Meymun qəbiləsindən Tarzan 1

Текст
Читать фрагмент
Читайте только на ЛитРес!
Отметить прочитанной
Как читать книгу после покупки
  • Чтение только в Литрес «Читай!»
Шрифт:Меньше АаБольше Аа

III fəsil
Olum və ölüm


Səhər yeməyindən sonra Kleyton dünəndən gözaltı etdiyi yerdə, meşənin kənarındakı düzənlikdə ev tikməyə başladı. Bunsuz özlərinin təhlükəsizliyini təmin edə və rahatlıq tapa bilməyəcəkdilər.

Kleyton indi başa düşdü ki, ev tikmək necə çətin iş imiş! Birotaqlı daxmanı qaldırmağa o, düz bir ay vaxt sərf etdi. Daxmanın divarlarını ucları yonulub iç-içə keçirilmiş tirlərdən qurdu. Tirlərin aralarını gillə doldurdu. Otağın bir başında sahildən yığdığı daşlardan soba tikdi. Axırda divarları, nazik budaqlardan hördüyü damı da gillə qalın suvadı. Vəhşi heyvanlar içəri girə bilməsinlər deyə pəncərəyə taxtadan yoğun qəfəs vurdu. Yeşik taxtalarından düzəltdiyi qapı yöndəmsiz və gülməli görünsə də, möhkəm və etibarlı idi. Ən çətini qapını asmaq üçün rəzə əvəzinə bir şey fikirləşib tapmaq oldu. İki gün əlləşdi, axır ki, ağacdan rəzə düzəltməyi də öyrəndi.

Çarpayı, kətil, masa, dolab düzəltmək nisbətən asan oldu. İkinci ayın sonunda lordla ledinin mebeli də vardı.

Gündüzlər bəzən vəhşi heyvanlar sahilə çıxır, gecələr cəngəllikdə hay-küy salırdılar. Amma onlar daha Kleytonları qorxutmurdular: bu səslərə artıq öyrəşmişdilər, həm də gizlənməyə yerləri var idi. Conla Əlisi daha çox üç dəfə uzaqdakı təpənin üstündə gördükləri insanabənzər məxluqlar narahat edirdi.

Bir dəfə axşamçağı Kleyton meşədə odun qırırdı: evdə otaqların sayını artırmaq istəyirdi. Qopan səs-küyə başını qaldıranda balaca dostlarının – meymunların qışqıra-qışqıra qaçdıqlarını gördü. Meymunlar Kleytonun yanından keçəndə ayaq saxlayır, öz dillərində nə isə deyir, sanki onu hansısa təhlükədən xəbərdar etmək istəyirdilər. Kleyton ətrafına boylandı. Tüklü, uzun əlləri yerə çatan nəhəng bir heyvan ayaq üstə ona tərəf gəlirdi. Bu, lordla arvadının hərdən təpənin üstündə gördükləri həmin insanabənzər məxluqlardan biri – qəzəbindən gah nərildəyən, gah da boğuq səslə hürən meymun-antropoid idi.

Kleyton gözünün ucu ilə daxmaya tərəf baxdı: silahını orada qoymuşdu. Burada yaşadığı aylarda bir dəfə də ciddi təhlükə ilə üzləşməmişdi, odur ki bəzən evdən çıxanda silah götürmək yadından çıxırdı. Qaçmaq mənasız idi: antropoid asanlıqla onun yolunu kəsə bilərdi. Bütün bədəni əsdi. Kleyton başa düşdü ki, əlindəki balta ilə bu bədheybətlə mübarizədən qalib çıxmaq şansı yoxdur. Ani olaraq Əlisi düşündü. “İlahi, bəs Əlis? Onun axırı necə olacaq?” Çox fikirləşməyə vaxt yox idi. Con baltasını qaldırıb daxmanın qarşısında oturmuş arvadını səslədi:

– Əlis, tez evə gir, qapını bağla.

Ledi Əlis səsə döndü və bir anlığa yerində quruyub qaldı. Artıq antropoid Kleytonun yolunu kəsmişdi. Əlis tələsik daxmaya girdi.

– Qapının cəftəsini bağla, mən bu vəhşi ilə özüm bacararam.

Nəhəng meymunun qəzəbli gözləri parıldadı, iti dişləri aralandı. O, hücuma hazırlaşırdı. Bu dəm Əlis əlində tüfəng evdən bayıra çıxdı. Ömrü boyu qorxusundan silaha yaxın getməyən Əlisi tüfənglə görəndə Kleytonun damarlarında qanı dondu.



– Geri! Allah xatirinə, geri…

Meymun lordun sözünü ağzında qoydu, Kleytonun üstünə atıldı və baltanı oyuncaq kimi dartıb onun əlindən aldı. Antropoid iti dişlərini artıq ölümü ilə barışmış lordun boğazına keçirməyə hazırlaşırdı ki, güllə səsi eşidildi.

Meymundan dəhşətli bir səs çıxdı. O, Kleytonu yerə çırpıb geri döndü. Qəzəbindən ağzı köpüklənən vəhşinin qarşısında qorxudan özünü itirmiş zərif bir məxluq dayanmışdı. Əlis əlləri əsə-əsə ikinci dəfə atəş açmağa çalışır, amma tüfəngin mexanizmindən baş aça bilmirdi. Meymunun üstünə gəldiyini görən qadın silahı buraxıb huşsuz halda yerə yıxıldı. Kleyton var qüvvəsini toplayıb ayağa qalxdı. Cəhdinin mənasız olduğunu belə düşünmədən vəhşinin çiyinlərindən yapışıb geri çəkdi. Meymun kəsilmiş ağac kimi arxası üstə yerə sərildi: güllə işini görmüşdü.

Kleyton arvadına tərəf qaçdı və qulağını onun sinəsinə dirədi. Şükür ki, Əlisin ürəyi döyünürdü. O, qadını qucağına alıb daxmaya apardı.

İki saatdan sonra Əlis gözünü açdı, ərini yanında görəndə gülümsədi. Onun ilk sözləri Kleytonun qəlbini parçaladı:

– Ah, Con, nə yaxşı ki, evimizdəyik. Təsəvvür edirsən, yuxuda görürdüm ki, Londonda yox, cəngəllikdəyik, vəhşi heyvanlar bizə hücum edir.

Həmin gecə ibtidai meşənin kənarındakı kiçik daxmada Britaniyanın ən adlı-sanlı və varlı zadəganlarından birinin – lord Qreystokun oğlu anadan oldu. Körpənin qışqırtısı cəngəllikdə nərə çəkən şirin səsinə qarışmışdı.

Ledi Qreystok keçirdiyi sarsıntıdan özünə gələ bilmədi. Uşaq doğulandan sonra o, bir il də yaşadı, amma daxmadan bayıra çıxmadı və axıradək elə bildi ki, Londondadır. Hərdən qulluqçuların hara getdiyini, dostlarının niyə daha onlara gəlmədiyini, gecələr niyə bayırdan dəhşətli səslər eşidildiyini soruşurdu, Kleyton həqiqəti ondan gizlətmirdi, amma Əlis ərinin sözlərini başa düşmürdü. Ledi Əlisin başqa hərəkətlərində, o cümlədən körpəsinə münasibətində heç bir qəribəlik hiss olunmurdu. O, uşağının qayğısına qalır, ana məhəbbətini ondan əsirgəmirdi. Sevdiyi insanların – ərinin və balaca oğlunun yanında özünü çox xoşbəxt hiss edirdi.

Hərdən Kleyton arvadının ətrafda baş verənləri anlamadığına hətta sevinirdi. Anlasa, düşdükləri vəziyyətin bütün ağırlığını dərk etsə idi, əlbəttə ki, Əlis belə xoşbəxt olmazdı.

Bu əhvalatdan sonra Kleyton tüfəngini əlindən yerə qoymurdu. Bir müddət daxmadan aralanmır, hətta ovu da çox vaxt evin pəncərəsindən edirdi. Hərdən meşəyə meyvə, ya su dalınca gedəndə təpənin başında Əlisin güllə ilə vurduğu antropoidə bənzər heyvanlar görürdü.

Con xilas olacaqlarına daha inanmırdı. Yalnız hansısa təsadüf onların dadına yetə bilərdi. Ona görə də daxmanı genişləndirir, divarları, pəncərəni bir az da möhkəmləndirirdi. Yerə heyvan dəriləri sərir, həyətdə güllər əkirdi. Qapıya taxtadan qıfıl da yonmuşdu.

Boş vaxtlarında isə lord Kleyton ya gündəlik yazır, ya da Əlisə İngiltərədən gətirdikləri kitabları oxuyurdu. Bu kitabların arasında romanlar, dərsliklər, hətta əlifba da var idi. Kleyton hər şeyə əvvəlcədən hazırlıq görmüşdü, Afrikada gələcək uşaqlarının təhsili barədə də düşünmüşdü.

Oğlunun bir yaşının tamamında axşam Əlis keçindi. Con səhərədək arvadının meyitinin yanından çəkilmir, beşikdə ağlayan körpəni təklikdə necə böyüdəcəyini fikirləşirdi.

Ertəsi gün Kleyton gündəliyə sonuncu qeydlərini etmək üçün qələmi əlinə aldı. Əlisin necə keçindiyindən, özünün bütün gecə onun başının üstündə oturduğundan, ağrılı hislərindən yazdı və axıra bir cümlə əlavə etdi:

– Bizim balaca oğlumuz ağlayır, yemək istəyir. Ah, Əlis, Əlis, mən nə edim?

Lord Kleyton yuxusuz, üzüntülü gecədən sonra bir hovur dincini almaq istədi, başını əllərinin üstünə qoydu və gözlərini yumdu.

IV fəsil
Meymunlar


İnsanabənzər meymunlar qəbiləsinin başçısı, qoca Kerçak qəzəbindən çatlayır, oyan-buyana qaçışan antropoidlərdən əlinə keçəni parçalamaq istəyirdi. Qəbilə üzvləri bilirdilər ki, Kerçak qeyzlənəndə onun gözünə görünməmək lazımdır.

Cavan və cəld meymunlar nəhəng ağacların lap başına dırmaşmışdılar. Nazik budaqlar onların ağırlığı altında yellənirdi. Budaq qırılsa, yıxılıb qol-qabırğalarını sındıracaqdılar. Amma ağlı başından çıxmış Kerçakın çənginə keçmək indi meymunlar üçün daha böyük təhlükə idi. Artıq Kerçak köpüklü iri dişləri ilə antropoidlərdən birinin onurğasını ikiyə bölmüşdü.

Bu an ağır dişi antropoid hündür budaqdan qopub düz Kerçakın ayaqları altına düşdü. Kerçak ona özünə gəlməyə imkan vermədən yazığın üstünə atıldı, böyründən yekə bir tikə ət qopardı, sonra isə budağı götürüb beyni dağılanadək meymunun başına-başına döyəclədi. Yenə hirsi soyumadı.

Birdən Kerçakın qızmış gözləri balasını boynuna mindirib gizlənməyə yer axtaran Kalaya sataşdı. Kerçak dişi meymunun dalınca cumdu və tullanıb ayağından yapışdı. Kala var gücü ilə dartındı, Kerçakın əlindən çıxdı, görünməmiş cəldliklə ağacın başına dırmaşdı. Amma sonuncu sıçrayışda boynundakı balası müvazinətini saxlaya bilmədi, zirvədən yuvarlanıb zərblə yerə dəydi.

Kerçak Kalanın yadından çıxdı. O, eyni cəldliklə ağacdan düşüb balasının cansız bədənini bərk-bərk sinəsinə sıxdı və yırğalamağa başladı.

Nəhayət, bu qurban meymun qəbiləsinin şahının hirsini soyutdu. O, birdən-birə qızışdığı kimi, birdən-birə də sakitləşdi və Kaladan aralandı.

Kerçak, həqiqətən, nəhəng və çox güclü meymun idi, çəkisi 150 kiloqramdan artıq olardı. Dar alnı, qan sızmış gözləri, enli burnu, yekə qulaqları vardı, qəddarlıqda tayı-bərabəri yoxdu. Nəinki iyirmi il əvvəl doğulduğu bu qəbilədə, bütün meşədə heç bir meymun Kerçakın qarşısına çıxa bilməzdi.

Cəngəllikdəki heyvanlardan yalnız qoca fil Tantor ondan qorxmurdu. Filin səsi gələndə başqa meymunlar kimi Kerçak da ağaca dırmaşır, budaqların arasında gözəgörünməz olmağa çalışırdı.

Kerçakın başçılıq etdiyi antropoidlər qəbiləsi cəmi altı-səkkiz ailəni, yəni altmış-yetmiş meymunu birləşdirirdi. Kala Tublat adlı meymunun kiçik arvadı idi. Gözləri qarşısında can verən körpə onun ilki idi, özünün isə cəmi 9–10 yaşı olardı. Kala enli, yumru alnına, ümumiyyətlə isə həm ağlına, həm də cəldliyinə görə qəbilənin bütün dişi meymunlarından seçilirdi.

Kerçakın qəzəbi yatdıqdan və ara sakitləşdikdən sonra meymunlar ağaclardan düşdülər. Kerçak qəbiləni başına toplayıb hamıya ardınca gəlməyi əmr etdi və dəniz sahilinə üz tutdu. Onun nə istədiyini, qəbiləni hara apardığını heç kim bilmirdi, amma başçılarını yenidən qəzəbləndirməmək üçün antropoidlər bunu Kerçakdan soruşmağa cürət etmirdilər. Kala isə balasının cəsədini yerə qoymur, özü ilə daşıyırdı.

Günortadan sonra meymunlar bir təpənin üstünə çıxdılar. Buradan sahildəki balaca daxma aydın görünürdü. Kerçak qəbiləni ora aparırdı.

 

Nəhəng antropoid dəfələrlə görmüşdü ki, daxmada yaşayan ağ meymun uzun, qara dəyənəyini kimə tuşlasa, o, dərhal ağzı üstə yıxılıb canını tapşırırdı. Kerçak çoxdan dişlərini nifrət etdiyi bu düşmənin boğazına keçirmək, nəyin bahasına olursa-olsun, onun dəyənəyinə yiyələnmək istəyirdi.

Ağ meymun gözə dəymirdi. Daxmanın qapısı açıq idi. Düşməni duyuq salmamaq və qara dəyənəyi oyatmamaq üçün antropoidlər astaca, addım-addım daxmaya yaxınlaşdılar. Qabaqda Kerçak özü gedirdi. Arxasınca iki erkək antropoid və ölü körpəsini sinəsinə sıxmış Kala gəlirdi. Qapıya çatanda Kerçak dayandı. Səs-səmir yox idi. Kerçak ehtiyatla başını soxub içəri baxdı, sonra otağa girdi. Antropoidlər başçılarının arxasınca daxmaya doluşdular.

Ağ meymun masanın arxasında başını əllərinin üstünə qoyub yatmışdı. Çarpayıda boz parçaya bürünmüş uzun bir şey var idi. Beşikdə nəsə qımıldanırdı.

Heyvanlar səssiz yeriməyi bacarırlar. Amma bir neçə antropoidin darısqal bir otaqda itələşmədən hərəkət etməsi mümkün deyil. Ağ meymun səsə oyandı və sifətində dəhşət ifadəsi yerindən dik atıldı. Kerçak ona divardan asılmış qara dəyənəyi götürməyə imkan vermədi. Sıçramağı ilə dişlərini rəqibinin boğazına keçirməyi bir oldu.



Lord Qreystoku öldürəndən sonra Kerçakın diqqətini beşikdəki uşaq cəlb etdi. O, ağlamağa başlamışdı. Kala Kerçakın niyyətini başa düşdü. Qucağındakı ölü körpəni beşiyə tulladı, uşağı qapdı və ildırım sürəti ilə otaqdan çıxdı, özünü meşəyə yetirib ağaca dırmaşdı.

Ağlayan uşaq səsi Kalanın artıq sönməkdə olan analıq hissini yenidən qığılcımlandırmışdı. O bu balaca ət parçasını sinəsinə sıxdı. Ağzı ana döşünə dəyən körpənin dərhal səsi kəsildi.

Özgə vaxt olsa idi, Kerçak həyasızlıq etdiyinə görə Kalanı tutub cəzalandırmaq üçün dişi meymunun dalınca qaçardı. Amma indi onu başqa şey maraqlandırırdı. Kerçak çoxdan arzusunda olduğu qara dəyənəyin qarşısında dayanıb heyrət və qorxu içində bu qəribə alətə baxırdı. O, gözünü tüfəngdən çəkmədən otaqda var-gəl etməyə başladı. Sonra yenə dayandı. Bir neçə dəfə əlini qara dəyənəyə sarı uzadıb tez də geri çəkdi. Nəhayət, dəyənəyin öz-özünə alov saçmadığını başa düşdü. Cəsarətləndi, tüfəngi divardan götürüb o üz-bu üzünü çevirdi. Lüləsinə, nişangahına baxdı, kəmərindən dartdı, barmağını tətiyinə toxundurdu. Qəflətən açılan atəş səsindən qulaq tutuldu. Başları indiyədək görmədikləri əşyaları əlləşdirməyə qarışmış meymunlar çığırışdılar və bayıra atıldılar.

Kerçak elə qorxmuşdu ki, tüfəng əlində yerindən götürülmüşdü. O, otaqdan çıxanda silahın qundağı qapıya ilişdi. Qapı zərblə çırpıldı. Kerçak yalnız daxmadan xeyli aralanandan sonra nəfəsini dərmək üçün ayaq saxladı və qara dəyənəyin hələ də əlində olduğunu gördü. Onu tələsik yerə atdı, sanki ovcuna qızmış dəmir basmışdılar.

Antropoidlər yalnız bir saatdan sonra özlərinə gəlib yenidən daxmanın ətrafına yığışdılar. Amma qapını bağlı gördülər. Nə qədər əlləşsələr də, onu aça bilmədilər. Axırda Kerçak bezib dəstəyə geri qayıtmaq əmri verdi.

Kala yolun bir hissəsini ağaclardan düşmədi, xeyli getdikdən sonra Kerçakın daha onunla və qucağındakı köprə ilə işi olmadığını başa düşüb aşağı endi, başqa meymunlara qoşuldu. Amma yolun sonunadək heç kimi uşağa yaxınlaşmağa qoymadı.

Dişi antropoidlər balalarını dallarına alıb gedirdilər. Balaca meymunlar uzun qollarını analarının boyunlarına dolamışdılar. Təkcə Kala körpəsini sinəsindən aralamırdı. Belə yerimək, budaqdan yapışıb ağacdan-ağaca tullanmaq çox narahat idi, amma səhər balasının boynundan sürüşüb yerə dəyməsi Kalanın yadından çıxmırdı.

İngilis lordunun yeganə övladının meymun qəbiləsində həyatı belə başlandı.

V fəsil
Ağ meymun


Kala öz körpəsini vaxtlı-vaxtında yedizdirir, korluq çəkməyə qoymurdu və uşağın niyə belə zəif inkişaf etdiyinə təəccüblənirdi. Onun yaşıdları ağaclara dırmaşanda Kalanın oğlu hələ yeriməyi təzə öyrənirdi. Başqa meymun balalarından fərqli olaraq o heç nə bacarmırdı, hətta özünə yemək tapmağı da öyrənməmişdi.

Kalanın ağ meymun balasını daxmadan götürdüyü vaxtdan 20 ay keçmişdi. Əgər antropoid bilsəydi ki, həmin vaxt o artıq bir yaşını haqlamışdı, yəqin ki, bu uşaqdan birdəfəlik ümidini üzərdi.

Tublat ağ meymun balasına nifrət edirdi, əlinə imkan düşsəydi, onun başını bədənindən ayırardı.

– Kala, o heç vaxt böyüməyəcək. Onu ömrün boyu özünlə gəzdirəcəksən? Ondan bizə nə xeyir gələcək? At getsin. Bizə güclü, qocalanda qayğımıza qala biləcək övlad gərəkdir.

– Yox, Tublat, ömrüm boyu özümlə gəzdirməli olsam da, atmayacağam!

Onda Tublat Kerçakın yanına şikayətə getdi, istədi ki, qəbilə başçısı arvadını bu “tar-zan”dan əl çəkməyə məcbur etsin. “Tar-zan” meymunların dilində “ağ dəri” demək idi. Balaca lordun adı belə qoyuldu.

Kerçak Kalanı söhbətə çağırdı. Kala meymunların şahına dedi ki, onu və balasını rahat buraxmasalar, qaçıb qəbilədən gedəcək. Bununla da Kerçak söhbətə son qoydu. Meymunların şahı belə gözəl, ağıllı və güclü bir qəbilə üzvünü itirmək istəmirdi.

İllər keçir, Tarzan böyüyürdü. On yaşında o artıq cəldliyinə görə dostlarından seçilmirdi, başqa meymunlarla bəhsə-bəhs ağaca dırmaşırdı, yerdə isə hamını ötürdü. Düzdür, boyu yaşıdlarından balaca, gücü nisbətən az idi. Onyaşlı insanabənzər meymunun boyu böyük adamın boyuna çatır, Tarzan isə hələ uşaq idi. Amma ağlı və fərasəti ilə hamını qat-qat üstələyirdi.

Tarzan xoşbəxt və qayğısız həyat sürürdü. Kala heç kimi onu incitməyə qoymurdu. Bununla belə, bəzən Tarzan başqa meymunların yanında dərisinin ağlığından və tüksüzlüyündən utanırdı. Hətta bir dəfə bütün bədənini başdan-ayağa palçıqlamışdı da. Amma gün vuran kimi palçıq quruyub yerə töküldü.

Tarzan suda öz əksini görəndə eybəcərliyindən dəhşətə gəlirdi: meymunların hamısının dodaqları uzun, ağızları yekə, dişləri böyükdür, onunsa dodaqları da, ağzı da, dişləri də balacadır; bütün dostlarının enli, sifətlərinin yarısı boyda burunları var, onunsa ağlığı və tüksüzlüyü azmış kimi, burnu da xırda və düzdür! Bəs gözləri? Qara dairənin ortasında boz ləkə, bütün ətrafı isə ağappaq! Heç ilan Histanın da belə ürəkbulandıran gözləri yoxdur!

Bir dəfə quraqlıq vaxtı Tarzan yenə göldə əksinə baxıb öz halına acıyır, yanındakı dostu isə ağzını marçıldada-marçıldada ləzzətlə su içirdi. Marçıltı səsindən arxadan yarpaqların xışıltısı eşidilmirdi. Nəhəng dişi şir – meymunların qənimi Sabor az qala yerə yatıb asta-asta onlara tərəf sürünürdü. Aralarındakı məsafə üç metrədək qısalanda Sabor dayandı. Arxa ayaqlarını yavaş-yavaş altına yığdı, bütün əzələləri gərildi, quyruğu tir kimi dik durdu. Bir anlıq şir bu vəziyyətdə donub-qaldı və qəflətən nərə çəkib yerindən sıçradı.

Sabor təcrübəli ovçu idi. Qulağının dibində guruldayan nərə səsi balaca antropoidi vahiməyə salmış, iflic etmişdi. Sabor pəncəsinin bir zərbəsi ilə onu yerə sərdi və ağ meymuna tərəf döndü. Amma Tarzan insan övladı idi. Şirin vahiməli nərəsi nəinki onu iflic etməmiş, əksinə, bütün əzələlərini və beyninin sinirlərini tarıma çəkmişdi. Tarzan başa düşürdü ki, şirə müqavimət göstərməyə gücü çatmayacaq, ancaq hara qaçaydı? Sabor ona sağa-sola bir addım belə atmağa imkan verməyəcəkdi. Arxa isə göl idi. Tarzan sudan qorxurdu, ona yalnız yanğısını söndürmək üçün yaxınlaşırdı. Anası Tarzana heç vaxt gölə girməməyi tapşırmışdı. Həm də dostu Pitanın gölə düşüb necə boğulduğunu bir neçə həftə əvvəl o öz gözləri ilə görmüşdü.

Sabor ağ meymuna başqa çıxış yolu qoymamışdı. Tarzan ani qərar qəbul etdi və özünü suya atdı.

O, üzə bilmirdi, gölsə dərin idi. Tarzan dərhal suyun dibinə getdi, amma çapalayıb üzə çıxdı. Sonra yenə batdı. Yenə çıxdı. Nəhayət, başa düşdü ki, suyun üzündə qalmaq üçün nə etmək lazımdır. İt kimi üzməyə başladı. Sabor sahildən çəkilmir, ağ meymunun sudan çıxmasını gözləyirdi. Tarzan qəbiləsini köməyə çağırmaq üçün qıyya çəkdi. Meymunlar dərhal bu çağırışa meşədən hay verdilər. Hamıdan bərk Kalanın qışqırığı eşidilirdi: o, balasını səsindən tanımışdı. Sabor bütün qəbilə ilə vuruşmaq fikrində deyildi, ona görə son dəfə nərə çəkib özünü kolluğa vurdu.

Şir gedəndən sonra Tarzan sahilə çıxdı. Üzməyin ləzzəti və Sabor kimi təhlükəli düşmənlə “qaçdı-tutdu” oyunu uzun müddət onun yadından çıxmadı. Belə macəralar olmadan isə həyat çox yeknəsəq keçərdi.

Bu əhvalatdan sonra Kala daha Tarzanı gözdən qoymurdu, gecələr də qucağında yatızdırırdı. Sözə baxmayanda bir-iki dəfə balasını yüngülcə şapalaqlamışdı da, amma həmişə onu nəvazişlə yola gətirməyə çalışırdı. Nəhəng vəhşi heç özünə oxşamayan, eybəcər oğlunu dərin məhəbbətlə sevirdi. Tarzan anasına eyni məhəbbətlə cavab verirdi.



Tublatın isə Kalanı ondan tamamilə soyutmuş bu yad uşağa nifrəti getdikcə artırdı. Əslində, Tarzanın da qoca meymundan zəhləsi gedirdi, atalığının kefinə soğan doğramaq üçün heç bir fürsəti əldən vermirdi.

Hələ lap balaca vaxtı Tarzan nazik, uzun otlardan kəndir hörməyi öyrənmişdi, onunla oynamağı xoşlayırdı. Bir dəfə Tarzan kəndirini qovaladığı dəcəl meymunun dalınca atdı. Yoğun ipin ucu təsadüfən meymunun boğazına dolandı və dartıb onu ağacdan yerə saldı. Bu, Tarzanın xoşuna gəldi. O başa düşdü ki, hördüyü kəndirdən silah kimi istifadə edə bilər. Bir az da əlləşib kəndirin ucuna ilgək vurmağı öyrəndi. Beləliklə, əsl kəmənd düzəltdi.

Həmin gündən Tublatın günü qara oldu. Ağaca söykənib gözünü yuman kimi Tarzan onun boğazına kəmənd keçirib boğmağa başlayırdı. Kalanın tənbehləri, Tublatın hədələri vecinə deyildi. Başqa meymunlara isə Tarzanın bu əməlləri ləzzət edirdi. Həmişə qaşqabaqlı, deyingən Tublatdan heç kimin xoşu gəlmirdi.

Axırda Tarzanın əl-ayağını yığışdırmaq üçün Kerçak özü işə qarışası oldu.

Bundan sonra Tarzan yeni həvəsə düşdü: əgər o, təzə oyuncağının köməyi ilə özündən qat-qat güclü meymunları ram edə bilirsə, nədən Saboru əsir götürməyə cəhd göstərməsin?

VI fəsil
Cəngəllikdə döyüş


Hərdən meymunların yolu dəniz sahilindəki daxmanın yanından düşürdü, amma alovsaçan qara dəyənəyi unutmadıqları üçün onlar evdən aralı keçirdilər. Tarzan isə Kaladan və dostlarından gizlin tez-tez bura gəlirdi. Daxmanın başına dolanır, dama çıxır, əlini pəncərə qəfəsinin taxta milləri arasından soxub pərdəni aralamağa çalışır, içəri girmək üçün yer axtarırdı. Bu ağzıbağlı böyük qutu Tarzan üçün sonsuz maraq mənbəyi idi. Uşaq onun içində nə gizlədildiyini bilmək istəyir, xəyalında ən fastastik səhnələr cızırdı. Əlbəttə, Tarzan məhz bu yerdə anadan olduğundan xəbərsizdi. Kala demişdi ki, onun atası qəribə ağ meymun olub, amma başqa qadından, hansı şəraitdə doğulduğunu uşaq bilmirdi.

Bir gün Tarzan qapının dördkünc çərçivəsinə diqqət yetirdi və başa düşdü ki, o, divardan ayrıdır. Xeyli qapının dəstəyini, qıfıl yerini əlləşdirdi, axır ki, onu açmağın yolunu tapdı.

Tarzan sehrlənmiş kimi uzun müddət yerindən tərpənmədi, nəhayət, gözləri otağın qaranlığına alışdı və o, qorxa-qorxa içəri girib heyrətlə ətrafına baxdı.

Yerdə, çarpayının üstündə və beşiyin içində üç skelet var idi. Tarzan onlara əhəmiyyət vermədi. Cəngəllikdə belə sür-sümüklərdən çox görmüşdü. Əvvəl daxmadakı qəribə əşyaları, kitabları, silahları, paltarları gözdən keçirdi. Bəzi şeylər zamanın təsirindən və nəmişlikdən çürümüşdü, əl vuran kimi ovxalanıb tökülürdü. Sonra Tarzan dolabın siyirmələrini açdı, içini eşələdi. Buradakı əşyalar daha yaxşı vəziyyətdə qalmışdı. Əlinə bir ov bıçağı keçdi. Parıltısından xoşu gəldi. Bıçağın iti ucu ilə barmağını yaraladı, bir az onunla oynayandan sonra kənara qoydu və axtarışı davam etdirdi. Rəfdən şəkilli bir kitab götürdü. Bu, tanımadığı atasının İngiltərədən gələcək övladı üçün gətirdiyi əlifba idi.

Tarzan kitabdakı işarələrə, rəsmlərə baxır, heç nə başa düşmürdü. Gəmilər, qatarlar, atlar, inəklər ona maraqlı gəlmirdi – bunların nə olduğunu bilmirdi. Səhifələrin çoxunda özü kimi ağ meymunların şəkilləri vardı. “M” hərfi yazılan səhifədə isə dostlarının rəsmini görüb sevindi. Əlini atıb onlara toxunmaq istədi, amma gerçək olmadıqlarını başa düşdü. Başqa bir səhifədə Tarzan köhnə düşməni Saboru tapdı.

Necə də maraqlı idi! Onyaşlı Tarzan ömründə belə şey görməmişdi. Başı kitaba elə qarışmışdı ki, havanın necə qaraldığına fikir verməmişdi.

Daha qaranlıqda şəkilləri aydın görmək olmurdu. Tarzan kitabı yerinə qoydu. Bıçağı dostlarına göstərmək üçün özü ilə götürüb otağın qapısını örtdü. İstəmirdi ki, kimsə daxmanın sirrini bilib bu xəzinəni talan etsin. Meşəyə tərəf qaçdı.

 

Tarzan cəngəlliyə girən kimi kolluqda tərpəniş hiss etdi. Oradan nəhəng bir heyvan çıxıb ağ meymunun yolunu kəsdi. Bu, qorilla Bolqani idi. Səhərdən meşədə özünə yemək axtaran, amma gün ərzində əlinə bir şey keçməyən ac Bolqani qəzəblə Tarzana baxırdı. Qaçmağa imkan yox idi. Tarzan başa düşdü ki, həyatını xilas etmək üçün vuruşmalı olacaq. Odur ki Bolqani nərildəyə-nərildəyə onun üstünə cumub qollarının arasına salanda Tarzan da özünü müdafiə etmək üçün xırda yumruqları ilə qorillanın sinəsini döyəcləməyə başladı. Əlindəki bıçağın ucu Bolqaninin tüklü sinəsini deşdi. Qorillanın tükürpədici fəryadı cəngəlliyi başına götürdü.



Əgər Bolqaninin qarşısına Tarzan deyil, insanabənzər meymunlar qəbiləsinin onyaşlı başqa üzvü çıxsaydı, onlar bir-birinə layiqli rəqib olardılar. İngilis lordunun balaca oğlu isə öz yaşına görə nə qədər güclü olsa da, Bolqaninin yanında sısqa görünürdü. Ona görə də Tarzanın cəsarəti qorillanı lap özündən çıxardı. Bolqani iri yumruqları ilə uşağın başına ağır zərbələr endirir, caynaqları ilə onun bədənindən parça-parça ət qoparırdı. Bıçağın sirrini öyrənmiş Tarzan isə dalbadal qorillanın qollarından, qarnından vururdu. Bir neçə dəfə bıçaq dəstəyinə qədər Bolqaninin sinəsinə girdi. Amma Tarzan get-gedə yorulur, haldan düşürdü. Nəhayət, ağ meymun huşunu itirib otların üstünə diyirləndi…

Bolqaninin fəryadı meşəni bir-birinə vurmuşdu. Kerçak dərhal qəbiləni başına yığdı. Bu, hücum deyil, müdafiə tədbiri idi. Qorilla tək olmaya bilərdi.

Balasını dəstədə tapmayan və heç kimin onun köməyinə getməyə hazırlaşmadığını görən Kala özü təkcə səs gələn tərəfə qaçdı. O, budaqdan-budağa atıla-atıla ağacların arası ilə uçurdu. Kala cəngəlliyi çox yaxşı tanıyırdı, zəngin təcrübə və ana ürəyi isə ona səsin gəldiyi yeri dəqiq nişan verirdi. Çox keçməmiş Kala döyüş yerinə çatdı və ay işığında otluqda uzanmış Tarzanı gördü. Tarzan qan içində idi, nəfəs alıb-almadığı bilinmirdi. Yanında nəhəng qorillanın cəsədi sərilib qalmışdı.

Onun balaca Tarzanı bu yekəpər vəhşinin öhdəsindən necə gələ bilərdi? Heç nə başa düşməyən Kala Tarzanı ehmalca qaldırıb bağrına basdı, onun ürəyinin zəif döyüntüsünü hiss etdi. Balasının əzablarını artırmasın deyə gəldiyi yolla yavaş-yavaş geri qayıtdı.

Gecə-gündüz Kala oğlunun yanından aralanmırdı. İlk vaxtlar Tarzan heç nə yemirdi, yalnız su istəyirdi. Kala ağzında balasına su gətirir, milçəklərini qovur, yaralarının çirk verməməsi üçün onları yalayırdı.

Tarzanın sinəsi parçalanmış, üç qabırğası sınmış, bir qolunun əti sümüyə qədər qoparılmışdı. Boynunda elə dəhşətli yara var idi ki, damarı görünürdü. Ölümlə həyat arasında bu çətin mübarizədən ana qalib çıxdı. Bir neçə həftədən sonra Tarzanın qızdırması düşdü, yaraları qartmaq bağladı, yavaş-yavaş sağalmağa başladı.

Tarzan ağrılara böyük mərdliklə dözürdü. Bu müddət ərzində heç kim bir dəfə də onun iniltisini, ya şikayətini eşitmədi.

Kala harada yemək tapsa, Tarzana gətirirdi, özü isə əriyib çöpə dönmüşdü.

Бесплатный фрагмент закончился. Хотите читать дальше?
Купите 3 книги одновременно и выберите четвёртую в подарок!

Чтобы воспользоваться акцией, добавьте нужные книги в корзину. Сделать это можно на странице каждой книги, либо в общем списке:

  1. Нажмите на многоточие
    рядом с книгой
  2. Выберите пункт
    «Добавить в корзину»