdi. Yenilmənin bu qismi bu gün deyil, üç yüz ildən bəri başlamışdır. İslam cəmiyyətləri bir-birinin ardınca və gurultulu bir tərzdə yıxılmaqda və məhv olmaqdadır*. (*bu sətirlər oxunarkən əsərin 1919-cu ildə yazılmış olduğu xatırlanmalıdır (T.T.) Bir çox bağımsız islam hökumətlərindən tək bir dənəsi bu gün özünü qoruya bilmədi. İslamiyyətin son sağlam qalası olan Osmanlılıq da bugünkü pərişan halına düşdü. Artıq bu qədər yıxılma inkar olunacaq kimi deyildir. Bütün bu pərişanlıqlar, bu yıxılmalar, şübhəsiz Qərb mədəniyyəti ilə olan mücadilənin doğrudan-doğruya sonucudur.

Mənəvi yenilməyə gəlincə, maddi yenilmə qədər açıq deyilsə də, bir fikir adamı üçün o dərəcədə mütləqdir.

Yenilmə nədir? Başqasının şəxsiyyətini qəbul və iradəsinə tabe olmaq deyilmidir? Bu qəbul və tabe olma istəklə də olsa, zorla da olsa yenə yenilmədir. Bu baxımdan istər islam və istərsə də Budda-Brəhmən mədəniyyəti yenilmişdir, Qərb mədəniyyətinin şəxsiyyət və özəlliklərini qəbul və onun iradəsinə tabe olmaq məcburiyyətindədirlər. İstər müsəlmanlar və istərsə sarı irq çevrəsi əlbisələrindən və evlərinin döşənməsi kimi həyatın maddi təcəllilərindən başlayaraq ədəbiyyat və musiqi kimi mənəvi tərəflərin ən munis köşələrinə qədər Avropa modellərini təqlid etməkdədirlər. Hələ ictimai, siyasi, texniki müəssisələrdə təlim və təhsildə Avropanın bütün-bütün öyrəncisidirlər. Bu təqlid, bu alış bəzən istəyə bağlı isə də, bəzən də sırf zorla edilmişdir. Yaponiya Avropa mədəniyyəti yolunu tutmaq üçün içində nə qədər sarsıntılar keçirdi. Çin ilə Osmanlı dövlətinə gəlincə, eyni işin görülməsi bu məmləkətlərin bünövrəsini belə sarsıtdı. Avropa doğrudan-doğruya bunları bu işi etməyə zorlamırdısa da fikir və dövlət adamları bunsuz yaşamanın imkanı olmadığını təqdir edərlər və dolayısıyla bütün vücudu sarsıtmaq bahasına da olsa bunu yapmaqda tərəddüd etmirdilər. Bu yenilmə deyil, bəs nədir? Həm də yenilmənin ən ağırı.

Bu gün Asiya cəmiyyətlərinin hamısına bir baxınız; hər tərəfdə içəridə iki axının bir-biriylə mücadiləsini görürsünüz.

Məhəlli, əski ənənələrə dayanan mədəniyyətlə Avropa mədəniyyəti tərəfdarları çarpışırlar, bir ölüm-dirim mücadiləsi gedir.

Bir tərəf əskini, ənənəni qorumağa çalışır, o biri tərəf isə bu mühafizəkarlığın ölüm demək olduğunu təqdir edərək, Avropa mədəniyyətini almaq sayəsində varlığını davam etdirməyə çabalayır. Həyatın hər günkü təcrübələri, olayları bu ikinci cərəyana haqq verməkdədir. Avropa mədəniyyətindən sakınmaq istəyən bütün cəmiyyətlərin və özəlliklə islam mədəniyyətinə mənsub olanların hər gün tükənib getməkdə olduqlarını görürük. Əksinə olaraq, Yaponiya kimi o mədəniyyətlərə vaxtında və tam olaraq yaxınlaşmış olanları həyatlarını qorumuş, qüvvət və qüdrətlərini artırmış görürük. Pək açıq olan bu halın inkar və təsdiqi qabil deyildir. Sel kimi axıb gələn və qarşısında öz türündən əngəllər görməyən Avropa mədəniyyəti hər şeyi sürükləyib götürür. Bu halda tək çarə yenə o mədəniyyətə isinişmək, onu almaqdır.

Fəqət bu alışın öləmli və bəlli olmayan bir tərəfi vardır ki, özəlliklə aydınlaşdırılmağa və anladılmağa möhtacdır. Bu gün aramızda Avropa mədəniyyətinin üstünlük və qələbəsini təqdir etməyən heç bir anlayışlı insan qalmamışdır. Fəqət bu üstünlüyü, o mədəniyyətin yalnız bəzi ünsürlərinə, məsələn elm və fənninə bağlayaraq, başqa tərəflərindən vaz keçmək istəyənlər vardır. Başqa bir deyimlə, bu kimilər Avropa mədəniyyətində görülən bir çox nöqsan və hətta iyrənc tərəflərdən qurtarmaq niyyətilə o mədəniyyətin bir süzgəcdən keçirilməsini istəyirlər. Bu kimi fikir-ləri söyləyənlər səmimi deyillərsə, cahillər məntiqinə uymaq istəyənlərdir. Səmimi isələr mədəniyyətin nə olduğunu haqqıyla təqdir etməyənlərdir. Yuxarıdan bəri qısaca söylədiyimiz düşüncələr isbat edir ki, bir mədəniyyət zümrəsi bölünməz bir bütündür, parçalanmaz, süzgəcdən keçilə bilməz. Qalibiyyət və üstünlüyü qazanan onun bütünüdür. Yoxsa ayrı-ayrı filan və yaxud filan qismi deyildir. Avropa sahəsində elm və fənn başqa çevrələrdən ziyadə gəlişirsə, bunun səbəbləri o çevrənin bütünündə aranmalıdır, bu günkü Avropa elm və fənni doğrudan-doğruya öz şərtlərinin və ümumi ünsürlərinin bir əsəridir. Başqa bir şey deyildir.

Bunlar o bitkilərə bənzərlər ki, inkişafları üçün bəlli şərtlərin tapılmasına möhtacdırlar. Başqa çevrələrdə, başqa şərtlər içində həmən solub gedərlər. Bundan dolayı Avropa mədəniyyəti başqa mədəniyyətlərə qələbə çalmışsa, yalnız elm və fənni ilə deyil, bütünü ilə, bütün ünsürlərdə, bütün nöqsanları və fəzilətlərilə çalmışdır. Bu halda, bu selə qarşı, yenə onun vasitəsilə həyatlarını qorumaq istəyənlər, onu olduğu kimi qəbul etməlidirlər. Yoxsa parça-parça, qisim-qisim almalar heç bir nəticə verməz, necə ki vermədi və verə bilməz də. Məsələn, Avropa sənayesini alıb, indüstrializmdən, sosializmdən çəkinmək nə qədər mümkün deyilsə, bir-birinin gərəkli parçaları olan digər alışlar da elədir. Bir tərəfdən söz hürriyyəti istəmək və digər tərəfdən də filan və filan şeydən bəhs olunmaması iddiasında olmaq istənilən şeyin mahiyyətini anlamamaq və ya səmimiyyətdən uzaq olmaq deməkdir.

Ümumiyyətlə və əslində mədəniyyəti inkar etməyi, ondan çəkinməyi və sakınmağı biz anlar və hətta bir dərəcəyə qədər təqdir edərik. Necə ki, J.J.Russo36 və Tolstoy kimi yüksək ideallı, dərin düşüncəli fikir adamları mədəniyyəti ancaq bir fəlakət hesab etmişlər. Təbiəti taparcasına sevən J.J.Russo mədəniyyəti pozucu və aldadıcı adlandırmışdır. Onun fikrincə, təbii hala yaxın insanlar yalnız daha əsil, daha təmiz, daha əxlaqlı deyil, eyni zamanda daha xoşbəxtdirlər. Tolstoy isə bugünkü milyonlarca nüfusu daşıyan şəhər yığınlarını və sənaye mərkəzlərini sadəcə bir fəlakət kimi görür. Bu fikir adamına görə, elm və fənn, hətta ədəbiyyat və fəlsəfə belə insanlığın qurtuluşuna deyil, fəlakət və soysuzlaşmasına səbəb olur və “İnsanlar nə ilə yaşayırlar” adlı əsərində Tolstoy bütün Avropa araşdırıcı və fikir adamlarının bütün əsərlərinə İncilin bir tək cümləsi qədər qiymət vermir. Tolstoya görə, insanlar üçün tək xoşbəxtlik çarəsi şəhərləri buraxıb köylərə daşınmaq, təbii hala qayıtmaqdır.

İştə, bu bir görüşdür və həm də tam geniş bir görüşdür. Bunu hər kəs anlar, zövq və inanışına görə ya qatılar, ya rədd edər. Fəqət bir tərəfdən mədəniyyəti qəbul, onu çeşidli vasitələrlə almağa çalışmaq, hətta tək qurtuluş çarəsini onunla uyuşmaqda görmək, digər tərəfdən də onu parçalamaq, bəzi qisimlərini alıb digərlərini atmaq istəmək heç bir məntiq və əsasa dayanmış sayılmaz.

Zatən mədəniyyət bölünməz olduğundan onu tam almaq istəməyənlər ona çarpır, çökürlər. Yüz ildən bəri çabalayıb müsbət bir sonuca varmadığımızın səbəbi həp budur. Mədəniyyəti elə-belə idarə etmək üsuluna tabe tutmaq istəyərək güclü və qəhredici bir qüdrəti bazar məntiqi ilə idarə etmək əməlində bulunduq. Və təbii o qüvvətə çarpır, məhv oluruq. Hər şeydən əvvəl, səmimi olmalıyıq. Qərb mədəniyyətinin üstünlük və qələbəsini qəbul və etiraf edirikmi, etmirikmi? Ediriksə, o qələbəni yalnız elm və fənnə və hətta bəzi siyasi və ictimai təşkilata bağlamamalıyıq, mədəniyyətin bütünlüklə zehniyyətinə, görüş tərzinə, ruhuna, beyninə, şüuruna, qəlbinə bağlanmalıyıq. Qərb həyatı bütünlüklə bizim həyatımızın bütününə qələbə çalmışdır. Bundan dolayı qurtulmaq, yaşamaq, varlığımızı da-vam etdirmək istəyəriksə həyatımızın bütünüylə yalnız əlbisələrimiz və bəzi müəssisələrimizlə deyil, beynimiz, qəlbimiz, görüş tərzimiz, zehniyyətimiz ilə də ona uymalıyıq. Bundan kənarda qurtuluş yoxdur.

Burada önəmli bir nöqtəyə toxunuruq. Milli şəxsiyyətimiz nə olacaqdır? Əcəba, belə zahirdən və daxildən, bütün varlığımızla başqalarına uymaq istəsək, milli şəxsiyyətimizi qeyb etmək təhlükəsinə uğramayarıqmı?

Əvvəla, bu özlüyün nədən ibarət olduğunu anlayalım. Əcəba, bir millətdə dəyişməyən, ölümsüz, mükəddər bir özəllik, bir özlük vardırmı? Özlükdən bəhs edənlər davamlı olaraq bunun əxlaqdan, hüquqdan, dildən və şairədən ibarət olduğunu iddia edirlər. Fəqət millətlər tarixi üzərində ən səthi bir düşünüş bütün bu ələmanların dəyişməz və əbədi olmadığını isbat edər.

Tarixində dinini ən aşağı iki dəfə dəyişməyən hansı millət vardır? Türklər, məsələn, vaxtı ilə şamanizm və daha sonra bir çox dinlərə girdikdən sonra islamiyyəti qəbul etmişlər.

Ərəblər də islamiyyətdən əvvəl bir neçə dinə mənsub idilər. Zatən belə olmayan bir tək millət yoxdur. Əxlaq və hüquqa gəlincə, bunlar mahiyyətləri etibarı ilə belə dəyişikdirlər. Daha dünən fəna və çirkin sayılan bir şey və ya hərəkətin eyni çevrə içində bu gün yaxşı və gözəl sayıldığı hər gün görülən olaylardandır. Hüquqa gəlincə, həyatın davamlı olaraq keçirdiyi dəyişiklikləri təsbit etmək üçündür ki, bütün bu yaşama məclisləri, bu parlamentlər bütün dünyada qurulmuşdur.

Hüququnu dəyişməz sayan millətlər donmuş və daş halına keçmiş olan qövmlərdir ki, onlardan burda söz açıla bilməz. Az-çox əbədilik qoxusu dildən gəlir. Fəqət bu da gerçək və ümumi deyildir. Məsələn, bu gün slavyancanı qəbul etmiş olan bulqarlar öz əski dillərini qeyb etmişlər. Bunun kimi bugünkü ingiliscə İngiltərədə yaşayan başlıca dörd ünsürdən hansına aid dilin davamıdır? Hankısı özəl bir tərzdə onu mənimsəyə bilir? Bununla bərabər, bir millətin tarixində ən sağlam olan və həmən dəyişməzlik dərəcəsinə varan amil dildir, yəni yalnız dildir ki, mahiyyəti dəyişmədən özəlliyini daşıyır.

1.ƏLİ BƏY HÜSEYNZADƏ (1864-1940) Türkçülük və turançılıq məfkurəsinin fəal təbliğatçısı. «İttihad və tərəqqi» təşkilatının yaradıcılarından biri, «Həyat» (Əhməd Ağaoğlu ilə birlikdə) və «Füyuzat» dərgisinin redaktoru olmuşdur.
2.ƏLİMƏRDAN BƏY TOPÇUBAŞI (1862-1934) – Azərbaycan istiqlal mübarizəsinin liderlərindən biri. Rusiyada müsəlman hərəkatının ideoloqlarından, AXC dövründə (1918-1920) parlamentin sədri olmuşdur.
3.İSMAYIL BƏY QASPIRALI (1851-1914) – «Tərcüman» qəzetinin redaktoru. Əslən Krım tatarların-dandır. Bütün ömrü boyu ortaq türk dilinin yaradılması uğrunda mübarizə aparmışdır.
4.«İTTİHAD VƏ TƏRƏQQİ» – gənc türklərin siyasi təşkilatı. 1893-cü ildə əsası qoyulmuşdur. 1908-ci il inqilabını «İttihad və tərəqqi» partiyası hazırlayıb həyata keçirmişdir, Azərbaycan siyasi xadimlərindən Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadə bu partiyanın Mərkəzi Komitəsinin üzvü olmuşdur.
5.ZİYA GÖYALP (1876-1924) – Türkçülük hərəkatının fəal ideoloqlarından biri
6.MEHMET EMİN YURDAQUL (1869-1944) – məşhur türk şairi. Türkiyədə millətçilik hərəkatının inkişafında mühüm xidmətləri olmuşdur.
7.HƏMDÜLLAH SÜBHİ TANRIÖVƏR (1886-1966) – görkəmli yazıçı və türkçülük hərəkatının öndərlərindən biri.
8.XALİDƏ ƏDİB ADIVAR (1884-1964) – türk yazıçısı. 1912-ci ildə çap olunmuş «Yeni Turan» adlı romanı ilə türkçülük hərəkatının inkişafına ciddi təsir göstərmişdir. 1950-1954-cü illərdə Türkiyə Böyük Millət Məclisinin üzvü olmuşdur.
9.YUSİF AKÇURA (1879-1935) – görkəmli ictimai-siyasi xadim. «Türk yurdu» və «Türk ocağı»nın yaradıcılarındandır. Atatürkün təşəbbüsü ilə yaradılan Türk Tarix Qurumunun ilk sədri olmuşdur. «Üç tərzi-siyasət», «Türkçülük» və başqa əsərlərin müəllifdir.
10.CƏLAL SAHİR EROZAN (1866-1935) – türk yazarı. «İttihad və tərəqqi» partiyasının tanınmış nümayəndələrindən olmuşdur.
11.«TÜRK YURDU» DƏRGİSİ – 1911-ci ilin sonlarından İstanbulda nəşrə başlayan mətbuat orqanı. Dərginin ilk redaktoru Yusif Akçura (1879-1935) olmuşdur. «Türk yurdu» cəmiyyətinin təşəbbüsü ilə çap olunmuşdur. Hazırda nəşrini davam etdirməkdədir.
12.«TÜRK OCAĞI» – ədəbi-kulturoloji cəmiyyət. 1912-ci ilin mart ayının 12-də İstanbulda əsası qoyulmuşdur. Əhməd Ağaoğlu, Məmməd Əmin bəy, Əhməd Fərid bəy, Fuad Sabit bəy onun əsas təsisçiləri olmuşdur. Hazırda «Türk ocağı» fəaliyyətini davam etdirməkdədir.
13.MÜTARƏKƏ – müqavilə, saziş. Burada 1918-ci ilin oktyabr ayının 30-da Türkiyə ilə Böyük Britaniya arasında bağlanmış Mondros müqaviləsi nəzərdə tutulur.
14.ŞEYX SƏDİ (1184-1291) – fars ədibi. «Gülüstan» və «Bustan» əsərlərinin müəllifi.
15.QAZİ MUSTAFA KAMAL PAŞA ATATÜRK (1881-1938) – İstiqlal savaşının qəhrəmanı, Türkiyə Cümhuriyyətinin qurucusu.
16.İSMƏT İNÖNÜ (1884-1973) – görkəmli hərbi və siyasi xadim. 1938-1950-ci illərdə Türkiyənin prezidenti olmuşdur.
17.İBN SİNA (980-1037) – görkəmli filosof və təbabət alimi.
18.İBN SABAH (1055-1124) – İsmaililər dövlətinin banisi və ilk hökmdarı (hakimiyyət illəri: 1090-1124) Həsən ibn əs Sabbah.
19.HARUN ƏR RƏŞİD – Abbasilər sülaləsinin xəlifəsi. Onun hakimiyyət illəri (786-809) ərəb xilafətinin ən qüdrətli dövrlərindən birinə təsadüf edir. Ərəblərin «Min bir gecə» nağıllarında onun obrazı yaradılmışdır.
20.MƏMUN (786-833) – Abbasi xəlifəsi. Bütöv adı Əbul-Abbas Abdullah əl-Məmundur.
21.MAHMUD QƏZNƏVİ (998-1030) – Qəznəvilər dövlətinin hökmdarı. İslam dinini Hindistana o gətirmişdir.
22.MƏLİKŞAH Cəlaləddin ibn Arslan (1055-1092) – Səlcuqlar sülaləsinin hökmdarlarından biri.
23.HÜLAKÜ (1217-1265) – Elxani hökmdarı.
24.ƏMİR TEYMUR (1336-1405) – böyük türk fatehi.
25.HAFİZ ŞİRAZİ (1325-1389) – tanınmış fars şairi.
26.ÖMƏR XƏYYAM (1048-1152) – məşhur fars şairi.
27.MÖVLANA CƏLALƏDDİN RUMİ (1207-1273) – məşhur türk şairi.
28.ƏKBƏR ŞAH (1542-1605) – Babil hökmdarı və yazarı.
29.ƏBÜL-ÜLA MƏƏRRİ (973-1058) – görkəmli ərəb şairi.
30.MONTEN MİŞEL (1533-1592) – fransız filosofu və yazıçısı. Ə. Ağaoğlu müəllifin adını fransızca olduğu kimi (Montaigne) işlətmişdir.
31.DANTE ALİGYERİ (1265-1321) – məşhur italyan ədibi. «İlahi komediya»sı ilə bütün dünyada tanınmaq-dadır. İtalyan ədəbi dilinin təşəkkülü onun adı ilə bağlıdır.
32.LÜTER MARTİN (1483-1546) – Almaniyada protestantizmin (lüteranlıq) banisi. Lüter kilsənin xalqı istismar etməsinə qarşı mübarizə aparmış, onun allahla insan arasında vasitəçi missiyasına qarşı çıxmış, eyni zamanda bir mədəniyyət xadimi kimi ümumalman ədəbi dilinin inkişafında mühüm rol oynamışdır.
33.TOLSTOY L.N. (1828-1910) – məşhur rus yazıçısı. «Hərb və sülh», «Anna Karenina», «Dirilmə» və başqa əsərlərin müəllifi.
34.VAQNER R. (1813-1883) – alman bəstəkarı.
35.DARVİN ÇARLZ (1809-1882) – İngilis təbiətşünası. O, «Təbii seçmə ilə növlərin əmələ gəlməsi» (1859), «İnsanın əmələ gəlməsi və cinsə əsaslanan seçmə» (1871) kimi məşhur əsərlərin müəllifidir. Təbii seçmə qanunu ilə bütün dünyada şöhrət qazanmışdır.
36.RUSSO JAN JAK (1712-1-778) – Fransanın məşhur yazıçı, filosof və maarifçisi.

Бесплатный фрагмент закончился.

74,87 ₽
149,73 ₽
−50%
Возрастное ограничение:
16+
Дата выхода на Литрес:
18 октября 2022
Объем:
191 стр. 2 иллюстрации
ISBN:
978-9952-8450-4-4
Правообладатель:
JekaPrint
Формат скачивания:

Похожие книги