Kreyser Sonatası

Текст
0
Отзывы
Читать фрагмент
Читайте только на ЛитРес!
Отметить прочитанной
Как читать книгу после покупки
  • Чтение только в Литрес «Читай!»
Шрифт:Меньше АаБольше Аа

II

Təyin olunmuş toy gününə iki həftə qalmış Kasatski adaxlısıgilin Tsarskoye Selodakı bağlarındaydı. İsti may günləriydi. Adaxlılar bir qədər bağda gəzib, cökə xiyabanının kölgəli yerində qoyulmuş köşkdə oturdular. Ağ liseyi paltar Meriyə çox yaraşırdı. O, sanki bakirəlik və məhəbbət mücəssəməsi idi. Meri gah başını aşağı dikir, gah qaldırıb, onunla belə nəzakət və ehtiyatla danışan, hər hansı bir sözü, hərəkəti ilə onun ilahi gözəlliyinə xələl gətirməkdən qorxan bu nəhəng və yaraşıqlı oğlana baxırdı. Kasatski qırxıncı illərin o kişilərindən idi ki, indi artıq elələri yoxdur; belələri cinsi əlaqə məsələsində sərbəstliyi özləri üçün mümkün sayır, yəni cinsi əlaqədə olmağı özü üçün günah hesab eləmir, arvadından isə ideal, ilahi bir təmizlik tələb edir və öz mühitlərindən olan qızların hamısında elə ilahi təmizliyi olduğuna inanır və o cür yanaşırdılar onlara. Pozğun həyat sürə-sürə cinsi əlaqə məsələsinə kişilərin o cür münasibətində səhvlər çox idi, onların həmin məsələdə qadınlardan tələb etdikləri isə, hər bir qıza özü üçün erkək axtaran qancıq kimi baxan indiki cavanların görüşlərindən kəskin surətdə fərqlənsə də, məncə faydalıdır. Belə ilahiləşdirildiklərini görən qızlar çalışırdılar ki, azdan-çoxdan elə ilahə də olsunlar. Kasatski də qadınlara belə münasibət bəsləyir, öz adaxlısına da bu cür baxırdı. Bu gün o, xüsusilə məftun olmuşdu, adaxlısına qarşı heç bir şəhvət doğmurdu ürəyində, əksinə, nə isə əlçatmaz bir şey kimi riqqətlə, təəssüflə baxırdı ona.

O, ayağa qalxıb, ikiəlli qılıncına söykənmiş halda adaxlısının qabağında dayandı:

– İnsanın qovuşa biləcəyi səadətin nə olduğunu mən yalnız indi anladım. Və bu səadəti mənə siz verdiniz, sən verdin! – Sıxıla-sıxıla gülümsəyərək dedi.

Adaxlısı ilə münasibətləri elə bir mərhələdə idi ki, hələ «sən» deyə müraciət eləməyə alışmamışdı və mənən ona aşağıdan yuxarı baxdığı üçün bu məlakəyə «sən» deməyə qorxurdu.

– Mən özümü… sənin sayəndə tanıdım, tanıyıb gördüm ki, düşündüyümdən yaxşıyam.

– Mən bunu çoxdan bilirəm. Elə buna görə də sevdim sizi.

Yaxınlıqda bülbül cəh-cəh vurdu, cavan yarpaqlar qəfil mehdən titrəşdilər.

O, qızın əlini əlinə alıb öpdü və gözləri yaşardı. Qız başa düşdü ki, bununla onu sevdiyini etiraf elədiyi üçün minnətdarlığını bildirir. Kasatski bir qədər gəzişdi, sonra yenə qıza yaxınlaşıb, yanında oturdu.

– Siz bilirsiniz, sən bilirsən, eh, dəxli yoxdur. Sənə yaxınlaşmağım heç də təmənnasız olmayıb, mən kübar cəmiyyətilə əlaqə yaratmaq istəyirdim, amma sonra… Səni tanıyandan sonra bu məqsədim necə də cılızlaşdı. Buna görə acığın tutmur ki mənə?

Qız cavab vermədi, ancaq onun əlinə toxundu.

Kasatski başa düşdü ki, bu, «yox, acığım tutmur» deməkdir.

– İndicə dedin ki… – ədəbsizlik elədiyini düşünüb, tutuldu, – sən dedin ki, sevmisən məni, üzr istəyirəm, inanıram buna, amma bundan başqa nə isə mane olur, həyəcanlandırır səni. Bax, o nədir?

«Bəli, ya indi deməliyəm, ya da heç vaxt, – qız fikirləşdi. – Onsuz da biləcək. Amma indi eşitsə, getməyəcək. Ah, çıxıb getsə, çox pis olacaq!»

Və Meri onun əzəmətli boy-buxununu məftunluqla gözdən keçirdi. İndi bunu Nikolaydan çox sevirdi və əgər imperatorluq məsələsi olmasaydı, bunu dəyişməzdi onunla.

– Qulaq asın. Mən sizinlə açıq danışmaya bilmərəm. Hər şeyi deməliyəm. Soruşursunuz ki, nədir məni həyəcanlandıran? Məni həyəcanlandıran budur ki. sizdən qabaq da sevmişəm. Qız yalvarıcı baxışlarla əlini onun əlinin üstünə qoydu.

O danışmırdı.

– Bilmək istəyirsiz ki, kimi sevmişəm? Bəli, onu, hökmdarı.

– Onu hamımız sevirik, təsəvvür eləyirəm, yəqin institutda....

– Yox, institutdan sonra. Aludəçilik idi bu, sonra keçib getdi. Amma deməliyəm ki…

– Hə, nə deməlisən?

– Yox, mən elə-belə vurulmamışdım.

– Necə? Siz onunku olmusuz?

Qız susurdu.

– Məşuqəsi olmusuz?

Qız yenə susurdu.

Kasatski sıçrayıb ayağa qalxdı, onun qabağında dayandı, sifəti meyit rəngi almışdı. Nevskidə Nikolay Pavloviçlə rastlaşanda hökmdarın onu necə mehribanlıqla təbrik elədiyi indi yadına düşdü.

– İlahi, neylədim mən, Stiva!

– Əl vurmayın, toxunmayın mənə. Oh, necə də ağırdır!

O dönüb evə sarı getdi. Orada qızın anasıyla rastlaşdı.

– Knyaz, nə olub sizə? Mən… – Xanım onun sifətinin rəngini görüb susdu. Birdən Kasatskinin üzü qıpqırmızı qızardı.

– Siz hər şeyi bilirdiz və istəyirdiz mənim adımla örtəsiz biabırçılığın üstünü. Əgər qadın olmasaydınız, – o, nəhəng yumruğunu arvadın başı üzərinə qaldırıb çığırdı və dönüb qaçdı.

Əgər adaxlısının məşuqu adi adam olsaydı, Kasatski öldürərdi onu, di gəl, pərəstiş elədiyi çar idi bu.

Elə ertəsi gün məzuniyyətə çıxdı və istefa verdi, heç kimlə görüşməmək üçün xəbər yaydı ki, xəstədir və kəndə yola düşdü.

Yayı öz kəndində keçirdi, işlərini sahmana saldı. Yay başa çatanda isə Peterburqa qayıtmadı, monastıra getdi və rahib oldu.

Anası məktub göndərib onu belə bir qəti addım atmaqdan çəkindirmək istədi. Cavab göndərdi ki, allahın çağırışı hər şeydən yüksəkdir və o, eşidir allahın səsini. Onu təkcə özü kimi məğrur və şöhrətpərəst olan bacısı başa düşürdü.

Bacısı başa düşürdü ki, qardaşı ondan yüksəkdə durduqlarını göstərmək istəyənlərin fövqünə qalxmaq üçün rahib olub. Və düzgün başa düşürdü qardaşını. Rahibliyə getməklə o, göstərmək istəyirdi ki, bir vaxtlar xidmətdə olduğu illərdə başqaları kimi, onun özünə də çox möhtərəm təşəxxüslü görünənlərə nifrət eləyir və elə bir yüksəkliyə qalxır ki, vaxtilə qibtə elədiyi adamlara oradan üstdən-aşağı baxa bilsin. Lakin, bacısı Varenkanın düşündüyü kimi, monastıra getməyə onu təkcə bu niyyəti məcbur eləməmişdi. Başqa, əsl dini hissləri də vardı ki, Varenkanın xəbəri yox idi bundan və həmin hisslər məğrurluğu və həmişə birinci olmaq arzusu ilə birləşmişdi. Mələk kimi təsəvvür elədiyi Meri ilə bağlı məyusluq və bundan doğan biabırçılıq o qədər güclü idi ki, onu gətirib ümidsizliyə çıxardı, ümidsizliyə qapılanda isə adam üzünü kimə tutmalıdır? – Allaha, hələ uşaqlıqdan ürəyində kök salmış və heç vaxt şəkk eləmədiyi dini etiqada.

III

Pokrov günü Kasatski monastıra daxil oldu.

Monastırın iqumeni zadəgan, yazıçı, alim və abid idi, yəni əsasını Valaxiyadan götürən və seçki yolu ilə seçilən rəhbərə və müəllimə sözsüz tabe olan rahiblər nəslinə mənsub idi. İqumen məşhur rahib Amvrosinin şagirdi olmuşdu; Amvrosi də Makarinin, Makari də Leonidin, Leonid isə Pansi Veliçkovskinin şagirdi olmuşdu.

Kasatski monastırda başqalarından yüksəkdə durduğunu dərk etməklə yanaşı, digər işlərdə də özünə sevinc tapmış, həm zahiri, həm də daxili kamillik yolunda böyük müvəffəqiyyətlər qazanmışdı. Necə ki, qüsursuz zabit sayılmasa da, alayda tələb olunandan çox iş görür, kamilliyini artırırdı, burda, monastırda da kamilliyə can atırdı: zəhmətdən qorxmur, nəfsini saxlayır, təmkinini pozmur, həmişə itaətdə dururdu. Nəinki əməlində, fikrində, qəlbində də təmiz idi. İtaətkarlığı və kamilliyi həyatını yüngülləşdirirdi. Gəl-gedi çox olan monastırda rahib həyatının bir çox tələbləri xoşuna gəlməsə də, yoldan azmağa şirnikləndirsə də, bütün bu hissləri özünün itaətkarlığı ilə məhv edirdi: mən kiməm ki, müzakirə eləyəm bunları, mənim borcum itaətkarlıqdır – istəyir təbərrüklərin yanında durmaq, klirosda oxumaq olsun, istərsə də mehmanxanada haqq-hesab aparmaq. Hər hansı bir məsələdə yaranan şübhə toxumları hələ rüşeym halında ikən abidə itaət göstərməklə məhv edilirdi. İtaətkarlığı olmasaydı, uzun-uzadı kilsə ibadətlərinin yeknəsəqliyi də, ibadətə gələnlərin boş-boşuna vurnuxmaları da, rahiblərin pis vərdişləri də təngə gətirər, bezdirərdi onu, amma indi bütün bunlara nəinki sevinclə dözür, bunlar həm də onun üçün təsəlliyə və dayağa çevrilirdi. «Eyni dualara gündə bir neçə dəfə qulaq asmağın nəyə lazım olduğunu deyə bilmərəm, amma bilirəm lazımdır. Lazım olduğunu başa düşdüyümə görə də sevinc tapıram onlarda». Abid ona demişdi ki, yaşamaq üçün yemək, qida nə qədər lazımdırsa, mənəvi həyat üçün də mənəvi qida – dua bir ö qədər vacibdir. O, inanırdı buna və doğrudan da, bəzən səhər ibadətinə gedəndə yuxudan çətinliklə dursa da, ibadət ona sakitlik və sevinc gətirirdi. Ona sevinc gətirən – abidin müəyyən elədiyi əməllərin hər cür şübhədən uzaqlığını və bu əməllərə itaət etməyin vacibliyini dərk etməsiydi. Həyatını maraqlı edən, onu mənalandıransa təkcə, getdikcə daha çox itaətkar olması, öz iradəsini getdikcə daha möhkəm şəkildə ələ alması deyil, həm də əvvəlcə ona çox asan görünən xristianlıq məziyyətlərini dərk eləməsi idi. O, öz mülkünü bütünlüklə bacısına bağışlamışdı və bundan peşman deyildi, çünki onda sahibkarlıq meyli, həvəsi yox idi. Özündən aşağıda duranlar qarşısında itaət etmək ona nəinki ağır gəlmir, əksinə, sevinc, fərəh gətirirdi. Dünya malına hərisliyi və pozğun həyat vərdişlərini əziyyətsiz-filansız tərgitdiyi kimi, şəhvətdən doğan günahlara da rahat qalib gəldi. Abid onu xüsusilə bu günahdan çəkindirirdi, lakin Kasatski sevinirdi ki, artıq həmin hissdən azaddır.

Ancaq adaxlısı barədə xatirələr əzab verirdi ona. Özü də təkcə xatirələr yox, onunla evlənəcəyi təqdirdə baş verə biləcək hadisələr gözünün qabağına gəlib, incidirdi onu. Bir də görürdün, heç özü də istəmədən, hökmdarın sevimlisi, sonra isə ərə gedib, gözəl həyat yoldaşı, ana olmuş həmin tanış sima təsəvvüründə canlandı. Əri isə onun hesabına yaxşı vəzifə qazanıb, həm hökmü, həm hörməti, həm də heç bir sözündən çıxmayan gözəl arvadı var.

Kefinin duru vaxtlarında bu fikirlər həyəcanlandırmırdı onu. Kefi kök olanda bu. Haqda fikirləşdikcə sevinirdi ki, bu şirnikləşdirici şeylərdən canı nə yaxşı qurtarıb. Lakin elə dəqiqələri də olurdu ki, indiki həyatı gözündən düşür, mənasını itirir və inamı nəinki zəifləyir, nəinki onun yerini şübhələr alırdı, heç qəlbindəki inamı dəbərdib oyada da bilmirdi, xatirələr hücum çəkirdi üstünə, ən dəhşətlisi isə – peşmançılıq çəkməyə başlayırdı.

Belə hallarında qurtuluşu ancaq ibadətdə və işdə tapırdı. 0, həmişəki təki ibadət eləyir, səcdəyə gedir, lap lazım olduğundan çox ibadət eləyirdi, di gəl, bu ibadət qəlbən deyildi, cismən idi. Və belə ovqat bir gün, bəzən iki gün davam edir, sonra öz-özünə keçib gedirdi. Amma bu bir-iki gün çox dəhşətli olurdu. Kasatskiyə elə gəlirdi ki, cilovunu itirib, heç allahın da iradəsində deyil, kiminsə, başqa bir adamın iradəsiylə oturub-durur. Belə vaxtlarda yalnız bunu bilirdi ki, abidin məsləhətlərinə əməl eləyirdi, qocanın dediyi kimi, heç bir tədbir görmür, dözür, gözləyirdi. Ümumiyyətlə, bütün bu müddətdə Kasatski özü istədiyi kimi yox, abidin dediyi kimi, onun iradəsiylə yaşamışdı və bu itaətdən xüsusi bir rahatlıq tapmışdı.

 

Kasatski daxil olduğu birinci monastırda yeddi il beləcə yaşadı. Üçüncü ilin sonunda başını qırxıb Sergi adı ilə iyerey rahibi rütbəsi verdilər ona. Bu mərasim Sergi üçün çox mühüm mənəvi hadisə idi. O, əvvəllərdə dini ayinləri yerinə yetirəndə, ibadət eləyəndə böyük təsəlli tapdığını hiss edir, ruhu coşurdu; indi, keşiş kimi ibadət eləyəndə isə vəcdə, riqqətə gəlirdi. Sonralar bu hiss get-gedə kütləşdi və bir dəfə, həmin o arabir keçirdiyi ruh düşkünlüyü vəziyyətində ibadət eləyəndə duydu ki, bu da keçib gedəcək. Və doğrudan da, bu hiss zəiflədi, ondan yalnız balaca bir adətkərdəlik qaldı.

Ümumiyyətlə, monastır həyatının yeddinci ilində Sergi darıxmağa başladı. Öyrənməli nə vardısa – öyrənmişdi, nəyə can atırdısa – hamısına nail olmuşdu, daha heç bir iş qalmamışdı burda.

Bunun əvəzində isə bihuşluq halı, hisslərinin korlaşması getdikcə güclənirdi. Bu müddət ərzində anasının ölüm xəbərini, Merinin ərə getdiyini eşitmişdi. Hər iki xəbəri laqeydliklə qarşılamışdı. Bütün diqqəti, bütün səyləri daxili mənəvi aləmi üzərində cəmlənmişdi.

Rahibliyinin dördüncü ilində arxiyerey, Sergini xüsusilə əzizlədi və dedi ki, işdir, onu yüksək vəzifəyə təyin eləsələr, boyun qaçırmasın. Və bu vaxt rahib şöhrətpərəstliyi, rahiblərin bu ən murdar hissi onun da qəlbində baş qaldırdı. Onu paytaxta yaxın monastırlardan birinə təyin elədilər. Bundan imtina eləmək istədi, lakin abidin sözünə baxıb razılaşdı. Sergi abidlə vidalaşıb, həmin monastıra yola düşdü.

Paytaxt monastırına keçməsi Serginin həyatında mühüm hadisə idi. Cürbəcür şirnikləndirici şey çox idi və onun səyləri özünü bu hisslərdən qorumağa yönəldilmişdi.

Əvvəlki monastırda qadın haqda fikirlər az əzab verirdi ona, burada isə həmin hisslər elə gücləndi və elə bir səviyyəyə qalxdı ki, axırda hətta müəyyən forma şəklini aldı. Pozğun hərəkətləri ilə tanınan bir xanım Serginin həndəvərində sülənməyə, onun qılığına girib, yoldan çıxarmağa çalışırdı. Xanım dilə gəlib, onu evinə dəvət elədi. Sergi bu dəvəti kəskin şəkildə rədd etsə də, ürəyindən keçəni hiss eləyib dəhşətə gəldi. O elə qorxdu ki, bu barədə müəllimi olan abidə məktub da yazdı və bu kifayət deyilmiş kimi, özünün əl-ayağını yığışdırmaq üçün cavan şagirdini yanına çağırdı və həya hissinə üstün gəlib zəifliyini etiraf elədi, xahiş etdi ki, gözdən qoymasın onu, ibadətdən və ayinlərdən savayı heç yerə getməyə imkan verməsin.

Bundan başqa, Serginin qəlbinə yol tapmış dünyəvi hisslərdən biri də bu idi ki, monastırın iqumenindən – özü üçün ruhani karyerası düzəldən bu işbaz, kübar adamdan heç xoşu gəlmirdi. Nə qədər çalışsa da, bu acığı, bu nifrəti çıxara bilmirdi ürəyindən. O, hissini boğub, qulaq asırdı iqumenə, amma qəlbinin dərinliyində irad tutmaya bilmirdi ona. Və bu pis hiss qaynayıb qalxırdı.

Bu, təzə monastıra gələndən bir il sonra başlanmış və başlanması da belə olmuşdu. Pokrov günü2 Böyük kilsədə axşam ibadəti gedirdi. Uzaq yerlərdən xeyli adam gəlmişdi. İbadəti iqumenin özü aparırdı. Sergi ata özünün həmişəki yerində dayanıb, ibadət eləyirdi, yəni ibadətə başçılıq eləmədiyi vaxtlarda, xüsusilə də burda, böyük kilsədə, həmişəki halında idi – ürəyində mübarizə gedirdi. Mübarizəni, təlatümü doğuran da kilsəyə toplaşanlar, xüsusilə də xanımlar idi. Sergi ata çalışırdı ki, onları görməsin, heç nəyi saya salmasın: soldatın camaatı itələyə-itələyə xanımları müşayiət eləməsini, xanımların rahibləri, hətta onun özünü və başqa bir yaraşıqlı rahibi bir-birinə göstərmələrinə baxmasın. O elə bil diqqətinin qabağına pərdə çəkib, ikonastasın3 yanındakı şamların parıltısından, ikonalardan, keşiş və rahiblərdən savayı heç kəsi görməməyə, duaların sözlərindən başqa heç nəyi eşitməməyə, ibadət vaxtı, min dəfələrlə eşitdiyi duanın sözlərinə qulaq asa-asa və bu sözləri təkrar eləyə-eləyə adətən qapıldığı vəcddən, keçirdiyi özünü unutmaq hissindən savayı heç bir hissin qəlbinə yol tapa bilməməsinə çalışırdı.

O beləcə dayanıb, səcdə edir, xaç vurur və gah ürəyində özünü məzəmmət eləyə-eləyə, gah da bütün fikirlərini və hisslərini boğmağa çalışaraq, fikrən vuruşur, mübarizə aparırdı ki, Nikodim ata gəlib ikiqat təzim elədi və dedi ki, iqumen onu öz yanına, mehraba çağırır. Keşiş cübbələrinin nəzarətçisi olan Nikodimdən Serginin acığı gəlir, onu iqumenə yaltaqlanmaqda günahlandırırdı. Sergi ata mantiyasını çəkib düzəltdi, klobukunu4 başına qoyub, camaatın arasından ehtiyatla keçməyə başladı.

– Lise, regardoz o drolte c`est iui5 – sözlərini deyən qadının səsini eşitdi.

– Oy, oy? Il n`est past tellnebt beau6.

Bilirdi ki, onun barəsində danışırlar. O, qadınların dediyini eşitdi və adətən qadınlar haqqında hissə qapılıb şirniklənəndə dediyi sözləri təkrar etdi ürəyində: «İlahi uzaq elə, qoyma günaha batım» və başını aşağı dikib minbərin böyründən keçdi, bu vaxt ikonastasın qabağından keçən cübbə geymiş kanonarxların7 yanından ötüb şimal qapısından içəri girdi. Mehraba gedən kimi, adəti üzrə xaç vura-vura ikiqat əyildi, sonra başını qaldırıb paltarında nəsə parıldayan bir nəfərlə yanaşı dayanmış iqumenə gözucu nəzər saldı.

İbadət paltarında olan iqumen divarın yanında dayanmışdı, gödək, koppuş əllərini qarnının üstündə cübbədən çıxarıb, ətəklərini dartışdıra-dartışdıra venzelli, akselbantlı general mundiri geymiş hərbçi ilə söhbət edirdi. Sergi atanın öyrəncəli hərbçi gözü ilə nəzərdən keçirdiyi bu general onun keçmiş polk komandiri idi. Yəqin indi böyük vəzifədədir və Sergi ata o saat başa düşdü ki, iqumenin bundan xəbəri var və onunla danışmaq imkanı əldə etdiyinə sevinir, iri, qırmızı sifəti də, başının dazı da elə buna görə parıldayır. Sergi ata özünü təhqir olunmuş saydı və kədərləndi. İqumen deyəndə ki, onu, Sergi atanı çağırmaqda məqsəd yalnız generalın öz keçmiş xidmət yoldaşı ilə görüşmək xahişini yerinə yetirməkdir, – Sergi atanın qəlbinə dolan bu hiss daha da gücləndi.

– Sizi mələk simasında görməyimə çox şadam, – general əlini uzadıb, dilləndi, – ümidvaram ki, köhnə yoldaşınızı yaddan çıxarmamısız.

İqumenin sir-sifəti, elə bil generalın dediklərini təqdir etmək məqsədi güdən təbəssümü, özündən razı halda gülümsünən generalın harın üzü, onun ağzından gələn şərab qoxusu, bakenbardlarından yayılan siqar iyi – bütün bunlar Sergi atanı partlamaq dərəcəsinə gətirirdi. O, iqumenə ikinci dəfə təzim edib dedi:

– Cənab iqumen, məni çağırmısız? – Və o dayandı, elə bil üzünün və duruşunun bütün ifadəsilə demək istəyirdi ki, «niyə çağırmısız?»

İqumen dedi:

– Bəli, generalla görüşmək üçün.

– Cənab iqumen, mən cəmiyyətdən ona görə uzaqlaşmışam ki, hər cür şirnikləndirici, dünyəvi hisslərdən yaxa qurtarım, – o, rəngi qaçmış halda, dodaqları titrəyə-titrəyə dedi. – Nə üçün təzədən burda həmin hisslərə məruz qoyursuz məni? Allahın evində, ibadət vaxtı…

– Get, get, – iqumen qaşqabağını töküb, acıqlı-acıqlı dedi.

Ertəsi gün Sergi ata iqumendən və rahiblərdən dikbaşlığına görə üzr istədi, bununla belə dua oxumaqla keçirdiyi gecələrdən sonra qərara aldı ki, bu monastırdan çıxıb getməlidir və oturub müəlliminə məktub yazdı. Yalvardı ki, təzədən onun monastırına keçməyə icazə versin. Məktubunda yazırdı ki, dünyanın işrətlərinə biganə olmadığını hiss eləyir və bu işrətlərə qarşı təkbaşına, onun köməyi olmadan mübarizə aparmağa gücü çatmır. Növbəti poçtla abiddən məktub gəldi, qoca yazırdı ki, bütün bunların səbəbi təkəbbürüdür. Abid ona izah eləyirdi ki, qəzəblənməyinin səbəbi – mənəvi şan-şöhrətdən, rütbələrdən allah naminə yox, təkəbbürlüyündən imtina eləməsidir, yəni, baxın, görün, heç nəyə ehtiyacım yoxdur. Elə buna görə də iqumenin hərəkətini bağışlaya bilməmişdi. Mən allah naminə hər şeydən imtina etmişəm, bunlar isə məni vəhşi kimi ona-buna göstərirlər. «Əgər sən allah naminə şöhrətdən imtina edə bilsəydin, onda dözərdin. Sənin qəlbində kübar təkəbbürünün alovu sönməyib. Oğlum Sergi, sənin barəndə çox düşündüm, dua da oxudum, səninçün, allahdan nida gəldi ki, qoy əvvəlki kimi yaşasın və itaətdə olsun. Elə bu günlərdə xəbər gəldi ki, sağkən müqəddəs namı almış tərkidünya rahib İllarion sovməədə rəhmətə getmişdir. O, həmin sovməədə on səkkiz il yaşayıb. Tambinsk iqumeni soruşur ki, bəlkə onun yerində yaşamaq istəyən rahib var. Sənin məktubun da bu yannan gəlib çıxdı. Tambinsk monastırının iqumeni Paisi atanın yanına get, mən ona məktub yazacam, get İllarionun sovməəsinin sənə verilməsini xahiş elə. Ona görə yox ki, İllarionu əvəz eləyəsən, ona görə ki, öz təkəbbürünü yatırtmaq üçün sənə guşənişinlik lazımdır. Allah köməyin olsun.»

Sergi abidin sözünə qulaq asdı, onun məktubunu iqumenə göstərib icazə aldı, hücrəsini və bütün başqa şeylərini monastıra verib, Tambindəki tənha sovməəyə yola düşdü.

Tambin sovməəsinin əslən tacir nəslindən olan başçısı gözəl təsərrüfatçıydı, o, Sergini səmimi qarşıladı, İllarionun hücrəsini ona verdi, ilk vaxtlar onun üçün sovməənişin də ayırdı, sonra isə tək buraxdı onu. Bu hücrə dağın yamacında qazılmış mağarada idi. İllarion da burada dəfn edilmişdi. İllarion arxadakı mağarada basdırılmışdı, qabaqdakı mağarada isə içinə saman doldurulmuş döşəyi olan yataq yeri, balaca stol və üstü ikona və kitablarla dolu rəf vardı. Bayır qapıda da balaca rəf düzəldilmişdi ki, monastırdan yemək gətirib qoyurdular ora.

Və Sergi guşənişin oldu.

2Pokrov günü – xristianlarda dini bayram (tərc.)
3İkonastas – pravoslav kilsəsində ikonaların asıldığı divar.
4Klobuk – ucu şiş rahib papağı (tərc.)
5– Liza, bir sağa bax, odur.
6– Hanı, hanı? O qədər də qəşəng deyil bu.
7Kanonarx – dini mahnı oxuyanlar (tərc.)
Купите 3 книги одновременно и выберите четвёртую в подарок!

Чтобы воспользоваться акцией, добавьте нужные книги в корзину. Сделать это можно на странице каждой книги, либо в общем списке:

  1. Нажмите на многоточие
    рядом с книгой
  2. Выберите пункт
    «Добавить в корзину»