Читать книгу: «Marina»
Hər dəfə sən kitab oxuyanda, ağaclar sevinir və ölümdən sonrakı həyata inanırlar…
Həmid Piriyevin tərcüməsində
Karlos Ruis Safon. Marina.
Bakı, “Köhlən” nəşriyyatı, 2021.
© Carlos Ruiz Zafon / 1999
© Köhlən Nəşriyyatı / 2021
İSBN: 978-9952-8411-2-1
Müəllifin ispan nəşrinə ön sözü
Əziz oxucu!
Hər yazıçının kitabları arasında birini daha çox sevdiyinə əminəm. Bu sirli seçim nə kitabın bədii keyfiyyətindən, nə oxucuların və tənqidçilərin kitabı necə qarşılamağından, nə də nəşrdən gələn qazancdan (və ya kitabın uğursuzluğundan) asılı olmur. O kitabı yazıçının ruhuna yaxınlaşdıran sirli səbəblər var, amma bu səbəbləri yazıçının özü də bilmir. 1992-ci ildən bu qəribə işlə məşğul olmağa – roman yazmağa başlamışam və indiyə qədər xeyli roman yazmışam, amma heç bir romanımı “Marina” qədər sevməmişəm.
Bu romanı Los-Ancelesdə, 1996-97-ci illərdə yazmışam. Artıq otuz üç yaşım var idi və “ilk gəncliyin” məndə müəyyən təcrübələr yaratdığını hesab edirdim. O vaxt artıq uşaqlar üçün üç roman yazmışdım, bu romanın süjetini tamam-kamal fikirləşəndən sonra özlüyümdə yəqinləşdirdim ki, bu, uşaqlar üçün yazdığım sonuncu kitab olacaq. Romanı yazdıqca verdiyim qərarın romana necə təsir etdiyini görürdüm, işi tamamlamağa az qalmış isə hiss elədim ki, içimdə nəyisə itirdim… Özüm də bilmirəm nə idi, amma bu şey çox qiymətli idi və bu sərvəti həmişəlik itirdiyimi hiss etdim, başa düşdüm ki, həmişə onun üçün təəssüflənəcəm.
“Marina” o biri romanlarımdan daha qəliz, daha çətin və yəqin ki, daha şəxsidir. Taleyin ironiyasına görə məhz bu romanın çapı mənə xeyli əsəb yaşatdı. Kitab on il bərbad nəşrlərə məruz qaldı – hərdən açıq-aşkar təhrif olunmuş şəkildə. Mətni olmadığı kimi qələmə verib oxucunu çaşdırmağa çalışırdılar, mənsə heç nə edə bilmirdim. Amma bütün bunlara baxmayaraq, “Marina” müxtəlif yaşlı adamlar arasında oxucularını tapdı. Romanın səhifələrində özünə lazım olan nələrisə tapa bilən, əhvalatın hekayəçisi Oskarla ən məhrəm hisslərini paylaşmaq istəyən oxucuları.
“Marina” artıq öz evindədir və oxucu onunla birlikdə Oskara qulaq asa bilər. Bəlkə, oxucuların köməkliyi ilə müəllif nəyə görə romanı tamamladığı gün imiş kimi romanın xatirində hələ də diri olduğunu başa düşər və Marinanın dediyi kimi, heç vaxt olmayan bir şeyi xatırlayar.
Barselona, iyun 2008K.R.S.
Bir dəfə Marina mənə dedi ki, biz ancaq heç vaxt baş verməyən şeyləri xatırlayırıq.
Üstündən uzun illər keçəndən sonra bu sözlərin mənasını başa düşdüm.
Lakin yaxşısı, hekayəni indiki vəziyyətdə son hesab oluna biləcək əvvəldən danışmağa başlayım.
1980-cı ilin mayında bir həftəlik yoxa çıxdım. Yeddi gün və yeddi gecə ərzində heç kim harda olduğumu bilmədi. Dostlarım, yoldaşlarım, müəllimlərim, hətta polislər də itkini, yəni, məni axtarmağa başladılar. Bəziləri məni ölmüş hesab edirdi, bəzilərinin fikrincə isə, yaddaşımı itirmiş şəkildə qaranlıq dalanlarda azıb qalmışdım.
Bir həftə sonra mülki geyimli polis nəfəri camaatın arasında axtarışa verilən gəncə oxşayan birini gördü. Gəncin xarici görkəmi təsvirlərə uyğun gəlirdi. Ehtimal olunan itkin gənc kilsənin dəmir barmaqlığı və qatı duman arasında azan ruh kimi Fransız vağzalında fırlanırdı. Polis detektiv romanlarının qəhrəmanı ədasıyla mənə yaxınlaşdı. Mənim internat məktəbindən yoxa çıxan Oskar Dray olub-olmadığımı soruşdu. Başımı tərpətdim. Onun eynəyinin şüşələrində vağzalın görüntüsü əks olunurdu.
Perrondakı skamyada oturduq. Polis siqaret yandırdı, amma dodaqlarına yaxınlaşdırmadı. Dedi ki, çoxları hazırda məni axtarır və tapan kimi məni sual atəşinə tutacaqlar, ona görə də yaxşı cavablar fikirləşmək lazımdır. Yenə başımı tərpətdim. Sonra diqqətlə gözümün içinə baxdı. “Oskar, – dedi, – hərdən həqiqəti demək, düzgün çıxış yolu deyil”. Mənə bir neçə xırda pul uzadıb dedi ki, internatdakı müəllimimə zəng edim. Elə də etdim. Polis söhbətimi tamamlayana qədər gözlədi. Sonra taksi üçün də pul verib mənə uğur arzuladı. Soruşdum ki, bir də itməyəcəyimi hardan bilir. Sakit-sakit üzümə baxdı. “Ancaq getməyə yeri olan adamlar itir”, – dedi.
Harda olduğuma dair bir kəlmə də soruşmadı, məni yola qədər ötürüb sağollaşdı, Kolumb bulvarına tərəf getməyə başladı. Hələ də dodaqlarına yaxınlaşdırmadığı siqaretin tüstüsü sadiq tula kimi onun dalınca süründü. Həmin gün Qaudinin ruhu Barselona səmasına qəliz formalı bulud gətirmişdi, buludun ətrafından adamı kor edən günəş şüası saçılırdı. Taksi saxlayıb internatın ünvanını dedim.
Dörd həftə ərzində müəllimlər və psixoloqlar sirrimi öyrənmək üçün dəridən-qabıqdan çıxdı. Hamısını aldatdım, hamıya onun eşitmək istədiyi və ya qəbul edə biləcəyi şeyləri danışdım. Vaxt keçdikcə hamı tapmaca cavabı fikirləşməkdən yoruldu və axırda hamı bu epizodu unutmaq qərarına gəldi. Mən də onlar kimi etdim, həqiqətən nə baş verdiyini heç kimə demədim. O vaxt hələ bilmirdim ki, zaman okeanı onda batırdığımız xatirələri haçansa sahilə atır.
On beş il sonra həmin xatirə yadıma düşdü. Mən Fransız vağzalının dumanında sülənən o gənci gördüm. Marinanın adı təzə açılmış yara kimi içimi göynətdi.
Hamımız ruhumuzun çardağında, bağlı sandıqda sirr saxlayırıq. Bu da mənim sirrimdir.
Birinci fəsil
Yetmişinci illərin axırlarında Barselona sehirli küçələrin, tinlərin labirinti idi, hansısa binanın giriş qapısına və ya adi kafenin kandarına ayaq qoyan kimi otuz-qırx il əvvələ qayıdırdınız. Bu şəhərdə zaman və xatirələr, tarix və düşüncə yağış altında qalan akvarel kimi axıb tökülürdü. Artıq mövcud olmayan küçələr, nağılvari kilsələr və yaşayış evləri bu tarixin dekorasiyaları idi.
O vaxtlar Vayvidrer şossesinin axırında yerləşən, hansısa müqəddəsin şərəfinə adlandırılmış internatda çürüyən on beş yaşlı uşaq idim. O vaxtlar Sarrya rayonu müasir şəhərin ətrafında salınan kəndi xatırladırdı. İnternat məktəbi Bonanova prospektinə qədər uzanan küçənin başlanğıcında idi. Xarici görünüşünə görə internat məktəbindən çox qəsrə oxşayırdı. Hündür binanın arkaları, qüllələri uzaqdan nəzəri cəlb edirdi.
İnternat doğrudan da bağları, fontanları, çəmənlikləri, həyətləri olan böyük qəsr idi. Əsas binanın ətrafında tutqun kanallar axırdı – onların üzərindən ruhlar kimi buxarlar dolaşırdı. İdman zalları sanki hər-hansısa bir sirri qoruyurdular. İbadətgahların qaranlığında şamlar parlayırdı, müqəddəslərin simaları gülümsəyirdi. İki zirzəmi mərtəbəsini saymasaq, internat özü dörd mərtəbə idi, üstəlik, çardaq mərtəbəsi də vardı, çardaq mərtəbəsində bizə dərs keçən azsaylı rahiblər yaşayırdı. Yataq otaqlarımız dördüncü mərtəbənin mağaraya oxşayan dəhlizlərində yerləşirdi. Bu sonsuz qalereyalar əbədi yarıqaranlığa məhkum olmuşdu, burda tez-tez əks-səda eşidirdik.
Hər axşam altıya iyirmi dəqiqə işləmiş bizi gəzməyə buraxırdılar və hər gecə azadlıq saatının tez gəlməyini arzulayaraq yatırdım. Bu sehirli saatda günəş pəncərələri qızıl rənginə boyayırdı, dərslərin qurtardığını bildirən zəng səsi eşidilirdi və uşaqlar şam yeməyinə qədər üç saatlıq azadlıq əldə edirdi. Müəllimlərin fikrincə, uşaqlar bu üç saat ərzində ruhani elmlərlə məşğul olmalıydı. Amma internatda tək bircə günümün dini məşğələyə həsr olunduğu yadıma gəlmir.
Günün ən sevdiyim vaxtı idi bu vaxt. Zəng çalınan kimi aradan çıxıb şəhəri kəşf etməyə gedirdim, qədim küçə və bulvarları gəzəndən sonra düz şam yeməyinə qayıdırdım. Bu uzun gəzintilər məndə məstedici azadlıq təəssüratı yaradırdı. Xəyalım evlərin üstündə, səmada gəzirdi. Barselonanın küçələri, internat və dördüncü mərtəbədəki yarıqaranlıq yataq otağım bir neçə saatlıq yoxa çıxırdı. Cibimdə bir az xırda pulum olsa da, bu azadlıq saatları ərzində kainatın ən varlı adamı olurdum.
Tez-tez yolum Sarrya meşəsindən düşürdü. Bir vaxtlar Bonanova prospektinin şimal tərəfində yerləşən zadəgan imarətlərinin əksəri hələ də qalmışdı. İnternatın ətrafındakı yollar bu ruhlar rayonunun yollarıyla birləşirdi. Sarmaşıqla örtülmüş divarlar içində hündür imarətlər yerləşən vəhşi bağları əhatələmişdi. Bir çox imarət atılmış vəziyyətdəydi, elə bil buraların üstünə xatirələr dumanı çökmüşdü, heç cür dağılmaq bilmirdi. Bəzi villaların xarabası qalmışdı, bəzilərini qarət etmişdilər. Bəzilərində isə hələ də yaşayan vardı.
Bu evlər bir vaxtlar adları “Vanqardiya” jurnalının səhifələrini bəzəyən zadəgan nəsillərinin nümayəndələrinə məxsus idi, əlbəttə, indi o adlardan heç nə qalmayıb, onların parladığı dövr tramvayın inqilabi ixtira olduğu vaxtlara təsadüf edirdi. Hələ də burda yaşamağa davam edənlər batmış gəmidən çıxmaq istəməyənlər idi. Öz adlarının əsirləri. Hərdən yeyin addımlarla qalın barmaqlıqlı divarların yanından keçəndə pərdə dalından mənə dikilən təhlükəli baxışlarını hiss edirdim.
1979-cu ilin sentyabr axşamlarından birində çoxdandır nəzarət olunmayan küçələrdən birini gəzmək istədim. Tini dönüb dəmir qapının qabağında dayandım. Bir neçə on illik bundan qabaq tərk edilmiş bağın qapısı idi. Bağın ortasında ikimərtəbəli imarət ucalırdı. Evin qabağında içində heykəllər olan fontan vardı.
Hava qaralmağa başlayırdı, bağın bir tərəfi daha çox dəhşətli görünürdü. Ölü kimi sakit dayanmışdım, xəfif meh mənə ehtiyatlı olmağımı pıçıldayırdı. Kvartalın “ölü” zonalarından birində olduğumu başa düşdüm, fikirləşdim ki, internata qayıtsam, yaxşı olar. Ağlım bu atılmış məkana bəslədiyim maraq hissimlə mübarizə aparırdı. Bu vaxt bağın alatoranlığında mənə dikilmiş bir cüt sarı göz gördüm. Udqundum.
Pişiyin boz bədəni də yavaş-yavaş göründü. Dişlərinin arasında hələ də ölümlə mübarizə aparmağa çalışan sərçəni sıxmışdı. Pişiyin boynunda gümüş zınqırov vardı. O, bir neçə saniyə üzümə baxdı, sonra bağın barmaqlıqları arasından sivişib sərçəni axırıncı səfərə apardı.
Özündənrazı ovçu məni heyran etmişdi. Tüklərinin təmizliyinə və zınqırovuna görə, pişiyin yiyəsi vardı. Bəlkə də, bu evdə köhnə Barselonanın ruhlarından başqa da kimsə yaşayırdı? Yaxınlaşıb soyuq barmaqlıqlardan tutdum. Sərçənin damcı-damcı tökülən qanı vəhşi bağın içərilərində itirdi. Bu qırmızı mirvariyə oxşayan qan damcıları pişiyin haralardan keçdiyini göstərirdi. Yenə udqundum. Daha doğrusu, cəhd elədim. Ağzım qurumuşdu. Qanım dəli kimi gicgahlarımda atırdı, elə bil mənim fikir vermədiyim nəyisə bilirdi. Yapışdığım qapı barmaqlığının aralandığını hiss etdim. İçəri girəndə ay fontandakı daş mələklərin üzünü işıqlandırırdı. Elə bil yerimə mıxlanmışdım, hərəkətsiz dayanıb heykəllərə baxırdım. Mənə elə gəlirdi ki, bu saat daş heykəllər canlanıb canavar caynaqlı, ilan dilli iblislərə çevriləcək. Amma belə şey olmadı. Dərindən nəfəs alıb getmək lazım olduğunu öz-özümə təkrarladım, başqasının evini kəşf etmək lazım deyildi. Lakin yenə də bir başqası yerimə qərar verdi. Hardansa fortepianonun müşayiət etdiyi opera ariyası eşidildi. Qrammafon oxuyurdu. Ömrümdə belə gözəl səs eşitməmişdim.
Melodiya mənə tanış gəldi, amma harda eşitdiyimi heç cür yadıma sala bilmədim. Musiqi səsi evdən gəlirdi. Səs gələn tərəfə getməyə başladım. Qalereyanın yarıaçıq qapısından işıq süzülürdü. Birinci mərtəbədəki pəncərənin qabağında oturub mənə baxan pişiyin gözlərini gördüm. Qapıya yaxınlaşdım. Mən yaxınlaşdıqca oxuyan qadının səsi güclənirdi. İçəridə yüzlərlə şam yanırdı. Onların şüası qrammafonun qızılı trubasında əks edirdi, qrammafon valı fırlandıqca musiqi sədaları ətrafa yayılırdı. Heç nə fikirləşmədən içəri girib qrammafonun qoyulduğu stola tərəf getməyə başladım. Stolun üstündə balaca yumru əşya da vardı, yaxınlaşanda bunun cib saatı olduğunu gördüm. Saatı götürüb şam işığında baxmağa başladım. Əqrəbləri tərpənmirdi, sferblatı da çatlamışdı. Məncə, saat qızıldan idi, yaşı da indi içində olduğum evin yaşından az olmazdı. Bir az qabaqda – buxarının qabağında üzü buxarıya qoyulmuş böyük kürsü vardı, kürsünün arxasını görürdüm, buxarının üstündə isə yağlı boyayla ağ paltarlı qadın çəkilmiş böyük tablo asılmışdı.
Rəsmdəki qadının dibsiz, boz gözlərindəki kədər bütün zala hakim kəsilmişdi.
Birdən gözləmədiyim bir şey oldu. Kürsüdən siluet durub mənə tərəf döndü. Uzun saçları vardı, çaylaq daşına oxşayan gözləri yarıqaranlıqda parıldayırdı. Uzun, ağ əllərini mənə tərəf uzatdı. Qorxudan özümü itirdim, qapıya tərəf qaçmağa başladım, qrammafona ilişib yerə saldım. Valı cızan qrammafon iynəsinin səsini eşitdim. Bayaqdan eşitdiyim həlim səs cəhənnəm naləsinə döndü. Bağın içində qaçdıqca o əllərin paltarımdan yapışdığını hiss edirdim. Qorxudan dəli olacaqdım. Qapıdan çıxıb bircə saniyə də itirmədən qaçmağa başladım, böyrümdə ağrı hiss edənə qədər qaçdım. Çətinliklə nəfəs alırdım. Bədənimi soyuq tər basmışdı. Ətrafa baxanda internatın otuz metrliyində olduğumu gördüm.
Mətbəxin yanındakı qapıdan içəri girdim, bu qapıya nəzarət olunmurdu. Otağıma çıxdım. Birazdan axşam yeməyinin vaxtı idi. Alnımın tərini sildim, ürəyim də yavaş-yavaş sakitləşdi, adi ritmlə döyünməyə başladı. Özümü tamamilə yaxşı hiss eləməyə başlayanda kimsə barmaqlarının ucuyla qapını döydü.
– Oskar, yemək vaxtıdır, – qapının dalından Seqi müəllimin səsi gəldi, onun şagirdlərə qanun-qaydanı xatırlatmaqdan xoşu gəlmirdi. Elə indi də səsində narazılıq hiss olunurdu.
– Bu dəqiqə gəlirəm, padre, – dedim.
Tez məktəb pencəyimi geyinib otağın işığını söndürdüm. Pəncərədən Barselonanı aydınladan dolunay görünürdü. Ancaq indi qızıl cib saatını əlimdə tutduğumun fərqinə vardım.
İkinci fəsil
Sonrakı günlər qızıl saatı özümlə gəzdirirdim. Gecələr də balışımın altında gizlədirdim. Qorxurdum birdən kimsə görər, harda tapdığımı soruşar. O suala cavab verə bilməyəcəkdim. “Çünki sən onu tapmamısan, oğurlamısan”, – iç səsim mənə belə deyirdi. Bilmirəm nə üçünsə, iç səsim Perri Meysonun dublyorluğunu edən aktyorun səsinə oxşayırdı. Hər gecə səbrlə yoldaşlarımın yatmağını gözləyirdim, onlar yatan kimi sərvətimi nəzərdən keçirtməyə başlayırdım.
Gecənin səssizliyində, lap ay işığında saata baxırdım. Birinci qənimətimə hər baxanda duyduğum həzzi heç bir günah hissi susdura bilməzdi. Saat ağır idi, deyəsən, təmiz qızıldan hazırlanmışdı. Şüşə siferblatı çatlamışdı, çox güman, yerə düşmüşdü, ya da zərbəyə tuş gəlmişdi. Yəqin, elə onda da mexanizm sıradan çıxmışdı, əbədiyyətə qədər dayanan əqrəblər yeddiyə iyirmi üç dəqiqə işləmişi göstərirdi.
Saatın arxa tərəfinə yazı həkk olunmuşdu: “İçində işıq danışan Germana. K. A.”
Yəqin, çox bahalı saat idi, bunu fikirləşəndə vicdanım təzədən sızıldamağa başladı. Üstəlik, arxasındakı yazını görəndə özümü həm də xatirə oğrusu kimi hiss edirdim.
Yağışlı cümə axşamı günü sirrimi bölüşmək qərarına gəldim. İnternatdakı ən yaxşı dostum əsəbi xarakterli oğlan idi, ona “şef” deməyimizi tələb edirdi, amma bu ləqəbin onun əsl adına aidiyyatı yox idi. Anarxist şair ruhuna malik idi və elə hazırcavab idi ki, istənilən adamın səsini kəsə bilərdi. Çox arıq idi, bir kilometr radiusunda “mikrob” sözünü eşitsəydi, elə bilirdi infeksiyaya yoluxub. Bir dəfə ensiklopediyada “ipoxondrik” sözünü tapdım, üzünü köçürdüb Şefin yanına getdim.
– Yəqin ki, bilmirsən, amma sənin bioqrafiyan Kral akademiyasının lüğətində var, – dedim.
Şef yazıya baxandan sonra kinli-kinli məni süzdü.
– Sən get “A” hərfindəki “axmaq” sözünü aç, görəcəksən ki, aramızdakı tək məşhur mən deyiləm.
Həmin gün nahardan sonrakı dincəlmək vaxtında Şeflə qaranlıq akt zalına düşdük. Əsas dəhlizdə dalımızca sürünən minlərlə kölgə ayaq səsimizdən diksindi. İki işıq zolağı tozlu səhnəyə düşürdü. Biz bu işıqlı yerdə, üzü yarıqaranlığa gömülmüş kreslolara tərəf oturduq. Yağış damcıları pəncərə şüşələrinə çırpılırdı.
– Hə, – Şef dedi, – de görək, bu həngamə nə üçündür?
Sakitcə saatı cibimdən çıxardıb ona uzatdım. Şef təəccüblə qaşlarını qaldırıb saata baxmağa başladı. Bir neçə saniyə saatın ora-burasına baxandan sonra mənə qaytarıb maraqla baxmağa başladı.
– Nə fikirləşirsən? – soruşdum.
– Fikirləşirəm ki, bu, saatdır, – dedi, – German kimdir?
– Zərrə qədər də anlayışım yoxdur.
Atılmış malikanədə başıma gələnləri ətraflı danışmağa başladım. Şef diqqət və səbrlə axıracan mənə qulaq asdı. Sözümü qurtarandan sonra bir müddət fikirləşdi, elə bil nəsə deməmişdən qabaq yaxşıca götür-qoy etmək istəyirdi.
– Deməli, sən saatı oğurlamısan, – dedi.
– Məsələ bu deyil, – deyə etiraz etdim.
– Məncə, German sənin kimi fikirləşmir, – Şef müəyyən mənada haqlı idi.
– Bəlkə də, o, çoxdan ölüb? – əminsizliklə dedim.
Şef buxağını sildi.
– Görəsən, cinayət məcəlləsində üstündə xatirə yazısı olan saatı oğurlamaq üçün nə yazılıb? – dostum soruşdu.
– Mən oğurlamaq istəmirdim, – deyə etiraz etdim. – Hər şey o qədər tez baş verdi ki, özümdən asılı olmadı. Saatın məndə olduğunu görəndə artıq gec idi. Mənim yerimdə sən olsaydın, sən də belə edərdin.
– Sənin yerində mən olsaydım, ürək tutmasından ölərdim, – Şef dəqiqləşdirdi, o iş adamı deyildi, danışmağa pərgar idi. – Sənin ağlın çaşıb, hansısa pişiyə görə yad evə soxulursan. Heç bilirsən o pişikdən hansı mikroblar keçə bilərdi sənə?
Bir müddət susub yağışın səsinə qulaq asdıq.
– Yaxşı, – Şef dedi. – Olub daha. Yəqin ki, bir də ora getmək istəmirsən.
Gülümsədim.
– Tək yox.
Dostumun gözləri az qaldı hədəqəsindən çıxsın.
– Yox, dostum! Ağlına da gətirmə.
Elə həmin gecə dərsdən sonra mətbəxin yanındakı qapıdan sivişib malikanəyə aparan yola çıxdıq. Yağış yolun ortasında göllənmişdi, hər yerə xəzəl səpələnmişdi. Buludlu göyüzü elə bil şəhəri təhdid edirdi. Şefin halı özündə deyildi, həmişəkindən daha çox ağarmışdı. Malikanəyə yaxınlaşdıqca qarnıma sancı dolurdu. Ətrafda qulaqbatırıcı sükut hakim idi.
– Məncə, qayıtsaq, daha yaxşı olar, – dostum addımlarını yavaşıdıb dedi.
– Sən qorxaq dovşansan.
– Dovşanları düzgün qiymətləndirmirsən. Onlar qida zəncirində vacib yer tutur.
Birdən külək əsməyə başladı, zınqırovun səsini bizə çatdırdı. Şefin dili topuq vurmağa başladı. Pişiyin sarı gözləri bizi güdürdü. Birdən o, ilan kimi fısıldayıb belini qabartdı. Belinin tükləri biz-biz dayandı. Pişik bir neçə gün qabaq sərçəni parçalayan dişlərini ağardıb fısıldadı. İldırım bir anlıq hər tərəfi aydınlatdı. Şeflə bir-birimizə baxdıq.
On beş dəqiqə sonra internatın həyətində, kilsənin qabağındakı çəmənlikdə, skamyada oturmuşduq. Saat gödəkçəmin cibindəydi. Əvvəllər onun belə ağır olduğunu bilmirdim.
Həftənin axırına qədər internatın ərazisindən çıxmadım. Şənbə günü səhər yuxuda qrammafon səsi eşidib oyandım. Günəşin ilk şüaları pəncərədən görünən Barselonanı, evlərin damlarını, anten meşəsini qırmızı rəngə boyayırdı. Çarpayıdan durub saatı götürdüm, bütün həftə ərzində saat fikirlərimi məşğul etmişdi. Saatla bir-birimizə baxdıq. Nəhayət, qərara gəldim ki, ancaq absurd hadisələrlə üzləşəndə nədənsə şübhələnirik. Bu axmaq vəziyyətdən qurtulmaq lazımdır, saatı qaytarmalıyam.
Sakitcə geyindim, pəncələrimin üstündə dördüncü mərtəbənin dəhlizindən keçdim. Saat ona-on birə qədər heç kim yoxluğumu hiss etməyəcək. O vaxta qədər işimi qurtararam.
Küçələr duman örtüyünün altında qalmışdı, Barselona səhərləri çox vaxt dumanlı olur. Marqenat küçəsinə qədər getdim. Küçələrin kölgəsi ilk şüaların altında parıldayırdı. Evlərin fasadları dumanın və küləyin naməlum istiqamətə apardığı xəzəllərin dalından boylanırdı.
Tezliklə lazım olan küçəyə çatdım. Bir müddət sakitcə dayanıb şəhərin bu tərəflərində həmişə hökm sürən səssizliyə öyrəşməyə çalışdım. Elə bil bütün dünya cibimdəki saat kimi dayanmışdı. Birdən arxadan səs eşitdim. Dönüb baxanda gördüyüm mənzərə uzun müddət yuxumu qaçırtmağıma səbəb oldu.
Üçüncü fəsil
Dumanın içindən yavaş-yavaş velosiped çıxdı. Velosipedi sürən ağ paltarlı qız mənə tərəf gəlirdi. Səhər çağının alatoranlığında paltarın altından qızın bədəninin siluetini görürdüm. Saman rəngli buruq saçları üzünün ətrafında dalğalanırdı. Yerimdən tərpənmirdim, sakitcə dayanıb onun mənə necə yaxınlaşdığına baxırdım. Çox güman ki, qıraqdan iflic vurmuş adam kimi görünürdüm. Velosiped məndən bir neçə metr aralıda dayandı. Paltarın altından Sorolyanın rəsmlərini xatırladan bir cüt düz ayaq gördüm, bəlkə də, xəyal etdim. O velosipeddən düşdü. Boz gözlərinə baxdım, gözləri elə dərin idi ki, orda batmaq olardı. Onun kinayəli baxışları məni yerimə mıxladı. Gülümsədim, bununla da görünüşümdən yağan axmaqlıq təəssüratını təsdiqləmiş oldum.
– Sən, yəqin, saata görə gəlmisən, – qız baxışları kimi əmin olan səslə soruşdu.
Qız, deyəsən, mənimlə yaşıd idi, ya da bir yaş balaca olardı. Qadınların yaşını təyin etmək həmişə mənə elm və ya incəsənət kimi görünüb, əyləncə kimi yox. Onun dərisi də paltarı kimi ağappaq idi.
– Sən burda yaşayırsan? – malikanəni göstərib soruşdum.
Qız mənə baxdı. Baxışları məni elə ovsunladı ki, bu qızın indiyəcən gördüyüm ən heyrətamiz varlıq olduğunu üstündən iki saat keçəndən sonra başa düşdüm, yəqin ki, bir də onun kimisini görməyəcəkdim. Nöqtə.
– Sən kimsən ki, bunu soruşursan?
– Məncə, mən saata görə gələn adamam, – dedim. – Adım Oskardır. Oskar Dray. Saatı qaytarmağa gəlmişəm, – cavab gözləmədən saatı cibimdən çıxarıb ona uzatdım. Qız bir neçə saniyə gözümün içinə baxdı, sonra saatı aldı. Qızın əli farfor oyuncağın əli kimi ağappaq idi, adsız barmağında isə qızıl üzük vardı.
– Mən saatı götürəndə o artıq işləmirdi, – izah etməyə çalışdım.
– Bu saat on beş ildir ki, işləmir, – qız mənə baxmadan mızıldandı.
Bir az sonra başını qaldırıb məni müştəri gözüylə süzməyə başladı, elə bil antikvar mebelə, ya da hansısa nadir tapılan əşyaya baxırdı. Üzünün ifadəsindən bilinirdi ki, məni oğru kimi qəbul eləmir, o, mənə daha çox hansısa axmağa, ya da dəliyə baxırmış kimi baxırdı. Parıldayan sifətim onun fikrini dəyişdirə bilmirdi. Qız qaşını qaldırdı, müəmmalı təbəssümlə gülümsəyib saatı mənə uzatdı.
– Onu sahibinə qaytararsan.
– Amma…
– Saat mənim deyil, – qız izah etdi. – O, Germanındır.
Germanın adını eşidəndə neçə gün bundan qabaq malikanənin zalında gördüyüm iri silueti xatırladım.
– Germanındır?
– Hə, atamındır.
– Bəs sən?..
– Mən onun qızıyam.
– Adını soruşmaq istəyirdim.
– Nə soruşmaq istədiyini yaxşı bilirəm.
Yenə velosipedə mindi, barmaqlıqlı qapıdan keçib bağa girdi. Kinayəylə gülüb bağın dərinliklərində gözdən itdi. Dərindən nəfəs alıb onun dalınca getdim.
Məni köhnə tanışım qarşıladı. Pişik bu dəfə də məni güdürdü. Birdən-birə it olmaq istədim.
Balaca vəhşinin müşayiəti ilə bağdan keçdim, mələkli fəvvarənin qabağında dayandım. Təzə bişmiş çörək iyi gəlirdi. Qız çantasından süd şüşəsini çıxardıb sallağı oturdu, südü yerdəki qaba süzdü. Pişik yavaş-yavaş qaba yaxınlaşdı. Deyəsən, bu gündəlik ayin idi.
– Elə bilirdim, pişik ancaq öldürdüyü sərçələri yeyir, – dedim.
– O sərçələri ovlayır, amma yemir. Sadəcə öz sahəsini qoruyur, – qız aramla dedi, elə bil uşağa başa salırdı. – O, südü çox sevir. Elə deyil, Kafka?
Kafka razılıq əlaməti olaraq başını onun əlinə sürtdü. Qız mehribanlıqla gülümsəyib pişiyin belini tumarladı. O, əlini uzadanda əzələləri qabardı, başını qaldıranda onun bədəninə necə baxdığımı gördü. Dodaqlarımı yaladım.
– Səhər yeməyi yemisən? – deyə soruşdu.
Başımı yellətdim.
– Deməli, acsan. Gedək, bizdə yeyərsən. Tox olandan sonra saatını nə üçün oğurladığını Germana başa salarsan.
Mətbəx evin arxa tərəfindəydi. Dəvət olunmadığım səhər yeməyində payıma Plaza-Sarryadakı “Foks” un məmulatları mağazasından alınan bir neçə kruassan düşdü. Qız mənimçün böyük fincana südlü kofe süzüb mənimlə üzbəüz oturdu. O, mərhəmət göstərdiyi səfilə baxırmış kimi iştahla yeməyimə baxırdı. Özü yemirdi.
– Səni burda görmüşəm, – qız başımın üstündən harasa baxa-baxa dedi. – İnternatdan bir yerdə qaçdığınız balacaboy, qorxaq görünüşlü oğlanla gəzirsən. Hərdən qonşu küçədə də gəzirsiniz. Hərdən isə özün tək gəlirsən, dodaqaltı nəsə mızıldanırsan. Qısası, bu ruhlar kvartalında yaxşı əylənirsiniz…
Nəsə ağıllı cavab fikirləşmək istəyəndə, stolun üstünə hündür kölgə düşdü, yaxınlaşdıqca böyüdü. Qız gözlərini qaldırıb baxdı, gülümsədi. Ağzım hələ də doluydu, nəbzim tez-tez atmağa başladı, bilmədim nə edim.
– Qonağımız var, – qız şən halda dedi. – Ata, bu Oskar Draydır, saat oğrusu. Oskar, bu mənim atamdır – German.
– Mən oğru deyiləm, senyor… – hirslə dedim. – Hər şeyi izah edə bilərəm. Burda heç kimin yaşamadığını fikirləşdiyim üçün evinizə girmişdim. Həyətə girəndə musiqi səsi eşitdim, belə oldu ki, evə girib saatı gördüm. Onu götürmək istəmirdim, and olsun ki, istəmirdim, çox qorxmuşdum, saatı götürdüyümü başa düşəndə isə, çox uzaqda idim. Hər şey belə oldu. Bilmirəm fikrimi çatdıra bildim, ya yox…
Qız bic-bic gülürdü. German ifadəsiz tünd gözləriylə mənə baxırdı. Cibimi eşələyib saatı çıxartdım, Germana uzatdım. Germanın necə qışqıracağını, məni polislə, azyaşlıların işinə baxan məhkəməylə təhdid edəcəyini təsəvvür edirdim.
– Sizə inanıram, – German mehribanlıqla dedi, saatı alıb masanın arxasına oturdu.
Çox sakit danışırdı, səsini güclə eşitmək olurdu. Qızı içində iki dənə kruassan olan nimçəni onun qabağına qoydu, mənə verdiyi fincana oxşayan böyük fincana da südlü kofe süzdü. Kofeni verəndə atasının alnından öpdü, atası da onu qucaqladı. Pəncərədən süzülən gün şüaları onların üstünə düşürdü. İndiyəcən kifir təsəvvür etdiyim Germanın düzgün üz cizgiləri vardı, simasından azca xəstəhallıq yağırdı. O, hündürboy, həddindən çox arıq idi. Mənə baxıb mehribanlıqla gülümsədi, kofedən bir qurtum içdi, bu vaxt hiss elədim ki, atayla qızın arasında sözlərdən və hərəkətlərdən çox ucada dayanan bağlılıq var. Dünyadan təcrid olunmuş, unudulmuş küçənin axırındakı ruhlar imarətində yaşayan atayla qızı bir-birinə baxışlarla sükut telləri bağlayırdı.
German səhər yeməyini qurtardı, əziyyət çəkib saatı qaytardığım üçün mənə ürəkdən təşəkkür etdi. O, elə mehriban idi ki, vicdanım sızıldadı.
– Oskar, – German yorğun səslə dedi, – sizinlə tanışlığıma şad oldum. İstədiyiniz vaxt qonağımız ola bilərsiniz, sizi görməyə məmnun olarıq.
Mənə nə üçün “siz” deyə müraciət etdiyini başa düşmürdüm. Əlimi sıxdı, sağollaşıb evin sonsuz labirintində yoxa çıxdı. Qız kədərli baxışlarla uzaqlaşan atasını seyr etdi.
– Germanın səhhəti yerində deyil, – qız mızıldandı. – O, tez yorulur.
Amma bir neçə saniyədən sonra qızın bikefliyindən əsər-əlamət qalmadı.
– Yenə nəsə yemək istəyirsən?
– Yox, mən gecikirəm, – onunla qalmaq arzumu dəf etməyə çalışaraq dedim, – getməliyəm.
O, etiraz etmədi. Bağa çıxdıq. Səhər günəşi dumanı dağıtmışdı.
Payız ağacları saraltmağa başlamışdı. Kafka özünü günə verirdi.
Barmaqlıqlara çatanda qız özü içəridə qaldı, məni bayıra ötürdü. Sakitcə bir-birimizə baxdıq. Sonra qız əlini uzatdı, mən də sıxdım. İncə dərisinin altından nəbzinin necə vurduğunu hiss etdim.
– Hər şey üçün çox sağ ol, – dedim. – Bir də, saata görə bağışla…
– Unut getsin.
Çiyinlərimi çəkdim.
– Yaxşı…
Yavaş-yavaş uzaqlaşmağa başladım, birdən qız məni çağırdı:
– Oskar!
Üzümü çevirdim. Qız gəlib mənim yanımda dayandı. Kafka da gəlib ayaqlarının yanında uzandı.
– Nə üçün evimizə gecə gəlmişdin?
Ətrafa boylanmağa başladım, elə bil cavab hardasa divarda yazılmışdı.
– Bilmirəm, – nəhayət, dedim. – Çox güman, evin sirliliyi məni cəlb eləmişdi.
Qız müəmmalı tərzdə gülümsədi.
– Sirlərdən xoşun gəlir?
Başımı tərpətməklə təsdiqlədim. Bu saat məndən nə soruşsaydı, təsdiqləyərdim.
– Sabaha işin var?
Başımı yellətdim. Əgər nəsə işim olsaydı da, onları təxirə salardım. Oğru kimi uğursuz olsam da, yalan danışmaqda mahir idim.
– Onda sabah saat doqquzda burda görüşərik.
Bunu deyən kimi bağın içində itdi.
– Gözlə! – qışqırdım. – Adını demədin axı.
– Marina… Sabaha qədər.
Əlimi yellətdim, amma o artıq getmişdi. Marinanın dönüb baxacağını gözlədim, amma nahaq yerə. Günəş artıq xeyli qalxmışdı, məncə, artıq günortaya yaxınlaşırdı. Marinanın daha qayıtmayacağını başa düşəndə internata qayıtdım.
Köhnə bina elə bil gülümsəyib sevincimi bölüşürdü. Dəhlizdə getdikcə ayaq səslərimin əks-sədasını eşidirdim, amma ürək döyüntülərim onları üstələyirdi. Ürəyimin hər döyüntüsü məni göyüzünə qaldırırdı.
Dördüncü fəsil
Deyəsən, indiyəcən heç vaxt bu qədər dəqiq olmamışdım. Mən Plaza-Sarryadan keçəndə şəhər hələ gecə paltarını soyunmağa macal tapmamışdı. Səhər doqquz ayini üçün çalınan kilsə zəngi meydandakı göyərçin dəstəsini hürkütdü, quşlar uçmağa başladı. Günəş gecəki yağışın izlərini qurudurdu. Kafka məni malikanə olan küçənin girəcəyində qarşıladı. Həyətlərdə bir neçə sərçə vardı, pişik professional sakitliyiylə onları güdürdü.
– Sabahın xeyir, Kafka. Bu gün kimisə öldürməyə macal tapmısan?
Pişik mırıldadı, eşikağası kimi məni qapıdan fəvvarəyə qədər ötürdü. Uzaqdan fəvvarənin qırağında oturan Marinanı gördüm. Fil sümüyü rəngində, çiyinləri açıq paltar geyinmişdi. Dizlərinin üstündə dəri üzlüklü kitabça vardı, Marina diyircəkli qələmlə nəsə yazırdı. Bütün fikri yazdığındaydı, yaxınlaşdığımı hiss eləmədi. Elə bil indi hansısa başqa dünyada idi, bir neçə saniyəlik də olsa, onu bu vəziyyətdə izləmək xoşbəxtliyinə nail olmuşdum. Məncə, onun körpücük sümüklərini ancaq Leonardo da Vinçi çəkə bilərdi, bu gözəlliyi başqa kiminsə çəkə biləcəyi ağlıma gəlmirdi. Kafkanın mırıldanmağı axır ki, Marinanın diqqətini cəlb etdi. Marina gözlərini qaldırdı, nəzərlərimiz toqquşdu. O saat kitabçanı bağladı.
– Hazırsan?
Marina məni Sarryanın küçələriylə qeyri-müəyyən istiqamətə aparmağa başladı və gəzintimizə aid bütün suallara müəmmalı təbəssümlə cavab verdi.
– Hara gedirik? – bir neçə dəqiqədən sonra soruşdum.
– Səbirli ol. Birazdan özün görəcəksən.
Sakitcə onu izləməyə başladım, içimdə elə bir hiss yarandı ki, elə bil mənimlə zarafat edirlər, amma zarafatın nədən ibarət olduğunu hələ başa düşməmişdim. Bonanovo bulvarına düşüb San-Qervasi istiqamətində getməyə başladıq, “Viktor” barının qabağından küçəni keçdik. Barın qabağında bir dəstə modabaz pivə içirdi. Biz yanlarından keçəndə çoxusu eynəyini alnına tərəf itələyib Marinanı başdan-ayağa süzdü. “Gözünüz çıxsın!” – fikirləşdim.
Doktor Ro küçəsinə çatanda Marina sağa döndü. Dar, asfaltlanmamış yolla bir neçə kvartal getdik, 112 nömrəli böyük binanın yanından fırlandıq. Marinanın dodaqlarında yenə müəmmalı təbəssüm oynadı.
– Buradır? – maraqla soruşdum.
Elə bil bu yol heç yerə aparmırdı. Marina sakitcə gedirdi. Sonra yoxuşla yolumuza davam etdik. Uzaqdan hündür ağaclar, çoxlu xaçlar göründü. Sarryanın qədim qəbiristanlığına gedirdik.
Sarrya qəbiristanlığı Barselonanın ən sirli yerlərindəndir. Onu şəhərin xəritəsində axtarsanız tapa bilməyəcəksiniz. Yerli əhalidən və ya taksi sürücülərindən soruşsanız, dəqiq deyən olmayacaq, amma hamı onun haqda eşidib. İşdir, birdən kimsə təsadüfən ora gedib çıxsa, sonra ikinci dəfə yolu tapa bilməyəcək. Buranı tanıyan azsaylı adamlar belə hesab edir ki, bu qəbiristanlıq istəyəndə peyda olan, istəyəndə yoxa çıxan xatirədir.
O sentyabr bazarının səhəri Marina məni məhz bura gətirmişdi ki, sirrini açsın. Qəbiristanlığın ən hündür yerinə çıxıb oturduq. Burdan adamsız qəbiristanlıq ovuc içi kimi görünürdü. Qəbirlərə, gül kollarına baxa-baxa bir xeyli sakitcə oturduq. Marina heç nə demirdi, mən narahat olmağa başlayırdım. Məni bircə şey maraqlandırırdı – bizim burda nə itimiz azmışdı.
– Burda ins-cins yoxdur ki, – ironiyayla dedim.
– Səbr biliyin anasıdır, – Marina dedi.
– Bu ağılsızlıqdır, – deyə cavab verdim. – Burda heç kim yoxdur.
Marina mənasını başa düşmədiyim baxışla mənə baxdı.
– Səhv edirsən. Burda yüzlərlə adamın xatirəsi var. Onların həyatı, hissləri, xəyalları, həyata keçməyən arzuları, intriqaları, yalanları, ömürlərini zəhərə döndərən cavabsız sevgiləri burdadır… Hamısı burda basdırılıb.
Maraqla ona qulaq asırdım, nədən danışdığını tam başa düşməsəm də, bir az utandım. Hər nə olsa da, bunun onun üçün xüsusi mənası vardı…
– Ölümü başa düşməsən, həyatdakı heç nəyi başa düşməyəcəksən, – Marina əlavə etdi.
Yenə onun nə demək istədiyini tam başa düşmədim.
– Düzünə qalsa, bunun haqda çox da fikirləşmirəm, – dedim. – Ölümü deyirəm. Ən azı, ölümü ciddiyə almıram.
Marina sağalmaz xəstəliyin əlamətlərini tapan həkim kimi başını yellətdi.
– Deməli, sən də aydınlanmamışlardansan… – onun sözləri məni daha da maraqlandırdı.
– Aydınlandırılmamış? Sən məni lap çaşdırdın.
Marina başını aşağı saldı, simasına ciddi ifadə qondu, bu ifadə onu yaşlı göstərirdi. O, elə bil məni hipnoz eləmişdi.
– Yəqin ki, sən əfsanəni də eşitməmisən.
– Hansı əfsanəni?
– Belə də bilirdim, – Marina dedi. – Deməli belə, ölümün elçiləri var. Onlar yerdə gəzib başıboş, heç nə haqda fikirləşməyən, bəsirət gözü açılmamış adamları axtarırlar. Bu bədbəxtlərdən hansısa elçinin rastına çıxsa, elçi onu elə tələyə salır ki, başıboşun heç ruhu da incimir. Bu cəhənnəmin qapısıdır. Bu elçilərin gözləri yoxdur, gözlərinin yerində içində qurdlar oynaşan iki dənə qara deşik var. Bu deşiklər görünməsin deyə elçi əlləriylə gözlərini tutur. Qurban artıq tamamilə tora düşəndə elçi üzünü açır, onda qurban vəziyyətini bütün dəhşətiylə başa düşür…
Onun səsi qəbir daşlarının arasında əks-səda verdi, qarnım sancılandı.
Onda Marina pişik kimi hiyləgərliklə gülümsədi.
– Sən mənim başımı aldadırsan, – nəhayət, özümə gəlib dedim.
– Əlbəttə ki.
Beş, ya da on dəqiqə daha sakitcə oturduq. Bu vaxt mənə əbədiyyət qədər uzun göründü. Xəfif meh gülləri yellədirdi. Qəbirlərin arasında iki dənə ağ göyərçin fırlanırdı. Bir dənə qarışqa şalvarıma dırmaşırdı. Heç nə baş vermirdi. Ayağımın keyidiyini hiss etdim, beynim də keyiməyə başlayırdı. Nəsə demək istəyirdim ki, Marina əlini qaldırıb mənə əyilməyi işarə etdi. O, qəbiristanlığın girişinə işarə etdi.
Kimsə gəlmişdi. Uzaqdan qara paltarlı qadına oxşayırdı. Üzünə tül örpək salmışdı. Sinəsində çarpazladığı əllərinə qara rəngli əlcək taxmışdı. Paltarı uzun idi, ayaqları görünmürdü. Elə bil bu simasız fiqur gəzmirdi, torpağın üstündə uçurdu. Bədənim uçundu.
– Kimdir? – deyə pıçıltıyla soruşdum.
– Sss, – Marina sözümü kəsdi.
Gizlənib qara paltarlı qadını güdürdük. O, ruh kimi qəbirlərin arasıyla gedirdi. Əlində qırmızı qızılgül vardı. Qırmızı gül uzaqdan bıçaq yarasına oxşayırdı. Qadın düz bizim görə biləcəyimiz yerdəki qəbirlərdən birinə yaxınlaşdı, arxası bizə dayandı. Bu qəbirin yeganə adsız qəbir olduğuna fikir verdim. Mərmər başdaşında yazı yox idi, bircə qanadları açıq kəpənək şəkli həkk olunmuşdu.
Qara paltarlı qadın beş dəqiqə sakitcə qəbrin qabağında dayandı. Nəhayət, əyilib gülü qəbrin üstünə qoydu. Sonra gəldiyi kimi də yavaş-yavaş getməyə başladı.
Marina hirslə mənə baxıb nəsə demək üçün əyildi. Dodaqlarının qulağıma toxunduğunu hiss etdim, peysərim yandı.
– Onu birinci dəfə üç ay bundan qabaq, təsadüfən görmüşəm. Onda Germanla bir yerdə Reme xalanın qəbrini ziyarətə gəlmişdik… Qadın hər ayın axırıncı bazar günü, səhər saat onda bura gəlir. Həmişə qara paltar geyinir, qara əlcək taxır, üzünü qara örpəklə örtür. Həmişə tək gəlir. Heç vaxt heç kimlə danışmır.
– O, kimin qəbridir?
Mərmərin üstündəki qəribə simvol marağımı alovlandırmışdı.
– Bilmirəm. Qəbiristanlıq siyahısında ad yazılmayıb…
– Bəs bu qadın kimdir?
Marina cavab vermək istəyəndə gördü ki, qadının silueti gözdən itmək üzrədir. Tez əlimdən tutub ayağa durdu.
– Tez ol! Yoxsa onu itirərik.
– Biz bəyəm onu güdəcəyik?
– Bəs sən macəra istəmirdin? – Marina hirslə mənə baxdı, elə bil sarsaq uşağa acıqlanırdı.
Doktor Ro küçəsinə çatdıq, qadın Bonanovo prospektinə döndü. Buludların arasından günəş görünsə də, yenə yağış yağmağa başladı. Qızılı yağış damcılarının altında qadını izləyirdik. Qadın Bonanovo prospektini keçib köhnə malikanələrin yerləşdiyi yoxuş yolla çıxmağa başladı. Biz ağacların dalında gizlənə-gizlənə onu izləməyə davam edirdik. Qadın yolayrıcına çatıb bir müddət dayandı. Biz çox yaşlı ağacın qalın gövdəsinin dalında gizləndik.
– Deyəsən, bizi gördü, – Marinaya dedim.
Elə bildim qadın dönüb bizə baxacaq, qorxudan ürəyim ağzıma gəldi. Amma yox, qadın bir az da dayanıb sağa getməyə başladı. Marinayla ətrafa boylanıb onu izləməyə davam etdik. Tramvay yoluna çatana qədər getdik. Qadın heç yerdə yox idi, amma onun bu tərəfə gəldiyini görmüşdük. Uzaqdan, ağacların və damların üstündən internatın binası görünürdü.
– O, evinə girib, – dedim. – Yəqin, buralarda yaşayır.
– Yox. Bu evlərdə heç kim yaşamır.
Marina barmaqlıqlı hasarın dalındakı qara fasadı göstərdi. Burda bir neçə tərk edilmiş anbar və bir neçə onillik bundan qabaq yanmış malikanə vardı. Qadın gözümüzün qabağında yoxa çıxmışdı.
Getməyə başladıq. Yağış suyundan yaranan gölməçədə göyüzü əks olunurdu. Yağış damcıları bizim əksimizi bulandırırdı. Dalanın axırındakı taxta qapını külək yellədirdi.
Marina mənə baxdı. Sakitcə qapıya yaxınlaşıb içəri boylandıq. Qırmızı kərpicdən tikilmiş divardakı taxta qapı həyətə açılırdı. Bura haçansa bağ olmuşdu, indi bitkilərin hamısı vəhşiləşmişdi. Bağın dərinliyində sarmaşıqla örtülmüş qəribə tikili görünürdü. Bir az baxandan sonra bunun polad karkaslı şüşə oranjereya olduğunu başa düşdüm. Yarpaqların səsi arı vızıltısını xatırladırdı.
– Sən birinci keç, – Marina dedi.
Cəsarətimi toplayıb cəngəlliyi xatırladan bağa girdim. Marina əlimdən tutub dalımca gəlməyə başladı.
Ayağımın səsi otların arasında batırdı. Dərimizi cızan budaqları aralaya-aralaya oranjereyaya yaxınlaşdıq. Marina əlimi buraxıb oranjereyanı gözdən keçirməyə başladı. Sarmaşıq tikilinin hər tərəfini örtmüşdü. Oranjereya bataqlıqda batan saraya oxşayırdı.
– Məncə, oxumuz boşa çıxdı, – dedim. – İllərdir bura heç kim gəlmir.
Marina başını tərpətməklə razılığını bildirdi. Axırıncı dəfə oranjereyaya baxdı.
– Bu lal xarabalıq bizdən çox bilir, – deyə fikirləşdim. – Yaxşı, gedək, – bunu isə bərkdən deyib əlimi uzatdım ki, Marina tutsun.
Marina əlimi geri itələyib oranjereyanın qapısına tərəf getməyə başladı. İstəməsəm də, dərindən nəfəs alıb onu izləməyə başladım. Bu qız keçi kimi tərs idi.
– Marina, – dedim, – burda…
Deyəsən, oranjereyanın qapısını tapdıq. Marina mənə baxdı, sonra əliylə şüşənin palçığını sildi, şüşənin üstündə nəsə çəkilmişdi. Bu qəbiristanlıqdakı adsız qəbrin üstündə çəkilmiş qara kəpənək rəsminin eynisiydi. Marina qapını itələdi, qapı yavaş-yavaş açıldı. İçərinin havası ağır idi. Burdan bataqlıq və bulanıq quyu suyunun iyi gəlirdi. Elə bil sağlam düşüncə məni tərk etmişdi, heç nə düşünmədən qaranlığa addım atdım.
Beşinci fəsil
Ağır hava kölgələrin arasında asılıb qalmışdı. İçəri çox nəmişlik idi. Hardansa yuxarıdan qəribə səs gəlirdi, adətən, külək yellədəndə jalüzdən belə səs çıxır.
Marina yavaş-yavaş qabağa gedirdi. İçəri nəmişlik və bürkü idi. Paltarımız əynimizə yapışdı, alnımız tərlədi. Marinaya yaxınlaşdım, içərinin alatoranlığında gördüm ki, Marina nəyəsə diqqətlə baxır. O qəribə cingilti hələ də kölgələrin arasından eşidilirdi. Bayaqkı kimi hardansa yuxarıdan gəldiyini hiss edirdim.
– Bu, nədir? – Marina soruşdu, səsindən qorxduğunu hiss etdim.
Çiyinlərimi çəkdim.
Damdan günəş şüalarının üstümüzə düşdüyü yerdə dayandıq. Marina nəsə demək istəyəndə yenə o cingiltini eşitdik. Bu dəfə daha yaxından. İki metrdən də yaxın. Düz başımızın üstündən. Sakitcə bir-birimizi süzüb başımızı yuxarı qaldırdıq. Marina əlimdən yapışıb sıxdı. Qız titrəyirdi. Elə mən də.
Biz mühasirəyə alınmışdıq. Başımızın üstündə müxtəlif siluetlər asılmışdı. Təxminən, on dənəsini gördüm, bəlkə də, çox idi. Yarıqaranlıqda əllər, ayaqlar, çiyinlər sallanmışdı. Tərpənməyən bədənlər ordusu iblis marionetləri kimi başımızın üstündəydi. Bədənlər bir-birinə toxunanda bayaq eşitdiyimiz cingilti gəlirdi. Yavaş-yavaş geri çəkilməyə başladıq, Marina təsadüfən rıçağa toxundu. Bir göz qırpımında fiqur ordusu yuxarı dartıldı. Marinanı qorumaq üçün onun üstünə atıldım, ikimiz də yerə yıxıldıq. Bərk zərbə səsi əks-səda verdi, oranjereyanın şüşələri cingildədi. Çox qorxdum, elə bildim ki, şüşələr sınıb üstümüzə töküləcək. Bu an peysərimə nəsə soyuq bir şeyin toxunduğunu hiss etdim. Barmaqlar.
Üzümü çevirdim. Kimsə mənə baxıb gülümsəyirdi. Cansız sarı gözləri parıldayırdı. Gözlər şüşədən idi, baş isə taxtadan yonulmuşdu. Marinanın qorxu dolu qışqırığını eşitdim:
– Bunlar kuklalardır!
Marinanın nəfəsi kəsiləcəkdi.
Ayağa durub bu qəribə məxluqlara baxmağa başladıq, onların nə olduğunu başa düşməyə çalışırdıq. Marionetlər. Taxtadan, dəmirdən və keramikadan hazırlanmış fiqurlar. Hamısı bir mexanizmin trosundan asılmışdı. Marina rıçağa toxunanda mexanizm işə düşmüşdü. Kuklalar damdan yarım metr aralı asılmışdı. Mexanizm hərəkətə düşən kimi kuklalar balet oynayırmış kimi tərpənib yerə yaxınlaşdı.
– Bu, nədir?… – Marina qışqırdı.
Marionetlərə baxdım, aralarında maq, polis, balerina, nar rəngli paltar geyinmiş zadəgan qadın və pəhləvan formasında hazırlanmış kuklalar vardı. Kuklalar normal insan ölçüsündə hazırlanmışdı, əyinlərinə geyindirilmiş paltarlar vaxt keçdikcə cındır parçasına dönmüşdü. Amma bu da hamısı deyildi.
– Onları axıracan düzəltməyiblər, – dedim.
Marina nə demək istədiyimi başa düşdü. Hər kuklada nəsə çatmırdı. Polisin əlləri yox idi, balerinanın gözləri çatışmırdı. Maqın nə əlləri, nə də ağzı vardı… Günəş işığında fiqurları nəzərdən keçirdirdik. Marina yaxınlaşıb balerinaya baxmağa başladı. Balerinanın alnında, saçlarının arasından görünən balaca işarəni mənə göstərdi. Qara kəpənək simvolu. Marina əlini bu simvola tərəf uzatdı, sonra balerinanın saçlarına toxundu. Çimçişib tez əlini çəkdi.
Ola bilməz.
Bütün fiqurların alnına bu simvol həkk olunmuşdu. Bir də rıçağı çevirib marionetləri yuxarı qaldırdıq. Fiqurların havaya qalxmağına baxa-baxa fikirləşdim ki, bu mexaniki bədənlər onları yaradana qovuşmağa tələsiblər.
– Deyəsən, burda nəsə var, – arxadan Marinanın səsini eşitdim.
Marina oranjereyanın küncündəki yazı stolunu göstərirdi. Stolun üstünü qalın toz təbəqəsi örtmüşdü. Stolun üstündə hörümçək gəzirdi, tozun üstündə hörümçəyin xırda izi qalırdı. Oturub tozu üflədim. Sarı duman havaya yayıldı. Stolun üstündə dəri üzlüklü kitab vardı, kitab açıq idi. Köhnə, sarı-qəhvəyi şəklin altında “Arl, 1903” yazılmışdı. Şəkildən siam əkizləri boylanırdı. Qəşəng geyinmiş qızlar dünyanın ən kədərli təbəssümüylə kameraya gülümsəyirdi.
– Gör, təbiət nələrə qadirdir?! – Marina mızıldandı. Belə canlıları bir vaxtlar sirkdə nümayiş etdirirdilər…
Şəkillər məni darmadağın etdi. Təbiətin qəddar siması bu şəkillərdə yatırdı. Günahsız ruhlar əcaib bədənlərdə əsir olmuşdu.
Bir neçə dəqiqə sakitcə albomdakı şəkillərə baxdıq. Hər şəkildə bir cür dəhşətli canlı çəkilmişdi. Amma bir şeyi də deyim ki, bu bədbəxtlərin fiziki qəribəlikləri simalarındakı dəhşətlə, tənhalıqla və kədərlə müqayisə oluna bilməzdi.
– İlahi! – Marina pıçıldadı.
Hər şəklin altında çəkildiyi şəhər və tarix qeyd olunmuşdu: Bueynos Ayres, 1893, Bombey, 1911, Turin, 1930, Praqa, 1933… Bu kolleksiyanı kimin və nə üçün yığdığını ağlıma gətirə bilmirdim. Nəhayət, Marina gözlərini albomdan çəkib qaranlığa tərəf getdi. Mən də onun kimi etmək istədim, amma gördüklərimin aşıladığı dəhşət hissi məni çulğamışdı. Bundan sonra min il yaşasam da, o canlıların simalarını heç vaxt unuda bilməyəcəyəm. Kitabı örtüb Marinaya baxdım. O, titrəyirdi, nə demək və nə etmək lazım olduğunu bilmədiyim üçün özümü köməksiz hiss edirdim. Şəkillər Marinaya çox pis təsir etmişdi.
– Yaxşısan? – deyə soruşdum.
Marina başını tərpətdi. Onun gözləri yumuluydu. Birdən səs eşitdik. Bizi əhatələyən kölgələrə baxdım. Yenə həmin anlaşılmaz səs. Hirsli. Nüfuzedici. Çürüntü iyi hiss etdim. İy qaranlıqdan gəlirdi. İçimdə elə bir hiss yarandı ki, elə bil içəridə tək deyildik. Burda bizdən başqa da kimsə vardı. O, kim idisə bizi güdürdü. Marina tərpənmirdi. Əlindən tutub bayıra çıxartdım.
Altıncı fəsil
Biz bayıra çıxanda yağış küçələri gümüşü rəngə boyamışdı. Günorta idi. Yol boyu heç nə danışmadıq. Evdə German bizi nahara gözləyirdi.
– Xahiş edirəm, ona heç nə demə, – Marina dedi.
– Narahat olma.
Baş verən şey haqda, ümumiyyətlə, danışmaq lazım olmadığını başa düşürdüm. Küçəyə çıxandan sonra oranjereyayla albomun təsir qüvvəsi xeyli azalmışdı. Sarrya meydanına çatanda Marinanın ağardığını və ağır-ağır nəfəs aldığını gördüm.
– Yaxşısan?
Marina əminsizliklə “hə” dedi.
Meydanın çıxışında oturduq. O, gözlərini yumub bir neçə dəfə dərindən nəfəs aldı. Qabağımızda bir dəstə göyərçin qaynaşırdı. Bir anlıq mənə elə gəldi ki, Marina indi huşunu itirəcək. Amma o, gözlərini açıb gülümsədi.
– Narahat olma. Sadəcə başım bir az fırlanır. Çox güman, içəridəki iydəndi.
– Yəqin ki. Bəlkə də, içəridə ölü heyvan vardı. Nə bilim, siçovuldan zaddan nəsə…
Marina gümanımla razılaşdı. Bir az sonra rəngi özünə qayıtmağa başladı.
– Yemək yesək, yaxşı olar. Gedək, German bizi gözləyir.
Durub onlara getdik. Kafka bizi həyətdə qarşıladı. Pişik qınayıcı nəzərlərlə mənə baxdı, gəlib Marinanın ayaqlarına sürtüşməyə başladı. Birdən Germanın qrammafonu oxumağa başladı. Musiqi dəniz ləpələri kimi həyətə yayılmağa başladı.
– Bu nə musiqidir?
– Leo Delib, – Marina cavab verdi.
– Birinci dəfədir eşidirəm.
– Delib fransız bəstəkardır, – Marina mənim savadsızlığıma təəccüblənib izah etdi. – Məktəbdə sizə nə öyrədirlər?
Çiyinlərimi çəkdim.
– Bu ariya onun “Lakme” operasındandır.
– Oxuyan kimdir?
– Anam.
Heyrətlə ona baxdım.
– Anan opera ifaçısıdır?
Marina ötkəm baxışlarla məni süzdü.
– İdi. O, vəfat edib.
German bizi əsas zalda gözləyirdi, bu zal dairəvi formada tikilmişdi. Tavandan böyük büllur çilçıraq asılmışdı. Marinanın atası nümunəvi nəzakətə malik idi. Kostyum geyinmişdi, ağ saçlarını dala daramışdı. Elə bil on doqquzuncu əsrin axırlarından çıxıb gəlmişdi. Gümüş dəst qab-qacaq düzülmüş süfrə arxasında oturduq.
– Bizi ziyarət etdiyinizə görə çox şad olduq, Oskar, – German dedi. – Heyif ki, hər bazar günümüzü belə gözəl adamların əhatəsində keçirtmək müyəssər olmur.
Naxışlı nimçələr əsl incəsənət nümunəsi idi, özü də antikvar idi. Nahar şorbadan və çörəkdən ibarət idi. Başqa heç nə yox idi. Şorbadan iştahaçan qoxu yayılırdı. German birinci mənə qulluq edirdi. Hiss elədim ki, bu təmtəraq mənim şərəfimə hazırlanıb. Gümüş dəstə və şıq geyimə baxmayaraq, onların pulu olmadığını bilirdim, baxsan, bu evdəki bütün pul bircə dənə gümüş nimçəni almağa çatmazdı. Buna görə evdə işıq da yox idi. Evi həmişə şamla işıqlandırırdılar. German fikirlərini mənimlə bölüşdü.
– Oskar, yəqin, bu evə elektrik enerjisinin gəlmədiyinə fikir verdiniz. Çünki biz müasir elmin nailiyyətlərinə çox da inanmırıq. Əgər, elmin gecəni aydınlatmağa gücü çatırsa, onda bəs nə üçün hamını yedizdirib doydurmağa çatmır? Onda bu nə elm oldu?
– Məncə, çatışmazlıq elmdə yox, elmi nailiyyətlərdən necə istifadə etmək lazım olduğunu müəyyənləşdirən adamlardadır, – deyə etiraz etdim.
German bir qədər fikrə getdi, sonra razılıqla başını tərpətdi. Bunu ya nəzakət xətrinə elədi, ya da doğrudan da fikrimlə razılaşmışdı.
– Oskar, görürəm ki, fəlsəfə sizə o qədər də yad deyil. Şopenhaueri oxumusunuz?
Marinanın nəzərlərinin üstümdə olduğunu hiss etdim.
– Bəzi əsərlərindən hissələr oxumuşam, – bu mövzudan yayınmağa çalışdım.
Sakitcə yeməyə davam etdik. German mehribanlıqla mənə baxdı, qızına baxanda isə onu necə sevdiyi hiss olunurdu. Nəsə mənə deyirdi ki, Marinanın çox da dostu yoxdu və Şopenhauerin Oppenqeymardan nəylə fərqləndiyini bilmədiyimə baxmayaraq, German məni evlərində görməyə şaddır.
– Oskar, deyin görüm, bu saat dünyada nələr baş verir?
Sualı elə verdi ki, elə bildim ikinci dünya müharibəsinin qurtardığını desəm, şoka düşəcək.
– Düzünə qalsa, xüsusi heç nə baş vermir, – dedim. Marina diqqətlə məni izləyirdi.
– Tezliklə seçkilər olacaq…
Bu Germanın marağını cəlb etdi, o, ağzına apardığı qaşığı yarı yolda saxlayıb soruşdu:
– Siz kimlərdən yanasınız? Sağçılardan, ya solçulardan?
– Ata, Oskar anarxistdir, – Marina dedi.
Çörək boğazımda ilişdi. Bu sözün nə demək olduğunu bilmirdim, amma o “antixrist” sözünə oxşayırdı. German diqqətlə məni süzdü.
– Yeniyetməlik idealizmi… – deyə mızıldandı. – Başa düşürəm, başa düşürəm. Sizin yaşlarda mən də Bakunini oxuyurdum. Bu xəstəlik kimi bir şeydir…
İttihamedici baxışlarla Marinaya baxdım, o isə adət etdiyi pişik təbəssümüylə cavab verdi.
Nəzərimi yayındırdım. German mehribanlıqla mənə baxırdı. Mən də gülümsəyib qaşığı ağzıma apardım.
Bir az sonra mənimlə üzbəüz oturan German burnunu çəkməyə başladı. Qaşıq əlindən düşəndə Marina durub onun gümüşü rəngli qalstukunu boşaltdı. German dərindən nəfəs aldı. Əlləri yüngülcə əsirdi. Marina atasının çiyinlərindən tutub ayağa durmağına kömək etdi. German itaətlə ayağa durub yorğun təbəssümlə, utana-utana mənə gülümsədi. Elə bil bir anda on beş il qocalmışdı.
– Üzr istəyirəm, Oskar, – o yavaşdan dedi. – İllər verdiyini alır…
Mən də ayağa durdum, jestlə Marinaya kömək təklif etdim. Təklifimi qəbul etmədi, zalda gözləməyimi tapşırdı. German Marinanın çiyninə yaslandı, yavaş-yavaş otaqdan çıxdılar.
– Bizim üçün şərəf idi, Oskar… – uzun, qaranlıq dəhlizdən Germanın zəif səsi eşidildi. – Yenə gəlin, tez-tez gəlin…
Ayaq səslərinin malikanənin dərinliyində yoxa çıxmağına qulaq asdım. Şamların işıqlandırdığı zalda oturub Marinanın qayıtmağını gözlədim. Evin ab-havasını özümə təlqin edirdim. Yarım saat keçdi. Marinanın qayıtmayacağını başa düşəndə narahat olmağa başladım.
Əvvəlcə onu axtarmaq istədim, amma sonra evi icazəsiz gəzməyin pis çıxacağını fikirləşdim. Marina üçün qeyd yazmaq istədim, amma nə qələm vardı, nə də kağız. Hava qaralmağa başlayırdı. İnternata qayıtsaydım, yaxşı olardı. Fikirləşdim ki, sabah dərsdən sonra gələrəm. Marinanı cəmi yarım saatdır görmürdüm, amma yenə bura gəlmək üçün bəhanə fikirləşdiyimin fərqinə varanda təəccübləndim. Mətbəxdən bağa çıxdım. Şəhərin üstündən buludlar keçirdi.
Yavaş-yavaş internata qayıdırdım və günün hadisələri başımda fırlanırdı. Pilləkənlərlə dördüncü mərtəbəyə çıxıb otağıma girəndə fikirləşdim ki, bu, yaşadığım ən qəribə gün oldu. Amma əgər ikinci seansa bilet almaq mümkün olsaydı, heç fikirləşmədən ikisini alardım.
Yeddinci fəsil
Gecə yuxuda gördüm ki, böyük kaleydoskopun içindəyəm. Dəhşətli varlıq kaleydoskopu fırladırdı, varlığın gözünü linzadan görürdüm. Dünya optik illüziyada əriyib yoxa çıxırdı. Həşəratlar. Qara kəpənəklər. Birdən yuxudan ayıldım, elə bil damarlarımdan isti kofe axırdı. Bütün günü özümdə olmadım.
Dərslər mənim stansiyamda dayanmayan qatar kimi yanımdan sivişib keçirdi. Müəllim özümdə olmadığımı hiss elədi.
– Adətən, fikrin göylərdə olur, – dedi. – Bu günsə, deyəsən, yerdəsən. Xəstələnməmisən?
Ona qeyri-müəyyən jestlə cavab verib lövhənin üstündəki saata baxdım. Dördün yarısı idi. Dərsin qurtarmağına iki saat qalmışdı. Əbədiyyət qədər. Yağış damcıları pəncərə şüşələrini döyəcləyirdi.
Zəng çalınan kimi qaça-qaça sinifdən çıxdım. Sonsuz dəhlizlərdən keçib küçəyə çatdım. Bağlar və fəvvarələr yuxulu toranlığa bürünmüşdü. Nə çətirim vardı, nə də papağım. Göyüzü tutqundu, verandaların işıqları yanan kibrit çöplərini xatırladırdı.
Yağışdan yaranan gölməçələrin üstündən tullana-tullana qaçırdım. Nəhayət, Marinagilin kvartalına çatdım. Küçələrdən axan yağış suyu kəsilmiş damardan axan qanı xatırladırdı. Cücə kimi islanmışdım, adamsız küçələrdən qaça-qaça keçirdim. Kanalizasiya barmaqlıqları ayaqlarımın altında guruldayırdı. Şəhər elə bil qara okeanın altında qalıb batırdı.
On dəqiqə sonra Marinagilin imarətinin hasarına çatdım. Corabıma qədər islanmışdım. Birdən arxadan, gəldiyim tərəfdən səs eşitdim. Elə bildim kimsə məni güdür. Amma dönüb baxanda heç kimi görmədim. Bircə yağış damcıları gölməçələrin suyunu şappıldadırdı.
Həyətə girdim. İldırım çaxıb imarətə aparan cığırı aydınlatdı. Fəvvarədəki mələklər məni girişdə salamladı. Soyuqdan əsə-əsə mətbəxin qapısına yaxınlaşdım. Ev qaranlığa qərq olmuşdu. Germanın elektrik enerjisi haqda dediklərini xatırladım. Burda yadıma düşdü ki, məni heç kim dəvət eləməyib. Artıq ikinci dəfəydi ki, bu evə icazəsiz soxulurdum. Getmək istədim, amma hava daha da korlanırdı. Soyuqdan əllərim ağrıyırdı, barmaqlarımın ucunu hiss eləmirdim. İt kimi öskürürdüm, gicgahlarım döyünürdü. Soyuq və yaş paltarım əynimə yapışmışdı.
– Marina! – deyə səsləndim.
Səsimin əks-sədası malikanənin dəhlizlərində yox oldu. Ancaq kölgələri görürdüm. Arada ildırım çaxanda içərini bir anlıq işıqlandırırdı. Buna görə də ancaq ayrı-ayrı kadrlar yadımda qalırdı, elə bil şəkillərə baxırdım.
– Marina, – deyə təkrarladım. – Mənəm, Oskar…
Ehtiyatla qabağa addımlamağa başladım. Getdikcə yaş ayaqqabım fırçıldayırdı. Dünən nahar etdiyimiz zalın girişində dayandım. İçəridə heç kim yox idi.
– Marina? German?
Cavab gəlmirdi. Yarıqaranlıqda balaca tumbanın üstünə şamla kibrit qoyulduğunu gördüm. Barmaqlarımın keyi açılmadığı üçün kibriti altıncı cəhddə yandıra bildim.
Nəhayət, şam yandı. Onun titrək işığı zalı doldurdu. Dünən Marinayla Germanın getdiyi tərəfə getməyə başladım.
Dəhliz başqa bir zala aparırdı, orda da bu zaldakı kimi böyük büllur çilçıraq asılmışdı. Mebellərin üstünə döşəkağı salınmışdı. İkinci mərtəbənin pilləkənlərini gördüm. Yuxarı çıxmaq üçün yaxınlaşanda bir cüt sarı gözün məni izlədiyini hiss etdim, dalınca mırıltı eşidildi. “Kafka” – rahatlayıb fikirləşdim. Pişik o saat qaranlıqda qeyb oldu. Dayanıb ətrafa boylandım. Getdikcə yerdəki toz təbəqəsində ayaq izlərim qalmışdı.
– Kimsə var? – deyə soruşdum, amma yenə cavab almadım.
Bir neçə on il qabaq bu zalın necə göründüyünü təsəvvür etməyə çalışdım: orkestr, rəqs edən onlarla cütlük… İndi isə bura batan gəminin göyərtəsinə oxşayırdı. Divarlardan yağlı boyayla çəkilmiş rəsmlər asılmışdı. Hamısında eyni qadın təsvir olunmuşdu. Onu tanıdım, bura birinci dəfə gələndə rəsmini gördüyüm qadın idi. Rəsmlər o qədər möhtəşəm idi ki, təsvir etməyə söz çatmaz. Görəsən, hansı rəssamın əl işləriydi? Bütün rəsmləri eyni rəssamın çəkdiyinə şübhə etmirdim. Zalın hansı tərəfində dayanmağımdan asılı olmayaraq, qadının nəzərləri daim üstümdəydi. Qadın Marinaya çox oxşayırdı. Birdən ayağıma nəsə toxundu, bu Kafka idi. Əyilib boz tüklərini tumarladım.
– Kafka, sahibən haradadır?
Cavabında kədərlə miyovuldadı. Ev boş idi. Yağışın damı döyəclədiyini aydın eşitmək olurdu. Deyəsən, Germanla Marina harasa getmişdi. Heç kim görməmiş evdən getməyi qərara aldım.
– İkimizdən birimiz burda artığıq, – Kafkaya dedim. – Bu, mənəm.
Birdən Kafka nədənsə qorxdu, tükləri biz-biz dayandı, miyovuldadı.
Pişiyi nə qorxuda bilərdi? Bu iy. Çürüyən meyit iyi. Dünən oranjereyadan gələn iy kimi. Ürəyim bulandı. Pəncərədən bayıra baxdım, fəvvarədəki mələklərin siluetlərini sezdim. İntuisiyam nəsə qəribə şeylər baş verdiyini dedi. Heykəllərin arasında əlavə bir fiqur da vardı. Diqqətimi cəmləyib pəncərəyə yaxınlaşdım. Heykəllərdən biri öz oxu ətrafında fırlanırdı. Elə heyrətləndim ki, yerimdə donub qaldım. Fiqurun dəqiq konturlarını seçə bilmirdim. Hiss edirdim ki, o qəribə varlıq məni izləyir. Mənim də onu izlədiyimi bilir. Pəncərənin qabağında donub qalmışdım. Bir neçə saniyə sonra fiqur kölgələrə qarışdı.
Növbəti dəfə ildırım çaxanda varlıq yerində yox idi. Onunla bir yerdə çürüntü iyinin də yoxa çıxdığını hiss elədim.
Ağlıma Germanla Marinanı gözləməkdən daha yaxşı fikir gəlmədi. Küçəyə çıxmaq üçün əldən getmirdim. Yağış da bayaqkı kimi yağmağa davam edirdi. Böyük kresloda oturub gözləməyə başladım. Yağışın səsi və böyük zalın divarlarında titrəşən şam işığı yavaş-yavaş əsəblərimi sakitləşdirdi, mürgüləməyə başladım. Bir qədər sonra böyük qapının səsi, dalınca da ayaq tappıltıları eşidildi. O saat ayıldım. Ürəyim bərk-bərk döyünməyə başladı. Dəhlizdən yaxınlaşan səsləri eşitdim. Qapıya düşən şam işığı getdikcə yaxınlaşırdı. Kafka qapıya tərəf qaçdı, Germanla Marina zala girdilər. Marina soyuq nəzərlərlə mənə baxmağa başladı.
– Burda nə edirsən, Oskar?
Dodaqaltı nəsə mızıldandım. German mehribanlıqla gülümsəyib mənə baxdı.
– İlahi, Oskar. Siz tamam islanmısınız! Marina, Oskar üçün təmiz dəsmal gətir… Gedək, Oskar, buxarını yandıraq. Yağış elə bil vedrədən tökülür.
Buxarının qabağında oturub Marinanın gətirdiyi isti bulyonu içə-içə bura nə üçün gəldiyimi danışmağa başladım, amma fəvvarənin yanında gördüyüm qəribə varlıq haqda heç nə demədim. German mənə axıracan qulaq asdı, simasında narazılıq əlaməti yox idi. Amma Marina haqda bunu demək olmaz. O, baxışlarıyla məni yandırırdı. Evlərinə bu cür gəlməyimin dostluğumuza xələl gətirə biləcəyindən qorxdum. Təxminən, yarım saat buxarının yanında oturduq. Mən heç nə danışmadım.
Sonra German mənə xeyirli gecələr arzulayıb getdi. Elə bildim Marina bu saat əlimdən tutub bayıra atacaq, deyəcək ki, bir də bura gəlməyim. “İndi başlayacaq”, – deyə fikirləşdim. Nəhayət, Marina istehzayla gülümsədi.
– Mənə belə gəlir ki, sən çox tərssən.
– Çox sağ ol, – deyə mexaniki cavab verdim. Açığı, daha ağır sözlər gözləyirdim.
– Bəlkə, burda nə qələt elədiyini deyəsən?
Buxarının alovu onun gözlərində əks edirdi. Qalan bulyonu içib gözlərimi aşağı saldım.
– Əslinə qalsa… bilmirəm. – dedim. – Məncə, mən… bilirəm ki, mən…
Yazıq görkəmim köməyimə çatdı, Marina yanıma gəlib əlimdən tutdu.
– Mənə bax!
Ona baxdım. O, mənə canıyananlıq qarışıq simpatiyayla baxırdı.
– Sənə hirslənmirəm, eşidirsən? – dedi. – Səni burda görəcəyimi gözləmirdim, ona görə təəccübləndim. Hər bazar ertəsi Germanla San-Pablodakı həkimə gedirik. Ona görə sən gələndə evdə deyildik. Bir də bazar ertəsi qonaq qəbul etmək üçün çox da yaxşı gün deyil.
Utandım.
– Bir də eləmərəm, – dedim.
Bayaq fəvvarənin yanında gördüyüm varlıq haqda Marinaya danışmaq istəyəndə, o əyilib üzümdən öpdü. Onun dodaqları yanağıma yapışan kimi paltarlarım qurudu, sözlər dilimə yapışdı. Marina mənim səssiz mızıldanmağımı eşitdi.
– Nə? – deyə soruşdu.
Ona baxıb başımı yellətdim.
– Heç nə.
Şübhəli tərzdə qaşını qaldırdı, amma israr etmədi.
– Yenə bulyon istəyirsən?
– Hə, çox sağ ol.
Marina fincanı alıb doldurmaq üçün mətbəxə getdi. Sakitcə oturub qadının rəsmlərinə baxmağa başladım. Marina qayıdanda hara baxdığımı sezdi.
– Bu rəsmlərdəki qadın…
– O, mənim anamdır, – Marina dedi.
– Çox güman, bu rəsmləri çox məşhur rəssam çəkib, – dedim. – Heç vaxt belələrini görməmişəm.
Marina cavab verməyə tələsmədi.
– Bəlkə də, inanmayacaqsan, amma bu rəssam artıq on altı ildir ki, daha rəsm çəkmir. Bu tablolar seriyası onun yeganə əsəridir.
– Belə çəkdiyinə görə, yəqin ki, ananı çox yaxşı tanıyırmış, – dedim.
Marina nüfuzedici tərzdə mənə baxdı.
Portretlərdəki qadın da mənə belə baxışlarla baxırdı.
– O, anamı heç kimin tanımadığı kimi tanıyırdı. O rəssam mənim atamdır.
Бесплатный фрагмент закончился.
