Hekayələr

Текст
Из серии: Hekayə ustaları
0
Отзывы
Читать фрагмент
Читайте только на ЛитРес!
Отметить прочитанной
Как читать книгу после покупки
  • Чтение только в Литрес «Читай!»
Шрифт:Меньше АаБольше Аа

Gəzintidən qayıtdıqdan sonra bilmədilər nə iş görsünlər. Hətta hər balaca, mənasız məsələdən ötrü bir-birini acılamağa başladılar. Sakitcə və tələsik nahar etdilər və dərhal da otaqlara dağılışıb yatmağa getdilər ki, vaxtı öldürsünlər.

Ertəsi gün səhər tezdən, sərnişinlər yuxudan durub yemək otağına toplaşanda yorğun və qəzəbli görkəmləri vardı. Xanımlar Gonbulun üzünə baxıb onunla kəlmə belə kəsmək istəmədilər.

Kilsə zəngi çalındı. Deyəsən, uşaqları xaç suyuna çəkmək mərasimi olacaqdı. Gonbulun bir uşağı vardı. İvetoda bir kəndli qadınına saxlamağa vermişdi. Onun üzünü ildə bircə dəfə ancaq görürdü və çalışırdı ki, balasını yadına salmasın. Amma indi kilsədə zəng sədaları altında kiminsə körpə uşağının xaç suyuna çəkiləcəyini bildikdə birdən-birə Gonbulun qəlbində doğma balasına qarşı mehriban analıq duyğusu baş qaldırdı və kilsədə keçirilən ayində mütləq iştirak etmək fikrinə düşdü.

Gonbul gedən kimi otaqdakılar bir-birinin üzünə baxdılar və dərhal qərara gəlmək vaxtının çatdığını hiss edərək baş-başa verdilər. Luazonun beyninə belə bir fikir gəldi: prus zabitinə demək lazımdır ki, təkcə Gonbulu tutub saxlasın, qalanlarına isə getməyə icazə versin.

Cənab Folanvi onların sözünü zabitə çatdırmağa razı olub yuxarı çıxdı və dərhal da geri qayıtdı. İnsanların təbiətinə yaxşı bələd olan prussiyalı mehmanxana sahibini qapıdan qovmuş və demişdi ki, onun arzusu yerinə yetirilməyincə sərnişinlərin heç birini buraxan deyil.

Bu sözü eşidən kimi xanım Luazonun mərifəti bütün çılpaqlığı ilə meydana çıxdı:

– Biz burada qocalana qədər oturub gözləyəsi ha deyilik? Bu qəhbənin sənəti rastına gələn kişilərlə bir yorğan-döşəkdə yatıb durmaq deyilmi, indi niyə özünü çəkir, niyə zabitin təklifini rədd edir, buna onun nə ixtiyarı var? Sən bir buna bax, Ruanda yorğanın altına salmadığı kişi qalmayıb, üzü üzlər görüb, hətta faytonçularla yatıb durub, indi buna nə olub? Bəli, xanımlar, mən onun dabbağda gönünə bələdəm, onu lap yaxşı tanıyıram, həmişə bizim dükandan çaxır alır, öz gözümlə görmüşəm onun faytonçularla mazaqlaşdığını! Amma indi, bizi bu vəziyyətdən çıxartmaq lazım olanda bu həyasız özünü xam qız kimi aparır. Zabit çox mərifətli adamdır. Hər şey onun əlindədir. İstəsə, elə lap bizim üçümüzdən birini seçə bilərdi, amma o, bütün kişilərin altına yıxılmağa hazır olan bu tərbiyəsizdən yapışıb. Kişi qanacaqlı adamdır, ərli qadınlara hörmət eləyir, yoxsa ixtiyar sahibidir, nə istəsə edə bilər. Bircə dəfə "mən bunu istəyirəm” desə, bizi əsgərlərin qabağına salıb yanına apartdırar və zora salıb başımıza istədiyi oyunu aça bilər.

Xanımlar diksindilər. Qəşəng xanım Karre-Lamadonun gözləri parıldadı, rəngi ağardı, ona elə gəldi ki, prus zabiti onu bu saat zorlayır.

Kənarda söhbət eləyən kişilər qadınlara yaxınlaşdılar. Luazo özündən çıxmışdı və bu yaramaz qızın əl-ayağını sarıyıb düşmənə verməyə hazırdı. Ancaq üç arxadan dolananları səfir olan və zahiri görkəmindən diplomatı xatırladan qraf incə bir yolla hərəkət etməyin tərəfdarı idi:

– Qızı yola gətirmək lazımdır.

Bununla da onlar sözü bir yerə qoydular.

Arvadlar baş-başa verdilər. Səslərini alçaltdılar və hər kəs öz fikrini söyləməyə başladı, özü də hər şeyi qaydasında elədilər. Ən pis, nalayiq işlərdən danışanda da çox incə ifadələr tapıb işlədir və ədəblə danışırdılar. Onlar sözləri elə ehtiyat və diqqətlə seçirdilər ki, işdən hali olmayan adam onların danışığından heç nə başa düşə bilməzdi. Əslində, kübar qadınlarının büründükləri nazik ismət və həya örtüyü ancaq zahiri görkəm və gözdən pərdə asmaq üçündür. İndi isə onlar özlərini çox sərbəst hiss edir, prus zabiti ilə Gonbulun əhvalatından əməlli-başlı ləzzət alır, ürəklərində əylənir və başqasına yemək hazırlayan aşxana aşpazı ehtirası ilə bu məhəbbət əhvalatını quraşdırırdılar.

Bütün bu əhvalatlar o qədər əyləncəli və ləzzətli idi ki, sərnişinlərin kefi açılmışdı. Qraf, əslində, çox şit zarafatlar edirdi. Ancaq bu zarafatlara elə incə don geydirirdi ki, hamı gülümsünürdü. Luazo da bir neçə dəfə açıq, ikibaşlı atmaca atdı. Onun belə bayağı sözlərindən heç kəs incimədi. Hamı xanım Luazonun kobud şəkildə dediyi “Bu qəhbənin sənəti kişilərlə bir yorğan-döşəkdə yatmaq deyilmi, indi özünü niyə çəkir?” sözləri düşünür və bu barədə fikirləşirdi. Qəşəng xanım Karre-Lamadon hətta deyəsən, “Gonbulun yerinə mən olsaydım, başqalarını rədd etsəm də, bu prus zabitinin sözünü yerə salmazdım”, – deyə xəyalından keçirdi də.

Sui-qəsdçilər elə bil mühasirəyə salınmış bir qalanı alacaqlarmış kimi uzun-uzadı tədbirlər tökürdülər. Hərə boynuna bir iş götürürdü və kimin nə vaxt, nə cür hərəkət edəcəyi, nə kimi inandırıcı sözlər tapıb söyləyəcəyi haqqında əvvəlcədən şərtləşirdilər. Cürbəcür hücumlar düzəltmək, gözlənilməz basqınlar etmək, kələklər qurmaq haqqında əməlli-başlı tədbir tökürdülər ki, bu canlı qalanı düşmənə təslim olmağa məcbur etsinlər. Təkcə Kornyude əvvəlki kimi kənarda dayanaraq bu sui-qəsddə iştirak etmirdi.

Onların başı bu işə o qədər qarışmışdı ki, Gonbulun içəri girməsindən xəbər tutmadılar. Təkcə qraf bunu gördü və “sss” deyə yoldaşlarını xəbərdar etdi. Onlar gözlərini qıza zillədilər. Gonbul onların qarşısında dayanmışdı. Qızın yol yoldaşları özlərini itirib səslərini kəsdilər və bir xeyli ağızlarını açıb ona söz deyə bilmədilər. Kübar saxtakarlığına başqalarından daha çox bələd olan qrafinya:

– Xaç suyuna çəkilmə mərasimində maraqlı bir şey vardımı? – deyə soruşdu.

Hələ də gördüklərinin təsirindən xilas ola bilməyən Gonbul hamısını – kilsəni, adamları, onların sir-sifətini, oturuş-duruşunu yoldaşlarına təsvir etdi və axırda:

– Bəzən ibadət etmək adama elə ləzzət verir ki, – deyə əlavə etdi.

Xanımlar səhər yeməyinə qədər onun ürəyini almaq, sonra da yola gətirmək ümidi ilə qızla çox ehtiyatla davrandılar. Ancaq yemək stolunun arxasına keçən kimi hücuma başladılar. Əvvəlcə ümumən fədakarlıqdan danışdılar. Qədim dövrlərdən misallar gətirdilər, Yudif və Oloferni yada saldılar, sonra heç dəxli olmadığı halda Lukretsi və Sekstin adını çəkdilər, daha sonra isə bütün düşmən sərkərdələri yatağına salıb öz əsirinə çevirən Kleopatranı xatırladılar, bu tərbiyəsiz milyonerlər hətta Kapuaya gedib öz ağuşlarında Hannibalı, onun sərkərdələrini və muzdlu əsgərləri oxşayan Roma qadınları haqqında öz təsəvvürlərində canlandırdıqları əfsanəvi əhvalatları danışdılar, sonra öz bədənlərini qüdrətli silaha, hökmranlıq alətinə, döyüş meydanına çevirən, öz fədakar nəvazişləri ilə eybəcərləri, ya da nifrət etdikləri hökmdarları özünə ram edən, öz ismət və bakirəliklərini intiqam hissinə qurban verən bütün cəsur qadınlardan söhbət etdilər.

Həmçinin kübar ailəsindən olan bir ingilis xanımının Bonapartı pis xəstəliyə salmaq məqsədilə qəsdən özünü xəstələndirməsi və məşum görüş vaxtı qəribə təsadüfün – Bonapartın birdən-birə haldan düşməsi nəticəsində bu bəladan xilas olması haqqında dumanlı bir əhvalat da danışdılar.

Bütün söhbətlər çox incə şəkildə, ədəb dairəsində aparılırdı. Ancaq hərdənbir söhbəti daha da qızışdırmaq məqsədilə qəsdən valehedici, heyranlıq bildirən səslər çıxarılırdı.

Deyilənlərdən belə nəticəyə gəlmək olurdu ki, qadınlar ancaq arasıkəsilməyən fədakarlıqlar və yer üzündə yalnız murdar əsgərlərə kef vermək üçün yaranıblar.

Rahibələr özlərini elə aparırdılar ki, guya dərin fikrə gediblər və heç nə eşitmirlər. Gonbul susurdu.

Ona düz bir gün fikirləşməyə imkan verdilər. Amma indi ona əvvəlki kimi “madam” deyə yox, sadəcə, “madmazel” deyə müraciət edirdilər. Amma heç kəs nə üçün belə etdiklərinin səbəbini əməlli-başlı bilmirdi. Çox ehtimal ki, qızın yol yoldaşları arasında əldə etdiyi hörmətini bir qədər itirdiyini və peşəsinin biabırçı bir iş olduğunu onun nəzərinə çatdırmaq istəyirdilər.

Süfrəyə şorba verilən kimi cənab Folanvi göründü və əvvəlki sualını təkrar etdi:

– Prus zabiti soruşur ki, madmazel Elizabet Russe öz fikrini hələ dəyişməyib ki?

Gonbul qəti cavab verdi:

– Yox.

Nahar vaxtı təşkil olunmuş ittifaq zəifləməyə başladı. Luazo bir neçə yersiz söz işlətdi. Dəridən-qabıqdan çıxaraq hərə yeni bir yol axtarır, yeni bir şey fikirləşib tapmağa çalışır və qızın iradəsini qırmaq üçün yeni ibrətamiz bir nümunə tapmağa çalışırdı, lakin heç nə fikirləşə bilmirdilər. Elə bu vaxt qrafinya təsadüfənmi, yoxsa dumanlı şəkildə də olsa dinə hörmət etmək niyyəti iləmi, nədənsə, müqəddəslərin ibrətamiz həyat tərzlərinə toxunaraq yaşlı rahibəyə müraciət etdi. Axı müqəddəslərin çoxu elə işlər görüblər ki, bu işlər bizim gözümüzdə cinayət hesab edilə bilərdi, amma bu işlər Allah yolunda və ən yaxın adamlarına kömək məqsədilə edilibsə, kilsə onların günahından dərhal keçib. Bu, çox güclü dəlil idi, qrafinya bundan istifadə etdi. Bax bunun ruhaniliyə xas olan üstüörtülü razılıq hissindənmi, yoxsa xoşbəxt bir axmaqlıq üzündənmi, yoxsa səfehcəsinə baş verən xilaskarlıq duyğusundanmı, nədənsə qoca rahibə qıza qarşı edilmiş incəlik və tədbirlə düzəlmiş sui-qəsdi şiddətlə müdafiə etdi. Rahibəni utancaq hesab edirdilər. Sən demə, o, çənədən yaman saz, amansız və fikrindən dönməz imiş. Danışılan hadisələr arasındakı incə, eyhamlı əlaqə onu narahat etmirdi. Onun iradəsi dəmir kimi idi. Əqidəsi möhkəm, vicdanı şübhədən uzaq idi. O, İbrahimin verdiyi qurbanı çox təbii hesab edirdi. Çünki hətta göylərdən əmr olsaydı, o öz əlləri ilə ata-anasını da öldürərdi. Onun fikrincə, xeyirxah bir niyyətlə edilən cinayətin heç biri Allahın qəzəbinə səbəb ola bilməz. Qrafinya gözlənilmədən onu müdafiə edən bu dini müttəfiqinin dediklərindən çox istifadə etmək məqsədilə rahibəni daha çox “Məqsəd vasitəyə bəraət qazandırır” kimi adi, əxlaqi aksiomdan ibrətamiz izahat və nəticə çıxartmağa doğru yönəldir və tez-tez belə suallar verirdi:

– Müqəddəs ana, demək, siz bu fikirdəsiniz ki, əgər günah xeyirxahlıq məqsədilə işlənibsə, Allah onu bağışlayır, eləmi?

– Buna heç şübhə eləmək olarmı, xanım? Əslində, məzəmmətə layiq olan bir sıra hərəkətlər xoş niyyətlə edildiyinə görə təriflənir.

 

Onlar elə bu cür – Allahın iradəsini əvvəlcədən duymağa, onun verəcəyi qərarı qabaqcadan bilməyə və Allahın ona heç bir dəxli olmayan işlərə qarışacağını yəqin etməyə çalışa-çalışa söhbətlərinə davam etdilər.

Bütün bunlar üstüörtülü şəkildə, ustalıqla, ədəb dairəsində edilirdi. Ancaq rahibə libaslı bu mömin qadının dediyi hər söz Gonbulun iradəsini sarsıdır, inadını sındırırdı. Sonra söhbətin mövzusu bir qədər dəyişdi, rahibə təsbehini asta-asta çevirərək mənsub olduğu ordenin monastırlarından, baş rahiblərindən, özündən, müqəddəs Nikifor cəmiyyətinin sevimli bacısı – rahibəsi olan yanındakı cavan rahibədən danışdı, onları Havra hərbi xəstəxanalarda yatan çiçək xəstəliyinə tutulmuş əsgərlərə yardım göstərməyə, qulluq etməyə çağırmışdılar. Rahibə xəstəlik haqqında dəqiq söhbət açıb bədbəxt əsgərlərdən danışırdı. Bir prus zabitinin şıltaqlığına görə onlar burada qalıblar. Amma vaxtında çatsaydılar, bəlkə də bu rahibələr neçə fransıza şəfa verər, onları ölümdən qurtarardılar. Hərbçiləri müalicə etmək onların sənəti idi. O, Krımda, İtaliyada, Avstriyada olmuşdu. O öz işlərindən danışa-danışa sübut edirdi ki, qoşun arxasınca gedən, qızğın döyüş zamanı yaralıları xilas edən, ipə-sapa yatmayan əsgərləri bircə sözlə, onların öz komandirlərindən də yaxşı sakitləşdirməyi bacaran cəsur, qorxmaz rahibələrdən biridir. Sübut edirdi ki, o, əsl şəfqət bacısıdır. Onun eybəcərləşmiş çopur-çopur sifəti elə bil müharibənin dəhşətlərinin nəticəsini sübut edən bir nümunə idi.

Onun dedikləri elə bir təsir göstərmişdi ki, heç kəs dinib-danışmırdı.

Yeməkdən sonra tələm-tələsik dağılışıb öz otaqlarına çəkildilər və ancaq ertəsi gün, gün xeyli qalxandan sonra bayıra çıxdılar.

Səhər yeməyi çox sakit keçdi. Hamı dünən səpdikləri toxumun cücərməsini və meyvəsini gözləyirdi.

Günorta qrafinya gəzməyə çıxmağı təklif eldi. Qraf, əvvəlcədən şərtləşdikləri kimi, Gonbulun qoluna girdi, camaatdan bir az aralayıb dala qaldı.

O, yenilməz ləyaqətindən, yüksək ictimai vəziyyətindən tənəzzül edərək Gonbulla küçə qızları ilə söhbət edən, onlara “mənim əziz balam” deyən təmkinli kişilər kimi açıq, saymazyana, atasayağı söhbət edirdi. O, dərhal məsələnin mahiyyətini izah etdi:

– Demək, siz, işdir-şayəd, prus ordusu məğlub olsa, özünüzü də, bizi də hər cür təhqirə, zorakılığa mütləq düçar etmək üçün burada saxlamaq niyyətindəsiniz? Siz bütün bunlara dözməyə hazırsınız? Ona görə ki yumşaqlıq, lütfkarlıq eləmək istəmirsiniz, eləmi? Halbuki ömrünüz boyu kişilərə yumşaqlıq eləmisiniz.

Gonbul heç nə demədi.

Qraf qıza öz dəlilləri, hissiyyatı və nəvazişi ilə təsir göstərirdi. O özünü həm qraf kimi aparmağı bacarır, həm də nəzakətli olmağı, füsunkarcasına təsir göstərməyi, şirin sözlər yağdırmağı bacarırdı. Qraf qızın edə biləcəyi yaxşılığı şişirdir, özlərinin minnətdarlığını əvvəlcədən bildirirdi.

Qraf birdən qıza “sən” deyə müraciət etməyə başladı.

– Bilirsənmi, əzizim, prus zabiti səninlə yaxınlıq etdikdən sonra ilk dəfə lovğalanacaq ki, ömründə belə bir qız görməyib. Onun vətənində belə qıza çox az təsadüf etmək olar.

Gonbul heç nə demədi, dərhal sürətini artırıb qabaqda gedən yoldaşlarına çatdı.

Geri qayıdan kimi o öz otağına çəkildi və bir daha gözə görünmədi. Hamı bərk narahat oldu. Görəsən, nə qərara gələcək?

Əgər inadından dönməsə, evimiz yıxıldı.

Nahar vaxtı çatdı, hamı intizarla qızı gözlədi. Nəhayət, cənab Folanvi gəldi və xəbər verdi ki, madmazel Russe özünü pis hiss edir, onu gözləməyib nahara başlamaq olar. Hamı ehtiyat eləməyə başladı. Axırda qraf mehmanxana sahibinə yaxınlaşdı və pıçıltı ilə soruşdu:

– Razı oldu?

– Hə.

Nəzakət naminə yoldaşlarına heç nə demədi, yüngülcə başını tərpətməklə kifayətləndi. Dərhal nəfəslərini dərib yüngülləşdilər və sir-sifətləri açıldı.

Luazo bağırdı:

– Tra-lya-lya-lya! Əgər bu aşxanada şampan şərabı varsa, gətirin, pulunu özüm verəcəyəm.

Mehmanxana sahibi əlində dörd şüşə şərab gələndə xanım Luazonun ürəyi sıxıldı. Amma başqalarının qaşqabağı açıldı, deyib-gülməyə, zarafata başladılar. Ürəklərində sevinc coşub-daşdı. Qraf sanki xanım Karre-Lamadonun qəşəng olduğunun fərqinə indicə vardı; fabrikant qrafinyaya qulluq etməyə başladı. Söhbət qızışdı, getdikcə daha canlı şəkil aldı, mənalı, yerinə düşən zarafatlar başlandı.

Birdən Luazo sifətinə dəhşətli bir ifadə verdi, əllərini yuxarı qaldırıb fəryad etdi:

– Sakit olun!

Hamı qorxub təəccüb içində susdu. O isə əllərini oynadıb sakitliyə çağırdı, gözlərini tavana zillədi, yenidən qulaq asdı və sonra sakitcə dilləndi:

– Rahat ola bilərsiniz, hər şey öz qaydasındadır.

Heç kəs söhbətin nədən getdiyini üzə vurmaq istəmədi, amma dodaqlarda təbəssüm göründü.

On beş dəqiqədən sonra Luazo həmin zarafatı yenidən təkrar etdi və bütün axşamı bu zarafata dönə-dönə qayıtdı. O guya üst mərtəbədə kiməsə müraciət edir, alverçilərin işlətdiyi sözlərdən, ikibaşlı, eyhamlı ifadələrdən istifadə edərək elə bil kiməsə məsləhət verirdi. Bəzən sir-sifətinə yazıq, məzlumanə görkəm verir, “yazıq qız” deyə köksünü ötürür, bəzən də qəzəbli hal alıb dişlərini qıcayır və “ax, əclaf prussiyalı” deyə hirsini bildirirdi. Adamlar bu hadisəni yadlarından çıxardanda da Luazo yenidən bir neçə dəfə titrək səslə fəryad qoparıb “bəsdir, bəsdir!” deyə qışqırdı və sonra öz-özünə danışırmış kimi əlavə etdi:

– Kaş qızı bir də görmək səadəti bizə nəsib olaydı, kaş o yaramaz onu əldən salıb öldürməyəydi!

Zarafatlar şit və pis niyyətlə edilsə də, heç kəsə toxunmur, əksinə, hamının xoşuna gəlirdi. Hər şey, hiddət də, zarafat da adamların münasibətindən asılıdır. Mehmanxanada isə tədricən sırtıqlıq əmələ gəlmişdi və açıq-saçıq sözlərdən heç kəs incimirdi.

Yeməkdən sonra çərəz veriləndə arvadlar eyhamlı, ikibaşlı sözlər danışmağa başladılar. Çox içdiklərindən gözləri alışıb-yanırdı. Hətta belə hallarda öz təmkinini saxlayan qraf özünə bir qədər sərbəstlik verib indiki vəziyyətlərini qütbdə qışlayanların vaxtının qurtarması ilə müqayisə etdi və keçirdikləri halı gəmi qəzasına uğrayan, nəhayət, Cənuba doğru uzanan yolların üzlərinə açıldığını görən insanların sevincinə bənzətdi. Qrafın zarafatı hamının xoşuna gəldi.

Özündən çıxmış Luazo qədəh əlində ayağa qalxdı:

– Bizim xilas olmağımızın şərəfinə içirəm!

Hamı ayağa durdu və onun dediyinə şərik oldu, hətta rahibələr də xanımların şirin dilinə uyub ömürlərində dadını bilmədikləri köpüklü şərabdan bir-iki qurtum içdilər və dedilər ki, bu şərab köpüklü limonada oxşayır, ancaq ondan dadlıdır.

Luazo deyilənləri yekunlaşdırdı:

– Heyif ki, fortepiano yoxdur, olsaydı, çalıb-oynayardıq!

Kornyude bir kəlmə də danışmadı, yerindən də tərpənmədi. O, ağır düşüncələrə dalmışdı və hərdənbir uzun saqqalını dartışdırır, elə bil onu bir az da uzatmaq istəyirdi. Nəhayət, gecəyarıya yaxın dağılışmağa başlayanda ayaq üstə güclə dayanan Luazo gözlənilmədən onun qarnına bir dürtmə vurdu və dili dolaşa-dolaşa:

– Niyə bu gün sizin kefiniz yoxdur? – dedi. – Niyə dinib-danışmırsınız, vətəndaş?

Kornyude birdən başını qaldırdı, hamını qəzəblə və kəskin baxışlarla süzdü:

– Bilirsinizmi, sizin hamınız əclaflıq elədiniz.

O ayağa durdu, qapıya doğru addımladı, dönüb:

– Bəli, əclaflıq elədiniz! – deyə bir də təkrar etdi və yox oldu.

Əvvəlcə hamı pərt oldu. Karıxmış Luazo ağzını açıb yerindəcə dondu, sonra özünə gəldi və qəhqəhə çəkdi:

– Gözü görür, ürəyi istəyir, ancaq əli çatmır!

Heç kəs heç nə başa düşmədiyinə görə “dəhliz əhvalatını” danışdı. Yenidən hamı şaqqıltı çəkdi. Xanımlar dəlicəsinə şadlandılar. Qrafla cənab Karre-Lamadon gözləri yaşarıncaya qədər güldülər. Bu hadisəyə inana bilmədilər.

– Necə, yəqin bilirsən ki, o, Gonbulu…

– Bəli. Sizə deyirəm ki, öz gözlərimlə gördüm.

– Gonbul onun dediyinə razı olmadı?

– Bəli, ona görə ki prussiyalı qonşu otaqda idi.

– Ola bilməz!

– And içirəm!

Qrafın nəfəsi təngidi. Fabrikant iki əli ilə qarnını tutdu. Luazo sözünə davam etdi:

– Aydın məsələdir, bu axşam onun gülməyə heç halı yoxdur.

Üçü də yenidən sancılanana, nəfəsləri tutulana və gözləri yaşarana qədər güldü.

Bundan sonra dağılışdılar. Ancaq hiyləgər və məkrli xanım Luazo yatmağa hazırlaşanda ərinə dedi ki, “bu koramal” – yəni xanım Karre-Lamadon bütün gecəni candərdi gülürdü:

– Bilirsənmi, qadın hərbi geyim vurğunu olanda bu paltarı geyinənin alman, ya fransız olmasının fərqinə varmır. Şərəfsiz nacinslərə nə deyəsən!.. Allah, keç günahımdan!

Bütün gecə, səhərə qədər, qaranlıqda, dəhlizdən astaca xışıltılar, pıçıltılar, dərindən nəfəs alıb köksötürmələr, yalın ayaqların döşəmə üzərindəki şappıltıları və güclə eşidilən cırıltı səsləri gəldi. Müsafirlər, deyəsən, çox gec yatdılar. Qapıların aşağısında yarıqdan süzülən işıq zolaqları uzun müddət sönmədi. Şampan şərabını içəndən sonra belə şeylərin olması təbiidir. Deyirlər, bu şərab adamın yuxusunu yaman qaçırdır.

Ertəsi gün hava aydın idi və şəffaf qış günəşinin şəfəqlərindən parıldayan qar adamın gözünü qamaşdırırdı. Şükür, axır ki, altı at qoşulmuş karet qapının ağzında gözləyirdi. Yumşaq tüklərini qabardan qırmızıgözlü, bəbəkləri qara xala oxşayan ağ göyərçinlər atların ayaqları arasında özlərini dartaraq dolaşır, buğlanan peyinləri caynaqları ilə dağıdıb yem axtarırdılar.

Qoyun dərisindən tikilmiş kürkünə bürünən faytonçu qozlada oturub qəlyanını tüstülədirdi. Sevincək olmuş sərnişinlər isə yol azuqələrini tələsik qablaşdırırdılar.

Bircə Gonbul yox idi. Nəhayət, o da gəlib çıxdı.

Qız həyəcanlı idi, utanırdı, qısıla-qısıla yol yoldaşlarına yaxınlaşdı, ancaq onların hamısı qızdan üz döndərdi və özlərini elə apardılar ki, guya onu görmürlər. Qraf böyük ləyaqətlə arvadının qolundan yapışıb kənara çəkdi ki, bu murdar şeyə toxunmaqdan onu qorusun.

Gonbul təəccüb içində dayandı, sonra özünü ələ alıb fabrikantın arvadına yaxınlaşdı və sakitcə salam verdi:

– Salam, xanım!

Xanım ehmalca təkəbbürlə başını tərpətdi və ləyaqəti təhqir olunmuş bir adam baxışı ilə onu süzdü. Hamı özünü məşğul kimi göstərirdi və çalışırdı ki, mümkün qədər ondan uzaq olsun, elə bil bu qız donunun altında yoluxucu xəstəlik gətirmişdi. Karetə doluşdular. Gonbul hamıdan sonra mindi, sakitcə əvvəlki yerində oturdu.

Elə bil daha onu görmürdülər, tanımırdılar. Yalnız xanım Luazo uzaqdan-uzağa hiddətlə baxaraq ərinin qulağına pıçıldadı:

– Nə yaxşı ki, mən ondan uzaqda oturmuşam.

Ağır karet yerindən tərpəndi və yola düşdü.

Əvvəlcə hamı susdu. Gonbulun gözünü qaldırmağa cəsarəti çatmadı. Qız öz yol yoldaşlarına həm hiddətlənirdi, həm də hiss edirdi ki, onların sözünə baxıb prus zabitinin öpüşlərini qəbul etdiyinə və onun qoynuna girdiyinə görə mənliyi tapdalanıb. Halbuki onu bu işə həmin bu əclaflar məcbur etmişdilər!

Azacıq sonra qrafinya xanım Karre-Lamadona müraciət edərək ortaya çökmüş cansıxıcı sükutu pozdu:

– Siz, deyəsən, xanım de Etreli tanıyırsınız?

– Bəli. Biz dostuq.

– Nə gözəl qadındır!

– Gözəl yox, füsunkardır! Allah gözəllik yaradanda qələmi birinci ona çəkib. Həm də tərbiyəli, təhsilli qadındır. Üstəlik, təpədən dırnağa qədər istedadlıdır. Elə gözəl oxuyur, elə qəşəng şəkillər çəkir!

Qrafla fabrikant da söhbət edirdilər. Karetin kiçik pəncərəsindən içəri dolan gurultu onların səsini batırsa da, hərdənbir “kuponu ödəmək”, “vaxtında gəlir götürmək” kimi sözlər qulağa dəyirdi.

Luazo mehmanxanadan çırpışdırdığı, çirkli stol üstündə düz beş il oynanıldığından ləkə-ləkə olmuş kartı çıxartdı və arvadı ilə oynamağa başladı.

Rahibələr kəmərlərindən sallanan uzun təsbehləri götürüb asta-asta çevirdilər. Xaç çəkdilər və bir-biri ilə bəhsə giriblərmiş kimi dodaqlarının altında fasiləsiz pıçıldayaraq dua etdilər. Onların dodaqları sürətlə açılıb-örtülürdü, vaxtaşırı xaçı öpürdülər və sonra yenidən, arasıkəsilmədən dodaqlarının altında nə isə deməyə başlayırdılar.

Kornyude fikrə gedib sakitcə oturmuşdu.

Üç saatdan sonra Luazo qumarı yığışdırdı və:

– Bir az çörək yesək, pis olmaz, – dedi.

Bunu eşidən kimi arvadı kəndirlə sarınmış bağlamanı açdı və oradan bir parça dana əti çıxartdı. Nazik-nazik doğradı və ər-arvad yeməyə başladılar.

– Gəlsənə, biz də onlar kimi bir şey yeyək, – deyə qrafinya ərindən soruşdu.

Qrafın razılığını alandan sonra özləri üçün yola hazırladığı yemək bağlamasını açdı. Yeməklərin içində üstünə dovşan şəkli çəkilmiş və qabda dovşan əti olduğuna işarə edilən dərin çini qabda hisəverilmiş yağlı ət vardı. Ağ piy zolağı xırda-xırda doğranmış müxtəlif ət parçalarının arasından seçilən şabalıdı rəngli yumşaq quş ətinin üstündə donmuşdu. Bükülü qəzetdən çıxarılan ləzzətli İsveçrə pendirinin yağlı qabığının üstündə yazılmış “Hadisə” sözü oxunurdu.

Rahibələr sarımsaqlı kolbasa çıxartdılar, Kornyude isə hər iki əlini torbaya oxşayan paltosunun ciblərinə salıb dörd soyutma yumurta və bir parça çörək çıxartdı. O, yumurtaları sındırdı, qabığını ayağının altına, küləşin içinə tökdü və yumurtanı dişləməyə başladı. Yumurta sarısının qırıntıları onun saqqalına səpələnib ulduzlar kimi sayrışdı.

 

Səhərki qaçaqaçdan və başına gələn əhvalatdan özünü itirdiyinə görə heç bir yol tədarükü görə bilməyən Gonbul indi qəzəb və hirsindən dişi bağırsaqlarını kəsə-kəsə sakitcə oturub gövşəyənlərə baxırdı. Əvvəlcə hirs onun beyninə vurdu və istədi ürəyinə yığılan və bu saat xirtdəyindən çıxmağa hazır olan sözlərin hamısını, söyüş-qarışıq, düz onların gözünün içinə desin, ağzından çıxanı söyləsin, amma o qədər hirsli idi ki, acığından ağzını açıb bircə kəlmə də deyə bilmədi.

Heç kəs qıza əhəmiyyət vermir, heç kəs onu yada salmırdı. Gonbul başa düşürdü ki, əvvəlcə onu qurban verən, sonra isə gərəksiz çirkli əsgi kimi kənara atan bu vicdanlı əclaflar indi baxışlarındakı həqarətlə onu qırmanclayırlar.

Qız içi ağzınacan cürbəcür ləzzətli yeməklərlə dolu olan və bu əclafların acgözlüklə aşırıb boşaltdıqları iri səbətini yadına saldı. Yağ içində üzən iki cücəni, ciyər qiyməsini, armudları və dörd şüşə Bordo şərabını xatırladı. Həddindən artıq tarıma çəkilmiş sim kimi birdən-birə onun qəzəbi sindi və qız hiss etdi ki, bir azca da keçsə, hönkürtü ilə ağlayacaq. O, bütün gücünü verib hönkürtüsünü içəri salmaq – ağlamağını boğmaq istədi. Uşaq kimi göz yaşlarını uddu, amma olmadı, yaş əvvəlcə göz bəbəklərini örtdü, sonra kirpikləri parladı, azacıq sonra isə iki damla iri göz yaşı gilələnib yanaqlarına yuvarlandı, onun dalınca qayalardan sızan su kimi göz yaşı şoralanıb töküldü və Gonbulun irəli çıxmış sinəsi üstünə damcılamağa başladı. Gonbul ona heç kəsin əhəmiyyət vermədiyinə əmin halda, gözünü bir nöqtəyə zilləyərək dinməz-söyləməz oturmuşdu. Onun rəngi ağappaq idi.

Təkcə qrafinya onun göz yaşlarını gördü və işarə ilə qızı ərinə göstərdi. Qraf isə çiynini çəkdi və bununla da: “Nə etmək olar, – demək istədi, – bu işdə mənim bir günahım yoxdur”. Xanım Luazo isə için-için, ancaq şadyanalıqla güldü və:

– O, təhqir olunduğuna görə ağlayır, – deyə pıçıldadı.

Rahibələr artıq qalan kolbasaları kağıza büküb yenidən dua oxumağa başladılar.

Elə bu vaxt Kornyude yediyi yumurtaları həzm edə-edə uzun ayaqlarını qarşıdakı skamyanın altına qədər uzadıb yerində yayxandı, qollarını sinəsində çarpazladı, birdən lap yerinə düşəcək bir zarafatı xatırlayıb gülümsündü və “Marselyeza”nı fitlə çalmağa başladı.

Hamı qaşqabağını salladı. Görünür, bu xalq mahnısı qonşuların heç birinin ürəyinə yatmırdı. Onlar əsəbiləşdilər və hirslənməyə başladılar, elə bil şarmankanın səsini eşidən it kimi ulaşmağa hazır oldular. Kornyude bunu başa düşdü, nəinki fit çalmağına ara verdi, əksinə, mahnının özünü oxumağa başladı:

 
Vətənə sevgimiz müqəddəs, ulu,
Doldursun qəlbləri intiqam hissi.
Ey əziz azadlıq, nişan ver yolu –
Qəti döyüşlərə sən apar bizi!13
 

Yolların qarı tapdalandığından indi daha sürətlə irəliləyirdilər. Onlar Dyeppə qədər çala-çuxur yollarda silkələnə-silkələnə, əvvəlcə axşamın alatoranında, sonra isə gecənin zil qaranlığında saatlarla, uzun, cansıxıcı yol getdilər və bütün yolboyu Kornyude amansız bir inadkarlıqla, yeknəsəq şəkildə hayıf alırmış kimi fit çalmağında davam etdi, hirslənmiş, yorulmuş sərnişinləri mahnıya əvvəldən axıra qədər qulaq asmağa, onun sözlərini başdan-ayağa yada salmağa və hətta ürəklərində oxumağa məcbur etdi.

Gonbul isə elə hey ağlayırdı. Hərdənbir qız özünü saxlaya bilmirdi: oxunan mahnının beytləri arasında qaranlıqdan onun hıçqırıqları eşidilirdi.

1880
13Şeirin tərcüməsi Ağacavad Əlizadənindir.
Бесплатный фрагмент закончился. Хотите читать дальше?
Купите 3 книги одновременно и выберите четвёртую в подарок!

Чтобы воспользоваться акцией, добавьте нужные книги в корзину. Сделать это можно на странице каждой книги, либо в общем списке:

  1. Нажмите на многоточие
    рядом с книгой
  2. Выберите пункт
    «Добавить в корзину»