Читать книгу: «Xatirələrim»

Шрифт:

"Xatirə Ədəbiyyatı" silsiləsindən 10-cu kitab

© Abdulla Şaiq / Xatirələrim

© "XAN" nəşriyyatı / Bakı / 2022 / 400 səh.

Üz qabığının dizayneri / Teymur Fərzi

* * *

Keçmişin ağır, iztirablı günlərini görməyən azad və xoşbəxt gəncliyimizə ithaf edirəm.


Abdulla Şaiq (1881–1959)


Zaman və könül güzgüsü

Hər şair, hər yazıçı öz dövrünün, mühitinin və ədəbi nəslinin güzgüsüdür. Bu güzgüyə bax – o dövrdən xəbərin olsun. Bu güzgüyə diqqət et – o mühitin bütün əyrilərini, əskiklərini, xarakterik cizgilərini toplayaraq xəyalında canlandır. Bu güzgüdəkiləri gör – gördüklərin sayəsində yazıçının özünü də, şəxsiyyətini də, onu yetişdirən, yazıçı olmasına səbəb olan şəraiti də anlamaq asanlaşsın.

Bütün bu dediklərim bədii ədəbiyyat nümunələrinə aiddir. Amma oxuduğunuz əsər həm də xatirədirsə, deməli, verəcəyi dəyərli informasiya da, təsəvvür yaranmasına xidmət edəcək çalarlar da, hadisə, situasiya və xarakter zənginliyi də daha çox olacaq.

Ümumiyyətlə, xatirə ədəbiyyatı bütün dünyada və bütün dövrlərdə oxucu marağını çəkib. Bunun səbəbi yalnız o ədəbiyyatın yazıçının taleyi, şəxsiyyəti və xarakteri ilə bağlılığı deyil, həm də mühiti və dövrü ilə bağlılığıdır. Bir də təbii ki, səmimiyyət göstəricisi ilə. İnsanlar xatirələrini danışarkən daha səmimi, daha içdən olurlar. Çünki özlərindən, özləri üçün dəyərli olanlardan söz açırlar. Yaşadıqlarına xəyalən qayıdarkən özlərini, ruhlarını bütün ziddiyyətləri ilə bərabər göstərməli olurlar. İçinə qapılaraq getdikləri, təsiri altında olduqları hadisələr buna vadar edir. Bəlkə də elə bu səbəbdəndir ki, əksər yazıçılar xatirə yazmağı sevmirlər. Axı Olduğu kimi Görünmək hər yazıçının arzusu deyil.

Azərbaycanda da xatirə ədəbiyyatı çox yayılmış janr hesab edilmir. Çünki bizdə bu istiqamətdə qələm çalmaq istəyənlər daha az olub. Ancaq XX əsr Azərbaycan ədəbiyyatının və maarifinin görkəmli nümayəndələrindən biri olan Abdulla Şaiqin "Xatirələrim" i bu sahədə yazılmış ən dəyərli nümunələrdən biri hesab oluna bilər.

Abdulla Şaiq (Talıbzadə Abdulla Şaiq Axund Mustafa oğlu – 1881–1959) Tiflisdə, ruhani ailəsində dünyaya gəlib. 1888-ci ildə altı sinifli şəhər müsəlman məktəbində təhsilə başlayıb. 1893-cü ildə ailə vəziyyəti ilə əlaqədar anası və qardaşı ilə bərabər Xorasana köçüb, təhsilini orada davam etdirib. 1900-cü ildə Tiflisə qayıdaraq bir müddət burada qaldıqdan sonra 1901-ci ildə Bakıya köçüb.

Milli intibah tərəfdarı olan maarifçi pedaqoq, romantik şair kimi tanıdığımız Abdulla Şaiq öz həyatını bütünlüklə Azərbaycan maarifinin inkişafına, yeni tipli məktəblərin yaranması, təlimin ana dilində aparılması, dərs kitablarının ana dilində tərtib edilməsi, ibtidai və orta məktəblərin inkişafı, milli müəllim kadrlarının hazırlanması kimi problemlərin həllinə həsr edib. "Türk ədəbiyyatı", "Türk çələngi", "Milli qiraət", "Müntəxabat", "Ədəbiyyat", "Gülşəni ədəbiyyat" adlı dərsliklər və proqramlar hazırlayıb.

Yaradıcılığına tərcümə və qəzəllə başlasa da, ilk mətbu əsəri "Laylay" adlı uşaq şeri olub. "Tıq-tıq xanım", "Tülkü həccə gedir", "Yaxşı arxa"kimi mənzum nağıllar yazıb. "Ədhəm", "Tapdıq dədə", "Qoçpolad"kimi poemaları milli folklorumuzun ən koloritli xüsusiyyətlərini özündə daşıyır. 1910-cu ildə qələmə aldığı "Gözəl bahar" pyesi ilə milli uşaq teatrının özülünü qoyub. "Məktub yetişmədi", "Köç", "Daşqın", "İntiharmı, yaşamaqmı", "Göbələk", "İblisin hüzurunda", "Dursun", "Əsrimizin qəhrəmanlar"ı kimi bir çox dəyərli hekayə, povest və romanların müəllifidir.

Onun həyatı da, yetişdiyi və yaradıcılıqla məşğul olduğu dövr Azərbaycan tarixinin, eyni zamanda da ədəbiyyatının elə bir qarışıq, ziddiyyətli, və mürəkkəb dövrü idi ki, ona işıq salınması, onun haqqında danışılması hər zaman maraq doğuracaqdır. "Xatirələrim" belə bir funksiyanı daşıyır. Burada kiçik yaşlarından başlayaraq Abdulla Şaiqin bir çox Azərbaycan ziyalısının yetişməsində və inkişafında rol oynamış Tiflis mühitində böyüməsi, formalaşması, ailəsi ilə bərabər Xorasana köçməsi, orada gördükləri, yaşadıqları və müşahidə etdikləri çox maraqlı yazıçı üslubu ilə əks etdirilir. Azərbaycanın görkəmli mütəfəkkiri Mirzə Fətəli Axundovun Abdulla Şaiqin atası ilə dostluğu və münasibətləri haqqında qələmə aldığı fikirlər də bir çox maraqlı məqamların aydınlaşmasında yardımçı olur: "Evləri bizə yaxın olduğundan bazar günləri atamın yanına söhbətə gəlirlərmiş. Söhbət zamanı hərdən mübahisə də edərlərmiş. Anamın dediyinə görə M.F.Axundov da atamın kitabxanasından istifadə edər, tez-tez ondan kitab alıb apararmış. Bunların çoxu dini kitablar idi… atam "Hər gələndə dindən söz açır. Çox ağıllı, bilikli və xeyirli adamdır, hayıf ki, etiqadı xarabdır" – deyirdi".

Burada Abdulla Şaiqin Nəriman Nərimanov, Əbdürrəhimbəy Haqverdiyev, Cəfər Cabbarlı, Hüseyn Cavid kimi görkəmli ziyalılarla tanışlığı və ünsiyyəti də öz maraqlı ifadəsini tapıb.

"Xatirələrim" Xorasan həyatını da əks etdirir, Bakı mühitini də. Bu şəhərlərdə yaşayan insanların həyatı, güzəranı, müsəlmanların necə bir avamlıq və xurafat içərisində olduqları, hansı zillət içərisində ömür sürdükləri də göstərilir. Ancaq bu kitab yalnız Abdulla Şaiqin, ailəsinin yaşamını əks etdirmir. Burada müsəlman qadınının hüquqsuzluğu da var, siyasi çalarlara da rast gəlinir. Mühitdən başqa ailənin, ata və ananın bir insanın yetişməsinə, hansı istiqamətə yönlənə-cəyinə göstərdiyi təsir də öz əksini tapır. Kiçik Abdullanın şəxsi duyğularına, həyəcanlarına da şahid olur, bir uşaq üçün atanın necə dəyərli və vacib şəxsiyyət olduğunu anlayır, bu səhnədən təsirlənirik: "Bilmirəm, o nə hal idi!.. Qollarımı ona tərəf uzadıb: "Ata, ata!" – deyə elə vəhşi bir səslə bağırdım ki, yanımdakılar qorxdular, iki qolumdan tutaraq: "Səbir elə, fayton bura gələcək" – deyə məni saxladılar. Xorasana gəldiyimiz ilk gündən keçən beş il ərzində, bəlkə birinci dəfə idi ki, belə sevinirdim".

Bəzən kədər, təəssüf, qəlb ağrısı gətirən misralar aradabir Abdulla Şaiqin öz xarakterindən irəli gələn zarafatcıllıq, baməzəlik kimi xüsusiyyətlərlə də yüklənir, maraqlı yumoristik çalar da ala bilir. Məsələn, Cəlaləddin Rumi ilə bağlı qələmə aldığı əhvalat: "… bir şair aşura günü təsadüfən gəlib Hələb şəhərinə çıxıb… Görür ki, adamlar boyunlarında kəfən bir-birinin belindən tutub: "Şaxsey-vaxsey," – deyə-deyə… yeriyirlər… yanında duran kişidən soruşur:

– Şəhərinizdə vəfat edən kimdir?

Həmin kişi acıqlı-acıqlı ona baxaraq soruşur:

– Bəs, sən müsəlman deyilsən?

Şair cavab verir:

– Əlhəmdullah, müsəlmanam.

– O halda bəs sən bilmirsən ki, bu gün aşuradır, İmam Hüseynin qətlə yetirilən günüdür?

Şair təəccüblə kişiyə baxıb deyir:

– Aha, yadıma düşdü, yezid dövrünü deyirsən? Bu xəbər sizə nə gec çatıb? Siz onun ölümü xəbərini bu gün eşitmisiniz?"

Abdulla Şaiq buna görə Cəlallədin Ruminin də kafir hesab edildiyini yazaraq mühitin və xalqın avamlığını çox ustalıqla əks etdirə bilir.

Abdulla Şaiq yazır: "Şərq həyatının elə qaranlıq guşələri vardır ki, oraya günəşlə bərabər ensən, yenə də onun dərinliklərinə nüfuz edə bilməzsən!".

İnsanın könlü də belədir. Ora işıq salmaq çətindir. Amma Abdulla Şaiqin "Xatirələrim"i onun Zamanına da, Cavid, Hadi, Cabbarlı kimi zamandaşlarının şəxsiyyətinə də, Könlünə də Güzgü ola bilir. "Xatirələrim" sayəsində onlara baxmaq da, görmək də mümkündür. Hətta bu gün üçün bəzi yanlış görünən dəyərləndirmələrinə baxmayaraq…

Nərgiz Cabbarlı

Kədər içində sevinc

Uşaq hafizəsi təmiz bir güzgüyə bənzər, gördüyünü, eşitdiyini olduğu kimi əks etdirər. Uşaqlıq xatirələri hafizədə o qədər möhkəm yer tutur ki, uzun illər onu silib yox edə bilmir. İnsan qocaldıqda da ilk xatirələrini hafizəsinin yardımı ilə olduğu kimi gözünün qabağında canlandıra bilir və xəyalın yüngül qanadları üzərində bir anda ən uzaq məsafələri dolaşıb yenə qayıdır.

Uşaq ikən gördüyüm adamlar, bildiyim hadisələr, dəfələrlə qulaq asdığım nağıl və dastanlar, əzbərlədiyim şeirlər indi də hafizəmdən silinməmişdir. Əlimə qələm alıb uzaq keçmişə aid xatirələrimi yazarkən, hafizəm ən kiçik hadisələri belə gözüm önündə elə canlandırırdı ki, indi 72 yaşım olduğu halda onları bu gün görüb, bu gün eşidir kimi oluram.

* * *

Doğulduğum və uşaqlıq illərimin çoxunu keçirdiyim Tiflis şəhəri, ətəkləri yaşıl otlar və əlvan çiçəklərlə bəzənmiş, uca dağlarla qucaqlaşmışdır. İnsan əli dəyməmiş kimi görünən müctəhid və botanik bağları, Şeyx Sənan dağı, Sərdar bağı zəngin təbii zənginlikləri olan Tiflis şəhərini əlvan qanadlarını geniş açmış tovuzquşuna bənzədir. Şəhəri ikiyə ayıran Kür çayının yaşıl məxmər xalıya oxşayan sahilləri, şəhəri gizlətməyə çalışan uca, şax-budaqlı ağacları Tiflisin gözəlliyini bir qat daha artırır. Hələ XVIII əsrdə məşhur Azərbaycan şairi Vaqif Tiflis şəhərindən aldığı təəssürata:

 
"Bəh, bu bağın nə əcəb sərvi-dilaraları var,
Hər tərəf tazə açılmış gülü-rənaları var"
 

– beytilə başlanan ayrıca bir şeir həsr etmiş, bununla özünün gürcü xalqına, gürcü gözəllərinə, Tiflisin zəngin və könülaçan təbiətinə dərin məhəbbətini bildirmişdir.

Öz təbii gözəllikləri ilə yanaşı, Tiflis o zaman xüsusi inzibati mövqeyə də malik idi. Bu şəhər bu gün Gürcüstan, Ermənistan və Azərbaycan respublikalarının tutduğu sahələri birləşdirən Zaqafqaziyanın mərkəzi idi. Çar tərəfindən təyin edilmiş canişin burda yerləşir, Zaqafqaziya ilə birlikdə Dağıstan vilayətini də o, idarə edirdi. Tiflisin inzibati mövqeyi ona Rusiya ilə daha sıx əlaqə saxlamağa imkan yaratdığından, rus mədəniyyətinin təsiri də daha tez burada özünü göstərməyə başlayırdı. XIX əsrin ikinci yarısında artıq Tiflisdə yüksək mədəni səviyyədə olan teatrlar yaradılmış, orta və ali məktəblər, Qori şəhərində müəllimlər seminariyası açılmışdı.

Tiflis bu dövrdə yalnız Gürcüstanla deyil, bütün Zaqafqaziya xalqlarının siyasi-ictimai həyatı ilə bağlı şəhər idi. Zaqafqaziya və Dağıstan müsəlmanlarının, o cümlədən azərbaycanlıların az-çox mədəni-maarif ocaqlarını idarə edən təşkilatlar, dini idarələr Tiflisdə yerləşirdi. Çarizmin millətləri parçalamaq siyasətinə uyğun olaraq Tiflisdə müfti və şeyxülislamın rəhbərliyi altında iki ruhani idarəsi təşkil edilmişdi. Müfti sünnilərə, şeyxülislam isə şiələrə rəhbərlik edirdi. Bunların hər birinin iki müavini, rusca və azərbaycanca yazan iki katibi və bir hesabdarı var idi. Şəhər və qəzalara təyin edilmiş qazı və mollalar idareyi-ruhaniyyələrə, idareyi-ruhaniyyələr isə Zaqafqaziya canişininə tabe idi.

Bu zaman Tiflisdə, Zaqafqaziya canişininin göstərişi ilə, şeyxülislamın və müftinin nəzarəti altında altı sinifli məktəb açılmışdı. Dərsləri rus dilində aparılan bu məktəb altı sinifli rus məktəblərinin proqramını qəbul etmişdi. Əlavə olaraq bu məktəbdə Azərbaycan dili, fars dili və ərəb qəvaidi də keçilirdi. Atam Axund Molla Mustafa Tiflisdəki ruhani idarələri və açılan məktəblərlə əlaqədar olduğundan, orada yaşayırdı. Mən də dünyaya gözlərimi ilk dəfə bu şəhərdə açmış, uşaqlıq illərimi də orada keçirmişəm.

Qardaşım Abdullanın1 ölümü ata-anasının qəlbini dərin hüzn və kədər içində buraxmışdı. Onlara ancaq yaxın zamanda dünyaya gələcək yeni övlad ümidi təsəlli verirdi. Hamı səbirsizliklə onun yolunu gözləyirdi. Yolu gözlənən həmin çağa mən idim. 1881-ci ildə fevral ayının 12-də (yeni hesab ilə 24-də) Tiflis şəhərində doqquz aylıq uzun bir səfərdən tək yox, özüm ilə bərabər bir yoldaş da gətirmişdim. Ölən qardaşımın sönən çırağını yandırmış olduğumdan, onun adını mənə qoydular. Mən də, mənim ilə əkiz tayı olan bacım Mərziyə də ata-anamızın qəlbindəki dərdi, kədəri silib yerinə sevinc və şənlik qığılcımları saçdıq. Ailəmiz yenidən şənləndi.

Atam Axund Molla Mustafa Süleyman oğlu o zaman Tiflis qazısının müavini vəzifəsində çalışıb, ayda 25 manat maaş alırmış. Əsli Borçalı mahalının Sarban kəndindın idi. Çox varlı olmamasına baxmayarq: "Gözün aydın, Axund əmi, oğlun oldu" – deyə onu muştuluqlayan mamaya 5 manat bağışlamışdı. Bacım Mərziyə bir saat məndən sonra dünyaya gəlmişdi. Əfsus ki, çox yaşamadı, 3 ay sonra vəfat etdi. Mən doğulduqdan iki həftə sonra atam şeyxülislamın müavini təyin edildiyindən maddi vəziyyətimiz bir az yaxşılaşmışdı.

Atam qarayanız, ortaboylu bir kişi idi. Qara, enli qaşları, iri, qara gözləri, bir tutumluq şəvə kimi qara saqqalı var idi. Bığına, saqqalına rəng və həna yaxdırmağı vərdiş etmişdi.

Atam ruhani olmasına baxmayaraq, öz təbiəti etibarilə daha çox müəllimə bənzəyirdi. (Məncə, vəzifənin insanların əhvali-ruhiyyəsinə az-çox təsiri olur). O, məhdud fikirli, mütəəssib, zaman və mühitini düşünməyən ruhanilərdən deyildi. Vəzifəsinə sadiq, haqqı və doğruluğu sevən, zamanının maarifçi şəxslərindən idi. İdareyi-ruhaniyyədən və müəllim olduğu altı sinifli məktəbdən aldığı zəhmət haqqı ilə ailəsini dolandırırdı. Məktəbdə şəriət fars dili və ərəb qəvaidi müəllimi idi. Bütün Tiflis camaatı onu sevirdi. Hamı onu "Axund əmi" çağırırdı.

Anam nağıl edirdi ki, Mirzə Fətəli Axundov, şeyxülislam Molla Əhməd Səlyaninin və atamın yaxın dostu imiş. Evləri bizə yaxın olduğundan bazar günləri atamın yanına söhbətə gəlirlərmiş. Söhbət zamanı hərdən mübahisə də edərlərmiş.

Atamın zəngin kitabxanası var idi. Anamın dediyinə görə, M.F.Axundov da atamın kitabxanasından istifadə edər, tez-tez ondan kitab alıb apararmış. Bunların çoxu dini kitablar idi. Görünür, M.F.Axundov islam dinini və şəriət ehkamlarını tənqid edərkən, islam dininin özünü öyrənmək üçün bu kitablardan istifadə edirmiş. Bir dəfə anamın "Qonaqla nəyin üstündə belə deyişirsən?" – sualına atam cavab verir ki, "Hər gələndə dindən söz açır. Çox ağıllı, bilikli və xeyirli adamdır, hayıf ki, etiqadı xarabdır".

Atamın bəylərlə heç arası yox idi. Doğulduğu Sarban kəndində bəylərin törətdikləri vəhşilikləri gördüyündən onlara qarşı dərin nifrət bəslərdi. Onlardan söhbət düşəndə çox tez-tez təkrar etdiyi bu beyti deyərdi:

 
"Səg çü dəndan avərəd, bəg mişəvəd,
Bəg çü dəndan bərkənəd, səg mişəvəd".2
 

Maraqlı burasıdır ki, atam bu beyti öz tələbələrinə də əzbərlətmişdi.

Anam Mehri qısaboylu, ətli-canlı, ağbəniz, açıq alınlı bir qadın idi. Qısa kirpikli, xırda, qara gözləri, bir-birindən aralı nazik qaşları vardı.

Anam çox gəzməyi, bəzənməyi sevməz, arabir ancaq qardaşıgilə gedərdi. O da şəraitin və köhnə adət-ənənələrin məhkum etdiyi yüzlərlə Şərq qadınlarından biri kimi, sevmədən, tanımadan atama verilmişdi. Uşaq ikən Nərimanovlar familiyasına mənsub olan Molla Fatmanın yanında üç-dörd il oxumuşdusa da, bir şey öyrənməmişdi.

Sənəm nənəm əri Cəfər öldükdən sonra, dörd qardaşın bir bacısı olan qızı Mehrinin üstündə yarpaq kimi əsirmiş. Dindar və mövhumatpərəst nənəm göz dəyməsin deyə, hər gün üzərlik yandırıb qızını onun üstündən keçirir, boynundan göy muncuq asır, hər ay dua yazdırıb üstünə tikirmiş. Dindar arvadın ürəyi bunlarla da sakit olmayıb, nəzir edibmiş ki, "qızım ölməyib əlimdə qalsın, onu seyidə verim". Buna görə də hər cümə axşamı Tiflisdə məşhur seyidlərdən olan Mir Nemətulla ağanın ocağında şam yandırırmış.

Atam yaxın qohumu olan anamı qız ikən görüb ona vurulubmuş. Lakin bilirdi ki, dindar Sənəm qızını seyiddən başqa heç kəsə verməyəcəkdir. Mir Nemətulla ağa ilə dost olduğundan dərdini gedib ona açır. Mir Nemətulla ağa atamın sözünü yerə salmayıb onunla birlikdə Sənəm nənəmin yanına gedir. Nənəm onların qabağına şirin çay töküb qoyanda ağa fikrini açıb söyləyir:

– Sənəm xanım, mən sənin qapına həmişə gələn adam deyiləm, bu gün vacib bir iş üçün gəlmişəm. Sözümü yerə salsan, çayımı içməyib çıxıb gedəcəyəm. Mən qardaşım Axund Mustafa tərəfindən elçi gəlmişəm. Mehri xanımı ona almaq istəyirəm.

Sənəm nənəm cavabında deyir:

– Ağa Molla Mustafa bizə yad deyil. Gəlinimin qardaşıdır. Ancaq mən nəzir eləmişəm ki, qızımı seyidə verim.

Mir Nemətulla ağa deyir:

– Molla da seyid kimi bir şeydir.

Nənəmin sözü kəsilir, razılıq verməyə məcbur olur. Bundan sonra Mir Nemətulla ağa əvvəlcə atamın, sonra da öz çayını qarışdırıb deyir:

– Allah mübarək eləsin, xoşbəxt olsunlar, indi ağzımızı şirin eləyə bilərik.

İlk qədəm

Biz o zaman Tiflisin müsəlman məhəlləsində – Varantovski küçədə hacı Rza deyilən bir adamın mülkündə olurduq. İki mərtəbədən ibarət olan bu binanın həyətə baxan hissəsinin birinci qatında biz, ikinci qatında şeyxülislam Mirzə Həsən Tahirov öz ailəsi ilə yaşayırdı. Həmin binanın küçəyə baxan hissəsinin birinci qatında altı sinifli məktəb, ikinci qatında isə ruhani idarəsi yerləşirdi. Həyətin sağ və sol tərəfindəki çiçəkliklər tünd yaşıl rəng çəkilmiş qısa, nazik taxtalarla çəpərlənmişdi.

Altı sinifli məktəb şeyxülislamın nəzarəti altında olmasına baxmayaraq, başqa şəhər məktəbləri kimi o da Tiflisdə olan Zaqafqaziya maarif müfəttişliyinə tabe idi. Dərslər rus dilində keçilirdi. Ruhani idarəsi nəzdində olduğu üçün proqrama şəriət, Azərbaycan, fars və ərəb dilləri də daxil edilmişdi.

Mən hələ məktəb yaşına çatmamışdımsa da, həmin məktəbin şagirdləri ilə tanış ola bilmişdim. Tənəffüs zamanı onlarla həyətdə görüşür və bir yerdə oynayırdıq. Atam həm ruhani idarəsində işlədiyinə, həm də məktəbdə müəllim olduğuna görə, məktəb müəllimləri məni yaxşı tanıyırdılar.

1888-ci ilin sentyabr ayı idi. Dərslər başlanmışdı. O gün zəng vurulduğu zaman uşaqlarla bərabər mən də birinci sinfə girib, yeni tanış olduğum Nəbiağa adlı tələbənin yanında oturdum. Müəllim etiraz etmədi. Dərslər bitdikdən sonra evə gedərkən müəllim, "Sabah kitab, dəftər, qələm gətir" – dedi.

Səhəri gün rəsmi bir tələbə kimi bilik ocağına ayaq basdım. Dərsdən sonra kitablarım qoltuğumda evə qayıtdığım zaman anam məni çox mehriban qarşılamışdı. O gün şadlığımdan yerə-göyə sığmırdım.

Müəllim çatışmadığından bir otaqda iki-üç sinif yerləşirdi. Üç birinci sinifdə Baxşəli bəy, o biri siniflərdə Paşa bəy dərs keçirdi. Paşa bəy qumralgözlü, arıq, ortaboylu, Baxşəli bəy isə qarayanız, Paşa bəyə nisbətən uca və kürəkli bir şəxs idi. Müəllimlərimizin hər ikisi saqqal qoyurdu. Baxşəli bəyin bir az uzun, şəvə kimi qara saqqalı ona çox yaraşırdı. Onlar təbiətcə bir-birindən gözəl adamlar idi.

Tənəffüs zamanlarında artırmada gəzişə-gəzişə şirin və mehriban söhbət etmələri, hərəkət və rəftarları bizə böyük tərbiyə dərsi idi. Biz tələbələr də onları təqlid edərək, bir-birimizə mehriban olmağa çalışırdıq. Onların hər ikisi Qori seminariyasının məzunları idi.

Mən müəllimlərimi çox sevirdim. Bilmirəm, mənmi həddindən artıq xəyalpərəst bir uşaq idim, ya onlar doğrudan da, bu qədər nəcib insanlardılar?! Mən onları uşaq xəyalımda dərəcə-dərəcə böyüdür, bir növ, bizim kimi adi insan olduqlarına inana bilmirdim. Onların hər bir hərəkəti, rəftarı məndə coşqun hisslər, yüksək düşüncələr oyadırdı. Dərsə olan sonsuz həvəsim və yorulmadan gecə-gündüz çalışmağım da müəllimlərimə səmimi məhəbbətimdən irəli gəlirdi. Səhərlər ala-qaranlıqdan oyanır, dərslərimi lampa işığında təkrar oxuyub hazırlayırdım. Böyüdükdən sonra, müəllim olduğum zamanlarda belə, o müəllimlərimi unuda bilmirdim. Həmişə özümü onlara bənzətməyə çalışırdım.

Uşaqlıqdan ədəbiyyata dərin eşqim var idi. İstər Azərbaycan, istərsə də, rus, fars dillərində yazılmış mənzum parçaları böyük həvəslə əzbərləyirdim. Oxuduğum dərslik "Vətən dili" bu sahədə mənə az kömək etməmişdi. Həmin dərslik Qori seminariyasının ana dili müəllimi Səfərəli bəy Vəlibəyov və həmin seminariyada çalışan Çernyayevski tərəfindən tərtib edilmişdi. Məktəbdə oxuduğum zaman Qasım bəy Zakirin, Həsənəli xan Qaradağskinin öz orijinal şeirlərilə yanaşı Krılovdan tərcümə etdikləri təmsilləri, Puşkin və Lermontovun rusca şeirlərini sevə-sevə əzbərləyirdim. O şeirlərin çoxu indi də hafizəmdən silinməmişdir. O zaman azərbaycanca "Vətən dili"nin birinci və ikinci cildlərindən başqa dərslik yox idi. Ona görə də, üçüncü sinifdən farsca "Gülüstan" kitabını oxumağa məcbur idik.

Şeiri sevdiyimi müəllimlərim də bilirdilər. Təhsil ilinin sonunda, imtahan zamanlarında müəllimlər məni həmişə rusca, azərbaycanca şeir oxumağa məcbur edirdilər.

Elə düşünürdüm ki, şeiri ancaq böyük alimlər yazırlar. Bir gün imtahan ərəfəsində atamdan bir şeir yazmasını xahiş etdim. Fikrim imtahanda müəllimlərimə yeni bir şeir oxumaq idi.

Atam gülə-gülə dedi:

– Oğlum, mən şair deyiləm ki, şeir yazım. Şeiri şairlər yazır.

Mən elə zənn etdim ki, atam məni başından eləmək istəyir. Ondan əl çəkmədim, dedim:

– Sən ki alimsən, sən şeir yaza bilməyəndə, daha kim yaza bilər?

O, məni inandırdı ki, şair başqadır, alim başqa. Ümidsiz halda qollarım yanıma düşdü. Atam məni qucaqlayaraq:

– Yaxşı oğlum, – dedi, – sabah idarəyə gedəndə Mirzə Əhmədə tapşıraram, sənə bir yaxşı şeir yazar.3

Mən sevindiyimdən bilmirdim neyləyim. Ertəsi gün məktəbə gedəndə səs saldım ki, bu il imtahanda mən lap təzə şeir oxuyacağam.

Dörd-beş gün sonra atam şeiri gətirdi. İmtahanda əzbərdən oxuduğum həmin şeir müəllimlərimin çox xoşuna gəldi.

O zaman həmin məktəbə böyük yaşlı uşaqlar da qəbul edildiyindən siniflərdə yaşca bir-birindən fərqli tələbələr oxuyurdu. Mənimlə birinci sinifdə Hüseyn adlı ucaboy bir tələbə vardı. Təxminən iyirimi-iyirimi iki yaşı olardı. Boyuna görə cılız idi. Söz danışanda qısa kirpikli gözlərini döyürdü. Çox sadə, təmizəxlaqlı, üzügülər, xoşrəftar və zarafatcıl idi. Adına Şorməkə Hüseyn deyirdilər. Atası zurnaçı olduğundan uşaqların bəzisi zarafatla ona "zurnaçı oğlu"da deyirdi. Atası başqa arvad alıb, ondan ayrı yaşadığına görə Hüseyn toylarda, qonaqlıqlarda qarmon çalıb-oxuyur və aldığı zəhmət haqqı ilə özünü, anasını və kiçik bacısını dolandırırıdı. Ona görə də, vaxtlı-vaxtında dərslərini hazırlaya bilməzdi. Bir gün onun həll edə bilmədiyi məsələni izah etmək üçün müəllim məni lövhəyə çağırdı. Məsələni həll etdim. Müəllim hər ikimizi sinif qarşısında saxlayıb dedi:

– Abdulla, Hüseynə bax!

Mən onun belindən idim. Altdan yuxarı ona baxdım, o başını yerə dikib durdu. Sonra müəllim ona dedi:

– Hüseyn, Abdullaya bax!

O da yuxarıdan aşağı acıqlı-acıqlı mənə baxanda bütün sinif güldü.

Bu hadisə Hüseynə çox toxunmuşdu. Odur ki, səhərlər tezdən sinfə gəlib dərslərimi təkrar etdiyim zaman Hüseyn məni qaldırıb çiyninə qoyar, sinifdə, daha çox həyət artırmasında o yan-bu yana qaçardı. Uşaqlar gülüşə-gülüşə onun arxasına düşərdilər. Çox yalvardıqdan sonra məni yavaşca yerə qoyub, deyərdi:

– Di get, məni bir də utandırma! Axund əminin oğlu olmasaydın, səni boynumdan elə atardım ki, yerindən qalxa bilməzdin.

Bir gün müəllimimiz Baxşəli bəy dərsə gecikmişdi. Hamı deyirdi ki, müəllim gəlməyəcək, saatımız boş keçəcəkdir. Uşaqlar sinifdə gülüb-danışırdılar. Şagirdlərdən kim isə yazı taxtasında bir beyt yazmışdı. Başımız danışığa elə qarışmışdı ki, həmin beyti kim yazdığına fikir verməmişdik. Bu vaxt Baxşəli bəy birdən qapıda göründü. Sinifdə bir dəfə o yan-bu yana dolaşdıqdan sonra, lövhədəki beyti görüncə üz-gözü qızardı. Lövhədə yazılmışdı:

 
«Пуст погибнет русский царъ,
Кровожадный государъ».
 

Qəzəblənmiş müəllim bu misraların kim tərəfindən yazıldığını öyrənmək istəsə də, heç kim cavab vermədi. Baxşəli bəy dedi:

– İndi ki siz yazanı demirsiniz, üç gün axşam saat beşə qədər hamınız sinifdə ac və dustaq qalacaqsınız!

Sonuncu dərsin axırında o, məktəbin xidmətçisi Nəsiri çağırıb saat beşə qədər bizi sinifdə dustaq saxlamağı əmr etdi. Başqa sinif şagirdləri gülə-gülə, danışa-danışa evlərinə gedirdilər. Biz pəncərədən həsrətlə onlara baxırdıq. Mən bərk darıxırdım, evimizə istəyirdim.

Xidmətçi Nəsir o biri sinifləri təmizləyirdi. Hüseyn başqa yoldaşlarına nisbətən xeyli şən görünürdü. Hiss olunurdu ki, nəyəsə sevinir. Birdən o, papağını qaşlarının üstünə əyib pəsdən zümzümə eləməyə başladı. Hüseyn on-on beş dəqiqə şirin xalq mahnılarından oxudu. Sonra üzünü bizə tutub dedi:

– Eh, qarmonum burda olsaydı, sizə bir kef verərdim ki, dadı damağınızdan getməzdi.

O sözünü qurtarmamışdı ki, Baxşəli bəy içəri girdi. Görünür o, Hüseyni dinləyirmiş. Dərhal hamı yerinə keçdi.

Oxumağına görə, Hüseynə daha ağır cəza verəcəyini gözləyirdik. Müəllim bütün sinfi gözdən keçirdikdən sonra üzünü ona tutub dedi:

– Hüseyn, sən ağıllı oğlansan, səninlə bir məsləhət etmək istəyirəm.

Hüseyn qızardı, gözlərini döyə-döyə soruşdu:

– Müəllim, nə məsləhət?

Baxşəli bəy gülə-gülə dedi:

– Mən uşaqları azad etmək istəyirəm, sən nə məsləhət görürsən?

Hüseynin kefi açıldı, dedi:

– Qurban olum, müəllim, yaxşı işə nə məsləhət?

Sevindiyimizdən əlimiz-ayağımız yerə dəymirdi. Kitablarımızı yığışdırıb hazır durduq. Müəllim yazı taxtasına nəzər saldı. Beyt silinmişdi… Mənim zehnimdən isə silinməmişdi.

Bizi azad edən kimi arxama baxmadan evə qaçdım.

Cəzalandırıldığımı anam bilirmiş. O gün qonşumuz Gülsüm bacımla otağın bir guşəsində oturub oyuncaqlarla oynayırdılar. Anam yerə sərdiyi kiçik bir süfrəyə yeməyimi qoydu. Əlimi yeməyə uzadar-uzatmaz o gülə-gülə dedi:

– Bax, gördün, nadinclik edəni ac saxlayırlar.

Gülsümün yanında söylənən bu söz qüruruma toxundu.

Əlimi yeməkdən çəkərək dik qalxdım və ağlaya-ağlaya çıxıb getdim. Anam arxamca çox çağırdı, yalvardı, yaxardı, geri dönmədim.

Qəribə uşaqlığım var idi. İndi də bəzən hadisələri xatırlayanda qeyri-iradi gülümsəyirəm.

Bizim ev sahibi Hacı Rzanın Asiya adlı böyük bir qızı vardı. Mən hələ uşaq ikən qucağına alır, üzümdən öpüb, "Sənə gedəcəyəm", – deyərdi. Mən də xidmətçimiz məşədi Pərinin öyrətdiyi sözləri ona deyərdim:

– Asiya xanım, gəl bizə, götürüm, qaçım Təbrizə.

Bir gün Asiya xanımı nişanladılar. Toy başlandı. Məşədi Pəri mənə dedi:

– Abdulla, nişanlın ərə gedir, nə qayıracaqsan?

Qonşudakı hazırlığı görüb əhvalatı anladım. O gün evdən dışarı çıxmadım. Anam nə qədər çalışdı ki, məni toya aparsın, razı olmadım, evdə oturub xeyli ağladım. Axır əhvalatı gəlinə söylədilər. Asiya xanım gəlinlik paltarında gəldi. Məni qucaqlayıb aparmaq istədi. Getdim. Köçdükdən sonra tez-tez atası evinə gəlirdi. O gəldiyi zaman məni görməsin deyə, evdən çıxırdım.

Bakıda uzun müddət müəllimlik edən Abbas Minasazov, Bakı və Tiflisdə nəşr edilən rus qəzetlərində çıxan məqalələri ilə şöhrət qazanmış Şahhüseyn Minasazov bizimlə qapı-qapıya qonşu idi. Şahhüseyn mənimlə yaşıd və sinif arqadaşım idi. Onun bacısı Gülsüm kiçik bacım Ruqiyyə ilə yaşıd idi. O hər gün öz gəlinini götürüb bacımın yanına gəlir, eyvanda palaz salıb gəlin-gəlin oynayırdı. Mən qara, qıvırcıqsaçlı bu gözəl qızı dəlicəsinə sevirdim. O, bizə gəlmədiyi gün gözlərim onu arardı. Ancaq ona bir kəlmə də olsun söz söyləyə bilməzdim. O, arabir "Abdulla" – deyə məni çağırdığı zaman qızarardım. O zaman doqquz, on yaşından artıq olmazdım. Bu saf, səmimi çocuq sevgilərim bu gün ən dəyərli bir xatirə olaraq könlümün ən dərinliklərində saxlanmışdır.

Mənim təbiətim böyük qardaşıma əsla bənzəməzdi. O vücudca və yaşca özündən çox böyük və qüvvətli uşaqlarla güləşir, qapışır və daima qalib gəlirdi. Qaçaq Kərəm rolunu oynamaq onun ən çox sevdiyi oyunlardan idi. Özü Kərəm və məhəllə çocuqları onun yasovulu olurdu. Küçələrdə qoyduğu qarovullar oradan keçən yabancı uşaqları tutub, "Kərəm səni çağırır" – deyə çəkə-çəkə qardaşımın hüzuruna gətirirdilər… Qardaşım, "Sən Kərəmin torpağından izinsiz nə üçün keçirsən?" – deyə onları döydürürdü. Bu oyun mənim əsla xoşuma gəlməzdi və arabir sıradan çıxıb oynamaq istəmədiyim zaman qardaşım məni tənbeh edərdi. Mənim sevdiyim – aşıq-aşıq, dirədöymə və turna-turna idi. Ona görə də "Kərəm" oyunu adı çəkilincə bir bəhanə ilə sivişib evə gedərdim, bacımla oynardım.

Mövhumat

Bir fars şairi demişdir: "Bə hər koca ki, rəvi, aseman bəyek rəng əst", yəni "Hər yerə getsən, göy bir rəngdədir". O zaman Şərq xalqlarının həyat tərzi, adət və ənənələri bir çox cəhətdən bir-birinin eyni idi. Bu yaxınlığı yaradan mənəvi amillərdən biri islam dini idi.

Tiflis Zaqafqaziyanın mədəni mərkəzlərindən biri olmasına baxmayaraq, müsəlman Şərqinə məxsus həyat tərzi, adət və ənənələr, etiqad və görüşlər burda da davam etməkdə idi. Xüsusən Cənubi Azərbaycandan Tiflisə gələn azərbaycanlılar, orda hökm sürən mövhumatı, İran istibdadının məhsulu kimi meydana çıxan adət və ənənələri özləri ilə bərabər gətirir və yayırdılar. Tiflisdə yaşayan azərbaycanlıların bir hissəsini də öz vətənindən didərgin düşən, şah istibdadının şikəst və müti etdiyi Cənubi azərbaycanlılar tərəfindən rəğbət və məhəbbətlə qarşılandılar. Lakin Cənubi Azərbaycandan Tiflisə mollalar, seyidlər, falçı və dərvişlər gəlirdilər ki, bunlar yerli xalqa dini adətlərin, mövhumatın möhkəmlənməsi və yayılmasına təsir göstərirdilər. Dövrün qabaqcıl ziyalıları gimnaziyalarda, şəhər məktəblərində müəllimlik edərək rus və Avropa mədəniyyətini, təbiət elmlərini yaymaqla məşğul olduqları halda, Cənubi Azərbaycandan gələn din nümayəndələri yerli mürtəcelərlə birləşib, yeni üsullu məktəblər əleyhinə təbliğat aparır, öz uşaqlarını "üsuli-cədid" məktəblərində oxudanlara minbərlərdən lənət oxuyur, qiyamət günü peyğəmbərin yanına üzüqara gedəcəklərini söyləyir, uşaqları mollaxanalarda oxutmağı tələb edirdilər. Beləliklə, yeni, qabaqcıl görüşlərlə köhnə, mürtəce görüşlər mübarizə aparır, üz-üzə gəlirdi.

Bütün bunlarla yanaşı, xalqın şüurunda dini görüşlər, avamlıq və mövhumat çox möhkəm yer tutmaqda idi. Xalqın çoxu savadsız idi; fala, duaya, pirlərə, qəza-qədərə, caduya, istixarəyə inam möhkəm idi. Avam arvadlar bir xəstəlik, ya bədbəxtlik üz verən kimi falçılara fala baxdırır, Altınbarmaq Seyidə dua yazdırır, Tiflisin məşhur ruhanilərindən olan Mir Nemətulla ağanın ocağına, Xıdır Nəbiyə nəzir verir, şam yandırır, onlardan nicat, sağlamlıq və xoşbəxtlik istəyirdilər.

Mir Nemətulla ağanın evi "Botanik bağı"nın yanında idi. (O bağa "Gəncə bağı"da deyirdilər.) Atam danışırdı ki, Mir Nemətulla ağanın həyətində iri, şaxəli, qoca bir tut ağacı var imiş. Bir gün qonşuluqda yaşayan avam bir qadın gecə qaranlıqda həmin ağacın altında işıldayan atəş böcəyini görüb, onu şama oxşatmış, səhər ətrafa səs salmışdı ki, gecə tut ağacının altında səhərə qədər şam yanmışdır. Həqiqəti anlamayan bu avam qadın ertəsi günü axşamçağı tut ağacı altında birinci şamı özü yandırmışdı. Beləliklə tut ağacı ocaq olur. Ona hər yandan nəzir-niyaz gəlməyə başlayır. Uşağı olmayan, ya bir fəlakət üz vermiş olan qadınlar nəzir edib, tut ağacına əski bağlaya-bağlaya hər dərdin dərmanı bildikləri bu ağacı axırda qurutdular. Bundan sonra ağanın ocağını yaşatmaq üçün tut ağacının yerində böyük bir günbəd tikildi.

Yadımdadır, qonşulardan biri xəstələnsəydi, ya işləri çətinə düşsəydi, dərhal Altıbarmaq Seyidə dua yazdırar və Mir Nemətulla ağanın ocağına nəzir edərdilər.

Anamın təbiətində Sənəm nənəmin aşıladığı mövhu-matçılıq qulluqçumuz məşədi Pərinin təsiri ilə daha da güclənmişdi. Bu qılıqlı arvad anama özünü elə sevdirmişdi ki, anam ona çox zaman, "bacım" deyə xitab edir və hər sözünə inanırdı.

* * *

Şeytanbazar o vaxt Tiflisin ən izdihamlı küçələrindən idi. İki-üç yerdə çayxana var idi. Bu çayxanalar səhərdən axşama qədər hey dolub boşalır; hərə qarşısında bir stəkan çay oturur, dərvişlər nağıl söyləyir, ilan oynadır, xanəndələr çalıb-oxuyurdular. Böyük samovar səhərdən gecə yarısınadək qaynayır, onun yanından qızarmış kömür əskik olmur, çayxana xidmətçiləri qəlyan başına maşa ilə od qoyub, çəkə-çəkə alışdırır, sonra aparıb müştəriyə verirdilər. Müştəri də bir əli ilə qəlyanın uzun boğazından, bir əli ilə də uzun müştüyündən yapışıb çəkir və tez-tez tüstünü havaya buraxırdı. Samovarların hisi, tənbəkilərin acı tüstüsü çayxananın içini duman kimi bürüyürdü. Mən dayımgilə həmişə bu çayxananın qabağından keçib gedərkən qapı ağzında durub, içəridə nağıl söyləyən, ilan oynadan dərvişlərə tamaşa edirdim. Bu çayxanalar o zaman işsiz-peşəsiz həyat keçirən, ətalət və qəflət azarına tutulmuş adamların məskəni idi. Elə çayxana düşkünləri var idi ki, bütün günlərini orda keçirirdilər.

Şeytanbazarın çayxanaları kişilərin əyləncə yeri olduğu kimi, Tiflis hamamxanaları da arvadların gün keçirdikləri yer idi. Bu hamamlar gecə-gündüz qurnalardan4 şırhaşır axıb hovuzlara tökülən kükürdlü isti mədən suları ilə məşhurdur. Heç bir ictimai yerə çıxmayıb evdə dustaq kimi yaşayan çarşablı arvadların ən böyük əyləncə yeri bu hamamlar idi. Hamı burada görüşür, burada tapışır, burada şirin söhbətə qızışır, oğlunu evləndirmək istəyənlər burada qız bəyənirdi. Hər kəs öz gücünə görə boğçasına pendir, çörək, yayda qarpız, xiyar bağlayıb hamama gedir, axşama qədər gününü orada keçirirdi.

Uşaq vaxtından mən də hamama anam ilə gedirdim. Yadıma gəlir, bu arvad hamamında elə səs-küy olardı ki, ağız deyəni qulaq eşitməzdi. Təəccüb burasındadır ki, hamısı birdən danışır, hamısı da bir-birini anlayıb cavab verirdi.

Sonralar hamama mən atamla gedirdim. Hamama daxil olan kimi gözə dərhal kərpicdən tikilmiş, əhəng və gəc ilə suvanmış böyük bir hovuz çarpırdı. Hovuzun sağ və sol tərəflərində soyunmaq üçün yerdən bir qədər uca xüsusi səkilər vardı. Nazik və uzun taxtalardan qayrılmış kiçik bir daxmada hamamçı otururdu. Soyunulan paltarlara nəzarət edən xidmətçi çimib gələnlərin ayağına su tökür, geyinmək istəyənlərə hər cür kömək göstərirdi. Bir tərəfdə isə samovar qaynayır, çayçı müştərilərə çay paylayırdı. Bir dəfə atam ilə hamama getməyim heç xatirimdən çıxmır. Biz hamama daxil olan kimi ətrafımızı kisəçilər bürüdü. Atam birini seçdi. O əvvəlcə hamamın səkisinə iki fitə sərdi. Sonra uzanmaq üçün bir kisəni yumrulayıb başı altına qoydu. Biz fitə üstündə oturduq. Kisəçi əvvəlcə atamın saqqalına xına qoydu. Sonra mənə kisə çəkdi. Mən oturub atamı gözləyirdim. Kişi başqa birisinə kisə çəkdikdən sonra atamın saqqalının xınasını yuyub yerinə rəng yaxdı. Mən gözləməkdən darıxırdım. Bir saatdan sonra kisəçi atamın saqqalının rəngini yuyub bədəninə kisə çəkməyə başladı. Sonra canını ovuşdurdu. Bütün bu tamam-dəsgahdan sonra böyük hovuza girdik. Dolu hovuzun suyu o qədər təmiz idi ki, ayaq barmaqlarımızın dırnağı görünürdü. Üç-dörd saat davam edən yuyunma nəhayət başa çatdı. Hamam xidmətçisi ayaqlarımıza su tökdü. Kişi hamamı intizamlı və səs-küysüz idisə də, kisəçinin hoqqabazlıqları, atamın saqqalının xınası və rəngi, onun bütün hamam qanun-qaydalarına qeyd-şərtsiz itaət etməsi məni lap hövsələdən çıxarırdı.

* * *

Tiflis cavanlarının bir hissəsi oxumur, işləmir, günlərini xoruz və qoç döyüşdürmək, meydançalarda güləşməklə keçirirdilər. Bir gün evdən çıxıb yoldaşım Hüseyn Minasazov ilə "Virana bağ"a oynamağa gedirdik. Yolda iki nəfər kişinin öz qoçlarının zəncirindən tutub, yanlarında bir dəstə adam ilə həmin bağa tərəf addımladıqlarını gördük. Bildik ki, qoçlarını döyüşdürməyə aparırlar. Biz də onlara qoşulduq. Qoçların ikisi də ağ idi. Qoçbazlardan biri öz qoçunu yol uzunu tərifləyib deyirdi:

– Tiflisdə mənim qoçumun qabağına çıxan qoç olmayıb. Heydər ağanın qoçu ki, səsi Tiflisi tutmuşdu, onu mənim qoçum beşcə dəqiqədə qaçırtdı.

O biri qoçun sahibi sakit-sakit onu dinlədikdən sonra:

– İgidin gücü meydanda bilinər! – deyə cavab verdi.

Onlar qoçlarını "Virana bağ"a yox, onun aşağısındakı

Qarpız meydanına gətirdilər. Ora çatıncaya qədər yolda adamlar çoxalmışdı. Qarpız meydanında böyük bir ağaclıqda dayandıq. Hər iki kişi qoçların boynundakı nazik zəncirə bağlı qalın meşin xaltaları açıb, qoçların buynuzlarından yapışdılar; onları bir-birinə yaxın gətirib buraxdılar. Qoçlar əvvəlcə bir-birilə iyləşdi, sonra dəhşətli bir döyüş başlandı. Vuruş getdikcə qızışır, hər iki qoç geri çəkilir, sonra irəli cumub bir-birinin kəlləsinə "şaraq-şaraq" buynuz vururdu. Qoçların yiyələri, "Ha qoçum, ha" deyə-deyə, elə bil onlara ürək-dirək verirdilər. Vuruşma uzun sürdü. Öyünən qoçbazın qoçu axıra yaxın bir-iki dəfə yediyi buynuzdan başını yana çevirib qaçmaq istədisə də, sahibinin, "ha, qoçum, ha" – deyə bağırtısı ilə yenə döyüşməyə başladı. Lakin bu axırıncı həmlə ona kömək etmədi. Hamı qalib gələn qoçun sahibini alqışladı. O biri qoçbazın rəngi qaçmış, dərin hüzn və həyəcan içində durmuşdu. Çox keçmədi ki, cibindən bir onluq çıxarıb, qalib gələn qoçun sahibinə verdi.

– Al, bu, sənin mərcin.

Qalib qoçun sahibi Qurban pulu almaq istəmədi. Rəqibi Baba zor ilə pulu onun ovcuna basdı.

Bu zaman Qurbanın qoçu yiyəsinə yaxınlaşıb əlini yaladı, başını onun ayaqlarına sürtdü. Baba acıqlı-acıqlı qoça baxdı, onun buynuzundan tutub dilləndi:

– Kim deyirdi ki, bu dinc, sakit görünən qoç mənim odalov qoçumu qaçıra bilər?! – Sonra o üzünü Qurbana tutub əlavə etdi, – Qurban, bu qoçu sat mənə.

– Yox, satmıram!

– Qoy bu adamlar qiymət qoysun. İki dəfə artıq verərəm, – bu sözləri deyib Baba şəst ilə əlini cibinə saldı.

– Yox, Baba, satmıram.

– Bu qoçumu da üstəlik verirəm…

– Dedim ki, mən qoçumu satmıram.

Lakin qoç döyüşdürmək büsatı bununla bitmədi. Məğlub olan qoçbaz birdən qaçıb öz qoçunu tutdu. Onu yerə yıxdıqdan sonra cibindən bıçağı çıxarıb qoçun başını kəsmək istədi. Ətrafdakılar nə qədər ona mane olmaq istədilərsə də, hirsindən dodağını gəmirən kişi razı olmadı:

– Adam içində mənim başımı yerə soxan qoç mənə lazım deyil! – deyib qoçun başını kəsdi. Sonra üzünü adamlara tutub dedi, – Götürün, soyun, ətini aranızda bölüşdürün, mən belə namərd qoçun ətindən yemərəm!

Baba qoçun zəncirini oynada-oynada o biri qoça baxdı. Sonra necə oldusa, onunla o biri qoçun sahibi arasında mübahisə başlandı. Mübahisə bir anda elə alovlandı ki, bu dəfə qoç sahibləri özləri döyüşə girişdilər…

* * *

Gecə idi. Anam bizi yedirdib, içirdib yatmağa uzandırmışdı. Birdən-birə bayırda dəhşətli bir səs-küy qopdu. Elə bil bütün şəhər ayağa qalxmışdı. Hər yerdə tüfəng, tapança atılır, qəribə həyəcanlı səslər eşidilirdi. Tez yerimdən qalxıb, həyətə baxan artırmaya çıxdım. Anam yerindən sıçrayıb qolumdan yapışdı. Bütün bədənimin titrədiyini gördükdə:

– Qorxma, oğlum, cinlər ayın üzünü tutub, onları qovurlar, – dedi və göydə üzünü qara bir pərdə qapamış, yalnız kənarları parıldayan ayı göstərdi.

Kişilər aya güllə atır, arvadlar iki mis qabı bir-birinə vurub cingildədirdilər. Bir arvad isə həyətdə, kəsilmiş at quyruğunu uzun bir payanın ucuna bağlayıb havada oynada-oynada:

– Kişə, kafir, kişə, – deyə çığırırdı.

Mən yenə də qorxu içində idim. Bütün bu işlərin sirlərini başa düşmək üçün anamdan soruşdum:

– Ana, cinlər ayın üzünü niyə tuturlar?

– Oğlum, cinlər, şeytanlar insanların düşmənidir. Onlar ayın, günün üzünü tutub dünyanı zülmətdə tutmaq, zülmətdə qoymaq istəyirlər.

Mən xəyalımda vəziyyəti bir az da böyüdərək, "Doğrudan, bu cinlər ayın, günün üzünü tutub yer üzünə işıq verməyə qoymasalar, qaranlıqda biz necə yaşayarıq?" – deyə düşünməyə başladım.

Athaat, cingilti, bağırtı davam edirdi. Bir az sonra ayın bir yanı işıqlandı. Anam sevinə-sevinə:

– Aha, ay cinlərin əlindən qurtarır, – dedi.

Çox keçmədi ki, "cinlər qovuldu", ayın üzü açıldı, səsküy yatdı. Hamı sevinə-sevinə evinə çəkildi. O gecə səhərə qədər yata bilmədim. Cinlərin nə olduğunu və onların ayın yanına necə gedib ucaldıqlarını düşünürdüm.

Sonralar coğrafiya dərslərində ayın və günün nə səbəbə tutulduğunu müəllim bizə anlatdı.

* * *

Qafqaz və bəzi Şərq xalqları arasında belə bir əfsanə dolaşmaqda idi ki, guya Xızır adlı bir peyğəmbər var, o həmişə diridir. Ona bəzi yerdə Xızır Nəbi, bəzi yerdə Xıdır Nəbi deyirlər. Böyük dərd, fəlakət, ya bədbəxt bir hadisə üz verdiyi zaman, "Ya Xızır" – deyə onu köməyə çağırırdılar. Tiflisdə Xıdır Nəbi adına ayrıca bir kilsə də var idi. İldə bir dəfə fevralın üçüncü həftəsində cümə axşamı o kilsənin günü idi. Çərşənbə axşamı gürcü, erməni və azərbaycanlı arvadlar niyyət edir, buğdanı qovurub kirkirədə üyüdür, sonra onu böyük bir qaba töküb şərbət ilə isladırdılar. Səhərəcən qalıb quruyurdu. Buna "qovut" deyirdilər. Nəzir edən şəxslər hazırladıqları qovutu Xıdır Nəbi kilsəsində dilənçilərə paylayırdılar. Deyərdilər ki, guya kimin nəziri qəbul olubsa, çərşənbə gecəsi Xıdır Nəbi gəlib o qovutdan ya bir az yeyər, ya barmaqlarını üstünə basıb gedərmiş.

Yaxşı yadımdadır, anam da Xıdır Nəbi gecəsi nəzir eləyib qovut hazırlamışdı. Mən qovutu sevməzdim. Anam qovutu böyük bir qabda pəncərəyə qoymuşdu. Mən hər səhər hamıdan əvvəl oyanardım. Həmin gün də tezdən oyananda anamın pəncərəyə qoyduğu qovut yadıma düşdü. Tez pəncərəyə yanaşdım, gördüm ki, Xıdır Nəbi barmağını qovutun üstünə basmayıbdır… Demək, anamın nəziri qəbul olunmayacaq. Tez barmağımı beş-altı yerdən qabdakı qovuta basdım. Anam oyananda pəncərəyə sarı qaçdı. Qovutun üstündə barmaq yerlərini görüb, sevincək çığırdı:

– Xıdır Nəbi qovutuma barmağını basıb!

Tez gedib Məşədi Pərini çağırdı. Barmaq yerlərini göstərib:

– Görürsənmi? – dedi, – Ona şəkk gətirənə lənət!

Məşədi Pəri heyrətlə qovutun üstündəki barmaq yerlərinə baxıb:

– Mehri xanım, Allah nəzirini belə qəbul eləsin: gör, neçə yerdən barmaq basıb, – dedi.

O gün anam qovutu paylamaq üçün Məşədi Pəriyə verib Xıdır Nəbi kilsəsinə göndərdi. Ancaq bu işlərin hamısı atamdan xəlvət olurdu. Bizim ev müəllim evi olduğu halda, mövhumat yuvası idi.

* * *

Yeddi-səkkiz yaşında ikən bir dəfə xorzək olmuşdum; səsim tutulmuşdu, danışanda boğulub xoruz kimi banlayırdım. Həmişə evdə uşaqlardan biri xəstələndiyi zaman anam başını itirirdi. O, indi də bərk əl-ayağa düşdü. Qala məhəlləsində dayımgilin qonşuluğunda Gözəldostu adlı bir qoca arvad vardı. Hər kəs xəstələnsə, onu çağırırdı. Hamı ona təcrübəli türkəçarə həkimi kimi inanırdı. Anam tez onu çağırtdırdı. Gözəldostu gəldi. Boğazımı əli ilə yoxlayıb:

– Xorzəkdir, – dedi, – Boğazı da iki tərəfdən gəlib. Bir az yağ ver, ovuşdurum.

Anam nəlbəkidə yağ gətirdi. Gözəldostu barmaqlarını yaladıqdan sonra nə qədər etdisə, ağzımı açmadım. Axırda anam mənə yalvarmağa başladı:

– Oğlum, boğazını basmayacaq, eləcə baxır ki, görsün, qızarıb, yoxsa yox.

Ağzımı açdım. Gözəldostu baxdıqdan sonra:

– İkitərəfli gəlib, görmürsən, vəzləri nə boyda olub? Boğazını basmaq gərəkdir, – dedi.

Gözəldostu ucaboy, əlli beş-əlli altı yaşlarında bir arvad idi. Başına qara kəlağayı örtmüş, üstündən də ağ çarşab salmışdı, əyninə tünd göy rəngdə gen don geymişdi. Uzun, yoğun barmaqları kirdən çatlayıb şişmişdi. Mən onun barmaqlarına baxaraq, özümü kənara çəkməyə çalışdım. Anam yenə yalvarmağa başladı. Mən:

– Barmaqları kirlidir, – dedim.

Sonra o arvadın qolundan tutub dedi:

– Qalx, Gözəldostu, su töküm, əlini sabun ilə təmiz yu.

Gözəldostu əllərini göstərib narazılıqla mızıldandı:

– Mənim əlimə nə olub ki? Tərtəmizdir.

Ancaq yenə də anamın sözünü yerə salmamaq üçün Gözəldostu əllərini yuyub gəldi. Barmaqlarını mənə göstərərək:

– Bax, tərtəmizdir. Yaxşı, oğlum, ağzını aç, boğazını basım. Elə bu gün sağalacaqsan, – dedi.

Nəhayət, ağzımı açdım. O bir əli ilə boğazımdan yapışıb, o biri əlinin şəhadət barmağını ağzıma soxdu. Boğulurdum. Boğazımdakı vəzi barmağı ilə basanda ağrıdan, elə bil ağlım başımdan çıxdı. Qışqırdım. İstər-istəməz onun barmağını dişlərimin arasında bərk sıxmağa başladım. İndi mən də qışqırırdım, o da; səsimiz otağı başına götürmüşdü. Onun əlindən bərk yapışıb çəkə-çəkə ağzımı açdım. O, barmağını tez çıxardıb havada oynada-oynada ufuldayır, anam da mənə acıqlanır, Gözəldostudan üzr istəyirdi. Boğazımın sol tərəfini basmamışdı, ancaq barmağını bir də ağzıma uzatmağa cəsarət etmədi:

– Mehri bacı, sol tərəfdə elə bir şey yoxdur, – deməklə canını qurtardı. Sonra anamdan bir yumurta istədi. Yumurtanın sarısını üstdən boğazıma sürtüb, dəsmal ilə bağladı, tez-tez üzüm turşusu içməyi tapşırdı.

Gözəldostunun "müalicəsi" vəziyyətimi yaxşılaşdırmaq əvəzinə daha da ağırlaşdırdı. Bu xəstəlikdən xeyli əziyyət çəkdim, ancaq o qara kəlağayılı arvadın uzun, yoğun barmaqları yadımdan çıxmadı. Bəzən hətta o barmaqlar yuxuma girir, qaranlıqda ilan kimi boğazıma sarı uzanıb, elə bil məni boğmaq istəyirdi.

İki qardaş

Anamdan eşitdiyimə görə, Cəfər babam öldükdən sonra ailəsini Sənəm nənəm idarə edirmiş. Sənəm nənəm qoçaq və kişi təbiətli bir qadın imiş. Ərindən ona bir yaşadıqları ev, bir də Tiflisin yaxınlığındakı Qarayazda bir bostan yeri qalmışdı. Nənəm Qarayazdakı bostan yerinin ixtiyarını böyük oğlu İsmayıla verib, hər il orda bostan əkdirirmiş. Kiçik oğlu Abbas da Qala məhəlləsində evlərinin qabağında olan Vano bəy Orbelianinin hamamını icarəyə götürmüşdü. Bu iki qardaş həm xarici görkəmcə, həm də təbiətcə bir-birinə bənzəmirdi.

İsmayıl qısaboy, kök, qarayanız, xırda gözlü, Abbas isə ucaboy, qumral gözlü, xoşsifət bir adam idi.

Nənəm oğlanlarını evləndirmək istəyirdi. Ancaq İsmayıl dayımın hər il mədaxili az gətirməsi onu şübhələndirirdi. O, Qarayaza adam göndərib, oğlu İsmayılın orada nə ilə məşğul olduğunu öyrəndi. İsmayıl dayımın Qarayazda pulları siğə etdiyi dul arvadlara yedirtdiyini bilincə birbaş Qarayaza getdi. Dayıma bərk qulaqburması verib, bu işdə yaxından iştirak edənləri məzəmmətlədi. Bu hadisədən sonra nənəm İsmayıl dayımı gözdən saldı, ondan əvvəl kiçik dayım Abbasa Sarban kəndindən atamın bacısı Mina bibimi alıb içində yaşadığı evi də ona bağışladı. İki il sonra İsmayıl dayımı Gəncədən öz qohumlarından evləndirdi. Dayılarımın hər ikisi məhəllə məktəbində molla yanında oxumuş olduqlarından az savadlı idi.

O zaman Kərbəlaya, Məşhədə və Məkkəyə at ilə gedirdilər. Qərib ölkələr keçib bu uzun yolları at ilə getmək zəhmətli olduğuna baxmayaraq, dindar və şöhrətpərəst adamlar o zəhmətlərə qatlanırdı. Onlar özlərilə yol bələdçisi götürürdülər. Belə bələdçilərə "çovuş" deyirdilər. Bu çovuşların özünəməxsus səfər paltarı olurdu. Onlar əllərində ələm, at üstündə küçə-küçə gəzib adamları Kərbəlaya və Xorasana getməyə təşviq edirdilər. Haca, Kərbəlaya, Məşhədə getmək cahil adamlar içində böyük hörmət sayılırdı.

Kərbəlaya getməyə hazırlaşan dostlarından biri Abbas dayıma onunla bərabər getməyi təklif etmişdi. Abbas dayım ona razılıq verib fikrini nənəmə demiş, o isə oğlunun bu tədbirini çox bəyənmişdi. Bundan sonra dayım səfər tədarükü görməyə başlayaraq bir at aldı. Səfər günü çovuş Kərbəlaya gedən atlılarla birgə dayımgilin qapısına gəlib, ucadan oxuya-oxuya İmam Hüseyn qəbrini ziyarət etməyin savabından danışırdı. Məhəllə adamları toplanıb dayımla görüşür, sağsalamat qayıtmasını arzu edirdilər. Abbas dayımın bu dəbdəbə ilə Kərbəlaya getməsi İsmayıl dayımın arvadının izzətinə toxunmuş, böyük qardaşı dura-dura kiçik qardaşa olan bu ehtirama qarşı söylənməyə başlamış, hətta o gün ərini qardaşı ilə görüşməyə qoymamışdı.

Bu hadisədən sonra iki qardaş ailəsinin arasında gizli bir ədavət əmələ gəldi. Abbas dayımın Kərbəladan qayıdandan sonra məhəllə adamları tərəfindən, "Kəblə Abbas, ziyarətin qəbul olsun!" – deyə hörmətlə qarşılanması, dayımın Kərbəlayı adı alıb hörmətə minməsi iki ailə arasında ədavəti bir qat da artırdı. İki qardaşarvadı bu tüstülü kösöyü püfləyə-püfləyə alovlandırdılar və bir-birinə düşmən oldular.

Böyük dayımı sadəcə olaraq İsmayıl çağırmalarını arvad həzm edə bilməyib, ona deyirdi:

– Kiçik qardaşın Kərbəlaya gedib Kəblə Abbas oldu, qeyrətin varsa, sən də Haca gedib Hacı İsmayıl ol!

Dayımgil ata-babadan Orbeliani hamamının sol tərəfindəki birmərtəbəli köhnə evdə yaşayırdı. Kiçik həyəti vardı.

Babam ona bitişik uçuq bir ev alaraq, yerində təzə ev tikdirməyə başlamışdı. Ev tamam olmamış o vəfat etdiyindən evi Sənəm nənəm tikdirib başa çatdırdı. Ev dördmərtəbəli idi. Kiçik qardaşın dördmərtəbəli yeni evdə, böyük qardaşın isə köhnə birmərtəbəli evdə yaşaması da İsmayıl dayımın arvadı Səkinəni hövsələdən çıxarırdı. O, hər gün, "Qeyrətimdən çatlayıram. Mənə də dördmərtəbəli ev tut!" – deyə dayımı boğaza yığmışdı. Dayımın bu söz-söhbətə, heç bir şeyə əhəmiyyət vermədiyini görüb, Səkinə özü ev axtarmağa başladı. Nəhayət, Şeytanbazarından Botanik bağına gedən küçədə üçüncü mərtəbədə boşalmış bir mənzil tapdı və zor-güc ora köçdü.

İsmayıl dayım sadəlövh, dindar bir kişi idi. Molla Həsən ağa adlı bir vaizin ən sadiq müridlərindən idi. O, hər il Qarayazdakı bostanın məhsulunu satdıqdan sonra qazancını götürüb Molla Həsənin yanına gedirdi. Molla Həsən xümsünü seyidlərə və zəkatını yoxsullara vermək üçün qazancın müəyyən qismini ayırıb götürür, xeyir-dua verib, var-dövlətinin artmasını allahdan arzu edirdi. İsmayıl dayım bu fırıldaqçı mollanın hiylələrinə uyan adamların nə birincisi, nə də sonuncusu idi. Molla Həsən onun kimilərinin çoxunu hörümçək kimi tora salıb qanını sorurdu.

Bir gün dayım arvadı yarı gerçək, yarı zarafat ilə:

– İsmayıl, bura bax, – dedi, – bu il qazancından o Molla Həsən kişiyə versən, burda oturanların hamısının günahı sənin boynuna.

İsmayıl dayım acıqlı-acıqlı dedi:

– Arxayın ol, bu il heç kəsə pul verə bilməyəcəyəm. "Hacı İsmayıl ol!" – deyə-deyə bostanı qurutdun. Gələn il bostan əkdirməyə pulum çatmır, – dedi.

Ər-arvad bir az sözə gəlib deyişdilər. Arvad deyirdi:

– Görəsən, pulu yenə hansı köpək qızına yedirtmisən?

Bu zaman qapıda birdən səs-küy ucaldı. Dayım arvadı qulaqlarını şəkləyib narazı səslə:

– Yenə rəncbərlərin gəldi. Görək, Ağa İsmayıla nə buyruq göstəriblər, – deyə üz-gözünü turşutdu. Sonra dayıma amiranə bir səs ilə dedi, – Qabaqlarına çıxmayacaqsan, mən deyəcəyəm ki, evdə yoxdur.

Rəncbərlər qapıdan həyətə baxan eyvana girib, "Ağa İsmayıl" – deyə səsləndilər. Dayım arvadı qabaqlarına çıxıb:

– Ağa İsmayıl evdə yoxdur. Qarayaza gedib, – deyə onları yola salmağa çalışdı.

Rəncbərlər bu sözdən döyükə-döyükə bir-birlərinin üzünə baxdılar. Hamısının başında yanlarını kir kəsmiş qara papaq vardı. Üzləri günəşdən yanmış, vücudları bir dəri, bir sümükdən ibarət idi. Paltarlarında o qədər cırıq və yamaq vardı ki, üstlərinə bir put darı tökülsəydi, biri də yerə düşməzdi. Çalsaqqal, zəif bir rəncbər dayım arvadına heyrətlə baxıb cavab verdi:

– Xanım, Ağa İsmayıl Qarayaza necə gedir, onun orada daha bir işi qalmayıb, bizim onun ilə işimiz var. Gəlmişik onu görməyə.

Dayım arvadı dediklərini yenə təkrar etdi:

– Evdə yoxdur, deyirəm, özü dedi ki, Qarayaza gedəcəyəm.

Səsindən, simasından xəstəyə bənzəyən arıq bir oğlan dedi:

– A xanım, bu qədər yol gəlmişik, Allah rizasına, bizi balalarının başına çevir, Ağa İsmayılı gizləmə. Qoy ona dərdimizi danışaq.

Dayım arvadı bir az yumşaldı.

– Onda bir saatdan sonra gəlin, – deyə onları yola saldı.

Rəncbərlərin bu halına anamın yazığı gəlib dedi:

– Ay İsmayıl, bunların üst-başı niyə belədir? Arvadları yoxdur? Görünür, rəncbərlərə az zəhmət haqqı verirsən ki, yazıqlar özlərini düzəldə bilmirlər.

Dayım istehza ilə gülərək, məğrur bir səslə cavab verdi:

– Bəs necə, hamı sizin kimi xoşbəxt ola bilməz ki… Bir parça çörəyin var, oturub rahat yeyə bilmirsiniz… Onların da alnına Allahdan belə yazılıb. Molla Həsən ağa deyir: "Hər insanın qəza-qədəri hələ ananın bətnində ikən alnına yazılır. Bəndə kömək etməklə onun işi yaxşılaşmaz. Gərək Allah kömək eləsin".

Anam dedi:

– Ay İsmayıl, mənə qalsa, o Molla Həsənə verdiyin pulu bu yazıqlara versən, onlara əl tutsan, belə yazıq halına düşməzlər…

– Bəsdir, bəsdir, sən allah, – deyə dayım arvadı anama etiraz etdi, – qardaşın o yan-bu yana az paylayır, sən də ona təzə yol göstərirsən. Bəs biz neyləyək? Ağzımızı göyə açaq?

Anam cavab vermədi. İsmayıl dayım arvadına haqq qazandıraraq dedi:

– Molla Həsən düz deyir, onların da alnına bu yazılıbdır, biz neyləyək?

Dayım arvadı fürsətdən istifadə edib söhbəti yenə "Hacı İsmayıl" məsələsinə gətirdi:

– Molla Həsən ağanın da alnına Ağa İsmayılı soymaq yazılıbdır. O olmasaydı, sən çoxdan Hacı İsmayıl olmuşdun.

Söhbət uzandı. İsmayıl dayım çuxasını geyib evdən çıxmaq istərkən, yenə həyətdə rəncbərlərin "Ağa İsmayıl" deyə səsləri eşidildi. Dayım tez qapıya tərəf getdi. Mən də küçə qapısına çıxdım.

Rəncbərlər dayımı görən kimi əllərini döşlərinə qoyub:

– Salam əleyküm, Ağa İsmayıl, – dedilər.

Dayım salamlarını aldıqdan sonra:

– Hə, nə deyirsiniz? – deyə məğrur bir vəziyyət aldı.

Birinci qoca kişi dilləndi:

– Ağa İsmayıl, bizə pul lazımdır. Gəlmişik…

Dayım onun sözünü kəsdi:

– Mən sizə demişəm ki, pul əlimdən oynayıb, bu il mən sizi yaza qədər saxlaya bilməyəcəyəm. İstəyən qalsın, istəməyən getsin, özünə iş tapsın.

Arıq, xəstə rəncbər:

– A kişi, bu vaxt biz işi hardan tapaq? Heç olmasa, bunu iki ay əvvəl deyəydin. Görünür, sən bizi acından öldürmək istəyirsən!

– Öldürmək neçin? Bu il mənimki belə gətirdi. Yoxa nə çarə?

– Günah kimdədir? O ifritə Zeynəb gündə bir arvad tapıb səni soğan qabığı kimi soydu.

– Artıq-əskik danışmayın, mən sizi yaza qədər saxlaya bilməyəcəyəm.

– Ağa deyir, sür dərəyə, sür dərəyə, əlimizdən nə gəlir! Barı bu günə qədər olan haqq-hesabımızı ver! – deyə qoca rəncbər mübahisəyə yekun vurmaq istədi.

İsmayıl dayım qocanın əlinə 45 manat pul qoyub:

– Aranızda bölüşdürün, – dedi.

Hamı gözünü qocanın əlindəki pula dikmişdi. Xəstə rəncbər nə isə demək istəyirdi. Elə bu vaxt dayım əlimdən tutub evə qayıtdı.

* * *

Molla Həsən Ağanın adını eşitmişdimsə də, üzünü görməmişdim. Bir gün təsadüfən atamla bazara gedərkən küçədə ona rast gəldik. Atamı görüncə dayandı. Salamlaşdılar. Bir-birinin əhvalını soruşduqdan sonra o, diqqətlə mənə baxıb dedi:

– Yəqin, bu ağazadədir?

Atam cavabında:

– Bəli, bəndəzadədir, – deyə cavab verdi.

Mən onun Molla Həsən olduğunu hiss etmişdim.

Molla Həsən ağa ucaboy, qarayanız və sağlam bir kişi idi. Ensiz, qırışıq alnı, enli və çatma qara qaşları, kiçik bəbəkli, qara, kəskin gözləri vardı. Vücuduna nisbətən kiçik başına qazan boyda iri bir əmmamə qoymuşdu. Bu əmmamə qalın, iri dodaqlarının ucuna qədər boru kimi uzanmış, nazik burnuna, xırda gözlərinə və qırışıq sifətinə heç yaraşmırdı. Təxminən altmış yaşlarında olan bu molla Tiflis camaatının əksəriyyətini öz təsiri altına ala bilmişdi. Minbərdə üzünü camaata tutub deyirmiş: "Hər kəsin xanəsində rusca kitab olsa, hər kəs özünü rusa bənzədib, rus əlbisəsi geyinsə, hər kim uşaqlarını rus məktəblərində təlim və təhsil almağa qoysa, qiyamət günü Allah-təalanın və peyğəmbərimiz Məhəmməd Əleyhissəlamın hüzuruna üzüqara gedəcəkdir. Bizə ancaq din və şəriət elmi lazımdır, vəssalam, mabəqi elmlər şeytan elmidir. Onlardan qaçın, vücudunuzu cəhənnəm odundan qoruyun…"

Belə görüşlərin təsirilə çox zaman Tiflis camaatı uşaqlarını rus dilində açılmış məktəblərə qoymayıb, mollaxanalara göndərirdilər.

Molla Həsən ağanın iki arvadı vardı. Böyük arvadı Zibeydə xanımı özü ilə İrandan gətirmişdi. Zibeydə xanım özünü kişinin gözünə soxmağı bacaran, 45 yaşında nazlıqəmzəli bir arvad idi. Ağa evə qayıdana yaxın hər gün qaşlarına vəsmə, gözlərinə sürmə çəkib, gözəl və təmiz paltarını geyinər, Molla Həsən ağanın yolunu gözləyərdi. Kişi içəri girincə əl-əl üstündə onun qarşısında durub salam verər, səhhətini soruşar və Allah-taaladan ağaya can sağlığı arzu edərdi. Ağa bir şey istədikdə heç kəsə fürsət verməyib, hər kəsdən əvvəl özü ona xidmət etməyə çalışardı.

İkinci arvadı Güləndam xanımı Tiflisdən almışdı. Güləndam xanım Zibeydə xanımdan həm cavan, həm də gözəldi. Ancaq nədənsə Ağa Zibeydəni daha çox istəyirdi.

Ağa yeməyə də çox tələbkar idi. Plov ilə küftəni çox sevərdi. Ona görə də, xanımlar ona bir gün plov, bir gün küftə bişirirdilər.

Lotu çıxdı

Bir gün İsmayıl dayımgilə qonaq getmişdik. Dayım bir sini paxlava bişirtdirib, oğlu Məmməd Cəfər ilə Molla Həsən ağanın evinə getmişdi. Bir az sonra onlar qayıtdılar. Məmməd Cəfər üzünü anama tutub gülə-gülə:

– Bibi, mən bu gün atamın Molla Həsən ağasını yaxşı tanıdım. O, molla yox, lotu imiş, – dedi. Dayımın acıqlanmasına baxmayaraq, yenə sözünə davam etdi, – Bir sini paxlavanı birbaş onun evinə apardım. Arvadlar hərəmxanada bir-birinə dəymişdi. Ağanın böyük arvadı sinini boşaldıb mənə verincə qapıda durub gözlədim. Toyuq plov bişirirdi. Böyük arvadı paxlavanı boşalda-boşalda deyirdi:

– Bir az əldən zirək olun, saat beşə gərək xörək hazır olsun. Ağanın xasiyyətini bilirsiz ki, yeməyin vaxtından bir az keçəndə evdə qiyamət qoparır.

Atamın tapşırığına görə, boş sinini alıb ağanın otağına girdim. Ağa baş tərəfdə döşəkcə üstündə oturub danışır, adamlar da divar dibində sədd çəkib ona qulaq asırdılar. Atam məni ağa ilə tanış edib:

– Yaxın get, ağanın əllərini öp! – dedi.

Mən yaxınlaşdım, əvvəlcə sağ əlini öpdüm. Sonra ağa sol əlini uzatdı. Onu da öpdüm. O mənə diqqətlə baxıb:

– Ağa İsmayıl, maşallah, sizin böyük şahzadəniz var imiş, – dedi, sonra soruşdu, – Ağazadənin vəzifəsi nədir?

Atam başa düşmədi. Molla Həsən xırdalayıb dedi:

– Soruşuram ki, oğlunuz nə iş görür?

Atam cavab verdi ki, "Mənə kömək edir”.

– Şkolda oxumayır ki?

– Yox, ağa, oxuyurdu, sizin moizənizdən sonra işkoldan çıxartdım.

Onun üz-gözü güldü. Sevinə-sevinə:

– Ay Allah ata-anana rəhmət eləsin, müsəlman adamsan, – dedi. Sonra söhbəti dəyişib yenə moizəyə başladı, – Məndən sizə vəsiyyət, bu beş günlük dünyaya uymayın, qarnınızı həşərat və heyvanat yuvası etməyin!

Məmməd Cəfər bu sözləri deyib bərkdən güldü. Sonra üzünü atasına tutdu:

– Ay ata, xoruzun quyruğu görünür, özü evdə hər gün toyuqplov basıb yeyir, amma sizə deyir ki, qarnınızı həşərat yuvası eləməyin. Belə adama lotu deməyib, bəs nə deyərlər?

Dayım ona bərk acıqlandı. Bu sözlər dayım arvadının lap ürəyindən idi. Odur ki, qaşlarını düyünləyərək dedi:

– Lotu olmasa kişinin var-yoxunu tovlayıb əlindən ala bilərdi? Elə bil zalım oğlu bizim kişiyə sehr-cadu eləyib. Pul əlinə gələn kimi onun yanına qaçır.

Molla Həsən ağanın birinci arvadından Ağa Qənbər adlı bir oğlu vardı. Mollaxanada oxuyurdu. Sonra gimnaziya tələbələrinin geydikləri rəsmi geyimi bəyənib o məktəbdə oxumaq istədi. Ağa razı olmadı. Ağa Qənbər əl çəkmədi. Ərköyün böyümüş və “yox" sözünü bu vaxta qədər eşitməmiş olan Ağa Qənbərə bu “yox" sözü çox mənasız görünürdü. O, öz sözündə möhkəm durur, hər gün anasının yanında ağlayıb, sızıldayıb deyirdi: “Mən rus məktəbində oxuyacağam". Anası ağaya nə qədər yalvarıb-yaxarırdı, Ağa razı olmurdu. Lakin Ağa Qəmbər dediyindən dönmədi, atasından gizlin gimnaziyaya daxil oldu. Bir neçə vaxtdan sonra atası bu əhvalatdan xəbər tutsa da, daha ona bir söz demədi.

Dayım oğlu Məmməd Cəfər tez-tez bizə gələrdi. Bu gün o, yenə bizə gəlmişdi. Son zamanlar anamın da Molla Həsən ağa ilə maraqlanmağa başladığını bildiyindən:

– Bibi, sənə Molla Həsən ağadan danışım, – dedi, – Mən ona "lotu" deyəndə atam acıqlanır. Bu gün Əsgər ağanın oğlu Nəsrəddin ilə küçədə görüşdük. Xoş, beş, on beşdən sonra mənə dedi:

– Sən axmaqsan, gimnaziyadan çıxdın. Odur, molla Həsən ağanın oğlu Ağa Qənbər gimnaziya oxuyur.

Mən qulaqlarıma inanmadım.

– O ki rusca bilmir, gimnaziyaya necə girdi? – deyə soruşdum.

Nəsrəddin gülərək dedi ki, Ağa Qənbərin özünün dediyinə görə, rus dilini ona atasının dostu Mıkrtıç öyrədibdir.

Çox çəkmədi ki, Molla Həsən ağa Kür çayı sahili yaxınlığında böyük bir ev alıb ailəsilə bərabər ora köçdü. O, hər il bir-birindən xəbərsiz olan varlı müridlərinin qazancından xüms-zəkat çıxır, bəzən də borc alıb qaytarmırdı. Bu müridlər ancaq indi başa düşdülər ki, hər il onlardan aldığı pulu Ağa nəyə xərcləyirmiş. İsmayıl dayımın dili qısalmışdı. Arvadı deyirdi:

– Sən bu Molla Həsənə, "pirim", deyə yapışmısan, bax, o özünə necə gün ağladı, sən necə gün ağladın? Sən yerli ola-ola, hər il o qədər pul qazana-qazana bir ev də ala bilmirsən. Cəhənnəm, heç olmasa, Haca gedib Hacı İsmayıl olsaydın, yenə dərd yarı idi. O, səni və sənin kimiləri soyub, özünə o cür mülk aldı.

İsmayıl dayım bu sözlərin doğru olduğunu bilib daha heç bir söz demirdi.

Məmməd Cəfərin də dili uzanmışdı. O da atasının hərəkətlərini tənqid edərək deyirdi:

– Ata, mən deyəndə ki, o lotudur, sən cin atına minib göyə qalxırdın. Onun sözü ilə məni gimnaziyadan çıxartdın. Amma o, öz oğlunu gimnaziyada oxudur.

İsmayıl dayım yanları ətli, kiçik, qara gözlərini iri-iri açaraq:

– Yox, yalandır! – deyə bağırdı.

– Yalan deyil, Əsgər ağanın oğlu Nəsrəddin deyir ki, Ağa Qənbər Molla Həsənin Mıkrtıç adlı bir erməni dostunun evində yaşayır. Öz evlərinə gedəndə gimnaziya paltarını çıxarıb, arxalığını geyir, dərsə gedəndə yenə paltarlarını dəyişir.

Dayım arvadı yerindən səsləndi:

– Evin yıxılsın, kişi, uşağımızı necə bədbəxt elədi!

Molla Həsən məsələsi ildən-ilə başqa rəngə girirdi. Atalarda bir məsəl var: "Cidanı çuvalda gizləmək olmaz". Molla Həsənin Mıkrtıç ilə dost olmağının səbəbi ortaya çıxdı. Məlum oldu ki, Molla Həsən ona və bir çox başqa alverçilərə pul verirmiş. İndi Tiflisdə, Şeytanbazarda ancaq Molla Həsəndən söhbət gedir, onun hiyləgərliyindən danışırdılar. Hamı deyirdi: "Bu ki, lotudur!"

Molla Həsən ağanın böyük düşməni arvadlara dua yazan Altıbarmaq seyid idi. O, neçə dəfə Molla Həsənin yanına gedib xalqdan aldığı xümsdən ona da verməsini xahiş etmişdi. Molla Həsən ağa həmişə ona, "Ağa, heç kəs mənə xüms verməyibdir ki, mən də sizə paylayım" – deyirdi.

Molla Həsən ağanın lotuluğu meydana çıxandan sonra Altıbarmaq Seyid hər yerdə onun əleyhinə təbliğat aparıb ağanı biabır edirdi:

– Ay müsəlmanlar! Qoyun dərisinə girən bu ac qurd Kür qırağındakı o böyük imarəti hansı pul ilə aldı? Alverçilərə veksil ilə minlərlə borc pulu hardan verir? İndi onun hiylə topu olan iki top əmmaməsini boynuna sarıyıb, bu Şeytanbazarda başıaşağı, başıyuxarı sürməyə haqqımız var, ya yox?

Altıbarmaq Seyidi Tiflisdə tanımayan yox idi. O, məscidə bitişik körpünün yanında altına bir qoyun dərisi salıb oturur və hər dərdə, hər xəstəliyə dua yazırdı. Dua yazdıran arvadlar növbəyə dururdu. O, duanı yazıb pulunu aldıqdan sonra bir arvadı itələyib, o biri arvada dua yazmağa başlayırdı. Seyidin bazarı çox rəvac idi. Onun əlindən qələmi yerə qoyub beş dəqiqə dincəldiyini görən olmazdı. Arvadlar deyirdi: "Altıbarmaq Seyidin duası daşdan da keçir".

Altıbarmaq Seyid ucaboy, sağlam, qarayanız bir kişi idi. Uzun, qara saqqalı var idi. Həmişə belinə göy şal bağlardı. Göy şal seyidlik əlaməti idi. Xoşuna gəlməyən adamlara aradabir həcv də yazardı.

Altıbarmaq Seyidin gecə-gündüz Ağanın əleyhinə təbliğat aparması ancaq öz mənfəəti üçün idi. Bu yolla o, öz dini nüfuzunu artırmağa, gəlirini çoxaltmağa çalışırdı. Odur ki, yavaş-yavaş onun da hiylələrini başa düşüb, "Bu Altıbarmaq da öz cibinin dərdini çəkir" – deyənlər də vardı. Beləliklə, bu iki pul hərisi bir-birini gözdən salmağa çalışır, aralıqda isə qara camaat soyulurdu.

Molla Həsən Ağanın hiylələri açıldıqca İsmayıl dayımın evində dava-dalaş da artırdı.

Dayımın Qarayazdakı bostanı zərər etdiyindən əli kasad idi. Ona bir-iki manat lazım idi ki, yazda bostanı əkdirib başa çıxsın. Odur ki, arvadı deyirdi:

– Bu vaxtacan sən Ağaya əl tutmusan, var-yoxunu ona vermisən, nə olar, indi də qoy o, sənə əl tutsun, bir qədər pul borc versin.

İsmayıl dayım öz səhv işini başa düşmüşdü. Başını aşağı salıb, cavab verdi:

– Arvad, əvvəlindən aldanmışam. Mən onu Allah bəndəsi, düz-doğru bir molla kimi tanıyırdım. Nə bilim ki, lotu imiş.

Təzə qonşularımız

Aprel ayı idi. Hacı Rzanın evindən köçüb Kəblə Lətifin evində tutduğumuz mənzildə olurduq. Yeni mənzilimiz ikinci qatda 3 otaqdan ibarət idi. Ağaclı və çiçəkli həyətə baxan uzun artırması vardı. Bizim altımızda ev sahibi Kəblə Lətifin ailəsi yaşayırdı. Mənzilimizin sağ tərəfində üç otaq var idi. Bu otaqların ikisində Səfi dayı adlı bir misgər, digərində Fərəc adlı bir bəzzaz yaşayırdı.

Həyətin ortasında üstü taxta ilə örtülmüş böyük bir hovuz vardı. Qocaman bir alça ağacı iri şaxələrini hovuzun üzərinə gərmişdi. Bu mənzilimiz və həyətimiz mənim daha çox xoşuma gəlirdi.

Yeni mənzilimizdə qonşularımızdan Səfi dayı və onun arvadı Narıngül xala bizə daha çox səmimi idilər. Səfi dayı tez-tez atamla, Narıngül xala da anamla söhbətə gələrdi. Fərəc əminin arvadı Qəmər xala da arabir bizi yad edirdi. Fərəc əmi burnunda danışdığına görə, ona Tıntın Fərəc deyirdilər. Boydan çox kasıb idi. Saqqalı olmasaydı, onu uzaqdan yeddi-səkkiz yaşlı uşağa bənzətmək olardı. Camaldan da xeyli məğmun olan Fərəcin Həştərxan xoruzu kimi lovğa-lovğa, kəkələyib danışmağı vardı. Özü də molla Həsən ağanın müridlərindən idi. Hər gün dükanı bağlayıb məscidə gedər, günorta namazını orda qılar və ağanın moizələrinə qulaq asıb gələrdi. Arvadı Qəmərdən Tovuz adlı bir qızı və Əsgər adlı bir oğlu var idi.

Qəmər ortaboylu, ağır bir arvad idi. Ölgün baxışlı, qara gözləri vardı, yuxudan yenicə oyanmış, ya xəstəlikdən yenicə sağalmış adamı xatırladırdı. Heç bir yeri ağrımadığı halda, tez-tez ufuldayıb-sızıldamağa vərdiş etmişdi. Buna baxmayaraq o, çox çalışqan və qoçaq arvad idi. Qəmər xalanı harda itirsən, yaz-qış Kür qırağında tapardın. O, hər gün stəkan-nəlbəkini, qab-qacağı aparıb Kürdə saatlarla yuduqdan sonra yorğun-arğın evə qayıdardı.

Bir dəfə anam:

– Ay Qəmər bacı, gündə bu qab-qacağı Kürə niyə aparırsan, burda yusana? – deyə soruşduqda, o cavabında, – Mehri bacı, neyləyim, nəfsim çəkmir. Kürdə yumasam, ürəyim sakit olmur, bu da məndə bir naxoşluqdur, – demişdi.

Qəmər xala əl dəydiyi üçün qapıları da tez-tez yuyurdu, qonşulara da çox gedib-gəlməzdi. Hətta bir vaxtlar o, bələk-dəki uşaqlarını da Kürdə yuyundurardı. Ona görə də, dörd uşağı sətəlcəmdən ölmüşdü. Bu işlər onu o qədər yorurdu ki, bəzən xörəyi vaxtında çatdıra bilmirdi.

Anam gəzəyən arvad deyildi. Ancaq qonşularla söhbət etməyi çox sevərdi. Bir gün söhbət ərlərin xasiyyətindən düşmüşdü. Mən Səfi dayıgilin artırmasında onun qızı Ülkər, Fərəc dayının qızı Tovuz, oğlu Əsgər ilə oturub "təkmə-cüt" oynayırdım. Anam bizim artırmanın onların artırmasına baxan sağ tərəfində durub Qəmər xala ilə danışardı. Qəmər xala Fərəc əmidən şikayətlənərək, dərindən ah çəkdi:

– Rəhmətliyin qızı, sən nə qoyub nə axtarırsan?! O, zəhər tuluğu zəhərləməkdən başqa bir şey bilmir. Evə gələndən sonra yazıq balalarımın danışıb-gülməyə nə cürəti var! Budur, xörəyi bişirib qurtarmışam. Evə gələndə heç kəsin üzünə baxmadan fısıldaya-fısıldaya, "Acam, xörəyimi gətir" – deyib əmr edəcək. Yeyib qurtarandan sonra qabı itələyib, "Hər gün bu it yalını yeməkdən təngə gəldik. Əməlli-başlı xörək də bişirməyi bacarmırsan" – deyə söylənməyə başlayacaq. Gündə iki abbası üstümə atıb gedir, mən bu iki abbasıya bilmirəm nə bişirim ki, ağanın xoşuna gəlsin.

Fərəcin bəzzaz dükanı vardı. Ondan parça alanlar həmişə şikayət edib deyirdilər:

– Ölçəndə parçanı çəkə-çəkə, arşını qaçıra-qaçıra satır, beş arşında yarım arşın əskik verir.

Bir gün qonşusu Səfi dayının arvadı Narıngül əlindəki parçanı Qəmərə göstərib narazı halda dedi:

– Ay Qəmər, buna bax, Fərəc əmidən beş arşın lasyik almışam, üç çərək əskik gəlir.

– Mən neyləyim, ay qız, nadürüstlük onun qanındadır. Pul görəndə dini-imanı da yadından çıxır.

Anam da eyvana çıxıb söhbətə qarışdı:

– Eybi yoxdur, namaz qılan, oruc tutan kişidir. Allah günahından keçər.

Narıngül xala anamın kinayəsini başa düşdü.

– Mehri bacı, dükan ağzına qədər kəndlilərlə doludur. Bir alver var ki, daha nə deyim. Mənə belə kəf gələndə, gör o yazıqlara nə toy tutur! Bu qədər ki pul qazanır, bəs bunlar nə olur?

Qəmər xala dərdli-dərdli cavab verdi:

– Nə bilim, ay Narıngül, sən ki, mənimlə qapı-qapıya qonşusan. Ər-arvad kimi bir dəfə mənimlə oturub söhbət etdiyini görmüsən? Mızının biridir, nə var ürəyindədir. Onun işindən şeytan da baş çıxara bilməz! Ər-arvad səninlə Səfi dayı kimi olar. Bir-birinizə can deyib, can eşidirsiniz.

Anam gülə-gülə dedi:

– Qəmər bacı, sən Allah, elə demə, gözün dəyər.

– Yox, Mehri bacı, dəyməz, Allah onları bir-birinə daha da mehriban eləsin! Neyləyim, məni dərd dilləndirir. Neçə ildir Narıngül ilə qonşuyuq. Bu vaxta qədər mən öz dərdimi ona açıb deməmişəm. İndi canım boğazıma gəlib. Özü də daha məni bəyənmir. O gün deyir ki, "Havaxtacan sənin adama oxşamayan sifətini görəcəyəm?"

– Araba cırıldamaqdan, banı cırıldayır.

Kiçik daş yığmaq üçün biz qalxıb, həyətə çıxdıq. Sonra nə danışdıqlarını eşitmədim.

Bu söhbətdən xeyli keçdi. Bir gün həyətdə qonşular bir-birinə dəymişdi. Hamı deyirdi:

– Görünür bu Tıntın Fərəcin yalı çox düşüb, qudurubdur. Qəmər kimi təmizkar, əlli-ayaqlı, bişirib-düşürən arvadın üstünə bu qırğıburun Zalxanı nə ağıl ilə aldı? Barı uşaqlarından utanaydı.

Günüçülük

Zalxanı Qəmər də, uşaqları da düşmən kimi qarşıladılar. Heç biri onu dindirmirdi. Ailə içərisində ikitərəflilik əmələ gəldi.

Fərəc isə bu işlərə əhəmiyyət vermir, öz kefini pozmur, yenə köhnə qayda ilə səhərdən-səhərə evdə iki abbası xərclik qoyub dükana gedirdi. Qəmər xala da bu puldan 15 qəpik Zalxanın üstünə atır, qalan pulu özlərinə xərcləyir və Fərəcin axşamına heç bir şey saxlamırdı. Zalxa ilk günlər Qəmərin hörmətini saxlayır, uşaqlarına məhəbbətlə yanaşır, evin ağır işlərini görürdü. Qəmərin isə qaşqabağı açılmırdı. Axırda Zalxa da acığa düşüb əlini ağdan-qaraya vurmadı. Fərəcin ailə həyatı ağır vəziyyət aldı: evlər süpürülmədi, paltar yuyulmadı, xörək vaxtında bişirilmədi. Fərəc bir neçə axşam şamsız yatdı. Xeyli səbir etdi, gözlədi – günülər yola gəlmədi. Tıntın Fərəc arvadı tənbeh edərkən onu söyüb acıqlamaqla kifayətlənmirdi, bərk acıqlananda evi günlərlə xərcsiz qoyurdu. O, indi də bu "cəza üsulu"na əl atdı… Evə pul vermədi. Ailənin yaşayışı çətinliyə düşdü. Qəmər çıxış yolu axtarmağa başladı. Axırda bu qərara gəldilər ki, ev işlərini bir gün Qəmər görsün, bir gün Zalxa. Hər ikisi buna razı oldu.

Zalxa ətli-canlı, qarayanız bir gəlin idi. Qalın qara saçı, ensiz qara qaşları, sarımtraq kiçik gözləri vardı. Onun özündən xeyli yaşlı Tıntın Fərəcə ərə gəlməsinin ayrıca bir tarixi vardı. Zalxa bir dəfə qonşusu Narıngülə öz həyatını belə nağıl etmişdi.

– Ay qonşu, dünyaya mənim kimi bədbəxt qız gəlməyibdir. Atam öldü, yeddi ay sonra anam öldü… Bir ildə evimizdən iki meyit çıxdı. Kənddə yaxın qohumumuz yox idi. Odur ki, bibim Mahtab şəhərdən gəlib məni buraya gətirdi. Bibimin əri Səfərəli çit-bez karxanasında işləyib ayda 12 manat alırdı. Bibim də yeri düşəndə evlərdə paltar yuyurdu. Qazandıqları özlərini, uşaqlarını zornan görürdü. Çarəsiz qalıb bibim məni bir evə qulluqçu verdi. Bir həftə keçmişdi ki, xanım: "Bizə daha qulluqçu lazım deyil" – deyib əlimə bircə manat pul verdi. Təzədən bibimgilə qayıtmalı oldum. Evdə hamının qanı qaraldı…

Səfərəli Fərəc ilə bir kənddəndir. Bir gün bu ayağı qırılmış Səfərəlinin yanına gəlmişdi. Məni görən kimi:

– Mahtab bacı, bu qız kimdir? Mən bunu sizin evdə görməmişəm, – dedi.

Bibim cavabında dedi:

– Qardaşım qızıdır, bir yerə qulluqçu vermişdim, bu gün qaytarıb üstümə göndəriblər, heç bilmirəm, buna hardan bir iş tapacam.

Bu sözlərdən sonra Fərəc mənə bir də diqqətlə baxdı, sonra:

– Böyükcə qızdır, ərə ver getsin! – dedi.

Bibim ah çəkdi.

– Hanı ər, gərək olsun ki, verim…

Elə bil bu mürdəşir üzünü yumuş bunu gözləyirdi. Bibimin ağzından bu sözlər çıxmamış kişi gülə-gülə:

– Məndən yaxşı ər? Ver, alım! – dedi.

Bibim cavab vermədi, Səfərəli onun ağzından vurdu:

– Sənin ki, arvad uşağın var. Yoxsa yemin çox düşüb? Xalq birini saxlaya bilmir, sən təzədən qoşalaşdırırsan?

Fərəc lovğalanmağa başladı:

– Mən mənəm, sən deyiləm. Səhərdən axşamacan qantər içində işləyib ayda 12 manat alırsan. Mən on iki manatı yarım saatda qazanıram. Özünüz bilin, mənim üçün fərqi yoxdur. Bu qızı mənə verməsəniz, gec-tez Qəmərin üstünə arvad alacam.

Qalxıb gedəndə də dedi:

– Mahtab bacı, yaxşı fikirləş, sonra peşman olarsan. Ona məndən yaxşı ər tapa bilməzsən.

O gedəndən sonra mən öz fikrimi evdəkilərə dedim:

– Başımı kəssələr də, yüz il ərsiz qalsam da bu həyasız kişiyə getmərəm!

Fərəc o gündən bizə ayaq açdı, hər nə qədər etdi, mən razı olmadım. Ancaq Səfərəliynən bibim də mənə bir iş, bir qulluq tapa bilmirdilər. Bibimin özünü də evlərə lap az-az çağırırdılar. Dolanışıqları ağır idi. Onların üstündə bir yük olduğumu hiss etdiyimdən bibimin evi mənə zindan kimi görünürdü.

Bir axşam Səfərəli işdən qayıdanda bibim süfrəyə çörək və göy soğan qoydu. Səfərəli yeyib qurtarandan sonra:

– Çox şükür, – deyib çəkildi.

Bibim süfrəni yığışdırıb:

– Sabah Allaha qonağıq, – dedi, – Bu gün uşaqlar lap acdırlar. Heç bilmirəm, sabah neyləyəcəyik?!

Mən bir küncə çəkilib dinməz-söyləməz oturmuşdum. Deyəsən, onlar mənim otaqda olduğumu yaddan çıxartmışdılar. Odur ki, bibim Səfərəliyə dedi:

– Ayaqdan-ayağa fərq var. Bu qız evimizə ayaq basan gündən bizimki gətirmir.

Bu sözləri eşidincə ağlım başımdan çıxdı. Səfərəli məni görüb sıxıldı, məsələni malalamaq istədi:

– Ay arvad, yaman günün ömrü az olar. Allah qoysa, Zalxaya da iş tapılar, sənə də, yenə birtəhər yaşayarıq.

Otaqda dayana bilməyib artırmaya çıxdım.

Üç gün idi ki, evdə qanqaralıq idi. Nə yeyir, nə içir, nə də bir kəlmə danışırdım. Ancaq bibim bir söz soruşanda cavab verirdim. Hər gün evdən çıxıb iş axtarmağa gedir, tapa bilməyib yorğun-arğın evə qayıdırdım.

Bu əhvalatdan bir neçə gün sonra Fərəc gəldi. Xasiyyətini bilirsiniz. Dediyindən dönən adam deyil. Onu görən kimi:

– Vay, xortdan gəldi, – deyə dalımı qapıya çevirdim.

Fərəc bu sözləri eşitdi. Ancaq o belə sözlərdən çox eşitmiş və qulağı dolmuş olduğundan əhəmiyyət vermədi, özünü eşitməzliyə qoydu.

– Mahtab bacı, nə var, nə yox, necə dolanırsınız? – deyə sözə başladı.

– Eh, Fərəc qardaş, necə dolanacağıq, çox pis, Səfər əli xərci çatdıra bilmir, mən də özümü ha oda-közə vururam, bir şey çıxmır.

– Bəs Zalxa xanıma iş tapa bilmədiniz?

– Yox!

Bu “yox" sözü kaftarın lap ürəyindən oldu. Gülə-gülə bir mənə baxdı, bir bibimə, sonra yenə əvvəl dediyini dedi:

– Onu ərə verməkdən başqa çarə yoxdur.

– Eh, hanı bizdə o bəxt ki, bir Allah bəndəsi elçi göndərib istəsin, o da rahatlığa çıxsın, biz də.

Bibimin bu dəfə sözü mənə lap pis toxundu, özümü saxlaya bilməyib hönkür-hönkür ağladım. Bibim peşman oldu:

– Ay qız, niyə ağlayırsan? – deyə mənə təskinlik vermək istədi.

Fərəc bibimə aman vermədi.

– Ağlamasın, bəs neyləsin? Qızın müştərisi başının üstündə durub, deyirsən ki, “bir Allah bəndəsi olsaydı"…

Mən ağlaya-ağlaya onun sözünü kəsib dedim:

– Gedirəm, cəhənnəmə də olsa gedirəm, gora da olsa gedirəm.

Tıntının kefi açıldı:

– Sağ ol, Zalxa xanım, sağ ol, Allah xeyir versin, qalx gedək, – deyib qolumdan yapışdı.

Mən çadramı başıma salıb onunla birlikdə evdən çıxdım. Bibim, Səfərəli nə qədər dedilər ki, qayda-qanunla olsun, el adəti ilə olsun, razı olmadım. Dedim ki, gedirəm, vəssalam… İndi də ki, bu oda düşmüşəm. Günülük nə yaman şey imiş, yanıram, tüstümü görən yoxdur. Heç bilmirəm, burdan baş alıb hara qaçım…

Belə bir həyat o zaman kimsəsiz, yoxsul qızların çoxuna nəsib olurdu…

Zalxanı Fərəcin dedi-qodulu evi sıxmağa başladı, ürəyini boşaltmaq, dərdini azaltmaq üçün hər gün qonşulara qaçıb Qəmərdən, uşaqlarından, xüsusən Fərəcdən şikayət edirdi. O, çox şirinsöhbət, zarafatcıl bir gəlin idi. Son zamanlar bizə də tez-tez gəlirdi.

Zalxanın qonşulara getməyi Qəmərə xoş gəlmirdi. Odur ki, bir dəfə günüsünü hədələyərək dedi:

– Qonşuları gəzmək də təzə çıxdı. Bunu Fərəc bilsə, səni evdən qovar.

– Kaş qovaydı, mən Allahdan istəyirəm ki, onun adama oxşamaz sifətini görməyim! – deyə Zalxa qəti bir cavab verdi.

– Ay qız, görünür, sən Allaha, "Quran"a inanmırsan, arvad da ərinə elə söz deyər? Günah deyil?

Bu dəfə Zalxa öz etirazlarını daha aydın ifadə etdi:

– Vallah, cana elə doymuşam ki, nə Allah yadıma düşür, nə də "Quran"… Bu evdə hamı mənə düşmən görünür. Qaşqabağın məni lap təngə gətirib. Heç bilmirəm, başımı bu xarabadan götürüb, hara qaçım!

– Paho, bu da bizi bəyənmir, ata-anasını görməsəydi, bu kəndçi qızı xanlıq iddiası edərdi.

– Sən görünür şah qızısan. Bir də arvadı ata-anası ilə yox, əri ilə tanıyarlar. Sən də Tıntın Fərəcin arvadısan, mən də. Daha nəyinə qudurursan?

Qəmər Zalxaya evdə yad və lüzumsuz bir adam kimi baxırdı. Ona görə də, günüsünə qarşı qəlbində kin və ədavət hissi alovlanırdı. Bunu Zalxa hər gün, hər saat hiss edirdi.

Ehtiyac içindən gəlib bir qırmızısaqqala qul olmuş kəndli qızı, qəfəsə salınmış quş kimi çırpına-çırpına qalmışdı. Sağa dönəndə günüsünün, sola dönəndə çalbaş ərinin yumruğuna rast gəlirdi. Atam-anam da, qonşularımız da onun faciəsinə bir çarə tapa bilmirdilər. Bir də ki, neyləyə bilərdilər? Köhnə dünyanın qanunları belə idi!

Molla Məktəbi

Hamımız palaz üstündə oturub, sağ ayağımızı irəli uzadırdıq, uşaqlardan biri sayırdı. "İynə-iynə, ucu düymə, bal ballıca, ballı keçi, qoz ağacı, qotur keçi, hoppan-huppan, yarıl, yırtıl, su iç, qurtul". Axırıncı heca kimin ayağında qurtarsaydı, o öz ayağını çəkirdi. Bu sadalama davam edirdi. Axıra kimin ayağı qalsa idi, o, başını əyir, biz də əllərimizi bir-birinin üstə onun belinə qoyub soruşurduq:

– Əl üstə kimin əli?

Uşaq suala düzgün cavab verməyəndə hamımız əlimizi yavaşca onun belinə vurub deyirdik:

– Qaldırın, vurun, yalandır! Qaldırın, vurun yalandır!

Bu qayda ilə yorulana qədər oynar, sonra oturub söhbət edərdik.

Tıntın Fərəcin mənimlə yaşıd oğlu Əsgər mollaxanada oxuyurdu. Bir dəfə yenə oyundan sonra söhbət əsnasında mən onun nə üçün mollaxanada oxuduğunu soruşdum. O, atasına məxsus bir qürur ilə cavab verdi:

– Atam deyir ki, hansı evdə rus kitabı olsa, ora məleykə girməz.

– Mənim də atam molladır, bəs, nə üçün məni rus məktəbində oxudur?

Əsgər əvvəlki tövrünü pozmayıb cavab verdi:

– Sənin atan, Molla Həsən ağadan çox bilmir ki? Bu sözü atama Molla Həsən ağa deyibdir. Bir də ki, rus məktəbində oxuyanlar "Quran"ı oxuya bilmirlər. Mən bu il "Quran"ı qurtarıram. Sən "Quran" dan heç bir kəlmə də bilmirsən.

– Yalan deyirsən, mən "Quran"da oxuya bilirəm, kitab da, – dedim.

O mənə inanmadı. Deyişməmiz uzandı. Əsgər qalxıb evlərinə qaçdı, bir azdan sonra əlində "Quran" gəldi.

– Di, oxu, görüm! – dedi.

Mən "Quran"ı açıb höccələyə-höccələyə oxudum. O heyrətlə üzümə baxdı, sonra "Quran"ı əlimdən çəkib özü oxumağa başladı. Lakin Əsgər məndən pis oxuduğu üçün davam etdirmədi, bir söz deməyib başını aşağı saldı.

Get-gedə Əsgərin də mən oxuduğum məktəbə həvəsi artırdı. Xüsusən, mollaxanada ona verilən cəzalar yazıq uşağı lap cana gətirmişdi. O, bəzən evə ağlaya-ağlaya gələr, mollanın onun ayaqlarını falaqqaya salıb döydüyünü yana-yana anasına söylərdi. Qəmər xala oğlunun qızarmış ayaqlarına baxıb, mollaya qarğıyır, sonra da Fərəcin arxasınca deyinirdi:

– Bu zalım oğlunda övlad məhəbbəti də yoxdur. Gözünün ağı-qarası bir oğlu var, onu da belə zülm ilə oxudur…

Əsgər sızıldaya-sızıldaya anasına yalvarırdı ki, onu da mən oxuduğum məktəbə qoysunlar. Qəmər xala neçə dəfə bu barədə Fərəc əmiyə yalvarmışdısa da, kişi üz-gözünü turşudaraq:

– Yox! Öz məktəbinə gedəcək! – deyə cavab vermişdi.

Əsgərdə mollaxanaya qarşı nifrət gündən-günə artırdı.

O hər gün dərsdən qayıtdıqdan sonra mollaxanada baş verən hadisələrdən mənə danışırdı.

Köhnə məhəllə məktəbləri uşaqlara dörd-beş ilə ancaq "Quran" oxumaq və bir qədər də yazı-pozu öyrədirdi. Otuz cüz "Quran"ın kiçik ayələrdən ibarət olan birinci cüzinə çərəkə deyilirdi. Həmin çərəkə mollaxanalarda oxuyan şagirdlərin ilk dərsliyi idi. Molla məktəbə yeni daxil olan hər uşağa gündə bir xətt dərs verib, axşama qədər oxuyub hazırlamağı tapşırırdı. Uşaqlar tanımadığı hərfləri və tamamilə yad ərəb kəlmələrini tutuquşu kimi əzbərləyir və çərəkəni ancaq bir ilə qurtara bilirdilər. Hər uşaq mollaya verdiyi aylıqdan başqa "Quran"ı qurtaranda ona pul və xələt gətirməli idi. Çərəkədən başqa mollaxanalarda "Gülüstan", "Cameyi-Abbas" və sairə kimi kitablardan da dərs keçilirdi.

Mollaxanalarda dərs vermək üsulu çox ibtidai və pedaqoji prinsiplərə zidd bir şəkildə qurulmuşdu. Uşaqlar həsir üstündə diz çöküb qarşılarındakı kitabları ucadan oxuyur, molla da əlində uzun bir çubuq onlara nəzarət edirdi. Hər axşam, dərs qurtarana yaxın uşaqları bir-bir çağırıb dərslərini soruşur, bilməyənləri tənbeh edərək ya əllərinə, ya da falaqqaya salıb ayaqlarına çubuqla vururdu.

Falaqqa ilə tənbeh etmək mollaxanalarda ən çox yayılmış üsullardan biri idi. Kiçik yaşlı uşaqlarda məktəbə, təhsilə nifrət oyadan, onların məktəbdən qaçmasına səbəb olan falaqqa qol yoğunluqda, arşın yarım uzunluğunda bir ağacdan ibarət idi. Ortasına iki tərəfdən yoğun kəndir keçirilmiş bu ağacın hər yanından bir şagird tuturdu. "Müqəssir" uşağın ayaqlarını falaqqanın ortasındakı kəndir halqalara salıb bururdular, ayaqlar göydə, bədən yerdə qalırdı. Molla çubuğu işə salırdı…

Bir dəfə mənimlə yanaşı oturan sinif yoldaşım Nəbiağa Acalovun başına belə bir əhvalat gəlmişdi. Yay tətili boş keçməsin deyə, atası onu bir-iki ay müddətinə molla Nağının məktəbinə qoyubmuş. Bir gün anası ilə bərabər qonaqlığa çağrıldığından mollaxanaya getmir. Ertəsi gün qoltuğunda kitab-dəftəri məktəbə gələndə molla Nağı onu yanına çağırıb dünən dərsdə olmamasının səbəbini soruşur. Nəbiağa qonaq getdiyini söyləyir. Qəzəblənən molla ona dünənki dərsi oxudur. Uşaq dərsi oxuyur. Molla:

– Yox, düz oxumadın, aç əlini, görüm içində nə var, – deyir.

Nəbiağa bir şey başa düşməyib əlini açır. Molla Nağı çubuqla onun əlinə elə vurur ki, uşağın baş barmağının sümüyü sınır. Əlinin ağrısından nə edəcəyini bilməyən Nəbiağa mollanın qutusunun yanındakı ayaqqabını götürüb onun başına vurur. Molla yerindən sürətlə qalxarkən qabağındakı qutu yuvarlanır və içində uşaqlardan gizlin saxladığı şərab şüşəsi yerə düşüb dağılır…

Ucqarlarda maarifin inkişafına mane olmaq üçün çarizmin gördüyü tədbirlərə, ruhanilərin yeni təhsil üsuluna qarşı apardıqları mübarizəyə baxmayaraq, XIX əsrin 80-90-cı illərində "üsuli-cədid" adlanan məktəblərin sayı ildən-ilə artırdı. Xalqda elmə, maarifə oyanan həvəs, Rusiya ali məktəblərində və Qori müəllimlər seminariyasında təhsil alıb gələn qabaqcıl müəllimlər, yeni üsullu məktəblərin möhkəmlənməsi, dini məktəblərin nüfuzdan düşməsi üçün şərait yaradırdı. "Rus-tatar məktəbləri" adlanan bu tədris ocaqları tədris üsulu etibarilə mollaxanalara zidd idi. Bu məktəblərdə yeni dərsliklərdən istifadə olunur, dərslər isə rus dilində aparılırdı. Ana dili dərsləri böyük rus pedaqoqu Uşinskinin prinsipləri ilə yazılmış "Vətən dili", daha sonralar "Uşaq bağçası" kimi dərsliklər əsasında keçilirdi.

Lakin "rus-tatar" məktəbləri ayrı-ayrı ruhanilər tərəfindən açılan və feodal-ruhani məfkurəsini təlim edən mollaxa-naları tamamilə sıxışdıra bilmirdi. Mollaxanalar həm çarizmin məmurları, həm də yerli mürtəcelər tərəfindən bərk müdafiə edilirdi, çünki bu məktəblər uşaqlarda dini təəssübü tərbiyə etməklə çarizmin ucqarlarda cəhaləti və fanatizmi möhkəmlətmək siyasətinə xidmət edirdi. Uşaqların hər səhər dərs başlayanda ərəb dilində padşah haqqında mollanın əzbərlətdiyi duanı oxumaları, onun səltənətinin uzun illər yaşamasını arzu etmələri mollaxanalarm mövcud siyasi quruluşa nə dərəcədə sadiq olduğunu göstərirdi. Ancaq çarizmin və yerli mühafizəkarların cidd-cəhdlərinə baxmayaraq, mollaxanalar, ruhani məktəbləri, mədrəsələr get-gedə nüfuzdan düşür, qabaqcıl adamlar öz balalarını bu məktəblərə verməkdən imtina edirdilər.

Oxu daşa dəydi

Tıntın Fərəclə bir artırmada yaşayan Səfi dayı ucaboylu, irigövdəli, sağlam və xoşsifət bir kişi idi. Cavanlıqda tez-tez güləşərmiş. Tiflisdə onun qabağına çıxan pəhləvan çox az imiş. Aslan pəncəsi kimi iri, qüvvətli əllərini kimin yaxasına, ya kəmərinə keçirsəydi, bir anda qaldırıb yerə vurardı. Şəhərdə hamı onu tanıyır, sevir, hörmətini saxlayırdı.

Səfi dayının Gülbala adlı bir oğlu və Ülkər adlı bir qızı vardı. Gülbala altı sinifli məktəbin dördüncü sinfini qurtardıqdan sonra atası öz sənətini ona öyrətmək üçün dükana aparmışdı. Səfi dayının misgərlər küçəsində kiçik dükanı var idi. Oğlu Gülbala ilə çalışır, qazan, güyüm, sini, dolça və mis kasa qayırıb satırdılar.

Səfi dayının yaşı əllini keçmişdisə də, bu vaxta qədər məscidə gedib bir dəfə də namaz qılmamışdı.

Bir gün dükan sahibləri axşam namazını qılmaq üçün məscidə gedərkən, onu da çox sevdiyi çayxanadan çıxarıb, özləri ilə bərabər aparmaq istədilər. Səfi dayı çox yalvardı, dostları əl çəkməyib, onu zor ilə çayxanadan çıxartdılar. Hay-küyə məhəllənin bütün adamları çıxmışdı. Tanışlar onu bu vəziyyətdə görüb, "Səfi dayı, xeyir ola, hara belə?" – deyə soruşduqda o, başını bulaya-bulaya belə cavab vermişdi:

– Səfi dayını namaza aparırlar…

O gündən sonra hər kimi könlü olmayan bir işə məcbur etsəydilər, camaat, "Səfi dayını namaza aparırlar" – deyə bu sözləri zərbi-məsəl kimi işlədirdi.

Səfi dayı bir qonaqlıqda Şorməkə Hüseyn ilə tanış olmuş, onun qarmon çalıb oxumasını çox bəyənmiş və o gündən onunla dostlaşmışdı. Odur ki, son zamanlar Hüseyn arabir Səfi dayının evinə gəlib-gedirdi. Tıntın Fərəcin qızı Tovuzu gördükdən sonra Səfi dayının evinə daha tez-tez gəlməyə başladı. Həyətdə hamı, o cümlədən Fərəcin qızı Tovuz da onun çalıb-oxumasına aşiq olmuşdu. Tovuzun on dörd yaşı var idi. Bu qız o qədər gözəl idi ki, baxanlar gözlərini ondan ayırmaq istəmirdilər. Həyət arvadları deyirdilər:

– Tıntın Fərəcdən belə qız?! Hələ bu qızlar bulağından su içəndən sonra gör nə qız olacaq! Bəxtəvərin ağzı-burnu, elə bil qüdrətdən yaranıb.

Tovuz Hüseynin oxumasına qulaq asmaq üçün gələndə oğlan coşur, əlindəki qarmonu elə həvəslə çalırdı ki…

Hüseynin belə coşmasının səbəbini həyətdə artıq hamı duymuşdu. Arvadlar pıçıldaşırdılar:

– Şorməkə Hüseyn Tovuza vurulub. Ancaq qudurğan Fərəc ona qız verməz!

Şorməkə Hüseyn Səfi dayıgilə gələndə çox vaxt eyvanda çalıb-oxuyur, qonşular isə qapıya çıxıb tamaşaya dururdular. Qəmər xala da tamaşaya çıxardı. Deyəsən, belə bir oğlanın ona kürəkən olmaq istəməsindən narazı deyildi.

Səfi dayının arvadı Narıngül bir gün Qəmərin ağzını aradı. Qəmər hazır adam kimi o saat cavab verdi:

– Hüseyn yaxşı oğlandır, mən razıyam. Ancaq bilirsən ki, gödək adamlar gündə yeddi dəfə allahlıq iddiası edər. Bizim kişi də belələrindəndir. Danışanda ağzına çullu dovşan sığmır. O, pul, ad-san istəyir. İnanmıram, Hüseynə qız verə.

* * *

Qonşu olduğumuza baxmayaraq, Tıntın Fərəc çox gec-gec atamın yanına gəlirdi. Bir gün necə olmuşdusa, bizə gəlmişdi. Arvadlarından şikayət etdikdən sonra atamdan soruşdu:

– Axund əmi, camaat içində yayılıb ki, guya Molla Həsən ağa oğlunu gimnaziyada oxudur? Bu xəbəri sən də eşitmisən?

– Eşitmişəm.

– Bəs özü minbərdə bizə deyirdi: uşaqlarını rus məktəbində oxudanlar kafərdir.

– Axmaq sözdür, elmi hər yerdə, hər dildə olursa-olsun, oxumaq lazımdır. Bu sözlərə görə, mən onu minbərdən düşürmək istəyirdim. Şeyxülislam qoymadı. Dedi ki, camaat içində böyük hörməti və nüfuzu var. Hamı ona inanır. Məsciddə avam müridlər içində həyəcan qopa bilər. O, molla deyil, lotudur.

Fərəc bir az düşündükdən sonra dedi:

– Mənim fikrimə görə, molla gərək varlı olsun. Bəs anasının əmcəyini əmib dolanmayacaq ki.

Atam istehza ilə cavab verdi:

– Molla Həsən kimi lotuların sizin kimi də müridləri olar.

Fərəcin qaşları çatıldı, burnunda mızıldadı:

– Niyə elə deyirsən, axund əmi? Molla Həsən ağa necədir ki? Hörməti Şeyxülislamdan da, sizdən də artıqdır. Hələ üstəlik, var-dövləti də var.

Atam bu dəfə cavab vermədi.

* * *

Tovuz şən və oynaq bir qız idi. Musiqiyə dərin məhəbbəti vardı. Hüseynin qarmonunun səsini eşidəndə tez içəridən çıxır, oxunan mahnıları öyrənir, sözlərini əzbərləyirdi. Hüseyn gedəndən sonra o havalar ağzından düşmürdü.

Son zamanlar Hüseyn ilə Tovuz məsələsi Qəmər xalanı da düşündürməyə başlamışdı. O bilirdi ki, şöhrətpərəst və pulgir Fərəc Tovuz kimi gözəl bir qızı qarmonçalan Hüseynə verməz. Buna görə də o, qızını bir daha Hüseynin çaldığı havalara qulaq asmağa qoymadı. Bundan sonra Hüseyn sevgilisini görə bilmədi.

Musiqi pərəstişkarı olan Tovuza anasının bu hərəkəti pis təsir etdi. Onun qızılgül qönçəsi kimi yenicə açılmağa başlayan göyçək üzünə qəm-kədər tozu qondu. Ahənrüba kimi hər kəsi özünə cəlb edən uzun kirpikli qara gözlərinə həzin bir kədər çökdü. Hüseyn ovunu itirmiş ovçu kimi bir müddət həyətə, bağçaya göz gəzdirdi, günlər ötdü, bir daha Tovuzu görmədi. Onun şən, oynaq havalar çalan qarmonu birdən-birə inləməyə başladı.

* * *

Molla Həsən ağanın, elə bil ki, hər yerdə adamı var idi. Tıntın Fərəcin Tovuz adlı şəkil kimi bir qızı olduğundan xəbər tutmuşdu. Molla Həsən ağa əmin idi ki, müridi Fərəc onun heç bir sözündən çıxmaz. Buna görə də, xeyli vaxtdan bəri beynində dolaşdırdıqlarını ona açarkən çətinlik çəkmədi.

Bir gün o məscidə tez gəlib payi-minbərdə Fərəcin yolunu gözlədi. Fərəc məscidə girən kimi Molla Həsən onu yanına çağırdı. Bir az ordan-burdan danışdıqdan sonra mollaya qız verib qohum olmağın savabından söz açdı, "Quran" dan bir neçə ayə və hədis gətirdi. Nəhayət, Tovuzla evlənmək istədiyini söylədi.

Tıntın Fərəc bir an belə düşünmədən dedi:

– Baş üstə, ağa, on qızım da olsa, sizə qurbandır.

Molla Həsən, "İçindən qənbərqulu çıxar" – deyə işi tələsdirib, ertəsi günü kəbin kəsdi və bir-iki günə qızı gətirmək fikrində olduğunu söylədi. Fərəc etiraz etmədi. Bir gecə Molla Həsənin böyük arvadı Zibeydə qızı fayton ilə evinə gətirib mollaya tapşırdı. Bu işi Fərəc o qədər gizlin tutdu ki, nə qonşuların, nə də Səfi dayının xəbəri oldu.

Təsadüfə bax ki, bu zaman Şorməkə Hüseyni Qızıl Hacı kəndinə toya aparmışdılar. İki gün müddətinə getdiyi halda, on gün keçirdi, hələ gəlib çıxmamışdı. Görünür, onu zorla saxlamışdılar.

Bir gün eyvanda Şorməkə Hüseynin səsi ucaldı. Əlində qarmon Tovuzgilin eyvanına yaxınlaşaraq Tıntın Fərəcin və molla Həsənin dalınca qəzəbli-qəzəbli danışırdı:

– Sən öz qızını bədbəxt elədin, Fərəc kişi! Molla Həsən molla deyil, lotudur, başkəsəndir!

Bu arada eyvanda görünən Tıntın Fərəcin gözü kəlləsinə çıxdı:

– Ey, Şorməkə, başından böyük danışma! Onun sözü sənin ağzına sığmaz!

– Molla Həsənin qayınatası olmaq və avam camaat içində hörmət qazanmaq üçün Tovuz kimi qızı o qoca şeytana satdın! Qızını satan ata mənim gözümdə hər şeydən alçaqdır.

Molla Həsən ağa Tovuzu aldıqdan sonra Altıbarmaq Seyid onu yaman həcv etmişdi. Bu həcv o zaman dillərdə dolaşırdı. Sonralar həmin həcvi atamın kitab şkafında tapıb üzünü köçürtmüşdüm. Hayıf ki, indi o həcvdən cəmi bir-iki beyt yadımda qalmışdır:

 
Gündə bir toğlu gələr, keyfini saz eylə, Tovuz,
Vermərik qonşulara kəllə-paçadan, bu gecə,
Ətinı cız-bız edib tavada büryan edərik,
Vermərik qonşulara kəllə-paçadan, bu gecə.
On iki yaşda qız olmaz, girir on üç yaşına.
Ona həmdəm olacaq qıllı o xortdan, bu gecə.
 

Bu həcv çox uzun, həm də çox biabırcasına yazılmışdı.

Hüseynin keçirtdiyi iztirab Səfi dayıya çox bərk təsir etmişdi. O, hər cür vasitə ilə gənc dostuna təsəlli verməyə çalışırdı. Hüseynin isə oxu daşa dəymişdi. Odur ki, üzünü Səfi dayıya tutub dedi:

– Səfi dayı, bu evdən mən daha həmişəlik getməli oldum. Ona görə izn ver, son sözümü deyib gedim.

Hüseyn qarmonu bağrına basıb dilləndirdi. Elə yanıqlı çalıb-oxuyurdu ki, bütün qonşular onun halına yanırdı.

 
Aşıq, qaralı qoyma,
Ovçu, maralı qoyma,
Oxun sinəmdə qaldı,
Öldür, yaralı qoyma!
 

Səfi dayı əli ilə onun çiyninə vurub:

– Hüseyn, fikir eləmə, adam qədrini adam bilər, elə acgözlər sənin qədrini bilməz. Bir-iki il gözlə, Ülkər böyüsün, onu sənə verəcəyəm, – dedi.

Məhərrəmlik vüsatı

Məhərrəm ayının (hicri ilinin 1-ci ayının adıdır) ilk on günü Tiflisdə yaşayan azərbaycanlıların həyatında ən ağır günlər olurdu. Şəriətmədarların müsəlman xalqlarına gətirdiyi müsibətləri aydın təsəvvür etmək üçün bu on günə nəzər salmaq kifayət edərdi. Təsadüfi deyil ki, Şərqin, o cümlədən Azərbaycanın qabaqcıl adamları həmişə məhərrəmliyin acı nəticələrindən yazmış, belə mürtəce adətlərə atəş açmışdılar.

Bütün şiələr kimi avam Tiflis müsəlmanları da İmam Hüseynə matəm saxlayırdılar. Bu matəm mərasimi vəhşiliyin son həddi hesab oluna bilərdi. Məhərrəm ayının birindən başlayıb qırx gün davam edən bir müddət ərzində ruhanilərin fırıldaqlarına uymuş avam camaat məscidlərdə, təkyələrdə sinə vurur, baş çapır, zəncir vurur, dərilərinə sancaq, qıfıl keçirir, özlərinə min bir əzab verir, bundan zövq alırdılar. Bütün bu oyunbazlıqlar isə nəticə etibarilə mərsiyəxanların, müftəxor təziyə mübaşirlərinin ciblərini doldurmağa xidmət edirdi.

Məhərrəmlik ayı əslində arvadların bayramı olurdu. Məhərrəmlik ayinləri məscidlərdə keçirildiyi üçün onlar bir yerə yığılıb söhbət etməyə fürsət tapırdılar. Məscidin aşağı tərəfində, üst qatda arvad və uşaqlara məxsus taxtadan qayırılmış böyük bir eyvan var idi. Orada oturub tamaşa edən arvadları kişilər görməsin deyə, eyvanın məhəccərlərinə ağ pərdə çəkilmişdi. Minbərdə molla moizə edir, mərsiyəxan mərsiyə oxuyur, arvadlar isə yuxarıda şirin-şirin söhbət edir, səsləri məscidi basırdı. Aşağıdan kişilərin, "Ay analar, ay bacılar, qoyun qulağımız bir şey eşitsin, bura söhbətə gəlibsiniz?" – deyə səsləri eşidiləndə, elə bil qurbağa gölünə daş atılırdı. Arvadların səsi kəsilirdi. Bir qədər sonra yenə şirin söhbət, səs-küy başlanırdı.

Məsciddən başqa ayrı-ayrı məhəllələrdə təkyələr təşkil olunur, məhərrəmlik ayinləri icra edilirdi. Hər təkyənin başçısı öz təkyəsini gözə soxub ad qazanmaq üçün, gözəl səsli növhəxanlar və mərsiyəxanlar çağırır, sinəzənlər, zəncir vuranlar dəstəsi düzəldirdi. Dəstənin qabağında gedən tuğa (ələmə), Cənab Qasım və Əli Əkbər otaqlarına qiymətli, rəngbərəng ipək dəsmallar asılırdı. Bunların hamısı arvadlar tərəfindən verilən nəzirlər idi.

Aşura günü qəbiristan yaxınlığındakı açıqlıqda baş çapılırdı. O gün başı çarşablı arvadları küçələr tutmurdu. Onlar dəstə-dəstə həmin meydançaya gedib, tamaşa üçün yer tutmağa can atırdılar.

Başlarını əvvəlcədən qırxdırmış, qara sətindən paltar geyib boyunlarına ağ kəfən keçirmiş kişilər cərgə ilə dayanardılar. Sağ əllərində xəncər olan bu adamlar sol əlləri ilə bir- birinin əlindən tutur, xəncəri havada başlarının üstündə oynada-oynada, "Şaxsey-vaxsey" – deyir, sağ ayaqlarını irəliyə və geriyə qoyub, yavaş-yavaş hərəkət edirdilər. Hər xəncər oynadanın arxasında əllərində bir arşın uzunluğunda, qol yoğunluğunda ağac olan adamlar dururdu. Dəstə bu qərar ilə yavaş-yavaş hərəkət edir, baş yaranların "Şaxsey-vaxsey" – səsi ucalır, xəncərlər qalxıb-enir, əllərində ağac olan adamlar isə bu bədbəxt insanları qorumaq məqsədilə həmin ağacları onların öz başlarına endirdikləri xəncərin qarşısına uzadırdılar.

Dəstələr "Gəncə bağı"nın yaxınlığında yaşayan məşhur Seyid Mir Nemətulla ağanın evinə yaxınlaşanda səslər daha da ucalır, xəncərlər daha sürətlə enib-qalxır, çapılan başların sayı daha da artırdı. Dəstəbaşı ucadan, "Ya Hüseyn!" – deyib xəncər ilə başını yardığı zaman, o biriləri də "Şaxsey-vaxsey, ya Hüseyn!" – deyə xəncəri endirir, göz qarşısında dəhşətli, qanlı bir lövhə canlanırdı. Bu qanlı lövhədən və xəncər oynadan kişilərin "Şaxsey-vaxsey" səsindən qorxan uşaqlar həyəcan içində ağlayır, analarının dizlərinə qısılır, insanların bu vəhşiliklərinə heyrətlə baxırdılar.

Aşura axşamı təkyələrdə şəbih başlanırdı. Guya Şümr adlı birisi Fərat çayının yolunu kəsib İmam Hüseyni və onun ailəsini susuzluqdan öldürmək istəyir. Bu mənzərəni canlandırmaq üçün təkyənin ortasında böyük tasda su və yanında bir dolça qoyulurdu. Şümr də əlində xəncər suyun yanında durub, Ərəbistan çöllərində susuzluqdan yanan İmam Hüseynə su vermirdi.

Şümr rolunu o zaman azərbaycanlılardan heç kəs oynamaq istəməzdi. Hər dəfə təkyə başçısı yalvarıb-yaxarıb bir ermənini Şümr rolunu oynamağa razı edərdi. Bir dəfə erməni əynində dəmir geyim, başında dəmir papaq, əlində xəncər suyun başında durubmuş. Ona tapşırıbmışlar ki, İmam Hüseyn at üstündə, qucağında da kiçik oğlu Əli Əsgər gəlib su istəyəndə verməsin.

İmam Hüseyn rolunu oynayan şəxs Əli Əsgəri qundaqda iki əli üstündə tutub, at belində gəlir və Şümr rolunu oynayan erməniyə deyir:

– Ey Şümr, Fəratın yolunu üzümüzə bağlayıb bizi susuzluqdan öldürmək istəyirsən. Heç olmasa, bu yazıq südəmər balama rəhm elə, susuzluqdan dil-dodağı quruyub. Ona bir içim su ver.

Ürəyi yumşalan erməni dolçanı su ilə doldurub "İmam Hüseynə" verir.

– Al, ver, uşaq içsin, məni, vallah, bu köpək oğlu Kəblə Nəsib öyrətdi, – deyə səhnədən çıxıb gedir.

Təkyədə oturan camaat ağlamaq əvəzinə, gülməyə başlayır.

Tiflisdə aşura günündən başlayaraq imamın qırxına qədər təkyələr davam edirdi. Təbrizlilərin, ərdəbillilərin, qarabağlıların və yerli tiflislilərin tövsiyələri ayrı olurdu. Yerlilərin təkyəsi Mir Nemətulla ağanın evində təşkil edilirdi. Təkyə başçısı müxtəlif xörəklər bişirtdirib növbə ilə hər gecə imam ehsanını yeməyə məhəllədən iyirmi-iyirmi beş adam çağırır və çağırılan adamların evinə də xonça göndərirdi.

Bir dəfə qəbiristan məhəlləsindən çağırılan üç nəfərin evinə üç xonça tutulub göndərilir. Xonçaları aparanlar qəbiristana yaxın köhnə bir günbəzin yanından keçərkən oradan belə bir səs ucalır:

– Gəlirəm, gəlirəm!

Adamlar qorxudan xonçaları yerə qoyub qaçırlar. Əhvalatı eşidən təkyəbaşı inanmır, özü birbaş qəbiristana tərəf yollanır. Günbəzə yaxınlaşarkən həmin səs yenə təkrar olunur. Bu işin sirrini öyrənmək üçün səhər ala-qaranlıqdan birneçə nəfər həmin yerə gedir, ancaq bir şey tapmırlar, nəhayət, günbəzə girib görürlər ki, çolaq bir seyid xonçalardan birini tamam yeyib, qalanlarını da yanına düzüb yatmışdır…

Qırx gündən sonra təkyələr bağlanırdı. Təkyə xörəklərinə dadanmış ruhani və müftəxorların ötən günləri yada salıb təəssüf etmələrinə Tiflis camaatı bu cür söz qoşmuşdu:

 
Getdi plov, sındı belim, vay, vay!
İşkənədən çıxdı əlim, vay, vay!
 

Məhərrəmlik günləri avam xalqın bir daha var-yoxdan çıxmasına, soyulmasına, müxtəlif xəstəliklərin yayılmasına səbəb olurdu. Məhərrəmlik büsatı bəzi mollaların müsəlman aləmi üçün "yadıgar" qoyub getdiyi mənfur hoqqabazlıqlardan biri idi. Belə adətlər xalqa çox baha oturur, tənbəl adamları müftəxorluğa alışdırırdı.

Toy

Hörmətli artistimiz Mirzağa Əliyevin özünəməxsus yumorla dediyi bu sözləri həmişə xatırlayıram: "Naşı adam qarpız alanda onun necə olduğunu bilmir, evdə qarpızı kəsəndə ya qıpqırmızı, bal kimi şirin çıxır, ya ağappaq. Keçmişdə bizim evlənməyimiz, qız almağımız da qarpız əhvalatına bənzəyirdi. Evlənmək istədiyimiz zaman hamıdan gizlənən başı çarşablı qızların nə üzünü görür, nə səsini eşidir, nə də xasiyyətini bilirdik. Qarpız alan adam kimi: "Ya bəxt" deyib bir qız alırdıq. O qız da qarpız kimi ya qıpqırmızı, bal kimi şirin çıxır, ya ağappaq, kal".

Bu kiçik səhnə köhnə həyatımızdan götürülmüş acı bir həqiqətdir. Doğrudan da, o zaman qadın və qızlarımızın böyük bir hissəsi çarşab ilə gəzir, kişi və oğlanlardan gizlənirdilər. Buna görə də bir qayda olaraq evlənmək istəyən cavanlarımızın ana və bacıları, bibi və xalaları qızları məclislərdə, hamam və toylarda, məscid və təkyələrdə görüb bəyənirdilər. Bir-birini görüb, sevib evlənmiş oğlan, qız çox az olurdu.

Səfi dayı və Narıngül Gülbalanı evləndirmək istəyirdilər. Narıngül baqqal Mərdanın qızı Gülsümü hamamda görüb bəyənmişdi. Axşam Narıngül əri Səfiyə qızı tərifləyib, Gülbalaya almaq istədiyini söylədi. Səfi dayı bir az düşündükdən sonra:

– Qız yaxşı olsa da, atası Mərdan acgöz, şöhrətpərəst adamdır. O, bizə qız verməz, boş yerə özünü yüngül eləmə, – dedi.

Narıngül razı olmayıb:

– Ay kişi, qızı min yerdən istəyərlər, biz də istərik, verərlər nə yaxşı, verməzlər, xəncərimizin qaşı düşməz ki, – deyə cavab verdi və Səfi dayını birtəhər razı saldı.

Ertəsi gün Narıngül bacısı Firuzəni Mərdanın evinə elçi göndərdi. Qızın anası onu hörmətlə qəbul etdi. Gülsüm çay hazırlayıb, süfrə açdı. Firuzə Gülsüm xanımı bacısıoğlu Gülbalaya almaq istədiyini açıb söylədi və Gülbalanı çox tərif etdi. Südabə rədd etməyib:

– Mən sizə hələ cavab verə bilmərəm, axşam Mərdan gəlsin, ona deyim, sonra sizə mən özüm cavab göndərərəm, – deyə cavab verdi.

Axşam Mərdan evə gəldikdə Südabə əhvalatı açıb ərinə söylədi. Baqqal acı-acı gülüb:

– Pəh, pəh, pəh… Aləmə it hürəndə, bizə də çaqqal hürür. Mən qızımı elə aclara verə bilmərəm, – dedi.

Südabə etiraz etdi:

– Ay kişi, niyə ac olur, Səfi dayının şəhərdə adı, sanı, əlinin qızıl kimi sənəti var. Oğlu Gülbalanı da hamı tərif eləyir. Qızını daha kimə verəcəksən? Bu üçüncü dəfədir ki, qapına elçı gəlir, sən hərəsinə bir quyruq bağlayırsan.

– Oğlanın tərifini mən də eşitmişəm, ancaq bilirəm ki, bizə bab adamlar deyil… Vəssalam! Onların qabağına elə kötük dığırla ki, qoyub qaçsınlar.

– Nə kötük dığırlayım?

– Qıza gətirmək üçün ağır şeylər istə. Məsələn: brilyant üzük, sırğa, boyunbağı, bilərzik, yeddi dəst paltar… Qərəz, ağzına nə gəlir istə… Qoy onların gücü çatmasın, bizdən əl çəksinlər. De ki, Mərdanın tələbidir, bu şeylər gəlməsə, mən qızımı hörmətsiz etməyəcəyəm.

Südabə Mərdanın xasiyyətini bildiyi üçün susmağa məcbur oldu. Südabə dəndənəsini boşaltmaq üçün qonşusu Ruxsaragilə getdi və əhvalatı açıb ona söylədi. Ruxsara əli ilə onun dizinə vurub:

– Ay qız, – dedi, – şadlığınıza şitlik etməyin, Gülbala kimi oğul Tiflisdə az tapılar. Baqqal Mərdanın qızını bəy almayacaq, xan almayacaq, ondan artıq kimə verəcəksən? Atası Səfi dayı necə arvad saxlayır? Gülbala da atası ilə bir almadır. Qızım olsaydı, mən minnətini çəkərdim.

Ruxsara Səfi dayını, arvadı Narıngülü və Gülbalanı o qədər təriflədi ki, Südabənin lap ruhu uçdu. Ertəsi günü Südabə oğlanı görmək üçün qızı Gülsümü də götürüb, Səfi dayının dükanına getdi. Mis qab almaq bəhanəsilə üzünü Gülbalaya tutub:

– Oğlum, mənə bir mis kasa lazımdır, – dedi.

Gülbala Gülsümdən gözünü çəkməyərək, onların qarşısına tez bir neçə mis kasa qoyub:

– Baxın, hansını istəyirsiniz, bəyənin, – dedi.

Südabə ən kiçiyini bəyənib qiymətini soruşdu. Gülbala gözlərini Gülsümün ipək çarşabının arasından görünən üzündən ayırmayıb gülə-gülə:

– Neçə istəyirsiniz, verin, istəyirsiniz heç pul da verməyin, peşkəşdir, – dedi.

Südabə qızardı. O, elə güman etdi ki, oğlan onların kim olduğunu tanıyıbdır. Arvadın ağır vəziyyətdə olduğunu hiss edən Səfi dayı ocağı körükləyə-körükləyə:

– Bacı, o kasanın qiyməti yarım manatdır, – dedi.

Südabə yarım manatı verdi. Gülsüm kasanı götürüb dükandan uzaqlaşarkən, Gülbala bir də ona diqqətlə baxdı. Gülsüm Gülbalanın çox xoşuna gəlmişdi. Həmin gün Gülbala onun haqqında fikirləşir, "Anam bu qızı mənə alsaydı, bəxtim işləyərdi" – deyə düşünürdü.

Gülsüm onu misgər Səfinin oğlu Gülbalaya almaq istədiklərini elçilər gələn gün eşitmişdi. Öz ürəyində ölçür-biçir, onun necə oğlan olduğunu düşünürdü. Anasilə o gün hara və nə üçün getdiklərini bilmirdi. Misgərbazarda Səfinin dükanı qarşısında dayandıqları zaman anasının ora nə üçün gəldiyini başa düşmüş, gözlərini Gülbalanın ona qarşı heyrətlə açılan gözlərinə dikib, müştəri gözü ilə baxmışdı. Gülbala ətli qollarını çırmayıb, boynundan önlük kimi uzun, qara bir dəri asmışdı. Onun sağlam vücudu, yapışqanlı siması və qısa, sıx kirpikli qara gözləri qızın xoşuna gəlmişdi. Gülbalanı Südabə də bəyənmişdı.

Ertəsi günü Südabə bacısı Zəhranı Narıngülgilə göndərib, qızın ata-anasının razı olduqlarını bildirdi.

Südabə ərinin ağzını aramaq üçün tələb olunan şeylərin çox ağır olduğundan söhbət açdı. Mərdan qaşlarını çataraq:

– Dediyim dedikdir, başqa cür ola bilməz, – dedi.

İki gün sonra toy haqqında danışmaq üçün Narıngül Südabənin yanına getdi. Südabə qudasını çox hörmətlə qəbul etdi. Narıngül toydan söz açdıqda Südabə ərinin tələblərini bildirdi.

Narıngül qudasının evindən qanıqara qayıtdı, axşam Səfi ilə Gülbala gələndən sonra qudalarının tələbini açıb söylədi. Səfi dayı:

– Bunlar bizim dərimizi soymaq istəyir, insana toydan sonra toy gərəkdir. Bizim nəyimiz var ki… İki həsir, bir yesir… Yox, o şeyləri verməyə bizim gücümüz çatmaz, – dedi.

Gülbalanın qanı qaraldı, qaş-qabağını sallayıb, eyvana çıxdı.

– Ay kişi, qızı Gülbalanın gözü yaman tutub, cavandır, qorxuram, yaman dərd eliyə… Nə qədər çalışdım, zalım qızı. güzəştə getmədi. "Bu Mərdanın tələbidir", – dedi. – İndi biz neyləyək?

– Yox, biz bu yükün altına girə bilmərik, gücümüz çatmaz. Eh, sən də gedib qız tapdın… Acgöz Mərdandan qız almaq olar? O bizdən dədəsinin də qiymətini alacaq. Onlar bizə bab deyil, Gülbalanı da bu fikirdən daşındırın, özümüzə münasib bir qız tapın.

Narıngül, Ülkər vəziyyətin ağırlığını Gülbalaya nə qədər başa salsalar da, ona təsir etmədi. Onun nə evdə üzü gülür, nə də dükanda ürəyi açılırdı. Bunu görən Narıngülün ana qəlbi od tutub yanırdı. Axır dayana bilməyib başıodlu bacısı Firuzənin yanına gedib dərdini ona açdı. Firuzə də Südabənin yanına getməyi məsləhət gördü. O gün hər ikisi Südabənin yanına getdi.

Elçilər gəldiyi gündən xeyli keçmişdi. Oğlan evindən cavab gəlməmişdi. Gülsüm də fikir, xəyalat dənizində boğulur, gecə-gündüz düşünürdü. Atasının tələbinin Gülbala üçün ağır olduğunu o çox yaxşı bilir və onun araya kötük dığırlamasından bərk əsəbiləşirdi.

Firuzə ilə Narıngül qapıdan girdiyi zaman sevincdən Gülsümün ürəyi döyündü, gözlərində yenidən ümid şöləsi parladı. Qudalar xoş-beşdən sonra, yenə məsələni açıb tələbin ağır olduğunu və bir qədər güzəştə getmələrini xahiş etdilər. Südabə Mərdanın bu işə heç bir vəchlə razı olmaya-cağını bilirdi. Qudalar bu dəfə də kor-peşman qayıtdılar.

Səfi dayı məhəllə məktəbində oxuduğundan farscanı yaxşı bilirdi. Arabir dükanda, evdə əzbərlədiyi farsca şeirlər oxuyub oğluna tərcümə edirdi. Gülbala da altı illik rüşdiyyə məktəbində oxuduğu zaman "Gülüstan" kitabından çox şeir əzbərləmişdi. Ona görə də farscanı az-çox bilirdi. Atasının farsca bildiyi şeirlərin çoxunu bir dəftərə yazıb saxlamışdı.

Toy haqqında ata-anası tərəfindən bir təşəbbüs və hərəkət olmadığını görüb Səfi dayıdan öyrəndiyi bu şeiri yazdı və bacısından xahiş etdi ki, atasına versin.

 
Can ey pədər, to çöhreyi-xuban nədideyni.
Xali-siyah, zülfi-pərişan nədideyi.
Xali-siyah, zülfi-pərişan bəyek tərəf,
Dər on zəman rəmidəni-iman nədideyi.5
 

Ülkər bir zərf içində şeiri atasına verdi. Səfi dayı zərfi açıb şeiri oxudu, əvvəlcə gülümsündü, sonra üzünü qəm buludu bürüdü, dərindən bir "ah" çəkdi. Əlinə qələm alıb oğluna cavab yazdı:

 
Can ey pəsər, to süfreyi-binan nədideyi,
Cəngi-əyal, naleyi-tiflan nədideyi,
 

Cəngi-əyal, naleyi-tiflan bəyek tərəf Dər on zəman rəsidəni-mehman nədideyi.6

Səfi dayı şeiri həmin zərfə qoyub Ülkərə verdi ki, Gülbalaya çatdırsın. Ülkər məktubu qardaşına verdi. Gülbalanın dərdi daha da təzələndi.

Narıngül və Firuzə Gülbalanın dərdinə çarə etməyi düşünürdü. Bir dəfə Firuzə Narıngülə dedi:

– Bacı, mənim fikrimə bir şey gəlir. Gəl, belə eliyək: qudaların istədikləri şeyləri qohum-qardaşdan yığıb, qız evinə göndərək. Toy eləyib qızı gətirəndən sonra şeyləri yenə öz sahiblərinə qaytararıq.

– Yox, elə də şey olar? – Narıngül gözlərini bacısının üzünə dikdi.

– Ay qız, o cür adamlara belə də lazımdır. Qoy başqalarına da görk olsun. Görmürsən, yazıq uşaq şam kimi əriyir. Cavandır, dilim-ağzım qurusun, sonra başqa naxoşluq tapar.

Narıngülün ana qəlbi yerindən oynadı, ürəyi kövrəlib gözləri yaşla doldu:

– Ay bacı, neyləyim? Heç bir şeyimiz yoxsa, heç olmasa, təmiz adımız var. Durub qapılardan şey-şüy yığım ki, mən oğul evləndirirəm. Xalq bizə nə deyər? Səfi bilsə, başımıza kül ələr… Yox, bu, bizim işimiz deyil.

Firuzə daha bir söz demədi, evlərinə dilxor qayıtdı. Əhvalatı danışdıqdan sonra oğlu Rəşidə dedi:

– Ay Rəşid, xalan oğlu yaman sınıxıb, yazıq uşaq bir dəri, bir sümük qalıb, görünür dərd eləyir. Get yanına, bir az ürək-dirək ver. Dərd çəkməyə qoyma.

Rəşid ertəsi günü Gülbalanın yanına getdi. Onu məşğul edib qəlbini açmaq istədi. Bunun heç bir fayda vermədiyini görüb öz tədbirini açıb Gülbalaya dedi:

– Kişisən, gəl, bir iş eləyək.

– Nə iş?

– Qızdan razılıq al, götürüb qaçaq.

Gülbala razı olmadı.

– Atama dərd olar, – deyə bundan da boyun qaçırtdı.

Bu söhbətdən bir ay da keçdi. Qudalardan bir xəbər çıxmadı. Gülbalanın məhəbbəti Gülsümü gül kimi saraldıb-soldurmuşdu. Qızının bu halı Südabəni düşündürməyə başladı. O əhvalatı açıb Mərdana söylədi. Mərdan onun sözlərinə əhəmiyyət verməyib:

– Yox, dediyim dedikdir, – dedi, – gözümün ağı-qarası bir qızdır, onu aca, gicə verə bilmərəm. Qızı başa sal ki, bu fikri başından çıxartsın. Tiflisdə oğlandan çox oğlan var, ala it olmasın, qara it olsun.

Gülbalanın dərdi gündən-günə artırdı. Bir gün yenə xalası Firuzə onlara gəlmişdi. Gülbalanı dərdli görüb qucaqlayıb öpdü. Narıngülə dediyi sözləri təkrar etdi:

– Ay oğul, mən anana deyirəm ki, qudaların istədiyi şeyləri qohum-qardaşdan, dost-aşnadan yığıb qız evinə göndərək. Toy eləyib qızı gətirəndən sonra yenə sahiblərinə qaytaraq. Anan razı olmur. Bundan başqa çarə yoxdur.

Bu barədə xeyli fikirləşdikdən, qoy-götür etdikdən sonra Firuzə əvvəl Gülbalanı, sonra Narıngülü razı sala bildi.

İki bacı əl-ayağa düşdü, vəzncə yüngül, qiymətcə baha şeyləri qohum-qardaşdan, dost-aşnadan yığdılar və bir qismini də özləri hazırladıqdan sonra qız evinə xəbər göndərib, nişan apardılar. Nişan vaxtı Firuzə bildirdi ki, qızı bir həftə sonra aparacaqlar. Mərdanın bəhanəsi kəsildi, daha bir söz deyə bilmədi.

Hər iki tərəfin razılığı ilə təqvimə baxdırıb, saat xoşladılar. Mərdanla Südabə toya ağır xərc çəkib çalan, oxuyan da gətirmişdi. Səfi dayı isə toya ancaq yaxın qohum-qardaşı çağırmışdı. Çalıb oxuyanları isə Şorməkə Hüseyn idi.

Qız evinə oğlanın xalası Firuzə ilə bacısı Ülkər gəlmişdi. Südabə onlarla görüşdükdən sonra başını əsdirə-əsdirə:

– Qudamız, elə birinci gündən başlayıb, – dedi, – qızımı aparmağa niyə belə az adam gəlib? Pişik ha aparmırsınız? Gülsüm kimi qız verirəm. Bəs, qızın yengəsi kimdir?

– Quda, iş adamın azlığında, çoxluğunda deyil. Oğlanın xalası gəlib, bacısı gəlib. Gəlinimizin yengəsi də özüm olacağam. Uzatmayın, gəlinimizi verin, aparaq! – Sonra zurnaçılara, – Gəlin havası çalın! – deyə əmr etdi.

Firuzə ayağa durub, gəlinin qarşısında oynadı və sonra özünü də oynamağa çağırdı. Gülsüm ilə bərabər oynadıqdan sonra Ülkərə işarə etdi. Ülkər ayağa qalxıb gəlin ilə üz-üzə oynadılar. Oyun qurtarınca Südabə ayağa qalxdı. Hamı, "Allah mübarək eləsin" – deyə gəlinə xoşbəxtlik arzu etdi, çala-çala qızı küçəyə çıxartdılar. Gülsümü şamlarla bəzədilmiş faytona mindirəndə atası Mərdan gəldi, əlini qızının başına qoyub xeyir-dua verdi. Fayton tərpəndi. Gülbalagilin qapısında faytonu bir dəstə qohum-qardaşla dayanmış Şorməkə Hüseyn qarşıladı. Yanıqlı qarmon sədaları altında Gülsümü Səfi dayının kasıb daxmasına gətirdilər. Toy büsatı qurtarandan sonra Firuzə Gülsümü Gülbalanın otağına apardı. Onları əl-ələ verib dedi:

 
Anam, bacım qız gəlin,
Əli, ayağı düz gəlin,
Yeddi oğul istərəm,
Bircə dənə qız gəlin.
 

İki gün sonra Narıngül Gülsümü qucaqlayıb əhvalatı ona başa salıb dedi:

– Əziz gəlinim, atan Mərdanın istədiyi şeyləri verməyə bizim gücümüz çatmadı. Gülbala da səni görüb dəli-divanə olmuşdu. Çarəmiz kəsildi, o şeyləri başqa adamlardan bir neçə günə əmanət almağa məcbur olduq. İndi o şeyləri sahibinə qaytarmaq lazımdır. İncimə, Allah qoysa, yavaş-yavaş hamısını düzəldərik.

Qız razı oldu. Narıngül aldığı əmanətləri bir-bir sahiblərinə qaytardı.

* * *

Kəndlərdə toy vaxtı cıdır oynamaq ən çox yayılmış adətlərdən idi. Cıdır oynayan miniri cavanlar cıdır düzündə iki dəstəyə ayrılırdı. Hər dəstə özünə bir başçı seçirdi. Başçılar cıdır düzündə mərc təyin edirdilər. İki dəstəyə ayrılmış cavanlar at üstündə əllərində bilək yoğunluğunda uzun bir ağac olduğu halda at çapmağa başlayırdılar. Cıdırın şirin yerində iki dəstə bir-birinə əllərindəki ağacı atır, hər kəs özünü qorumaq üçün ona atılan ağacı əlilə havada tutmağa çalışırdı. Cıdır oynayan cavanlar atı çapdığı halda gah atın belində ayaq üstə durur, gah atdan sürətlə yerə düşüb, at qaçaqaça yenə atına minirdi.

Məmməd əmim cıdır oyunlarında həmişə iştirak edir və oyunlarda böyük şöhrət qazandığından həmişə dəstəbaşı seçilirdi. Cıdır haqqında bildiklərimin çoxunu da mənə əmim söyləmişdi.

Məmməd əmim xalq yaradıcılığını çox gözəl bilirdi. Nağıla qulaq asmağa böyük həvəsi olduğundan o Tiflisə gəldiyi zaman, yaxud mən kəndə, onlara qonaq getdikdə onun dizlərinin yanından ayrılmazdım. Əmimin kiçik qara saqqalını oxşayaraq, "Əmican, mənə nağıl danış" – deyə xahiş edərdim. Əmim hər gələndə mənə bir neçə nağıl danışardı. Bildiyim nağılların, tapmacaların, məsəllərin, bayatıların çoxunu ondan öyrənmişəm. Xidmətçimiz Məşədi Pəri də çox maraqlı nağıllar danışardı. Ancaq əmimin söylədikləri daha şirin və təsirli olardı.

Yoxsul kəndlilər arasında toy vaxtı bir-birinə yardım etmək, iməcilik də adət idi. Kasıb bir qız ərə getdiyi, ya bir oğlan evləndiyi zaman yaxın qohum-qardaş, dost-aşna hər biri öz gücünə və bacarığına görə toy sahibinə kömək edirdi. Məsələn, oğlanın evi yoxdursa, biri arabası ilə daş-torpaq daşıyıb gətirir, biri otağın divarlarını hörür, biri qapı-bacasını qayırırdı. Yaxud biri damazlıq qoyun göndərir, arvadlar bir qədər yun gətirib qız evinə gəlir, cəhrədə yun əyirir, xana qurur, qıza cehiz üçün palaz toxuyur, xurcun qayırır, yorğan-döşək hazırlayırdılar. Buna xalq arasında el köməyi və ya iməcilik deyilirdi. İməcilik zamanlarında halqa vurub işləyən arvadlar səs-səsə verib müxtəlif bayatılar oxuyardılar:

 
Oturmuşdum səkidə
Ürəyim səksəkidə,
Yardan bir alma gəldi,
Bir gümüş nəlbəkidə.
 
 
Çöllər yaşıl geyəndə
Göyəm başın əyəndə,
O qızı bir də görəydim
Şamamalar dəyəndə.
 

Sünnət tovu

Evdən başqa bir yer görməyən savadsız Tiflis qadınları günlərini xoş keçirmək üçün bir bəhanə axtarırdılar. Odur ki, məclislər, mərasimlər, bayramlar kişilərdən çox arvadlara xeyir verirdi. Səhərdən axşama qədər əlləşib ilan kimi qabıq qoyan kasıb kişilər gündəlik çörək pulunu zornan qazandıqları halda arvadları bəylərin və ortabab alverçilərin arvadları ilə ayaq uzadır, onlar kimi geyinib-kecinmək və onlar kimi bayram büsatı qurmaq istəyirdilər. Var-yox qanmayan arvadların bu hərəkətləri yazıq kişilərə baha otururdu. Ailə yükünü öz çiynində tək daşıyan kişilərə Novruz bayramı, sünnət toyu, qız köçürmək, oğul evləndirmək kimi tədbirlər böyük fəlakətə çevrilirdi. Yazıq kişilərin bir gözü gülür, bir gözü ağlayırdı.

Səfi dayının gəlini Gülsümdən eşitdiyim bir əhvalatı xatırlayıram. O nağıl edirdi: Əmim Daşdəmir Vera küçəsində Tiflis ilə Vladiqafqaz arasında işləyən minik arabalarını təmir edən fabrikdə işləyirdi. Zəhmətinə görə, çox az əmək haqqı alırdı. Buna baxmayaraq, əmim arvadı Səadət hər işdə bizim ilə çəkişirdi. Novruz bayramında biz necə süfrə açsaq, o da yazıq əmimə min dil töküb zorla bizimki kimi süfrə açmağa çalışırdı. Atam qardaşının yoxsul olduğunu bilib hərdən ona kömək edirdi. Buna görə də, atam ilə anam arasında il uzunu deyişmə, dava olurdu və həftələrlə küsülü qalıb bir-birini danışdırmırdılar. Anam atama deyirdi:

– Ay kişi, sənə nə düşüb ki, Daşdəmirə pul verirsən? O da sənin kimi kişidir. Qoy özü qazansın.

Atam cavabında deyirdi:

– Mən qardaşımdan canımı da əsirgəmərəm.

Anam isə öz dediyində dururdu:

– Daşdəmirdən mən də canımı əsirgəmərəm. Ancaq o əti acı, dili acı, paxıl Səadətə görə Daşdəmirə pul verəndə, elə bil canımdan kəsirsən. Görmürsən, o adamaoxşamaz bizimlə ayaq uzadır. Mən necə süfrə açsam, o da mənimlə bəhs edir.

Atam qardaşım Möhsünün sünnət toyunu səssiz-səmirsiz keçirmək istəyirdi. Anam isə iki ayağını bir başmağa keçirib:

– Mən oğlumun balaca toyunu çalğı ilə eliyəcəm. Bütün qohum-qardaşı, dost-aşnanı çağıracağam, – dedi.

Mübahisə uzun sürdü. Atam axır təngə gəlib oğluna əməlli-başlı sünnət toyu elədi. Toya əmim arvadı Səadət də gəlib qonaq kimi bir tərəfdə oturmuşdu. Elə bil yaddı.

Anam qonşumuz Arakel dayı və arvadı Sonya xalanı da çağırmışdı. Sonya xala bacısının evi kimi əl-qolunu açıb, anam ilə bərabər işləyirdi. Arakel dayı həmişə atama, anama deyirdi ki, "Möhsünün kirvəsi özüm olacağam, qoy sizinlə qohum olaq". Elə də oldu.

Sünnət toyu yaxşı keçdi. Səadət durub gedəndə atama dil-ağız elədi: "Mərdan qardaş, allah mübarək eləsin, o gün olsun ki, böyük toyuna gələk". Ancaq anamla ağızucu danışdı:

– Bizim Rəhim də böyüyüb, ona da sünnət eləmək lazımdır.

Anam bunun nəyə işarə olduğunu bilirdi. Odur ki, gedəndən sonra atama dedi:

– Ay kişi, sən Rəhimin sünnət toyunda onlara kömək eləsən, köpək qızıyam mən bu evdə otursam.

Anamın bu qəti xəbərdarlığından sonra atam qardaşına bir qədər ehtiyatla kömək etməyə başladı.

Çox çəkmədi ki, Səadət xala üç gün əvvəl gəlib bizi Rəhimin kiçik toyuna çağırdı. Atam bilirdi ki, Səadət xala əmim Daşdəmiri ağır xərc çəkməyə məcbur edəcək. Anamın qorxusundan ona kömək eliyə bilmədi. Qaynının xatiri üçün anam, Rəhimə bir dəst paltar, papaq və ayaqqabı alıb aparmışdı. Səadət də ağır xərc çəkib toy-büsatını bizdən pis qurmamışdı.

Mən fikir verirdim, atam çox fikirli idi. Onun qəlbi heç rahat deyildi: çünki bilirdi ki, bu sünnət toyu yoxsul qardaşına nə qədər çətinliklə başa gəlmişdir. Yəqin ki, borca düşmüşdü. Toy məclisindən qayıdandan sonra gecə anam ilə sözə gəldi. Atam deyirdi ki, "Yəqin, qardaşım borca düşüb, ona kömək etmək lazımdır". Anam isə razı olmurdu. Axırda atam hövsələdən çıxıb hirsləndi. Əlini yerə vura-vura and içdi ki, "İstəyirsən, qal, istəyirsən, get, mən qardaşımı borc altında qoymayacağam".

İki gün sonra Səadət xala gözləri yaşlı bizə gəldi. Ağlaya-ağlaya atama dedi:

– Mərdan, qardaşın dünən evə qayıtmayıb. Gedib işlədiyi yerdən xəbər tutdum, dedilər ki, bu gün Daşdəmir işdə olmayıb. Bəs bu kişi harda qalıb?

Atamın rəngi qaçdı. Dil-dodağını çeynəyə-çeynəyə cavab verdi:

– Səadət, adam yorğanına görə ayağını uzadar. Sən varyox başa düşmürsən, qurduğun toy məclisinə Daşdəmirin iki-üç aylıq məvacibi gedib. Yəqin ki, borc ilə başa gətirib. Onun başına bir iş gəlsə, gərək, mənim gözümə görünməyəsən.

Səadət xala barıt kimi açıldı.

– Mən də insanam, tay-tuşdan geri qalmaq istəmirəm.

Atam üzünü ondan çevirib cavab vermədi, tez paltarını geyinib qardaşını axtarmağa getdi. Üç gün bizim evdə qanqaralıq oldu. Atam ertəsi gün əmimdən məktub aldı: "Qardaş, mən o qanmaz arvadla bacarmadım. Çarəm kəsildi, başımı götürüb qaçdım. Can sənin, can Rəhim əmanəti. Borc aldığım adamlar sənin yanına gəlsə, de ki, Daşdəmir işləyib sizin borcunuzu göndərəcək, arxayın olsunlar".

Məktub Vladiqafqazdan yazılmışdı.

Yeni mənzilimiz

Biz tez-tez bir mənzildən başqa mənzilə köçürdük. Bu mənzillərin hamısından çox xoşuma gələni sonuncu dəfə köçdüyümüz, Vorontsov küçəsində olan Allahverdi bəy Yadigarovun idi. Bu Mirzəyevin bez fabrikinə bitişik üç mərtəbəli ev idi. Üçüncü qatda biz yaşayırdıq, ikincidə boyaqçılar. Bayır pəncərələrimiz və küçə eyvanımız Vorontsov küçəsinə baxırdı. Artırma sol tərəfdən burulub, böyük tut ağacları olan həyətə doğru uzanırdı. Vorontsov küçəsindən konka gedirdi. Sürücünün ağzına qədər miniklərlə dolu olan konkanın arıq və yağır atlarının bellərini qamçılaya-qamçılaya çığırması indi də qulaqlarımda səslənir.

Həyətin sağ tərəfində qırmızı kərpicdən tikilmiş bez fabrikinin uca divarı Kür çayının içinə qədər uzanıb gedirdi.

Kürdə balıqçılar hər gün qayıqlarını yavaş-yavaş üzüaşağı sürə-sürə top atırdılar. Bəzən də Kür çayı ilə taxta-şalban və başqa şeylər daşıyan böyük sallar ağır-ağır axıb gedirdi. Həyətə doğru uzanan artırmadan Kür daha aydın göründüyündən, mən hər gün orada durub, saatlarla çaya, balıqçılara və sallana-sallana axıb gedən sallara tamaşa etməkdən doymurdum. Aşağı mərtəbədə bir neçə kiçik, qaranlıq və rütubətli otaq vardı. Bu otaqlarda Əkbər, Rizvan və Qədirəli adlı qonşularımız yaşayırdılar. Əkbər əmi dalandar idi. Qədirəli podratçı usta Nəcəfin nəzarəti altında küçələrə daş döşəyir, Rizvan isə bez fabrikində fəhləlik edirdi. Əkbər əmi ilə Qədirəli Cənubi Azərbaycan kəndlilərindən idilər. Rizvan, anası Gilas nənə və arvadı Xədicə isə Tiflisin yaxınlığındakı Təklə kəndindən gəlmişdilər.

Dalandar Əkbər kişi əlli yaşını keçmiş, ortaboylu, arıq bir adam idi. Dar alnında sağ qaşının üstündən keçən dərin çapıq yeri var idi. O, həyət-bacanı, pilləkənləri süpürüb təmizlədikdən sonra artırmanın məhəccərinə söykənər, başını sağ əli içinə alaraq ətrafı qırışıqlarla örtülmüş xırda gözlərini Kür çayına dikib uzun-uzadı fikrə dalardı. O, nə düşünürdü, mən bilmirdim, lakin həmişə qəmli görünürdü. Məktəbdən sonra, həyətdə qonşu uşaqları ilə oynadığımız vaxt Əkbər əminin qaş-qabağı açılmırdı. Biz atılıb-düşdükcə, gülüb-danışdıqca, o da bir uşaq kimi sevinir, bəzən oyunlarda bizə başçılıq edirdi.

Əkbər əmi artırmaya söykənıb qəmli-qəmli düşünəndə Gilas nənə ona deyirdi:

– Ay Əkbər, sən Allah qaşqabağını sallama, nə olub, yeddi yetimlə bir dərədə qalmamısan ki! Qəmli adam görəndə ürəyim ağrıyır. Boş fikirlərdən bir şey çıxmaz.

Qədirəli ortaboylu bir oğlan idi. Qış-yay podratçının yanında işləyib, ayda on manata küçələrə daş daşıyır, köhnə səkiləri təmir edirdi. Bir az uzunsov üzü günəşdən yanıb mis rəngi almışdı.

Rizvanın da işi çox ağır idi. Bez fabrikindən ayda cəmi on iki manat alırdı. Qədirəli kimi Rizvan da işdən qayıdanda çox yorğun olurdu. Ehtiyac onları bir-birinə bağladığından bu üç qonşu bir ailə kimi yaşayırdı. Onların ağır vəziyyətdə yaşadıqları üz-gözlərindən, yamaqlı köhnə paltarlarından bəlli idi.

Gilas nənə altmışı keçmişdi, orta boylu arıq bir arvad idi. Subay qonşusu Qədirəlinin, Əkbərin qayğısını çəkir, hamı ilə şirin dillə, "qurban olum, başına dönüm"ilə danışır, hər kəsə əlindən gələn yaxşılığı etməyə çalışırdı. Səhərdən axşama qədər evdə əlləşir, xüsusən gəlini Xədicə başqalarına paltar yumağa gedəndə, evin və nəvələrinin bütün zəhməti onun üstünə düşərdi. Bu dindar qarı xəstələndiyi zamanlarda belə oruc, namazından qalmazdı. Məhərrəm ayında təkyələrə gedib İmam Hüseynə ağlamağı da unutmazdı.

Qədirəli Rizvanın uşaqlarını çox sevirdi. Tez-tez bir yaşlı qızını qucağına alıb artırmada, həyətdə oxşaya-oxşaya gəzdirərdi. Bir gün Gilas nənə ona dedi:

– Oğlum, vaxtın keçir, sən də evlən, oğul-uşaq atası ol!

Gilas nənənin bu sözləri Qədirəlinin dərdini təzələdi.

– Nənəcan, Rizvan gözümün qabağındadır. Beş baş külfəti necə saxladığını görürəm. Mən ayda məvacibimdən dörd manat qoca ata-anama göndərirəm. Özümə altı manat qalır. Bu pulla evlənib arvad-uşaq saxlamaq olar?!

Gilas nənə dərindən ah çəkib dərdli-dərdli dedi:

– Eh, oğlum, zəmanənin üzü qara olsun. Sizin kimi cavanları əl-qol açmağa qoymur.

Rizvanın ürək dostu Qədirəli idi. Onlar hər gün səhər tezdən işə gedib qaş qaralanda evə qayıdardılar. Yeməklərini aldıqdan sonra ya artırmada, ya da həyətdə oturub güzəranlarından danışardılar.

Bazar günü idi. Biz həyətdə oynayırdıq. Bir də gördük ki, Rizvan, Qədirəli Kür sahilinə endilər. Paltarlarını soyunub özlərini çaya atdılar. Biz dayanıb onların üzməyinə tamaşa etməyə başladıq. Qədirəli on arşın getməmiş qayıtdı. Rizvan isə qollarını geniş ata-ata, ayaqlarını suya çırpa-çırpa üzür, gah da arxası üstə çevrilib çayın üzərində uzanırdı. Rizvan o biri sahilə yaxınlaşdıqca bizdə sevinc və həyəcan artırdı. Nəhayət, sahilə çatdı. Budur, o, kiçik bir qaya başında durub Qədirəlini salamlayır, Qədirəli də ona əli ilə cavab verirdi.

Gilas nənənin bu işdən xəbəri yox idi. Uşaqlardan biri Gilas nənəni artırmada görüb sevinə-sevinə dedi:

– Gilas nənə, Rizvan üzə-üzə çayın o biri sahilinə çıxıb. Odur, bax.

Gilas nənə həyəcan içində həyətə enib birbaş Qədirəlinin yanına qaçdı. Biz də onun ardınca yüyürdük… Qədirəli paltarını geyinib Rizvanı gözləyirdi. Gilas nənə üzünü o biri sahilə tutub soruşdu:

– Hanı o tərs keçi?

Qədirəli gülə-gülə:

– Çayın o tayında oturub yorğunluğunu alır. Gilas nənə, bu qədər üzgüçü görmüşəm, Rizvan kimisini görməmişəm. Çox yaxşı üzür, sən narahat olma.

– A bala, necə narahat olmayım. Su ilə, od ilə zarafat olmaz. Ha deyirəm Kürün o biri qırağına üzmə, heç məhəl qoymur. Olmadı belə, oldu elə, onda necə olsun?! Bir də ki, ay oğul, fikrini üzməyə verincə, işinə verib usta olsun. Nə vaxtacan əlaltı qalacaq. Hələ cərimələr də bir-birinin üstündən gəlir.

– Gilas nənə, cərimə tək Rizvandan alınmır. Fəhlələrin hamısı o dərddədir. Bəs iş başında oturan ağalar nə ilə dolansınlar!

– Bilirəm, bilirəm, oğul, Rizvan mənə hamısını danışıb. Bu zəmanəni görüm tərsinə çevrilsin, biri acından ölür, biri toxundan, nə qədər ki, bu taxtı başına uçmuş padşah var, kasıb-kusubun üzü gülməyəcək, – bu sözləri deyib Gilas nənə nigaran halda soruşdu, – Qədirəli, bir bax, gör, gəlirmi?

– Gəlir, ana, gəlir, qorxma!

– Neyləyim, ana ürəyidir, xəyalıma min şey gəlir.

Bir az sonra Rizvan üzə-üzə gəlib çıxdı. Gilas nənə Qədirəlini məzəmmət etməyə başladı.

– Sənə deməmişəm, çayın o tayına getmə! Mənim sözümü daha saymırsan?

Rizvan cavab verməyib gülə-gülə paltarlarını geyinirdi. Rizvana gücü çatmadığından Gilas nənə Qədirəlini töhmətləməyə başladı.

– Sən necə yoldaşsan, onu o taya üzməyə niyə qoyursan?

Qədirəli cavab vermək istəyirdi ki, Rizvan yerindən qalxdı. Gilas nənəni birdən qucağına alıb çaya tərəf qaçdı. Nəvələri də gülə-gülə onun dalınca qaçdılar. Gılas nənə:

– Başına dönüm, Rizvan, bəsdir, yerə qoy, – deyə yalvarırdı.

Rizvan öz uşaqlarından çox anası ilə zarafat edərdi. Qoca arvadın başına gündə bir oyun açardı. Gilas nənə nəvələrinə:

– Bay sizə qurban olum, – deyəndə, Rizvan qəti səslə, – Onlar sənə qurban olsun, – deyərdi.

Bu sözə Gilas nənə qaşlarını çataraq etiraz edərdi:

– Elə demə, sən allah, onlara da qurban olum, sənə də.

1.Atamın indi məndə olan bir kitab səhifəsinə qeyd etdiyi tarixə görə qardaşım Abdulla 1879-cu ildə noyabrın 17-də anadan olubdur.
2.Hər köpək diş çıxaranda bəy olur,
  Dişlərini tökən bəy də it olur. (fars.)
3.Mirzə Əhməd Salyani idareyi-ruhaniyyədə katib idi. O qədər gözəl xətti var idi ki, bəzi həvəskarlar ona böyük və qalın kağızlarda şeir yazdırıb çərçivə içərisində divardan asırdılar.
4.Kran
5.Tərcüməsi:
  Ata can, sən gözəllərin gül camalını görməmisən,
  Onların qara xalını, pərişan saçını görməmisən.
  Qara xal, pərişan saç hələ bir yana,
  O zaman imanın əldən getdiyini görməmisən.
6.Tərcüməsi:
  Can, ey oğul, sən çörəksiz süfrə görməmisən.
  Arvadın davasını, uşaqların ağlamasını görməmisən.
  Arvadın davası, uşaqların ağlaması hələ bir yana,
  Bu zaman bir qonağın gəlməsini görməmisən.

Бесплатный фрагмент закончился.

129,56 ₽
259,12 ₽
−50%