Dahi

Текст
0
Отзывы
Читать фрагмент
Читайте только на ЛитРес!
Отметить прочитанной
Как читать книгу после покупки
  • Чтение только в Литрес «Читай!»
Шрифт:Меньше АаБольше Аа

ON YEDDİNCİ FƏSİL

Yetmiş beş dollarlıq çek gətirən şəklin satışı kimi böyük müvəffəqiyyət və bir qədər keçdikdən sonra şəklin jurnalda çap edilməsi Yucini qanadlandırdı: nəhayət o, möhkəm yoldadır. O, Blekvuda gedib Ancelanı görmək məsələsi üzərində düşünməyə başladı. Lakin, yox, o əvvəlcə lazımınca işləməlidir.

Yucin daha bir neçə küçə səhnələri hazırladı, çiləyən yağış altında Qrili-sveri, Buer üzərindəki yüksək şəbəkəli estakada ilə çapan qatarı çəkdi. O, işıqla kölgəni kəskin sürətdə bir-birindən ayırmaqla, kontrasları tutmağı bacarır, effektli və yayğın ləkələrlə şəkil çəkirdi, rənglərin sezilmədən bir-birini əvəz etməsi və bunlarda gizlənən böyük məna – qiymətli daşların oynaq cilvəsini xatırladırdı. “Truf” redaksiyasına getməsindən bir ay sonra Yucin yenidən ora getdi və yenə bədii şöbənin müdiri öz müvazinətini itirdi. O laqeyd görünməyə cəhd edir, lakin buna müvəffəq ola bilmirdi. Bu gəncdə məhz ona lazım olan şey var idi. O:

– Sizdə nə qədər belə şəkil olsa, hamısını mənə gətirin, – dedi. Əgər şəkillər bundan pis olmasa, biz həmişə onlara yer tapa bilərik.

Yucin redaksiyadan başını dik tutaraq çıxdı. O öz istedadına inanmağa başlayırdı.

Özünü lazımi qədər gəlirlə təmin etmək üçün yetmiş beş və yüz dollarlıq çoxlu şəkil lazımdır. Həm də Nyu-Yorkda rəssamlar hədsiz dərəcədə çoxdur və irəli getmək o qədər də asan deyildir. Yucinin ilk işləri mətbuatda görününcəyə qədər bir neçə ay keçdi. O, daha iri jurnallarda çap olunmaq ümidiylə xırdalarından qaçırdı, iri jurnallar isə gənc istedadları özlərinə cəlb etmək üçün o qədər də təşəbbüs göstərmirdilər. Şotmeyer Yucini Veverli-pleysdə birlikdə studiya tutmuş iki rəssamla tanış etdi. Onlar hər ikisi Yucinə xoş gəldilər. Vayominq ştatından olan Mak-Xyu mədənlərdə və dağ fermalarındakı həyat haqqında məharətlə nağıl edirdi. Smayt Nova-skotindən olan Kanada balıqçısının oğlu idi. Hündür və arıq olan Mak-Xyu ilk tanışlıqda tipik kənd tənbəli kimi görünürdü, lakin onun nəzərlərində o qədər ağıl və canlı yumor var idi ki, bu təəssürat tezliklə silinib getdi. Xoşsifət və adamı özünə çəkən bu şəxs Yucini dərhal özünə cəlb etdi. Cozef Smaytdan dəniz qoxusu gəlirdi. Orta boylu, enli kürəkli və möhkəm bədənli bu adam dəmirçini xatırladırdı. Onun iri əlləri və ayaqları, yekə ağzı dərin və kəskin dairələrlə əhatə olunmuş göz çuxurları və cod şabalıdı saçları var idi. O ağır-ağır, dayana-dayana danışırdı, amma gülümsədiyi yaxud güldüyü zaman üzü tamam dəyişirdi. Həyəcanlı, yaxud sevincli dəqiqələrdə onun bütün bədəni kəndirbazlarınkı kimi hərəkətə gəlir, sifəti qəribə, mehriban qırışıqlar şəbəkəsi ilə örtülür, pəltəkliyi kökündən yox olmuş kimi asan və tez-tez danışmağa başlayırdı. O öz danışdığını məzəli sözlərlə bəzəməyi sevirdi, çünki dənizçilər arasında işləyərkən çox kəskin ifadələr toplamışdı. Lakin bunlarda acı istehza hiss olunmurdu. Smayt xeyirxahlığın və xoşqəlbliyin mücəssəməsi idi. Yucin bu iki nəfərlə dost olmaq istəyir və onlarla tanışlığını saxlamağa cəhd edirdi. O görürdü ki, dostları onunla görüşməkdən sevinirlər. Onlar bir-birinə saatlarla maraqlı epizodlar danışır və insanlar haqqında fikir mübadiləsi yürüdürdülər. Yucin tez-tez onların yanına gedirdi, bir müddət sonra onlar da Yucinin yanına getməyə başladılar. Yalnız bir çox aylar keçəndən sonra Yucin hiss etdi ki, həqiqətən onlarla dostlaşmışdır.

Bu ilin ərzində o, naturaçı qızlar arasında tanışlıq düzəltmiş, bədii sərgilərə getməyə başlamış, “Truf” jurnalının bədii şöbə müdiri Xadson Dyulanın sayəsində rəssamların və onların rəfiqələrinin dostluq naharlarına bir neçə dəfə dəvətnamə almışdı. “Kreft” adlı olduqca kasıb bir məcmuənin redaktoru Riçard Uilyer hesaba alınmazsa, təsadüf etdiklərindən heç kəs ona bir elə xoş gəlmədi. Riçard Uilyer şair temperamentli, sarışın bir gənc idi. O, Yucində gözəlliyə olan qarşısıalınmaz meyli dərhal duydu və onunla dostlaşmağa cəhd etdi. Yucin onun bu cəhdinə məmnuniyyətlə cavab verdi və Uilyer onun emalatxanasına gəlməyə başladı. Yucin o zaman yaxşı mənzil tutmaq üçün kifayət qədər qazanmırdı, lakin studiyası üçün bir neçə gips modellər və gözəl tunc şeylər əldə etmişdi. Divarlarda onun başlıca olaraq, Nyu-Yorkun mənzərələrindən çəkdiyi şəkillər asılmışdı. Şəkilləri nəzərdən keçirərkən rəssamlığa bələd olanların üzlərindəki ifadələr tədricən Yucini incəsənətdə öz sözünü deməyə layiq bir adam olduğuna inanırdı.

Nyu-Yorka gəldiyinin ikinci ilinin yazında, Yucin artıq yeni mühitə alışdığı zaman, qərbə gedib Ancelanı görməyi və fürsətdən istifadə edərək, Aleksandriyada valideyninin yanına və Çikaqoya getməyə qərar verdi. Onun Çikaqonu tərk etməsindən on altı ay keçmişdi, lakin bu vaxt içərisində onu cəlb edən, onunla Ancela arasında dura biləcək bir qadına təsadüf etməmişdi. O, mart ayında Ancelaya yazmışdı ki, bəlkə mayda, yaxud iyunda gəldi, lakin ancaq iyul ayında, Nyu-York dözülməz istidən inildədiyi zaman vaxt tapa bildi. O bu vaxt içərisində o qədər də çox iş görməmişdi, cəmi ona qədər hekayənin illüstrasiyasını və “Truf” jurnalının əlavə vərəqi üçün dörd şəkil çəkmişdi. Onlardan biri çap olunmuşdu, lakin bu yenə də irəliləmə idi. O, Çikaqo və Blekvuda yola düşməyə hazırlaşdığı gün kiosklarda onun çəkdiyi şəkil çıxmış jurnalın ikinci nömrəsi göründü. Yucin iftixar hissi ilə sevindi və özü ilə aparmaq üçün bir nüsxə aldı. Şəkil, gecə Baueri üzərindən keçən hava dəmir yolu qatarını təsvir edirdi. Reproduksiya çox müvəffəqiyyətli çıxmışdı. Yucin qeyri adi bir iftixar hissi duyur və bilirdi ki, Ancela onunla birlikdə şad olacaqdır. Ancela onun “Saat altında” adlandırdığı ilk İst-Sayd şəkli haqqında elə bir vəcdlə məktub yazmışdı ki…

Yucin qatarda oturaraq xəyala dalmışdı.

Nəhayət, qatar Nyu-Yorkla Çikaqo arasındakı böyük məsafəni qət edərək, göl sahilində yerləşən bu şəhərə çatdı. Yucin, müstəqilliyə doğru getdiyi yollarda ilk addımını atdığı bu yerləri ziyarət etmədən, Blekvuda gedən saat beş qatarına yollandı. Hava bürkü idi, o, qatarda getdiyi vaxt ərzində səmada qalın qara buludlar toplaşdı, tezliklə yay yağışı başlandı. Ağaclar və otlar doyunca su içdi, yolların tozu yatdı, ruhu təzələyən sərinlik istidən yorulmuş bədənləri oxşadı. Qalın yaşıllığa bürünərək, sürətlə gözdən itən şəhərciklər bir-bir ötüb keçirdi; nəhayət, Blekvud göründü. O, Aleksandriyadan kiçik idi, lakin ümumiyyətlə ondan az fərqlənirdi. Aleksandriyada olduğu kimi burada da hər şeydən əvvəl kilsələrin milləri, taxta-şalban zavodu, kərpic evləri olan gözəl ticarət küçəsi və qol-budaqlı nəhəng ağaclar gözə çarpırdı. Şəhər ilk baxışdan Yucinə xoş gəldi. Ancela məhz belə mühitdə yaşamalı idi.

Artıq saat yeddi idi, qaranlıq çökürdü, Yucin gəlişinin vaxtını Ancelaya xəbər verməmişdi. O, stansiyanın yaxınlığında gördüyü balaca mehmanxanada, daha doğrusu, aşxanada gecələməyi qərara aldı. Yucin özü ilə böyük çamadan və yol çantası da götürmüşdü. O, Blunun fermasına necə getməyi və onun uzaq olub-olmadığını mehmanxana sahibindən soruşdu və öyrəndi ki, səhər onu istədiyi vaxt bir dollara ora apararlar. Bifşteks, qızardılmış kartof və dadsız qəhvə ilə şam edib bu şəhərciyin necə güzəran keçirdiyinə nəzər salmaq və axşam sərinliyi ilə nəşələnmək üçün küçəyə çıxan eyvanda oturdu. O, xəyalında Ancelanın yaşadığı gözəl yurdu təsəvvür edirdi. Necə balaca şəhərcikdir, bura nə qədər sakitlikdir! Saat on birə qədər Çikaqodan qatar olmayacaqdır.

Bir az keçdikdən sonra Yucin gəzmək və axşam havası ilə nəfəs almaq üçün çıxdı. Mehmanxanaya qayıdanda boğunuq nömrənin pəncərəsini taybatay açdı. Yağışın təravətini mühafizə etmiş yey gecəsi, qurumamış ağaclar, yaş, şehli bitkilərin ətri – bütün bunlar gildə qabarıq nəqşlər kimi onun qəlbində iz buraxırdı. O, pəncərələri işıq saçan balaca evlərə, bir-birinə sadə dostluq salamı verən təsadüfi yolçulara mehribanlıq hiss edirdi. Cırcıramaların cırıltısı, qurbağaların qurultusu, uzaq ulduzların – sanki ağacların təpəsi üzərində asılmış günəş və planetlərin sayrışması da onu ürəkdən mütəəssir edirdi. Gecə bərəkətlə nəfəs alırdı, ətrafda insanın iştirak etməsinə baxmayaraq, ondan çox az asılı olan yaxud heç asılı olmayan çox kiçik, gözə görünməyən iş qaynayırdı. Nəhayət, onun göz qapaqları enməyə başladı. O, yatağa uzandı və dərin, rahat yuxuya getdi.

Yucin səhər tezdən oyandı, yola düşmək mümkün olacaq saatı səbrsizliklə gözləməyə başladı. O, saat doqquzdan qabaq yola düşməyi qeyri-münasib hesab edirdi və vaxtı öldürmək üçün şəhəri dolaşdı, o ətrafdakıların nəzərini cəlb edirdi, çünki uca arıq, yaraşıqlı fiqurası və kəskin profili tez gözə çarpırdı. Saat doqquzda ona Nuh əyyamından qalmış bir şaraban verdilər və o, palçıqlı, dünənki yağışla yuyulmuş, bəzi yerlərdə isə sıx ağacların kölgə saldığı yollarla sürüb getməyə başladı. Yolun hər iki tərəfində o qədər gözəl çöl çiçəkləri bitmiş, şəbəkə çəpərlər arasında sarı və qırmızı yabanı gül, kəndalaş və s. o qədər çox çiçək açmışdı ki, həyəcandan Yucinin ürəyi döyünürdü. Bu gözəl təbiət – saralan taxıl, az qala insan boyuna çatan tər qarğıdalı, çəmənlər, kiçik meşələrlə ayrılan yonca tarlaları, havada cücülər ardınca sürətlə qanad çalan qaranquşlar, çox yüksəkdə süzən və hələ uşaqlıqdan Yucinə gözəllik mücəssəməsi kimi görünən çalağan – onun ürəyində musiqi kimi səslənirdi.

Yucin uşaqlıqda kəpənək və quşların qanad çalmasından, meşə qumrusunun quruldamasından (budur o, indi də uzaqlarda sakitliyi pozur) necə sevindiyini və kənd əhalisinin mərdlik qüvvəsinə necə heyran olduğunu xatırladı. O öz şarabanında oturaraq, yanlarından ötüb getdiyi həyətlər kimi, yaxınlıqda mal-qaranın su içdiyi gölməçəni yaradan və yolu kəsib keçən bu arx kimi, qapısız, pəncərəsiz, üstü uçmuş damına qədər çiçəklənən, əməköməci və sarmaşıq basmış, tərk edilmiş bu uçuq ev kimi kənd etüdləri seriyasını çəkmək haqqında düşünürdü. “Biz, şəhər sakinləri, bütün bunları bilmirik”, – deyə o, içini çəkə-çəkə düşünürdü. O tamamilə unudurdu ki, paytaxta gedən bütün kəndli oğlanlar və qızlar kimi, o da təbiətin ağuşunda keçirdiyi uşaqlığının qəlbinin dərinliyinə qədər işləmiş təəssüratını özü ilə bərabər aparmışdı.

 

Blu ailəsinin ferması meşəli təpələrin yamacları arasında, çox geniş olan dərənin ortasında yerləşmişdi. Bir tərəfdə, evin yaxınlığında, sıx söyüd və qoz ağacları bitmiş sahillər arasında daşların üzəri ilə şırıldayaraq çay axırdı; bu evdən bir mil məsafədə balaca göl parıldayırdı. Malikanənin düz qabağında buğda əkilmiş on arlıq sahə uzanırdı. Onun sağ tərəfi otlaq, sol tərəfi isə yonca tarlası idi. Evə doğru gedən və nəhəng, uca qarağacların kölgəli xiyabanından keçən yol otlarla örtülmüşdü. Evin arxasında kəhriz, donuz damı, qarğıdalı anbarı və bir neçə kiçik mərəklər görünürdü. Evin qabağındakı bağça çəmənlikdən alçaq çəpərlə ayrılırdı, bu çəpər boyu yasəmən qalxmışdı, bağçanın özündə isə qızılgül və nərgiz çiçəyindən ibarət kərdilər salınmışdı. Dal qapını yay mətbəxi ilə birləşdirən dəhliz tamamilə sarmaşıqla örtülmüşdü, yaxınlıqda duran kötük isə çiçəklənən doqquzdona bürünmüşdü. Həyətdəki çiçəklik təmiz saxlanırdı, evin qabağında olan, üzərinə qol budaqlı ağacların kölgə saldığı böyük otluq isə məxmər kimi görünürdü. Ev uzun və birmərtəbəli idi, onun ön tərəfində cərgə ilə altı otaq vardı. Ortada olan iki otaq, yəqin, onun yetmiş il bundan qabaq tikilmiş köhnə hissəsi idi. Qalan dördü sonra tikilənlər idi. Bunlardan başqa yan tikinti də var idi ki, burada qış mətbəxi və yemək otağı yerləşmişdi. Yay mətbəxinə gedən dəhlizin qərb tərəfində taxtadan düzəldilmiş, rənglənmiş anbar dururdu. Bütün ev köhnə idi və başlı-başına buraxılmışdı, lakin özünə məxsus şairanəliyə malik idi.

Yucin belə gözəl yerə düşəcəyini gözləmirdi. Uzun və alçaq evin özü də, birbaşa bağa açılan qapıları da, cır üzüm tənəkləri ilə hörülmüş pəncərələri də, evi yaşıl divar ilə çəmənlikdən ayıran yasəmən kolları da, növbətçiləri xatırladan kölgəli qarağaclar da ona xoş gəldi. Şaraban darvazaya yaxınlaşdığı zaman o öz-özünə dedi: “Bu yer sevgi üçün yaranmışdır! Təsadüfə bax ki, Ancela burada yaşayır!”

Şaraban, çəmənliyin sol tərəfində iri çınqıllı yola səs-küy salaraq, bağın küçə qapısı yanında durdu. Marietta evdən çıxdı. Onun iyirmi iki yaşı var idi. Böyük bacısı nə qədər ağıllı və bəzən həddən artıq cəsarətsizdisə, bu qız bir o qədər gülərüz və şən idi. Pişik kimi qayğısız olan bu qız hər şeyin yaxşı tərəfini görməyə meyl edir, hər yerdə özünə dost qazanırdı. Ona coşqun məktublar yazan pərəstişkarlar dəstəsi ah çəkə-çəkə durur, o isə hamını ürək açıqlığı ilə rədd edirdi. Adama elə gəlirdi ki, burada – kənddə, ictimai əyləncələr mənasında şəhərdə olduğu kimi imkanlar yoxdur. Lakin “pərəstişkarlar” bu və ya başqa bəhanə ilə buraya da gəlirdilər. Marietta onları maqnit kimi özünə çəkirdi, Ancela da kiçik bacısının düzəltdiyi şənliklərdə iştirak edirdi.

Ancela yemək otağında idi, onu çağırmaq çox asan idi. Lakin Marietta, bacısının tora sala bildiyi gəncin nə cür olduğunu öz gözləri ilə görmək istəyirdi. Marietta onun boyunu, nüfuzedici xarici görünüşünü və iliklərə qədər işləyən nəzərlərini gördükdə heyrətdən donub qaldı. O inana bilmirdi ki, bacısının belə həsəd aparılası nişanlısı vardır. Qız mehriban təbəssümlə əlini uzatdı.

– Siz mister Vitlasınız, elə deyilmi? – deyə o soruşdu.

Yucin bir qədər təntənə ilə:

– Özüdür ki var, – deyə cavab verdi. – Sizin yollarınız necə gözəldir!

Qız gülə-gülə:

– Elədir, ancaq hava yaxşı olanda. Qışda onlar sizə belə xoş gəlməzdi. Rica edirəm, içəri gəlin, çamadanı da, bax, bura qoyun. Qardaşım onu sizin otağınıza aparar.

Yucin tabe oldu. Lakin o durmadan Ancela barəsində, onun nə vaxt gələcəyi və ona nə şəkildə görünəcəyi barədə düşünürdü. O, geniş, alçaq, sərin qonaq otağına daxil oldu, orada royalı və kitab rəfinə qoyulmuş notları görərkən xeyli sevindi. Açıq pəncərənin o tayında, çəmənlikdə, ağaclar arasında açılan tor yelləncək görünürdü. “Nə gözəl yerdir, – deyə o düşündü, – əsl poemadır”. Bu zaman Ancela gəldi. O, sadə ağ kətan paltarda idi. Yoğun hörükləri başına dolanmışdı, – bu həmişə Yucinin xoşuna gəlirdi. O, iri gül dərmiş və kəmərinə sancmışdı. Yucin Ancelanı görərkən hər iki əlini ona uzatdı və Ancela onun boynuna atıldı. Yucin onu bərk-bərk öpdü, çünki Marietta ədəbli hərəkət edərək onları tək buraxmışdı.

Yucin onu öpə-öpə:

– Nəhayət, mən səninləyəm, – deyə pıçıldadı.

– Hə, hə, – deyə qız köksünü ötürdü. – Sən çox gecikdin.

– Sən mənim gecikməyim üçün məndən artıq əzab çəkə bilməzdin, – deyə Yucin Ancelaya təsəlli verdi. Mən çox əzab çəkir və hey gözləyirdim.

Ancela:

– Bunu unudaq, – dedi. – Biz yenidən bir yerdəyik. Sən buradasan.

– Bəli, mən buradayam, – deyə Yucin ürəkdən güldü. – Bütün ağlım və istedadımla və yeganə qəhvəyi kostyumumla! Lakin sizin yerlər necə gözəldir – bu heyrətəşayan ağaclar, bu gözəl çəmənlik!

Yucin pəncərədən baxmaq üçün bir dəqiqəliyə gözünü Anceladan ayırdı.

– Mən şadam ki, bizim yerlər sənə xoş gəlir, – deyə Ancela səsləndi və onun gözləri sevinclə parladı. – Evimiz çox köhnə olsa da, biz onu sevirik.

– Elə bunun üçün də o mənə xoş gəlir. Bu kollar, bu güllər necə qəşəngdir! Əzizim, əgər sən buraların nə qədər yaxşı olduğunu təsəvvür etsəydin! Sən də – sən də elə gözəlsən ki!

O, Anceladan aralanaraq başdan-ayağa onu süzdü, Ancela isə qızardı və daha da gözəlləşdi. Onun coşqunluğu və cəsarəti Ancelanı təlatümə gətirirdi və onun ürəyi şiddətlə döyünürdü.

Bir az keçdikdən sonra onlar həyətə çıxdılar. O zaman yenidən Marietta, onunla bərabər altmış yaşlarında olan mehriban, dolu bədənli miss Blu gəldi. O, Yucinlə səmimiyyətlə salamlaşdı. Yucin dərhal hiss etdi ki, bu qadın hər cəhətdən onun anasına – hər bir yaxşı anaya oxşayır: o da eləcə qayda və dincliyi sevir, eləcə öz uşaqlarının xoşbəxtliyi üçün özünü oda atır, o da ictimai rəy, namus və əxlaq məsələləri üçün əsirdi. Yucin başqalarında olan bütün bu cəhətlərə ürəkdən hörmət bəsləyirdi. Bu cəhətləri ətrafındakılarda görmək onu sevindirirdi, o, hesab edirdi ki, cəmiyyət üçün bunların böyük əhəmiyyəti vardır; lakin onların özü üçün məcburi olmasına çox şübhələnirdi. O, ürəyində həmişə belə hesab edirdi ki, həyat hər cür şablon nəzəriyyədən, yaxud durulmuş olan həyat tərzindən daha zəngin, daha mürəkkəb və daha müəmmalıdır. Kişi, yaxud qadının öz vəziyyətinə və cəmiyyətin özünün xarakterinə müvafiq olaraq namus və ədəb qanunlarına riayət etməsi şübhəsiz tərifə layiqdir. Lakin məsələnin dərinliyinə getdikdə bu heç bir rol oynamır. Uzun ömür sürməyi nəzərdə tutan hər bir həyat tərzində, hər bir quruluşda öz təbiətini həmin cəmiyyətin yüksək prinsiplərinə və onun müəyyən etdiyi qanunlara uyğunlaşdıran miss Blu kimi adamlar olmalıdır. Belə adamlara təsadüf etdikdə, əlbəttə, riqqətə gəlmək olar; lakin bunlar təbiətin səbatsız və anlaşılmaz qüvvəsi qarşısında nədir ki! Onlar həmin quruluş üçün zəruri olan, lakin bütünlüklə bəşəriyyət üçün heç bir əhəmiyyəti olmayan təsadüfi harmoniyanın təzahürüdürlər. İyirmi iki yaşında ikən Yucinin görüşləri belə idi və o öz-özünə sual verirdi ki, görəsən bu görüşlərini bir zaman aşkar edə biləcəkmi və əgər adamlar onun fikirlərini oxuya bilsələr, görəsən nə deyərlər; o öz-özünə sual verirdi ki, görəsən üzərində durmaq üçün sarsılmaz qaya kimi həqiqətən dəyanətli bir şey – nə olursa olsun bir şey varmı, yaxud dünyada hər şey ancaq tərddüd edən kölgələr və xəyallardır?

Missis Blu qızının nişanlısını mehriban nəzərlərlə süzdü. Onun haqqında o çox şey eşitmişdi. Uşaqlarını vəzifə, namus və əxlaq qaydalarında tərbiyə edən ana inanırdı ki, onlar bu qaydalara riayət edən adamlarla münasibətdə olacaqlar. O, əvvəlcədən qət etmişdi ki, Yucin də belə adamlardandır. Onun hiyləgərlikdən əsər belə olmayan açıq üzü, gülən gözləri və sevimli təbəssümü ananı inandırdı ki, Yucin təbiətən də abırlı adamdır. Nəhayət, onun hərdənbir Ancelaya göndərdiyi gözəl şəkillərin sürətləri, xüsusən İst-Sayddakı izdihamı təsvir edən şəkil ananın qabaqcadan Yucini sevməsi üçün kifayət idi. Onun qızlarından heç biri – onlardan üçü artıq ərdə idi – bu gənclə müqayisə edilə biləcək əri olduğu ilə qürurlana bilməzdi. O, Yucinə gələcək kürəkəni kimi baxırdı və hesab edirdi ki, o belə hallarda ümumi qəbul edilmiş öhdəliklərin hamısını sevinclə üzərinə götürəcəkdir.

Yucin ehtiramla dedi:

– Mehriban dəvətiniz üçün təşəkkür edirəm, miss Blu. Mən çoxdan sizə gəlmək istəyirdim. Sizin ailəniz haqqında Anceladan çox eşitmişəm.

– Bizim ev ən adi kənd evidir, o elə bir şey olmasa da, biz onu sevirik, – deyə miss Blu cavab verdi.

O, mehribanlıqla gülümsədi, Yucindən Nyu-Yorkda işinin necə getdiyi haqqında soruşurdu, yelləncəkdə dincəlməyi təklif etdi və qonaq üçün nahar hazırlanan mətbəxə getdi.

Gənclər birlikdə çəmənliyə getdilər və orada ağacın altında oturdular. Yucin nə isə həyəcanlı bir hiss duyurdu. O hələ çox cavan idi, bununla belə, həyat onun başına öz bəxşişlərini yağdırmaqda idi, o sevir və sevilirdi. Onun bu yaxınlarda Nyu-Yorkda qazandığı müvəffəqiyyətlər ən xudpəsənd ümidlərini cilvələndirirdi. İndi isə o, qəlbində bir dinclik hiss edir, qazanılmış istirahətə sevinir, məhəbbət, pərəstiş və şəfəq saçan yayla nəşələnirdi.

Bu fikirlərə qapılmış Yucin yelləncəkdə yellənir və gözlərini gözəl çəmənlikdən ayıra bilmirdi. Nəhayət, onun nəzərləri Ancelada dayandı və düşündü:

“Dünyada bundan gözəl şey ola bilməz!”

ON SƏKKİZİNCİ FƏSİL

Qarğıdalı yerini yandırmaqla məşğul olan qoca Cotem Blu günortaya yaxın evə qayıtdı. Özünün altmış beş yaşına, ağappaq ağarmış saçına və saqqalına baxmayaraq, o doxsan, bəlkə yüzə qədər yaşaya biləcək möhkəm bir adam təsiri buraxırdı. Onun mavi gözləri, nüfuzedici baxışları var idi, sifətində qızartı oynayırdı. Geniş, qüvvətli çiyinləri və nazik beli gənclikdə onun qədd-qamətli bir kişi olduğunu göstərirdi.

O, Yucinə yaxınlaşaraq fövqəladə sadəlik və səmimiyyətlə:

– Salamlar, mister Vitla, – dedi. O, uzunboğaz çəkmə geyinmişdi və bu çəkmələrin üzərində çöldən gətirdiyi sarı palçıq qurumuşdu. O cibindən böyük qatlama bıçaq çıxarıb, yerdən qaldırdığı çubuğu yonmağa başladı. – Sizi gördüyümə çox şadam. Ancela sizin haqqınızda mənə çox danışmışdır.

O gülümsəyərək, Yucinə baxdı. Qonaq ilə yanaşı oturmuş Ancela qalxdı və ağır-ağır evə doğru getdi.

Yucin:

– Mən də sizi görməyimə şadam, – dedi. – Sizin yerlər mənə çox xoş gəlir. Bərəkətli yerlərdir.

Qoca Cotem:

– Söz yox ki, yerimiz bərəkətlidir, – dedi və ağacın altındakı stulu özünə tərəf çəkərək oturdu. Yucin yelləncəkdə yenidən öz yerini tutdu.

– Buranın torpağı əhəng, karbon, kalium ilə zəngindir – bunlar isə bitki üçün əsas qidadır. Süni gübrə çox az tələb olunur. Ən başlıcası torpağı diqqətlə becərmək, alaq otları və ziyanvericilərlə mübarizə etməkdir.

O, dalğıncasına əlindəki çubuğu yonurdu. Onun fizika və kimyanın əkinçilik işlərində tətbiqi ilə tanış olması Yucini təəccübləndirirdi. Özündə əkinçilik məharətini əməlli-başlı biliklərlə birləşdirən bir adamı görmək xoş idi.

– Sizin yollarda mən gözəl taxıl tarlaları gördüm, – deyə Yucin qeyd etdi.

– Bəli, hava az-çox əlverişli olduqda taxıl burada yaxşı bitir, – deyə qoca Blu həvəslə səsləndi, – elə qarğıdalı da yaxşı bitir, alma ağacları bol məhsul verir, üzüm də tez dəyir. Mən həmişə belə rəydə olmuşam ki, Viskonsin ştatının Missisipi hövzəsində olan başqa ştatlara nisbətən bəzi üstünlükləri vardır, təbiət bu yerlərə mülayim iqlim, bol axar su, gözəl, müxtəlif relyef bəxş etmişdir. Şimalda çox zəngin mədənlər və nə qədər istəsəniz meşə vardır. Bizdə, Viskonsində firavan yaşamaq olur. Bu ştatın böyük gələcəyi vardır.

O danışarkən Yucin onun gözlərinin necə geniş açıldığını görə bildi. Qocanın öz ştatının və öz vətəninin taleyilə belə maraqlanması Yucinə xoş gəldi. Bu, torpağın acınacaqlı qulu deyil, sözün həqiqi mənasında əkinçi, öz işini bilən fermer, öz ştatını və vətənini sevən amerikalı idi.

Yucin:

– Missisipi vadisini mən həmişə böyük imkanlar ölkəsi kimi təsəvvür edirdim, –dedi. – Tarix, əhalisi belə sıx olan yerləri, məsələn Nil vadisini yaxud Fərat vadisini tanıyır, ancaq bizim vadi müqayisə edilməz dərəcədə genişdir. Mən inanıram ki, gələcəkdə mühacirlər dəstələrlə axışıb buraya gələcəkdir.

Cotem Blu:

– Bizim ştat yer üzünün yeni cənnətidir, – dedi. Bir dəqiqəliyə çubuğu yonmağı dayandırdı və öz sözünə qüvvət vermək üçün sağ əlini qaldırdı. – Biz hələ onun bütün sərvətlərini yaxşı tanımırıq. Burada bütöv bir ölkənin əhalisini təmin etmək üçün kifayət qədər meyvə, taxıl, qarğıdalı yetişdirmək olar. Bizim torpağın belə münbit olması məni bəzən təəccübləndirir. O elə səxavətlidir ki! O, böyük ana kimidir. O ancaq onunla yaxşı rəftar edilməsini xahiş edir, o zaman özündə olanların hamısını verir.

Yucin gülümsədi. Gələcək qayınatasının geniş görüş dairəsi onu heyrətləndirirdi. O hiss etdi ki, bu adamı sevməyə hazırdır.

Onlar yerli əhalinin xarakteri haqqında, Çikaqonun inkişafı haqqında, Venesuela ilə müharibənin bu günə qədər davam edən qorxusu haqqında, Cotem Blunun valeh olduğu demokrat partiyasının yeni lideri haqqında söhbət etdilər. O bu lider haqqında bütün təfərrüatı ilə danışmağa başladı, – anladı ki, mister Blu onu bu yaxınlarda Blekvudda görmüşdür. Bu söhbət zamanı missis Blu evin astanasında göründü.

 

– Cotem! – deyə o çağırdı.

O qalxaraq:

– Arvadıma yəqin bir vedrə su lazım olmuşdur, – dedi və tələsmədən evə doğru yollandı.

Yucin gülümsədi. Bütün bunlar necə təsirlidir! Həyat məhz belə olmalıdır – sağlamlıq, qüvvə, xeyirxahlıq, qarşılıqlı anlam və sadə, səmimi münasibət. O, Cotem Blu kimi adam olmağına, belə sağlam, səmimi, təmiz və qüvvətli olmağına şad olardı. Təsəvvür etməli ki, bu adam səkkiz uşaq böyütmüşdür!

Onun Ancela kimi məftunedici qızı olmasına təəccüb yeri qalırmı? Yəqin başqa uşaqları da belədirlər.

Marietta qayıdan zaman Yucin yelləncəkdə yellənirdi. O gülümsəyir, külək onun sarışın saçlarını dağıdırdı.

Mariettanın gözləri atasının gözləri kimi mavi idi, o da atası kimi zirək və çevik, səmimi və mehriban idi. Yucin ona məftun oldu. Marietta ona bir az Rubini və bir az da Marqareti xatırladırdı. O, gənclik və sağlamlıqla cilvələnirdi.

Yucin qıza nəzər salaraq:

– Siz, deyəsən, Anceladan qüvvətlisiniz, – dedi.

– Bəs necə! – deyə qız səsləndi. – Bizim mələk qətiyyən mənə çata bilməz. Biz bəzən tutuşuruq, lakin bir anda ona qüvvətimi göstərirəm, o da təslim olmağa məcbur olur. Hətta bəzən mən özümü ondan böyük hiss edirəm – axı həmişə belə oyunların təşəbbüskarı mən oluram.

Yucin “Mələk” ləqəbini qiymətləndirdi və qət etdi ki, bu ad Ancelaya münasibdir. O, həqiqətən də köhnə dini kitablarda, yaxud kilsə vitrajlarında təsvir olunan mələkləri xatırladırdı. Onun xəyalından tutqun bir fikir keçdi ki, Mariettanın xasiyyəti daha yaxşıdır və onda təbii mehribanlıq və qadınlıq məlahəti daha artıqdır. Lakin o, bu fikri başından çıxarmağa özünü məcbur etdi. O özünə təkrar edirdi ki, burada Ancelaya sadiq olmalıdır.

Onlar söhbət edən zaman uşaqlardan ən kiçiyi, Devid yaxnlaşdı və otun üstündə oturdu. O, orta boylu, ağıllı üzlü və oynaq gözlü, on altı yaşına görə olduqca dolğun bir oğlan idi. Yucin onda müvazinət və sakit qüvvə hiss etdi. O belə nəticəyə gəlirdi ki, valideynlərinin sağlamlığı və xasiyyəti uşaqlara keçmişdir; bu ev uğurlu uşaqların böyüdüyü ev idi. Bir qədər keçdikdən sonra Bencamen onlara yanaşdı. O, ucaboy, yaşına görə hətta həddindən artıq ucaboy idi və xarici görünüşünün xüsusiyyəti ilə Qərbi Amerika puritanı təsirini bağışlayırdı. Sonra isə oğlanlardan ən böyüyü və hamısından daha artıq gözəl olan Semyuel gəldi. O, qoca Cotem kimi, siması sarsılmaz sarsıntı ifadə edən, qaralmış və cavan palıd kimi möhkəm, qüvvətli bir kişi idi. Söhbət zamanı anlaşıldı ki, o, Sent-Polda dəmir yolunda işləyir və evə qısa bir müddətə – üç il ərzində bir dəfə, məzuniyyətini keçirməyə gəlmişdir. Onun işlədiyi dəmir yolu “Böyük şimal yolu” adlandırılırdı və o, stansiya rəisinin ikinci köməkçisi vəzifəsini daşıyırdı, ailədə elə hesab edirdilər ki, o öz vəzifəsində irəliləyəcəkdir. Yucinə aydın idi ki, bütün bu oğlan və qızlar, həmçinin Ancela yenilməz, namuslu və saf xasiyyətlə fərqlənirlər. Onların hamısı comərdlik haqqında xristian anlayışında – heç də onun kilsə təfsirində deyil, həqiqi xristian anlayışında, yəni insandakı zəif cəhətlərə səbrli olmaq və güzəştə getmək ruhunda tərbiyə edilirdilər və onların həyatı əxlaq və ədəb adlanan çərçivədən kənara çıxmırdı. Bu, Yucini düşünməyə məcbur etdi. Onun əxlaq məsələlərində şəxsi prinsipsizliyi onun özü üçün bir müəmma idi. Bəlkə, elə isə kainatın mürəkkəb mexanizmi və onun sirləri kimin üçündür? Yucin hiss etdi ki, əmələ gəlmiş ictimai həyat tərzi dairəsində o, həqiqətən öz yerində deyildir. Lakin həyatı daha geniş mənada anlamağa gəldikdə, burada bir şey demək çətindir.

Saat birin yarısında missis Blu qapıda göründü və naharın hazır olduğunu xəbər verdi. Dərhal hamı qalxdı. Bu, adətən mədəni fermer ailələrində olan sadə ev süfrəsi idi. Bolluca təzə tərəvəz – göy noxud, təzə lobya və təzə kartof qoyulmuşdu. Bozartma üçün ət öz arabası ilə bütün vilayəti gəzən ətçidən alınmışdı. Bundan başqa, miss Blu azca isti biskvit hazırlamışdı. Yucin etiraf etdi ki, o, ayranı çox sevir və ona bir dolu kuzə ayran gətirdilər. Uşaqlardan heç biri ayranı sevmədiyi üçün onu donuzlara verilən yeməyə qatırdılar. Stol arxasında şirin söhbət gedirdi, zarafatlar eşidilirdi. Yucinin qulağına qonşuluqda yaşayanlara aid olan yeni xəbərlər çatırdı. Hansı bir fermerinsə atı ölmüşdür, kim isə taxıl yığımına hazırlaşır. Bu ştatın başqa şəhərlərində yaşayan üç böyük bacının tez-tez adı çəkilirdi. Onların, görünür, çoxlu uşaqları vardı, bu uşaqlar onlara hədsiz əziyyət verirdilər. Onlar möhkəm tellərlə bağlı olduqları qohumlarını tez-tez görməyə gəlirdilər.

Semyuel onların mənafelərinin belə ümumi olduğuna Yucinin təəccüb etdiyini görərək:

– Siz Blu ailəsi ilə nə qədər yaxından tanış olsanız, sizə bir o qədər aydın olar ki, bu, ailə olmaqdan artıq tayfadır. Onun bütün üzvləri bir-biriylə möhkəm surətdə bağlıdırlar.

Öz qohumlarına heç də belə maraq bəsləməyən Yucin:

– Bu, məncə, çox yaxşı cəhətdir, – deyə gülərək cavab verdi.

Qonşularına baş çəkməyə gələn Ceyk Doll adlı fermer:

– Mən isə sizə deyirəm ki, əgər Blu ailəsi üzvlərinin bir-birini necə müdafiə etdiklərini bilmək istəyirsinizsə, onlardan birini incitməyi sınayın.

Semyuel yanında oturan Ancelaya:

– Bu doğrudur, deyilmi, bacıcan? – dedi və nəvazişlə onun əlinə toxundu.

Bu hərəkət Yucinin nəzərindən qaçmadı. Qız da eyni nəvazişlə başı ilə təsdiq etdi.

– Bəli, Blu ailəsi üzvlərinin hamısı bir-birinə möhkəm bağlıdırlar. Yucin Ancelanı doğma qardaşına qısqanmağa hazır idi. O belə bir qızı doğma mühitindən aparmağın, tamamilə bu mühitdən uzaq salmağın və başqa aləmə aparmağın mümkün olub-olmadığı üzərində bilaixtiyar düşündü. Bu qız onu, Yucini, anlaya biləcəkdimi, Yucin həmişəlik onunla qala biləcəkdimi? O daim bu qıza sadiq qalmaq lazım gəldiyini təkrar edərək, təbəssümlə onun atasına və anasına baxırdı. Amma həyatda çoxlu qəribəliklər vardır, onun gələcəkdə necə olacağını demək çətindir.

Yucin gün ərzində daha bir çox xoş təsirlər aldı. Axşam o, Ancela ilə birlikdə sərin qonaq otağında düz iki saat oturdu və Yucin onun necə gözəl olduğunu, özünün bu köhnə evə necə valeh olduğunu, onun ata və anasının necə sevimli adamlar olduğunu, necə gözəl qardaşları olduğunu dönə-dönə ona söylədi. O, tarladan qayıdan Cotemin karandaşla şəklini çəkdi. Şəkil Ancelaya çox xoş gəldi və atasına göstərmək üçün onu özündə saxladı. Yucin pəncərənin yanında durmağı xahiş etdi və Ancelanın başını yumşaq saçlar haləsində çəkdi. Yucin, Bauerin gecə vaxtı təsvir edən şəklini xatırlayaraq, onu axtarmağa getdi və buradaca ilk dəfə onun üçün ayrılmış səliqəli sərin otağı gördü. Pəncərə qərbə açılırdı – buradan əməköməci kolları görünürdü, qapı isə kölgəli və sərin çəmənliyə açılırdı. Ona elə gəlirdi ki, o gözəllikdə çimir və ətrafında ancaq səadət görür. Həyatın daim bu cür şən ola bilməyəcəyi fikri onu incidirdi, sanki gözəllik əbədi və hər yerdə mövcud olan şey deyildi.

Ancela Yucinin çəkdiyi şəkilləri jurnalda görərkən, iftixar və xoşbəxtlik hissindən yerə-göyə sığmırdı. Bu onun sevgilisinin istedadının şəksiz şahidi idi. O öz məktublarında, demək olar, hər gün ona Nyu-Yorkun sənət aləmini təsvir edirdi, bunun üçün də Ancelada Nyu-York haqqında bəzi təsəvvürlər əmələ gəlmişdi; doğrudur, bu təsəvvürlər çox bəzədilmişdi, lakin belə şəkillər nə isə müəyyən, əl ilə toxunmaq mümkün olan şeylər idi. Bütün dünya onları görəcəkdi. Ancela elə xəyal edirdi ki, Yucin artıq məşhur adamdır.

Купите 3 книги одновременно и выберите четвёртую в подарок!

Чтобы воспользоваться акцией, добавьте нужные книги в корзину. Сделать это можно на странице каждой книги, либо в общем списке:

  1. Нажмите на многоточие
    рядом с книгой
  2. Выберите пункт
    «Добавить в корзину»