Yosxul insanlar

Текст
Читать фрагмент
Читайте только на ЛитРес!
Отметить прочитанной
Как читать книгу после покупки
  • Чтение только в Литрес «Читай!»
Шрифт:Меньше АаБольше Аа

3-cü məktub – 8 aprel

Çox hörmətli xanım, Varvara Alekseyevna!

Hə, anam, hə, əzizim, mənim də bəxtimə mirzə maaşı düşüb. Hə, mən qocanı ələ saldınız, Varvara Alekseyevna! Belə baxanda özüm günahkaram, hər şeyin günahı məndədir! Qoca vaxtında özünü məhəbbətə salıb gülüş hədəfi olmamalısan. Hə, anam, sizə hirslənmirəm, amma bunları xatırlamaq ağrıdır məni, eynən sizə yazdığım bütün sarsaq şeylər kimi. Bu gün işə elə sevincək getdim ki, üzüm parıldayırdı. Səbəbsiz yerə ürəyim atlanırdı, sevinirdim, elə bil bayramdır; xoş idi! Xoş ovqatla da işə başladım, – sonra nə oldu? Bir də baxdım ki, hər şey əvvəlki vəziyyətinə qayıdıb – bozarıb, tutqunlaşıb. Eyni mürəkkəb ləkələri, eyni stollar və kağızlar, mən də həmişəki mən, əvvəl necə olmuşamsa, elə də qalmışam. Bəs həyətimizdə duyulan bu ətir nəydi? Bunların hamısı mənə görünmüşdü. Hərdən elə olur ki, adam öz hisslərini çaş-baş salır. Bu ürəyin ani axmaqlığından olur, başqa heç nədən. Evə də sürünə-sürünə qayıtmışam. Birdən-birə başım ağrıdı, baharın gəlişinə sevinib işə nazik şinellə getmişdim. Hisslərim də yanılıb, əzizim! Atalıq hissi güc gəlmişdi mənə, Varvara Alekseyevna, atalıq hissi; sizin yetimliyinizi atalıq hissiylə doldururam; bunu təmiz qəlblə, ancaq və ancaq qohumluq bağlarına arxalanan ən ülvi hisslərlə deyirəm! Nə də olmasa sizin qohumunuzam, düzdür, uzaq qohumam, atalar sözüylə desək, kiselin yeddinci suyu kimi, amma qohumam; indisə yaxın qohum və hamiyəm; siz himayədar və müdafiəçi axtarmalı olduğunuz yerdə satqınlıq və ağrı tapdınız. Şeirlərə gəlincə bunu deyim ki, anam, bu yaşımda şeir yazmaq mənə yaraşmaz. İndi məktəbdə şeir yazan uşaqları döyürlər. Bu işlər belədir.

Bəs o rahatlıq, sakitlik və başqa-başqa şeylər haqqında yazdıqlarınız nədir, Varvara Alekseyevna? Anam, mən şıltaq və tələbkar deyiləm, heç vaxt da indiki kimi rahat yaşamamışam; indi deyirsiniz bu qoca yaşımda durub şıltaqlıq edim? Yeməyim var, paltarım var, çəkməm var – daha nə lazımdır? Qraf deyiləm ki! Atam zadəgan deyildi və mənim indi qazandığımdan daha az qazanırdı. Hər şeyi açıq danışmalı olsaq, deməliyəm ki, keçmiş mənzilim üçün darıxıram. Əlbəttə, bu mənzilim də yaxşıdır, hətta belə baxanda daha şəndir; burası düzdür, amma köhnə mənzilim üçün də darıxıram. Biz qocalar, daha doğrusu yaşlılar, köhnə əşyalara doğma adamlar kimi bağlanırıq. Bilirsiniz, belə, balaca mənzil idi, divarları… – nə danışasan axı! – divarları elə bütün divarlar kimi idi. İş onda deyil, amma xatirələr məni qüssələndirir… Qəribədir – xatirələr ağrıtsa da, elə bil onlarda xoşagələn nəsə də var. Biz sakit yaşayırdıq, Varenka; mən və mərhum ev sahibəsi. Həmin qarını da qüssəylə xatırlayıram indi! Yaxşı qadın idi, ev üçün də çox pul almırdı. Bir də görürdün nəsə toxumağa başladı. Bircə dənə şam yandırırdıq, eyni stolda oturub işləyirdik. Onun nəvəsi də vardı, Maşa – onu körpə vaxtı görmüşdüm – indi on üç yaşı olmalıdır. Elə şıltaq, şən idi ki, həmişə bizi güldürürdü, beləcə üçlükdə yaşayırdıq. Hərdən uzun qış gecələrində dairəvi stolun ətrafında oturub çay içirdik, sonra işə başlayırdıq. Qarı isə, Maşa darıxıb dəcəllik etməsin deyə, nağıl danışırdı. Necə nağıllar idi! Tək uşaqları deyil, böyük və ağıllı adamları da maraqlandırardı! Olurdu ki, elə mən özüm də sakit oturub çubuq çəkə-çəkə qulaq asırdım, işi də unudurdum. Maşa da sakit oturub qulaq asırdı, hərdən qorxulu nağıl olanda balaca ağzını büzüb nənəsinə qısılırdı. Ona baxmaq xoşumuza gəlirdi; şamın yanıb əriməyinə, bayırdakı tufanın səsinə də fikir vermirdik. Yaxşı yaşayırdıq, Varenka; və beləcə, az qala iyirmi il bir yerdə yaşamışdıq. Yaman çox danışdım. Ola bilsin bu sizin xoşunuza gəlməyəcək, elə mənə də xatırlamaq çətindir.

Tereza nəsə iş görür, mənim başım ağrıyır, kürəyim də sızıldayır, fikirlərim də qarışıqdır, elə bil onlar da ağrıyır. Bu gün kədərliyəm, Varenka! O nədir yazmısınız, əzizim, sizə necə gələ bilərəm axı? Camaat nə deyər? Gəlsəm gərək həyətdən keçim, elə olsa evdəkilər görəcəklər, maraqlanacaqlar, qeybətə çevirəcəklər, başqa yerə yozacaqlar. Yox, mələyim mənim, yaxşısı mən sizi sabah kilsədə görərəm. Belə daha yaxşı və daha təhlükəsiz olar. Bir də, belə məktub yazdığım üçün məni qınamayın. İndi özüm oxuyuram və əlaqəsiz şeylər yazdığımı görürəm. Mən, Varenka, qoca, savadsız adamam; cavanlıqda oxumamışam, indisə oxumaq istəsəm də, başıma heç nə girməz. Boynuma alıram ki, yaxşı yazmağı bacarmıram və kiminsə diqtəsi olmadan nəsə yazmağa çətinlik çəkirəm. Bu gün sizi pəncərədən gördüm, pərdəni necə saldığınızı da gördüm. Sağ olun, Sağ olun, tanrı sizi qorusun! Sağ olun, Varvara Alekseyevna!

Dostunuz Makar Devuşkin.

P.S. Əzizim, mən artıq heç kimin haqqında satira yazmıram. Qocalmışam, Varvara Alekseyevna, gülərlər mənə; atalar sözündə necə deyilir: kim ki başqasına quyu qazır, elə özü də… ora düşür.

4-cü məktub – 9 aprel

Xeyirxah cənab Makar Alekseyeviç!

Əziz dostum və xeyirxahım Makar Alekseyeviç, özünüzü naza qoymağa heç utanmırsınız? Doğrudan xətrinizə dəydim? Ah, mən tez-tez ehtiyatsızlıq edirəm, amma sözlərimi ciddi qəbul edəcəyinizi gözləmirdim. Əmin olun, mən heç vaxt sizə, sizin xasiyyətinizə lağ etməyə cəsarət etmərəm. Hamısı yelbeyinliyimin və darıxmağımın ucbatından oldu, adam darıxanda nələr etməz ki! Mənə elə gəldi ki, siz öz məktubunuzda zarafat etmək istəyinizi dilə gətirmisiniz. İndi məndən incidiyinizi anlayanda çox kədərləndim. Yox, əziz dostum, əgər məni nankorluqda və hissiyyatsızlıqda günahlandırsanız, səhv etmiş olacaqsınız. Mənim üçün etdiyiniz hər şeyi, pis adamlardan necə müdafiə etdiyinizi, nifrətdən, kindən qoruduğunuzu xatırlayıram və qiymətləndirirəm. Ömrüm boyu sizə duaçı olacağam və əgər dualarım qəbul olunsa, siz xoşbəxt olacaqsınız.

Bu gün bir az xəstəyəm. Qızdırmam var, titrədirəm. Fedora çox narahatdır. Nahaq yerə bizə gəlməyə utanırsınız, Makar Alekseyeviç. Başqalarının nəyinə lazım? Biz tanışıq, bu qədər!.. Sağ olun, Makar Alekseyeviç. Daha çox yaza bilməyəcəyəm, kefim yoxdur; həm də başqa nə yazasan? Bir də xahiş edirəm, mənə hirslənməyin və sizə bəslədiyim hisslərin ülviliyindən əmin olun.

Sizin Varvara Dobroselova.

5-ci məktub – 12 aprel

Çox hörmətli xanım Varvara Alekseyevna!

Ah, anam, sizə nə olub? Hər dəfə məni qorxudursunuz. Hər dəfə sizə yazıram ki, ehtiyatlı olun, özünüzü qoruyun, pis havalarda bayıra çıxmayın, – amma, mələyim mənim, mənə qulaq asmırsınız. Özünüzü uşaq kimi aparırsınız, mələyim mənim! Siz axı saman çöpü qədər incəsiniz. Xəfif meh əsən kimi titrəyirsiniz. Buna görə də özünüzü qorumalı və sizi sevən dostlarınızı kədərləndirməməlisiniz.

Necə yaşadığım və ətrafımda olanlar haqda hər şeyi bilmək istəyirsiniz. İstəyinizi məmnuniyyətlə yerinə yetirirəm. Əvvəldən başlayım, anam: belə daha səliqəli olar. Əvvəla bunu deyim ki, binamızın girişi çox təmizdir, böyükdür, işıqlıdır, pilləkanlar da yaxşıdır; burda hər şey çuqundan və qırmızı ağacdan düzəldilib. Amma arxa girişi heç soruşmayın: nəmişlik və çirk içindədir, pilləkanlar sınıq-sınıq, divarlar yağ içindədir, əlinizi qoysanız yapışar. Hər meydançada sandıqlar, sınıq stullar və şkaflar yığılıb, pəncərə şüşələri sınıq-sınıqdır, zibil vedrələri dolub-daşır, yumurta qabığından tutmuş balıq tıxınacan hər şeylə doludur; pis iy gəlir… bir sözlə, pis vəziyyətdədir.

Keçən dəfə otaqlar haqqında yazmışdım; düzdür, evin quruluşu rahatdır, amma içəri havasızlıqdır, necə deyim, bir az turşumuş və qaxsımış iy gəlir. Birinci dəfədən adama xoş gəlmir, amma iki dəqiqədən sonra öyrəşirsən, çünki iy sənə də hopur, özündən də iy gəlir, əllərindən də, paltarından da, – öyrəşirsən. Amma quşlar bu havaya öyrəşə bilmir. Miçman artıq beşinci quşu alıb, – bizim havamızda yaşaya bilmirlər, ölürlər. Mətbəximiz böyükdür, genişdir, işıqlıdır. Düzdür, səhərlər balıq və ət qızartdıqları üçün bir az duman olur, həm də hər yerə su sıçradırlar, amma axşamlar cənnət kimidir. Mətbəxdəki zivədə həmişə alt paltarları asırlar; otağım mətbəxin yanında olduğu üçün paltarların iyi məni bir az narahat edir; amma yaşaya-yaşaya öyrəşmişəm artıq.

Səhər açılan kimi, Varenka, səs-küy aləmi bürüyür, hamı durur, gəzir, nəyisə tıqqıldadır, – hamı birdən oyanır, işə gedənlər və ya başqa işi olanlar, elə yerdə qalanlar da; hamı çay içməyə gəlir. Samovarların çoxusu ev sahibəsinindir, həm də azdır, çay dəmləmək üçün növbəyə dayanırıq; kimsə növbəni pozmağa çalışsa başını əzərlər. Bura birinci dəfə gələndə, hə… ya da bunda yazmalı nə var ki? Burda hamı ilə tanış oldum. Ən birinci miçmanla tanış oldum; səmimi adamdır, mənə hər şeyi danışdı: atasından, anasından, Tulada ərdə olan bacısından, Kronştadt şəhərindən. Çətinliyim olanda kömək edəcəyini bildirdi və məni çaya dəvət etdi. Burda bir otaq var, kartı burda oynayırlar, miçmanı orda tapdım. Mənə çay verdilər və birlikdə qumar oynamağı təklif etdilər. Mənə güldülər, ya gülmədilər – burasını bilmirəm, amma özləri bütün günü oynamışdılar, gecəni də oynadılar. Otaqdakı tüstüdən gözlərim acışdı. Mən oynamadım, sonrasa fəlsəfədən danışdığımın fərqinə vardım. Daha sonra heç kim mənimlə danışmadı və mən buna şad idim. Daha onların yanına getməyəcəyəm; onlar qumar ehtirasına qapılıblar, əsl ehtirasa! Ədəbiyyat sahəsindəki müfəttiş də hərdən yığıncaqlar düzəldir. Qonaqları sadə və yaxşı adamlardır.

Hə, Varenka, ev sahibəmizdən də danışım, əsl küpəgirən qarıdır. Siz Terezanı görmüsünüz. Sizdə nə təəssürat yaratdı? Ütülmüş toyuq kimidir, elədir? Bu boyda evdə cəmisi iki qulluqçu var: Tereza və Faldoni, Faldoni ev sahibəsinin nökəridir. Bilmirəm, bəlkə də onun başqa adı da var, amma evdə hamı onu belə çağırır. O sarışın, donqar, yekəburun, kobud adamdır. Bütün günü Terezayla deyişir, az qala dava edəcəklər. Açığına qalsa, burda həyatım elə də xoş keçmir… Bir dəfə də olsun, gecə hamı eyni vaxtda yatıb sakitləşməyib. Həmişə hardasa oturub qumar oynayırlar, ya da elə şeylər edirlər ki, deməyə də utanıram. Düzdür, mən artıq öyrəşmişəm, amma hərdən fikirləşirəm ki, görəsən evli adamlar burda necə yaşayır? Burda bir yoxsul ailə yaşayır, amma başqa otaqların yanında yox, küncdə, ayrıca otaq tutublar. Sakit adamlardır! Heç kim onların səsini eşitməz. Bircə otağı pərdəylə bölüb yaşamağa çalışırlar. Kişi müfəttişdir, yeddi il qabaq nə üçünsə işdən qovulub. Soyadı Qorşkovdur; balacaboy, çalsaç kişidir, köhnə, süzülmüş paltarda gəzir; mənimkindən də pisdir! Hərdən koridorda rastlaşırıq, dizləri, əlləri, başı titrəyir, yəqin hansısa xəstəliyə tutulub, kim bilir. Hamıdan qorxur, hamıdan çəkinir. Gəzəndə də divara qısıla-qısıla gəzir. Mən də utancağam, amma o məndən daha utancaqdır. Bir özüdür, bir arvadı, bir də üç uşağı. Böyüyü oğlandır, eynən atasıdır dayanıb. Arvadı haçansa gözəl olub, indi də simasından bilinir; o da tör-töküntü geyinir. Eşitdiyimə görə, evə görə borcları yığılıb; sahibə onlarla çox da yola getmir. Bunu da eşitmişəm ki, Qorşkovun özünün də başı bəladadır, elə o səbəbdən də işdən qovulubmuş… İşi nə yerdədir, məhkəmədədir, yoxsa yox – burasını bilmirəm. Bədbəxtdirlər onlar, bədbəxt – aman tanrım! Həmişə otaqlarında sakitlikdir, elə bil burda adam yaşamır. Heç uşaqların da səsi çıxmır. Bir dəfə də olsun uşaqların qışqırdığını, oynadığını eşitməmişəm, bu isə pis əlamətdir. Bir dəfə gecə vaxtı onların otağının qabağından keçməli oldum; içəridən hıçqırıq səsi gəldi, sonra pıçıldaşdılar, sonra yenə hıçqırıq, hə, dəqiq kimsə ağlayırdı. Elə bil ürəyimi parçaladılar, bütün gecəni o bədbəxtlər ağlımdan çıxmadı, heç yaxşı yata da bilmədim.

 

Hə, sağ olun, çox dəyərli dostum Varenka! Bacardığım qədər hər şeyi yazmağa çalışdım. Bu gün bütün günü sizi düşünmüşəm. Sizə görə ürəyim sızıldayıb. Əzizim, axı sizin paltonuzun olmadığını bilirəm. Peterburq baharı soyuq olur, Varenka, küləkli, sulu qarlı olur. Bizi bu havalardan tanrı özü qorusun! Yazdıqlarımı mənə irad tutmayın, bacardığım bu qədərdir, Varenka. Əlimdən başqa bir şey gəlməsə də, heç olmasa məktublarımla sizi bir az şənləndirim. Əgər təhsil ala bilsəydim, o olardı başqa məsələ; amma oxumamışam, neyləyim?

Sizin əbədi və sadiq dostunuz Makar Devuşkin.

Купите 3 книги одновременно и выберите четвёртую в подарок!

Чтобы воспользоваться акцией, добавьте нужные книги в корзину. Сделать это можно на странице каждой книги, либо в общем списке:

  1. Нажмите на многоточие
    рядом с книгой
  2. Выберите пункт
    «Добавить в корзину»