Qay Yuli Sezar

Текст
Из серии: Tarixi yaradanlar
0
Отзывы
Читать фрагмент
Читайте только на ЛитРес!
Отметить прочитанной
Как читать книгу после покупки
  • Чтение только в Литрес «Читай!»
Шрифт:Меньше АаБольше Аа

Eybi yox, qoy mənə nifrət etsinlər, ancaq yetər ki, məndən qorxsunlar.

Qay Yuli Sezar

Sezarın şəcərəsi

Miladdan öncə 100-cü ildə dünyaya göz açmış Yuli Sezara Roma adət-ənənəsinə uyğun olaraq atasının adını qoymuşdular. Siyasətlə məşğul olan, hərbi yürüşlərdə iştirak edən bir çox romalılar kimi Yuli Sezarın atası da evdə az-az tapılardı. Odur ki balaca Qay atasının üzünü nadir hallarda görürdü. Magistraturada1 yüksək vəzifə tutan atası M.ö. 85-ci ildə dünyasını dəyişəndə isə o, hələ yeniyetmə idi.

Qədim Romada bir neçə qohum ailə birlikdə vahid soy kimi tanınırdı. Ailələrin hər bir üzvü soyadını irsən alırdı. Məsələn, «Qay Yuli Sezar» adındakı Qay – fərdi ad, Yuli – soyad, Sezar isə – ləqəbdir. Ləqəb atadan oğula keçir və hər hansı şəxsi xarakterizə etmirdi. Bununla belə, məşhur soyların ləqəbləri nə vaxtsa konkret məna daşımışdı. Məsələn, Brut – «Yelbeyin», Nason – «yekəburun», Siseron – «noxud», Sezar isə «uzun, hamar saçlı» deməkdir.

Qədim dövrdə Roma cəmiyyəti ciddi şəkildə təbəqələşmiş, imkanlı və imkansızlara bölünmüşdü. Yuli, Fabia, Korneliya kimi soylardan olanlar patrisilər2, sadə insanlar isə plebeylər3 adlanırdılar. Patrisilər və plebeylər bu cür təbəqələşməni təbii hal sayırdılar. Roma dövlətinin ilkin çağlarında bu iki təbəqə arasında ciddi münaqişələr yaşanmışdı. Amma sonradan bəzi plebeylər varlanır, bir çox patrisilər isə Sezarın ailəsi kimi var-dövlətini itirir, yoxsul həyat sürməyə məcbur olurdular. Beləliklə, onlara yalnız öz soyları ilə fəxr etməkdən başqa bir şey qalmırdı.

Yuli Sezar Roma ətrafındakı Subura adlanan yerdə doğulmuşdu. Suburada əsasən xırda alverçilər, gəlmələr və yüngül həyat tərzi keçirən insanlar yaşayırdı. Görünür, Sezarlar ailəsinin varlı və vəzifəli adamlarla yaxşı əlaqələri olsa da, patrisilərlə müqayisədə, zənginlərin məskunlaşdığı Palatin təpəliyində yaşamaq imkanı yox imiş.

O vaxtlar Romada məktəblər dövlət himayəsində deyildi. Sezar və bacıları evdə təhsil alırdılar. Sezarın müəllimi Mark Antoni Qnifon latın, yunan dilləri və ədəbiyyatı üzrə tanınmış mütəxəssis sayılırdı. Gənclik çağlarında Sezarın özü də bədii yaradıcılıqla məşğul olurdu. O, «Herkulesin4 mədhi», «Edip5», «Müdrik kəlamlar toplusu» kimi əsərlərin müəllifi olmuşdu.

Qədim Romada bədən tərbiyəsi, fiziki hazırlıq da təhsilin tərkib hissəsi sayılırdı. Bu dərslərdə yeniyetmələrə silahla davranmağı, üzməyi, at sürməyi öyrədirdilər. Bu, müəyyən mənada, ilkin hərbi hazırlıq məşğələlərini xatırladırdı. Sezarın yüksək fiziki hazırlığa yiyələnməsində həmin dərslər mühüm rol oynamışdı.

Sezarın uşaqlığı Roma imperiyasında iğtişaşlar və vətəndaş müharibəsi dövrünə təsadüf etmişdi. Həmin vaxt mərkəzi hakimiyyətlə italyan tayfaları arasında qanlı döyüşlər gedirdi. Daxili çəkişmələr zamanı Romada tanrı Yupiterin flamini (kahini – tərc.) öz işindən uzaqlaşdırılır. Boş qalmış vəzifəyə yalnız aristokrat (patrisi) ailəsindən olan şəxs təyin edilə bilərdi. Çünki o vaxtlar bu, böyük vəzifə sayılırdı. Yupiterin flamini bu vəzifəyə ömürlük təyin olunurdu. Flamin müəyyən imtiyazlar əldə etsə də, bir çox məhrumiyyətlərlə də üzləşməli olurdu. Məsələn, o, Romanı yalnız bir neçə günlüyə tərk edə bilərdi. Senata getməsi qadağan olunmamışdı, amma at minməsinə icazə verilmirdi. Bundan başqa, flamin həmişə xüsusi geyimdə olmalı, başına şiş papaq qoymalıydı. Ona görə flaminliyə layiqli namizəd tapmaqda çətinlik çəkirdilər. Düşünüb-daşındıqdan sonra bu vəzifə Sezara təklif olunur: o, əsilzadəydi və cavan olduğu üçün təklifdən boyun qaçırmağa cəsarəti çatmazdı. Təbii ki, bu təklif Sezarın ürəyincə deyildi, axı o özünə hərbi və siyasi karyera qurmaq arzusu ilə yaşayırdı. Bununla belə, Sezar flamin vəzifəsini icra etməyə başlayır. Həmin vaxt onun şəxsi həyatında da dəyişiklik baş vermişdi: Sezar Romanın nüfuzlu şəxslərindən biri sayılan Zinnanın qızı Korneliya ilə evlənmişdi. Gözləmək olardı ki, bu evlilik onun karyerasındakı yüksəlişə təkan verəcək. Lakin tamamilə əksi oldu.

Sezarın Romadan qaçışı

Belə ki, Romada hakimiyyət uğrunda daxili çəkişmələrdə qalib gəlmiş Sulla adlı qoşun başçısı rəqiblərini sıradan çıxarmaq və məhv etmək üçün xüsusi plan hazırlamışdı. Həmin plana əsasən, Forumda6 böyük bir siyahı asılmışdı; bu siyahıdakı adamları qətlə yetirənlərə xüsusi mükafatlar verilir, öldürülənlərin mal-mülkü isə dövlətə qalırdı. Sulla hakimiyyətini möhkəmləndirmək məqsədilə özünü diktator7 elan etdi. Onun əməllərindən zərər çəkənlər arasında Sezar da var idi. Məsələ burasındadır ki, Sezarın qayınatası Sullanın rəqiblərindən biri idi. Bu səbəbdən də Sulla ona arvadından boşanmağı əmr edir. Sezar isə bu əmri yerinə yetirmək əvəzinə şəhəri tərk edib İtaliyanın cənubuna qaçır. Dərhal onu flamin vəzifəsindən uzaqlaşdırırlar. Sezar hökmdarın əlaltıları tərəfindən yaxalanmamaq üçün tez-tez yerini dəyişməli olur. Bununla belə, bir dəfə gecəyarısı onu izləyib ələ keçirirlər. Lakin Sezar sonuncu pulunu onlara verib qurtulur.

Bundan sonra Sezarın Romadakı nüfuzlu dostları və müdafiəçiləri Sulladan xahiş edirlər ki, onu bağışlasın. Hökmdar bu xahişi eşidir və Sezarın Romaya qayıtmasına icazə verir.

Romaya qayıdan Sezar tezliklə yenidən şəhəri tərk edib hərbi xidmətə yollanır; pretor8 Mark Termin yanında xidmətə başlayır. O vaxtlar Mark Term Lesbosdakı Mitilena şəhərini, qiyamçıların sonuncu istinadgahını mühasirəyə almışdı. Term kömək gətirmək üçün Sezarı Vifiniyaya, hökmdar Nikomedin yanına göndərir. Qay Yuli heç bir çətinlik çəkmədən bu tapşırığın öhdəsindən gəlir. Gətirdiyi gəmilər kiçik adada yerləşən Mitilena şəhərinin ələ keçirilməsində mühüm rol oynayır. O özü isə cəbhənin ön xəttində qəhrəmancasına vuruşur. O bundan sonrakı savaşlarda da həmişə ölümün gözünə dik baxacaq, sıravi əsgərlərlə birgə ön sıralarda döyüşəcəkdi; Romada hakimiyyətə yiyələndikdən sonra belə, həmişə döyüşə birinci atılacaq, əsgərləri öz arxasınca aparacaqdı.

Mitilena zəfərindən sonra Sezar göstərdiyi igidliyə görə xüsusi çələnglə mükafatlandırılmışdı. O bu çələngi başına qoyub Romada keçirilən şənliklərə qatılmışdı. Həmin vaxt senatorlar da daxil olmaqla hər kəs ayağa qalxıb onu alqışlamışdı.

Ümumiyyətlə, döyüşlərdə qazandığı şöhrət Sezarın siyasi və hərbi karyera qurmasında həlledici rol oynayıb.

Mitilenanı ələ keçirdikdən sonra Sezar bir müddət Kiçik Asiyadakı Roma əyaləti olan Kilikiyada xidmət göstərir. O burada at oynadan dəniz quldurlarını məhv etmək üçün bir çox döyüş əməliyyatlarına qoşulur. M.ö. 78-ci ildə Sullanın ölüm xəbərini alan Sezar Romaya qayıdır.

Siyasi karyerada ilk addımlar

Bir il sonra iyirmi üç yaşlı Sezar Makedoniyanın keçmiş hökmdarı Qney Dolabellanın məhkəməsində ittihamçı qismində çıxış edir. Makedoniyalılar Dolabellanı hakimiyyətdən sui-istifadədə, başqalarını hədələməklə mənfəət əldə etməkdə günahlandırıb məhkəməyə vermişdilər. Bu məhkəmə işində zərərçəkənləri Sezar təmsil edirdi. Qeyd edək ki, o vaxtlar Romada hüquqşünaslar olmadığından istənilən savadlı adam ittihamçı və ya müdafiəçi kimi çıxış edə bilərdi. Məhkəmədə Sezarın çıxışı böyük əks-səda doğurdu, hətta Mark Tulli Siseron9 belə onun bu çıxışına yüksək qiymət verdi. Di gəl, Sezar məhkəməni uduzdu. Hakimlər varlı, nüfuzlu Dolabellanı müqəssir elan etməkdən çəkindilər. Lakin Sezarın nitqi unudulmadı və bir il sonra onu yenidən məhkəmədə çıxış etməyə çağırdılar. Bu dəfə o, bir zamanlar soyğunçuluqla məşğul olmuş Qay Antonini ittiham etməli idi. Yenə məhkəməni uduzmasına baxmayaraq Sezar bu dəfə də gözəl natiq təsiri bağışladı.

 

Artıq hamı ona gələcəyin görkəmli siyasi xadimi kimi baxırdı. O başa düşürdü ki, yalnız siyasi həyatda və ya döyüş meydanında uğur qazanacağı halda Romada yüksək mövqe tuta bilər. Bunun üçünsə təhsilini davam etdirməli idi. Odur ki Sezar Egey dənizindəki Rodos adasına yollanıb burada Siseronun müəllimi olmuş Apolloni Molondan ritorika dərsləri almağa qərar verdi. Lakin Sezarın gəmisi Kiçik Asiyanın cənub-qərb sahillərində dəniz quldurlarının hücumuna məruz qaldı və əsir düşdü. Quldurlar ondan azadlığa buraxılması üçün 20 talant tələb etdilər. Həmin dövr üçün bu, kifayət qədər böyük olsa da, Sezar dikbaşlığından qalmır: “Yəni məni belə ucuz tutursunuz?” O, belə deyib girov pulunu 50 talanta qaldırır. Əsirlik qırx gün çəkir. Sezar isə sanki istirahətdəymiş kimi şeir yazır, tez-tez xəyallara dalır və amiranə tərzdə hamıdan sakitlik tələb edirdi. O, hərdən quldurlara öz şeirlərindən oxuyur, onlardan tərif və alqış eşitməyəndə isə əsəbiləşir, “kəmsavad və barbar” adlandıraraq söyür, hamısını edam edəcəyini deyirdi. Quldurlar bu qəribə gəncin hərəkətlərini qəhqəhə ilə qarşılayır, təlxəklik kimi qəbul edirdilər.

Nəhayət, Sezarın qohumları tələb olunan məbləği gətirirlər. Bundan sonra o, azadlığa buraxılır. Ardınca dəniz quldurları ilə haqq-hesab çəkmək qərarını qətiləşdirir. Qədim yunan şəhəri Miletdə bir neçə gəmi kirayələyir. Quldurlara qarşı əməliyyata başlayıb onların çoxunu əsir alır və yağmaladıqları sərvəti ələ keçirir. Beləcə, öz “zarafat”ını dəhşətli həqiqətə çevirir…

Həmin hadisədən sonra Sezar gözləmədiyi halda ordu sıralarına çağırılır. Kiçik Asiyada Roma hakimiyyətinə qarşı çıxan Pont hökmdarı VI Mitridatın qoşunları ilə döyüşməli olur. Senatın və hökumətin icazəsini gözləmədən hərbi əməliyyata başlayıb VI Mitridatın müttəfiqlərini Roma əyalətindən qovub uzaqlaşdırır. Bu özbaşına davranışı Sezarın öz nüfuzunu yüksəltmək istəyindən doğmuşdu və onun gələcəklə bağlı böyük hədəflərindən xəbər verirdi.

Tezliklə iyirmi yeddi yaşlı Sezara xəbər verirlər ki, onu Romada pontifik10 vəzifəsinə seçiblər. Pontifiklər kollegiyası dini məsələlərlə məşğul olmaqla yanaşı, digər kahin kollegiyalarına da nəzarət edirdi. Pontifik vəzifəsi siyasi fəaliyyətlə məşğul olmağa, hərbi karyera qurmağa mane olmurdu. Sezardan əvvəl bu vəzifəni anasının yaxın qohumu Qay Avreli Kotta tuturdu. Kottanın ölümündən sonra Sezarın anası oğlunu onun yerinə seçdirmək üçün böyük vəzifə sahiblərinə ağız açır, minnətçi düşür. Lakin əminliklə demək olar ki, Sezar bu vəzifəyə təkcə anasının səyləri nəticəsində seçilməmişdi. O, uğurlu döyüşçü, qabiliyyətli din xadimi və gözəl natiq kimi ad çıxarmışdı. Bunların sayəsində isə Romanın siyasi həyatında nüfuzu get-gedə yüksəlirdi.

Sezarın qəribə yuxusu

Pontifik seçildiyini öyrənən kimi Sezar İtaliyaya qayıdır. Bundan bir qədər sonra Romaya qarşı qullar üsyanı baş qaldırır. Üsyana Frakiyada doğulmuş Spartak adlı qul başçılıq edirdi. Spartakın dəstəsi tezliklə böyüyüb qorxunc qüvvəyə çevrildi. Senat11 qullar ordusunun üzərinə bir-birinin ardınca iki qoşun göndərdi. Lakin ümumi sayı yeddi mindən çox olan Roma əsgərləri Spartakın ordusuna məğlub oldu. Buna baxmayaraq, Spartak başa düşürdü ki, romalılar əvvəl-axır müharibədə qalib gələcəklər. O, üsyançı qulları Alp dağının o tayına keçirib öz vətənlərinə – Qalliya12, Frakiya13 və indiki Almaniyaya yola salmaq fikrindəydi. Lakin qullar İtaliyada soyğunçuluq etməyə, adamları çapıb-talamağa başladılar. Nəticədə Mark Krassın başçılıq etdiyi Roma qoşunları qullar ordusunu ağır məğlubiyyətə uğratdı; Spartakın sağ qalmış altı min tərəfdarı Romaya gedən yolun üzərində çarmıxa çəkildi.

Görünür, Spartak üsyanının yatırılmasında Sezar da mühüm rol oynamışdı. Onun Romaya qayıdandan sonra hərbi tribun vəzifəsinə seçilməsi bu ehtimalı təsdiqləyir. Beləliklə, Sezar rəsmi olaraq siyasi karyerasına başlayır.

O vaxtlar Romada respublika üsuli-idarəsi hökm sürürdü. İdarəçilik bütün vətəndaşların seçdiyi magistratura tərəfindən həyata keçirilirdi. Belə ki, nəzəri olaraq sıravi vətəndaş da yüksək vəzifəyə seçilə bilərdi. Lakin təbii ki, Roma elitası hakimiyyəti öz əlində saxlayırdı. Roma Respublikasında bütün hakimiyyət magistratların əlində cəmləşmişdi. Sezar kimi iddialı insanlar hərbi xidmətdə fərqləndikdən sonra hakimiyyətin zirvəsinə yüksəlməyə can atırdılar. Gənclər on il orduda xidmət etdikdən sonra legionda hərbi tribun olmaq imkanı əldə edirdilər. Bu, karyeranın ilk pilləsi sayılırdı.

Çox keçmir ki, Sezar Romanın nüfuzlu siyasi və hərbi xadimlərindən olan Krassın əsas tərəfdaşlarından biri kimi çıxış edirdi.

Bir müddət sonra o, daha yaxşı vəzifəyə – uzaq İspaniyada propretor14 təyin olundu. Elə bu vaxt sevimli arvadı Korneliya vəfat edir. Sezar sonrakı karyerasının bu təyinatdan asılı olduğunu başa düşürdü. Odur ki yeddiyaşlı qızını anasının himayəsinə verib İspaniyaya yola düşür.

Yolda yanındakılardan biri ondan soruşur: “Görəsən, İspaniyada da adamlar vəzifə uğrunda bir-birilərini didirlər?”

Sezar cavab verir: “Bilmirəm, ancaq mən Romada ikinci olmaqdansa, burada birinci olmağı üstün tutardım!”

Onu da deyək ki, propretor vəzifəsində işləyərkən əldə etdiyi təcrübə sonralar Sezara çox kömək olacaqdı.

Bir dəfə o xidməti işlərlə əlaqədar Finikiyaya yollanır və buradakı Herkules məbədini ziyarət edir. Məbəddə Makedoniyalı İsgəndərin heykəlini görür. Onda Sezarın təxminən otuz-otuz iki yaşı olardı. Sezar istər-istəməz kədərlənir, onu fikir götürür. Yanındakılar səbəbini soruşduqda isə belə cavab verir: “Otuz üç yaşında İsgəndər görün neçə ölkəni idarə edirdi. Mən isə bu yaşa çatmışam, hələ bir şərəfli iş görməmişəm”.

Həmin gecə Sezar yuxusunda anasının yunan mifologiyasının məşhur qəhrəmanlarından olan çar Ediplə izdivac qurduğunu görür15. Sezar mövhumatçı olmasa da, yuxusunu yozması üçün kahinə müraciət edir. Kahin onu sakitləşdirib deyir ki, gələcəkdə Makedoniyalı İsgəndər kimi dünyaya hökm edəcək. Çünki yuxusunda gördüyü «ana» əslində bütün canlılara həyat verən torpaqdır.

Hakimiyyət iddiası

Sezar İspaniyanı vaxtından əvvəl tərk edir: bilir ki, paytaxtdan kənarda öz iddialarını və niyyətini gerçəkləşdirə bilməyəcək. O, Romaya Şimali İtaliya torpaqlarından keçib-gedir. Həmin vaxtlar bu torpaqlarda yaşayan insanların bir qismi, xüsusən də Po çayının şimal tərəfində məskunlaşmış, vətəndaşlıq hüququ ala bilməyən əhali Romanın rəsmi siyasətindən narazı idi. Təbii ki, Sezar bunu bilirdi və narazıları dəstəkləməklə siyasət meydanında müəyyən üstünlüklər qazanmağa çalışırdı. Lakin Sezar yerlilərin rəğbətini qazansa da, onları üsyana təhrik etmək istəmirdi. Silahlı üsyan Roma qoşunlarının müdaxiləsinə gətirib çıxara bilərdi ki, bu da Sezarın xeyrinə deyildi.

M.ö. 67-ci ildə Sezar Romaya qayıdıb paytaxtın sosial-siyasi həyatında fəal iştirak etməyə başlayır. Elə həmin il o, Romadan Brundiziyaya – Adriatik dənizinin sahilindəki limana qədər uzanan Appia yoluna nəzarətçi təyin olunur. Misirə, Yunanıstana və ya Asiyaya yollanan Roma qoşunları məhz bu yoldan keçirdi. Döyüşçülər Brundiziyada gəmilərə minir, geri dönərkən də həmin yolla qayıdırdılar. (Qeyd edək ki, həmin dövrdə romalıların saldığı yüksək keyfiyyətli yolların bir qismi bu gün də fəaliyyət göstərməkdədir.)

Həmin vaxt Aralıq dənizi hövzəsində dəniz quldurları at oynatmağa davam edirdilər. Buna görə də romalılar senatı onların öhdəsindən gələ bilməməkdə günahlandırırdılar. Nəhayət, xalq tribunlarından16 biri senata qanun layihəsi təqdim edir. Layihəyə görə, quldurların axırına çıxmaq üçün bir nəfərin ixtiyarına böyük ordu verilməli idi. Ad çəkilməsə də, hamı bilirdi ki, bu layihənin gizli müəllifi iddialı dövlət xadimlərindən biri – Pompeydir. O, ixtiyarına veriləcək ordudan istifadə edib Romada hakimiyyətə yiyələnə bilərdi. Buna baxmayaraq, Sezar həmin qanun layihəsini dəstəklədi. Çünki bilirdi ki, siyasi elita qanun layihəsini qəbul etməyəcək, əvəzində isə Pompey və Roma əhalisi onun təəssübkeşliyini unutmayacaq. Bu da ona gələcəkdə müəyyən siyasi xal qazandıracaqdı. Lakin iş elə gətirdi ki, Pompey səlahiyyətli şəxs seçildi. O, iyirmi dörd senatoru özünə köməkçi götürdü, yürüş üçün beş yüz gəmi hazırladıb yüz minlik ordu topladı. Qarşıya qoyulan məqsədə çatmaq üçün Pompey Aralıq dənizini on üç hissəyə böldü və qırx gün ərzində tədricən dənizi quldurlardan təmizləyərək Romaya qalib kimi qayıtdı.

Hərbi uğurlardan ruhlanan Pompey daha çox şan-şöhrət qazanmaq eşqinə düşdü. M.ö. 66-cı ildə xalq tribunlarından biri (şübhəsiz, Pompeyin təşəbbüsü ilə) yeni qanun layihəsi irəli sürdü. Layihəyə görə, Kiçik Asiyada və Suriyada sabitliyi bərqərar etmək üçün Şərqi Aralıq dənizi hövzəsindəki bütün Roma əyalətləri və qoşunları Pompeyə tabe etdirilməliydi. Qanun qəbul olunandan sonra Pompey yeni torpaqlar fəth etdi. Beləliklə, senatla uzun-uzadı məsləhətləşmələr aparmadan bütün Yaxın Şərqin xəritəsini dəyişdirdi.

 

Sezar Pompeyin uğurlarından özü üçün dərs çıxardı: başa düşdü ki, iddialı və bacarıqlı qoşun başçısı senatın razılığı olmadan da şan-şöhrət qazana, hətta tarixə düşə, üstəlik, böyük sərvət sahibi ola bilər.

M.ö. 65-ci ildə Sezar edil seçildi. Edillərin işi məhkəmə çəkişmələrinə, tikinti işlərinə, bayramların təşkilinə, küçələrin, məbədlərin, bazarların vəziyyətinə nəzarət etmək idi. Edillər ənənəvi olaraq ildə iki bayram təşkil edirdilər: apreldə ilahə Sibilanın şərəfinə yeddigünlük və sentyabrda Yupiterin şərəfinə on beş günlük. Bu bayram tədbirlərini təşkil etmək üçün xəzinədən müəyyən miqdarda vəsait ayrılırdı. Lakin əhalinin rəğbətini və dəstəyini qazanmaq istəyən edillər ayrılan vəsaitə öz pullarını da əlavə edirdilər. Sezar da belə elədi. Borc aldığı pullarla o, Forumu və Kapitolini17 yaxşıca bəzətdirdi. Üstəlik, iki yüz qırx qladiatorun iştirakı ilə döyüşlər təşkil etdi. Qədim Romada «qladiator» tamaşaçıları əyləndirmək üçün başqa bir qladiatorla, yaxud vəhşi heyvanlarla ölənədək vuruşan döyüşçülərə deyilirdi.

Sezarın siyasi rəqibləri onun hərəkətlərini təşvişlə izləyirdilər: onlar həm Spartak üsyanına bənzər çaxnaşma yaranacağından qorxur, həm də Sezarın nüfuzunun artmasından ehtiyatlanırdılar. Bundan sonra Sezar dəbdəbəli həyat sürməyə başladı. O, həvəslə zərgərlik məmulatları, qədim heykəllər və şəkillər toplayırdı. Sezar Nemi gölünün yaxınlığında özünə imarət tikdirdi, lakin tikili xoşuna gəlmədiyi üçün onu uçurtdu.

Edil vəzifəsini icra edərkən sadə insanların rəğbətini qazanmış Sezar öz nüfuzunu bir qədər də artırmaq üçün daha cəsarətli addım atmaq qərarına gəlir. O, keçmiş sərkərdə və dövlət xadimi, eləcə də öz qohumu olan Marinin təsvirini tikilməkdə olan Yupiter məbədinin qarşısında nümayiş etdirmək fikrinə düşür. Mari uzun müddət Publi Sullaya qarşı mübarizə aparmış və romalıların böyük rəğbətini qazanmışdı. Uzaqgörən Sulla hələ Sezar yeniyetmə olarkən onda gələcəyin güclü şəxsiyyətini sezmiş və əyanlarına belə demişdi: “Görərsiniz, bu Sezarda bir neçə Mari mürgüləyir!”

Beləliklə, Marinin təsviri gecə ikən Kapitoliyə gətirdilir. Xalq Marini hələ də hörmət və ehtiramla andığı halda, hakimiyyətdəkilər ona kəskin nifrət bəsləyirdilər. Təsvirə tamaşa etmək və keçmiş sərkərdənin germanlar üzərində qələbəsini əks etdirən yazıları oxumaq üçün məbədin qarşısında xeyli insan toplaşır. Marinin tərəfdarları göz yaşları içində Sezarı alqışlayırlar. Nəticədə senatın növbədənkənar iclası çağırılır. Optimat18 Lutasi Katul Sezarın əleyhinə nitq söyləyir, onu dövlətə qarşı təxribat törətməkdə ittiham edir. Lakin Sezar cavab nitqində bildirir ki, heç vaxt dövlətin dayaqlarını sarsıtmaq niyyətində olmayıb. Sezar o qədər bəlağətli nitq söyləyir ki, hətta rəqibləri belə onun dediklərinə inanır. Bundan sonra Sezarın tərəfdarları daha da ürəklənir və onu optimatlara güzəşt etməməyə çağırırlar. Bu hadisədən sonra Sezar artıq hakimiyyətə iddialı şəxs kimi qəbul olunur.

Hadisələrin sonrakı gedişi göstərdi ki, optimatlar Sezardan ehtiyatlanmaqda haqlıymışlar. Qay Svetoni Trankvill19 yazırdı ki, M.ö. 65-ci ildə Publi Avtroni və Publi Sulla konsul20 vəzifəsinə iddia edirdilər. Lakin seçiciləri rüşvətlə ələ aldıqları üçün onlar deyil, Lutsi Torkvatla Sezarın yaxın qohumu olan Lutsi Kott konsul seçilirlər. Belə olan halda Avtroni və Sulla ziyafət zamanı Torkvatla Kottu qətlə yetirib hakimiyyəti Mark Krassa ötürməyi planlaşdırırlar. Şərtə görə, Krass diktator olandan sonra onları konsul vəzifəsinə təyin etməli, Sezar isə atlı qoşunun başçısı olmalıydı. Ancaq son anda Krass ya qorxur, ya da fikrini dəyişir və ziyafətə gəlmir. Beləcə, Sezar da öz rolunu yerinə yetirə bilmir, yəni sui-qəsdçilərə hərəkətə keçmək işarəsi vermir (o, bürüncəyini çiynindən endirməliydi).

Lakin Sezarın bu sui-qəsd cəhdində iştirakı sübuta tarixçilər tərəfindən yetirilməyib. Hətta fürsət tapan kimi Sezar haqqında xoşagəlməz ifadələr işlədən məşhur natiq və filosof Siseron (M.ö. 106–43) belə bu barədə heç nə yazmayıb. Sezar cəsur adam idi, ancaq qanuni hakimiyyəti devirməyə hesablanmış, üstəlik, pis hazırlanmış sui-qəsd planında yer almazdı. Düzdür, vaxtı gəlincə o, senata qarşı çıxaraq vətəndaş müharibəsinin alovlanmasına səbəb olacaqdı. Ancaq hələ ki ehtiyatlı davranır, tədricən öz mövqelərini möhkəmlətməklə məşğul olurdu.

Spartak üsyanını yatırdığına görə ciddi nüfuz qazanan Krass narahat idi: o, Aralıq dənizini quldurlardan təmizləyən, Yaxın Şərqi fəth eləyən Pompeyin şöhrətinin kölgəsində qalmaqdan qorxurdu. Odur ki yeni uğura ehtiyacı vardı. Xeyli düşünüb-daşındıqdan sonra Krass gözünü Misirə dikdi: bu ölkəni fəth etməklə Pompeyin nüfuzuna şərik ola bilərdi.

Həmin vaxt Misir Roma dövlətinin təsir dairəsində olsa da, Nil vadisi öz müstəqilliyini qoruyub-saxlaya bilmişdi.

Krass Misir torpaqlarını tamamilə ələ keçirib bu ölkəni Romanın əyalətinə çevirmək fikrinə düşdü. Beləliklə də o, Roma xəzinəsinə külli miqdarda əlavə vəsait qazandıra bilərdi. Bunun üçün əsas da vardı: Misir hökmdarı XI Ptolemey öz vəsiyyətində ölkəni Romaya miras qoyduğunu bildirmişdi.

Krass Misir yürüşü zamanı hərbi rəhbərliyi Sezara həvalə etmək qərarına gəlir. Sezar məmnuniyyətlə razılaşır: Misirdə uğur qazanıb nüfuzunu daha da artırmaq və yığılıb-qalmış borclardan yaxa qurtarmaq üçün yaxşı fürsət yaranmışdı. Lakin Krassın və Sezarın mövqelərinin daha da möhkəmlənə biləcəyindən ehtiyatlanan optimatlar bu planın gerçəkləşdirilməsinə imkan vermirlər. Hamisi Pompeyin maraqlarını güdən Siseron da onlara kömək edirdi. M.ö. 64-cü ildə Pompey hələ də Şərqdə hərbi əməliyyatlara başçılıq edir və şöhrətini daha da artırırdı.

Belə bir vaxtda Romada Mark Portsi Katon21 əhəmiyyətli fiqura çevrildi: kvestor vəzifəsinə təyin edildi və bununla bütün xəzinədarlıq işləri onun ixtiyarına keçdi. Əvvəlki kvestorlar öz işlərinə formal yanaşır, peşəkar xəzinədarların fəaliyyətinə başdansovdu nəzarət etməklə kifayətlənirdilər. Lakin Katon tipik kvestor deyildi: öz işini vicdanla yerinə yetirirdi. Nəticədə çox keçmədi ki, xəzinədən sui-istifadə hallarının üstünü açmağa başladı. Məlum oldu ki, bir çox adlı-sanlı romalılar dövlətdən külli miqdarda borc götürüblər və bu vəsaiti qaytarmaq barədə düşünmürlər. Onda Katon cəmiyyətdə tutduqları mövqedən asılı olmayaraq bu adamları məhkəməyə cəlb etməyə başladı. Haqqında cinayət işi qaldırılan adamların sayı o qədər çox idi ki, təhqiqat aparmaq üçün Katon prosesə əlavə insanlar cəlb etməli oldu. Onlardan biri də Sezar idi. Bu, gələcək hökmdarın Romada inanılmış, etibarlı adamlardan biri sayıldığını göstərir.

1Magistratura – Qədim Romada yüksək dövlət vəzifələrinin məcmusu
2Patrisilər – Qədim Romada aristokrat nəslindən olanlar
3Plebeylər – Roma əhalisinin qul olmayan, ancaq aşağı təbəqəyə mənsub hissəsi
4Herkules – Qədim yunan mifologiyasında əfsanəvi obraz olan Heraklı Qədim Romada belə adlandırırdılar.
5Edip – Qədim yunan mifologiyasında əfsanəvi çar
6Forum – Qədim Romada şəhərin siyasi həyatına dair söhbətlərin aparıldığı bazar meydanı
7Diktator – Qədim Romada ölkə xarici və daxili təhlükə qarşısında olduğu zaman senat tərəfindən təyin edilən, qeyri-məhdud ixtiyar və səlahiyyətə malik olan şəxs
8Preitor – Qədim Romada mühüm dövlət vəzifəsi
9Siseron – Qədim Roma natiqi, filosofu, siyasi xadimi, hüquqşünası və siyasət nəzəriyyəçisi (M.ş. 106-43-cü illər)
10Pontifik – Qədim Romada ali kahinlər şurasının üzvü
11Senat – Qədim Romada ölkəni idarə edən dövlət şurası
12Qalliya – müasir dövrdə, başda Fransa olmaqla, Qərbi Avropanın böyük bir hissəsinə verilən tarixi ad
13Frakiya – Cənub-Şərqi Avropada Bolqarıstan, şimal-şərqi Yunanıstan və Türkiyənin Avropa qitəsindəki torpaqlarını əhatə edən tarixi bölgə
14Propretor – canişin
15Əfsanəyə görə, Edip bilmədən atasını öldürmüş və taxta çıxa bilmək üçün anası ilə evlənmişdi.
16Tribun – Qədim Roma ordusunda legion komandirlərindən biri
17Kapitoli – Qədim Romanın yerləşdiyi yeddi təpədən biri və həmin təpədəki eyniadlı məbəd
18Optimat – Qədim Romada Senat aristokratiyasının maraqlarını müdafiə edən ideoloq
19Trankvill – Qədim Roma salnaməçisi, yazıçı, tarixçi, imperator Adrianın şəxsi katibi
20Konsul – Qədim Romada seçki yoluyla müəyyənləşən ali magistraturanın üzvü
21Katon – Qədim Roma siyasi xadimi, aristokratların senatdakı lideri (e.ə. 95–46-cı illər); Qədim Roma yazıçısı və siyasətçisi olmuş ulu babası ilə eyni adı daşıyırdı. Sezarın ən qatı düşmənlərindən biri kimi tarixə düşüb.
Купите 3 книги одновременно и выберите четвёртую в подарок!

Чтобы воспользоваться акцией, добавьте нужные книги в корзину. Сделать это можно на странице каждой книги, либо в общем списке:

  1. Нажмите на многоточие
    рядом с книгой
  2. Выберите пункт
    «Добавить в корзину»