Qanadlı körpü

Текст
Автор:
Читать фрагмент
Читайте только на ЛитРес!
Отметить прочитанной
Как читать книгу после покупки
  • Чтение только в Литрес «Читай!»
Шрифт:Меньше АаБольше Аа

Fələstinli və sərçələr

“Şahinlər” sərçə yuvalarının haqqını ikiqat ödəyib qırx il gözlədilər. Qırx ilin tamamında sərçələrin fəlakəti başladı.


Aban Müəzzin Bəhreyn tütününün acı tüstüsünü ciyərinə çəkib əlinin dalı ilə qəlyanın öləzimiş közünü küldana itələdi. Tüstünü pəncərənin qabağınadakı qurumuş güllərə üfürüb xurma ağacının dibində qurduğu cələyə baxdı. Cələyə düşmüş sərçə qaynar qumun üstündə çırpınıb təslim olmuşdu: başını göyə tutub ağzını ayırmışdı. Aban Müəzzin köhnə ələkdən düzəltdiyi quştutanı ehmalca sərçənin üstünə basdı, quma dirənmiş sərçəni cələdən ayırıb torda açdığı dəlikdən çıxartdı.

– On şekelin[1]var, ağoğlan! – qonşu damların üstünə dırmaşıb Aban Müəzzinin sərçə ovlamasını izləyən uşaqlar birağızdan çığırdılar.

Aban Müəzzin sərçəni Əl-Fürqan[2] savaşında dənizdən şığıyan “gürzələr”[3] kimi başı üstünə qaldırıb havada süzdürdü, qamış çəpərə tərəf bir neçə addım atdı, qəlpənin yeddiaylıq hamilə arvadı Ayişənin qarnına sancıldığı yerdə “ölüm ilgəyi” vurdu. Damların üstündə atılıb-düşüb ləzzətlə çığırışan uşaqlara baş əyib sərçəni eyvanın kölgətutan yerində düzəltdiyi quş damına atdı. Qəfəsdəki sərçələr qonağı boğuq cikkilti ilə qarşıladı.

Ayişəsini doğmadığı qızı ilə iç-içə basdırıb gələndən sonra Aban Müəzzin kufiyə[4] taxıb səub[5] geyməyə başladı. Səubu həmişə tər-təmiz, ağappaq olduğundan, uşaqdan böyüyə bütün Qəzza ona “ağoğlan” deyirdi.

Aban Müəzzin bugünü dünəninə əkiz olan Cəbəlyə[6] qaçqın düşərgəsindən sahilə, Qəzza yoluna çıxan kimi qəsəbə uşaqları yenə çığır-bağırla dalınca düşüb: “Ölüdü!”, “Diridi!”, “Gəl mərc qoşaq, ağoğlan!” deyib çiynindən asdığı dəmir qəfəsi daşladılar. Aban Müəzzin sərçələri çarpanaq daşlardan yayındırmaq üçün kufiyəsini başından açıb qəfəsin üstünə saldı.

Hərdən uşaqların ən dəcəli arxadan yaxınlaşıb səubunun ətəyini dartıb qaçır, Aban Müəzzin də dayanıb ona səssizcə göz ağardıb yoluna davam edirdi.

Qəzzanın girişində dayandı, yolboyu bir-birinə bitişik birmərtəbəli suvaqsız dükanlara baxdı. Luay Abdullahın ətir dükanından başqa hamısı bağlı idi. Qəfəsə göz atıb cümə günü olduğunu dəqiqləşdirdi. Gözü balıqçı dostu Ala’a oğlu Kənaanı axtardı.

Cəbəlyədə Kənaandan başqa hamı Ala’anın öldüyünü bilirdi. İnişil səs bombasından qorxub dili tutulmazdan qabaq kimiymişsə, – boynuna almasa da, deyilənə görə, Luay Abdullah olub, – dilindən qaçırdıb Kənaana atasının öldürüldüyünü deyibmiş. Kənaan xəbəri eşitcək evlərinə qaçmış, atasının İordan məxmərinə büküb soyuducunun üstündəki şahmat taxtasının içində saxladığı Quranı götürüb Aban Müəzzinin evinə cummuş, Kitabı onun qarşısına tutmuşdu. Aban Müəzzin çəpərin başından boylanan qonşularının gözü qabağında əlini yuyub silib qurulayıb Quranın üstünə qoymuş, bərkdən demişdi:

– Ya Ala’a oğlu Kənaan, and içirəm, mərmi partlayıb qayığımızı aşıranda atanın dənizə düşdüyünü gördüm, amma ölüsünü görmədim.

Aban Müəzzinin sözlərini eşidən qonşu kişilər içlərini çəkmiş, arvadlar isə üzlərini cırmaqlayıb qanatmışdılar.

Kənaan Quranı üç dəfə öpüb gözünün üstünə qoymuş, Kitabı səliqə ilə məxmərə büküb Əl-Aqsa[7] imamları kimi təmkinli addımlarla evlərinə getmişdi.

O gündən Kənaan Cəbəlyədə təkcə hər kəsin üzdə “ağoğlan”, arxada “havalı” dediyi Aban Müəzzini görəndə təzim eləyirdi.

Kənaanın başı Luay Abdullahın dükanının arxasında öz əliylə əkdiyi, günaşırı məscidin həyətindən daşıdığı su ilə suvardığı zeytun ağacına qarışdığından, Aban Müəzzini görmədi. Heç Aban Müəzzin də onun gözdələn baxışlarına tuş gəlmək istəmirdi. O zeytun ağacına, illah da o ağacdan asdığı yazılara görə, Kənaanın başı çox ağrımışdı. Uzunsaqqal qəsəbə kişilərinin, yalnız sürməli gözləri görünən qarapaltar qonşu qadınların qınağı bir yana, Əl-Kəbir məscidinin imamı ilə “müqavimət”çi[8] başqanın açıq hədəsi onu çox qorxutmuşdu. Təkcə ətirçi bəhayi Luay Abdullahla Aban Müəzzin Kənaanın “kadima”çıların[9] “likud”çulara[10], onların da “müqavimət”çilərlə “azadlıq”çılara[11] qoşulub birgə öldürdükləri qəzzalıların adını ağ boya ilə dəmir lövhəciklərə yazıb zeytunun budaqlarından asmasına təmkinlə baxırdı. Kənaan Luay Abdullahın da, Aban Müəzzinin də küləkli havada zeytun ağacının altında əlləri qoynunda durub yel vurduqca cingildəyən dəmir addaşların qarışıq müsiqisini dinlədiyini çox görmüşdü. Ötən milad bayramı gecəsi üç qarapaltarlı qadının da pir zeytunun altında ağlaşdığını, addaşlardan birini növbə ilə sığallayıb öpdüklərini görən olmuşdu.

Rəfah tuneli uçub dörd nəfər torpaq altında qalan gün isə Kənaan ətirçi ilə ağoğlanın “Əl-Fürqan” savaşı zamanı Qəzzaya girən tank tırtılları yeri titrədərkən addaşların vahiməli cingilti qopartmaları haqda xəlvəti söhbətini eşitmişdi.

Qəzzalılar Aban Müəzzinin harda sərçə gördü, “gürzə” bilib, çapan çala-çala dalınca qaçdığını Ayişənin qırxı çıxana qədər qəhərli boğazla, qırxdan sonra qəhqəhə ilə seyr eləyirdilər. Arvadlar isə Aban Müəzzini görəndə zağruta[12] çalıb lülüləyib şənlənirdilər.

 

Onun qəfəsində neçə sərçə olduğunu da hamı əzbər bilirdi: ara günlər iki, cümə günləri beş sərçə. Hər sərçə on şekel qazanc gətirirdi. Həftəlik qazancı pitaya[13], hummusa[14], bir də tütünlə qəhvəyə bəs eləyirdi. Bir-iki dəfə Luay Abdullah Aban Müəzzinə falafel[15] təklif etsə də, o, “toxam” deyib ətirçinin əlini geri qaytarmışdı.

Aban Müəzzinin hara gedəcəyini də hər kəs bilirdi: sahildəki üç tərəfi qamışla hasarlanmış “Baradays Qahve va İstiraha” kafesinin müştəriləri həmişə əliaçıq olurdu, müştərilər onunla mərcə girməsələr belə, kafenin yiyəsi Cəmal Atamneh onu heç vaxt əliboş qoymazdı.

Aban Müəzzin, adəti üzrə, qumsallıqdan balıqqulağı götürüb Luay Abdullahın pəncərəsinə sarı tulladı. Ətirçi səsə başını qaldırdı, “Əl-Əyyam”ı[16] qatlayıb kənara atdı, əlini yelləyib ona salam verdi.

Sərçələrin cikkiltisi gəlmirdi, eləcə, Aban Müəzzin addımladıqca, millərin üstündə müvazinətlərini saxlamaq üçün qanadlarını çırpırdılar.

Aban Müəzzin əlində su qabı, gözü dolmuş Kənaanı qarşısında görəndə duruxdu. Kənaan ona yüngülcə təzim edib ləpədöyən qayalığı göstərdi. Aban Müəzzin gözucu o tərəfə baxdı, qayalara aramsız çırpılıb sönən dalğalardan, bir də leş üstündə dimdikləşən iki kərkəsdən başqa bir şey görməyib Kənaanın başını sığallayıb alnından öpdü, salavat çevirıb şəhərə doğru addımladı.

O, daş yoldan sağa, kafeyə tərəf dönəndə, Cəmal Atamneh özü onu qarşılayardı. Bu dəfə belə olmadı. Cəmal qaşqabaqlı idi, Aban Müəzzinə dilucu “Səbah əl-Nur” deyib küncdəki boş kətili göstərdi. Dirəyə bərkidilmiş radiodan kafeyə Fayruzun[17] “Bektob esmak, ya habibi”[18] sızıltısı axırdı. Cəmal Atamneh radionun səsini alıb Aban Müəzzinlə üzbəüz oturdu. Cəzvədəki qəhvəni qarışdırıb onun fincanına tökdü.

– Aban Müəzzin, həbibi, – Cəmal ayağının ucu ilə qəfəsi mizin altına itələyib dedi, – tezdən “müqavimət”çilər gəlmişdi, səni soruşdular, dedilər, mərc qoşmaq şəriətdə yasaqdı. Ehtiyatlı ol, ya Aban, yaman acıqlı danışırdılar!

Aban Müəzzin dinmədi. Şəriət yasaqlarından xəbəri vardı. Dodaqlarını tərpədib hər cümlənin başında işlətdiyi “mafii müşkila”sını[19] deyib ayağa durdu, əlini bir neçə dəfə yüngülcə Cəmalın kürəyinə vurdu, qəfəsin quşqusunu barmağına keçirib qəhvəxanadan çıxdı.

* * *

Dənizdən əsən nəsim çirkab suların üfunətini ətrafa yayırdı. Aban Müəzzin arxasını dənizə çevirmişdi. Qayıqları batırılıb iki balıqçı yoldaşını itirəndən sonra o, dənizə ancaq gözucu, sabahın havasını öyrənmək üçün baxardı. Elə bilirdi dənizə çox baxsa, orda mütləq Ala’anın suya qarışmış qanını görəcəkdi.

Əl-Kəbir məscidindən günorta azanının ucalması ilə işıqların sönməsi bir oldu. Maqnitofona yazılmış azan bir dəfə “Allahu-Əkbər” deyib susdu. Generatorlar uğultu ilə işə düşdü. Azan səsi generatorların qara tüstüsünə qarışıb Qəzzanın içinə doğru süründü.

Sahildə gəzişən iki ahıl kişi Ərəfatın[20] “Oazis” kazinosu haqda qızğın mübahisə eləyə-eləyə Aban Müəzzinin qarşısından keçib getdilər, amma bir azdan qayıdıb onun yanına gəldilər. Kişilərdən biri əlini açıb beş şnekeli Aban Müəzzinin gözü qabağına tutdu:

– Oynayaq?

Aban Müəzzin dinməzcə qəfəsdəki sərçələrdən birini çıxarıb ovcunda gizlədi. Sərçənin başı ilə quyruğu görünürdü.

Aban Müəzzin rəqibinə baxdı.

– Ölüdü! – rəqibi kefikök dilləndi.

– Yox, diridi!

Rəqibi dostuna baxıb irişdi, Aban Müəzzinin burnuna bir çırtma vurdu:

– Dedim. ölüdü!

– Di-ri-di!!! – Aban Müəzzin var gücü ilə bağırdı.

Sahildə top qovan uşaqlar bir anda çəkişənləri dövrəyə aldı.

Rəqibi gülüşüb qışqırmağa hazır durmuş uşaqlara baxıb əlini Aban Müəzzinin əlinin üstünə şappıldatdı:

– Diridisə, aç, baxaq.

Aban Müəzzin barmaqlarını aralayan kimi sərçə qanadlarını sürətlə çalıb dənizə tərəf uçdu, amma tez də burulub Əl-Kəbir məscidinə sarı uçub getdi. Uşaqların sevinclə atılıb-düşməsi xeyli çəkdi. Ahıl kişi beş şnekeli bir-bir qumun üstünə atdı. Aban Müəzzin ona təşəkkür etdi, yerdən dəmir pulları götürdü, tozunu üfürüb təmizləyib qəfəsin küncünə yığdı.

* * *

Gün Aşdoda tərəf əyilirdi. Qəfəsdəki dörd sərçə qoxusunu hələ unutmadıqları yuvalarına tərəf uçmuş, Aban Müəzzinə qırx şekel qazanc gətirmişdi.

Aban Müəzzin boyu şərqə uzanan kölgədə oturdu. Mərcə girən təzə müştəri olmadığından, qəfəsi açıb sonuncu sərçəni ovcuna aldı. Birinci dəfə idi, gətirdiyi sərçələrdən geri qaytardığı olurdu.

Gözlərini yumub dənizə tərəf çevrildi. “Get bacılarının yanına, qanadlı məxluq!” – deyib sərçəni başı üzərinə qaldırdı.

– Oyun bitdimi, Aban Müəzzin?! – kimsə onun qolundan yapışdı.

Gözlərini açdı. Qarşısında dənizin mavi yeləni ilə uyuşmayan tünd palıd köynəkli, qalın qara saqqallı pota bir oğlan, bir də ondan on-on beş yaş böyük, pırpız saçlı, çal saqqallı bir kişi dayanmışdı. Aban Müəzzin “müqavimət”çilərlə görüşün elə belə də olacağını ağlından yüz dəfə keçirmişdi.

– Yox, bitməyib, – cavab verdi. Səsinin titrədiyini özü də duydu.

Pota cibindən yüz şekellik əsginas çıxarıb Aban Müəzzinin gözü qabağında yellədi:

– Şekel deyir, diridi, – sifətinin bir tərəfini əyib istehza ilə qımışdı, – sən nə deyirsən?

Aban Müəzzin “Hə, diridi” deyib ovcunu açmaq istədi, amma potanın qurşağında parıldayan gümüş qundaqlı tapançanın, bir də uduzacağı yüz şekelin qorxusundan fikrindən daşındı:

– Yox, ölüdü, – mızıldandı.

Pota şalvarının arxa cibindən bir yüzük də çıxartdı:

– İndi nə deyirsən? Mən bilən, diridi axı?

– Diri idi, – Aban Müəzzin gözlərini qırpdı, – uçurdu, budaqlara qonurdu… boz qurdları tapıb dimdiyində balalarına daşıyırdı… amma indi ölüb, artıq ölüb, çoxdan ölüb…

Aban Müəzzin ovcunu açmadan orta barmağını sərçənin qanadı altından keçirib böyründən basdı. Sərçə cikkildədi, dartınıb çəlimsiz çaynaqları ilə Aban Müəzzinin ovcunu cırmaqladı, dimdikləri arasından əsən dili göründü.

– Azdı, əbləh?! – pota bir neçə yüzlük də çıxartdı, üst-üstə qoyub bürmələdi, Aban Müəzzinin sifətinə çırpdı, – Al, yəhudi qaravaşı! Get, nə qədər istəyirsən sərçə tut uçurt. İstəsən, lap şahin al!

Aban Müəzzin dinmədi. Pota qəzəblə qəfəsə tüpürüb arxasını ona çevirdi.

Çalsaqqal kişi yerə tökülmüş yüzlükləri ayağı ilə bir yerə topladı, yel dağıtmasın deyə, üstünə bir top qum yığdı.

Aban Müəzzin sərçənin nazik qabırğalarını sıxdıqca, gicgahında artan ritmik guppultunun özününmü, ya sərçəninmi ürək döyüntüsü olduğunu anlamağa çalışdı. Dişlərini qıcayıb gücü gəldikcə barmaqlarını sıxdı. Beyni uğuldadı. Yadında qalan ovcunun islanması, bir də çalsaqqalın əli ilə onun kürəyinə vurub gülə-gülə “Qəm eləmə, Aban Müəzzin, öz əcəli ilə ölən sərçə hələ görməmişik” deməsi oldu.

Hər iki “müqavimət”çi yolda onları gözləyən qara maşına tərəf getdi.

* * *

Axşam namazına toplaşmış möminlər Aban Müəzzinin Əl-Kəbir məscidinə girdiyini görəndə, təccüblə bir-birinə baxdılar. Aban Müəzzin məscidin həyətində dəstəmaz üçün qoyulmuş qabdakı su ilə səubuna bulaşmış qan qarışıq yaşıl ləkəni təmizlədi, pulları son şekelinə kimi nəzir qutusuna atdı, ayaqqabılarını çıxardıb içəri keçdi.

Axşam namazı bitmişdi, Aban Müəzzin isə hələ də divara söykəndiyi yerdə dayanıb durmuşdu. Dilinin altında nəsə danışırdı, bunu həm dodaqlarının tərpənməsindən, həm də hərdən zorla eşidiləcək “İlahi” kəlməsindən bilmək olurdu.

* * *

Luay Abdullahın dükanına az qalmışdı. Qarşıdan gələn maşınlar işıqları ilə göz vurur, siqnal verib Aban Müəzzinin yoldan çəkilməsini istəyir, bəziləri isə donquldanıb maşınlarını qumluğa salıb ona yol verirdi.

Aban Müəzzin vıyıltı ilə sifətinə çırpılan siqaret kötüyündən diksindi. Pota ilə çalsaqqal qəhqəh çəkib gülüb maşına qaz verib getdilər. Aban Müəzzin maşının qaldırdığı tozun içində bir neçə dəfə öskürdü, maşının arxasınca astadan “mafii müşkila” deyib əlini közün sifətini dağladığı yerə sürtdü.

Ətir dükanının pəncərəsindən içəri boylandı. Luay Abdullah başını divara söykəyib yuxulamışdı. Dükanın qapısını açıb içəri keçdi. Qapı açılan kimi külək Luay Abdullahın dizinin üstündəki şəkili yerə saldı. Aban Müəzzin Luay Abdullahla Kənaanın anasının, xanyunisli dünya gözəli Ğada Jarbonun qol-boyun fotosunu qaldırıb mizin üstünə qoyub çıxdı.

Aban Müəzzin Kənaanı dükanın arxasında, dibindən kəsilib aşırılmış zeytun ağacının yanında tapdı; bardaş qurub əlini arxasında çarpazlamışdı. O, Kənaanla üzbəüz oturdu. Kənaan başını ağır-ağır qaldırıb ona baxdı. Üzünün ifadəsi əlini “gürzə” qəlpəsinin batdığı yerə qoyub “Aban, balamızı öldürdülər” zarıyan Ayişəsinin üzündəki ifadəyə necə də oxşayırdı!

Qaranlıq qatılaşıb yuxuları oyadana qədər Aban Müəzzin Kənaanın qarşısında kirimişcə oturdu. Nəhayət, qəfəsi tərsinə çevirib onun qabağına qoydu, qeybdən gələn boğuq səslə dedi: Ala’a oğlu, Allah bağışladı, sən də bağışla.

* * *

Ertəsi gün Cəbəlyə qəhvəxanalarında kişilər durmadan Allaha dua edir, qəsəbənin hər yerində qumun bol olduğunu sevinclə söyləyirdilər. “Qum olmasaydı, – deyirdilər, – Aban Müəzzinin evini söndürmək olmazdı, alov bütün qəsəbəni bürüyərdi”. Qonşu arvadlar isə xısınlaşıb sübh namazından qabaq Aban Müəzzinin evinin xarabalığı üstündə bir top sərçənin, bir cüt də kərkəsin dövrə vurduğunu deyirdilər.

 

Kənaan qırılmış zeytunun kötüyü yanında təzə ting basdırmışdı. Atası Ala’a ilə Aban Müəzzinin addaşlarını tingin zərif budağından yanaşı asmışdı.

Qəzza, Fələstin, 2009
1Şekel – İsrailin rəsmi pul vahidi. Qəzza Zolağı da daxil, Fələstinin hər yerində şekel işlənir. Şnekel – el arasında 2-şekellik dəmir pula deyirlər. Şnayim (iki) və şekel sözlərinin birləşməsindən yaranıb.
2Əl-Fürqan (Meyar, Gözüaçıqlıq) – Quranın 25-ci surəsi. İsrailin “Qurğuşun əməliyyatı”, Fələstinin isə “Qəzza Qətliamı” və ya “Əl-Fürqan savaşı” adlandırdığı, 27 dekabr 2008 – 18 yanvar 2009 arası baş vermiş Qəzza müharibəsi.
3“Gürzə” – çoxməqsədli F-16 qırıcı təyyarəsi. Rəsmi adı: “Döyüşən Şahin”. Çevikliyinə görə, pilotlar ona “gürzə” (viper) deyirlər.
4Kufiyə – ərəblərdə kişi baş örtüyü, yaylığı. Ş(a)max(q), kaffiya, keffiya, ğutra da deyirlər. El arasında “ərəfati” də işlənir. Örtüyü başda saxlamaq üçün üstündən qara dairə (iqal) taxırlar.
5Səub (thawb) və ya soub (thobe) – uzunətəkli ərəb kişi geyimi.
6Cəbəlyə qaçqın düşərgəsi – Şimali Qəzza qubernatorluğunda, Cəbəlyədən 3 km şimalda yerləşir.
7Əl-Aqsa – Yerusəlimdə (Əl-Qüdsdə) yerləşən və islam dünyasının üçüncü müqəddəs məscidi. Beyt əl-Müqəddəs də deyilir.
8“Müqavimət”çi – “İslam Müqavimət Hərəkatı”na (Harakat al-Muqāwamah al-İslāmiyyah – HAMAS) el arasında verilən qısa ad. “Hamas” sözünün özü isə ərəbcə “çalışqanlıq”, “inadkarlıq” anlamını verir. Qurum 15 dekabr 1987-ci ildə, misirli “Müsəlman Qardaşları”nın bazasında yaradılıb. 2007-ci ildən Qəzzada idarəçilik HAMAS-ın əlindədi.
9Kadima – “İrəli”. İsrailin mərkəzçi- liberal siyasi partiyası.
10Likud (HaLikud) – “Birlik”. İsrailin aparıcı mərkəzçi-sağ siyasi partiyası.
11“Azadlıq”çı – Fələstində siyasi partiyaların konfederasiyası sayılan Fələstin Azadlıq Təşkilatının ən böyük qolu olan, əsası Yasir Ərəfat tərəfindən qoyulmuş FƏTH (Fatah və Fateh kimi də tanınır) partiyası.
12Zağruta – lülüləmək. Ərəb qadınlarının toylarda, bayramlarda dillərini cəld hərəkət etdirməklə birlikdə çıxardıqları şən səs.
13Pita – müxtəlif ölçülü dairəvi çörək.
14Hummus – Qaynadılmış noxuddan əzilib hazırlanmış, küncüt, zirə, sarımsaq, limon şirəsi, zeytun yağı və duz qatılmış yüngül yemək.
15Falafel – Noxud, lobya və başqa növ paxlalardan əzilib hazırlanmış, içi ədviyyatla doldurulub kündələnib kartof kimi qızardılmış təam.
16“Əl-Əyyam” – Ramallahda (Fələstin) ərəbcə çıxan qəzet.
17Fayruz – Nouhad Vadi Həddad (21 noyabr 1935-ci ildə doğulub). Dünya şöhrətli livanlı müğənni. Səhərlər əksər qəzzalılar Fayruzu dinləməyi çox sevir.
18“Bektob esmak, ya habibi” – “Sənin adını yazıram, əzizim”
19Mafii müşkila – eybi yoxdur, problem deyil (ərəbcə)
20Ərəfat – Yasir Ərəfat (4 avqust 1929 – 11 noyabr 2004). Fələstin Milli Azadlıq hərəkatının (Harakat al-Tahrir al-Vatani al-Filastini – FATH) təşkilatının banisi. 1994-cü ildə Nobel Sülh mükafatı alıb. Yasir Ərəfatı Fələstində ümummilli lider, İsraildə isə terrorçu sayırlar. Ərəfatın Əl-Qüdslə (Yerusəlim) Ölü Dəniz arasında açdırdığı “Oazis” kazinosu islam ələmində böyük səs-küyə səbəb olmuşdu.
Купите 3 книги одновременно и выберите четвёртую в подарок!

Чтобы воспользоваться акцией, добавьте нужные книги в корзину. Сделать это можно на странице каждой книги, либо в общем списке:

  1. Нажмите на многоточие
    рядом с книгой
  2. Выберите пункт
    «Добавить в корзину»