Читать книгу: «Gülüstan. Bustan»

Sədi Şirazi
(1184–1294)
An ke pay əz sər-e nəxvət nə nehadi bər xak,
Aqebət xak şod-o xəlq bər u miqozərənd.
(Təkəbbür və dikbaşlıqdan ayaqları yerə dəyməyən hakimlər
torpağa döndülər və xalq indi o torpağı tapdalayıb keçir)
ÖN SÖZ
Sədi Şirazi (1184–1294) (əsl adı Müslihiddin Müşrif ibn Abdulla orta əsrlər fars ədəbiyyatının, qəzəl janrının ən görkəmli nümayəndələrindən biridir. Sədinin əsərləri dünya ədəbiyyatında həm keyfiyyəti, həm də daşıdığı dərin ictimai-sosial əhəmiyyətinə görə yüksək qiymətləndirilir. O, hələ öz zəmanəsində Hindistandan tutmuş Misrə qədər Yaxın və Orta Şərqin bütün xalqları arasında böyük şöhrət qazanmışdır. Sədi «Gülüstan»1 əsərinin müqəddiməsində «öz adının dillərdə əzbər olduğunu, sözlərinin bütün dünyanı tutduğunu» qeyd edir.
Şirazda doğulan Sədi gənc yaşlarında ərəb ədəbiyyatını və İslam biliklərini öyrənmək üçün Bağdada köçür. Dağıdıcı monqol istilalarından sonra, Sədi səfərə çıxmaq qərarına gəlir və ömrünün böyük qismini İraqı, Anadolunu, Suriyanı, Misiri, həmçinin Mərkəzi Asiyanı və Hindistanı gəzməyə, orada yaşayan insanların həyat tərzi ilə tanış olmağa həsr edir. Doğma Şirazına ahıl yaşlarında qayıdır.
Sədinin ən məşhur əsərləri «Bustan» (1257) və «Gülüstan»dır (1258). «Bustan» lirik janrda yazılmış islami nəsihətlərdən, dini baxımdan ədliyyə, təvazökarlıq, bərabərlik kimi keyfiyyətlərin tərifindən ibarətdir. Bundan savayı əsər dərviş mədəniyyəti haqqında məlumat verir.
«Gülüstan» epik formada təqdim edilmiş əhvalatlardan, lətifələrdən, hikmətli sözlərdən, məsləhətlərdən və qısa şeirlərdən ibarətdir. Hər iki əsər 1654-cü ildə alman dilinə tərcümə edilərək ilk dəfə avropalılara təqdim edilib.
Sədinin «Gülüstan» əsəri Azərbaycan dilinə 1962-ci ildə tərcümə və nəsr edilib. Əsər sonradan elmi-tənqidi cəhətdən təkmilləşdirilərək 1987-ci ildə yemdən nəşr olunmuşdur.
Əsl adı Müşərrəf ibn Müsləhəddin Abdulla, «Sədi» təxəllüsünü Şiraz hakimi Atabəy Əbubəkr Səd ibn Zənginin2 adı ilə əlaqədar qəbul etmişdir. Sədi təqribən 1184-cü miladi ilində İranın qədim mədəniyyət mərkəzlərindən biri olan Şiraz şəhərində bir ruhani ailəsində anadan olmuşdur. Sədi kiçik yaşlarında ikən atası Müsləhəddin vəfat edib. Atasının ölümü Sədiyə böyük təsir edib. O, atasının xatirəsini uzun zaman unuda bilməyib. «Bustan» və «Gülüstan»da atasına həsr edilmiş bir sıra təsirli şeirlər bunu sübut edir. Sədi hələ gənc yaşlarında ikən monqol hücumları başlamış və bütün Yaxın Şərq, o cümlədən şairin vətəni olan Şiraz da təcavüzlərə məruz qalıbmış. Bu dövrdə şair öz vətənini tərk edib İraqi-Ərəbə, Bağdada getmiş, orada məşhur «Nizamiyyə» məktəbində dərs almış, ərəb dilini və öz dövrünün başqa elmlərini mükəmməl öyrənmişdir. Bu istedadlı gənc, müəllimlərinin təlimi və Bağdadın ab-havasilə kifayətlənməyib Yaxın və Orta Şərq ölkələrini bir-bir dolaşmaq qərarına gəlmiş, Azərbaycan, Kiçik Asiya, Həbəşistan, Misir, Suriya, Fələstin, Hindistan və İran torpağını əksər halda piyada səyahət etmiş, Hind okeanı və Aralıq dənizini ticarət gəmilərində keçmişdir. Buna görə bəzi mənbələr Sədini eyni zamanda orta əsrin böyük səyyahlarından biri hesab edirlər.
Sədi öz səyahəti zamanı müxtəlif vəziyyətlərə düşmüş, gah dərviş libasında yazdığı şeirləri oxuyaraq, xalqa xeyri-şəri başa salmağa çalışmış, gah şeyxlərə, sufilərə qoşulmuş, gah azadixahlarla oturub durmuş, bəzən karvana qoşulmuş, bəzən muzdla xurma dərmiş, su paylamış, bir sözlə o, müxtəlif sənətə malik olan şəxslərlə, alim və avamlarla, dövlətli və yoxsullarla, mülkədar və kəndlilərlə oturub durmuş, onlarla yaxından tanış olmuşdur. Bu səyahət Sədinin dünyagörüşündə böyük dəyişiklik yaratmışdır. Şairin iti nəzəri xalqlar arasında mövcud olan əlaqələri, bu xalqların adət və ənənələrini bütün dərinliyi ilə görmüş, əsərlərində onlardan yeri gəldikcə istifadə etmiş və hikmətli nəticələr çıxarmışdır. Sədi səyahətləri zamanı Şərqdə davam edən səlib müharibələrindən birində iştirak edərək əsir alınmış və bir təsadüf nəticəsində ölümdən xilas olmuşdur.
Vətənini qızğın məhəbbətlə sevən, həmişə vətən həsrətilə yanan şair deyir: «Mən istərdim ki, Bəsrədə və ya Bağdadda qalım, lakin Rüknabad suyu və Şiraz torpağı məni özünə tərəf çəkir».
Sədi nəhayət 13-cü əsrin ortalarında vətəni Şiraza döndükdə artıq böyük həyat təcrübəsinə malik, kamil bir şair idi. Bu zaman monqol istilasının ağır, dağıdıcı hücumları sakitləşmiş Atabəy Əbubəkr Səd ibn Zəngi Şirazda hakimiyyət başında qalmışdı. O, monqol sərkərdələrinə bac-xərac verib, ölkəni və əhalini qətl və qarətdən xilas etmiş və beləliklə, çoxlarının; o cümlədən vətənpərvər şairin də rəğbətini qazanmışdı. Buna görə də şair özünün məşhur «Gülüstan» əsərini ona ithaf etmişdir.
Sədi şahların qəzəbindən, hökmdarların zülmündən qorxmayaraq öz əsərlərində müstəbidlərə qarşı çıxmış, məzlumların tərəfini saxlamış, ədaləti tərənnüm etmiş, heç bir bəxşiş və mükafat qarşısında həyatının sonuna qədər bu mövqeyini, əldən verməmişdir. Onun qəsidələri də əsasən şahlara və böyüklərə nəsihət və məsləhətdən ibarət olmuşdur.
Sədi ömrünün son günlərini guşənişinliklə keçirərək, Şirazın şimal-qərbində bir dağ ətəyindəki xanəgahda yaşamış və ölməz əsərlər, qəzəllər, qitə və rübailər yazıb yaratmışdır. Təsadüfi deyildir ki, onun şairlik şöhrətini eşidən böyük şəxsiyyətlər uzaq vilayətlərdən Sədinin ziyarətinə gəlmiş, ona qiymətli hədiyyələr gətirmişlər. Lakin Sədi dünya malı toplamamış, əksinə, əlinə düşənləri ehtiyacı olanlara paylamışdır. Xalq arasında Sədi haqqında belə deyilirdi: «Sədi»nin bir qapısından nemət daxil olur, o biri qapısından ehtiyacı olanlara paylanır». Mənbələrin dediyinə görə Sədi yüz ildən artıq yaşayaraq 1291-ci miladi ilində vəfat etmişdir.
Sədinin vəfatından təqribən 30 il sonra onun əsərlərini Əli ibn Əhməd ibn Əbubəkr Bistun adlı bir ədəbiyyatşünas toplayıb nizama salmışdır. Bistun topladığı əsərlərin hamısını «Külliyyat» şəklində tərtib edərək ona geniş bir müqəddimə də yazmışdır. O, Sədinin əsərlərini əlifba üsulu ilə düzdüyünü və onu bir necə kitaba ayırdığını bu müqəddimədə qeyd edir. Bu «Külliyyat»m əvvəlində Sədinin müxtəlif mövzuda 6 risaləsi də vardır. «Külliyyat»da bu risalələrdən sonra Sədinin ən qiymətli və şah əsəri olan «Gülüstan» və «Bustan» gəlir. «Gülüstan» 8, «Bustan» isə 10 babdan ibarətdir.
Sədinin bu iki əsəri ona dünya şöhrəti qazandırmışdır. Bu əsərlər yeddi əsrə yaxın bir müddətdə dünyanın bütün mədəni xalqlarının sevə-sevə oxuduğu kitablardır. «Gülüstan» latın, ingilis, fransız, alman, ərəb, türk, rus və keçmiş SSRİ ölkələri xalqlarının əksərinin dillərinə təkrar-təkrar tərcümə edilib. Sədinin əsərləri Avropa dillərinə tərcümə edildikdən sonra bu ölkələrin bəzi məşhur şairləri öz əsərlərində Sədinin ifadə və fikirlərindən istifadə etmişlər. Misal olaraq Volter, Lafonten, Göte kimi adı dünya şöhrəti qazanmış böyük şairləri göstərmək olar.
Şərq ədəbiyyatında Sədiyə qədər «Bustan»a bənzər əsər tapmaq mümkünsə də, «Gülüstan»a oxşar əsər tapmaq çətindir.
Sədi «Gülüstan»ı son dərəcə mahiranə bir surətdə həm nəsr, həm də şeirlə yazmışdır. Demək olar ki, bu, Sədinin öz yaradıcılıq ixtirasıdır. «Gülüstan» əsəri elə məharət və qüdrətlə yazılmışdır ki, istər onun nəsr hissəsi, istərsə şeir hissəsi füsünkar bir qələmin məhsulu kimi nəzərə çarpır. Burada dil sadəliyi, məzmun dərinliyi, yığcamlıq, zərbəni düz hədəfə vurmaq qabiliyyəti özünü bütün parlaqlığı ilə göstərmişdir. «Gülüstan» əsərinin belə şöhrət qazanması təkcə onun məzmununa görə deyil. Bu əsər eyni zamanda ustalıqla yazılmış, sadə və bədii ifadələri, təşbih, məcaz, səc, kinayə, istiarə və başqa bədii ifadə tərzləri ilə də özündən qabaqkı və sonrakı əsərlərdən çox fərqlənir.
Təsadüfi deyildir ki, məhz Sədinin «Gülüstan» əsəri bütün dünyada fars dili öyrənmək istəyənlərin ilk dərs kitabı olub.
Sədi öz nəsihətlərini elə məharətlə oxuculara aşılayır ki, ondan həm hakim, həm məhkum, həm alim, həm cahil, həm zahid, həm də rind ibrət dərsi götürə bilir. Buna görə də sonra gələn şairlər «Gülüstan»a bənzər əsərlər yazmağa çox çalışmışlar. Məşhur Əbdürrəhman Cami «Baharistan», Məcdəddin – «Xaristan», Qaani – «Pərişan», Sünbüli – «Gəndistan»3 adlı əsərlərini «Gülüstan»a nəzirə olaraq yazmışlar, lakin onların hər biri «Gülüstan» zirvəsinə yüksələ bilməmişdir.
Təsadüfi deyildir ki, məşhur hind şairi Həsən Dəhləvi «Gülüstan» əsəri haqqında deyib:
«Həsən Sədinin «Gülüstan»ından bir gül dərib gətirmişdir. Çünki məna əhli ancaq bu Gülüstandan gül dərər».
Sədinin «Gülüstan» əsərinin getdikcə daha çox yayılmasının, müxtəlif dillərə təkrarən tərcümə edilməsinin əsas səbəbi şübhəsiz ki, onun insanlar arasında sülhü, dostluğu və proqressiv fikirləri təbliğ etməsidir. Sədinin əsərləri Yaxşı adamlara məhəbbət, pis adamlara nifrət, hissilə doludur. Böyük humanist şair insanın zahiri görünüşünü deyil, onun mənəviyyatını nəzərə alır. Şairin fikrincə paltar, mal, dövlət, vəzifə, rütbə insanlıq şərəfi deyildir. İnsanlıq şərəfi xalqa xeyirli olmaqdadır.
«Gülüstan» əsəri müqəddimədən və kitabın yazılma səbəbindən sonra – hökmdarların rəftarı, dərvişlərin əxlaqı, qənaətin fəziləti, susmağın faydalan, eşq və cavanlıq, zəiflik və qocalıq, tərbiyənin təsiri, söhbət qaydaları – başlıqları ilə səkkiz fəslə bölünür.
Sədi şahlara, əmirlərə moizə və nəsihətin təsir etmədiyini gördüyü zaman onları məzlumların odlu ahı və qiyamət gününün haqq hesabı ilə qorxudurdu.
Şahlardan birisi Sədidən ona dua etməsini xahiş etdikdə Sədi demişdir: «Öz xalqına qarşı ədalətli ol ki, düşməndən xilas olasan».
Şairin fikrincə: «öz ölkəsində xalqı ədalətlə idarə edən hökmdarın başqa ölkələri müharibə yolu ilə almağa ehtiyacı yoxdur». Sədi həmişə sülh tərəfdarı olaraq ölkələri xarabazara çevirən müharibələri rədd etmişdir.
O, deyir: «Bir məsələni ki, sülh ilə həll etmək mümkündür, onu müharibə yolu ilə həll etmək ağılsızlıqdır». Şairin bu sözü hələ bu gün də yüksəkdən səslənməkdədir.
Sədi şahların və saray xadimlərinin çirkin sifətlərini aydın gördüyü üçün, onların qarşısında qul kimi əli qoynunda durmağı pisləmişdir. Bu nöqteyi-nəzərdən «Gülüstan»dakı iki qardaş hekayəti çox maraqlıdır.
«İki qardaş var idi, birisi şah sarayında qulluq edər, o birisi öz zəhmətilə çörək yeyərdi. Bir gün varlı qardaş yoxsul qardaşına dedi nə üçün şaha qulluq etmirsən ki, canını əziyyətdən qurtarasan? Qardaşı dedi: «bəs sən nə üçün işləmirsən ki, qulluq fəlakətindən xilas olasan?..»
Sədi hansı peşə ilə məşğul olmağından asılı olmayaraq bütün insanları düzlüyə çağırır. Onun fikrincə düzlüklə çalışan adama zaval yoxdur. Əyri işlərlə məşğul olan adamlar isə hər şeydən qabaq özlərinə pislik etmiş olurlar.
Gülüstan» əsərində dostluq məsələsinə də çox yer verilmişdir. Sədi o adamı yaxşı dost hesab edir ki, o dostunun nöqsanını üzünə deyir və bu qüsurların aradan qalxmasına kömək edir. Şair nöqsanı gizlədən dostdansa, nöqsanı göstərən düşməni üstün tutur.
Eyni zamanda Sədi başqası danışanda onun sözünü kəsməyi tərbiyəsizlik hesab edir və öyrədir ki, ağıllı adamlar məclisi sakit görməyincə dil acmaz. İnsan hər bildiyi sözü də hamıya söyləməyə borclu deyildir.
Təsadüfi deyildir ki, «Gülüstan»ın bir çox şeirləri sonralar zərbi-məsəl kimi dillər əzbəri olmuşdur. Tarixdə hələ heç bir kitab bu qədər zərbi-məsələ çevrilməmişdir.
Gülüstan
MƏRHƏMƏTLİ VƏ MEHRİBAN ALLAHIN ADI İLƏ BAŞLAYIRAM
İzzət və cəlal sahibi olan allaha şükür edirəm ki, itaət etməklə ona yaxınlaşır, şükür etməklə öz nemətini artırırsan. Hər nəfəs aldıqca ömür uzanır, hər nəfəs verdikcə ürək şadlanır. Deməli, hər nəfəs almaqda iki nemət mövcuddur və hər nemətə şükür etmək gərək.
Beyt
Məgər əldə dildə var öylə hünər,
Edə xaliqə şükür lazım qədər…
Şeir
Bəndə odur kim bilə təqsirini,
Üz tutaraq allahına yalvara,
Çünki ona layiq olan xidməti,
Kimsə bacarmaz edə bu dünyada.
Onun hesabsız rəhmət yağışı hər yerə yağmış, əsirgəmədiyi nemət süfrəsi hər yerə yayılmışdır. Öz bəndələrinin namus pərdəsini balaca günah üçün parçalamaz, səhvən onu inkar edənləri də ruzisiz qoymaz.
Şeir
Ey kəramət sahibi, başı bağlı xəznəndən Tərsayə də, gəbrə də bol-bol ruzi verirsən.
Düşmənlərə sən belə nəzər salan zamanda,
Unutmazsan yəqin ki dostlarını bir an da
Fərş sahibi, Səba yelinə əmr etdi ki, öz yaşıl fərşini yer üzünə sərsin, bahar buludunun dayəsinə də buyurdu ki, bitkilərin qızlarını yer beşiyində boya-başa çatdırsın. Ağaclar Novruz xələtilə yaşıl paltarı bürünüb, yaz mövsüminin gəlişilə budaqlarının başına çiçək papağı qoydu. Onun qüdrətilə şirinlik yarandı, xurma toxumu cücərib gözəl ağaca çevrildi.
Şeir
Bulud, külək, qəmər, günəş fələk daim işdədir,
Ki, bir qarın çörək tapıb sən yeyəsən ləzzətlə.
Hər şey olmuş sənin üçün hərəkətdə, fərmanda,
Düzgün olmaz sən vaxtını keçirəsən qəflətlə
Belə xəbər verirlər kainatın başçısı, bütün mövcüdatın iftixarı, aləmin qoruyucusu, insanların hamisi, zamanın son peyğəmbəri Məhəmməd Mustafa-allah onu səlamət etsin
Beyt
Şəfaətli, itaətkar, kəramətli peyğəmbər,
Ədalətli, şücaətli, mürüvvətli peyğəmbər
Beyt
Ümmətinin nə dərdi var sən tək arxa olan zaman,
Nuh gəmiçi olan yerdə qorxmaz heç kəs tufanlardan.
Beyt
Əgər günahkar və halı pərişan olan bir bəndə ümidlə o yüksək cəlallı həqqin dərgahına yalvarış əlini qaldırıb paz-piyaz etsə, böyük yaradandan etina görmədikdə yenə əl qaldırıb ah-nalə ilə ondan kömək istəsə, allah-taala buyurar: mənim qulumun məndən başqa köməyi olmadığından onun istəyini yerinə yetirdim, arzusuna çatdırdım ki, öz bəndəmin nə qədər yalvarışından xəcil oldum.
Beyt
Gör nə qədər allahda vardır lütfü kəramət
Bəndə günah eyləmiş o sa çəkir xəcalət.
Onun cəlal Kəbəsində bir guşəyə çəkilib ibadət edənlər özlərinin layiqincə ibadət edə bilmədiklərin etirafla, camalının gözəlliyini vəsf edənlər heyrət içində qalıb demişlər: biz sənin mərifətini layiqincə dərk edə bilmədik.
Şeir
Kim sorsa allahın vəsfini məndən,
Nişansız varlığı bilərmi bir kəs?
Aşiqin məşuqun ölmüşləridir,
Çıxmaz, şübhəsiz ki, ölmüşlərdən səs.
Ariflərdən biri başını aşağı salıb fikir dəryasına qərq olmuşdu, elə ki, düşüncədən ayrılıb özünə gəldi, dostlardan biri soruşdu:
-Getdiyin bostandan bizə bir hədiyyə ver.
O, dedi:
-Gedəndə yadımda idi ki, əkər gül ağacına çatsam, ətəyimi doldurub dostlara hədiyyə gətirəcəyəm. Lakin elə ki, bostana çatdım, gülün ətri məni o qədər məst etdi ki, ətəyimdən belə tuta bilmədim.
Şeir
Ey mürği-səhər eşqi bu pərvanədən öyrən,
Yandısa canı çıxmadı ondan yenə avaz.
Bu müddəilər bilməyir əsla nə xəbərdir,
Kim tutsa diləkdən xəbər, ondan xəbər olmaz.
Şeir
Ey xəyaldan üstün olan sirri bilinməz qüdrət,
Çox dedilər, çox eşitdik, çox oxuduq, nəhayət,
Məclis bitdi, ömür çatdı başa biz də qocaldıq,
Lakin yenə biz əvvəlki nöqtədə donub qaldıq.
ATABƏY ƏBUBƏKR İBN SƏDİN TƏRİFİ5
Sədinin gözəl tərifinin dillərə düşməsi, şair avazəsinin dünyaya yayılması, şirin hekayələrinin ağızda şəkər dadıb əsərlərinin hər yarpağının qızıl vərəqi tək əldən-ələ gəzməsi, onun öz fəzilət və sənətkarlığının yetkinliyindən deyil, bəlkə cahanın hökmdarı, zəmanənin sərdarı, Süleyman taxtının varisi və iman sahiblərinin hamisi, şahlar şahı Atabəy Müzəffərəddin Əbubəkr ibn Səd ibn Zənginin (yer üzündə allahın kölgəsi odur. İlahi, ondan razı ol və könlünü şad elə!) Ona mərhəmət nəzərilə baxıb, sənətinə yüksək rəğbət və həqiqi məhəbbət bəsləməsindəndir. Xalqın da ona dərin məhəbbəti bu səbəbdəndir.
Şeir
Mənə ki, salırsan belə xoş nəzər,
Günəşdən məşhurdur yazdığım əsər.
Olsa da qulunda çox eybü nöqsan,
Hünərdir hər eybi bəyənsə sultan.
Şeir
Gecən gün hamamda ətirli bir gül,
Yetişdi əlimə bir dost əlindən.
Soruşdum müşksən, ya inki ənbər,
Ki, belə məst oldum sənin iyindən?
Dedi ki, yararsız bir palçıq idim,
Bir müddət gül ilə etdim nişimən.
Mənə dost kamalı eyləmiş təsir,
Yoxsa ki, yararsız haman giləm mən!
Allah Şiraz torpağını adil hökmdarların gücü və işgüzar alimlərin himmətilə dünya durduqca əmin-amanlıqda saxlasın.
Yəqin bu Pars mülkünə toxunmaz afəti-dövran,
Ki, salmış başına sayə sənin tək sayeyi-yezdan.
Tapa bilməz yəqin heç kəs gəzərsə cümlə dünyam, Sənin dərgahi-alin tək ki, versin dərinə dərman. Özünsən arxası hər bir zavallı bəndənin daim,
Görüm versin mükafatın sənin ol xaliqa-keyhan.
Bu xaki-Parsı sən saxla ilahi badi-afətdən,
Nə qədri abü xak olsa cahanda baqi, cavidan.
KİTABIN YAZILMASININ SƏBƏBİ
Bir gecə keçən günləri xatırlayıb hədər getmiş ömrümə təəssüf edir, könlümün saray daşını göz yaşımın almaz danələrilə deşir, öz halıma münasib olan bu beytləri deyirdim:
Şeir
Ömürdən gedir bu gecən hər nəfəs
Baxıram ətrafa qalmamış bir kəs
Ey yatan əlli il qəflətdə bütün,
Qoyma ki, boş gecə bu qalan beş gün
Utansın o kəs ki, ömrü puç etdi,
Dünyadan köçəndə xəcalət getdi.
Köç vaxtı səhərin şirin yuxusu.
Qoyar piyadəni yoldan, doğrusu.
Hər gələn dünyada bir bina saldı
O getdi, mənzili özgəyə qaldı.
Çoxları dünyaya göstərdi həvəs.
Tikdiyi binada qalmadı bir kəs.
Vəfasız dünyaya meyl etmə, zinhar.
Dostluğa yaramaz bu köhnə qəddar
İndi ki, öləcək pis də, yaxşı da.
Xoş ona ki çatdı yaxşı bir ada.
Bir yarpaq göndər öz qəbrinə bu gün
Ki, sonra göndərmək deyildir mümkün.
Dövran bir günəşdir, ömür isə qar
Hələ gör xacədə necə qürrə var?
Ey pulsuz bazara gedən sərsəri,
Qorxuram əliboş dönəsən geri.
Sütülkən kim yesə əkinin hər il,
Başşaq toplayacaq xirmən üstü bil.
Bu düşüncələrdən sonra belə qərara gəldim ki, xəlvət bir guşəyə çəkilib heç kəslə söhbət etməyim, sinə dəftərimi mənasız sözlərdən təmizləyib, daha hədərən-pədərən danışmayım.
Beyt
Qalıb bir guşədə sakit danışmaz olsa bir insan,
Daha xoşdur, açıb dil boş, ləyaqətsiz danışmaqdan.
Elə bu zaman vaxtilə kəcavədə həmnişinim 6 və hücrədə həmdəmim olan dostlarımdan biri qabaqkı adəti üzrə qapımdan içəri girdi. O, nə qədər gülüb-danışıb, zarafat etdisə, cavab vermədim və başımı ibadətdən qaldırmadım. İncik nəzərlə məni süzüb dedi:
Şeir
Bu gün mümkün ikən danışmaq sənə,
Dil aç, qardaşım, söylə, xoşluqla din!
Əcəl peyki bir gün yaxandan tutar.
Zərurət üzündən susarsan, yəqin.
Yaxın adamlarımdan biri vəziyyəti görüb, dostumu başa saldı ki, filankəs qalan ömrünü dünyada guşənişinliklə keçirib, tənhalıq və sükutla başa vurmağı qərara almışdır. Əgər bacarırsan, sən də öz başının çarəsini qıl, nə məsləhət bilirsənsə elə də et.
Dedi:
– O böyük izzətə və qədim səmimiyyətə and olsun, əgər o, mənimlə həmişəki kimi dostcasına danışmasa, əl çəkib, ayaq geri qoymayacağam. Çünki dostun gönlünə dəymək nadanlıqdır. İçdiyi andın günahını isə asanlıqla yuya bilər. Onun seçdiyi bu yol düz yol deyil, ağıllı adamlar rəva bilməzlər ki, Əlinin zülfüqarı qınında, Sədinin sözü qəlbində qalsın.
Şeir
Nədir dil ağızda, ey ağlı olan,
Hünər xəznəsinə açardır inan.
Əgər bağlı olsa, kim anlar ki, o,
Cavahir satandır, ya muncuq satan
Ədəb sayılsa da məclisdə susmaq,
Məsləhət zamanı danışmaq gərək.
İki şey ağıla nöqsan sayılır,
Yersiz susmaq ilə yersiz söz demək.
Nəhayət onunla danışmaqdan boyun qaçırıb, üz döndərməyə insafım yol vermədi, o mənim ən yaxın dostum və sədaqətli sirdaşım idi.
Beyt
Necə vuruşasan, o adamla sən,
Ki, onun üzündən gecə bilmirsən.
Onunla söhbət etməyə məcbur oldum. Qalxıb gəzə-gəzə seyrə çıxdıq. Bahar fəsli idi, şaxtalı soyuqlar zamanı keçmiş, qızıl gül dövranı çatmışdı.
Nəzm
Ağaclar üstündə yarpaq köynəyi,
Bayram paltarıdır şadlıq bağında
Birinci günüdür Ordibehiştin,7
Bülbüllər oxuyur gül budağında.
Qızılgül üzünə al şəbnəm qonmuş.
Sanki tər düzülmüş yar yanağında.
Gecəni dostlarımızdan birinin bağında keçirməli olduq. Gözəl və səfalı bir yer idi. Ağaclar baş-başa vermiş, sanki torpağına mina zərrələri səpilmiş, budaqlarına ulduz danələri asılmışdı.
Şeir
Cənnəttək bir bağdır, çağlayır sular, .
Quşların səsilə dolmuşdur hər yan.
Al-əlvan lalələr bəzəmiş yeri.
Meyvələr doldurmuş bağı firavan.
Külək ağacların kölgəliyində.
Rəngbərəng fərşləri döşəmiş əlvan.
Səhər açılanda qayıtmaq arzusu qalmaq istəyinə üstün gəldi, dostumun ətəyini cürbəcür güllər və çiçəklərlə doldurub, şəhərə aparmaq istədiyini gördüm. Ona dedim:
–Özün bilirsən ki, gülün davamı, gülüstanın isə vəfası yoxdur. Atalar yaxşı demişlər: ömrü az olan şeyə könül bağlamağa dəyməz.
Dedi:
–Nə etmək lazımdır?
Dedim:
–Oxuyanlara səfa, eşidənlərə şəfa verən «Gülüstan» adlı bir kitab yazmaq lazımdır ki, heç bir xəzan yeli onun yarpaqlarına əl vura bilməsin və zamanın gərdişi onun nəşəli baharım boranlı qışa çevirə bilməsin.
Şeir
Nəyinə lazımdır gül tabaq-tabaq,
Gəl, «Gülüstan»ımdan apar bir varaq.
Gül beş-altı günə saralıb solar,
Mənim Gülüstanım daim xoş olar.
Mən bu sözləri deyən kimi dostum ətəyindəki gülləri yerə töküb, ətəyimdən yapışdı və dedi:
– Kişi vədinə vəfa etməlidir.
Elə həmin gün «Ünsiyyət və söhbət qaydaları barəsində» natiqlərə fayda verən, yazıçılara sənətkarlıq öyrədən iki fəsil hazır oldu, xülasə, gülüstandan kül qurtarmamış «Gülüstan» kitabı tamam oldu.
Lakin, həqiqətdə bu kitab o zaman bitmiş hesab edilə bilər ki, o, dünyanın pənahı, allahın (yer üzərində) kölgəsi, yaradanın mərhəmət nuri, zamanın zinəti, sülhün dayağı, göylərdən kömək alan, düşmənlərə zəfər çalan, qalib dövlətin qüvvəti, millətin parlaq çırağı, dövranın camalı, islamın kamalı, Səd ibn Atabək, böyük, əzəmətli şahlar şahı, ümmətin ümidi, Ərəb və Əcəm hakimlərinin başçısı, quruların, dənizlərin sultanı, Süleyman mülkinin varisi, Müzəffərəddin Əbubəkr ibn Səd ibn Zənginin (allah, onun səadətini əbədi et, cəlalını artır, işlərinə rəvac ver) sarayında bəyənilsin və (şahzadə) öz lütfkar nəzərlərilə ona baxmış olsun.
Şeir
Bəzərsə mərhəməti bu kitabı sərvərimin,
Olar bu Çin bəzəyi ya ki, nəqşi-«Ərjəngi»8
Ümidlərim bunadır ki, qəbula layiq olar,
Ki, gülüstan ola bilməz məkani-diltəngi
Ələlxüsus onun əvvəlində xoş xətlə,
Yazılsa Səd Əbubəkr Səd ibn Zəngi.
Mənim fikrimin gəlini zinətdən məhrum olduğu üçün, utandığından başını yuxan qaldırıb, yaslı gözlərini xəcalətin ayağı altından ayıra bilmir. Nə qədər ki, böyük əmir, alim və ədalətli, qələbələr ilhamçısı, səltənət taxt-tacını qoruyanların başçısı, məmləkətin tədbirçilər tədbirçisi, fəqirlərin pənahı, qəriblərin istinadgahı, alimlərin hamisi, zahidlərin dostu, fars əhlinin iftixarı, din və dövlətin fəxri, islamın və müsəlmanların köməkçisi, şahların, sultanların etimadlısı Əbubəkr ibn Əbunəsr (allah onun ömrünü uzun, mənsəbini böyük, ürəyini geniş, yaxşı əməllərinin mükafatını artıq etsin. Çünki, o, dünyanın ən böyük adamlarının tərifinə layiq olmuş, xasiyyətlərin ən gözəllərini özündə toplaya bilmişdir) bu əsəri qəbul edib, onu öz mərhəməti ilə zinətləndirməyincə (bu gəlin) ariflər məclisinə çıxa bilməyəcəkdir.
Şeir
Onun kölgəsində kim olsa, əlbət,
Kini dostluq olar, günahı taət.
Dərvişlərdən başqa hər bir bəndənin və xidmətçinin bir vəzifəsi vardır. Bunlardan hər kim öz işində kahıllıq etsə və səhlənkarlığa yol versə, danlanılar və məsuliyyətə cəlb olunarlar. Dərviş tayfası isə böyüklərin nemətləri müqabilində şükür edib xeyir-dua oxuyurlar. Belə bir xidməti zahirdə etməkdənsə gizlində etmək daha münasibdir, çünki, birincisi yaltaqlığa yaxındır, ikincisi qədirdanlığa, ona görə də tez müstəcab olar.
Şeir
Bu fələyin qaməti şadlıq ilə oldu rast
Ta ki sənin tək oğul doğdu bu bətni-zaman.
Hikməti var xaliqin, lütf eləsə hər kəsə,
Bəndəni xas eyləyib xalqa edər hökmran.
Kim yaşadı xeyrilə, tapdı əzəl dövlətin,
Xeyir-dua saxlayar yaxşı adı cavidan.
Əhli-kəmal etsə də etməsə də vəsfini,
Məşşatə lazım deyil gül üzə heç bir zaman.
Saray xidmətindən çəkinib guşənişin olmağımın səbəbi bu misaldakı Hikmətə görədir: hind filosoflarından bir neçəsi bir yerə yığışıb Bozorcmehrin9 fəzilətindən söhbət açmış və nəhayət onun ağır-ağır danışmasından başqa bir eybini tapmamışlar; yəni o, danışarkən çox düşünür, dinləyici isə onun fikrinin sonunu intizarla gözləməli olurmuş. Bozorcmehr bunu eşidib demişdir:
– Əvvəlcə «nə deyim», haqqında fikirləşmək, sonradan «niyə dedim?» peşmançılığından yaxşıdır.
Şeir
Dünya görmüş qoca söz ustadı, bil,
Əvvəlcə fikir edər, sonra açar dil.
Tələsik söyləməz sözünü bir dəm.
Fikrini kamil de, gec olsa nə qəm!
Düşünüb sonra de sözü müxtəsər,
O qədər danışma, «bəsdir» desinlər.
Nitqilə üstündür heyvandan insan.
Heyvandan əskiksən boş-boş danışsan
Xüsusən böyük hökmdarın ariflər və bilikli alimlər iştirak edən hüzurunda danışmağa cəsarət göstərsəm, utanmazlıq edər və hüzuri-mübarəkə dəyərsiz mal gətirmiş olardım. Cavahirat bazarında muncuğun bir arpa qədər qiyməti olmaz. Çıraq, günəş qarşısında işıq verməz, uca minarələr Əlvənd dağı 10 yanımda alçaq görünər.
Şeir
Kim xalqa iddia göstərsə əgər,
Hər yerdən başına bir zərbə dəyər.
Sədisə yazıqdır, qəlbi azadə,
Yazıqla kim dava edər dünyada?
Əvvəlcə bir düşün, sonra dilə gəl,
Divar tez yıxılar olmasa təməl,
Mən də bir gülçüyəm, bostandan uzaq.
Mən də bir Yusifəm Kənandan 11 uzaq.
Loğmandan 12 soruşdular ki, «elmi kimdən öyrəndin?» Dedi: korlardan, onlar ayaqları altını yoxlamadan irəli addım atmazlar. Atalar demişlər:
– Bir yerə girməzdən əvvəl oradan necə çıxacağını düşün! Fərd. Kişiliyini sına, sonra arvad al.
Şeir
Xoruz cəld olsa da savaşda, lakin,
Qızıl quş cənginə o qadir deyil,
Pişik siçan üçün pələng olsa da,
Pələng qarşısında bir siçandır bil.
Lakin alicənab şəxslər öz tabeliklərində olan adamların eyiblərini üzə vurmayıb, xırda qüsurlarını açmadıqlarına əmin olduğumdan, müxtəsər şəkildə bir sıra qəribə hekayələri, təmsilləri, şeir və nağılları, həmçinin keçmiş hökmdarların əxlaq və rəftarlarından bəhs edən rəvayətləri bu kitabda topladım və əziz ömrümün bir hissəsini ona sərf etdim.
Şeir
Bu dünya duracaq illər boyunca,
Lakin torpaq olar bizim bu bədən.
Bir xəyal qalacaq bizdən yadigar.
Varlıqsa yox olub gedəcək həmən
Bəlkə bir xeyirxah biz yazıqları,
Rəhmətlə xatırlar dua edərkən.
Kitabı tərtib edib fəsillərə ayırarkən, mətləbi qısa bir surətdə ifadə etməyə diqqət göstərməyi lazım bildim və oxucunun darıxmaması üçün behişt bağlarına oxşayan bu «Gülüstan» kitabını səkkiz fəslə böldüm:
1. Hökmdarların rəftarı haqqında.
2. Dərvişlərin əxlaqı haqqında.
3. Qənaətin fəziləti haqqında.
4. Susmağın faydalan haqqında.
5. Eşq və cavanlıq haqqında.
6. Zəiflik və qocalıq haqqında.
7. Tərbiyənin təsiri haqqında.
8. Söhbət qaydaları haqqında.
Günümüz xoş ikən, keçmədəydi bil,
Hicrətdən altı yüz əlli altı il,
Qəsdimiz verməkdi düz yolu nişan,
Allaha tapşırıb köçdük dünyadan.
I FƏSİL
HÖKMDARLARIN RƏFTARI HAQQINDA
1. Hekayət 13
Nağıl edirlər ki, bir padşah bir əsirin öldürülməsini əmr etmişdi. Yazıq əsirin ümidi kəsildikdə, ağzına gələni deyib padşaha söyüşlər yağdırmağa başladı. Məsəl var deyərlər: canından əl çəkən ağzına kələni deməkdən qorxmaz!
Beyt
Yoxsa bərk ayaqda qaçmağa imkan,
Kəsərli qılıncı qarmalar insan.
Şeir
Ümidsiz qalsa hər insan
Açar dil, qorxmaz aləmdə.
Hücum eylər itə birdən
Pişik məğlub olan dəmdə.
Padşah yanındakılardan əsirin nə danışdığını soruşdu. Xeyirxah vəzirlərdən biri dedi:
–Ey hökmdar, o deyir ki, qəzəblənəndə özünü saxlaya bilən adam, başqalarının da günahını bağışlaya bilər.
Padşah rəhmə gəldi, əsirin ölümündən əl çəkdi. Xeyirxah vəzirin rəqibi olan başqa bir vəzir sözə qarışıb dedi:
–Hökmdarın hüzurunda yalan danışmaq bizim kimi adamlara yaraşmaz. Bu əsir padşahı söyüb, ona nalayiq sözlər dedi.
Şah bədxah vəzirin bu sözündən hiddətlənərək dedi:
–Onun yalanı sənin doğrundan xoş idi, çünki o, xeyirxahlıq məqsədilə deyilmiş, səninki isə bədxahlıq. Ağıllı adamlar demişlər: «Sülh doğuran yalan, fitnə törədən doğrudan yaxşıdır».
Şeir
Kimin ki, sözünə əməl edir şah,
O, gərək hər sözdə olsun xeyirxah.
Fridunun 14 sarayının tağında yazılmışdır:
Lətifə
Bu dünya məgər qaldımı bir şaha?
Get öz qəlbini bağla bir allaha.
Bu dünya, bu mülkə sığınma bir an,
O sən tək çoxun məhv edibdir, inan.
Nə fərqi gedərkən bu canü, bu tən,
Ya taxt üstə öl, ya da torpaqda sən?
2. Hekayət
Xorasan hakimlərindən biri yuxuda gördü ki, Mahmud Səbüktəkinin 15 bütün badəni çürüyüb torpağa qarışmış, lakin gözləri hələ də öz hədəqəsində hərlənir və ətrafa baxır. Bütün alimlər bu yuxunu yozmaqda aciz qaldılar. Ancaq orada olan dərvişlərdən biri baş əyib dedi: «Gözləri həsrət çəkir, axı, ölkəsi əldən-ələ keçir».
Şeir
Çox gömüldü yer altına mənəm-mənəm deyənlər
Ki, onlardan bu dünyada bircə ad-san qalmadı.
Torpaq altda yatanlara bir diqqətlə nəzər sal.
Torpaq yedi, sümüyündən belə nişan qalmadı.
Yaxşı addır Nuşirəvanı 16 bu dünyada yaşadan.
Lakin, köçdü bu dünyadan Nuşirəvan, qalmadı.
Ey filankəs, xeyirxah ol, bil həyatı qənimət,
Nə qədər ki, deməmişlər filan-filan qalmadı.
3. Hekayət
Bir şahzadə haqqında eşitmişəm ki, özü çirkin və qısaboylu, qardaşları isə gözəl və uca idi. Bir dəfə şah ona alçaq nəzərlə baxıb, etinasızlıq göstərdi. Oğlan həssas idi, başa düşdü və dedi:
– Ata, ağıllı gödək, axmaq uzundan yaxşıdır. Hər qaməti uca olanın qiyməti baha olmaz. Qoyun kiçik olsa da təmiz, fil böyük olsa da murdardır.
Şeir
Şeir
Söylədi bədəncə zəif bir alim,
Bir şişman axmağa: «Varmı xəbərin,
Əgər ərəb atı arıq olsa da,
Bir tövlə eşşəkdən yaxşıdır, yəqin».
Atası güldü, söz dövlət başçılarının ürəyinə yatdı, qardaşlarında isə kin oyatdı.
Şeir
Nə qədər dil açıb dinməmiş insan,
Hünəri və eybi qalacaq nihan.
Gördüyün hər meşə sanma ki, boşdur,
Bəlkə də yatmışdır orada qaplan.18
Deyirlər ki, həmin günlərdə güclü bir düşmən padşahın ölkəsinə hücum etdi. Hər iki tərəfin qoşunları üz-üzə gəldikdə döyüş meydanına birinci atılan haman oğlan oldu.
Vuruş çağı kimsə görməmişdir arxamı,
Bəlkə torpaq-qan içində görəcəksən döşümü.
Hər döyüşən öz başını itirirsə vuruşda,
Dönüb qaçan, girə verər saya gəlməz qoşunu.
Bunu deyib, özünü düşmən qoşununa vurdu, bir necə pəhləvan öldürdükdən sonra atasının yanma gəldi, baş əydi və dedi:
Məni belə zəif hesab edən sən,
Demə ancaq boydadır hər iqtidar.
Döyüşlərdə incə belli at gərək.
Kök öküzün meydanda nə xeyri var?!
4. Hekayət
Nağıl edirlər ki, düşmənin qoşunu son dərəcə çox, hökmdarınkı isə az idi. Buna görə də onun qoşunundan bir hissə döyüşdən qorxub qaçmağa başladı. Bu vaxt haman oğlan nərə çəkib dedi:
–Ey, kişisinizsə, çalışın qadın paltarı geyməyin! Süvarilər onun bu sözündən qeyrətə gəlib cəsarətləndilər, qaçanlar da geri döndülər, hamısı birlikdə düşmənə qarşı hücuma keçdi. Padşahın qoşunu həmin gün düşmənə qələbə çaldı.
Şah igid oğlunu bağrına basıb öpdü. Sonra şahın ona qarşı məhəbbəti gündən-günə artmağa başladı, nəhayət onu özünə vəliəhd təyin etdi. Qardaşları paxıllıqdan onun xörəyinə zəhər qatdılar. Bacısı eyvandan bunu gördü, dərhal pəncərəni bərk çırpdı. Oğlan işin nə yerdə olduğunu duydu və əlini xörəkdən çəkərək dedi:
– Heyfdir, hünərlilər ölə, hünərsizlər onların yerini tuta!
Beyt
Ataları bu xəyanətdən xəbərdar olub oğlanlarını yanma çağırtdırdı, onlara lazımi qulaqburması verdikdən sonra, hərəsinə ölkənin uzaq bir hissəsində yer ayırdı. Bununla da aralarındakı fitnə yatdı və ədavət aradan qalxdı, çünki məsəl var deyərlər: «On dərviş bir kilimə yığışar, iki padşah bir ölkəyə sığışmaz»
Şeir
Bir çörək taparsa mömin, düz adam,
Yarısın paylayıb, yansın yeyər.
Padişah bir ölkə aldıqda, yenə
İkinci ölkəni almaq istəyər.
5. Hekayət
Ərəblərdən bir dəstə quldur dağ başında məskən salıb, karvan yolunu kəsmiş, dağın zirvəsində ən uca yerdə möhkəm bir mövqeyi tutmuşdular. Buna görə şah qoşunları quldurlara bata bilmir, camaat isə onların qorxusundan yata bilmirdi. Quldurların bu hərəkəti bir müddət də davam edərsə, onlara üstün gəlməyin mümkün olmayacağını görən o ətrafın başçıları tədbir üçün bir yerə toplaşdılar.
Şeir
Yeni rişə atan cavan bir çinar,
Bir adam əl atsa yerindən çıxar.
Lakin kök atarsa o xeyli zaman,
Fələk də gələrsə, qoparmaz, inan.
Çeşmə tutulsa da kiçik bel ilə,
Dolarsa keçilməz böyük fil ilə.
Başçılar məsləhətləşib bir nəfəri quldurları pusmağa göndərdilər və hücum üçün fürsət gözləməyə başladılar. Pusquda oturmuş adam tezliklə xəbər gətirdi ki, quldurlar məskənlərini yiyəsiz qoyub, hansı bir tayfa üzərinə isə basqına getmişlər. Bunu eşidən kimi dərhal sınanmış və müharibə görmüş bir dəstə döyüşçü göndərdilər, onlar gedib quldurların məskən saldığı dağın keçidində pusquda dayandılar. Axşamüstü quldurlar çoxlu qənimətlə öz məskənlərinə qayıtdılar, qənimətləri yerbəyer edib, silahlarını açdılar, paltarlarını soyunaraq yatdılar. Onların başının üstünü alan birinci düşmən yuxu oldu. Gecədən xeyli keçdi.
Beyt
Pusqudakı igidlər dərhal hücum edib quldurların qollarını bir-bir dallarına bağladılar, səhər açılan kimi şahın hüzuruna gətirdilər. Şah quldurların hamısını öldürməyi əmr etdi. Onların içərisində gənc bir oğlan da var idi. Onun gül çöhrəsi bahar çəməni tək təzəcə çiçəklənir, gənc ömrünün həyat bağında ilk meyvələr yetişirdi. Vəzirlərdən birinin ona rəhmi gəldi, irəli çıxaraq şahın taxtı önündə təzim etdi və dedi:
– Bu gənc hələ həyat bağından meyvə dərməmiş, cavan ömrünün ləzzətini görməmişdir. Hökmdarın kəramət və səxavətinə arxalanaraq xahiş edirəm ki, şah onun qanından keçsin və bu qulunu minnətdar etsin.
Vəzirin bu sözündən xoşlanmayan şah hiddətləndi və dedi:
Beyt
Yaxşıdan ibrət götürməz, zati bəd, nacins olan,
Necə ki günbəz başında qoz dayanmaz heç zaman.
Belə yaramazların nəslini kəsib, dudmanlarını dağıtmaq lazımdır. Odu söndürüb qorunu saxlamaq, əfini öldürüb balasına rəhm etmək ağıllı iş deyildir.
Şeir
Göylərdən yağsa da dirilik suyu,
Söyüd ağacında görməzsən səmər.
Alçaq adamlarla oturub durma,
Həsir qamışından alınmaz şəkər.
Vəzir şahın sözünü istər-istəməz təsdiq etdi, onun fikrinə afərin deyib əlavə etdi:
– Cahan hökmdarının buyurduqları həqiqətdir, yaramazlar içərisində tərbiyə alan, onların xasiyyətini də mənimsəyər. Lakin bu oğlan hələ uşaqdır və quldurların yaramaz sifətləri onda möhkəm təsir buraxa bilməz. Qulunuz ümid edir ki, əgər o, bundan sonra xeyirxah adamlar arasında tərbiyələnsə, gözəl xasiyyətlər qəbul edib, islah oluna bilər. Bir hədisdə deyilir ki, insan fitrətən pak doğulur, lakin sonra, ata-anasının tərbiyəsi ilə, ya yəhudi, ya xristian, ya da atəşpərəst olur.
Şeir
Pislərə yar oldu Lutun arvadı
Ayrıldı peyğəmbər xanədanından.
İtisə bir zaman Əshabi-kəhfin,
Yaxşılarla getdi oldu bir insan.21
Şahın yaxın adamlarından bir neçəsi də vəzirə qoşulub vasitəçilik etdilər. Nəhayət şah oğlanın günahından keçdi və dedi:
– Məsləhət bilmirəm, lakin bağışlayıram.
Şeir
Zal bir gün söylədi oğlu Rüstəmə: 22
«Biçarə və zəif sanma düşməni,
Çox gördük balaca çeşmənin suyu,
Güclənib apardı yüklü dəvəni».
Xülasə, oğlanı nazü-nemətə çatdırıb, tərbiyəsini təcrübəli bir müəllimə tapşırdılar. Nəhayət oğlan natiqlik, hazırcavablılıq və saray qaydalarını dərindən öyrənib, hamısının rəğbətini qazandı.
Bir dəfə vəzir şahın hüzurunda oğlanın fəzilətlərindən danışaraq dedi ki, ağıllı mürəbbilərin tərbiyəsi yaxşı nəticə vermiş, köhnə, yaramaz xasiyyətlərdən oğlanda əsər qalmamışdır.
Hökmdar vəzirin sözünə gülümsəyib dedi:
Şeir
İnsanla qalmağa etsə də adət,
Qurd oğlu qurd olar, yenə, nəhayət.
Bu hadisədən bir-iki il keçdi. Oğlan bir dəstə yerli dələ-duzlarla dostlaşıb, onlarla yoldaşlıq etməyə başladı. Əvvəlki quldurluq xasiyyətləri onda yenidən baş qaldırdı. Nəhayət günlərin birində fürsət tapıb həmən vəziri, onun iki oğlunu öldürdü, evini soyub, var-dövlətini yığışdırdı, quldurların mağarasına qaçıb, atasının yerində oturdu və yol kəsməyə başladı. Padşah bu hadisədən xəbərdar olduqda təəssüflənib dedi:
Şeir
İti şəmşir olmaz paslı dəmirdən,
Gözləmə nakəsdən adamlığı sən.
Yağışla sulansa bağ da, şoran da,
Bağda lalə bitər, şoranda tikan.
Şeir
Şoranlıq bitirməz sünbül heç zaman
O yerdə zəhməti eyləmə hədər.
Pisə yaxşılıqla, yaxşıya pislik,
Mənaca bir şeydir, düşünsən əgər.
6. Hekayət
Oğulmuşun 23 sarayında çox ağıllı, düşüncəli və dərrakəli bir sərhəng oğlu var idi. Hələ uşaqlıq vaxtlarından alnında böyüklük nişanəsi parlardı.
Şeir
Kəmalı ulduz tək başı üstə bax.
Parlardı hər yana işıq saçaraq.
Xülasə, oğlan həm yaraşıqlı idi, həm də ağıllı. Ona görə hökmdarın rəğbətini qazanmış və mənsəbə çatmışdır. Atalar doğru demişlər: «Dövlət malda deyil, kamaldadır, ağıl yaşda deyil, başdadır». Bir gün tay-tuşları oğlanın vəzifəsinə həsəd aparıb, onu xəyanətkarlıqda təqsirləndirdilər, öldürülməsi üçün səy göstərdilər.
Misra
Düşmən nəçidir, dost, sənə qəmxar olsa.
Hökmdar oğlanı yanma çağırıb soruşdu: «Bunların sənə qarşı düşmənçiliyinin səbəbi nədir?». Oğlan dedi:
– Böyük hökmdarın mərhəmətilə, paxıllardan başqa hamını razı sala bilmişəm, paxıla gəldikdə o, mənim nemətdən, hökmdarın isə səadətdən məhrum olmasını istəyir.
Beyt
Bacararam bir ürəyə toxunmayım heç zaman,
Nə edim ki, paxıl özü öz qəlbini edir qan.
Öl ey paxıl, bəlkə canın rahat ola büsbütün,
Çünki səni yalnız ölüm qurtarar bu əzabdan.
Şeir
Alçaqlar arzu edər ki, daim,
Dünyada olmasın bəxtəvər insan,
Gündüz yarasalar görmürsə əgər,
Bununçün varımdır günəşdə nöqsan?
Kor olsun minlərlə qoy elə gözlər!
Günəşə çökməsin qaranlıq bir an.
7. Hekayət
Belə rəvayət edirlər ki, Əcəm 24 hökmdarlarından biri rəiyyətin var-yoxunu əlindən alıb, onlara əziyyət verməyə başladı. İş o yerə çatdı ki, xalq bu zülm və sitəmə davam gətirməyib başqa ölkələrə qaçmağa və qürbətdə yaşamağa məcbur oldu. Əhali əskildikcə ölkədə məhsul da azaldı, xəzinə boş qaldı. Bunu görən düşmənlər təzyiq göstərməyə başladılar.
Beyt
Kim müsibət günü istər ona bir yar olsun,
De ki, xoş gündə özü xalqa havadar olsun.
Qulağı halqalı qul, hörməti görməzsə gedər,
Lütf qıl, lütf sənə yadları da bir qul edər.
Bir gün onun hüzurunda «Şahnamə» 25 kitabından Zöhhakın 26 devrilməsi və Fridunun qələbəsi haqqındakı hissəni oxuyurdular.
Vəzir soruşdu:
– Heç bilmək olmur ki, xəzinəsi, mülkü və qüvvəsi olmaya-olmaya Fridun hökmdarlığı necə ələ ala bildi?
Hökmdar dedi:
– Məgər eşitmədinmi ki, cəmaət ona tərəfdar çıxıb, ətrafında sıx birləşmiş, taxt-tacı ələ gətirməsinə kömək etmişdir.
Vəzir dedi:
–Ey hökmdar, əgər camaatı ətrafında sıx birləşdirmək şahlığın əsasıdırsa, bəs nə üçün sən xalqı başından dağıdırsan? Məgər sən şahlıq etmək istəmirsən?
Beyt
Ordunu can kimi bəslə hər zaman,
Orduyla sayılar hər yerdə sultan.
Hökmdar dedi:
–Ordu və camaatı ətrafımızda birləşdirməyin şərti nədir? Vəzir dedi:
–Şah səxavətli olmalıdır ki, onun ətrafına toplansınlar; rəhmli olmalıdır ki, ondan qorxub qaçmasınlar; səndə isə bunların heç biri yoxdur.
Şeir
Şahlara yaraşmaz zülm etmək bir an,
Qurddan ola bilməz sürüyə çoban.
Padişah zülm etsə xalqına əgər.
Özü öz mülkünü tar-mar edər.
Ağıllı vəzirin məsləhəti hökmdarın xoşuna gəlmədi, hiddətlənərək onu zindana göndərdi. Çox çəkmədi ki, hökmdarın əmoğlanları üsyan edib atalarının haqqını almaq üçün qoşun çəkdilər. Şahın zülm və sitəminə davam gətirməyən, vətənini tərk etmiş adamlar da qayıdıb onlara qoşuldular. Nəticədə hökmdar məğlub oldu və hökmdarlıq əmoğlanlarının əlinə keçdi.
Şeir
Rəiyyətə zülm edərsə bir ağılsız hökmdar.
Düşmən bir gün edər onun ölkəsini tar-mar.
Rəiyyətlə sülh edən şah dəf edər hər afəti.
Adil şahın ləşkəridir çünki öz rəiyyəti.
8. Hekayət
Bir şah öz əcəm qulu ilə gəmiyə minmişdi. Demə qul ömründə gəmiyə minməmiş, dəniz səfərinin əziyyətini görməmiş imiş. O, qorxudan əsməyə və ucadan ağlamağa başladı. Gəmidəkilər nə qədər çalışdılarsa onu sakit edə bilmədilər. Qulun bu halı şahın kefini pozdu. Lakin bir çarə tapa bilmirdilər. Gəmidə müdrik bir adam var idi, vəziyyəti belə gördükdə dedi:
–İcazə versəniz, mən onu sakit edə bilərəm. Hökmdar dedi:
–Son dərəcə lütf göstərmiş olarsınız.
Əmr etdi qulu dənizə atdılar, Qul bir neçə dəfə suya batıb çıxdı; sonra saçlarından tutub onu gəmiyə tərəf dartdılar. O, iki əlli sükandan yapışıb sallandı və elə ki, gəmiyə çıxdı, susub dinməz, söyləməz bir küncdə oturdu. Şaha bu qəribə gəldi, haman müdrik adamdan soruşdu ki, bunda nə hikmət var?
Dedi:
–Bu qul dənizdə qərq olmaq qorxusunu keçirmədiyindən gəmidəki əmin-amanlığın qədrini bilmirdi. O da məlumdur ki, fəlakətə düşməyən sakitliyin qədrini bilməz!
Şeir
Ey tox, sənə xoş gəlməyir əgər arpa çörəyi,
Bil ki, sənə xoş gəlməyən bu şey mənə nemətdir.
Cənnət əhli bir cəhənnəm sanar ikən erafı, 27 Cəhənnəmin əhli üçün eraf özü cənnətdir.
Beyt
Fərqi vardır: birisinin ağuşunda gözəl yar,
Digərinin iki gözü yolda qalmış intizar.
Hörmüzə dedilər: – Atanın vəzirlərindən nə xəta baş verib ki, onları həbs etdiribsən?
Dedi:
– Elə bir xəta baş verməyib ki, həbsə səbəb olsun. Lakin gördüm, zəhmim onların ürəyinə elə çöküb ki, verdiyim vədlərə belə inanmırlar. Qorxdum canlarının qorxusundan canıma qəsd etsinlər. Ona görə də alimlərin sözünə əməl etdim. Alimlər deyiblər ki:
Şeir
Kim səndən qorxursa, qıl ondan həzər,
Olsan da yüz elə şəxsə bərabər.
Pişik aciz qalsa, görmürsən, dərhal,
Pələngin gözünə atacaq çəngal.
İlan ona görə çalır çobanı Ki, qorxur çomaqla alınsın canı.
9. Hekayət
Ərəb hökmdarlarından biri qocalıq vaxtında xəstələnib, həyatdan ümidini kəsmişdi. Bu zaman bir atlı gəlib, xoş xəbər verərək dedi:
–Hökmdar sağ olsun, düşmənin qalasını dağıdıb başçılarını da əsir aldıq. Düşmənin camaatı və qoşunları hökmdarın bayrağı altına keçdilər.
Hökmdar kədərlə köksünü ötürüb dedi:
–Bu xoş xəbəri mənə yox, varislərimə ver!
Şeir
Əziz ömür başa çatdı xoş arzular içində,
Dedim kaş ki, ürəyimdən gecən girsin qapımdan.
Ürəyimdən gecən gəldi, lakin ümid yoxdur ki,
Keçən ömür geri dönə, mən də olam kamran.
Şeir
Köç təblini vurdu əcəl əlilə,
Ey gözlərim başa deyin: əl vida.
Ey əl, bilək və qol daha ayrılın.
Üzə, gözə, qaşa deyin: əlvida.
Düşmənlərin kamınca mən gedirəm,
Ban bu yoldaşa deyin: əlvida!
Mən nadan yaşadım dünyada, ban,
Dostum, sən xoş yaşa, deyin əlvida!
10. Hekayət
Dəməşq məscidində, Yəhya peyğəmbərin məqbərəsində olduğum zaman, ədalətsizlikdə şöhrət tapmış bir ərəb hökmdarı da təsadüfən oraya ziyarətə gəlmişdi. O, namaz qıldıqdan sonra dua oxuyub, allahdan köməkliklər istədi.
Beyt
Sonra o, mənə müraciət edib dedi:
–Dərvişlərin mərhəmətli və sədaqətli olduğuna inandığıma görə, xahiş edirəm, mənə bir məsləhət verəsiniz, çünki güclü bir düşmən məni hədələyir. Cavabında dedim:
– Gücsüz rəiyyətə rəhm elə ki, güclü düşməndən zülm görməyəsən!
Şeir
İnsaf deyil, güclü ikən göstərərək zor, qüvvət.
Sındırasan bir yazığın pəncəsini nəhayət.
Qorxsun o kəs, biçarəyə rəhm etməyib zülm edə.
Yıxılanda kimsə ona hayan durmaz əl-əlbət.
Hər kim əkib «pislik» dəni, yaxşı məhsul gözləsə.
Xam xəyala düşmüş olar, boşa çıxar bu niyyət.
Qulağından pambığı at, ver bu xalqın haqqını.
Sən verməsən, gələr bir gün, haqqın istər rəiyyət.
Şeir
Bir bədən üzvüdür bu bəni-adəm.
Eyni bir cövhərdən yaranmış aləm.
Bir üzvü dərdlərə salsa ruzigar.
Tutmaz başqa üzvü yerində qərar.
Özgənin dərdinə əgər qalmasan,
Yaraşmaz adına deyilsin insan.
11. Hekayət
Duası müstəcab olan bir dərviş Bağdad şəhərinə gəldi. Həccac Yusifə29 xəbər verdilər, onu yanma çağırtdırıb dedi:
–Mənim üçün bir xeyir-dua ver!
Dedi:
–Ey allah, Həccacın canını al!
Həccac soruşdu:
–Allah xatirinə, bu necə duadır?
Dedi:
–Bu duanın həm sənə, həm də bütün müsəlmanlara xeyri vardır.
Şeir
Məzlumlara zülm edən ey hökmran!
Nə vaxtadək sürəcəkdir bu dövran?!
Nə dörd əlli tutmusan bu dünyanı,
Birdəfəlik öl ki, mərdümazarsan.
12. Hekayət
Zalım hökmdarlardan biri, bir abiddən soruşdu:
–İbadətlərdən hansı yaxşıdır?
Dedi:
–Sənin üçün yarım günlük yuxu. Heç olmasa camaat yarım gün sənin əziyyətindən qurtarmış olar.
Şeir
Gündüz gördüm yatıbdır bir zülmkar,
Bu fitnədir dedim, yatsa yaxşıdır.
Oyaqlıqdan yatması xoş olan kəs.
Birdəfəlik yerə batsa yaxşıdır.
13. Hekayət
Nəql edirlər ki, bütün gecəni eyş-işrətlə məşğul olan bir hökmdar səhərə yaxın məst halda deyirdi:
Bizim üçün bu dünyada bundan artıq dəm yoxdur.
Ki, yaxşı, pis şeylər üçün fikir yoxdur, qəm yoxdur.
Bayırda, şaxtalı havada çılpaq yatmış bir dərviş bunu eşidib dedi:
Beyt
Ey deyən dünyada, ən xoşbəxt bizik,
Tutaq sən qəmsizsən, biz də qəmsizik?
Dərvişin sözündən hökmdarın xoşu gəldi, ona min qızıl vermək istədi, pəncərədən qızıl kisəsini çıxarıb səslədi:
–Dərviş, ətəyini aç!
Dərviş dedi:
–Paltarım var ki, ətəyim olsun?!
Dərvişin belə yazıq vəziyyətini və zərif təbiətini görən hökmdarın ona həddən artıq rəhmi gəldi. O, qızıl kisəsinin üstünə bir xələt də qoyub, dərvişə verdi. Lakin çox çəkmədi ki, dərviş pulu xərclədi, xələti də satıb yedi və yenə bəxşiş ümidi ilə hökmdarın yanma qayıtdı.
Beyt
Azadə kəslərin əli boş olar,
Xəlbirdə su qalmaz, aşiqdə qərar.
Hökmdarın söz dinləməyə meyli olmadığı vaxt dərvişin gəldiyini ona xəbər verdilər. Hiddətlənib, qaşqabağını tökdü.
Buna görə ağıllı adamlar deyiblər ki, hökmdarların qəzəbindən ehtiyat etmək lazımdır. Çünki hökmdarlar ölkənin böyük məsələlərilə məşğul olduqlarından qara camaatın hayına qalmazlar.
Şeir
Hər kim gözləməsə vaxtı, fürsəti,
Ona haram olar şahın neməti.
Hər zaman sözünün bil məqamını
Boş sözlə məhv etmə ehtiramını.
Hökmdar dedi:
– O qədər dövləti az bir vaxtda dağıdıb tələf edən bu həyasız, israfçı gədanı buradan qovun! Dövlət xalqın malıdır. Kömək yoxsullar üçündür, israfçılar üçün deyil.
Beyt
Axmaq əgər yandırarsa şamını gündüz çağı,
Gecə vaxtı şamsız qalar, zülmət olar otağı.
Ağıllı vəzirlərdən biri sözə qarışıb dedi:
– Ey hökmdar, məncə belə adamlara xərcliyi az-az vermək yaxşıdır ki, birdən israf etməsinlər. Cəzalandırmaq məsələsinə gəldikdə isə, əmriniz onu tərbiyələndirmək məqsədilə olsa da, bəziləri bunu sizin səxavətsizliyinizə yozarlar. Bundan əlavə, ümidvar etdiyiniz adamı yenidən naümid edib könlünü sındırmaq kəramətinizə yaraşmaz.
Beyt
Tamahkara öz qapını çalış açma heç zaman,
Açdınsa bil, bir də onu bağlamaq olmaz asan.
Şeir
Kim görmüş dünyada Hicaz 30 təşnəsi,
Şor suyun yanında yurd salıb yaşar?
Lakin harda şirin bir bulaq olsa,
İnsan, quş, qarınca ora toplaşar.
14. Hekayət
Keçmiş hökmdarlardan biri ölkəni idarə etmək işində bacarıqsız olub, qoşuna yaxşı fikir vermirdi. Günlərin birində ölkəyə güclü bir düşmən basqın etdi. Əsgərlər hökmdardan üz döndərib, düşmənə qarşı vuruşmaqdan boyun qaçırdılar.
Beyt
Əsgərə xəzinə qıymasa sultan,
O da əl qılınca atmaz heç zaman.
Hökmdara sədaqətsizlik göstərənlərdən birisi mənimlə dost idi. Onu danlayıb dedim:
–İllər boyu xidmət etdiyin və nemətindən faydalandığın şəxsin vəziyyəti azacıq dəyişəndə ondan üz çevirmək – sədaqətsizlik, nankorluq və alçaqlıqdır.
Dostum dedi;
–İnsaf etsən, üzrümü qəbul edərsən, çünki atım arpasızlıqdan buxovda, çulu isə qonşu yanında girovda idi. Bir də ki, döyüşçüyə pulunu əsirgəyən hökmdara canı fəda etmək olmaz!
Beyt
Sən əsgərə qızıl versən, o düşmənə meydan açar,
Son qızılı əsirgəsən, baş götürüb uzaq qaçar.
Beyt
Əgər qarnı tox olarsa, hücum edər pəhləvan,
Əgər qarnı boş olarsa, geri qaçar durmadan.
15. Hekayət
Bir vəzir işdən çıxarılıb, saraydan qovuldu. O, tərkidünya olub, dərvişlərə qoşuldu. Az keçmədi ki, dərvişlərin söhbəti ona təsir etdi. O da hər cür qayğını unutdu,
Bir gün hökmdar yenidən ona mərhəmət göstərib, xidmətə çağırdı. O isə hökmdarın çağırışını rədd edib dedi:
–Ağıllı adamların əqidəsincə, səhrada qul olmaq, saraya qulluq etməkdən yaxşıdır.
Şeir
Qənaət küncündə oturan kəslər,
Naəhlin və itin dilini kəsər.
Qələmi sındırıb kağız cıranlar,
Qeybətçi kəslərdən yaxa qurtarar.
Hökmdar israr etdi:
–Ölkənin işlərini layiqincə yerinə yetirmək üçün bizə ağıllı, istedadlı adam lazımdır.
Vəzir dedi:
–Ey hökmdar, ağıllılığın elə əsl əlaməti olur ki, bu kimi işləri öhdənə götürməyəsən.
Beyt
Şərəflidir hüma quşu bütün quşlardan əlbət,
Sümük yeyir, çünki vermir bir canlıya əziyyət.
Zərbi-məsəl
Çölpişiyinə dedilər:
–Nə üçün həmişə şirin dalınca gəzirsən? Cavab verdi:
–Ovladığı şikarın tör-toküntüsünü yeyib, ac qarnımı doyurur və onun heybəti sayəsində özümü düşməndən qoruyuram.
Soruşdular:
–İndi ki, kölgəsində dolanır, nemətinə şükür edirsən, bəs nə üçün çox yaxınlaşmırsan ki, onun sədaqətli xadimləri sırasma kecəsən?
Dedi:
–Axı qəzəbindən də arxayın deyiləm.
Beyt
Yüz il atəşpərəst tonqal yandırar,
İçinə bir dəfə düşən tək yanar.
Saray xadimi bəzən qızıl alarsa, bəzən də baş verər.
Filosoflar demişlər:
-Hökmdarların daima dəyişilən xasiyyətlərindən qorxmaq lazımdır, çünki bəzən salamdan hiddətlənər, bəzən söyüşdən xoşlanıb xələt verərlər.
Bir də deyiblər ki, həddən artıq zarafat etmək nədimlər üçün hünər, alimlər üçün qüsurdur.
Beyt
Öz qədrini sən yaxşı bil, vüqarını vurma yerə,
Qoy mənasız zarafatlar qismət olsun nədimlərə.
16. Hekayət
Bir gün dostlarımdan biri yanıma gəlib həyatının uğursuzluğundan şikayətlənərək dedi:
– Ailəm çox, gəlirim yox, yoxsulluq dərdinə də tab gətirə bilmirəm. Dəfələrlə bu fikrə düşmüşəm ki, baş götürüb özgə vilayətə gedim, orada necə yaşasam, nə yaxşımı bilən olar, nə pisimi.
Beyt
Çox ac yatmış, lakin onu bilməmişdir bir insan,
Çox ölənin başı üstə tapılmamış ağlayan.
Yenə düşmənin tənəsindən qorxub düşünmüşəm ki, məni dalda lağa qoyarlar, ailəm haqqında göstərdiyim səyi namərdlik hesab edib deyərlər:
Şeir
Bircə sən o nanəcibə nəzər sal,
Gülməyəcək bəxti onun üzünə,
Tək özünə asudəlik düşünür,
Ailəni salır çölün düzünə.
Sənə məlumdur ki, mühasibat elmindən azacıq başım çıxır. Əgər sənin hörmətin xatirinə mənə bir iş versələr, ürəyim rahat olar, nə qədər ömrüm var sənə minnətdar olaram.
Dedim:
– Qardaşım, şah sarayında xidmət etməyin iki başı var: ümid və qorxu, yəni bir tərəfdən çörək, digər tərəfdən can qorxusu.
Çörək ümidilə canı qorxuya salmaq isə ağıllı adamların işi deyil.
Şeir
Heç bir şeyi olmayana deməzlər,
«Torpaq və bağ vergisi ver darğaya»
Ya qüssəyə, qəmə, dərdə razı ol,
Ya da pay ver ciyərini qarğaya.
Dostum israr etdi:
– Sözlərin istəyimə müvafiq, sualıma mütabiq olmadı. Yalnız xəyanətkarlar sorğu-sualdan qorxar.
Beyt
Düzlüyü çox sevər taleyi yazan,
Görmədim düz yolda yolunu azan.
Filosoflar demişlər: «Dörd adamın dörd adamdan xoşu gəlməz: quldurun – sultandan, oğrunun – qarovulçudan, əyyaşın – xəbərçidən və fahişənin – darğadan. Haqq-hesabı düz olanın hesab verməkdən nə qorxusu!».
Şeir
Düşməni sən aciz etmək istəsən,
İşində heç israf eləmə zinhar.
Sən təmiz həyat sür, kimsədən qorxma,
Ki, daşa çırpılar natəmiz paltar.
Dedim:
–Sənin hekayətin tülkünün əhvalatına oxşayır. Bir gün gördülər ki, tülkü özünü itirmiş halda qaçır, özünü ora-bura vurur, gah yıxılır, gah durur. Bir nəfər soruşdu: «Nə olub ki, belə qorxuya düşübsən?» Tülkü dedi:
– Eşitmişəm ki, dəvəni biyara aparırlar.
Soruşan dedi:
–Ay axmaq, dəvə ilə sənin nə əlaqən, heç sən dəvəyə oxşayırsanmı?
Dedi:
–Sus, əgər paxıllar qərəzlə desələr ki, dəvədir, məni də tutub apararlar. Onda kim dərdimə qalıb, can yandıracaq və mənim tülkülüyümü sübut edəcək? Eşitməmişsən ki, deyiblər: «Tülkü tülkülüyün sübut edincə, dərisini boğazından çıxardarlar?!»
–Sən ağıllı, düz və etibarlı adamsan. Lakin paxıllar pusquda, düşmənlər isə küncdə gizlənmişlər. Onlar gözləyirlər ki, imkan tapcaq sənin yaxşı sifətlərini şahın qarşısında pis qələmə versinlər və onun sənə qəzəbi tutsun. Belə bir hal baş verərsə, kimin danışmağa cürəti çatar ki, səni müdafiə etsin? Məsləhət görürəm ki, aza qənaət edib rəislik fikrindən daşmasan.
Beyt
Dənizdən çox xeyir olsa da hasil,
Şübhəsiz yaxşıdır yenə də sahil.
Dostum bu sözləri eşitcək hirsləndi, üzünü çevirib ağır sözlər deməyə başladı və dedi:
–Sən nə danışırsan, ağıllı, düşüncəli adam belə sözlər deyərmi? Atalar doğru demişlər: «Dost dar gündə bilinər, süfrə başında düşmən də dost görünər».
Şeir
Ona dost demə ki, süfrə başında,
Deyə: «Qardaşın da, dostun da mənəm»
Ona dost deyərəm ki, çətin gündə,
Dostun arxasında dayana möhkəm.
Dostumun açıqlandığını və nəsihətimi qərəz sandığını gördükdə Sahib-divanın31 yanma getdim. Çoxdan bəri yaxın olduğumuza görə dostumun əhvalını ona nağıl etdim, ləyaqətli, və sədaqətli olduğunu söylədim. Nəhayət, dostumu kiçik bir vəzifəyə təyin etdilər. Bir müddət həmin vəzifədə işlədikdən sonra düz və bacarıqlı olduğunu görüb bəyəndilər, daha yüksək bir vəzifəyə təyin etdilər. Beləliklə, getdikcə onun tale ulduzu yüksəldi, nəhayət istədiyi ən yüksək mərtəbəyə çatdı, hökmdarın rəğbətini qazanaraq onun ən yaxın xidmətçilərindən biri oldu. Kefinin köklüyündən xəbərdar olduqda sevinib dedim:
Beyt
Beyt
Qardaşım, qəm çəkib etmə ahü-zar,
Allahın çox gizli mərhəməti var
Beyt
Zəmanə dərdindən çəkmə qəm, kədər,
Səbr acı olsa da, şirin bar verər.
Təsadüfən mən bir necə dostumla səfərə getməli oldum. Məkkədən qayıdanda həmin dostum məni qarşılamağa gəldi. Dərhal duydum ki, işdən çıxarıblar, Çünki dövlət adamları ancaq işdən çıxarıldıqları zaman dostu axtarmağa vaxt tapa bilərlər.
Şeir
Vəzifə başında, bəxt gülən zaman.
Dostların üzünə baxmaz bircə an.
Kasıblıq, çətinlik üz verən dəmdə.
Dostuna söyləyər dərdini haman.
Üzündə qəm nişanəsi qiyafəsində kədər ifadəsi görüb soruşdum ki, bu nə haldır?
Dedi:
–Necə ki, demişdin, elə də oldu. Bəzi adamlar paxıllıq edib, məni xəyanətkarlıqda ittiham etdilər. Hökmdar isə işin nə yerdə olduğunu aydınlaşdırmaq üçün səy göstərmədi. Qədimki dostlarım, səmimi yoldaşlarım da keçmiş sədaqəti unudaraq həqiqəti deməkdən çəkindilər.
Şeir
Vəzifə başında olan kəslərə,
Hamı söyləyər: mərhəba, afərin,
Vəzifə başından salan tək fələk,
Başından basarlar, ürəklərdə kin,
Xülasə, cürbəcür işgəncələrə məruz qaldım. Nəhayət bu həftə həccə gedənlərin sağ-salamat qayıtmaları münasibətilə məni həbsdən azad etdilər və yalnız atadan qalan mirası geri verdilər.
Dedim:
–O zaman sözümü qəbul etmədin, hökmdarlara xidmət etmək dəniz səfəri kimidir, həm qorxusu var, həm faydası, ya xəzinə taparsan, ya dənizdə batarsan,
Beyt
Bundan artıq onu danlamağı, yaralı könlünə duz səpib yenidən sızıldatmağı rəva görmədim, sözümü bu iki beytlə müxtəsər etdim:
Şeir
Bilmirdin, nəsihət dinləməyəndə,
Nəhayət ayağın düşəcək bəndə?
Əqrəb yuvasına barmaq uzatma,
Əgər ağrısına tab yoxsa səndə!
17. Hekayət
Dərvişlərdən bir neçəsi mənimlə dost idi. Onlar zahirən təmiz adamlar idilər. Buna görə də böyük mənsəb sahiblərindən biri onlara həddən artıq inanaraq, hərəsini bir vəzifəyə təyin etmişdi. Bir gün onların birindən dərvişə yaraşmayan bir hərəkət baş verdi, mənsəb sahibi hamımızdan şübhələnməyə başladı və beləliklə bazarımız kasadlaşdı. Yoldaşların işini bir təhər yenidən bərqərar etmək üçün mənsəb sahibinin yanma getdim. Qapıçı bəd üz göstərib əvvəlcə məni içəri buraxmadı. Mən onda günah görmədim. Çünki məsəl var deyərlər:
Şeir
Əmirin, vəzirin və hökmdarın,
Səbəbsiz dolaşma ətrafında sən.
Dərban da, köpək də qəribi tutar.
Birisi yaxadan, biri ətəkdən.
Hökmdar mənim qapıda gözlədiyimi bilən kimi, dərhal məni içəri apartdırıb hörmətlə yuxarı başda yer göstərdi, lakin mən təvazökarlıqla aşağı başa keçib dedim:
Beyt
Nə olar qoy olum sənə bir bəndə,
Bəndələr səfində oturum mən də.
Dedi:
– Allah eləməsin, bu nə sözdür?
Beyt
Otursan gözlərim üzərində sən
Nazını çəkərəm ki, nazəninsən.
Xülasə, oturub hər tərəfdən danışdıq, nəhayət yoldaşların ağır yaşayışından söz açıb dedim.
Şeir
Nə gördü bizdə ki, nemət verən böyük sultan,
Baxır qəzəblə bizə, dindirir məlamətlə.
Xuda üçün yaraşar lütfü mərhəmət daim,
Günah görəndə belə lütf edər kəramətlə.
Bu söz hökmdara çox xoş gəldi, dostlarımın maddi vəziyyətini qabaqkı kimi bərpa etməyi, boş gecən günlərin də əmək haqqının verilməyini əmr etdi. Minnətdarlığımı bildirdim, vaxtını almağa cəsarət etdiyim üçün üzr istədim və təzim edərək çıxanda dedim:
Şeir
Kəbə niyaz qibləsidir, ona görə əhali,
Ziyarətə gələr onu uzaq-uzaq yollardan
Sən də gərək çox dözəsən verdiyimiz zəhmətə,
Çünki barsız bir ağaca daş atmazlar heç zaman.
18. Hekayət
Bir şahzadəyə atasından çoxlu miras qaldı. O, əliaçıqlıq və səxavət göstərərək, əsirgəmədən qoşuna və camaata bəxşişlər verməyə başladı.
Beyt
İyləsən duymazsan ətrini udun,
Yananda ətrini duyarsan onun.
Böyüklük axtarsan, göstər səxavət,
Ki, toxum əkməsən almazsan nemət.
Bir gün nadan yoldaşlarından biri ona öyüd-nəsihət verib dedi:
– Keçmiş hökmdarlar bu qədər mal-dövləti səy, zəhmətlə toplayıb yaman gün üçün yığmışlar. Bilməlisən ki, qabaqda bir çox hadisələr gözlənir, arxada isə düşmənlər gizlənir. Bu qədər israf düzgün deyildir, çünki lazım olan vaxtda pula əl çatmaz.
Şeir
Xəzinə bəxş etsən rəiyyətə sən,
Hər kəndə pay düşər bir düyü qədər.
Hər kəsdən bir arpa gümüş toplasan,
Payına hər gün bir xəzinə düşər.
Bu söz şahzadənin xoşuna gəlmədi, ona acıqlanıb dedi:
–Allah bu mal-dövləti ona görə mənə veribdir ki, həm özüm yeyəm, həm də başqalarına bağışlayam, nəinki gözətçi olub qoruyam.
Beyt
Böyüklük istəsən xalqa bəxşiş ver,
Sən, toxum səpməsən nə bitirər yer?
Beyt
19. Hekayət
Nağıl edirlər ki, bir gün ədaləti Ənuşirəvan üçün ovlaqda kabab bişirirdilər, lakin duz yox idi. Duz üçün kəndə bir adam göndərmək lazım gəldi. Nuşirəvan ona dedi:
– Duzu zorla deyil, pulla al ki, kənd xaraba qalmasın.
Soruşdular:
– Azacıq duzla kənd necə xaraba qalar?
Ənuşirəvan cavab verdi:
– Zülm dünyada əvvəlcə az idi, sonra hər gələn ona bir az artırdı, nəhayət, indiki həddə gəlib çatdı.
Şeir
Şah rəiyyət bağından bir alma dərsə həmən,
Nökərləri çıxarar ağacları kökündən.
Beş yumurta alıb şah zülm eyləyən zamanda,
Qoşunu min toyuğu şişə çəkər bir anda.
20. Hekayət
Eşitmişəm ki, nadan bir vəzir sultanın xəzinəsini doldurmaq üçün camaatın var-dövlətini əlindən alarmış. Görünür o, ataların bu sözündən xəbərsizmiş:
– Hər kim xalqa zülm edib böyük və əziz allaha asi olsa, allah da həmin xalqı onun üzərinə qaldırıb, kökünü yer üzündən kəsər.
Beyt
Atəşdən daha da betər yandırar,
Məzlumun ürəkdən çəkdiyi ahlar.
Deyirlər heyvanların ən əzəmətlisi şir, ən alçağı eşşəkdir, lakin hamı təsdiq edər ki, yük daşıyan eşşək, adam öldürən şirdən yaxşıdır.
Şeir
Eşşək ki, deyirlər çox natəmizdir,
Yük çəkir, bununçün xalqa əzizdir.
Zəhmətkeş öküzlə, yük çəkən eşşək,
Bədxah insanlardan yaxşıdır bişək.
Yenə nadan vəzirin nağılına qayıdaq. Təsadüfən sultan vəzirin bəzi yaramaz işlərindən xəbərdar oldu. Elə bilmə ki, qan yerdə qalar. Sultan vəziri cəzalandırıb cürbəcür əziyyətlərlə öldürtdü.
Şeir
Soltanın istəyi yerinə yetməz,
Xalqının halına qalmasa əgər,
İstərsən ki allah səni ucaltsın,
Allahın xalqına mərhəmət göstər.
-Belə deyirlər ki, sitəmdidələrdən biri vəzirin başı üstünə gəlib, ona neçə cəza verildiyini müşahidə edib deyirdi:
Şeir
Bəzi arxalanıb öz qol gücünə,
Xalqın var-yoxunu əlindən alar.
Lakin udulsa da sivri bir sümük,
Göbəkdə bənd alıb, qarnı parçalar.
Beyt
Xalqına zülm edən zalım dünyada,
Həmişə lənətlə salmaz yada.
21. Hekayət
Nağıl edirlər ki, bir mərdümazar hərbçi, rəhmdil bir dərvişin başına daş vurdu. Dərviş intiqam ala bilmədiyi üçün daşı götürüb saxladı. Bir gün hökmdar haman hərbçiyə qəzəblənərək onu quyuya saldı. Dərviş quyunun başına gəlib saxladığı daşı onun başına çırpdı. Hərbçi soruşdu:
–Sən kimsən, məni niyə daşla vurursan?
Dərviş dedi:
–Mən haman adamam ki, bu daşı sən filan tarixdə mənim başıma vurmuşdun.
–İndiyə qədər bəs haradaydın?
–Xidmətdə olduğun zaman hiddətindən qorxurdum. İndi isə səni quyuda görüb, acığımı çıxmağa fürsət tapdım.
Şeir
Hər əclafa olsa əgər bəxti yar,
Fazil adam sükut edər ixtiyar.
Yoxundursa iti dırnaq və pəncən,
Vəhşilərlə heç vuruşa girmə sən.
Hər kim polad qola dursa müqabil,
O, öz lətif qollarım əzər, bil.
Gözlə, fələk onu yıxan zamanda,
Dost kamınca əz başını bir anda.
22. Hekayət
Keçmiş hökmdarlardan biri elə bir dərdə düşdü ki, adını çəkməsək yaxşıdır. Bütün həkimlər belə nəticəyə gəldilər ki, bu dərdin dərmanı ancaq filan xasiyyətlərə malik adamın ödü ola bilər.
Hökmdar belə adamı tapmağı əmr etdi. Bir kəndli oğlunu tapdılar ki, həkimlərin dediyi xasiyyətlərin hamısı onda var idi. Hökmdar oğlanın atasını çağırtdırdı. Çoxlu mal və pul verib onları razı saldı. Qazı da şərən hökm verdi ki, hökmdarın sağlamlığını qorumaq üçün bir kəndlini öldürmək olar. Nəhayət cəllad hazır olub oğlanın başını kəsmək istədi. Oğlan gülümsəyərək başını göyə qaldırıb, nə isə dodaqaltı danışmağa başladı. Hökmdar oğlandan nə üçün güldüyünü soruşdu. Oğlan dedi:
–Ey hökmdar, övlad ata-anasına arxalanar, şikayətçi qazı yanına gedər, hökmdardan aman dilərlər. İndi ata-anam məni dünya malına satıb, cəllad əlinə verdi, qazı ölüm hökmünü yazdı, hökmdar isə öz səlamətliyini mənim ölümümdə gördü. Əziz və böyük allahdan başqa mənim heç bir pənahım yoxdur.
Beyt
Mən kimə eyləyim səndən şikayət,
Özün bax dərdimə, göstər ədalət.
Hökmdar oğlanın sözündən mütəəssir olub, gözü yaşardı, dedi:
–Bir günahsızın qanını tökməkdənsə, mənim həlak olmağım yaxşıdır.
Sonra oğlanı bağrına basıb, üz-gözündən öpdü, saysız-hesabsız bəxşiş verib azad etdi. Deyirlər ki, hökmdar haman həftə içərisində xəstəlikdən şəfa tapdı.
Şeir
Nil çayının sahibidə bir fılban,
Əhaliyə söyləyirdi bir zaman:
«Ayağının altda nəsə qarınca,
Sən də osan fil ayağı altında».
23. Hekayət
Əmr Leysin 35 qullarından biri qaçmışdı, dalınca adam saldılar. Nəhayət, onu tapıb gətirdilər. Vəzirin ona qarşı ədavəti vardı. «Başqa qullar ibrət alıb, qaçmasınlar» – deyə o, qulu öldürmək üçün göstəriş verdi. Yazıq qul Əmr Leysə baş əyib dedi:
Beyt
Qəbuldur xoşuna gələn dərdü-qəm,
Fərman səninkidir, aciz bəndənəm.
Sonra sözünə davam edib dedi:
–Lakin bu xanədanın çörəyi ilə böyüdüyümə görə, istəmirəm ki, nahaq qanım boynunuzda qalsın. İcazə verin mən bu vəziri öldürüm, siz də onun qanın almaq üçün məni öldürün. Beləliklə, tökdüyünüz qan nahaq olmasın.
Qulun sözü hökmdarın xoşuna gəldi, gülüb vəzirə dedi:
-Necə məsləhət görürsən? Vəzir dedi:
-Ey böyük hökmdar, sizi and verirəm rəhmətlik atanızın qəbrinə, bu həyasızı azad edin, yoxsa məni də bəlaya salar.
Şeir
Sapandlı adamla vuruşsan əgər,
Başına daima sənin daş gələr.
Düşmənə bircə ox atsan əgər sən,
Canını hədəf tək oxlayar düşmən.
24. Hekayət
Zəvzən 36 padşahının alicənab və xeyirxah bir xacəsi vardı, zahirdə hamıya hörmət edər, arxada hamının xeyrinə danışardı. Bir gün təsadüfən onun hansı hərəkətisə şahın xoşuna gəlmədi, əmr elədi ki, malını müsadirə edib, özünə cəza versinlər. Lakin ona əzab verəsi olan şah məmurları xacənin əvvəlki yaxşılığını unutmamış, çox şeydə ona borclu olduqlarını yaddan çıxarmamışdılar. Ona görə zəmanət müddətində döyüb əziyyət verməyi, incidib məşəqqət etməyi rəva görmədilər. Xoş dindirib, mülayim rəftar etdilər.
Beyt
İstəsən düşmən ola sülhdə daim sən ilə.
Dalda da eyb desə, üzdə onu təhsin et.
Söz ki, axırda ağızdan çıxacaq əğyarın,
Sözün acı diləməzsən dilini şirin et.
O, şahın ittihamlarının bəzisini rədd edə bildi, lakin yerdə qalanları üçün həbsdə oturmalı oldu. Qonşu şahlardan birisi ona gizli məktub göndərdi ki, sizin ölkənin şahı sənin kimi böyük bir şəxsiyyətin qədrini bilməyib hörmətsizlik etdi, bu bizə çox ağır gəldi. Əgər siz alicənabın (allah aqibətinizi xeyr etsin) lütf edib bizim tərəflərə gəlməyə rəyi olsa, xatiri hər nə istəsə yerinə yetiriləcəkdir. Bizim ölkənin əyan və əşrafi cavabınızı gözləyir və sizi görməyi qəlbdən arzu edirlər.
Xacə məktubu alcaq qorxuya düşdü, aqibəti düşündü və dərhal elə bir cavab yazdı ki, ələ keçsə ziyam dəyməsin.
Yaxın adamlardan biri bundan xəbər tutub şaha dedi ki, həbs buyurduğun filan adam qonşu şahlarla yazışır.
Şah qəzəblənib məktubu ələ keçirməyi əmr etdi. Qasidi tutub məktubu oxudular. Yazılmışdı: «Ali zatınızın bizə verdiyi qiymət layiq olduğumuzdan çoxdur, buyurduqları təklifə gəldikdə isə, onu qəbul etmək bəndənizə müyəssər olmayacaqdır, çünki, mən bu xanədanın nemətilə tərbiyə almışam, balaca bir məzəmmət üstündə öz nemət sahibinə vəfasızlıq etmək olmaz, necə ki, deyiblər:
Beyt
Haqqında kərəm etsə sənin əhli-nəcabət,
Bir ömr səni incidə məzur hesab et.
Xacənin haqşünaslığı şahın xoşuna, gəldi, ənam verdi, xələt bağışladı, üzr istəyib dedi: «Səhv etmişəm, nahaq səni incitmişəm!»
Xacə dedi: – Ey yer üzünün şahı, mən burada sizdə bir səhv görmürəm, qəzanın əmri belə imiş, gərək mənim başıma bu iş gələymiş yaxşı ki, bu sizin əlinizlə oldu, çünki sizin mənim boynumda haqqınız vardır.
Şeir
Xalqdan bilmə əgər zəhmətə düşdünsə bir az,
Çünki xalqdan nə əziyyət, nə fərağət olmaz.
Düşməni, dostu xilafda yaşadan allahdır,
Onların qəlbinə hakim də haman allahdır,
Doğrudur ki, hədəfə atsa kaman hər tiri,
Bilik əhli, ox atanda görəcək təqsiri.
25. Hekayət
Bir əcəm şahı haqqında eşitmişəm ki, öz yaxın adamlarına belə deyirmiş:
– Filankəsin maaşını ikiqat artırın, çünki o işə yanandır, əmrə baxandır; başqaları isə eyş-işrətə alüdə olub xidmət göstərməkdə kanallıq edirlər. Ariflərdən biri bunu eşitdi, dərindən bir ah çəkdi. Dedilər: «Nə oldu?»
Dedi:
– Bəndələrin allah dərgahındakı mənzələsi də belədir.
Şeir
İki səhər gedərsə şah yanma bir nəfər,
Üçüncü gün yenə də şahdan mərhəmət görər.
Ümid vardır dərgandan qayıtmazlar naümid,
Allahına ixlasla ibadət eyləyənlər.
Şeir
Böyüklük fərmanı qəbulda olar,
Fərmanı tərk edən çox tez qovular.
Hər bir kəs düzlüyə eyləsə adət,
Tapar xidmətində böyük səadət.
26. Hekayət
Nağıl edirlər ki, zalım bir hakim zorla yoxsulların odununu ucuz qiymətə alıb, güclə varlılara baha qiymətə satarmış. Ariflərdən biri onun haqqında belə demişdir:
Beyt
İlansanmı, kimi görsən tez çalırsan onu sən,
Ya bayquşsan harda olsan dağıdırsan təməldən?!
Şeir
Əgər gücün çatırsa da bizlərə,
Çata bilməz qadir, böyük allaha.
Yer əhlinə sən belə zor göstərmə.
Ta göylərə yüksəlməsin bəd dua.
Hakim bunu eşitdikdə qəzəblənib haman adamı cəzalandırdı. Bir gecə mətbəxdən qığılcım keçib odun anbarına düşdü. Hakimin bütün var-dövləti yandı. Onun rahat otağı kül yatağına döndü. Təsadüfən həmin şəxs oradan keçirdi. Gördü ki, hakim yaxın adamlarına deyir:
– Bilmirəm bu od mənim sarayıma haradan düşdü? Arif adam dedi:
–Yoxsulların ürəyindən yüksələn ahın odundan.
Şeir
Yaralı ürəkdən sən qorx hər zaman,
Ki, yara nəhayət olacaq əyan.
Toxunma ürəyə, ona əl vurma,
Unutma, bir ahla dağılar cahan.
Deyirlər ki, Keyxosrovun37 tacında yazılmışdı:
Şeir
Uzun illər, ömrlər, gəlib keçər dünyadan,
Tökülər üstümüzə torpağı çox ellərin.
Babalardan bizlərə qalan bağlar, binalar,
Keçəcəkdir əlinə gələcək nəsillərin.
27. Hekayət
Bir adam güləşməkdə şöhrət tapmışdı. O, üç yüz altmış fənd bilir, gündə bir fəndlə güləşirdi. Şagirdlərindən birinə hüsn-rəğbət bəslədiyinə görə ona üç yüz əlli doqquz fənd öyrətdi. Ancaq bir fəndi cürbəcür bəhanələrlə geri salır, öyrətmirdi. Xülasə, oğlan gücdə, ustalıqda elə məşhur oldu ki, onun qabağında heç kim dayana bilmədi. Hətta iş o yerə çatdı ki, o, bir gün hökmdar hüzurunda lovğalanaraq dedi:
– Ustam ona görə məndən üstündür ki, həm böyük, həm də mürəbbimdir. Yoxsa mən gücdə ondan əskik deyiləm, ustalıqda da ona bərabərəm.
Bu söz hökmdarın xoşuna gəlmədi. Əmr etdi, usta ilə şagird güləşsinlər. Hündür bir yer düzəltdilər, dövlət başçıları, saray xadimləri və ölkə pəhləvanları toplandılar. Oğlan qızmış bir fil kimi elə bir heybətlə meydana çıxdı ki, qabağında qurğuşun dağ olsaydı yerindən qoparardı. Usta başa düşdü ki, şagirdi gücdə ondan üstündür. Ona görə gizli saxladığı fəndlə şagirdi ilə güləşməyə başladı. Oğlan ona girişə bilməyib hirsləndi. Usta onu başı üstə qaldırıb yerə vurdu. Camaat içərisində hay-küy qopdu. Hökmdar ustaya xələt, bəxşiş verməyi əmr elədi. Sonra oğlana acıqlanıb danladı ki, öz ustadına vəfasız çıxdın və etdiyin iddianı da başa çatdıra bilmədin.
Oğlan dedi:
–Ey hökmdar, o, pəhləvanlıqda mənə üstün gələ bilməzdi, bəlkə həyatı boyu məndən gizlətdiyi fənddən istifadə edib qələbə çaldı.
Hökmdar dedi:
–Demək, həmin fəndi belə bir gün üçün gizlədibmiş, zirək adamlar demişlər: «Dostu o qədər gücləndirmə ki, düşmənçilik fikrinə düşdükdə bir şey edə bilsin!». Eşitməmisənmi öz şagirdindən cəfa görmüş bir mürəbbi nə deyibdir?
Şeir
Ya vəfa olmamış özü dünyada,
Ya onu heç kəsə etmir zəmanə.
Kimə öyrətdimsə ox atmağı mən,
Axırda qəlbimi etdi nişanə.
28. Hekayət
Tərki-dünya bir dərviş səhrada tənha bir guşədə oturmuşdu. Bir padşahın yolu onun yanından düşdü. Qənaət mülkündə əyləşən dərviş əsla ona etina etmədi. Böyüklər adətincə hökmdar bu etinasızlıqdan hiddətlənib dedi:
–Bu cındır geyinən tayfa eynən heyvan kimi şeydir, nə ünsiyyət bilir, nə insaniyyət.
Vəzir dərvişə yaxınlaşıb soruşdu:
–Ey qoca, dünya hökmdarı sənin yanından keçir, nə üçün baş əyib nəzakət qaydalarını yerinə yetirmirsən?
Dərviş dedi:
–Hökmdara de ki, xidməti o adamdan umsun ki, onun şahdan bir gözətləməsi olsun. Onu da bilməlisən ki, hökmdar rəiyyəti qorumaq üçündür, nəinki rəiyyət əl bağlayıb, onun qabağında qurumaq üçün.
Şeir
Padşah yoxsulun pasibanıdır,
Nə qədər olsa da güclü hökmran.
Qoyunlar çobanın malı deyildir,
Qoyuna baxmaqçın qoyulur çoban.
Şeir
Birisi olmuşdur bu gün namdar
Başqası döyüşdə edir ahü zar.
Sən bir an səbr eylə ta ki, bu torpaq,
Udaraq onları etsin tar-mar.
O zaman fərqlər qalxar aradan,
Bilinməz kim quldur, kimdir hökmdar,
Kim açsa ölünün qəbrini bilməz,
Bu yatan fəqirdir, ya da bir kübar.
Hökmdar dərvişin doğru sözünü bəyənib dedi:
–Məndən bir şey tələb et!
Dedi:
–Ey hökmdar, səndən tələbim budur ki, bundan artıq mənə əziyyət verməyəsən!
Hökmdar dedi:
–Mənə bir nəsihət ver! Dedi:
Beyt
Qədrini bil əldə var ikən nemət.
Ki, əl-əl dolanır bu mal, bu dövlət
29. Hekayət
Bir vəzir Zünnuni Misrinin38 yanına gedərək dedi: – Mənə bir xeyir-dua verin, gecə-gündüz şah xidmətində qulluq edirəm, buna baxmayaraq əziyyət verməyəcəyindən arxayın deyiləm.
Zünnun ağlayıb dedi: – Sən sultandan qorxduğun qədər mən allahdan qorxsaydım, onun ən sadiq adamların mövqeyinə qalxmış olardım.
Şeir
Rahatlıq, əziyyət, ümid və qorxu,
Olmasa yoxsulun nə dərdi vardı?!
Allahdan çəkinib qorxsaydı vəzir,
Şahdan çox hörmətə layiq olardı.
30. Hekayət
Bir padşah günahsız bir adamın öldürülməsini əmr etdi, günahsız dedi:
– Ey hökmdar, mənə qəzəblənib özünə ziyan vurma, çünki cəza bir anda qurtarar, qanım isə əbədi olaraq sənin boynunda qalar.
Şeir
Acılıq, şirinlik və yaxşı, yaman,
Səhrada külək tək keçdi durmadan.
Sitəmkar sandı ki, zülm etdi bizə,
Biz dözdük, günaha batdı o nadan.
31. Hekayət
Bir dəfə Nuşirəvanla vəzirləri mühüm bir məsələni müzakirə edirdilər və hərəsi öz fikrini deyirdi. Şah da bir fikir dedi. Bozorcmehr də şahın fikrinə qoşuldu. Gizlində Bozorcmehrə dedilər:
–Şahın fikrində nə məziyyət gördün ki, onu bu qədər ağıllı adamların sözündən üstün tutdun?
Dedi:
– İşin axrı məlum deyil, heç kəs də bilmir ki, kimin fikri doğru çıxacaq, kiminki yalan. Ona görə şahın rəyinə qoşuldum ki, düz çıxmasa tərəfini saxladığım üçün qəzəbindən azad olam.
Şeir
Kim şahın sözündə çıxartsa yalan,
Yazar öz qətlinə əlilə fərman.
Gündüzə gecədir desə şah əgər,
Gərəkdir desinlər budur ay, ülkər.
32. Hekayət
Bir fırıldaqçı saçlarını dərviş kimi hörərək həccdən gələnlərə qoşulub bir şəhərə daxil oldu. O, hacılarla birlikdə saraya gedib yazdığı bir qəsidəni hökmdara təqdim etdi. Hökmdar başqa şairlər kimi onu da qəbul etdi, hörmət göstərib, çoxlu bəxşiş verdi. Təsadüfən hökmdarın həmən il dəniz səfərindən qayıtmış yaxın adamlarından biri hiyləgər dərvişi görüb dedi:
–Mən bu adamı qurban bayramı günü Bəsrədə39 görmüşəm. Məlum oldu ki, o hacı deyildir.
Başqa birisi dedi:
–Onun atası Mələtiyyə40 şəhəri xristianlarındandır, bəs bu cənab necə seyid ola bilər?»
Oxuduğu şeiri də Ənvərinin41 divanında tapdılar. Hökmdar onu bu qədər yalan danışdığına görə döyüb qovmağı əmr etdi. O isə yalvarıb dedi:
–Böyük hökmdar, icazə ver bir söz də deyim, doğru olmasa, nə cəza versəniz layiqəm.
Fırıldaqçı dedi:
Şeir
Sənə qatıq versə bir qərib əgər,
İki qab su olar, bir çömçə ayran.
Düzünü istəsən, ərz edim sizə,
Dünya görmüşlər də çox deyər yalan.
Hökmdarı gülmək tutub dedi:
-Ömründə bundan doğru söz deməmisən. Sonra əmr etdi hər nə istəyirsə ona verib xoşluqla yola salsınlar.
33. Hekayət
Nağıl edirlər ki, öz tabelərinə rəhm edən və yoldaşlarına xeyirxahlıq göstərən bir vəzir var idi. Təsadüfən bir gün hökmdarın qəzəbinə məruz qaldı. Dostları onu qurtarmağa çalışdılar, cəza məmurları mülayimliklə rəftar etdilər, mənsəb sahibləri isə hər yerdə onun yaxşı xasiyyətlərindən danışdılar. Nəhayət hökmdar onun təqsirindən keçdi. Arif bir şəxs bu hadisədən xəbərdar olub dedi:
Şeir
Dostların qəlbini qazanmaq üçün,
Ata bostanını satsan yaxşıdır.
Xeyirxah insanın işi uğrunda,
Var-yoxun sonuna çatsan yaxşıdır.
Hətta pislərə də yaxşılıq elə,
İtə də bir sümük atsan yaxşıdır.
34. Hekayət
Harun ər Rəşidin oğlanlarından biri hirslənmiş halda atasının yanma gəlib dedi ki, filan sərhəngin oğlu anamı söydü. Harun dövlət başçılarından soruşdu:
–Belə adamın cəzası nədir?
Biri öldürməyi, digəri dilini kəsməyi, üçüncüsü isə qovmağı məsləhət gördü. Harun isə oğluna müraciət edib dedi:
–Oğlum, mərdlik odur ki, bağışlayasan. Bağışlaya bilməsən, sən də onun anasını söy, lakin elə etmə ki, intiqam həddini aşsın, çünki belə olduqda biz müttəhim olarıq, o, müddəi.
Şeir
O adam, mərd deyil aqil yanında,
Ki, qızmış fillərə oxuya meydan.
Bəli, mərd odur ki, düzlüyü sevə,
Acıqlı zamanda deməyə hədyan.
Şeir
Bir nadan, alimə eyib tutanda,
O dözüb dedi: ey nöqsan göstərən!
Çalışıb məndə çox nöqsan axtarma,
Mən qədər bilməzsən nöqsanımı sən.
35. Hekayət
Bir necə böyük şəxslərlə gəmidə oturmuşduq ki, birdən arxadan gələn bir qayığın çevrildiyini gördük. İçindəki iki qardaş burulğana düşdü. Böyüklərdən biri gəmiçiyə dedi:
–Onların hər ikisini xilas et, hərəsi üçün sənə əlli dinar verərəm. Gəmiçi dərhal suya atılıb qardaşlardan birini xilas etdi. O biri isə boğuldu.
Mən dedim:
O biri qardaşın əcəli çatmışdı, buna görə də gəmiçi onu tuta bilməyib, bunu xilas etdi. Gəmiçi güldü və dedi:
–Orası elədir, ancaq birincini qurtarmağa mən özüm artıq səy göstərdim, çünki bir dəfə biyabanda piyada qaldığım vaxt o məni dəvəyə mindirib xilas etmişdi, o biri qardaşdan isə uşaqlıqda qamçı yemişəm.
Dedim:
–Allah düzgün buyurubdur: «Yaxşılıq etsən də özünə qayıdar, pislik etsən də».
Şeir
Bacardıqca heç bir qəlbə toxunma,
Ki, bu yolda, unutma, var çox tikan,
Yoxsulların hayına qal, sənin də,
Başqasına işin düşər bir zaman.
36. Hekayət
İki qardaş var idi, biri şah sarayında xidmət edər, o, birisi isə öz zəhmətilə çörək yeyərdi. Bir gün varlı qardaş yoxsul qardaşa
–Nə üçün şaha qulluq etmirsən ki, canını əziyyətdən qurtarasan?
Qardaşı dedi:
–Bəs sən nə üçün işləmirsən ki, qulluq fəlakətindən xilas olasan? Ağıllı adamlar demişlər ki, kəmərə qızıl qılınc bağlayıb qul kimi durmaqdansa, öz yavan çörəyini yeyib evdə oturmaq yaxşıdır.
Beyt
İsti, qaynar əhəngi sən əllərinlə yoğursan,
Xoşdur əli döşə qoyub şah önündə durmaqdan
Şeir
Qiymətli ömrümüz buna sərf oldu,
Ki, yayda nə yeyim, qışda nə geyim?
Ey qarın, bir parça çörəyə döz ki,
Qulluqda ikiqat olmasın belim!
37. Hekayət
Bir adam ədalətli Ənuşirəvanın yanma gedib, xoş bir xəbər apardı:
–Deyirlər ki, allah sənin filan düşmənini aradan götürdü: Ənuşirəvan cavab verdi:
– Məni öz yerimdə saxlayacaqmı?
Şeir
Düşmən ölümünə olmaram dilşad.
Bizə də əbədi deyildir həyat.
Bir gün Kəsranın42 hüzurunda bir necə alim yığışıb məsləhətləşdilər. Onların başçısı Bozorcmehr də orada idi. Lakin susur, bir kəlmə də danışmırdı. Sükutunun səbəbini soruşduqda o belə cavab verdi:
–Həkim yalnız xəstəyə dərman verər. Görürəm siz sağlam məsləhət verirsiniz, odur ki, mənim danışmağıma ehtiyac yoxdur. Sözü təkrar etmək ağıllı adamlara yaraşmaz.
Şeir
Əgər iş səs-küysüz düzəlirsə, mən,
Qaçaram dil açıb bir söz deməkdən.
Korun qarşısında görsəm quyu var,
Bu zaman dinməsəm, çox günah olar.
39. Hekayət
Harun ər Rəşid43 Misir ölkəsini aldıqdan sonra demişdi:
–Misirdə allahlıq iddiasında olan bu tüğyançıların acığına bu ölkəni qullarımdan ən alçağına tapşıracağam. Onun həddən artıq yaramaz bir zəncisi var imiş. Haran Misrin hökmdarlığını həmin zənciyə tapşırdı. Deyirlər ki, zənci o qədər ağılsız imiş ki, bir gün Misir əkinçiləri onun yanına şikayətə gəlib, Nilin ətrafında əkdikləri pambığın vaxtsız yağmurdan tələf olduğunu söylədikdə, o demişdi:
–Yun əkəydiniz:
Şeir
Biliklə artsaydı insanın varı,
Acından ölərdi aləmdə nadan.
Qanmaza o qədər dövlət çatır ki,
Qalır bu əmələ yüz alim heyran.
Şeir
Biliklə tapılmaz bəxtü səadət,
Göylərin əmrilə verilir qismət.
Dünyada hesabsız, bədbəxt, yazıq var,
Alçaqlar hörmətli, aqil isə xar.
Kimyagər evdə ölür acından,
Tapır xərabədə xəzinə nadan.
40. Hekayət
Şahlardan birinə bir çinli kənizi gətirdilər; məst halda ona yaxınlıq etmək istədi. Qız mane olub müqavimət göstərməyə başladı. Şah qəzəblənib onu qara bir qula bağışladı. Qulun üst dodağı burun pərlərini aşır, alt dodağı döşünə düşürdü. Elə bədheykəl idi ki, Səxr cinni44 onu görsəydi uzaqdan qaçardı, qoltuğunun altında da çox üfunətli bir iy vardı.
Beyt
Əbədi tapmışdı dünyada ikmal
Onda eybəcərlik, Yusifdə camal.
Şeir
Belə çirkin yaranıbmı, görəsən, bir insan,
Onu təsvirə ola dildə, qələmdə imkan.
Qucağı, üzdən iraq, bir qatı murdardır ki,
Onu mordad45 günəşi pak edə bilməz bir an.
Deyirlər ki, bu zaman qara qulun şəhvəti coşmuş, gözü qızmış, nəfsini saxlaya bilməyib qızın bəkarətini almışdı. Sabahısı gün şah qızı axtardı, tapa bilmədi. Əhvalatı danışdılar, qan başına vurdu, əmr etdi qul ilə qızı bir-birinə bağlayıb qalanın kəlləsindən dərənin dibinə atsınlar.
Xeyirxah vəzirlərdən biri baş əyib təzim etdi və dedi:
–Şahın ömrü uzun, dövləti əbədi olsun, burada yazıq qulun günahı yoxdur, onun da başqa qullar kimi şahdan mərhəmət gözləməyə haqqı vardır.
Dedi:
– Bir gecə səbir etsəydi dünya dağılmazdı ki, mən ona kənizin qiymətindən daha çox dövlət verərdim.
Şeir
Ciyəri təşnə olan çeşməyə çatdıqda məyər,
Çəkinərmi dəli fildən, buna de kim inanar:
Boş otaq, süfrə dolu, mədəsi boş bir dinsiz. Ramazandan46 çəkinib süfrədə heç ac oturar?!
Bu lətifə şahın xoşuna gəldi.
Dedi:
– Yaxşı, qulu sənə bağışladım, bəs kənizi neyləyim?
Dedi:
– Kənizi də qula bağışla ki, onun artığı özündən başqa heç kəsə layiq deyil.
Şeir
Pis yerə gedəndən sənə dost olmaz,
Dostunu yaxşı seç və yaxşı tanı.
Təşnənin ürəyi götürməz içsin
Üfunət ağızdan artıq qalanı.
41. Hekayət
Rumlu İsgəndərdən 47 soruşdular:
–Qərbdən Şərqə qədər uzanan bu ölkələri necə tutdun? Halbuki keçmiş hökmdarların ömrü, xəzinəsi, mal-dövləti səndən artıq olmuş, lakin sənin qədər fəthlər edə bilməmişlər.
İsgəndər dedi:
–Səbəbi budur ki, hər ölkəni aldıqda camaatını incitmədim, şahlarına hörmət edib, adlarını ehtiramla çəkdim.
Beyt
Onu böyük saymaz aqil olanlar,
Ki, böyük kəsləri pisliklə anar.
Şeir
Keçici hər bir şey, heç olur şəksiz,
Təxt ilə bəxt və əmrlə kirdar.
Pisləmə köçənin yaxşı adını,
Ta sənin öz adın qalsın paydar.
Hər bişe gəman məbər ke, xalistŞayəd ke, pələng xofte başəd. Burada «bişe» (meşə) və «xali» (boş) sözlərinin bir də «bisə» yəni «xallı daş» və «xal» kimi oxunması ilə əlaqədar olaraq, tədqiqatçılar bunun mənasını «hər qaraltını xallı daş hesab etmə, bəlkə o yatmış pələngdir» kimi də izah edirlər.
Zal farsların qədim əfsanəvi qəhrəmanı, misilsiz pəhləvan Rüstəmin atasıdır. Onun atası Sam, anadan ağ tüklü doğulmuş, buna görə də ona qoca mənası verən Zal adını vermişdir.
Бесплатный фрагмент закончился.
