Alfred Nobel

Текст
Из серии: Tarixi yaradanlar
Читать фрагмент
Читайте только на ЛитРес!
Отметить прочитанной
Как читать книгу после покупки
  • Чтение только в Литрес «Читай!»
Шрифт:Меньше АаБольше Аа

Sobrero, nitroqliserin və itin ölümü

Askanyo Sobrero ilə görüşənə qədər Alfred Nobel öz müəllimi Nikolay Zinindən bu italyan haqqında, onun nitroqliserini ixtira etdiyi barədə eşitmişdi. Həmin vaxt bir çox alimlər partlayıcı maddə əldə etməyə çalışmışdılar. Onlar bunun üçün hələ ki, yalnız qara barıtdan istifadə edirdilər. Avropalılara barıt çinlilərin sayəsində məlum olmuşdu. Yeri gəlmişkən, çinlilər onu müharibədə, mülki işlərdə istifadə etmirdilər. Vaxtilə çinlilər tərəfindən kəşf edilən barıtın Avropada hərbi məqsədlər üçün istifadə olunması Bertold Şvartsın (1310–1384) adı ilə bağlıdır. Bəzilərinin yarıəfsanəvi şəxsiyyət hesab etdiyi Şvarts həm də topların yeni üsulla tökülməsi ilə tanınır.

Partlayıcı maddənin yeni tərkibi 1845-ci ildə tapıldı. Bunun Fridrix Şönbayn13 tərəfindən tamamilə təsadüfən kəşf edildiyi deyilir. Mətbəx plitəsində azot və kükürd turşusunu qaynadanda bu təhlükəli qarışığın olduğu flakon partlayır. Şönbayn plitəni silmək üçün əlini tələsik arvadının pambıq önlüyünə atır. Qarışığa toxunan önlük alışır. Turşuların qarışığı öz-özünə yana bilməzdi, buna səbəb pambıq olmuşdu. Piroksilin belə kəşf edilib.

Təəccüblü deyil ki, bu ixtiradan xəbər tutan bir çox kimyaçı yeni partlayıcı maddə əldə etmək üçün turşularla maraqlanmağa başladı.

Askanyo Sobrero 1847-ci ildə nitroqliserinin sınağını keçirdi. Bu eksperimenti o belə təsvir eləyir: «İçində maddə olan kasa spirt lampası ilə qızdırılanda çox güclü partlayış baş verdi. Kasa parça-parça oldu. Növbəti dəfə həmin maddədən az miqdarda qoyulmuş sınaq borusunu qızdırdıq. Partlayış o qədər güclü oldu ki, sınaq borusunun qəlpələri mənim və eksperimentdə iştirak edənlərin əlini, üz-gözünü yaraladı». Sobrero başqa eksperimentlər də keçirdi: «Əgər az miqdarda nitroqliserini udmayıb dilinin altına qoysan, bədəndə əzginliklə müşayiət olunan bərk başağrısı başlayar».

Bir dəfə isə o, müəyyən miqdar nitroqliserini itin yeməyinə əlavə edir. İt qıc olur, ağzından köpük gəlir və təxminən iki saat sonra ölür. Sobrero belə nəticəyə gəlir ki, bu qarışıq təkcə partlayıcı xüsusiyyətə malik deyil, eyni zamanda zəhərlidir. Ondan necə faydalanacağını Sobrero bilmirdi. Sonradan onun ağlına gözəl bir fikir gəlir: bu maddədən daxili xəstəliklərdə istifadə etməyi qərarlaşdırır. Beləcə, bir itin həyatı hesabına milyonlarla insanın həyatı xilas olmağa başlayır. Belə ki, Sobreronun sayəsində bu qarışıqdan ürək xəstəliklərinə qarşı dərman kimi istifadə edilir. Gələcəkdə isə həmin dərmandan Alfred Nobel də istifadə etməli olacaq… O əmin idi ki, italyan kimyaçının hazırladığı mikstura başqa sahələrdə də işlənəcək. Buna o qədər əmin idi ki, özünü onun ixtiraçısı elan etdi. Açıq desək, Alfred Nobel italyanın ixtirasını oğurladı. Vicdanını sakitləşdirmək üçün isə o deyə bilərdi ki, nitroqliserinin hansı imkanlara malik olduğunu məhz özü anlayıb. Bir neçə il sonra Alfred onun istehsalına başladı.

Nobelin gələcək həyatına təsir edən görüşlərdən biri də Nyu-Yorkda baş vermişdi. Nobel orada atasının yaşıdı olan kapitan Con Eriksonla görüşmüşdü. Ola bilsin, bu görüşü elə atası Emmanuel Nobel təşkil etmişdi.

Hər halda, Con Eriksonla Alfredin maraqları üst-üstə düşürdü. Həmin tanışlıqdan Nobel, yəqin ki, özü üçün faydalı çox şey öyrənib; çünki Erikson silah istehsalı ilə məşğul idi.

Şərq məsələsi

1852-ci ildə Alfred Nobel atasının «Emmanuel Nobel və oğulları» zavodunda işləmək üçün Sankt-Peterburqa qayıtdı. Ata Nobelin işləri getdikcə çiçəklənirdi. Rusiyanın təcavüzkar siyasəti bu ölkənin nüfuzuna ziyan vursa da, Nobelə yaxşıca gəlir gətirirdi.

Macar milli azadlıq hərəkatının 1848–1849-cu illərdə yatırılması İngiltərə və Fransanın etirazına səbəb oldu. Bundan başqa, İngiltərənin Şərqlə bağlı böyük planları var idi. Ancaq Şərq regionu Rusiyanı da çox maraqlandırırdı. Bu sadaladıqlarımıza, necə deyərlər, «Şərq məsələsi»nə, bir vaxtlar çiçəklənən, sonra isə öz qüdrətini itirməyə başlayan Türkiyə daxilində və xaricindəki vəziyyəti də əlavə etmək olar. Rus ordusu 1853-cü ildə Sinop yaxınlığında türk donanmasını darmadağın etdi. Elə bu da kifayət etdi ki, İngiltərə, Fransa, Türkiyə və Sardiniya hərbi blok yaradıb Rusiyaya müharibə elan etsin. 1854-cü il sentyabrın 14-də ingilis və fransız əsgərləri Evpatoriyaya çıxdılar.

Rus ordusunun silah-sursatı çatışmırdı. Bu səbəbdən Nobelin zavodları böyük sifarişlər almağa başladı, eyni zamanda Emmanuel, nəhayət, öz biliyini praktikada tətbiq etmək üçün imkan qazandı. Geridə qalmış Rusiyada kadrlar çatışmırdı. İstehsalı təşkil etmək üçün Nobelə isveç mütəxəssisləri lazım idi. Nobelin zavodları Rusiyada yaranan ilk dəmiryolu üçün şpallar, tüfəng, top buraxırdı. Alfred bu yerdə Eriksonu xatırladı. Rus ordusunun ilk buxar gəmiləri üçün buxar mühərriklərinin buraxılmasına başlandı. Onlar isə sonralar özlərini yaxşı tərəfdən göstərdilər; Nobelin inşa etdiyi bir neçə gəmi I Dünya müharibəsinə qədər, yəni altmış ildən çox işlədi.

Müharibə başlayanda bir qədər unudulsa da, dövlət əhəmiyyətli sirr kimi qorunan dəniz minalarına heç vaxt olmadığı qədər zərurət hiss olundu. Emmanuel və böyük oğlu Robert onları şəxsən Kronştadt yaxınlığında Fin körfəzinin donmuş buzlarına düzürdülər. Onların partlayıcı gücü heyrətamiz idi. Görünür, məhz Emmanuellə Robertin birgə gördüyü iş birləşmiş ingilis-fransız donanmasının məğlubiyyətinə səbəb oldu. Həmin donanmanın admirallarından biri Napye bu məğlubiyyət haqqında yazırdı: «Fin körfəzi bu lənətə gəlmiş minalardan qaynayır…»

Bütün bunlara baxmayaraq qarşı tərəfə müqavimət göstərmək üçün Rusiyanın gücü hələ də kifayət qədər deyildi. Nəticədə Rusiya müharibəni uduzdu. I Nikolay vəfat etdi və taxta oğlu çıxdı.

Müharibənin başa çatması Nobellər üçün fəlakətə çevrildi. Yeni hökumətə daha bu qədər mina, top-tüfəng lazım deyildi. Nobelin zavodu sifariş almırdı. Odur ki kütləvi ixtisarlar başladı…

Rusiyada artıq yeni tarix yazılırdı. II Aleksandr atasının yaratdığı idarəçilik sistemini dəyişdirdi. O, Rusiyada dəmiryolu şəbəkəsini yaratmağa, yerüstü, eləcə də dəniz və çay nəqliyyatını təkmilləşdirməyə girişdi.

Növbəti uğursuzluq

Hər şeyə rəğmən «Emmanuel Nobel və oğulları» firması yeni vəziyyətə kifayət qədər tez uyğunlaşdı. Emmanuel Nobel dərhal ən azından iyirmi paroxod inşa etdi, Volqa və Xəzər dənizində ilk dəfə sərnişin gəmiçiliyini yaratdı.

Ancaq istehsalat daha əvvəl olduğu kimi qazanc gətirmirdi. Buraxılan məhsulların yüksək keyfiyyətinə baxmayaraq zavodun sifarişi az olurdu, bu da, təbii ki, qazancın azalmasına gətirib çıxarırdı. Təcili surətdə yeni maliyyə mənbələri tapmaq lazım idi. Belə bir vaxtda II Aleksandr dünənəcən ölkəsinin düşməni olan Avropaya üz tutmuş, onunla əməkdaşlıq qərarına gəlmişdi.

Emmanuel Nobel bu fürsətdən yararlanmaq fikrinə düşdü. Özü bir neçə dil bilsə də, ingilis və fransız maliyyəçilərlə əlaqə yaratmaq, onlardan kömək istəmək üçün oğlu Alfredi Avropaya göndərmək qərarına gəldi. Ancaq səfər uğursuz oldu. Yenə müflis olmaq təhlükəsi Nobellərin başı üstünü kəsdirmişdi. Bu ailə Rusiyaya gələnə qədər hansı vəziyyətdəydisə, yenə eləcə kasıblamışdı. Onda Emmanuel İsveçə qayıtmaq qərarına gəldi.

Alfred, Robert və Lüdviq Sankt-Peterburqda qalıb zavodların dayanmamasına çalışırdılar. Ancaq sonra bu fikirdən əl çəkib Rusiya və İsveçdə başqa layihələr reallaşdırmağa başladılar.

Oğulları ailənin əvvəlki güzəranını qaytarmağa çalışdığı vaxt Emmanuel Nobel həyatının mənası saydığı elmi araşdırmalarla məşğul idi. 1857–1859-cu illərdə Emmanuel üç ixtira etdi. Bunlar minanın ixtirasından az əhəmiyyətli olsalar da, faydasız deyildilər: havanın təzyiqini ölçmək üçün cihaz, mayenin miqdarını dəqiqləşdirən aparat, nəhayət, təkmilləşdirilmiş barometr14 və manometr15.

1859-cu ildə Emmanuel Nobel arvadı və Rusiyada doğulan yeganə oğlu Emillə (1843–1864) birdəfəlik İsveçə köçdü. Müflis olmuş Nobel necəsə ailəsini dolandırmalı idi. O vaxta qədər əvvəlki borcları ilə artıq üzülüşmüşdü. Ancaq təzədən iş qurmaq elə də asan deyildi.

Hər halda, Nobel boş durmurdu; təkmilləşdirdiyi pulemyotu bir neçə zabitə nümayiş etdirdi. Bu pulemyot həmin zabitlərdə böyük təəssürat yaratdı. Məlum deyildi, pulemyotu Nobel özü yığmışdı, ya onu Sankt-Peterburqdan gətirmişdi.

Sözügedən silahın istehsalı üçün maliyyə, yer və işçi qüvvəsi lazım idi. Bundan başqa, işin davam etdirilməsinə materialların çatışmazlığı da mane olurdu; onların istehsalı üçün bir zavod da tikilməli idi. Belədə, şübhəsiz ki, xərclər daha da artacaqdı. Üstəlik, istehsalat gərək yüksək səviyyəli texnika ilə təchiz edilə idi.

Bu həmin dövr idi ki, sənaye, tikinti və nəqliyyat sahələri ən az maaşla işləməyə razı olan ucuz işçi qüvvəsi tələb edirdi.

Yeni enerji mənbəyinə – daş kömürə ehtiyac artırdı. Çox sayda adam təmiz havadan, gün işığından uzaqda – şaxtalarda çalışırdı. Ancaq daş kömür hasilatının artırılması üçün fəhlə çatışmırdı. Sənayedə də, orduda da yeni partlayıcı maddəyə ehtiyac hiss olunurdu.

 

Alfred Nobel hələ Rusiyada olanda Sobreronu və unudulmağa başlanmış nitroqliserini xatırladı.

Sobrero nitroqliserini kəşf eləyəndə bu maddənin hansı sahədə əməli şəkildə tətbiq olunacağını bilmirdi. Yuxarıda da qeyd etdiyimiz kimi, yalnız sonralar ondan tibdə istifadə etməyə başlamışdı. Emmanuel və Alfred Nobeldən savayı heç bir kimyaçı bu partlayıcı maddənin nəhəng imkanlarını təsəvvür eləmirdi.

Nitroqliserinin istehsalı çox çətin idi, bu təhlükəni aradan qaldırmaq, ya azaltmaq üsulları isə onda hələ məlum deyildi.

Alfred Parisdə

Öz işlərini yoluna qoymaq üçün zəruri maliyyə vəsaitini tapmaqdan ötrü Alfred 1861-ci ildə yenidən Parisə yollandı. Orada İkinci imperiya16 dövrünün ən böyük maliyyəçilərindən olan Pereyra qardaşları ilə görüşdü.

60-cı illərdə Avropa qaynayırdı. Avropa romanının qızıl dövrü idi. Hüqo, Dikkens, Flober, Turgenev, Dostoyevski, Tolstoy kimi ədiblər bir-birindən möhtəşəm əsərlər yazıb-yaradırdılar. Yeri gəlmişkən, Alfred həmin müəllifləri diqqətlə oxumuşdu. Bundan başqa, Avropada elm, təfəkkür sürətlə dəyişirdi. 1859-cu ildə Darvinin «Növlərin mənşəyi» əsəri böyük qalmaqala səbəb oldu. Beş il sonra Maksvell17 işığın elektromaqnit təbiəti haqqında öz ideyasını irəli sürdü. Bir il sonra Mendelin irsiyyət qanunları haqqında kitabı nəşr olundu. 1867-ci ildə isə antiseptik maddələr yarandı.

Eyni vaxtda yeni siyasi cərəyanlar meydana çıxırdı. 1864-cü ildə I İnternasional18 təşkil edildi. 1867-ci ildə K.Marksın «Kapital» əsəri nəşr olundu.

Həmin dövrdə İngiltərə və Fransa iqtisadi inkişaf yoluna qədəm qoymuşdular. Yeni19 və Köhnə dünya20 arasında kabel teleqraf xətti çəkilmişdi, Süveyş kanalı tikilirdi. 1855-ci ildə polad istehsalı üçün Bessemer konverteri quraşdırıldı. 1863-cü ildə Solvey soda hasil etmək üsulunu icad elədi və s.

Bütün bu elmi-texniki nailiyyətlər iri bankların yaranmasına təkan verdi. Onlar Avropada iqtisadi inkişafa yardımçı olmağa başladılar. Məhz belə bir vaxtda Alfred Nobel Pereyra qardaşlarının bankına müraciət etmişdi.

Emmanuel Nobel kimi Pereyra qardaşları da Rusiyada yaşadıqları müddətdə buxar maşınlarına maraq göstərmişdilər. Qardaşlardan biri İsaak Pereyra (1806– 1880) Fransada ilk dəmiryolunun çəkilməsinə və istismara verilməsinə böyük güc sərf eləmişdi.

Beləliklə, Nobellər Pereyra qardaşlarından aldıqları krediti nitroqliserin istehsalına yatırdılar…

Nobelin patentləşdirdiyi partlayıcı

Pereyra qardaşlarından alınan kredit Emmanuelə Stokholm yaxınlığındakı köhnə fermaya köçməsinə imkan verdi. Nobelin ailəsi bu fermanı bir fəhlə, həmçinin arvadı və beş uşağıyla birgə yaşayan kəndli ilə bölüşdürürdü.

1862-ci ildə Nobel nitroqliserinin daha sadə üsulla istehsalına cəhd göstərdi. O, Sobreronun üsulundan fərqli olaraq öz məhsuluna 10 faiz də barıt əlavə etmişdi.

Hərdən Emmanuel Nobel bu qarışığın sınağını keçirirdi. Bir dəfə onun kimyanı yaxşı bilməməsi bədbəxt hadisəyə səbəb oldu: kifayət qədər kənara çəkilmədiyindən partlayışdan zərər gördü. Onda belə bir sual yarandı: partlayışı necə istiqamətləndirməli və necə idarə etməli?

Atasından fərqli olaraq etdiyi səyahətlərin, müəllimi Nikolay Zininin, eləcə də Eriksonla görüşün sayəsində Alfred gözəl kimyaçı olmuşdu. Emmanuel İsveçdə öz təhlükəli sınaqlarını keçirdiyi günlərdə Rusiyada yaşayan oğlu da vaxtını boşa xərcləmirdi. Özünün bu ölkədəki eksperimentlərindən biri haqda o belə yazırdı: «Nitroqliserinlə ilk uğurlu təcrübəni 1862-ci ildə keçirdim. Bu, qardaşım Lüdviqə məxsus mexanika zavodunun ərazisindən axan kanalın yanında oldu. Sınaqda hər iki qardaşım iştirak edirdi. Kiçik sınaq borusuna bir az nitroqliserin qoyub ehtiyatla ağzını bağladım. Bu sınaq borusunu ondan iri olan, barıt doldurulmuş başqa sınaq borusunun içinə yerləşdirdim. Ona fitil bərkidilmişdi. Onun da ağzını bağladım, fitili yandırıb onları suya atdım. Suyu göyə qaldıran güclü partlayış nitroqliserinin barıtdan heç də azeffektli olmadığını göstərdi».

Sınaq uğurla başa çatmışdı. İndi «partlayıcı maddələrin hazırlanması və istifadəsi»ni patentləşdirmək qalırdı. Bu da növbəti ilin əvvəlində baş verdi. Alfred problemin həlli yolunu tapdığı üçün qürur duyurdu, ona görə də atasına tələsik məktub yazıb ixtirasını ətraflı şərh elədi.

Həmin vaxt Emmanuel Nobel də bu problemin üstündə baş sındırırdı. Məktub Emmanueli o qədər hirsləndirdi ki, hətta oğlunu ixtiranı oğurlamaqda təqsirləndirdi.

Alfred Nobel həyatı boyu haqlarının qorunması, ixtiralarının tanınması üçün mübarizə aparmışdı. Ancaq bu dəfə vəziyyət ikiqat mürəkkəb idi, çünki haqqını öz atası ilə mübarizədə qorumalı idi.

Yaranmış mübahisə Alfredi dərindən sarsıtdı. O öz ideyası ilə qürur duyurdu və istəmirdi ki, kimsə onun bacarığını şübhə altına alsın. Alfred atasına məktub yazıb özünü təmizə çıxarmağa çalışdı və bir az təkəbbürlə, hətta qəzəblə öz ixtirasının mahiyyətini bir də izah elədi. Məktub «Əziz ata» sözləri ilə başlayırdı.

Emmanuel vicdanlı adam idi, oğlunun ikinci məktubundan sonra onun haqlı olduğunu etiraf etdi. O belə addım atmaq üçün kifayət qədər cəsarətli idi. Beləcə, mübahisə sona çatdı və ata-oğul barışdı. Ancaq bu münaqişə Alfredin ürəyində silinməz iz buraxdı. Həmin hadisənin ağrısını uzun müddət unuda bilmədi. Ona elə gəlirdi ki, əvvəlki dünyası uçub, əvvəlki həyatdan əsər-əlamət qalmayıb. Əlbəttə, ata ilə oğul arasındakı münasibət tədricən qaydaya düşdü. Amma bunun üçün xeyli müddət lazım oldu.

Alfred 1863-cü il oktyabrın 14-də ixtirasını patentləşdirdi. Onda söhbət barıta nitroqliserin əlavə etməklə partlayışın vur-tut gücünü artırmaqdan gedirdi. Elə həmin il Alfred bir dəstə isveç zabitini yeni partlayıcı maddənin sınağına dəvət etdi. Bu dəfə Nobel nitroqliserinlə barıtın bərabər həcmdə doldurulduğu çuqun bombanı nümayiş etdirdi. Partlayış son dərəcə güclü oldu. Dəvət olunan zabitlər qorxmuşdular; onlar hətta düşündülər ki, bu maddənin qadağan olunması üçün hərbi komandanlığa müraciət etsinlər.

Alfred sonra Stokholm yaxınlığındakı daş karxanasında bir neçə qayanı partlatdı. Partlayışı izləyənlər bu dəfə də qorxuya düşdülər.

1865-ci il mayın 5-də Alfred nitroqliserinin yeni istehsal üsulunu və partlayış gücünün idarə olunmasını təklif etdi. Bu onun ilk əhəmiyyətli ixtirası idi. Bir çoxları hətta onu barıt kəşf olunduğu dövrdən bəri irəliyə doğru atılmış ən nəhəng addım hesab edirdi.

Stokholma qayıdış

Alfred Nobel atası ilə birlikdə işləmək üçün İsveçə qayıtdı. O düşünürdü ki, ixtirası atasının istehsalatı təşkil etdiyi İsveçdə daha lazımlı olar.

Stokholmdan getdiyi vaxtdan – Alfredin onda doqquz yaşı vardı – şəhər heç dəyişməmişdi. Əhali artmışdı, ancaq sanitar vəziyyət kənar müşahidəçiyə dəhşətli təsir bağışlayırdı.

Urbanizasiya21 şəhəri yaşayış üçün yararsız hala salmışdı. On üç adada yerləşən şəhərdə, demək olar, liman yox idi, sahil isə üfunət qoxuyan zibilliyə çevrilmişdi…

Heç vaxt yuyulmayan daş döşənmiş küçələri tez-tez su basırdı. Onda səki deyilən şey yox idi. İlk səki uzun illər sonra – 1890-cı ildə peyda olacaqdı. Şəhər sakinləri çirkabın içindən keçib-getmək məcburiyyətində qalırdılar. Stokholmda su kəməri, kanalizasiya da yox idi. Şəhərin vur-tut bəzi məhəllələri işıqlandırılırdı; axşam düşən kimi Stokholm qaranlığa qərq olurdu. Ona görə gecələr gəzməyə çıxmaq təhlükəli sayılırdı. Şəhər adalarda yerləşdiyindən qayıq və barjlar yeganə nəqliyyat vasitəsinə çevrilmişdi. Bununla belə, şəhər sakinləri yaşadıqları adanı nadir hallarda tərk edirdilər.

1863-cü ildə İsveçə qayıdan Alfred Stokholmu belə gördü. Onu narahat edən məsələlərdən biri nitroqliserinin saxlanması və istifadəsi zamanı təhlükəsizliyi təmin etməklə bağlı idi. Bu problem Nobeli hələ Sankt-Peterburqda olarkən narahat eləyirdi; o həll edilməsə, bütün sonrakı tədqiqatlar dayana, kapital qoyuluşu və istehsal cəhdləri isə səmərəsiz ola bilərdi.

Ata ilə oğul Heleneborqda köhnə bir ev kirayə edib orada fabrik və laboratoriya açdılar.

Heleneborqda partlayış

Alfred və Emmanuel xeyli miqdarda nitroqliserin saxlayırdılar. İlk baxışda adama elə gəlirdi ki, bütün ehtiyat tədbirləri görülüb. Lakin nəticə heç də belə olmadı. Belə ki, 1864-cü il sentyabrın 3-də Alfred Nobel mühəndis Blomla söhbət etdiyi vaxt göndərilmək üçün hazırlanmış 100 kiloqram nitroqliserin partladı. Bu hadisə haqqında yerli qəzetdə belə məlumat verilirdi: «Şəhərimizin sakinlərini bu səhər baş verən partlayış bərk qorxuya salıb. Partlayış o qədər güclü olub ki, evlərin divarları titrəməyə başlayıb, pəncərələrin şüşələri sınıb. Partlayışın mühəndis Nobelin fabrikində baş verdiyi məlum olub…

Fabrikin yerləşdiyi taxta binadan əsər-əlamət qalmayıb. Bu fəlakətin ən dəhşətlisi isə – ətrafa insan əzalarının səpələnməsidir. Cənab Nobel partlayış zamanı fabrikdə olmayıb, ancaq mühəndisin oğlunun da ölənlər arasında olduğu bildirilir…»

Xoşbəxtlikdən Alfredin özü şüşə qəlpələri və taxta qırıqlarından aldığı yüngül zədələrlə salamat qurtula bilmişdi. Amma universitetdən tətilə yenicə gəlmiş iyirmi yaşlı Emil həlak olmuşdu.

Müstəntiqlər Emmanuellə Alfredi dindirəndə onlar Emilin eksperimentdə iştirak etmədiyini söylədilər. İsrarla bildirdilər ki, əgər təhlükəsizlik tədbirlərinə riayət edilsə, nitroqliserinin heç bir təhlükəsi yoxdur. Axırda onu da əlavə etdilər ki, fabrikdəki partlayış nitroqliserinin bəşəriyyətə xoşbəxtlik gətirəcəyini bir daha təsdiqləyir!

Sözügedən hadisə Emmanueli o qədər sarsıtdı ki, iki həftə sonra onu iflic vurdu və ömrünün qalan səkkiz ilini yataqda keçirməli oldu. Ancaq yatağa düşsə də, otağından çıxmadan bir çox layihələrini sona çatdıra bildi.

1870-ci ildə meşə təsərrüfatındakı tullantılardan necə istifadə etmək haqqında düşünərkən ata Nobelin ağlına taxta kəpəyini buxar vasitəsilə yapışdırmaq gəldi. Beləcə, Emmanuel indi məişətimizdə onsuz keçinə bilmədiyimiz faneri icad elədi.

Onun bu ixtirası yeni istehsal sahəsinin meydana çıxmasına, bununla da çox sayda iş yerlərinin açılmasına, eləcə də təbii ehtiyatlardan qənaətlə istifadə olunmasına kömək etdi.

 

III FƏSİL

Şeffner

Fabrikdəki partlayışdan bir neçə gün sonra Amerikadan Nobelin yanına işbaz Talyaferro Preston Şeffner təşrif buyurdu. Bu adam həmin dövrün ən böyük avantüristlərindən idi.

Əvvəl Luisvilldə məhkəmə icraçısı olmuşdu, ancaq bu iş onu tezliklə bezdirdi. Bu dəfə teleqrafa maraq göstərdi. Luisvilldə ilk teleqraf şəbəkəsini yaratmaq fikrinə düşdü. Sonra yeni transatlantik teleqraf kabelinin – Şeffner artıq mövcud olan kabel xətti ilə rəqabət aparmaq istəyirdi – çəkilməsinə maliyyə vəsaiti tapmaq üçün Rusiyaya yollandı. Ancaq bu iş də baş tutmadı. Partlayıcı maddələrin texniki tərəfləri haqqında məlumatlı olduğundan özünü həmin maddələr üzrə ekspert elan etdi. Əslində isə o heç də mütəxəssis deyildi. Sadəcə, teleqrafın çəkilişi zamanı aparılan partlayış işlərində iştirak etmişdi, bundan başqa, bu mövzu ilə bağlı bir neçə kitab oxumuşdu.

Rusiyada olanda Şeffner Nobelin fabrikinə baş çəkmişdi. Ancaq Alfred onu xatırlamırdı.

Müharibə vaxtı Şeffner əvvəl İngiltərədə, sonra Fransada yaşadı. Orada Amerika tarixindən bir neçə məqalə yazdı. Həmin məqalələrdə özünü cənubluların22 qızğın tərəfdarı kimi göstərdiyindən Amerika səfirliyi onu hətta cənubun agenti zənn etdi.

1864-cü ildə Şeffner o vaxt Prussiya ilə müharibə aparan Danimarkaya öz köməyini – hazırladığı minaları təklif etdi. Sonralar qürurla danışırdı ki, onun minaları on beş min prussiyalı əsgərin irəliyə doğru hərəkətinin qarşısını alıb. Danimarka müharibəni uduzsa da, Şeffner özünü minalar üzrə böyük mütəxəssis sayırdı. Danimarka-Prussiya müharibəsindən sonra Şeffner İsveç hökuməti ilə əməkdaşlıq elədi.

Şeffner Heleneborqdakı partlayışdan xəbər tutub onun miqyası ilə tanış olmaq qərarına gəldi. Orada Alfred Nobellə görüşüb nitroqliserindən istifadə haqqını Birləşmiş Ştatlara satmasını təklif etdi. Nobel 200 min dollar istədi. Aydındır ki, razılaşma baş tutmadı.

Onda bu avantürist İsveçdəki Amerika səfirliyinə Alfred Nobelin ixtirasını oğurlamaq… bəli, bəli, məhz oğurlamaq təklifi ilə müraciət etdi! Səfir Şeffnerin ləkəli reputasiyasını xatırlayıb ona kəskin şəkildə rədd cavabı verdi.

Şeffner Amerikaya qayıdıb özünü nitroqliserinin ixtiraçısı elan etdi. «Anlaşılmazlıq üzündən cənubun agenti olan» bu şəxs çox asanlıqla düşərgəsini dəyişib öz xidmətini indi də general Uliss Qranta23 təklif etdi və guya özünün ixtira etdiyi nitroqliserinin sınağını keçirdi.

Sonralar isə nitroqliserin istehsal edən fabrikin sahibi oldu. O, Nobelin ixtira etdiyi partlayıcı qurğuların oxşarını buraxmağa başladı və öz «ixtira»sını Amerikada onun əsl sahibindən daha tez patentləşdirməyə çalışdı. Çox çək-çevirdən sonra mübahisə, axır ki, Nobelin xeyrinə həll olundu.

13Fridrix Şönbayn (1799–1868) – ozonu kəşf edən alman kimyaçısı
14Barometr – atmosfer təzyiqini ölçmək üçün cihaz
15Manometr – qapalı mühitdə mayenin və ya qazın təzyiqini ölçən cihaz
16İkinci imperiya – Fransada dövlət çevrilişi nəticəsində hakimiyyətə gələrək İkinci respublikanı ləğv etmiş imperator III Napoleonun hakimiyyəti dövrü (1852-ci il 2 dekabr – 1870-ci il 4 sentyabr)
17Ceyms Maksvell (1831–1879) – ingilis fiziki, riyaziyyatçısı və mexaniki
18I İnternasional – işçi sinfin 1864-cü ilin 28 sentyabrında təsis edilən ilk kütləvi beynəlxalq təşkilatı
19Yeni dünya – Amerikanın avropalılar tərəfindən kəşfindən sonra (XV əsr) Yer səthinin Şimali və Cənubi Amerikanı əhatə edən hissəsinə verilmiş tarixi ad
20Köhnə dünya – Yer səthinin Amerikanın kəşfindən qabaq (XV əsr) avropalılara məlum olan hissəsinə verilmiş tarixi ad
21Urbanizasiya – cəmiyyətin həyatında şəhərlərin əhəmiyyətinin artması, ictimai-iqtisadi inkişafla əlaqədar əhalinin şəhərlərə axını prosesi
22Avraam Linkolnun (1809–1865) ABŞ prezidenti seçilməsinə (1861) etiraz olaraq ölkənin cənub ştatlarının şimaldakı ştatlara qarşı vətəndaş müharibəsinə (1861–1864) başlayan əhalisi
23Uliss Qrant (1822–1885) – Amerika Birləşmiş Ştatlarının 18-ci prezidenti
Бесплатный фрагмент закончился. Хотите читать дальше?
Купите 3 книги одновременно и выберите четвёртую в подарок!

Чтобы воспользоваться акцией, добавьте нужные книги в корзину. Сделать это можно на странице каждой книги, либо в общем списке:

  1. Нажмите на многоточие
    рядом с книгой
  2. Выберите пункт
    «Добавить в корзину»