Qoca Azaflıyam

Текст
Автор:
0
Отзывы
Читать фрагмент
Читайте только на ЛитРес!
Отметить прочитанной
Как читать книгу после покупки
  • Чтение только в Литрес «Читай!»
Qoca Azaflıyam
Шрифт:Меньше АаБольше Аа

GƏRAYLILAR

QOCA QARTAL

 
Qoca qartal, nə gəzirsən,
Dağlar qoynunda, qoynunda.
Bala gördüm anasının,
Ağlar qoynunda, qoynunda.
 
 
Niyə qəlbin qaralıbdı,
Gül üstünü xar alıbdı.
Şamamalar saralıbdı,
Tağlar qoynunda, qoynunda.
 
 
Bir həkim yara bağlayır,
Bir hakim sinə dağlayır.
Bağban gördüm, qan ağlayır,
Bağlar qoynunda, qoynunda.
 
 
Azaflı, yaz, dilə gəlməz,
Uçdu sonan, gölə gəlməz.
Keçən keçdi, ələ gəlməz,
Çağlar qoynunda, qoynunda.
 

BU DÜNYADAN

 
Ömür-günlər asta-asta,
Gələr, gedər bu dünyadan.
Kimi canı qurban dosta
Elər gedər bu dünyadan.
 
 
Ayrılmayın kef-damaqdan,
Döndərməyin qəlbi haqdan.
Şahlar enər tacı-taxtdan,
Ölər gedər bu dünyadan.
 
 
Ay Azaflı, pis tez ölməz,
Gələn qalmaz, gedən gəlməz.
Milyon sayçı saya bilməz,
Nələr gedər bu dünyadan.
 

KEÇƏN GÜNLƏR

 
Gəncliyimi apardınız,
Keçən günlər, keçən günlər.
Ürəyimi qopardınız,
Keçən günlər, keçən günlər.
 
 
Gəldi gedər, getdi gəlməz,
Cavanlığım itdi, gəlməz.
Dövranları bitdi, gəlməz,
Keçən günlər, keçən günlər.
 
 
Azaflıyam, bir hal kimi,
Dağlar aşdım qartal kimi.
Gələr keçər xəyal kimi,
Keçən günlər, keçən günlər.
 

MƏNİM DÜNYAM

 
Bir dünyamın dünyasıdı,
Mənim dünyam, mənim dünyam.
Yanar eşqin ziyasıdı,
Mənim dünyam, mənim dünyam.
 
 
Ülvi-ülvi ülviyyətdi,
Mətin-mətin mətanətdi,
Mehri-mehri məhəbbətdi,
Mənim dünyam, mənim dünyam.
 
 
Min mənalı bayatımdı,
Yerim, göyüm, hər qatımdı.
Ömür-ömür həyatımdı,
Mənim dünyam, mənim dünyam.
 
 
Öz vətənim, öz dinimdi,
Öz məkanım, öz elimdi.
Öz türkümdür, öz dilimdi,
Mənim dünyam, mənim dünyam.
 
 
Azaflıynan qoşa səni,
Toxunmaynan daşa səni.
Mən ölsəm də yaşa səni,
Mənim dünyam, mənim dünyam.
 

İNSAN OĞLU, İNSAN SƏSİ

 
Gəzər dünya, bəşəriyyət,
İnsan oğlu insan səsi.
Gəzər doğru, haqq-ədalət,
İnsan oğlu, insan səsi.
 
 
Gəzər dövran, əsir, zaman,
Dahi vicdan, ilqar, iman,
Keçər tufan, dərya, ümman,
İnsan oğlu, insan səsi.
 
 
Gəzər güllü, barlı bağlar,
Ağ gün, həyat, gözəl çağlar.
Qitə-qitə aşar dağlar,
İnsan oğlu, insan səsi.
Gəzər dava, ölkə talar,
Kainatı oda qalar.
Yerə, göyə lərzə salar,
İnsan oğlu, insan səsi.
 
 
Azaflı da əzəlindən,
Doymaz könül gözəlindən.
Dünya gülər sülh əlindən,
İnsan oğlu, insan səsi.
 

AŞIĞIYAM

 
Milyonlarda saf arzulu,
Mən xoş niyyət aşığıyam.
Ürəyi dürr sözlə dolu,
Mən ülviyyət aşığıyam.
 
 
Milyonlarda zaman-zaman,
Nə dərd ola, nə də dərman.
Sevgilərdə ilqar, iman,
Mən məhəbbət aşığıyam.
 
 
Milyonlarda düşmə kimə,
Nə hakimə, nə həkimə.
Vicdan ilə mühakimə,
Mən ədalət aşığıyam.
 
 
Milyonlarda mərd niyyəti,
Birlik, dostluq, mətanəti,
Bu dünyanın haqq qeyrəti,
Mən sədaqət aşığıyam.
 
 
Milyonlarda var gətirən,
Qitələrdə bar yetirən,
Ruzu verən, gül bitirən,
Mən təbiət aşığıyam.
 
 
Milyonlarda savablıyam,
Sinəsi zər kitablıyam.
Mikayılam, Azaflıyam,
Mən həqiqət aşığıyam.
 

OLMAZ

 
Adama ad vermək olar,
Adamlığı vermək olmaz.
Yeri, göyü görmək olar,
Ürəkləri görmək olmaz.
 
 
Zalım haqqı dandı getdi,
Qanan oda yandı getdi.
Qəlb şüşə tək sındı getdi,
Onu sonra hörmək olmaz.
 
 
De sözünü söz vaxtında,
Gör işini öz vaxtında.
Ay Azaflı, döz vaxtında,
Vaxtsız heç nə dərmək olmaz.
 

A QARDAŞIM

 
İlahidən sınan könlü,
Yapammazsan, a qardaşım.
Düzə qəlbən bağlısansa,
Qopammazsan, a qardaşım.
 
 
Daş içində gövhər gəzmə,
Səhralarda lövbər gəzmə.
Süzülmüşdə cövhər gəzmə,
Tapammazsan, a qardaşım.
 
 
Azaflı, şən həyatını,
Xudam versin baratını.
Şər meydanda haqq atını,
Çapammazsan, a qardaşım.
 

O GÖZLƏRİN

 
Bax qəlbimdən qüdrətinə,
O gözlərin, o gözlərin.
Qərq olmuşam heyrətinə,
O gözlərin, o gözlərin.
 
 
Ömrümüzün növrağıdı,
Sevgimizin fərağıdı.
Həyatımın çırağıdı,
O gözlərin, o gözlərin.
 
 
Azaflıyam, yorğunuyam,
Saf eşqlərin durğunuyam.
Baxışların vurğunuyam,
O gözlərin, o gözlərin.
 

BAXIŞLARIN

 
Gözlərində yanar canım,
Heyrət-heyrət baxışların.
Sehrkardı, tökər qanım,
Xəlvət-xəlvət baxışların.
 
 
Nələr çəkər, nələr aşıq,
Arzu-vüsal dilər aşıq.
Həsrətindən ölər aşıq,
Həsrət-həsrət baxışların.
 
 
Azaflını nişan eylər,
Ürəyini şan-şan eylər.
Məni yerlə yeksan eylər,
Dəhşət-dəhşət baxışların,
Afət-afət baxışların.
 

MÜƏLLİMDİ

 
Ata, ana təbiətsə,
Ustad, nicat müəllimdi.
Həyat arzu, səadətsə,
Ona murad müəllimdi.
 
 
O, taqətdir əlsizlərə,
Gülşən olar gülsüzlərə.
Körpə ikən dilsizlərə,
Natiq, dilşad müəllimdi.
 
 
O, dərs deyir zamana da,
Yaxşıya da, yamana da.
Aya uçan insana da,
Şahin qanad müəllimdi.
 
 
Azaflı, zər daşı qaşlar,
Baş içində ali başlar.
Elmi kamal, ağıl huşlar,
Öyrən, savad müəllimdi.
 

ACI SÖZDƏN, ŞİRİN SÖZDƏN

 
Ürək yanar, dil şad olar,
Acı sözdən, şirin sözdən.
Könül sınar, abad olar,
Acı sözdən, şirin sözdən.
 
 
Fitnəsindən el çaxnaşar,
Dost inciyər, yar dalaşar.
Qohum küsər, qan barışar,
Acı sözdən, şirin sözdən.
 
 
Nizamilər “Xəmsə“ləri,
Vurğunların şah əsəri.
Yaranıbdır söz gövhəri,
Acı sözdən, şirin sözdən.
 
 
Ölkə qurar, mahal çapar,
Taxt uçurar, saray yapar.
Sülh yaranar, dava qopar,
Acı sözdən, şirin sözdən.
 
 
Azaflıya etdi nələr,
Fitnə səpər, şəfa dilər.
Yer-göy ağlar, yer-göy gülər,
Acı sözdən, şirin sözdən.
 

BU ELLƏRDƏN

 
Aşıq qardaş, səsin gəlsin,
O ellərdən, bu ellərdən.
Hey tərifin, bəhsin gəlsin,
O ellərdən, bu ellərdən.
Ellərdə gəz şən baratı,
Çox eyləmə zarafatı.
Al sənətdə mükafatı,
O ellərdən, bu ellərdən.
 
 
Haqdan gəlsin hər muradın,
Şirin ləhcən, şirin dadın.
Oba-oba gəzsin adın,
O ellərdən, bu ellərdən.
 
 
Tarixləri varaqla gəz,
Həqiqəti çıraqla gəz.
Azaflını soraqla gəz,
O ellərdən, bu ellərdən.
 

QƏMİ

 
Əzəl gündən yazı yazan,
Qananlara verdi qəmi.
Kimi yandı oldu Ozan,
Kimi açdı, sərdi qəmi.
 
 
Dahiləri mürvət gəzər,
Mərd igidlər qeyrət gəzər.
Səxavətli hörmət gəzər,
Xəsislərin zərdi qəmi.
 
 
Ürək haqdan murad istər,
Aləmləri azad istər.
Dünyaları abad istər,
Azaflının dərdi, qəmi.
 

AŞIQ

 
Min dil açar məhəbbətdən,
Eşq atında gəzər aşıq.
İlham alar təbiətdən,
Şeir, dastan düzər aşıq.
 
 
Sevdasının od nəfəsi,
Qəlb oxşayar incə səsi.
Sazı, sözü, səliqəsi,
Məclisləri bəzər aşıq.
 
 
Gəzər vəfa, etibarı,
Saf vicdanı, düz ilqarı.
Sevməz zülmü, zülümkarı,
Hər möhnətə dözər aşıq.
 
 
Məkanıdır qoca Qafqaz,
Dünya gəzər əlində saz.
Bir qolu Kür, biri Araz,
Sinəsi göy Xəzər aşıq.
 
 
Bəşər dərdi, fəryadıdır,
Elin şadı öz şadıdır.
Azaflının ustadıdır,
Odlar yurdu Azər aşıq.
 

YANDIRAR

 
Eşq aşiqin ürəyində,
Sinəsində köz yandırar.
Məhəbbəti mələyində,
Gözlərini göz yandırar.
 
 
Can sağ olsa ömür olar,
Dəmir qaynar, dəmir olar.
Qanmayana əmir olar,
Qananları söz yandırar.
 
 
Azaflıyam, çox dəryada,
Dolanmışam ada-ada.
Nələr gördüm bu dünyada,
Şəri qoyar, düz yandırar.
 

AY CAVANLIQ

 
Bir vaxt mənlə dünya gəzdin,
Ad-san aldın, ay cavanlıq.
Dərin-dərin dərya gəzdin,
Şaxə daldın, ay cavanlıq.
 
 
Qoca Qafqaz dağlarında,
Gül-çiçəkli bağlarında,
Məclislərin sağlarında,
Saz da çaldın, ay cavanlıq.
 
 
Niyə əydin qamətini,
Kim artırdı zillətini?
Aslan güclü qüvvətini,
Hara saldın, ay cavanlıq?
 
 
Hanı vurub-tutan günlər,
Dağı dağa çatan günlər.
Zirvələrdə yatan günlər,
Harda qaldın, ay cavanlıq?
 
 
Azaflıyam, aman keçdi,
Ömrüm-günüm yaman keçdi.
Heyif o vaxt, zaman keçdi,
Tez qocaldın, ay cavanlıq.
 

GİLEYLƏNƏR

 
İnsanların adətidir,
Az qanandan gileylənər.
Dahilərin qeyrətidir,
Bəd dövrandan gileylənər.
 
 
El-obada gəzən aşıq,
Məclislərdə süzən aşıq,
Hər bəlaya dözən aşıq,
Gic, nadandan gileylənər.
 
 
Azaflıyam, dəhşətlərdən,
Qurtarmadım qəm, dərdlərdən.
Mərd igidlər namərdlərdən,
Şər divandan gileylənər.
 

DEYƏMMƏRƏM

 
Ürəyimdə min dərdim var,
Bil, aşkara deyəmmərəm.
Mənim işim haqq ilədir,
Zülümkara deyəmmərəm.
 
 
Atam qoca təbiətdi,
Anam eşqi-məhəbbətdi.
İlk sevgilim həqiqətdi,
Gedib hara, deyəmmərəm.
 
 
Dostdur dostu satan, alan,
Quyu qazan, oda salan.
Düzə əyri, haqqa yalan,
Çəkin dara, deyəmmərəm.
 
 
Fələk məni vurdu dağa,
Göydən qar, buz yağa-yağa.
Deyiblər ki, olacağa,
Yoxdur çara, deyəmmərəm.
 
 
Azaflını dərd alsa da,
Can qəzaya uğrasa da,
Dövran məni doğrasa da,
Ağa qara deyəmmərəm.
 

MƏNİ

 
Ağır ellər aşığıyam,
İstər yaxşı, yaman məni.
Özüm ölsəm, sözüm ölməz,
Saxlar əsr, zaman məni.
 
 
Sənətkaram, söz bağıyam,
Min mənanın bulağıyam.
Qəm dağında Qaf dağıyam,
Bürüyüb qar, duman məni.
 
 
Yaşayanlar tez qocalar,
Yaşamayan cavan qalar.
Azaflını yada salar,
Mehriban dost, güman məni.
 

ÜRƏK SƏNİ

 
Baş ağardı başdan-başa,
Qocalma gəl, ürək, səni.
Yalvarıram cavan yaşa,
Qocalma gəl, ürək, səni.
Ağrımayan görək səni.
 
 
Ağlımdadır hiss, sərvətim,
Sinəmdədir səltənətim.
Canım, eşqim, məhəbbətim,
Qocalma gəl, ürək, səni.
Ağrımayan görək səni.
 
 
Səndə vicdan, səndə cahan,
Dosta, yara, elə qurban.
Oda yanan, könül qanan,
Qocalma gəl, ürək, səni.
Ağrımayan görək səni.
 
 
Həyat muraz, sevgi təlaş,
Gah mübariz, gah da savaş.
Ömür keçir yavaş-yavaş,
Qocalma gəl, ürək, səni.
Ağrımayan görək səni.
 
 
Azaflıya dahi sənsən,
Qəlbin mehri-mahı sənsən.
Varlığımın şahı sənsən,
Qocalma gəl, ürək, səni.
Ağrımayan görək səni.
 

BİR OLANDA

 
Xoşbaxtların xoşbaxtıdı,
İki könül bir olanda.
Həyat ona nur taxtıdı,
İki könül bir olanda.
 
 
Mətanəti enməz olar,
Sədaqəti dönməz olar.
Məhəbbəti sönməz olar,
İki könül bir olanda.
 
 
Uçuq evi xanımandı,
Dar həyəti bir cahandı.
Şah, sultandı, bəydi, xandı,
İki könül bir olanda.
 
 
Ömrü çiçək, yaz, bahardı,
Hər vaxtının zövqü vardı.
Azaflı, can, yar o yardı,
İki könül bir olanda.
 

OLMAZ

 
Düz danışsan, dost inciyər,
Danışmasan yalan olmaz.
Halal sərvət az-az olar,
Haramsız cib “kalan“ olmaz.
Bağ sayılmaz bar olmasa,
Həyat heçdir yar olmasa,
Xətir-hörmət, var olmasa,
Səni yada salan olmaz.
Hər yamandan odur yaman,
Biri tamah, biri şeytan.
Ay Azaflı, heç bir insan,
Ehtiyacsız olan olmaz.
 

QUCAĞINDA

 
Neçə aşıq bada getdi,
Məhəbbətin qucağında.
Neçə dostlar oda getdi,
Sədaqətin qucağında.
 
 
Neçə dağlar çisgin oldu,
Neçə bağlar misgin oldu.
Neçə gözəl küsgün oldu,
Şan-şöhrətin qucağında.
 
 
Neçə dövran ləl yandırdı,
Neçə ürək dil yandırdı,
Neçə zalım el yandırdı,
Cəhalətin qucağında.
 
 
Ömrün keçdi min bir ahla,
Görməsə də olub haxla.
Aman allah, özün saxla,
Qiyamətin qucağında.
 
 
Qansızlara qan verəydim,
Zülmətlərə dan verəydim.
Azaflıyam, can verəydim,
Ədalətin qucağında.
 

ÇOX İSTƏYİR

 
Sarı qanqal çiçəyini,
Gülüstandan çox istəyir.
Ala qarğa balasını,
Şux tərlandan çox istəyir.
 
 
Demək olmur deməlini,
Doğru, yalan təməlini.
Şeytan fitnə əməlini,
Haqq-divandan çox istəyir.
 
 
Kor yapalaq öz səsini,
İlan murdar nəfəsini,
Yoxsul uçuq küməsini,
Xanimandan çox istəyir.
 
 
Aşiq-məşuq butasını,
Zalım qanlar xatasını,
Nökər kasıb atasını,
Bəydən, xandan çox istəyir.
 
 
Dahi gəzər düz divanı,
Şair istər şən dövranı.
Azaflı dost-mehribanı,
Şirin candan çox istəyir.
 

NAMÜMKÜNDÜ

 
Bir gözəlin vurğunuyam,
Yola gəlmir, namümkündü.
Sevdasının yorğunuyam,
Qola gəlmir, namümkündü.
Görüşünə dedim nəzir,
Yaxın gəlmir, məndən sezir.
Qırxı keçib, cavan gəzir,
Çala gəlmir, namümkündü.
 
 
Azaflıyam, bir diləkdə,
Canım getdi bir mələkdə.
Ürəyimiz bir ürəkdə,
Ola, gəlmir, namümkündü.
 

GÖZLƏR

 
Nə baxırsan cəllad kimi,
Yağı gözlər, yağı gözlər.
İçirdirsən eşqimizə,
Ağı gözlər, ağı gözlər.
 
 
Mənə dəymə, ağrın alım,
Etibarsız, yoxdu halım.
Sinəm üstə çəkdin, zalım,
Dağı, gözlər, dağı, gözlər.
 
 
Azaflıyam, dillərinin,
Aşiqiyəm ellərinin.
Kəmənd oldu tellərinin,
Tağı, gözlər, tağı, gözlər.
 

MİN İL KEÇƏ

 
Əsil insan ara qatmaz,
Yüz il keçə, min il keçə.
 
 
Əsil gözəl yarın atmaz,
Yüz il keçə, min il keçə.
 
 
Əsil alim çıxmaz rahdan,
Əsil aşıq yanar ahdan.
Əsil şair dönməz haqdan,
Yüz il keçə, min il keçə.
 
 
Əsil igid basmaz nanı,
Əsil olan tökməz qanı.
Tərs oğlunun yanmaz canı,
Yüz il keçə, min il keçə.
 
 
Əsil hakim zalım olmaz,
Azaflını dərdə salmaz.
Keçər dövran, sənə qalmaz,
Yüz il keçə, min il keçə.
 

ATALAR, BABALAR

 
Yaxşılıq et, yaman olma,
Deyib atalar, babalar.
El-obana yaman olma,
Deyib atalar, babalar.
 
 
Sal meylini düz niyyətə,
Fitnə vermə heç millətə.
Qisas qalmaz qiyamətə,
Deyib atalar, babalar.
 
 
Yaxşı dostu, yarı gözlə,
Namus, qeyrət, arı gözlə.
 
 
Çətin günü, darı gözlə,
Deyib atalar, babalar.
 
 
Qoru haqqı, qoru düzü,
Yıxma mərdi, tutma gözü.
Tələ quran düşər özü,
Deyib atalar-babalar.
 
 
Azaflı, şah hamı olmaz,
Çaylar axar dərya dolmaz.
Şair, igid unudulmaz,
Deyib atalar, babalar.
 

ZALIMIN QIZI

 
Həsrətindən od almışam,
Yandım, ay zalımın qızı.
Əziz idim, yad olmuşam,
Qandım, ay zalımın qızı.
 
 
Eşitmədin amanımı,
Niyə kəsdin gümanımı.
Of, dinimi, imanımı,
Dandım, ay zalımın qızı.
 
 
Azaflının mehri-mahı,
Məhəbbətin şirin ahı.
Səni eşqimin pənahı,
Sandım, ay zalımın qızı.
 

ELİN GÜCÜ, ELMİN GÜCÜ

 
Günəş olar, işıq saçar,
Elin gücü, elmin gücü.
Dövranlarda meydan açar,
Elin gücü, elmin gücü.
 
 
Gələcəyim gənc nəsilim,
Sənsən mənim yaz fəsilim.
Əllərinlə qoy yüksəlim,
Elin gücü, elmin gücü.
 
 
Ağ saraylar zirvəsidi,
Həyatın zər töhfəsidi.
Bəşəriyyət bəhrəsidi,
Elin gücü, elmin gücü.
 
 
Onlar qüdrət bu cahana,
Qanad verir hər insana.
Yollar salır asimana,
Elin gücü, elmin gücü.
 
 
Azaflı, hər çağ üstünə,
Ağ gün gələ ağ üstünə.
Dağı qoyar dağ üstünə,
Elin gücü, elmin gücü.
 

VAXTI

 
İnsan oğlu vəzifədə,
Hörmət eylə, olan vaxtı.
Olma xəsis, namərd, gədə,
Verməlisən alan vaxtı.
 
 
Atıbsansa, atacaqlar,
Satıbsansa, satacaqlar.
Tutubsansa, tutacaqlar,
Tale daşa çalan vaxtı.
 
 
Azaflı, çox var can alar,
Kim qazanar, kimə qalar.
Milyonçular sini yalar,
Tənəzzüldə qalan vaxtı.
 

OLA

 
İnsan odur, dahi kimi,
Qanan, qanan, qanan ola.
Bir ədalət şahı kimi,
Yanan, yanan, yanan ola.
 
 
İnsan odur ad qazana,
Halal çörək dad qazana.
Dost qazana, yad qazana,
Zaman, zaman, zaman ola.
 
 
İnsan odur, qədir bilə,
Yaradanı qadir bilə.
Gövhər sözü nadir bilə,
Anan, anan, anan ola.
 
 
İnsan odur, sədaqəti,
Ola eşqi-məhəbbəti.
Saf isməti, saf niyyəti,
Canan, canan, canan ola.
 
 
İnsan odur, yetə dada,
Törətməyə bəla, qada.
Ay Azaflı, bu dünyada,
İnsan, insan, insan ola.
 

EYLƏYƏR

 
Dost dostunun güzgüsüdü,
Baxar səhvin düz eyləyər.
Çətin gündə arxasıdı,
Ocağına köz eyləyər.
 
 
Dost dostunun ürəyidi,
Yıxılanda dirəyidi.
Çətin gündə gərəyidi,
Səbir verər, döz eyləyər.
 
 
Dost dostunun şöhrətidi,
Şirin-şirin söhbətidi.
Çətin gündə nüsrətidi,
Bir sevinci yüz eyləyər.
 
 
Dost dostunun şən mehrabı,
Azaflının könül tabı.
Çətin gündə iztirabı,
Gen günündə həzz eyləyər.
 

USTAD

 
Sənətində kamil ola,
Hamı istər belə ustad.
Barmaqları qızıl ola,
Düşə dildən-dilə ustad.
 
 
Olsa şair, aşıq, misgər,
Həkim, dərzi, bənna, dülgər.
Ya mühəndis, ya çilingər,
Aləm onu bilə ustad.
 
 
Öz işində bir nur olsun,
Yaratdığı büllur olsun.
Nə sənətkar olur olsun,
Müdəm xoşa gələ ustad.
 
 
Azaflının zər sənəti,
İnsanlığı, sədaqəti.
Adı, sanı, şan-şöhrəti,
Gəzə eldən-elə ustad.
 

BİR İNSANLIQ, BİR CAVANLIQ

 
İncilərin ən incisi,
Bir insanlıq, bir cavanlıq.
Birincilər birincisi,
Bir insanlıq, bir cavanlıq.
 
 
Xaliqin nur kündəsidi,
Mirvari, dürr kündəsidi.
Həyatın “qur“ kündəsidi,
Bir insanlıq, bir cavanlıq.
 
 
Qalmasın dad-amanlarda,
Çətin gündə, yamanlarda.
Çox yaşasın zamanlarda,
Bir insanlıq, bir cavanlıq.
 
 
Ömrün boyu düznən varam,
Alçaqlarnan yoxdu aram.
Yaxşılara arzularam,
Bir insanlıq, bir cavanlıq.
 
 
Azaflı da söylər belə,
Dildən-dilə, eldən-elə.
Əvəz olmaz heç nə ilə,
Bir insanlıq, bir cavanlıq.
 

GƏL OYNAMA

 
Toy-bayramda, şəndə oyna,
Acı sözlə gəl oynama.
Elnən ağla, elnən qayna,
Ocaq-közlə gəl oynama.
 
 
Qul eyləyib alar səni,
Dağa-daşa salar səni.
Kişilikdən çalar səni,
O yüz-yüzlə gəl oynama.
 
 
Ürəklərə dildir açar,
Saxla sirrin, qoyma qaçar.
Dərd-bəlaya eylər düçar,
Hər gül üzlə gəl oynama.
 
 
Azaflı, yaz, ləl əlinlə,
Ucal zəhmət təməlinlə.
Fəxr elə şad əməlinlə,
Qaşla, gözlə gəl oynama.
 

KİMİ

 
Misgin-misgin nə baxırsan,
Qul cəllada baxan kimi.
Namərd vurdu, yıxdı məni,
Fələk evlər yıxan kimi.
 
 
Ağ buluddan ağdı başım,
Görüb ağlar dost-qardaşım.
Gecə-gündüz qanlı yaşım,
Axır çaylar axan kimi.
 
 
Azaflı, de, arzun nəydi,
Bu dünyadan qəm gedəydi.
Haqq əbədi hökm edəydi,
Ayla, Günəş çıxan kimi.
 

ARZULAR SƏNİ

 
Adam oğlu, insan olsan,
İnsanlar arzular səni.
Divanda haqq divan olsan,
Vicdanlar arzular səni.
 
 
Aşıq istər toy, şan, barat,
Müdəm ala eldən murad.
Şair qardaş, yaxşı yarat,
Qananlar arzular səni.
 
 
Gözəl olsan, vəfan olsa,
Alim olsan qafan olsa,
Həkim olsan şəfan olsa,
Milyonlar arzular səni.
 
 
Hakim olsan cəmiyyətə,
Zalım olma gəl millətə.
Yansan əsil məhəbbətə,
Yananlar arzular səni.
 
 
Azaflı, gəz əsilləri,
Arzula xoş fəsilləri.
Gələcəyin nəsilləri,
Dövranlar arzular səni.
 

HÖRMƏT

 
Əldə olsa ixtiyarın,
Elə xalqa, elə hörmət.
Ver payını günahkarın,
Etmə fitnə-felə hörmət.
 
 
Zalımlarda mürvət gəzmə,
Alçaqlarda qeyrət gəzmə.
Hörmət edib hörmət gəzmə,
Təmənnasız elə hörmət.
 
 
Axmaq qışda yay axtarar,
Tənbəl hazır pay axtarar.
Zayın oğlu zay axtarar,
İnanma ki, bilə hörmət.
 
 
Doğrularla yer-göy dola,
Yolsuzları çəkə yola.
Yer üzünə hakim ola,
Düşə dildən-dilə hörmət.
 
 
Azaflı, çox qəmnən ötmə,
Öz yerindən uzaq getmə.
Hörmətsizə hörmət etmə,
Onda dönər külə hörmət.
 

MƏHƏBBƏTDƏN

 
Bu dünyaya gələn kimsə,
Arzu dilər məhəbbətdən.
Eşqi sevda bilən kimsə,
Çəkər nələr məhəbbətdən.
 
 
O sehrkar bir afətdir,
O sevgidir, müsibətdir.
O həyatdır, təbiətdir,
Bəşər gələr məhəbbətdən.
 
 
Vurğunların odur himi,
Aşıqların sınar simi.
Gah ağlayar yetim kimi,
Gah da gülər məhəbbətdən.
 
 
Su, od olar, daş qaynadar,
Ürək yanar baş qaynadar.
Gözlərində yaş qaynadar,
Aşiq ölər məhəbbətdən.
 
 
Kimin yarı halal haqdır,
Bu dünyada o xoşbaxtdır.
Azaflı da ən bədbaxtdır,
Fəryad elər məhəbbətdən.
 

O DAĞLARDAN, BU DAĞLARDAN

(Qoşa yarpaq gəraylı)
 
Maral qaçar, kəklik uçar,
O dağlardan, bu dağlardan.
Ellər köçər, karvan keçər,
O dağlardan, bu dağlardan,
Yaylaqlardan, oylaqlardan.
 
 
Sürü otlar qatar-qatar,
Gahı yatar, gahı qaçar.
Qız gül atar, oğlan tutar,
O dağlardan, bu dağlardan,
Yaylaqlardan, oylaqlardan.
 
 
Bulud oynar, şimşək çaxar,
Bulaq qaynar, sular axar.
Qartal qalxar, cüyür baxar,
O dağlardan, bu dağlardan,
Yaylaqlardan, oylaqlardan.
 
 
Koroğlular gəzdi Nigar,
Tarix sayar hər nəyi var.
Könül duyar, ilham alar,
O dağlardan, bu dağlardan,
Yaylaqlardan, oylaqlardan.
 
 
Naxır enər, buzov mələr,
At kişnəyər, qulun gələr.
Azaflı söz, dastan deyər,
O dağlardan, bu dağlardan,
Yaylaqlardan, oylaqlardan.
 

ÇALA-ÇALA

(Qoşayarpaq iki ayaqlı gəraylı)
 
Məhəbbətin, sədaqətin,
Cəsarətin, siyasətin,
Güc-qüvvətin, pul-sərvətin,
Ola-ola, bala-bala,
Gəz dünyanı çala-çala.
 
 
Dosta hayın, dalda dayın,
Haqqı-sayın, yazın, yayın,
Qismət payın, çörək, çayın,
Ola-ola, sağa-sola,
Gəz dünyanı çala-çala.
 
 
Etibarın, namus, arın,
Yaxşı yarın, çoxlu varın,
İxtiyarın, mərd dostların,
Ola-ola qalma dala,
Gəz dünyanı çala-çala.
 
 
Canda sağın, gözəl çağın,
Ətin-yağın, aran-dağın,
Güllü bağın, kef-damağın,
Ola-ola düşmə qala,
Gəz dünyanı çala-çala.
 
 
Azaflı, düz şeirlə söz,
Ömrü yüz-yüz şən, gülərüz,
Gecə-gündüz şad könlümüz,
Ola-ola düz get yola,
Gəz dünyanı çala-çala.
 

DÜNYA

 
Yoxuşundan çıxammıram,
Belimdə bir şələ dünya.
Çörək pulundan ötəri,
Mənim kimi mələ, dünya.
 
 
Neçə əsir, il dolandın,
Nə yaxşı, nə yaman qandın.
Hamıdan qabaq yarandın,
Ağlın yoxdu hələ, dünya.
 
 
Doğrun acdı, əyrin toxdu,
Basa-basdı, soxa-soxdu.
Kasıblarnan aran yoxdu,
Varlılara lələ dünya.
 
 
Azaflını tutdu xata,
Zığ-zımıra bata-bata.
Nə ola, bir gücüm çata,
Səni salam ələ, dünya.
 

EY GÜL

 
Bahar gəldi, yaz mələyi,
Bitib nərgiz, süsən, ey gül.
Atıb başdan tac örpəyi,
Aç qönçəni, bəzən, ey gül.
 
 
Bülbül ağlar, çəkər cəfan,
Xara qismət olar səfan.
Etibarsız, yoxdu vəfan,
Əldən-ələ gəzən, ey gül.
 
 
Məhəbbətin, eşqin qızı,
Baxçaların dan ulduzu.
Ləçəklərin al qırmızı,
Təbiətdir düzən, ey gül.
 
 
Siz tez solan, mən bir qonaq,
Xan çiçəklər olur torpaq.
Alçın yanaq, pardaq-pardaq,
Qanlar tökür nizən, ey gül.
 
 
Azaflı, yaz qəzəllərdi,
Ömür yanmış xəzəllərdi.
Sizi dərən gözəllərdi,
Məni dərddir üzən, ey gül.
 

DƏRDİN ALIM

 
İnsan oğlu insan kimi,
Söz qananın dərdin alım.
Bir baxışla dərdi, qəmi,
Göz qananın dərdin alım.
 
 
El yolunda çalışanın,
Duz-çörəyin, balın, şanın.
Ürəyindən alışanın,
Köz qananın dərdin alım.
 
 
Azaflının haqq dərmanı,
Qəh-qəhəni, əl amanı.
Həm yaxşını, həm yamanı,
Düz qananın dərdin alım.
 
Купите 3 книги одновременно и выберите четвёртую в подарок!

Чтобы воспользоваться акцией, добавьте нужные книги в корзину. Сделать это можно на странице каждой книги, либо в общем списке:

  1. Нажмите на многоточие
    рядом с книгой
  2. Выберите пункт
    «Добавить в корзину»