Attila

Текст
Автор:
Из серии: Tarixi yaradanlar
0
Отзывы
Читать фрагмент
Читайте только на ЛитРес!
Отметить прочитанной
Как читать книгу после покупки
  • Чтение только в Литрес «Читай!»
Шрифт:Меньше АаБольше Аа

Erik Deşodt

Attila

Tanrı yolunu azmış xalqları cəzalandırmaq üçün məni göndərib.



Attila

Hunlar

Ölümündən min beş yüz ildən çox vaxt keçsə də, Attilanın adı Qərbdə hələ də olduqca məşhurdur. Bu ad təkcə Roma imperiyasının yüksəlişini və süqutunu araşdıran tarixçilərə deyil, geniş ictimaiyyətə yaxşı tanışdır. Onlar Attila və mənsub olduğu hun xalqı haqqında oxumağa, öyrənməyə böyük maraq göstərirlər. Hərçənd hər ikisinin adı əksər qərblilər üçün qanlı qırğınların, dağıntıların sinoniminə çevrilib.



Əslində, Attiladan öncə də hunlar hər tərəfə lərzə salmışdılar. Bu cəsur, döyüşkən xalqdan söz düşəndə çoxlarının canına vəlvələ düşürdü. Attilanın ortaya çıxması ilə həmin qorxu daha da artdı, son həddə çatdı.



Hunlar Şərqi Sibirdə, Monqolustanın şimalında məskunlaşmışdılar. Onlar Sakit okeandan Atlantik okeana, Çindən Avropaya qədər dörd bir yana hücum çəkmiş, ucsuz-bucaqsız əraziləri ələ keçirmişdilər. Hunların qurduğu imperiyanın sərhədləri xüsusilə Attilanın dövründə daha da genişlənmişdi.



Hunlar dedikdə ağıla ilk növbədə yay və oxla silahlanmış atlılar gəlirdi. Doğrudan da, onlar at sürməkdə, ox atmaqda olduqca mahir idilər.



Türk-monqol mənşəli olan hunlar ucsuz-bucaqsız çölləri at belində ötüb-keçməyi bacarırdılar. O dövrdə bunu bacaran insanlara (deməli, həm də hunlara!) isə az qala fövqəltəbii varlıq kimi baxırdılar.



Yuxarıda onların türk-monqol mənşəli olduğunu yazmışıq, lakin, əslində, bu məsələ hələ də ciddi elmi mübahisə mövzusudur. XIX əsrdən başlayaraq aparılan arxeoloji qazıntılar, eləcə də ortaya çıxan tarixi mətnlər hunların türk kökənli olduğunu göstərməkdədir. Müasir türk tarixçilərindən Əhməd Taşağıl yazır ki, göytürklər

1

1



Göytürklər

 – əfsanəyə görə, qurddan törəndiyi deyilən «aşina» adlı qədim türk qəbiləsinə mənsub olan xalq. Aşina qəbiləsindən olanlara «göydən enmiş türklər» – göytürklər deyirdilər.



 hunları öz ataları sayırdılar.



Hunların tarixinə dair dəyərli əsərlərin müəllifi olan görkəmli etnoqraf Lev Qumilyov onların e.ə. IV–II əsrlərdə xalq kimi formalaşdığını yazır. Sonralar bu xalqın tərkibinə Mərkəzi və Şərqi Avropada, habelə Asiyanın şimal-qərbində yaşayan bir çox uqor

2

2



Uqor

 – Şimal-şərqi Avropada yaşayan və eyni dil ailəsini əmələ gətirən fin-uqor xalqlarının bir qolu. Ana vətənləri Ural dağları ilə Volqa çayı arasındakı ərazilərdir.



 tayfaları da daxil olmuşdu.



Yeri gəlmişkən, dünya tarixinin ən əhəmiyyətli hadisələrindən biri – Xalqların böyük köçünə

3

3



Xalqların böyük köçü

 – IV əsrdə hun tayfalarının Altaydan Avropaya tərəf yayılması ilə başlanan, 300 ildən çox davam edən yürüş.



 təkan verən də məhz hunlar olmuşdular.



1737–1794-cü illərdə yaşamış tanınmış ingilis tarixçisi Qibbon hunları monqollarla eyniləşdirirdi. Başqa bir görkəmli ingilis tarixçisi və publisisti Con Men isə 2005-ci ildə çap etdirdiyi «Attila» kitabında bu fikri qətiyyətlə təkzib edərək yazır: «Bu əsla ola bilməz. Belə ki, hunların məskunlaşdığı əraziyə monqollar 500 il sonra gəlmişdirlər». İngilis alimi fikrini çoxsaylı elmi qaynaqlar, etibarlı mənbələr əsasında apardığı araşdırmalarla əsaslandırır. O təəssüflənir ki, bu günəcən hun dilində hər hansı mətnə rastlanmayıb. Çünki hər xalqın mənşəyi ilk növbədə onun doğma dilində özünü göstərir.



Con Menlə razılaşmamaq mümkünsüzdür: təkcə Attilanın özünün kifayət qədər katibləri olsa da, onun dövründən belə hun dilində hər hansı yazılı mətn günümüzə gəlib çatmayıb. Ən azından elm aləminə bu cür mətn məlum deyil. Hunlardan dil faktı olaraq bizə gəlib çatan vur-tut müəyyən adlardır. Üstəlik, həmin hun adları yüzilliklər boyunca müxtəlif dəyişikliklərə uğrayıblar. Bununla belə, onlar az da olsa, hunların dili barədə təsəvvür yaradır; məsələn, müxtəlif xalqlar tərəfindən fərqli tələffüz edilsə və yazılsa da, Attilanın əmisinin adı «Oktar»dır. «Oktar» isə qədim türkcədə «qüdrətli» mənasını verir. Alimlər bunun təsadüf olmadığı qənaətindədirlər. Belə ki, Attila dövrünün bir çox görkəmli simalarının adı da məhz türk kökənlidir. Attilanın atasının adı Mundzuk, yəni Muncuqdur. Bu ad ümumtürk coğrafiyasında indinin özündə də çox işlənir. Onun digər əmisi Aybarsın, oğlu Ernakın («qəhrəman» deməkdir) adları da həmçinin…



Bundan başqa, hun xanlarından olmuş Qaratonun adının mənası türkcədə «qara və ya böyük donlu, paltarlı» mənasına gəlir…



Eləcə də bir çox hun adlarının sonundakı «qam» əlavəsi onun qam /şaman, yəni ruhani adam olduğunu bildirir.



Macar alimlərindən İştvan Bonun da onunla eyni fikirdə olduğunu qeyd edən Con Men sonda bu nəticəyə gəlir: «Beləliklə, çox güman ki, hunlar türk mənşəli idi və türkcə danışırdılar. Ola bilsin, həmin türkcə monqol dilinə də yaxın idi. Hunların Çin, slavyan və german tayfalarıyla isə heç bir əlaqələri yoxdur».



Maldarlıqla məşğul olan bir çox köçəri tayfalar kimi hunlar da Sibirlə indiki Çin və Monqolustan ərazilərində yerləşən Qobi səhrası arasında yaşayırdılar. Tez-tez başqa tayfalara hücum çəkmək, onların mal-qarasını ələ keçirmək hunların adi məşğuliyyəti idi.



Hunlar Çinə qarşı

Xunnuların adına ilk dəfə e.ə. III yüzilliyə aid Çin qaynaqlarında rast gəlirik. Bu ad hun adı ilə eyniləşdirilir. Baxmayaraq ki fərqli düşünənlər də var.



Çinlilərin haqlarında «xunnu» kimi bəhs etdiyi hunların idarəçilik mərkəzi hazırkı Monqolustanın şimalında, Şərqi Sibirdəki Orhon çayı vadisində yerləşirdi. Orhon çayı Qaraqorum şəhəri yaxınlığında Baykal gölünə tökülən Selenqa çayının qollarından biridir. Hunlardan min il sonra Çingiz xanın üçüncü oğlu Ögedey Qaraqorumu özünə paytaxt eləyəcəkdi. O, Çini işğal etməzdən əvvəl burada şəhər saldırmışdı.



Hunlar Çin imperiyasının şimal əyalətlərinə mütəmadi basqınlar təşkil edir və sayca az olmalarına baxmayaraq bu döyüşlərdə, adətən, qalib gəlirdilər. Çinli süvarilər onların qarşısında sözün həqiqi mənasında aciz idilər: qarşılarındakı atlı döyüşçüləri, demək olar, gözlərini döyərək izləyir, əllərindən heç nə gəlmir, ya güclə canlarını qurtarır, ya da qılıncdan keçirilirdilər.



Həmin dövrdə bu, görünməmiş hadisə idi: belə getsə, qüdrətli bir imperiya nəinki qürurunu, hətta mövcudluğunu itirə bilərdi. Odur ki Çin imperatoru ağlagəlməz addım atdı. O öz süvarilərinə icazə verdi ki, ənənəvi döyüş libaslarını – uzun xalatlarını çıxarıb hunlar kimi şalvar geyinsinlər. Köçərilərin enli şalvarları xüsusilə at belində rahat əyləşmək və hərəkət etmək üçün çox münasib idi. Balaqlar topuqlarını tam örtürdü.



İmperatorun əmrinə tabe olan Çin süvariləri tezliklə bunun bəhrəsini görməyə başladılar: indi onlar da düşmən kimi cəld, çevik hərəkət etməyə başlamışdılar. Di gəl, bu çeviklik hunların öhdəsindən gəlmək üçün yetərli deyildi. Axı çinlilər düşmənləri kimi mahir atıcı – sərrast oxçu sayıla bilməzdilər.



Böyük bir imperiya hunlara qalib gəlmək ümidini itirmişdi. Odur ki vəziyyətdən çıxış yolu kimi Böyük Çin səddinin inşasına qərar verildi. Bu nəhəng sədd onları hunların basqınlarından qorumalı idi.



Səddin tikintisi təxminən e.ə. 215-ci ildə başa çatdı. Lakin o da hun (xunnu) hücumlarının qarşısında aciz qaldı.



Məsələ burasındadır ki, hunlar Böyük Çin səddinin inşasından lap qıcıqlandılar. Basqınlarını artırdılar və e.ə. III əsrin sonlarında öncə indiki Monqolustan ərazisini ələ keçirdilər. E.ə. II əsrin əvvəllərində isə Çin imperiyasının şimal-qərb əyalətlərində Böyük Çin səddi boyunca məskunlaşmış tayfaları darmadağın etdilər. Həmin tayfalar qərb istiqamətinə qaçdılar. Bu, Avropaya üz tutan sonrakı köçəri axınlarının ilk dalğası idi.



E.ə. 161-ci ildə hunlar Sarı çay (Xuanxe) boyunca uzanan Çeş şəhərini tutdular. Xueyçandakı imperator sarayını yandırdılar. Bu o demək idi ki, imperiyanın ovaxtkı paytaxtı Çanqan da təhlükə altındadır.



E.ə. 142-ci ildə Çeşdən şimalda yerləşən İnmen istiqamətindən Çin səddinə zərbə endirən hunlar e.ə. 129-cu ildə isə Pekin ətrafını xarabalığa çevirdilər.



E.ə. 127-ci ildə çinlilər düşmən cəbhəsində yaranmış daxili ixtilaflardan ruhlandılar. Bunu onların zəifləməsinin əlaməti saydılar və əks-hücuma keçərək hun atlılarını indiki Monqolustanın içərilərinə çəkilməyə məcbur etdilər. E.ə. 108-ci ildə çinlilər Transaksoniyaya (indiki Fərqanə vadisi, Özbəkistan) cins atlar almaq üçün xüsusi nümayəndə heyəti göndərdilər. Onlar ümid edirdilər ki, bu cür atlar sayəsində hunların alçaqboylu atlarına dov gələcəklər. E.ə. 102-ci ildə sərkərdə Li Quanli altmış minlik ordusunun otuz minini susuzluqdan yollarda itirmək bahasına Çinə üç min belə at gətirdi.



Təxminən e.ə. I yüzilliyin ortalarında hunlar arasında növbəti parçalanma baş verdi. Bu onların daha da zəifləməsinə gətirib çıxardı. Nəticədə e.ə. II yüzillikdə açılan Böyük İpək yolunun

4

4



Böyük İpək yolu

 – qədim dövrdə və orta əsrlərdə Çindən Orta və Ön Asiya ölkələrinə aparan karvan yolu



 Tibetdən Balxaş gölünə qədər olan hissəsi üzərində nəzarət Çinin əlinə keçdi. Beləliklə də onlar illərdir düşmənlərinə ödədikləri ağır vergidən canlarını qurtarmış oldular.

 



Bütün bu uğursuzluqlar hunları ağıllandırmağa kifayət etmədi. Aralarındakı qisasçılıq o həddə çatdı ki, e.ə. 51-ci ildə hun tayfa başçılarından Xuxan-ye öz rəqibi Çeçeyə qarşı Çindən kömək istədi. Lakin cəhdləri nəticəsiz qaldı. Məğlub vəziyyətə düşən Çeçe çarəsizlikdən e.ə. 44-cü ildə qərbə doğru üz tutdu. Burada Hun imperiyası yaratmaq üçün səylərini davam etdirən Çeçeni 8 il sonra Çin sərkərdəsi Çen Tonq yaxaladı, əsir alıb başını kəsdi. Bu, bütövlükdə qərbdəki hunların – qərbi hunların düz üç yüz il boyunca tarix səhnəsindən silinmələrinə gətirib çıxardı.



E.ə. 33-cü ildə Çeçenin uğurlu rəqibi Xuxan-ye şərqdəki köçərilər (şimali hunlar) üçün çox önəmli bir addım atdı: Çin şahzadəsi ilə evləndi. Şimal hunları Çinlə müttəfiq olandan sonra toxtadılar, on illərdir davam edən əzab-əziyyətdən qurtuldular.



Beləliklə, bizim eranın I yüzilliyində şimali hunlar Çindən asılı vəziyyətə düşmüşdülər. Çeçenin tərəfdarları isə indiki Qazaxıstan ərazisində dinməzcə oturmuşdular. Əllərindən heç bir iş gəlmirdi…



Sükut pozulur

Hunların səssizliyi üç yüz il davam etdi. Həm şimali, həm də qərbi hunların oyanışı eyni vaxta təsadüf etdi. Şimali hunlar hiylə işlətdilər: özlərini tamamilə ram olmuş kimi göstərərək Çinə doğru endilər. Qərbdəkilər isə Avropaya tərəf yönəldilər. Hər kəs onları yox olmuş, tarixdən silinmiş hesab edirdi, kimsə hunların tezliklə əvvəlkindən də güclü, qüdrətli şəkildə meydana çıxacağını ağlının ucundan belə keçirə bilməzdi.



311-ci ildə şimali hunlar Çinin keçmiş paytaxtı Loyan şəhərini və Sarı çaya qədər ölkənin bütün şimal bölgələrini tutdular. Qərbi hunlar isə həmin vaxt günbatana doğru uzanan yolda irəliləyirdilər. Onlar Balamirin başçılığı altında Volqa, Don, Dnepr, Dnestr çaylarını keçib Dunaya çatdılar. Yolüstü Xəzər dənizindən şimaldakı Alan ölkəsini, eləcə də Dnepr sahillərindəki german qəbiləsi olan ostqotları və vestqotları məğlub etdilər. Bundan sonra həmin tayfalar daha da qərbə üz tutdular və Avropada öz krallıqlarını yaratdılar. Ostqotlarla vestqotların bu köçü Xalqların böyük köçünün də başlanğıcı sayılır.



Hunlar hər iki tayfanın ardınca düşüb onları təqib etmək əvəzinə macar çöllərində qalmağı üstün tutdular. Həmin çöllər onların keçib gəldiyi bozqırları xatırladırdı. Bu səbəbdən yeni məskənlərində özlərini qərib hiss etmirdilər. İndiki Macarıstan ərazisindəki düzənlik – Puşta, bir növ, rus bozqırlarının, o da, öz növbəsində, Orta Asiya və Monqol çöllərinin davamı idi. Yəni macar çölləri nəhəng bozqır silsiləsinin qərbdəki sonuncu halqası idi. Hunlar, görünür, bunu başa düşürdülər…



Puşta düzənliyinin bir üstünlüyü də vardı: bu çöllük, demək olar, boş qalmırdı. Burada german tayfalarından olan gepidlər məskunlaşmışdılar. Görünür, onlar da gözəl mənzərəli doğma yurdlarından macar çöllüyünə öz xoşları ilə gəlməmişdilər. Yəqin, onları da bura hansısa arzuolunmaz səbəb və ya səbəblər gətirib çıxarmışdı. Məsələ bunda deyil. Məsələ ondadır ki, hunlar çox keçmədən gepidləri asanlıqla özlərinə tabe etdilər və ev işlərinə baxmağı onlara tapşırdılar.



Qərbi hunlar bir neçə onillik boyu burada həyat sürdülər. Asiyanın ucsuz-bucaqsız çöllərinə o qədər alışmışdılar ki, bir müddət sonra Puştada darıxmağa başladılar. Axı bu macar düzənliyi elə də böyük deyildi.



Hun at belində böyükdür

Bəli, hunlar darıxmağa başlamışdılar. Odur ki Avropada Volqadan sonra ikinci böyük çay olan Dunayın digər sahilinə adlayır, burada yaşayan tayfalarla tanış olur, onlarla mehriban münasibətlər qurmağa çalışırdılar.



Di gəl, hunların xeyli nəzakətlə davranmasına baxmayaraq qarşı tərəf özünü fərqli aparırdı. Uzaq şimaldan gələn bu insanların yöndəmsiz sir-sifəti, əyri qılçaları onları çiyrəndirirdi. Bəzi müəlliflərin iddiasına görə, hunların əyin-başı üfunət iyi verərmiş və bu, məqsədli imiş: onlar qəsdən belə eləyirdilər ki, özlərinə qarşı nifrət aşılasınlar. Axı nifrətlə vəhşətin arası cəmi bir addımdır!



Hunların qeyri-adi ənənələri başqalarını dəhşətə gətirirdi; məsələn, oğlan uşağı anadan olan kimi onun yanaqlarını iti xəncərlə dərindən çapırdılar. Gələcəkdə həmin çapıq yerində tük bitmir, beləliklə, uşaq böyüdükcə sifəti xacə sifəti kimi əcaib görkəm alırdı.



Hunların bədəni möhkəm və əzələli idi. Boyunları inanılmaz dərəcədə yoğun olardı. Yabanı otların kökü və yarıçiy heyvan əti ilə qidalanırdılar…



Aclığa, susuzluğa, soyuğa qarşı hədsiz dərəcədə dözümlü olan hunların bütün həyatı çöl-bayırda keçərdi. Onlar evə sığmır, alaçıqlarında və ya daxmalarında, demək olar, tapılmırdılar. Əyinlərinə kətandan və ya çöl heyvanlarının dərisindən tikilmiş paltar geyirdilər. Başlarına içi tüklü börk qoyar, ayaqlarında isə keçi dərisindən çəkmə olardı. Bu cür çəkmələr heç vaxt qəlibə salınmazdı, çünki belədə sərbəst hərəkət edə bilməyəcəklərini düşünürdülər.



Günün böyük hissəsini at belində keçirirdilər. Hətta bəzən elə atın belindəcə yeyib-içir, sonra da onun boynunu qucaqlayıb yatırdılar. Bundan başqa, hər hansı ciddi bir məsələ barədə məsləhət-məşvərət edərkən belə at belində bir araya gəlirdilər.



Tayfa ağsaqqallarının hər bir sözünü yerinə yetirməyə çalışırdılar. Bununla belə, əsla qeydsiz-şərtsiz itaət etməyi sevmirdilər. Xeyli dərəcədə azad ruhlu idilər.



Hun döyüşçüləri savaş zamanı paz şəklində düzülür, irəli atılanda dəli nərə çəkirdilər. Bəzən bilə-bilə döyüş nizamını pozub ətrafa səpələnir, gah sağdan, gah da soldan rəqiblərinə gözlənilməz ağır zərbələr endirirdilər. O qədər cəld, çevik davranırdılar ki, rəqibləri onların nə vaxt və haradan peyda olacağını təxmin belə etmirdilər. Bundan başqa, uzaqdan düşmənə ox yağdırırdılar. Həmin oxların sümükdən ustalıqla hazırlanmış iti ucluqları vardı. Əlbəyaxa döyüşü də əla bacarırdılar, qılıncla vuruşmağı da… Həmçinin kəmənddən məharətlə istifadə edirdilər: beləcə, aradan çıxmağa çalışan düşmən atlısını, yaxud piyadasını asanca ələ keçirirdilər.



Hunlar əkin-səpin işlərindən uzaq idilər. Köçəri həyat onlara ən yaxşı halda maldarlıqla məşğul olmaq imkanı verirdi. Həyatları, demək olar ki, üstü keçə ilə örtülü arabalarda keçirdi. Dinlərdən uzaq dururdular. Kəmhövsələ idilər, özlərindən tez çıxır, tez incidikləri kimi tez də barışırdılar.



Hunlar haqqında bu bilgilərə suriyalı yunan olan və Roma imperatoru Dönük Yulianın

5

5



Dönük Yulian

 – 361–363-cü illərdə Roma imperatoru. Öncə xristian olmuş, lakin sonradan xristianlığın tənqidçisinə çevrilmiş və antik inancları qəbul etmişdi. Dinindən döndüyü üçün tarixdə «Dönük Yulian» kimi qalmışdır.



 ordusunda xidmət edən Ammian Marsellinin qələmə aldığı mətndə rast gəlinir. Onun bu yeganə əsəri «Roma tarixi» (və ya, sadəcə, «Tarix») adlanır.



Təxminən 400-cü ildə Romada vəfat edən Marsellinin adıçəkilən əsərində kifayət qədər dəqiq və doğru tarixi məlumatlar yer alıb. Bununla belə, onun şişirtmələri də az deyil; məsələn, o yazır ki, guya hunlar heyvan ətini kətana və s. büküb yəhərin altına qoyurmuşlar. Yol getdikcə atın bədənindən yüksələn hərarət, canından qalxan buğ əti ala-çiy şəkildə bişirirmiş. Sonra da hunlar onu yeyirmişlər. Bunu necə həqiqət kimi qəbul etmək olar?



Digər tarixi qaynaqlarda Marsellinin bu yazdıqlarını təsdiqləyən hər hansı qeydlə rastlaşmırıq. Nə V yüzillikdə yaşamış qalliyalı şair və yazıçı, diplomat Sidoni Apollinari, nə əslən fransız olan Akvitanlı Prosper, nə də romalı diplomat, tarixçi və natiq Prisk bu haqda danışıblar. Üstəlik, Prosper və Prisk Attilanın müasirləri idi və onunla şəxsən görüşmüşdülər.



Bununla belə, Marsellinin hunlar barədə kifayət qədər dəqiq, həqiqət yüklü məlumatları yetərincədir. Elə Sidoni Apollinarinin qeydləri də bu mənada kifayət qədər qiymətlidir. Düzdür, o, hunları xeyli qərəzli şəkildə təsvir edir. Onların burnunu sifətlərindəki yastı bir çıxıntıya bənzədir. Ardınca əlavə edir ki, yanaqları çıxıq, başları isə batıq şəklindədir. «Alınlarının altında sanki göz yox, iki dərin çuxur var… Onlar hətta bu çuxurdan belə ucsuz-bucaqsız genişliyi görə bilir, quyu dibindəki ən xırda əşyaları seçirlər» – Apollinari qeyd edir.



O, hun oxçularının məharətindən isə hətta Marsellindən də həyəcanlı şəkildə danışır: «Böyük yay və uzun oxla silahlanmış hun heç vaxt hədəfdən yayınmır. Kimi nişan aldısa, vay halına, oxu onu öldürəcək!»



Sonda isə bəlağətli şəkildə elan edir: «Hun – piyada ikən kiçikdir, lakin at belində böyükdür!»



Romanın parçalanması

Qərbi hunlar Dunay çayının digər sahilindəki Roma torpaqlarının içərilərinə soxulmağa tələsmirdilər. Onların bu təmkini təəccüb doğurur: axı təbiət etibarilə kəmhövsələ olduqlarını yuxarıda yazmışıq. Hər halda, hunlara xas olmayan səbirliliyin səbəbi qorxu ola bilməzdi. Hunlar hara, qorxu hara!



Üstəlik, bir müddət əvvəl onların qabaqlarına qatıb qovladıqları vestqotlar 378-ci ildə Roma ordusunu darmadağın etmişdilər. Bu da azmış kimi Roma imperatoru Valent indiki Türkiyə ərazisində yerləşən Ədirnə şəhəri (ovaxtkı adı Adrianopol) yaxınlığında baş tutan həlledici döyüşdə həlak olmuşdu. Vestqotlar Frakiyada

6

6



Frakiya

 – Cənub-Şərqi Avropada Bolqarıstan, Şimal-Şərqi Yunanıstan və Türkiyənin Avropa qitəsindəki torpaqlarını əhatə edən tarixi bölgə



 və Konstantinopolun (indiki İstanbulun) bir addımlığında əməllicə meydan sulayırdılar. Balamirin başçılığı altında olan hun atlılarının əlindən qurtulmağa çalışarkən itirdiklərinin əvəzini birə yüz qat çıxırdılar.



Yaxşı, vestqotlar bunu bacardığı halda doğrudanmı hunların əlindən heç nə gəlməzdi? Əlbəttə, gələrdi. Həm də artıqlaması ilə! Bəs onlar nəyi gözləyirdilər? Böyük ehtimalla hunlar daha əlverişli məqam gözləyirdilər. Ola bilsin, səbəblərdən biri də vestqotlara məğlubiyyətdən sonra Roma imperiyasının qısa vaxtda özünə gələ bilməsi və daha da güclənməsi idi. Unutmayaq ki, Valentin ölümündən sonra taxta I Feodosi çıxmışdı. Yeni imperator mahir hərbçi idi və təsadüfi deyil ki, tezliklə «Böyük Feodosi» kimi ad çıxaracaqdı.



O, 380-ci ildə bütpərəstlərin təqibinə və xristianlığı gücləndirməyə başladı. Özünə qarşı müxalifləri sərt şəkildə cəzalandırdı. Təsəvvür edin ki, qətlə yetirilmiş sərkərdələrindən birinin qisasını almaq üçün nə az, nə çox, düz yeddi min salonikilini

7

7



Saloniki

 – e.ə. 315-ci ildə Makedoniya hökmdarı Kassandr tərəfindən əsası qoyulmuş yunan şəhəri



 edam etdirmişdi.



Hunlara gəlincə I Feodosi gələcək təhlükəni indidən görürdü, odur ki onların arasına ixtilaf salmaq üçün dəridən-qabıqdan çıxırdı. Bu gediş öz bəhrəsini verdi: hunların arasında parçalanmalar yarandı və Roma dərindən nəfəs aldı.



Nəhayət, 394-cü ildə Böyük Feodosi qərar verdi ki, ölümündən sonra imperiyanın ərazisi iki oğlu arasında bölüşdürülsün. Onun vəsiyyətinə görə, kiçik oğlu Arkadi paytaxtı Konstantinopol olmaq şərtilə Şərqi Romaya hökmranlıq edəcəkdi. Böyük oğlu Honori isə Roma və Ravenna şəhərləri daxil olmaqla imperiyanın qərbinə sahib çıxacaqdı.



Bundan dörd ay sonra, 17 yanvar 395-ci ildə Böyük Feodosi Milanda vəfat etdi.



Elə həmin ildə dünyaya Attila gəldi. O böyüyəcək və Feodosinin vəsiyyəti ilə ortaya çıxan iki imperiya ilə savaşmalı olacaqdı.



Attila kim idi

Attila hökmdar soyundan gəldiyini iddia edirdi. Di gəl, onun mənsub olduğu xalq yetkin idarəçilik anlayışından uzaq idi. Elə isə, Attila hökmdar soyundan gəldiyini söyləyərkən nəyi nəzərdə tuturdu? Bəlkə, atasının – Mundzukun (Muncuqun) bir neçə tayfaya başçılıq etməsini?



Məsələ burasındadır ki, V əsrin əvvəlində Balamir dünyasını dəyişdi. Bundan sonra Puştadakı hun ordasını

8

8



Orda

 – türk və monqol xalqlarında hərbi-inzibati təşkilatlanma forması; köçəri düşərgəsi



 dörd qardaş idarə edirdi: Oktar, Ruas, Aybars və Mundzuk. Onlar Roma imperiyası ilə mehriban münasibətlər qurmağı bacarmışdılar. Nəticədə tərəflər dinc şəraitdə yaşayırdılar.

 



Düzünə qalsa, bu vəziyyət qardaşlardan ən böyüyünün – Oktarın heç də ürəyincə deyildi. O, Romaya qarşı mülayim münasibəti həzm edə bilmirdi. Buna görə də tez-tez qardaşları ilə sözü çəp gəlirdi. Çox keçmədən Oktar onların acığına tez-tez Dunayın qarşı sahilinə keçməyə, qotlar və burqundlar üzərinə hücum etməyə başladı. Hər iki tayfa romalıların müttəfiqi hesab olunurdu.



Qardaşlar arasında Mundzuk iti mühakiməsi ilə seçilirdi, odur ki əsas söz sahibi sayılırdı. Aybars, belə demək mümkündürsə, «daxili işlər»lə məşğul idi. Ruas isə «ali hökmdar» hesab olunurdu: başqa dövlətlərlə danışıqlar aparır, xüsusən Qərbi Roma imperatoru Honori ilə dostluq əlaqələri qururdu.



Eyni vaxtda başqa bir hun ordasının başçısı Uldin də romalılarla müttəfiqliyə can atırdı. O elə hey imperatora öz xidmətlərini təklif edir və onun dəstəyi ilə daha da güclənməyə ümid bəsləyirdi. Lakin Qərbi Roma hökmdarı Uldini yaxına buraxmaq istəmirdi.



Attilanın uşaqlığı və yeniyetməliyi bu cür gərgin, maraqlı hadisələr fonun

Купите 3 книги одновременно и выберите четвёртую в подарок!

Чтобы воспользоваться акцией, добавьте нужные книги в корзину. Сделать это можно на странице каждой книги, либо в общем списке:

  1. Нажмите на многоточие
    рядом с книгой
  2. Выберите пункт
    «Добавить в корзину»