Yosxul insanlar

Текст
Читать фрагмент
Читайте только на ЛитРес!
Отметить прочитанной
Как читать книгу после покупки
  • Чтение только в Литрес «Читай!»
Шрифт:Меньше АаБольше Аа

Hər təzə gün keçən günün eyni olurdu. Çox sakit yaşayırdıq, elə bil heç şəhərdə deyildik. Anna Fyodorovna da gücündən əmin olandan sonra bizdən əl çəkmişdi. Onsuz da heç kim onun sözünün qabağına söz qoymağa cəsarət etməzdi.

Bayaq da dediyim kimi, yanımızdakı otaqda tələbə Pokrovski yaşayırdı. O Saşaya fransız və alman dillərini, tarixi, coğrafiyanı – ümumiyyətlə, bütün elmləri öyrədirdi və buna görə də Anna Fyodorovna otaqlardan birini ona vermişdi. Saşa dəcəl olmağına baxmayaraq ağıllı qız idi; o vaxt on üç yaşı vardı. Anna Fyodorovna anama eyham vurmuşdu ki, mənim də oxumağım pis olmaz; çünki pansionda çox şey öyrənə bilməmişdim. Anam sevincək halda razılaşdı və mən bir il Saşayla birlikdə Pokrovskidən dərs aldım.

Pokrovski çox kasıb oğlan idi; özü də xəstə olduğu üçün oxumağa gedə bilmirdi, ona elə-belə, öyrəşdiyimiz üçün tələbə deyirdik. Çox sakit adam idi, heç vaxt otağından səs gəlmirdi. Gəzməyi, oturub-durmağı qəribə idi; elə ehtirasla danışırdı ki, əvvəl-əvvəl ona baxanda gülməyim gəlirdi. Saşa həmişə onu hirsləndirirdi, xüsusən dərs vaxtı. Üstəlik onun xasiyyəti ağır idi, heç nəyin üstündə özündən çıxırdı, üstümüzə qışqırırdı, tez-tez dərsi yarımçıq qoyub hirsli halda gedirdi. Otağında bütün günü kitab oxuyurdu. Çoxlu kitabı vardı, hamısı da nadir, bahalı kitablar. Başqa hardasa da xüsusi dərs verirdi, pul qazanırdı, görürdün bir az pul yığan kimi gedib təzə kitablar alırdı.

Vaxt keçdikcə onu yaxından tanımağa başladım. O mehriban, xeyirxah adam idi, indiyəcən gördüyüm adamların ən yaxşısı idi. Anam ona çox hörmət edirdi. Az sonra isə o mənim ən yaxın dostum oldu.

Əvvəllər Saşayla oturub saatlarla düşünürdük ki, nə etsək onu hirsləndirib hövsələdən çıxara bilərik? Onun hirslənməyi gülməli idi və mənim xoşuma gəlirdi (indi bunu xatırlamağa da utanıram). Bir dəfə onu çox möhkəm hirsləndirdik və o pıçıldadı: “Pis uşaqlar”. Birdən-birə çox utandım, həm də ona yazığım gəldi. Qulaqlarıma qədər qızardım, az qala ağlaya-ağlaya bizim dəcəlliyimizə fikir verməməsini və sakitləşməsini istədim, o isə dərsi tamamlamadan kitabı bağlayıb otaqdan çıxdı. Özümə yer tapa bilmirdim. Onu acıqlandırdığımız üçün özümü danlayırdım. Onu az qala ağlatmışdıq! O gecə yata bilmədim. Deyirlər vicdan əzabı adamı sakitləşdirir, – əksinə. İstəmirdim ki, o məni uşaq kimi görsün. Onda artıq on beş yaşındaydım.

O gündən başlayaraq Pokrovskinin mənim haqqımdakı təəssüratlarını necə dəyişdirə biləcəyim haqda düşünüb planlar qurmağa başladım. Amma xəyalpərvərliyim buna mane olurdu. Düzdür, daha Saşaya qoşulub dəcəllik etmirdim, Pokrovski daha bizə hirslənmirdi; amma bu az idi.

İndi isə, gördüyüm adamların ən maraqlısı və ən yazığı haqqında bir neçə söz deyim. Ona görə onun haqqında indi yazıram ki, əvvəllər ona heç fikir vermirdim, – Pokrovskiyə aidiyyatı olan hər şey mənim üçün maraq kəsb etməyə başlamışdı!

Hərdən evimizə balaca, çirkli, pis geyinmiş, ağsaç, bir sözlə, olduqca qəribə bir qoca gəlirdi. İlk baxışdan adama elə gəlirdi ki, o öz varlığından utanır, vicdan əzabı çəkir. Elə əzilib-büzülürdü, elə sıxılırdı ki, dəli olduğunu da düşünmək olardı. Olurdu ki, evimizə gəlirdi, şüşəli giriş qapısının yanında dayanırdı, amma evə girməyə cəsarət etmirdi. Belə vaxtlarda ya mən, ya Saşa, ya da ev qulluqçularından biri yanından keçəndə səsini çıxartmadan, işarələrlə varlığını nəzərə çarpdırırdı və ancaq biz evdə qıraq adamın olmadığını, istədiyi vaxt evə girə biləcəyini deyəndən sonra rahatlanırdı, əllərini bir-birinə sürtüb qapıdan içəri girirdi və pəncələrinin üstündə Pokrovskinin otağına gedirdi. Bu onun atası idi.

Sonralar bu qoca haqqında hər şeyi öyrəndim. O haçansa hardasa qulluq etmişdi, xüsusi bacarığı olmadığı üçün idarədəki ən axırıncı, ən nəzərə çarpmayan işçi idi. Birinci arvadı öləndə (Pokrovskinin anası) ikinci dəfə evlənmək qərarına gəlib, bir meşşan qadınla evlənmişdi. Təzə arvadı evi istədiyi kimi idarə edirdi, hər şeyi əlində cəmləmişdi, heç kimə rahatlıq vermirdi. Tələbə Pokrovski onda uşaq idi, on yaşı vardı. Ögey anası ona nifrət edirdi. Amma taleyi onun üzünə güldü. Atasının məmur olduğu vaxtlardan tanıdığı mülkədar Bıkov uşağı öz himayəsinə götürdü və hansısa məktəbə qoydu. Bıkovun ona bu münasibəti göstərməyi, Pokrovskinin anasını tanımağından irəli gəlirdi. Bıkov Anna Fyodorovnanın qohumu idi, Pokrovskinin anası isə Anna Fyodorovnanın himayəsində idi və onu məmur Pokrovskiyə Anna Fyodorovna ərə vermişdi. Toyda Bıkov gəlinə beş min rubl cehiz vermişdi, amma pulların necə olduğunu heç kim bilmir. Bunları mənə Anna Fyodorovna danışmışdı, Pokrovski özü ailəsi haqqında danışmağı xoşlamırdı. Deyilənlərə görə onun anası göyçək qadın imiş və onun nə üçün bu məmura ərə getdiyi mənimçün maraqlıdır. Amma o çox yaşamamışdı, evlənəndən dörd il sonra ölmüşdü.

Məktəbdən sonra Pokrovski gimnaziyaya, sonra isə universitetə getmişdi. Peterburqa tez-tez gələn cənab Bıkov, burda da onu himayəsi altında saxlamışdı. Pokrovski xəstələndiyi üçün universitetə davam edə bilməmişdi. Bıkov onu Anna Fyodorovna ilə tanış etmişdi, onu təriflədiyi üçün Anna Fyodorovna yaşamaq və yemək müqabilində onu evində saxlamağa razılıq vermişdi, amma o gərək Saşaya vacib olan dərsləri verəydi. Qoca Pokrovski isə, ikinci arvadının ucbatından içkiyə qurşanmışdı, ayıq vaxtı olmurdu. Arvadı onu döyürdü, mətbəxdə yatmağa qovlayırdı, getdikcə qoca bütün bunlara öyrəşdi və daha şikayətlənmədi. O qədər yaşlanmasa da, ağlını itirmək dərəcəsinə çatmışdı. Ondakı yeganə həyat əlaməti oğluna bəslədiyi hədsiz sevgi idi. Deyilənlərə görə, gənc Pokrovski anasının eynidir, eynən bir almanın iki üzü kimi. Görəsən oğlunu belə sevməyinin səbəbi, onun anasına çox oxşamağı deyildi ki? Qoca oğlundan başqa heç nə haqda düşünmürdü və həftədə iki dəfə onun yanına gəlirdi. Tez-tez gəlməyə çəkinirdi, çünki gənc Pokrovskinin bu ziyarətlərdən xoşu gəlmirdi. Gənc Pokrovskinin ən böyük çatışmazlığı atasına qarşı hörmətsizliyi idi. Düzünə qalsa, bunda atasının da günahı vardı. Çünki o hər şeylə maraqlanırdı, yerli-yersiz suallarıyla oğluna mane olurdu və bəzən içkili halda gəlirdi. Oğlu atasını tərbiyələndirməyə çalışırdı, axırda vəziyyət o həddə çatmışdı ki, ata oğlunun icazəsi olmadan ağzını açmağa qorxurdu.

Yazıq qoca öz Petenkasına (oğlunu belə çağırırdı) göz dolusu baxa bilmirdi. Çünki hər dəfə onu ziyarətə gələndə necə qəbul olunacağını düşünürdü, buna görə də xeyli vaxt içəri girməyə cəsarət etmirdi. Olurdu ki, məni saxlayıb iyirmi dəqiqə sorğu-sual edirdi: Petenka necədir? Sağlamdırmı? İndi kefi necədir? Nəyləsə məşğuldur, yoxsa yox? Yazır, yoxsa nəsə fikirləşir? Mən onun bütün suallarına yerli-yataqlı cavab verib qocanı sakitləşdirəndən sonra, nəhayət ki, qərara gəlib içəri girirdi, yavaş-yavaş otağın qapısını açıb başını içəri salırdı, görəndə ki, oğlu hirslənmədi və başıyla işarə etdi, içəri girirdi, səs salmamağa çalışaraq daim əzik və çirkli olan şinelini və papağını çıxartıb asılqandan asırdı; sonra ehtiyatla keçib hansısa stulda otururdu və oğlunun kefinin necə olduğunu bilmək üçün gözlərini ona dikirdi. Əgər Petenkanın kefi yox idisə, onda yavaşcadan: “Mən elə-belə gəldim, bir dəqiqəlik, sənə dəyməyə”, – deyib ayağa dururdu. Yenə də səs salmamağa çalışaraq şineliylə papağını götürüb qapını yavaşca aralayırdı və bayıra çıxırdı.

Amma oğlunun kefi yaxşı olanda, onu təbəssümlə qarşılayanda, qoca sevincdən özünü itirirdi. Belə vaxtlarda necə fərəhləndiyini üzündən bilmək olurdu. Oğlu onunla danışanda özünü yığışdırır, cavab verəndə azca yerindən durur, özünü yaxşı aparmaq istədiyi halda gülməli hərəkətlər edirdi. Amma danışa bilmirdi; bilmirdi əllərini hara qoysun, özünü necə saxlasın; cavab verməmişdən qabaq demək istədiyini xeyli dodaqaltı pıçıldayırdı. Əgər cavabı öz xoşuna da gəlirdisə, onda frakını, qalstukunu, jiletini düzəldib özündənrazı görkəm alırdı. Hərdən elə cəsarətlənirdi ki, ayağa durub rəfə yaxınlaşırdı, əlinə keçən kitabı götürürdü, təsadüfi yerini açıb elə ordaca oxuyurdu. Bunu da təbii şəkildə etməyə çalışırdı. Guya həmişə istədiyi vaxt oğlunun kitablarını qarışdırmaq hüququna malikdir. Amma bir dəfə tələbə Pokrovski ona kitablarına toxunmamasını dedi. O an qocanın necə qorxduğunu gördüm. O birdən-birə özünü itirdi, kitabı yerinə qoydu, amma kitabı tərsinə qoyduğunu görəndə özünü daha çox itirdi, bilmədi ki, necə hərəkət etməlidir. Pokrovski onu xeyli danlamışdı və vaxt keçdikcə düzəldiyini görürdü. Qoca ikinci, ya da üçüncü dəfə idi ki, onun yanına ayıq gəlirdi, onda tələbə Pokrovski qocaya iyirmi beş qəpik verdi, gələn dəfə gələndə isə əlli qəpik. Hərdən onun üçün çəkmə, qalstuk, ya da jilet alırdı. Atası təzə paltarları əyninə geyinəndə xoruzlanırdı. Hərdən də bizim otağımıza gəlirdi, Saşayla mənə pryanik və ya alma gətirirdi, oturub Petenkadan danışırdı. Yaxşı oxumağımızı, diqqətli olmağımızı istəyirdi, deyirdi ki, Petenka yaxşı oğlandır, nümunəvi oğlandır, üstəlik də alimdir. Danışanda gözlərini elə süzdürürdü ki, özümüzü saxlaya bilməyib elə onun qabağındaca gülürdük. Anam onu çox istəyirdi. Qocanın özününsə Anna Fyodorvnadan acığı gəlirdi, baxmayaraq ki, onu görəndə müti vəziyyət alırdı.

Tezliklə Pokrovskinin dərslərinə getməməyə başladım. O mənə hələ də uşaq kimi baxırdı, Saşayla bir tuturdu. Bu məni çox incidirdi, özümü böyük adamlar kimi aparmağa çalışırdım. Amma heç kim buna fikir vermirdi. Pokrovski ilə ümumiyyətlə danışmamağa çalışırdım, çünki onunla danışanda qızarırdım, çaşırdım, sonrasa bir küncə çəkilib utandığımdan ağlayırdım.

Amma bir hadisədən sonra Pokrovskiylə yaxınlaşdıq, heç bilmirəm o hadisə olmasaydı axırımız necə olacaqdı. Bir dəfə axşamüstü, anam Anna Fyodorovnanın yanında olanda Pokrovskinin otağına girdim. Onun evdə olmadığını bilirdim, amma otağa nə üçün girdiyimi bilmirdim. Bir ildən bir az çox idi ki, yan-yana yaşayırdıq, amma mən hələ onun otağını görməmişdim. Ürəyim elə döyünürdü ki, elə bil sinəmi parçalayıb çıxmaq istəyirdi. Xüsusi maraqla hər şeyi süzdüm. Otaq səliqəsiz yığışdırılmışdı. Ağzınacan kitabla dolu beş dənə rəf divarlara vurulmuşdu. Stolla stulların üstünə kağızlar atılmışdı. Hər yerdə kitablar və kağızlar! Birdən-birə bir fikir bütün varlığımı çulğadı, ona layiq olmadığımı düşünməyə başladım. O çox savadlıdır, bur qədər çox oxuyub, mənsə savadsızam, heç nə bilmirəm, bircə dənə də olsun kitab oxumamışam… Bu fikir ağlımdan keçən kimi gözlərimi qaldırıb rəflərə baxdım. Birdən-birə onun bütün kitablarını oxumaq istədim. Bəlkə də onun oxuduqlarını oxuyub, onun bildiklərini bilsəydim, dostluğuna layiq olardım. Birinci rəfə yaxınlaşıb əlimə keçən üstü tozlu, köhnə kitabı götürdüm, utansam da, ağarıb-qızarsam da, gecə anam yatandan sonra şam işığında oxumaq üçün öz otağımıza apardım.

 

Otağımıza gələn kimi köhnə, vərəqlərini qurd yemiş kitabı açıb vərəqlədim, oxumağa çalışdım, amma kitab latınca idi! Tez Pokrovskinin otağına qayıdıb kitabı yerinə qoymaq istəyəndə koridordan addım səsləri gəldi. Tez-tələsik kitabı yerinə qoymağa çalışdım. Kitablar rəfə elə sıx yığılmışdı ki, bu kitabı götürəndən sonra yerdə qalanları genişlənib bütün yeri tutmuşdular, əlimdəki kitab üçün yer qalmamışdı. Var gücümlə kitabı yerinə basmağa çalışdım. Divara vurulmuş mıxlardan biri elə bil məni gözləyirmiş kimi sındı. Rəfin bir tərəfi aşdı. Kitablar gurultuyla yerə dağıldı. Qapı açıldı və Pokrovski otağa girdi.

Nəzərə almaq lazımdır ki, Pokrovski kiminsə əşyalarına toxunmağını xoşlamırdı, kitablarına isə, ümumiyyətlə əl vurmaq olmazdı! Rəfdəki bütün kitablar – nazik, qalın, balaca, böyük, nə qədər vardısa hamısı yerə tökülüb stol-stulun altına səpələnəndə keçirtdiyim dəhşət hissini təəvvür edin! Qaçardım, amma gec idi. “Əlbəttə, – düşünürəm, – əlbəttə! Mən məhv oldum. Özümü körpə çağa kimi aparıram lap. Mən necə axmağam!” Pokrovski möhkəm hirsləndi. “Bircə bu çatmırdı! – deyə o qışqırdı. – Heç utanırsınız? Haçan ağıllanacaqsınız?..” Tez kitabları yığışdırmağa başladı. Mən də kömək etmək istədim. “Lazım deyil, lazım deyil! – qışqırdı. – Burnunuzu hər yerə soxmasaydınız daha yaxşı olardı”. Qorxduğumu görüb səsinin tonunu bir az aşağı saldı, öyüd verən müəllimlər kimi danışmağa başladı. “Haçan özünüzü yaxşı aparmağı öyrənəcəksiniz? Siz axı uşaq deyilsiniz, balaca deyilsiniz, sizin axı on beş yaşınız var!” Bunu deyib artıq böyüdüyüm haqda dediyi fikirləri təsdiqləmək istəyirmiş kimi gözlərini qaldırıb mənə baxdı və qulaqlarına qədər qızardı. Sonra ayağa durub mənə yaxınlaşdı, utana-utana nəsə deməyə başladı, deyəsən üzr istəyirdi. Özümü itirmiş halda ona baxırdım, amma tezliklə özümə gəldim. Pokrovskidən daha çox qızardım, üzümü əllərimlə tutub bayıra qaçdım.

Nə edəcəyimi, utandığımdan harda gizlənəcəyimi bilmirdim. Elə bircə məni öz otağında görməyi bəs idi! Üç gün ona baxa bilmədim. Qızarıb doluxsunurdum. Ağlıma çox qəribə və axmaq fikirlər gəlirdi, ən qorxulusu da bu idi ki, gedib hər şeyi açıq-açığına etiraf edim, özümü uşaq kimi aparsam da, niyyətimin pis olmadığını izah edim. Bunu edəcəkdim, amma tanrıya şükür ki, özümdə cəsarət tapa bilmədim. Yoxsa nələr olardı! İndi də yadıma düşəndə vicdanım sızıldayır!

Bir neçə gün sonra anam xəstələndi. İki gün yataqdan qalxmadı, üçüncü gün isə qızdırıb titrətməyə başladı. Bir gecə yatmayıb yanında oturdum. Su verdim, dərman içirtdim. İkinci gecə dayana bilmədim, yuxu məni aparırdı, gözlərim qaralır, başım fırlanırdı. Mürgüləsəm də anamın iniltisinə oyanırdım, amma bir neçə saniyə sonra təzədən yuxuya gedirdim. Əzab çəkirdim. İndi dəqiq xatırlamıram, amma arada çox pis yuxu görüb dəhşət içində oyandım. Otaq qaranlıq idi, sönməkdə olan şamın solğun şüaları gah artır, gah azalırdı. Nə üçünsə qorxdum, məni dəhşət bürüdü; ürəyim də sıxılırdı… Stuldan sıçrayıb hansısa əzabverici, dəhşətli hissin təsirindən qeyri-ixtiyari qışqırdım. Bu vaxt qapı aralandı, Pokrovski otağa girdi.

Özümə gələndə onun qollarındaydım. O məni ehtiyatla kresloya oturtdu, su içirtdi və suallar verməyə başladı. Ona nə cavab verdiyim yadımda deyil. “Siz xəstəsiniz, siz özünüz də xəstəsiniz, – bunu deyib əlimdən tutdu, – qızdırmanız var, səhhətinizə diqqət yetirmirsiniz. Sakitləşin, yatmağa çalışın. Sizi iki saata oyadaram. Bir az sakitləşin… Uzanın, uzanın!” O imkan vermirdi ki, nəsə deyim. Yorğunluq olan-qalan gücümü də aldı, gözlərim bağlandı. Yarım saat yatmaq qərarına gəlib kresloya yayxandım, bir də səhər oyandım. Pokrovski anamın dərman içmək vaxtı gələndə məni oyatmışdı.

Бесплатный фрагмент закончился. Хотите читать дальше?
Купите 3 книги одновременно и выберите четвёртую в подарок!

Чтобы воспользоваться акцией, добавьте нужные книги в корзину. Сделать это можно на странице каждой книги, либо в общем списке:

  1. Нажмите на многоточие
    рядом с книгой
  2. Выберите пункт
    «Добавить в корзину»