Dahi

Текст
0
Отзывы
Читать фрагмент
Читайте только на ЛитРес!
Отметить прочитанной
Как читать книгу после покупки
  • Чтение только в Литрес «Читай!»
Шрифт:Меньше АаБольше Аа

Hər halda o, Mariettaya cavab vermədi. Onun xahiş etdiyi kimi, məktubu tikə-tikə etdi. “Əgər Ancela bu barədə bilsəydi – deyə o düşündü, – bu, əlbəttə, onu dərindən təhqir etmiş olardı”.

Bu vaxt ərzində Ancelanın düşüncələri onu belə bir nəticəyə gətirib çıxardı ki, əgər sevgilisi bir zaman qayıdarsa, ona təslim olmaq, yəqin ki, daha ağıllı olar, – o zaman o, Ancelaya evlənməyi özünə borc hesab edər. Ancela, ümumiyyətlə həyata yaxşı bələd deyildi, o zaman isə onun mühakimələrində tam bir dolaşıqlıq vardı. O belə bir hiyləyə əl atmağın ağılsızlığını bilmirdi. Ancela Yucini sevirdi, o hiss edirdi ki, Yucin onun olmalıdır, ondan məhrum olmaqdansa ölmək yaxşıdır və belə bir iş görmək fikri son vasitə kimi onun ağlına gəlmişdi. əgər Yucin onunla evlənməkdən boyun qaçırsa, Ancelanın özünü gölə atmaqdan başqa çarəsi qalmayacaqdı. O bunu möhkəm qət etmişdi. O ən yaxşı məhəbbət ümidlərinin məhvə məhkum olduğu bu qorxunc aləmi tərk edəcəkdir. O bütün əzablarını unudacaqdır. Əgər orda onu rahatlıq və sakitlik gözləyirsə, artıq ona heç bir şey lazım deyil.

Aylar keçir, bahar yaxınlaşırdı. Yucin Ancelanın yazdığı məktublarda tez-tez təkrar edilən qızğın cümlələrdən onun əhvali-ruhiyyəsini anladığı üçün tədricən bu nəticəyə gəlirdi ki, onun yanına getməlidir. Mariettanın məktubu onun ağlından çıxmırdı. Ancelanın keçirdiyi gərgin hal onda labüd bir fəlakət baş verəcəyi hissini oyadırdı. O soyuqqanlıqla oturub ona yaza bilməzdi ki, onlar daha heç vaxt görüşməyəcəklər. Blekvuddakı yayın ətri və Ancelanın yaşadığı aləmin lətif gözəlliyinin buraxdığı təəssürat onun xəyalından silinməmişdi. Apreldə o yazdı ki, iyulda gələcəkdir. Ancela sevincindən yerə-göyə sığmırdı.

Kristina Çenninqin bu il Avropadan qayıtmaq gümanı olmaması Yucinin bu qərarına yardım etdi. Bu qış müddətində o, Yucinə bir neçə dəfə məktub yazmışdı, lakin məktublarının ahəngi çox ciddi idi. Onun məktubunu yad bir adam heç vaxt düşünə bilməzdi ki, onunla Yucin arasında bir şey olmuşdu. Əlbəttə, Yucinin məktubları daha artıq alovlu olurdu, lakin Kristina onun ehtiraslı işarələrini saymamağı, onlara əhəmiyyət verməməyi üstün tutdu və tədricən Yucin inanırdı ki, gələcəkdə ondan heç bir şey gözləməməlidir. Onlar yaxşı dost olaraq qalacaqlar, bir zaman aşiq-məşuq olacaqlarına isə güman yoxdur. Hər halda heç bir zaman ər-arvad olmayacaqlar. Ona fövqəladə, mühüm görünən şeylər haqqında Kristinanın belə sakitliklə yazması fikri onu özündən çıxarırdı. Kristinanın onu öz həyatından belə laqeydliklə silməsi onun qürurunu yaralayırdı. Nəhayət, o hirsləndi və Ancelanın sədaqəti ona yeni şəkildə görünməyə başladı. O, Yucinlə belə rəftar etməzdi. O, Yucini həqiqətən sevir. Ancela vəfalı və sədaqətli qız idi. İndi Blekvuda getmək Yucinə daha maraqlı görünməyə başladı və iyunun əvvəlində o artıq Ancelanı görmək arzusu ilə yanırdı.

İYİRMİ ALTINCI FƏSİL

Gözəl iyun günləri gəldi və Yucin ikinci dəfə Blekvuda yollandı. Ona qəribə hislər hakim kəsilmişdi – həm Ancelanı görmək istəyir, həm də olsun ki, səhv etdiyi fikrindən əzab çəkirdi. Nə isə məşum bir labüdlük fikri onu üzürdü. Yoxsa Ancelayla evlənmək onun qismətindədir? Lakin bu mənasızdır, – axı qərar ancaq onun özündən asılıdır. O, Ancelanın arxasınca getməyi qərara almışdı, – bəlkə belə deyil? Yucin ehtirasın səsinə qulaq asdığını etiraf etməyə hazır idi, lakin, doğru deyilərsə, o, məhəbbətdə ehtirasdan başqa bir şey görmürdü. Qadını və kişini bir-birinin qucağına atan ehtiras deyilmi? Doğrudur, bir də şəxsiyyətin cazibəsi olur, lakin ehtiras yenə də əsas amil olaraq qalır. Əgər fiziki meyl kifayət qədər qüvvətlidirsə, iki adamın ünsiyyəti üçün bu kifayət deyilmi? Daha nə lazımdır? Bu, coşqun və təcrübəsiz gəncliyin məntiqi idi, lakin bu, müvəqqəti olaraq Yucini təmin edir və sakitləşdirirdi. Ancelada onu Miriem Finç və Norma Uitmor kimi cəlb edən şey yox idi, həmçinin onda Kristina Çenninqin gözəl istedadı da yox idi. Buna baxmayaraq, Yucin yenə də Blekvuda gedirdi.

Keçən qış onun Norma Uitmora marağı artmışdı. Onun görüşlərinin genişliyi və ağlının incəliyi Yucini heyran edirdi. Yucin belə müstəqil zövqə malik olan bütün yenilik və orijinallığı onların malı edirdi. Ədəbiyyatdakı ifadəli realizm, Yucinin özünü nümayəndəsi hesab etdiyi təzə, səmimi sənət Normanı cəzb edirdi. Normanın Yucinin yaratmağa can atdığı yeni və təzə şeyləri layiqincə qiymətləndirməyə imkan verən qeyri-adi həssaslığı və zəkası Yucini çox həvəsləndirirdi, həm də Norma öz dostları arasında Yucinə və onun yeni yollar aramasında şərait yaradırdı. Norma bununla kifayətlənməyərək, tanış olan iki bədii salon sahibini Yucinin işləri ilə tanış etməyə çalışdı. Bir dəfə onlarla görüşərkən, Norma onların bu vaxta qədər gənc Vitla kimi böyük əhəmiyyətli hadisəni görməyib, yanından ötdüklərinə heyrət etdiyini bildirdi.

O, Beşinci avenyüdə olan ən böyük salonun sahibinə, ona reproduksiya üçün şəkillər verən Eberxart Tsanqa:

– Başa düşürsünüzmü, – dedi, – bu tamamilə yeni bir şeydir.

– Vitla, Vitla, – deyə o adam çənəsini sığallayaraq özünə xas olan alman təmkinliyi ilə səsləndi, – nədənsə onun şəkilləri mənə rast gəlməmişdir.

– Əlbəttə, rast gəlməmişdir, – deyə Norma eyni təkidlə davam etdi. – mən sizə deyirəm ki, o yeni adamdır. O ancaq bu yaxınlarda gəlmişdi. Son ayda çıxmış “Truf” jurnalının nömrələrinə baxın, onlardan birində – hansı olduğunu xatırlamıram, – “Qrili-skver” etüdünü tapın. O zaman siz mənim nə dediyimi anlarsınız.

Tsanq bu adı yadda saxlamağa çalışaraq:

– Vitla, Vitla, – deyə təkrar etdi. – Onu mənim yanıma göndərin. Mən onun çəkdiklərinə baxmağa etiraz etmirəm.

– Deyərəm, – deyə Norma sevincək cavab verdi.

Norma Yucini onun yanına göndərməyi çox istəyirdi, Yucin isə işləri çoxalmadıqca onları üzə çıxarmağa meyl göstərmirdi. O hesab edirdi ki, işin ancaq müəyyən hissəsini camaatın mühakiməsinə çıxarmağa cəsarət edə bilər. Onun Nyu-York mənzərələri seriyası isə hələ hazır deyildi. Həmçinin o daha iri olan başqa bədii salon sahibinə müraciət etmək niyyətində idi.

Bu vaxt içərisində Yucinlə Norma arasındakı münasibət elə bir şəkil aldı ki, bunu qardaşla bacı arasında münasibət, daha doğrusu, iki dost arasında münasibət adlandırmaq olardı. Yucin Normanın evində olarkən bəzən onun belini qucaqlayır, heç bir sıxıntı duymadan əlini əli içərisinə alır və mehribanlıqla çiyninə toxunurdu. Bu hərəkət onun tərəfindən dostluq mehribanlığının təzahüründən başqa bir şey deyildi, lakin əgər Yucinin safqəlbliliyi, təmiz qardaşlıq rəftarı Normanı soyutmasaydı, onda tamamilə başqa bir hiss alovlana bilərdi. Yucin heç bir zaman ona özünün başqa dostları haqqında danışmamışdı və indi, qərbə yollanarkən, özündən soruşurdu; o həqiqətən Ancelayla evlənsə, Norma və Miriem Finç onun izdivacına necə münasibət bəsləyərlər? Kristina Çenninqə gəlincə, onun haqqında həddən artıq düşünmək istəmirdi, daha doğrusu, qorxurdu. Onunla olan macərasından Yucində itirilmiş gözəllik duyğusu, bir ağrı hissi qalmışdı.

Çikaqo ona iyun ayında həm şəhərdə hökmranlıq edən vurnuxmaya, həm də burada xəyalında canlanan xatirələrə görə o qədər xoş görünmədi. İncəsənət institutu, bir zaman işlədiyi qəzetin binası, Rubinin yaşadığı ev və küçə burada idi. Keçən dəfə qatar şəhərə yaxınlaşanda olduğu kimi, o yenə Rubi haqqında fikrə getdi. Onda Rubini axtarmağa və onunla görüşməyə şiddətli bir arzu var idi. O, “Qlob” redaksiyasına getdi, lakin Metyuz artıq orada yox idi. Qayğısız, şən Cerri “Nors-Amerika” jurnalının dəvətini qəbul edərək, bir az bundan qabaq Filadelfiyaya köçmüşdü. Təkcə əvvəlki kimi xırdaçı və əhəmiyyətsiz Xau qalmışdı. Əlbəttə, Holdfarb da yox idi və Yucin özünü bu şəhərdə tamamilə yad hiss edirdi. Blekvuda gedən qatara minmək vaxtı çatdıqda o sevindi. Gəncliyin izsiz keçib gedən illəri haqqında qüssələnərək, həyatın mənasızlığı, müəmmalılığı və boşluğu haqqında düşünərək, ürək ağrısı ilə Çikaqonu tərk etdi.

“Nə qədər kədərli olsa da, qocalırıq, – deyə o düşündü, – mənim üçün həyatın mahiyyəti olan şey, indi ancaq xatiratımda yaşayır”.

Yucinin Blekvuda gəlməsi ərəfəsi Ancela üçün ən şiddətli iztirablarla dolu günlər idi. İndi Ancelanın qarşısında Yucinin onu əvvəlki kimi sevib-sevmədiyini öyrənmək məsələsi dururdu. Ancela yenə onun yaxınlığından, onun cazibəsindən doğan sevinci duyaraq, onu yaxında saxlamağın mümkün olub olmayacağını biləcəkdir. Marietta, Yucinin gələcəyini bildikdə, bu gəlişdə onun məktubunun oynadığı rolla lovğalandı, lakin bu gəlişin bacısı üçün açdığı imkanlardan onun lazımınca istifadə edə bilməyəcəyi fikri onu narahat edirdi. O istəyirdi ki, Ancela mümkün olduqca qəşəng görünsün, buna görə nə geyinmək, nə cür oyunlar oynamaq (Yucinin son gəlişindən sonra ailə əyləncələri sırasına tennis və kroket daxil olmuşdu) və nə cür gəzintilərə çıxmaq haqqında bacısına məsləhətlər verirdi. Marietta hesab edirdi ki, Ancela bütün füsunkarlığını məharətlə işə salmaq üçün kifayət qədər hiyləgər deyil, ancaq lazım gəldiyi kimi geyinərsə, özünü daha əlverişli şəkildə göstərərsə, Yucin onun torundan yaxa qurtara bilməz. Marietta isə Yucinin gözünə az sataşmağı və ümumiyyətlə qüvvəsi daxilində bacısı qarşısından çəkilməyi qərara aldı. Məsələ bunda idi ki, Marietta həqiqi bir gözələ çevrilmişdi və istər-istəməz kişilərin qəlbinə hakim kəsilirdi.

Bir dəfə səhər, Yucin gəlməyinə on gün qalmış o, Ancelaya dedi:

– Ancela, mənim mərcan boyunbağım yadındadırmı, onu tax, mənim saya kətan paltarımı və öz darçını başmaqlarını geyin. Sən hədsiz qəşəng olarsan və Yucinin xoşuna gələrsən. Gəlsənə, təzə qoşaaltı arabanı götürüb onu Blekvudda qarşılayasan? Sən mütləq onu qarşılamalısan.

Ancela Yucinə bağışlayacağı ilk təsirdən qorxaraq:

– Yox, Bebiett, mən, doğrusu, bunu istəmirəm, – deyə cavab verdi. – Qoy Yucin elə düşünməsin ki, Ancela onun dalınca sürünür.

“Bebiett” Mariettaya uşaqlıqda verilmiş ləqəb idi ki, bunu indi də mühafizə edirdi.

– Bu nə sarsaqlıqdır. Ancela, belə avam olma. Mən həyatda səndən utancaq qız görməmişəm. Axı, bu xalis mövhumatdır. İnan, əgər sən bir az çox cəsarət göstərmiş olsan, o səni möhkəm sevər. Hə, necə, onu qarşılamağa gedəcəksənmi?

 

– Yox, yox, – deyə Ancela cavab verdi. – Bu mənim işim deyildir. Qoy əvvəlcə gəlsin, onda bir axşam onunla miniklə gəzməyə çıxıram.

– Eh, sən də bilmirəm necə adamsan, Ancela! Onun gəlişi münasibətilə heç olmazsa güllü çəhrəyı paltarını geyin və saçlarına yaşıl yarpaqlar sanc.

– Yetər, Bebiett. Mən bunların heç birini edən deyiləm. Çəhrayı paltar sənə çox yaraşır, yaşıl yarpaqlarla isə əntiqə olacaqsan.

– Mən paltar haqqında danışmıram. Mən bilirəm ki, o çox yaxşıdır. Mən yarpaqlar haqqında deyirəm.

Yersiz təvazökarlığın bu yeni təzahürü Mariettanı lap hirsləndirirdi.

– Axmaq olma, Ancela! – deyə o səsləndi. – Sən məndən böyüksən, lakin mən kişiləri sənin heç bir zaman tanıya bilməyəcəyindən daha yaxşı tanıyıram. Məgər sən onun xoşuna gəlmək istəmirsən? Bir az qətiyyətli olmaq lazımdır. Aman Allah! Dünyada o qədər qız vardır ki, onlar sənin yerində olsaydılar, nələr, nələr edərdilər!

Marietta bacısının belini qucaqladı və gözlərinin içinə baxdı.

– Sən mənim dediyimi edəcəksən – dedi və Ancela Mariettanın ondan nə tələb etdiyini anladı: o bütün vasitələrlə Yucini ələ almalıdır, onu qəti izahata və toy gününü təyin etməyə, yaxud özü ilə Nyu-Yorka aparmağa məcbur etməlidir.

Ancela ilə kiçik bacısının bu mövzu ətrafında daha bir neçə dəfə söhbətləri düşdü və əyləncə proqramına göldə gəzmək, bir neçə hissə tennis (bu zaman Ancela ağ kostyum, ağ ayaqqabı geyinməli idi) və rəqslər daxil edildi (xəbərlərə görə, tanış bir fermer onlardan yeddi mil məsafədə olan yeni anbarında rəqs məclisi düzəldirdi). Marietta qərara aldı ki, Ancela özünü gənc, şən, çevik göstərməlidir, yəni Yucini valeh etmək üçün mümkün olan hər şeyi etməlidir.

Nəhayət, Yucin gəldi. Onu gətirən qatar günorta vaxtı Blekvuda çatdı. Bütün etirazlarına baxmayaraq, Ancela yenə də, Mariettanın məsləhət gördüyü kimi, yaxşı geyinmiş və özünü təmkinli tutmuş halda Yucini qarşıladı. O öz müstəqil görünüşü ilə təsir yaratmaq ümidində idi. Lakin Yucin vaqondan düşəndə onun dəri kəmərli yol paltarını, boz ingilis kepkasını və dəbdə olan yaşıl dəri çamadanını gördüyü zaman ürəyi düşdü. Onun qarşısında çox təcrübəli, kübar bir adam dururdu. Görünürdü ki, Blekvud onun üçün heç bir əhəmiyyəti olmayan uzaq bir əyalətdir. O başqa, böyük bir aləmin adamıdır.

Ancela stansiya platformasından ən axırıncı öz ikiatlı arabasında gözləyirdi. Yucini görərkən əl elədi. Yucin sürətlə ona doğru yönəldi.

– Salam, əzizim! – deyə o səsləndi. – Hə, bax, axırı ki, görüşdük. Sən necə də gözəlləşmisən!

O, arabaya qalxdı və Ancelanı tənqidi surətdə süzərək, onunla yanaşı oturdu. Ancela bu sınayıcı nəzərləri bütün varlığı ilə hiss etdi. Görüşün ilk sevincli təəssüratından sonra Yucin bir az özünü itirdi: bu qız onun indi yaşadığı yeni aləmdən elə uzaq idi ki! Həm də o qocalmışdı, buna şübhə ola bilməzdi. Əlbəttə, üç illik ümid, intizar və təşvişlər iz buraxmadan keçə bilməzdi. Buna baxmayaraq, o yenə zərif, sadiq və sevimli xilqət idi. Yucin bunu duydu, onun üçün də, özü üçün də ürəyində azacıq ağrı hiss etdi.

– Hə, burada necə keçinirdin? – deyə o soruşdu.

Onlar hələ qəsəbədən çıxmamışdılar və buna görə hislərə sərbəstlik vermək olmazdı. Gediş-gəliş olmayan kəndarası yollara çıxana qədər rəsmiyyətə tabe olmaq lazım idi.

– Həmişə olduğu kimi, Yucin. Mən sənin üçün çox darıxırdım.

Ancela onun gözlərinin içinə baxdı və Yucin yaxında olanda qızı bürüyən həyacan Yucinə də keçdi. Onun bütün varlığında nə isə bir şey var idi ki, Yucinin ona duyduğu rəğbət qığılcımını şiddətli bir alova çevirirdi. Ancela özünü şən və məmnun göstərərək, hislərini gizlətmək istəyirdi, lakin gözləri onu ifşa edirdi. Bu gözlərin baxışları Yucində ehtirasla qarışıq ruhi həyəcan oyadırdı.

Atları Ancela sürürdü. Yucin onun əlini sıxaraq:

– Yenidən kəndə qayıtmaq nə yaxşıdır, – dedi. – Xüsusən səni və böyük şəhərdən sonra bu yaşıl çölləri görmək…

O, ətrafda hər birinin kiçik çəmənliyi, bir neçə ağacı və səliqəli çəpəri olan birmərtəbəli kiçik kənd evlərinə baxırdı. Nyu-York və Çikaqodan sonra belə kənd əyləncəli təsir bağışlayırdı.

– Sən məni əvvəlki kimi sevirsən?

Ancela başı ilə təsdiq etdi. Yucin Ancelanın atası, anası, qardaşları və bacıları haqqında sorğu-sual etməyə başladı, ətrafda heç kəsin olmadığını gördüyü zaman isə Ancelanı qucaqladı və özünə tərəf çəkdi.

– İndi olar, – dedi.

Ancela onun ehtiras qüvvəsini hiss etdi, lakin – əfsus! – o zamankı pərəstişkar baxışlar yox olmuşdu. Bəli, Yucin çox dəyişmişdi. O dəyişməyə bilməzdi. Böyük şəhərin təəssüratından və görüşlərindən sonra Ancela onun gözlərində çox şey itirməli idi. Həyatın onunla belə amansız rəftar etdiyini dərk etmək Ancelanın qəlbini ağrıdırdı. Lakin o, bəlkə, Yucini ələ almağa və yanında saxlamağa müvəffəq oldu.

Onlar Blu fermasının yaxınlığında, iki yol ayrıcında balaca Oukuni gölü yanında olan eyni adlı qəsəbəyə doğru gedirdilər. Blu ailəsi bu yerə öz malikanəsinin bir hissəsi kimi baxırdı. Yucin yolda Anceladan öyrəndi ki, onun ən kiçik qardaşı, Devid Vest-Poynta daxil olmuşdur və orada böyük müvəffəqiyyət qazanır. Semyuel Böyük Şimal dəmir yol stansiyalarının birində yük şöbəsinin müdiridir və yenidən vəzifəsinin artmasını gözləyir. Bencamin hüquq fənni kursunu bitirmiş və indi Rasin şəhərində praktikadadır. O, siyasətlə çox maraqlanır və ştatın qanunverici məclisinə öz namizədliyini irəli sürmək niyyətindədir. Marietta əvvəlki kimi qayğısız və şəndir, çoxlu pərəstişkarları içərisindən özünə ər seçməyə azacıq qədər arzu göstərmir. Yucin onun məktubunu xatırladı və düşündü ki, onu gördüyü zaman bu qızın gözləri görəsən ona nə deyəcəkdir?

Yucinin Marietta haqqında sualına Ancela:

– Marietta əvvəllər olduğu kimi yenə eləcə nazlı qızdır, – deyə cavab verdi. – Hamı ona vurulur.

Yucin gülümsədi. Mariettanı xatırlamaq həmişə ona ləzzət verirdi. İndi o, Mariettanın yanına deyil, Ancelanın yanına gəldiyinə təəssüfləndi.

Lakin Marietta təkcə nazlı deyildi, – istədiyi zaman xeyirxah olmağı da bacarırdı. O, Yucini görərkən bütün görünüşü ilə qəsdən ona tam etinasızlıq göstərdi. O özünü təvazökar və ciddi tuturdu. Bunu edərkən, o qəlbində dəfələrlə ah çəkdi, çünki Yucin onun çox xoşuna gəlirdi. Əgər bu Ancela olmasaydı, – deyə kiçik bacı düşünürdü, – o mümkün olduqca yaxşı geyinər və ağına-bozuna baxmadan özünü Yucinə bəyəndirməyə çalışar, ona nazlanardı. Yucini yoldan çıxarmaq onun əlində asan bir şeydi. O, Yucinin məhəbbətini saxlaya bilərdi. Marietta özündə hər bir kişini məftun etmək və təsir altına salmaq qabiliyyəti olduğuna şübhə etmirdi. Lakin indi onun gözünə az görünməyə cəhd edir və yalnız hərdənbir gizlincə ona nəzər salaraq düşünürdü ki, görəsən Ancela onu yenidən sehrləyə biləcəkmi? Marietta bacısı üçün çox təşvişdə idi. O öz-özünə deyirdi: heç bir zaman bacısının səadəti yolunda durmayacaqdır.

Blu ailəsi Yucini ilk dəfə olduğu kimi yenə səmimiyyətlə qarşıladı. Bir saat belə keçmədi ki, o özünü sanki buradan heç bir zaman getməmiş kimi hiss etdi. Bu geniş çöllər və ətrafında gözəl çəmənliyi olan köhnə ev onda həyəcanlı xatirələr oyadırdı. Yucin, missis Blu və Marietta ilə salamlaşan kimi Marietta Bokeş şəhərciyindən gəlmiş pərəstişkarlarını Yucinə təqdim edərək, onunla və Ancela ilə bir partiya tennis oynamağı təklif etdi. Yucin oynamaq bilmədiyi üçün boyun qaçırdı.

Ancela tennis paltarında gəldi və Yucin onu yeni bir aləmdə gördü. O çox qaçırdı, qızarmışdı, mirvari kimi ağ dişlərini göstərərək, tez-tez və şən-şən gülürdü. Yucin isə onun cəld, çevik hərəkətlərinə baxıb həzz alırdı. Ancela o qədər yaxşı və zərif görünürdü ki, Yucin yenidən onun əsiri oldu, tennisdən sonra sakit və qaranlıq qonaq otağında görüşərkən, demək olar ki, keçmiş ehtirasla onu bağrına basdı. Ancela ondakı dəyişikliyi dərhal hiss etdi. Marietta haqlı çıxdı. Yucin şən və şıltaq boyaları sevirdi. Hələ bir az əvvəl, onlar stansiyadan gələrkən, Ancela ümidsizlik içərisində idi, lakin Yucinin bu coşğunluğu onda ümid doğurdu.

Yucin nadir hallarda yarımçıq maraqlanardı, bir şey onu cəlb edirdisə, bütünlüklə ona qapılardı. O bir anda məftun olurdu, bunun üçün o, nəticədə özünü həqiqətdə olduğundan tamamilə başqa cür təsəvvür etməyə hazır idi. O indi də Ancelaya, Mariettanın onda oyatmaq istədikləri əhvali-ruhiyyəyə məmnuniyyətlə tabe oldu və artıq nişanlısını əvvəlki aləmdə görməyə hazır idi. O çox şeyə şüurlu surətdə göz yumurdu. Nyu-York studiyasında bunlar onun nəzərindən qaça bilməzdi, orada onun mühakiməsinə başqa şərait və başqa səbəblər təsir göstərə bilərdi. Ancela onun üçün kifayət qədər gənc deyildi; o, köhnəlmiş görüşlər tərəfdarı idi. O məlahətli idi, buna söz ola bilməzdi, lakin o heç bir vaxt özünün həyata olan yüngül münasibətini Yucinə aşılamağa müvəffəq ola bilməyəcəkdi. Bununla bərabər, Ancela onu bu cəhətlərdən tanımırdı və Yucin ona bu barədə heç bir şey deməmişdi. O, Ancelanın qarşısında özünü ancaq bir qadının vurğunu olan qəhrəman, sədaqətli Romeo kimi göstərir, onda qadın qəlbi üçün ən sevincli olan xəyallar doğururdu. Yucin etibarsız adam olduğunu artıq başa düşürdü, lakin bunu hələ öz-özünə belə etiraf etmək istəmirdi.

Şəffaf iyun ala-qaranlığı qatılaşdı. Qoca Cotem tarladan qayıtdı, bu yenə həmin hörmətli qoca idi. O, səmimiyyətlə Yucinin əlini sıxdı.

– Mən jurnallarda sizin çəkdiklərinizi tez-tez görürəm, – deyə o qeyd etdi, – siz müvəffəqiyyətlər qazanırsınız, bizim yaxınlığımızda, gölün yanında gənc bir keşiş yaşayır. O sizinlə tanış olmaq arzusundadır. Sizin işləriniz onu maraqlandırır, sizin çəkdiyiniz şəkillər olan hər kitabçanı, Ancela oxuyan kimi, ona göndərirəm.

O gah kitabça, gah da jurnal deyirdi, görünürdü ki, bunlar onun nəzərində, misal üçün, ağaclarda olan yarpaqlardan artıq əhəmiyyətə malik deyildi – əslində elə belə idi. İlin fəsillərinin, əkin və biçinin bir-birinin ardınca gəlib getməsini müşahidə etməyə adət etmiş adam üçün bütün həyat özünün aramsız sayrışan obraz və formaları ilə keçici kölgələr oyunu kimi görünürdü. Hətta adamlar belə onun üçün ağacdan düşən yarpaqlar kimi idi. Maqnit dəmiri özünə çəkən kimi Cotem Yucini özünə cəzb edirdi. Bu patriarxal fermerin dünyagörüşü gənc rəssamın qəlbində əks-səda tapırdı və o, Ancelanı Cotemdən gələn işığın şüalarında görürdü. Onun belə yaxşı atası varsa, deməli o, orta səviyyəli qadınlardan yüksəkdə durmalıdır.

Ancela və Yucin tək qaldıqda əvvəlki münasibətlərinin yenidən başlanmayacağını gözləmək çətin idi. Onlar keçən dəfə öz münasibətlərində bu qədər uzaq getdiklərindən tamamilə təbii idi ki, dayanmayacaq və daha irəli gedəcəkdilər. Ancela nahardan sonra bacısının təkidi ilə geyinmiş olduğu yumşaq parçadan tikilmiş, bədəninə kip yapışan və yaxalığı olduqca açıq olan paltarda otağından Yucinin yanına gəldiyi zaman, onun həyəcanı Yucinə keçdi. Yucin özünü necə aparacağını və nə qədər özünə arxayın ola biləcəyini özü də bilmirdi. Ehtirasın təsiri altında o həmişə başını itirirdi. Ancela da bəzən onu rəfedilməz qüvvə ilə cəlb edirdi. Ancela yuxu gətirən toz, yaxuq qaz kimi onun şüurunu dumanlandırırdı. O fikrən özünü ələ almaq qərarını qəbul edir, əgər o dərhal qaçmağa üz qoymurdusa, deməli nicat yox idi, o qaçmaq qabiliyyətini itirirdi. O tərəddüd edir və ləngiyirdi, lakin bir neçə dəqiqə sonra ehtiras üstün gəlirdi, bu onu təhlükə, hətta ölümlə belə təhdid etsə də o kor-koranə, qeyri-iradi olaraq ehtirasa tabe olurdu.

Bu axşam, Ancela onun yanına gəldiyi zaman, o bu gəlişin nə demək olduğunu özündən soruşdu. O özünə sərbəstlik verməlidirmi? O, Ancelayla evlənəcəkmi? Qaçmağa müvəffəq olacaqmı? Onlar əyləşdilər və söhbətə başladılar, lakin bir az sonra o, Ancelanı ağuşuna çəkdi. Köhnə hadisə təkrar olundu: ehtiras hər dəqiqə alovlanırdı. Çox keçmədən uzun intizar və kədərdən üzülmüş Ancela müqavimət göstərməkdən yoruldu. Yucin isə…

Yucin onu qolları üstünə alıb, öz otağına apardığı zaman Ancela yalvarışla:

– Əgər bir hadisə baş verərsə, mən evdən getməli olacağam, – dedi. – Mən burada qala bilməyəcəyəm.

Yucin:

– Sus, – dedi. – Mənim yanıma gələrsən.

– Bu doğrudurmu, Yucin?

– Bu səni ağuşumda saxladığım kimi doğrudur, – deyə Yucin cavab verdi.

Gecəyarısı Ancela özünü əbədi məhv olunmuş hiss edərək, qorxmuş, heyrətlənmiş, çaşqın halda gözlərini açdı. Onun başında iki lövhə saat kəfkiri mütəsaviliyi ilə bir-birini əvəz edirdi. Bu lövhələrin birində baş yerdə nigah mehrabı və Yucinin dəfələrlə ona təsvir etdiyi kimi, dostlarının onun görüşünə gəldiyi Nyu-Yorkdakı gözəl studiya dururdu. Digərində Ancelanın saralmış, hərəkətsiz halda dibində yatdığı mavi Oukuni gölünün sakit suları görünürdü. Bəli, əgər o indi də Ancelayla evlənməzsə, Ancela öləcəkdir. O zaman yaşamağa dəyməz. Ancela onu məcbur etməyə çalışmayacaqdır. Əgər daha başqa bir şeyə ümid olmazsa, rüsvayçılığı gizlətmək mümkün olmasa, o bir gecə xəlvətcə evdən çıxacaq və ertəsi gün onun meyidini tapacaqlar.

 

Zavallı Marietta, o necə ağlayacaqdır! Bəs qoca atası, – Ancela onun necə dərd çəkəcəyini xəyalında canlandırdı. Orası var ki, atası bütün həqiqəti heç bir zaman bilməyəcəkdir. Bəs anası…

“Oh, mərhəmətli tanrı, dünyada yaşamaq necə çətindir, – deyə o düşündü, – həyat necə dəhşətli olur”.

Бесплатный фрагмент закончился. Хотите читать дальше?
Купите 3 книги одновременно и выберите четвёртую в подарок!

Чтобы воспользоваться акцией, добавьте нужные книги в корзину. Сделать это можно на странице каждой книги, либо в общем списке:

  1. Нажмите на многоточие
    рядом с книгой
  2. Выберите пункт
    «Добавить в корзину»